ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » QƏRB ÖLKƏLƏRİNDƏ MƏSKUNLAŞANLAR ÜÇÜN FİQH TƏLİMİ

SƏKKİZİNCİ FƏSİL: GƏNCLƏRİ MARAQLANDIRAN MƏSƏLƏLƏR → ← ALTINCI FƏSİL: SƏHİYYƏ VƏ TİBB

YEDDİNCİ FƏSİL: AİLƏ HƏYATI VƏ NİKAH

İslam şəriətində kişi-qadın münasibətləri bu münasibətlərin həyati önəm kəsb edən müxtəlif aspektlərini işıqlandıran, onları fərdi və ictimai həyata birbaşa təsirləri olan bir ehtiyac və zərurət kimi qəbul edərək təfərrüatlarını və xüsusiyyətlərini əhatə edən özünəməxsus şəriət hökmləri ilə tənzimlənir. Sözügedən şəriət hökmləri olduqca müfəssəl mövzuları əhatə edir. Lakin biz burada yalnız qeyri-müsəlman ölkələrində yaşayan müsəlmanları maraqlandıran və onların bilməli olduqları praktik əhəmiyyətli şəriət hökmlərini qeyd etməyi məqsədəuyğun görürük:

Məsələ 384. Ailə həyatı qurmaq İslam şəriətində ən təqdirəlayiq addımlardan biridir. Allahın elçisi (s) buyururdu: “Evlənən şəxs dininin (imanının) yarısını qoruyur”.[147]
Başqa bir kəlamında isə belə buyururdu: “Kim mənim həyat yolumu mənimsəmək istəyirsə, bilsin ki, evlənmək mənim sünnəmdəndir”.[148]
Sevimli Peyğəmbərimizin (ə) başqa bir hədisində oxuyuruq: “Müsəlman kişilər üçün İslamdan (müsəlman olmaqdan) sonra üzünə baxarkən sevindiyi, istək və göstərişlərini nəzərə alan və yoxluğunda onun namusunu qoruyan həyat yoldaşından daha üstün bir uğur tanımıram”.[149]

Məsələ 385. Müsəlman kişi evlənmək niyyətində olduğu qadının şəxsi keyfiyyətlərinə diqqət yetirməli və yalnız ona dünya və axirət həyatında yoldaş ola biləcək əxlaqlı, əsil-nəcabətli və əməlisaleh bir qadınla ailə həyatı qurmalıdır. Həyat yoldaşı seçimində yalnız zahiri gözəlliyi və maddi durumu nəzərə almaq müsəlman kişiyə yaraşmaz. Sevimli Peyğəmbərimiz (s) nəsihətlərindən birində buyurmuşdu: “Ey insanlar! Bataqlıqda bitən güldən uzaq durun!” Səhabələri nəyi nəzərdə tutduğunu soruşduqda isə belə cavab vermişdi: “Xoşagəlməz mühitdə böyüyən gözəl qadını nəzərdə tuturam”.[150]

Məsələ 386. Müsəlman qadın və onun vəlisi (himayəsində yaşadığı şəxs) də həmin qadınla ailə həyatı qurmaq istəyən kişinin şəxsi keyfiyyətlərini nəzərə almalı və yalnız imanlı, əxlaqlı, şərab içməyən, xoşagəlməz işlərdən və böyük günahlardan uzaq olan bir kişi ilə evliliyə razılıq verməlidirlər.

Məsələ 387. İmanlı və əxlaqlı (maddi durumu etibarı ilə zəngin olmasa belə, mənəviyyatı zəngin olan) elçiyə rədd cavabı verməmək təqdirəlayiq bir hərəkətdir. Allahın elçisi (s) buyurardı: “Qapınıza xarakteri və mənəviyyatı sizi qane edən bir şəxs elçi gələrsə, ona rədd cavabı verməyin. Əks təqdirdə bunun nəticəsi olaraq cəmiyyətdə fitnə və ciddi fəsadlar yarana bilər”.[151]

Məsələ 388. Bir cütlüyün ailə həyatı qurmasına yardım və vasitəçilik etmək, tərəfləri razı salmağa çalışmaq bəyənilən əməllərdəndir.

Məsələ 389. Kişinin nişandan öncə evlənmək niyyətində olduğu qadının gözəlliyinə baxmağa və onunla ünsiyyət qurmağa haqqı çatır. Bu məqsədlə ona ehtiraslanma niyyəti olmadan həmin qadının üzünü, saçını, boynunu, əllərini, qollarını və ayaqların (budlarını) və bədəninin digər gözəl hissələrini görməyə icazə verilir.

Məsələ 390. İslam şəriətində iki növ izdivac mövcuddur: daimi və müvəqqəti.

Daimi evlilik müddətsiz nikah müqaviləsidir və bu evlilikdə qadın daimi həyat yoldaşı adlanır.[152]

Müvəqqəti evlilik isə müddətli (məsələn, tərəflər arasında bir il, yaxud bir qədər az və ya artıq müddətə razılaşdırılan) evlilikdir və bu evlilik münasibətində qadın müvəqqəti arvad adlandırılır.[153]

Məsələ 391. Daimi evlilik anlaşmasında şəriət şifahi surətdə qadının evlənməyə hazırlaşdığı şəxsə “... mehriyyə (nöqtələrin yerinə mehriyyənin[154]
dəyəri qeyd edilməlidir) ilə səninlə evliliyə (nikaha) razı oldum”, kişinin isə fasilə vermədən “bu evliliyə razı oldum” deməsini tələb edir.

Müvəqqəti evlilik anlaşmasında isə qadın “... mehriyyə ilə səninlə ... müddətə (mehriyyənin dəyəri kimi müvəqqəti evlilikdə müddət də şifahi anlaşmada dəqiq şəkildə ifadə olunmalıdır) evliliyə razı oldum”, kişi də dərhal “bu evliliyə razı oldum”  deməlidir.

Məsələ 392. Evlənən cütlük şifahi evlilik anlaşmasını bilavasitə və ya vəkalət yolu ilə həyata keçirə bilərlər. Bu anlaşmaya kiminsə şahidlik etməsi vacib deyil. Həmçinin, ruhani və ya ilahiyyatçı alimin də iştirakı anlaşmanın doğruluğu üçün şərt hesab edilmir.

Məsələ 393. Şifahi anlaşmanı ərəb dilində ifadə edə bilməyənlər hətta ərəb dilini bilən vəkil tutmaq imkanı olduğu halda belə anlaşmanın mətnini tərəflərin hər ikisinin başa düşdüyü bir dildə ifadə edə bilərlər.

