ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

← MALIN ZƏKATI

FİTRƏ ZƏKATI (FİTRİYYƏ)

FİTRƏ ZƏKATI (FİTRİYYƏ)
Fitrə zəkatının (fitriyyənin) vacib olmasının şərtləri
Məsələ 2645.Fitr bayramı axşamı qürub vaxtı aşağıdakı şərtlərə cavab verən mükəlləfə özünün və ürfən onun çörək yeyəni hesab edilən şəxslərin fitrə zəkatını verməsi vacibdir:
1) həddi-büluğa çatmış olmalıdır; 2) aqil olmalıdır; 3) huşsuz olmamalıdır; 4) yoxsul olmamalıdır; 5) qul olmamalıdır.
Məsələ 2646. Əgər fitr bayramı axşamı qürubdan öncə vaciblik şərtləri insan üçün gerçəkləşərsə, məsələn, uşaq həddi-büluğa çatarsa, yaxud dəli aqil olarsa və ya yoxsul varlanarsa, fitriyyənin vacib olmasının digər şərtlərinə də cavab verdiyi təqdirdə fitrə zəkatını verməlidir. Həmçinin, vacib ehtiyata əsasən, əgər bu şərtlər fitr bayramı axşamının qürub çağı ilə bayram gününün zöhr çağı arasında hasil olarsa, fitrə zəkatını verməlidir. Lakin əgər bu şərtlər bayram günü zöhrdən sonra meydana gələrsə, fitrə zəkatını vermək ona vacib deyil.
Məsələ 2647. Yoxsul(1) olan şəxsə fitrə zəkatı vermək vacib deyil. Buna əsasən, özünün və ailəsinin illik xərclərini təmin etmək imkanı olmayan və bu xərcləri təmin edə biləcəyi bir işi də olmayan şəxsə fitrə zəkatı vermək vacib deyil.
Məsələ 2648. Fitriyyəsini başqası verməli olan bir şəxsə öz fitriyyəsini vermək vacib deyil. Lakin əgər həmin şəxs onun fitriyyəsini verməzsə, fitrə zəkatının vacib olması şərtlərinə cavab verdiyi təqdirdə(2) insanın özünə, ehtiyata əsasən, öz fitriyyəsini vermək vacib olur. Həmçinin, əgər zəngin insan yoxsul şəxsin çörək yeyəni olarsa, sözügedən yoxsula fitrə zəkatını vermək vacib deyil və zəngin insan fitrə zəkatının vaciblik şərtlərinə cavab verdiyi təqdirdə onun özü fitrə zəkatını verməlidir.
Məsələ 2649.Fitrə zəkatının vacibliyində müsəlman olmaq şərt deyil və onu vermək kafirə də vacibdir. Ancaq kafir fitr bayramı axşamı qürubdan sonra müsəlman olarsa, fitrə zəkatı onun üzərindən götürülür və fitrə zəkatı vermək ona vacib deyil. Lakin şiə olmayan müsəlman şəvval ayının hilalı göründükdən sonra (fitr bayramı axşamı qürubdan sonra) şiə olarsa, fitriyyə onun üzərindən götürülmür və onu verməlidir.
Fitriyyəsinin verilməsi insana vacib olan şəxslərlə əlaqədar hökmlər
Məsələ 2650. Fitr bayramı axşamı qürub çağı həddi-büluğa çatmış və aqil olan, huşsuz, yoxsul və qul olmayan şəxs özü və çörək yeyəni olan şəxslər üçün adambaşına öz şəhərində çox istifadə edilən buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı kimi ərzaq mallarından müstəhəqqə bir “sa” (təqribən üç kq-a bərabər olduğu deyilir) verməlidir. Onun yerinə pul versə də, kifayətdir. Lazım ehtiyata əsasən, öz şəhərində çox işlənməyən qidalardan, hərçənd bu qida buğda, arpa, xurma, yaxud kişmiş olsa belə, verməməlidir.
