Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild
Axtarış:
MALIN ZƏKATI →
← YAXŞI İŞƏ SÖVQ ETMƏK VƏ PİS İŞDƏN ÇƏKİNDİRMƏK
XÜMS
XÜMS
Məsələ 2297.Bir neçə halda xüms vacib olur:
1) Əmək haqqı və eləcə də bəzi hallarda başqa yolla əldə edilən gəlir;
2) Haram mala qarışmış halal mal;
3) Mədən;
4) Xəzinə;
5) Dalğıclıq yəni, dənizlərin dibinə baş vurmaq üsulu ilə əldə edilən cəvahirat;
6) Döyüş qəniməti;
7) Məşhur nəzərə əsasən, zimmi kafirin müsəlmandan satın aldığı torpaq sahəsi.
1) Əmək haqqı və digər gəlirlər
Xümsün hansı əmlaka aid olduğunu və hansı əmlakın xümsünün olmadığını bəyan etməzdən öncə xüms ili ilə bağlı hökmlər izah ediləcəkdir.
Xüms ili və onunla əlaqədar hökmlər
Məsələ 2298.Tacir, xırda alverçi, sənətkar,işçi, əkinçi, müəllim, fəhlə və digər işləyəninsanların işə başlamasından bir il keçdikdən sonra onların xüms ili çatır və illik xərclərindən artıq qalan qazancın, hərçənd bir gün öncə əldə edilən gəlir olsa belə, xümsünü (beşdə birini) verməlidirlər. Yəni il(xüms ili) başa çatdıqda əldə olan və məunəyə (xərclərə) sərf edilməyən hər bir malın xümsünü (2316-cı və sonrakı məsələlərdə izah ediləcək qaydada) verməlidir. Buna əsasən, işləyən insanlar üçün xüms ilinin başlanğıcı işə başladıqları gündür. İşləyən insanlar hər mənfəət və əmək gəliri üçün ayrıca xüms ili nəzərdə tuta bilməzlər. Yalnız əgər gəlir və xərclərini bir-birindən ayırdıqları bir neçə muzdlu işlə məşğul olarlarsa, bu halda hər bir muzdlu iş üçün ayrıca xüms ili təyin edə bilərlər.
Məsələ 2299.İlin müəyyən vaxtlarında gəliri olan şəxslərin, məsələn, bəzi xətiblərin (din xadimlərinin), bəzi bağbanların və əkinçilərin il ərzində əmək yolu ilə əldə etdikləri gəlirlərin cəmi onların illik xərcləri ilə nisbətdə önəmli həcmdədirsə, işləyən şəxs hesab edilirlər və hər bir gəlir üçün ayrıca xüms ili təyin edə bilməzlər.
Xüms məsələsində bir insanın işləyən şəxs hesab edilməsinin meyarı onun il ərzində əldə etdiyi gəlirin illik xərcləri ilə nisbətdə önəmli miqdarda olmasıdır. Məsələn, əgər insanın əmək fəaliyyəti ilə əldə etdiyi gəlir xərclərinin 5%-i həcmindədirsə, həmin şəxs ürfən işləyən şəxs hesab edilmir. Ancaq əgər əmək fəaliyyəti nəticəsində əldə etdiyi gəliri xərclərinin 25%-i həcmində olarsa, işləyən şəxs sayılır. Ürfən işləyən şəxs hesab edilmə xüsusunda tərəddüd hallarında işləyənlər və işsizlərlə əlaqədar qarşıdakı məsələlərdə izah ediləcək hökmlər arasında ehtiyatın tələbinə riayət etmək lazımdır.
Məsələ 2300. İşləyən şəxslər təsadüfi gəlirləri, məsələn, əmək fəaliyyəti sferasına daxil olmayan bir şeyin satışından əldə etdikləri mənfəət, yaxud onlara hədiyyə edilən bir mal üçün ayrıca xüms ili təyin edə bilməzlər.
Məsələ 2301. İşsizlər, yəni gəliri ilə yaşayış xərclərini təmin etdiyi bir işi olmayan, dövlət müavinətlərindən və insanlar tərəfindən verilən ianələrdən yararlanan, yaxud təsadüfən bir yerdən mənfəət əldə edən şəxslər həmin mənfəəti əldə etdikləri vaxtdan bir il keçdikdən sonra illik xərclərindən artıq qalan miqdarın xümsünü verməlidirlər və hər bir mənfəət üçün ayrıca xüms ili nəzərdə tuta bilərlər.
Məsələ 2302.İşsizlər üçün xüms ilinin başlanğıcı onların sözügedən mənfəətin sahibi (mülkiyyətçisi) olduqları vaxtdır, onu başqa bir şeylə əvəz etdikləri (onunla başqa bir şey aldıqları) vaxt deyil. Məsələn, işləməyən və övladlarının maddi yardımı ilə yaşayan bir şəxs təsəvvür edin. Övladlarından biri mehr(1) ayının əvvəlində ona 400.000 riyal məbləğində pul bağışlayır. O, azər(2) ayının əvvəlində bu pulla müəyyən məbləğdə düyü alır. O, bu düyü üçün ayrıca(3) xüms ili nəzərdə tuta bilər. Ancaq xüms ilinin başlanğıcı həmin pulla düyünün alındığı vaxt (azər ayının əvvəli) deyil, düyünü almaq üçün istifadə etdiyi pulun sahibi olduğu vaxtdır (yəni mehr ayının əvvəlidir). Beləliklə, həmin düyü gələn ilin mehr ayının əvvəlinədək qaldığı təqdirdə qalan miqdarın xümsünü verməlidir.
Məsələ 2303.İnsan xüms ilini şəmsi (günəş), yaxud qəməri (ay) təqvimi ilə təyin edə bilər və həmçinin, xüms ilini dəyişdirə bilər. Belə ki, əgər onu sonraya salmaq istəyərsə, məsələn, xüms ili fərvərdin(4) ayının əvvəlində idisə və indi onu tir(5) ayının əvvəlinə təyin etmək istəyirsə, fərvərdin ayının əvvəlində malının xümsünü verməli, sonra tir ayı başladıqda son üç ayın gəlirinin də xümsünü verməlidir və bu qayda ilə onun xüms ili dəyişir. Əgər xüms ili tarixini irəliyə çəkmək istəyərsə, məsələn, fərvərdinin əvvəlindən dey(6) ayının əvvəlinə dəyişdirmək istəyərsə, xüms ilinin dəyişməsi üçün dey ayının əvvəlində, yəni üç ay tez bütün gəlirlərinin xümsünü verməlidir.
Məsələ 2304.Əgər insan mənfəət və gəlir əldə edər və il ərzində dünyasını dəyişərsə, vəfat tarixinədək məsrəf edilmiş yaşayış xərcləri həmin mənfəətdən çıxılır,yerdə qalan gəlirin xümsünün dərhal, xüms ilinin başa çatmasını gözləmədən verilməsi vacibdir və kəfən, dəfn və yas məclisinin xərci kimi vəfatından sonrakı xərclər yerdə qalan gəlirdən çıxıla bilməz. Əlbəttə, əgər vəfat edən şəxs sağlığında qəsdən xüms verməyən şəxslərdən idisə və xümsün verilməsinə dair vəsiyyət də etməmişdirsə, onun sonuncu ilinin gəlirinin xümsünü vermək varislərinə vacib deyil.
Məsələ 2305.İnsan il ərzində nə vaxt gəlir əldə edərsə, onun xümsünü verə bilər və xümsün verilməsini xüms ilinin sonunadək təxirə sala da bilər. Lakin əgər ilin sonunadək həmin gəlirə ehtiyacının olmayacağını bilirsə, vacib ehtiyata əsasən, dərhal onun xümsünü verməlidir.
Xümsü vacib olmayan gəlirlər
Məsələ 2306. Əvvəlki məsələlərdən də aydın olduğu kimi insanın xümsünün verilməsi lazım olan gəlirləri iki qisimə bölünür:
a) əmək fəaliyyəti nəticəsində əldə edilən gəlirlər: Buraya insanın ticarət, sənətkarlıq, əkinçilik, işə götürmə yolu ilə qəbul edildiyi və maaş müqabilində işlədiyi işlər, fəhləlik, mənzil, mağaza və digər daşınan və daşınmaz əmlakın icarəyə verilməsi, suda və quruda yaşayan heyvanların ovlanması, çöl və meşələrdən dərman bitkiləri kimi mübah olan şeylərin toplanması, yaxud başqa qazanc yolları ilə əldə etdiyi pul və mallar, hətta dünyadan köçmüş şəxsin namazlarını qılmaq və oruclarını tutmaq müqabilində əldə etdiyi ücrət daxildir.
b) əmək fəaliyyətindən başqa yollarla əldə edilən gəlirlər: Buraya insanın əmək fəaliyyətindən başqa bir yolla əldə etdiyi, məsələn, ona hədiyə edilən, bağışlanılan, mükafat olaraq verilən, yaxud vəsiyyət əsasında mülkiyyətinə keçən bütün pul və mallar daxildir.(7)
“A” və “b” bəndlərinə daxil olan bütün gəlirlər xüms ilinin sonunadək yaşayış xərclərinə sərf edilməzsə, insanın özünün və ailəsinin illik xərclərindən artıq qalarsa,(8) xümsü verilməlidir.
Məsələ 2307.Bir şəxs xümsü verilmiş bir malı (buna “müxəmməs” deyilir), yaxud “müxəmməs” hökmündə olan(9) bir malı, məsələn, ona miras qalan bir malı başqa bir şəxsə hədiyyə edərsə, həmin mal qəbul edildikdən sonra hədiyyəni alan şəxsin illik gəlirindən sayılır və xüms ilinin sonunadək qalarsa və məunəyə(10) sərf edilməzsə, hədiyyəni qəbul edən şəxs onun xümsünü verməlidir.
Xümsdən azad olan istisna mallar və onlarla əlaqədar hökmlər
Məsələ 2308.Qadının aldığı mehriyyə və kişinin xül təlaqı müqabilində aldığı mal, həmçinin, alınan şəri diyə, istər qol, yaxud ayağın sındırılması müqabilində alınan diyə kimi üzv diyəsi olsun, istərsə nəfs diyəsi (qətl diyəsi), hətta əldə edildiyi vaxtdan bir il keçsə belə, bu mallar üçün xüms yoxdur.
Məsələ 2309. İnsana miras qalan mal hətta üzərindən bir il keçsə belə, aşağıdakı şərtlər nəzərə alınmaqla həmin mal üçün xüms yoxdur:
a) Miras şəriətə uyğun olmalı, və irs məsələsində mötəbər sayılan qaydalar əsasında insanın mülkiyyətinə keçməlidir.
b) Miras varis üçün gözlənilən olmalıdır.(11)
c) Miras qalan mal dünyasını dəyişən şəxsin sağlığında xümsü verilməli olan, ancaq verilməyən mal olmamalıdır.(12)
d) Dünyasını dəyişən şəxsin xüms borcu olmamalıdır.(13)
Məsələ 2310.İnsana bir mal miras qalarsa və o, həmin maldan xüms verilməli olduğunu və bu malı ona miras qoyub dünyadan köçən şəxsin onun xümsünü vermədiyini bilərsə, sözügedən varis onun xümsünü verməlidir. Həmçinin, əgər məhz həmin malın özündən xüms verilməli deyilsə, ancaq varis bu malı ona miras qoyub dünyadan köçən şəxsin xüms borclusu olduğunu bilirsə, xümsü onun öz malından(14) verməlidir. Lakin hər iki halda əgər malı miras qoyub dünyadan köçən şəxs xümsün vacibliyinə etiqad bəsləmirdisə, yaxud etiqad bəsləyirdisə, ancaq qəsdən, yaxud səhlənkarlıqdan xüms vermirdisə, varisin ona vacib olan xümsü verməsi lazım deyil. Lakin əgər vəfat edən şəxsin öhdəsinə düşən xümsün verilməsinə dair vəsiyyəti olarsa, onun vəsiyyətini həyata keçirmək lazımdır və bu halda verilməsi vəsiyyət edilmiş xüms hərçənd miqdarı (məbləği) onun mirasının üçdə birindən çox olsa belə, miras bölünməmişdən öncə xüms bütövlüklə ondan ayrılaraq verilməlilər.
Məsələ 2311. Əgər insana bir mal miras qalarsa və o, həmin maldan xüms verilməli olduğunu bilərsə, ancaq bu malı ona miras qoyub dünyadan köçən şəxsin onun xümsünü verib-vermədiyinə şəkk edərsə, vacib ehtiyata əsasən, öncəki məsələdə qeyd edilən istisna hallardan biri mövcud olmadığı təqdirdə onun xümsünü verməlidir. Əgər ona miras qalan malın xümsü verilməli olan, yoxsa mehriyyə kimi xümssüz mal olduğunu bilmirsə, yaxud dünyadan köçən şəxsin sağlığında şəxsi və ailə işlərində istifadə etdiyi bir maldan xüms verilməli olub-olmadığını, məsələn, həmin malın xüms ilinin sonunadək xərclənməyib artıq qalan (xümsü verilməli olduğu halda verilməyən) gəlirlə, yoxsa xümsü verilmiş gəlirlə alındığını bilmirsə, bu hallarda xümsün verilməsi varisə vacib deyil.
Məsələ 2312.Əgər bir şəxs bir mülkü il ərzində əldə etdiyi gəlirlə almışdırsa və il başa çatmamış vəqfin gerçəkləşməsi üçün tələb edilən şərtlərə riayət etməklə onu vəqf etmişdirsə, vəqf edən şəxsin və ondan istifadə etmələri üçün vəqf edilən şəxslərin həmin mülkün özünün xümsünü verməsinə gərək yoxdur. Əlbəttə, əgər sözügedən vəqf onun sahibi (mülkiyyətçisi) üçün qeyri-adi və onun sosial vəziyyətindən artıq olarsa, vacib ehtiyata əsasən, vəqf edən şəxs öz sosial vəziyyətindən artıq olan miqdarın xümsünü verməlidir.
Məsələ 2313.Əgər bir şəxs bir mülkü müəyyən şəxslər, məsələn, öz övladları üçün vəqf edərsə və vəqf edən şəxs vəqfnamədə övladlarının münasib gördükləri təqdirdə həmin mülkdə əkinçilik təsərrüfatı yaratmaq və meşə salmaq hüququ olduğunu təsdiqləyərsə, həmin mülkdə əkinliklə məşğul olduqları, meşə saldıqları və bundan illik xərclərindən artıq gəlir əldə etdikləri təqdirdə onun xümsünü verməlidirlər. Həmçinin, əgər həmin mülkdən başqa bir şəkildə, məsələn, icarəyə verərək mənfəət əldə edərlərsə, mənfəətin illik xərclərindən artıq qalan miqdarının xümsünü verməlidirlər.
Məsələ 2314.İstihqaq(15) əsasında xüms, yaxud zəkat kimi yoxsula verilən mal üçün xüms yoxdur, lakin onun vasitəsi ilə əldə edilən mənfəət illik xərclərindən artıq qaldığı təqdirdə xümsü verilməlidir.
Məsələ 2315. Yoxsulun kəffarələr, “rədd əl-məzalim”(16) kimi vacib sədəqə, yaxud müstəhəb sədəqə ünvanı ilə əldə etdiyi və illik xərclərindən artıq qalan malın xümsü, vacib ehtiyata əsasən, verilməlidir.(17)
Məunə
Məsələ 2316. İnsanın gəlirlərinin xümsü həmin ilin xərcləri (məunə) çıxıldıqdan sonra vacib olur. Buna əsasən, insan gəlirdən məunəsini çıxa və sonra(18) yerdə qalan hissənin xümsünü verə bilər. Məunə iki qisimdir:
a) Qazanc əldə etmə məunəsi. Buna iş məunəsi, yaxud istehsal xərcləri də deyilir. İnsanın qazanc əldə etmək üçün çəkdiyi, qarşılığı olmayan və istehlak edilmiş mal hökmündə olan bütün xərclər nəzərdə tutulur. O cümlədən, şagirdin,(19) yükdaşıyanın, vasitəçinin, yazı işləri ilə məşğul olan işçinin (katibin, klerkin), mühafizəçinin maaşı, mağazanın icarə haqqı, vergilər və çəkilmiş, istehlak hökmündə hesab edilən digər xərclərin hamısı çıxıla bilər və sonra gəlirin yerdə qalan hissəsinin xümsü verilir. Həmçinin, əmək fəaliyyəti nəticəsində xümsü verilmiş əmək alətlərinə, o cümlədən, sənaye müəssisələrinə (emalatxanalarına) və onların avadanlıqlarına, tikiş maşınlarına, kənd təsərrüfatında istifadə edilən alət və avadanlıqlara, yük, yaxud sərnişin daşınmasında istifadə edilən nəqliyyat vasitələrinə dəymiş zərər də bu qəbildəndir. Məsələn, fərz edək ki, bir şəxs bir avtomobili xümsü verilmiş pulla iyirmi milyon tümənə alır və onu bir il müddətinə beş milyon tümənə icarəyə verir. Xüms ilinin sonunda avtomobilin qiyməti istifadə edildiyinə görə on altı milyon olmuşdur. Bu zaman avtomobilin icarəyə verilməsindən əldə edilən beş milyon tümənlik gəlirdən yalnız bir milyon tümənin xümsünün verilməsi vacibdir, digər dörd milyon tümən isə qazanc əldə etmə məunəsinin tərkib hissəsi sayılır.
b) İllik xərclər. Buna ailəvi yaşayış məunəsi, yaxud xərcləri də deyilir və sonrakı məsələdə izah ediləcəkdir.
Məsələ 2317.İnsanın şəxsi və ailə həyatında istifadə, yaxud istehlak etdiyi şeylər üç qisimə bölünür:
a) Buğda, arpa, çörək, un, yağ, qənd və şəkər tozu, çay, ədviyyat, dənli bitkilər, soyuducudakı qidalar kimi ərzaq malları.
b) Yaşayış evi, bütün mebel və ev əşyaları, şəxsi əşyalar o cümlədən xalça, geyim, qab-qacaq, həmçinin, qadınların qızıl zinət əşyaları, kompyuter, nəqliyyat vasitəsi, istirahət və asudə vaxtın təşkili üçün nəzərdə tutulmuş bağ, insanın evin dekorasiyasında istifadə etdiyi gül, güldan, şəkil çərçivəsi, lüstr, dekorativ əşyalar və s. kimi qeyri-ərzaq istehlak malları, daşınar və daşınmaz əmlak.
c) Cari yaşayış xərcləri, o cümlədən, insanın başqalarına verdiyi hədiyyələr və mükafatlar, yoxsullara verdiyi sədəqələr, başqalarına xərclədikləri (bağışladıqları), qonaqları qəbul etmək üçün çəkdiyi xərclər, ziyarət, yaxud əyləncə məqsədli səfərlərində xərclədiyi pullar, nəzir və kəffarə ünvanı ilə verdiyi pul, özünün və ailəsinin tələbatı üçün aldığı borcu qaytarmaq üçün verdiyi pul, övladının evlənməsi və ya təhsili, yaxud özünün və ailəsinin müalicəsi üçün çəkdiyi xərclər, ödədiyi diyə, başqalarının əmlakına vurduğu zərərə görə və bu qəbildən olan səbəblərlə ödədiyi təzminat.
Aşağıdakı beş şərt nəzərə alınmaqla bu üç bənddə sadalananların heç biri üçün xüms yoxdur və insan onların xümsünü verməkdən azaddır:
1) İl ərzində əldə edilən qazanc və mənfəətlə alınmış mal olmalıdır, üzərindən bir xüms ili keçən və xümsü vacib olduğu halda onu vermədiyi bir gəlirlə alınmış mal olmamalıdır.
2) Normal və insanın özünün və ailəsinin sosial vəziyyətinə uyğun miqdarda olmalıdır.
3) İsraf, bədxərclik və digər haram məsrəflər qismindən olmamalıdır.
4) “a” və “b” bəndlərinə daxil olan mallar insanın il ərzində ehtiyac duyduğu mallar olmalıdır.
5) “a” bəndinə daxil olan mallar, məsələn, evin ərzaq ehtiyatı xüms ilinin sonunadək məsrəf edilməli, “b” bəndinə daxil olan mallar, məsələn, geyim və ev əşyaları xüms ilinin sonunadək istifadə edilməli,(20) “c” bəndinə daxil olan xərclər isə xüms ilinin sonunadək həyata keçirilməlidir.
Buna əsasən, əgər məsrəf haram yolda edilərsə, yaxud israf və bədxərclik hesab edilərsə, xümsü verilməlidir. Həmçinin, əgər məsrəf qeyri-adi və insanın sosial vəziyyətinə görə artıq olarsa, sosial vəziyyətə görə artıq olan miqdarın xümsünü vermək lazımdır. Hətta pulun, malın məsrəf edilməsi şəriət baxımından daha üstün olduğu, lakin onun sahibi üçün qeyri-adi (həddən ziyadə) olduğu hallarda, məsələn, insan illik gəlirinin böyük bir hissəsini məscidlərin abadlaşdırılmasına sərf etdiyi və yoxsullar üçün sərf etdiyi halda,(21) vacib ehtiyata əsasən, sosial vəziyyətinə görə artıq olan miqdarın xümsü verilməlidir.
Məsələ 2318.İlin sonunda bir miqdarı artıq qalan ərzaq məhsulları, ətriyyat, gigiyena vasitələri (diş pastası, şampun, sabun) kimi istehlak malları insan həmin miqdardan daha az miqdarda ala bilmədiyi, başqa sözlə alınan məhsul miqdar baxımından bazarda satılan ən kiçik miqdarda olduğu (məsələn, istifadə etdiyi ətrin bazarda mövcud olan ən kiçik həcmli flakonunu aldığı) təqdirdə xümsü yoxdur. Ancaq əgər bundan artıq miqdarda almışdırsa və bir miqdarı artıq qalmışdırsa, artıq qalan miqdarın hərçənd az da olsa qiyməti olduğu təqdirdə xümsü verilməlidir. Artıq qalan miqdarın ümumiyyətlə satış dəyəri olmadığı təqdirdə isə onun xümsünü verməyə gərək yoxdur.
Məsələ 2319. 2317-ci məsələdə qeyd edilən dördüncü şərtdə istehlak və qeyri-istehlak mallarına ehtiyacın olması deyərkən insanın onlara xüms ili başa çatanadək ehtiyacının olması və onlardan istifadə etməsi nəzərdə tutulur. Beləliklə, ehtiyac duyulmasına baxmayaraq ilin sonunadək istifadə edilməyən bir malın xümsü verilməlidir. Yalnız həmin malın ona ehtiyac duyulacağı vaxtdan öncə alınmamasının insanın sosial vəziyyətinə xələl gətirdiyi, yaxud həmin malın il ərzində ona ehtiyac duyulacağı ehtimal edilən vaxtda alınmasının mümkün olmadığı, yaxud həddən ziyadə çətin olduğu hallar istisna təşkil edir.
Məsələ 2320.Məunə, yaxud yaşayış xərcləri deyərkən insanın real olaraq xərclədiyi və istifadə etdiyi pul və mal nəzərdə tutulur. Beləliklə, əgər qənaət, yaxud özünə və ya ailəsinə qarşı sərt tədbirlər görməsi səbəbi ilə insanın illik tələbatının bir miqdarı artıq qalarsa, onun xümsünü verməlidir.
Məsələ 2321.İl ərzində əldə edilən gəlirlə alınan əşya və ləvazimat dəstləri, məsələn, bazarda dəst və məcmu halda satılan, tək-tək satılmayan çoxcildlik lüğət və təfsir kitabı, yaxud qab-qacaq və mebel dəstlərinin bir hissəsindən il ərzində istifadə edildiyi təqdirdə qalan hissəsinə də xüms şamil olunmur. Əgər bu dəstlərə ehtiyac olarsa, ancaq təsadüfdən onların heç birindən istifadə edilməzsə, 2319-cu məsələdə qeyd edilən hökm tətbiq edilir.
