ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

Təqlidin zəruriliyinin səbəbi, TƏQLİD →

ÖN SÖZ

Uca Allah bəndələrin irili xırdalı bütün davranış və danışıqları üçün müdrikanə proqram və qaydalar təsis etdiyinə görə məsuliyyətli bir müsəlman ilahi vəzifələri icra etmək üçün daima özünün mövcud vəziyyətdəki vəzifəsini öyrənməyə çalışmalıdır.
“Tövzih əl-məsail risaləsi(1)” mükəlləflərin şəriət hökmləri sahəsində bu ehtyaclarının bir hissəsini təmin etməyi öz üzərinə götürmüş və möminlərin kitabxanalarının daimi və ayrılmaz bir parçasına çevrilmişdir.
Məlumatlı şəxslərə gizli deyil ki, mövcud risalələr on illər öncə şiə dünyasının böyük mərcə-i təqlidi həzrət Ayətullah əl-üzma Bürucerdinin nəzarəti altında qələmə alınmış və məsələləri həmin dövrün ehtiyacları əsasında tənzimlənmişdir. Böyük fəqihlər də sonrakı illər ərzində bəzi yeni məsələləri əlavə etdikdən sonra tərtibatında ciddi dəyişiklik etmədən öz dəyərli rəylərini eyni mətnlə bəyan etmiş, mükəlləflərin digər suallarının cavablarını isə ərəbdilli əsərlərində və həmçinin, şəxsi istiftalar(2) çərçivəsində cavablandırmışlar.
Lakin nəzərdə tutulan bir neçə suala cavab tapmaq üçün ərəb dilində olan müxtəlif kitablardan istifadənin və müxtəlif istiftaların araşdırılmasının sıravi insanları hər zaman çoxlu sayda çətinliklərlə qarşı-qarşıya qoyması nəzərə alınaraq qərara alındı ki, mətnində insanlar üçün müasir dövrdə aktual olan hökmlər qismindən daha çox məsələnin daha münasib bir tərtibatla baxıldığı bir risalə yazılsın.
Həzrət Ayətullah əl-üzma Sistaninin “Tövzih əl-məsail” risaləsi olan bu risalə məhz bu məqsədlə onun Məşhəd, Qum və Nəcəfi-əşrəf şəhərlərindəki dəftərxanalarının nəzarəti altında tərtib edilmişdir və aşağıdakı xüsusiyyətləri özündə ehtiva edir:
1) Bu risalə məsələlərin təshih edilməsi və təkmilləşdirilməsi nəticəsində böyüyən həcmi nəzərə alınaraq iki cilddə tərtib edilmişdir.
2) Əvvəlki risalədə öz əksini tapmayan “etikaf”, “kəffarələr”, “nəfəqələr” və “şüfə” kimi bəzi aktual mövzulara bu risalədə yer verilmişdir.
3) Cəmiyyətin bütün üzvlərinin, yaxud müəyyən sosial qrupların qarşılaşdıqları bir çox şəriət məsələləri, əvvəlki məsələlərə əlavə edilmişdir.
4) Bir çox hallarda mətləbin daha aydın başa düşülməsi üçün məsələlər təsnifat şəklində verilmişdir.
5) Nəzərdə tutulan mövzunun asan və tez tapılması üçün bütün mövzulara başlıq verilmiş və risalənin əvvəlində də daha müffəsəl bir mündəricata yer verilmişdir.
6) Əvvəlki risalədə mövcud olan bəzi məsələlər möhtəva, məna dəyişikliyi olmadan redaktə edilmiş və əvvəlki risalənin köhnəlmiş misalları hazırkı dövrdə aktual olan yeni nümunələrlə əvəz edilmişdir.
7) Nəzərdə tutulan məlumatın tapılmasını asanlaşdırmaq, yaxud bir mövzunu təkmilləşdirmək məqsədilə bəzi hallarda bir məsələ əvvəlki risalənin bir yerindən başqa bir yerinə köçürülmüş və mümkün olduqca bir məsələnin mətndən çıxarılmamasına səy göstərilmişdir.
