Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild
Axtarış:
XÜMS →
← HƏCC
YAXŞI İŞƏ SÖVQ ETMƏK VƏ PİS İŞDƏN ÇƏKİNDİRMƏK

“Məruf” və “münkər”in mənası
Məsələ 2201.“Məruf” ağılın yaxşı olduğunu dərk etdiyi, yaxud müqəddəs şəriətin bizi yaxşı olması xüsusunda istiqamətləndirdiyi yaxşı iş deməkdir. “Münkər” isə ağılın pis olduğunu dərk etdiyi, yaxud müqəddəs şəriətin bizi xoşagəlməz olduğundan xəbərdar etdiyi pis və qəbahətli iş deməkdir.
Yaxşı işə sövq etmək və pis işdən çəkindirməyin vacib olmasının şərtləri
Məsələ 2202.Yaxşı işə sövq etmək və pis işdən çəkindirmək aşağıdakı şərtlər daxilində vacib olur:
1) Yaxşı iş şəriətin vacib etdiyi işlərdən, pis iş isə şəriətin haram etdiyi işlərdən olmalıdır.
2) Yaxşı işə sövq edən və pis işdən çəkindirən şəxs hərçənd icmalən də olsa məruf və münkəri tanımalıdır.
3) Yaxşı işə sövq edən və pis işdən çəkindirən şəxs hərəkətinin günahkar şəxsdə təsir qoyacağını ehtimal etməlidir.
4) Günahkar şəxsin pis işi görmək niyyəti olmalı, yaxud həmin işi görməlidir.
5) Günahkar şəxs pis iş görməkdə, yaxud vacib işi icra etməməkdə üzrlü sayılmamalıdır.
6) Yaxşı işə sövq etmək və pis işdən çəkindirmək yaxşı işə sövq edən və pis işdən çəkindirən şəxs üçün həddən ziyadə çətin, yaxud onun canına, heysiyyətinə və ya malına önəmli dərəcədə zərərli olmamalıdır.
Birinci şərt: Yaxşı iş şəriətin vacib etdiyi işlərdən, pis iş isə şəriətin haram etdiyi işlərdən olmalıdır
Məsələ 2203.Vacib bir işin icra edilmədiyi hallarda, həmçinin, haram bir iş görüldüyü hallarda yaxşı işə sövq etmək vacibdir. Yaxşı işin görülməsinin müstəhəb olduğu və pis işin görülməsinin məkruh olduğu hallarda isə yaxşı işə sövq etmək və pis işdən çəkindirmək müstəhəbdir.
Təbii ki, müstəhəb və məkruh işlər xüsusunda yaxşı işə sövq edərkən və pis işdən çəkindirərkən sövq edilən və çəkindirilən insanın şəxsiyyəti nəzərə alınmalı, incidilməməli və təhqirə məruz qalmamalıdır. Həmçinin, müstəhəb işlərə sövq edərkən və məkruh işlərdən çəkindirərkən insanın dinə və dini ayinlərə nifrət etməsinə səbəb olacaq qədər çox sərtlik nümayiş etdirilməməlidir.
İkinci şərt: Yaxşı işi və pis işi hərçənd icmalən də olsa tanımalıdır
Məsələ 2204. Yaxşı işə sövq etmək və pis işdən çəkindirmək istəyən şəxs qarşı tərəfin icra etmədiyi işin vacib işlərdən, yaxud onun gördüyü işin günahlardan olduğunu bilməlidir. Buna əsasən, yaxşı işi və pis işi tanımayan və onları bir-birindən ayırd edə bilməyən şəxsə yaxşı işə sövq etmək və pis işdən çəkindirmək vacib deyil. Hərçənd, bəzi hallarda yaxşı işə sövq etmək və pis işdən çəkindirmək üçün yaxşı işi və pis işi tanımaq bir hazırlıq tədbiri olaraq vacib olur.
Üçüncü şərt: Günahkar şəxsdə təsir qoyacağını ehtimal etməlidir
Məsələ 2205.Bir şəxs sövq etmə və çəkindirməsinin təsirsiz olduğunu bilirsə, vacib ehtiyata əsasən, günahkar şəxsin nalayiq hərəkətlərinə qarşı ikrah hissi və narahatlığını hərçənd ona təsir etməyəcəyini bilsə belə, istənilən mümkün üsulla (sözlə, rəftarla, yazı ilə və s.) izhar etməlidir.(1)
Məsələ 2206.Əgər bəzi şəxslər yaxşı işə sövq edərsə və pis işdən çəkindirərsə, ancaq cəhdləri səmərəsiz olarsa, digər bir qisim insanların isə özlərinin yaxşı işə sövq etmə və pis işdən çəkindirmə cəhdlərinin səmərəli olacağına dair məntiqli ehtimalı vardırsa, onların yaxşı işə sövq etməsi və pis işdən çəkindirməsi vacibdir.
Dördüncü şərt: Günahkar şəxsin pis işi görmək niyyəti olmalı, yaxud həmin işi görməlidir
Məsələ 2207.Bir şəxsin pis bir işi görmək və ya vacib bir işi görməmək niyyəti olarsa, yaxud pis iş görərsə və ya vacib bir işi görməzsə, onu yaxşı işə sövq etmək və pis işdən çəkindirmək vacibdir. Buna əsasən, əgər insan bir şəxsin bir günah etmək, yaxud vacib bir işi görməmək niyyəti olduğuna əmindirsə, hərçənd sözügedən şəxs ilk dəfə günah iş görmək, yaxud vacib işi görməmək niyyətinə düşmüşsə və hələ həmin günah işi görməmiş, yaxud vacib işin icrasından imtina etməmişsə belə, onu şəriətə zidd əməlin baş verməsindən öncə yaxşı işə sövq etmək və pis işdən çəkindirmək vacibdir.
Buna əsasən, yaxşı işə sövq etməyin və pis işdən çəkindirməyin vacib olmasında insanın pis işi görməyə, yaxud vacib işi görməməyə israr və davam etmək niyyətinin olması, yaxud məhz həmin vaxt günah iş görməsi şərt deyil. Bunun üçün insanın pis işi görmək, yaxud vacib işi görməməklə bağlı ciddi niyyəti olduğu məlum olarsa, kafidir. İstər həmin şəxs ilk dəfə şəriətə zidd iş görmək niyyətinə düşsün, istərsə bu onun ilk dəfəsi olmasın.
Məsələ 2208.Günahkar şəxs günahlarını təkrarlamaq niyyətində olmadığı təqdirdə onu yaxşı işə sövq etmək və pis işdən çəkindirmək vacib deyil. Hətta əgər insan günahkar şəxsin günah işlərini təkrarlamaq istəmədiyini məntiqli əsaslarla ehtimal etsə(bu xüsusda diqqətəlayiq ehtimal olsa)belə, bu halda onu yaxşı işə sövq etmək və pis işdən çəkindirmək vacib deyil. Həmçinin, əgər insan bir şəxsin pis iş görmək, yaxud vacib işi görməmək niyyətində olduğunu ehtimal edirsə, ancaq buna əmin deyilsə, bu halda da onu yaxşı işə sövq etmək və pis işdən çəkindirmək vacib deyil.
Beşinci şərt: Günahkar şəxs pis iş görməkdə, yaxud vacib işi icra etməməkdə üzrlü sayılmamalıdır
Məsələ 2209.Bir şəxs bir pis iş görürsə və həmin işin haram olmadığını, əksinə mübah olduğunu düşünürsə, yaxud bir vacib işi görmürsə və həmin işin vacib olmadığını düşünürsə, bu halda belə düşündüyünə görə şəriət baxımından üzrlü hesab edildiyi, məsələn, “mövzu” xüsusunda səhvə yol verdiyi(2), yaxud təqlid etdiyi müctəhidin fiqhi rəyinə əsasən hərəkət etdiyi təqdirdə onu yaxşı işə sövq etmək və pis işdən çəkindirmək vacib deyil.
Qeyd etmək lazımdır ki, əgər pis iş canı möhtərəm olan (yaşamaq hüququ olan, öldürülməsi haram olan) bir insanı qətlə yetirmək kimi Müqəddəs Şəriət Qanunvericisinin(3) baş verməsinə heç bir vəchlə razı olmadığı işlərdəndirsə, hərçənd bu işi görən şəxs üzrlü olsa və hətta mükəlləf olmasa belə, qarşısının alınması vacibdir.
Məsələ 2210. İnsan pis işi görən, yaxud vacib bir işi görməyən şəxsin bu xüsusda şəriət baxımından üzrlü olduğunu ehtimal edirsə, zahiri əlamətlər onun pis işi görməkdə, yaxud yaxşı işi görməməkdə üzrlü sayılmadığını göstərdiyi təqdirdə yaxşı işə sövq etmək və pis işdən çəkindirmək digər şərtlərinə də riayət etməklə vacibdir. Ancaq əgər buna dair bir zahiri əlamət mövcud deyilsə, yaxud onun pis işi görməkdə, yaxud vacib işi görməməkdə üzrlü sayıldığına dair zahiri əlamət vardırsa, bu halda onu yaxşı işə sövq etmək və pis işdən çəkindirmək vacib deyil.(4)
Altıncı şərt: Yaxşı işə sövq etmək və pis işdən çəkindirmək yaxşı işə sövq edən və pis işdən çəkindirən şəxs üçün həddən ziyadə çətin, yaxud onun canına, heysiyyətinə və ya malına önəmli dərəcədə zərərli olmamalıdır
Məsələ 2211.Yaxşı işə sövq edən və pis işdən çəkindirən şəxsin, yaxud digər müsəlmanların canı, heysiyyəti və ya malı üçün ciddi bir təhlükə olduğu, yaxud onların dözülməz çətinliyə düşməsinə səbəb olacağı təqdirdə yaxşı işə sövq etmək və pis işdən çəkindirmək vacib deyil. Yalnız yaxşı və pis iş Müqəddəs Şəriət Qanunvericisinin nəzərində zərərlərə və çətinliklərə dözməyi vacib edəcək qədər mühüm olarsa, bu hal istisnadır. Ümumiyyətlə, bu cür hallarda insana və digər müsəlmanlara dəyə biləcək zərərə, yaxud həmin əməlin (görülməyən yaxşı işin, yaxud görülən pis işin) yaxşılığı və pisliyi ehtimal faizi və həmin vəziyyətdəki əhəmiyyəti baxımından müqayisə edilməlidir və bəzi hallarda zərərə məruz qalma təhlükəsi olduğu təqdirdə belə yaxşı işə sövq etmək və pis işdən çəkindirmək vəzifəsi insanın üzərindən götürülmür.
Yaxşı işə sövq etmək və pis işdən çəkindirməyin mərhələləri
Məsələ 2212.Yaxşı işə sövq etmək və pis işdən çəkindirməyin bir neçə mərhələsi vardır:
1) Yaxşı işi icra etmədiyinə, yaxud pis bir iş gördüyünə görə günahkar şəxsə qaşqabaq tökmək, ondan üz çevirmək, onunla danışmamaq, yaxud onunla gediş-gəlişdən və ünsiyyətdən imtina etmək kimi hərəkətlərlə daxili ikrah və narahatçılığın izhar edilməsi.