Məsələ 2322. Əgər bir bölgədə adətə görə insan qızının cehizini illər ərzində tədricən alırsa və cehizin bu qaydada alınmaması insanın sosial vəziyyətinə uyğun deyilsə (hətta onu lazım olan vaxt ala bilməyəcəyi baxımından olsa belə) və bu, onun adına xələl gəlməsinə səbəb olacaqsa, il ərzində həmin ilin gəlirləri ilə ehtiyac duyulan cehizlik malların özünün sosial vəziyyətinə görə artıq olmayan bir qismini aldığı və ürfən (insanların nəzərində) bir il ərzində həmin miqdarda cehizliyin alınması normal illik xərclərdən sayıldığı təqdirdə onun xümsünü verməsinə gərək yoxdur. Ancaq maddi imkanı olan, qızının cehizini ehtiyac duyulduğu il bir dəfəyə ala bilən və cehizin tədricən alınmaması sosial vəziyyətinə xələl gətirməyən şəxs əgər qızının cehizini tədricən alarsa və üzərindən bir il keçərsə, onun xümsünü verməlidir. Oğulun yaşayışı üçün ehtiyac duyulan şeylərin alınması ilə əlaqədar hökm də eynilə qıza cehiz alınması ilə bağlı hökm kimidir.
Qeyd etmək lazımdır ki, gələcəkdə istifadə ediləcək cehiz, yaxud əşyaların alınması və ya toy məclisinin xərclərini təmin etmək üçün yığılan pul və gəlir hətta yuxarıdakı şərtlərə cavab versə belə, xüms ilinin sonunda xümsü verilməlidir.
Məsələ 2323.İl ərzində əldə etdiyi gəlir hesabına tədricən özü üçün yaşayış evi tikən, məsələn, birinci il torpağı satın alan, ikinci il ehtiyac olan tikinti məhsullarını satın alan və sonrakı illərdə tədricən evi inşa edən şəxs ilin sonunda həmin malların xümsünü verməlidir. Lakin əgər həmin ev onun hal-hazırda ehtiyacı olan yaşayış evidirsə, onun sosial vəziyyətinə uyğundursa, ev sahibi olmağın yeganə yolu onun tədricən tikilməsidirsə və onun kimi insanlar adətən evlərini tədricən tikirlərsə, ev sahibi olmaq üçün hazırlıq işlərinin görülməməsi ürfən (insanların nəzərində) sözügedən şəxsin şəninə xələl gətirirsə və onun ailəsinə qarşı səhlənkarlığı və onların gələcəyinə dair biganəliyi hesab edilirsə, bu halda istisna olaraq evi tədricən tikdiyi və elə tikintisinin başa çatdığı ildən etibarən həmin evdə məskunlaşdığı təqdirdə onun xümsünün verilməsi lazım deyil. Lakin gələcəkdə ev tikmək üçün yığılan pul hətta qeyd edilən şərtlərə cavab versə belə, xümsü verilməlidir.
Məsələ 2324. İnsanın həcc, yaxud digər ziyarət səfərləri üçün xərclədiyi pul illik xərclərdən sayılır. Əgər səfəri xüms ilinin başa çatmasından bir qədər sonra da davam edərsə, növbəti il öncəki ilin gəlirindən xərclədiyi məbləğin xümsünü verməlidir.
Məsələ 2325. İnsan il ərzində əldə etdiyi gəlirindən bir qədər pul ayıraraq həcc, yaxud ömrə üçün qeydiyyatdan keçərsə, ancaq xüms ili başa çatdıqdan sonra, yaxud sonrakı illərdə ziyarətə gedərsə, bu pula yalnız bir halda xüms şamil olunmur. Həmin hal bundan ibarətdir ki, həcc, yaxud ömrə vacib olmalı və öncədən istitaət (imkan, qadir olma), yaxud şəri nəzir əsasında onun öhdəsində qalmalıdır. Bu halda sözügedən pula aşağıdakı şərtlərlə xüms şamil olunmur:
a) Ziyarətə getmək üçün qeydiyyatdan keçmək və növbəyə durmaqdan başqa bir yol olmamalıdır.
b) Bu pulun xümsünü verə biləcəyi başqa bir pulu olmamalıdır.
Əks təqdirdə, məsələn, həcc və ya ömrə müstəhəb olarsa, yaxud vacib həccə getmək imkanına sahib olduğu ilk il olarsa (hələ həcc qəti şəkildə onun öhdəsində qalmamışdırsa), ya da həcc öncədən onun öhdəsinə düşdüyü halda getməmişdirsə, ancaq hazırda sərbəst püşkü satın almaq imkanına malikdirsə, qeydiyyatdan keçmək üçün ödənilən puldan ilin sonunda xüms ödənilməlidir.
Məsələ 2326.Şəxsi istifadə üçün evdə, yaxud başqa bir yerdə əkilən bitkilərin və bəslənilən heyvanların özü, məhsul və inkişafı ilə əlaqədar hökm aşağıdakı kimidir:
a) Bitki və heyvanların özü: Əgər müxəmməs olmazsa, yaxud müxəmməs hökmündə olmazsa, məsələn, il ərzində əldə edilmiş gəlirlə alınmışdırsa, heyvanın südündən, yumurtasından və ya yunundan, yaxud ağacların və otların meyvəsindən, kölgəsindən, gözəlliyindən, verdiyi təmiz havadan və s. şəxsi istifadə üçün saxlanılırsa,bu heyvanlar, yaxud bitkilər ürfən həmin şəxsin məunəsi (yaşayış tələbatı)hesab edildiyi halda onlara xüms şamil olunmur, əks təqdirdə isə xümsü verilməlidir.(22)
b) Onların məhsulu və inkişafı: Malın özündən ayrılan məhsulun, məsələn, heyvanların balalarının, südün, yunun, yumurtanın, yaxud ayrıla bilən məhsulun, məsələn, qopmağa hazır olan quru budaqların və s. xüms ilinin sonunda məunəyə sərf edilməyən (tələbatdan artıq qalan) miqdarının xümsünü vermək lazımdır.
Malın özünə aid olan inkişafa, məsələn, heyvanın kökəlməsinə gəlincə, əgər həmin heyvan, yaxud bitki südündən, yumurtasından, meyvəsindən, kölgəsindən və bu qəbildən olan faydalarından şəxsi istifadə üçün saxlanılırsa və ürfən insanın məunəsi hesab edilirsə, hərçənd qiyməti artsa belə, ona xüms şamil olunmur.(23)
Məsələ 2327. Əgər insanın yaşayış tələbatı çərçivəsində istifadə etdiyi bir şeyin, məsələn, yaşayış evinin, yaxud yaşayış üçün lazım olan vasitələrin qiyməti artarsa, qiymətin artan hissəsinin xümsünü vermək vacib deyil. Əgər xüms ili başa çatdıqdan, yaxud insan işləmədiyi təqdirdə alındığı tarixdən bir il keçdikdən sonra onu satarsa, ilkin qiymətə xüms şamil olunmur. Qiymətin artan hissəsinə gəlincə, əgər həmin şeyi mübadilə kimi deyil, başqa bir yolla (məsələn, hədiyyə kimi)əldə etmişdirsə, xüms şamil olunmur. Lakin əgər onu il ərzində əldə edilən gəlirlə və mübadilə (məsələn, alqı-satqı) yolu ilə əldə etmişdirsə, qiymətin artan hissəsi onun satıldığı ilin gəlirindən hesab edilir və əgər həmin ilin sonunadək yaşayış xərclərinə sərf edilməzsə, xümsü verilməlidir.
Ancaq əgər onu istifadə etdiyi ilk il ərzində (yəni xüms ili başa çatmamış, yaxud əgər işləyən şəxs deyilsə, onu əldə etdiyi tarixdən bir il keçməmiş) satarsa və onun satışından əldə etdiyi pul ilin sonunadək qalaraq illik yaşayış xərclərinə sərf edilməzsə, malın öz qiymətinə (ilkin dəyərə) vacib ehtiyata əsasən, qiymətin artım məbləğinə həmin malı il ərzində əldə etdiyi gəlirlə və mübadilə yolu ilə aldığı təqdirdə fətvaya əsasən, mübadilə yolu ilə deyil, başqa bir yolla əldə etdiyi təqdirdə isə vacib ehtiyata əsasən, xüms şamildir.
Məsələ 2328. Əgər insanın xümsü verilən, yaxud xümsü verilmiş mal hökmündə olmayan bir malı vardırsa və ondan yaşayış tələbatı çərçivəsində istifadə etmişdirsə (ev əşyaları kimi), xüms ili başa çatdıqdan sonra, yaxud işləyən şəxs deyilsə, həmin malın alındığı vaxtdan bir il keçdikdən sonra ona heç bir ehtiyacı qalmadığı təqdirdə onun xümsünü verməsinə gərək yoxdur. Ancaq əgər elə birinci il ərzində həmin mala olan ehtiyacı tamamilə aradan qalxarsa, vacib ehtiyata əsasən, onun xümsünü verməlidir.
Əlbəttə, həmin mal misal olaraq ilin bəzi fəsillərində istifadə edilən şeylərdən, məsələn, növbəti ilin qışı, yaxud yayı üçün saxlanılan qış və yay geyimlərindən olduğu təqdirdə onların müvəqqəti olaraq istifadə edilməyərək saxlanılmasına görə xümsünü vermək lazım deyil.
Məsələ 2329. Bütün yaşayış xərcləri başqa bir şəxs, məsələn, həyat yoldaşı, yaxud övladları tərəfindən təmin edilən şəxsin özünün də gəlir mənbəyi olarsa, gəlirinin illik yaşayış xərclərinə sərf etmədiyi miqdarının xümsünü verməlidir. Buna əsasən, əgər bütün xərclərini əri, yaxud atası təmin edirsə və özü illik yaşayış xərclərinə heç nə sərf etmirsə, bütün gəlirinin xümsünü verməlidir.
Məsələ 2330. Əmək və ticarət fəaliyyəti, yaxud başqa bir yolla mənfəət və gəlir əldə edən şəxsin xümsünün verilməsi vacib olmayan başqa bir malı (müxəmməs hökmündə olan mal), yaxud xümsünü verdiyi başqa bir malı (müxəmməs mal) da vardırsa, buna baxmayaraq illik tələbatını əmək fəaliyyəti nəticəsində əldə etdiyi(24) gəlirlə təmin edə bilər.
Sərmayə, əmək alətləri və işləyənlərlə bağlı bəzi məsələlər
Məsələ 2331.İş adamları arasında “dəyişən kapital”, yaxud“dövriyyə kapitalı” adlandırılan qazanc sərmayəsi iki növdür:
a) Əsas sərmayə - insanın özünün və ailəsinin yaşayışı (öz heysiyyətinə və şanına uyğun yaşaması) üçün ehtiyac duyduğu minimum sərmayə miqdarıdır. Belə ki, ondan az miqdarda vəsaitlə özünün və ailəsinin şanına uyğun şəkildə yaşaması qeyri-mümkün olacaq, yaxud dözülməz çətinliklərlə müşayiət ediləcək və ya qazanc əldə etmək üçün şanına uyğun olmayan bir işlə məşğul olmaq məcburiyyətində qalacaqdır.
Əsas sərmayə xümsü verilmiş maldan, yaxud xümsü verilmiş mal hökmündə olan maldan deyil, il ərzində əldə edilən gəlirdəndirsə,xümsü verilməlidir. Yalnız bir hal istisnadır. O da insanın həmin vaxt, yaxud yaxın gələcəkdə əsas sərmayənin xümsünü verə bilmədiyi haldır. Yəni, əgər onun xümsünü hərçənd dəstgərdan (əl dəyişmə) və hissə-hissə ödəmə surəti ilə belə verərsə, şanına uyğun və onun üçün normal sayılan şəkildə yaşaması qeyri-mümkün olacaq, yaxud dözülməz çətinliklərlə müşayiət ediləcək və ya qazanc əldə etmək üçün şanına uyğun olmayan bir işlə məşğul olmaq məcburiyyətində qalacaqdır. Bu halda sərmayənin xümsünü vermək lazım deyil. Əlbəttə, əgər sərmayənin bir hissəsinin xümsünü nağd, yaxud hissə-hissə verə bilərsə, həmin miqdarın (məbləğin) verilməsi lazımdır.
b) İnkişaf sərmayəsi - əsas sərmayədən artıq olan və ticarət (biznes) fəaliyyətinin inkişafı üçün istifadə edilən vəsaitdir.
İnkişaf sərmayəsi əgər il ərzində əldə edilmiş gəlirdəndirsə, xümsünün verilməsi vacibdir.
Məsələ 2332.Mağaza, ticarət obyekti, dülgərlik, dəmirçilik, arşınmalçılıq (parça satışı), toxuculuq, tikinti, memarlıq və əkinçilik alətləri, yük, yaxud sərnişin daşıma üçün nəqliyyat vasitələri və bu qəbildən olan əmək alətləri və qazanc vasitələrinə öncəki məsələdə bəyan edilən qazanc sərmayəsi ilə əlaqədar hökm şamil olunur.
Məsələ 2333.İnək, qoyun, ev quşları və bu qəbildən olan heyvanları bəsləməklə məşğul olan maldarlar və quşçuluq təsərrüfatı sahiblərinin bu heyvanları bəsləməkdə məqsədi onları, yaxud ətlərini satmaq olduğu təqdirdə sözügedən heyvanlara qazanc sərmayəsi ilə bağlı hökm şamil olunur. Ancaq həmin heyvanları onlardan əldə edilən şeylərdən, məsələn, süd, yun və yumurtasından qazanc məqsədi ilə istifadə etmək üçün bəslədikləri təqdirdə heyvanlar qazanc vasitəsi hesab edilir.
Məsələ 2334.İcarəyə götürənin ticarət obyekti üçün sərqıfıl (dəbbə pulu) ünvanı ilə obyekt sahibinə, yaxud başqa bir şəxsə həmin obeykt üzərində maddi dəyəri olan bir hüquq əldə etmək müqabilində ödədiyi pul icarəyə götürən üçün hökmü öncəki məsələlərdə qeyd edilən sərmayə və qazanc vasitəsi sayılır.
Məsələ 2335.İnsanın xüms ili başa çatarsa və əkinçilik təsərrüfatı məhsullarının bir hissəsi bəhrə vermiş, bir hissəsi isə hələ bəhrə verməmiş olarsa, bəhrə vermiş məhsullar bu ilin gəlirindən sayılır və ilin sonunadək məunəyə sərf edilməzsə, xümsü verilməlidir. Növbəti il(25) bəhrə verən məhsullar isə növbəti ilin gəlirindən hesab edilir. Əlbəttə, sonrakı il yığılan, lakin xüms ilinin sonunda mövcud olan və hərçənd yetişməsə də maddi dəyəri olan məhsulların hazırkı qiyməti(26) cari ilin gəlirindən hesab edilir və xümsü verilməlidir.
Xümsü verilmiş malın, yaxud xümsü verilmiş mal hökmündə olan malın qiymətinin artması – qiymət artımı və azalması
Məsələ 2336.Əgər xümsü verilmiş malın, yaxud xümsü verilmiş mal hökmündə olan malın qiyməti artarsa, burada bir neçə vəziyyət mövcud ola bilər:
1. Mal ticarət üçün alınmış, yaxud saxlanmışdır və satılaraq pulunun əldə edilməsi mümkündür.
Bu halda hərçənd satmasa da, xüms ilinin sonunda onun bazar qiymətinin artan hissəsinin xümsünün verilməsi vacibdir.(27)
2. Mal ticarət üçün alınmamış, yaxud saxlanılmamışdırsa, bu halda iki vəziyyət mövcud ola bilər:
a) Mal insanın mülkiyyətinə mübadilə yolu ilə deyil, başqa bir yolla, məsələn, vərəsəlik yolu ilə keçmişdir.
Bu halda onun qiymətinin artan hissəsinə hətta satıldıqdan sonra da xüms şamil olmur. Məsələn, əgər bir varis atasından ona miras qalan yüz milyon tümən dəyəri olan bir bağı ticarət məqsədi ilə saxlamışdırsa və hazırda bu bağın dəyəri iki yüz milyon tüməndirsə, hətta bağın satılmasından sonra da yüz milyonluq artımın xümsünü verməyə gərək yoxdur.
b) Mal alqı-satqı kimi mübadilə yolu ilə insanın mülkiyyətinə keçmişdir.
Bu halda mal satılmayınca onun qiymətinin artımına xüms şamil olunmur. Əgər satılarsa, alış qiymətinə xüms şamil olunmur, qiymətin artım məbləği isə illik gəlirin bir hissəsidir və xüms ilinin sonunadək yaşayış xərclərinə sərf edilməzsə, xümsü verilməlidir.
Qeyd etmək lazımdır ki, əgər insan bir malı mübadilə yolu ilə deyil, başqa bir yolla əldə etmişdirsə, məsələn, mal ona bağışlanılmışdırsa, onun xümsünü elə malın özündən vermişdirsə (xümsü onun özündən verməklə onu müxəmməs etmişdirsə), qiymətin artan məbləğinə hətta həmin malı satdıqdan sonra da xüms şamil olunmur. Əgər sözügedən malın xümsünü başqa bir malla vermişdirsə, onun beşdə dördünə əvəz edilməyən mallar, beşdə birinə isə əvəz edilən mallarla əlaqədar hökm şamil olunur.
Məsələ 2337.Malların qiymətində inflyasiya nəticəsində yaranan artım kəskin inflyasiyadan qaynaqlanarsa, yəni pulun dəyəri kəskin surətdə aşağı düşərsə, belə ki, həmin mal olduqca yüksək məbləğə, məsələn, qiymətindən iki, yaxud bir neçə dəfə artıq məbləğə alınıb-satılarsa, bu qiymət artımı, vacib ehtiyata əsasən, gəlir hesab edilir və qiymət artımı ilə əlaqədar hökmlər ona şamil olunur. Aydındır ki, bu hökm ehtiyata əsaslandığına görə digər vacib ehtiyat hallarında olduğu kimi bu halda da 8-ci məsələdə qeyd edilən şərtlərə riayət etməklə başqa bir müctəhidə təqlid etmək olar.
Məsələ 2338.Əgər insan bir şeyi, yaxud bir malı ondan ticarətdə sərmayə kimi istifadə etmək məqsədi ilə borca, yaxud nisyə alarsa və bu malın qiyməti xüms ilinin sonunadək artarsa, bu qiymət artımı sonrakı ilin deyil, həmin ilin gəlirinin bir hissəsi sayılır. Buna əsasən, hərçənd sözügedən şəxs xüms ilinin sonunadək borcunu ödəmədiyinə görə malın özünə xüms şamil olmasa da, qiymətin artan məbləğinin xümsünü verməlidir.
Məsələ 2339.Əgər insan bir malı ticarət üçün (sərmayə kimi) alarsa və onun qiyməti artarsa, ancaq onu satmazsa və həmin il ərzində qiyməti düşərsə, artım məbləğinin xümsünün verilməsi ona vacib deyil.
Məsələ 2340.Əgər insanın ticarət üçün (sərmayə kimi) aldığı bir malın qiyməti xüms ilinin sonunda artarsa və onun satılaraq pulunun əldə edilməsi mümkündürsə, ancaq sözügedən şəxs qiymətinin daha da artacağına ümid edərək onu satmazsa və sonrakı il qiyməti aşağı düşərsə, vacib ehtiyata əsasən, öncəki ilin sonunda qiymətin artım məbləğinin xümsünü verməlidir. Lakin əgər eyni vəziyyət ticarət məqsədi ilə almadığı və illik yaşayış ehtiyaclarına sərf edilməyən bir malla bağlı yaranarsa, məsələn, növbəti il, yaxud sonrakı illərdə istifadə etmək üçün alıb saxladığı bir malın qiyməti xüms ilinin sonunda artarsa, lakin onun xümsünü verməzsə və növbəti il sözügedən malın qiyməti aşağı düşərsə, qiymətin əvvəlki xüms ilinin sonunda artan məbləğinin xümsü vacib deyil və xümsün cari qiymətlə verilməsi kifayətdir.(28)
Bağ və bostan salmaq və onların xümsü ilə əlaqədar hökm
Məsələ 2341.İnsan bir bağ salaraq orada ağaclar əkərsə və məqsədi bağın özünü deyil, meyvələrini, məhsullarını satmaq olarsa, burada üç hal mövcud ola bilər:
a) Bağı xümsü verilmiş malla, yaxud xümsü verilmiş mal hökmündə olan malla salmışdır. Bu halda bağa xüms şamil olunmur.
b) Bağı xüms şamil olunan və xümsü verilməyən (bir il qalan) bir malla salmışdır. Bu halda yerin (bağın salındığı torpaq sahəsinin) alış qiyməti(29), həmçinin, becərdiyi şeyin qiyməti və digər qiymətlər “kulliyyun fiz-zimmə”(30) şəklində olarsa, alış qiymətinin xümsünün verilməsi kafidir.(31)
c) Bağı il ərzində əldə etdiyi gəlirlə salmışdır. Bu halda xüms ilinin sonunda yerin və orada əkdiyi, yaxud becərdiyi şeyin xümsünü (xərcləri çıxdıqdan sonra) cari qiymətlə verməlidir.
Üç halın hər birində xüms ilinin sonunda ağaclardan və digər bitkilərdən ayrılan məhsulun, məsələn, meyvənin və ya ayrılmağa hazır olan məhsulun, məsələn, qopmaq üzrə olan (qoparılmağa hazır olan) quru budaqların, həmçinin, onların artımının xümsünü verməlidir. Habelə, bağa yeni gətirilən hər şeyin, məsələn, ikinci il əkilən ağacın (hərçənd onun tingi, şitili, yaxud toxumu xümsü verilmiş ağacdan olsa belə) və maddi dəyəri olan yabanı bitkilərin xümsünü xərclər çıxıldıqdan sonra vermək lazımdır.
İnsan il ərzində əldə edilən gəlirlə alınmış bir bağın xümsünü verərsə və bundan sonra bağın qiyməti artarsa, onun qiymətinin artım məbləğinin xümsünü vermək vacib deyil. Yalnız bağı xümsü verilmiş qiymətindən (buraya torpağın və tinglərin alış qiyməti, bağbanın əmək haqqı və bağa çəkilən digər xərclər daxildir) baha qiymətə satdığı halda istisna olaraq xümsü verilmiş qiymətlə satış qiyməti arasındakı fərqə bərabər olan məbləğin xümsü bağın satıldığı ilin gəlirindən sayılır və əgər xüms ilinin sonunadək yaşayış xərclərinə sərf edilməzsə, xümsü vacibdir.
Məsələ 2342. Əgər insan bir bağı qiyməti artdıqdan sonra satmaq üçün salarsa və məqsədi bağın özünü satmaq olarsa, bu halda belə bir bağ sərmayə hesab edilir və insan xüms ilinin sonunda bağdakı inkişafın və yığılan məhsulun xümsünü verməklə yanaşı, bağın qiymətinin artım məbləğinin xümsünü də hətta onu satmasa belə verməlidir.
Qızıl və valyutanın hesablama meyarı təyin edilməsi
Məsələ 2343.Qızıl, yaxud valyutanı qazanc sərmayəsi edən şəxs, məsələn, qızıl, yaxud valyuta satışı ilə məşğul olan şəxs xümsün miqdarına təsir edən qazanc və zərərini hesablamaq üçün aşağıdakı iki üsulun hər birindən istifadə edə bilər:
a) Qızıl, yaxud valyuta sərmayəsi ilə biznesdə əldə edilən qazanc və dəyən zərəri tədavüldə olan pulla hesablaya, qızıl və valyutanın dəyərindəki artım və azalmanı tədavüldə olan pulla qiymətləndirə bilər.
Buna əsasən, əgər qızıl, yaxud valyutanın xümsünü verərsə və sonrakı il onların çəkisi, yaxud məbləği artmazsa, lakin dəyəri artarsa, dəyər artımına bərabər olan məbləğ gəlir hesab edilir və ona xüms şamil olunur. Həmçinin, əgər qızıl və valyutanın dəyəri azalarsa, bu azalma ziyan hesab edilməlidir.
b) Qızıl sərmayəsinin qazanc və zərərini qızılın özü (onun çəkisi və bəzi hallarda, məsələn, sikkə şəklində olduqda isə sayı) ilə,valyutanı da valyutanın özü (əskinasların sayı) ilə hesablaya, yəni gəlir və zərərin həcmini tədavüldə olan pul əsasında hesablamaya, əksinə adətən müamilələrdə mühasibat uçotunun aparıldığı vaxtlarda (gündəlik, aylıq, yaxud illik) apardığı hesablamalarında qızılın, yaxud valyutanın miqdarını əsas götürə bilər. Buna əsasən, əgər qızıl, yaxud valyutanın xümsünü verərsə və sonrakı il qızıl və valyuta çəki və say baxımından artmazsa, ancaq tədavüldə olan pulla hesablandıqda onların qiymətində artım müşahidə edilərsə, sözügedən şəxsə xüms vacib deyil və bu halda əgər qızıl, yaxud valyutanın dəyəri azalarsa, onu zərər hesab edə bilməz.
