ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

Atanın (böyük oğula vacib olan) qəza namazı → ← MÜSAFİR NAMAZI

Qəza namazı


Qəza namazı
Məsələ 1649. Gündəlik namazını vaxtında qılmayan, yaxud qılan, lakin namazı şəriətə görə batil olan şəxs başqa bir vaxt onun qəzasını qılmalıdır. Yalnız cümə namazı istisnadır. Əgər onun vaxtı keçərsə,(1) mükəlləf zöhr namazını qılmalı və zöhr namazını da vaxtında qılmazsa, onun qəzasını qılmalıdır. Bu qaydada mükəlləf vaxtında qılmadığı hər bir vacib namazın (hətta vacib ehtiyata əsasən, nəzirə görə müəyyən edilmiş bir zamanda qılması vacib olan namazın da) qəzasını qılmalıdır. Fitr və qurban bayramı namazının qəzası yoxdur. Ayat namazının qəzası ilə əlaqədar hökmlər qarşıda izah ediləcəkdir. Bu hökmdə qəsdən qılmamaqla unutqanlıq, qəflət və məlumatsızlıq arasında heç bir fərq yoxdur.
Bu hökmdə bir neçə şəxs istisna edilir. O cümlədən:
Namaz vaxtı boyunca həddi-büluğa çatmayan, yaxud dəli (psixoz) olan və ya qeyri-ixtiyari bir amillə əlaqədar olaraq huşsuz vəziyyətdə olan(2) şəxs, həmçinin, namaz vaxtı boyunca heyz, yaxud nifas halında olan qadın.
Lakin namaz vaxtı boyunca yuxuda olan, yaxud sərxoşluq səbəbi ilə namaz qılmayan şəxsin həmin namazın qəzasını qılması vacibdir.
Məsələ 1650. Qəza namazı olan şəxs onu qılmaqda səhlənkarlığa yol verməməlidir. Lakin onu dərhal qılması vacib deyil. Ancaq hər hansı bir hadisə ilə əlaqədar olaraq qəza namazlarını təxirə salacağı təqdirdə sonradan onları qılmaq imkanı olacağına arxayın olmayan, məsələn, xəstə olan və öləcəyindən qorxan şəxs qəza namazlarını təxirə salmadan qılmalıdır.
Məsələ 1651. Qəza namazı olan şəxs müstəhəb namaz qıla bilər.
Məsələ 1652. Gündəlik namazların qəzasında ardıcıllığa riayət etmək vacib deyil. Yalnız eyni günün zöhr və əsr namazı, yaxud eyni axşamın məğrib və işa namazları kimi aralarında ardıcıllıq olan namazlar istisnadır. Ancaq əgər bir günün zöhr, başqa bir günün isə əsr namazı qəzaya gedərsə, yaxud bir axşamın məğrib, başqa bir axşamın isə işa namazı qəzaya gedərsə, onların arasında ardıcıllığa riayət etmək vacib deyil.
Məsələ 1653. İnsan ayat namazı kimi gündəlik olmayan bir neçə namazın qəzasını qılmaq istəyərsə, yaxud məsələn, bir gündəlik olan və bir neçə gündəlik olmayan namazın qəzasını qılmaq istəyərsə, onların arasında ardıcıllığıa riayət etməsi vacib deyil.
Məsələ 1654. Dördrəkətli bir namazı qılmadığını bilən, ancaq bu namazın zöhr, yoxsa işa namazı olduğunu bilməyən şəxs əgər qılmadığı namazın qəzası niyyəti ilə dördrəkətli bir namaz qılarsa, kifayətdir və Həmd və surəni uca, yaxud ahəstə səslə oxumaq xüsusunda ixtiyar sahibidir, yəni Həmd və surəni uca səslə, yaxud hamısını ahəstə səslə oxuya bilər.
Məsələ 1655. Bir neçə sübh, yaxud bir neçə zöhr namazı qəzaya gedən və onların dəqiq sayını bilməyən, yaxud unudan, məsələn, üç, dörd, yoxsa beş namaz olduğunu bilməyən şəxs minimum ehtimala uyğun sayda namaz qılarsa, kafidir. Lakin daha yaxşı olar ki, hamısını qıldığına dair yəqinlik hasil edəcəyi qədər namaz qılsın. Məsələn, əgər neçə sübh namazının qəzaya getdiyini unutmuşdursa və onların sayının ondan artıq olmadığına əmindirsə, daha yaxşı olar ki, ehtiyatən on sübh namazı qılsın.
Məsələ 1656. Əgər insan bir qəza namazı olduğunu, yaxud qıldığı namazların doğru olmadığını ehtimal edirsə, ehtiyatən onların qəzasını qılması müstəhəbdir.
Məsələ 1657. Keçmiş günlərdən yalnız bir qəza namazı olan şəxs yaxşı olar ki, əgər həmin günün namazının fəzilət vaxtı itirilmirsə, əvvəlcə qəza namazını qılsın, sonra həmin günün namazını qılsın. Həmçinin, əgər keçmiş günlərdən qəza nmazı yoxdursa, ancaq cari günün bir və ya bir neçə namazı qəzaya getmişdirsə, əda vaxtı olan namazın fəzilət vaxtı fövtə verilmədiyi təqdirdə daha yaxşı olar ki, həmin günün qəza namazını əda namazından əvvəl qılsın.
Məsələ 1658. Əgər namaz əsnasında həmin günün bir və ya bir neçə namazının qəzaya getdiyini, yaxud əvvəlki günlərdən yalnız bir qəza namazı olduğunu xatırlayarsa, vaxt geniş olduğu, niyyəti qəza namazına çevirmək mümkün olduğu və həmin namazın fəzilət vaxtının fövtə getməyəcəyi təqdirdə daha yaxşı olar ki, qəza namazı niyyəti etsin. Məsələn, əgər zöhr namazında üçüncü rükətin rükusundan öncə həmin günün sübh namazının qəzaya getdiyini xatırlayarsa, zöhr namazının fəzilət vaxtı məhdud olmadığı təqdirdə niyyətini sübh namazına çevirərək qıldığı namazı ikirəkətli namaz kimi tamamlamalı, sonra zöhr namazını qılmalıdır. Lakin əgər zöhr namazının vaxtı məhduddursa, yaxud niyyətini qəza namazına çevirməsi mümkün deyilsə, məsələn, zöhr namazının üçüncü rükətinin rükusunda sübh namazını qılmadığını xatırlayarsa, sübh namazı niyyəti etmək istədiyi təqdirdə rükn olan bir rüku artıq yerinə yetirildiyinə görə, niyyəti sübh namazının qəzasına çevirməməlidir.
Məsələ 1659. Əgər keçmiş günlərdən qəza namazı vardırsa və cari günün də bir və ya bir neçə namazı qəzaya getmişdirsə, onların hamısının qəzasını qılmaq üçün vaxtı olmadığı, yaxud onların hamısını həmin gün qılmaq istəmədiyi təqdirdə həmin günün qəza namazını əda namazından öncə qılması müstəhəbdir.
Məsələ 1660. İnsan sağ ikən (hərçənd, öz namazlarının qəzasını qılmağa qadir olmasa da) başqa bir şəxs onun namazlarının qəzasını qıla bilməz.
Məsələ 1661. Qəza namazını imamın namazının əda, yoxsa qəza olmasından asılı olmayaraq camaata qoşularaq qılmaq olar və onların (imam və məmumun) eyni namazı qılması şərt deyil. Məsələn, əgər insan sübh namazının qəzasını imamın zöhr, yaxud əsr namazına qoşularaq qılarsa, namazına xələl gəlmir. Lakin imamın qıldığı qəza namazının dəqiq qəza namazı olması şərtdir. Əgər imamın qıldığı qəza namazı ehtiyatən qılınan namaz olarsa, vacib ehtiyata əsasən, ona qoşulmaq olmaz. Ancaq məmumun da namazının ehtiyatən qılınan namaz olması və imamın ehtiyat səbəbinin məmumun da ehtiyat səbəbi olması istisnadır.(3) İmamın qıldığı qəza namazının dəqiq, yoxsa ehtiyatən qılınan namaz olduğunu bilməyən məmum üçün bunu araşdırmaq vacib deyil.
Məsələ 1662. Müməyyiz (yəni yaxşı ilə pisi ayırd edə bilən) uşağı namaz qılmağa və digər ibadətlərə adət etdirmək müstəhəbdir. Hətta onu namazların qəzasını qılmağa da sövq etmək müstəhəbdir. Lakin bu iş onun narahat olmasına və namazdan, yaxud digər ibadətlərdən bezməsinə səbəb olacaq şəkildə görülməməlidir.