2) Nəsihət və istiqamətləndirmə, yaxşı işin savabını və pis işin cəzasını bəyan etmə surəti ilə şifahi xatırlatma, yaxud günahdan xali olan kobud sözlərlə olsa belə, yalan hesab edilməyəcək şəkildə təhdid etmə və qorxutma.
3) Döymək, sıxmaq, həbs etmək və bu qəbildən olan əməli tədbirlər. Lakin hər hansı bir üzvün qırılmasına (sınmasına, zədələnməsinə), itirilməsinə, yaxud yaralanmaya və s. səbəb olacaq həddə çatmamalıdır. Başqa sözlə, əməli tədbirlər diyə, yaxud qisasa səbəb olacaq şəkildə həyata keçirilməməlidir.
Məsələ 2213.Yaxşı işə sövq etmək və pis işdən çəkindirməyin birinci və ikinci mərhələləri eyni dərəcədə olduğuna görə yaxşı işə sövq edən, yaxud pis işdən çəkindirən şəxs ilk növbədə birinci, yaxud ikinci mərhələnin əziyyəti daha az və təsiri daha çox olan tədbirini seçməlidir. Bəzən isə hər iki mərhələni eyni zamanda həyata keçirməlidir və birinci və ikinci mərhələlər təsirli olduqca üçüncü mərhələyə keçmək olmaz. Ancaq əgər birinci və ikinci mərhələlər təsirli olmazsa, növbə üçüncü mərhələyə çatır və ona uyğun hərəkət etməlidir. Vacib ehtiyata əsasən, üçüncü mərhələni (əməli tədbirləri) seçərkən şəriət hakimindən icazə almalıdır.
Qeyd etmək lazımdır ki, üç mərhələnin hər birinin ağırlıq etibarilə müxtəlif dərəcələri vardır və bu üç mərhələdən hər birində həmin mərhələnin dərəcələri arasında ardıcıllığa riayət etmək lazımdır. İnsan hər bir mərhələdə öncə qarşı tərəfə əziyyəti daha az olan, daha az incidən və daha təsirli olan dərəcəni (tədbiri) seçməli, nəticə almazsa, daha ağır dərəcələrə (tədbirlərə) keçməlidir. Buna əsasən, insanı onun narahat olması, yaxud ona qarşı hörmətsizliklə nəticələnməyəcək şəkildə yaxşı işə sövq etmək və pis işdən çəkindirmək mümkündürsə və təsirli də olacaqsa, onun narahat olmasına, yaxud ona qarşı hörmətsizliyə səbəb olan bir dərəcədən (tədbirdən) istifadə edilməməlidir.
Məsələ 2214. Qeyd edildiyi kimi yaxşı işə sövq etmək və pis işdən çəkindirmək, bir cinayət və pis işin qarşısını almaq üçün bədənin (dərinin) qızarması, göyərməsi, yaxud qaralması, yaralanma, bir üzvün qırılması (sınması), kəsilməsi, yaxud itirilməsi, qətl və s. nəticələnəcək bir hərəkətə yol vermək olmaz. Hətta həmin pis işin qarşısını almaq üçün başqa bir yol olmasa belə, bu yolverilməzdir və insan belə hərəkətlərə yol verdiyi təqdirdə onun nəticələrinə görə məsuliyyət daşıyır. Bu hərəkət qəsdən edildiyi təqdirdə ona qəsdən həyata keçirilən cinayətlərlə əlaqədar hökmlər, səhvən baş verdiyi təqdirdə isə səhvən həyata keçirilən cinayətlərlə əlaqədar hökmlər şamil olunur. İstisna olaraq bir insanın işlədiyi cinayət və gördüyü pis işin bədənin (dərinin) qızarması, qaralması və qeyd edilən digər hallarla müqayisədə daha önəmli fəsadları olduğu halda İmam (ə), yaxud onun naibi tərəfindən icazə verilmiş şəxs, yaxud şəxslər bu tədbirləri həyata keçirə bilər və bu halda həmin şəxs (şəxslər) onlara verilmiş icazə çərçivəsində etdiyi hərəkətlərə görə məsuliyyətə cəlb edilmir.
Yaxşı işə sövq etmək və pis işdən çəkindirməklə əlaqədar digər hökmlər
Məsələ 2215.Allahın vacib və haram buyurduğu işlər xüsusunda yaxşı işə sövq etmək və pis işdən çəkindirmək lazımi zəmin (şərtlər) mövcud olduğu halda “kifayi vacib”dir. Əlbəttə, cəmiyyətin bütün üzvləri bir haram işin icra edildiyini, yaxud bir vacib işin icra edilmədiyini gördükdə buna biganə qalmamalı, öz ikrah və narahatlıq hisslərini sözlə, yaxud davranışla və bu qəbildən olan hərəkətlərlə izhar etməlidir və bu qədəri bütün mükəlləflər üçün “eyni vacib”dir.(5) Hərçənd, insan yaxşı işə sövq etmə və pis işdən çəkindirmə təşəbbüsünün səmərəli olacağını ehtimal etmədiyi hallarda vacib işin icra edilmədiyinə, yaxud haram iş görüldüyünə görə narahatlıq və ikrah hissini izhar etməsi ehtiyata əsasən vacibdir.
Məsələ 2216. Yaxşı işə sövq etmək və pis işdən çəkindirməkdə Allaha yaxınlaşma niyyətinin olması vacib deyil, hədəf vacib işin icrasını təmin etmək və haram işin icrasının qarşısını almaq olmalıdır. Şübhəsiz, Allaha yaxınlaşma niyyəti ilahi savab və axirət mükafatları qazandırır.
Məsələ 2217. Yaxşı işə sövq etmək və pis işdən çəkindirməyin vacibliyi cəmiyyətin müəyyən bir zümrəsi ilə məhdudlaşmır, əksinə şərtləri mövcud olduğu təqdirdə həm alimlərə, həm də digər şəxslərə, həm adil, həm də fasiq (günahkar), həm zəngin, həm də yoxsul şəxslərə, dövlət məmurlarına və digər insanlara vacibdir.
Məsələ 2218.Hər bir mükəlləfin öz ailə üzvləri və yaxınlarını yaxşı işə sövq etməsi və pis işdən çəkindirməsi daha böyük əhəmiyyətə malikdir. Buna əsasən, əgər insanın ailə üzvləri, yaxud yaxınları arasında namaz, oruc, xüms, hicab kimi dini vacibata qarşı diqqətsiz olan və yüngül yanaşan, yaxud sələmçilik, qeybət, yalan, qina və eyş-işrət məzmunlu musiqiyə qulaq asmaq kimi haramlara qarşı laqeyd və qorxusuz olan bir şəxs vardırsa, daha artıq əhəmiyyət verərək (yaxşı işə sövq etmək və pis işdən çəkindirməyin üç mərhələsinə riayət etməklə) onun haram əməllərinin qarşısı almalı, onu vacib işləri görməyə və haram işlər görməməyə çağırmalıdır.
Məsələ 2219.Əgər bir insanın atası, yaxud anası haram bir iş görərsə, yaxud vacib bir işi görməzsə, övladın onları mülayim söz və rəftardan başqa bir üsulla yaxşı işə sövq etməsi və pis işdən çəkindirməsi “məhəll-i işkal”dır və bu halda ehtiyata riayət etmək lazımdır. Buna əsasən, vacib ehtiyatın tələbi budur ki, övlad mülayimliklə valideynlərini yaxşı işə sövq etməli, pis işdən çəkindirməli və heç vaxt onlarla kobud davranmamalı, onlara kobud sözlər söyləməməlidir.(6)
Məsələ 2220.Həddi-büluğa çatmayan uşağı döymək olmaz. Yalnız aşağıdakı şərtlərin hamısının nəzərə alındığı hal istisnadır:
1) Uşaq haram bir iş görməli, yaxud başqalarının əziyyətə düşməsinə və ya zərər çəkməsinə səbəb olmalıdır.
2) Bu işi uşağın şəri vəlisi (qəyyumu), yaxud onun icazə verdiyi bir şəxs görməlidir.
3) Onu ürəyin soyuması üçün deyil, ədəbləndirmək və tərbiyə məqsədi vurmaq lazımdır.
4) Onu üç dəfədən artıq vurmamaq lazımdır.
5) Uşaq bədəni (dərisi) qızaracaq şəkildə deyil, əksinə astaca və yüngül vurulmalıdır.
6) Onu ədəbləndirməyin, tərbiyə etməyin yeganə yolu döymək olmalıdır.
Buna əsasən, sadalanan şərtlər nəzərə alınmaqla şəri vəlisindən icazə aldıqları hal istisna olmaqla həddi-büluğa çatmayan uşağın anasının, bacısının və müəlliminin onu vurmağa haqqı yoxdur.
Həmçinin, əgər döymək həddi-büluğa çatmayan uşağın bədəninin qızarmasına, göyərməsinə, yaxud qaralmasına səbəb olarsa, diyə verilməlidir və bu diyənin miqdarı “Diyələrlə əlaqədar hökmlər” fəslində bəyan ediləcəkdir.
Məsələ 2221.Məlumatsız şəxsi“mövzular”la(7) bağlı məlumatlandırmağa gərək yoxdur və mövzu ilə əlaqədar məlumatı olmayan insanı məlumatlandırmaq vacib deyil. Yalnız Müqəddəs Şəriət Qanunvercisinin həmin işin hətta mövzunu bilməyən şəxs tərəfindən belə icra edilməsinə narazılığının məlum olduğu hal istisnadır. Məsələn, qətlə yetirilməsi haram olan bir şəxsi qətli caiz olan şəxslə səhv salmaq bu qəbildən olan hallardandır.
Məsələ 2222. Əgər bir şəxs şəri hökmü bilməsə və şəri məsələni bilməməsi səbəbi ilə hansısa bir vacibi tərk etsə və ya harama düçar olsa - cahil (məlumətsız) şəxs (şəri hökmü) öyrənmək ardınca və həmçinin, ona təsir etmə ehtimalı olduğu təqdirdə - ona yol göstərmək və şəri məsələni ona öyrətmək vacibdir. (Öyrətməkdə) həddən artiq və dözülməsi mümkün olmayan çətinlik və ya nəzərə çarpacaq bir zərərin olması halı istisnadır. Beləliklə, kişinin qızıl üzükdən istifadə etməsinin, yaxud eyş-işrət məzmunlu və qina musiqiyə qulaq asmağın haram, yaxud da, naməhram yanında qadının ayağın (topuqdan) yuxarı hissəsini örtməsinin vacib olmasını bilməyən və şəri hökmə nisbətdə məlumatsız olması və qarşılaşdığı məsələlərin hökmünü bilməməsi səbəbilə onlara (həmin məsələlərə) riayət etməyən bir şəxsə yuxarıda qeyd olunan şərtlar daxilində yol göstərmək (məlumatlandırmaq) vacibdir.
