ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

SULARLA ƏLAQƏDAR HÖKMLƏR → ← ÖN SÖZ

Təqlidin zəruriliyinin səbəbi, TƏQLİD

Təqlidin zəruriliyinin səbəbi
İslam sonuncu və ən mükəmməl ilahi məktəbdir, onun bütün təlimləri insanların mənafeyinə uyğundur və onların həyata keçirilməsi ilə bəşəriyyətin səadətini təmin etmək mümkündür. Çünki bəşəriyyəti yaradan, Adəm övladlarının həyatı üçün faydalı və zərərli olan şeylərdən, onların fitri istək və ehtiyaclarından ən yaxşı agah olan uca Allahdır və O, insan həyatının ibadət, iqtisadiyyat, əxlaq, mədəniyyət və s. sahələrini əhatə edən, fərdi və ictimai vəzifələrini müəyyənləşdirən yaşam qanun və qaydalarını peyğəmbərlər və onların canişinləri vasitəsilə onlara bəyan etmişdir. Sevimli Peyğəmbərimiz (s) və haqq yolunun bələdçiləri olan Əhli-beyt imamları (ə) tərəfindən bəyan edilmiş İslamın nicat bəxş edən təlimlərini üç ümumi hissəyə bölmək olar:
1) Etiqadla bağlı biliklər, “üsul əd-din” (dinin əsasları); 2) əxlaq məsələləri; 3) əməli hökmlər, “füru əd-din” (dinin şaxələri).
İlahi təlimlərin əməliyyə risalələrinin mövzusunu təşkil edən üçüncü hissəsi, yəni əməli hökmlər olduqca genişdir. Çünki bunlar insanların ibadət, iqtisadiyyat, şəxsi, ailə və ictimai həyat, ədalət mühakiməsi, cəzalar və s. sahələrdə bütün hərəkətlərini əhatə edən hökm və qanunlardır və ilahi göstərişlərin bu qismi ilə bağlı aşağıdakı məqamlara diqqət yetirmək lazımdır:
a) Elmin müxtəlif sahələri vardır və bir insan bir sahə üzrə dərin bilik və bacarıqlara sahib olduğu halda başqa bir sahədə məlumatsız ola bilər. Nəticə etibarilə, o, ağlın hökmünə əsasən, mütəxəssisi olmadığı sahə ilə bağlı xüsuslarda həmin sahənin mütəxəssisinə müraciət etməli və onun göstərişlərinə tabe olmalıdır. Məsələn, kosmik tədqiqatlar mütəxəssisi olan bir şəxs xəstələndikdə xəstəliklər və onların müalicə üsulları ilə bağlı lazımı biliklərə sahib olmadığına görə mütləq mütəxəssis həkimə müraciət etməlidir. Bir həbin neçə dəfə qəbul edilməli olduğuna, hansı ampulun inyeksiya edilməli olduğuna həkim göstəriş verir. Çünki kosmik tədqiqatlar mütəxəssisi onun göstərişlərinə tabe olmağı özünə borc bilir. Ümumiyyətlə, biz bu və ya digər bir işi görmək istədikdə və onun necə həyata keçirilməli olduğunu bilmədikdə həmin işin mütəxəssisinə müraciət edərək ondan sözügedən işin icra qaydaları ilə bağlı məlumat alırıq və hər hansı bir ixtisas və sənətə sahib olmaq istədikdə də həmin sahə üzrə ən bilikli, ən bacarıqlı mütəxəssisə, müəllimə üz tuturuq. Şəriət hökmləri, ilahi halal və haram da məhz bu qaydada öyrənilir və bu məqsədlə dinin hökmləri üzrə mütəxəssis olan fəqihə müraciət etmək lazımdır.
b) İlahi hökmlərin ümdə mənbəyi Qurani-kərim və əziz Peyğəmbərimizdən (s), habelə məsum Əhli-beyt imamlarından (ə) nəql olunan hədislərdir (bu ikisi “səqəleyn”, yəni “iki ağır əmanət” adlandırılır).
c) Qurani-məcid və Əhli-beytin (ə) hədislərində öz əksini tapan məlumatların düzgün əldə edilməsi və dərk edilməsi heç də asan bir iş deyil və müəyyən ixtisas və bacarıq tələb edir. Bir insan ərəb dilçiliyi və Quranın təfsiri, dirayə (hədisşünaslıq), rical (ravişünaslıq), üsuli-fiqh (fiqhin metodologiyası) kimi müxtəlif islamşünaslıq sahələrinə, habelə İslam şəriətşünaslarının, fəqihlərin rəylərinə dair lazımı ixtisas bilik və bacarıqlarına sahib olmadıqca, necə deyərlər, ilahi müvəffəqiyyət sayəsində ictihad dərəcəsinə nail olmadıqca Allahın hökmlərini öz mənbələrindən öyrənib aşkara çıxara bilməz. Siz risalə və “Tövzih əl-məsail” adlı kiçik həcmli bir kitab görürsünüz və bəlkə də bilmirsiniz ki, bu risalə bir fəqihin ömrünün məhsuludur və o, müvafiq ixtisasa yiyələnərək, böyük zəhmətlər hesabına dini mənbələrə istinad etməklə həmin risalədə öz əksini tapan nəticələrə gəlmiş və bu nəticələri insanlara təqdim etmişdir.