8) Bu risalənin hazırlanmasında istifadə edilən fiqh mənbələri bunlardan ibarətdir: aliməqam fəqihin “Ürvət əl-vüsqa”ya şərhləri (qeydləri), “Minhac əs-salihin”, “əl-Məsail əl-muntəxəbə”, əl-Fiqh lil-muğtəribin” risalələri, fiqh mövzularına dair son görüşləri və fətva almaq üçün özünə ünvanlanan suallara verdiyi cavablar. Həmçinin, mətnlərdə ixtilaflı məqamlarla rastlaşdıqda həmin məsələlərlə bağlı müctəhidin özünə sual ünvanlayaraq bu risalədə onun son və doğru nəzərinin bəyan edilməsinə çalışmışıq.
Uca Allahdan bizi danışıq və davranışlarımızda xətalardan qorumasını, Əhli-beyt fiqh məktəbinə xidmət etməkdə müvəffəqiyyətə nail olmağı və əməllərimizdə ixlaslı olmağı nəsib etməsini diləyirik.
Sonda öz peşəkar və fasiləsiz səyləri ilə bu önəmli işi ərsəyə gətirən bütün əziz insanlara minnətdarlığımızı bildiririk. Uca Allah onlara yaxşı işlər görənlər üçün nəzərdə tutduğu ən yaxşı mükafatları bəxş etsin! Onların əsrimizin ilahi rəhbərinin (Uca Allah zühurunu tezləşdirsin!) lütfünə nail olacaqlarına ümid edirik

İLAHİ HÖKMLƏRİN ÖYRƏNİLMƏSİNİN ƏHƏMİYYƏTİ VƏ QAYDASI
Hökmlərin öyrənilməsinin əhəmiyyəti
Aydın bir din olan İslamda xüsusi əhəmiyyətə malik olan ən önəmli vəzifələrdən biri dərk edilməsi və həyata keçirilməsi insan xoşbəxtliyinin zəmanətçisi olan dini hökmlərin öyrənilməsidir. İslamı özünə din seçən insan onun proqramlarını həyatının bütün sahələrində kamil surətdə qəbul etməli və öz davranışlarını dinin hökmlərinə uyğun tənzimləməlidir. Belə bir vəzifənin icrası müsəlman fərddən dinin hökmlərini öz yaşayışında həyata keçirmək üçün onlarla ehtiyac duyduğu, onun üçün aktual olan qədər tanış olmağı tələb edir. Buna əsasən, Qurani-kərim və hidayət yolunun bələdçiləri olan Əhli-beyt imamları bu məsələyə həddən ziyadə təkidlə yanaşmış və hər kəsi dinin hökmlərini öyrənməyə təşviq edərək ilahi hökmlərlə tanış olmamağın saysız-hesabsız zərərlərindən qorunmağa çağırmışdır.
Bir kəlamında İmam Sadiqin (ə) belə söylədiyi nəql edilir:“Dürüst bir insandan halal-haramla bağlı bir hədis öyrənmək sənin üçün dünya və onun qızıl-gümüşündən daha yaxşıdır(3)”.
Həmçinin, rəvayət edilir ki, bir kişi İmam Sadiqə (ə) deyir: “Mənim bir övladım var. O, sizdən halal-haramla bağlı məsələləri soruşub öyrənməyi xoşlayır, əhəmiyyətsiz və özü üçün faydasız olan məsələləri isə soruşmur”. Həzrət Sadiq (ə) ona belə cavab verir:“Məgər insanların maraqlana biləcəyi halal-haramdan daha yaxşı bir mövzu vardırmı(4)?!” Başqa bir hədisdə isə oxuyuruq ki, İmam Sadiq (ə) buyurur: “Allahın dininin üzərində dərindən düşünün və (cahiliyyət dövründə yaşayan) ərəblərə bənzəməyin”. Sonra sözlərinə belə davam edir: “Kim Allahın dini xüsusunda dərindən düşünməzsə (elmli, bəsirətli olmazsa), uca Allah qiyamət günü ona əsla lütf etməz və əməllərinin təmizliyini təsdiqləməz(5)”.
Habelə, İmam Sadiqdən (ə) rəvayət edilən bir hədisdə Allahın sevimli Elçisinin (s) belə buyurduğu nəql edilir: “Mən həftənin bir gününü dininin göstərişləri üzərində düşünməyə, dinini öyrənməyə ayırmayan müsəlmana qarşı ikrah hissi duyuram(6)”.
