ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » QƏRB ÖLKƏLƏRİNDƏ MƏSKUNLAŞANLAR ÜÇÜN FİQH TƏLİMİ

ON BİRİNCİ FƏSİL: MÜXTƏLİF MÖVZULAR → ← DOQQUZUNCU FƏSİL: QADINLARI MARAQLANDIRAN MƏSƏLƏLƏR

ONUNCU FƏSİL: MUSİQİ, MÜĞƏNNİLİK VƏ RƏQS

Qeyri-müsəlman, eləcə də bəzi müsəlman ölkələrində yaşayanlar küçələrdə, təhsil müəssisələrində, qonşularının evində, yaxud hərəkət halında olan nəqliyyat vasitələrində musiqi alətlərinin sədasına, müğənnilərin ifasına, rəqqasların ritmik ayaq səslərinə tez-tez qulaq müsafiri olurlar. Bəzən bu səslər kifayət qədər yüksək, qulaqbatırıcı olduğundan, başqa sözlə onları dinləmək məcburiyyəti qarşısında qaldıqlarından qarşıya bir sıra suallar çıxır. Görəsən, həmin musiqi alətləri və müğənnilərin ifasını dinləyə bilərəmmi? Görəsən, müsəlman rəqs edə bilərmi?

Aşağıdakı şəriət hökmləri bu və digər əlaqədar suallara aydınlıq gətirəcəkdir:

Məsələ 539. Musiqi son dövrlərdə geniş miqyasda rəvac tapan incəsənət sahələrindən biridir və onun bəzi növləri İslam şəriətində halal, bəzi növləri isə haram hesab edilir. Halal hesab edilən musiqilərin dinlənilməsinə şəriətimiz tərəfindən icazə verilmiş, haram sayılanlara qulaq asmaq isə yasaq edilmişdir.

Məsələ 540. Halal musiqi eyş-işrət məclislərinə uyğun (həmahəng) olmayan musiqidir. Haram musiqi isə eyş-işrət məclislərinə xass tərzdə ifa olunan musiqi sayılır.

Məsələ 541. “Musiqi və ya mahnının eyş-işrət məclislərinə uyğunluğu” ifadəsi onun insanı ruhlandırması (yaxud dincəltməsi), əhval-ruhiyyəsini dəyişdirməsi anlamını daşımır. Bu öz-özlüyündə müsbət bir haldır və bəzən hətta halal musiqilər də məhz bu məqsədə xidmət edir. Sözügedən ifadə dinləyicinin özünün – xüsusilə də, musiqi sənətindən anlayışı olduğu təqdirdə – eşitdiyi musiqi və ya mahnının eyş-işrət məclislərində dinlənilən, yaxud onlara bənzər ifalardan olduğunu ayırd etməsini nəzərdə tutur.

Məsələ 542. Halal musiqilərin ifa olunduğu məkanlara baş çəkmək, hətta halallıq çərçivəsindən çıxmadıqca uzun müddət həmin ifaları dinləmək də sərbəstdir.

Məsələ 543. Eyş-işrət məclislərinə münasib tərzdə musiqilərin ifa edildiyi, yaxud səsucaldıcılar vasitəsilə yayımlandığı qonaq qarşılama salonlarına (limanlarda, vağzallarda, hotellərdə və s.), ümumi parklara, restoranlara, kafelərə və s. ictimai yerlərə də məqsədli şəkildə həmin musiqiləri dinləməmək şərtilə getmək olar. Çünki, haram musiqini eşitmək deyil, dinləmək, ona məqsədli şəkildə qulaq asmaq qadağan edilmişdir.

Məsələ 544. Yaşından asılı olmayaraq hər bir müsəlmana ixtisaslaşmış musiqi məktəblərində, eləcə də digər kurslarda musiqi sənətinin halal qismini öyrənməyə icazə verilir, lakin bu şərtlə ki, həmin kurslarda iştirak etmək onların dini dəyərlərlə böyüyüb tərbiyə almasına əngəl törətməsin.

Məsələ 545. “Ğina” hesab edilən mahnıların ifası, dinlənilməsi və bu ifaçılığın gəlir vasitəsinə çevrilməsi haramdır. “Ğina” deyərkən eyş-işrət əhlinə (yüngül həyat tərzi keçirən insanlara) xass tərzdə bayağı ahənglərlə ifa olunan mahnılar, nəğmələr nəzərdə tutulur.

Məsələ 546. Qurani-Kərim, dua və zikrlərin eyş-işrət əhlinə xass ahənglərlə oxunması doğru deyil. Vacib ehtiyata əsasən, eyş-işrət məzmunu daşımayan digər bədii qiraət mətnlərini, o cümlədən mənzum (şeir) və ya mənsur (nəsr) bədii ədəbiyyat nümunələrini də belə ahənglərlə oxumaqdan çəkinmək lazımdır.

