ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Qadınların şəriət hökümlərinin sadə şəkildə öyrədilməsi

Heyz barəsində müsahibə → ← Diqqət

Ön söz

Bismilləhir Rahmənir Rahim

Qurani-Kərimin Nəhl surəsinin 97-ci ayəsində buyurur:
”مَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَى وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ “
“Mömin olub yaxşı işlər görən kişi və qadına şübhəsiz, pak bir həyat nəsib edəcək və gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik”
İslam dini qadının kəraməti üçün ən gözəl ülgünü nümayiş etdirmiş və onun şəxsiyyətini, vəzifələrini, məsuliyyətlərini və bacarıqlarını zinətləndirməklə heç vaxt qadının məqam və mövqeiyyətini kiçiltmək fikrində olmamışdır.
Dinin təlim və tərbiyəvi tövsiyələrinə müxtəsər şəkildə müraciət etməklə aydın olur ki, İslam dini qadının ilk təvəllüdündən onun ən yüksək kamal mərtəbələrinə çatmasına qədər şəxsiyyətini əzəmətlə yad etmiş və təkamül zirvəsinə ucalmaqda onun üçün heç bir hədd-hüdud qoymamışdır.
Din, qadının iffət və saflığına müvafiq olan hökümlər müəyyən etmiş, onun vücudunda mətanətli olmağı çiçəkləndirmiş və həmişə Allahın dərgahında və qayğısında olduğunu vurğulamışdır. Qadına qorxu, ümid və səy etmək duyğusu vermiş, onu qarşı cinsdən – kişidən – öncə dini öhdəlikləri üzərinə götürüb Allah-təbarək və təala ilə ünsiyyət bağlamaq şərəfinə nail etmişdir. Fitrətində olan iffət libasına şəriət siması verib, onu şəhvət düşkünlərinin və tamahkarların təcavüzünə məruz qalmasın deyə örtmüş və gözəlliklərinin qorunması üçün ona möhkəm bir qala düzəltmişdir. Seçim azadlığını ona həvalə etdi ki, dini təlimlərdə qadın və kişi arasında bərabərlik məfhumu hamı üçün aşkar oldu.
Qadını, zatındakı gözəl ətri ilə hər tərəfi ətirləndirib qorunan qızıl gülə bənzədən İslam dinində olan baxışla, onu insanlıq məqamından aşağıda görən qədim cahiliyyət anlayışı arasında böyük fərq vardır. Eləcə də müasir cahiliyyət baxımından qadının fizioloji və psixoloji xüsusiyyətlərini inkar edən anlayış da son dərəcə fərqlidir.
Qurani-Kərim qədim cahiliyyət düşüncəsini belə təsvir edir:
“وَإِذَا بُشِّرَ أَحَدُهُمْ بِالْأُنْثَى ظَلَّ وَجْهُهُ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ؛ يَتَوَارَى مِنَ الْقَوْمِ مِنْ سُوءِ مَا بُشِّرَ بِهِ أَيُمْسِكُهُ عَلَى هُونٍ أَمْ يَدُسُّهُ فِي التُّرَابِ “
“Onlardan birinə qızının olması müjdəsi verilən zaman, qəzəb onu boğduğu halda üzü qapqara qaralar. Verilən müjdənin pisliyindən öz tayfasından qaçıb gizlənər: görəsən, onu zillət içində saxlasın, yoxsa torpağa basdırsın?” (Nəhl surəsi, ayə 58-59)
Beləliklə, bu iki cahiliyyətdən biri qadını məhdudlandırır, onun inkaredilməz roluna etina etmir və Yaradanın hikmətinin ziddinə olan xəyallara qapılır. Digər cahiliyyət isə onu alış-veriş üçün əməkçi və məhsuldar qüvvə bilir və kişinin heyvani instinktiv tələblərini təmin etmək məqsədi ilə ondan bazarda reklam və təbliğat ünsürü kimi istifadə edir. Müasir cahiliyyət ailədə qadının mühüm rolunu ləğv etmiş və beləliklə, ailə həyatının dağılmasına səbəb olmuşdur.
Əgər bəzi məqamlarda qadının vücudunun mehvər olmasını və ondan başqa heç bir şəxsin onun rolunu ifa edə bilməyəcəyini desək, heç də mübaliğə deyildir. Sübhan olan Allah buyurur:
"وَمِنْ آَيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً"
“Onlarla aram tapasınız deyə, sizin üçün öz cinsinizdən zövclər xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir.” (Rum surəsi, ayə 21)
Qadın və kişi insaniyyətdə bir-biri ilə bərabərdirlər və elə bu baxımdan Qurani-Kərim onlara bir bəyanla xitab edərək buyurur:
" فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لاَ أُضِيعُ عَمَلَ عَامِلٍ مِنْكُمْ مِنْ ذَكَرٍ أَوْ أُنْثَى "
“Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: ”İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram.” (Ali-İmran surəsi, ayə 195)
Qadın, övladlarını öz qucağında tərbiyə edən nümunəvi bir müəllim və cəmiyyətin süqutunun qarşısını alan sanki möhkəm bir qaladır. O, peyğəmbərlər və İlahi övliyalar anasıdır.
Ey müsəlman xanım! Dini mədəniyyət ilə digər mədəniyyətləri müqayisə et, gör qadına xoşbəxtlik töhfəsini bunlardan hansı bağışlamışdır və qadın hansı şəraitdə aram tapıb asayişə çata bilmışdır? İslam qanunvericiliyində ana və qadın hüquqları, eləcə də onların ictimai mövqei haqqında ətraflı düşün və həqiqətləri gör.
Qadının başqa təfəkkürlərin təsiri altına düşdüyü zaman mövqeyini necə itirdiyinə, özünü ən ucuz və dəyərsiz qiymətlərə satdığına nəzər sal. Şübhəsiz, bu onun dünyəvi mövqeyidir, qaldı ki, axirətdə olan vəziyyəti...
Dünyanın hansı istiqamətdə hərəkət etməsinə diqqət et! Talaq sayının göstəricisi, intihar etmək, evlənmə yaşının artması, ailə həyatının süqutu, övladların mehr-məhəbbətdən məhrum olmaları, qadını təhlükə qarşısında qoymaq, onu bazara şıxarmaq, onun sevgi və məhəbbət duyğularını təmin etməmək və bu kimi çox əhəmiyyətli məsələləri dəyərləndir.
Beləliklə, aydın olur ki, dini nöqteyi-nəzərdən qadın və kişi insanlıq və təkamül baxımından bərabər səviyyədə dururlar. Onlar gərək hidayət yolunu qət edib Allah-təalaya doğru ucalsınlar ki, axirət səadətinə çatsınlar. Deməli, həm qadın, həm də kişi öz hökmlərinə nisbət kamil şəkildə məlumatlı olmalı və hər zaman şəriət hökmlərini öyrənib, onlara əməl etməyə çalışmalıdır. Bu mühüm məqsədə xidmət olaraq qadınların şəri hökmləri ilə əlaqədar müsahibə formasında yazılan qarşınızdakı kitabçanı hazırlamışıq. Ümid edirik ki, qadın dünya və axirətdə olan yüksək məqamına nail olsun.
Əhməd Əşkuri
Heyz barəsində müsahibə → ← Diqqət
العربية فارسی اردو English Azərbaycan Türkçe Français