ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » QƏRB ÖLKƏLƏRİNDƏ MƏSKUNLAŞANLAR ÜÇÜN FİQH TƏLİMİ

SON SÖZ → ← ONUNCU FƏSİL: MUSİQİ, MÜĞƏNNİLİK VƏ RƏQS

ON BİRİNCİ FƏSİL: MÜXTƏLİF MÖVZULAR

Əziz oxucular! Bu fəsildə siz öncəki fəsillərin əhatə etdiyi mövzularla birbaşa bağlılığı olmayan, lakin müxtəlif aktual məsələlərlə əlaqədar olan bir sıra şəriət hökmləri və eləcə də həmin məsələlər ətrafında verilən sualların cavabları ilə tanış olacaqsınız.

Məsələ 568. Yeni doğulan körpələri Allaha (c.c.) bəndəlik məzmunu ifadə edən adlarla adlandırmaq müstəhəbdir. Həmçinin, övladlarımıza peyğəmbərimiz Həzrət Məhəmmədin (s) və digər peyğəmbərlərin adlarını, eləcə də Əli, Həsən, Hüseyn, Cəfər, Talib, Həmzə, Fatimə adlarını vermək bəyənilən, onları İslam və Əhli-beytə (ə) düşmən mövqeyi ilə tanınan şəxslərin adları ilə adlandırmaq isə bəyənilməyən bir haldır.

Məsələ 569. Oğlan və ya qız olmasından asılı olmayaraq iki yaşınadək (hicri-qəməri təqvimi ilə) övladı böyütmək, onun təlim-tərbiyəsi ilə məşğul olmaq ata və ananın bərabər hüquqlarındandır və atanın bu iki il ərzində uşağı anasından ayırmağa haqqı yoxdur. İki yaşından sonra isə bu haqq ataya məxsusdur, lakin istihbabi (müstəhəb) ehtiyata əsasən, o yeddi yaşınadək övladını onu dünyaya gətirən anasından ayırmamalıdır.

Məsələ 570. Uşağın (oğlan və ya qız olmasından asılı olmayaraq) iki yaşı tamam olmadan valideynləri nikah müqaviləsinin pozulması (ləğv edilməsi və ya etibarsız hesab edilməsi), yaxud boşanma nəticəsində ayrılarsa, ana başqa bir şəxslə evlənmədikcə övladının yetişdirilməsi və tərbiyəsində iştirak etmək hüququnu itirmir və ata ilə ana bu bərabər hüquq və vəzifələrini razılıq əsasında növbə ilə, yaxud hər hansı bir şəkildə birgə icra etməlidirlər.

Məsələ 571. Ana həyat yoldaşından ayrılaraq başqa bir şəxslə evləndiyi halda isə uşağın böyüdülməsində və tərbiyəsində iştirak hüququnu itirir və sözügedən hüquq və vəzifələr atanın üzərinə düşür.

Məsələ 572. Uşağı böyütmək (qəyyumluq) hüquqları uşağın həddi-buluğa çatması, yetişkinləşməsi ilə sona çatır və bu dövrdən etibarən heç kəsin, hətta valideynlərinin də onun üzərində qəyyumluq hüququ yoxdur. O, oğlan və ya qız olmasından asılı olmayaraq müstəqil (qərarlar qəbul edə və onları icra edə bilən) şəxs hesab edilir. Həddi-buluğa çatmış, yetişkin övlad valideynlərindən hər hansı biri və ya üçüncü bir şəxslə yaşamaq hüququna malikdir. Lakin valideynlərin qayğıkeşlikləri səbəbindən ondan ayrı yaşamaqdan narahat olduqları halda şəriətimiz (dini dəyərlərimiz) ona valideynlərindən ayrı yaşamağa icazə vermir. Valideynləri arasında seçim etmək qarşısında qaldığı halda isə ana ilə yaşamaq daha doğru hesab edilir.

Məsələ 573. Ata dünyasını dəyişdikdə həddi-buluğa çatanadək övladın qəyyumluq hüququ anaya məxsusdur.

Məsələ 574. Ana övladının üzərində qəyyumluq hüququna sahib olduğu dövrdə vəfat edərsə, bu hüquq yalnız ataya məxsus olur.

Məsələ 575. Valideynlərin uşaqlarını böyütmək hüquqları olduğu kimi uşaqların da tərbiyə almaq hüququ vardır və valideynlər bu vəzifədən imtina etdikləri halda icbari şəkildə sözügedən vəzifənin icrasına məcbur edilməlidirlər.