Misal: Bir şəxs xüms şamil olunmayan, məsələn, miras yolu ilə əldə etdiyi, yaxud xüms şamil olunan və xümsü verilmiş on milyon tümən nağd pulu və beş milyon tümən dəyərində beş qızıl sikkəni biznesinin sərmayəsinə çevirmişdir. Əgər o, “b” mühasibat üsulundan istifadə etmək istəyərsə, qızıl sikkələri onların sayı, yaxud çəkisi əsasında hesablamaq niyyətindədir. Beləliklə, əgər onun sərmayəsi növbəti ilin sonunadək iyirmi milyon tümən və 5 sikkə qızıl olarsa, nağd pul kapitalının artan on milyon tüməninə görə iki milyon tümən xüms verməlidir və bu halda sikkələrin qiymətinin artmasının, azalmasının, yaxud dəyişməməsinin heç bir fərqi yoxdur.
Bir neçə önəmli məqam:
- Sikkənin mühasibatının say əsasında aparılması onun ürfən (həmin cəmiyyətdə) “misli”(32) və bir-birinə bənzəyən əşyalardan sayıldığı təqdirdə caizdir.
- Qızıl və valyuta satışı ilə məşğul olan şəxsin nağd puluna da onun biznes sərmayəsi olduğu və il ərzində sərmayəyə çevrildiyi təqdirdə qızıl və valyuta ilə bağlı hökm şamil olunur və onun (nağd pulun) mənfəət və zərərini qızıl və valyuta meyarı ilə hesablaya bilər. Lakin onun iş sərmayəsi olmayan və məsələn, saxlanc kimi yığılan nağd pulun mühasibatını qızıl, yaxud valyutaya əsasən apara bilməz.
- Əgər insan indiyədək qızıl, yaxud valyutanın çəkisi və ya sayını əsas götürə biləcəyinin fərqində olmamışdırsa, öncə sərmayənin xümsünü qiymət əsasında ödəməlidir və bundan sonra sonrakı illərdə çəki və sayı əsas götürə bilər.
- “B” bəndindəki mühasibat üsulu qızıl və valyutaya məxsus olub digər mallara şamil olmur. Buna əsasən, düyü, parça və s. ticarəti ilə məşğul olan şəxslər düyünün çəkisini, parçanın ölçüsünü və s. əsas götürə bilməzlər, ancaq sonrakı məsələdə verilən izaha əsasən mühasibatı qızıl, yaxud valyuta əsasında apara bilərlər.
Məsələ 2344.Sərmayəsi olan və sərmayəsini qızıl, yaxud xarici valyutalardan hər hansı biri, məsələn, İraq dinarı və ya BƏƏ dirhəmi ilə hesablamaq imkanı olan şəxslər öncə sərmayəsini bütövlüklə qızıla, yaxud həmin valyutaya çevirə,(33) sonra əmək və ya biznes fəaliyyətindən əldə etdikləri gəliri və dəyən zərəri qızıl, yaxud həmin valyuta əsasında hesablaya, ticarətdə normal hallarda mühasibatın aparıldığı vaxtlarda (gündəlik, aylıq, yaxud illik) hesabatlarını qızıl, yaxud həmin valyutaya nəzərən apara və ölkədə tədavüldə olan rəsmi valyutanı (İran riyalını) öz gəlir və zərərlərinin həcminin hesablanmasında əsas götürməyə bilərlər.
Qeyd etmək lazımdır ki, bir şəxsin xüms ili başa çatmışdırsa və indiyədək sərmayəni qızıl, yaxud xarici valyutalardan biri əsasında hesablaya biləcəyinə diqqət yetirməmişdirsə, öncə sərmayəsinin xümsünü tədavüldə olan rəsmi valyuta ilə verməlidir və bundan sonra xümsü verilmiş sərmayəni qızıla, yaxud müəyyən bir xarici valyutaya çevirdikdə sonrakı illərdə qızıl, yaxud xarici valyutanı meyar götürərək gəlir və zərərini onun əsasında hesablaya bilər.(34)
Bu hökm insanın sərmayəsinin bir hissəsini təşkil edən nağd pula, tədavüldə olan rəsmi valyuta kapitalına da şamildir.
Məsələ 2345.İstər topdan, istərsə pərakəndə satışla məşğul olan ticarətçilərin ilin sonunda yalnız öz ticarət mallarının qiymətini hesablaması və onun xümsünü verməsi kifayətdir. Burada eynilə malın hərraca çıxarılmasında olduğu kimi ticarət mallarının bazara çıxarılarkən əlavə xərclər çəkilmədən, yaxud nəzərə alınmadan və daha yüksək qiymətə satılması gözlənilmədiyi halda satıla biləcəyi qiymət nəzərdə tutulur. Lakin qiymətləndirmə ürfən zərər hesab ediləcək şəkildə aparılmamalı, əksinə qiymət malın bu şəkildə bazara çıxarılmasına uyğun olmalı və xümsü onun əsasında verməlidir.(35)
Bəzi çoxillik müqavilələrdə xüms ilinin hesablanması
Məsələ 2346.Bir şəxs namaz qılmaq, oruc tutmaq, yaxud başqa bir əməl üçün əcir tutularsa, işin icarə (burada: əcir tutma) müqaviləsinin bağlandığı il ərzində yerinə yetirilən hissəsi müqabilində nəzərdə tutulmuş ücrət həmin ilin gəlirindən hesab edilir və əgər yaşayış xərclərinə sərf edilməzsə, xümsü verilməlidir. İşin sonrakı illər ərzində görüləcək hissəsi müqabilində nəzərdə tutulmuş ücrət isə sonrakı illərin gəlirindən hesab edilir.
Məsələ 2347.İnsanın xümsü verilmiş mal olan, yaxud xümsü verilmiş mal hökmünün şamil olduğu bir bağı, bostanı vardırsa və bir neçə il ərzində ondan əldə edəcəyi meyvə və məhsulları kiməsə satmaqla bağlı müqavilə bağlayarsa, müqavilədə nəzərdə tutulan qiymət bütünlüklə məhsulun satıldığı ilin gəlirindən sayılır. Buna əsasən, bu gəlirin xüms ilinin sonunadək məunəyə (yaşayış və təsərrüfat xərclərinə) sərf edilməyən hissəsindən öncə bağın qiymətində baş verən eniş həcmində məbləğ çıxılmalı, sonra yerdə qalan məbləğin xümsü verilməlidir.
Xümsü hesablayarkən çıxılan (məbləği hesablanaraq gəlirdən çıxılantərc.) qiymət enişi bəzən bağın məhsul və mənfəətinin bir neçə il ərzində başqa bir şəxsin ixtiyarında olması ilə əlaqədardır,(36) bəzən də bu bir neçə il (məhsulun alıcının ixtiyarında olduğu illər) ərzində bağa dəyən zərərlərlə əlaqədar ola bilər.
Məsələ 2348.Əgər insan xümsü verilmiş mal olan, yaxud xümsü verilmiş mal hökmünün şamil olduğu mənzilini bir neçə illik icarəyə verərsə, icarə (kirayə) haqqı müqavilənin bağlanıldığı ilin gəlirindən hesab edilir. Buna əsasən, icarəyə haqqının xüms ilinin sonunadək məunəyə sərf edilməyən hissəsindən öncə evin qiymətindəki enişə bərabər məbləğ (öncəki məsələdə verilən izahla) çıxılmalı, sonra qalan məbləğin xümsü verilməlidir. Hətta əgər icarə haqqı hissə-hissə verilsə belə, sonrakı illərdə alınan icarə haqqı məbləğləri müqavilənin bağlandığı ilin gəlirindən hesab edilir və qiymət enişi və dəyən zərərin məbləği çıxıldıqdan sonra (əvvəlki illərdə bu məbləğ çıxılmadığı təqdirdə) dərhal xümsü verilməlidir.(37)
Əmlaka dəyən zərərin ödənilməsi
Məsələ 2349. Əgər işləyən şəxsin ticarət üçün sərf etdiyi bir sərmayəsi vardırsa və o, bəzi ticarət əməliyyatlarından mənfəət əldə edir, bəzilərindən isə zərərli çıxırsa, xümsü hesablayarkən zərərin həcminə bərabər məbləği həmin ilin gəliri hesabına (gəlirin zərərdən öncə, yoxsa sonra meydana gəlməsindən asılı olmayaraq) kompensasiya edə bilər. Sərmayənin özünün (ilkin məbləğinin) xümsü ilə əlaqədar hökm isə daha öncə qeyd edilmişdir.
Məsələ 2350. İşləyən şəxsin malları il ərzində tələf olarsa, yaxud onların qiyməti aşağı düşərsə, dəyən zərərin illik gəlirdən çıxılması ilə əlaqədar hökm belədir:
a) Xümsü verilmiş mal olan, yaxud xümsü verilmiş mal hökmünün şamil olduğu sərmayənin oğurluq, yanğın, zəlzələ və bu kimi hadisələr nəticəsində tələf olmasına öncəki məsələdə qeyd edilən ticarətdə zərərlə bağlı hökm şamil olunur və insan dəyən zərərin həcmini həmin ilin gəlirindən çıxa bilər.
Qeyd etmək lazımdır ki, insan xümsü verilmiş mal olan, yaxud xümsü verilmiş mal hökmünün şamil olduğu sərmayəsini özünün və ailəsinin yaşayış xərclərinə sərf etdiyi təqdirdə də buna ticarətdə zərərlə bağlı hökm şamil olunur. Məsələn, heyvan bəsləmək və satmaqla məşğul olan bir maldar xümsü verilmiş mal olan, yaxud xümsü verilmiş mal hökmünün şamil olduğu heyvanlarından bəzilərini özü üçün kəsib məsrəf edərsə, yaxud başqa bir şəxsə bağışlayarsa və ya sataraq pulunu yaşayış xərclərinə sərf edərsə, ilin sonunda bu qədər(38) gəlir xümsü verməkdən azad olur.
b) Xümsü verilmiş mal olan, yaxud xümsü verilmiş mal hökmünün şamil olduğu əmək alətlərinin, qazanc vasitələrinin tələf olması, yaxud qiymətinin düşməsi gəlir əldə etmə prosesində baş verdiyi təqdirdə buna ticarətdə zərərlə əlaqədar hökm şamil olunur və dəymiş zərərin həcmi həmin ilin gəlirindən çıxıla bilər.
c) Xümsü verilmiş mal olan, yaxud xümsü verilmiş mal hökmünün şamil olduğu, sərmayə və əmək aləti (qazanc vasitəsi) olmayan malların, məsələn, yaşayış evinin, yaxud şəxsi avtomobilin tələf olması və ya qiymətinin azalması səbəbi ilə dəyən zərər həmin ilin gəlirindən çıxıla bilməz.
Məsələ 2351.Bəzi insanlar elə fəaliyyət sahələrində çalışırlar ki, həmin iş öncə insanın malını işə sərf etməsini tələb edir, halbuki, gəliri sonrakı il, yaxud illərdə hasil olur. Məsələn, mədən qazıntısı və əkinçilik təsərrüfatı bu qəbildən olan işlərdəndir. Belə şəxslər xümsü verilmiş mal olan, yaxud xümsü verilmiş mal hökmünün şamil olduğu əmək alətlərinə il ərzində qazanc əldə etmək üçün gördükləri iş prosesində dəyən zərərin həcmini yeni ilin gəlirindən çıxa və yerdə qalan gəlirin xümsünü verə bilərlər. Məsələn, xümsü verilmiş pulunu torpağın əkinə hazırlanmasına sərf edən və növbəti il toxum əkərək məhsul götürən əkinçi öncəki il sərf etdiyi xümsü verilmiş pulunun məbləğini yeni ilin gəlirindən çıxa və yerdə qalan gəlirin xümsünü verə bilər.
Ancaq əgər bu şəxslər xümsü verilmiş mallarını (pullarını) özlərinin və ailələrinin yaşayış xərclərinə sərf etmişlərsə, onu sonrakı ilin gəlirindən çıxa bilməzlər.(39)
Məsələ 2352.Əgər işləyən şəxsin bir il gəliri olmazsa və xümsü verilmiş malının, yaxud xümsü olmayan (xümsü verilmiş mal hökmünün şamil olduğu) malının bir hissəsi tələf olarsa (bu qəbildən olan pulunun bir hissəsi xərclənərsə), yaxud apardığı ticarət əməliyyatlarında zərər edərsə, yaxud həmin malı (pulu) işi üçün sərf edərsə, yaxud əmək alətlərinə, qazanc vasitələrinə zərər dəyərsə, bu zərər sonrakı il, yaxud illərdə gəlir əldə etmək səbəbi ilə meydana gəlmədiyi təqdirdə 2351-ci məsələdə qeyd edildiyi kimi həmin ilin tələfatının, yaxud zərərinin yerini sonrakı il əldə etdiyi gəlirlə doldura bilməz. Beləliklə, bu halda insanın xümsü verilmiş malının(pulunun), yaxud xümsü verilmiş mal hökmünün şamil olduğu malının (pulunun) miqdarı azalmışdır və nəticədə, onun həmin ilki xümslük malı da azalır.
Məsələ 2353.Əgər insanın (istər işləyən, istərsə işləməyən şəxsin) il ərzində əldə etdiyi gəlirin bir hissəsi tələf olarsa, məsələn, oğurlanarsa, onun xümsünün verilməsi vacib deyil.
Xümsü verilmiş malın məunəyə sərf edilməsi
Məsələ 2354. Əgər işləyən şəxs xümsü verilmiş malının, yaxud xümsü verilmiş mal hökmünün şamil olduğu malının bir hissəsini ailəsinin yaşayış xərclərinə, yaxud təsərrüfat (biznesin təşkili, istehsal) xərclərinə və qazanc əldə etmək üçün sərf edərsə, xüms ilinin sonunda həmin ilin gəlirindən bir o qədər çıxa və gəlirin qalan hissəsinin xümsünü verə bilər. Bu halda gəlirin sözügedən malın (pulun) məunəyə sərf edilməsindən öncə, yaxud sonra hasil olmasının fərqi yoxdur.
Məsələn, yüz min tümən dəyərində qida məhsuluna, yaxud puluna xüms şamil olan və onun xümsünü verən, sonrakı il həmin xümsü verilmiş qida məhsullarını, yaxud pulu ailəsinin yaşayışına və ya təsərrüfat (biznesin təşkili, istehsal) xərclərinə sərf edən işləyən şəxsin bu ilin sonunda, məsələn, illik gəlirindən iki yüz min tümən artıq pulu qalarsa, onun yüz min tüməninin xümsünün verilməsi vacib deyil.(40)
Qeyd etmək lazımdır ki, bu hökm ev əşyaları, mebel kimi istehlak edilməyən mallara şamil olunmur. Məsələn, insan xümsü verilmiş xalçadan məişətdə növbəti il də istifadə edərsə, həmin ilin gəlirindən xalçanın qiymətinə bərabər olan məbləği çıxa bilməz.
Məsələ 2355.Müəyyən peşəsi və işi olan şəxslər xümsü verilmiş bir malı, yaxud xümsü olmayan (xümsü verilmiş mal hökmünün şamil olduğu) bir malı ticarət məunəsinə (qazanc əldə etmək üçün) sərf edərlərsə, onun yerini həmin ilin gəliri hesabına doldura bilərlər və bu halda gəlirin həmin malın (pulun) məunəyə sərf edilməsindən öncə, yaxud sonra hasil olması arasında heç bir fərq yoxdur.
Məsələ 2356. İşləməyən bir şəxs xümsü verilmiş malının, yaxud xümsü verilmiş mal hökmünün şamil olduğu malının bir hissəsini ailə məunəsinə (özünün və ailəsinin yaşayış xərclərinə) sərf edərsə, bu xərcin həcmini (məbləğini) yalnız onu sərf etdiyi zaman mövcud olan mənfəət və gəlirdən çıxa bilər, həmin malı sərf etdikdən sonra hasil olan mənfəət və gəlirdən çıxa bilməz.
Misal olaraq: İlin sonunda evində yüz min tümən dəyərində ərzaq malları artıq qalan və onun xümsünü verən, sonrakı il bu ərzaq mallarını özünün yaşayış tələbatına sərf edən, daha sonra yeni il ərzində əldə etdiyi gəlirlə ərzaq və qeyri-ərzaq istehlak malları satın alan, yaxud hamısı, yaxud yüz əlli min tümənlik bir hissəsi xüms ilinin sonunadək qalan nağd pul əldə edən işləməyən bir şəxs yüz min tümənin xümsünü verməkdən o halda azad olur ki, yeni ərzaq və qeyri-ərzaq istehlak malları, yaxud nağd pul xümsü verilmiş ötən ildən qalan ərzaq malları istehlak edilərkən mövcud olsun.(41) Ancaq əgər öncə ötən ildən qalan ərzaq mallarını istehlak edərsə, daha sonra onları istehlak etdikdən sonra əldə etdiyi gəlirlə ərzaq, yaxud qeyri-ərzaq istehlak malları alarsa və ya nağd pul gəliri əldə edərsə, cari ilin sonunda bütün istehlak edilməmiş ərzaq, yaxud qeyri-ərzaq istehlak mallarının və ya xərclənməmiş nağd pulun xümsünü verməlidir.
Məsələ 2357.Əgər insanın (işləyən, yaxud işləməyən şəxsin) bir il gəliri olmazsa və xümsü verilmiş malının, yaxud xümsü verilmiş mal hökmünün şamil olduğu malının bir hissəsini ailəsinin yaşayış xərclərinə (işləyən şəxsdirsə, ya ailəsinin yaşayış xərclərinə, ya da biznes, təsərrüfat, istehsal xərclərinə) sərf edərsə, həmin il çəkdiyi xərcləri sonrakı ilin gəlirindən çıxa bilməz.(42)
Məsələ 2358.Xüms ilinin sonunda müəyyən gəliri olan və digər tərəfdən də məunəsi üçün aldığı və ödəmədiyi borcu olan, ancaq 2362-ci məsələdə izah edilən “borcun çıxılma qaydası”nın şərtləri mövcud olmadığına görə ilin sonunda sahib olduğu gəlirin xümsünü verən şəxs sonrakı il, yaxud illərdə borcunu və ya onun bir hissəsini həmin xümsü verilmiş malla ödəyərsə, borcunu ödədiyi ilin sonunda həmin məbləğ həmin ilin gəlirindən çıxılır və o, gəlirin yerdə qalan hissəsinin xümsünü ödəməlidir.
Qeyd etmək lazımdır ki, bu hökm işləyən şəxslərə aiddir. İşləməyən şəxsə gəlincə, əgər borcu xümsü verilmiş malla qaytararkən mövcud olan bir gəliri olarsa (hətta alacaq şəklində olsa belə), məsələn, başqa üç milyon riyal gəliri də olduğu halda on milyon riyallıq borcunu xümsü verilmiş malla ödəyərsə, həmin gəlir (üç milyon riyal) xümsü verilmiş malın əvəzi sayılır və ona xüms şamil olunmur. Ancaq əgər borcu xümsü verilmiş malla qaytardıqdan sonra bir gəlir əldə edilərsə, bu gəlir xümsü verilmiş malın əvəzi sayılmır və sərf edilən xümsü verilmiş mal həmin gəlirlə kompensasiya edilmir.
Məsələ 2359.Birdən artıq ticarət sahəsində fəaliyyət göstərən, məsələn, öz sərmayəsi ilə müəyyən miqdarda qənd və müəyyən miqdarda düyü alan şəxs həmin sahələri mədaxil, məxaric, kassa hesabı, mənfəət və ziyan kimi ticarət məsələlərində bir-birindən ayırmadığı təqdirdə xümsü hesablayarkən onların mənfəət və ziyanını da birlikdə və vahid mühasibat uçotu əsasında hesablamalıdır. Lakin əgər iki fərqli sahədən qazanc əldə edirsə, məsələn, həm ticarətlə, həm də əkinçiliklə məşğuldursa, yaxud bir sahədə işləyirsə, ancaq gördüyü işlərin mədaxil və məxaric hesabı bir-birindən ayrıdırsa, bu halda vacib ehtiyata əsasən, bir sahənin zərərini, başqa sahənin mənfəəti ilə kompensasiya edə bilməz.
Borclar – kəsr qaydası
Məsələ 2360. Borcun qaytarılması məunə hesab edilir. Yəni insanın il ərzində əldə etdiyi gəlirdən xüms ili başa çatmamış borcunu qaytarmağa sərf etdiyi malın (pulun) özünə sonra qeyd ediləcək hallar istisna olmaqla xüms şamil olmur.(43)
Məsələ 2361.İnsan xüms ili başa çatdıqdan sonra borcunu başa çatan il ərzində əldə etdiyi gəlirlə qaytarmaq istəyirsə, borcu onu qaytarmaq istədiyi ilin ticarət və qazanc əldə etmə məqsədli xərcləri, yaxud ailəvi məunəsi üçün götürmüş olduğu təqdirdə(44) sonrakı məsələdə veriləcək izahla onun (borc məbləğinin) xümsünü verməsinə gərək yoxdur. Digər hallarda isə öncə həmin (başa çatan) ilin xümsünü verməli, sonra xümsü verilmiş malla borcunu qaytarmalıdır.
Mədələ 2362.Əgər işləyən şəxs xüms ilinin sonunadək borcunu qaytarmazsa, ilin sonunda mövcud olan bütün gəlirlərinin, o cümlədən, nağd pul ehtiyatının, artıq malın, ərzaqın və s. xümsünü verməlidir və borcu olduğuna görə onların xümsünü verməkdən imtina edə bilməz. Yalnız aşağıdakı şərtlər mövcud olduğu təqdirdə əldə edildiyi tarixdən bir il keçmiş(xüms ilinin başa çatması nəzərdə tutulur)gəlirin borc məbləğinə bərabər hissəsinin xümsünü verməkdən azaddır:
a) Borc məunə (yaşayış xərcləri, yaxud ticarət, təsərrüfat, istehsalat xərcləri) üçün olmalıdır.
b) Əgər borcun sərf edildiyi məunə cari ilin məunəsidirsə, həmin gəlir də cari ilin gəliri olmalı, borcun sərf edildiyi məunə ötən illərin məunəsidirsə, o gəlir də həmin ilin gəliri olmalıdır.
c) Məunə (xərclər) insan işə başladıqdan sonra meydana çıxmalıdır.
Borcu olan işləməyən şəxs də əldə edildiyi vaxtdan bir il keçmiş və tələf olmamış, yaxud məunəyə sərf edilməmiş gəlirlərinin, o cümlədən, nağd pul ehtiyatının, artıq malın, ərzaqın və s. xümsünü verməlidir və borcu olduğuna görə onların xümsünü verməkdən imtina edə bilməz. Yalnız aşağıdakı şərtlər mövcud olduğu təqdirdə əldə edildiyi tarixdən bir il keçmiş gəlirin borc məbləğinə bərabər hissəsinin xümsünü verməkdən azaddır:
a) Borc məunə üçün olmalıdır.
b) Borc məunəyə sərf edilərkən sözügedən gəlir də mövcud olmalıdır.
c) Həmin gəlirin hasil edildiyi tarixdən borcun məunəyə sərf edildiyi tarixədək on iki ay, yaxud daha uzun bir müddət keçməməlidir.
Beləliklə, işləyən və işləməyən şəxslər xüsusunda qeyd edilən üç şərtlə sözügedən borc (məbləği) insanların illik gəlirindən çıxılır. Bu qayda “istisna qaydası”, yaxud “kəsr qaydası” adlanır.