Məsələ 2651.İnsan fitr bayramı axşamı qürub çağı onun çörək yeyəni hesab edilən şəxslərin fitriyyəsini onların kiçik (azyaşlı), yaxud böyük, müsəlman, yaxud kafir olmasından, onların xərclərini təmin etməyin ona vacib olub-olmamasından, onunla eyni şəhərdə, yaxud başqa bir şəhərdə yaşamalarından asılı olmayaraq verməlidir.
Məsələ 2652. Ev yiyəsinin evinə fitr bayramı axşamı Günəşin batmasından öncə gələn və onun çörək yeyəni (hərçənd müvəqqəti də olsa) hesab edilən qonağın fitriyyəsini vermək ev sahibinə vacibdir. Məsələn, qürubdan öncə ev yiyəsinin evinə gələn, gecə də onun evində qalan və ev yiyəsinin də onun rahatlığı üçün lazımı imkanları səfərbər etdiyi və xərclərini təmin etməyi öz üzərinə götürdüyü qonaq hərçənd bir şey yeməsə, yaxud öz yeməyi ilə iftar açsa belə, ev yiyəsi onun fitrə zəkatını verməlidir. Ancaq sadəcə iftar üçün dəvət edilən və gecələməyən qonaq çörək yeyən hesab edilmir və onun fitrə zəkatı ev yiyəsinin öhdəsinə düşmür.
Məsələ 2653. Fitr bayramı axşamı Günəş batdıqdan sonra ev sahibinin evinə gələn qonağın fitriyyəsi onun çörək yeyəni hesab edilmədiyi halda ev yiyəsinə vacib deyil. Əgər onun çörək yeyəni hesab edilərsə (vacib ehtiyata əsasən), ehtiyatın tələbinə riayət etmək lazımdır, məsələn, onlardan biri digərinin icazəsi ilə fitriyyəni verməlidir.(3)
Məsələ 2654.Hotellərdə, mehmanxanalarda, restoranlarda və bu kimi yerlərdə bir qayda olaraq sahibkarın əciri olan işçilər sahibkar tərəfindən təmin edilən yeməklərlə qidalanırlar. Bu hallarda əcirin (işçinin) qida ilə təmin edilməsi məvacib, yaxud əqd (əmək müqaviləsi) çərçivəsində bir şərt olaraq sahibkarın öhdəsinə düşmədiyi, sahibkar işçinin qidasını öz lütfkarlığı ilə təmin etdiyi və işçi sahibkarın çörək yeyəni hesab edildiyi təqdirdə sahibkar onun fitriyyəsini verməlidir.
Ancaq işçinin qidası onun zəhmət haqqının tərkib hissəsi hesab edildiyi, yaxud əmək müqaviləsində işçinin sahibkar qarşısında əmək haqqı ilə yanaşı onun gündəlik yeməyini də verməsi şərtini qoyduğu təqdirdə bu məhəll-i işkaldır. Buna əsasən, 2653-cü məsələdə qeyd edildiyi kimi ehtiyatın tələbinə riayət etmək lazımdır. Məsələn, işçi sahibkarın icazəsi ilə öz fitriyyəsini verməli, yaxud sahibkar işçinin icazəsi ilə onun fitriyyəsini verməlidir.
Məsələ 2655.Yaşayış xərcləri dövlət tərəfindən təmin edilən hərbi xidmətdə olan əsgərlərin, yaxud həbsdə olan şəxslərin fitrə zəkatı dövlətin öhdəsinə düşmür və şərtlər mövcud olduğu təqdirdə onların özlərinə vacibdir.
Məsələ 2656. Anasının, yaxud dayəsinin südü ilə qidalanan körpənin fitriyyəsi ananın, yaxud dayənin xərclərini təmin edən şəxsin üzərinə düşür. Lakin əgər ana, yaxud dayə öz xərclərini uşağın malları hesabına təmin edirlərsə, uşağın fitriyyəsi heç kəsə vacib deyil.