Beləliklə, açıqladığımız bu həqiqətlər nəzərə alınmaqla, özünəməxsus xüsusiyyətləri ilə geniş sferaları əhatə edən ictihad yolunu qət etmiş fəqih alimlərə müraciət etməyin zəruriliyi aydınlaşır, müctəhidə təqlid məsələsinin doğruluğu ağlın hökmünə, doğru məntiqi mühakiməyə əsasən sübuta yetir və məlum olur ki, təqlid heç də kor-koranə tabeçilik demək deyil (İslam dini bütün gücü ilə kor-koranə tabeçiliklə mübarizə aparmış və Qurani-məcid bunu məzəmətə layiq olan ən rəzil xislətlərdən biri kimi təqdim etmişdir). Əksinə, təqlid dini məsələlərdə mütəxəssis olmayan bir insanın mütəxəssisə müraciət etməsi deməkdir. İmam Həsən Əskəridən (ə) nəql olunan aşağıdakı hədisdə bu mətləbin doğruluğunu dəstəkləyir:
“Fəqihlərdən kim nəfsini qoruyarsa (doğru yoldan, uca Allaha ibadət, bəndəlik yolundan bütün növ sapmalardan qoruna bilmək üçün nəfsinə sahib çıxarsa), dinini qoruyarsa, nəfsinin istəklərinə qarşı çıxarsa, Mövlasının (Allahın) əmrinə müti olarsa, digər insanlar onlara təqlid etməbəxş(1) etdiyi əqlin qədərini (səviyyəsini) nəzərə alacaqdırlidirlər”.
Söylənilənlərə əsasən, aydın olur ki, dini məsələlər və şəriət hökmləri xüsusunda ictihad dərəcəsinə çatmayan, hökmlərin dəlil və mənbələri ilə tanış olmayan insanların rəy bildirməsi yolverilməzdir və möminlərə vacibdir ki, bütün dini hökmlər və şəriət məsələləri ilə bağlı aliməqam mərcəi-təqlidlərə, etibarlı islamşünaslara müraciət etsinlər.

TƏKLİF (MÜKƏLLƏFİYYƏT) VƏ HƏDDİ-BÜLUĞ
Təklifin şərtləri
İnsan müəyyən şərtlərə cavab verdiyi təqdirdə ilahi hökmlərə, qayda-qanunlara riayət etməlidir. Bu şərtlər “təklif (mükəlləfiyyət) şərtləri” adlandırılır. Onlardan hər hansı birinə cavab vermədiyi halda isə insan mükəlləf deyildir. Bu şərtlərdən bəziləri aşağıdakılardır:
a) Əql: Təklifin ilk şərti mükəlləfin ağıl və təfəkkür qabiliyyətinə malik olmasıdır. Dəli olan və lazımı təfəkkür qabiliyyətinə malik olmayan insan İslamda mükəlləf sayılmır və ağıl çırağı insanın daxilini aydınlatmadıqca, insan iman və küfrü, haqq və batili, vacib və haramı ayırd etmək qüdrətinə malik olmadıqca öhdəsinə heç bir təklif düşmür. İnsanın əql və təfəkkür qabiliyyəti təklifin əsası və ilahi mühakimənin meyarıdır.
Bir hədisdə İmam Baqirin (ə) belə buyurduğunu oxuyuruq: “Allah qiyamət günü bəndələrini mühakimə edərkən dünyada onlara bəxş etdiyi əqlin qədərini (səviyyəsini) nəzərə alacaqdır(2)”.
b) Qüdrət: Təklifin ikinci şərti qüdrət, yəni Allahın insandan tələb etdiyi işi görmək bacarığıdır. Qurani-kərim bununla bağlı buyurur: “Allah hər kəsi qüvvəsi yetdiyi qədər yükləyər (mükəlləf edər)...(3)” Həmçinin, bir hədisdə İmam Hüseynin (ə) bu şərtlə bağlı belə buyurduğu nəql edilir: “Allah taqətini aldığı hər bir bəndəsini itaətdən azad etmiş, qüdrətdən məhrum etdiyi hər bir bəndəsinin üzərindən mükəlləfiyyəti götürmüşdür(3)”.
c) Həddi-büluğ: Təklifin üçüncü şərti həddi-büluğdur. Həddi-büluğ, sayəsində insanın Allahın müxatəbi olmaq, bir sıra ilahi göstəriş və əmrlərin icrasının ona vacib olması, qadağan edilmiş işlərin ona haram olması, onun dini vəzifələri yerinə yetirməklə Allaha yaxınlaşmaq və bəndəlik, özünü Rəbbinə təslim etmə sınağından başıuca çıxmaq şərəfinə nail olduğu mübarək bir hadisədir.