Məsələ 547. Ğina və haram musiqilərə qulaq asmağın yasaq edilməsi faktı sünnədə də öz əksini tapmışdır.

O cümlədən, Allahın elçisinin (s) bir hədisi-şərifində oxuyuruq: “Ğina oxuyan müğənnilər, zinakarlar, haram musiqiləri mizmar (nəfəsli musiqi aləti tərc.) və ya dəfdə (və ya hər hansı zərb alətində tərc.) ifa edənlər qəbirlərindən kar, kor və lal olaraq qaldırılacaqlar”.[166]

Başqa bir kəlamında isə sevimli Peyğəmbərimiz (s) belə buyurur: “Mənasız (eyş-işrət, əyləncə xarakteri daşıyan) sədalara qulaq asanların qulağına qiyamət günü qurğuşun töküləcəkdir”.[167]

Daha bir dəyərli hədisində isə buyurur: “Ğina zinanın ovsunudur, başqa sözlə ona doğru aparan yol, onun gerçəkləşməsinə rəvac verən amildir”.[168]

Məsələ 548. Qadın ərinin qarşısında onu sevindirmək, ehtiraslandırmaq məqsədilə və ya başqa bir niyyətlə rəqs edə bilər. Lakin başqa kişilərin qarşısında rəqs etməsi yolverilməzdir. Həmçinin, vacib ehtiyata əsasən, qadınların da yanında rəqs etməməlidir.

Məsələ 549. Dini münasibətlərlə əlaqədar əlamətdar günlərdə, bayramlarda, toy məclislərində, festivallarda və digər şənliklərdə həm kişilərə, həm də qadınlara əl çalmağa icazə verilir.

İndi isə gəlin, mövzu ilə bağlı bir sıra aktual suallar və Həzrət Ayətullah əl-üzmanın həmin suallara cavabları ilə tanış olaq:

Məsələ 550. Haram və halal musiqi anlayışları ilə bağlı bizə tez-tez suallar ünvanlanır. Həmin suallara aşıdakı qaydada cavab verə bilərikmi:

- ehtiras hislərini coşduran, bayağılığa sövq edən musiqi – haram musiqi;

- əsəbləri sakitləşdirən, mənəvi rahatlıq gətirən, filmlərdə səhnələrin təsiredicilik qabiliyyətini, yaxud idman hazırlığı və bədən tərbiyəsi məşqlərində əhval-ruhiyyəni gücləndirmək məqsədilə istifadə olunan, habelə müəyyən mənzərəni təsvir edən, vətənpərvərlik və döyüş əhval-ruhiyyəsini yüksəldən musiqi isə haram musiqidir?

Cavab: Haram musiqi – cinsi istəkləri hərəkətə gətirməsə belə eyş-işrət məclislərinə münasib tərzdə ifa olunan musiqidir.

Halal musiqi – sözügedən məclislərə uyğun tərzdə ifa olunmayan musiqidir və əsəbləri sakitləşdirmək (dincəltmək) xüsusiyyəti olmayan hərbi-vətənpərvərlik və matəm marşları də bu qismə aiddir.

Məsələ 551. Haram və halal musiqilərlə bağlı olduğu kimi haram və halal mahnılarla da bağlı suallarla tez-tez qarşılaşırıq. Həmin suallara da aşağıdakı qaydada cavab verə bilərikmi:

- ehtiras hislərini coşduran, bayağılığa sövq edən musiqi – haram musiqi;

- zəifləyən müsbət, sağlam hissləri oyatmağa, mənəviyyat və düşüncələri inkişaf etdirməyə xidmət edən, Həzrət Məhəmməd Peyğəmbərin (s) həyat yolu, yaxud Əhli-beyt imamlarının (ə) mədhiyyələri kimi dini motivləri özündə ehtiva edən musiqili əsərlər və ya vətənpərvərlik mövzusunda hazırlanan marşlar isə halal musiqi hesab edilir?

Cavab: “Ğina” bütünlüklə haramdır. Bizim nəzərimizə əsasən, “ğina” – eyş-işrət əhlinə xass ahəngdə ifa olunan mənasız, məzmunsuz sözlərdir. Qurani-Kərimi, duaları, Əhli-beytin (ə) mədhiyyələrini bu qəbildən olan ahənglərlə oxumaq da ğina sayılır. Digər ləhv (mənasız, məzmunsuz) hesab olunmayan sözlərin, əsərlərin, o cümlədən vətənpərvərlik mövzusunda olan nəğmə və marşların ğina ahəngi ilə oxunmasının haramlığı isə vacib ehtiyata əsaslanır. Ğinanın qeyd edilən tərifinə uyğun gəlməyən ahənglərə gəlincə isə, onlar öz-özlüyündə haram hesab edilmir.