Məsələ 2657. Ana bətnində olan döl üçün fitrə zəkatı yoxdur. Yalnız Günəş batmazdan öncə dünyaya gələrsə və külfət hesab edilərsə, bu halda onun fitrə zəkatı vacibdir. Əgər fitr bayramı axşamı Günəşin batmasından sonra dünyaya gələrsə və külfət hesab edilərsə, lazım ehtiyata əsasən, onun fitrə zəkatı verilməlidir. Əgər doğulmuş körpə kimsənin külfəti olmazsa, məsələn, körpəyə bir sıra mallar miras qalmışdırsa və onun xərcləri həmin mallar hesabına təmin edilirsə, körpənin fitriyyəsi heç kəsə vacib deyil.
Məsələ 2658.Əgər insan fitr bayramı axşamı qürubdan öncə bir qadınla evlənərsə, həmin qadın onun çörək yeyəni hesab edildiyi təqdirdə onun fitriyyəsini verməlidir. Əgər həmin qadın başqa bir şəxsin, məsələn, öz atasının çörək yeyənidirsə, onun fitriyyəsi ərinə vacib deyil, həmin başqa şəxsə vacibdir. Əgər qadın kimsənin çörək yeyəni deyilsə, fitriyyəsi şərtlərə cavab verdiyi təqdirdə özünə vacibdir. Həmçinin, əgər insan fitr bayramı axşamı Günəş batdıqdan sonra bir qadınla evlənərsə və həmin qadın onun çörək yeyəni sayılarsa, vacib ehtiyata əsasən, 2653-cü məsələdə qeyd edildiyi kimi ehtiyatın tələbinə riayət etmək lazımdır.
Məsələ 2659. Əgər insan fitr bayramı axşamı qürubdan öncə vəfat edərsə, onun və ailəsinin fitriyyəsini onun malından vermək vacib deyil. Lakin əgər qürubdan sonra vəfat edərsə, məşhura (əksər fəqihlərin sözünə) görə onun və ailəsinin fitriyyəsini onun malından verməlidirlər. Lakin bu hökm işkaldan xali deyil və ehtiyatın tələbinə riayət edilməlidir.
Məsələ 2660. Əgər insan bir şəxsin çörək yeyənidirsə və fitr bayramı axşamı qürubdan öncə başqa bir şəxsin çörək yeyəninə çevrilərsə, onun fitriyyəsi hazırda çörək yeyəni olduğu şəxsə vacibdir. Məsələn, əgər qız fitr bayramı axşamı qürubdan öncə ərə gedərsə, əri onun fitriyyəsini verməlidir.
Başqasının fitriyyəsini vermək
Məsələ 2661. Əgər fitriyyəsi başqasına vacib olan bir şəxs özü öz fitriyyəsini verərsə, onun fitriyyəsini verməsi vacib olan şəxsin üzərindən mükəlləfiyyət götürülmür. Lakin əgər fitriyyəsini verməsi vacib olan şəxs tərəfindən onun icazəsi ilə verərsə, kifayətdir.
Məsələ 2662. Fitrə zəkatının ev sahibinin, yoxsa qonağın üzərinə düşdüyü məlum olmayan şübhəli hallarda onlardan biri digərinin icazəsi ilə fitrə zəkatını onun həqiqətdə öhdəsinə düşdüyü şəxsin niyyəti ilə verərsə, kifayətdir və digərinin yenidən fitrə zəkatı verməsinə gərək yoxdur. Həmçinin, fitrə zəkatının, məsələn, iki şəxsin öhdəsinə düşməsi məlum olduğu, lakin hər birinin payı məlum olmadığı hallarda da hökm bu cürdür və bu halda onlardan biri digərinin icazəsi ilə “ma fiz-zimmə” niyyəti ilə zəkatı verə bilər.
Məsələ 2663.Əgər insan onun çörək yeyəni olan və başqa bir şəhərdə olan bir şəxsi onun malından öz fitriyyəsini verməyə vəkil edərsə, onun fitriyyəni verdiyinə əmin, yaxud arxayın olduğu təqdirdə özünün onun fitriyyəsini verməsinə gərək yoxdur.
