ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

YAXŞI İŞƏ SÖVQ ETMƏK VƏ PİS İŞDƏN ÇƏKİNDİRMƏK → ← ETİKAF

HƏCC

HƏCC
Həccin vacib olmasının şərtləri
Məsələ 2163.Bir sıra şərtlərə cavab verən şəxsə ömründə bir dəfə uca Allahın evinin həcc ziyarəti vacibdir. Buna “həccət əl-islam” deyilir. Həmin şərtlər aşağıdakılardan ibarətdir:
Birinci şərt:Həddi-büluğ. Həddi-büluğa çatmayan insana (hərçənd həddi-büluğa çatmasına az qalsa belə) həcc vacib deyil. Həddi-büluğa çatmamış müməyyiz (yaxşı ilə pisi ayırd edə bilən) uşaq həcc ayinini icra edərsə, həcci doğrudur, lakin “həccət əl-islam”ın yerini tutmur.
İkinci şərt:Aqillik (əqli sağlamlıq)(1).
Üçüncü şərt: Azadlıq, kölə olmamaq.
Dördüncü şərt:Müstəti (qadir) olmaq. Qadir olmaq bir neçə vəziyyətlə bağlıdır:
1. Maddi imkan;
2. Fiziki sağlamlıq imkanı;
3. Yolun açıq və təhlükəsiz olması;
4. Vaxtın geniş olması;
5. Həcc səfəri ərzində ailənin zəruri yaşayış xərclərini təmin etmək imkanı;
6. Həcdən qayıtdıqdan sonra yaşayış xərclərini təmin etmək imkanı;
7. Borclu olmamaq.
Bu hallar qarşıdakı məsələlərdə təfsilatı ilə izah ediləcəkdir.
Məsələ 2164.Qadir olmayan şəxs(2) özü üçün həcc ayinini icra etdiyi təqdirdə həmin həcc “həccət əl-islam”ı əvəz etmir. Beləliklə, əgər daha sonra qadir olarsa, həcc ayinini yerinə yetirməlidir. Həmçinin, əgər qadir olmayan şəxs başqasının naibi kimi ödənişsiz, yaxud ücrət müqabilində həcc ayinini icra edərsə, həmin həcc naibi olduğu şəxs üçün kafidir, ancaq özü üçün “həccət əl-islam”ın yerini almır.

