ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

Səhv səcdəsi → ← Namazı dayandırmaq və onun hissələrini artırmaq və azaltmaq

Namazda şəkk halları

Namazda şəkk halları
Namazda şəkk halları ilə bağlı hökmlərin açıqlanmasından öncə şəkk və güman anlayışlarının tərifi mövzuya giriş olaraq verilir:
Şəkk insanın iki və ya bir neçə eyni dərəcəli, bərabər ehtimal arasında tərəddüd etməsi, məsələn, ikinci, yoxsa üçüncü rükətdə olması arasında tərəddüddə olması və bu ehtimallardan birini digərinə tərcih edə bilməməsidir.
Güman insanın iki və ya bir neçə ehtimal arasında tərəddüd etməsi, lakin ehtimallardan birinin digər(lər)i ilə müqayisədə daha yüksək olmasıdır. Məsələn, 30% üçüncü, 70% dördüncü rükətdə olduğunu ehtimal edirsə, burada yüksək olan (70%) ehtimal güman, yaxud zənn adlandırılır.(1)
Namazda şəkk halları bir neçə qismə bölünür:
1) namazı batil edən şəklər (səkkiz hal);
2) etina edilməməli şəklər (altı hal);
3) namaz qılanın izah ediləcək hökmlərə uyğun qaydada hərəkət edəcəyi təqdirdə namazına xələl gətirməyəcək doğru şəklər (doqquz hal).
Beləliklə, bütövlükdə namazda şəkk hallarının sayı iyirmi beşdir.
Qeyd etmək lazımdır ki, batil edən və doğru şəklərin hamısı namazların rükətləri ilə bağlıdır, etina edilməməli olan şəklər isə rükətlərlə yanaşı digər məqamları da əhatə edir.
Məsələ 1423.Namazın rükətləri arasında bir şəkk yarandıqda istər batil edən şəklər qismindən olsun, istərsə doğru şəklər qismindən, namaz qılan dərhal həmin şəkk ilə bağlı hökmlərə əməl edə bilməz. Əksinə, bir qədər düşünməli, ehtimallardan biri xüsusunda güman, yaxud arxayınlıq hasil etdiyi təqdirdə ona uyğun hərəkət etməli, bir nəticəyə gələ bilmədiyi və şəkdə qaldığı təqdirdə isə şəkkiyyatla bağlı hökmlərə əməl etməlidir.

Batil edən şəklər
Məsələ 1424. Namazı batil edən şəklər aşağıdakılardır:
1. Sübh namazı və müsafir namazı kimi ikirükətli vacib namazın rükətlərinin sayında şəkk. Lakin müstəhəb namazın və ehtiyat namazının rükətlərinin sayında şəkk namazı batil etmir.
2. Üç rəkətli namazın rükətlərinin sayında şəkk.
3. Namaz qılanın dördrükətli namazda bir, yoxsa daha artıq rükət qıldığına şəkk etməsi.
4. İkinci səcdədən öncə iki rükət, yoxsa daha artıq qıldığına şəkk etməsi.
5. İki və beş, yaxud iki və beşdən artıq rükət arasında şəkk.
6. Üç və altı, yaxud üç və altıdan artıq rükət arasında şəkk.
7. Namazın rükətləri arasında, ümumiyyətlə, namaz qılanın neçə rükət qıldığını bilməməsi şəklində baş verən şəkk.
8. İzah ediləcək qaydada dörd və altı, yaxud dörd və altıdan artıq rükət arasında şəkk.
Məsələ 1425.Əgər namaz qılanda batil edən şəklərdən biri yaranarsa, bir nəticəyə gələ bilmədikdən və şəkk qalıcı olduqdan sonra namazı poza bilər. Hərçənd, müstəhəb ehtiyata əsasən, şəkki qalıcı olduqdan sonra namazı pozmamalı, əksinə namazın surəti pozulanadək, yaxud ehtimallardan birinə dair yəqinlik və ya güman hasil etməkdən ümidini üzənədək düşünməlidir.

Etina edilməməli olan şəklər
Məsələ 1426. Etina edilməməli olan şəklər aşağıdakılardır:
1. Yeri keçən bir hissə ilə bağlı şəkk, məsələn, namaz qılanın rükuda Həmd surəsini oxuyub-oxumadığına şəkk etməsi.
2. Namazın salamından sonrakı şəkk.
3. Namazın vaxtı keçdikdən sonrakı şəkk.
4. Şəkkak, yəni çox şəkk edən insanın şəkki.
5. Məmumun sayını bildiyi halda imamın namazın rükətlərin sayında şəkk etməsi, həmçinin, imamın namazın rükətlərinin sayını bildiyi halda məmumun şəkk etməsi.
6. Müstəhəb namazlarda və ehtiyat namazında şəkk.

