ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » QƏRB ÖLKƏLƏRİNDƏ MƏSKUNLAŞANLAR ÜÇÜN FİQH TƏLİMİ

YEDDİNCİ FƏSİL: AİLƏ HƏYATI VƏ NİKAH → ← BEŞİNCİ FƏSİL: İCTİMAİ ƏLAQƏLƏR VƏ SOSİAL MÜNASİBƏTLƏR

ALTINCI FƏSİL: SƏHİYYƏ VƏ TİBB

Son dövrlərdə Qərbi Avropa və ABŞ-da elm və texnologiyanın inkişafı ilə əlaqədar olaraq dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanların da müalicə məqsədilə həmin ölkələrə üz tutması halları artmışdır. Həmçinin, həmin ölkələrdə məskunlaşan müsəlmanların da digər vətəndaşlar kimi şəxsi sağlamlıqlarını qorumaq məqsədilə yerli tibb müəssisələrinə müraciət etməsi bir sıra aktual sualları meydana gətirmişdir. Bütün bunları nəzərə alaraq sözügedən mövzu ilə bağlı ən önəmli şəriət hökmlərini nəzərinizə çatdırmağı məqsədəuyğun hesab edirik:

Məsələ 351. Praktiki tibbi təhsil və s. məqsədlərlə müsəlmanın cəsədinin yarılması yolverilməzdir. Şəriət tərəfindən müsəlmanın cəsədinin yarılmasına yalnız başqa bir müsəlmanın yaşamasının bundan asılı olduğu hallarda – hətta gələcəkdə olsa belə - icazə verilir.

Məsələ 352. İstənilən heyvanın, hətta it və donuzun da bu və ya digər orqanının insan bədəninə transplantasiyasına şəriət tərəfindən icazə verilir və köçürülən üzv insan bədəninin yaşayan aktiv bir orqanına çevrildikdən sonra pak hesab edilir və namaz kimi ibadətlərə də heç bir xələl gətirmir.

Məsələ 353. Həkimin ürək döyüntüsü cihazla bərpa olunan pasiyentini hətta beyin ölümü gerçəkləşmiş olsa belə və həyatı yalnız həmin süni nəfəs aparatına bağlı olsa belə, həmin cihazı söndürə və eftanaziyanı[146]
həyata keçirə bilməz. Çünki, İslamda insanın yaşamaq hüququ toxunulmaz hesab edilir.

Həkim pasientinin və ya yaxınlarının onun müalicəsini dayandırmasına dair istək və tələblərini nəzərə alaraq müalicədən imtina etməməlidir. Onun süni nəfəs aparatını söndürməsi nəticəsində pasient həyatını itirərsə, həkim qatil hesab olunur.

Məsələ 354. Tibb ixtisasları üzrə təhsil alan tələbə hətta gələcəkdə olsa belə müsəlmanların ciddi sağlamlıq problemlərinin həlli üçün zəruri olduğu hallar istisna olmaqla, təcrübə əsnasında təcrübə obyekti olan insanın cinsiyyət orqanına baxa bilməz.

Məsələ 355. Müsəlmana qəbul etdiyi dərman vasitələri və preparatlarının tərkibində şəriət tərəfindən qəbulu haram hesab olunan maddələrin olub-olmamasını müəyyənləşdirmək məqsədilə hətta dərmanların tərkibini öyrənmək mümkün və kifayət qədər asan olsa belə, onların tərkibini araşdırmaq vacib deyil.

Sual-cavablar:

Məsələ 356. Narkotik maddələrin yalnız istifadəçisinə deyil, eləcə də cəmiyyət üçün davamlı asılılıq, yoluxucu xəstəliklər və s. ciddi zərər və təhlükələri artıq tibbi cəhətdən sübuta yetirilmişdir. Səhiyyə sistemi, rehabilitasiya mərkəzləri və eləcə də qanunvericilik narkotik maddələr və onların fəsadları ilə mübarizə məqsədilə bütün imkanlardan istifadə etməkdədir. Bəs müqəddəs şəriətin bu məsələ ilə bağlı rəyi nədən ibarətdir?