Məsələ 2363.Kəsr qaydası ilə bağlı bir neçə məqama diqqət yetirmək lazımdır:
a) Kəsr qaydasının şamil olduğu borcların müddətli, yaxud müddətsiz olmasının, həmçinin, birdəfəlik ödənməli olan müddətli borc, yaxud hissə-hissə ödənilə bilən müddətli borc olmasının fərqi yoxdur.
b) Kəsr qaydasının şamil olunmasında insanın borcunu məhz kəsr şərtlərinə cavab verən gəlirin bir hissəsi ilə qaytarmaq niyyətinin olması, yaxud borcu həmin maldan deyil, başqa bir gəlirlə qaytarmaq istəməsi və ya ümumiyyətlə, hal-hazırda borcunu qaytarmaq istəməməsi arasında heç bir fərq yoxdur.
c) Kəsr qaydası öz-özünə şamil olur. Buna əsasən, insan buna diqqət yetirməzsə və borc məbləğini gəlirdən çıxmayaraq artıq xüms verərsə, həmin məbləğ şəriət hakiminin, yaxud onun nümayəndəsinin icazəsi ilə gələcək illərin xümsündən hesablanması istisna olmaqla, xüms hesab edilmir.
Məsələ 2364.İnsanın borcu olduğuna görə kəsr qaydasına müvafiq olaraq gəlirinin bir hissəsi, yaxud hamısı xümsdən azad olarsa, borcun sonrakı il, yaxud illərdə qaytarılması ilə bağlı hökm belədir:
a) Əgər borcu borclu olduğuna görə xümsdən azad olmuş pulla qaytararsa, onun xümsü ilə bağlı bir mükəlləfiyyəti yoxdur.
b) Əgər borcu işləyən şəxs yeni ilin gəliri ilə, işləməyən şəxs isə onu məunəyə sərf etdikdən sonra əldə etdiyi gəlirlə qaytararsa, xümsdən azad olmuş məbləğdə pul, yaxud onunla əldə edilən şey mövcud olduğu (yəni insanın həmin məbləğdə pulu olduğu, yaxud həmin məbləğə bir mal aldığı və həmin mal mövcud olduğu(45)) təqdirdə xümsdən azad olmuş bu məbləğ, yaxud onunla əldə edilən şey yeni ilin gəliri sayılır və əgər ilin sonunadək(46) qalaraq məunəyə sərf edilməzsə,(47) xümsü verilməlidir. Xümsdən azad edilmiş məbləğ itirildiyi, yaxud məunəyə sərf edildiyi təqdirdə isə onun xümsü ilə əlaqədar bir mükəlləfiyyət yoxdur.
c) Əgər borcu xümsü verilmiş malla, yaxud xümsü verilmiş mal hökmünün şamil olduğu bir malla qaytararsa, xümsdən azad olmuş məbləğə, yaxud onunla əldə edilən şeyə xümsü verilmiş mal hökmü şamil olunur, yəni mövcud olduğu (qaldığı) təqdirdə xümsü verilmiş mal kimidir, itirildiyi, yaxud məunəyə sərf edildiyi təqdirdə isə itirilən, yaxud məunəyə sərf edilən xümsü verilmiş mal (belə malla əlaqədar hökmlər əvvəlki məsələlərdə qeyd edilmişdir) kimidir.
d) Əgər borcu yeni aldığı başqa bir borcla ödəyərsə, hələ borcu qaytarmamış kimidir.
Məsələ 2365.Öncəki məsələlərdən aydın olur ki, əgər insan şanı səviyyəsində olan yaşayış evini nisyə alarsa və həmin evdə il başa çatmamış məskunlaşarsa, belə bir ev məunə hesab edildiyinə və ona xüms şamil olmadığına(48) görə onun borcunun həmin ilin, yaxud sonrakı ilin gəliri ilə verilməsi də məunədən sayılacaq və xüms şamil olunmayacaqdır. Həmçinin, sonrakı il evin borcunun bir hissəsini qaytardığı təqdirdə bu, məunədən hesab ediləcək və xüms şamil olunmayacaqdır. Nisyə, yaxud borc pulla alınmış digər məunə (zəruri yaşayış tələbatı üçün olan) əşyalar ilə əlaqədar hökm də eynilə yaşayış evi ilə əlaqədar hökm kimidir.
Alacaqlar
Məsələ 2366.Xüms ilinin sonunda insanlardan gəlir hesab edilən alacağı, yaxud alacaqları olan şəxs əgər borcludan borcunu qaytarmasını istəməklə onu ala bilməsi mümkündürsə, hərçənd güzəştə getmək, yaxud başqa bir səbəblə qaytarmasını tələb etməsə belə, onun (alacağın) xümsünü verməlidir. Ancaq əgər hal-hazırda (xüms ilinin sonunda) borcun geri alınması hətta tələb etməklə də mümkün deyilsə, bununla bağlı hökm bir misalla belə izah edilə bilər:
Bir şəxsin xüms ilinin sonunda satdığı mal müqabilində bütövlüklə gəlir hesab edilən və onun xüms ilinin başa çatmasından altı ay sonra ödənməli olan çek şəklində bir milyon riyallıq alacağı vardır. Onun xüms ilinin sonunda iki seçimi vardır:
a) Səbir edə, növbəti il əldə etdiyi alacağı ötən ilin gəlirindən hesab edə və onu aldıqda sonrakı ilin başa çatmasını gözləmədən bir milyon riyalın xümsünü bütövlüklə (200,000 riyal) verə bilər.
b) Xüms ilinin sonunda həmin müddətli (müəyyən müddətdə qaytarılmalı olan) alacağın nağd pulla dəyərini hesablayaraq onun xümsünü verə bilər. Məsələn, alacağın nağd pulla dəyəri təqribən 850,000 riyal olduğu təqdirdə onun 170,000 riyal məbləğində olan xümsünü verməli və növbəti il alacağını əldə etdikdə alacağın nağd dəyərindən artıq olan məbləğ (150,000 riyal) yeni ilin gəlirindən sayılır. Bu gəlirə hal-hazırda xüms şamil olunmur, ancaq əgər yeni ilin sonunadək qalarsa və məunəyə sərf edilməzsə, onun da xümsü verilməlidir.
Qeyd etmək lazımdır ki, “b” üsulu yalnız sözügedən şəxsin xümsü təxirə salmadan və nağd pulla verdiyi hala aiddir, bir müddət sonra vermək istədiyi təqdirdə isə “a” üsulundan istifadə etməlidir.
Həmçinin, bu üsulda (“b” üsulunda) insan bütün alacaq məbləğinin deyil, hazırkı (xüms ilinin sonuna olan) dəyərinin xümsünü verməlidir. Buna əsasən, əgər insan bütün alacaq məbləğinin xümsünü verərsə, xüms ünvanı ilə alacağın hazırkı dəyərindən artıq ödədiyi məbləğ xüms hesab edilmir. Yalnız onu növbəti ilin xümsündən hesab etməsi üçün şəriət hakiminə, yaxud onun nümayəndəsinə müraciət etməsi istisnadır.
Qeyd etmək lazımdır ki, bütün alacaqlar, o cümlədən “qərz əl-həsənə”,(49) nisyə və sələf(50) alqı-satqı əməliyyatlarından əldə edilən mənfəət, əmək haqqı və bu qəbildən olan alacaqlarla bağlı hökm eynidir.
Məsələ 2367.İnsanın alacağı gəlir hesab edilmirsə, məsələn, xümsü verilmiş malını başqa bir şəxsə borc verərsə, həmin alacağa əldə edildikdən sonra da xüms şamil olmur. Əgər onun başqa bir şəxsdən alacağı həm gəlir, həm də xümsü verilmiş mal qismindən olarsa, onların hər biri üçün özünəməxsus hökm şamil olur.
Məsələ 2368.İnsanın mənzil, mağaza və bu qəbildən olan əmlakın girov qoyulması üçün ev, yaxud mağaza sahibinə qərz əl-həsənə ünvanı ilə verdiyi pul il ərzində əldə edilmiş gəlirdən olduğu və üzərindən il keçdiyi təqdirdə xümsdən azad deyil və hökmü 2366-cı məsələdə izah edilən digər alacaqlar kimidir.
Əldəyişmə və rüb (dörddə bir) qaydası
Məsələ 2369. Bəzi hallarda xümsü hesablayarkən insan malın beşdə birini verdikdə həmin mal tamamilə xümsü verilmiş mal olmur, malın yalnız beşdə dördü xümsü verilmiş mal olur. Belə hallarda bəzən növbəti il malın yerdə qalan beşdə birinin də xümsünü vermək lazım gəlir. Bu hökmün daha ətraflı izahı belədir:
İnsanın xüms ünvanı ilə verdiyi mal bir neçə cür ola bilər:
a) İnsan xümsü onun şamil olduğu malın özündən vermək niyyətindədir. Məsələn, müəyyən məbləğdə pulu var və xümsünü həmin puldan vermək istəyir, yaxud düyüsü var və onun xümsünü həmin düyüdən ayıraraq vermək istəyir. Bu halda malın tamamilə xümsü verilmiş mal olması üçün onun beşdə birini vermək kafidir.
b) İnsan malın xümsünü həmin maldan başqa bir şeylə, ancaq həmin il əldə etdiyi və ili tamam olan(51) gəlirlə vermək istəyir. Məsələn, kitablarının xümsünü həmin il əldə etdiyi və ili tamam olan gəlirlə vermək niyyətindədir. Bu halda kitabların və ili tamam olmuş bütün gəlirlərin dəyərinin beşdə birinə bərabər məbləğin verilməsi malın tamamilə xümsü verilmiş mal olması üçün kafidir.(52)
c) İnsan malının xümsünü xümsü verilmiş başqa bir malla, yaxud xümsü verilmiş mal hökmünün şamil olduğu başqa bir malla vermək niyyətindədir. Bu halda da beşdə birinin verilməsi malı tamamilə xümsü verilmiş mala çevirir.(53)
d) İnsan malının xümsünü növbəti ilin gəliri ilə vermək istəyir.
Bu halda əgər həmin mal, yaxud onun mübadilə edildiyi şey(54) yeni ilin sonunadək itirilməzsə və məunədə də istehlak, yaxud istifadə edilməzsə, insan malını tamamilə xümsü verilmiş mala çevirmək istədiyi təqdirdə dörddə birini verməlidir.(55) Ancaq mal yeni il ərzində itirildiyi, yaxud məunədə istehlak edildiyi halda beşdə birinin verilməsi kifayətdir.
Məsələn, fərz edək ki, 1393-cü xüms ilinin sonunda kitablarına xüms şamil olan bir şəxs 1394-cü ilin əvvəlində kitabların xümsünü 1394-cü ilin gəliri ilə vermək istəyir. Bu şəxs kitabların qiymətinin dörddə birinə bərabər məbləği verdiyi təqdirdə kitablar tamamilə xümsü verilmiş mal olur. Əgər beşdə birinə bərabər məbləği verərsə, kitablar 1394-cü ildə itirildiyi (məhv olduğu), yaxud istifadə edildiyi təqdirdə onların xümsü ilə bağlı başqa bir mükəlləfiyyəti yoxdur. Ancaq əgər kitablar 1394-cü ilin sonunadək də istifadə edilmədən qalarsa, 1394-cü ilin sonunda kitabların (qiymətinin) beşdə birinin xümsünü verməlidir.
Qeyd etmək lazımdır ki, malı bu qaydada tamamilə xümsü verilmiş mala çevirmək vacib deyil, ixtiyaridir. Buna əsasən, insan birinci ilin sonunda onun beşdə birini, ikinci ilin sonunda isə tələf olmadığı, yaxud məunəyə sərf edilmədiyi təqdirdə beşdə birinin xümsünü(56) verə bilər.
Məsələ 2370.İnsanın xümsü nağd şəkildə və dərhal verməyə imkanı yoxdursa, yaxud xüms vermək dözülməz dərəcədə çox ciddi çətinliyə düşməsinə səbəb olacaqsa, şəriət hakimi, yaxud onun nümayəndəsi xümsü (insanın əmlakında müştərək mal kimi mövcud olan xümslük malı) onun zimmətinə (öhdəsinə) keçməsi və öz əmlakından istifadə edə bilməsi üçün həmin məbləğlə müsalihə(57) edə, yaxud həmin məbləğdə əldəyişmə(58) edə bilər. Ancaq həmin şəxs imkanını nəzərə alaraq borcunu səhlənkarlığa yol vermədən və təxirə salmadan qaytarmalıdır. Həmçinin, əgər xümsü hissə-hissə vermək imkanı vardırsa, müsalihə, yaxud əldəyişmədən sonra onu hissə-hissə təxirə salmadan qaytarmalıdır.
Qeyd etmək lazımdır ki, insan əmlakının xümsünü dərhal və həddən ziyadə çətinliyə, məşəqqətə düçar olmadan verə bildiyi təqdirdə xümsün verilməsini təxirə salmaq caiz deyildir.
Məsələ 2371.Əgər şəriət hakimi, yaxud onun nümayəndəsi xümsü həmin məbləğdə pul ilə sözügedən şəxsin zimmətinə müsalihə edərsə, yaxud onu əldəyişmə edərsə, o, həmin xümsü sonrakı ilin gəliri ilə verdiyi təqdirdə 2369-cu məsələnin “d” bəndi ona şamil olur. Buna əsasən:
a) Həmin malın, yəni əvvəlki ilin gəlirinin beşdə birinin özü, yaxud onun mübadilə edildiyi (onunla dəyişdirilmiş və ya satın alınmış) bir şey mövcud olduğu və məunəyə də sərf edilmədiyi halda yeni ilin gəlirindən sayılır və bu mal yeni ilin sonunadək qalarsa və məunəyə sərf edilməzsə, xümsü verilməlidir.
b) Ancaq əgər bu malın özü, yaxud mübadilə edildiyi (onunla dəyişdirilmiş və ya satın alınmış) şey tələf olmuşdursa, yaxud məunəyə sərf edilmişdirsə, sözügedən şəxsin yeni il ərzində əldə etdiyi gəlirdən xüms ünvanı ilə verdiyi şey məunəyə hesab edilir və ona xüms şamil olmur.
Qeyd etmək lazımdır ki, insan növbəti il əldəyişmə ilə əlaqədar borcu qaytara bilməzsə, sözügedən beşdə bir yeni ilin gəlirindən hesab edilmir və ona xüms şamil olmur.(59) Əldəyişmə ilə əlaqədar borcu hansı ilin gəliri ilə qaytararsa, sözügedən beşdə bir həmin ilin gəliri sayılır və malın özü (məsələn, xümsü əldəyişmə edilən mal) ilin sonunda tələf olmamışdırsa (itirilməmişdirsə), yaxud məunəyə sərf edilməmişdirsə, beşdə birinin xümsünü vermək lazımdır.(60)
Xümsü verilməmiş maldan istifadə etmək
Məsələ 2372.Əgər insan xümsü verilməmiş(61) pul olan “eyn”lə bir mal alarsa, yəni satıcıya: “Bu malı həmin pulla alıram”, - deyərsə, satıcı isnaəşəri şiə olduğu təqdirdə alqı-satqı doğrudur və satıcı həmin pulun hamısından istifadə edə bilər, ancaq alıcının bu pulla aldığı mala xüms şamil olur və o, malın xümsünü hazırkı qiymətlə verməlidir.(62)
Məsələ 2373.Əgər insan bir malı “zimmət”lə alarsa və alqı-satqıdan sonra ödənişi xümsü verilməmiş pulla edərsə, həyata keçirilmiş alqı-satqı istənilən halda doğrudur və satıcı isnaəşəri şiə olduğu təqdirdə həmin puldan verilməli olan xüms alıcının zimmətinə keçir. O, xümsün sahiblərinə borclu olur və onu ödəməlidir. Satıcı bütün puldan, alıcı isə bütün maldan istifadə edə bilər.(63)
Məsələ 2374.Xüms verməyən, yaxud bəzi mallaının xümsünü verməyən şəxs malını isnaəşəri şiənin mülkiyyətinə keçirdiyi, məsələn, şəriətə görə doğru sayılan üsullarla (satmaq, hədiyyə etmək, borcu qaytarmaq və s.) ona ötürdüyü təqdirdə həmin mal o şiənin mülkiyyətinə keçir, onun üçün halaldır və hətta bu mala xüms şamil olduğuna və əvvəlki sahibinin bu malın xümsünü vermədiyinə əmin olsa belə, onun xüms verməsinə gərək də yoxdur.
Buna əsasən, əgər isnaəşəri şiə xümsü verilməmiş (ili tamam olmuş) bir şeyi satın alarsa, alqı-satqı doğrudur və xüms satıcının öhdəsinə düşür. Bu halda xümsü vermək satıcının vəzifəsidir, alıcı isə həmin şeyə bütövlüklə sahib olur və bu baxımdan üzərində hər hansı bir mükəlləfiyyət yoxdur.(64)
Həmçinin, isnaəşəri şiə üçün xümsünü vermədikləri mallarla qonaqları qəbul etdiklərini bildiyi halda malının xümsünü verməyən şəxslərin evinə getmək və onların mallarından istifadə etmək (onların icazəsi və razılığı ilə) caizdir və qeyd edilən bütün hallarda bunun günahı malının xümsünü verməyən şəxsin üzərinə düşür.
Qeyd etmək lazımdır ki, xümsü verilməmiş və miras qalmış malla əlaqədar hökm təfsilatı ilə 2310 və 2311-ci məsələlərdə izah edilmişdir.
Məsələ 2375.Başqa bir şəxslə şərik olan isnaəşəri şiə əgər öz gəlirinin xümsünü verirsə, ancaq şəriki gəlirinin xümsünü vermirsə və həmin şərik sonrakı il xümsünü vermədiyi maldan şirkətin sərmayəsi üçün vəsait ayırırsa, gəlirinin xümsünü verən şəxs bu müştərək maldan istifadə edə bilər.
Şübhəli malların xümsü və bir müddət xüms verməyən şəxslər
Məsələ 2376.Əgər insanın malına xüms şamil olarsa və o, həmin malın xümsünü verməzsə,(65) yeni ildə malın qiyməti artarsa, insan onu həmin il ərzində satarsa və onun mənfəəti yeni xüms ilinin sonunadək qalarsa, xüms vermək istədiyi təqdirdə malın özünün vəmaldakı xüms payından hasil edilən bütün mənfəətin xümsünü verməlidir. Həmçinin, öz payına düşən mənfəətin də xümsünü verməlidir və vacib ehtiyata əsasən, yalnız yeni xüms ilinin sonunda mövcud olan malın xümsünü vermək kifayət etmir.
Məsələn, fərz edək ki, bir şəxs il ərzində əldə etdiyi gəlirlə ticarət məqsədi ilə bir mal alır. Malın xüms ilinin sonuna olan qiyməti yüz min riyaldır və o, malın xümsünü vermir. Növbəti il malın qiyməti artaraq yüz əlli min riyal olur, sözügedən şəxs onu satır və bu yüz əlli min ilin sonunadək qalır. İndi o, xüms vermək üçün:
a) Malın özünün xümsü ünvanı ilə iyirmi min riyal verməlidir.
b) Xüms payından əldə edilən bütün mənfəəti də (on min riyal) verməlidir.
c) Öz payına düşən mənfəətin (qırx min riyal) səkkiz min riyal məbləğindəki xümsünü də verməlidir. Nəticədə, insanın verəcəyi malın ümumi məbləği otuz səkkiz min riyal olur və vacib ehtiyata əsasən, yeni xüms ilinin sonunda mövcud olan malın xümsü ünvanı ilə otuz min riyal vermək kifayət etmir.
Həmçinin, əgər bir şəxs söyüd, çinar və bu qəbildən hər hansı bir ağacın tingini il ərzində əldə etdiyi gəlirlə satın alar və ticarət üçün xammal ehtiyatı kimi istifadə etmək məqsədi ilə əkərsə, həmin ağacın xümsünü birinci il vermədiyi və sonrakı il ağac böyüdüyü (inkişaf etdiyi) təqdirdə yeni ilin sonunda ağacın birinci ilə aid olan xümsünü, həmin xümsün artımını və yeni ildə öz payına düşən artımın xümsünü verməlidir və vacib ehtiyata əsasən, yeni xüms ilinin sonunda yalnız ağacın xümsünün verilməsi kifayət etmir. Həmçinin, əgər ağac əkən xüms ili tamam olan və xümsünü vermədiyi toxumu (tingi) əkərsə və toxum məhsula çevrilərsə, bu hökm şamil olur.
Məsələ 2377.Əgər xümsün şamil olduğu şey ev, mağaza, taksi avtomobili və bu kimi mənfəəti ürfdə (insanlar tərəfindən) icarəyə verilən şeylərdəndirsə,(66) həmin şeyin xümsünü verməyi təxirə saldığı təqdirdə hərçənd icarəyə verməsə belə, xümsün verilməsini təxirə saldığı müddət üçün həmin malın beşdə birinin icarə haqqını da verməlidir.
Məsələ 2378.Xüms ilinin başlanğıcı və sonu mükəlləf şəxs tərəfindən təyin edilmir.(67) 2298 və 2302-ci məsələlərdə izah edildiyi kimi işləyən şəxslər üçün işə başladıqları ilk gün xüms ilinin başlanğıcıdır, bu gündən on iki ay keçdikdən sonra onların ilk xüms ili başa çatır və ikinci il başlayır. Hər bir gəlir üçün ayrıca xüms ili təyin edə bilən işləməyən şəxslər üçün isə hər bir gəlirə sahib olduqları tarixdən on iki ay keçdikdən sonra həmin gəlirin xüms ili başa çatır.
Buna əsasən, əvvəllər il hesabı olmayan və xüms verməyən bir şəxs öncə verilən izahları nəzərə alaraq xüms ilini tapmalı, sonra ötən illərin hər birinin sonunda qalan, həmin il ərzində məunəyə sərf edilməyən gəlirlərin xümsünü verməlidir.
Məsələ 2379.Əgər bir şəxsin bir müddət il hesabı olmazsa, həmin müddət ərzində gəlirləri olarsa, bu gəlirlərin bir hissəsi ilə bəzi mallar satın alarsa, bir hissəsini isə cari yaşayış tələbatına, yaxud təsərrüfat (istehsal) xərclərinə sərf edərsə və hazırda mallarının xümsünü vermək niyyətindədirsə, onun mallarının xümsü ilə əlaqədar hökm belədir:
a) Əgər həmin malları il ərzində əldə etdiyi gəlirlə almışdırsa, yaşayış evi, geyim, şəxsi avtomobil, ev əşyaları (mebel) və s. kimi məunə (tələbat malları) olduğu və həmin il istifadə edildiyi təqdirdə sözügedən mallara xüms şamil olmur. Məunə olmadığı, məsələn, əmək alətləri, sərmayə, insanın cari yaşayış tələbatının tərkib hissəsi olmayan nəqliyyat vasitələri olduğu təqdirdə isə onun xümsünü cari qiymət əsasında verməlidir.
b) Əgər həmin malları xümsü verilmiş malla (pulla), yaxud miras kimi xümsü verilmiş mal hökmünün şamil olunduğu bir malla (pulla) əldə etmişdirsə, xüms şamil olmur. Yalnız sərmayə olduğu halda qiymətinin artan məbləğinə xüms şamil olur.
c) Əgər həmin malları üzərindən il keçmiş gəlirlə(68) satın almışdırsa, alqı-satqının qiyməti(69) “zimmətdə külli”(70) şəklində olduğu təqdirdə xümsün alış qiyməti əsasında verilməsi kifayətdir(71). Yalnız sərmayə istisna təşkil edir və onun xümsünün cari qiymətlə verilməsi vacibdir. Sözügedən malları “zimmətdə külli” ödəniş üsulu ilə almadığı, isnaəşəri şiə olan bir satıcıdan “şəxsi”qiymətlə aldığı təqdirdə isə xümsün cari qiymətlə verilməsi vacibdir.
d) Əgər bu mallar yuxarıdakı bəndlərin (“a”, “b” və “c” bəndlərinin) tərkibindən ibarət bir vəsaitlə alınmışdırsa, hər bəndə daxil olan hissəni ayırd etmək və hər bir bəndlə əlaqədar həmin bənddə izah edilmiş hökmə əməl etmək lazımdır.
e) Əgər bu malları hansı malla (pulla) aldığı məlum deyilsə, bu mallarla bağlı hökm sonrakı məsələlərdə qeyd ediləcəkdir.