1
) Yeri keçən bir hissə ilə bağlı şəkk
Məsələ 1427.Əgər namaz qılan şəxs namaz əsnasında onun vacib hərəkətlərindən birini yerinə yetirib-yetirmədiyinə şəkk edərsə, məsələn, Həmd surəsini oxuyub-oxumadığına şəkk edərsə, şəriətə görə bu hərəkətlə arasında müəyyən ardıcıllıq olan (ondan sonra edilməli olan)bir hərəkətin icrası ilə məşğul olduğu təqdirdə(belə ki, şəkk edilən hərəkəti qəsdən yerinə yetirmədiyi təqdirdə bu hərəkəti etməməlidirsə) şəkkinə etina etməməlidir (bu şəkk yeri keçmiş şəkdir). Məsələn, əgər namaz qılan ikinci surəni oxuyarkən Həmd surəsini oxuyub-oxumadığına şəkk edərsə, bu halda şəkkinə etina etməməlidir və bu hökm xüsusunda sonrakı hərəkətin namazın vacib, müstəhəb, yaxud müqəddimə (hazırlıq) hissəsi olması arasında bir fərq yoxdur.
Ancaq əgər namaz qılan sonrakı hərəkətə başlamamışdırsa (hələ həmin yerdədirsə), yerinə yetirib-yetirmədiyinə şəkk etdiyi hərəkəti yerinə yetirməlidir. Məsələn, əgər hələ ikinci surəni oxumağa başlamadığı halda Həmd surəsini oxuyub-oxumadığına şəkk edərsə, Həmd surəsini oxumalıdır.
Həmçinin, əgər sonrakı hərəkətə başlamışdırsa, lakin sonrakı hərəkətlə şəkk edilən əvvəlki hərəkət arasında şəriətə görə müəyyən ardıcıllıq yoxdursa, yerinə yetirib-yetirmədiyinə şəkk etdiyi hərəkəti icra etməlidir. Məsələn, əgər səcdədə salavat deyərkən səcdənin vacib zikrini deyib-demədiyinə şəkk edərsə, şəkkinə etina etməli və səcdənin vacib zikrini deməlidir. Çünki səcdədə səcdənin vacib zikrindən öncə və ya sonra salavat demək müstəhəb olsa da, səcdənin zikri ilə salavat arasında şəriətdə müəyyən edilmiş bir ardıcıllıq yoxdur.
Bu məsələdə qeyd edilənlər bütün namazlara aid olub, həm vacib, həm də müstəhəb, həm əda, həm də qəza, həm yövmiyyə (gündəlik), həm də ayat və digər namazlara şamildir.
Məsələ 1428.“Əuzu billahi minəş-şeytanir-rəcim” deyərkən, yaxud qiraətlə məşğul ikən təkbirət əl-ehramı dediyinə şəkk edən şəxs şəkkinə etina etməməlidir.
Məsələ 1429.Əgər Həmd və surənin qiraəti zamanı bir ayəni oxuyarkən ondan öncəki ayəni oxuyub-oxumadığına şəkk edərsə, yaxud bir ayənin axırını oxuyarkən onun əvvəlini oxuyub-oxumadığına şəkk edərsə, şəkkinə etina etməsin.
Məsələ 1430.Əgər namaz qılan rükuya əyilərkən Həmd və surəni, yaxud təkcə surəni oxuyub-oxumadığına şəkk edərsə, şəkkinə etina etməsin. Həmçinin, əgər ikinci rükətdə qunut oxuyarkən Həmd və surəni, yaxud təkcə surəni oxuyub-oxumadığına şəkk edərsə, şəkkinə etina etməsin.
Məsələ 1431.Əgər rüku, yaxud səcdələrdən sonra onun zikr və bədənin aramlığı kimi vacib hərəkətlərini yerinə yetirib-yetirmədiyinə şəkk edərsə, şəkkinə etina etməməlidir.
Məsələ 1432. Əgər namaz qılan səcdəyə gedərkən rüku edib-etmədiyinə şəkk edərsə, şəkkinə etina etməməlidir. Həmçinin, əgər səcdəyə gedərkən rükudan sonra ayağa qalxıb-qalxmadığına şəkk edərsə, şəkkinə etina etməsin.
Məsələ 1433. Əgər namaz qılan bir, yoxsa iki səcdə etdiyinə şəkk edərsə, həmin yerdə olduğu və sonrakı hərəkətə keçmədiyi təqdirdə daha bir səcdə etməlidir. Lakin əgər şəkk növbəti hərəkətə başladıqdan sonra yaranarsa və sonrakı hərəkətlə şəkk edilən əvvəlki hərəkət arasında şəriətə görə müəyyən ardıcıllıq olarsa, məsələn, artıq təşəhhüdü oxuyursa, yaxud növbəti rükətə qalxırsa, bu halda şəkkinə etina etməsin və namazını qılmağa davam etsin.
Məsələ 1434.Əgər ayağa qalxarkən səcdə, yaxud təşəhhüdü yerinə yetirib-yetirmədiyinə şəkk edərsə, şəkkinə etina etməməlidir.
Məsələ 1435. Əgər namaz qılan təşəhhüdün salavatını deyərkən onun şəhadəteynini deyib-demədiyinə şəkk edərsə, şəkkinə etina etməsin. Həmçinin, əgər salamı deyərkən təşəhhüdü, yaxud onun bir hissəsini oxuyub-oxumadığına şəkk edərsə, şəkkinə etina etməsin.
Məsələ 1436.Əgər namaz qılan namazın salamını deyib-demədiyinə şəkk edərsə, namazın təqibatı ilə, yaxud başqa namaz qılmaqla məşğul olduğu, yaxud namazla uyğunluğu olmayan bir iş gördüyü təqdirdə şəkkinə etina etməsin, bunlardan öncə şəkk etdiyi təqdirdə isə salamı deməlidir. Əgər salamın başa çatmasından sonra onu düzgün deyib-demədiyinə şəkk edərsə, hərçənd başqa bir işlə məşğul olmasa belə, şəkkinə etina etməsin.
Məsələ 1437.Əgər namaz qılan namaz əsnasında namazın niyyəti xüsusunda şəkkə düşərsə, həmin an namaz niyyətində olduğunu və şəkkinin öncəki hissələrə aid olduğunu bildiyi təqdirdə şəkkinə etina etməyərək namazını qılmağa davam etsin. Məsələn, rükuda olarkən sübh namazının niyyətində şəkk düşən və rükunu sübh namazı niyyəti ilə yerinə yetirdiyini bilən şəxs bu halda namazını qılmağa davam etməlidir və namazı doğrudur.
Məsələ 1438. Oturaq, yaxud uzanmış vəziyyətdə namaz qılan şəxs Həmd surəsini, yaxud təsbihatı oxuyarkən səcdə, yaxud təşəhhüdü yerinə yetirib-yetirmədiyinə şəkk edərsə, şəkkinə etina etməsin. Əgər Həmd surəsini, yaxud təsbihatı oxumazdan öncə səcdəni, yaxud təşəhhüdü yerinə yetirib-yetirmədiyinə şəkk edərsə, onu yerinə yetirməlidir.
Məsələ 1439. Əgər namaz qılan şəxs namazın rüknlərindən birini yerinə yetirib-yetirmədiyinə şəkk edərsə, ondan sonrakı bir hərəkətin icrasına başlamadığı təqdirdə həmin rüknü yerinə yetirməlidir. Məsələn, əgər təşəhhüdü oxumazdan öncə iki səcdəni edib-etmədiyinə şəkk edərsə, onları yerinə yetirməlidir. Sonradan həmin rüknü yerinə yetirdiyini xatırlayarsa, bir rükn artırıldığına görə, lazım ehtiyata əsasən, namazı batildir.
Məsələ 1440. Əgər rükn olmayan bir hərəkəti yerinə yetirib-yetirmədiyinə şəkk edərsə, ondan sonrakı bir hərəkətin icrasına başlamadığı təqdirdə onu yerinə yetirməlidir. Məsələn, əgər ikinci surəni oxumazdan öncə Həmd surəsini oxuyub-oxumadığına şəkk edərsə, Həmd surəsini oxumalıdır. Əgər yerinə yetirdikdən sonra əslində onu yerinə yetirdiyini xatırlayarsa, rükn artırılmadığına görə namazı doğrudur.
Məsələ 1441.Əgər insan bir rüknü yerinə yetirib-yetirmədiyinə şəkk edərsə, məsələn, təşəhhüd oxuyarkən iki səcdəni yerinə yetirib-yetirmədiyinə şəkk edərsə, şəkkinə etina etməməlidir. Sonradan həmin rüknü yerinə yetirmədiyini xatırladıqda isə növbəti rüknün icrasına başlamadığı təqdirdə onu yerinə yetirməlidir, sonrakı rüknün icrasına başladığı təqdirdə isə, lazım ehtiyata əsasən, namazı batildir. Məsələn, əgər sonrakı rükətin rükusundan öncə iki səcdəni yerinə yetirmədiyini xatırlayarsa, iki səcdəni yerinə yetirməli, rükuda, yaxud ondan sonra xatırladığı təqdirdə isə qeyd edildiyi kimi namazı batildir.
Məsələ 1442. Əgər namaz qılan rükn olmayan bir hərəkəti yerinə yetirib-yetirmədiyinə şəkk edərsə, ondan sonrakı hərəkətin icrasına başladığı təqdirdə şəkkinə etina etməsin. Məsələn, ikinci surəni oxuyarkən Həmd surəsini oxuyu-oxumadığına şəkk edərsə, şəkkinə etina etməsin. Əgər sonra onu yerinə yetirmədiyini xatırlayarsa, növbəti rüknün icrasına başlamadığı təqdirdə geri qayıdaraq onu və ondan sonra hərəkətləri icra etməli, növbəti rüknün icrasına başladığı təqdirdə isə namazı doğrudur. Buna əsasən, əgər namaz qılan, məsələn, vacib namazın qunutunda Həmd surəsini oxumadığını xatırlayarsa, Həmd və surəni oxumalıdır, rükuda xatırladığı təqdirdə isə namazı doğrudur.