Cavab: Davamlı asılılıq və eləcə də digər ciddi zərər və təhlükələri nəzərə alınmaqla narkotik maddələrin istifadəsi haramdır. Hətta vacib ehtiyata əsasən, istənilən halda narkotik maddələrin istifadəsindən çəkinmək lazımdır. Yalnız zəruri tibbi prosedurlarda zəruri miqdarlarda istifadəsinə icazə verilir. Allah hər şeyin doğrusunu biləndir!

Məsələ 357. Tibbi tədqiqatlar siqaretin ürək xəstəlikləri və habelə xərçəngin başlıca amillərindən biri olduğunu göstərir. Hətta bir sıra hallarda siqaret çəkmək insan ömrünün qısalması ilə nəticələnə bilir. Beləliklə, siqaret çəkmə ilə bağlı aşağıdakılara şamil olunan hökm nədən ibarətdir:

a) yeni başlayanlar;

b) adət edənlər;

c) yanında siqaret çəkilənlər? Nəzərə almaq lazımdır ki, həkimlər yanında siqaret çəkilən şəxsin (passiv tütün məhsulu istifadəçisi) də siqaret çəkən (aktiv tütün məhsulu istifadəçisi) ilə yanaşı bir sıra təhlükələrə məruz qaldığını bəyan edirlər. Passiv tütünçəkən həkimlərin bu tövsiyələrinə əsasən, sağlamlığı ilə bağlı ciddi təhlükə ilə üzləşə biləcəyini ehtimal etdiyi halda nə etməlidir?

Cavab: a) Siqaretin onun istifadəsinə yeni başlayan şəxsi hətta gələcəkdə belə olsa, ciddi təhlükələrə məruz qoyacağı halda həmin şəxsə siqaret çəkmək haramdır, istər təhlükənin mövcudluğu faktlara əsaslansın, istərsə sağlam düşüncə sahiblərinin nəticələrindən qorxduğu ehtimala. Lakin ciddi təhlükədən qorunarsa, məsələn həddən ziyadə çəkmədiyinə (yaxud nadir hallarda çəkdiyinə) görə sağlamlığına ciddi təhlükə törətməzsə, icazə verilir.

b) Siqaret çəkməyə davam etmək onun sağlamlığı üçün ciddi təhlükə törədərsə, siqareti dərhal tərk etməlidir. Lakin siqaretdən birdəfəlik uzaqlaşmağın siqaret aludəçisini siqaret çəkmək qədər, yaxud daha ciddi problemlərlə qarşı-qarşıya qoyduğu, başqa sözlə onun siqareti atacağı halda adətən dözülməz hesab edilən çətinliklərlə üzləşəcəyi hal istisna təşkil edir.

c) Passiv siqaretçəkənlərə isə siqaret çəkməyə yeni başlayan şəxs ilə bağlı “a” bəndində təfsilatı ilə öz əksini tapan hökm şamil olunur.

Məsələ 358. Bəziləri beyin ölümünün nəbz döyüntüsünün kəsilməməsinə rəğmən insanın həyatını itirməsi demək olduğu qənaətindədir. Həkimlərin sözlərinə görə beyin ölümü gerçəkləşdikdən bir müddətdən sonra nəbz döyüntüləri də dayanır. Beləliklə, nəbz döyüntüləri kəsilmədiyi halda beyin ölümü gerçəkləşən insan ölmüş hesab olunurmu?

Cavab: Bir sıra şəriət hökmlərinin mövzusu olan “ölüm” üçün meyar ürfün (cəmiyyətin) nəzərində ölüm kimi qəbul edilən vəziyyətdir, yəni ürfün insanı həyatını itirmiş hesab etməsidir ki, sualda göstərilən halda bu anlamda ölüm gerçəkləşmiş sayılmır.