Günahlara tövbə
Məsələ 2223.Günahlara tövbə etmək ən mühüm və ən vacib işlərdəndir. Tövbənin mahiyyəti günahlardan peşman olmaqdır və bu, qəlblə bağlı məsələlərdəndir. Sadəcə “əstəğfirullah” demək tövbə üçün kifayət etmir və tövbədə günaha görə peşman olmaq lazımdır. Günah səbəbi ilə ciddi peşmançılıq duyğusu hasil olduqda “əstəğfirullah” demək vacib deyil. Bununla belə, istiğfar zikrinin deyilməsi müstəhəb ehtiyata uyğundur. Tövbənin şəri nəticələrinin olması üçün iki şey tələb edilir:
a) İnsan günahı bir daha təkrarlamaqla bağlı ciddi qərar qəbul etməlidir.
b) Pozduğu şeyləri mümkün olduğu təqdirdə şəriətin göstərişinə müvafiq qaydada düzəltməlidir.
Günahların bir qismi ilə tanışlıq
Məsələ 2224.İslam şəriətində günah və haram sayılan işlərdən bəziləri aşağıdakılardan ibarətdir:
1) uca Allaha şərik qoşmaq və kafir olmaq (şirk və küfr); 2) uca Allahın rəhmətindən ümidi üzmək; 3) günahkar insanın uca Allahın əzab və cəzasından amanda olduğunu düşünməsi; 4) uca Allahın nazil etdiklərini inkar etmək; 5) uca Allahın nazil etdiklərindən başqa bir şey əsasında hökm etmək; 6) uca Allahın dostları (sevimli bəndələri) ilə savaşmaq və yer üzündə fəsad törətmək; 7) məscidlərdə uca Allahın zikrinə mane olmaq və məscidləri dağıtmaq; 8) müsəlmanlarla kafirlər arasındakı müharibədən qaçmaq; 9) insanları uca Allahın yolundan azdırmaq; 10) intihar etmək, yaxud bədənə hər hansı bir üzvün itirilməsi kimi əsaslı bir xəsarət yetirmək; 11) müsəlmanı, yaxud öldürülməsi haram olan bir insanı qətlə yetirmək, həmçinin, vurmaq, yaralamaq və bu qəbildən olan hərəkətlərlə ona təcavüz etmək; 12) abort; 13) yalan; 14) uca Allaha yalandan and içmək; 15) məlumatsız və mötəbər dəlil olmadan danışmaq; 16) nahaq şahidlik; 17) həqiqətin izhar edilməli olduğu bir yerdə onu gizlədərək şahidlikdən imtina etmək; 18) namaz, oruc, həcc və Allahın vacib buyurduğu digər əməlləri qəsdən icra etməmək; 19) vacib zəkat və xümsü verməmək; 20) itaət və ibadətlərdə riyakarlıq; 21) valideynin üzünə ağ olmaq (ata-anaya əziyyət etmək, onlarla pis rəftar etmək və onlara qarşı edilməsi vacib olan yaxşılığı etməmək); 22) qohumlarla əlaqəni kəsmək; 23) haram eyş-işrətlə məşğul olmaq, məsələn, qina və eyş-işrət musiqisinə qulaq asmaq; 24) qumar oynamaq; 25) zalımlarla əməkdaşlıq və onların təklif etdiyi vəzifəni qəbul etmək (yalnız həmin işin özlüyündə şəriətə uyğun olduğu və həmin vəzifəni qəbul etməyin müsəlmanların mənafeyinə olduğu hal istisnadır); 26) şəri əhd, nəzir və andı pozmaq; 27) hətta müsəlman olmayan insanlarla belə bağlanmış əhd-peymanı pozmaq, xəyanət etmək; 28) bədxərclik (pulu səmərəsiz, mənasız yerə xərcləmək və nalayiq işlərə sərf etmək); 29) israf (pulu artıq və lazımsız yerə xərcləmək); 30) şərab, pivə və digər məstedici içkiləri içmək; 31) sehr; 32) ləvat (kişilər arasında homoseksual cinsi əlaqə); 33) zina; 34) şəri bəyyinə (şahidlik) olmadan bir şəxsi zinakarlıqda ittiham etmək; 35) kişi ilə qadın arasında zinaya, yaxud iki kişi arasında ləvata vasitəçilik etmək; 36) masturbasiya və ər-arvad arasındakı cinsi həzz alma hərəkətləri istisna olmaqla digər üsullarla cinsi həzzə nail olmağa çalışmaq; 37) borc, yaxud ticarətdə sələmçilik, borcun gec ödənilməsinə görə gecikmə cəriməsi almaq, həmçinin, sələmli əqdlərin, müamilələrin və borcların həyata keçirilməsi, qeydiyyatı və bunlara şahidlik; 38) haramxorluq, məsələn, spirtli içkilərdən əldə edilən gəlirlə dolanmaq, zinakar qadının zina müqabilində aldığı ödənclə dolanması, qina qismindən olan musiqilərin ifası ilə məşğul olan müğənninin bu yolla əldə etdiyi qazancla dolanması və s.); 39) qazinin hökm çıxarmaq üçün rüşvət alması; 40) oğurluq; 41) zülm və haqsızlıq yolu ilə yetimin malını məsrəf etmək; 42) özünün razılığı olmadan başqa bir şəxsin malını mənimsəmək və məsrəf etmək; 43) ticarət əməliyyatlarında fırıldaqçılıq; 44) tərəzidə aldatmaq (alqı-satqıda satılan malı razılaşdırılandan əskik miqdarda vermək); 45) donuz, habelə əti haram və murdar olan heyvanların ətini yemək; 46) möminlər arasında əxlaqsızlıq və günahın yayılmasına rəvac vermək; 47) möminlər arasında təfriqəyə səbəb olan dedi-qodu, intriqa; 48) vacib ehtiyata əsasən, bir müsəlmanla üç gündən artıq küsülü qalmaq;(8) 49) vacib ehtiyata əsasən, vədəxilaflıq; 50) əlamətləri söz, yaxud hərəkətlərlə izhar edilən həsəd (əlaməti izhar edilmədiyi təqdirdə əxlaqi rəzilliklərdən və xoşagəlməz xislətlərdən biri hesab edilsə də, haram sayılmır); 51) mömini söymək, ünvanına nalayiq sözlər sərf etmək və onu lənətləmək; 52) mömini təhqir etmək və alçaltmaq; 53) möminin sirlərini ifşa etmək; 54) möminin aşkarda edilməyən, gizli günahlarından agah olmaq üçün casusluq etmək; 55) müsəlmanın canına, yaxud malına zərər yetirmək və ya heysiyyətin xələl gətirən bir iş görmək; 56) möminə töhmət vurmaq; 57) qeybət etmək; 58) hicrətdən sonra təərrüb (köçdən sonra qayıdış).
“Hicrətdən sonra təərrüb” deyərkən yaşadığımız dövrdə insanın dini maarifi, şəriət hökmlərini öyrənə, ilahi vacibatı yerinə yetirə və ilahi haramlardan çəkinə bildiyi müsəlman ölkəsini, yaxud başqa bir ölkəni, yaxud şəhəri tərk edərək başqa bir ölkə, yaxud şəhərə köçməsi və orada məskunlaşması nəticəsində imanının azalması, yəni haqq inanclara inam və etiqadının zəifləməsi, yaxud İslam şəriətində əmr edilən bəzi vacib işləri görə bilməməsi və qadağan edilən bəzi günahlardan uzaq dura bilməməsi nəzərdə tutulur. Buna əsasən, qeyri-müsəlman ölkəsinə gedən müsəlman əgər həmin ölkədə qalmasının onun özünün, yaxud ailə üzvlərinin, övladlarının imanının azalması ilə nəticələnəcəyini bilirsə, öz vətəninə qayıtmalıdır. Yalnız İslam diyarı olan öz yurduna qayıtması onu ölüm təhlükəsi, yaxud dözülməz olan qeyri-adi bir çətinliklə qarşı-qarşıya qoyacaqsa və ya qarşısı alınmaz ölüm təhlükəsindən qorunmaq üçün murdar (nəcis sayılan ölü heyvanın ətindən) yeməyi caiz edən bir zərurət kimi təklifi (şəriətin tələbini) qüvvədən düşürən zəruri hallarla qarşılaşarsa, istisna olaraq vətəninə qayıtması lazım deyil. Sonuncu halda zəruri olan miqdarla kifayətlənmək lazımdır və bu miqdardan artıq yemək caiz deyil.
Bəzi günahlar, pis və yaxşı işlərlə əlaqədar hökmlərlə ətraflı tanışlıq
Bu hissədə bəzi günah və pis əməllər, həmçinin, bəzi vacib və yaxşı əməllərlə əlaqədar bir çox hökmlər bəyan ediləcəkdir:
Qina və musiqi
Məsələ 2225. Qina haramdır. Qina eyş-işrət(9) əhli arasında yayılmış üslublar, tonlar və avazlarla istər şeir (nəzm), istərsə nəsr şəklində oxunan mənasız sözlərdən ibarətdir və bu xüsusda şən qina ilə hüznlü qina arasında heç bir fərq yoxdur.
Qeyd etmək lazımdır ki, qinanı, hansı səsin(mahnının) eyş-işrət əhli arasında yayıldığını, hansının bu qəbildən olmadığını ayırd etməyin meyarı ürf, yəni cəmiyyətdir. Məsələn, bir mahnının ifası zamanı səs boğazda dəyişdirilir və uzadılırsa və həmin mahnı eyş-işrət məclislərinə uyğundursa, haramdır.
Məsələ 2226.Məzmunu və sözləri mənasız, eyş-işrət tərzində olmayan, ancaq ifa üslubu mənasız yığıncaqlara, eyş-işrət məclislərinə uyğun olan səslər:
a) Quran qiraəti, dua və zikr oxunuşu olduğu təqdirdə bu deyilənlərin qina tonu (intonasiyası) ilə oxunması haramdır;
b) Şeir, yaxud nəsr olmasından asılı olmayaraq, qəsidə, İslami dəyərlərə uyğun qəzəl, mədhiyyə, mərsiyə, aforizmlər kimi eyş-işrət tərzi ilə oxunan digər sözlər (Quran, dua və zikr istisna olmaqla) olduğu təqdirdə, vacib ehtiyata əsasən, bu qaydada oxunuş, ifa caiz deyil.
Buna əsasən, batil (mənasız və həqiqətə uyğun olmayan) məzmun və mətni olmayan, ifa üslubu da eyş-işrət tərzində olmayan bir mahnının (oxunulmasının və dinlənilməsinin) eybi yoxdur.
Məsələ 2227. Qinaya qulaq asmaq haramdır. Qina müqabilində muzd(10) almaq da haramdır və alan şəxs həmin muzdun sahibi olmur. Həmçinin, qinanın öyrənilməsi və öyrədilməsi də caiz deyil.