İstitaətin (qadirliyin) gerçəkləşməsinin şərtləri
Birinci şərt: Maddi imkan
Məsələ 2165. Həccin vacib olmasında maddi imkan şərtdir. Yəni insanın həcc səfəri üçün azuqəsi və nəqliyyat vasitəsi (ona ehtiyac olduğu halda), yaxud onları əldə etmək, tədarük etmək üçün lazım olan maddi vəsaiti olmalıdır. Daha aydın desək, həcc səfəri üçün lazım olan vətəninədək(3) gediş-gəliş xərcləri, qida, geyim, qalmaq üçün yerin kirayəsi və həcc səfərinin digər zərurətləri üçün maddi vəsaitə, həmçinin, nəqliyyat vasitəsinə (ona ehtiyac olduğu halda) sahib olmalıdır.
Məsələ 2166.Maddi imkanı olmayan və qadir sayılmayan şəxsin maddi imkan sahibi olmaq üçün(4) işləyərək qazanc əldə etməsi vacib deyil.
Məsələ 2167.İnsanın hər hansı bir malı vardırsa və həcc xərcləri üçün kifayət edib-etmədiyini bilmirsə, ehtiyata əsasən, bunu araşdıraraq öyrənməlidir.
Məsələ 2168.Yaşayış üçün zəruri olan malların, həmçinin, zəruri olmayan, ancaq insanın ehtiyac duyduğu və kəmiyyət və keyfiyyəti baxımından onun sosial vəziyyətinə uyğun olan (sosial vəziyyətinə görə artıq olmayan) malların da həcc üçün satılmasına gərək yoxdur. Buna əsasən, insanın yaşadığı ev, maşın, ev əşyaları (mebel), təhsil üçün gərəkli olan kitablar, əmək alətləri, bəzək üçün istifadə etdiyi geyimlər ehtiyac həddi və sosial vəziyyətinə görə artıq olmazsa, onların satılması lazım deyil. Ehtiyac və sosial vəziyyətinə görə artıq olduğu təqdirdə isə əgər artıq olan hissəsi həcc xərcləri üçün kifayət edirsə, yaxud başqa bir malı (pulu) da vardırsa və onu da üzərinə gəldikdə kifayət edirsə, insan həcc ayinini icra etməyə qadir hesab edilir. Həmçinin, misal olaraq, bir maşın, yaxud mənzili olan, onu sosial vəziyyətinə xələl gəlmədən daha ucuz bir maşın, yaxud mənzillə əvəz edə və artıq qalan vəsaitlə (yalnız onunla, yaxud üzərinə başqa bir vəsait də əlavə etməklə) həccə gedə bilən şəxs qadir hesab edilir.(5)
Məsələ 2169.Əgər bir şəxsin həcc xərclərini minimum səviyyədə ödəməyə yetəcək qədər pulu vardırsa, ancaq digər tərəfdən evlənmək, ya da özü, yaxud başqası üçün ev və ya başqa bir şey almaq ehtiyacı vardırsa, həmin pulun həcc üçün sərf edilməsi onun həyatında həddən ziyadə bir çətinliklə üzləşməsinə səbəb olacaqsa, həcc ona vacib deyil, qeyri-adi bir çətinliyə səbəb olmadığı təqdirdə isə həcc ayinini icra etməyə qadir hesab edilir və həcc ona vacibdir. Buna əsasən, məsələn, əgər insan şəxsi evi olmadıqca qeyri-adi çətinliklərlə üzləşəcəksə, o zaman həcc ayinini icra etməyə qadir hesab edilir ki, ev almaq üçün puldan əlavə həccə getmək üçün də pulu olsun.
Məsələ 2170.Əgər insanın öncəki məsələlər nəzərə alındıqda həccə getmək üçün satması vacib olan hər hansı bir daşınar, yaxud daşınmaz əmlakı vardırsa, normal bazar qiymətinə alacaq bir alıcı olmadığı təqdirdə onun qiymətindən ucuz satılması insana həddən ziyadə zərər vurmadığı halda sataraq həccə getməlidir, həddən ziyadə zərər vurduğu halda isə satılması vacib deyil.
Məsələ 2171.Həcc xərcləri üçün kifayət edəcək miqdarda malı olan və özünün və ailəsinin xərcləri də başqa bir şəriətə uyğun yolla çətinliksiz təmin edilən (məsələn, minimum yaşayış xərclərini ödəyəcək qədər gəliri olan bir iş sahibi olan, yaxud ehtiyacları başqa bir şəxs tərəfindən təmin edilən, ya da şəri vergilərdən pay almaq hüququna malik olduğu təqdirdə bundan yararlanan) şəxs, həmçinin, sahib olduğu malı həcc üçün sərf edəcəyi təqdirdə həcdən sonrakı yaşayışı ondan öncəki yaşayışından fərqlənməyəcək şəxs həccə getməyə qadir hesab edilir və həcc ona vacibdir.
Məsələ 2172.Həccin vacib olmasında mötəbər (şərt) sayılan maddi imkan insanın öz şəhər, yaxud vətənindən deyil, olduğu yerdən həccə gedib-gəlmək imkanıdır. Buna əsasən, əgər mükəlləf öz şəhərindən həccə getməyə qadir deyilsə və ticarət, yaxud başqa bir iş üçün digər bir şəhərə, məsələn, Ciddəyə gedər və orada müəyyən gəlir əldə edərək onunla oradan Məkkəyə getmək və həcc ayinini icra etmək imkanı əldə edərsə, həmçinin, qadirliyin digər şərtlərinə də cavab verirsə, həccə getməyə qadir sayılır və həccə getməlidir. Bu halda həccə gedərsə, hərçənd sonradan mal-dövlət əldə edərək öz vətənindən Məkkəyə getmək imkanına sahib olsa belə, artıq həcc ona vacib deyil.

İkinci şərt: Fiziki sağlamlıq
Məsələ 2173.Həccin vacib olmasının bir şərti olan fiziki sağlamlıq o deməkdir ki, insanın səhhəti və gücü ürfən (insanların nəzərində) dözülməz sayılan həddən ziyadə əziyyət çəkmədən Məkkəyə gedərək həcc ayinini icra etməyə imkan verməlidir.
Maddi imkanı olan, lakin fiziki sağlamlıq imkanları məhdud olan və ömrünün sonunadək sağalacağına ümidi olmayan şəxs izah ediləcək şərtlərlə naib tutmalıdır.

