ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » QƏRB ÖLKƏLƏRİNDƏ MƏSKUNLAŞANLAR ÜÇÜN FİQH TƏLİMİ

ONUNCU FƏSİL: MUSİQİ, MÜĞƏNNİLİK VƏ RƏQS → ← SƏKKİZİNCİ FƏSİL: GƏNCLƏRİ MARAQLANDIRAN MƏSƏLƏLƏR

DOQQUZUNCU FƏSİL: QADINLARI MARAQLANDIRAN MƏSƏLƏLƏR

İslam şəriətində qadınlarla bağlı fiqh ədəbiyyatında öz əksini tapan və müxtəlif mövzular zəminində müfəssəl surətdə şərh edilən bir sıra özünəməxsus hökmlər vardır. Onların da hal-hazırda Amerika və Avropa ölkələrində müşahidə edildiyi kimi İslam dəyərləri, adət-ənənələri ilə uzlaşmayan cəmiyyətlərdə yaşamasının nəticəsi olaraq qarşıya cavabını gözləyən yeni-yeni suallar, şəriətin münasibət bildirməsi gərəkən məqamlar çıxmaqdadır. Məhz həmin ehtiyacı nəzərə alaraq bu fəsildə əziz qadın oxucularımızın problemlərinin bir qismini həll etmək üçün onları maraqlandıran bir sıra şəriət hökmlərinə yer veririk:

Hökmlər:

Məsələ 496. Qadın naməhrəm kişilərin yanında harama düşmək qorxusu olmadığı halda, həmçinin onları haram (ehtiraslandıran, günaha sürükləyən) baxışlara sövq etmədiyi, yaxud bu və ya digər şəkildə əxlaqi fəsadlara səbəb olmadığı halda üzünü və əllərini örtməyə bilər. Əks təqdirdə isə hətta məhrəmlərinin belə yanında sözügedən üzvlərini də örtməlidir.

Məsələ 497. Qadın naməhrəm kişilərin yanında ayaqlarının üstünü açıq qoya bilməz. Lakin namazda ayaqlarının həm üst, həm də alt tərəflərini örtməyə bilər.

Məsələ 498. Kişiləri ehtiraslandırmaq niyyəti olmadan və harama düşməyəcəyinə əmin olması şərtilə qadın gözünə sürmə çəkə, barmaqlarına üzük taxa bilər. Əks təqdirdə isə hətta sözügedən bəzəklərini və zinət əşyalarını hətta öz məhrəmlərindən belə gizlətməlidirlər.

Məsələ 499. Naməhrəm kişilərin məftun olaraq günaha sürüklənməsinə səbəb olmadığı və məhz onları təhrik etmək niyyəti daşımadığı halda qadının bu və ya digər səbəblə evdən ətirlənib çıxmasına şəriət tərəfindən izin verilir.

Məsələ 500. Qadın harama (günaha, şərə) düşməyəcəyinə əmin olduğu halda naməhrəm kişinin idarə etdiyi avtomobilə (o cümlədən taksiyə) əyləşə bilər.

Məsələ 501. Qadın orqazm olmaqvə boşalmaq (eyakulyasiya) niyyəti ilə cinsiyyət orqanı ilə oynaya bilməz. Masturbasiya nəticəsində orqazma çataraq boşaldığı (mayenin çölə axdığı) halda isə qüsl almalıdır və bu qüsl dəstəmaz üçün də kifayət edir.

Məsələ 502. Sonsuzluq (repreduktiv fəaliyyətin zəifliyi) problemi ilə üzləşən qadın müalicə məqsədilə zərurət yarandığı halda həkim-ginekoloqun qarşısında cinsiyyət orqanını aça bilər. Eləcə də sonsuzluğun ona bu hökmü (cinsiyyət orqanını həyat yoldaşından başqasına göstərməyin haramlığını) qüvvədən düşürəcək ciddi problemlərlə qarşı-qarşıya qoyduğu hallarda (məsələn ailə həyatının alt-üst olması təhlükəsi tərc.) buna izin verilir.