Fitrə zəkatının məsrəf edilməsi
Məsələ 2664. Fitrə zəkatını – vacib ehtiyata əsasən, yalnız – mal zəkatı alma haqqına sahib olanlar üçün nəzərdə tutulan şərtlərə cavab verən şiə yoxsullara vermək lazımdır və zəkatın digər məsrəf yerlərinə sərf etmək olmaz. Bir şəhərdə şiə yoxsullardan bir şəxs belə olmadığı təqdirdə onu digər yoxsul müsəlmanlara vermək olar. Lakin istənilən halda nasibiyə verilməməlidir.
Məsələ 2665. Əgər şiə olan bir körpə yoxsul olarsa, insan fitriyyəni ona sərf edə, yaxud onu körpənin mülkiyyəti etməsi üçün vəlisinə (şəri qəyyumuna) verə bilər.
Məsələ 2666. Fitriyyə verilən yoxsulun adil olmasına gərək yoxdur. Lakin mal zəkatından deyildiyi kimi, vacib ehtiyata əsasən, məstedici içkilər içən, namaz qılmayan, açıq-aşkar günah edən və fasiqliyini göstərən bir şəxsə fitriyyə verilməməlidir. Həmçinin, fitriyyəni günaha sərf edən şəxsə fitriyyə verilməməlidir.
Məsələ 2667. Müstəhəb ehtiyata əsasən, bir yoxsula bir “sa”dan az fitriyyə verilməməlidir. Yalnız bir yerə toplanmış yoxsulların hamısına çatmırsa, bu hal istisnadır. Lakin əgər bir yoxsula bir neçə sa verilərsə, ehtiyata lüzum yoxdur.
Məsələ 2668. Seyid olmayan şəxs seyidə fitrə zəkatı verə bilməz. Hətta əgər bir seyid onun çörək yeyəni olsa belə, onun fitriyyəsini başqa bir seyidə verə bilməz. Ancaq seyid olan şəxs öz fitrə zəkatını, hətta əgər onun çörək yeyəni hesab edilən və fitrə zəkatları həmin seyidə vacib olan şəxslər seyid olmasalar belə, onların da zəkatını həm seyid olan, həm də olmayan yoxsula verə bilər.
Zəkat fitrəsi verməklə bağlı digər hökmlər
Məsələ 2669.Əgər insan qiyməti adi qiymətdən iki dəfə artıq olan bir maldan, məsələn, qiyməti adi buğdadan iki dəfə baha olan bir buğdadan yarım sa verərsə, kifayət etmir. Hətta əgər onu fitriyyənin qiyməti (natura şəklində) niyyəti ilə versə belə, kifayət etmir.
Məsələ 2670. İnsan bir “sa”nın yarısını bir mal, məsələn, buğda, digər yarısını isə başqa bir mal, məsələn, düyü ilə verə bilməz. Hətta əgər bunu fitriyyənin qiyməti (natura şəklində) kimi versə belə, kifayət etmir. Lakin bir neçə nəfərin fitriyyəsini verən şəxsin onların hamısını eyni malla verməsinə gərək yoxdur. Məsələn, əgər bəzilərinin fitriyyəsini buğda, bəzilərininkini isə düyü ilə verərsə, kifayətdir.
Məsələ 2671. İnsanın fitrə üçün verdiyi buğda və ya başqa bir şey başqa növ bir malla, yaxud torpaqla qarışmamalıdır və qarışdığı təqdirdə əgər onun xalis çəkisi bir “sa”ya çatarsa və ayırmadan istifadə edilə bilərsə, yaxud onu ayırmaq həddən ziyadə əziyyətli olarsa və ya ona qarışan şeyin miqdarı etina edilməyəcək qədər az olarsa, ehtiyata lüzum yoxdur.
Məsələ 2672. Əgər insan fitrə zəkatını eybli (defekt) bir şeydən verərsə, vacib ehtiyata əsasən, kafi deyil.
Məsələ 2673. İnsan hərçənd özünün və ailəsinin xərclərini təmin etmək üçün günah etsə və onu haram yolla təmin etsə belə, özünün və ailəsinin fitriyyəsini halal maldan verməlidir.