Qeyd etmək lazımdır ki, əgər sözügedən mallar il ərzində əldə edilmiş gəlirdən yığılaraq saxlanılan və üzərindən xüms ili keçən nağd pul ehtiyatı, evlənmə xərcləri üçün və bu kimi məqsədlərlə yığılan pul olarsa, onların xümsü verilməlidir.
Məsələ 2380.Hal-hazırda (xüms hesablanarkən) mövcud olmayan,cari yaşayış tələbatı, yaxud qazanc əldə etmək üçün sərf və ya istehlak edilən şeylər, məsələn, istehlak edilən ərzaq, başqalarına verilən hədiyyələr, sədəqələr və nəfəqələr, qonaqların qəbulu, ziyarət, yaxud əylənmək (istirahət) məqsədli səfərlər üçün çəkilən xərclər, nəzir və kəffarə ünvanı ilə verilənlər, insanın özünün və ailəsinin yaşayış tələbatı ilə əlaqədar alınmış borcu qaytarmaq üçün verilən pullar, övladların evlənməsi, yaxud təhsili və ya müalicə üçün sərf edilən mal (pul), başqalarının əmlakına vurulan ziyanın kompensasiyası ünvanı ilə verilən mal (pul), oğurlanılan sərmayə, su, elektrik, qaz təchizatı, telefon xidməti və bu kimi xidmətlər üçün ödənilən pul – bütün bu xərclər ili tamam olmuş gəlirlə həyata keçirildiyi təqdirdə insan onun xümsünü verməyə məsuldur və onun miqdarı (məbləği) ilə bağlı şəkk etdiyi halda xümsün şamil olduğuna əmin olduğu miqdarda (məbləğdə) xüms verməsi kifayətdir. Yalnız mükəlləfin bu mövzuda müqəssir(72) olması istisna hal təşkil edir və bu halda, vacib ehtiyata əsasən, şəriət hakimi ilə ehtimala uyğun olaraq “müsalihə”(73) etməlidir.
Məsələ 2381.İnsan bir malı (sərmayə istisna olmaqla) bir müddət öncə almışdırsa və hazırda xümsü hesablayarkən onu üzərindən il keçmiş gəlirlə, yoxsa həmin il ərzində əldə etdiyi gəlirlə aldığını, yaxud “zimmətdə külli”, yoxsa “şəxsi” (məhz müəyyən edilmiş pulla) ödəniş üsulu ilə aldığını bilmirsə, belə ki, bu tərəddüd 2379-cu məsələ nəzərə alınmaqla həmin malın xümsünün ona vacib olub-olmaması, yaxud xümsün həmin malın alış qiyməti əsasında, yoxsa hazırkı qiyməti əsasında ödənilməli olması ilə bağlı hökmün aydın olmamasına səbəb olarsa, vacib ehtiyata əsasən, ehtimala uyğun olaraq şəriət hakimi ilə müsalihə etməlidir.
Misal 1: İnsan bir malı həmin ilin yaşayış tələbatı üçün istifadə etmək məqsədi ilə “zimmətdə külli” ödəniş üsulu ilə almışdır. O, 60% ehtimal edir ki, sözügedən malı üzərindən il keçmiş gəlirlə almışdır və 40% ehtimal edir ki, həmin il ərzində əldə etdiyi gəlirlə almışdır. Bu halda malın 60%-nin xümsünü verməli və bu şəkildə şəriət hakimi ilə müsalihə etməlidir.
Misal 2: Əgər il ərzində aldığı, yaşayış tələbatında da istifadə edilməyən sərmayə olmayan bir malı (məsələn, sonrakı il istifadə etmək istədiyi bir nəqliyyat vasitəsini) “zimmətdə külli” ödəniş üsulu ilə almışdırsa və onu həmin il ərzində əldə etdiyi gəlirlə aldığını 60%, üzərindən il keçmiş pulla aldığını isə 40% ehtimal edirsə, bu halda malın 40%-nin xümsünü onun alış qiyməti, 60%-nin xümsünü isə cari qiymət əsasında verməli və bu yolla şəriət hakimi ilə müsalihə etməlidir.
Bu məsələ ilə əlaqədar müxtəlif vəziyyətlərə dair daha artıq misallar daha müfəssəl kitablarda öz əksini tapmışdır.
Qeyd etmək lazımdır ki, əgər həmin mal sərmayə olarsa, daha öncə qeyd edildiyi kimi, istənilən halda onun xümsünü cari qiymətlə hesablamaq lazımdır.
Məsələ 2382.Bir şəxs hər hansı bir malı yaşayış tələbatında istifadə etmək məqsədi ilə il ərzində əldə etdiyi gəlirlə almışdır. Məsələn, evi üçün bir xalça almışdır. Ancaq bilmir ki, onu aldığı il həmin maldan istifadə edilmişdir(bu halda ona xüms şamil olmur), yoxsa maldan sonrakı xüms ilində istifadə edilmişdir (bu haldahəmin malın xümsü verilməlidir). Bu halda əgər malın özü, yaxud onun mübadilə edildiyi şey mövcud olarsa, vacib ehtiyata əsasən, şəriət hakimi ilə ehtimala uyğun olaraq müsalihə etməlidir. Məsələn, əgər həmin il istifadə edilmədiyini 30% ehtimal edirsə, onun indiki qiymətinin 30%-nin xümsünü verməli və bu qaydada şəriət hakimi ilə müsalihə etməlidir. Əgər malın özü, yaxud mübadilə edildiyi şey mövcud olmazsa, xüms verməyə, yaxud şəriət hakimi ilə müsalihə etməyə ehtiyac yoxdur. Yalnız mükəlləfin bu məsələdə müqəssir olması istisna hal təşkil edir ki, bu halda, vacib ehtiyata əsasən, şəriət hakimi ilə ehtimala müvafiq olaraq müsalihə etməlidir.
Məsələ 2383.Bir şəxs məunə qismindən olmayan bir əmlak, məsələn, bir torpaq sahəsi, yaxud mağaza satın almışdır. Bu əmlak xüms ilinin sonunadək məunə kimi istifadə edilməmiş və sərmayə də olmamışdır. O, indi bilmir ki, bu əmlakı xüms şamil olmayan bir malla, məsələn, özünə miras qalan malla (pulla) almışdır (bu halda həmin əmlaka xüms şamil olmur), yoxsa həmin il əldə etdiyi gəlirlə almışdır (bu halda həmin əmlakın xümsünü vermək lazımdır). Buna əsasən, bu halda əgər malın özü, yaxud mübadilə edildiyi şey mövcuddursa, vacib ehtiyata əsasən, şəriət hakimi ilə ehtimala müvafiq olaraq müsalihə etməlidir. Məsələn, əgər malın qiyməti yüz min tüməndirsə və onu xüms şamil olmayan malla (pulla) satın aldığını 70%, həmin il ərzində əldə etdiyi gəlirlə aldığını isə 30% ehtimal edirsə, vacib ehtiyata əsasən, otuz min tümənin xümsünü (altı min tümən) verməli və bu yolla şəriət hakimi ilə müsalihə etməlidir. Əgər malın özü, yaxud mübadilə edildiyi şey mövcud olmazsa, xüms verməyə, yaxud şəriət hakimi ilə müsalihə etməyə ehtiyac yoxdur. Yalnız mükəlləfin bu məsələdə müqəssir olması istisna hal təşkil edir ki, bu halda, vacib ehtiyata əsasən, şəriət hakimi ilə ehtimala müvafiq olaraq müsalihə etməlidir.
Gəlirin xümsü ilə əlaqədar digər hökmlər
Məsələ 2384.Əgər mükəlləf bir şeyin xümsünü həmin şeyin özündən verərsə, həmin malın qalan hissəsi müxəmməs (xümsü verilmiş) hesab edilir. Həmçinin, əgər bir şeyin xümsünü başqa bir xümsü verilmiş maldan verərsə, həmin şey bütövlüklə xümsü verilmiş mal hesab edilir. Xümsü verildikdən sonra həmin malın qiyməti qalxarsa, onun qiymətinin artım məbləğinin xümsü ilə əlaqədar hökm 2336-cı məsələdə izah edilmişdir.
Məsələ 2385. İl ərzində əldə edilən gəlirlə satın alınan və ilin sonunda artıq qalan istehlak mallarının və eləcə də ilin sonunadək istifadə edilməyən əşya və ləvazimatın xümsü onların ilin sonuna olan qiyməti ilə verilməlidir. Hərçənd, müstəhəb ehtiyata əsasən, əgər qiyməti azalmışdırsa, alış qiymətinin xümsünü vermək lazımdır.
Məsələ 2386.Bir şəxs bir şeyi zimmətdə külli ödəniş üsulu ilə alarsa və ödənişi əldə edildiyi tarixdən bir il keçmiş və xümsü verilməmiş pulla edərsə, sonra onun qiyməti qalxarsa, həmin şey sərmayə olmadığı (məsələn, hər hansı bir torpaq sahəsini əkinçilik təsərrüfatı yaratmaq üçün aldığı) təqdirdə xümsü alış qiyməti ilə hesablaması kifayətdir. Ancaq əgər xümsü verilməmiş pulu isnaəşəri şiə olan bir satıcıya vermişdirsə və ona: “Bu əmlakı məhz bu pulla alıram”, - demişdirsə, həmin əmlakın hazırkı dəyərinin xümsünü verməlidir. Buna əsasən, aşağıdakı şərtlər daxilində xümsün alış qiyməti əsasında verilməsi kifayətdir:
a) Mal üzərindən il keçmiş pulla alınmalıdır.
b) Ödəniş zimmətdə külli üsulu ilə edilməlidir.
c) Alınan mal sərmayə olmamalıdır.
Bu şərtlərdən biri mövcud olmadığı təqdirdə xüms cari qiymətlə hesablanmalıdır.
Məsələ 2387.Əgər həddi-büluğa çatmayan uşaq, yaxud dəli hər hansı bir gəlir və mənfəət əldə edərsə (hətta hədiyyələrdən olsa belə), il ərzində tələf olmadığı və məunəyə də sərf edilmədiyi təqdirdə ona xüms şamil olur və uşağın, yaxud dəlinin vəlisinin (şəri qəyyumunun) onun xümsünü uşağın, yaxud dəlinin öz malından verməsi vacibdir. Vəli xümsü vermədiyi təqdirdə isə həddi-büluğa çatmamış uşağa həddi-büluğa çatdıqdan və dəliyə əqli sağlamlığına qovuşduqdan sonra vacibdir ki, özü həmin gəlirin (mənfəətin) xümsünü versin. Lakin əgər müməyyiz olan (yaxşı ilə pisi ayırd edə bilən) həddi-büluğa çatmamış uşaq həddi-büluğa çatmayan uşağın malına xüms şamil olmadığını düşünən bir müctəhidə təqlid edirsə, vəlisinin onun gəlirinin xümsünü onun öz malından verməyə haqqı yoxdur.
Məsələ 2388. Bir şəxsin malı xüms ilinin sonunadək qalarsa və ona xüms şamil olarsa, həmin malın xümsünü verməyincə, hərçənd xümsü vermək niyyəti olsa belə, yaxud ondan xüms miqdarında olan bir hissəni saxlasa belə, ya da ondan xüms miqdarında olan bir hissəni ayırıb bir kənara qoysa belə, onu idarə etmək(74) hüququ yoxdur. Ancaq mal real şəkildə idarə edilmədən öz payını (xüms payını olmaz) formal surətdə idarə etməyin, məsələn, öz payını (müştərək malın beşdə dördünü) sözdə satmağın, yaxud müsalihə etməyin, onu yalnız alqı-satqı “siğə”sini(75) ifadə etməklə satmağın maneəsi yoxdur. Lakin bu işlər üçün şəriət hakimindən icazə aldığı, yaxud xümsü əldəyişmə etdiyi təqdirdə həmin malı idarə edə bilər.
Məsələ 2389. Xüms borcu olan şəxs şəriət hakiminə müraciət etmədən onu zimmətinə götürə, yəni özünü xüms payının sahiblərinə borclu bilərək həmin malı idarə edə bilməz. İdarə etdiyi və həmin mal tələf olduğu təqdirdə günah etməklə yanaşı maddi məsuliyyət də daşıyır və onun xümsünü verməlidir.
2) Haram mala qarışmış halal mal
Məsələ 2390.Əgər halal mal haram mala insanın onları bir-birindən ayıra bilməyəcəyi şəkildə qarışarsa və haram malın nə sahibi, nə də miqdarı məlum olmazsa, insan haramın miqdarının xümsdən (həmin malın beşdə birindən) az, yaxud çox, yaxud da ona bərabər olduğunu bilməzsə, xümsünü verməklə həmin mal halal olur. Vacib ehtiyata əsasən, bu xümsü xüms və “rəddəl-məzalim”(76) almaq haqqına sahib olan şəxsə vermək lazımdır. Buna əsasən, onun yarısını seyid yoxsula, digər yarısını isə seyid olub-olmamasından asılı olmayaraq hər hansı bir bir yoxsula zəruri ehtiyaclarını təmin etmək üçün vermək lazımdır və hər iki halda, vacib ehtiyata əsasən, bu iş təqlid üçün müraciət olunan ələm müctəhidin icazəsi ilə görülməlidir.
Məsələ 2391.Əgər halal mal haram mala insanın onları bir-birindən ayıra bilməyəcəyi şəkildə qarışarsa və insan icmal surətdə haramın miqdarının xümsdən (sözügedən malın beşdə birindən) az olduğunu bilərsə, ancaq həmin haram malın sahibini tanıya bilməzsə:
a) Haram malın halal mala qarışması insanın öz laqeydliyi ucbatından baş vermədiyi, məsələn, həmin mal səhv nəticəsində onun malına qarışdığı təqdirdə haram olduğuna əmin olduğu miqdarı həqiqi sahibi tərəfindən sədəqə verməlidir.
b) Haram malın halala qarışması insanın öz laqeydliyi ucbatından baş verdiyi təqdirdə əmin olduğu miqdarla yanaşı, vacib ehtiyata əsasən, haram olduğunu ehtimal etdiyi bir qədər artıq miqdarı da sədəqə verməlidir. Ancaq bu halda haram malın məhz özünü yoxsula verməyin vacib olmasının mümkünlüyünə və bir tərəfdən də haram malın özü ayırd edilə bilmədiyinə görə, gerçək haram miqdarı sədəqə vermək niyyəti ilə həmin malı bütövlüklə yoxsula verməli, yoxsul da onu bu niyyətlə qəbul etməli, sonra yoxsul müsalihə ilə şübhəsiz halal olan və insanın öz malı olan miqdarı həmin maldan ayıraraq ona qaytarmalıdır və vacib ehtiyata əsasən, bu sədəqə şəriət hakiminin icazəsi ilə verilməlidir.
Məsələ 2392. Əgər halal mal haram mala insanın onları bir-birindən ayıra bilməyəcəyi şəkildə qarışarsa və insan icmal surətdə haramın miqdarının xümsdən (sözügedən malın beşdə birindən) artıq olduğunu bilərsə, əvvəlki məsələdə verilən hökm tətbiq edilir və xüms vermək kafi deyildir.
Məsələ 2393.Əgər halal mal haram mala qarışarsa və insan haram miqdarını bilərsə, istər bu miqdar xümsdən (sözügedən malın beşdə birindən) az olsun, istərsə çox, ancaq onun sahibini tanımırsa, həmin miqdarı sahibinin niyyətinə sədəqə verməli və vacib ehtiyata əsasən, bunun üçün şəriət hakimindən də icazə almalıdır.
Məsələ 2394.Əgər halal mal harama qarışarsa və insan haramın miqdarını bilməzsə, ancaq onun sahibini tanıyarsa, sahibinin razılığını sülh (müsalihə) ilə və ya bu qəbildən olan bir üsulla əldə etmək mümkün olduğu təqdirdə bu işi görməlidir. Əgər bir-birlərini razı sala bilməzlərsə, haram malın halala qarışması insanın(77) öz təqsiri ucbatından baş vermədiyi halda həmin şəxsin malı olduğuna əmin, yaxud arxayın olduğu miqdarı ona verməlidir və bu halda arxayın olduğu miqdardan artığını verməsinə gərək yoxdur. Əgər halal və haram malların bir-birinə qarışmasında özü müqəssir olarsa, əmin olduğu miqdarı verməklə yanaşı, vacib ehtiyata əsasən, qarşı tərəfin malı olduğunu ehtimal etdiyi artıq bir miqdarı da ona verməlidir. Qeyd etmək lazımdır ki, bu məsələ miqdarın təyin edilməsi, yaxud hər kəsin payının malın hansı hissəsindən verilməli olduğu xüsusunda onlar arasında mübahisə və fikir ayrılığının olmadığı hala aiddir. Əks təqdirdə isə aralarındakı mübahisəni həll etməsi üçün şəriət hakiminin yanına getməlidirlər.
Məsələ 2395. Əgər halal mal haram mala qarışarsa, insan haramın miqdarını bilərsə və sahibini də tanıyarsa, onu sahibinə qaytarması vacibdir və mal (halal və haram) hər iki tərəfin razılığı ilə təyin edilməlidir.
Məsələ 2396. Əgər insan harama qarışmış halal malın xümsünü verərsə və sonra haramın miqdarının xümsdən artıq olduğunu başa düşərsə, xümsdən artıq olduğunu bildiyi miqdarı onun sahibi tərəfindən sədəqə verməlidir.
Məsələ 2397.Əgər insan harama qarışmış halal malın xümsünü verərsə və sonra haramın miqdarının xümsdən az olduğunu başa düşərsə, vacib ehtiyata əsasən, haramın miqdarından artıq verdiyi miqdarı geri ala bilməz.
Məsələ 2398.Əgər insan harama qarışmış halal malın xümsünü verərsə, yaxud sahibini tanımadığı malı onun niyyətinə sədəqə verərsə, sahibi tapıldıqdan sonra razı olmadığı təqdirdə, lazım ehtiyata əsasən, malının miqdarında bir malı ona verməlidir.
Məsələ 2399. Əgər halal bir mal haramla qarışmışdırsa, haramın miqdarı məlumdursa və insan onun sahibinin bir neçə nəfərdən başqası olmadığını bilirsə, ancaq kim olduğunu dəqiq başa düşə bilmirsə, onlara məlumat verməlidir. Beləliklə, onlardan biri: “Mənim malımdır”, - deyərsə və digərləri: “Bizim malımız deyil”, - deyərsə, yaxud onun sözünü təsdiq edərlərsə, həmin şəxsə verməlidir. Əgər iki və ya daha artıq şəxs: “Bizim malımızdır”, - deyərsə, müsalihə və bu qəbildən olan bir üsulla onların mübahisəsi həll olunmadığı təqdirdə mübahisənin həlli üçün şəriət hakiminə müraciət etməlidirlər. Əgər hamısı məlumatsız olduqlarını bəyan edərlərsə və müsalihəyə hazır olmazlarsa, zahir (fətva) budur ki, həmin malın sahibi püşkatma ilə müəyyən edilməlidir və vacib ehtiyata əsasən, püşkatmanı şəriət hakimi, yaxud onun vəkili həyata keçirməlidir.
Məsələ 2400. Əgər haramın qarışdığı halal mala xüms şamil olarsa, vacib ehtiyata əsasən, əvvəlcə onun haram qarışmış halal mal kimi xümsünü əvvəlki məsələlərdə bəyan edilmiş qaydada vermək, sonra halal malın özünə xüms şamil olması səbəbi ilə malın qalan hissəsindən yenə xüms vermək lazımdır.
Misal olaraq: Əgər insanın ilin sonunda artıq qalmış və məunəyə sərf edilməmiş yetmiş beş min tümən məbləğində harama qarışan halal pulu vardırsa və gəlirin xümsü mövzusunda verilən izahlara əsasən bu cəhətdən də həmin pula xüms şamil olmuşdursa, öncə harama qarışmış halal malın xümsü ünvanı ilə on beş min tümən verməli, sonra yerdə qalan altmış min tüməndən gəlir xümsü ünvanı ilə on iki min tümən verməlidir. Nəticə etibarilə, ona sözügedən maldan qırx səkkiz min tümən qalır.
Məsələ 2401.Əgər bir şəxsin zimmətində haram mal olarsa, ancaq haram malın özü mövcud olmazsa, bu hal xüms məqamı (harama qarışmış halal malın xümsü) deyil və insan haram malın növünü(78) və miqdarını bildiyi, sahibini tanıdığı təqdirdə həmin malı ona qaytarmalıdır. Əgər sahibini tanımırsa, ancaq məhdud sayda şəxslər arasında tərəddüd edirsə, məsələn, həmin bir neçə müəyyən şəxsdən biri olduğunu bilirsə, vacib ehtiyata əsasən, onların hamısından razılıq istəməli və əgər onların hamısının razılığını almaq mümkün olmazsa, püşk atmaüzrə hərəkət etməlidir. Ancaq əgər haram malın sahibi qeyri-məhdud sayda insanlardan biri olarsa, həmin malı gerçək sahibi tərəfindən sədəqə verməlidir və vacib ehtiyata əsasən, bu sədəqə şəriət hakiminin icazəsi ilə verilməlidir. Bu məsələ ilə bağlı digər vəziyyətlər növbəti məsələlərdə izah ediləcəkdir.
Məsələ 2402.Əgər bir şəxsin zimmətində haram mal olarsa və o, haram malın növünü bilərsə, ancaq onun miqdarını bilməzsə və haram malın miqdarını bilməməkdə təqsiri olmazsa, başqasının malı olduğuna əmin olduğu minimum miqdarı verməsi kifayətdir. Əgər haram malın miqdarını bilməməkdə təqsirli olarsa, vacib ehtiyata əsasən, daha artıq miqdarı verməlidir.(79) İstənilən halda sahibini tanıdığı təqdirdə həmin malı ona qaytarmalıdır. Əgər sahibini tanımırsa, ancaq məhdud sayda şəxslər arasında tərəddüd edirsə, məsələn, həmin bir neçə müəyyən şəxsdən biri olduğunu bilirsə, vacib ehtiyata əsasən, onların hamısından razılıq istəməli və əgər onların hamısının razılığını almaq mümkün olmazsa, püşkatma üzrə hərəkət etməlidir. Ancaq əgər haram malın sahibi qeyri-məhdud sayda insanlar arasında naməlum olarsa, həmin malı gerçək sahibi tərəfindən sədəqə verməlidir və vacib ehtiyata əsasən, bu sədəqə şəriət hakiminin icazəsi ilə verilməlidir.
Məsələ 2403.Əgər insanın zimmətində haram mal vardırsa və o, haram malın növünü bilmirsə, ancaq haram malın “qiyəmi əşyalar”dan(80) olduğunu bilirsə, ona şamil olan hökm əvvəlki məsələdə bəyan edilən malın növünün bəlli olduğu hala şamil olan hökm kimidir. Ancaq əgər zimmətində olan haram malın “misli əşyalar”dan(81) olduğunu bilirsə, yaxud zimmətində olan şeyin misli, yoxsa qiyəmi və ya qarışıq (hər iki növdən) olduğunu bilmirsə, mümkün olduğu və dözülməz dərəcədə zərərli, yaxud çətin olmadığı təqdirdə hansı yolla olursa-olsun zimmətinin borcdan təmizləndiyinə dair yəqinlik hasil etməli, məsələn, malın sahibi ilə müsalihə etməlidir. Dözülməz dərəcədə zərərə, yaxud məşəqqətə səbəb olduğu təqdirdə isə ona qiyəmi əşyalarla əlaqədar hökm şamil olur.
Məsələ 2404.Əgər insanın halal malına qarışan haram mal xüms, zəkat, yaxud ümumi və ya xüsusi vəqf olarsa, bu halda harama qarışmış mal xüms verməklə halal olmur, əksinə ona sahibi məlum olan mal hökmü şamil olur və malı haramdan arındırmaq üçün xüms, zəkat, yaxud vəqf mütəvəllisinə (vəkilinə) müraciət etmək və əvvəlki məsələlərdə qeyd edilən üsullardan birinə müvafiq qaydada hərəkət edərək haram malı halaldan ayırmaq lazımdır.
