ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » QƏRB ÖLKƏLƏRİNDƏ MƏSKUNLAŞANLAR ÜÇÜN FİQH TƏLİMİ

ALTINCI FƏSİL: SƏHİYYƏ VƏ TİBB → ← DÖRDÜNCÜ FƏSİL: BİZNES VƏ SƏRMAYƏ

BEŞİNCİ FƏSİL: İCTİMAİ ƏLAQƏLƏR VƏ SOSİAL MÜNASİBƏTLƏR

Hər bir cəmiyyətin özünəməxsus bir ictimai mühiti, adət-ənənələri və dəyərləri vardır. Bu baxımdan müsəlmanların mühacirət etdiyi ölkələrdəki ictimai mühitin, adət-ənənələrin və dəyərlərin müsəlman cəmiyyətlərində mövcud olan ictimai mühit və dəyərlərdən fərqlənməsi təbii bir haldır və mühacirət həyatı yaşayan müsəlmanları davamlı olaraq orada nələrin şəriət tərəfindən məqbul hesab edilib, nələrin edilmədiyi sualı ilə qarşı-qarşıya qoyur. Çünki o yeni qatıldığı, doğulub boya-başa çatdığı doğma cəmiyyətindəki ictimai dəyərlərdən fərqlənən dəyərlərin hökm sördüyü bir cəmiyyətdə yaşamalı olacağını anlayır. Digər tərəfdən isə belə fərqli mühitlərdə yaşam müsəlman cəmiyyətindən oraya mühacirət edənləri özlərinin, ailələrinin və gələcək nəsillərinin assimilyasiyaya məruz qalmasına qarşı müqavimət zərurəti ilə üz-üzə qoyur ki, bu da öz növbəsində onlardan özlərini və övladlarını həmin mühitlərin mənfi təsirlərindən qorumaq üçün səylərini artırmalarını tələb edir.

Bütün bunları nəzərə alaraq mövzü ilə əlaqədar bir sıra şəriət hökmlərini xatırlatmağı məqsədəuyğun hesab edirik:

Məsələ 294. Qohumlarla sıx əlaqə saxlamaq müsəlmana vacib, qohumluq əlaqələrini kəsmək isə böyük günahdır. Beləliklə, sözügedən əlaqələrin qurulması və qorunub-saxlanılmasının vacib, bu əlaqələrə son verilməsinin isə Allahın (c.c.) cəhənnəm odu ilə cəzalandıracağını vəd etdiyi böyük günahlardan olduğu nəzərə alındıqda bu münasibətlərin önəminin qürbətdə daha da artdığı, qardaşların (dindaşların) daha az yaşadığı, ailələrin bir-birindən ayrı düşdüyü, mənəvi dəyərlərin arxa plana keçdiyi və maddi dəyərlərin (dünyəvi qayğıların) ön plana çıxdığı ölkələrdə sosial məsələlərdə prioritet kəsb etməli olduğu aydınlaşır.

Uca Allah da qohumlarla əlaqələrin kəsilməsini qadağan edərək dəyərli kitabında buyurur: “Əgər (Muhəmməd əleyhissəlamdan) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və (Cahiliyyət dövründə olduğu kimi) qoumluq tellərini qırmaq gözlənilməzmi?! Onlar (münafiqlər, fitnə-fəsad törədənlər) Allahın lənət elədiyi (qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir!”[65]

İmam Əli (ə) isə belə buyurur: “Bəzən bir ailənin üzvləri mənəviyyatdan yoxsul insanlar olsalar da, bir arada yaşadıqlarına, bir-birlərinə qarşı xeyirxah olduqlarına görə uca Allah onlara ruzi bəxş edir. Başqa bir ailənin üzvləri isə təqvalı olmağa çalışsalar da, bir-birlərindən uzaqlaşdıqlarına, əlaqələrini kəsdiklərinə görə Allah (c.c.) ruzisini onlardan əsirgəyir”.[66]