Həddi-büluğun əlamətləri
Məsələ 1. Qızlar üçün həddi-büluğun əlaməti qəməri (sinodik, ay) təqvimi ilə 9 yaşın tamam olmasıdır(4). Oğlanların həddi-büluğa çatmasının əlaməti isə aşağıdakı dörd seydən biridir:
1) qarnın altında, cinsiyyət orqanının üstündə sərt tüklərin çıxması;
2) üzdə və dodağın üstündə sərt tüklərin çıxması;
3) istər ayıq halda, istərsə yuxuda məni (sperma) ifrazı;
4) qəməri təqvimlə 15 yaşın tamam olması.
Sadalanan əlamətlərin hər biri insanın həddi-büluğa və eləcə də təklif həddinə çatmasının əlamətidir və həmin andan etibarən təklifin digər şərtləri də mövcud olduğu təqdirdə bütün ilahi göstərişlərin icrası insana vacibdir. Qız həddi-büluğa oğlandan bir neçə il tez çatdığına görə qadının mükəlləfiyyətə daha öncə qədəm qoyması onun Allahla ünsiyyətə və kamala doğru hərəkətə daha sürətli hazırlığından xəbər verir.
Məsələ 2. Oğlanlarda sinə və qoltuq nahiyəsində sərt tüklərin çıxması, səsin qalınlaşması və s. həddi-büluğ əlaməti deyildir.
TƏQLİD
Məsələ 3. Müsəlmanın “üsul əd-din”ə (dinin əsalarına) etiqadı idraka əsaslanmalıdır və o, “üsul əd-din”də təqlid etməməlidir. Başqa sözlə, o, “üsul əd-din”i bilən bir şəxsin sözünü sadəcə onun söylədiyini dəlil gətirərək qəbul edə bilməz. Lakin əgər bir şəxs İslamın haqq inanclarına etiqad bəsləyirsə və bunu izhar edirsə (hərçənd idrak əsasında olmasa belə), həmin şəxs müsəlman və mömindir və İslam (müsəlmanlıq) və iman (möminlik) ilə əlaqədar bütün hökmlər ona şamil olur.
Dinin hökmlərinə gəldikdə isə (dinin zəruri və qəti məsələləri istisna olmaqla) insan ya müctəhid olmalı, hökmləri dəlillərə əsaslanaraq əldə etməli, ya müctəhidə təqlid etməli, ya da ehtiyat yolu ilə vəzifəsini elə icra etməlidir ki, mükəlləfiyyətini həyata keçirdiyinə dair yəqinlik hasil etsin. Məsələn, əgər müctəhidlərdən bir qismi bir işi haram bilirsə, digər bir qismi isə haram olmadığını söyləyirsə, həmin işi görməməli, həmçinin onlardan bəziləri bir işi vacib, bəziləri isə müstəhəb hesab edirsə, həmin işi görməlidir. Beləliklə, müctəhid olmayan və ehtiyata da riayət edə bilməyən şəxslərin müctəhidə təqlid etməsi vacibdir.
Məsələ 4. Hökmlərdə təqlid müctəhidin göstərişinə əməl etmək deməkdir və kişi, həddi-büluğa çatmış, aqil, isnaəşəri şiə(5), halalzadə, adil və yaşayan müctəhidə təqlid etmək lazımdır.
İnsan qarşılaşdığı məsələlərdə, ümumiyyətlə, müctəhidlərin fərqli fətvaları olduğunu bilərsə, hərçənd fikir ayrılığının məhz hansı xüsusda olduğunu bilməsə də, “ələm” olan, yəni bilikləri başqalarından daha artıq olan, Allahın hökmünü və təyin edilmiş vəzifələri ağıl və şəriət əsasında mühakimə aparmaqla başa düşməkdə öz dövrünün bütün müctəhidlərindən daha bacarıqlı olan müctəhidə təqlid etməlidir.