Üçüncü şərt: Yolun açıq və təhlükəsiz olması
Məsələ 2174.Yol bağlı olarsa, yaxud insan yolda həyatını və ya malını itirəcəyindən, yaxud şərəf və ləyaqətinə xələl gələcəyindən qorxarsa, həcc ona vacib deyil. Lakin hərçənd daha uzun olsa, belə başqa bir yolla gedə bilərsə, həmin yolla getməlidir. Yalnız həmin yol “həcc yolu bağlıdır” deyiləcək qədər uzaq olduğu və adətən o yolla həccə gedilmədiyi təqdirdə həcc ona vacib deyil.
Məsələ 2175.Ehtimal olunan zərər və xoşagəlməz hadisələrdən qorunduğu təqdirdə həccin qadına vacib olmasında məhrəminin də onun yanında olması şərt sayılmır. Təhlükəsizlikdə olmadığı təqdirdə isə yanında özünü təhlükəsiz hiss etdiyi bir şəxs onunla birgə getməlidir. Hətta bu iş üçün ödəniş müqabilində bir nəfəri əcir tutmaq lazım gələrsə, əcir tutmalıdır. Əlbəttə, bu, əcir tutduğu insanın ücrətini ödəmək imkanı olduğu hala aiddir, əks təqdirdə isə həcc ona vacib olmayacaqdır.

Dördüncü şərt: Vaxtın geniş olması
Məsələ 2176. Həccin vacib olmasının bir şərti vaxtın geniş olması insanın Məkkəyə səfər edərək həcc ayinini icra etməyə yetəcək qədər vaxtının olması deməkdir. Buna əsasən, bir şəxs həcc ayininin icrası üçün kafi sayılan qədər maddi imkan əldə edərsə, ancaq səfərə hazırlıq tədbirlərinin sıxıntısız şəkildə görülməsi, məsələn, passport, viza və təyyarə bileti almaq üçün kifayət qədər vaxt olmazsa, bu halda insan həcc ayinini icra etməyə qadir (hazır) hesab edilmir və həmin il həccə getmək ona vacib deyil. Lakin əgər növbəti il, yaxud daha sonrakı illərdə qadirliyin digər şərtlərinə də cavab verəcəyinə və həccə gedə biləcəyinə əmindirsə, yaxud arxayındırsa, maddi imkanını(6) növbəti il, yaxud daha sonrakı illərdə həcc ayinini icra etmək üçün qoruyub saxlaması vacibdir. Buan əmin, yaxud arxayın olmadığı təqdirdə isə maddi imkanını növbəti il üçün qorumasına ehtiyac yoxdur.

Beşinci şərt: Həcc səfəri ərzində ailənin zəruri yaşayış xərclərini təmin etmək imkanı
Məsələ 2177.Həccə getmək insanın zəruri yaşayış ehtiyaclarını təmin etməsi vacib olan şəxslərin (o cümlədən, arvad və uşaqlarının), həmçinin, xərclərini təmin etməsi vacib olmayan, ancaq təmin etməməsi onun üçün ciddi çətinlik törədəcək şəxslərin xərclərini təmin edə bilməməsinə səbəb olacaqsa, bu halda həccə getməyə qadir hesab edilmir və həcc ona vacib deyil.

Altıncı şərt: Həcdən qayıtdıqdan sonra yaşayış xərclərini təmin etmək imkanı
Məsələ 2178.Mükəlləf vəziyyəti etibarı ilə həccə getməsi, yaxud pulunu, gəlirini bu yolda sərf etməsi səbəbi ilə özünün və ailəsinin yoxsullaşacağından qorxursa, məsələn, gəlir mövsümü həcc günlərinə təsadüf edirsə və həccə gedəcəyi təqdirdə başqa bir gəliri olmayacaqsa, yaxud gəliri ilin qalan günləri, yaxud bəzi günlərində yaşayış xərclərini ödəməyə yetməyəcək qədər az olacaqsa, həcc ona vacib deyil.
Həmçinin, əgər bir şəxsin həcc xərcləri üçün kifayət edəcək bir malı vardırsa, ancaq həmin mal onun özünün və ailəsinin dolanışığını təmin etmək üçün qazanc vasitəsidirsə və güzəranını sosial vəziyyətinə uyğun səviyyədə təmin etmək üçün başqa bir yolu da yoxdursa, bu halda həccə getməyə qadir (hazır) hesab edilmir və həcc ona vacib deyil.
Məsələ 2179. Məkkəyə gedə bilən qadının qayıtdıqdan sonra malı (pulu) olmayacaqsa, əri də, məsələn, yoxsuldursa və onun zəruri yaşayış xərclərini ödəyə bilmirsə və həccə getmək onun yaşayışında ciddi sıxıntı və məşəqqətlə üzləşməsinə səbəb olacaqsa, həccə getməyə qadir hesab edilmir və həcc ona vacib deyil.