Məsələ 394. Müsəlman kişilərə yəhudi və ya xristian qadınla müvəqqəti evliliyə icazə verilir. Lakin vacib ehtiyata əsasən, müsəlman kişilər qeyri-müsəlman qadınlarla daimi nikaha daxil olmamalıdırlar. Kitab əhli olmayan (heç bir səmavi kitaba inanmayan) kafir qadınla evliliyə isə heç bir vəchlə (nə daimi, nə də müvəqqəti) evliliyə icazə verilmir. Həmçinin, vacib ehtiyata əsasən, məcusi qadınla da hətta müvəqqəti evlilikdən də imtina etmək lazımdır.

Müsəlman qadınların isə qeyri-müsəlman kişilərlə evlənməsi qətiyyən yolverilməzdir.

Məsələ 395. Şəriətimizə görə müsəlman olub-olmamasından asılı olmayaraq müstəqil həyata addım atmayan, şəxsi həyatı ilə bağlı qərarları müstəqil surətdə qəbul və icra edə bilməyən bakirə qızların nikaha daxil olması üçün atalarının, yaxud ata tərəfdən babalarının razılığı şərtdir. Vacib ehtiyata əsasən, hətta onların himayəsində yaşamayan, müstəqil qərarlar qəbul edə bilən qadınlar da onlardan (ata və babasından) birinin razılığını əldə etməlidir. Qardaş, ana, bacı kimi digər qan qohumlarının razılığı isə şərt hesab edilmir.

Məsələ 396. Həddi-buluğa çatan, yetişkin, lakin bakirəliyini itirməyən qızın evlənməsi üçün onu şəriət və ictimai baxış etibarilə özünə tay (uyğun hayat yoldaşı) ola biləcək bir şəxslə evlənməsinə mane olduqları, yaxud onun evliliyinə ümumiyyətlə qarışmaq niyyətində olmadıqları və ya itkin düşmə kimi hallarla əlaqədar olaraq icazələrini, razılıqlarını əldə etməyin mümkün olmadığı halda ata və ya ata tərəfdən olan babanın razılığı şərt hesab edilmir.

Məsələ 397. Bakirə olmayan, daha öncə şəriətin məqbul hesab etdiyi bir evlilik həyatı yaşayan və həmin evlilik əsnasında cinsi əlaqə nəticəsində bakirəliyini itirən qadınla evlənmək üçün isə onun atasının və ya ata tərəfdən olan babasının razılığını almağa gərək yoxdur. Bakirəliyini zina, yaxud başqa bir yolla itirən qadınlar üçün isə bakirələrin evliliyi ilə bağlı hökm (ata və ya ata tərəfdən olan babanın razılığı şərti) qüvvədədir.

Məsələ 398. Əhalisinin əksəriyyətini ateistlərin və kitab əhli olan digər dinlərin ardıcıllarının təşkil etdiyi ölkələrdə müsəlmanlara vacibdir ki, evlənmək istədikləri qızlardan, qadınlardan onların etiqadı haqqında məlumat alsınlar və onlarla evlənməyin doğru olub-olmadığını aydınlaşdırmaq üçün Tanrının varlığına inanıb-inanmadıqlarını öyrənsinlər. Bu xüsusda onların etiqadları il bağlı verdikləri şəxsi məlumatlar əsas götürülür.

Məsələ 399. Müsəlman qadınla evli olan müsəlman kişiyə həyat yoldaşının razılığı olmadan kitab əhli sayılan yəhudi və xristian bir qadınla ikinci ailə həyatını qurmasına icazə verilmir. Vacib ehtiyata əsasən, müsəlman kişi kitab əhli olan qadınlarla hətta müsəlman həyat yoldaşının razılığı olsa belə, müvəqqəti evlilikdən də çəkinməlidir. Bu hökm həyat yoldaşının onunla birgə (yanında) yaşayıb-yaşamamasından asılı olaraq dəyişmir.

Məsələ 400. Müsəlman kişilərə hətta müsəlmanlarla müharibə vəziyyətində olan dövlətlərin vətəndaşı olan kitab əhli olan yəhudi və xristian qadınlarla belə nikahdankənar cinsi əlaqədə olmağa icazə verilmir.

Məsələ 401. Vacib ehtiyata əsasən, zinakarlıqla məşhur olan qadınla tövbə etməyincə evlənməkdən çəkinmək lazımdır. Həmçinin, vacib ehtiyata əsasən, zina edən kişi zina etdiyi qadınla da yalnız onun tövbə etməsindən sonra evlənə bilər.

Məsələ 402. Müsəlman olmayan cütlüyün izdivacı onların öz din və ənənələrinə əsasən doğru sayılarsa, sözügedən nikah bizim şəriətimiz tərəfindən də məqbul hesab edilir. Bu məsələdə onların hər ikisinin xristian və yəhudi kimi kitab əhli, yaxud kitab əhli olmayan fərqli etiqadın mənsubları olmasının və ya cütlüyün bir üzvünün kitab əhli olmasının, digərinin isə kitab əhli olmamasının heç bir fərqi yoxdur. Hətta onların hər ikisi eyni anda İslamı qəbul etsələr, nikahları qüvvədə qalır və nikah anlaşmasını dinimizə, şəriətimizə müvafiq qaydada yeniləməyə də ehtiyac yoxdur.

Məsələ 403. Avropa, Amerika və eləcə də bir sıra digər ölkələrdə müşahidə etdiyimiz ənənəyə uyğun olaraq ata 18 yaşına çatdıqda qəyyumluq haqqını qızının üzərindən götürərək ona həyatı ilə bağlı müstəqil surətdə qərarlar qəbul etməyə, eləcə də bu qərarları icra etməyə icazə verərsə, qəyyumluq qüvvədən düşmüş sayılır və həmin qız onun izni və razılığı olmadan da nikaha daxil ola bilər.

Məsələ 404. Ər və arvad bir-birinin bütün daxili və xarici bədən üzvlərinə, hətta cinsiyyət orqanlarına belə istər şəhvət hissi ilə, istərsə ehtirassız baxa və toxuna bilər.

Məsələ 405. Daimi evlilikdə arvadın yaşayış ehtiyaclarının (nəfəqəsinin) təmin edilməsi kişinin vəzifəsidir. Belə ki, şəriət tərəfindən ərinə itaət etməsi (burada: onunla razılaşması) vacib edilən məqamlarda ona qarşı çıxmazsa, ər də öz növbəsində maddi durumunun (rifah səviyyəsinin) həyat yoldaşını qida, geyim, habelə kondisioner, xalça və mebellə təchiz edilmiş ev kimi zəruri yaşayış ehtiyacları ilə təmin etməyə imkan verdiyi çərçivədə onu sadalananlarla təmin etməyə borcludur. Qeyd emək lazımdır ki, şəriətdə nəzərdə tutulan nəfəqə təminatının məzmunu zaman, ictimai mühit və mövcu iqtisadi-sosial münasibətlər kimi amillərdən asılı olaraq dəyişə bilər.