İmam Baqirdən (ə) nəql olunan bir hədisdə isə belə oxuyuruq: “Əlinin (ə) kitabında göstərilmişdir ki, üç xislətə sahib olan şəxslər onların nəticəsini görməyincə dünyadan köçməyəcəklər: zülm (haqsızlıq), qohumlarla əlaqəni kəsmək və yalan and (şahidlik). Belə şəxslər sanki Allahla mübarizəyə qalxmışlar. İbadətlər arasında ən tez mükafatlandırılanı qohumlarla sıx əlaqələrin bərpasıdır. Bəzən mənəviyyatdan yoxsul insanlar belə bir-biri ilə sıx və səmimi əlaqələr qurduqlarına görə zəngin insanlara çevrilirlər. Yalan andlar və əlaqələrin kəsilməsi isə məmləkətləri sakinsiz xarabalığa çevirir”.[67]

Məsələ 295. Qohumlarla əlaqəni kəsmək haramdır, hətta həmin qohum özü daha öncə münasibətlərə son versə də, namaz qılmasa da, şərab içsə də, hicab kimi İslamın bəzi hökmlərinə qarşı laqeydlik nümayiş etdirsə də, hətta xeyirxahcasına nəsihət və tənbeh cəhdləri belə ona təsir etməsə də. Yalnız bu şərtlə ki, onunla münasibətlərin bərpası haram (qəbahətli və günah) işlərinə dəstək və təşviq xarakteri daşımamalıdır.

Sevimli peyğəmbərimiz Həzrət Məhəmməd (s) buyurur: “Ən üstün fəzilətlər (ali mənəvi keyfiyyətlər) insanın onunla əlaqəsini kəsən qohumu ilə əlaqə saxlaması, onu məhrum edən şəxsdən əlindəkini əsirgəməməsi və ona qarşı haqsızlıq edəni bağışlamasıdır”.[68]

Başqa bir hədisdə isə belə buyurduğunu oxuyuruq: “Qohumlarınla əlaqəni kəsmə, hətta onlar sənin münasibətlərinə son versələr də”.[69]

Məsələ 296. Müsəlmanın qohumlarla sıx əlaqələrin bərpası üçün görə biləcəyi ən sadə iş onlarla imkan daxilində görüşmək, onları ziyarət etmək, yaxud uzaqdan da olsa belə hal-əhval tutmaq, vəziyyətlərindən xəbərdar olmaqdır.

Əziz peyğəmbərimiz (s) buyurur: “Mükafatı ən tez verilən xeyirli əməl qohumlarla əlaqə saxlamaqdır”.[70]

Möminlərin əmiri (ə) isə buyurur: “Qohumlarınızla heç olmazsa salamlaşmaqla (hal-əhval tutmaqla) əlaqə saxlayın. Uca Allah: “... (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!”[71]
– deyə buyurmuşdur”.[72]

İmam Sadiqdən (ə) nəql olunan hədisdə isə belə oxuyuruq: “Qohumlarla əlaqə saxlamaq və xeyirxah işlər sorğu-sualı (qiyamət gününün sınağını) asanlaşdırır və insanı günahlardan qoruyur. Ona görə də qohumlarınızla əlaqə saxlayın və qardaşlarınıza (dindaşlarınıza) qarşı xeyirxahlıq göstərin, hətta səmimi bir salamla, yaxud salama verilən cavabla olsa belə”.[73]

Məsələ 297. Qan bağı olan insanlarla əlaqəni kəsməyin ən xoşagəlməz halı uca Allahın barələrində xeyirxahlıqla davranmağı əmr etdiyi valideynlərin üzünə ağ olmaqdır. Ən dəyərli kəlamın sahibi buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi səin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” – belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!”[74]

İmam (ə) buyurur: “Valideynin üzünə ağ olmağın ən yüngül örnəyi onlara “uf!” deməkdir (nəsihətlərini dinləməkdən, yaxud onlara qulluq etməkdən bezdiyini izhar etməkdir). Əgər Allah (c.c.) bundan daha yüngül bir hal tanısaydı, ondan da çəkindirərdi”.[75]

İmam Baqir (ə) belə nəql edir: “Bir dəfə atam birlikdə hərəkət edən ata ilə oğul görmüş, oğulun atasına söykəndiyini müşahidə etdikdə ona necə acığı tutmuşdusa, ömrünün sonunadək həmin adamla söhbət etməmişdi”.[76]

İmam Sadiq (ə) isə belə buyurur: “Kim valideynlərinə qəzəbli baxışlarla baxarsa, hətta ona qarşı haqsızlıq etmiş olsalar belə, Allah onun (övladın) namazını qəbul etməz”. Bu mövzu ilə bağlı hədislər saysız-hesabsızdır.[77]

