ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » QƏRB ÖLKƏLƏRİNDƏ MƏSKUNLAŞANLAR ÜÇÜN FİQH TƏLİMİ

I ƏLAVƏ » YEYİNTİ SƏNAYESİNDƏ İSTİFADƏ OLUNAN BAŞLICA HARAM QİDA MADDƏLƏRİ → ← ON BİRİNCİ FƏSİL: MÜXTƏLİF MÖVZULAR

SON SÖZ

Əsərin sonunda onu da qeyd eməyi məqsədəuyğun hesab edirik ki, əsasən qərb ölkələrində məskunlaşan müsəlmanlar üçün qələmə alınmış ilk əsər olan bu kitab gələcəkdə onların fiqhi biliklərə ehtiyaclarını daha mükəmməl şəkildə ödəyə biləcək, həyatlarının müxtəlif sahələrini əhatə edərək müqəddəs İslam şəriətinin qayda-qanunları əsasında tənzimlənməsinə yardım edəcək müfəssəl bir əsərin hazırlanması üçün ciddi elmi tənqidə ehtiyac duyur.

Qeyri-müsəlman ölkələrində, xüsusilə də ABŞ və Avropa ölkələrində yaşayan müsəlman vətəndaşların, yaxud emiqrantların, eləcə də onların gələcək nəsillərinin sayında ciddi demoqrafik artım müşahidə edilməkdədir. Digər tərəfdən isə həmin cəmiyyətlərdəki inkişafın sürəti ilə paralel olaraq qarşıya çıxan aktual mövzular artdıqca şəriətin onlara münasibətini öyrənmək zərurəti də artır. Başqa sözlə gec qalmadan hərəkətə keçmək, qarşıya çıxa biləcək problemlərin öncədən qarşısının alınması üçün çalışmaq lazımdır.

Həmçinin, qeyd etmək lazımdır ki, xüsusən, maddi dəyərlərin hakim olduğu cəmiyyətlərdə oxuculara təqdim olunan əsərlərin İslami əxlaq elmi, özəlliklə də onun əməli aspektləri işığında insan ruhunun tərbiyə və mənəvi paklanması prinsipləri nəzərə alınaraq hazırlanması olduqca önəmlidir.

Biz də bu prinsipi əsas tutaraq əlinizdəki əsərin hər bir fəslində, bu və ya digər bir məsələdə üstün mənəvi dəyərlərin bir qisminə, İslamın təklif etdiyi təqdirəlayiq həyat yoluna aydınlıq gətirməyə çalışmış, bu məqsədlə bizi onlara doğru çağıran Qurani-Kərimin ayələrindən ilham alaraq, bu dəyərlərə və həyat yoluna sarı təşviq edən hədisi-şəriflərə istinad etmişik ki, bununla iki elm - əxlaq və fiqh arasında uzlaşmaya nail ola bilək. Bundan öncə də, “əl-Fətava əl-müyəssərə” (Sadələşdirilmiş fətvalar) əsərinin qələmə alınmasında sözügedən iki elm (əxlaq və fiqh) arasında düşüncə və əməl mərhələsində uzlaşmanın reallığını dərk edərək, həmçinin bu uzlaşmanın müsəlmanların (xüsusilə də qürbət ölkələrdə qeyri-müsəlmanlar xalqların nümayəndələrinin arasında yaşadıqları halda) gündəlik həyatlarında öz əksini tapmasına çalışaraq bu məqsədi sınaqdan keçirmişik. Ümidvarıq, məqsədimizə bir qədər də olsa, nail ola bilmişik.

Sonda Rəbbimizin yardımına ümid bağlayaraq ondan səylərimizi qəbul etməsini diləyirik. O, mərhəmətlilərin ən mərhəmətlisidir. Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Allahın salamı olsun sərvərimiz Həzrət Məhəmmədə və onun pak soyuna!

I ƏLAVƏ » YEYİNTİ SƏNAYESİNDƏ İSTİFADƏ OLUNAN BAŞLICA HARAM QİDA MADDƏLƏRİ → ← ON BİRİNCİ FƏSİL: MÜXTƏLİF MÖVZULAR
العربية فارسی اردو English Azərbaycan Türkçe Français