Məsələ 359. Həkimlik sənəti bəzən kişi həkimlərin qadın xəstələrini bədənlərinə bilavasitə baxaraq, toxunaraq müayinə etməyi tələb edir. Avropa ölkələrində müayinə əsnasında üst paltarların çıxarılmasının normal bir hal kimi qəbul edildiyi nəzərə alınmaqla, müsəlman həkimlərin həmin çalışmasına şəriətin münasibəti necədir?

Cavab: Diaqnoz qoymaq üçün zəruri hesab edilən hallar istisna olmaqla, haram baxış və toxunuşlardan çəkinmək şərtilə məhdudiyyət qoyulmur.

Məsələ 360. Bəzən qadın xəstəni müayinə edən kişi həkim cinsiyyət orqanı istisna olmaqla onun bədəninin müəyyən üzvlərini, o cümlədən həssas nahiyələrini (sinə, bud və baldırlar kimi) baxaraq və ya toxunaraq müayinə etməyə gərək duyur.

Beləliklə:

a) müvafiq sahə üzrə qadın mütəxəssisin mövcud olduğu, lakin onun tərəfindən müayinənin baha başa gəldiyi;

b) ciddi bir xəstəliyi olmadığı;

c) həkimin cinsiyyət orqanına baxmaq istədiyi hallarda qadın pasient sözügedən bədən üzvlərini kişi həkimə göstərə bilərmi?

Cavab: a) Qadın pasientlərə qadın həkim-mütəxəssislərin mövcud olduğu, lakin maddi durumlarının onların tərəfindən müayinə prosedurunun xərclərini ödəməyə imkan vermədiyi hallar istisna olmaqla, kişi həkimə müraciət etmələrinə icazə verilmir.

b) Kişi həkim tərəfindən müalicədən imtina etməyin onların sağlamlığını ciddi təhlükəyə məruz qoya biləcəyi, yaxud onlar üçün adətən dözülməz olan sıxıntılar törədə biləcəyi hallarda icazə verilir.

c) Bu halla bağlı da “a” və “b” bəndlərində açıqlanan hökm keçərlidir və hər iki halda zərurət həddi ilə kifayətlənmək lazımdır. Müayinə və müalicə prosedurunu bədən üzvlərinə birbaşa baxmadan, başqa sözlə monitor və ya güzgü vasitəsilə həyata keçirmək mümkün olarsa, ehtiyata əsasən, bu qaydada həyata keçirmək lazımdır.

Məsələ 361. Bəzi genetika mühəndisləri insan genlərini dəyişdirməklə bəşər cinsini gözəlləşdirməyə qadir olduqlarını iddia edirlər. O cümlədən:

1) insanın zahiri görkəmindəki qüsurların aradan qaldırılmasına;

2) ona estetik baxımdan daha gözəl bir görkəm bəxş etməyə;

3) yuxarıdakıların hər ikisinə eyni zamanda nail ola biləcəklərini bildirirlər.

Alimlərin bu təcrübələri həyata keçirməsinə şəriət tərəfindən icazə verilirmi? Müsəlman gen mühəndislərinə onun genlərini dəyişdirməsinə icazə verə bilərmi?

Cavab: Yan təsirləri olmadığı halda öz-özlüyündə yasaq deyil.

Məsələ 362. Qərb ölkələrində farmakoloji məhsulların (dərman vasitələri və preparatlarının) istehsalı ilə məşğul olan müəssisələr məhsullarını bazara çıxarmazdan öncə onları sınaqdan keçirirlər. Həkim xəstəsinə məlumat vemədən ona faydalı ola biləcəyini güman etdiyi dərmanı həmin dərmanın üzərində tədqiqat təcrübələri başa çatmadığı halda xəstənin müalicəsində sınaqdan keçirə bilərmi?

Cavab: Xəstənin məlumatlandırılması və dərmanın onun üzərində təcrübədən keçirilməsinə dair razılığının alınması labüddür. Lakin həkimin həmin dərmanın xəstəyə yan təsirlər göstərməyəcəyinə əmin olduğu, sadəcə faydalı olub-olmayacağına şübhə etdiyi hallar istisna təşkil edir.