Yeddinci şərt: Borclu olmamaq
Məsələ 2180.İnsan həcc xərcləri üçün kifayət edəcək bir mal (pul) əldə edərsə, ancaq başqa şəxslərə borcu vardırsa, yaxud xüms və ya zəkat verməlidirsə və borc miqdarını (məbləğini) çıxdıqda yerdə qalanı həcc xərcləri üçün kifayət etmirsə, bu halda həcc ona vacib olmayacaqdır. Bu hökm xüsusunda borcun ödəniş vaxtının çatıb-çatmaması arasında heç bir fərq yoxdur. Yalnız borcun ödənilməli olduğu vaxta aqil insanlar tərəfindən, ümumiyyətlə,belə bir borcun olması nəzərə alınmayacaq qədər uzun müddət, məsələn, əlli il qalırsa, bu hal istisnadır.(7) Həmçinin, malı (pulu) əldə etdikdən sonra borc almaqda təqsiri olmadığı halda sözügedən şəxsin əvvəl borc alması, sonra həmin malı əldə etməsi ilə əvvəl həmin malı əldə etməsi, sonra borc alması arasında heç bir fərq yoxdur.
Məsələ 2181. Həcc üçün maddi imkana sahib olmayan bir şəxs həcc xərcləri üçün kifayət edəcək bir malı (pulu) borc alarsa, hərçənd gələcəkdə onu ödəmək imkanı olacağını bilsə belə, həcc ona vacib deyil. Yalnız borcun ödənilməli olduğu vaxta aqil insanlar tərəfindən, ümumiyyətlə, belə bir borcun olması nəzərə alınmayacaq qədər uzun müddət qalırsa, bu halda sözügedən şəxs həccə getməyə qadir hesab edilir və həcc ona vacibdir.
Məsələ 2182. Maddi imkanı, məsələn, ehtiyacdan artıq sərmayəsi, əmlakı, torpaq sahələri və bu qəbildən olan satıla bilən və qiyməti (satışından əldə ediləcək pul) həcc xərcləri üçün kifayət edən başqa bir mülkiyyəti olan və nəticə etibarilə həccə getməyə qadir hesab edilən şəxs onları satmayaraq həcc xərcləri üçün borc alarsa və borc aldığı pulla həccə getmək istəyərsə, həcci doğrudur.
Məsələ 2183. Əvvəllər həccə getməsi vacib olan, indi isə xüms, yaxud zəkat verməsi də vacib olan şəxs ilk növbədə xüms, yaxud zəkatı verməlidir və onları verməyi həcc səfəri səbəbi ilə təxirə salması caiz deyil. Əlbəttə, əgər hər ikisinin (həm həcc, həm də xüms, yaxud zəkat) yerinə yetirilməsi üçün kifayət edəcək bir mal (gəlir) əldə edərsə, şəriət hakiminə, yaxud onun nümayəndəsinə müraciət edərək ondan şəri verginin ödənilməsini təxirə salmaq üçün izin istəyə bilər.Şəriət hakimi, yaxud onun nümayəndəsi sözügedən şəxsin vəziyyətini araşdırır və həcc səfərindən qayıtdıqdan sonra şəri vergini mümkün olan ilk fürsətdə ödəməklə bağlı ciddi niyyəti olduğu halda ona xüms, yaxud zəkatın ödənilməsini təxirə salaraq daha sonra ödəməyə icazə verirsə, bu halda sözügedən şəxs şəri verginin ödənilməsindən öncə həccə getməlidir.