Məsələ 503. Südəmər körpəlrin ana südü ilə qidalandırılması dinimizdə təqdirəlayiq bir hal hesab edilir. Hədislərdən birində oxuyuruq: “Körpə üçün ana südündən daha faydalı bir qida yoxdur”.

Daha yaxşı olar ki, körpə 21 ay müddətində yalnız ana südü ilə qidalansın. 21 ayı tamam olmazdan öncə süddən kəsilməsi məsləhət görülmür. Həmçinin, südəmərlik dövrünün iki ildən (24 aydan) artıq uzadılması da məsləhət görülmür və daha yaxşı olar ki, valideynlər 2 yaşdan gec olmayaraq onu süddən ayırmaq xüsusunda razılığa gəlsinlər.[160]

Məsələ 504. İntim həyatla bağlı olmayan ev işlərini görmək, o cümlədən yemək hazırlamaq, libasları yumaq və s. qadın üçün müstəhəb (təqdirəlayiq) hesab edilir və vacib sayılmır (əri bunu ondan tələb edə bilməz).

Məsələ 505. Şəhvani həzz və harama düşmək qorxusu olmadan naməhrəm qadının söhbətinə qulaq asa bilər və eləcə də qadının bu şərtlər çərçivəsində səsini naməhrəmlərin eşidəcəyi qədər ucadan danışa bilər. Qadının həmsöhbəti olan əks cinsin nümayəndələrində ehtiras hisslərini oyada biləcək şəkildə işvə və incə səslə danışmasına isə hətta öz məhrəmlərinin yanında belə icazə verilmir.[161]

Məsələ 506. Qadın səhhəti ilə bağlı bu və ya digər bir problemlə qarşılaşarsa və həmin xəstəliyi müalicə edə biləcək ən peşəkar həkim kişi mütəxəssis olarsa, həkim müalicə prosedurunun tələb etdiyi çərçivədə onun bədəninə baxa və toxuna bilər. Lakin bunlardan biri (baxmaq və ya toxunmaq) kifayət edərsə, digərinə şəriət tərəfindən icazə verilmir.[162]

Məsələ 507. Bəzi İslamşünas alimlərə görə İslam dini məhz həm qadın, həm kişi, həm də bütövlükdə ailənin mənafeyini təmin etmək üçün bütün növ cinsi həzzalmaları ailə həyatı çərçivəsində qurulan cinsi partnyorluq münasibətləri ilə məhdudlaşdırmaq məqsədilə qadının naməhrəm kişilərin yanında hicablı olmasını vacib etmişdir.[163]

Məsələ 508. Dünya şöhrətli kino rejissoru və prodüseri Alfred Hiçkok deyirdi: “Şərq (burada: müsəlman) qadını zatən olduqca cazibədardır və bu cazibədarlıq onu daha da güclü qılır. Lakin onun qərbli həmcinslərinə bənzəmək üçün göstərdiyi əzimli səylər nəticəsində hicabdan get-gedə uzaqlaşmış və nəticədə hicabını itirdikcə də cinsi cazibədarlığı, möhtəşəmliyi də azalmışdır”.[164]

Məsələ 509. Məşhur araşdırmaçı Vil Durant qadının cinsi davranışları ilə bağlı görüşlərini qələmə alarkən yazır: “Qadın əvvəldən bilirdi ki, onun özünü ucuz tutması alçaldılmasına və xor görülməsinə (əks cinsin nümayəndələri tərəfindən), yəni dəyərsizləşməsinə gətirib çıxaracaqdır. O, bunu öz qızlarına da öyrədirdi. Beləliklə, o öz daxili meyli ilə iffət, həya və örtünmək vasitəsilə kişilərin nəzərində dəyərini qaldırdı və mövqeyini gücləndirdi”.[165]

Sual-cavablar:

Məsələ 510. Qadının şəhvət hissi ilə, cinsi həzz almaq məqsədilə başqa bir qadını qucaqlaması, öpməsi və onunla oynaşması (mazaqlaşması) ilə bağlı şəriətin hökmü nədir? Bəs bir qədər də irəli gedərək daha anormal davranışlara yol verilməsinə necə?