Məsələ 363. Bəzən tibbi-ekspertiza qurumları ölüm və ya qətlin səbəbini aydınlaşdırmaq üçün meyidin yarılmasını zəruri hesab edir. Hansı hallarda buna icazə vermək olar, hansı hallarda isə meyidin yarılması şəriət tərəfindən yolverilməz hesab edilir?

Cavab: Mərhumun vəlisi (məsələn, atası və ya böyük oğlu) qeyd olunan və buna bənzər məqsədlərlə onun cəsədinin yarılmasına icazə verməməli və mümkün olduğu halda mane olmalıdır. Lakin meyidin yarılmasının fəsadı (şəriətdə bunu yolverilməz edən amillər) qədər, yaxud ondan daha önəmli bir problemin həlli zəruri olduğu hallarda icazə verilir.

Məsələ 364. Müsəlmanın kafirə və ya kafirin müsəlmana sağlığında orqanlarından birini, məsələn böyrəyini bağışlamasına, yaxud ölümündən sonra bu və ya digər bədən üzvünün bağışlanmasını vəsiyyət etməsinə icazə verilirmi? Bu məsələdə bədən üzvləri arasında fərq varmı?

Cavab: Bir insanın sağlığında bədən üzvlərindən birini öz sağlamlığına ciddi təhlükə törətmədiyi halda başqasının bədəninə transplantasiya olunması məqsədilə ona bağışlamasına icazə verilir. Məsələn, hər iki böyrəyi sağlam olan şəxs bir böyrəyini bağışlaya bilər. Dünyadan köçən şəxsin vəsiyyəti əsasında bədən üzvlərindən birinin başqa bir şəxsin bədəninə trasplantasiyası məqsədilə kəsilib götürülməsinə gəlincə, buna yalnız həmin donorun müsəlman və ya bu məsələdə müsəlmanla eyni hökmün şamil olunduğu bir şəxs olmadığı, yaxud bir müsəlmanın həyatını xilas etmək üçün zəruri olduğu hallarda (sonuncu halda hətta müsəlmanın da cəsədinin yarılmasına) icazə verilir. Bu iki hal istisna olmaqla digər hallarda isə müvafiq vəsiyyətin icrasının və meyidin yarılmasının şəriət baxımından doğruluğu şübhə altındadır. Bununla belə, istənilən halda vəsiyyət əsasında meyidin yarılması əməliyyatını həyata keçirən şəxsin diyə ödəməsi vacib deyil.

Məsələ 365. Ateist (Tanrıya inancı olmayan) insanın bu və ya digər orqanı müsəlmanın bədəninə transplantasiya olunduqda əməliyyatdan sonra müsəlmanın bədən üzvü sayılması ilə pak olurmu?

Cavab: Müsəlman olub-olmamasından asılı olmayaraq insanın bədənindən ayrılan, yaxud kəsilən istənilən orqan nəcis hesab olunur. Lakin kəsilən orqan müsəlman və ya bu məsələdə müsəlmanla eyni hökmün şamil olunduğu bir şəxsə transplantasiyasından nəticəsində ölü orqanın köçürüldüyü orqanizmdə yeni bir həyat qazanmasından sonra pak hesab olunur.

Məsələ 366. Şəkərli diabetin müalicəsində istifadə olunan insulin preparatlarının bir qismi donuzun mədəaltı vəzindən alınır. Sözügedən preparatlardan istifadə edə bilərikmi?

Cavab: Həmin preparatların əzələ, damar, yaxud dəri altına inyeksiyasına (iynə ilə vurulmasına) heç bir məhdudiyyət qoyulmur.

Məsələ 367. Donuzun qaraciyərinin insan orqanizminə transplantasiyasına şəriətin münasibəti necədir?

Cavab: Donuzun qaraciyərinin insan bədəninə köçürülməsinə icazə verilir. Allah (hər şeyi) biləndir.

Məsələ 368. Kişi (sperma) və qadın (yumurta) cinsi hüceyrələrinin laboratoriya şəraitində mayalandırılması nəticəsində yaranan embrionların uşaqlığa transferi ilə gerçəkləşdirilən süni mayalanma əməliyyatlarına şəriətin münasibəti necədir?