Məsələ 298. Valideynlərə qarşı xeyirxahlıq isə insanı Allaha yaxınlaşdıran ən dəyərli əməllərdəndir. Ən ali kəlamın sahibi (c.c.) buyurur: “Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de”.[78]

İbrahim ibn Şüeyb adlı bir müasiri nəql edir ki, bir gün İmam Sadiqə (ə) dedim: “Atam qocalaraq tamamilə əldən-ayaqdan düşüb, ayaq yoluna belə onu biz çiynimizdə aparırıq”. Həzrət (ə) buyurdu: “Gücün yetdikcə bundan (ona qulluq etməkdən) imtina etmə və onu öz əllərinlə yedizdir. Çünki bu əməlin sabah sənin üçün bəlalar, əzablar qarşısında qalxana çevriləcəkdir”.[79]

Bəzi hədisi-şəriflərdə övlad-ana münasibətlərinin övlad-ata münasibətlərindən daha önəmli olduğu vurğulanmışdır. O cümlədən, İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq ki, bir səhabəsi Allahın elçisinin (s) yanına gələrək kimə yaxşılıq etməli olduğunu soruşur. Peyğəmbər (s): “Anana” – deyə cavab verir. Həmin şəxs: “Sonra kimə?” – deyə soruşur, Allahın elçisi (s) isə öz növbəsində cavabını bir daha təkrarlayır. Səhabə üçüncü dəfə eyni sualla müraciət etdikdə sevimli Peyğəmbərimiz (s) yenə də: “Anana” – deyə cavab verir. “Daha sonra kimə?” – sualını bir daha təkrarlayan səhabəyə Allahın elçisi (s) yalnız dördüncü dəfə: “Atana” – cavabını verir”.[80]

Məsələ 299. Bəzi hədislərdə göstərilir ki, böyük qardaş kiçik qardaş(lar)ına qarşı bir sıra məsuliyyətləri daşıyır. O, kiçik qardaşını qorumalı, ona qarşı qayğıkeş olmalıdır ki, ailə daxilində birlik, bərabərlik, sevgi münasibətləri möhkəmlənsin, qarşıya çıxan müstəsna hallarda bağlılıq münasibətlərinin qorunub-saxlanması təmin edilsin. Həzrət Məhəmməd (s) buyurur: “Böyük qardaşın kiçik qardaş üzərindəki haqları atanın övladları üzərindəki haqlarına bərabərdir”.[81]

Məsələ 300. Uşağın vəlisindən (valideynindən, yaxud qəyyumundan) və ya onun izin verdiyi şəxsdən başqa kimsənin haram bir iş gördükdə, yaxud başqalarına zərər verdikdə tərbiyələndirmək məqsədilə onu vurmağa haqqı yoxdur. Yalnız azyaşlıların vəlilərinə, yaxud onların izin verdiyi şəxslərə və yalnız tərbiyələndirmək (xoşagəlməz hərəkətlərdən çəkindirmək) üçün başqa bir yol qalmadıqda tərbiyə tədbiri olaraq onları üç dəfədən artıq olmamaq şərtilə yüngülcə, dərisini qızartmayacaq şəkildə vurmağa icazə verilir. Gənc (yaşca böyük) qardaşa da azyaşlı (özündən kiçik) qardaşını onun vəlisi olduğu, yaxud vəlisinin izni əsasında hərəkət etdiyi hal istisna olmaqla tərbiyə tədbiri olaraq vurmağa icazə verilmir. Məktəblərdə müəllimlərin də vəlilərinin, yaxud onların təyin etdiyi şəxslərin icazəsi olmadan azyaşlı şagirdləri vurması qətiyyən yolverilməzdir.

Məsələ 301. Vacib ehtiyata əsasən, həddi-büluğa çatmış insanı vurmaq (tərbiyə tədbiri adı ilə) ümumiyyətlə yolverilməzdir.