Cavab: Deyilən hərəkətlərin hamısı haramlıq dərəcəsinə (intim əxlaqa zidd olma səviyyəsindən asılı olaraq günahının böyüklüyünə) görə fərqlənsələr də, şəriət tərəfindən yasaq edilmişdir.

Məsələ 511. Çox zaman qadınlar onları maraqlandıran şəriət hökmləri ilə bağlı dinşünas alimlərə bəzi suallar ünvanlamalı olurlar. Bəzi şəriət məsələlərinin intim həyat kimi haqqında danışılması tabu (qeyri-etik) hesab edilən mövzuları əhatə etdiyi nəzərə alınmaqla onların suallarını həmin alimlərə bilavasitə və açıq şəkildə ünvanlamasına icazə verilirmi? Bəs müraciət edilən şəxslər həmin suallara eynilə açıq şəkildə cavab verə bilərlərmi?

Cavab: Bəli, hər iki tərəfə şəriət hökmlərini öyrənmək və öyrətmək məqsədilə açıq şəkildə danışmağa izin verilir. Lakin onların hər ikisi də öz növbəsində düzgün niyyətdə olmalı, əxlaq qaydalarına riayət etməli və açıq şəkildə müzakirə olunması qəbahətli hesab edilən xüsusları gərəksiz yerə qabartmaqdan çəkinməlidirlər.

Məsələ 512. Qadın cinsiyyət orqanı ilə oynadıqda (masturbasiya və ya mazaqlaşma nəticəsində) vaginadan yapışqan halında olan maye ifraz olunur. Bu işə davam etdikdə isə qadın “orqazm” adlanan cinsi həzzin zirvəsinə çata və boşala bilər. Beləliklə, qüsl (cənabət qüslü) mayenin ifraz olduğu ilk ehtiraslanmadan sonra vacib olur, yoxsa yalnız orqazma çataraq boşaldıqdan (eyakulyasiyadan) sonra? Bəs bu qüsl dəstəmaz üçün də kifayət edirmi?

Cavab: Qadın orqazma çatmayınca qüsl alması vacib hesab olunmur. Orqazma çataraq boşaldıqdan sonra isə cənabətdən paklanmalı olduğu hallarda qüsl alması vacib olur və bu qüsl dəstəmaz üçün də kifayət edir.

Məsələ 513. Həcc mərasiminin icrası əsnasında bəzi qadınlar aybaşı (menstruasiya) adətini gecikdirmək məqsədilə müəyyən həblər qəbul edirlər. Lakin adət günləri çatdıqda onlardan yenə də arada bir qan ifraz olunur. Həmin qana heyz hökmləri şamil olunurmu?

Cavab: Əgər qanaxma arada bir az miqdarda baş verərsə və daxildə (ifraz olunmadan) da olsa üç gündən az davam edərsə, heyz hökmləri şamil olunmur.

Məsələ 514. Hicablı müsəlman qadınların bir qismi adətən, boğazlarını örtdükləri halda çənələrini və çənəaltı nahiyəsini açıq qoyurlar. Şəriətdə buna icazə verilirmi? Ümumiyyətlə, üzün örtülməsi vacib olmayan hissələri hansılardır? Qulaqlar da buna daxildirmi?

Cavab: Qulaqlar üz nahiyəsi hesab olunmur və onları ortmək vacibdir. Normal baş örtüklərindən çöldə qalan çənə və onun alt nahiyəsi isə üzdən hesab olunur.

Məsələ 515. Evlənmək ümidini itirən yaşlı naməhrəm qadınlarla əllə görüşmək olarmı? Şəriətdə bu xüsusda nəzərdə tutulan təqribi yaşı da açıqlamağınızı xahiş edirik.

Cavab: Zərurət halları istisna olmaqla, naməhrəm qadının bədəninə heç bir vəchlə toxunmaq olmaz. Şəriətdə sözügedən məsələ ilə bağlı olaraq təqribi bir yaş həddi müəyyən edilməmişdir və bu dövr müxtəlif qadınlarda fərqli yaşlardan başlaya bilər. Sözügedən yaşlılıq meyarı isə ayədə də öz əksini tapdığı kimi qadının yaşının çox olması (ömrünün qocalıq, ahıllıq çağında olması) nəticəsində evlənməkdən ümidini üzməsidir.