2
) Salamdan sonrakı şəkk
Məsələ 1443.Əgər namaz qılan namazın salamından sonra namazı düzgün qaydada qılıb-qılmadığına şəkk edərsə, istər şəkk rükətlərin sayı ilə əlaqədar olsun, istər qiblə və təharət kimi namazın şərtləri ilə, istərsə rüku və səcdələr kimi namazın hissələri ilə, şəkkinə etina etməməlidir. Buna əsasən, əgər namaz qılan namazın salamından sonra rüku edib-etmədiyinə, yaxud namazı üzü qibləyə qılıb-qılmadığına şəkk edərsə, şəkkinə etina etməsin.
Həmçinin, əgər namaz qılan məğrib namazın salamından sonra üç, yoxsa dörd rükət namaz qıldığına şəkk edərsə, yaxud dördrəkətli namazın salamından sonra dörd, yoxsa beş rükət namaz qıldığına şəkk edərsə, şəkkinə etina etməsin.
Lakin əgər namaz qılan namazının kamil olmadığını bilirsə və şəkki namaz əsnasında yarandıqda namazı batil edən şəklərdəndirsə, məsələn, dördrükətli namazın salamından sonra üç, yoxsa beş rükət namaz qıldığına şəkk edərsə, namazı batildir. Ancaq əgər salamdan sonra namaz əsnasında yarandıqda döru şəklərdən sayılan bir şəkkə düşərsə, məsələn, dördrükətli namazın salamından sonra iki, yoxsa üç rükət qıldığına şəkk edərsə, bu halda namaz qılan vəziyyətindən çıxmadığı, yaxud qəsdən və ya səhvən edilməsi namazı batil edən bir hərəkətə yol vermədiyi təqdirdə namazda sayılır. Buna əsasən, üçüncü rükətdə olması ehtimalının üzərində dayanaraq daha bir rükət də qıla, sonra ehtiyat namazı qıla və yersiz salama görə, vacib ehtiyata əsasən, səhv səcdəsi edə bilər.

3
) Vaxt keçdikdən sonrakı şəkk
Məsələ 1444. Əgər namazın vaxtı keçdikdən sonra insan namazı qılıb-qılmadığına şəkk edərsə, yaxud qılmadığını güman edərsə, onu qılması vacib deyil. Lakin əgər vaxt başa çatmamış namazı qılıb-qılmadığına şəkk edərsə, qıldığını güman etsə də, həmin namazı qılmalıdır.
Məsələ 1445. Əgər vaxt keçdikdən sonra namazı doğru qılıb-qılmadığına şəkk edərsə, şəkkinə etina etməsin.
Məsələ 1446. Əgər əsr namazını qılmayan bir şəxs əsr namazına məxsus olan vaxtda zöhr namazını qılıb-qılmadığına şəkk edərsə, əsr namazını qılmalıdır və zöhr namazının qəzasını qılmasına gərək yoxdur. Ancaq əgər bir şəxs əsr namazının məxsus vaxtında zöhr və əsr namazlarını qılıb-qılmadığına şəkk edərsə, əsr namazını qılmalıdır və vacib ehtiyata əsasən, zöhr namazının qəzasını da qılmalıdır. Bu məsələdə izah edilən hökm məğrib və işa namazlarına da aiddir.
Məsələ 1447.Əgər zöhr və əsr namazlarının vaxtı keçdikdən sonra dörd rükət namaz qıldığını bilirsə, ancaq zöhr, yoxsa əsr niyyəti ilə qıldığını bilmirsə, ona vacib olan (ma fiz-zimmə) namaz niyyəti ilə dörd rükət namaz qılmalıdır.
Məsələ 1448. Əgər məğrib və işa namazlarının vaxtı keçdikdən sonra yalnız bir namaz qıldığını bilirsə, ancaq üç, yoxsa dördrükətlik namaz qıldığını bilmirsə, məğrib və işa namazlarının hər ikisinin qəzasını qılmalıdır.