Məsələ 302. Sevimli peyğəmbərimiz Həzrət Məhəmməd (s) bizi qocalara, yaşlılara hörmət bəsləməyə çağıraraq buyurmuşdur: “Kim bir ağsaqqal qocanın dəyərini bilərək ona yaşına (həyat təcrübələrinə) görə hörmət bəsləyərsə, Allah (c.c.) onu qiyamət gününün qorxulu sıxıntılarından uzaq tutar”.[82]
Başqa bir hədisində isə buyurmuşdur: “Uca Allaha sayğının örnəklərindən biri də ağsaqqal möminlərə hörmət bəsləməkdir”.[83]

Məsələ 303. İslam peyğəmbəri (s) və onun Əhli-beytindən (ə) nəql olunan çoxsaylı hədisi-şəriflərdə möminləri bir-birini ziyarət etməyə, mehriban dostluq münasibətləri qurmağa, bir-birinin qəlbini sevindirməyə, ehtiyaclarının aradan qaldırılması istiqamətində çalışmağa, xəstələrə baş çəkməyə, cənazələrin dəfnində iştirak etməyə, həm yaxşı, həm də pis günlərdə bir-birinin yanında olmağa çağıran təkidli tövsiyələrə rast gəlirik. O cümlədən, İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq: “Kim Allah yolunda (onun rizasını qazanmaq niyyətilə) qardaşını (dindaşını) ziyarət edərsə, Allah (c.c.) buyurar: “Sən sanki məni ziyarət etdin və mükafatını da mən verəcəyəm. Səni (bu əməlini) cənnətdən başqa bir mükafatla dəyərləndirməyə razı olmaram!”[84]
Müasirlərindən olan Xeysəməyə buyurduğu hədisində isə belə oxuyuruq: “Bizim dostlarımıza salam söylə və onları uca Allahın təqvalı bəndələri olmağa, zənginlərini yoxsullarına, güclülərini zəiflərinə qarşı qayğıkeş olmağa, sağ qalanlarını dünyadan köçənlərinin dəfnində iştirak etməyə, bir-birlərini evlərində ziyarət etməyə çağır”.[85]

Məsələ 304. Qonşuluq haqları da demək olar ki, qohumluq haqlarına bərabərdir və bu haqlar xüsusunda müsəlman qonşu ilə qeyri-müsəlman qonşu arasında fərq qoyulmamalıdır. Allahın elçisi (s) də müsəlman olmayan qonşular haqqında da bu haqları (mənəvi məsuliyyətləri) təsdiqləmiş, önəmini vurğulamışdır: “Qonşular üç qismə bölünür. Onlardan bir qismi (qohum qonşular tərc.) sizin üzərinizdə üç növ haqq sahibidir – müsəlmanlıq (dindaşlıq), qonşuluq və qohumluq haqqı. İkinci qismi iki (qohum olmayan müsəlman qonşular tərc.) iki növ haqqa sahibdir – müsəlmanlıq və qonşuluq haqqı. Üçüncü qisim qonşuların, yəni kafirlərin isə üzərinizdə yalnız bir növ haqqı – qonşuluq haqqı vardır”.[86]
Sevimli peyğəmbərimiz (s) həmçinin, buyurur: “Qonşularınla xoş (mehriban) münasibətdə ol ki, mömin sayılasan”.[87]

Həzrət Əli (ə) də İbn Mülcəm tərəfindən sui-qəsdə məruz qaldıqdan sonra xəstə yatağında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyətində qonşuluq haqlarını xatırladaraq buyurmuşdu: “Sizi and verirəm Allaha! Sizi and verirəm Allaha! Qonşularınızı unutmayın, bu peyğəmbərinizin (s) vəsiyyətidir. O, qonşular barədə bizə o qədər önəmli tövsiyələr edərdi ki, onlara varislik haqqı da tanıyacağını zənn edərdik”.[88]

İmam Sadiq (ə) isə buyurur: “Qonşusunu incidən lənətlənmişlərin lənətlənmişidir!”[89]
Həmçinin, buyurur: “Qonşusu ilə mehriban qonşuluq münasibəti saxlamayan bizdən deyil”.[90]

Məsələ 305. Əməlisaleh möminlərin özəlliklərindən biri də uca Allahın öz dəyərli kitabında “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!”[91]
sözləri ilə vəsf etdiyi sevimli peyğəmbərimiz Həzrət Məhəmmədi (s) özünə örnək götürərək ali əxlaqi keyfiyyətlərə yiyələnməyə çalışmaqdır. Allahın elçisi (s) özü isə buyurur: “Qiyamət günü əməl tərəzisinə gözəl əxlaqdan daha dəyərli bir çəki daşı qoyulmayacaqdır”.[92]
Başqa bir hədisində isə “imanda ən üstün möminlər kimlərdir?” – deyə soruşulduqda belə buyurduğunu oxuyuruq: “Ən gözəl (ali) əxlaq sahibi olanlarınız”.[93]