Məsələ 516. Bu və ya digər bir ölkədə üzü niqabla örtmək insanlarda təəccüb doğurarsa və addımbaşı səbəbi soruşularsa, “şöhrət libası” (burada: diqqəti cəlb edən, məsələn insanın barmaqla göstərilməsinə səbəb olan geyim) hesab olunaraq niqab bağlamaqdan imtina etmək vacibdirmi?

Cavab: Göstərilən halda vacib deyil. Lakin yaşadığı ölkənin əhalisinin əksəriyyəti tərəfindən normal qəbul edilməyərək, bayağı, xoşagəlməz hesab edildiyi halda niqab həmin ölkədə “şöhrət libası” sayılır və onunla üzü bağlamaq olmaz.

Məsələ 517. Hicablı qadınlar naməhrəm təlimçilərin rəhbərlik etdiyi sürücülük kurslarında günaha yol vermək üçün zəmin olmadığı halda fərdi qaydada sürücülük təlimi ala bilərlərmi?

Cavab: Fəsaddan (günahdan) uzaq olduqları halda icazə verilir.

Məsələ 518. Qadın gözəllik salonları qadın işçi axtarırlar. İnanclı müsəlman qadını həmin salonlarda işləyərək naməhrəmlərin qarşısında gözəl görünmək istəyən qeyri-müsəlman və hicabsız müsəlman qadınlarına xidmət göstərə bilərmi?

Cavab: Bu iş onların şəriətin yasaqlarının (günahın) rəvac tapmasına, yayılmasına şərik olması sayılarsa, həmin salonlarda işləməməlidirlər. Lakin bu ehtimalın özünü doğrultması həqiqətdən kifayət qədər uzaq görünür.

Məsələ 519. Üzünü örtməyən (niqab və s. ilə) qadın üzündəki tükləri və qaşlarını ala, sadə təbii pudralarla makyaj edə bilərmi?

Cavab: Üzdəki tüklərin və qaşların alınması günaha düşmək təhlükəsinin mövcud olmaması və haram baxışlara sövq etmək niyyəti daşımaması şərti ilə üzün açıq qalmasına əngəl hesab olunmur. Makyaj edildiyi halda isə üz örtülməlidir.

Məsələ 520. Elçi tapmaq niyyəti ilə qadın məclislərində qızlar saçını tamamilə və ya bir hissəsini boyayaraq iştirak edə bilərmi?

Cavab: Bu və ya digər bir eybi gizlətmək, yaxud yaşını olduğundan az göstərmək kimi fırıldaqçılıq hallarına yol vermədən sadəcə bəzənmək, gözəl görünmək niyyəti daşıyarsa, eybi yoxdur.

Məsələ 521. Qadınlar süni saçlardan (pariklərdən) istifadə edərkən təbii saçlarını gizlətmiş olurlar. Bəs onlar həm örtünmək, həm də gözəl görünmək məqsədilə özlərini fərqli imicdə göstərə bilərlərmi?

Cavab: Süni saçlardan istifadə etmək olar, lakin süni saç naməhrəm kişilərin yanında örtlülməsi vacib olan zinətlərdəndir.

Məsələ 522. Gənc qadınlar ayaqlarının baldır hissəsini gözəl göstərən dəri rəngli neylon corablar geyinə bilərmi?

Cavab: Geyinə bilərlər, lakin həmin corablar geyimdə zinət hesab olunduğu halda naməhrəmlərin yanında onları gizlətməlidirlər.

Məsələ 523. Ayaqların formasını göstərən corabları geyinmək olarmı?

Cavab: Geyinmək olar.

Məsələ 524. Bu və ya digər tibb müəssisəsində çalışan müsəlman tibb bacısı peşə fəaliyyəti çərçivəsində müsəlman və ya qeyri-müsəlman işilərin bədəninə toxunmalı olur. İş tapmaq şansı az olduğundan bu işdən ayrılması onu ciddi çətinliklərl üzləşdirəcəyi halda işinə davam edə bilərmi? Digər tərəfdən, bu xüsusda müsəlman kişi ilə müsəlman olmayanın bədəninə toxunmaq arasında bir fərq qoyulurmu?