Məsələ 552. Əhli-beytin mədhi məzmununu özündə ehtiva edən və musiqi ilə müşayiət olunan dini nəğmələrə qulaq asmaq olarmı?

Cavab: “Ğina” mütləq surətdə haramdır. Könüloxşayan ahənglə oxunan mədhiyyələr isə “ğina”nın tərifində öz əksini tapan çərçivədə olmadığından dinlənilməsinə heç bir əngəl yoxdur. Musiqiyə gəlincə, eyş-işrət məclislərinə münasib tərzdə ifa olunmadığı halda qulaq asmaq olar.

Məsələ 553. Qiraət əsnasında boğaz qaynatmalarına (zəngulələrə) yer verən qiraətçinin ifasında Qurani-Kərimin qiraətindən həzz almaq olarmı?

Cavab: Qiraətdə istifadə olunan ahəng ğina ahənglərindən olmazsa, qulaq asmağın eybi yoxdur.

Məsələ 554. Bəzi qiraətçilər, solistlər və müğənnilər eyş-işrət musiqiçilərinin oxuduğu ahəngləri təqlid edərək həmin ahənglərlə Əhli-beyti (ə) mədh edən musiqili əsərlər ifa edirlər. Beləliklə, əsərin məzmunu (sözləri) eyş-işrət əhlinə xass tərzə zidd, ahəng, musiqi isə uyğun olur. Bəs bu tərzdə ifaya və həmin ifaya qulaq asmağa icazə verilirmi?

Cavab: Ehtiyata əsasən, haram hesab edilir.

Məsələ 555. Qadınlara zifaf (toy) gecəsi istənilən ahənglə, hətta eyş-işrət məclislərinə xass tərzdə olsa belə mahnı oxumağa icazə verilirmi? Bəs mahnı ilə yanaşı musiqi alətlərində ifa etməyə necə? Bu icazə yalnız zifaf gecəsinəmi aiddir, yoxsa toy, xınayaxdı və s. mərasimlərində də qadınlara oxumağa icazə verilirmi?

Cavab: Vacib ehtiyata əsasən, nəinki digər mərasimlərdə, hətta toy gecəsi belə sözügedən ifalardan uzaq durmaq lazımdır. Musiqi ilə bağlı hökm isə öncəki məsələlərdə öz əksini tapmışdır.

Məsələ 556. Pianino, ud, təbil (baraban), mizmar (nəfəsli musiqi aləti tərc.) və sintezator kimi musiqi alətlərinin istifadə olunduğu inqilabi marşlara qulaq asmaq olarmı?

Cavab: Musiqi əsəri eyş-işrət məclislərinə munasib hesab edilən musiqilərdən olarsa, dinləmək olmaz.

Məsələ 557. “Əxlaqsız (mənəviyyatsız) insanlara xass tərz” deyərkən nə nəzərdə tutulur?

Cavab: Bizim fətvalarımızda belə bir ifadə öz əksini tapmamışdır. Biz “ğina”nın tərifində “eyş-işrət əhlinə tanış olan ahənglər” ifadəsini işlətmişik və bu ifadənin mənası da kifayət qədər aydındır.

Məsələ 558. Əvvəllər dinin göstərişlərinə qarşı laqeyd olan bir müsəlman həmin göstərişlərə riayət etməyə başladıqdan sonra təkbaşına qaldıqda, yaxud dostları ilə olduqda bi vaxtlar qulaq asdığı mahnıları dinləyə və zümzümə edə bilərmi?

Cavab: “Ğina” hesab olunduğu halda icazə verilmir.

Məsələ 559. Xarici dilləri tədris edən müəllimlər danışıq dilinin mənimsənilməsi üçün həmin dillərdə olan bir sıra məşhur mahnılara qulaq asmağı tövsiyə edirlər. Deyilən məqsədlə həmin mahnılara qulaq asmaq olarmı?

Cavab: Həmin mahnıları öncəki məsələlərdə öz əksini tapan tərif əsasında “ğina” adlandırmaq olarsa, icazə verilmir.

Məsələ 560. Musiqi alətləri növbənövdür və həmin alətlərdə həm musiqi məclislərində, həm də sadəcə mənəvi rahatlıq məqsədilə ifa etmək mümkündür. Bbeləliklə, musiqi alətlərinin istehsalına, alqı-satqısına, sadəcə istirahət məqsədilə həmin alətlərdə ifa etməyə və ya başqasının ifasına qulaq asmağa şəriətin münasibəti necədir?

Cavab: Haram ləhv (musiqi) alətlərinin istehsalı, alqı-satqısı və bu işlərdən qazanc əldə etmək yolverilməz sayılır. Haram ləhv aləti deyərkən belə bir iş üçün istehsal edilən, təyinatı üzrə (haram əyləncədə, eyş-işrtdə) istifadəsinə görə dəyər kəsb edən (alqı-satqısından qazanc əldə edilən) və yalnız haram əyləncələrdə (haram musiqilərin ifasında) istifadə olunan alətlər nəzərdə tutulur.