Məsələ 576. Valideynlərinin hər ikisini itirdiyi (ata-anası vəfat etdiyi, yaxud itkin düşdüyü) halda uşağı böyütmək (ona qəyyumluq) hüququ ata tərəfdən olan babasına verilir.

Məsələ 577. Valideynlər, yaxud qəyyumluq hüququ olan başqa şəxslər övladı böyütmək və tərbiyə etmək vəzifəsini şəriət tərəfindən məqbul hesab ediləcək qaydada icra edəcəyinə əmin olduqları üçüncü bir şəxsə həvalə edə bilərlər.

Məsələ 578. Uşağı böyütmək (qəyyumluq) hüququna sahib olan valideylərin, yaxud başqa şəxslərin əqli sağlamlığının yerində olması, uşağın sağlamlığı üçün təhlükə törətməməsi (keçici xəstəliklər kimi halların mövcud olmaması) və müsəlman olması şərt hesab edilir. Buna əsasən, ata kafir, ana isə müsəlman olduğu halda uşağın qəyyumluq hüququ yalnız anaya, ana kafir, ata müsəlman olduğu halda isə ataya məxsusdur.

Məsələ 579. Valideynlərin nəfəqə təminatı (zəruri yaşayış ehtiyaclarının təmin edilməsi) oğlan övladının borcudur.

Məsələ 580. Oğlan və ya qız olmasından asılı olmayaraq övladların nəfəqə təminatı atanın vəzifəsidir.

Məsələ 581. Yaxın qohumların yaşayış ehtiyaclarının təminatının vacib hesab edilməsi üçün onların yoxsul olması, yəni qida, geyim, məişət əşyaları və avadanlıqları, eləcə də yaşayış yeri kimi ehtiyaclarını ödəyə bilməməsi şərtdir.

Məsələ 582. Şəriət təəfindən yaxın qohumların nəfəqə təminatı üçün müəyyən çərçivə təyin edilməmişdir. Vacib buyurulan nəfəqə təminatı zaman və məkan şəraiti çərçivəsində onların mövcud durumunu nəzərə almaqla qida, geyim, məişət əşyaları və yaşayış yeri kimi zəruri yaşayış ehtiyaclarını ödəməkdir.

Məsələ 583. Nəfəqə təminatını ödəməli olan şəxs bundan imtina edərsə, təminat haqqı olan şəxs hətta zalım hakimə (yəni ədalət və hüququn aliliyinin qorunmadığı cəmiyyətlərdə hüquq-mühafizə orqanlarına) müraciət etmək bahasına olsa belə onu öz vəzifəsinin icrasına məcbur edə bilər. Məcburiyyətlə də öz haqqını əldə edə bilmədikdə isə şəriət hakiminin icazəsi ilə onun əmlakından nəfəqə həcmində mənimsəyə bilər. Bu da mümkün olmadığı halda isə hakimə müraciət etməklə onun adına borc götürə bilər və həmin borcu ödəmək nəfəqə ödəməli olan şəxsin vəzifəsidir. Hakimə müraciət etmək mümkün olmadığı halda isə hər hansı bir ədalətli möminə müraciət edərək nəfəqə ödəməli olduğu şəxsin adına borc götürə bilər və həmin şəxsin bu borcu ödəməsi vacibdir.

Məsələ 584. Əgər haqq dinin və onun müqəddəs hökmlərinin (şəriətinin) qorunması (bərpası) və ya müsəlmanların heysiyyətinin, yaxud torpaqlarının qorunması bir və ya dəstə insanın öz sərvətlərinin bir qismini bu uğurda xərcləməsinə bağlıdırsa, onların bu yolda öz imkanlarını səfərbər etməsi vacibdir və bu yolda xərclədiklərinin qarşılığını gözləməyə haqları çatmır və kimdənsə mükafat tələb edə bilməzlər.

İndi isə gəlin Ayətullah əl-üzma Sistaniyə ünvanlanan bir sıra suallar və onların cavabları ilə tanış olaq:

Məsələ 585. Həzrət Məhəmmədin (s), keçmiş peyğəmbərlərin və Əhli-beyt imamlarının həyatına, yaxud tarixin müqəddəs sirlərinə dair filmlərin hazırlanmasına və telekanallarda və kinoteatrlarda göstərilməsinə şəriətin münasibəti necədir?

Cavab: Onların şəxsiyyətinə qarşı dərin ehtiram prinsipinin qorunduğu və insanlarda həmin müqəddəs şəxsiyyətlərə qarşı mənfi düşüncələr yarada biləcək məqamlara yer verilmədiyi halda heç bir əngəl yoxdur.