Cavab: Müsəlman qadına müsəlman olub-olmamasından asılı olmayaraq naməhrəm kişinin bədəninə toxunmağa icazə verilmir. Yalnız haram hökmünü qüvvədən düşürən zərurət halları istisna təşkil edir.

Məsələ 525. Müsəlman qadın yerə toxunduqda diqqəti cəlb edən səslər çıxaran hündürdaban ayaqqabı geyinə bilərmi?

Cavab: Naməhrəm kişilərin diqqətini özünə cəlb etmək niyyəti daşıdığı, yaxud bir növ əxlaqi fəsada səbəb olduğu halda geyinə bilməz.

Məsələ 526. Qadının gözəl görünmək məqsədilə üzük, qolbaq və boyunbağı kimi zinət əşyalarından istifadə etməsi halaldır, yoxsa haram?

Cavab: Hala hesab olunur, lakin boyunbağını mütləq naməhrəmlərin yanında gizlətmək lazımdır. Üzük və qolbaqlar isə harama düşmək təhlükəsi olmadığı və haram baxışları cəlb etmək məqsədi daşımadığı hallarda istisna təşkil edir.

Məsələ 527. Qərb ölkələrində müxtəlif rəngli kontakt linzalarının istifadəsi illərdir ki, dəbdədir. Müsəlman qadın estetik məqsədlərlə həmin linzalardan istifadə edərək naməhrəm kişilərin qarşısına çıxa bilərmi?

Cavab: Zinət hesab olunduğu hallarda icazə verilmir.

Məsələ 528. Qadın yumurta hüceyrəsi donorluğuna, yumurta hüceyrələrinin alqı-satqısına şəriətin münasibəti necədir?

Cavab: İcazə verilir.

Məsələ 529. Bəzi qadınlar müəyyən xəstəliklərlə əlaqədar olaraq saç tökülməsi problemi ilə qarşılaşırlar. Saç tökülməsinin onlar üçün ciddi problemlər doğurduğu hallarda müalicə məqsədilə, yaxud sadəcə estetik məqsədlərlə saçlarını kişi həkim-kosmetoloqa göstərə bilərlərmi?

Cavab: Yalnız dözülməz dərəcədə ciddi bir problem yarandıqda icazə verilir.

Məsələ 530. Müsəlman qızlar qərb ölkələrində fəaliyyət göstərən və tələbə qız və oğlanların qaynayıb-qarışdığı, səmimi ünsiyyətdə olduğu ali təhsil müəssisələrində təhsil ala bilərmi?

Cavab: İmanını qoruya biləcəyinə, dini vəzifələrini yerinə yetirə biləcəyinə, o cümlədən hicab geyinə biləcəyinə və haram baxış və toxunuşlardan qoruna biləcəyinə, habelə həmin “səmimi münasibətlər” və haqq yoldan sapma mühitinin təsiri altına düşməyəcəyinə arxayın olarsa, orada təhsil almasına məhdudiyyət qoyulmur. Əks təqdirdə isə, icazə verilmir.

Məsələ 531. Bəzi qərb ölkələrində bir sıra rəssamlar küçələrdə, meydanlarda müəyyən məbləğdə ödəniş müqabilində şəklini çəkdirmək istəyən şəxsləri üzlərini təsvir etmək üçün qarşılarında oturdaraq diqqətlə izləyirlər. Müsəlman qadın həmin rəssamlardan şəklinin çəkilməsini xahiş edə bilərmi?

Cavab: Müsəlman qadına yaraşmaz.

Məsələ 532. Qadınların güləşin müxtəlif növləri ilə məşğul olmasına şəriət tərəfindən icazə verilirmi? Bəs onların şəhvət hissi olmadan kişi güləşçilərin yarıçılpaq bədənlərinə canlı surətdə (idman meydançalarında), yaxud ekran arxasında baxmasına necə?