Məsələ 5. Adil özünə vacib olan işləri yerinə yetirən və ona haram olan işlərdən uzaq duran şəxsdir. Şəri üzrü olmadan vacib bir işi yerinə yetirməyən, yaxud bir haram iş görən şəxs adil sayılmır və bu məsələdə kiçik və böyük günah arasında fərq yoxdur. İnsan üçün ədalət (adillik) bir neçə üsulla sübuta yetir:
a) İnsanın özünün nəzərdə tutulan şəxsin ədalətinə yəqinlik hasil etməli, yaxud onun adil olduğuna arxayın olmalıdır və bu arxayınlıq məntiqli yolla hasil edilməlidir;
b) İki adil insan həmin şəxsin ədalət xislətinə sahib olduğunu təsdiqləməlidir;
c) Araşdırılan şəxs zahirən yaxşı insan olmalı, danışıq və davranışlarında şəriətə zidd hallar müşahidə olunmamalı, məsələn, qonşularından və ya ünsiyyətdə olduğu insanlardan necə bir insan olduğu soruşulduqda onlar həmin şəxsin yaxşı bir insan olduğunu təsdiqləməli və onun şəriətə uyğun olmayan bir hərəkətə yol verdiyini görmədiklərini bildirməlidirlər. Qeyd etmək lazımdır ki, müxtəlif şəriət mövzularında ədalət anlayışının tərifi və isbat üsulları eynidir.
Məsələ 6. İnsanın müctəhid olmasını və eləcə də müctəhidlər arasından ələm olanını üç yolla müəyyən etmək olar:
1) İnsanın özünün yəqinlik hasil etməsi, məsələn, özünün bu sahədə elm sahibi olması və müctəhidi və ələmi ayırd edə bilməsi.
2) Müctəhidi, yaxud ələmi tanıya bilən iki alim və adil insanın bir şəxsin müctəhid, yaxud ələm olduğunu təsdiqləməsi. Bu şərtlə ki, başqa iki alim və adil insan onların dediklərinin əksini deməməlidir. Bir şəxsin müctəhidliyi, yaxud ələmliyi hətta insanın etibar etdiyi, bu məsələlərdə lazımi informasiyaya malik olan bir nəfər mütəxəssisin məlumatı ilə də sübutunu tapa bilər.
Mütəxəssislər bu xüsusda fikir ayrılığına düşdükləri təqdirdə isə daha bacarıqlı və məlumatlı olan qrupun şahidliyi qəbul edilir. Bu zaman onların şahidliyinin həqiqətlə üst-üstə düşmə ehtimalı digər qrupla müqayisədə daha güclü olmalı və bu daha güclü ehtimal başda həmin iki qrupun məlumatları arasındakı ziddiyyət səbəbi ilə yaranan şübhə və tərəddüdün bir tərəfə yönəlməsinə, digər qrupun məlumatının isə həmin qrupla müqayisədə ürfən şübhəsiz hesab edilməsinə səbəb olmalıdır.
3) İnsanın məntiqi üsullarla bir şəxsin müctəhid, yaxud ələm olduğuna əmin olması. Məsələn, müctəhid və ələmi müəyyən edə bilən və sözlərindən yəqinlik hasil olan bir dəstə elm əhlinin bir şəxsin müctəhid, yaxud ələm olduğunu təsdiqləməsi.
Qeyd etmək lazımdır ki, əgər müctəhidi təyin etmək üçün heç biri mümkün olmazsa, mükəlləf 12-ci məsələdə mərcə-i təqlidin vəfatı ilə bağlı veriləcək izaha uyğun hərəkət etməlidir.
Məsələ 7. Bir müctəhidin risaləsində açıqladığı rəylər ümumi şəkildə üç qismə bölünür:
a) fətva;
b) vacib ehtiyat yaxud lazım ehtiyat;
c) müstəhəb ehtiyat.
“Vacibdir”, “haramdır”, “caizdir”, “caiz deyildir”, “əqva budur”, “əzhər budur”, “zahir budur”, “əqrəb budur”, “bəid deyil” kimi ifadələr fətva sayılır, müqəllid (təqlid edən) bu fətvalara əməl etməlidir və əgər ələm müctəhid bir məsələdə fətva verərsə, müqəllid həmin məsələdə başqa bir müctəhidin fətvasına əməl edə bilməz. “B” və “c” bəndləri 8 və 9-cu məsələlərdə izah ediləcəkdir.
Məsələ 8. Ələm müctəhid bir məsələdə fətva verməyərək: “Ehtiyat budur ki, filan şəkildə hərəkət edilsin”,- deyərsə, müqəllid ya “vacib ehtiyat”, yaxud “lazım ehtiyat” adlanan bu ehtiyata uyğun hərəkət etməli, ya da ələmlik ardıcıllığına riayət etməklə(6) başqa bir müctəhidin fətvasını icra etməlidir. Məsələn:
a) Əgər ələm müctəhid: “Vacib ehtiyat namaz qılanın namazın birinci və ikinci rükətlərində Həmd surəsindən sonra daha bir surə oxumasını tələb edir”, - deyirsə, müqəllid ya bu ehtiyata riayət etməli, ya da ələmlik ardıcıllığını nəzərə almaqla digər bir müctəhidin fətvasına əməl etməlidir. Beləliklə, digər müctəhid təkcə Həmd surəsinin oxunmasını kafi hesab edirsə, sözügedən şəxs bu məsələdə ona təqlid edərək ikinci surəni oxumaya bilər.