Cavab: Bu əməliyyat öz-özlüyündə (haramlaşmasına səbəb ola biləcək əlavə amillərin mövcud olmadığı təqdirdə) yasaq deyil.

Məsələ 369. Bəzi irsi xəstəliklər atadan övlada keçərək onların gələcək sağlamlığına qarşı təhlükə riski yaradırlar. Müasir tibb həmin xəstəliklərin bir qisminin irsi yolla dünyaya gələcək övladlara keçməsinin qarşısını almaq üçün bir çıxış yolu tapmışdır. Bu, repreduktiv hüceyrələrin (sperma və yumurta hüceyrələrinin) sınaq borusunda dölləndirilərək alınan embrionların (rüşeymlərin) ən sağlam inkişaf edəninin seçilərək (digər embrionlar isə həkim tərəfindən məhv edilir) ana bətninə yerləşdirilməsindən ibarət olan süni mayalandırma əməliyyatıdır. Şəriət bu əməliyyatın icrasına icazə verirmi?

Cavab: Bu əməliyyata öz-özlüyündə (haramlaşmasına səbəb ola biləcək əlavə amillərin mövcud olmadığı təqdirdə) heç bir məhdudiyyət qoyulmur.

Məsələ 370. Sınaq borusunda həyata keçirilən süni mayalandırma əməliyyatı nəticəsində bəzən alınan çoxsaylı embrionların hamısının ana bətninə yerləşdirilməsi ananın həyatını və ya sağlamlığını təhlükə qarşısında qoyur. Bunu nəzərə alaraq həmin embrionlardan yalnız birini seçə, digərlərini isə məhv edə bilərikmi?

Cavab: Sınaq borusunda əldə edilən embrionların bətn daxilinə ötürülməsi (embrion transferi) vacib deyil. Beləliklə, sualda qeyd olunan halda onların birinin seçilərək digərlərinin məhv edilməsinə şəriət tərəfindən əngəl yoxdur.

Məsələ 371. Üzdə və ya bədənin müxtəlif yerlərində estetik əməliyyatların həyata keçirilməsinə icazə verilirmi?

Cavab: Əməliyyat əsnasında haram toxunuş və baxışlardan qorunmaq şərtilə icazə verilir.

QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu, ingiliscə: AİDS) günümüzdə bəşəriyyətin üzləşdiyi ən təhlükəli xəstəliklərdən biridir. Hesablamalara əsasən, 1996-cı ildə dünyanın müxtəlif ölkələrində bu xəstəliyə yoluxanların sayı 8 milyon çatmışdır. 22 milyon nəfər isə İİV (İnsanın İmmunçatışmazlığı Virusu, ingiliscə: HİV) virusunun daşıyıcısıdır. Son statistik məlumatlar göstərir ki, təkcə 1996-cı il ərzində bu xəstəlikdən dünyasını dəyişənlərin sayı 1,5 milyon nəfər olmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının 1 dekabr 1996-cı il tarixində “Ümumdünya QİÇS-lə mübarizə günü” münasibəti ilə açıqladığı məlumatlara əsasən isə həmin tarixədək sözügedən virusun qurbanlarının sayı 6 milyona çatmışdır.

Mütəxəssislərə görə, QİÇS xəstəliyinə yoluxma əsasən üç yolla baş verə bilər:

a) heteroseksual (əks cinsin nümayəndəsi ilə) və homoseksual (eyni cinsin nümayəndəsi ilə) cinsi əlaqə yolu ilə - bu ən təhlükəli və ən çox rast gəlinən yoluxma halıdır, belə ki, bu yolla yoluxma halları 80%-ə çatır;

b) içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi və ya virusla imfeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar zamanı;

c) tranplasentar yolla - xəstəliyin xəstə anadan bətndaxili dövrdə (hamiləlik) cift vasitəsilə dölə və ya doğuş əsnasında keçməsi yeni dünyaya gələn körpəyə keçməsi ilə.