4
) Şəkkakın (çox şəkk edən insanın) şəkki
Məsələ 1449. Şəkkak çox şəkk edən, yəni diqqət dağınıqlığının amillərinin mövcudluğu baxımından onunla eyni situasiyada olan şəxslərlə müqayisədə normal sayılan həddən artıq şəkk edən insandır.
Şəkkaklığın təyinində meyar ürfdür və şəkkaklıq yalnız çox şəkk etmək adətinə çevrilmiş insan demək deyil. Əksinə, insanın həddən ziyadə şəkk etmə təhlükəsi ilə qarşı-qarşıya olması da kafidir. Şəkkaklığın örnəklərindən biri belədir:
Əgər insan adi hallarda üç ardıcıl namazı onlardan ən azı birində şəkk etmədən qıla bilmirsə və bu vəziyyət daha iki dəfə təkrarlanırsa, dördüncü və sonrakı şəklərdə ürfən bu insanı şəkkak adlandırmaq olar və o, şəkkak üçün nəzərdə tutulmuş hökmlərə uyğun hərəkət etməlidir. Məsələn, əgər bir şəxs bir günün sübh, zöhr və əsr namazlarından təkcə sübh namazında şəkkə düşərsə, sonra növbəti üç namaz, yəni məğrib, işa və ikinci günün sübh namazı arasında təkcə birinci günün məğrib namazında şəkkə düşərsə, daha sonra yenə növbəti üç namaz, yəni ikinci günün zöhr, əsr və məğrib namazları arasında təkcə zöhr namazında şəkkə düşərsə, bundan sonra ikinci günün işa, yaxud üçüncü günün sübh və ya zöhr namazlarında şəkk etdiyi təqdirdə şəkkak sayılır və buna əsasən, şəkkinə etina etməməlidir.
Qeyd etmək lazımdır ki, bir şəxs bir namazda üç dəfə şəkk edərsə, yaxud üç ardıcıl namazın hər birində bir dəfə şəkkə düşərsə, bu qədər şəkk şəkkak sayılmaq üçün kafi deyil. Bu hadisənin ürfün onu şəkkak hesab etməsi ilə nəticələnəcək qədər davam etməsi və təkrarlanması istisnadır.
Həmçinin, diqqətəlayiq bir məqam da ondan ibarətdir ki, dəstəmaz, qüsl və təyəmmüm məsələlərində şəkkaklıq eynilə namaz məsələsindəki şəkkaklıq kimidir. Buna əsasən, əgər insan adi hallarda aldığı hər üç dəstəmazdan birində şəkk düşürsə, məsələn, başına məsh edib-etmədiyinə şəkk edirsə və bu vəziyyət daha iki dəfə təkrarlanarsa, dördüncü və sonrakı şəklərdə bu insanı şəkkak hesab etmək olar və o, dəstəmazda şəkkak üçün nəzərdə tutulmuş hökmlərə uyğun hərəkət etməli, yəni şəkkinə etina etməyərək başına məsh etdiyi ehtimalının üzərində dayanmalıdır. Lakin əgər sonradan başına məsh etmədiyi məlum olarsa, dəstəmazı batildir və onunla qıldığı vacib namazı təkrarən qılmalı, vaxt keçdiyi təqdirdə isə qəzasını qılmalıdır.
Məsələ 1450. Şəkkak insan namazın hissələrindən birinin icrasında şəkkə düşərsə, onu yerinə yetirməsi ehtimalının üzərində dayanmalıdır. Məsələn, əgər rüku edib-etmədiyinə şəkk edirsə, hərçənd hələ növbəti hərəkətə keçməsə belə, rüku etdiyini düşünməlidir.Əgər namazı batil edən bir iş görməsi ilə bağlı şəkkə düşərsə, məsələn, sübh namazını iki, yoxsa üç rükət qıldığına şəkk edirsə, hərçənd hələ namazın salamını deməsə belə, iki rükət ehtimalının üzərində dayanmalıdır və namazı doğrudur.
Məsələ 1451. Namazla bağlı bir xüsusda şəkk edən, belə ki, yalnız həmin xüsusda şəkkak hesab edilən şəxsə şəkkak üçün nəzərdə tutulmuş hökmlər təkcə bu xüsusda şamil olunur, digər xüsuslarda isə o şəkkak sayılmır. Buna əsasən, namazın digər xüsuslarında şəkk etdiyi təqdirdə həmin şəkk ilə əlaqədar göstərişlərə uyğun hərəkət etməlidir. Məsələn, şəkkaklığı səcdəni yerinə yetirib-yetirməməsi xüsusunda olan bir şəxs rükunun icrasında şəkkə düşərsə, bununla bağlı göstərişə uyğun hərəkət etməli, yəni həmin yerdədirsə, məsələn, ayaq üstədirsə və hələ səcdəyə getməmişdirsə, rüku etməli, yeri keçdiyi, məsələn, səcdəyə getdiyi təqdirdə isə şəkkinə etina etməməlidir.
Məsələ 1452. Həmişə müəyyən bir namazda, məsələn, zöhr namazında həddən ziyadə şəkkə düşən, belə ki, şəkkaklığı yalnız bu namaza məxsus hesab edilən şəxsə yalnız həmin namaz xüsusunda şəkkak üçün nəzərdə tutulmuş hökmlər şamil olur, digər namazlarda isə şəkkak hesab edilmir. Buna əsasən, əgər başqa bir namazda, məsələn, əsr namazında şəkkə düşərsə, həmin şəkk ilə əlaqədar göstərişə uyğun hərəkət etməlidir.
Məsələ 1453. Yalnız müyyən bir yerdə namaz qılarkən həddən ziyadə şəkk edən şəxs öncəki məsələdə izah edildiyi kimi əgər başqa bir yerdə namaz qəlarkən bir şəkkə düşərsə, həmin şəkk ilə əlaqədar göstərişə uyğun hərəkət etməlidir.
Məsələ 1454. Şəkkaklığın mənasını bilən şəxs şəkkak olub-olmadığına şəkk edirsə, şəkkak sayılmır və hər hansı bir şəkkə düşdüyü təqdirdə onunla bağlı göstərişə uyğun hərəkət etməlidir. Şəkkak olan insan normal insan vəziyyətinə qayıtdığına dair yəqinlik, yaxud arxayınlıq hasil edənədək şəkkinə etina etməməlidir.
Məsələ 1455.Şəkkakın namazın rükətlərinin, yaxud hərəkətlərinin sayını yadında saxlamaq üçün namazın rükətlərinin, yaxud səcdələrin sayını göstərən xüsusi möhürlərdən və ya namaz qılanın namazın rükətlərinin və hərəkətlərinin sayını yadında saxlaya bilməsinə yardım edən təsbeh, üzük, yaxud başqa bir vasitədən istifadə etməsi vacib deyil. Hərçənd, bu iş müstəhəb ehtiyata müvafiqdir.
Məsələ 1456.Həddən ziyadə şəkk edən şəxs əgər bir rüknü yerinə yetirib-yetirmədiyinə şəkk edərsə və şəkkinə etina etməzsə, sonra onu yerinə yetirmədiyini xatırlayarsa, sonrakı rüknün icra etmədiyi təqdirdə həmin rüknü və ondan sonrakı hərəkətləri yerinə yetirməlidir, sonrakı rüknü icra etdiyi təqdirdə isə, vacib ehtiyata əsasən, namazı batildir. Məsələn, əgər rüku edib-etmədiyinə şəkk edərsə və şəkkinə etina etməzsə, ikinci səcdədən öncə rüku etmədiyini xatırladığı təqdirdə geri qayıdaraq rüku etməlidir, ikinci səcdədə yadına düşdüyü təqdirdə isə, vacib ehtiyata əsasən, namazı batildir.
Məsələ 1457. Həddən ziyadə şəkk edən şəxs rükn olmayan bir hərəkəti icra edib-etmədiyinə şəkk edərsə və şəkkinə etina etməzsə, sonradan onu yerinə yetirmədiyini xatırlayarsa, yeri keçmədiyi təqdirdə onu və ondan sonrakı hərəkətləri yerinə yetirməlidir və əgər yeri keçsə də namazı doğrudur. Məsələn, əgər vacib namazda Həmd surəsini oxuyub-oxumadığına şəkk edərsə və şəkkinə etina etməzsə, qunutda onu oxumadığını xatırladığı təqdirdə geri qayıdaraq Həmd və ikinci surəni oxumalıdır, rükuda yadına düşdüyü təqdirdə isə namazı doğrudur və onu qılmağa davam etməlidir.

5
) İmam və məmumun şəkki
Məsələ 1458.Əgər camaat namazının imamı namazın rükətlərinin sayında şəkkə düşərsə, məsələn, üç, yoxsa dörd rükət qıldığına şəkk edərsə, məmum dörd rükət qıldığına əmin olduğu, yaxud güman etdiyi və imama dörd rükət qıldığını başa saldığı təqdirdə imam namazı başa çatdırmalıdır və ehtiyat namazı qılmağa da gərək yoxdur. Həmçinin, əgər imam neçə rükət qıldığına əmindirsə, yaxud buna dair gümanı vardırsa, ancaq məmum namazın rükətlərinin sayında şəkk edirsə, şəkkinə etina etməməlidir.
Onların hər ikisinin namazın hərəkətləri, məsələn, səcdənin sayı ilə əlaqədar şəkləri də bu qəbildəndir. Buna əsasən, namazın hərəkətlərində imama tabe olduğunu və ondan fərqli hərəkət etmədiyini bilən bir məmum bir, yoxsa iki səcdə etdiyinə dair şəkkə düşərsə, imam iki səcdə etdiyinə əmin olduğu, yaxud iki səcdə etdiyini güman etdiyi təqdirdə şəkkinə etina etməməlidir.

6
) Müstəhəb namazda şəkk
Məsələ 1459. Etina edilməyən şəklərdən biri də müstəhəb namazın rükətlərinin sayındakı şəkdir. Bununla bağlı hökmlərin təfsilatı müstəhəb namazlar mövzusunda, 1863-cü məsələdə izah ediləcəkdir.

Doğru şəklər
Məsələ 1460. On bir halda əgər namaz qılan dördrükətli namazın rükətlərinin sayında şəkkə düşərsə, düşünməli, ehtimallardan birinə əmin olduğu, yaxud onu güman etdiyi təqdirdə həmin ehtimala uyğun hərəkət etməli və namazı tamamlamalı, əks təqdirdə, şəkki dəyişməz qaldıqda isə izah ediləcək göstərişlərə uyğun hərəkət etməlidir. Bu on bir haldan bəziləri iki ehtimallı, bəziləri isə üç ehtimallı şəklərdir.