Məsələ 2228.Musiqi humanitar fənlərdən biridir və burada musiqi deyərkən musiqi üçün nəzərdə tutulmuş xüsusi alətlərdə ifa nəticəsində yaranan səslər nəzərdə tutulur. Musiqi şəriətin hökmü baxımından iki qisimə bölünür:
a) Halal musiqi - eyş-işrət məclislərinə uyğun olmayan musiqidir. Məsələn, ürfdə (insanların nəzərində) həmin məclislərə uyğun hesab edilməyən hərbi marş, əzadarlıq mərasimlərində təbil və sinc çalmaq bu qəbildəndir.
b) Haram musiqi - eyş-işrət məclislərinə uyğun olan, yəni dinləyicisinin (xüsusən, bu məsələlərdən agah olduğu zaman) eyş-işrət məclislərində ifa olunduğunu ayırd etdiyi musiqidir.(11)
Qeyd etmək lazımdır ki, bu mövzunun (insanın dinlədiyi musiqinin eyş-işrət məclislərinə uyğun olub-olmamasının) ayırd edilməsi mükəlləfin öz öhdəsinə və ürfə buraxılmışdır və ürf onun bir çox məqamlarını ayırd edir. Bu hökmdə İran musiqisi ilə digər xalqların musiqiləri, ənənəvi musiqi ilə digər janrlar, klassik musiqi ilə digər musiqilər arasında heç bir fərq yoxdur.
Haram musiqiyə qulaq asmaq haramdır.(12)
Məsələ 2229. Eyş-işrət məclisi deyərkən ehtiras və kef üçün təşkil olunan bir məclis nəzərdə tutulur. Hərçənd, bu məclisdəki kef şərab içmək, qadınlarla kişilərin şəriətə uyğun olmayan qaydada qaynayıb-qarışması kimi haram işlərlə müşayiət edilməsə belə, eyş-işrət məclisi sayılır. Beləliklə, bu növ məclislərə uyğun olan musiqini çalmaq və dinləmək hərçənd adi məclisdə çalınsa, yaxud fərdi şəkildə dinlənilsə belə, haramdır.
Məsələ 2230.Eyş-işrət musiqisini çalmaq və dinləmək caiz deyil. Haram musiqi üçün muzd almaq da haramdır və alan şəxs həmin muzdun sahibi olmur. Habelə, onun öyrənilməsi və öyrədilməsi də haramdır.
Məsələ 2231.İnsan bir mahnının qina olub-olmaması, yaxud bir musiqinin eyş-işrət musiqisi olub-olmaması xüsusunda şəkkə düşərsə, qina, eyş-işrət və eyş-işrət musiqisi anlayışlarının tərifini bilən şəxs üçün ona qulaq asmaq haram deyil, ancaq ehtiyata ziddir.
Məsələ 2232.Musiqinin haram olmasının meyarı onun eyş-işrət məclisinə uyğun olmasıdır. Buna əsasən, əgər bir şəxs: “Bu növ musiqi məndə xüsusi bir hal yaradır”, - deyərsə, yaxud: “Mənə təsir etmir”, - deyərsə, onun bu sözü musiqinin haram, yaxud halal olmasının meyarı sayılmır. Əlbəttə, bəzən insanda müəyyən bir halın yaranması musiqinin eyş-işrət musiqisinə uyğun olduğunu göstərir. Ancaq bu həmişə belə deyil.
Məsələ 2233.Qina və eyş-işrət məclislərinə uyğun musiqiyə qulaq asmaq haramdır.(13) Ancaq əgər insan haram musiqi, yaxud qinaya qulaq asmazsa, lakin həmin səsi eşidərsə, günah etmiş sayılmır. Buna əsasən, haram musiqi, yaxud qina səsini eşitmək öz-özlüyündə haram deyil və insanın özünü həmin səsə qulaq asmaqdan çəkindirməsi üçün kitab oxumaq, yaxud zikr etmək kimi başqa bir işlə məşğul olmaq lazım gələrsə, bu işi görməlidir, həmçinin, gərəkli zəmin (şərtlər) mövcud olduğu halda yaxşı işə sövq etmək və pis işdən çəkindirmək vəzifəsinin icrası da vacibdir.
Məsələ 2234.Eyş-işrət məclislərinə münasib bir musiqinin yayımlanması mümkün olan və günah yığıncağı hesab edilməyən avtobuslar, parklar, bazarlar, dəmiryol vağzalı, restoranlar və ictimai yerlərə gediş-gəliş caizdir. Lakin qəsdən qulaq asmaqdan çəkinmək lazımdır və əgər insan musiqi səsini qeyri-ixtiyari surətdə eşidərsə, eybi yoxdur.
Məsələ 2235. Eyş-işrət musiqisinin öyrədilməsi və öyrənilməsi, eyş-işrət musiqisi ifa edən çalğıçıları təşviq etmək və onların fəaliyyətini yüksək qiymətləndirmək caiz deyil və batil işə rəvac vermək sayılır.
Məsələ 2236. Eyş-işrət musiqisi, yaxud qina qismindən olan mahnıların yazıldığı kasetlərin alınması, satılması, istehsalı, çoxaldılması və onların köçürülərək çoxaldılması üçün pul almaq caiz deyil.
Məsələ 2237. Xüsusi haram musiqi alətlərinin alqı-satqısı haramdır və xüsusi haram musiqi alətlərinin ayırd edilməsində meyar insanların nəzəridir. Buna əsasən, istehsal keyfiyyəti etibarilə adətən insanların nəzərincə haram musiqilərdə istifadə edilmək üçün lazım olan və istifadə edilən bir alət xüsusi haram musiqi alətlərindən hesab edilir.
Məsələ 2238. Qaval (dəf) eyş-işrət alətlərindəndir və toy və digər məclislərdə istər halqalı, istər halqasız qaval çalmaq caiz deyil. Toy və digər məclislərdə sini, qazan, teşt kimi eyş-işrət aləti olmayan əşyaları döyəcləməyə gəlincə, əgər bu adi qaydada edilərsə, öz-özlüyündə caizdir. Ancaq əgər döyəcləmə qina və haram musiqi məclislərinə münasib bir tərzdə (ritmlə) olarsa, vacib ehtiyat bundan çəkinməyi tələb edir.
Məsələ 2239.Uşaqların oynaması və onları sakitləşdirmək üçün nəzərdə tutulmuş musiqi alətlərindən çıxan musiqi eyş-işrət məclislərinə münasib musiqi olarsa, onların alqı-satqısı caiz deyil və həddi-büluğa çatmış, mükəlləf insanlar həmin alətlərdən eyş-işrət musiqisi çalmaq üçün istifadə edə, yaxud o alətlərdə ifa edilən eyş-işrət musiqisinə qulaq asa bilməzlər. Vacib ehtiyata əsasən, həddi-büluğa çatmayan uşağın vəlisi (valideyni, yaxud qəyyumu) onu qina və eyş-işrət musiqisinə qulaq asmaqdan çəkindirməlidir.
Rəqs
Məsələ 2240.Hərçənd eyş-işrət musiqisi çalmaq, yaxud yayımlamaq və ya qadınlarla kişilərin şəriətə uyğun olmayan qaydada qaynayıb-qarışması kimi hallarla müşayiət edilməsə belə, qadının naməhrəm kişinin qarşısında rəqs etməsi, həmçinin, kişinin naməhrəm qadının qarşısında rəqs etməsi haramdır,qadınların qadınlar üçün, yaxud kişilərin kişilər üçün, həmçinin, qadının məhrəm kişinin qarşısında və eləcə də kişinin məhrəm qadının qarşısında rəqs etməsi isə “məhəll-i işkal”dır, yəni vacib ehtiyat belə vəziyyətlərdə rəqs etməməyi tələb edir. Təklikdə, başqa bir şəxsin olmadığı yerdə qadının əri üçün və habelə kişinin arvadı üçün rəqs etməsi caizdir.
Heykəl və rəsm
Məsələ 2241.Təsvirlər üç qismə bölünür:
a) Gül, kol və ağac kimi ruhsuz varlıqların rəsmini (hətta qabarıq şəkildə belə) çəkməyin və eləcə də heykəlini hazırlamağın eybi yoxdur.
b) Ruhu olan varlıqların təsviri, məsələn, insan və heyvan rəsmi, kompyuter qrafikası ilə yaradılmış şəkil qabarıq olmazsa, eybi yoxdur. Dövrümüzdə geniş yayılmış fotoşəkillər və televiziya təsvirlərinə də eyni hökm şamildir.
c) Ruhu olan varlıqların təsviri mücəssəm və qabarıq olarsa (insan və heyvan heykəli kimi), təsvir bütöv olduğu, yaxud ona bütöv hökmü şamil olunduğu(14) və ya vacib ehtiyata əsasən, ruhu olan varlığın naqis təsviri(15) hesab edildiyi təqdirdə onun yaradılması və bunun müqabilində qonorar almaq, lazım ehtiyata əsasən, haramdır. Lakin belə əsərlərin alqı-satqısının (öz-özlüyündə və digər vəziyyətlər nəzərə alınmadan) eybi yoxdur və onları evdə saxlamaq hərçənd məkruh olsa da caizdir. Belə bir əsərin yaradılmasının haram olması məsələsində onun hazırlanmasında istifadə edilən materialın daş, taxta, metal, plastik, gəc, parça və s. olmasının heç bir fərqi yoxdur.
Məsələ 2242.Uşaqlar üçün oyuncaq gəlinciklərin, yaxud marionetlərin istehsalı, heyvan şəkillərinin yapma naxışla işlənməsi, geyimlərin nümayişi üçün istifadə edilən manekenlərin, heyvan şəklində olan telefon, televizor və s. əşya altlıqlarına heykəl hökmü şamil olunur.
Məsələ 2243.İnsan və heyvan kimi ruhu olan varlıqların təsvirlərinin parça və bənzər materialların üzərinə bir qədər qabarıq şəkildə naxışlanmasında əgər qabarıqlıq önəmsiz dərəcədə olarsa, eybi yoxdur, əks təqdirdə heykəl hökmü şamil olunur. Qeyd etmək lazımdır ki, mirvari işləmələrə də heykəl hökmü şamil olunur.
Məsələ 2244. Heykəlin başını bir şəxs, yaxud emalatxana, bədənini isə başqa bir şəxs, yaxud emalatxana hazırladığı və başı bədənə üçüncü şəxslər, yaxud bədəni hazırlayan ikinci şəxs, yaxud emalatxana birləşdirdiyi təqdirdə heykəlin bədəninin hazırlanması (ruhu olan varlığın yarımçıq təsviri anlayışı bu vəziyyətə şamil olunur), lazım ehtiyata əsasən, haramdır və başı bədənə bitişdirmək, lazım ehtiyata əsasən, caiz deyil. Lakin təkcə başın hazırlanmasının eybi yoxdur.
Məsələ 2245. İnsanların karikaturasını çəkmək möminə qarşı hörmətsizlik və həqarət sayıldığı təqdirdə, hərçənd onun özü buna razı olsa belə, caiz deyil. Ancaq əgər müasir ürfdə hörmətsizlik və həqarət hesab edilmirsə, eybi yoxdur.