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: “Loğman oğluna nəsihətində deyirdi: “Övladım! Gecə və gündüz, günün müxtəlif saatlarında bilik əldə etmək üçün özünə vaxt ayır. Həqiqətən, sənə bundan imtina etməkdən (elmdən uzaqlaşmaqdan) daha böyük bir itki üz verə bilməz(7)”.
Həmçinin, İmam Sadiqin (ə) başqa bir dəyərli kəlamında belə buyurduğu rəvayət edilir: “Bəsirətlə hərəkət etməyən (davranışlarını elmə əsaslandırmayan) insan səhrada sərab (ilğım) arxasınca qaçan, hərəkətinin sürəti yalnız uzaqlığını (məqsədi ilə arasındakı məsafəni) artıran şəxsə bənzəyir(8)”.
Önəmli məqamlardan biri də budur ki, dində fəqihlik, yəni dinlə kamil surətdə tanışlıq, dini maarif və hökmlər xüsusunda bəsirət sahibi olmaq Əhli-beyt imamlarının (ə) rəvayətlərində təkidlə tövsiyə olunur.
İmam Kazımın (ə) bu barədə belə buyurduğu rəvayət edilir: “Allahın dini xüsusunda alim və fəqih olun. Çünki fiqh bəsirətin açarıdır, ibadətin kamilliyidir, dünya və axirət həyatında uca məqamlara, ali dərəcələrə çatmaq üçün bir vasitədir. Fəqihin abiddən üstünlüyü Günəşin (digər) ulduzlardan üstünlüyünə bənzəyir və kim dinində dərin bilik sahibi və fəqih olmazsa, Allah onun heç bir əməlindən razı qalmaz(9)”.
Həmçinin, Həzrət Əlinin (ə) bir kəlamında belə buyurduğu nəql edilir: “Alim olmaq istəyirsənsə, Allahın dinində fəqih (dərin bilik sahibi) ol!(10)”
Bir hədisdə Allahın elçisinin (s) belə buyurduğu nəql edilir: “Uca Allaha dini dərindən dərk etməkdən daha üstün bir şəkildə ibadət edilməmişdir(11)”.
İmam Sadiqin (ə) belə buyurduğu nəql edilir: “Uca Allah bir bəndəsinə xeyir və səadət bəxş etmək istəyirsə, onu dini xüsusunda dərin idrak sahibi edər(12)”.
Başqa bir rəvayətdə isə belə buyurduğunu oxuyuruq: “Uca Allah bir cəmiyyətin xeyir və uğur qazanmasını istədikdə onun üzvlərini dini biliklər xüsusunda dərin idrak sahibi edər...(13)”
Aydındır ki, insan dini məsələlərin öyrənilməsində səhlənkarlığa yol verə və bu məsələləri bilməmək bəhanəsi ilə ona çatdırılan ilahi vəzifələrə əməl etməkdən boyun qaçıra bilməz.
İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq: “... Allah qiyamət günü bəndədən soruşar: “Ey mənim bəndəm, üzərinə düşən vəzifədən agah idinmi?” “Bəli!” – deyə cavab verərsə, ondan: “Elə isə bəs nə üçün bildiyinə əməl etmədin?” – deyə soruşar. “Cahil idim”, - deyə cavab verdiyi təqdirdə isə: “Bəs nə üçün əməl etmək üçün öyrənmədin?” – deyə soruşar...(14)”

FƏQİHLƏRƏ MÜRACİƏT ETMƏYİN ZƏRURİLİYİ
Allaha ibadətin əsil yolunu, doğru qaydalarını aydınlaşdırmaq vəzifəsini daşıyan fiqh elmi dəyərli islamşünaslıq elmləri arasında ən müqəddəs elmlərdən biridir. Sevimli Peyğəmbərimizin (s) və Əhli-beyt imamlarının (ə) yaşadıqları dövrdə bu elmin çoxlu sayda tədqiqatçıları olmuş, gözəçarpan dərəcədə inkişaf etmiş və dinin ardıcıllarının diqqət mərkəzində olmuşdur. Xüsusən, İmam Baqir (ə) və İmam Sadiqin (ə) dövründə öz inkişafının ən yüksək mərhələsinə çatmışdı və çox sayda alim müxtəlif din və şəriət mövzularında bu iki Əhli-beyt imamının dərslərində iştirak edərək dərin biliklərə yiyələnmişdilər.