Məsələ 586. Qurani-Kərimin nüsxəsini, ruzi-bərəkət, sağlamlıq və əmin-amanlıqla bağlı müxtəlif zikr və duaların yazıldığı müxtəlif əşyaları kafirlərə bağışlamaq olarmı?

Cavab: Həmin nüsxə və əşyaların hörmətsizliyə məruz qalmayacağı, əksinə dəyər verilərək ehtiramının lazımı şəkildə qorunacağı halda heç bir əngəl yoxdur.

Məsələ 587. Əlimizdə artıq lazım olmayan və üzərində Allahın müqəddəs adlarının, yaxud məsumların adlarının və ya Quran ayələrinin öz əksini tapdığı bir sıra vərəqlər, dəftərlər vardır. Onları şəriətdə tələb olunduğu kimi dənizə, yaxud çaya atmaq imkanımız isə yoxdur. Yaşayış və iş yerlərindəki zibil qutularındakı zibillərin də hara aparıldığı haqqında məlumatımız yoxdur. Bu halda nə etməliyik?

Cavab: Onları zibil qutularına atmaq olmaz. Çünki bu istənilən halda hörmətsizlik anlamı daşıyır. Lakin həmin yazıları kimyəvi maddələrlə də olsa təmizləmək, yaxud təmiz bir yerə basdırmaq və ya cıraraq torpaqdan seçilməyəcək dərəcədə kiçik parçalara ayırmaq olar.

Məsələ 588. Hal-hazırda cəmiyyətimizdə geniş yayılan surətilə istixarə etmək şəriətin buyurduğu, bəyəndiyi bir əməldirmi və sədəqə verdikdən sonra istixarənin nəticəsinin istixarə edənin (yaxud etdirənin) istəyi ilə üst-üstə düşməsi üçün onun təkrarlanmasının bir zərəri varmı?

Cavab: İstixarə çaşqınlıqla üzləşdikdə hətta dərindən düşündükdən və başqaları məsləhətləşdikdən sonra da seçim edə, yaxud bir qərara gələ bilmədikdə ümid işığı görmək niyyəti ilə atılan bir addımdır və yalnız vəziyyət dəyişdikdə, yaxud sədəqə verdikdən sonra yenidən istixarə edilə bilər.

Məsələ 589. Müvəkkillərinizə dini rüsumlardan hansı məbləğ çərçivəsində xərcləməyə icazə vermişsiniz?

Cavab: İcazətnamələrimizdə onların yığdıqları dini rüsumların üçdə bir hissəsini, yaxud yarısını şəriət tərəfindən müəyyən edilmiş istiqamələrdə xərcləmələrinə icazə verildiyi öz əksini tapmışdır. Lakin bu o demək deyildir ki, dini rüsumları yığmağa icazə verdiyimiz şəxs (müvəkkil) həmin məbləği şəxsi əmlakı kimi mənimsəyərək istədiyi kimi xərcləyə bilər. Hətta bəzən müvəkkillərimizə yığdıqları rüsumlardan özlərinə ümumiyyətlə heç nə götürməyə icazə verilmir. Məsələn, müvəkkil seyid olarsa və yığdığı zəkatlar seyid olmayanlar tərəfindən verilərsə, ona həmin zəkatdan özü üçün götürməyə, yaxud xərcləməyə icazə verilmir.

Beləliklə, əgər müvəkkil vicdanının və Allahın qarşısında özünün əməliyyə risaləsində də öz əksini tapan qaydalar çərçivəsində həmin dini rüsumlardan yararlanmaq haqqına sahib olduğunu görərsə, o cümlədən, şəriətin qəbul etdiyi anlayış çərçivəsində yoxsul və zəkatın, yaxud xümsün seyidlərə aid hissəsinin (yalnız seyid olduğu halda), yaxud da rəddi-məzalimin[169]
verilməli olduğu şəxslərdən olarsa, həmin rüsumlardan yalnız ehtiyacı olan qədər və məişət durumuna müvafiq həcmdə özünə götürə və ya xərcləyə bilər.

Həmçinin, o, şəriətin ictimai cəhətdən faydalı hesab etdiyi bir işlə məşğul olaraq haqq dinin ucalması istiqamətində fəaliyyət göstərərsə, bu baxımdan da xümsün İmama aid hissəsindən dinə göstərdiyi xidmətinə müvafiq həcmdə zəhmət haqqı ala bilər.

Heç bir vəchlə yığdığı dini rüsumlardan özünə müəyyən məbləğdə götürmək haqğina sahib olmadıqda isə həmin vergilərin icazətnamədə göstərilən məbləğini şəriət tərəfindən müəyyən edilən istiqamətlərdə xərcləməlidir.