Məsələ 406. Ər onunla birgə səfərə çıxan həyat yoldaşının da səfər xərclərini ödəməlidir. Həmçinin, arvadın təkbaşına gerçəkləşdirdiyi zəruri və yaşayış ehtiyaclarının tərkib hissəsi olan səfərlərin, məsələn müalicə məqsədilə gerçəkləşdirdiyi zəruri səfərin, habelə müalicə prosedurunun da bütün xərclərini ödəmək kişiyə vacibdir.

Məsələ 407. Gənc həyat yoldaşı ilə dörd aydan artıq müddət ərzində cinsi əlaqədən imtina etmək üzürlü səbəblər, o cümlədən cinsi əlaqənin onlardan biri və ya hər ikisi üçün zərərli olması, yaxud həyat yoldaşının cinsi əlaqənin baş verməməsinə razı olması və ya bunun nikah anlaşmasının şərtlərindən biri olması kimi hallar istisna olmaqla, yolverilməzdir. Ehtiyata əsasən, bu hökm yalnız daimi evliliyə şamil olunmayaraq müvəqqəti evliliyi də əhatə edir.

Həmçinin, ehtiyata əsasən, bu hökm yalnız öz vətənində olanları əhatə etməyərək səfərdə olanlara da şamil olunur. Beləliklə, ər şəriətin üzürlü hesab etdiyi hallar istisna olmaqla, həyat yoldaşının hüquqlarının pozulması ilə nəticələnəcəyi halda xüsusilə də ürfün nəzərincə zərurətdən irəli gəlməyən uzun müddətli səfərlərdən, o cümlədən əyləncə və gəzinti məqsədlərilə gerçəkləşdirilən turist səfərlərindən imtina etməlidir.[155]

Məsələ 408. Müsəlman qadının kafir kişi ilə nə daimi, nə də müvəqqəti nikaha daxil olmasına icazə verilmir.[156]

Məsələ 409. Ər arvadına şəriət tərəfindən dözülməz hesab edilən şəkildə əziyyət edərsə, zorakılığa məruz qoyarsa, o, ərinə onunla xoş davranmalı olduğunu xatırlatması üçün şəriət hakiminə müraciət edə bilər. Şəriət hakiminin tənbehləri təsir etmədiyi halda o, əri cəzalandıra bilər. Cəza tədbiri də nəticə vermədiyi halda isə qadın boşanma tələbi ilə çıxış edə bilər. Nəhayət, əri onu boşamaq istəmədiyi və bütün tədbirlərin də nəticəsiz qaldığı halda şəriət hakimi qadını ərindən boşaya bilər.[157]

Məsələ 410. Süni mayalanma əməliyyatlarında haram hesab olunan hallara yol verilməzsə, o cümlədən qadınların baxılması haram olan bədən üzvlərinə baxılmazsa, qadının yumurtahüceyrələrinin öz ərinin sperması ilə süni yolla mayalandırılmasına icazə verilir.

Məsələ 411. Ərinin razılığının olub-olmamasından asılı olmayaraq qadına onun sağlamlığı üçün ciddi təhlükə törətməməsi şərtilə hamiləliyin qarşısını alan dərman preparatlarını qəbul etməyə icazə verilir.

Məsələ 412. Qadın sağlamlığına qarşı ciddi təhlükə riski daşımadığı halda uşaqlıqdaxili vasitə (UDA) və eləcə də digər kontrasepsiya (hamiləliyin qarşısını alma) vasitələrindən istifadə edə bilər. Lakin spiralın yerləşdirilməsi prosesində kişi həkimin qadının onun tərəfindən görülməsi haram olan bədən üzvlərinə baxması və toxunması, eləcə də qadın həkim pasientin cinsiyyət orqanına birbaşa baxması və əlcəksiz toxunması haram hesab olunur. Həmçinin, spiral döllənmədən sonra embrionun məhvinə (özbaşına abort, düşmə və s. nəticəsində) səbəb olmamalıdır.

Məsələ 413. Qadın bətnindəki körpəni ruh onun bədəninə daxil olduqdan sonra heç bir vəchlə abort yolu ilə saldıra bilməz. Lakin hamiləliyin davam etdirilməsinin qadının sağlamlığı üçün ciddi təhlükə və ya dözülməz çətinliklər törədə biləcəyi hallarda ruhun daxil olmasından öncə abort etdirmək olar.

Məsələ 414. Uşaqsalma qadının özü tərəfindən həyata keçirilərsə, onun diyə ödəməsi vacibdir. Həmçinin, abort gələcək körpənin atası və ya üçüncü bir şəxs (o cümlədən həkim) tərəfindən həyata keçirildiyi halda da onlar diyə ödəməlidirlər. Bu mövzu ilə bağlı əməliyyə risalələrində və eləcə də digər fiqh ədəbiyyatında müfəssəl surətdə öz əksini tapan bir sıra hökmlər vardır.[158]

Sual-cavablar:

Məsələ 415. Xümsün imama aid olan hissəsini qərb ölkələrində yaşayan mömin bir gəncin ailə həyatı qurmasına yardım üçün sərf etmək olarmı? Bunu da nəzərə almaq lazımdır ki, həmin ölkələrdə yaşayan müsəlmanların ödədiyi iri məbləğli xüms ödənişləri hesabına müxtəlif müsəlman ölkələrində yaşayan bir neçə aztəminatlı mömini evləndirmək mümkündür. Beləliklə, xümsün sözügedən hissəsindən faydalanmağa haqqı olan bir deyil, daha artıq insanın faydalanması daha yaxşı olmazdımı?

Cavab: Ehtiyac sahibi olan möminlərin evləndirilməsi xümsün imama aid olan hissəsinin xərc istiqamətlərindən biri olsa da, həmin rüsumlar bu və eləcə də şəriətdə nəzərdə tutulan digər istiqamətlərdə xərclənməsi yalnız mərcəi-təqlidin və ya onun vəkilinin icazəsi əsasında həyata keçirilməlidir. Həmin dini rüsumlarla mümkün qədər daha artıq möminin evləndirilməsi vacib hesab edilmir. Vacib olan onların sərf olunmasında prioritet (önəmlilik dərəcəsi) ardıcıllığına riayət etməkdir. Bu isə şəraitdən asılı olaraq dəyişən bir vəziyyətdir.

Məsələ 416. Qeyri-ərəb müsəlmanların “əqd siğəsi” adlanan şifahi nikah anlaşmasını onun sözlərinin ayrı-ayrılıqda ifadə etdiyi mənanı bilmədiyi halda ərəb dilində tələffüz etməsi kifayətdirmi? Nəzərə almaq lazımdır ki, onlar bu sözləri tələffüz etməkdə məqsədlərinin şəriətdə nəzərdə tutulan şifahi nikah anlaşmasını həyata keçirmək olduğunu bilirlər. Ümumiyyətlə, “əqd siğəsinin” ərəb dilində oxunması vacibdirmi, yəni başqa dildə ifadə etmək olmazmı?