Araşdırmalar göstərir ki, bütün ölkələrdə bu ölümcül xəstəliyə yoluxan insanlar yaşayır və heç bir xalq bu xəstəlikdən sığortalanmamışdır. Həmçinin, araşdırmaların nəticələrinə əsasən, sözügedən xəstəliyin daşıyıcılarının sayı günü-gündən artmaqdadır və onların böyük əksəriyyətini kişilər təşkil edir. Bununla yanaşı məlum olmuşdur ki, QİÇS xəstəliyinə yoluxma hallarının artması son dövrlərdə qismən azalan bir sıra xəstəliklərin, o cümlədən ağciyər vərəminin artmasına gətirib çıxarmışdır.

QİÇS haqqında ümumi məlumatdan sonra bir sıra aktual suallara Həzrət Ayətullah əl-uzma Sistaninin cavablarını nəzərinizə çatdırırıq:

Məsələ 372. QİÇS-ə yoluxanların təcrid olunması ilə bağlı şəriətin hökmü nədən ibarətdir? Onların özlərini, yaxud ailə üzvlərinin həmin şəxsləri cəmiyyət həyatından təcrid etməsi vacibdirmi?

Cavab: QİÇS-ə yoluxanların nə özləri, nə də başqa şəxslər tərəfindən cəmiyyətdən təcrid olunması vacib deyil, əksinə yoluxdurma təhlükəsi olmadığı halda onların məscidlərə və eləcə də digər ictimai məkanlara girişinin yasaqlanması yolverilməzdir. Bununla belə, yoluxmanın qaçılmaz olduğu, yaxud ehtimal edildiyi məqamlarda profilaktik tədbirlərə riayət olunması vacibdir.

Məsələ 373. QİÇS xəstəliyini (İİV virusunu) qəsdən yoluxdurma ilə bağlı şəriətin hökmü nədən ibarətdir?

Cavab: Bu yolverilməz hesab olunur və yoluxan şəxsin ölümü ilə - hətta uzun müddətdən sonra baş versə belə - nəticələnərsə, yoluxduran şəxs yoluxmaya səbəb olan iş (məsələn, cinsi əlaqə, yaxud inyeksiya) əsnasında həmin hadisənin ölümlə nəticələnə biləcəyindən xəbərdar olduğu halda ölən şəxsin vəlisi qisas tələbi ilə çıxış edə bilər. Lakin yoluxduranın ölüm təhlükəsindən xəbərsiz olduğu, yaxud yoluxmaya və ölümə səbəb olan hadisə əsnasında unutduğu halda isə yalnız diyə (qanbahası) və kəffarə ödəməlidir.

Məsələ 374. QİÇS xəstəliyinin daşıyıcısı olan bir şəxs sağlam bir insanla ailə həyatı qura bilərmi?

Cavab: Evlənə bilər. Lakin həmin şəxsin öz xəstəliyindən xəbərdar olduğu halda elçilik və nikah əsnasında özünü sağlam insan kimi təqdim etməsinə icazə verilmir. Həmçinin, evləndikdən sonra yoluxma ilə nəticələnəcəyi halda həyat yoldaşı ilə cinsi əlaqədə olmasına da icazə verilmir. Bununla belə, yoluxmanın baş verəcəyinə əmin olmadıqları, bunun sadəcə bir ehtimal olduğu və qarşı tərəfin də etiraz etmədiyi hallarda cinsi əlaqədən imtina etmək vacib sayılmır.

Məsələ 375. İİV virusunun daşıyıcıları olan iki şəxsin evlənməsinə şəriətin münasibəti necədir?

Cavab: Qadağan edilmir, lakin cinsi əlaqə onların xəstəliyinin təhlükəli dərəcəyə çatmasına səbəb ola bilərsə, cinsi əlaqədən imtina etməlidirlər.