Məsələ 590. Əgər mükəlləfin təqlid etdiyi müctəhidin nümayəndəsinə barəsində dini rüsumları düzgün istiqamətdə məsrəf etdiyinə dair xəbərlər nəticəsində güvəni sarsılarsa:

a) Həmin xəbərlərin doğruluğuna əmin olmadığı halda insanlar arasında bu haqda danışa biləmi? Bəs əmin olduğu halda necə?

b) onun etibarlı bir adam olmadığına əmin olanadək dini rüsumlarını ona verməlidirmi?

Cavab: Hər iki halda həmin xəbərləri insanlara arasında yaymasına icazə verilmir. Lakin ikinci halda təqlid etdiyi müctəhidi lazımı tədbirləri görməsi üçün tam gizlilik çərçivəsində məsələdən xəbərdar edə bilər.

b) dini vergilərinə gəlincə, onları icazətnamə əsasında dürüstlüyünə, rüsumların bir qismini nəzərdə tutulan istiqamətdə xərcləyərək, qalan hissəsini isə təqlid etdiyi müctəhidə gödərdiyinə əmin olduğu şəxsə ödəməlidir.

Məsələ 591. Mərcəi-təqliddən icazə almadan xümsün səhmi-imam (İmamın haqqı) adlanan yarı hissəsini onu razı salacaq işlərdə sərf emək olarmı?

Cavab: Bu yolverilməz hesab olunur və imamın razılığı üçün ələm müctəhidin də icazə verməli olduğu nəzərə alındıqda ondan icazə almadan xümsün İmamın haqqı olan hissəsini xərcləmək İmamın (ə.f.) razılığını qazandırmaz.

Məsələ 592. On minlərlə möminin bir tikə çörəyə və bir dəst geyimə möhtac olduğunu nəzərə alaraq xümsün imamın haqqı olan hissəsini xeyriyyəçilik fəaliyyətlərinə sərf etmək olarmı?

Cavab: Xümsün imamın haqqı olan hissəsini şəriətdə müəyyən olunan istiqamətlərdə önəm prinsipini (prioritetləri) nəzərə almaqla istifadə etmək lazımdır və bu prioritetlərin müəyyən edilməsi məsələyə hər bir cəhətdən vaqif olan ələm fəqihin səlahiyyətlərinə daxildir.

Məsələ 593. Bəzən yeməkdən sonra qabları yuyarkən düyü dənələri suya qarışaraq kanalizasiya borusuna axır. Miqdarından asılı olmayaraq yemək qalıqlarının kanalizasiya borusuna axıdılmasının qarşısını almaq vacibdirmi? Nəzərə almaq lazımdır ki, hər dəfə buna riayət etmək çox çətindir.

Cavab: Boşqab və ya digər qablarda qalan qida qalıqları heç olmazsa, heyvanların qidalanmasında belə istifadə edilə bilərsə, onları bu şəkildə israf etməyə icazə verilmir. Lakin olduqca az miqdardadırsa və ya qida kimi qəbulu sağlamlığa zərərli hesab edilərsə, insanların nəzərində Allahın nemətlərinə qarşı hörmətsizlik hesab edilmədiyi halda zibil qutusuna tökmək olar.

Məsələ 594. Bir şair poeziya gecəsi təşkil edərək istədiyi şəxsləri həmin məclisə dəvət edə bilərmi? Nəzərə almaq lazımdır ki, həmin yığıncağa gələnlər arasında hicabsız qadınlar da olacaqdır.

Cavab: Bunun üçün öz-özlüyündə heç bir əngəl yoxdur. Lakin o öz növbəsində şərtləri çərçivəsində əmr be və nəhy əz münkər vəzifəsini icra etməlidir.

Məsələ 595. Məktəblərdə şagirdlərdən insan və ya heyvan rəsmləri çəkmək tələb olunur. Şagirdlər bu tələbdən imtina etdikdə çətinliklə üzləşdikləri halda onların sözügedən rəsm tapşırıqlarını yerinə yetirmələrinə icazə verilirmi? Bəs tapşırıq rəsm deyil, heykəltaraşlıq işindən ibarət olsa necə?

Cavab: Təsviri incəsənət, yəni rəsm tamamilə sərbəstdir. Lakin vacib ehtiyata əsasən, canlıların heykəlini hazırlamaq olmaz. Sözügedən tapşırığın tədris proqramının tərkib hissəsi olması vacib ehtiyat hökmünü pozmağa bəraət qazandırmır. Zərurət halları, o cümlədən məktəbdən uzaqlaşdırılma kimi normal durumlarda ciddi sıxıntı hesab edilən arzuolunmaz nəticələrin qarşısının alınması halları isə istisna təşkil edir.