Cavab: “Əqd siğəsi”nin ümumi məzmununu başa düşmək və tələffüz əsnasında diqqət mərkəzində saxlamaq kifayətdir və ehtiyata əsasən, şifahi nikah anlaşmasının başqa dillərdə icra edilməsi doğru hesab edilmir.

Məsələ 417. Şifahi nikah anlaşmasını telefon əlaqəsi ilə həyata keçirmək doğru hesab olunurmu?

Cavab: Doğru hesab edilir.

Məsələ 418. Telefon, faks, yaxud məktub vasitəsilə şahidlik etmək (məhkəmədə şahid kimi ifadə vermək) mümkündürmü?

Cavab: Şəriət baxımından yalnız hakimin hüzurunda verilən şahid ifadəsi üçün nəzərdə tutulan hüquqi nəticələr qüvvəyə minir, lakin şahid ifadəsinin açıqlanmasına gəlincə, bu məqsədlə yanıltma və saxtakarlıq hallarına yol verilməməsi şərtilə sözügedən kommunikasiya vasitələrindən istifadə eedilməsinə də icazə verilir.

Məsələ 419. Evlənmək istədiyimiz qızın bədəninin cinsiyyət üzvü istisna olmaqla digər yerlərinə diqqətlə, ehtiraslanmaq məqsədilə və ya şəhvani həzzalma məqsədi olmadan baxa bilərikmi?

Cavab: Onların gözəlliyinə, o cümlədən üzünə, saçlarına və əllərinə ehtiraslanmaq məqsədi olmadan (hərçənd ehtiras hissinin qeyri-iradi olaraq yaranacağı məlum olsa belə) baxmaq olar və əgər ilk baxışda onların zahiri görkəmi (qüsurlu və ya gözəl olub-olmaması) ilə bağlı informasiya əldə edildiyi halda yenidən baxmağa icazə verilmir.

Məsələ 420. Bəzi qərb dövlətlərində 16 yaşına çatan qızlara bir sıra sosial-iqtisadi hüquqlar, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq, yaşayış yerini müstəqil surətdə seçmək kimi hüquq və azadlıqlar tanınır. Onlar ata evindən ayrılaraq öz həyatlarını müstəqil surətdə qurmağa başlayırlar və onların valideynləri ilə şəxsi həyatları ilə bağlı bu və ya digər məsələni müzakirə etməsi sadəcə məşvərət, yaxud etik norma xarakteri daşıyır. Beləliklə, belə bir durumda olan bakirə qızın atasından icazə almadan daimi və ya müvəqqəti evliliklə bağlı qərar qəbul etməsinə şəriətin münasibəti necədir?

Cavab: Bu, atasının onun istədiyi şəxslə evlənməsinə razı olması, yaxud ümumiyyətlə onun evlilik məsələsinə qarışmaqdan imtina etməsi deməkdirsə, onun öz iradəsi əsasında nikaha daxil olmasına icazə verilir. Əks təqdirdə evlilik ehtiyata əsasən, şəriət tərəfindən məqbul hesab edilmir.

Məsələ 421. Yaşı otuzdan artıq olmasına baxmayaraq hələ də bakirəliyini qoruyan qadın evlənmək xüsusunda atasının, yaxud ata tərəfdən olan babasının icazəsini almalıdırmı?

Cavab: Müstəqil həyat tərzi sürmürsə, hətta vacib ehtiyata əsasən, müstəqil həyat tərzi sürdüyü halda belə icazə alması vacibdir.

Məsələ 422. Bakirə qızlara qadın məclislərində potensial elçilərin diqqətini cəlb etmək və daha gözəl görünmək məqsədilə yüngül makyajdan istifadə etməyə icazə verilirmi? Yoxsa bu, zahiri görkəmdəki qüsurların ört-basdır edilməsi sayılır?

Cavab: Onların makyaj etməsinə icazə verilir və bu qüsurların ört-basdır edilməsi hesab olunmur. Hətta qüsurların gizlədilməsi sayılsa belə, elçini aldatmaq, saxtakarlığa yol vermək kimi qəbul edilmədiyi surətdə haram deyil.

Məsələ 423. Qadın hansı hallarda şəriət hakiminə boşanma tələbi ilə müraciət edə bilər? Əri tərəfindən davamlı olaraq xoşagəlməz davranışlara məruz qalan və cinsi ehtiyacları təmin olunmadığından günaha düşməkdən qorxan qadın boşanma tələbi ilə çıxış edə və boşana bilərmi?

Cavab: Ər şəriət hakiminin həyat yoldaşı qarşısında üzərinə düşən vəzifələri yerinə yetirmək ilə boşanma arasında seçim etməsi ilə bağlı tələbindən sonra da boşanmaqdan boyun qaçırarsa, arvad şəriət hakiminə boşanma tələbi ilə müraciət edə bilər. Beləliklə, qadın aşağıdakı hallarda sözügedən tələblə şəriət hakiminə müraciət edə bilər:

a) əri onun yaşayış ehtiyaclarını ödəməkdən və eyni zamanda boşanmaqdan imtina edərsə, yaxud yaşayış ehtiyaclarını ödəməyə qadir olmazsa, bununla belə boşanmaqdan da imtina edərsə;

b) onu zorakılığa məruz qoyarsa və uca Allahın əmr etdiyi kimi xoş davranmazsa;

c) onu tamamilə tərk edərək çıxılmaz vəziyyətdə qoyarsa və nəticədə qadın nə boşanmış, nə də evli qadın kimi öz hüquqlarından yararlana bilməzsə.

Lakin ərin arvadının cinsi ehtiyaclarını tamamilə ödəmədiyi və nəticədə arvadın günaha düşmək qorxusu ilə üzləşdiyi halda hərçənd vacib ehtiyata əsasən, ər ya onun sözügedən ehtiyacını ödəməli, ya da boşanmalı olsa da, ər bu seçimlərin ikisindən də imtina edərsə, qadının dözməsi, səbirli olması tövsiyə olunur.

Məsələ 424. Müsəlman bir qadın uzun müddətdir ki, ərindən ayrı yaşayır və bu vəziyyətin tezliklə başa çatacağına da ümidi yoxdur. O, yaşadığı qərb ölkəsində tənha qadınların üzləşdiyi həyat tərzi ilə yaşaya bilməyəcəyini, həyatının və əmlakının təhlükədə olduğunu bəyan edir. Beləliklə, ərindən boşanaraq yenidən başqa bir şəxslə evlənə bilməsi üçün boşanma tələbi ilə şəriət hakiminə müraciət edə bilərmi?

Cavab: Əgər əri onu tənha qoyub getmişsə, yaxud ondan ayrı yaşamağa başlamışsa, bu məsələ ilə bağlı şəriət hakiminə müraciət edə bilər. Şəriət hakimi isə öz növbəsində icbari surətdə onu (əri) həyat yoldaşı ilə yaşamaqla onu boşamaq arasında seçim etməyə məcbur etməlidir. Ərin bunların hər ikisindən imtina etdiyi və hakimin məcburiyyət tədbirlərinin də nəticə vermədiyi halda isə hakim qadının tələbi əsasında onların evliliyinə xitam verə bilər.