Məsələ 561. Uşaqları əyləndirmək, şənləndirmək üçün istifadə olunan musiqi alətlərinin, oyuncaqlarının istehsalına, alqı-satqısına icazə verilirmi? Bəs böyüklərin də həmin alətlərlə oynamasına necə?

Cavab: Həmin alətlərdən çıxan musiqi eyş-işrət məclislərinə xass tərzdə ifa olunan musiqiyə bənzəyərsə, onların alqı-satqısına və mükəlləflər tərəfindən istifadəsinə icazə verilmir.

Məsələ 562. Britaniyanın və ya bəzi digər ölkələrin dövlət və ya özəl məktəblərində şagirdlərə diqqətlərini rəqsə yönəltmək məqsədilə müəyyən musiqilərin müşayiəti ilə rəqs dərsi keçirilir.

1) Həmin dərslərdə iştirak etmək olarmı?

2) Yeniyetmə övladları belə dərslərə rəğbət göstərdiyi halda valideynlərin onlara qadağa qoyması vacibdirmi?

Cavab: 1) Onların dini dəyərlər əsasında böyüməsinə, tərbiyə almasına mənfi təsir göstərdiyi halda - əksər hallarda bu vəziyyət özünü doğruldur – həmin dərslərdə iştirak edə bilməzlər. Hətta ehtiyata əsasən, istənilən halda həmin dərslərdə iştirak etməməlidirlər.

2) Bəli vacibdir.

Məsələ 563. Rəqs sənətini öyrənmək (rəqqaslıq dərsləri almaq) olarmı?

Cavab: Ehtiyata əsasən, heç bir vəchlə icazə verilmir.

Məsələ 564. Yalnız evli cütlüklərin iştirak etdiyi, hər kəsin öz həyat yoldaşı ilə bayağı olmayan libaslarda və həzin musiqi sədaları altında rəqs etdiyi ballar, rəqs məclisləri təşkil etmək olarmı?

Cavab: İcazə verilmir.

Məsələ 565. Qadınların və kişilərin iştirakçıları yalnız öz həmcinslərindən ibarət olan məclislərdə, musiqinin müşayiəti ilə və ya musiqisiz rəqs etməsinə icazə verilirmi?

Cavab: Qadının yalnız qadınların və ya kişinin yalnız kişilərin yanında rəqs etməsinə şəriətin icazə verməsi şübhə doğuran bir məqamdır və ehtiyata əsasən, bu halda da rəqsdən imtina etmək lazımdır. Musiqi ilə bağlı hökm isə öncəki məsələlərdə öz əksini tapmışdır.

Məsələ 566. Qadın öz həyat yoldaşı üçün musiqinin müşayiəti ilə və ya musiqisiz rəqs edə bilərmi?

Cavab: Haram musiqi ilə müşayiət edilmədiyi halda rəqs edə bilər.

Məsələ 567. Bəzi qərb dövlətlərində orta təhsil müəssisələri şagirdlərini rəqs sənətinin əsaslarını öyrənməyə məcbur edir. Bu rəqs dərsləri ənənəvi musiqilərin müşayiəti ilə keçirilmir (özünəməxsus ritmik rəqs musiqisinin müşayiəti ilə keçirilir), ləhv (haram və məzmunsuz əyləncə) məqsədi daşımır və sadəcə bir ədris fənni hesab olunur. Valideynlərin övladlarına sözügedən dərslərdə iştirak etməyə izin verməsi haram hesab edilirmi?

Cavab: Həmin dərslərdə iştirak etmək onların dini dəyərlər əsasında tərbiyəsi ilə ziddiyyət təşkil edərsə, ehtiyata əsasən isə, övladlar həddi-buluğa çatdığı təqdirdə istənilən halda onlara həmin dərslərdə iştirak etməyə icazə vermək haramdır. Yalnız həmin dərslərdə iştirak etmək üçün şəriət tərəfindən məqbul hesab edilən bir səbəb olduğu halda, məsələn təqlid etdikləri müctəhid iştirak etməyə icazə verdiyi təqdirdə valideynlərin də onların həmin dərslərə getməsinə izin verməsinə heç bir əngəl qalmır.


[166] əl-Məsail əş-şəriyyə, Ayətullah əl-üzma Xoyi, c.2, səh. 22.

[167] Öncəki mənbə.

[168] Öncəki mənbə, c.2, səh.23.

ON BİRİNCİ FƏSİL: MÜXTƏLİF MÖVZULAR → ← DOQQUZUNCU FƏSİL: QADINLARI MARAQLANDIRAN MƏSƏLƏLƏR
العربية فارسی اردو English Azərbaycan Türkçe Français