(1) Cümə namazının vaxtı ürfə görə cümə günü zöhr vaxtının başlanğıcıdır.
(2) Əgər huşsuzluq insanın özündən asılı olan bir səbəbdən irəli gələrsə, məsələn, cərrahiyyə əməliyyatı üçün özünü həkimin əllərinə təslim edərsə, huşsuzluq vəziyyəti bütün namaz vaxtı ərzində davam etdiyi təqdirdə, vacib ehtiyata əsasən, həmin namazın qəzasını qılmalıdır. Namaz vaxtının bir hissəsi ərzində huşsuz vəziyyətdə olarsa, belə ki, namazını vaxtı ərzində hərçənd vacibatla kifayətlənməklə olsa belə, düzgün qaydada bilmək imkanı olduğu halda qılmamışdırsa, onun qəzasını mütləq (fətvaya əsasən) qılmalıdır.
(3) Əgər imam və məmum (yaxud məmumlar) dünyasını dəyişmiş bir şəxs üçün ehtiyat qəza namazı qılarlarsa, onların hamısının ehtiyat səbəbinin eyni olmasına gərək yoxdur və həmin mərhumun qəza namazlarını qılmaq niyyəti ilə namaz qılarlarsa, kifayətdir.

Atanın (böyük oğula vacib olan) qəza namazı → ← MÜSAFİR NAMAZI
العربية فارسی اردو English Azərbaycan Türkçe Français