Saqqalı qırxmaq
Məsələ 2246.Saqqalı qırxmaq, yaxud qırxmaq kimi olduğu təqdirdə maşınlamaq, vacib ehtiyata əsasən, caiz deyil.
Məsələ 2247.Əgər insan çənə hissəsindəki tükləri saxlayar və saqqalının qalan hissəsini qırxarsa, yenə də bu iş, vacib ehtiyata əsasən, caiz deyil. Lakin yanaqların üzərində çıxan tükləri qırxmağın eybi yoxdur. Bu şərtlə ki, çənə nahiyəsində və yanaqların alt hissəsindəalt çənə sümüyünün üzərində onun hər iki tərəfində çənədən qulaqların bərabərinədək (alt çənə sümüyünün sonunadək) bitən tüklərdən bir barmaq buğumu uzunluğunda yeri qırxmamaq, saxlamaq lazımdır. Belə ki, ürfən (insanların nəzərində) həmin şəxs saqqallı sayılmalıdır.
Məsələ 2248. Saqqalı qırxmağın haram olmasının meyarı söhbət əsnasında insanı görən şəxslərin onun barəsində “saqqalı yoxdur” deməsidir.
Məsələ 2249.Saqqalın hansı vasitə ilə, elektrikli, yaxud əl maşını, ülgüc, saqqal məcunu və ya digər kimyəvi maddələrin köməyi ilə qırxılmasının fərqi yoxdur və istənilən halda, vacib ehtiyata əsasən, caiz deyil.
Məsələ 2250.Bərbər, vacib ehtiyata əsasən, saqqalı qırxmaq müqabilində verilən pulun sahibi olmur.
Məsələ 2251.İnsanın saqqalını qırxmağa məcbur edildiyi və çıxış yolu olmadığı, yaxud zəruri müalicə üçün və bu qəbildən olan səbəblərlə saqqalını qırxmağa məcbur olduğu və ya saqqalın qırxılmaması zərər, yaxud dözülməz olan həddən ziyadə çətinlik törətdiyi hallarda saqqalı qırxmaq caizdir.
Məsələ 2252.Dodağın yuxarısındakı tüklərin (bığın) qısaldılmasının, yaxud qırxılmasının eybi yoxdur, əksinə müstəhəbdir, yuxarı dodağın üstünə düşəcək şəkildə uzadılması da haram deyil, ancaq özlüyündə məkruhdur.
Mərcləşmə və qumar
Məsələ 2253.Yarışlarda, oyunlarda və udma, uduzma və rəqabətin mövcud olduğu digər xüsuslarda iki, yaxud daha artıq tərəfin mərcləşməsi haramdır.
Mərcləşmə deyərkən qalib gələnin uduzandan hər hansı bir şey, istər pul, istərsə maddi dəyəri olan başqa bir şey alacağının, yaxud uduzanın qalib üçün maddi dəyəri olan bir işi ödənişsiz olaraq görəcəyinin öncədən qərarlaşdırılması nəzərdə tutulur.
Məsələ 2254. Əgər iki şəxs idman yarışında, yaxud ev şəraitində oynanılan oyunlarda uduzanın qalibə müəyyən məbləğdə pul verməsi, yaxud oyun alətləri və oyun DVD-ləri ilə oynanılan oyunda uduzan tərəfin udana müəyyən məbləğdə pul verməsi, yaxud oyunun bütün xərclərini və ya hesabın öz payına düşəndən artıq hissəsini ödəməsi şərti ilə mərcləşərsə, buna qumar hökmü şamil olunur və caiz deyil.
Məsələ 2255. Əgər futbol, voleybol kimi idman yarışlarında, yaxud ev oyunlarında və bənzər hallarda tərəflərin hər biri ortaya qalib gələn şəxsin, yaxud komandanın özləri üçün yemək, yaxud başqa bir şey alması üçün müəyyən məbləğdə pul qoyarsa və ya bu yığılan pulla kubok, mükafat və ya bənzər bir şey hazırlanması və qalib gələn şəxsə, yaxud komandaya verilməsi nəzərdə tutularsa, buna qumar hökmü şamil olunur və caiz deyil.
Həmçinin, əgər bu hallarda uduzanın qarşı tərəfə müəyyən məbləğdə pul verməsindən mərc tutarlarsa, bu iş qumar hesab edilir və caiz deyil. Yalnız ortada bir iltizamın (öhdəliyin) və məcburiyyətin olmadığı və uduş müqabilində ödəniş anlaşması sayılmayan(16) hallar istisnadır.
Məsələ 2256.Mərcləşməyin haram olması məsələsində insanlar arasında heç bir fərq yoxdur. Buna əsasən, ər və arvad, ata və oğul, qardaşı və bacı, habelə qohumlar arasındakı mərcləşmə də caiz deyil.
Məsələ 2257. Mərcləşməyin haram olması məsələsində müxtəlif növ yarışlar arasında heç bir fərq yoxdur və bu hökm üzgüçülük, futbol, voleybol, basketbol, tennis, stolüstü tennis (pinq-ponq), güləş, qaçış, tullanma (hündürlüyə və ya uzunluğa), avarçəkmə, ağırlıq qaldırma, velosiped sürmə, alpinizm və s. yarışlara şamildir. Yalnız “səbq” və “rimayə” adlı iki yarış istisna təşkil edir. Səbq atçılıq, dəvə yarışı və bu qəbildən olan heyvanlar arasında sürət müsabiqəsidir və müxtəlif növ hərbi texnika, döyüş təyyarələri (helikopterlər, qırıcılar), tanklar və s.arasındakı yarışlara də şamil olunur. Rimayə isə oxatma yarışıdır və döyüşdə istifadə edilən müxtəlif növ silahlarla atış, həmçinin, nizə atma, süngü döyüşü, qılıncoynatma yarışlarına da şamildir.
Bu iki yarışda ikitərəfli şəriətdə onlar üçün nəzərdə tutulmuş xüsusi şərtlərə və hökmlərə riayət etməklə mərcləşmə caizdir və mərcdə qoyulan pul, yaxud başqa bir şey halaldır.(17)
Məsələ 2258.Bəzi hallarda bir şəxs, yaxud təşkilat idman yarışlarını yarışçılardan müəyyən məbləğdə pul alaraq sonda qalib gələn komanda, yaxud idmançıya mükafat vermək surəti ilə təşkil edir. Belə hallarda pul verən şəxs, yaxud şəxslər onu alacaqlarını ehtimal etdikləri mükafat müqabilində verdikləri təqdirdə bu iş caiz deyil. Ancaq əgər həmin məbləği qarşılıq gözləmədən, yaxud ehtimal olunan mükafatın deyil, göstərilən xidmətlərin müqabilində verərlərsə, eybi yoxdur və bu halda mükafat verənin mükafatı onların öz pulu hesabına, yaxud başqa bir vəsait hesabına verməsi arasında heç bir fərq yoxdur.
Məsələ 2259.İdman yarışlarında tamaşaçıların oyunçuların, yaxud komandaların udması və uduzması üzərinə mərcləşməsi haramdır. Həmçinin, bəzi hallarda insanlar yarışların nəticələrinə dair proqnozlarını müxtəlif növ biletlərin üzərinə qeyd edərək müəyyən məbləğdə pulla birlikdə idman mərkəzi, yaxud başqa yerlərə təhvil verirlər(18) və sonda düzgün proqnoz verən şəxslərə mükafat verilir. Bu, qumar və haram sayılır və həmin pulu qəbul etmək də haramdır.
Şahmat və digər qumar vasitələri
Məsələ 2260.Şahmat və nərdtaxta oyunlarının oynanılması oynayanların mərclə, yaxud mərcsiz, məsələn, əyləncə, başlarını qatmaq, intellekt və diqqətin artırılması üçün oynamasından asılı olmayaraq haramdır. Kart və pasur kimi digər qumar vasitələri mərcləşərək oynamaq haramdır, mərcsiz oynamaq isə, lazım ehtiyata əsasən, caiz deyil. Qumar vasitəsi olmayan digər şeylərlə oyunlar isə oyunçuların mərc ilə oynadıqları təqdirdə haramdır, ancaq mərcsiz oynadıqda öz-özlüyündə eybi yoxdur.
Məsələ 2261. Qumar vasitələrinin alqı-satqısı haramdır.Həmçinin, onların istehsalı və istehsalından əldə edilən qazanc da haramdır. Bir yerin qumar vasitələri ilə oyunların təşkili üçün icarəyə verilməsi də haram və batil işdir. Əksinə, əgər bu pis işdən çəkindirməyin, qumar oyunlarının qarşısının alınmasının yeganə yolu qumar vasitəsinin məhvi olarsa, onun məhv edilməsi vacibdir. Əlbəttə, əgər qumar vasitəsi başqasının əmlakı olarsa, vacib ehtiyata əsasən, onun məhv edilməsi üçün şəriət hakimindən icazə alınmalıdır.
Məsələ 2262. Kompyuterdə qumar vasitələri ilə mərcsiz oynamaq rəqib tərəf başqa bir oyunçu (insan) olduğu təqdirdə həmin vasitə ilə (canlı) oynamaq kimidir.(19) Ancaq əgər rəqib tərəf alətin özü (kompyuter) olarsa, lazım ehtiyata əsasən, caiz deyil.
Məsələ 2263. İnsanın hal-hazırda qumar vasitəsi olub-olmadığını bilmədiyi və əvvəllər də qumar vasitəsi olmayan bir oyunu mərcsiz oynamasının öz-özlüyündə eybi yoxdur. Ancaq əgər əvvəllər qumar vasitəsi idisə və hal-hazırda insanlar arasında qumar vasitəsi olmaqdan çıxıb-çıxmadığına şəkk edirsə, həmin oyunu oynaması caiz deyil (əvvəlki məsələlərdə verilən izahlara əsasən).
Qeybət
Məsələ 2264. Qeybət haramdır. Qeybət deyərkən insanın bir isnaəşəri şiənin gizli eybini onun olmadığı bir yerdə, dalınca başqa bir şəxsin yanında istər həqarət və şəxsiyyətini alçaltmaq niyyəti ilə, istərsə belə bir niyyət olmadan danışması nəzərdə tutulur və əgər onun eybini onu alçaltmaq məqsədi ilə açıqlayarsa, iki günah etmiş sayılır.
Məsələ 2265. Əvvəlki məsələdə sözügedən eybin açıqlanması o halda qeybətdir ki, eyb gizli olsun. Buna əsasən, aşkar olan bir eyb haqqında danışmaq qeybət deyil. Ancaq bəzi hallarda aşkar olan eyblər haqqında danışmaq da mömin insanı alçaltmaq, biabır etmək, incitmək, ələ salmaq kimi və ya bu qəbildən olan başqa bir cəhətdən haram olur. Həmçinin, əgər danışan və eşidən şəxs məsələnin əslini bilirlərsə, ancaq təfərrüatlarından bəhs etmək başqa gizli eyb və eyblərin də aşkara çıxmasına səbəb olarsa, bu iş haramdır.