1
) İki və üç rükət arasında
Məsələ 1461. Əgər namaz qılan ikinci səcdənin başlamasından sonra iki, yoxsa üç rükət qıldığına şəkk edərsə, üç rükət qılması ehtimalının üzərində dayanmalı, bir rükət də qılaraq namazını başa çatdırmalı, namazdan sonra ayaq üstə bir rükət ehtiyat namazı qılmalıdır və vacib ehtiyata əsasən, ehtiyat namazını oturaq halda iki rükət qılması kafi deyildir.
Bu şəkk ikinci səcdənin başlamasından öncə, məsələn, ayaq üstə, rükuda, yaxud birinci səcdədə ikən və ya iki səcdə arasında yarandığı təqdirdə namaz batildir.

2
) İki və dörd rükət arasında
Məsələ 1462.Əgər namaz qılan ikinci səcdənin başlamasından sonra ikinci, yoxsa dördüncü rükətdə olduğuna şəkk edərsə, dördüncü rükətdə olması ehtimalının üzərində dayanaraq namazı tamamlamalı və namazdan sonra ayaq üstə iki rükət ehtiyat namazı qılmalıdır. Bu şəkk ikinci səcdənin başlamasından öncə (məsələn, ayaq üstə, yaxud rükuda ikən və ya iki səcdə arasında) yarandığı təqdirdə isə namaz batildir.

3
) Üç və dörd rükət arasında
Məsələ 1463. Əgər namaz qılan üç, yoxsa dördüncü rükətdə olduğuna şəkk edərsə, namazın hansı yerində olursa-olsun, dördüncü rükətdə olması ehtimalının üzərində duraraq namazı tamamlamalıdır və namazdan sonra ayaq üstə bir rükət, yaxud oturaq halda iki rükət ehtiyat namazı qıla bilər. Hərçənd, müstəhəb ehtiyatın tələbi oturaq halda iki rükət ehtiyat namazını seçməsidir.

4
) Ayaq üstə üç və beş rükət arasında
Məsələ 1464. Əgər namaz qılan ayaq üstə üçüncü, yoxsa beşinci rükətdə olduğuna şəkk edərsə, oturmalı, təşəhhüd oxumalı, namazın salamını deməli və bu halda iki və dörd rükət arasındakı şəkkə dair göstərişə uyğun hərəkət etməli, yəni ayaq üstə iki rükət ehtiyat namazı qılmalıdır. Bu şəkk rükuda, yaxud rükudan sonra və ya oturarkən yarandığı təqdirdə isə namaz batildir.

5
) Ayaq üstə dörd və beş rükət arasında
Məsələ 1465.Əgər namaz qılan ayaq üstə dördüncü, yoxsa beşinci rükətdə olduğuna şəkk edərsə, oturmalı, təşəhhüd oxumalı, namazın salamını deməli və bu halda üç və dörd rükət arasındakı şəkkə dair göstərişə uyğun hərəkət etməlidir. Yəniayaq üstə bir rükət, yaxud oturaq halda iki rükət ehtiyat namazı qıla bilər. Hərçənd, müstəhəb ehtiyatın tələbi oturaq halda iki rükət ehtiyat namazını seçməsidir.

6
) Oturaq halda dörd və beş rükət arasında şəkk
Məsələ 1466. Əgər namaz qılan ikinci səcdənin başlamasından sonra dördüncü, yoxsa beşinci rükətdə olduğuna şəkk edərsə, dördüncü rükətdə olması ehtimalının üzərində dayanaraq namazı tamamlamalı və namazdan sonra səhv səcdəsi etməlidir. Ümumiyyətlə, qarşıda izah ediləcəyi kimi bu hökm şəkkin az olan tərəfini təşkil edən ehtimalın dörd rükət olduğu bütün hallara, məsələn, dörd və altı rükət arasındakı şəkkə da şamildir.
Qeyd etmək lazımdır ki, bu şəkk rükuda, rükudan sonra, birinci səcdədə və ya iki səcdə arasında, bir sözlə ikinci səcdənin başlamasından öncə yarandığı təqdirdə namaz batildir.

7
) Oturaq halda dörd və altı rəkət arasında şəkk
Məsələ 1467.Əgər namaz qılan ikinci səcdənin başlamasından sonra dördüncü, yoxsa altıncı rükətdə olduğuna şəkk edərsə, dördüncü rükətdə olması ehtimalının üzərində dayanaraq namazı tamamlamalı və namazdan sonra səhv səcdəsi etməlidir.
Qeyd etmək lazımdır ki, bu şəkk ayaq üstə, rükuda, rükudan sonra, birinci səcdədə və ya iki səcdə arasında, bir sözlə ikinci səcdənin başlamasından öncə yarandığı təqdirdə namaz batildir.

8
) Ayaq üstə beş və altı rükət arasında şəkk
Məsələ 1468. Əgər namaz qılan ayaq üstə beşinci, yoxsa altıncı rükətdə olduğuna şəkk edərsə, oturmalı, təşəhhüd oxumalı, sonra salam deməli və dörd və beş rükət arasındakı şəkkə dair göstərişə uyğun hərəkət etməli, yəni namazdan sonra səhv səcdəsi etməlidir.

9
) İki, üç, dörd və beş rükət arasında şəkk
Məsələ 1469. Əgər namaz qılan ikinci səcdənin başlamasından sonra ikinci, üçüncü, dördüncü, yoxsa beşinci rükətdə olduğuna şəkk edərsə, dördüncü rükətdə olması ehtimalının üzərində dayanmalı və namazdan sonra iki rükət ayaq üstə, sonra iki rükət də oturaq halda ehtiyat namazı qılmalıdır.
Qeyd etmək lazımdır ki, bu şəkk ayaq üstə, rükuda, rükudan sonra, birinci səcdədə və ya iki səcdə arasında, bir sözlə ikinci səcdənin başlamasından öncə yarandığı təqdirdə namaz batildir.

10
) Ayaq üstə üç, dörd və beş rükət arasında şəkk
Məsələ 1470.Əgər namaz qılan ayaq üstə üçüncü, dördüncü, yoxsa beşinci rükətdə olduğuna şəkk edərsə, oturmalı, təşəhhüd oxumalı və namazın salamından sonra iki, üç və dörd rükət arasındakı şəkkə dair göstərişə uyğun qaydada hərəkət etməli, yəni iki rükət ayaq üstə, daha sonra iki rükət də oturaq halda ehtiyat namazı qılmalıdır.

11
) Oturaq halda üç, dörd və beş rükət arasında şəkk
Məsələ 1471. Əgər namaz qılan ikinci səcdənin başlamasından sonra üçüncü, dördüncü, yoxsa beşinci rükətdə olduğuna şəkk edərsə, üç və dörd rükət, həmçinin, dörd və beş rükət arasındakı şəkkə dair göstərişə uyğun hərəkət etməli, yəni ayaq üstə bir rükət, yaxud oturaq halda iki rükət ehtiyat namazı qılmalı, sonra səhv səcdəsi etməlidir. Ümumiyyətlə, istənilən halda namaz qılan ikinci səcdənin başlamasından sonra dörd və daha az, yaxud daha çox rükət arasında şəkk edərsə, vaxt geniş olduğu təqdirdə dördüncü rükətdə olması ehtimalının üzərində dayanaraq hər iki şəkk ilə bağlı göstərişə əməl edə, yəni həm dörd rükətdən az qılması ehtimalına görə ehtiyat namazı qıla, həm də dörd rükətdən artıq qılması ehtimalına görə namazdan sonra səhv səcdəsi edə bilər.
Qeyd etmək lazımdır ki, bu şəkk rükuda, rükudan sonra, birinci səcdədə və ya iki səcdə arasında, bir sözlə ikinci səcdənin başlamasından öncə yarandığı təqdirdə namaz batildir.
Məsələ 1472.Namaz qılanın qiyam halından oturaq hala keçməli olduğu doğru şəklərdə, məsələn, ayaq üstə dörd və beş rükət arasında şəkk etdikdə, müstəhəb ehtiyata əsasən, namaz qılan yersiz qiyam üçün səhv səcdəsi etməlidir.