Lakin ayrılan, həyat yoldaşını tərk edən tərəf arvad olarsa və o ərini şəriətdə üzürlü hesab edilməyən bir səbəblə tərk etmiş olarsa, o, boşanma tələbi ilə şəriət hakiminə müraciət edərək boşana bilməz.

Məsələ 425. Müsəlman qadınla evli olan müsəlman kişi uzun müddət həyat yoldaşından ayrı yaşamağa məcbur olarsa, onun xəbəri olmadan kitab əhli olan bir qadınla müvəqqəti və ya daimi evlilik həyatı qura bilərmi? Bəs həyat yoldaşından icazə aldığı və onun da razılıq verdiyi surətdə bu evlilik doğru hesab olunurmu?

Cavab: Vacib ehtiyata əsasən, kitab əhli olan qadınla daimi evliliyə heç bir vəchlə icazə verilmir. Yəhudi və ya xristian qadınla müvəqqəti evliliyə isə kişinin müsəlman qadınla evli olmadığı halda icazə verilir. Müsəlman həyat yoldaşı olduğu halda isə şəriət müsəlman kişinin yəhudi və xristian qadınla müvəqqəti evliliyinə həyat yoldaşının izni olmadan, hətta vacib ehtiyata əsasən, onun izni olsa belə icazə vermir.

Məsələ 426. Müsəlman qadınla evli olan müsəlman kişi uzun illər qürbətdə yaşamaq məcburiyyəti qarşısında qalmışdır. Yaxın zamanlarda isə həyat yoldaşından boşanmışdır və evlilik həyatı yaşamağa ehtiyac duyur. Beləliklə, boşandığı müsəlman həyat yoldaşı “iddə” (gözləmə) günlərində olduğu müddət ərzində kitab əhli olan bir qadınla müvəqqəti nikaha (mütə) daxil ola bilərmi?

Cavab: Sözügedən müvəqqəti evliliklə bağlı şəriətin hökmü onun batil (yanlış) olmasından ibarətdir. Çünki rici təlaqdan (nikahın bərpa olunma imkanı olan boşanmadan) sonrakı iddə günlərində boşanan qadın hələ həyat yoldaşı sayılır və öncəki məsələlərdə də qeyd edildiyi kimi müsəlman qadınla evli olduğu halda müsəlman kişi kitab əhli olan bir qadınla müvəqqəti evlilik münasibətləri qura bilməz.

Məsələ 427. Keçmiş səmavi dinlərin ardıcılı (yəhudi, xristian) və ya müsəlman bir qadınla evlənməyə hazırlaşan şəxsə həmin qadının keçmiş həyat yoldaşından boşandıqdan sonra iddə müddətini gözləmədiyini və ya hal-hazırda iddə müddətində olduğunu bildirmək, xəbəri olmadığı halda onu bu barədə məlumatlandırmaq vacibdirmi?

Cavab: Onu bu barədə məlumatlandırmaq vacib deyil.

Məsələ 428. Müsəlmanın kafir kişi ilə nikah münasibətlərində olan kafir qadınla evlənməyə icazə verilirmi? Həmin qadın kafir həyat yoldaşından ayrıldıqdan sonra iddə müddəti gözləməlidirmi və gözləməli olduğu halda bu müddət neçə gündən ibarətdir? İddə müddəti ərzində onunla cinsi əlaqədə olmağa icazə verilirmi? Bəs həmin qadın İslamı qəbul edərsə, kafir həyat yoldaşından boşandıqdan sonra müsəlman bir kişi ilə evlənmək üçün gözləməli olduğu iddə müddəti neçə gündür?

Cavab: Müsəlman kişinin kafir də olsa bir kişi ilə qanuni nikah münasibətlərində olan kafir qadınla evlənməsi yolverilməzdir. Çünki o, evli hesab olunur. Lakin boşandıqdan və iddə müddəti (müsəlman qadının gözləməli olduğu iddə müddətinə bərabərdir) başa çatdıqdan sonra onunla müvəqqəti nikaha daxil ola bilər. Sözügedən müddət başa çatmamış evlilik münasibətlərinə daxil olmağa isə heç bir vəchlə icazə verilmir.

İslamı qəbul etməinə gəlincə, əgər qadın əri ilə nikah münasibətləri çərçivəsində cinsi əlaqədə olduqdan sonra müsəlman olarsa və həyat yoldaşı kafir olaraq qalarsa, ehtiyata əsasən, boşandıqdan sonra iddə müddəti başa çatmamış onunla müvəqqəti evlilik münasibətlərinə başlamaq olmaz. Lakin cinsi əlaqədə olmamışdan öncə İslamı qəbul etdiyi halda isə onların nikahı qüvvədən düşmüş sayılır və qadının iddə müddətini gözləməsinə də gərək yoxdur.

Məsələ 429. Şəriətdə həyat yoldaşları (zövcələr) arasında ədalət deyərkən nə nəzərdə tutulur?

Cavab: Riayət edilməsi vacib olan ədalət ərin vaxtını onlar arasında bərabər surətdə bölüşdürməsindən ibarətdir. Başqa sözlə, ər bir gecə onlardan birinin yanında qaldığı halda başqa bir gecə digərinin yanında qalmalıdır. Riayət edilməsi müstəhəb (təqdirəlayiq) hesab olunan ədalət isə onların yaşayış, diqqət və qayğı, habelə cinsi ehtiyaclarını  və s. bərabər səviyyədə təmin etməkdən ibarətdir.

Məsələ 430. Müsəlman qadın zina edərsə, həyat yoldaşı onu öldürməlidirmi?

Cavab: Vacib ehtiyata əsasən, hətta öz gözləri ilə onu zina edərkən görrərsə belə, öldürməsinə şəriət tərəfindən icazə verilmir.

Məsələ 431. Əməliyyə risalələrində “zinakarlıqla tanınan qadın” ifadəsinə rast gəlirik. Bu təbir nəyi ifadə edir?

Cavab: Bir qadının insanlar arasında zinakarlıqla məşğul olan, qeyri-qanuni intim münasibətlər quran qadın kimi tanınmasını.

Məsələ 432. Bir gənc müvəqqəti evliliyə ehtiyac duyarsa və müvəqqəti nikaha daxil ola biləcəyi yeganə qadın zinakarlığı ilə tanınan bir qadın olarsa, onunla müvəqqəti evlilik həyatı qura bilərmi?

Cavab: Vacib ehtiyata əsasən, tövbə edənədək onunla müvəqqəti evlilikdən çəkinmək lazımdır.

Məsələ 433. Fəqihlər bəyan edirlər ki, zinakar qadının zina əməlinə görə iddə müddəti gözləməsinə ehtiyac yoxdur. Bu məsələyə aydınlıq gətirə bilərsinizmi?