Məsələ 2266.Qeybət məsələsində insanın gizli eybinin onun bədənində, nəsəbində, ailəsində, davranışında, əxlaqında, yaxud danışığında, habelə dini, yoxsa dünyəvi işlərində olmasının heç bir fərqi yoxdur. Qeybətin haram olmasında üstüörtülü və açıq şəkildə bəyan etmə arasında da heç bir fərq yoxdur.
Həmçinin, eybi şifahi, yaxud yazılı surətdə və ya həmin eybi başa salan bir hərəkətlə, məsələn, baş işarəsi, əl və ya göz hərəkətlərilə açıqlamaq, ya da onu səs və video yazısı, qısa mesaj və s. vasitələrlə başqasına göstərmək arasında heç bir fərqi yoxdur. Buna əsasən, qeybət yalnız bir dil günahı deyil, daha geniş miqyasa malikdir.
Məsələ 2267. Qeybəti edilən şəxsin buna razı olması qeybətin haramlığını aradan qaldırmır. Buna əsasən, hətta əgər qeybət edən şəxs qeybət edərkən qeybəti edilən şəxsin özünün gizli eybindən başqa bir şəxsə danışılmasına razı olduğunu və narahat olmadığını bilsə belə, onun gizli eybindən danışmaq qeybətdir və haramdır.
Məsələ 2268. Qeybətdə qeybəti edilən şəxs məlum və müəyyən olmalıdır. Beləliklə, əgər insan: “Şəhər sakinlərindən biri qorxaqdır”, yaxud “Hüseynin övladlarından biri qorxaqdır”, - deyərsə və məhz kimin nəzərdə tutulduğu məlum olmazsa, bu qeybət deyil, lakin bəzi hallarda mömin insanın alçaldılması, məzəmmət və təhqir edilməsi, incidilməsi, ələ salınması kimi başqa bir səbəb və ünvanla haram ola bilər.
Məsələ 2269. Bəzi insanlar bir şəxsin eybini onun olmadığı bir yerdə danışır və etirazla qarşılaşdıqda: “Mən bu sözü onun özünün yanında da deyirəm”, yaxud: “Bu qeybət deyil, onun xüsusiyyətidir, yaxud həqiqətdir” və ya: “Qeybət olmasın, filankəs paxıl adamdır”, - deyirlər. Nəzərdə saxlamaq lazımdır ki, bu əsassız üzrlər insanın qeybətini caiz etmir. Hətta əgər eybin onun barəsində danışan şəxs tərəfindən açıqlanması eşidən şəxsin baxışına(qeybəti edilən insanın şəxsiyyətinin alçalıb-alçalmaması baxımından) heç bir təsir göstərməsə belə, yenə də qeybət sayılır və haramdır.
Məsələ 2270.Pis işdən çəkindirmək vacib olduğuna görə bunun üçün gərəkli zəmin (şərtlər) mövcud olduğu təqdirdə qeybətdən çəkindirmək də vacibdir. Müstəhəb ehtiyata əsasən, qeybət eşidən şəxs qeybəti edilən insana yardım etməli, onu müdafiə etməli və qeybətinin edilməsinin qarşısını almalıdır. Bir şərtlə ki, bu iş fəsad doğurmamalıdır.
Məsələ 2271. İnsan isnaəşəri şiənin qeybətini edərsə, qeybət günahına görə tövbə etməli və müstəhəb ehtiyata əsasən, qeybəti edilən şəxsdən halallıq almaq xoşagəlməz nəticələrə yol açmayacağı təqdirdə bu işi görməli, yaxud onun üçün istiğfar etməlidir (Allahdan günahlarının bağışlanmasını diləməlidir). Hətta qeybətin qeybəti edilən şəxsə qarşı bir həqarət və hörmətsizlik məzmunu ehtiva etdiyi hallarda əgər ondan halallıq istəmək ona qarşı hörmətsizlik və həqarət səhvinin düzəldilməsi hesab edilirsə, ehtiyata əsasən, hər hansı bir fəsadı olmadığı təqdirdə ondan halallıq istəməlidir.
Məsələ 2272.Bir neçə halda başqasının dalınca danışmaq qeybət sayılsa da eybi yoxdur. Həmin hallardan bəziləri aşağıdakılardır:
1. Açıqca günah iş görən və gördüyü işə tövbə etməyən şəxsin günahını dalınca başqa bir şəxsə açıq şəkildə danışmaq olar. Ancaq onun gizli eyblərini açıqlamaq caiz deyil.
2. Başqa bir şəxs tərəfindən zülm və haqsızlığa məruz qalan şəxsin onun qeybətini etməsi caizdir. Lakin, vacib ehtiyata əsasən, zülmə, haqsızlığa məruz qalan şəxs yalnız qeybətin üçüncü şəxs(lər)dən kömək istəmək məqsədi daşıdığı halla kifayətlənməlidir.
3. Bir şəxs evlənmək kimi bir məsələdə məşvərətləşmək istəyərsə, ona məsləhət vermək, yol göstərmək hərçənd haqqında məlumat almaq istədiyi şəxsin eybinin aşkar olması ilə nəticələnsə belə, caizdir. Lakin bu halda zərurət həddi ilə kifayətlənmək lazımdır. Lakin əgər bir insan başqa bir insana öz təşəbbüsü ilə, qarşı tərəfin məşvərət istəyi olmadan məsləhət vermək, yol göstərmək istəyərsə, ona üçüncü şəxs(lər)in qeybətini etməsi yalnız məsləhət vermək istədiyi insana yol göstərmədiyi halda böyük bir fəsadın meydana gələcəyini bildiyi təqdirdə caizdir.
4. Qeybətin məqsədinin qeybəti edilən şəxsi günahdan çəkindirmək olduğu halda; bu şərtlə ki, onu başqa bir yolla pis işdən çəkindirmək mümkün olmamalıdır.
5. Qeybəti edilən şəxsin əməli dinə zərər yetirmək təhlükəsi olan bir əməldirsə, bu halda dinlə bağlı bir zərərin meydana gəlməməsi məqsədilə onun qeybətini etmək caizdir, lakin yalnız sözügedən zərəri dəf etmək üçün gərəkli olan qədəri ilə kifayətlənmək lazımdır.
6. Mühakimə məqamında, məhkəmə hökm çıxararkən şahidlərin adilliyinə irad tutmaq və onların şahidliyini rədd etmək.
7. Qeybətdə məqsəd qeybəti edilən şəxsi qorunması vacib olan bir zərərdən qorumaq olduğu halda.
Yalan
Məsələ 2273.Yalan danışmaq haramdır. Yalan gerçək olmayan bir şeydən xəbər vermək deməkdir. Yalanın haram olması məsələsində insanın onu şifahi surətdə söyləməsi, yazması, yaxud işarə ilə başa salması arasında, həmçinin, danışdığı yalanı bir kitabda görməsi (başqa bir mənbədən əxz etməsi) ilə özünün uydurması arasında heç bir fərq yoxdur.
Məsələ 2274.Əgər danışıq, yaxud davranış tərzindən və ya insanın halından və s. zarafat olduğu bəlli olmazsa, zarafatyana yalan haramdır. Hətta əgər bəlli olsa da, belə ki, həmsöhbəti danışanın ciddi danışmadığını başa düşsə belə, vacib ehtiyata əsasən, caiz deyil. Lakin əgər insan bir məsələni zarafat kimi danışarsa, bir hadisəni nəql etmək, onun barəsində xəbər vermək niyyəti olmazsa, yalan sayılmır.
İmtahanlarda saxtakarlıq
Məsələ 2275.Orta məktəb, universitet və digər müəssisələrin imtahanlarında istər yanındakı şagird, yaxud tələbədən kömək almaq, istər gizlicə vərəqlərdən(20) istifadə etmək, istər nəzarətçiləri çaşdırmaq və diqqətini yayındırmaq, istərsə hər hansı bir başqa yolla saxtakarlıq caiz deyil.
Məsələ 2276. Bəzi imtahanlarında saxtakarlığa yol verərək bakalavr, magistr və doktorantura diplomu kimi ali təhsil haqqında sənədlər əldə edən tələbə günah etmiş sayılır və əgər bunun əsasında daha yüksək məbləğdə maaş alırsa, üzərinə qoyulmuş vəzifələrə düzgün əməl etdiyi təqdirdə maaşı halaldır. Lakin əgər aldığı təhsil haqqında sənədə uyğun ixtisas bilik və bacarıqlarına sahib deyilsə, özünü hər hansı bir dövlət, yaxud özəl müəssisəyə işə qəbul edilmək üçün bu ünvanla (sözügedən ixtisasa sahib mütəxəssis kimi) təqdim etməsi caiz deyil. Qeyd etmək lazımdır ki, saxta üsulla təhsil haqqında sənədlərin, rəsmi sənədlərin və bu qəbildən olan digər sənədlərin hazırlanması və onların həqiqi sənədlər kimi təqdim edilməsi istənilən halda caiz deyil.
Dilin bəzi günahları
Məsələ 2277. Mömini söymək, ona nalayiq sözlər demək haramdır. Nalayiq sözlər ciddi şəkildə söylənildikdə söyüş hesab edilir. Lakin əgər ciddi məqsəd olmazsa, məsələn, zarafat üçün söylənilərsə, həqarət sayılmaq kimi başqa bir ünvanla haram ola bilər. Söyüşün haram olması məsələsində söyülən şəxsin həmin yerdə olması ilə olmaması arasında heç bir fərq yoxdur. Söyüşün ayırd edilməsinin meyarı ürfdür (insanlardır) və ürfən (insanların nəzərində) söyüş hesab edilən şeylər haramdır. Bu qəbildən olub-olmamasına şəkk edilən şeylər isə haram deyil.
Məsələ 2278.Söyüş və nalayiq sözlər söyləməyin haram olması məsələsində dillər arasında heç bir fərq yoxdur. Hətta əgər bir dildə danışan insanı başqa bir dildə söysələr və söyülən şəxs bunun mənasını başa düşməsə belə, bu haramdır. Həmçinin, söyüşün haram olması məsələsində insanlar arasında fərq yoxdur. Yalnız şəriətə müxalif olan və şəriətin hörmətinin saxlanmasını lazım görmədiyi bidətçi insan istisnadır. Həmçinin, haramlıq məsələsində yetkin insanla həddi-büluğa çatmamış insanı söymək arasında və valideynlə övlad, arvadla ər, qardaşla bacı, müəllimlə şagird, sahibkar (idarəedici) ilə işçi arasında və s. fərq yoxdur.
Məsələ 2279. Möminin həcv edilməsi haramdır. Həcv deyərkən istər nəsrlə, istərsə şeirlə onun eyblərini açıqlamaq, haqqında xoşagəlməz sözlər sərf etmək nəzərdə tutulur. Mömin insan istisna olmaqla digər hər hansı bir şəxsi də pisləmək və qınamaq yaxşı iş deyil. Yalnız ümumi (ictimai) mənafeyin bunu tələb etdiyi hal istisna təşkil edir və bəzən bu məqamda pisləmək və qınamaq vacib olur. Məsələn, insanların onun bidətinə rəğbət göstərməməsi üçün mənəviyyatsız, bidətçi şəxsin pislənməsi və qınanması bu qəbildəndir.