b) Əgər ələm müctəhid:“Vacib ehtiyata əsasən, insanın təyəmmümdə istifadə etmək istədiyi şey ələ hopacaq qədər tozlu olmalıdır”, - deyirsə, müqəllidi ya bu ehtiyatın tələbinə riayət etməli və üzərində toz olmayan daşla təyəmmüm etməməli, ya da ələmlik ardıcıllığına riayət etməklə başqa bir müctəhidin fətvasına əməl etməlidir. Başqa müctəhid tozsuz daşa təyəmmümü doğru hesab edirsə, sözügedən şəxs bu məsələdə ona təqlid edə və tozsuz daşdan istifadə etməklə təyəmmüm edə bilər.
“Bu məsələ məhəll-i təəmmüldür (üzərində düşünülməli məqamdır)”, “məhəll-i işkaldır (müşkül məsələdir)”, “bu əməlin işkalı vardır (düzgünlüyü söyləmək çətindir)”, yaxud “bu iş şübhədən xali deyildir” kimi ifadələr də vacib ehtiyat hökmünə malikdir.
Məsələn, əgər ələm müctəhid: “İcarəyə verən öz mənzilini“ücrət əl-misl”dən(7) az məbləğə icarəyə verərsə və icarə müqaviləsinə icarəyə götürənin ona müəyyən məbləğdə borc verməsini şərt qoyarsa, bu borcun riba (sələm) sayılması şübhəsi vardır və mükəlləfiyyət etibarilə məhəll-i işkaldır”, - deyirsə, müqəllid ya bu qaydada mənzil icarəyə verməkdən, yaxud icarəyə götürməkdən imtina etməli, ya da ələmlik sırası ardıcıllığına riayət etməklə başqa bir müctəhidin fətvasına uyğun hərəkət etməlidir. Həmin müctəhid bu qaydada icarəyə icazə verirsə və onu riba hesab etmirsə, müqəllid deyilən qaydada hərəkət edə bilər.
Məsələ 9. Əgər ələm müctəhid bir məsələ ilə bağlı fətva verdikdən sonra ehtiyat edərsə, məsələn: “Nəcasətə bulaşmış qabı kür həcmində olan su ilə bir dəfə yusalar, pak olar, hərçənd, ehtiyat budur ki, üç dəfə yuyulsun”,- deyərsə, müqəllidi bu ehtiyatın tələbinə əməl etməyə bilər. Bu qəbildən olan ehtiyat “müstəhəb ehtiyat” adlandırılır. Həmçinin, bir məsələ ilə bağlı öncə ehtiyatın tələbi, sonra ardınca müctəhidin fətvası qeyd edildikdə, məsələn, müctəhid: “Ehtiyata əsasən, namazın üçüncü və dördüncü rükətlərində təsbihati-ərbəə üç dəfə deyilməlidir, hərçənd bir dəfə deyilməsi kifayətdir”, - dedikdə də hökm belədir(8).
Məsələ 10. Şəriət məsələləri ilə bağlı bir müctəhidin rəyini, göstərişini (istər fətva olsun, istərsə vacib, yaxud müstəhəb ehtiyat) öyrənməyin dörd üsulu vardır:
a) müctəhidin özündən eşitmək;
b) müctəhid fətvasını nəql edən iki adil şəxsdən eşitmək;
c) sözünə etibar edilən bir şəxsdən eşitmək;
d) müctəhidin risaləsindən, yaxud ona ünvanlanan suallara fətva şəklində verdiyi yazılı cavabdan oxumaq. Sonuncu halda insan sözügedən risalə, yaxud fətva məzmunlu cavabın düzgünlüyünə arxayınlıq hasil etməlidir.
Məsələ 11. İnsan müctəhidin fətvasının dəyişdiyinə dair yəqinlik hasil etməyincə onun risaləsində yazılana əməl edə bilər və əgər onun fətvasının dəyişdiyini sadəcə ehtimal edirsə, mövzunu araşdırması lazım deyil.