Cavab: Bu o deməkdir ki, qadın zina etdikdən sonra iddə müddəti gözləmədən evlənə bilər, yaxud evli qadın zina etdiyi halda həyat yoldaşı idə müddətini gözləmədən onunla cinsi əlaqədə ola bilər. “Yanlışlıqla cinsi yaxınlıq” (vəty əş-şübhə)[159]
hallarına isə bu hökm şamil edilmir.

Məsələ 434. Bir kişi evlənmək niyyətində olduğu qadınla nikahdan öncə cinsi əlaqədə olur və bu cinsi əlaqə nəticəsində qadın hamilə qalır. Yalnız bundan sonra onlar şəriət qaydası ilə evlənirlər. Beləliklə, onların şəri nikahdan öncəki evliliyi şəriət tərəfindən məqbul hesab edilirmi və sonradan bağlanan şəri nikah öncəki münasibətləri də tənzimləyirmi? İstənilən halda şəri nikahdan öncəki cinsi yaxınlıq nəticəsində dünyaya gələn övladla bağlı şəriətin rəyi nədən ibarətdir?

Cavab: Şəriət nikahın qüvvəyə minməsi üçün müəyyən olunmuş “icab” (qadın tərəfindən) və “qəbul” (kişi tərəfindən) ifadələrinin şifahi surətdə tələffüzünü mötəbər (zəruri) hesab edir və evlilik münasibətləinin təsdiqi üçün heç bir digər hərəkət bunu əvəz edə bilməz. Beləliklə, sualda şərh olunan vəziyyətdə evlilik münasibətləri məqbul hesab olunmur. Yalnız şəri nikahın icrasından sonra evlilik münasibətləri şəriət tərəfindən məqbul hesab olunur və şəri nikah özündən öncəki münasibətlərə məqbulluq qazandırmır. Övlada gəlincə, valideynlərinin hər ikisi bu məsələ haqqında məlumatsız olduğu halda cinsi əlaqə “vəty əş-şübhə” olduğundan halalzadə sayılır. Hər ikisi məlumatlı olduğu halda cinsi əlaqə zina, övlad isə vələdüzzina hesab olunur. Valideynlərdən yalnız biri məlumatlı olduğu halda isə dünyaya gələn övlad digəri (məlumatlı olmayan) üçün halalzadə hesab edilir.

Məsələ 435. Bəzi evli cütlüklər hamiləlik şansının yüksək olduğu süni mayalanma əməliyyatına ehtiyac duyurlar və həkim-mütəxəssislər tərəfindən həyata keçirilən bu əməliyyat onların cinsiyyət orqanlarının görünməsini labüd edir. Bu halda şəriət süni mayalanma əməliyyatının icrasına icazə verirmi?

Cavab: Övlad sahibi olmaq zərurəti duyulmadıqca və bu məqsədlə cinsiyyət orqanının müşahidə və müayinəsi labüd olmadıqca, sözügedən əməliyyat çərçivəsində cinsiyyət orqanının göstərilməsinə şəriət tərəfindən icazə verilmir. Övlad sahibi olmaq zərurətinə valideynlərin ümumiyyətlə övlad sahibi olmaması və bunun onlar tərəfindən dözülməz hesab edilməsini örnək göstərmək olar.

Məsələ 436. Hamilə qalmaq istəməyən qadın uşaqlıq borularının bağlanması üçün həkimə müraciət edərək arzuolunmaz hamiləlikdən qoruna bilər. Gələcəkdə sözügedən boruların təkrar açılmasının mümkün olub-olmamasını, yaxud ərin razılığının olub-olmamasını nəzərə alaraq bu əməliyyata şəriətin münasibətini açıqlamağınızı xahiş edirik.

Cavab: Gələcəkdə uşaqlıq borularının təkrar açılmasının mümkün olub-olmamasından asılı olmayaraq haram baxış və toxunuşların labüd olmadığı halda sözügedən əməliyyatın həyata keçirilməsinə icazə verilir. Hamiləliyin qarşısını aldığına görə bu əməliyyat üçün qadının ərindən icazə almasına da ehtiyac yoxdur. Lakin digər səbəblərlə əlaqədar olaraq, o cümlədən həkimə müraciət məqsədilə evdən çıxmaq üçün ərindən icazə alması lazım ola bilər.

Məsələ 437. Qərb ölkələrində geniş yayılmış süni mayalanma əməliyyatlarından bir qismində ər və arvadın cinsi hüceyrələri (sperma və yumurta hüceyrələri) sınaq borusunda mayalandırıldıqdan sonra alınan embrion arvadın anasının rəhminə transfer edilir və onun bətnində böyüyən rüşeym elə onun tərəfindən dünyaya gətirilir. Beləliklə, şəriət tərəfindən süni mayalanma nəticəsində alınan həmin embrionun bioloji nənəsinin bətninə transfer edilməsinə icazə verilirmi və bu yolla dünya gələn övladın anası kim hesab olunur?

Cavab: Hətta icrası üçün labüd olan haram baxış və toxunuşlar nəzərə alınmasa da, belə bir əməliyyatın şəriət tərəfindən məqbul hesab edilməsi şübhə doğuran bir məqamdır. Bu əməliyyatın uğurlu icrası nəticəsində uşaq dünyaya gəldiyi halda isə nəsəb etibarilə onun anasının yumurta hüceyrənin sahibimi, yoxsa uşaqlığın sahibimi olması ilə bağlı fikir ayrılığı mövcuddur və zənnimizcə, onların hər ikisinə qarşı şəriət hökmlərində ehtiyat hallarına riayət etmək lazımdır.

Məsələ 438. Bəzi ölkələrdə kişilərin sperma hüceyrələri alınaraq sperma banklarında saxlanılır. Ərindən boşanmış müsəlman bir qadın nikah münasibətində olmadığı yad bir kişinin sperma hüceyrəsindən onun icazəsi əsasında, yaxud icazəsi olmadan istifadə edərək süni mayalanma yolu ilə hamilə qala bilərmi? Bəs rici (nikahın bərpasının mümkün olduğu) təlaqla boşanan qadın iddə müddəti ərzində, yaxud iddə müddəti başa çatdıqdan sonra boşandığı ərinin sperma donorluğu ilə hamilə qala bilərmi?

Cavab: Yad kişinin sperma donorluğu ilə süni mayalandırma əməliyyatını həyata keçirməsinə icazə verilmir. Lakin öz ərinin donorluğu ilə, hətta rici təlaqdan sonrakı iddə müddəti əsnasında da hamilə qala bilər. İddə müddəti başa çatdıqdan sonra isə sözügedən əməliyyat yolverilməzdir.

Məsələ 439. Həyat yoldaşı ilə ailəsi (o cümlədən valideynləri) arasında ciddi narazılıqlar olan şəxs ailəsini razı salmaq üçün həyat yoldaşını boşamalıdır, yoxsa ailəsindən üz çevirməlidir?

