ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

Namazı dayandırmaq və onun hissələrini artırmaq və azaltmaq → ← NAMAZIN VACİBATI

NAMAZI POZAN HAL VƏ HƏRƏKƏTLƏR

NAMAZI POZAN HAL VƏ HƏRƏKƏTLƏR
Məsələ 1342.On iki hal və hərəkət namazı pozur və bunlara “mübtilat” (batil edicilər) deyilir.

1
) Namazın şərtlərindən birinin pozulması
Məsələ 1343. Əgər namaz əsnasında onun şərtlərindən hər hansı biri(1) pozularsa, namaz batil olur. Bununla bağlı məsələlər namazın müqəddimatı (hazırlıq tədbirləri) bölməsində müfəssəl surətdə izah edilmişdir. Burada bir neçə misalla kifayətlənəcəyik:
1-ci misal. Əgər namaz əsnasında (vaxt geniş olduqda) namaz qılanın geyimi nəcasətlənərsə və müvalat, yaxud namazın surəti pozulmadan onu paklamaq, yaxud soyunmaq mümkün olmazsa, namaz batil olur.
2-ci misal. Əgər namaz əsnasında (vaxt geniş olduqda) insan namazını qıldığı yerin qəsb edilmiş bir yer olduğunu başa düşərsə və namazda ikən müvalat, yaxud namazın surəti pozulmadan həmin yerdən kənara çıxmaq mümkün olazsa, lazım ehtiyata əsasən, namaz batil olur.
Bu hallarda namaz qılan şəxs namazın qalan vacibat və hissələrini namazın müqəddimatı bölməsində qeyd edilən lazımi şərtlərə riayət etməklə yerinə yetirə bilmədiyinə görə namaz batil sayılır.

2
) Dəstəmazın, yaxud qüslün pozulması
Məsələ 1344. Əgər namaz əsnasında qəsdən, yaxud səhvən surətdə və ya çarəsizlikdən dəstəmazı, yaxud qüslü pozan bir hal baş verərsə, məsələn, namaz qılan sidik, yaxud mədə yeli ifraz edərsə və ya yatarsa, hərçənd namazın ortasında müvalat, yaxud namazın surəti pozulmadan misal üçün dəstəmaz ala və namazın bütün vacibatını təharətli halda yerinə bilsə də, namazı batil olur.
Əlbəttə, bu hökm bir halda vacib ehtiyata əsaslanır. Bu hal dəstəmaz, yaxud qüslün namazın sonuncu səcdəsi başa çatdıqdan sonra səhvən, yaxud çarəsizlikdən pozulmasıdır. İdrar, yaxud nəcis ifrazının qarşısını ala bilməyən şəxsdən namaz əsnasında idrar və ya nəcis ifraz olarsa, dəstəmaz hökmlərində izah edilən qaydada hərəkət etdiyi təqdirdə namazı batil olmur. Həmçinin, əgər namaz əsnasında müstəhazə qadında qan ifrazı baş verərsə, istihazə qaydalarına uyğun hərəkət etdiyi təqdirdə namazı doğrudur.
Məsələ 1345. Qeyri-ixtiyari surətdə yuxuya gedən şəxs əgər namaz əsnasında, yoxsa namazdan sonra yuxuya getdiyini bilmirsə, namazını yenidən qılması lazım deyil. Ancaq bu şərtlə ki, namazın yerinə yetirdiyi hissələrinin ürfən namaz sayılacaq qədər olduğunu bilməli, məsələn, namazda təkbirət əl-ehram, qiyam, rüku və bir səcdəni oyaq halda yerinə yetirdiyini xatırlamalıdır.
Məsələ 1346. Əgər ixtiyari şəkildə yatdığını bilirsə, ancaq namazdan sonra, yoxsa namaz əsnasında namaz qıldığını unudaraq yuxuya getdiyinə şəkk edirsə, namazı öncəki məsələdə qeyd edilən şərtlə doğrudur.
Məsələ 1347. Əgər səcdə vəziyyətində yuxudan ayılaraq namazın sonuncu səcdəsində, yoxsa şükür səcdəsində olduğuna şəkk edərsə, istər ixtiyari surətdə yuxuya getdiyini bilsin, istərsə qeyri-ixtiyari surətdə yuxuya getsin, namazı doğru sayılır və onu təkrarən qılmasına gərək yoxdur.
3) İtaətkarlıq və ədəb nümayişi məqsədilə əlləri qəsdən bir-birinin üstünə qoymaq
Məsələ 1348. Əgər namaz qılan əllərini itaətkarlıq və ədəb nümayişi məqsədilə namazda bir-birinin üstünə qoyarsa, istər bu hərəkəti namazın bir hissəsi kimi etsin, istərsə belə bir niyyəti olmadan, vacib ehtiyata əsasən, namazı batil olur. Əgər bir şəxs bu hərəkəti belə bir əməlin dinin (şəriətin) bir göstərişi olması niyyəti ilə yerinə yetirərsə, haram iş görmüşdür. Hətta bu hərəkətin belə bir niyyət olmadan yerinə yetirilməsi də, vacib ehtiyata əsasən, caiz deyil.
Məsələ 1349. Əgər unutqanlıq, zərurət, təqiyyə, yaxud itaətkarlıq və ədəbi qorumaqdan başqa bir niyyətlə, məsələn, əlini qaşımaq üçün əllərini bir-birinin üstünə qoyarsa, namaza xələl gəlmir.