Məsələ 12. İnsanın təqlid etdiyi müctəhid vəfat edərsə, onun ölümündən sonrası ilə bağlı hökm sağlığındakı hökm kimidir. Beləliklə, əgər həmin müctəhid diri müctəhidlə müqayisədə ələm olarsa və mükəlləf, ümumiyyətlə, qarşısına çıxan məsələlərdə o iki müctəhidin fətvalarının fərqli olduğunu bilərsə, hərçənd fikir ayrılığının məhz hansı məsələdə olduğunu bilməsə də, ona təqlid etməyə davam etməlidir. Yaşayan müctəhid vəfat edən müctəhidlə müqayisədə ələm olduğu təqdirdə isə yaşayan müctəhidə müraciət etməlidir. Əgər onların hansının ələm olduğu məlum deyilsə, yaxud onların elmi səviyyəsi eynidirsə, bu halda onlardan birinin daha təqvalı olduğu, yəni fətva verməkdə və şəriət hökmlərinin düzgün müəyyənləşdirilməsində rol oynayan xüsuslarda daha ehtiyatlı olduğu, araşdırmaçı olduğu müəyyən edilərsə, ona təqlid etməlidir. Onlardan birinin daha təqvalı(9) olduğu da müəyyən edilə bilməzsə, öz hərəkətlərini onlardan hər hansı birinin fətvalarına uyğunlaşdırmağa ixtiyarı vardır. Yalnız təklif (şəri vəzifə) ilə bağlı “elm-i icmali(10)”, yaxud “höccət-i icmali”(11) adlandırılan hallar istisnadır. Belə hallarda vacib ehtiyata əsasən, mükəlləf hər iki fətvaya riayət etməlidir. Qeyd etmək lazımdır ki, bu məsələnin başlanğıcında təqlid deyərkən sağlığında müəyyən bir müctəhidin fətvalarına tabe olmağı özünə borc bilmək nəzərdə tutulur və təqlidin gerçəkləşməsi üçün onun göstərişlərinə əməl etmək şərt deyil.
Məsələ 13. İnsan həyatda olan bir müctəhidin icazəsi olmadan vəfat etmiş müctəhidə təqlidində qalarsa, təqlid etməyən insan kimidir və belə insan dünyadan köçmüş müctəhidə təqlid etmək məsələsində həyatda olan və mərcə-i təqlid üçün tələb olunan bütün şərtlərə malik bir müctəhidə müraciət etməli və bu məsələdə ona təqlid etməlidir.
Məsələ 14.Yaxşı ilə pisi ayırd edə bilən bir uşaq təqlid edərsə, onun təqlidi doğrudur. Beləliklə, əgər uşağın həddi-büluğa çatmazdan öncə təqlid etdiyi müctəhid vəfat edərsə, 12-ci məsələdə həddi-büluğa çatmış insanlar üçün qeyd edilən hökm həmin uşağa da aiddir. Yalnız “elm-i icmali”, yaxud “höccət-i icmali”hallarında iki rəy arasında ehtiyatın vacib olması istisna təşkil edir və həddi-büluğa çatmazdan öncə ehtiyat ona vacib deyildir.
Məsələ 15. Mükəlləf hansı məsələləri öyrənmədiyinə görə vacib bir əməli yerinə yetirməyəcəyini, yaxud haram bir iş görəcəyini ehtimal edirsə, həmin məsələləri öyrənməsi vacibdir.
Məsələ 16. İnsanın qarşısına barəsindəki hökmü bilmədiyi bir məsələ çıxarsa, ehtiyat etməli, ya da qeyd edilən şərtlərlə təqlid etməlidir. Həmin məsələdə ələm müctəhidin fətvasını öyrənə bilmədiyi halda isə ələmlik ardıcıllığına riayət etməklə ələmdən başqa bir müctəhidə təqlid edə bilər.
Məsələ 17. Bir insan başqa bir şəxsə bir müctəhidin fətvası ilə bağlı məlumat verərsə, həmin müctəhidin sözügedən fətvası dəyişdikdə onu bu dəyişiklikdən xəbərdar etməsi vacib deyil. Lakin fətvanı dedikdən sonra səhv etdiyini və verdiyi məlumatın həmin şəxsin şəri vəzifəsinə uyğun olmayan şəkildə hərəkət etməsinə səbəb olacağını başa düşərsə, lazım ehtiyata əsasən, mümkün olduğu təqdirdə səhvini düzəltməlidir.
Məsələ 18. Mükəlləf bir müddət təqlidsiz hərəkət edərsə, burada üç hal fərz edilə bilər:
1) Əgər onun əməlləri həqiqətlə, yaxud hal-hazırda onun mərcəi-təqlidi ola biləcək, təqlid etməli olduğu müctəhidin fətvasına uyğundursa, bu halda onun keçmiş əməlləri, hərəkətləri düzgün sayılır.