Məsələ 2280.Nəzakətsiz sözlər danışmaq hərçənd danışan şəxsin söyüş söymək niyyəti olmasa belə, haramdır və nəzakətsiz sözlər deyərkən ürfən istənilən şəxsə qarşı, yaxud öz həyat yoldaşından başqa istənilən şəxsə qarşı söylənilməsi çirkin və qəbahətli hesab edilən sözlər nəzərdə tutulur. Belə sözlərin birinci qisimə aid olanlarının istənilən şəxsə söylənilməsi haramdır. İkinci qisimə aid olanlarının isə həyat yoldaşından başqa şəxslərə söylənilməsi caiz deyil, ancaq həyat yoldaşına söylənilməsi caizdir. Əlbəttə, əgər həyat yoldaşına söyüş məqsədi ilə deyilərsə, söyüş baxımından haramdır.
Kişilər üçün qızıl zinət əşyaları
Məsələ 2281.Qızıla bürünmək və qızıl zinət əşyalarından istifadə etmək, məsələn, ələ qızıl üzük və ya qızıl qolbaq taxmaq, yaxud boyuna qızıl boyunbağı asmaq, yaxud biləyə qızıl saat taxmaq və s. istər namazda, istərsə digər vaxtlarda kişi üçün haramdır və sadalananlar üzərində ikən qıldığı namaz batildir.
Məsələ 2282. Kişilər üçün öncəki məsələdə izah edilən şəkildə qızılın istifadəsinin haram olması məsələsində onun növləri arasında heç bir fərq yoxdur, istər sarı qızıl olsun, istər qırmızı qızıl, istərsə ağ qızıl. Lakin nəzərə almaq lazımdır ki, platin qızıl deyil, qızıldan fərqli bir metaldır və kişilər üçün ondan istifadə etməyin eybi yoxdur.(21)
Məsələ 2283. Bir kişi bilərzik və ya üzüyünün qızıldan olub-olmadığını bilməzsə, yaxud bilərzik və ya üzüyünün qızıldan olub-olmamasına şəkk edərsə və onunla namaz qılarsa, sonra qızıldan olduğunu başa düşərsə, namazı doğrudur.
Məsələ 2284. Bir kişi bilərzik, üzük, yaxud boyunbağısının qızıldan olduğunu unudarsa və onunla namaz qılarsa, sonra onun qızıldan olduğunu xatırlayarsa, namazı doğrudur.
Həmçinin, bu məsələni bilmədiyinə görə qoluna qızıl bilərzik bağlayan kişi qasir cahil olduğu (bilməməsi üzrlü səbəbdən irəli gəldiyi) halda keçmiş namazları doğrudur. Ancaq əgər müqəssir cahil olmuşdursa (bilməməsi üzrlü səbəbdən irəli gəlmirdisə), keçmiş namazlarını vaxtı başa çatmadığı təqdirdə yenidən qılmalı, vaxtı keçdiyi təqdirdə isə qəzasını qılmalıdır.
Narkotik maddələr və siqaret
Məsələ 2285.Əhəmiyyətli dərəcədə zərərli olduğu təqdirdə zərərin daimi aludəçilik, yaxud başqa bir səbəblə törənməsindən asılı olmayaraq narkotik maddələrin istifadəsi haramdır. Vacib ehtiyata əsasən, mütləq şəkildə (hətta əhəmiyyətli dərəcədə zərəri olmadığı halda belə) ondan çəkinmək lazımdır.
Məsələ 2286.Siqaret çəkməyin yeni başlayan şəxs üçün bir üzvün itirilməsi (hətta gələcəkdə baş versə belə) kimi əhəmiyyətli dərəcədə zərəri olarsa, haramdır. İstər sözügedən zərər məlum olsun və insan onun gerçəkləşəcəyinə əmin olsun, istərsə zərərin dəyəcəyi güman edilsin, yaxud aqil insanların həmin şəxsin sağlamlığını itirəcəyindən qorxmasına əsas verəcək həddə ehtimal edilsin. Ancaq hərçənd az çəkmək səbəbi ilə olsa belə, ağır zərərdən qorunarsa, haram deyil.
Siqaret aludəçisi olan şəxsə gəlincə, əgər siqaret çəkməyə davam etməsi əhəmiyyətli dərəcədə bir zərər törədərsə, ondan əl çəkməli və siqaret çəkməyi tərgitməlidir. Yalnız siqareti tərgitməyin başqa bir zərərə (məsələn, siqaret çəkməklə eyni dərəcədə, yaxud ondan daha ağır zərərə) səbəb olduğu, yaxud onun üçün həddən ziyadə, bir qayda olaraq dözülməz dərəcədə çətin olduğu hallar istisna təşkil edir.
“Silət ər-rəhim” və “qət ər-rəhim” (qohumlarla əlaqə saxlamaq və əlaqəni kəsmək)
Məsələ 2287.Qohumlarla əlaqəni kəsmək hərçənd həmin qohum əvvəlcə əlaqəni kəssə, yaxud namaz qılan olmasa, yaxud içki içən olsa, yaxud dinin bəzi hökmlərinə qarşı etinasız olsa və ona öyüd-nəsihət də faydasız olsa belə, haramdır. Əlbəttə, əgər qohumlarla əlaqənin müəyyən bir növü onun haram işini dəstəkləmək, yaxud onu pis işə təşviq etmək, ya da insanın özünün günaha düşməsi ilə nəticələnərsə, həmin növ qohumlarla əlaqə caiz deyil və insanın vəzifəsi qohumlarla başqa cür əlaqə saxlamaqdır.
Məsələ 2288. Qohumlarla əlaqənin müxtəlif üsulları vardır və bu yalnız görüşmək və qohumun evinə getməklə həyata keçirilmir. İnsan telefon əlaqəsi, məktub yazmaq, e-mail və qısa mesaj göndərmək, qohumla iş yerində, yaxud yolda görüşmək, kiminsə vasitəsi ilə hal-əhval tutmaq, yaxud hərçənd maddi yardıma ehtiyacı olduğu hallarda ona maddi yardım göndərmək yolu ilə olsa belə, ona yaxşılıq etmək və bu qəbildən olan üsullarla bu ilahi vəzifəni həyata keçirə bilər. Ancaq nəzərə almaq lazımdır ki, qohumlarla əlaqə şəxslərdən və vəziyyətlərdən asılı olaraq fərqli şeylər tələb edə bilər və hər bir vəziyyətdə insanların adətən həmin vəziyyətdə etdiyi yaxşılıqları nəzərdə saxlamaq lazımdır. Məsələn, bəzən vəziyyətin özəlliyi ilə əlaqədar olaraq başqa bir şəxsin vasitəsi ilə hal-əhval tutmaq, yaxud salam göndərmək vacib olan qohumlarla əlaqənin həyata keçirilməsi üçün kifayət etmir və bu göstəriş başqa bir üsulla yerinə yetirilməlidir.
Məsələ 2289.“Silət ər-rəhim”də nəzərdə tutulan qohumlar insanla nəsəb bağlılığı olan və camaat arasında qohum sayılan şəxslərdir. Buna əsasən, qohumlar xüsusunda meyar ürf, yəni insanlardır. Əmi, bibi, dayı, xala və onların övladları qohumların ən bariz nümunələrindəndir. Yalnız evlənmək səbəbi ilə insana qohum olan qayın, baldız, əmiarvadı kimi şəxslər burada nəzərdə tutulan “rəhim” (qohumlar) qismindən hesab edilmir. Həmçinin, yalnız südvermə vasitəsi ilə insana qohum olan şəxslər də onun “rəhim”i hesab edilmir.
Valideynə itaət
Məsələ 2290. Övladın ata-ana qarşısında onlarla əlaqədar işlər xüsusunda icrası vacib olan vəzifəsi iki şeydir:
1. Onlara yaxşılıq: Onlara yaxşılıq deyərkən yoxsul və möhtac olduqları təqdirdə onlara maddi yardım etmək, yaşayış ehtiyaclarını təmin etmək, həmçinin, insan təbiətinin tələb etdiyi miqyasda, normal həddə olan istəklərini həyata keçirmək nəzərdə tutulur və bu qədərindən imtina etmək ata-ananın övlada qarşı yaxşı davranışları müqabilində naşükürlük hesab edilir. Valideynlərin vəziyyətinin maddi və fiziki sağlamlıq imkanları, yoxsul olub-olmamaq, bədən baxımından güclü və zəif olmaq və s. baxımından müxtəlif olması nəzərə alınmaqla bu yaxşılıq da fərqlidir.
2. Hərçənd valideyn ona zülm etmiş olsa da, onlarla yaxşı davranmaq, istər danışıq, istərsə rəftar baxımından onlara qarşı ədəbsizlik etməmək. Hədislərdə deyildiyi kimi: “Əgər səni vursalar, de:“Allah sizi bağışlasın”.(22)
Məsələ 2291.Ata-ana qarşısında onun özü ilə əlaqədar işlər xüsusunda, məsələn, valideyn ondan hər hansı bir yerə getməməsini, yaxud hər hansı bir işi görməməsini istədikdə və övladın qarşı çıxması ilə ata-ana, yaxud onlardan biri narahat olduqda övladın vəzifəsi iki cür ola bilər:
a. Onların narahat olması övladlarına qarşı qayğı və şəfqətdən irəli gəlirsə, bu halda istər ata, yaxud ana onu bir hərəkətdən çəkindirdikdə, istər hər hansı bir işi görməyə sövq etdikdə, istərsə yalnız övladın onların istəyinə qarşı çıxmasından narahat olduqda övladın onların istəyinə bu şəkildə qarşı çıxması haramdır. Buna əsasən, əgər valideyn övladın dostluq etdiyi bəzi şəxslərlə əlaqəsindən narahatdırsa və qəlbən inciyirsə, hərçənd valideyn bu əlaqəyə qadağa qoymasa da, övladın bu yoldaşlıqdan uzaqlaşması vacibdir.(23)
b. Onların narahat olması övladlarına qarşı qayğı və şəfqətdən irəli gəlmirsə, övladı bir şeyə sövq edərkən, yaxud bir şeydən çəkindirərkən yalnız öz şəxsi mənafelərini nəzərə alırlarsa, bu halda onlara qarşı çıxmaq olar. Əlbəttə, bunu da nəzərə almaq lazımdır ki, bu qarşı çıxma və itaətsizlik əvvəlki məsələdə izah edilən valideynlərlə yaxşı davranmaq vəzifəsinə zidd sayılacaq şəkildə olmamalıdır. Həmçinin, əgər valideyn pis xislətləri, rəzil əxlaqi keyfiyyətləri səbəbi ilə övladı yaxşı iş görməkdən çəkindirir və pis iş görməyə sövq edirsə, onlara itaət vacib deyil.