4
) Həmd surəsindən sonra qəsdən “amin” demək
Məsələ 1350. Əgər məmum camaat namazında qəsdən təqiyyə halından başqa bir halda Həmd surəsindən sonra “amin” deyərsə, namazı batil olur və məmumdan başqasının “amin” deməsi ilə namazının batil olması ilə vacib ehtiyata əsaslanır. Hərçənd, bu hərəkətin dinə daxil edilməsi məqsədi ilə edilməsinin haramlığına şübhə yoxdur. Əgər “amin”i səhvən, yaxud təqiyyə səbəbi ilə deyərsə, namazına xələl gəlmir.

5
) Üzürlü səbəb olmadan qiblədən dönmək və yayınmaq
Məsələ 1351. Əgər namaz qılan üzürlü səbəb olmadan üzü qibləyə durmaq vəzifəsini yerinə yetirməyəcək şəkildə bədənini qiblədən döndərərsə, məsələn, ürfən “üzü qibləyədir” deyilməyəcək şəkildə dayanarsa, namazı batil olur və bu qəsdən qiblədən yayınmanın qiraət, yaxud zikr əsnasında olub-olmaması arasında fərq yoxdur. Həmçinin, yayınma səviyyəsinin 90 dərəcəyə çatıb-çatmaması arasında da fərq yoxdur. Buna əsasən, əgər misal olaraq “Həmd”i oxuduqdan sonra və surəni oxumazdan öncə qeyd edilən şəkildə qiblədən yayınarsa, ancaq dərhal əvvəlki vəziyyətinə qayıdaraq üzü qibləyə dayanarsa və surəni və namazın qalan hissələrini üzü qibləyə yerinə yetirmək istəyərsə, yenə də namazı batildir.
Məsələ 1352. Əgər namaz qılanın bədəni qiblədən dönərsə, lakin bu qiblədən yayınma üzürlü səbəbdən baş verərsə, məsələn, unutqanlıq, yaxud güclü külək kimi onu qeyri-ixtiyari surətdə qiblədən sapdıran başqa bir səbəblə əlaqədar olaraq qiblədən dönərsə, burada iki hal təsəvvür edilir:
a) Namaz qılanın qiblədən yayınması sağ, yaxud sol tərəfinə çatacaq qədər olmadığı təqdirdə namazı doğrudur. Lakin namaz əsnasında üzürlü halı aradan qalxdığı təqdirdə dərhal qiblə istiqamətinə qayıtmalıdır.
b) Namaz qılanın qiblədən yayınması sağ, yaxud sol tərəfinə çatacaq qədər olduğu, yaxud namaz qılan arxası qibləyə çevrildiyi təqdirdə üzürlü halı namaz vaxtı daxilində başa çatarsa, belə ki, namazını (hərçənd bir rükətini olsa belə) vaxt daxilində yenidən qıla bilərsə,məsələn, qibləni müəyyən etməkdə səhvə yol verərək 90 dərəcə, yaxud daha az yayınma ilə namaz qıldığı və vaxtın başa çatmasından bir neçə dəqiqə öncə, ən azı bir rükəti vaxt başa çatmadan qılmaq imkanı var ikən səhvini başa düşdüyü halda belə etməlidir.
Əgər bu qədər də vaxtı yoxdursa, yaxud üzürlü halı vaxt başa çatdıqdan sonra aradan qalxarsa, bu vəziyyətdə qıldığı namaz doğrudur.
Məsələ 1353. Əgər namaz qılan yalnız üzünü qiblədən çevirərsə, lakin bədəni qibləyə doğru olarsa, boynunu arxasını bir qədər görə biləcək dərəcədə sağ, yaxud sol tərəfə çevirdiyi təqdirdə ona şamil olunan hökm eynilə bədənin qiblədən döndərilməsi ilə bağlı izah edilən hökmdür. Əyilmə bu dərəcədə olmadığı, lakin ürfən çox sayıldığı təqdirdə, vacib ehtiyata əsasən, namazını təkrarən qılmalıdır. Ancaq boynunu azacıq əyərsə, hərçənd bu hərəkət məkruh olsa da, namazı batil olmur.