Məsələ 596. Tamamilə çılpaq qadın və ya kişini təcəssüm etdirən heykəlləri almaq olarmı? Həmçinin, heyvan fiqurunu təsvir edən heykəlləri alaraq dekorasiya kimi istifadə etmək olarmı?

Cavab: İkinci halla bağlı məhdudiyət yoxdur. Birinci sualda göstərilən halda isə fəsada (əxlaqi-mənəvi pozğunluğa) rəvac verəcəyi təqdirdə şəriət buna icazə vermir.

Məsələ 597. Əl və ya fincan falına baxanlar insanın hazırkı durumu və gələcəyi haqqında bəzi öncəgörmə iddiaları ilə çıxış edirlər. Xüsusilə, falına baxılan şəxsin bu öncəgörmələrə inanaraq addım atdığı hallarda şəriət buna icazə verirmi?

Cavab: Sözügedən öncəgörmələr əsassız hesab edildiyindən öncəgörmə iddiasında olan şəxslərə qətiyyət və əminliklə gələcəkdən xəbər verməyə, eləcə də falına baxılan şəxslərə də şəri, yaxud əqli dəlil əsasında hərəkət etməli olduqları məqamlarda onların öncəgörmələrinə əsaslanaraq hərəkət etməyə icazə verilmir.

Məsələ 598. Maqnetik yuxu (hipnoz seansı) və ruh çağırmağa şəriətimiz icazə verirmi?

Cavab: Şəriətin zərərə (fiziki, psixoloji, maddi və s.) uğradılmasını qadağan etdiyi (toxunulmazlıq hüququ olan) şəxslərə zərər yetirdiyi hallarda haram hesab edilir.

Məsələ 599. Möminlərin problemlərini həll etmək üçün cindarlıq etməyə icazə verilirmi?

Cavab: Bu xüsusa da öncəki məsələyə aid olan şəriət hökmü şamil olunur.

Məsələ 600. Sahiblərinin icazəsi ilə xoruz, yaxud buğa kimi heyvanları döyüşdürmək, onların yarışını təşkil etmək olarmı?

Cavab: Maddi zərərçəkməyə səbəb olmadıqca icazə verilir, lakin məkruh (bəyənilməz) hesab edilir.

Məsələ 601. Bəzi hallarda haramlıq hökmünün qüvvədən düşməsinə səbəb olan “çətin vəziyyət” anlayışı üçün bir çərçivə mövcuddurmu? Məsələn, qiymət artışı haram hökmü verilən bir işin icrasını “çətin vəziyyət” adı altında şəriət tərəindən icazəli hesab etməyə əsas verirmi? Nəzərə almaq lazımdır ki, qiymət artışı problemini çətinliklə, yaxud borc bahasına da olsa həll etmək mümkündür.

Cavab: Bu xüsusda müxtəlif vəziyyətlərlə qarşılaşmaq mümkündür və meyar normal durumlarda dözülməz hesab edilən şiddətli məşəqqət (çətinlik) anlayışının özünü doğrultmasıdır.

Məsələ 602. Fiqhi ədəbiyyatda öz əksini tapan “qızıl noxud” anlayışı qızılı ölçmək üçün istifadə olunan misqal və qram kimi müasir çəki vahidləri ilə hansı miqdarı ifadə edir?

Cavab: “Noxud” zərgər misqalının 24-də bir hissəsinə bərabərdir və çəkisi (müasir ölçü vahidləri ilə) də məlumdur.[170]


[169] “Rəddi-məzalim” qul haqqının qaytarılması deməkdir. İnsan borc, yaxud qəsb yolu ilə alaraq mənimsədiyi və sonralar haqq sahibinin ölməsi, yaxud tapılmaması səbəbilə ona qaytara bilmədiyi pul və ya əmlakı, yaxud xərclədiyi halda onun mislini (məbləğini dəqiq xatırlamadığı halda isə təqribi hesabla) təqlid etdiyi müctəhidin icazə ilə onun adından yoxsullara sədəqə verməlidir.

[170] Hal-hazırda da bəzi müsəlman ölkələrində yerli zərgərlər tərəfindən çəki vahidi kimi istifadə edilən “noxud”çəki vahidi 4,608 qrama (təqribən bir karata) bərabərdir.


SON SÖZ → ← ONUNCU FƏSİL: MUSİQİ, MÜĞƏNNİLİK VƏ RƏQS
العربية فارسی اردو English Azərbaycan Türkçe Français