Elmin insanların həyatına nur saçdığı həmin dövrdə şəriət hökmləri o dərəcədə geniş araşdırılırdı ki, bir rəvayətdə Zürarə ibn Əyunun həcc ilə bağlı məsələləri qırx il müddətində İmam Sadiqdən (ə) öyrəndiyi, ancaq hələ də öyrəniləcək məsələlərin qaldığı söylənilir. Öz dilindən nəql edilən həmin rəvayətdə Zürarə deyir: “Əbu Abdullaha (İmam Sadiqə tərc.): “Allah mənim canımı sənə fəda etsin! Qırx ildir ki, həcc ilə bağlı sizə müxtəlif suallar verirəm, siz də (onları cavablandıraraq) mənə fətva verirsiniz”, - deyə ərz etdikdə belə buyurmuşdu: “Zürarə! Sən Adəmdən iki min il öncə də ziyarət yeri olan bir məbədlə bağlı bütün məsələlərin qırx il ərzində açıqlanmasını istəyirsən(15)?!”
Məsum imamların (ə) yaşadıqları dövrdə ilahi hökmlərin bəyan edilməsi vəzifəsi onların öhdəsinə düşürdü və onlar bir çox hallarda bu vəzifəni seçkin şagirdlərinə də həvalə edirdilər. Zürarə, Məhəmməd ibn Müslim, Əbu Bəsir, Əban ibn Təğlib kimi yüksək mənəvi keyfiyyətlərə və dərin biliklərə sahib olan şəxslər insanları halal-haram və dinin müxtəlif hökmləri ilə bağlı maarifləndirirdilər və imamlar da insanları onlara müraciət etməyə sövq edirdilər.
O cümlədən, rəvayətlərdən birində Şüeyb Əqərqufinin öz dilindən İmam Cəfər Sadiqdən (s): “Tez-tez bu və ya digər bir mövzuda məlumat almaq üçün kiməsə sual verməyə ehtiyac duyuruq. Belə hallarda kimə müraciət edək?” – deyə soruşduğunu və İmamın (ə) ona: “Əsədiyə, yəni Əbu Bəsirə”, - deyə cavab verdiyini oxuyuruq(16).
Həmçinin, başqa bir rəvayətdə Abdullah ibn Əbu Yəfurun belə dediyi nəql olunur: “Əbu Abdullaha (ə) ərz etdim: “Hər zaman sizi görə, hüzurunuza şərəfyab ola bilmirəm. Bir tərəfdən də tez-tez dostlarımızdan (sizin ardıcıllarınızdan) hər hansı biri yanıma gələrək müəyyən mövzularla bağlı suallarla müraciət edir və mən onların bütün suallarını cavablandıracaq qədər məlumata sahib deyiləm. (Bu xüsusda nə etməliyəm?)” O buyurdu: “Nə üçün Məhəmməd ibn Müslimə müraciət etmirsən? Bilmədiklərini ondan soruş. O, biliklərini atamdan əxz etmişdir və onun nəzərində hörmətli bir insan idi(17)”.
Başqa bir rəvayətdə isə Əli ibn Müseyyib Həmədani deyir: “Həzrəti Rizaya (ə) dedim: “Mənim evim uzaqda yerləşir və hər zaman sizin yanınıza gələ bilmirəm. Dinimin təlimlərini (başqa) kimdən öyrənə bilərəm?” “Həm dünya, həm də axirət məsələlərində etibarlı bir insan olan Zəkəriyya ibn Adəm əl-Qummidən” – deyə cavab verdi. Ondan ayrıldıqdan sonra Zəkəriyya ibn Adəmin yanına gedərək ondan (cavablandırılmasına) ehtiyac duyduğum şeyləri soruşmağa başladım(18)”.