Alacaqlılıq və imkan
Məsələ 2184.İnsan şərən alacaqlı olarsa və həcc xərclərini bütünlüklə, yaxud qismən təmin etmək üçün həmin borca ehtiyacı olarsa, borcun alınmasının vaxtı çatdığı və borc şəriətə uyğun qaydada və ciddi sıxıntı olmadan alına, yaxud təqas edilə(8) bildiyi (hərçənd dövlət orqanlarına müraciət etmək yolu ilə olsa belə), yaxud vaxtı çatmadığı, ancaq borc alan özü könüllü surətdə onu ödəməyə hazır olduğu təqdirdə alacaqlı şəxs həccə getməyə qadir sayılır və həcc ona vacibdir.
Məsələ 2185.Əgər borcun alınma vaxtı çatmışdırsa, ancaq onun alınması şərən qeyri-mümkündürsə, yaxud ciddi sıxıntı doğuracaqsa, məsələn, borc alan şəxs borcu ödəməyə qadir deyilsə, yaxud qadirdirsə, ancaq ödəmirsə və onu ciddi sıxıntı ilə üzləşmədən borcunu ödəməyə məcbur etmək mümkün deyilsə, alacaq miqdarının daha az miqdara satılması (alacaqlıya həddən ziyadə zərər dəymədən) mümkün olduğu və alacağın satışından əldə edilən məbləğ həcc xərclərinin təmin olunması üçün kifayət etdiyi təqdirdə, alacaqlı şəxs həccə getməyə qadir sayılır və həcc ona vacibdir.(9)
Məsələ 2186.Həcc bir şəxsə vacib olarsa, ancaq o səhlənkarlıq edərək həcc ayinini onu icra etmək imkanını itirənədək təxirə salarsa, həcc ayinini istənilən şəkildə, hətta çətinliklə də olsa,icra etməsi vacibdir. Əgər həccə getmədən vəfat edərsə, onun mirası hesabına həccin qəzası icra edilməlidir və kimsə vəfatından sonra ödənişsiz olaraq onun naibi kimi həccə gedərsə, bu düzgündür və kifayətdir.
Məsələ 2187.İnsan minimum həcc xərcləri üçün kifayət edəcək bir mal (pul) əldə edər və həccə getmək imkanı qazanarsa, habelə, həccə getməyə qadirliyin digər şərtlərinə də cavab verərsə, qadir hesab edilir və həcc ona vacibdir. Beləliklə, əgər həmin malı (pulu) məsrəf edərək həccə getmək üçün tələb olunan maddi imkanı itirərsə və onu yenidən əldə edə bilməzsə:
a) Həcc günlərində həccə getmək imkanı olduğunu, yəni həmin malı məsrəf etməsəydi, həccə gedə biləcəyini başa düşdüyü təqdirdə həcc onun üçün vacib olaraq qalır.
b) Həmin mal əlində olduğu halda həccə getmək imkanının olub-olmadığı məlum deyilsə, bu halda həcc artıq ona vacib deyil.
İstənilən halda, həmin malı məsrəf etməsi, məsələn, onu real dəyərindən ucuz qiymətə satması, yaxud qarşılığında bir şey almadan kiməsə bağışlaması düzgündür. Hərçənd “a” bəndində qeyd edilən halda vacib həcc ayininin icrası həmin mala bağlı olduğu və başqa şəkildə həccə gedə bilmədiyi təqdirdə həccə getmək imkanını itirdiyinə görə günahkar sayılır.
Məsələ 2188. Əgər insanın həcc xərclərinə yetəcək qədər malı olarsa, ancaq bundan xəbəri olmazsa, yaxud belə bir malı olması xüsusunda diqqətsiz olarsa, ya da sözügedən malın varlığından xəbəri olarsa və diqqətsiz olmazsa, ancaq belə bir malı olduğuna görə həccin ona vacib olduğunu bilməzsə, yaxud həccin vacibliyi hökmü xüsusunda diqqətsiz və məlumatsız olarsa və mal tələf olduqdan, maddi imkanını itirdikdən sonra fərqinə vararsa, bütün bu hallarda sözügedən məlumatsızlıq və diqqətsizlikdə müqəssir olmayıb üzrlü sayıldığı təqdirdə həcc ona vacib olmur, müqəssir olduğu və həmin mala sahib ikən həccin vacibliyinin digər şərtlərinə də cavab verdiyi təqdirdə isə həcc ona vacib olur.