2) Əgər onun əməlləri həqiqətlə, yaxud belə bir (1-ci bənddə qeyd edilən xüsusiyyətlərə malik) müctəhidin fətvasına uyğun deyilsə, burada dörd vəziyyət təsəvvür edilə bilər:
a) Əməldə nöqsan rüknlər və bu kimi şeylərlə bağlı olarsa, sözügedən əməl batildir. Məsələn, namaz qılan şəxs “təkbirət əl-ehram”ı deməzsə, ya rüku etməzsə, yaxud ayaq üstə namaz qılmalı olduğu halda, oturaq halda qılarsa və ya namazını düzgün qaydada alınmamış dəstəmaz, qüsl, yaxud təyəmmümlə qılarsa, namazı batil sayılır.
b) Əməldə nöqsan rüknlər və bu kimi şeylərlə bağlı olmazsa və insan “qasir cahil” olarsa, yəni məsələni öyrənməkdə səhləkarlığa yol verməmişdirsə, bu halda sözügedən əməl doğrudur. Məsələn, namaz qılan şəxs namazının Həmd və surəsini, yaxud rüku və səcdəsinin zikrlərini və ya təşəhhüdünü səhv oxuyarsa, ancaq onları öyrənməkdə səhlənkarlığa yol verməmişdirsə, onları bilmədiyinə görə “müqəssir” deyilsə; yaxud namaz qılan səcdə halında əlini, yaxud ayağının baş barmağını yerə dayamazsa və məsələni bilməməkdə və öyrənməməkdə müqəssir olmazsa, namazı doğrudur.
c) Əməldə nöqsan rüknlər və bu kimi şeylərlə bağlı olmazsa, ancaq mükəlləf “müqəssir cahil” olarsa (yəni məsələni öyrənməməkdə və bilməməkdə səhlənkarlığa yol vermişdirsə) və səhvin baş verdiyi xüsus müqəssir cahilin səhv hərəkətinin əməlin batil olmasına səbəb olduğu hallardan olarsa, bu halda həmin əməl batil sayılır. Məsələn, “b” bəndində misal olaraq verilən hallarda məsələni öyrənməkdə səhlənkarlığa yol verən və müqəssir olan namaz qılanın namazı batil sayılır.
d) Əməldə nöqsan rüknlər və bu kimi şeylərlə bağlı olmazsa, ancaq insan müqəssir cahil olarsa, səhvin baş verdiyi xüsus məsələni hətta üzrsüz və təqsir (səhlənkarlıq) ucbatından bilməməyin belə əməlin batil olmasına səbəb olmadığı hallardan olarsa, hərçənd bu halda insan qarşısına çıxan məsələni öyrənmədiyinə görə günahkar sayılsa da, sözügedən əməl doğru sayılır. Məsələn, bir kişi və ya qadın məsələni bilmədiyinə görə zöhr və əsr namazlarında surələri uca səslə oxumuşdursa, yaxud bir kişi məsələni bilmədiyinə görə məğrib və işa namazlarında surələri asta səslə oxumuşdursa və ya bir şəxs məsələni bilmədiyinə görə namazlarında təsbihati-ərbəəni uca səslə oxuyarsa, hərçənd məsələni öyrənməkdə səhlənkarlığa yol verərək müqəssir olsa da, qıldığı namaz doğrudur.
3) Əgər insan keçmiş əməllərini hansı şəkildə həyata keçirdiyini bilmirsə, məsələn, həddi-büluğa çatdığı ilk dövrlərdə namazını doğru qaydada qılıb-qılmadığını, yaxud orucunu düzgün tutub-tutmadığını xatırlamırsa, ancaq sözügedən əməlləri düzgün şəkildə həyata keçirdiyini məntiqli əsaslarla ehtimal edirsə, bu halda da “Minhac əs-salihin” risaləsində qeyd edilən bəzi hallar istisna olmaqla, onun keçmiş əməlləri doğru sayılır.
Məsələ 19. Bu risalədə qeyd edilən müstəhəblərin bir çoxunun müstəhəbliyi “sünnətlərin dəlillərində təsamuh(12)” qaydasına əsaslanır və bizim nəzərimizdə bu qaydanın mötəbərliyi sübuta yetmədiyinə görə mükəlləf həmin işləri rəcaən, Allah tərəfindən bəyəniləcəyinə ümid edərək görə bilər. Məkruhların çoxu ilə bağlı hökm də bu qəbildəndir və onlardan Allah tərəfindən bəyəniləcəyinə ümid edərək çəkinmək lazımdır.

(1) Üsul əl-kafi, Kitab əl-ql vəl-cəhl (Ağıl və cəhalət kitabı), səh. 11, 7-ci hədis.
(2) Bəqərə surəsi, 286-cı ayə.
(3) Tuhəf əl-uqul, səh. 246, Hikmətlər və moizələr fəsli.
(4) Deyilənə əsasən, qəməri təqvimlə təvəllüd tarixi bəlli olmayan, ancaq miladi təqvimlə təvəllüd tarixi məlum olan qızlar, yaxud oğlanlar miladi təqvimi qəməri təqvimə çevirmək istədikdə öncə qızlar miladi təqvimlə 9, oğlanlar isə 15 yaşlarının tamam olduğu günü müəyyən etməli, sonra həmin tarixi qızlar 97, oğlanlar isə 162 gün geriyə çəkməlidirlər. Bu qayda ilə onların qəməri təqvimlə 9, yaxud 15 yaşlarının tmam olduğu gün müəyyən edilir. yaşın tamam olduğu gündən 97 gün çıxmalıdırlar.