6
) Qəsdən danışmaq
Məsələ 1354. Əgər namaz qılan namazda qəsdən danışar, bir söz söyləyərsə, bu sözlə bağlı iki hal mövcud ola bilər:
Birinci hal: İki və ya daha artıq hərfdən(2) ibarət olarsa, bu halda – hərçənd, vacib ehtiyata əsasən, danışdığı söylədiyi şey mənasız olsa belə - namaz batil olur.
İkinci hal: Bir hərfli olarsa, bu zaman da aşağıdakı iki halda namaz batil olur:
a) ərəbcə “qoru” mənasını ifadə edən “qi” sözü kimi müəyyən leksik mənaya malik olarsa;
b) müstəqil leksik mənaya malik olmasa da başqa bir mənanın ifadəsinə xidmət edərsə, məsələn, bir şəxs namaz əsnasında namaz qılandan əlifbanın ikinci hərfini soruşarsa və o da cavab olaraq: “be” deməklə kifayətlənərsə.
Lakin əgər dediyi bir hərf heç bir mənanı ifadə etmirsə, namaz batil olmur.
Məsələ 1355. Əgər səhvən bir və ya çox hərfli bir söz deyərsə, hərçənd həmin sözün mənası olsa da, namazı batil olmur. Lakin, ehtiyata əsasən, namazdan sonra qarşıda izah ediləcək qaydada səhv səcdəsi etməlidir.
Məsələ 1356. Öskürmək və gəyirmək namaza xələl gətirmir. Lazım ehtiyata əsasən, insan namazda ixtiyari surətdə ah çəkməməli, nalə etməməlidir. “Ax”, “ah” və bənzər nidalara gəlincə, əgər qəsdən deyilərsə, namazı batil edir.
Məsələ 1357. Əgər “Allahu əkbər”, yaxud “Subhanəlah” kimi bir sözü zikr məqsədi və Allaha yaxınlaşmaq niyyəti ilə deyərsə və onu deyərkən başqasına bir şeyi başa salmaq məqsədi ilə səsini ucaldarsa, namaza xələl gəlmir.(3) Həmçinin, əgər bir sözü zikr məqsədi və Allaha yaxınlaşmaq niyyəti ilə adi qaydada deyərsə, hərçənd bu hərəkətin bir şəxsin hansısa məsələyə diqqət yetirməsinə səbəb olduğunu bilsə belə, buna əngəl yoxdur.
Məsələ 1358. Əgər “Allahu əkbər”, yaxud “Subhanəlah” kimi bir sözü başqasına bir şeyi başa salmaq üçün zikr niyyəti ilə deyərsə və zikrinin özünün deyilişində məqsədi başqasına nəyi isə başa salmaq olarsa, bu halda da namazı doğrudur. Qeyd etmək lazımdır ki, bu məsələ ümumiyyətlə deyilən zikrə aiddir. Lakin namazın vacib və müstəhəb zikrlərində əgər məqsədi başqalarına nəyisə açıqlamaq olarsa, bu açıqlamada niyyəti Allaha yaxınlaşmaq olmalıdır və Allaha yaxınlaşmaq niyyəti olmadan vacib, yaxud müstəhəb zikr icra edilmiş sayılmır.
Məsələ 1359. Əgər namaz qılan “Allahu əkbər”, “Ya Allah” və bənzər ifadələri başqalarına nəyisə başa salmaq üçün deyərkən ümumiyyətlə niyyəti zikr etmək olmazsa, belə ki, ifadəni əsil mənasından başqa bir mənada işlədərsə, yaxud hər iki məqsədlə deyərsə, yəni hər iki mənada işlədərsə, namazı batil olur. Lakin qasir cahil olduğu və təkbirət əl-ehramdan başqa zikrlərdə olduğu hallar istisnadır.(4)
Məsələ 1360. Namazda vacib səcdəsi olan dörd ayə istisna olmaqla Quran oxumaq namaza xələl gətirmir. Sözügedən dörd ayənin qiraəti ilə bağlı hökm isə 1296 və 1297-ci məsələlərdə qeyd edilmişdir.
Məsələ 1361. Namazda dua etmək namaza xələl gətirmir.(5) Lakin müstəhəb ehtiyat ərəb dilindən başqa bir dildə dua etməməyi tələb edir.
Məsələ 1362. Əgər insan Həmd və surənin bir hissəsini və namazın zikrlərini qəsdən, yaxud ehtiyatən bir neçə dəfə təkrarlayarsa, namaza xələl gəlmir.