3) Mədən
Məsələ 2405.Qızıl, gümüş, qurğuşun, mis, dəmir, neft, daş kömür, firuzə, əqiq, zəy, duz, kükürd, civə və digər mədənlər(82) “ənfal”dan sayılır, yəni İmamın (ə) malı və mülküdür. Ancaq əgər bir şəxs bunlardan hər hansı bir şeyi hasil edərsə, şərən hər hansı bir məhdudiyyət olmadığı halda onu öz mülkiyyətinə keçirə bilər və nisab həddinə çatdığı təqdirdə onun xümsünü verməlidir.
Məsələ 2406. Mədənin nisabı 15 misqal adi sikkəli qızıldır. Yəni əgər mədəndən hasil edilən şeyin qiyməti hasilat xərcləri çıxıldıqdan sonra 15 misqal adi sikkəli qızıl dəyərinə çatarsa, saflaşdırma üçün çəkilən xərclər kimi sonrakı xərcləri çıxdıqdan sonra onun xümsünü dərhal vermək lazımdır.
Məsələ 2407. İnsanın mədəndən hasil etdiyi şeyin qiyməti hasilat xərclərini çıxdıqdan sonra 15 misqal adi sikkəli qızıl dəyərinə çatmırsa, mədən xümsü ünvanı ilə onun xümsünü vermək vacib deyil. Ancaq həmin şey onun həmin ilki gəlirindən sayılır və ilin sonunadək qaldığı və məunəyə sərf edilmədiyi təqdirdə onun xümsünü vermək lazımdır.
Məsələ 2408. Gəc və əhəngə, lazım ehtiyata əsasən, mədən hökmü şamil olur. Beləliklə, əgər onların hasilatı nisab həddinə çatarsa, lazım ehtiyata əsasən, insan əlaqədar xərcləri çıxdıqdan sonra onların xümsünü dərhal, illik məunəni (özünün və ailəsinin yaşayış xərclərini) çıxmadan verməlidir.
Məsələ 2409. Mədəndən bir şey hasil edən şəxs, istər mədən yerin üst təbəqəsində olsun, istər dərinliyində, istər onun öz mülkiyyətində olan ərazidə yerləşsin, istər mülkiyyətçisi olmayan bir ərazidə, 2407-ci məsələyə müvafiq olaraq onun xümsünü dərhal verməlidir.
Məsələ 2410. Əgər insan mədəndən hasil etdiyi şeyin qiymətinin hasilat xərclərini çıxdıqdan sonra 15 misqal sikkəli qızıl dəyərinə çatıb-çatmadığını bilmirsə, lazım ehtiyata əsasən, mümkün olduğu təqdirdə tərəzidə çəkməklə, yaxud başqa bir yolla qiymətini müəyyənləşdirməlidir, mümkün olmadığı təqdirdə isə xüms ona vacib deyil.
Məsələ 2411. Əgər bir neçə nəfər birlikdə mədəndən bir şey hasil edərsə, hasilat xərclərini çıxdıqdan sonra hasilatın ümumi qiyməti 15 misqal sikkəli qızıl dəyərinə çatdığı, ancaq onların paylarının ayrı-ayrılıqda dəyəri bu həddə çatmadığı təqdirdə onlara öz paylarına düşən hissədən mədən xümsü ünvanı ilə xüms vermək vacib deyil. Ancaq hər bir şəxsin payı onun illik gəlirindən sayılır və ilin sonunadək qaldığı və məunəyə sərf edilmədiyi təqdirdə onun xümsünü vermək lazımdır.
Məsələ 2412. Əgər insan başqasının mülkiyyətində olan ərazidə yerləşən bir mədəndən yer sahibinin icazəsi olmadan bir şey hasil edərsə, məşhura(83) görə hasilat mülk sahibinin malıdır və xümsü də onun öhdəsinə düşür. Lakin bu nəzər işkaldan xali deyil(84) və vacib ehtiyata əsasən, onlar bir-biri ilə müsalihə etməli, müsalihəyə razı olmadıqları təqdirdə isə mübahisənin həlli üçün şəriət hakiminə müraciət etməlidirlər.
4) Xəzinə
Məsələ 2413.Xəzinə gizlədilmiş, insanlar üçün əlçatmaz edilmiş, yerin təkində, ağacda, dağda, yaxud divarda gizli saxlanılan və orada olması adi hal sayılmayan daşınar əmlak deməkdir və bu baxımdan sözügedən malın qızıl, gümüş, yaxud başqa bir şey olmasının fərqi yoxdur.
Məsələ 2414.Xəzinənin nisabı 105 misqal sikkəli gümüş, yaxud 15 misqal sikkəli qızıldır. Yəni əgər insanın xəzinədən əldə etdiyi şeyin qiyməti onun əldə edilməsi üçün çəkilən xərclər çıxıldıqdan sonra bu ikisindən birinin dəyərinə bərabər olarsa, xümsünün dərhal verilməsi vacibdir.
Məsələ 2415.Xəzinəni mənimsəməyin (öz mülkiyyətinə keçirməyin) caiz olması üçün onun şərən sahibsiz hesab edilən, yaxud sahibi əmlakı şərən möhtərəm (toxunulmaz) olmayan bir şəxs olan mallardan olması şərtdir.(85)
Məsələ 2416. Əgər xəzinəni tapan həmin xəzinənin özü, yaxud varisləri hal-hazırda sağ olan bir müsəlmanın, yaxud zimmi kafirin mülkiyyəti olduğunu bilirsə, bu halda xəzinəni ona, yaxud varislərinə çatdıra bildiyi təqdirdə bu işi görməlidir. Əgər həmin mülkiyyətçini (özünü, yaxud varislərini) tanıya bilməzsə, xəzinəyə sahibi məchul olan mallarla əlaqədar hökm şamil olunur ki, bu halda onun sahibini axtarmalı, onu tapacağına dair ümidini tamamilə itirdiyi təqdirdə xəzinəni yoxsullara sədəqə verməli və vacib ehtiyata əsasən, bu sədəqəni şəriət hakiminin, yaxud onun nümayəndəsinin icazəsi ilə verməlidir.
Məsələ 2417.Əgər xəzinəni tapan sözügedən xəzinənin dünyadan köçən bir müsəlmanın, yaxud zimmi kafirin mülkiyyəti olduğunu bilirsə və onun hər hansı bir varisini də tanımırsa, lazım ehtiyata əsasən, ona varisi olmayan şəxslə bağlı hökm şamil olunur. Belə şəxslərlə əlaqədar hökmlər irs mövzusunda bəyan ediləcəkdir. Əlbəttə, əgər xəzinəni tapan sözügedən xəzinənin çox qədim dövrlərdə yaşamış bir müsəlmanın, yaxud zimmi kafirin mülkiyyəti olduğunu bilirsə və bu uzun zaman fasiləsi onun varisinin olub-olmamasının bəlli olmamasına səbəb olmuşdursa, bu halda tapılanlara xəzinə ilə əlaqədar hökmlər şamil olunur və tapan şəxs onu özünə götürərək mənimsəyə bilər, ancaq digər şərtlərə də cavab verdiyi təqdirdə onun xümsünü dərhal verməlidir.
Məsələ 2418.Əgər insan kimsənin mülkü olmayan, yaxud məvat (ölü torpaq) olan və şəxsən ihya (abadlaşdırmaq) əsasında mənimsədiyi bir ərazidə xəzinə taparsa, əvvəlki məsələlərdə qeyd edilən hökmlər ona şamil olur.
Məsələ 2419. Əgər insan başqasından satın aldığı, yaxud icarə əsasında və bu kimi yollarla istifadə etmək hüququ əldə etdiyi bir ərazidə şərən müsəlmana, yaxud zimmi kafirə məxsus olmayan və ya müsəlmana, yaxud zimmi kafirə məxsus olsa belə, olduqca qədim dövrlərə aid olan, belə ki, bu uzun zaman fasiləsi ilə əlaqədar olaraq hər hansı bir varisinin olub-olmaması naməlum olan bir xəzinə taparsa, həmin xəzinəni özünə götürə bilər, digər şərtlərə də cavab verdiyi təqdirdə onun xümsünü dərhal verməlidir.
Əgər məntiqli əsaslarla həmin xəzinənin ərazinin əvvəlki sahibinin malı olduğunu ehtimal edirsə, həmin şəxs “zül-yəd” olduğu (yəni sözügedən ərazi və həmçinin, xəzinə, yaxud onun yerləşdiyi yer həmin ərazidə yerləşdiyinə görə onun ixtiyarında və istifadəsində olduğu) təqdirdə ona məlumat verməlidir. Beləliklə, əgər ərazinin əvvəlki sahibi həmin xəzinənin onun mülkiyyəti olduğunu iddia edərsə, xəzinəni ona təhvil verməli, iddia etmədiyi təqdirdə isə ondan öncə torpağın mülkiyyətçisi olmuş və zül-yəd hesab edilən şəxsə məlumat verməli və bu qayda ilə ondan əvvəl torpaq mülkiyyətçisi olan və zül-yəd hesab edilən bütün şəxslərə xəbər verməlidir. Əgər onlardan heç biri belə bir iddiada irəli sürməsə, belə ki, xəzinəni tapan şəxs üçün yaxın zamanlarda yaşayan bir müsəlman, yaxud zimmi kafirin onu öz mülkiyyətinə keçirib-keçirmədiyi məlum olmazsa, onu özünə götürə bilər, ancaq digər şərtlərə də cavab verdiyi təqdirdə onun xümsünü dərhal verməlidir.
Məsələ 2420. Əgər insan eyni vaxtda müxtəlif yerlərdə əldə etmək üçün çəkdiyi xərclər çıxıldıqda ümumi qiyməti 105 misqal gümüş, yaxud 15 misqal qızıl dəyərinə bərabər olan xəzinələr taparsa, onların xümsünü dərhal verməlidir. Lakin əgər müxtəlif vaxtlarda xəzinələr taparsa, bu tapıntılar arasındakı zaman fasiləsi çox olmadığı təqdirdə onların dəyərini üst-üstə gələrək hesablamalı, aralarındakı zaman fasiləsi uzun olduğu təqdirdə isə hər birini ayrı-ayrılıqda hesablamalıdır.
Məsələ 2421.Əgər iki və ya daha artıq şəxs əldə etmək üçün çəkilən xərclər çıxıldıqdan sonra qiyməti 105 misqal gümüş, yaxud 15 misqal qızıl dəyərinə çatan bir xəzinə taparsa, lakin onların hər birinin payı ayrı-ayrılıqda bu miqdarda (məbləğdə) deyilsə, bu şəxslərdən heç birinə öz payından xəzinə xümsü ünvanı ilə xüms vermək vacib deyil. Ancaq hər bir şəxsin payı onun illik gəlirindən hesab edilir və ilin sonunadək qaldığı və məunəyə sərf edilmədiyi təqdirdə onun xümsünü vermək lazımdır.
Məsələ 2422. Əgər bir şəxs bir heyvanı satın alarsa və onun qarnında bir şey taparsa, həmin şeyin satıcının, yaxud heyvanın əvvəlki sahibinin malı olduğunu və həmin şəxsin heyvan və onun qarnındakı şey üzərində zül-yəd olduğunu (yəni heyvanın onun ixtiyarında və istifadəsində olduğunu) məntiqli əsaslarla ehtimal etdiyi təqdirdə həmin şəxsə xəbər verməlidir. Beləliklə, əgər həmin şəxs həmin şeyin onun malı olduğunu iddia edərsə, həmin şeyi ona verməli, iddia etməzsə, ondan öncə həmin heyvanın sahibi olan və zül-yəd hesab edilən şəxsə məlumat verməli və bu qayda ilə ondan öncə heyvanın sahibi olan, zül-yəd hesab edilən və həmin (heyvanın qarnındakı) şeyin sahibi ola biləcəklərini ehtimal etdiyi bütün şəxslərə xəbər verməlidir. Ancaq əgər nəticədə həmin şeyin sahibini tanıya bilməzsə, belə ki, həmin şeyi tapan şəxs üçün son dövrlərdə yaşayan bir müsəlmanın, yaxud zimmi kafirin həmin şey üzərində mülkiyyət haqqının olub-olmaması məlum olmazsa, həmin şey xəzinə nisabı miqdarında olduğu təqdirdə onun xümsünü verməlidir. Hətta, vacib ehtiyata əsasən, xəzinə nisabından az olduğu təqdirdə də onun xümsünü verməlidir və yerdə qalanını özünə götürə, mənimsəyə bilər. Bu hökm xüsusi bir yerdə yetişdirildiyi və qidalanmasına bir şəxsin məsul olduğu halda balıq və bu qəbildən olan digər heyvanlara da aiddir. Ancaq əgər dənizdən, yaxud çaydan tutularsa, kiməsə məlumat verməyə ehtiyac yoxdur.
5) Dalğıclıq üsulu ilə əldə edilən cəvahirat
Məsələ 2423. Əgər insan dalğıclıqla, yəni dənizdə, yaxud böyük çaylarda suya dalmaqla mirvari (inci) və mərcan, yaxud suda əmələ gələn digər növ cəvahirat çıxararsa, istər yetişdirilən olsun, istərsə mədən cəvahiratı, istər onu dənizdən bir dəfəyə çıxarsın, istərsə bir neçə dəfəyə, əlbəttə ki, bir neçə dəfəyə çıxardığı halda onlar arasındakı zaman fasiləsinin uzun olmaması şərti ilə hasilat xərclərini çıxdıqdan sonra qiyməti 18 noxud sikkəli qızıl dəyərinə çatırsa, xümsünü verməlidir. Əgər iki dalış arasındakı zaman fasiləsi uzun olarsa, məsələn, iki ayrı fəsildə dalğıclıq edərsə (bu üsulla cəvahirat əldə edərsə), onların heç biri (ayrı-ayrılıqda) hasilat xərcləri çıxıldıqdan sonra 18 noxud qızıl dəyərinə çatmazsa, onun üçün dalğıclıq üsulu ilə əldə edilən cəvahiratın xümsü ünvanı ilə xüms vermək vacib deyil. Ancaq həmin mal onun illik gəlirindən hesab edilir və ilin sonunadək qaldığı və məunəyə sərf edilmədiyi təqdirdə onun xümsünü vermək lazımdır.
Məsələ 2424. Əgər bir neçə nəfər insan dalğıclıqla cəvahirat çıxararsa, əldə edilmə xərcləri çıxıldıqdan sonra cəvahiratın qiyməti 18 noxud sikkəli qızıl dəyərinə bərabər olduğu təqdirdə əgər dalışda iştirak edənlərin heç birinin payı 18 noxud qızıl dəyərinə çatmırsa, onların heç birinə öz payından dalğıclıq üsulu ilə əldə edilən cəvahiratın xümsü ünvanı ilə xüms vermək vacib deyil. Ancaq hər bir şəxsin payı onun illik gəlirindən hesab edilir və ilin sonunadək qaldığı və məunəyə sərf edilmədiyi təqdirdə onun xümsünü vermək lazımdır.
Məsələ 2425.Əgər insan dənizdə suya dalmadan, hər hansı bir vasitədən istifadə edərək cəvahirat çıxararsa, əvvəlki məsələlərdə bəyan edilən şərtlərlə, ehtiyata əsasən, onun xümsünü vermək lazımdır.
Məsələ 2426.Əgər insan dənizdən bir şey çıxarmaq niyyəti olmadan suya dalarsa, təsadüfən əlinə bir cəvahirat keçərsə və onu mənimsəmək niyyətinə düşərsə, xümsünü verməlidir. Hətta, vacib ehtiyata əsasən, mənimsəmək niyyəti olmasa belə, onun xümsünü verməlidir.
Məsələ 2427. Əgər insan suya dalarsa, sudan bir heyvan çıxararsa və onun qarnında bir cəvahirat taparsa, həmin heyvan təbii olaraq qarnında mirvari olan ilbiz kimi olduğu təqdirdə nisab həddinə çatırsa, xümsünü verməlidir. Əgər həmin heyvan təsadüfən cəvahirat udmuş olarsa, lazım ehtiyata əsasən, hərçənd nisab həddinə çatmasa da, gərək onun xümsünü versin.
Məsələ 2428.İnsanın dəniz, yaxud çaydan ovladığı balıq və digər heyvanlar dalğıclıq (dənizdə suya dalmaq vasitəsi ilə əldə edilən cəvahiratın xümsü) qisminə daxil deyil. Həmçinin, insanın balığı dənizdən tutduğu və qarnında mirvari, yaxud mərcan tapdığı halda da hökm belədir. Qeyd etmək lazımdır ki, dənizdən çıxarılan, ancaq dənizdə əmələ gəlməyən şeylər də, məsələn, dənizdə batan, sahiblərinin tərk etdiyi və içindəki malları çıxaran şəxslər üçün mübah (halal) etdiyi gəmidən əldə edilənlər dalğıclıq qisminə daxil deyil. Həmçinin, əgər insan dənizdə suyun səthindən, yaxud sahildən cəvahirat götürərsə, bu dalğıclıq qisminə daxil edilir. Qeyd edilən bütün hallarda insanın həmin şeylərin beşdə birini dalğıclıq üsulu ilə əldə edilən cəvahiratın xümsü ünvanı ilə vermək vacib deyil. Ancaq bu mallar onun illik gəlirindən hesab edilir və ilin sonunadək qaldığı və məunəyə sərf edilmədiyi təqdirdə onun xümsünü vermək lazımdır.
Məsələ 2429. Əgər insan suya dalarsa və qiyməti 18 noxud qızıl dəyərində, yaxud daha artıq məbləğdə olan miqdarda ənbər(86) çıxararsa, onun xümsünü dərhal verməlidir. Hətta ənbəri suyun səthindən, yaxud dənizin sahilindən əldə etdiyi təqdirdə belə, eyni hökm şamil olur.
Məsələ 2430.Peşəsi dalğıclıq olan, yaxud mədən sahəsində çalışan şəxs əgər çıxardıqlarının xümsü verərsə və həmin xümsü verilmiş mallar illik xərclərindən artıq qalarsa, yenidən onların xümsünü verməsinə gərək yoxdur. Yalnız həmin maldan mənfəət əldə etdiyi və həmin mənfəət xüms ilinin sonunadək qaldığı, məunəyə sərf edilmədiyi hal istisna təşkil edir.
Məsələ 2431. Əgər uşaq hər hansı bir mədən (faydalı qazıntı, mineral) çıxararsa, yaxud bir xəzinə taparsa və ya suya dalaraq cəvahirat çıxararsa, vəlisi (şəri qəyyumu) onun xümsünü verməlidir və vermədiyi təqdirdə onun özü həddi-büluğa çatdıqdan sonra xümsünü verməlidir. Həmçinin, uşağın harama qarışmış halal malı olarsa, vəlisi qarışıq malla əlaqədar hökmlərdə deyilən qaydada hərəkət etməlidir.
6) Qənimət
Məsələ 2432. Əgər müsəlmanlar kafirlərlə müharibə edərsə və müharibədə bir sıra mallar ələ keçirərsə, həmin mallara “qənimət” deyilir. Cihad imamın (ə) əmri ilə olduğu təqdirdə imama (ə) məxsus olan şeyləri qənimətdən ayırdıqdan sonra yerdə qalanının xümsünü dərhal vermək lazımdır. Qənimətə xümsün şamil olması məsələsində daşınar və daşınmaz əmlak arasında bir fərq yoxdur. Lakin ənfaldan olmayan torpaqlar hərçənd müharibə imamın (ə) icazəsi ilə olmasa belə, müsəlmanların ümumi mülkiyyətidir.
Məsələ 2433. Əgər müsəlmanlar imamın (ə) icazəsi olmadan kafirlərlə müharibə edərsə (hərçənd müdafiə cihadı olsa belə) və onlardan qənimət əldə edərsə, qənimət kimi götürdüklərinin hamısı imamın (ə) malıdır və döyüşçülərin onda heç bir haqqı yoxdur.
Məsələ 2434. Kafirlərin əlində olan şeyin sahibi “möhtərəm əl-mal”(malı toxunulmaz) olarsa, yəni müsəlman, yaxud zimmi və ya muahid kafir olarsa, ona qənimətlə əlaqədar hökmlər şamil olur.
Məsələ 2435.Malı möhtərəm (toxunulmaz) olmayan bir kafirin malını qeyri-qanuni yollarla ələ keçirmək xəyanət, aman vədini və əhdi (sülh anlaşmasını) pozmaq hesab edildiyi təqdirdə, hərçənd belə bir hərəkətin İslam və müsəlmanların heysiyyətinə zərbə vurmadığı fərz edilsə belə, haramdır və bu yollarla onlardan alınan şeylər, vacib ehtiyata əsasən, qaytarılmalıdır.
Məsələ 2436. Məşhur budur ki, mömin nasibinin malını mənimsəyə və xümsünü verə bilər. Lakin bu hökm işkaldan xali deyil və vacib ehtiyat bundan çəkinməyi tələb edir.
7) Zimmi kafirin müsəlmandan satın aldığı torpaq sahəsi
Məsələ 2437. Əgər zimmi kafir müsəlmandan torpaq sahəsi satın alarsa, məşhura əsasən, onun xümsünü həmin torpaq sahəsindən, yaxud başqa bir malından verməlidir. Lakin bu halda xümsün məlum mənada vacib olması “məhəll-i işkal”dır.(87)
Xümsün məsrəf edilməsi
Xümsün məsrəf edilməsi ilə bağlı ümumi şərhlər
Məsələ 2438. Xüms iki hissəyə bölünür. Onun bir hissəsi “səhm-i sadat”dır (seyidlərin payıdır) və yoxsul, yetim, yaxud səfər etdiyi yerdə qalan (vətəninə qayıda bilməyən) seyidə verilməlidir. Müstəhəb ehtiyata əsasən, seyidlərin payını onlara sərf etməsi üçün bütün şərtlərə cavab verən müctəhidə vermək, yaxud onun icazəsi ilə seyidlər üçün məsrəf etmək lazımdır. Xümsün digər yarısı isə “səhm-i imam”dır (imamın payıdır) ki, bu dövrdə bütün şərtlərə cavab verən müctəhidə verilməli, yaxud onun icazə verdiyi qaydada məsrəf edilməlidir. Lazım ehtiyata əsasən, həmin müctəhid ələm və ümumi cəhətlərdən (möminlərin ümumi ehtiyaclarından) agah olan mərcə olmalıdır.
Bu məsələdə qeyd edilənlər xümsün vacib olduğu bütün hallara aiddir. Yalnız harama qarışmış halal malın xümsü istisna hal təşkil edir ki, bu halda malın haramdan ayrılması üçün, vacib ehtiyata əsasən, xümsü xüms və “rədd əl-məzalim” almaq haqqına sahib olan bir şəxsə vermək lazımdır. Bununla bağlı ətraflı izah 2390-cı məsələdə verilmişdir. Lazım ehtiyata əsasən, bu iş ələm mərcədən icazə almaqla həyata keçirilməlidir.
Məsələ 2439. Müstəhəqdən(88) alacağı olan və alacağını xüms əvəzinə hesablamaq istəyən şəxs, vacib ehtiyata əsasən, ya şəriət hakimindən, ya da onun nümayəndəsindən bunun üçün icazə almalı, yaxud xümsü müstəhəqqə verməli və daha sonra müstəhəqq həmin malı (pulu) borcunu ödəmək üçün ona geri qaytarmalıdır. O, müstəhəqdən vəkalət alaraq onun tərəfindən malı xüms ünvanı ilə qəbul edə və sonra öz alacağı kimi geri ala bilər.
Məsələ 2440.İnsan xümsü müctəhidə, yaxud onun nümayəndəsinə verərkən və ya xümsü şəxsən lazımı yerlərə məsrəf etmək icazəsi olan hallarda, vacib ehtiyata əsasən, xümsü Allahın əmrini yerinə yetirmək və Ona yaxınlaşmaq niyyəti ilə verməlidir və əgər bu niyyət olmadan xüms verərsə, günah etmişdir, ancaq verdiyi xüms kifayət edir.
Məsələ 2441. Malının xümsünü yoxsula vermək istəyən şəxsin yoxsulu ona verdiyi şeyin xüms olduğundan agah etməsinə gərək yoxdur və hərçənd zahirən hədiyyə kimi versə də, qəlbində xüms vermək niyyətinin olması kifayətdir.