Bəzli istitaət (başqasının maddi dəstəyi hesabına həccə getmək imkanı)
Məsələ 2189.Həccə getməyə qadir olma xərclər üçün vəsaitə sahib olmaqla gerçəkləşdiyi kimi onların məbləğinin başqa bir şəxs tərəfindən bağışlanılması ilə də gerçəkləşir. Buna “bəzli istitaət” deyilir.
Buna əsasən, əgər bir şəxs müəyyən bir malı (pulu)(10) insana onunla həccə getməsi üçün bağışlayarsa, yaxud ona:“Sənin həcc səfərinin xərcini və həcc zamanı ərzində ailənin zəruri yaşayış xərclərini mən təmin edirəm”, - deyərsə, ya da müəyyən bir malı (pulu) onun sərəncamına verərək ona: “Həccə get”, - deyərsə və insan onun vədinə əməl edəcəyinə, yaxud həmin malı (pulu) ondan geri almayacağına arxayın olarsa, həccə getməyə qadir hesab edilir və həcc ona vacibdir.
Məsələ 2190.Bir şəxsin həcc səfəri xərclərini və Məkkəyə gedib qayıtdığı müddət ərzində ailəsinin xərclərini təmin edib: “Həccə get”, - deyərlərsə, ancaq həmin vəsaiti onun mülkiyyətinə keçirməzlərsə (yalnız ondan istifadəsinə icazə verərlərsə), həmin vəsaiti ondan geri almayacaqlarına arxayın olduğu təqdirdə həcc ona vacib olur.
Məsələ 2191. Bir şəxs mükəlləfə yalnız həcc səfəri xərcini bağışlayarsa və mükəlləfin qayıdış xərclərini ödəmək imkanı olmazsa, həcc ona vacib deyil. Əlbəttə, 2165-ci məsələdə öz əksini tapan izah vətənə qayıdış və s. ilə bağlı izah bu vəziyyətə də şamildir.
Həmçinin, həmin şəxs həcc səfərindən qayıdanadək mükəlləfin ailəsinin xərclərini təmin etmədiyi halda da hökm belədir. Ancaq mükəlləfin özünün ailəsini təmin edəcək maddi imkana sahib olduğu, yaxud hətta həccə getmədiyi təqdirdə də təmin etmək iqtidarında olmadığı, ya da ailəsinin xərclərini təmin etmədiyinə görə ciddi sıxıntı və məşəqqətlə üzləşməyəcəyi və ailəsinin təminatının da ona vacib olmadığı hallar istisnadır.
Məsələ 2192.Bir şəxs insana həccə getməsi üçün mal (pul) bağışlayarsa, onu qəbul etməsi vacibdir. Ancaq əgər bağışlayan şəxs seçim ixtiyarını insanın özünə həvalə edərək: “Bu malla (pulla) istəyirsənsə həccə get, istəmirsənsə getmə”, - deyərsə, yaxud bağışlayan şəxs bir malı (pulu) bağışlayarsa və bağışlayarkən həcdən nə konkret, nə də bir seçim kimi söz açmazsa, bu iki haldan heç birində belə bir hədiyyənin qəbul edilməsi vacib deyil.
Məsələ 2193. Bəzli istitaətdə borclu olmaq insanın həccə getməyə qadir olmasına əngəl deyil. Buna əsasən, bir şəxsin gediş və qayıdış xərclərini təmin edərlərsə, hərçənd həmin şəxs borclu olsa belə, həcc ona vacib olur.(11)
Məsələ 2194.Altıncı şərtdə bəyan edilən mənada həcdən qayıtdıqdan sonra yaşayış xərclərini təmin etmək imkanı bəzli istitaətdə şərt deyil. Buna əsasən, həccə getməsi üçün bir şəxsin gediş-gəliş xərclərini və Məkkəyə gediş-gəliş müddəti ərzində ailəsinin xərclərini (bu xərcləri təmin etmək üçün maddi vəsaiti) ona bağışlayarlarsa, hərçənd qayıtdıqda da yaşayış xərclərini təmin etmək üçün malı (pulu) olmasa belə, həcc ona vacib olur.
Əlbəttə, əgər insanın yalnız həcc mövsümündə qazancı olursa və həmin gəlirlə ilin digər günləri, yaxud onların bir qismi ərzində yaşayış ehtiyaclarını təmin olunursa, belə ki, həccə gedəcəyi təqdirdə ilin qalan hissəsi, yaxud bəzi günləri ərzində yaşayış xərclərini təmin edə bilməyəcəksə, bu halda həcc ona vacib olmayacaqdır. Yalnız əgər bağışlayan şəxs ilin qalan günləri ərzində yaşayış xərclərinin çatışmayan hissəsini də təmin edərsə, bu halda istisna olaraq insan həccə getməyə qadir hesab edilir və həcc ona vacib olur.
Məsələ 2195.Əgər insanın həcc səfəri xərcinin bir hissəsini təmin edən və bütünlüklə təmin etməyə kifayət etməyən bir malı (pulu) olarsa, qalan hissəsini isə bir şəxs ona bağışlayarsa, o, altıncı şərtdə izah edilən mənada həcdən qayıtdıqdan sonra yaşayış xərclərini təmin etmək imkanına sahib olduğu təqdirdə həccə getməyə qadir hesab edilir və həcc ona vacib olur, bu imkana sahib olmadığı təqdirdə isə həcc ona vacib olmur.
Məsələ 2196. Bir şəxsə həcc üçün kafi olan miqdarda mal (kafi məbləğdə pul) verərlərsə və qarşısına həcc səfəri ərzində həmin malı (pulu) ona bağışlayan şəxsə xidmət etmək şərtini qoyarlarsa, hərçənd bu xidmət onun vəziyyətinə(12) uyğun olsa belə, bəzli istitaət yaranmır və həccə getmək üçün həmin malı (pulu) qəbul etmək ona vacib deyil. Lakin əgər qəbul edərsə və xidmət həcc ayinlərinin icrası ilə ziddiyyət təşkil etməzsə, yəni xidmətlə yanaşı həccini də yerinə yetirə bilərsə, digər tərəfdən istitaətin (həccə getməyə qadir olmağın) digər şərtlərinə (o cümlədən, altıncı və yeddinci şərtlərinə) də cavab verərsə, müstəti (həccə getməyə qadir) hesab edilir və həcc ona vacib olur.