Cavab: İnsanın özünə və ya başqasına haram hesab olunan dərəcədə zərər (burada: fiziki xəsarət) yetirməsi şəriət tərəfindən yolverilməz hesab olunur. Vacib ehtiyata əsasən, qadınlar kişilərin baş, əl, ayaq və adətən örtülməyən (qollar kimi) digər bədən üzvləri istisna olmaqla, onların bədənlərinin digər hissələrinə şəhvət hissi olmadan belə, hətta ekran arxasından da tamaşa etməməlidirlər.

Məsələ 533. Qadınlar əzadarlıq, sinəzənlik məclislərində köynəklərini çıxaran kişilərin bədəninə baxa bilərlərmi?

Cavab: Vacib ehtiyata əsasən, baxmamalıdırlar.

Məsələ 534. Övladlığa götürülən, yaxud Allah rızası üçün böyüdülən qız uşağı həddi-buluğa çatdıqda onu böyüdən şəxsin (kişinin) yanında hicab bağlamalıdırmı? Həmçinin, həmin şəxsin öz övladı kimi böyütdüyü qızın saçına baxmaqdan, ona toxunmaqdan çəkinməsi vacibdirmi?

Cavab: Bəli, hər iki halda vacibdir və onlar arasında münasibətlərə digər bütün naməhrəmlər üçün qüvvədə olan hökmlər şamil olunur.

Məsələ 535. Nikahdankənar cinsi əlaqənin nəticəsi olan hamiləlik qadın üçün ciddi problemlər yaradarsa və ailəsinin heysiyyətinə xələl gətirərsə, kurtaj (abort) etdirə bilərmi?

Cavab: Normal hallarda dözülməz hesab edilən ciddi problemlərlə üzləşdiyi və kurtajdan başqa çıxış yolu olmadığı halda ana bətnindəki rüşeymə ruhun daxil olmasından öncə bu əməliyyatı həyata keçirə bilər.

Məsələ 536. Qadının şalvar geyinərək bu halda küçəyə çıxmasına, alış-veriş mərkəzlərinə getməsinə şəriətin münasibəti necədir?

Cavab: Şalvar onun bədən quruluşunu, cəzbediciliyini gözlər önünə sərərsə, yaxud bir qayda olaraq bu cür geyimlər əxlaqdankənar hisslərin, günaha meylin yaranmasına səbəb olarsa, geyinə bilməz.

Məsələ 537. Qadın məclislərində diqqət cəlb etmək və daha gözəl görünmək məqsədilə süni saç (parik) taxmağa icazə verilirmi və bu nöqsanları gizlətmək hesab olunurmu?

Cavab: Elçilərdən eyiblərini gizlətmək kimi fırıldaqçılıq hallarına yol vermədən sadəcə gözəl görünmək məqsədi daşıyarsa, heç bir məhdudiyyət qoyulmur.

Məsələ 538. Heyzli (aybaşı, menstruasiya günlərini keçirən) qadın Qurani-Kərimdən yeddi ayədən artıq oxuya bilərmi (səcdə ayələri istisna olmaqla)? Bəs icazə verildiyi halda məkruh (bəyənilməz) hesab olunurmu? Məkruh hesab olunduğu halda bu kərahət (bəyənilməzlik) qadının qiraətinə görə daha az savab qazanması anlamını daşıyır?

Cavab: Həmin günlərdə qadın vacib səcdə ayələri istisna olmaqla Qurani-Kərimin bütün ayələrini oxuya bilər. Yeddi ayədən artıq oxumağın məkruhluğuna gəlincə, bu sualda da deyildiyi kimi başqa günlərlə müqayisədə daha az savab qazanılması deməkdir.


[160] Minhac əs-salihin, əl-Muamilat, 2-ci cild, səh.120.

[161] Öncəki mənbə, səh.15.

[162] Öncəki mənbə, səh.13.

[163] Bax: Şeyx Mürtəza Mütəhhəri,“Məsəle-ye hecab”.

[164] Bax: öncəki mənbə.

[165] Bax: öncəki mənbə.

ONUNCU FƏSİL: MUSİQİ, MÜĞƏNNİLİK VƏ RƏQS → ← SƏKKİZİNCİ FƏSİL: GƏNCLƏRİ MARAQLANDIRAN MƏSƏLƏLƏR
العربية فارسی اردو English Azərbaycan Türkçe Français