Məsələ 376. QİÇS xəstəliyinin daşıyıcısı olan şəxslə cinsi əlaqədə olmaqla bağlı şəriətin hökmü nədən ibarətdir. Sağlam şəxsin cinsi əlaqənin QİÇS-in əsas yoluxma vasitələrindən biri olduğunu nəzərə alaraq həyat yoldaşı ilə cinsi əlaqədən imtina etməyə haqqı varmı?

Cavab: Sağlam qadın özünün də yoluxması ilə nəticələnə biləcəyi halda (hətta sadəcə bir ehtimala əsaslansa belə) QİÇS xəstəliyinə yoluxan həyat yoldaşının onunla cinsi əlaqədə olmasına icazə verməyə bilər. Hətta belə hallarda qadının cinsi əlaqədə olmaqdan imtina etməsi vacibdir.

Lakin prezervativ, yaxud digər qoruyucu vasitələrdən istifadə etməklə yoluxma ehtimalını diqqətə alınmayacaq dərəcədə (məsələn, 2%-ə kimi) azaltmaq mümkündürsə, cinsi əlaqədə ola bilər və hətta ehtiyata əsasən, bu halda ərinin onunla cinsi əlaqədə olmasına əngəl törətməsinə icazə verilmir.

Bu hökmlə QİÇS xəstəliyinin daşıyıcı olan qadınla nikahda olan kişilərlə bağlı hökm də aydınlığa qovuşur. Beləliklə, aqillərin önəm verdiyi dərəcədə ciddi bir yoluxma ehtimalı mövcud olduğu halda sağlam kişinin xəstəliyin daşıyıcısı olan həyat yoldaşı ilə cinsi əlaqədə olmasına icazə verilmir. Digər tərəfdən isə yoluxmanın qarşısının alınmasını təmin edən vasitələrdən (prezervativlərdən və s.) istifadənin mümkünlüyü istisna olmaqla, həyat yoldaşı qarşısında “cinsi əlaqədən dörd aydan artıq müddət ərzində imtina etməmə” vəzifəsi də qüvvədən düşmüş sayılır.

Məsələ 377. Ailədə tərəflərdən birinin QİÇS xəstəliyinin daşıyıcısı olduğu halda qarşı tərəfin (ər və ya arvadın) ayrılma tələbi ilə çıxış etməyə haqqı varmı?

Cavab: Elçilik, yaxud nikah əsnasında aldatma və ya yanıltma məqsədilə tərəflərdən biri özünü sağlam insan şəxs kimi təqdim edərsə və nikah anlaşması da hər iki tərəfin sağlamlığına əsaslanaraq baş tutarsa, vəziyyət aydınlaşdıqdan sonra aldadılan şəxs nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Kişi evləndiyi qadının sağlam olduğunu düşündüyü halda sadəcə qadının və onun vəlisinin sükut edərək xəstəliklə bağlı onu məlumatlandırmaması nəticəsində kişiyə nikahı pozmaq hüququ verilmir. Məqsədli şəkildə aldatma və ya yanıltmanın baş vermədiyi, yaxud xəstəliyin nikahdan sonra qazanıldığı halda isə sağlam ər xəstəliyin daşıyıcısı olan arvadını boşamaq hüququna malikdir.

Sağlam qadının cinsi əlaqədən məhrum olma kimi səbəblərlə QİÇS xəstəliyinin daşıyıcısı olan ərindən boşanmaq tələbinin haqlı sayılıb-sayılmamasına gəlincə, burada iki nəzər mövcuddur və istənilən halda ehtiyatın tələbinə riayət etmək lazımdır. Əlbəttə, əgər əri ondan tamamilə uzaqlaşaraq onu çıxılmaz vəziyyətdə qoymuşsa (qadın nə evli, nə də subay sayılmayaraq ailə və intim həyatından məhrum qalmışsa), ərini icbari tədbirlərlə iki seçim qarşısında qoyaraq ya boşanmağa, ya da həyat yoldaşı ilə birgə həyatına qayıtmağa məcbur etməsi üçün şəriət hakiminə müraciət edə bilər.

Məsələ 378. Ər QİÇS xəstəliyinin daşıyıcısı olduğu halda qadının boşanması ilə bağlı şəriətin hökmü nədən ibarətdir?