Habelə, ata, yaxud ananın ondan bir haram iş görməsini istədiyi bütün hallarda övlad onların istəyini yerinə yetirməməlidir və Allahın vacib buyurduğu bir işi görməməyə, yaxud Allahın haram etdiyi bir işi görməyə sövq etdikləri zaman onlara qarşı çıxmaq vacibdir. Buna əsasən, əgər ata və ana övladlarını namaz qılmamağa, oruc tutmamağa, naməhrəmlər qarşısında hicab normalarına riayət etməməyə sövq edərsə, yaxud övladlarının lazım olan şəriət məsələlərini öyrənməsinə qarşı çıxarsa, övlad onların istəyinə tabe olmamalıdır və valideyn bu baxımdan narahat olduğu təqdirdə bu narahatçılığa görə övlad hər hansı bir məsuliyyət daşımır.
Bununla bağlı Möminlərin əmirindən (ə) nəql edilən bir hədisdə o belə buyurur: “Xaliqə üsyan etmək bahasına məxluqa itaət etmək yolverilməzdir”.(24)
Bəzi yaxşı və pis işlərlə bağlı bir neçə məsələ
Məsələ 2292.Sinə döymək, ağlamaq və üzə sillə vurmaq, hərçənd möhkəm olsa belə, əgər Şəhidlərin sərvəri (ə) üçün hüzn və naratlıqdan irəli gəlirsə, onun üçün kədərlənmək və göz yaşı axıtmaq qismindən sayılır və bu, ciddi bir zərər qorxusu olmaması şərti ilə müstəhəb bir iş olub uca Allahın dərgahına yaxınlaşmağa səbəbdir.Nəzərə almaq lazımdır ki, Həzrət Hüseynə (ə) əzadarlıq ən önəmli dini mərasimlərdəndir və onun layiqincə təşkil edilməsi üçün səy göstərməkdə səhlənkarlığa yol verilməməlidir.
Məsələ 2293. Qara rəngli paltar geyinmək Həzrət Əbu Abdullah əl-Hüseyn (ə) və hidayət imamları (ə) üçün əzadarlığın ürfi nümunələrindəndir. Bu, müstəhəb bir işdir və çox təkidlə tövsiyə edilmişdir.
Məsələ 2294.Məsum imamların şəhid olduqları tarixlərin ildönümü günlərində və gecələrində toy məclislərinin təşkil edilməsi və şadlıq karvanlarının yollarda hərəkət etməsi bu günlərə və hadisələrə qarşı hörmətsizliyə yol açdığı təqdirdə caiz deyil.
Məsələ 2295.İnsanın özü, yaxud başqa bir şəxs üçün doğum (ad) günü keçirməsi şəriətə zidd bir iş və davranışla müşayiət edilmədiyi təqdirdə eybi yoxdur. Lakin daha yaxşı olar ki, insan doğum tarixini nəfsini və əməllərini sorğu-suala çəkmək məqamı kimi təyin etsin.
Məsələ 2296. İstimna (masturbasiya) əllə, hər hansı bir filmə (videoya), yaxud şəkilə baxmaqla, xəyal qurmaqla və ya bu qəbildən olan başqa bir üsulla edilməsindən asılı olmayaraq haramdır və bu məsələdə qadınla kişi arasında fərq yoxdur.

(1) Hərçənd fəqihlər arasında məşhur nəzər budur ki, sözügedən halda həmin şəxsin üzərinə heç bir vəzifə düşmür və yaxşı işə sövq etmək və pis işdən çəkindirmək ona vacib deyil.
(2) Məsələ ilə əlaqədar hökmü bilməsi, ancaq həmin hökmün onun vəziyyətinə şamil olub-olmaması xüsusunda səhvə yol verməsi nəzərdə tutulur. Tərc.
(3) Bu ibarə (ərəbcə: əş-şari əl-muqəddəs) fiqhdə əsasən şəriət qanunlarının təsisçisi olan uca Allaha və onları bəyan və izah edən Elçisinə (s) aid edilir. Tərc.
(4) Məsələn: Ramazan ayında gündüz qida qəbul etməklə orucu pozan və zahirən üzrsüz görünən bir gənci digər şərtlərə də riayət etməklə pis işdən çəkindirmək lazımdır. Ancaq ömrünün ahıllıq çağını yaşayan, fiziki gücü zəifləyən və oruc tutmayan, yaxud gün ərzində orucunu pozan yaşlı insan zahirən üzrlü sayılır. Buna əsasən, belə bir halda üzrlü olması ehtimalına əsasən onu pis işdən çəkindirmək vacib deyil.
(5) Kifayi vacib – bir mükəlləf, yaxud bir dəstə mükəlləflər tərəfindən yerinə yetirildiyi təqdirdə digər mükəlləflərin üzərindən götürülən vacib işdir.
Eyni vacib – hər bir mükəlləfə bilavasitə vacib olan vacib işdir. Tərc.
(6) Qeyd etmək lazımdır ki, valideyni sərt danışıqdan başqa bir yolla yaxşı işə sövq etmək və pis işdən çəkindirmək mümkün deyilsə, ehtiyatın tələbi budur ki, təqlid edən şəxs ələmlik dərəcəsi üzrə sıra ardıcıllığına riayət etməklə bu məsələdə fətvası olan başqa bir müctəhidə təqlid etməli və onun nəzərinə müvafiq qaydada hərəkət etməlidir.
(7) Mövzular deyərkən şəriət hökmlərinin tətbiq edildiyi vəziyyətlər, mövzuları bilməyən şəxs deyərkən isə şəriət hökmlərini bilən, ancaq həmin hökmlərin tətbiq edildiyi vəziyyətləri düzgün bilməyən şəxs nəzərdə tutulur. Tərc.
(8) Yaxşı işə sövq etmək və pis işdən çəkindirmək vəzifəsinin bunu (küsülü qalmağı) tələb etdiyi, yaxud küsməməyin şəriət baxımından nəzərə alınması daha mühüm olan başqa bir fəsada yol açdığı hallar istisnadır.
(9) Burada və eləcə də digər məsələlərdə eyş-işrət deyərkən mənasız, faydasız və haram əyləncə nəzərdə tutulur. Tərc.
(10) Pul, yaxud başqa bir üsulla ödənc. Tərc.
(11) O cümlədən, musiqi kasetlərindəki təranələr, televiziya kanallarında yayımlanan ağır və əyləndərici musiqilər, günah, rəqs, eyş-işrət məclislərinə, gecə partilərinə (ziyafətlərinə) və günah işlər görülən toy məclislərinə münasib olan musiqilər bu qəbildəndir.
(12) Ümumiyyətlə, bu mövzuda qeyd edilən məsələlərdən belə belə aydın olur ki, bir mahnıya qulaq asmağın caiz olması üçün dörd şərt tələb edilir:
a) Oxunan mahnı qina olmamalıdır;
b) Onun musiqisi eyş-işrət məclislərinə uyğun olmamalıdır;
c) İfaçının söylədikləri (mahnının sözləri) mənfi məzmunlu və şəriətə zidd olmamalı, məsələn, dinsizliyə (imansızlığa), əxlaqsızlığa və bayağılığa çağırmamalıdır;
d) Kişi dinləyicilər üçün səsin incəldilməsi ilə müşayiət edilən qadın ifası olmamalıdır.
(13) Əvvəlki məsələlərdə verilən izahlar nəzərə alınmaqla. Tərc.
(14) Bütöv təsvir hökmünün şamil olunduğu təsvirə oturan şəxsin qabarıq təsviri, yaxud insanın profildən (yandan görünüş) qabarıq təsviri və ya əlini başının arxasına qoymuş şəxsin qabarıq təsvirini misal göstərmək olar.
(15) Ruhu olan canlının naqis təsvirinə əli, yaxud ayağı kəsilmiş və ya başıolmayan insanın heykəli, yaxud qabarıq təsvirini misal göstərmək olar.
(16) Yəni uduzan özünü ödəməyə məcbur hesab etməməli, qalib gələn də uduzanın üzərində ödəmə öhdəliyi olduğunu düşünməməlidir.
(17) Bununla əlaqədar hökmlərin izahı daha müfəssəl kitablarda öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, səbq və rimayədə tamaşaçıların, yaxud başqa şəxslərin deyil, yalnız atçı və oxatanların (öz aralarında) mərcləşməsi caizdir.
(18) Bu hökm internet və bənzər vasitələrlə proqnoz vermə və pul köçürməyə də şamil olunur.
(19) Yəni fətvaya əsasən haramdır. Tərc.
(20) Danışıq dilində rus mənşəli “şparqalka” sözü ilə ifadə edilən, imtahan mövzularına dair məlumatlar ehtiva edən və qabaqcadan hazırlanaraq gizli yolla imtahanın keçirildiyi yerə gətirilmiş şeylər nəzərdə tutulur. Tərc.
(21) a) Xalis qızıl (Au79) azacıq elastikliyə malik quru metaldır. Davamlılığını (möhkəmliyini) və elastikliyini artırmaq üçün onu bir miqdar başqa bir metalla qarışdırırlar. Xalis qızılın qarışıqdakı nisbət payı “əyar”, digər filizin nisbət payı isə “bar” adlandırılır. Məsələn, 18 əyarlı qızıl deyərkən onun bir misqalında 18 noxud xalis qızıl və 6 noxud başqa metal olması nəzərdə tutulur. Əgər “bar” misal olaraq bürünc (mis və sink xəlitəsi) olarsa, qızılın rəngi sarı qalır. Bar, məsələn, mis olarsa, qızılın rəngi qırmızı olur. Bar gümüş olduğu təqdirdə isə qızılın rəngi ağ olur. Müasir dövrdə sarı qızılı ağ barla, yəni gümüş (Ag47), yaxud titan (Ti22) kimi ağ rəngli bir metalla qarışdıraraq ağ qızıl adlandırılan bir xəlitə alırlar. Beləliklə, ağ qızıl elə həmin sarı qızıldır, sadəcə rəngi dəyişmişdir.
b) Platin (Pt78) nadir tapılan metaldır. Bir element olaraq qızıldan fərqlidir, qiyməti də qızıldan bahadır. Quru çörək kimi qurudur və qopardılması çətindir. Yumşaq və elastik olması üçün ona gümüş kimi bir bar qatılır. Platinlə adətən qalın, ağ qızılla isə zərif və nazik zinət əşyaları hazırlanır.
(22) Üsul əl-kafi, Kitab əl-iman vəl-küfr, Bab əl-birr bil-valideyn, 1-ci hədis.
(23) Aydındır ki, əgər onlarla yoldaşlıq şəriətə zidd işlər görməyə səbəb olacaqsa, hətta valideyni narahat etmədiyi təqdirdə də onlardan uzaqlaşmaq vacibdir.
(24) Vəsail əş-şiə, Kitab əl-qəza, Əbvab-u sifat əl-qazi, 10-cu bab, 17-ci hədis.