Cavab: O, mənəvi və dünyəvi həyatı ilə bağlı ən doğru qərarı qəbul etməli, ədalət və insaf prinsipinə riayət etməli və hər iki tərəfə qarşı haqsızlıqdan çəkinməlidir.

Məsələ 440. Ərin arvadı qarşısında vəzifələrindən olan “vacib nəfəqə” (icbari təminat) anlayışı özündə nəyi ehtiva edir? Vacib olan nəfəqə ərin sosial vəziyyətinə, yoxsa qadının ata evindəki sosial vəziyyətinə (rifah səviyyəsinə) uyğun olmalıdır? Yoxsa başqa bir meyar mövcuddur?

Cavab: Meyar ərin rifah səviyyəsi nəzərə alınmaqla qadının sosial vəziyyətidir.

Məsələ 441. Əri qadının hüquqlarını nəzərə almadıqda, vəzifələrinin icrasından imtina etdikdə qadın onunla cinsi əlaqədən imtina edə bilərmi?

Cavab: Onun belə bir haqqı yoxdur. Tövsiyə və xəbərdarlıqlar nəticə vermədiyi halda lazımı tədbirlərin icrası məqsədilə şəriət hakiminə müraciət edə bilər.

Məsələ 442. Müsəlman vidalaşarkən, yaxud səfərdən qayıtdıqda qarşılanma əsnasında insanların gözü önündə həyat yoldaşını qucaqlayaraq öpə bilərmi?

Cavab: Təhrikedici hərəkət olmadığı halda hicab və geyim qaydalarına riayət olunması şərtilə haram sayılmır. Bununla belə, bu qəbildən olan hərəkətlərdən çəkinmək daha doğru olardı.

Məsələ 443. Qərb ölkələrindən birində yaşayan bir ailə həmin ölkənin qanunvericiliyinə müvafiq qaydada boşanmışdır. Lakin keçmiş ər qadının şəri hüquqlarını nəzərə almayaraq nəfəqə ödəməkdən imtina edir, şəriətdə müəyyən edilmiş qaydalarla problemin həllinə vasitəçilik edənlərin vasitəçiliyini də qəbul etmir. Bu halda qadın nə etməlidir? Nəzərə almaq lazımdır ki, onun qarşılaşdığı vəziyyət olduqca dözülməzdir.

Cavab: Bu halda qadın şəriət hakiminə və ya onun vəkilinə müraciət etməli, onlar da öz növbəsində ərini iki seçim qarşısında qoyaraq ya nəfəqə ödəməyə, ya da şəri boşanmanı (hətta üçüncü bir şəxsin vəkilliyi ilə olsa belə) gerçəkləşdirməyə məcbur etməlidir. Ərin bunların hər ikisindən də imtina edərsə və onun əmlakından qadına nəfəqə ödənməsi də mümkün olmazsa, hakim, yaxud onun vəkili qadını boşaya (şəri nikaha son verə) bilər.

Məsələ 444. Vətəndaşı olduğu ölkə bilavasitə və ya dolayı yolla müsəlmanlarla (hər hansı müsəlman ölkəsi ilə) müharibə vəziyyətində olan kafir qadınla (səmavi dinlərdən birinin mənsubu, yaxud dinsiz olmasından asılı olmayaraq) şəri nikahdan kənar cinsi əlaqədə olmaq olarmı?

Cavab: İcazə verilmir.

Məsələ 445. Ərinə itaət etməyən, onun qarşısında həyat yoldaşı kimi öz vəzifələrini icra etməyən, habelə ondan izin almadan atası evinə gedərək aylarla orada qalan, sonra isə evinə dönməyərək İslam qanunlarına üz tutmaq əvəzinə boşanmaqla yanaşı yüksək məbləğdə nəfəqə almaq və övladlarının qəyyumluq hüququnu əldə etmək məqsədilə qeyri-müsəlman məhkəmələrinə müraciət edən qadının şəriət baxımından ərindən nəsə tələb etməyə haqqı varmı? Belə vəziyyətdə, yəni qadın boşanmaq və hüquqlarını (nəfəqə və övladlarının qəyyumluq hüququnu) əldə etmək məqsədilə İslam qanunlarından fərqli qanunverilik əsasında fəaliyyət göstərən qeyri-İslami məhkəmələrə üz tutduğu təqdirdə şəriətdə həyat yoldaşı üçün nəzərdə tutulan bütün hüquqlara malikdirmi?

Cavab: Belə bir vəziyyətdə qadın şəriətdə nəzərdə tutulan nəfəqə haqqından məhrum olur, lakin bununla belə həyat yoldaşı kimi öz vəzifələrindən icrası nəticəsində mehriyyə və övladlarını böyütmək (iki il ərzində) hüququnu itirmir.

Məsələ 446. Gənc bir qadın uşaqlığın götürülməsi əməliyyatı nəticəsində 15 ildir ki, heyzdən (aybaşı, menstruasiya) tamamilə kəsilmişdir. Həmin qadın müvəqqəti evlilik həyatı yaşayarsa, mütə anlaşmasının müddəti başa çatdıqdan sonra iddə gözləməlidirmi və gözləməli olduğu halda onun üçün iddə müddəti neçə gündür?

Cavab: Əgər normal halda heyz qanı görən qadınlarla eyni yaşdadırsa (klimaks dövrü başlamamışsa), iddə gözləməlidir və müvəqqəti nikahdan sonra iddə müddəti 45 gündür.

Məsələ 447. Müsəlman olmayan bir qadın müsəlman bir şəxsin onunla evlənməyə razılıq verməsi üçün kəlimeyi-şəhadət deyərək müsəlman olduğunu bildirərsə, lakin həmin şəxs onun həqiqətən İslamı qəbul etdiyinə əmin olmazsa, onu müsəlman hesab edə bilərmi?

Cavab: Həmin qadından müsəlman olmasını inkar edən bir fikir eşitməzsə, yaxud bir hərəkət müşahidə etməzsə, onu müsəlman hesab edə bilər.

Məsələ 448. Süni mayalandırma əməliyyatı çərçivəsində bir qadının yumurta hüceyrəsini dölləndikdən sonra başqa bir qadının uşaqlığına transfer edirlər. Bu əməliyyata şəriətin münasibəti necədir? Bəs hamiləlik baş tutduğu halda həmin embriondan əmələ gələn uşaq kimin övladı sayılır?

Cavab: Haram baxış və toxunuşlardan qorunmaq şərtilə sözügedən əməliyyata məhdudiyyət qoyulmur. Lakin uşağın nəsəb etibarilə anasının yumurta hüceyrənin sahibimi, yoxsa içində böyüdüyü uşaqlığın sahibimı olması xüsusunda bir mənalı fikir söyləmək mümkün deyil. Vacib ehtiyata əsasən, onların hər ikisinə qarşı şəriət hökmlərindən ehtiyatın tələblərinə riayət etmək lazımdır.