Seyidlərin payını almaq haqqına sahib olan şəxslər üçün şərtlər
Məsələ 2442.Xümsün seyidlərin payı olan hissəsinin verilə biləcəyi şəxslər bir neçə şərtə cavab verməlidir:
Xüms alan seyid, isnaəşəri şiə və yoxsul(89) olmalı, xümsü haram yolda məsrəf etməməli və vacib ehtiyata əsasən, ona xüms vermək günaha yardım hesab edilməməli, həmçinin, vacib ehtiyata əsasən, şərabxor, namaz qılmayan və aşkar surətdə günah edən şəxs olmamalı, həmçinin, vacib ehtiyata əsasən, xüms verənin “vacib ən-nəfəqə”si(90) olmamalıdır.
Məsələ 2443. Xümsün seyidlərin payı olan hissəsinin verilə biləcəyi seyid o şəxsdir ki, onun ata tərəfdən nəsəbi Haşimə (Allahın əziz Elçisinin (s) ulu babasına) gedib çatır. Ana tərəfdən seyidlik xüms almaq üçün kafi deyil.
Məsələ 2444. Əgər bir şəxs seyid olduğunu söyləyərsə, iki adil şəxs onun seyid olduğunu təsdiqləməyincə, yaxud insan hər hansı bir yolla onun seyid olduğuna dair yəqinlik, yaxud arxayınlıq hasil etməyincə, ona xüms vermək olmaz.
Məsələ 2445.Öz şəhərində seyid olduğu bilinən şəxsə insan bunun əksinə dair yəqinlik, yaxud arxayınlıq hasil etmədiyi təqdirdə xüms vermək olar.
Məsələ 2446.Fəqir (yoxsul) şanı səviyyəsində özünün və ailəsinin illik xərclərini təmin etmək imkanına sahib olmayan şəxsdir. Miskin fəqirdən də daha ağır şəraitdə yaşayan, həyat şəraiti daha acınacaqlı olan, məsələn,gündəlik ehtiyacını təmin etmək imkanına belə sahib olmayan şəxsdir.
Məsələ 2447.Hər hansı bir gəlir mənbəyi olan, məsələn, sərmayəsi ilə ticarətlə məşğul olan, bir mülkü olan və onu icarəyə verən, pulu olan və onu müzaribəyə verən, əkinçilik, heyvandarlıq, bağbanlıqla məşğul olan, idari və qeyri-idari işlərdə çalışan, yaxud hər hansı bir peşəsi, sənəti olan və illik xərclərini bu yolla əldə etdiyi gəlir hesabına təmin edə bilən şəxs yoxsul deyil və yoxsulluğun şərt sayıldığı dini vergilərdən ona bir şey vermək olmaz.
Məsələ 2448. Yalnız gəliri illik xərclərindən az olan və illik xərclərinə yetməyən bir gəlir mənbəyi olan şəxs yoxsul hesab edilir və ona yoxsulluğun şərt sayıldığı şəri vergilərdən yalnız illik xərclərinin çatışmayan miqdarına bərabər miqdarı istihqaq(91) şərtlərinə riayət etməklə vermək olar.
Məsələ 2449. Sataraq yaşayış xərclərini təmin etməyə sərf edə biləcəyi mülkü, yaxud artıq səhmləri olan və ya daha ucuz sərmayə və əmək aləti ilə əvəz edə biləcəyi ehtiyac miqdarından artıq sərmayəsi və əmək aləti olan, belə ki, daha ucuz sərmayə və əmək aləti də onun yaşayış tələbatını şanı səviyyəsində təmin etməyə yetən şəxs bu işi görməlidir, o, yoxsul hesab edilmir və yoxsulluğun şərt olduğu şəri vergilərdən ona xərclərinin çatışmayan miqdarını vermək olmaz.
Məsələ 2450.Sərmayəsi, yaxud əmək alətləri, qazanc vasitələri olan, ancaq bunlardan əldə etdiyi gəliri illik xərclərindən az olan və ehtiyaclarını təmin etməyən sənətkar, tacir, yaxud başqa bu kimi bir peşə sahibi yoxsul hesab edilir və ona yalnız illik xərclərinin çatışmayan miqdarını şəri vergilərdən (istihqaq şərtlərinə riayət etməklə) vermək olar. Onun ehtiyacı olan əmək alətləri, yaxud sərmayəsini sataraq xərclərinə (yaşayış tələbatına) sərf etməsinə gərək yoxdur, onları işinə və qazanc əldə etməyə davam etmək üçün saxlaya bilər.
Məsələ 2451. İşləyərək qazanc əldə etmək və özünün və ailəsinin xərclərini təmin etmək iqtidarında olan, ancaq tənbəllikdən hər hansı bir işlə məşğul olmayan yoxsula şəri vergilərdən bir şey vermək olmaz.
Məsələ 2452.Gəliri halal olan bir sənət, yaxud peşəni öyrənməkdə çətinlik çəkməyəcək bir yoxsul, vacib ehtiyata əsasən, dini vergilərdən pay (ianə) alaraq yaşaya bilməz. Ancaq öyrənənədək məxaricinin çatışmayan hissəsi üçün yoxsulluğun şərt olduğu dini vergilərdən istihqaq şərtinə riayət etməklə ona vermək olar.
Məsələ 2453.Yalnız şanına uyğun olmayan bir işlə məşğul ola bilən və başqa bir gəlir mənbəyi olmayan insan yoxsul hesab edilir. Həmçinin, əgər insan hər hansı bir sənət və peşə ilə məşğul olmağa qadirdirsə, ancaq bunun üçün lazım olan əmək alətlərinə (cihazlara, avadanlıqlara və s.) sahib deyilsə və başqa bir gəlir mənbəyi də yoxdursa, yoxsuldur.
Məsələ 2454.Təhsil alan və təhsil alması ilə əlaqədar olaraq özünün və ailəsinin illik məxaricini şanı səviyyəsində təmin etmək imkanı olmayan, əgər təhsil almazsa, yaşayışı üçün hər hansı bir işlə məşğul olaraq özünün və ailəsinin məxaricini təmin etməyə qadir olan şəxs həmin elmi öyrənməsi “eyni vacib”(92) olduğu təqdirdə şəri vergilərdən (istihqaq şərtlərinə riayət etməklə) ona vermək olar, əks təqdirdə isə yoxsulluğun şərt sayıldığı şəri vergilərdən ona vermək olmaz.
Məsələ 2455.Təhsil alan və təhsilini yarımçıq qoysa belə, məxaricini təmin edəcək bir iş tapmayacağını, yaxud onun üçün şanına əksiklik hesab edilən bir işlə məşğul olmalı olacağını və ya hətta iş tapılsa belə, fiziki (fizioloji) vəziyyətinin iş üçün tamamilə yararsız olduğunu, yaxud həmin işlə məşğul olmağın onun üçün dözülməz dərəcədə qeyri-adi məşəqqəti olduğunu bildiyi təqdirdə bu vəziyyət davam etdiyi və başqa bir gəlir mənbəyi olmadığı müddət ərzində təhsilinə davam edə bilər. Bu halda o, yoxsul sayılır və hərçənd həmin elmin öyrənilməsi onun üçün eyni vacib olmasa belə, yoxsulluğun şərt sayıldığı şəri vergilərdən (istihqaq şərtlərinə riayət etməklə) məxaricinin çatışmayan miqdarını ona vermək olar.
Məsələ 2456. Özünün və ailəsinin illik xərclərini təmin etmək imkanı olmayan yoxsulun öz mülkiyyətində olan və içində yaşadığı bir evi, yaxud minik avtomobili varsa, bu ev və avtomobil onun şanı səviyyəsində olduğu və onlara ehtiyac duyduğu təqdirdə (hətta heysiyyətini qorumaq üçün olsa belə) onları satmasına gərək yoxdur və yoxsulluğun şərt olduğu şəri vergilərdən (istihqaq şərtlərinə riayət etməklə) məxaricinin çatışmayan miqdarını ona vermək olar.
Həmçinin, bu hökm onun ehtiyacı olan ev əşyalarına, xalçaya, qab-qacağa, yay və qış geyimlərinə və s. də şamildir və bunlara sahib olmayan bir yoxsulun bu şeylərə ehtiyacı olarsa, ehtiyacını təmin etmək üçün yoxsulluğun şərt olduğu şəri vergilərdən (istihqaq şərtlərinə riayət etməklə) ona vermək olar.
Ancaq əgər insanın əlində bu əşyalardan ehtiyac miqdarından artıq sayda olarsa və artıq olan miqdar onun il boyu ehtiyaclarını təmin etmək üçün kifayət edərsə, yoxsul hesab edilmir. Əgər belə bir şəxsin ehtiyacı olan evi, yaxud avtomobili və ya digər növ nəqliyyat vasitəsi vardırsa, ancaq daha ucuzu ilə ehtiyacını təmin etməsi mümkündürsə və aradakı qiymət fərqinə bərabər məbləğ onun illik məxarici üçün kifayət edərsə, sözügedən qiymət fərqi israf həddinə çatdığı və həmin şəxsin şanından artıq hesab edildiyi halda o, yoxsul hesab edilmir.
Məsələ 2457.Özünün və ailəsinin illik xərcləri üçün maddi vəsaitə sahib olan, yaxud əvvəlki məsələlərdə verilən şərhlərlə bu xərcləri təmin etməyə qadir olan şəxs əvvəlki dövrlərdə borc almış olduğu təqdirdə yoxsul hesab edilmir və yoxsulluğun şərt olduğu şəri vergilərdən ona nəsə verilməməlidir. Buna əsasən, yalnız qaytarılma vaxtı çatmış borcu qaytara bilməmək həmin şəxsin şərən yoxsul hesab edilməsinə əsas vermir (hətta alacaqlının təzyiqi, yaxud başqa bir səbəblə borcun qaytarılmaması, yaxud təxirə salınması insan üçün sıxıntı törətsə, yaxud heysiyyətinə xələl gəlməsinə səbəb olsa belə). Beləliklə, belə bir şəxsə yoxsulluğun şərt olduğu şəri vergilərdən nəsə vermək olmaz.(93)
Məsələ 2458.Özünün və ailəsinin illik xərcləri üçün maddi vəsaitə sahib olmayan, verilən izahlar əsasında şəriətə görə yoxsul hesab edilən və bundan əlavə, borcu da olan şəxsə borcunu nəzərə almadan, yalnız özünün və onun “vacib ən-nəfəqə”si hesab edilən şəxslərin (məsələn, ailə üzvlərinin) yaşayış tələbatı ilə əlaqədar olan illik xərclərinin çatışmayan məbləğini yoxsulluğun şərt olduğu şəri vergilərdən (istihqaq şərtlərinə riayət etməklə) vermək olar. Hərçənd o, borcu nəzərə alınmadan özünün və ailəsinin yaşayış tələbatı ilə əlaqədar illik xərclərin çatışmayan hissəsi məbləğində aldığı pulla borcunu ödəyə bilər. Daha sonra yenə də özünün və ailəsinin illik xərclərini və yaşayış tələbatını təmin etmək üçün möhtac olarsa, yoxsulluğun şərt olduğu şəri vergilərdən bu vergilərlə əlaqədar digər şərtlərə riayət etməklə yenidən borcunu nəzərə almadan, yalnız illik xərclərinin çatışmayan məbləğini ona vermək olar.
Məsələ 2459. Seyidlərin payının sərf edildiyi yerlərdən biri də yetim seyiddir. Yetim deyərkən atası olmayan həddi-büluğa çatmamış uşaq nəzərdə tutulur. Yoxsul və yetim seyidin payı onun mülkiyyətinə keçirilməlidir və onun şəri vəlisi (məsələn, ata tərəfdən olan babası), yaxud atasının vəsiyyət etdiyi şəxs və ya şəriət hakimi tərəfindən təyin edilmiş qəyyum xümsü ona sərf etmək üçün qəbul etməlidir. Qeyd etmək lazımdır ki, xüms verilən yetim seyid mütləq yoxsul olmalıdır.
Məsələ 2460.Xərcliyi qurtaran, yaxud nəqliyyat vasitəsi xarab olan müsafir seyid səfəri günah səfər olmadığı və borc almaqla, yaxud hər hansı bir şeyi satmaqla özünü gedəcəyi yerə çatdıra bilmədiyi təqdirdə hərçənd öz vətənində yoxsul olmasa belə, xüms ala bilər. Ancaq əgər başqa bir yerdə borc almaqla, yaxud hər hansı bir şeyi satmaqla səfər xərclərini təmin edə biləcəksə, yalnız həmin yerə çatmaq üçün yetəcək qədər xüms ala bilər və vacib ehtiyata əsasən, əgər öz vətənində hər hansı bir şeyi satmaq, yaxud icarəyə verməklə yol xərcini təmin edə bilərsə, xüms almamalıdır.
Məsələ 2461.Səfərdə qalan seyidin ona xüms verilən şəhərdə yoxsul olması kifayətdir, öz vətənində yoxsul olmasa da olar. Ancaq onu getmək istədiyi yerə çatdıracaq miqdardan artıq verməməlidirlər.
Məsələ 2462.Səfərdə qalan seyidə əgər səfəri günah səfər olarsa, vacib ehtiyata əsasən, xüms verməməlidirlər.
Məsələ 2463. Adil olmayan seyidə (sonrakı məsələdə qeyd ediləcək hallar istisna olmaqla), yaxud adilliyi məlum olmayan seyidə xüms vermək olar, lakin isnaəşəri olmayan seyidə xüms verilməməlidir.
Məsələ 2464.Xümsü günaha sərf edən seyidə xüms vermək olmaz. Hətta əgər xüms vermək onun günahına yardım etmək olarsa, vacib ehtiyata əsasən, hərçənd xümsü günaha sərf etməsə belə, ona xüms verilməməlidir. Həmçinin, vacib ehtiyata əsasən, şərab (məstedici içki) içən, yaxud namaz qılmayan və ya günahı aşkar surətdə həyata keçirən şəxsə xüms verilməməlidir.
Məsələ 2465. Daimi nikahda olduğu arvadı seyidə olan şəxs, vacib ehtiyata əsasən, ona (ərə) vacib olan nəfəqə və xərcləri xümsdən verə bilməz. Həmçinin, ər həyat yoldaşının vacib olmayan, əlavə tələbatını da öz malı hesabına qarşılıqsız təmin etmək imkanına malik olduğu halda, vacib ehtiyata əsasən, özünün xümsünü bu qəbildən olan tələbata sərf etməsi üçün həyat yoldaşına verməməlidir. Ancaq əgər başqalarının xərclərini təmin etmək qadına vacib olarsa, lakin bu xərcləri təmin edən şəxsə (ərə) vacib olmazsa və qadın onların xərclərini təmin etmək imkanına sahib deyilsə, ər xümsünü onlara məsrəf etməsi üçün arvada verə bilər (bununla bağlı izah “Nəfəqələr” mövzusunda veriləcəkdir). Məsələn, insanın arvadının əvvəlki ərindən övladları olarsa, əvvəlki ər, yaxud övladların nəfəqəsini ödəməsi vacib olan şəxs onların xərclərini təmin etməzsə, qadın da yoxsul olarsa və övladlarının xərclərini təmin edə bilməzsə, insan xümsünü əvvəlki ərindən olan övladlarının tələbatına sərf etməsi üçün həyat yoldaşına verə bilər.
Məsələ 2466.Əgər bir seyidin, yaxud insanın öz arvadı olmayan bir seyidənin xərclərini təmin etmək insana vacib olarsa (məsələn, yoxsul valideynlərin nəfəqəsinin zəngin övladlarının üzərinə düşməsi, yaxud yoxsul olan övladların nəfəqəsinin valideynlərin üzərinə düşməsi kimi), vacib ehtiyata əsasən, insan onların qida, geyim və digər tələbatlarını xümslə təmin edə bilməz. Həmçinin, insanın önların vacib olmayan, daha geniş tələbatlarını öz malı hesabına qarşılıqsız təmin etmək imkanı olduğu halda, vacib ehtiyata əsasən, öz xümsünü belə tələbata sərf etmələri üçün onlara verməməlidir.
Məsələ 2467.Xərclərini başqa bir şəxsin təmin etməli olduğu, ancaq təmin edə bilmədiyi, yaxud təmin etmək imkanına sahib olduğu halda təmin etmədiyi bir seyidə xüms vermək olar.(94)
Məsələ 2468.Vacib ehtiyata əsasən, hərçənd birdəfəlik olsa belə, bir yoxsul seyidə bir illik məxaricdən artıq xüms, yaxud yoxsulluğun şərt olduğu şəri vergi verilməməlidir. Hətta əgər xüms, yaxud yoxsulluğun şərt olduğu şəri vergi ona tədricən verilərsə, onun və ailəsinin bir illik məxarici məbləğinə çatdıqda daha ona bundan artıq (xüms, yaxud yoxsulluğun şərt olduğu şəri vergi) vermək olmaz.
Həmçinin, illik xərcləri üçün maddi vəsaiti olan şəxs əgər onu bir hissəsini xərclədikdən sonra qalanının onun bir illik xərcləri qədər olub-olmadığına şəkk edərsə, xüms, yaxud yoxsulluğun şərt olduğu şəri vergi ala bilməz.
Xüms verməklə əlaqədar digər hökmlər
Məsələ 2469.Vergilər xüms hesab edilmir və vergi və bu kimi rüsumlar ödəyən şəxs həmin məbləği mərcə-i təqlidə verilən xüms, yaxud digər şəri vergilərin bir hissəsi kimi hesablaya bilməz. Əlbəttə, illik gəlirdən vergi üçün ödənilən pul məunənin bir hissəsi sayılır və hərçənd əvvəlki illərin vergisi üçün ödənilsə belə, ona xüms şamil olmur.
Məsələ 2470. İnsan xüms şamil olan malların xümsünü həmin mallardan, yaxud vacib olan xüms məbləğində pulla (tədavüldə olan nağd pulla) verə bilər.(95) Ancaq əgər həmin malların xümsünü başqa bir malla vermək istəyərsə, şəriət hakiminin, yaxud onun vəkilinin icazəsi ilə olduğu hallar istisna olmaqla, bu məhəll-i işkaldır.(96)
Məsələ 2471.Əgər xüms şamil olan mal sahibinin yaşadığı yerdən başqa bir yerdə olarsa və onun həmin malın özündən təxirə salmadan xüms vermək imkanı olmazsa, ancaq onun qiymətini dərhal verə bilərsə, bu iş ona vacib deyil, hətta xümsü şamil olduğu malın özündən verməsi üçün təxirə salması caizdir. Lakin xümsün verilməsində səhlənkarlıq etməməlidir.
Məsələ 2472. Əgər insanın öz şəhərində müstəhəqq (xüms almaq haqqı olan bir şəxs) olmazsa, xümsü başqa şəhərə apara bilər. Hətta əgər öz şəhərində müstəhəqq olsa belə, xümsün verilməsində səhlənkarlıq hesab edilmədiyi halda xümsü başqa şəhərə apara bilər. Hər iki halda onu aparmaq və daşımaq üçün çəkilən xərcləri xümsdən çıxa bilməz və əgər tələf olarsa, hərçənd onu qorumaqda səhlənkarlığa yol verməsə belə, məsuliyyət daşıyır.(97) Anaq əgər xümsü öz malından ayıraraq müstəhəqdən, yaxud şəriət hakimindən aldığı vəkalətlə özündə saxlayarsa, zimməti təmizlənir və əgər bundan sonra bu xümsü onu vəkil edənin icazəsi, yaxud göstərişi ilə başqa şəhərə aparsa və xüms tələf olarsa, onu qorumaqda səhlənkarlığa yol vermədiyi təqdirdə məsuliyyət daşımır.
Məsələ 2473.Əgər insan ilin sonunda gəlirini hesablayaraq xümsünü verərsə, sonra səhv hesabladığını əmlakına şamil olandan artıq xüms verdiyini başa düşərsə, vəziyyəti düzəltmək üçün şəriət hakimi, yaxud onun nümayəndəsinə müraciət etməsi istisna olmaqla, artıq verdiyini gələn il ona vacib olacaq xümsün əvəzinə hesablaması caiz deyil. Həmçinin, əgər xümsü səhv hesablayaraq yoxsula verərsə, onun (xüms ünvanı ilə verdiyi malın, yaxud pulun) özü qaldığı təqdirdə geri ala bilər. Habelə, əgər özü tələf olmuşdursa və yoxsul onun xümsünü yanlış hesabladığını və artıq verdiyini bilirdisə, onu geri almaq caizdir.
Məsələ 2474. Xüms vermək istəyən şəxs hərçənd müstəhəqq razı olsa belə, bir malı onun real qiymətindən artıq hesablayaraq xüms kimi verə, yaxud xüms şamil olan bir malı real qiymətindən ucuz hesablayaraq pulunu (beşdə birini) verə bilməz. 2470-ci məsələdə qeyd edildi ki, xümsün pul (tədavüldə olan nağd pul) istisna olmaqla başqa bir malla verilməsi ümumiyyətlə məhəll-i işkaldır. Yalnız bu işin şəriət hakiminin, yaxud onun vəkilinin icazəsi ilə görülməsi istisnadır.
Məsələ 2475. Mal sahibi xümsü müstəhəqqə verərək qarşısına həmin xümsü ona qaytarmasını şərt qoya bilməz.

(1) İran İslam Respublikasının rəsmi təqvimi olan şəmsi təqvimin 7-ci ayı. Başlanğıcı miladi təqvimlə 23 sentyabra təsadüf edir. Tərc.
(2) Şəmsi təqvimin 9-cu ayı. Başlanğıcı miladi təqvimlə 22 noyabra təsadüf edir. Tərc.
(3) Digər malları üçün təyin etdiyi xüms ili tarixi, yaxud tarixlərindən başqa. Tərc.
(4) Şəmsi təqvimin 1-ci ayı. Başlanğıcı 21 marta təsadüf edir. Tərc.
(5) Şəmsi təqvimin 4-cü ayı. Başlanğıcı 22 iyuna təsadüf edir. Tərc.
(6) Şəmsi təqvimin 10-cu ayı. Başlanğıcı 22 dekabra təsadüf edir. Tərc.
(7) Qarşıdakı məsələlərdə qeyd ediləcək hallar istisna olmaqla.
(8) İllik xərclərə məsrəf etmə ilə bağlı müfəssəl hökmlər və daha ətraflı izahlar növbəti məsələlərdə qeyd ediləcəkdir.
(9) Müxəmməs hökmündə olan mal, xümsünün verilməsi vacib olmayan mala deyilir.
(10) Xüms məsələlərində tez-tez təkrarlanan “məunə” anlayışı 2316-cı və sonrakı məsələlərdə izahı veriləcək xərcləri özündə ehtiva edir.
(11) Əgər insana gözlənilməz bir miras qalarsa və bu miras ona atasından və övladından başqa bir şəxsdən qalarsa, vacib ehtiyata əsasən, illik xərclərindən artıq qaldığı təqdirdə həmin mirasın xümsünü verməlidir.
(12) Sonrakı məsələdə qeyd ediləcək hallar istisna olmaqla.
(13) Sonrakı məsələdə qeyd ediləcək hallar istisna olmaqla.
(14) Mirs qalan maldan. Tərc.
(15) Müəyyən şərtlərlə dini rüsum və vergilərdən pay almaq hüququ “istihqaq”, bu hüquqa malik olan şəxs isə “müstəhəq” adlandırılır. Tərc.
(16) Haqsız yolla mənimsənilən (məsələn, qəsb edilmiş, yaxud oğurlanılmış) malın qaytarılması deməkdir. Tərc.
(17) Əgər ona sədəqə kimi verilən maldan mənfəət əldə edərsə, məsələn, ona sədəqə verilən ağac meyvə verərsə, həmin mənfəət illik xərclərindən artıq qaldığı təqdirdə ehtiyata deyil, fətvaya əsasən, xümsü verilməlidir.
(18) Yəni xüms ilinin başa çatmasını gözləmədən. Tərc.