Cavab: Öncəki sualın cavabına müraciət edin.

Məsələ 379. QİÇS xəstəliyinin daşıyıcısı olan qadın abort etdirə bilərmi?

Cavab: Abort, xüsusilə də, ruhun rüşeymə daxil olmasından sonrakı mərhələdə yolverilməzdir. Lakin ana üçün ciddi təhlükə riski daşıdığı halda ruhun rüşeymə daxil olmasına qədər aborta icazə verilir.

Məsələ 380. QİÇS daşıyıcısı olan ananın yeni dünyaya gələn sağlam övladını böyütmək hüququna və onu öz südü (ağuz və ya yetkin süd ilə) qidalandırmasına şəriətin münasibəti necədir?

Cavab: Ananın övladına baxmaq, onu böyütmək hüququ qorunur. Lakin süd vəzilərindən birbaşa əmizdirmə yolu ilə xəstəliyin keçmə ehtimalının (ciddi ehtimalın) mövcud olduğu halda yoluxmanın qarşısını almaq üçün lazımı tədbirlərin görülməsi labüddür.

Məsələ 381. QİÇS-i ölüm xəstəliyi adlandırmaq olarmı?

Cavab: Uzun sürən xəstəliklərdən olduğundan bu xəstəliyin yalnız ölümdən bilavasitə öncəki iztirablar, immun sisteminin tamamilə zəifləməsi və ölümcül nevroloji simptomların üzə çıxması ilə müşayiət olunan son mərhələsini ölüm xəstəliyi hesab etmək olar.

Məsələ 382. Həkimə QİÇS xəstəliyinə yoluxan xəstəsinin vəziyyəti ilə maraqlanan şəxsləri, o cümlədən həyat yoldaşını onun bu xəstəliyin daşıyıcısı olması ilə bağlı məlumatlandırması doğrudurmu, yaxud vacibdirmi?

Cavab: Xəstə və ya onun vəlisinin icazəsi ilə məlumatlandıra bilər. Xəstənin həyatının xilas edilməsi, yaxud hətta bir qədər daha artıq yaşaması belə buna bağlı olarsa, onun vəziyyəti ilə bağlı yaxınlarını məlumatlandırması vacibdir. Həmçinin, onları məlumatlandırmadığı halda bu, yoluxmadan qorunmaq üçün zəruri ehtiyat tədbirlərini həyata keçirməyəcəklərinə görə onların da xəstəliyin daşıyıcısına çevrilməsinə səbəb olacaqsa, bu halda da həmin şəxslərin məlumatlandırılması vacibdir. Allah (hər şeyi) biləndir.

Məsələ 383. Müsəlman kişi yoluxucu QİÇS xəstəliyinin daşıyıcısı olduğunu bildiyi halda həyat yoldaşı ilə cinsi əlaqədə ola bilərmi və onu bununla bağlı məlumatlandırması vacibdirmi?

Cavab: Əgər cinsi əlaqə yolu ilə xəstəliyin keçəcəyinə əmindirsə, yaxud yoluxma ilə bağlı ciddi bir ehtimal mövcuddursa, cinsi əlaqəyə heç bir vəchlə icazə verilmir.


[146] Eftanaziya - koma, beyin ölümü və ya ağır xəstəlikdən əziyyət çəkən pasientin süni nəfəs aparatından ayrılması, yaxud müalicəsinin dayandırılması ilə həyatdan məhrum edilməsi nəticələnən tibbi prosedurdur. Bir sıra ölkələrdə qanunvericliklə qadağan edildiyi halda, xüsusən son dövrlərdə bəzi ölkələrdə də icasına icazə verilmişdir.

YEDDİNCİ FƏSİL: AİLƏ HƏYATI VƏ NİKAH → ← BEŞİNCİ FƏSİL: İCTİMAİ ƏLAQƏLƏR VƏ SOSİAL MÜNASİBƏTLƏR
العربية فارسی اردو English Azərbaycan Türkçe Français