Məsələ 2674. Əgər insanın qiyməti fitriyyədən baha olan bir malı vardırsa, fitriyyəni verməzsə və niyyətində həmin malın bir miqdarını fitriyyə üçün nəzərdə tutarsa, vacib ehtiyata əsasən, kafi deyil.
Məsələ 2675. Əgər insan bir şəxsin yoxsul olduğunu düşünərək ona fitriyyə verərsə, sonra yoxsul olmadığını başa düşərsə, ona verdiyi mal aradan getmədiyi təqdirdə onu geri almalı və müstəhəqqə verməli,ala bilmədiyi təqdirdə isə öz malından fitriyyənin əvəzini verməlidir. Əgər aradan getmişdirsə, fitriyyəni alan şəxs aldığı şeyin fitriyyə olduğunu bildiyi təqdirdə onun əvəzini qaytarmalıdır, bilmədiyi təqdirdə isə əvəzini vermək ona vacib deyil və insan özü fitriyyənin əvəzini verməlidir.
Məsələ 2676.İnsan fitrə zəkatını qürbət qəsdi ilə, yəni uca Allahın hüzurunda mütilik və bəndəliyin təzahürü üçün və ixlasla verməlidir. Onu verərkən fitriyyə vermək niyyəti etməlidir. Əgər qürbət qəsdi olmadan, yaxud ixlasa riayət etmədən fitriyyə verərsə, hərçənd qürbət qəsdi olmadığına, yaxud ixlasa riayət etmədiyinə görə günahkar olsa da, kifayətdir və fitrə zəkatı hesab edilir.
Məsələ 2677. Əgər insan ramazan ayından öncə fitrə zəkatı verərsə, doğru deyil. Lakin ramazan ayı başladıqdan sonra fitrə zəkatını verə bilər. Hərçənd müstəhəb ehtiyat budur ki, ramazan ayında da fitriyyəni verməsin və onu verməyi fitr bayramı axşamınadək təxirə salsın. Lakin əgər insan ramazan ayından öncə yoxsula borc verərsə və fitriyyə ona vacib olduqdan sonra sözügedən yoxsul hələ də fitrə zəkatı alma haqqına sahibdirsə, yoxsuldan alacağını fitrə zəkatına saya bilər.
Məsələ 2678. Fitr bayramının namazını qılmaq niyyətində olan şəxs, vacib ehtiyata əsasən, fitriyyəni bayram namazından öncə verməlidir və əgər insanın fitr bayramının namazını qılmaq niyyəti yoxdursa, fitriyyə ödəməyi bayram gününün zöhr azanınadək təxirə sala bilər.
Məsələ 2679. Əgər insan fitriyyə niyyəti ilə malından bir miqdarını ayırıb bir kənara qoyarsa və fitr bayramı günü zöhrədək müstəhəqqə verməzsə, ona verdiyi zaman fitrə zəkatı niyyəti etməlidir. Kənara qoyulmuş fitrə zəkatının verilməsinin təxirə salınması əgər məntiqə uyğun bir məqsəd üçün olarsa və zəkatı verməkdə səhlənkarlıq hesab edilməzsə, ehtiyata lüzum yoxdur. Buna əsasən, əgər insan fitrə zəkatını müəyyən bir yoxsula vermək üçün kənara qoyarsa və hazırda həmin yoxsulla əlaqə yaratmaq mümkün deyilsə, məsələn, yoxsul səfərdədirsə, fitrə zəkatını verməyi təxirə sala bilər.
Məsələ 2680.Əgər insan fitr bayramı günü zöhr azanınadək fitriyyəni verməzsə və ayırıb kənara da qoymazsa, daha sonra vacib ehtiyata əsasən, əda və qəza niyyəti etmədən, ma fiz-zimmə niyyəti ilə fitriyyəni verməlidir.
Məsələ 2681.Əgər insan fitriyyəni kənara qoyarsa, onu özünə götürə və yerinə başqa bir mal qoya bilməz.