Doğru şəklər ilə əlaqədar digər hökmlər
Məsələ 1473.Əgər insanda doğru şəklərdən biri yaranarsa, namazın vaxtı yenidən başlaya bilməyəcəyi qədər məhdud olduğu təqdirdə namazı dayandırmamalı, izah edilən göstərişlərə uyğun qaydada hərəkət etməməlidir. Lakin əgər namazın vaxtı geniş olarsa, namazı dayandıraraq yenidən başlaya, yaxud dayandırmayaraq yaranan şəkkə dair göstərişə müvafiq qaydada hərəkət edə bilər.
Məsələ 1474. Oturaq halda namaz qılan şəxs bir rükət ayaq üstə, yaxud iki rükət oturaq halda ehtiyat namazı qılmalı olduğu bir şəkkə düşərsə, bir rükət oturaq halda namaz qılmalıdır. Əgər ayaq üstə iki rükət ehtiyat namazı qılmalı olduğu bir şəkkə düşərsə, oturaq halda iki rükət namaz qılmalıdır.
Məsələ 1475. Vəzifəsi oturaq halda namaz qılmaq olan şəxs ehtiyat namazı qılarkən ayaq üstə dura bilirsə,ayaq üstə namaz qılan şəxs üçün nəzərdə tutulmuş göstərişə əməl etməlidir.
Məsələ 1476. Ayaq üstə namaz qılan şəxs ehtiyat namazını qılarkən ayaq üstə durmaq imkanını itirərsə, ehtiyat namazını namazı oturaq halda qılan şəxs kimi, 1474-cü məsələdə izah edilən qaydada qılmalıdır.
Məsələ 1477. Əgər namazda ehtiyat namazının qılınmasını vacib edən bir şəkk yaranarsa, insan namazı başa çatdıraraq onu yenidən qılmaq istədiyi təqdirdə, müstəhəb ehtiyata əsasən, yenə də ehtiyat namazı qılmalı və onu qılmadan namazı təkrarən qılmamalıdır. Əgər namazı batil edən bir iş görmədən və ehtiyat namazı qılmadan həmin namazı təkrarən qılarsa, vacib ehtiyata əsasən, ikinci namazı da batildir. Lakin əgər namazı batil edən bir iş gördükdən sonra onu yenidən qılarsa, ikinci namazı doğrudur. (Təbii ki, əgər vaxt məhdud olarsa, ehtiyat namazı ilə bağlı göstərişə uyğun hərəkət etməlidir ki, namazı vaxtında qılınmış sayılsın.)
Məsələ 1478.İnsanda batil edən şəklərdən biri yarandıqda və sonrakı hala keçəcəyi təqdirdə yəqinlik, yaxud güman hasil edəcəyini bildikdə onun batil edən şəkki namazın ilk iki rükətində olduğu halda şəkdə ikən namazı davam etdirə bilməz. Məsələn, əgər rükuda bir, yoxsa daha artıq rükət qıldığına dair şəkkə düşərsə və rükudan qalxdığı təqdirdə ehtimallardan birinə dair onda əminlik, yaxud güman yaranacağını bilirsə, bu halda başını rükudan qaldıra bilməz. Ancaq digər batil edən şəklərdə ehtimallardan birinə dair əminliyin, yaxud gümanın yaranması üçün namazını davam etdirə bilər.
Məsələ 1479.Əgər insanda yaranan şəkk aradan gedər və onda başqa bir şəkk yaranarsa, məsələn, əvvəl iki, yoxsa üç rükət qıldığına, sonra üç, yoxsa dörd rükət qıldığına şəkk edərsə, ikinci şəkkə dair göstərişə əməl etməlidir.
Məsələ 1480. Əgər ayağa qalxdıqdan sonra, yaxud qalxarkən iki səcdəni yerinə yetirib-yetirmədiyinə şəkk edərsə və bu zaman onda alnı ikinci səcdə üçün möhürə qoyduqdan sonra baş verəcəyi təqdirdə doğru olan şəklərdən biri yaranarsa, məsələn, iki, yoxsa üç rükət qıldığına şəkk edərsə, həmin (iki və üç rükət arasında) şəkkə dair göstərişə əməl etdiyi halda namazı doğrudur. Lakin təşəhhüd oxuyarkən səcdələrin sayında şəkk ilə yanaşı həmin şəklərdən biri yarandığı təqdirdə əgər şəkki iki və üç rükət arasında olarsa, namazı batildir, iki və dörd, yaxud iki, üç və dörd rükət arasında olarsa, namazı doğrudur və bu şəkkə dair göstərişə əməl etməlidir.
Məsələ 1481. Əgər təşəhhüdü oxumağa başlamazdan, yaxud təşəhhüdü olmayan rükətlərdə ayağa qalxmağa başlamazdan öncə bir, yaxud hər iki səcdəni etdiyinə dair şəkkə düşərsə və bu zaman onda alnı ikinci səcdə üçün möhürə qoyduqdan sonra baş verəcəyi təqdirdə doğru olan şəklərdən biri yaranarsa, namazı batildir.
Məsələ 1482. Əgər rükudan öncə ayaq üstə ikən üçüncü, yoxsa dördüncü rükətdə olduğuna və ya üçüncü, dördüncü, yoxsa beşinci rükətdə olduğuna şəkk edərsə və əvvəlki rükətin bir, yaxud iki səcdəsini yerinə yetirmədiyini xatırlayarsa, namazı batildir.
Məsələ 1483. Əgər namazdan sonra onda namaz əsnasında bir şəkk yarandığını başa düşərsə, lakin batil edən, yoxsa doğru şəklərdən olduğunu bilməzsə, namazı yenidən qılmalıdır. Əgər doğru şəklərdən olduğunu bilərsə, lakin hansı hal olduğunu bilməzsə, namazı yenidən qıla bilər. Hərçənd, bütün doğru şəklərə dair göstərişlərə də əməl edə bilər və bu halda namazı yenidən qılmasına gərək yoxdur. (Əlbəttə, əgər vaxt dar olarsa, bunlardan daha az vaxt tələb edənini seçməlidir.)

