ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Qadınların şəriət hökümlərinin sadə şəkildə öyrədilməsi

← Qüsl haqqında bir danışıq

Təyəmmüm haqqında bir danışıq

Bu gün anamla təyəmmüm barəsində danışacağam. Teyemmüm kelmesi mənə tanış gəlir, Qurani-Kərimi tilavət edərkən onunla rastlaşmışam. Lakin bu kəlmənin hansı surədə və hansı ayədə olması xatirimə gəlmir. Ona görə bugünkü söhbəti belə bir sual ilə başladım:
Fatimə: Anacan, teyemmüm kəlməsini Qurani-Kərimin hansı ayəsində gördüyümü xatırlaya bilmirəm?!
Ana: Bu kəlmə Nisa surəsində gəlibdir, Allah-taala buyurur:
"وَإِنْ كُنْتُمْ مَرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغَائِطِ أَوْ لاَمَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ إِنَّ اللَّهَ كَانَ عَفُوًّا غَفُورًا"
“Xəstələndikdə, ya səfərdə olduqda və ya sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlarla yaxınlıq etdiyiniz zaman (qüsl və dəstəmaz üçün) su tapmasanız, pak ( və təbii halını itirməmiş) bir torpaqla təyəmmüm edin, (ovuclarınızla) üzünüzün və əllərinizin bir hissəsinə məsh çəkin! Şübhəsiz ki, Allah sizi əfv edər və bağışlayar!(16)”
Bu mübarək ayə bizə nə zaman, nə ilə və hansı şəkildə təyəmmüm etməyimizi öyrədir.
Fatimə: Ana, nə zaman təyəmmüm etmək lazımdır?
Ana: Qüsl və ya dəstəmaz əvəzindən təyəmmüm etmək halları bunlardır:
1- Qüsl və ya dəstəmaz almaq üçün su ehtiyatın kifayət qədər olmadıqda.
2- Su ehtiyatı kifayət qədər olmasına baxmayaraq, onu əldə etmək imkanın olmadıqda. Məsələn, xəstəlik üzündən özünü suya çatdıra bilmədikdə və ya sudan istifadə etməyin – qəsb olunmuş qabdan mübah suyu götürmək kimi – haram bir əmələ mürtəkib olmağına səbəb olsun. Yaxud da su əldə etmək xatirinə canın, namusun və mal-dövlətin təhlükə ilə üzləşəcəkdir.
3- Dəstəmaz və ya qüsl üçün sudan istifadə etdiyin halda su azlığı səbəbinə sənin, yaxud sənə bağlı olan (və qorunması sənə həvalə edilən) başqa birisinin susuz qalmaq qorxusu olduqda. Hətta həyatı sənin üçün əhəmiyyətli sayılan bir heyvanın susuz qalması qorxusu olduğu halda da təyəmmüm etməyə vəzifəlisən.
4- Namazın vaxtı olduqda qüsl edəcəyin və ya dəstəmaz alacağın halda, kamil bir namaz qılmaq üçün kifayət qədər vaxt qalmayacaq və vaxt darlığı yaranacaqdır.
5- Qüsl və dəstəmaz üçün su əldə etmək üçün, yaxud bu iki məqsədlə sudan istifadə etmək səbəbinə, dözülməsi çətin olan məşəqqət və sıxıntı hissi keçirəcəksən. Məsələn, birisinə ağız açıb su istəmək, səni zillətə salıb xar edəcəkdir. Yaxud suyun xüsusiyyətinin pis dəyişməsi səbəbinə səndə yaranmış çimçişmək və ikrah hissi, ondan istifadə etməyi son dərəcə çətinləşdirsin.
6- Qüsl və ya dəstəmaz üçün əldə etdiyin suyu başqa bir yerdə istifadə etmək vəzifəsini daşıyasan. Məsələn, məscid nəcis olduğu halda, məsciddən nəcasəti pak etmək üçün suyu işlətmək məsuliyyəti boynuna gəlsin.