Habelə, Əbdüləziz ibn əl-Mühtədinin belə dediyi rəvayət edilir: “Rizadan (ə) soruşdum: “Mən hər zaman sizinlə görüşə bilmirəm. Bəs dinimin təlimlərini kimdən öyrənim?” “Yunis ibn Əbdürrəhmandan öyrən”, – deyə cavab verdi(19)”.
Bəzən isə Əhli-beyt imamları (ə) özləri yaxın şagirdlərinə göstəriş verirdilər ki, insanlar üçün fətva versinlər. O cümlədən, rəvayətlərdə İmam Baqirin (ə) Əban ibn Təğlibə: “Məsciddə (Mədinə məscidində) otur və insanlara fətva ver, həqiqətən, şiələrim arasında sənin kimi bir şəxsi görmək mənə xoşdur”, - deyə buyurduğu nəql edilir(20).
Nəhayət, Əhli-beyt imamlarının (ə) insanlar arasında yaşadığı dövr başa çatır, Həzrət Mehdinin (ə.f) qaiblik dövrü başlayır və halal-haramın bəyan edilməsi, cəmiyyətin ehtiyac duyduğu, insan həyatının müxtəlif sferalarına dair dini təlimlərin açıqlanması bilavasitə bu vəzifənin icrası üçün gərəkli olan bütün şərtlərə cavab verən fəqihlərin üzərinə düşür, fətva və eləcə də təqlid xüsusi bir şəkildə kütləvi miqyasda rəvac tapır.


(1) Bu risalələr ana dilimizdə “İzahlı şəriət məsələləri”, “Şəriət hökmlərinin izahı” kimi adlarla nəşr edilmişdir. Tərc.
(2) İstifta (hərfən: fətva istəmək) - fətvanı öyrənmək məqsədi ilə verilən suala fətva şəklində verilən cavab. Tərc.
(3) əl-Məhasin, “Məsabih əz-zuləm” fəsli, XV bab, səh. 229, 166-cı hədis.
(4) əl-Məhasin, “Məsabih əz-zuləm” fəsli, XV bab, səh. 229, 168-cı hədis.
(5) Kənz əl-fəvaid, “Fi zikr əl-elm” fəsli, səh. 240; əl-Məhasin, “Məsabih əz-zuləm” fəsli, XV bab, səh. 228, 162-cı hədis.
(6) əl-Məhasin, “Məsabih əz-zuləm” fəsli, XIII bab, səh. 225, 149-cı hədis.
(7) əl-Əmali (Şeyx Tusi), c. 1, 3-cü məclis, səh. 66.
(8) əl-Əmali (Şeyx Müfid), V məclis, səh. 42, 11-ci hədis.
(9) Tuhəf əl-uqul, səh. 410.
(10) Qurər əl-hikəm və durər əl-kəlim, səh. 49, “Fil-fiqh vəl-fəqahət” fəsli, 264-cü hədis.
(11) əl-Əmali (Şeyx Tusi), səh. 474, 1033-cü hədis (Qum nəşri).
(12) Usul əl-Kafi, c. 1, səh. 32, 3-cü hədis, “Sifət əl-elm və fəzluhu və fəzl əl-uləma” babı.
(13) Mustədrək əl-vəsail, c. 11, səh. səh. 190, 12-ci hədis, VI bab, “İstihbab ət-təxəlluq bi məkarim əl-əxlaq”.
(14) əl-Əmali (Şeyx Tusi), c. 1, Birinci məclis, səh. 8-9, 10-cu hədis; əl-Əmali (Şeyx Müfid), İyirmi altıncı məclis, səh. 227-228, 6-cı hədis.
(15) Vəsail əş-şiə, c. 11, səh. 12, 12-cü hədis.
(16) Vəsail əş-şiə, c. 27, səh. 142, 15-ci hədis.
(17) Vəsail əş-şiə, c. 27, səh. 144, 23-cü hədis.
(18) Vəsail əş-şiə, c. 27, səh. 146, 27-ci hədis.
(19) Vəsail əş-şiə, c. 27, səh. 148, 34-cü hədis.
(20) Mucəm-u rical əl-hədis, c. 1, səh. 144, Əlif-28, Əban ibn Təğlib.

Təqlidin zəruriliyinin səbəbi, TƏQLİD →
العربية فارسی اردو English Azərbaycan Türkçe Français