Məsələ 449. Döl ana bətnində dölyanı mayedə üzür. Doğuş əsnasında, yaxud doğuşdan bir qədər əvvəl isə bəzən bu maye ilə yanaşı qan da ifraz olunur. Beləliklə, sözügedən maye qana qarışmadan ifraz olunduğu halda pak sayılırmı?

Cavab: Bəli, bu halda pak sayılır.

Məsələ 450. Hansı hallarda aborta icazə verilir? Bu məsələdə embrionun inkişafının hansı mərhələdə olmasının bir önəmi varmı?

Cavab: Döllənmədən sonrakı mərhələlərdə aborta icazə verilmir. Lakin ana hamiləliyin onun həyatı üçün riskli olmasından qorxarsa, yaxud hamiləliyin davam eməsi onu əsasən (normal vəziyyətlərdə) dözülməz hesab edilən bir çətinliklə qarşı-qarşıya qoyarsa və yeganə çıxış yolu abort etdirmək olarsa, bu halda ruhun daxil olmasından öncə abort etdirə bilər. Ruhun ana bətnindəki bədənə daxil olmasından sonrakı mərhələdə isə abort istənilən vəchlə yolverilməzdir.

Məsələ 451. Bəzən həkim-ginekoloqlar embrionun (dölün) bu və ya digər bir təhlükəli xəstəliyin daşıyıcısı olduğunu anlayır və abortun doğru seçim olduğu qərarına gəlirlər. Onların diaqnozuna görə, körpə dünyaya gələcəyi halda anadangəlmə qüsurlu doğulacaq, yaxud doğuşdan qısa bir müddət sonra həyatını itirəcəkdir. Belə hallarda həkim abort əməliyyatını həyata keçirə bilərmi? Digər tərəfdən ana özünün və bətnindəki canlının canını sözügedən əməliyyatın icrası üçün həkimə təslim edə bilərmi? Bəs bu halda onlardan hansı diyə (qanbahası) ödəməlidir?

Cavab: Uşağın anadangəlmə qüsurlu doğulması, yaxud doğuşdan sonra uzun müddət yaşamayacağı ehtimalı aborta icazə verilməsi üçün tutarlı səbəb sayılmır. Beləliklə, nə ana həkimin bu əməliyyatı həyata keçirməsinə icazə verməli, nə də həkim bu əməliyyatı icra etməlidir. Diyəni isə abortu bilavasitə həyata keçirən şəxs ödəməlidir.

Məsələ 452. Həyatı risk altında olmadığı halda qadın ruhun daxil olmasından öncə arzuolunmaz hamiləlikdən abort əməliyyatı ilə azad ola bilərmi?

Cavab: Hmiləliyin davam edəcəyi təqdirdə sağlamlığı ilə bağlı ciddi təhlükə ilə qarşılaşa və ya dözülməz çətinliklərlə üzləşə biləcəyi hallar istisna olmaqla, abort etmək haqqına sahib deyil.


[147] Vəsail əş-şiə, c.20, səh.17.

[148] Vəsail əş-şiə, c.20, səh.18.

[149] Minhac əs-salihin (Ayətullah əl-uzma Sistani), əl-Müamilat, II cild, səh.7.

[150] Vəsail əş-şiə, c.20, səh.35.

[151] Təhzib əl-əhkam, c.7, səh.395.

[152] Ailə quruculuğu ilə bağlı məsələlər və evliliyin şəriət hökmləri ilə əlaqədar daha ətraflı məlumat almaq üçün Seyid İzzəddin Bəhrülulumun “əz-Zəvac fil-Quran vəs-sünnə”(Quran və sünnədə evlilik) adlı əsərinə müraciət edin.

[153] Müvəqqəti evliliyin xüsusiyətləri və onunla bağlı şəriət hökmləri ilə daha ətraflı tanış olmaq üçün Seyid Məhəmmədtəqi əl-Həkimin “əz-Zəvac əl-muəqqət və davruhu fi həlli muşkilat əl-cins”(Müvəqqəti evlilik və onun cinsi problemlərin həllində rolu) adlı əsərinə müraciət edin.

[154] Bir sıra əsər, məqalə və KİV səhifələrində öz əksini tapan və eləcə də cəmiyyətimizdə formalaşan təsəvvürə görə mehriyyə xalqımızın qədim adət-ənənələrindən olan “başlıq pulu”və ya “süd haqqı” kimi anlayışlarla eyniləşdirilir. Lakin İslam şəriətində vacib hesab edilən mehriyyə ailə həyatı quran qadının valideynlərinə, ya da başqa bir şəxsə deyil, bilavasitə onun özünə verilir və şəxsi mülkiyyəti hesab edilir. Mehriyyəni həm də boşandığı və ya dul qaldığı halda qadının yeni evliliyə qədər özünün və övladlarının maddi ehtiyaclarını təmin edə bilmək üçün minimum kompensasiya kimi də qəbul etmək olar. Tərcüməçinin qeydi.

[155] Minhac əs-salihin, əl-Muamilat, 2-ci cild, səh.10-11.

[156] Öncəki mənbə, səh.67.

[157] Öncəki mənbə, səh.109.

[158] Bax: Minhac əs-salihin, əl-Muamilat, c.2, səh.136-137; əl-Məail əl-muntəxəbə, səh.385-419.

[159] “Yanlışlıqla cinsi əlaqə” (vəty əş-şübhə) aşağıdakı iki vəziyyətə şamil olunur:
1) bir kişi ilə bir qadının şəriətin onların nikah münasibətlərinə (istər daimi, istərsə müvəqqəti) daxil olmasına (məsələn, bir kişinin öz həyat yoldaşının bacısı, yaxud livat etdiyi başqa bir kişinin bacısı ilə evlənməsi kimi hallara) icazə vermədiyini bilmədən nikah münasibətinə daxil olaraq cinsi əlaqədə olması;
2) bir kişi ilə bir qadının şəriət tərəfindən nikah münasibətlərində olduqlarını güman edərək (məsələn, nikahlarının bu və ya digər səbəbdən doğru hesab edilmədiyini, yaxud pozulmuş, xitam verilmiş olduğunu bilmədən) cinsi əlaqədə olması.
“Yanlışlıqla cinsi əlaqə” (vəty biş-şübhə) mövzusu ilə bağlı ətraflı məlumat almaq üçün əməliyyə risalələrinin, eləcə də digər müfəssəl fiqh ədəbiyyatının “nikah”və “təlaq” bölmələrinə müraciət edə bilərsiniz.

SƏKKİZİNCİ FƏSİL: GƏNCLƏRİ MARAQLANDIRAN MƏSƏLƏLƏR → ← ALTINCI FƏSİL: SƏHİYYƏ VƏ TİBB
العربية فارسی اردو English Azərbaycan Türkçe Français