Salam vermək və salama cavab verməklə bağlı hökmlər
Məsələ 1363. Namazda insan başqasına salam verməməli, başqası ona salam verdikdə isə ona cavab verməli, lakin cavab salam kimi olmalı, yəni salama bir söz əlavə etməməlidir. Məsələn, əgər bir şəxs namaz qılana “Səlamun əleykum” (salaməleyküm) deyərsə, namaz qılan qəsdən cavabında “Səlamun əleykum və rəhmətullahi və bərəkatuh” deməməlidir əgər salam verən şəxs “salam” sözünü “əleykum” sözündən öncə deyərsə, lazım ehtiyata əsasən, namaz qılan şəxs cavabda “əleykum”, yaxud “əleykə” sözünü salam sözündən öncə deməməlidir. Həmçinin, müstəhəb ehtiyata əsasən, cavab eynilə salam kimi olmalıdır. Məsələn, əgər həmin şəxs “səlamun əleykum” deyərsə, namaz qılan da cavab olaraq “səlamun əleykum” deməli və əgər “əs-səlamu əleykə” deyərsə, namaz qılan da “əs-səlamu əleykə” deməlidir. Lakin “əleykumus-səlam”a (əleyküməssalam) cavab olaraq “əleykuməs-səlam”, yaxud “əs-səlamu əleykum” və ya “səlamun əleykum” deyə bilər.
Məsələ 1364. Əgər bir şəxs salam vermək niyyəti ilə “salam” sözünü təkcə, “əleykə” demədən işlədərsə, onun salamına cavab vermək vacibdir və namaz qılan şəxs namaz əsnasında bu salama cavab olaraq həm təkcə “salam” sözünü deyə və “əleykə” sözünü mətndaxili məna kimi nəzərində tuta bilər, həm də “səlamun əleykə” deyə və “əleykə” sözünü də tələffüz edə bilər.
Məsələ 1365. İnsan istər namazda, istərsə digər hallarda salamın cavabını dərhal verməlidir və əgər qəsdən, yaxud unutqanlıqdan salamın cavabını ürfən həmin salamın cavabı sayılmayacaq qədər gecikdirərsə, namazda olduğu təqdirdə daha cavab verməməli, digər hallarda isə cavab verməsi artıq vacib sayılmır.
Məsələ 1366.İnsan istər namazda, istərsə digər hallarda salamın cavabını salam verən şəxsin eşidə biləcəyi şəkildə verməlidir. Lakin əgər salam verən kar olarsa, yaxud salam verən şəxs salam verərək dərhal oradan uzaqlaşarsa, salamın cavabını işarə ilə, yaxud bənzər bir tərzdə çatdırmaq mümkün olduğu təqdirdə cavab vermək lazımdır. Salamın cavabını salam verənə çatdırmaq mümkün olmadığı təqdirdə isə namaz əsnasında cavab vermək caiz deyil, digər hallarda da lazım deyil.
Məsələ 1367.Əgər radio, yaxud televiziya proqramının aparıcısı tamaşaçılarına salam verərsə və tamaşaçılar qiyabi şəkildə radio, yaxud televiziya verilişi vasitəsilə onun salamını eşidərsə, onların salama cavab verməsi vacib deyil, hətta namaz əsnasında caiz deyil. Lakin əgər insan telefon və bu qəbildən olan kommunikasiya vasitələri ilə başqasına salam verərsə, belə ki, iki tərəf danışıq əsnasında bir-birinin səsini birbaşa eşidərsə, salama cavab vermək lazımdır.
Məsələ 1368.Əgər naməhrəm qadın, yaxud kişi və ya müməyyiz, yəni yaxşı ilə pisi başa düşən uşaq namaz qılana salam verərsə, namaz qılan ona cavab verməlidir. Əgər qadın “səlamun əleyk”, yaxud “səlamun əleykə” ifadəsi ilə namaz qılan kişiyə salam verərsə, kişi namaz qılan cavabında “səlamun əleyk”, ya da “səlamun əleyki” deyə, yəni “kaf” hərfini kəsrə ilə tələffüz edə bilər.(6)
Məsələ 1369. Əgər namaz qılan salamın cavabını qəsdən verməsə, hərçənd günah etsə də, namazı doğrudur.
Məsələ 1370.Əgər bir şəxs namaz qılana düzgün olmayan şəkildə salam verərsə, ona cavab verməsi vacibdir və vacib ehtiyata əsasən, salamın cavabını düzgün şəkildə verməlidir.
Məsələ 1371.Namaz qılanın salamın cavabını salamlama niyyəti ilə verməsi vacibdir. Bunu dua, yəni uca Allahdan salam verən şəxsin sağlam və əmin-amanlıqda olmasını diləmək niyyəti ilə də edə bilər.
Məsələ 1372. Məsxərə, yaxud zarafat məqsədilə salam verən şəxsin və zimmi kafir olmadıqları təqdirdə qeyri-müsəlman kişi və qadının salamına cavab vermək vacib deyil, zimmi olduqları təqdirdə isə, vacib ehtiyata əsasən, “əleykə” sözü ilə kifayətlənmək lazımdır.
Məsələ 1373.Əgər bir şəxs bir dəstə insana salam verərsə, onun salamına cavab vermək onların hamısına vacibdir, lakin əgər onlardan biri salama cavab verərsə, hərçənd aralarında cavab verən həddi-büluğa çatmamış bir uşaq olsa belə, kifayətdir. Məsələn, çıxışa başlamazdan öncə görüşün başlanğıcında həmin yerdə toplanan insanlara salam verən natiqin, yaxud məscidə və ya başqa bir məkana daxil olarkən oradakı insanlara salam verən şəxsin, ya da görüşün başlanğıcında auditoriyanı salamlayan aparıcının və bu qəbildən olan vəziyyətlərdə salam verən şəxsin salamına cavab vermək orada toplanan, salamın ünvanlandığı bütün insanlara vacibdir. Lakin əgər onlardan biri cavab verərsə, kafidir və bu hökmdə “səlamun əleykum”, yaxud “səlamun əleykum cəmiən” demək arasında heç bir fərq yoxdur.
Məsələ 1374.Əgər bir şəxs bir dəstə insana salam verərsə və salam verən şəxsin nəzərdə tutmadığı başqa bir şəxs onun salamını cavablayarsa, yenə də həmin insanlara onun salamına cavab vermək vacibdir.
Məsələ 1375. Əgər bir şəxs bir dəstə insana salam verərsə və onların arasında namaz qılan bir şəxs salam verənin onu nəzərdə tutmadığını və namaz qılmayanlara salam verdiyini bilirsə, bu halda hərçənd salamın ünvanlandığı digər şəxslər qəsdən, yaxud səhvən salama cavab verməsələr də, namaz qılan şəxs cavab verməməlidir.
Məsələ 1376. Əgər bir şəxs bir dəstə insana salam verərsə və onların arasında namaz qılan bir şəxs salam verənin onu da nəzərdə tutub-tutmadığına şəkk edərsə, həmçinin, vacib ehtiyata əsasən, əgər onu da nəzərdə tutduğunu bilərsə, lakin başqa bir şəxs ondan öncə salamın cavabını verərsə, namaz əsnasında salama cavab verməməlidir. Ancaq əgər onu da nəzərdə tutduğunu bilərsə və başqa bir şəxs salama cavab verməzsə, yaxud başqalarının cavab verib-vermədiyinə şəkk edərsə, onun salamına cavab verməlidir.
Məsələ 1377. Əgər iki şəxs bir-birinə salam verərsə, vacib ehtiyata əsasən, hər biri digərinin salamını cavablamalıdır.
Məsələ 1378. Salam vermək müstəhəbdir və hədislərdə söylənilir ki, süvari piyadaya, ayaq üstə olan şəxs oturana və yaşca kiçik olan böyüyə salam verməlidir.
Məsələ 1379.Namazdan başqa halda salamı daha üstün salamla cavablamaq, məsələn, bir şəxs “səlamun əleykum” deyərsə, cavabında “səlamun əleykum və rəhmətullah” demək müstəhəbdir.