Digər hökmlər
Məsələ 2197.Əgər insan həccə getməsi səbəbi ilə həcdən daha önəmli olan bir vacib əməli yerinə yetirməməyə, yaxud uzaq durulması həcdən daha mühüm olan bir haram iş görməyə məcbur olacaqsa, həccə getməməlidir. Lakin hər iki məqamda əgər belə bir halda həccə gedərsə və bu, daha önəmli olan vacib işin icra edilməməsinə, yaxud daha mühüm olan haram işin görülməsinə səbəb olarsa, hərçənd günahkar sayılsa da, həcci doğrudur və digər şərtlərə cavab verdiyi təqdirdə “həccət əl-islam”ın həyata keçirilməsi üçün kifayətdir.
Məsələ 2198.Şərtlər gerçəkləşdikdən sonra həcc ayininin dərhal, təxirə salınmadan icra edilməsi vacibdir. Beləliklə, insan həccə getməyə qadir olduğu ilk ildə bu ayini icra etməlidir. Əgər bir şəxs birinci il həccə getməzsə, ikinci il getməlidir və sonrakı illər xüsusunda da hökm belədir.

Niyabəti həcc ilə əlaqədar hökmlər
Məsələ 2199. Həccə getmək imkanı olan şəxs “həccət əl-islam”ı icra etməyə qadir olduğu təqdirdə şəxsən həccə getməlidir və başqa bir şəxsin onun tərəfindən ödənişsiz, yaxud ödəniş müqabilində həcc ayinini icra etməsi kafi deyil.
Məsələ 2200. Bir neçə halda həcc üçün naib tutmaq vacibdir:
a) Həccə getməyə qadir olan bir şəxsə həcc vacib olarsa və o, daha sonra özünün sıxıntı çəkmədən həccə gedə biləcəyindən naümid olarsa, başqa bir şəxsi öz tərəfindən naib olaraq göndərməlidir. Məsələn, bir şəxs həccə getməyə qadir olmasına və digər şərtlərə cavab verməsinə rəğmən vacib həcc ayininin icrasında səhlənkarlığa yol verərək həccə getməzsə və sonra qocalıq, xəstəlik, gücsüzlük və bu qəbildən olan səbəblərdən dolayı həccə gedə bilməzsə, yaxud həccə getmək onun üçün həddən ziyadə çətin olarsa və gələcəkdə özünün həddən ziyadə çətinlik olmadan həccə gedə biləcəyinə ümidi olmazsa, bu halda başqa bir şəxsi öz tərəfindən naib ünvanı ilə göndərməlidir.
b) Əgər insan həccə getmək üçün yetəcək qədər mal-dövlət əldə etdiyi və digər şərtlərə də cavab verdiyi birinci ildə qocalıq, xəstəlik, gücsüzlük, yaxud bu qəbildən olan başqa bir səbəblə həccə gedə bilməzsə və sonradan şəxsən həddən ziyadə çətinliklə üzləşmədən həcc ayinini icra edəcəyinə dair ümidi olmazsa, başqa bir şəxsi öz tərəfindən naib ünvanı ilə göndərməlidir. Hətta bu halda onun malı “bələdi həcc”(13) deyil, yalnız “miqati həcc”(14) xərci üçün yetəcək qədər olsa belə, yenə də naib tutmaq ona vacib olur.
c) Həccə getməyə qadir olan, ancaq getməyən və həcc üzərində vacib olaraq qalan, sonra vəfat edən şəxsin mirası hesabına bir şəxsi niyabəti (onun naibi olaraq) həcc ayinini icra etmək üçün əcir tutmaq lazımdır və bu halda həmin şəxsin özünün həccə getməyə qadir olması, yəni şəxsən həccə getməli olduğu halda getməməsi ilə vəzifəsi naib tutmaq olduğu halda vəzifəsinə əməl etməməsi arasında heç bir fərq yoxdur.
Qeyd etmək lazımdır ki, niyabətlə əlaqədar hökmlərin təfərrüatları, o cümlədən, naib üçün şərtlər, həcc ayininin naib tərəfindən icrası qaydası ilə bağlı məlumat almaq, həmçinin, həcc ayinləri ilə tanış olmaq üçün “Mənasek-e həcc” (Həcc ayinləri) risaləsi kimi daha müfəssəl kitablara müraciət etmək lazımdır.