Namazda güman ilə əlaqədar hökmlər
Məsələ 1484. Vacib namazda namazın rükətləri ilə bağlı gümana dair hökm yəqinlik hökmü kimidir. Buna əsasən, məsələn, əgər namaz qılan sübh, məğrib, yaxud işa namazında bir, yoxsa iki rükət qıldığını bilmirsə və iki rükət qıldığını güman edirsə, iki rükət qılması ehtimalının üzərində durmalıdır və namazı doğrudur. Əgər dördrükətli namazda dörd rükət qıldığını güman edərsə, ehtiyat namazı qılmasına gərək yoxdur.
Məsələ 1485. Əgər namaz qılan rükətlərin sayı xüsusunda əvvəlcə gümanı bir ehtimalın doğruluğu yönündə olarsa, sonra onun nəzərində hər iki ehtimal bərabərləşərsə, şəkk ilə əlaqədar göstərişlərə uyğun hərəkət etməlidir. Əgər əvvəlcə iki ehtimal bərabər olarsa və onlardan vəzifəsinə uyğun olanın ehtimalın üzərində dayanarsa, sonra onda digər ehtimalın doğruluğu yönündə güman yaranarsa, həmin ehtimalı seçməli və namazını başa çatdırmalıdır.
Məsələ 1486. Namazın rükətlərinin sayı ilə bağlı ehtimallardan biri yönündə gümanı olduğunu, yoxsa hər iki ehtimalın öz nəzərində bərabər olduğunu bilməyən, başqa sözlə, özündə yaranan halın şəkk, yoxsa güman olması xüsusunda tərəddüd edən şəxs şəkk göstərişinə əməl etməlidir.
Məsələ 1487. Əgər namaz qılan namazdan sonra namaz əsnasında, məsələn, ikinci, yoxsa üçüncü rükətdə olduğuna tərəddüd etdiyini və üç ehtimalının üzərində dayandığını bilirsə, lakin gümanının üçüncü rükətdə olması yönündə olduğunu, yoxsa hər iki ehtimalın onun nəzərində bərabər olduğunu bilmirsə, ehtiyat namazı qılması lazım deyil.
Məsələ 1488. Namazın hərəkətlərinə dair gümana şəkk hökmü şamil olunur və bu hökmdə vacib və müstəhəb namaz arasında fərq yoxdur. Beləliklə, əgər namaz qılan iki səcdə etdiyini güman edirsə, hələ yerində olduğu və növbəti hərəkətə keçmədiyi təqdirdə daha bir səcdə etməlidir. Şəriətə görə səcdələrlə arasında müəyyən ardıcıllıq olan növbəti hərəkətə keçdiyi, məsələn, təşəhhüd oxumaqla məşğul olduğu, yaxud növbəti rükət üçün ayağa qalxdığı təqdirdə isə iki səcdə etməsi ehtimalının üzərində durmalıdır. Həmçinin, əgər rüku etdiyini güman edirsə, hələ yerində olduğu və növbəti hərəkətə keçmədiyi təqdirdə rüku etməlidir. Şəriətə görə rüku ilə arasında müəyyən ardıcıllıq olan növbəti hərəkətə keçdiyi, məsələn, “Səmiəllahu limən həmidəh” zikrini deməklə məşğul olduğu, yaxud səcdəyə getdiyi təqdirdə isə gümanına etina etməməli və rüku etməsi ehtimalının üzərində durmalıdır. Əgər Həmd surəsini oxuduğunu güman edirsə, ikinci surənin qiraətinə başladığı təqdirdə gümanına etina etməməlidir və namazı doğrudur. İkinci surənin qiraətinə başlamadığı təqdirdə isə Həmd surəsini oxumalıdır.
Məsələ 1489. Namazın hərəkətləri xüsusunda ehtimallardan birinin yüksək olması yönündə gümanı olduğunu, yoxsa hər iki ehtimalın onun nəzərində bərabər olduğunu bilməyən şəxs şəkk göstərişinə əməl etməlidir.
Məsələ 1490.Şəkk, səhv və güman ilə bağlı hökmlər xüsusunda gündəlik vacib namazlarla digər vacib namazlar arasında fərq yoxdur. Məsələn, əgər insan ayat namazında birinci, yoxsa ikinci rükətdə olduğuna dair şəkkə düşərsə, şəkki ikirükətli namazda olduğuna görə namazı batil olur. Lakin əgər birinci, yoxsa ikinci rükətdə olmasına dair tərəddüdü varsa, ancaq ikinci rükətdə olduğunu güman edirsə, gümanına uyğun hərəkət edərək namazını başa çatdırmalıdır.

Ehtiyat namazı
Ehtiyat namazının qılınma qaydası
Məsələ 1491.Ehtiyat namazı qılması vacib olan şəxs namazın salamından sonra dərhal ehtiyat namazının niyyətini edərək təkbirət əl-ehramını deməli, sonra Həmd surəsini oxuyaraq rükuya getməli və iki səcdə etməli, ona bir rükət ehtiyat namazı vacib olduğu təqdirdə təşəhhüd oxuyaraq salamı deməli, iki rükət ehtiyat namazı vacib olduğu təqdirdə isə iki səcdədən sonra birinci rükət kimi daha bir rükət də qılmalı və təşəhhüddən sonra salamı deməlidir.
Məsələ 1492.Ehtiyat namazında ikinci surə və qunut yoxdur və namaz qılan, vacib ehtiyata əsasən, onun niyyətini dillə ifadə etməməlidir. Həmçinin, vacib ehtiyata əsasən, Həmd surəsini ahəstə səslə oxumalı, müstəhəb ehtiyata əsasən, “Bismillahir-rəhmanir-rəhim”ini də ahəstə səslə deməlidir.
Məsələ 1493. Ehtiyat namazı namazın özünə birləşdirilərək, namazı batil edən hərəkətlərə yol verilmədən qılınır. İnsan namazın özü ilə ehtiyat namazı arasında qəsdən namazı pozan hərəkətlərdən birinə yol verərsə, vacib ehtiyata əsasən, ehtiyat namazı doğru deyil və onu qılması ilə kifayətlənə bilməz.
Məsələ 1494. Əgər namaz qılan ehtiyat namazını qılmazdan öncə qıldığı namazın doğru olduğını başa düşərsə, ehtiyat namazını qılmasına gərək yoxdur və ehtiyat namazının ortasında başa düşərsə, onu başa çatdırmasına gərək yoxdur.
Məsələ 1495. Əgər namaz qılan ehtiyat namazını qılmazdan öncə namazının rükətlərinin sayının əskik olduğunu başa düşərsə, namazı batil edən bir hərəkətə yol vermədiyi təqdirdə namazın qılınmayan hissəsini qılmalı və yersiz salama görə, lazım ehtiyata əsasən, səhv səcdəsi etməli, namazı batil edən bir hərəkətə yol verdiyi, məsələn, arxasını qibləyə çevirdiyi təqdirdə isə namazı yenidən qılmalıdır.
Məsələ 1496. Əgər ehtiyat namazından sonra namazının əskik hissəsinin ehtiyat namazı qədər olduğunu başa düşərsə, məsələn, namaz qılan üç və dörd rükət arasındakı şəkdə dörd ehtimalının üzərində dayanaraq bir rükət ehtiyat namazı qılarsa və sonra namazı üç rükət qıldığını başa düşərsə, namazı doğrudur.
Məsələ 1497.Əgər ehtiyat namazını qıldıqdan sonra namazının əskik hissəsinin ehtiyat namazından az olduğunu başa düşərsə, məsələn, namaz qılan iki və dörd rükət arasındakı şəkdə dörd ehtimalının üzərində dayanaraq iki rükət ehtiyat namazı qılarsa və sonra namazı üç rükət qıldığını başa düşərsə, namazı yenidən qılmalıdır.
Məsələ 1498. Əgər ehtiyat namazını qıldıqdan sonra namazının əskik hissəsinin ehtiyat namazından çox olduğunu başa düşərsə, məsələn, namaz qılan üç və dörd rükət arasındakı şəkdə dörd ehtimalının üzərində dayanaraq bir rükət ehtiyat namazı qılarsa və sonra namazı iki rükət qıldığını başa düşərsə, ehtiyat namazından sonra namazı batil edən bir iş gördüyü, məsələn, arxasını qibləyə çevirdiyi təqdirdə namazı yenidən qılmalı, namazı batil edən bir iş görmədiyi təqdirdə də, lazım ehtiyata əsasən, namazını yenidən qılmalı və namaza birləşdirilərək qılınan bir rükətin əlavə edilməsi ilə kifayətlənməməlidir.
Məsələ 1499. Əgər iki, üç və dörd rükət arasında şəkk edərsə və ayaq üstə iki rükət ehtiyat namazı qıldıqdan sonra namazı iki rükət qıldığını xatırlayarsa, oturaq halda iki rükət ehtiyat namazını daqılmasına gərək yoxdur.
Məsələ 1500. Əgər üç və dörd rükət arasında şəkk edərsə və ayaq üstə birrükətli ehtiyat namazını qılarkən namazı üç rükət qıldığını xatırlayarsa, ehtiyat namazını dayandırmalı və ehtiyat namazının rükusunun başlamasından öncə xatırladığı təqdirdə namaza birləşdirmə surəti ilə bir rükət əlavə etməlidir. Bu halda namazı doğru sayılır və artıq salama görə, lazım ehtiyata əsasən, səhv səcdəsi etməlidir. Ancaq ehtiyat namazının rükusuna başladıqdan sonra xatırladığı təqdirdə namazı yenidən qılmalıdır və vacib ehtiyata əsasən, qalan bir rükəti əlavə etməklə kifayətlənə bilməz.
Məsələ 1501.Əgər iki, üç və dörd rükət arasında şəkk edərsə və ayaq üstə ikirükətli ehtiyat namazını qılarkən namazı üç rükət qıldığını xatırlayarsa, öncəki məsələdə izah edilənlərin bənzəri bu vəziyyətə də şamildir.
Məsələ 1502.Əgər ehtiyat namazı əsnasında namazının əskik hissəsinin ehtiyat namazından çox, yaxud az olduğunu başa düşərsə, bu vəziyyətlə bağlı hökm 1500-cü məsələdə izah edilən kimidir.
Məsələ 1503.Ehtiyat namazı əsil namazın hissələri kimidir. Beləliklə, əgər namaz qılan ehtiyat namazında bir rükət yerinə iki rükət qılarsa, ehtiyat namazı batil olur və namazın özünü yenidən qılmalıdır. Əgər namaz qılan qəsdən ehtiyat namazında bir rüknü əskik edər, yaxud artırarsa, həmçinin, əgər bir rüknü əskik edərsə və onu yetirmək fürsəti olan yer keçərsə, namazı batil olur. Əgər namaz qılan ehtiyat namazında bir rüknü səhvən əlavə edərsə, lazım ehtiyata əsasən, namazı batil olur.