7
) Qəsdən gülmək (qəhqəhə)
Məsələ 1380.Qəsdən qəhqəhə çəkmək, namazı batil edir. Hərçənd qeyri-ixtiyari olsa da,ancaq qəhqəhəyə şərait yaradan səbəb ixtiyari surətdə meydana gətirilərsə, hətta səbəb də ixtiyari olmasa belə, namazı təkrarən qılmaq üçün vaxt qaldığı təqdirdə, lazım ehtiyata əsasən, onu yenidən qılmaq lazımdır. Bunun üçün vaxt qalmadığı təqdirdə isə namaz doğrudur. Qəhqəhə deyərkən ucadan və səsli gülmək nəzərdə tutulur. Ürfən qəhqəhə sayılmayan səsli gülüş isə namazı pozmur. Hərçənd, müstəhəb ehtiyat ondan da çəkinməyi tələb edir. Həmçinin, təbəssüm hərçənd qəsdən olsa da, namazı batil etmir.
Məsələ 1381. Əgər namaz qılan namazın surəti pozulmayacaq şəildə qəsdən səssiz gülərsə, yaxud səhvən səsli gülərsə, namazına xələl gəlmir.
Məsələ 1382. Əgər gülüş səsinin qarşısını almaq üçün halı dəyişərsə, məsələn, rəngi qızararsa, namazının pozulması ehtiyat tələb olunan bir haldır və vacib ehtiyata əsasən, namazı təkrarən qılmalıdır.
Məsələ 1383. Əgər namaz qılan bu məsələni bilmədiyinə görə namazda uca səslə gülərsə (qəhqəhə çəkərsə), müqəssir cahil deyil, cahil qasir olduğu (yəni məlumatsızlığında üzürlü sayıldığı) və namazın surətinin də pozulmadığı təqdirdə namazı doğrudur.