(1) Əgər insanın dəliliyi (psixoz) xroniki olarsa, bəzi hallarda ona həcc ayininin şəxsən icrası, bəzi hallarda isə naib tutmaq vacib olur. Bu məsələnin təfsilatı daha müfəssəl kitablarda öz əksini tapmışdır.
(2) Burada və eləcə də qarşıdakı məsələlərdə “qadir olan (olmayan) şəxs” deyərkən öncəki məsələdə sadalanan yeddi qisim imkana sahib olan (olmayan) insan nəzərdə tutulur. Tərc.
(3) Yaxud həcdən sonra məskunlaşmaq niyyətində olduğu başqa bir yerədək. Lakin əgər məskunlaşmaq istədiyi yerə gediş xərci vətəninə dönüş xərcindən artıqdırsa, həmin yerdə məskunlaşmaq məcburiyyətində olmadığı təqdirdə vətəninədək qayıdış xərcinə sahib olması “qadir olma” şərtinin gerçəkləşməsi üçün kifayətdir.
(4) Həccin şərtlərindən biri olan qadirlik şərtinə cavab vermək üçün.
(5) Həmçinin, insanın əvvəllər bir mala ehtiyacı olduğu halda indi ona ehtiyac duymaması, məsələn, bir xanımın qocalıq, yaxud başqa bir səbəblə artıq zinət əşyalarına ehtiyacının olmaması da bu qəbildəndir.
(6) Həcc üçün kifayət edən maddi vəsaiti. Tərc.
(7) Yəni bu halda sözügedən insana həcc vacibdir. Tərc.
(8) Təqasın şəriətə uyğun və caiz olduğu hallarda.
Təqas – İnsanın ondan borc alan və qaytarmaqdan imtina edən şəxsin malını (pulunu) həmin şəxsin razılığı olmadan alacağı müqabilində mənimsəməsi. Tərc.
(9) Qeyd etmək lazımdır ki, əgər borcun alınma vaxtı çatmamışdırsa, borc alan da onu qərarlaşdırılmış vaxt çatmadan ödəmirsə və borcun ödəniş vaxtınadək təxirə salınması borc alanın mənfəətinədirsə (əksər hallarda olduğu kimi), bu hökm (mümkün olduğu təqdirdə alacağın satılması) şamil olunur.
(10)Həcc ayininin icrası, gediş (və eləcə də ehtiyac olduğu təqdirdə qayıdış) xərcləri üçün kifayət edəcək bir maldan (puldan) söhbət gedir. Həmçinin, əgər həccə gedən şəxs ailəsinin zəruri yaşayış xərclərini təmin etməyə qadir deyilsə, sözgedən mal (pul) səfər əsnasında onun ailəsinin xərcləri üçün də kifayət edəcək miqdarda (məbləğdə) olmalıdır.
(11) Əlbəttə, həccə getmək borcun ödəniş vaxtı çatdıqda onun ödənilməsinə mane olduğu təqdirdə sözügedən şəxs həccə getməyə qadir hesab edilmir və həcc vacib olmur.
(12) İctimai-sosial mövqeyinə. Tərc.
(13) Naib tutulan şəxsin naibi olduğu insanın tərəfindən onun şəhərindən həccə getməsinə “bələdi həcc” deyilir. Tərc.
(14) Naib tutulan şəxsin naibi olduğu insanın tərəfindən Miqatdan başlayaraq həcc ayinini icra etməsinə “miqati həcc” deyilir. Uca Allahın Məscid əl-harama daxil olmaq üçün təyin etdiyi və Elçisinin (s) də yerini və zamanını təyin etdiyi yollar “miqat” adlanır. Hacılar həcc və ümrə ayinləri üçün təyin edilmiş beş miqatda ehram bağlayırlar.Tərc.

YAXŞI İŞƏ SÖVQ ETMƏK VƏ PİS İŞDƏN ÇƏKİNDİRMƏK → ← ETİKAF
العربية فارسی اردو English Azərbaycan Türkçe Français