Ehtiyat namazında şəkk və səhv ilə əlaqədar hökmlər
Məsələ 1504.Əgər namaz qılan qılması vacib olan ehtiyat namazını qılıb-qılmadığına şəkk edərsə, namazın vaxtı keçdiyi təqdirdə şəkkinə etina etməsin.Vaxt qaldığı təqdirdə isə şəkk ilə namazın arası çox çəkmədiyi, başqa bir iş görmədiyi və üzü qiblədən çevirmək kimi namazı batil edən bir hərəkətə yol vermədiyi halda ehtiyat namazını qılmalı, namazı batil edən bir hərəkətə yol verdiyi, yaxud başqa bir işə başladığı və ya namazla şəkkin arası çox çəkdiyi halda, lazım ehtiyata əsasən, namazı yenidən qılmalıdır.
Məsələ 1505.Əgər ehtiyat namazının rükətlərinin sayında şəkkə düşərsə, çox sayı dəstəkləyən ehtimal namazı batil etdiyi təqdirdə az sayı dəstəkləyən ehtimalın üzərində dayanmalı, çox sayı dəstəkləyən ehtimal namazı batil etmədiyi təqdirdə isə bu ehtimalın üzərində dayanmalıdır. Məsələn, ikirəkətli ehtiyat namazını qılarkən ikinci, yoxsa üçüncü rükətdə olduğuna şəkk edərsə, çox sayı dəstəkləyən ehtimal namazı batil etdiyinə görə ikinci rükətdə olması ehtimalının üzərində dayanmalıdır. Birinci, yoxsa ikinci rükətdə olduğuna şəkk edərsə, çox sayı dəstəkləyən ehtimal namazı batil etmədiyinə görə ikinci rükətdə olması ehtimalının üzərində dayanmalıdır. Həmçinin, birrükətli ehtiyat namazı qılarkən bir, yoxsa iki rükət qıldığına şəkk edərsə, bir rükət qılması ehtimalının üzərində dayanmalıdır.
Məsələ 1506. Ehtiyat namazını qılarkən onun hərəkətlərindən hər hansı biri xüsusunda şəkkə düşərsə, həmin hərəkətin yeri keçmədiyi təqdirdə onu yerinə yetirməli, yeri keçdiyi təqdirdə isə şəkkinə etina etməməlidir. Məsələn, əgər Həmd surəsini oxuyub-oxumadığına şəkk edərsə, rükuya getmədiyi təqdirdə onu oxumalı, rükuya getdiyi təqdirdə isə şəkkinə etina etməməlidir. Buna əsasən, ehtiyat namazının hərəkətlərində şəkkə dair hökmlər namazın özünün hərəkətlərində şəkkə dair hökmlər kimidir.
Məsələ 1507. Əgər ehtiyat namazının salamından sonra onun hissələrindən və şərtlərindən birini icra edib-etmədiyinə şəkk edərsə, şəkkinə etina etməsin.
Məsələ 1508. Əgər ehtiyat namazında rükn olmayan bir şeyi səhvən yerinə yetirməz, yaxud artıq yerinə yetirərsə, səhv səcdəsi etməsinə gərək yoxdur.
Məsələ 1509.Əgər ehtiyat namazında təşəhhüdü, yaxud bir səcdəni unudarsa və onu öz yerində icra etmək mümkün olmazsa, vacib ehtiyata əsasən, namazın salamından sonra səcdənin qəzasını yerinə yetirməlidir. Lakin təşəhhüdün qəzası lazım deyil. Həmçinin, unudulmuş təşəhhüd üçün səhv səcdəsi etməyə də gərək yoxdur. Hərçənd, səhv səcdəsinin edilməsi müstəhəb ehtiyata müvafiqdir.
Məsələ 1510. Əgər namaz qılana ehtiyat namazı və səhv səcdəsi vacib olarsa, əvvəlcə ehtiyat namazını qılmalıdır. Həmçinin, vacib ehtiyata əsasən, insana ehtiyat namazı və səcdənin qəzası vacib olduqda da əvvəlcə ehtiyat namazını qılmalıdır.


(1) Keçmiş mövzuların böyük əksəriyyətində şəkk və güman ilə bağlı hökm eynidir və onların arasında bir fərq yoxdur. Şəkk və güman ilə bağlı hökmün bir-birindən fərqləndiyi az sayda hallarda da onların hər ikisi ilə bağlı hökm bəyan edilmişdir.

Səhv səcdəsi → ← Namazı dayandırmaq və onun hissələrini artırmaq və azaltmaq
العربية فارسی اردو English Azərbaycan Türkçe Français