8
) Dünyəvi işlər üçün qəsdən ağlamaq
Məsələ 1384. Əgər namaz qılan qəsdən və ixtiyari surətdə səsli və ya səssiz surətdə dünyəvi işlər üçün, yaxud dünyasını dəyişmiş bir şəxsi xatırlaması səbəbi ilə ağlayarsa, vacib ehtiyata əsasən, namazı batil olur.
Məsələ 1385. Əgər namaz qılan ixtiyarsız ağlayarsa, belə ki, onu ağlamaq tutarsa və ağlamasının qarşısını ala bilməzsə, buna səbəb olan amil(lər) ixtiyari surətdə meydana gətirildiyi təqdirdə qəsdən və ixtiyari ağlamaq hökmü şamil olunur, yəni vacib ehtiyata əsasən, namazı batil olur. Hətta buna səbəb olan amil(lər) ixtiyari surətdə meydana gətirildiyi təqdirdə belə namazı təkrarən qılmaq üçün vaxt qalmışdırsa və o ağlamadan namaz qıla bilərsə, lazım ehtiyata əsasən, namazı təkrarən qılmalıdır. Vaxt qalmadığı təqdirdə isə namazı doğrudur.
Məsələ 1386. Əgər namaz qılanı ağlamaq tutarsa, belə ki, ağlaması qarşısı alınmaz və kontrol edilməz olarsa və bütün namaz vaxtı ərzində, hərçənd yalnız namazın vacibatı ilə kifayətlənmək surəti ilə də olsa,ağlamadan namaz qıla bilməzsə, bu halda namazını həmin vəziyyətdə qılmalıdır və namazı doğrudur.
Məsələ 1387. Əgər namaz qılan uca Allahdan qorxduğuna, yaxud Ona qarşı şövqündən və ya axirət üçün ağlayarsa, ahəstə, yaxud uca səslə olmasından asılı olmayaraq namaza xələl gəlmir, hətta bu, ən üstün ibadət əməllərindən sayılır.
Məsələ 1388. Əgər namaz qılan dünyəvi hacət üçün olan dua məqamında uca Allahın hüzurunda acizliyini və mütiliyini izhar etmək üçün ağlayaraq Ondan hacətini diləyərsə, eybi yoxdur və namazı doğrudur.(7)
Məsələ 1389. Namazda Şəhidlərin sərvəri İmam Hüseynin (ə) və ya digər hidayət imamlarının (ə) başına gələn müsibətlərə görə Allaha yaxınlaşmaq niyyəti ilə ağlamaq namaza xələl gətirmir.