7- Sudan qüsl və ya dəstəmaz üçün istifadə etdiyin halda zərərli olacağından qorxsan. Məsələn, sudan istifadə etmək xəstələnməyinə səbəb olsun, yaxud xəstəliyin uzanmasına və ya daha şiddətlənməsinə, yaxud da çətinliklə sağalmasına bais olsun. Bütün bu hallarda vəzifən cəbirə dəstəmazı almaq olmazsa, təyəmmüm etməyə borclusan.
Fatimə: İndi nə zaman təyəmmüm edəcəyimi başa düşdüm, lakin hansı şeylərin üzərinə təyəmmüm etmək lazımdır?
Ana: Torpağa, çınqıla, kəsəyə, daşa və bu kimi “yer” deyiləcək hər bir şeyin üzərinə təyəmmüm etmək olar. Bu şərtlə ki, pak [və təmiz] olsun və qəsb edilmiş olmasın, yəni mübah olsun.
Fatimə: Necə təyəmmüm etməliyəm?
Ana: İndi sənin qarşında təyəmmüm edəcəm, mənə baxıb öyrənərsən...
Anam bunu deyib, təyəmmüm almağa başladı: öncə barmağında olan üzüyü çıxartdı, sonra əllərinin içini [eyni anda] bir dəfə yerə vurdu. Sonra iki əlini birləşdirərək onların iç tərəfini alnının yuxarısına qoydu və başının saçı bitən yerdən [qaşlarının üzərinə] və burnunun yuxarı hissəsinə qədər çəkdi. Daha sonra sol əlinin içi ilə sağ əlinin arxasını bütünlüklə tutan şəkildə, biləyindən barmaqlarının ucuna qədər məsh etdi. Nəhayət, sağ əlinin içi ilə sol əlinin arxasını tamamilə, əlin biləyindən barmaqların ucuna qədər məsh etdi.
Fatimə: Təyəmmüm etmək, bu asanlıqda və tezlikdə tamamlanır?
Ana: Bəli, yalnız təyəmmüm deyil, əslində öyrəndikdən sonra bütün hökmlər asandır. Allah-taala Qurani-kərimdə buyurur:
" يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلَا يُرِيدُ بِكُمُ الْعُسْرَ "
“Allah sizin üçün çətinlik və məşəqqət deyil, asanlıq istəyir...(17)”
Fatimə: Təyəmmüm etməyin şərtləri də vardırmı?
Ana: Bəli, təyəmmüm etməyin şərtləri bunlardır:
1- (Öncə işarə edildiyi kimi) dəstəmaz almaq və ya qüsl etmək imkanın olmasın.
2- Təyəmmümü Allah-taalaya yaxınlaşmaq qəsdi və niyyəti ilə yerinə yetirəsən.
3- Üzərinə təyəmmüm etdiyin şey pak [və təmiz] olsun və qəsb edilmiş olmasın. Həmçinin, üzərinə təyəmmüm edilməsi səhih sayılmayan şeylə qarışığı olmamalıdır. Məsələn, torpağa kül qarışmasın. Əlbəttə, eger torpaqda külün miqdarı çox az və yox dərəcədə(18) olarsa, onun üzərinə təyəmmüm etmək olar.
4- [Üzərinə təyəmmüm edilən şey gərək toz və qubarlı olsun ki, əldə qalsın. Bu əsasla, toz və qubarı olmayan saf daşın üzərinə təyəmmüm etmək səhih deyildir].
5- Alını məsh etdikdə, [əlləri yuxarıdan aşağıya doğru çəkmək lazımdır].
6- Təyəmmüm ancaq vaxtın sonuna qədər üzrün aradan gedəcəyindən ümidini kəsib mə’yus olduğun halda səhihdir. Bu da elə bir halda ola bilər ki, təyəmmümü namaz üçün, yaxud vaxtı məhdud olan hər hansı bir vacib əməli yerinə yetirmək məqsədilə edəsən.