Məsələ 2682. Əgər insanın fitrə zəkatı ünvanı ilə kənara qoyduğu mal aradan gedərsə, onun tələf olması ilə bağlı hökm eynilə mal zəkatının tələf olması kimidir. Mal zəkatının tələf olması ilə bağlı hökmlərin təfsilatı 2625-ci məsələdə bəyan edilmişdir.
Məsələ 2683.Fitrə zəkatını imama (ə), yaxud onun xüsusi naibinə və ya ümumi naibinə, yəni şəriət hakiminə aparmaq hərçənd insan bunun üçün onu başqa bir şəhərə aparmağa məcbur olsa belə, caizdir. Bu o haldadır ki, insanın yaşadığı şəhərdə (fitriyyəni öz malından ayırdığı yerdə) zəkat müstəhəqqi yoxdur. Digər hallarda isə əgər öz yaşayış yerində, şəhərində müstəhəqq taparsa, vacib ehtiyat budur ki, fitriyyəni başqa bir yerə aparmasın. Lakin apardığı və müstəhəqqə çatdırdığı təqdirdə vacib ehtiyata zidd hərəkət etməsinə baxmayaraq kifayətdir, yenidən fitrə zəkatı verməyə ehtiyac yoxdur və bu halda əgər başqa bir yerə apararsa və tələf olarsa, onun əvəzini verməlidir.
Məsələ 2684.Yoxsulun fitrə zəkatı verməsi vacib deyil, ancaq müstəhəbdir ki, o da fitrə zəkatını versin. Əgər yoxsulun yalnız bir sa miqdarında buğdası və bu qəbildən olan ərzaq malı olarsa, bir neçə nəfər (məsələn, ailə üzvləri) də onun çörək yeyəni olarsa və onların fitriyyəsini də vermək istəyərsə, fitriyyə niyyəti ilə həmin bir “sa”nı onlardan birinə, o da həmin niyyətlə digərinə verə, bu əməl sonuncu şəxsə çatanadək təkrarlana bilər və daha yaxşı olar ki, sonuncu şəxs aldığı şeyi fitriyyə niyyəti ilə onlardan olmayan başqa bir şəxsə versin.
Əgər onlardan biri azyaşlı, yaxud dəli olarsa, fitriyyəni onun yerinə vəlisi alır və müstəhəb ehtiyat budur ki, vəli onun niyyəti ilə deyil, öz niyyəti ilə alsın və özü üçün aldığı şeyi azyaşlı, yaxud dəli üçün fitrə zəkatı ünvanı ilə başqasına versin.
Məsələ 2685.Müstəhəbdir ki, insan fitrə zəkatını verməkdə öz yoxsul qohum və qonşularını başqalarına tərcih etsin və daha yaxşı olar ki, elmi, imanlı və fəzilətli insanları fitrə zəkatını verməkdə başqalarından üstün tutsun.
Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd, və əccil fərəcəhum vələn ədaəhum əcməin


(1) Yoxsul anlayışının tərifi “Xümsün məsrəf edilməsi” mövzusunda verilmişdir.
(2) Fitrə zəkatı mözusunun başlanğıcında (2645-ci məsələdə) qeyd edilən şərtlər nəzərdə tutulur.
(3) Bu hallarda aralarında ehtiyat vəziyyəti yaranan iki tərəf vardır: birinci tərəf ev sahibidir, ikinci tərəf isə qonaq qürub çağı başqa bir şəxsin çörək yeyəni olmadığı (və fitriyyə vermə şərtlərinə cavab verdiyi) təqdirdə qonağın özü, başqasının çörək yeyəni olduğu təqdirdə isə həmin şəxsdir. Beləliklə, əgər atasının çörək yeyəni olan bir şəxs qürubdan sonra qonaq gedərsə və ev sahibinin çörək yeyəni hesab edilərsə, ehtiyat vəziyyəti ata ilə ev sahibi arasında meydana gəlir, məsələn, ata ev sahibinin icazəsi ilə fitriyyəni verir.

← MALIN ZƏKATI
العربية فارسی اردو English Azərbaycan Türkçe Français