9
) Namazın surətini pozan artıq hərəkətə yol vermək
Məsələ 1390.Hoppanmaq kimi namazın surətini pozan hərəkət namazı batil edir və onun qəsdən, yaxud unutqanlıqdan və ya ixtiyarsız edilməsi arasında fərq yoxdur.
Məsələ 1391.Əllə işarə etmək, başqasına nəsə başa salmaq üçün əli ayağın, yaxud digər əlin üstünə vurmaq, yerdən Quran, yaxud dua kitabı kimi hər hansı bir əşyanı götürmək, körpə uşağı qoltuqda tutmaq, əziyyət verən həşəratı öldürmək, möhürü taxçanın üstündən götürmək üçün azacıq addım atmaq və bu qəbildən olan hərəkətlər aşağıdakı şərtlərlə namaza xələl gətirmir:
1) namazın surəti pozulmamalıdır;
2) namaz qılan qiblədən dönməməlidir;
3) hərəkət halında namazın qiraət və zikrlərini oxumamalıdır;
4) namazda müvalata və namazın doğru olması tələb olunan digər şərtlərə riayət etməlidir.
Məsələ 1392.Əgər namaz qılan namaz əsnasında ürfən “namaz qılır” deyilməyəcək qədər sakit qalarsa, namazı batil olur.
Məsələ 1393.Əgər namaz əsnasında bir hərəkətə yol verərsə, yaxud bir müddət sakit qalarsa və namazın surətinin pozulub-pozulmadığına şəkk edərsə, namazı təkrarən qılmalıdır. Lakin daha yaxşı olar ki, həmin namazı tamamlasın, sonra təkrarən qılsın.

10
) Yemək və içmək
Məsələ 1394.Əgər insan namazda namazın surəti pozulacaq şəkildə bir şey yeyər, yaxud içərsə, belə ki, “namaz qılır” deyilməzsə - istər qəsdən olsun, istər unutqanlıqdan – namazı batil olur. Lakin əgər namazın surəti pozulmayacaq şəkildə baş verərsə, qəsdən olduğu təqdirdə, vacib ehtiyata əsasən, namaz batil olur və onu təkrarən qılmalıdır, unutqanlıqdan və səhvən olduğu təqdirdə isə namazına xələl gəlmir.
Məsələ 1395. Əgər namaz əsnasında ağız boşluğunda, yaxud dişlərin arasında qalan qida qalığını udarsa, namazı batil olmur. Həmçinin, əgər qənd, şəkər tozu və bu qəbildən olan şeylər ağzında qalarsa və namaz halında yavaş-yavaş əriyərək udularsa, namaza xələl gəlmir.