7- İmkan daxilində gərək təyəmmümü özün, təklikdə edəsən və başqa birisindən kömək almayasan.
8- Təyəmmüm edərkən gərək işləri ardıcıl və fasiləsiz yerinə yetirəsən. Deməli, əgər onların arasında camaat baxımından “təyəmmüm etmir” deyiləcək qədər fasilə verilsə, təyəmmüm batil olar.
9- Təyəmmüm üzvlərində bir maneə olmasın, məsələn, alında, əllərin içində və ya üstündə bir maneə olarsa, təyəmmüm səhih deyil.
10- Alnını sağ əlindən öncə məsh etməlisən və sağ əlinə də sol əlindən qabaq məsh çəkməlisən.
Fatimə: Xəstəliyim üzündən dəstəmaz, ya qüsl üçün sudan istifadə etməmək üzrüm olduğu üçün təyəmmümlə namaz qılsam, sonra həkim sudan istifadə etmək icazəsi versə, hələ namaz qılmaq vaxtı qalmış olarsa, vəzifəm nədir?
Ana: Namazın səhihdir və onu yenidən qılmaq lazım deyil. Əlbəttə bu hökm, etdiyin təyəmmümün məşru (şəriət baxımından icazə verilmiş) olduğu halda belədir. Necə ki, təyəmmüm etdiyin zaman namaz vaxtının sonuna qədər üzrün aradan gedəcəyindən ümidini kəsmiş olasan.
Fatimə: Həkim tərəfindən bir neçə gün sudan istifadə etmək mənə qadağan olunduğu halda, təyəmmümlə namaz qılsam. Sağaldıqdan sonra sudan istifadə etmək icazəsi verərsə, təyəmmümlə qıldığım namazları yenidən qılmağım lazımdırmı?
Ana: Xeyr, onları təkrarən qılmayacaqsan.
Fatimə: Namaz vaxtı yetdikdən sonra üzrlü bir səbəbdən təyəmmümlə namaz qılaramsa, sonra üzrüm hələ aradan getmədiyi bir halda növbəti namazın vaxtı yetişərsə, o namaz üçün yenidən təyəmmüm etməliyəmmi?
Ana: Xeyr, təkrar təyəmmüm etməyin lazım deyil. Çünki üzrün davamlı olduğu və onun aradan getmək ehtimalını etmədiyin zamana qədər ilk təyəmmüm hələ də qüvvədə qalır.
Fatimə: Əgər cənabət qüslü əvəzindən təyəmmüm etmiş olsam, namaz qılmaq üçün dəstəmaz da almalıyam?
Ana: Xeyr, etdiyin təyəmmüm həm qüsl əvəzinə, həm də dəstəmaz əvəzinə kifayət edir.
Fatimə: Əgər cənabət qüslü əvəzindən təyəmmüm etdikdən sonra, məsələn, ayaq yoluna getsəm və ya yuxulasam, dəstəmaz, ya qüsl üçün bir daha təyəmmüm etməyim lazımdır?
Ana: Əgər dəstəmaz almaq imkanın varsa, dəstəmaz al. Bunu edə bilməsən, dəstəmaz əvəzindən təyəmmüm et.
Fatimə: Əgər sol əlimin arxasını məsh etdiyim zaman alnımın və ya sağ əlimin məsh edilməsində şəkk etsəm, bu halda vəzifəm nədir?
Ana: Bu şəkkinə etina etməməlisən.
Fatimə: Əgər təyəmmüm edib qurtardıqdan sonra belə bir şəkk etsəm necə?
Ana: Yenə də bu şəkkinə etina etməməlisən.

(16) Nisa surəsi, ayə 43.
(17) Bəqərə surəsi, ayə 185.
(18) İstilahda buna “müstəhlək” olmuş deyilir, yəni camaatın gözündə külün torpağa olan nisbəti yox dərəcədə az olsun.
← Qüsl haqqında bir danışıq
العربية فارسی اردو English Azərbaycan Türkçe Français