Məsələn, 2000-ci il yanvar ayının 1-də dünyaya gələn bir qız 2009-cu il 1 yanvar tarixində miladi təqvimlə 9 yaşını tamamlayır və o, 2008-ci il 26 sentyabr tarixindən etibarən həddi-büluğa çatmış sayılır.
2000-ci il yanvar ayının 1-də dünyaya gələn bir oğlan 2015-cu il 1 yanvar tarixində miladi təqvimlə 15 yaşını tamamlayır və o, 2014-ci il 23 iyul tarixindən etibarən həddi-büluğa çatmış sayılır.
Qeyd etmək lazımdır ki, müxtəlif coğrafi mövqelərin mövcudluğu və ayların günlərinin sayının eyni olmaması səbəbi ilə bəzən bu hesablamanın 1-2 gün xətalı (-+) olması mümkündür. Buna görə bu hesablama xüsusunda iki gün həddində ehtiyata riayət etmək və hesablamanın daha dəqiq olması üçün hər bir vəziyyətdə ayrıca hesablama aparmaq lazımdır.
(5) İslam peyğəmbərindən (s) sonra onun Əhli-beytindən (ə) olan on iki imamı onun canişini olaraq qəbul edən müsəlman. “İsnaəşəri”, “imami”, yaxud “cəfəri” adları ilə tanınan məzhəbə mənsub olan şəxs. Tərc.
(6) Ələmlik ardıcıllığına riayət etmək o deməkdir ki, mükəlləf müraciət üçün öz mərcə-i təqlidi ilə eyni elmi səviyyədə olan bir müctəhidi seçməli, elmi səviyyəsi mərcə-i təqlidi ilə eyni olan müctəhid tapılmadıqda isə elmi səviyyəsi ondan sonra digər bütün müctəhidlərdən daha yüksək olan bir müctəhidə müraciət etməli və həmin məsələdə ona təqlid etməlidir.
(7) “Ücrət əl-misl” bir şeyin normal icarə məbləği, yaxud bir işin normal muzd məbləğidir və icarə, yaxud əmək müqaviləsində müəyyən edilən məbləğdən az, çox, yaxud ona bərabər ola bilər.
(8) Əlbəttə, bu risalədə ehtiyat hallarını ayırd etmək üçün çalışmışıq ki, ehtiyatın müstəhəb olduğu bütün hallarda “ehtiyat” sözündən sonra “müstəhəb” təyinini qeyd edək.
(9) Əvvəlki cümlədə izah edilən mənada. Tərc.
(10) “Elm-i icmali” deyərkən o hallar nəzərdə tutulur ki, mükəlləf təklifin özündən əmindir və bir işin ona vacib olduğunu bilir, ancaq həmin təklifin məhz hansı iş olması ona məlum deyil. Məsələn: Fərz edin ki, bəzi səfər hallarında bir müctəhid namazı müxtəsər, digər bir müctəhid isə bütöv qılmağı vacib bilir. Burada insan bilir ki, bir namaz qılmalıdır. Ancaq bilmir ki, həmin namazı müxtəsər, yoxsa bütöv qılmalıdır. Belə bir məsələ “elm-i icmali” hallarındandır.
Ancaq bəzi hallarda təklifin özü yəqin deyil. Məsələn, xüsusi bir halda bir müctəhid xümsü vacib bilir, başqa bir müctəhid isə həmin halda xümsü vacib bilmir. Bu hal “elm-i icmali” hallarından deyil.
Qeyd etmək lazımdır ki, “elm-i icmali” halları ilə əlaqədar hökmlər müxtəlifdir və onlardan bəzilərində ehtiyata lüzum yoxdur. Ehtiyatın lazım olduğu, yaxud olmadığı halları dəqiqliklə bilmək üçün fiqh üzrə ixtisas ədəbiyyatına müraciət etmək, yaxud məlumatlı insanlardan soruşmaq lazımdır.
(11) “Höccət-i icmali” elm-i icmali kimidir. Aradakı fərq budur ki, burada mükəlləfin özü təklifin özündən əmin deyil, onun üçün hər hansı bir təklifin (“elm-i icmali” ilə əlaqədar hissədə izah edildiyi kimi) mövcud olduğu ona tabe olmalı olduğu başqa bir dəlillə (öz əminliyindən başqa bir dəlillə) – məsələn, müctəhidin fətvası ilə sabit olmuşdur.
(12) Dəlilləri zəif olan və kamil surətdə arxayınlıq hasil etməyən işlərin müstəhəbliyinə, yaxud onların savablı olmasına (Allah tərəfindən mükafatlandırıcılacağına) hökm etmək. Tərc.

SULARLA ƏLAQƏDAR HÖKMLƏR → ← ÖN SÖZ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français