11
) Namazın rükətlərində batil şəklərdən birinin yaranması
Məsələ 1396. Əgər namaz qılanda namazı batil edən şəklərdən biri yaranarsa, məsələn, vacib ikirükətli, yaxud üçrükətli namazda və ya dördrükətli namazın ilk iki rükətində ikinci səcdə üçün alnı möhürə qoymazdan öncə şəkk düşərsə və şəkdə qalarsa, namazı batildir.

12
) Namazın rüknünü qəsdən, yaxud səhvən artıq yerinə yetirmək, yaxud əskiltmək
Məsələ 1397. Əgər namaz qılan namazın rüknünü qəsdən, ya da səhvən əskildərsə, yaxud rükn olmayan bir şeyi qəsdən əskildərsə və ya namazın hissələrindən birini qəsdən artırarsa, namazı batil olur. Həmçinin, əgər rüku və bir rükətin iki səcdəsi kimi bir rüknü səhvən artırarsa, vacib ehtiyata əsasən, namazı batil olur. Lakin təkbirət əl-ehramın səhvən artıq yerinə yetirilməsi namazı batil etmir.

Bir ümumi qayda
Məsələ 1398.Əgər namaz qılan namazdan sonra namaz əsnasında namazı batil edən bir iş görüb-görmədiyinə şəkk edərsə, namazı doğrudur.


(1) “Hədəsdən təharət (dəstəmazlı və qüsllü olmaq)” və “qiblə” şərtləri müəyyən xüsusiyyətləri ilə əlaqədar olaraq namazı pozan ayrıca hal kimi qeyd ediləcəkdir.
(2) Qeyd etmək lazımdır ki, burada hərf deyərkən ərəb və fars dillərinin strukturu əsas götürülərək samit səslər nəzərdə tutulmuşdur. Məsələn, ikinci halın (a) bəndində misal olaraq verilən “qi” (qoru) əmr feili ərəb dilində birhərfli söz sayılır. Lakin unutmamaq lazımdır ki, digər dillərdə, o cümlədən azərbaycan dilində “o” şəxs əvəzliyi, yaxud rus dilində “и” (və) bağlayıcısı kimi yalnız bir sait səsdən ibarət olan sözlər də vardır. Tərc.
(3) Bu halda namaz qılanın zikrin deyilişinin özündə məqsədi Allaha yaxınlaşmaqdır, lakin səsin ucaldılmasında məqsədi bu deyil, başqa bir şəxsə hansısa mətləbi çatdırmaqdır.
(4) Məsələn, namaz qılan şəxs namaz əsnasında uşağın təhlükə qarşısında olduğunu başa düşdükdə zikr niyyəti olmadan “Allahu əkbər” ibarəsini “uşaqdan muğayat olun” mənasında işlədərsə, yaxud “Allahu əkbər”i hər iki mənada, yəni həm “Allah (vəsfə sığmayacaq qədər) böyükdür”, həm də “uşaqdan muğayat olun” mənasında işlədərsə, bu təqdirdə qasir cahil olduğu hal istisna olmaqla namaz batil olur.
(5) Təbii ki, dua namazın qiraəti və vacib zikrlərində şərt sayılan, 1323-cü məsələdə izah edilmiş müvalatı pozacaq şəkildə olmamalıdır.
(6) Ərəb dilində “kə” II şəxsin təki kişi cinsini, “ki” isə II şəxsin təki qadın cinsini bildirən bitişən şəxs əvəzliyidir. “Əleykum” sözündəki “kum” isə II şəxsin cəmi kişi cinsini bildirən bitişən şəxs əvəzliyidir.Tərc.
(7) Məsələn, əgər namaz qılan namazın qunutunda şəfa, yaxud yoxsulluqdan qurtulmaq kimi dünyəvi bir iş üçün dua edərsə və bu halda çarəsizliyini nümayiş etdirmək və uca Allahın hüzurunda mütiliyini izhar etmək üçün ağlayarsa, eybi yoxdur və namaz batil olmur.

Namazı dayandırmaq və onun hissələrini artırmaq və azaltmaq → ← NAMAZIN VACİBATI
العربية فارسی اردو English Azərbaycan Türkçe Français