(19) Burada ustanın yanında sənəti öyrənən şagirdə verilən muzd, habelə hər hansı bir müəssisədə kadr hazırlığına cəlb edilən şəxs üçün bu müddət ərzində həmin müəssisə tərəfindən ödənilən pul, həmçinin, başqa bir təlim-tədris mərkəzində kadr hazırlığı keçdiyi təqdirdə onun üçün həmin təlim-tədris mərkəzinə ödənilən pul nəzərdə tutulur. Tərc.
(20) 2318 və 2319-cu məsələlərdə qeyd ediləcək hallar istisna olmaqla.
(21) Bu halda insanın arvad və övladların yaşayış xərcləri kimi başqa zəruri xərcləri, yaxud şəriətə uyğun qaydada alınmış və qaytarılma vaxtı çatan borcu olmamalıdır.
(22) Həmin şey (heyvan, yaxud bitki) məunə olmadığı və il ərzində əldə edilmiş gəlirlə alındığı təqdirdə xümsü verilməlidir.
(23) Əgər heyvan cari ilin məunəsi olmazsa və xümsü verilmiş malla (pulla) alınmışdırsa, onun özündə olan inkişafı malın artımı hesab edildiyi təqdirdə xümsü verilməlidir.
(24) Xümsünü verməli olduğu gəlir nəzərdə tutulur. Tərc.
(25) Xüms ili başa çatdıqdan sonra. Tərc.
(26) Xüms ilinin sonuna olan qiyməti. Tərc.
(27) Qızıl və valyuta qarşıda izah ediləcək şərtlər çərçivəsində istisna təşkil edir.
(28) Həçənd xümsü gecikdirdiyinə görə günahkar sayılır.
(29) Qiymət deyərkən müamilə (ticarət əməliyyatı) zamanı mala verilən dəyər nəzərdə tutulur. Əksər hallarda dəyər pulla hesablanır.
(30) «Kulliyyun fiz-zimmə” müamiləsinin mənası 2379-cu məsələdə izah edilmişdir.
(31) Bu hökm müamilədə dəyərin pulla hesablandığı hala aiddir. Əks təqdirdə məsələ ilə bağlı müxtəlif hallar mövcuddur.
(32) “Misli əşya” anlayışı haqqında məlumat üçün 2403-cü məsələyə müraciət edin. Tərc.
(33) Sərmayəni qızıl, yaxud müəyyən bir xarici valyutaya çevirərkən ilk növbədə insanın sərmayəsinin dəyərini qızıl, yaxud həmin valyuta əsasında hesablaması və sərmayəni bütövlüklə “müsalihə (sülh)” əqdi əsasında başqa bir şəxsə həmin miqdarda qızıl, yaxud valyuta müqabilində verərək müsalihə etdiyi şəxsdən (mütəsalih) müsalihə əvəzi ünvanı ilə həmin miqdarda qızıl, yaxud valyutanın şərən alacaqlısı olması kifayətdir. Hərçənd, müsalihə əqdinin icrasından və əmlakın (sərmayənin) şəri qaydada mütəsalihin sərəncamına keçməsindən sonra tərəflərin razılığı əsasında yenidən müsalihə əqdi əsasında həmin əmlakı (sərmayəni) ilk müsalihədə müəyyən edilmiş əvəz miqdarı müqabilində ondan geri alaraq yenidən ona sahib ola bilər.
“Müsalihə (sülh)” şəriətdə doğru hesab edilən əqdlərdəndir. Fiqh terminologiyasında müsalihə - tərəflərin bir malı, yaxud mənfəəti başqasının mülkiyyətinə keçirmək və ya bir borcu, yaxud hüququ qüvvədən düşürmək (ləğv etmək) kimi işlərin icrası ilə bağlı razılığa gəlməsidir. Burada bundan öncə onların arasında hər hansı bir mübahisənin baş verməsi şərt sayılmır. Tərc.
(34) Məsələn: Hər hansı bir malın idxalı ilə məşğul olan və bütün sərmayəsi (parça və nağd pul) BƏƏ dirhəminə çevrildikdən sonra 20,000 dirhəmə (1 dirhəm=7,500 riyal məzənnəsi əsasında 150,000,000 riyala) bərabər xümsü verilmiş mal olan bir şəxs fərz edin. O, indidən sərmayəsini dirhəmlə hesablamaqla bağlı ciddi qərar qəbul edir. Növbəti ilin başlanğıcında BƏƏ dirhəminin məzənnəsi 10,000 riyala bərabər olarsa və onun sərmayəsinin dəyəri də dirhəmin məzənnəsinə uyğun olaraq 25,000 dirhəmə çatarsa, o, hərçənd xüms ilinin sonunda sərmayəsi riyalla hesabladıqda 250,000,000 riyal dəyərində olsa belə, yalnız 5,000 dirhəm (50,000 riyal) mənfəət əldə etmişdir və bu məbləğin xümsünü verməlidir.
(35) Məsələn: Parça ticarəti ilə məşğul olan bir şəxs il ərzində əldə etdiyi gəlirlə ümumi dəyəri 1,000,000 riyal məbləğində olan, hər biri 100 metr uzunluğunda və 10,000 riyal dəyərində olan bir neçə top çadralıq (qadın üst geyimi) parça satın almışdır. O, parçaları bütün təsərrüfat xərclərini (yəni parçanın əldə edilməsi, daşınması, satıldığı yer və satıcılar üçün çəkilən xərclər və s. Tərc.) və eləcə də gözlənilən mənfəəti nəzərə almaqla iki cür – həm topdan, həm də pərakəndə şəkildə satır. Bu parçaların müştərilərə pərakəndə satış qiyməti 12,000 riyal, topdansatış qiyməti isə 11,500 riyaldır. Ancaq əgər o, parçalarını hərraca çıxararaq təsərrüfat xərclərini və gözlənilən mənfəət həcmini nəzərə almadan insaflı qiymətə satarsa, alıcılar sözügedən parçaların hər metrini 11,000 riyaldan alarsa, onun xümsü 11,000 riyal qiymət əsasında hesablaması kifayətdir. Beləliklə:
Sərmayənin xüms şamil olunan qiyməti: 100¬×11,000=1,100,000 riyal
Sərmayəyə şamil olunan xüms: 1,100,000×0,20=240,000 riyal
(36) Çünki əgər onun həmin vaxt bağı satmaq istədiyini fərz etsək, bağın mənfəəti artıq başqasının ixtiyarında olduğuna (yəni məhsulu artıq yığılıb satıldığına Tərc.) görə bağ daha ucuz qiymətə satılardı. Beləliklə, istənilən halda, hərçənd onu satmasa da, həmin vaxt bağın qiyməti aşağı düşmüşdür.
(37) Ev sahibi mənzil icarəsindən əldə etdiyi gəlir üçün ayrıca xüms ili təyin edə və icarə müqaviləsinin müddətini bir il təyin edərək sonra istədiyi təqdirdə il-il uzada bilər. Bu halda nəticədə onun hər ay aldığı icarə haqqı həmin ilin gəlirindən sayılır və xümsünün dərhal verilməsinə gərək yoxdur, əksinə xüms ilinin sonunadək qaldığı təqdirdə xümsünün verilməsi vacib olur. Ancaq əgər bir neçə evin icarəyə verilməsindən gəlir əldə edirsə, hər bir ev üçün ayrıca xüms ili təyin edə bilər.
(38) (malının qeyd edilən şəkildə məsrəf etdiyi hissəsindən tərc.)
(39) Bu şəxslər xüms ili başa çatmamış təsərrüfat xərcləri ilə əlaqədar olaraq borc aldıqları təqdirdə (bir halda ki, bu xərclər sonrakı il, yaxud illərdə gəlir əldə etmək üçündür) bu borc sonrakı xüms ilinin gəlirindən çıxılır. Ancaq əgər borc insanın özünün və ailəsinin yaşayış xərcləri üçün alınarsa, sonrakı il, yaxud illərin gəlirindən çıxılmır.
(40) Əgər xümsü verilmiş malla, yaxud xümsü verilmiş mal hökmünün şamil olduğu malla aldığı həmin ərzaq, yaxud qeyri-ərzaq istehlak mallarının qiyməti onların məunəyə sərf edildiyi vaxt artarsa, vacib ehtiyata əsasən, yalnız onları aldığı qiymətə bərabər məbləği çıxa bilər.
(41) Yaxud yeni ərzaq və ya qeyri-ərzaq mallarının alınması üçün sərf edilən pul ötən ildən qalan xümsü verilmiş ərzaq və ya qeyri-ərzaq istehlak edilərkən mövcud olsun.
(42) Qeyd etmək lazımdır ki, bu hökmdə ticarət, təsərrüfat, yaxud istehsal xərcləri ilə bağlı 2351-ci məsələdə qeyd edilən bir hal istisna təşkil edir.
(43) Borcun həmin il, yoxsa öncəki illərdə alınmasının və insanın öncəki illərdə borcu qaytarmaq imkanının olub-olmamasının fərqi yoxdur.
(44) Borc bir neçə il öncə alınaraq həmin ilin xərclərinə sərf edildiyi və insanın onu qaytarmaq üçün istifadə etmək istədiyi gəlir də həmin ilin gəliri olduğu təqdirdə yenə də onun (borc məbləğinin) xümsünü vermək vacib deyil.
(45) Həmçinin, əgər xümsdən azad edilmiş şey pul deyil, misal olaraq hər hansı bir mal olarsa, bu məsələ tətbiq edilir.
(46) Daha öncə də qeyd edildiyi kimi, işləməyən şəxs üçün ilin sonu deyərkən gəlirin əldə edildiyi vaxtdan on iki ay müddətin keçməsi nəzərdə tutulur.
(47) Məsələn, sözügedən mal yaşayış tələbatında istehlak edilməzsə...
(48) Aydındır ki, həmin ilin digər gəlirləri də 2362-ci məsələnin şərtləri ilə xümsdən azaddır.
(49) Hərfən: “yaxşı (gözəl) borc”. Bir borcun qərz əl-həsənə hesab edilməsi üçün bir sıra şərtlərə cavab verməsi tələb edilir. O cümlədən:
a) Halal maldan verilməlidir;
b) Minnətsiz, riyasız, könüllü və fədakarlıqla verilməlidir;
c) Zəruri tələbata sərf edilməsi üçün verilməlidir;
d) Borc verən şəxs bu savablı əməli həyata keçirməyə nail olduğuna görə Allaha şükr etməlidir və s.
(50) Alıcının malın qiymətini öncədən ödədiyi və onu bir müddət sonra aldığı alqı-satqı əməliyyatı. Tərc.
(51) İşləyən şəxs üçün sözügedən gəlirin əldə edildiyi xüms ilinin başa çatması, işləməyən şəxs üçün isə onun əldə edildiyi tarixdən bir ilin (on iki ayın) keçməsi nəzərdə tutulur. Tərc.
(52) Məsələn, əgər kitabların qiyməti on min tümən olarsa və onun həmin il əldə etdiyi yüz min tümən pulu da olarsa, kitblarının və pulunun tamamilə xümsü verilmiş mal olması üçün həmin yüz min tüməndən iyirmi iki min tümən verməlidir.
(53) Məsələn, əgər ümumi dəyəri 100 manat olan bir neçə xümsü verilməli olan kitabı və xümsü verilmiş 1000 manat pulu, yaxud atasından miras qalan 3000 manat pulu (bu mala xümsü verilmiş mal hökmü şamildir) vardırsa, kitabların xümsünü həmin 1000, yaxud 3000 manatlıq vəsaitdən vermək istədiyi təqdirdə onlardan hər hansı birindən 20 manat ayıraraq xüms ünvanı ilə verərsə, kitablar tamamilə xümsü verilmiş mal sayılır. Tərc.
(54) Məsələn, sözügedən xümsü verilməli olan mal puldursa, onunla alınan şey. Tərc.
(55) Çünki bu qaydada xüms verildikdən sonra həmin malın beşdə biri yeni ilin gəliri sayılır və onun (malın beşdə birinin) xümsü yeni xüms ilinin sonunda hesablanmalıdır.
(56) Yəni ümumi dəyərinin iyirmi beşdə birini. Tərc.
(57) Müsalihə - tərəflərin bir malı, yaxud mənfəəti başqasının mülkiyyətinə keçirmək və ya bir borcu, yaxud hüququ qüvvədən düşürmək (ləğv etmək) kimi işlərin icrası ilə bağlı razılığa gəlməsi. Tərc.
(58) Xüms verməli olan, ancaq onu vermək imkanına sahib olmayan şəxsdən xümsün alınması və sonra yenidən ona bağışlanılması, yaxud borc kimi verilməsi. Tərc.
(59) Ancaq əgər sözügedən mal sərmayədirsə, onun qiymətinin artması ilə əlaqədar hökm 2336-2340-cı məsələlərdə qeyd edilmişdir.
(60) Əgər əldəyişmə ilə əlaqədar borcun bir hissəsini bu il, digər bir hissəsini isə sonrakı il qaytararsa, mühasibat, yəni hər ilin gəlir və xümsünün hesablanması həmin ildə qaytarılan miqdar və ya məbləğə uyğun nisbətdə aparılmalıdır.
(61) Xümsü verilməmiş mal - əldə edildiyi tarixdən bir xüms ili keçən (işləyən şəxslər üçün onu hansı xüms ili ərzində əldə etmişlərsə, həmin xüms ilinin başa çatması, işləməyən şəxslər üçün isə onu əldə etdikləri tarixdən on iki ayın keçməsi nəzərdə tutulur tərc.) və xümsü verilməyən mal deməkdir.
(62) Əgər satıcı isnaəşəri şiə olmazsa, alqı-satqının beşdə birinin təshih edilməsi (şəriətə görə caizləşdirilməsi) şəriət hakiminin icazəsi ilə mümkündür.
(63) Əgər satıcı isnaəşəri şiə olmazsa, alıcı satıcıya qiymətin beşdə biri məbləğində pul borcludur, şəriətə görə ona verdiyi pulun xümsünü vermək məsuliyyəti onun (alıcının) üzərinə düşür və onun xümsünü başqa bir malla (pulla) verə bilər.
(64) Əlbəttə, əgər alıcı həmin şeyi il ərzində əldə etdiyi gəlirlə almışdırsa, sözügedən şey həmin xüms ilinin gəlirindən sayılır və xüms ilinin sonunadək qalarsa, məunəyə sərf edilməzsə, ona xüms şamil olunur və alıcı onun xümsünü verməlidir. Bu hökm insanın belə bir şəxsdən aldığı hədiyyəyə və həmçinin, onun mülkiyyətindən insanın mülkiyyətinə keçən digər mallara da şamildir.
(65) Bu halda əgər hər hansı bir üzrü yoxdursa, günah etmişdir.
(66) Burada icarə müqaviləsi əsasında sözügedən daşınmaz və daşınar qeyri-istehlak mallarının mənfəətindən istifadə etmək hüququnun başqa bir şəxsə verilməsi nəzərdə tutulur. Tərc.
(67) 2303-cü məsələdə qeyd edildiyi kimi xüms ilini dəyişmək hər bir şəxs üçün mümkündür.
(68) Bu məsələdə üzərindən il keçmiş gəlir deyərkən əldə edildiyi vaxtdan sonra bir xüms ili başa çatan, xüms şamil olan və insanın (sahibinin) xümsünü vermədiyi pul nəzərdə tutulur.
(69) Qiymət deyərkən ticarət əməliyyatının dəyəri nəzərdə tutulur ki, bu da əksər hallarda pulla hesablanır və ödənilir.
(70) Bəzi ticarət əməliyyatları həyata keçirilərkən alqı-satqı müəyyən və xüsusi bir ödəniş vasitəsi ilə edilə bilər, məsələn, alıcı alqı-satqı həyata keçirilərkən müəyyən bir pulu satıcıya göstərə, yaxud ödənişi hansı pulla edəcəyini ona izah edərək: “Sənin malını bu pulla alıram”, - deyə bilər. Belə hallarda (bir qayda olaraq nadir hallarda baş verir) deyilir ki, alqı-satqının qiyməti “şəxsi”dir.
Ancaq əksər alqı-satqı əməliyyatları bu cür deyil və tərəflər arasında alqı-satqı bəlli olan bir ödəniş vasitəsi ilə, pulla həyata keçirilmir, alıcı malı aldıqdan sonra öhdəsinə, zimmətinə düşən ödənişi həyata keçirir. Məsələn, malı on min riyala alır (alqı-satqı əsnasında satıcı üçün xüsusi olaraq on min riyallıq pul təyin etmədən və sövdələşməni məhz həmin on min riyalın üzərində gerçəkləşdirmədən), sonra cibindən on min riyal pul çıxararaq satıcıya verir, yaxud nəzərində tutduğu on min riyalı ona ödəyir. Belə hallarda deyilir ki, alqı-satqının qiyməti “zimmətdə külli”dir.
Qeyd etmək lazımdır ki, qiyməti “zimmətdə külli” üsulu ilə olan sövdələşmələrdə ödənişin alqı-satqı əsnasında və məsələn, malı aldıqdan bir neçə saniyə sonra edilməsi ilə başqa bir vaxt edilməsi arasında fərq yoxdur. Həmçinin, alıcının satıcıya verəcəyi pulu öncədən öz nəzərində təyin edib-etməməsinin fərqi yoxdur.
(71) Ona vacib olan xums, aldığı mala köçürülməmişdirsə gərək malın qiymıti əvəzinə satıcıya verdiyi üs-üstə yığılan qazancından xumsunu versin. Əgər o qazanc pul şəklindədirsə və xums ödəyən zaman o pulun dəyəri fövqəladə dərəcədə məsələn 20 dəfə azalıbsa vacib ehtiyata əsasən böyük məbləğlə müsalihə olunsun.
(72) Məsələn, mallarına xüms şamil olduğunu icmal şəkildə bilən, ancaq xümsün hesablanması və miqdarının qeyd edilməsində səhlənkarlığa yol verən, yaxud mallarına şamil olan xümsün miqdarını dəqiq bilən, ancaq onu qeyd etmək və yadda saxlamaqda yol verdiyi səhlənkarlıq səbəbi ilə hazırda xüms miqdarını unudan şəxs kimi.
(73) Müsalihə - tərəflərin bir malı, yaxud mənfəəti başqasının mülkiyyətinə keçirmək və ya bir borcu, yaxud hüququ qüvvədən düşürmək (ləğv etmək) kimi işlərin icrası ilə bağlı razılığa gəlməsi. Tərc.
(74) İstifadə etmək, satmaq, icarəyə vermək, bağışlamaq və s. Tərc.
(75) “Əqd”lərdə (ikitərəfli müqavilələr, müamilələr, o cümlədən, alqı-satqı, icarə, əmanət, nikah və s.) və “iqa”larda (qəbula ehtiyacı olmayan əməliyyatlar, məsələn, təlaq, and, əhd və s.) məqsədi bəyan etmək üçün şifahi surətdə ifadə edilən xüsusi sözlərə “siğə” deyilir. Bu məsələdə xümsü verilməmiş malın sahibinin bir şəxsə formal olaraq “bu malı sənə satdım” deməsi, ancaq real olaraq onu həmin şəxsə verməməsi nəzərdə tutulur. Tərc.
(76) Haqsız yolla mənimsənilən (məsələn, qəsb edilmiş, yaxud oğurlanılmış) malın qaytarılması deməkdir. Tərc.
(77) Halal malın sahibinin. Tərc.
(78) Burada və eləcə də sonrakı məsələlərdə malın növü deyərkən onun nədən ibarət olduğu nəzərdə tutulur. Tərc.
(79) Əlbəttə, əgər haramın miqdarını bilirdisə və daha öncə bir məbləğ pul da vermişdirsə, ancaq nə qədər verdiyini bilmədiyinə görə hazırkı borc miqdarı onun üçün naməlumdursa, bu halda (ehtiyata deyil tərc.) fətvaya əsasən, daha artıq miqdarı verməlidir. Məsələn, əgər bir şəxsə yüz min tümən borcu olduğunu bilirsə, ancaq əvvəllər ondan altmış min tümən, yoxsa daha artığını qaytardığını bilmirsə, bu halda qırx min tümən qaytarmalıdır.
(80) Qiyəmi əşyalar fərdlərinin (ayrı-ayrı nümunələrinin) xüsusiyyətlərindəki fərqlər səbəbi ilə qiyməti fərqli olan şeylərdir. Məsələn, çəki və digər xüsusiyyətlərinə görə qiymətləri dəyişən inək və qoyun kimi heyvanlar bu qəbildəndir.
(81) Misli əşyalar bənzər xüsusiyyətləri nəzərə alınmaqla adətən bərabər (standart) qiyməti olan və misli, bənzəri tələb və təklif modeli üzrə müştəri cəlb edilməsinə təsir edən xüsusiyyətlər baxımından bol olan şeylərdir. Məsələn, buğda, arpa və dənli bitkilər.
(82) Burada və eləcə də sonrakı məsələdə mədən deyərkən yer altından çıxarılan faydalı qazıntı (metal külçəsi, mineral və s.) nəzərdə tutulur. Tərc.
(83) Fəqihlər arasında məşhur olan, onların əksəriyyəti tərəfindən qəbul edilən nəzərə görə. Tərc.
(84) Yəni ehtiyat tələb edir. Tərc.
(85) Əlbəttə, mədəni irsin və qədim tarixi abidələrin bir hissəsi hesab edilən olduqca qədim tarixə malik xəzinələrin mənimsənilməsinə icazə verilmir və belə xəzinələri tapanlar onları qorunması üçün əlaqədar etibarlı qurumlara təhvil verməlidirlər.
(86) Kaşalota oxşar bir balığın mədəsindən çıxarılan gözəl qoxulu maddə. Tərc.
(87) Yəni bu halda xümsün verilməsi ehtiyatın tələbidir. Tərc.
(88) Burada: xüms almaq haqqına sahib olan şəxs. Tərc.
(89) Səfər etdiyi yerdə qalan (ibn əs-səbil) seyidin ona xüms verilən yerdə yoxsul olması kafidir. (Yəni əslində, öz vətənində yoxsul olmasa da ibn əs-səbil kimi xümsdən pay ala bilər tərc.)
(90) “Vacib ən-nəfəqə” o şəxslərə deyilir ki, onların normal yaşayış xərclərini təmin etmək mükəlləfə vacibdir. Məsələn, arvad və uşaqlar. Tərc.
(91) Xüms və zəkat kimi dini vergilərdən pay almaq hüququ, müstəhəqlik. Tərc.
(92) Hər kəsin şəxsən icra etməli olduğu vacib işə “eyni vacib” deyilir. Bunun əksi olan “kifai vacib” isə bir və ya bir neçə nəfər mükəlləf tərəfindən icra edildiyi təqdirdə başqa mükəlləflərin üzərindən götürülən vacib iş deməkdir. Tərc.
(93) Əlbəttə, “ğarimin” (borclular) ilə əlaqədar şərtlərə uyğun olduğu təqdirdə onlardan hesab edilir və mal zəkatından “səhm-i ğarimin” (borcluların payı) ünvanı ilə bununla əlaqədar şərtlərə riayət etməklə ona pay vermək olar.
(94) Əri imkanı olduğu halda öhdəsinə düşən xərcləri təmin etməyən qadına xüms vermək yalnız əri (dözülməz çətinlik olmadan) sözügedən xərcləri təmin etməyə vadar etmək mümkün olmadığı halda caizdir.
(95) İnsan mallarının xümsünü dövriyyədə olan nağd pulla vermək istəyərsə, bununla əlaqədar aşağıdakı amillərdən asılı olaraq müxtəlif hökmlər vardır:
a) Xüms kimi verilən malın növü (il ərzində əldə edilən gəlir, ilin sonunda artıq qalan gəlir, xümsü verilmiş mal, xüms şamil olmayan mal, borc götürülmüş mal, yaxud xüms ili keçmiş mal olması baxımından);
b) Xümsün şamil olduğu malın növü (məunə olub-olmaması, mövcud olması, yoxsa tələf olması baxımından).
Bu hallardan hər biri ilə əlaqədar xüsusi hökm vardır. Nümunə üçün 2369-cu məsələnin misallarına müraciət etmək olar.
(96) Yəni vacib ehtiyat bundan çəkinməyi tələb edir. Tərc.
(97) Yenə də tələf olan (xarab olan, itən və s.) xümslük malı, yaxud onun dəyərinə bərabər məbləği verməlidir. Tərc.