Məsələ 306. O cümlədən, əməlisaleh möminlərin xislətlərindən biri də sözdə və əməldə dürüstlük və vədə sadiqlikdir. Allah (c.c.) peyğəmbərlərindən olan İsmaili (ə) təqdir edərkən buyurur: “O öz vədinə sadiq və (Bizim tərəfimizdən öz ümmətinə göndərilmiş) bir elçi, bir peyğəmbər idi”.[94]
Sevimli peyğəmbərimiz (s) buyurur: “Kim Allaha və axirət gününə inanırsa, vəd verdikdə vədinə əhdinə vəfa etsin”.[95]

Müsəlman olmayan insanların böyük əksəriyyətinin İslam barəsində mühakimələrinin müsəlmanların davranışlarına əsaslandığını anladıqda dürüstlük və vədə sadiqlik xislətlərinin önəmi daha da aydınlaşır. Belə ki, bir müsəlmanın öz dinini xoş əxlaqı ilə qeyri-müsəlmanlara gözəl təqdim etdiyi hallara da, əksinə xoşagəlməz xasiyyət və davranışları ilə mənfi şəkildə təqdim etdiyi hallara da sıx-sıx rast gəlirik.

Məsələ 307. Əməlisaleh həyat yoldaşının başlıca xüsusiyyətlərindən biri də öz həyat yoldaşını incitməməsi, onunla pis davranmaması, onu özündən uzaqlaşdırmamasıdır. Allahın elçisi (s) buyurmuşdu: “Hansı qadın həyat yoldaşını incidərsə, onun könlünü alaraq razılığını qazanmadıqca hətta hər gün oruc tutub, bütün gecələrini ibadətlə keçirsə, Allah yolunda saysız-hesabsız kölə azad edərək böyük bir sərvət xərcləsə belə, Allah (c.c.) onun namazını və heç bir yaxşı əməlini qəbul etməz və o, cəhənnəmə daxil olan ilk şəxs olacaqdır”. Sonra sözlərinə belə əlavə etmişdi: “Haqsızlıqla həyat yoldaşını incidən kişini də belə bir aqibət və cəza gözləyir”.[96]

Məsələ 308. Hər bir müsəlman müsəlman olmayanlar insanlarla tanış ola və dostluq əlaqələri qura bilər. Onların arasında səmimi münasibətlərin, dünyəvi problemlərinin həllində yardımlaşma və əməkdaşlığın olmasının heç bir zəzəri yoxdur. Uca Allah Qurani-Kərimdə buyurur: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!”[97]

Belə sədaqətli dostluqlar yetərincə öz bəhrəsini verərsə, müsəlman olmayan dostlarımızın, qonşularımızın, iş yoldaşlarımızın İslam dəyərləri və təlimləri ilə tanış olmasını, haqq dininə daha da yaxınlaşmasını təmin edə bilər. Sevimli peyğəmbərimiz (s) Həzrət Əliyə (s) tövsiyələrindən birində buyurur: “Allahın öz bəndələrindən birini sənin əlinlə doğru yola yönəltməsi məşriqdən məğribədək günəşin üzərinə nur saçdığı bütün varlıqların sənin ixtiyarına verilməsindən daha xeyirlidir”.[98]

Məsələ 309. Yəhudi və xristianlar kimi kitab əhlini, eləcə də kitab əhli olmayan kafirləri bayram günlərində, o cümlədən miladi təqvimlə yeni ilin başlanması, Həzrət İsanın miladı və pasxa bayramları münasibətilə təbrik etmək olar.

Məsələ 310. Mərufa əmr (yaxşılığa çağırış) və münkərdən nəhy (qəbahətli, günah işlərdən çəkindirmə) şərtləri çərçivəsində bütün kişi və qadın möminlərə vacib olan iki ibadətdir. Allah (sübhanəhu və təala) uca kitabında buyurur: “Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış kimsələrdir”.[99]
Qurani-Məcidin başqa bir ayəsində isə oxuyuruq: “Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər...”[100]

Sevimli peyğəmbərimiz Həzrət Məhəmməd (s) buyurur: “Ümmətim (bir-birlərini) yaxşı işlər görməyi əmr etdikcə, pis işləri yasaq etdikcə və xeyirli işlərdə yardımlaşdıqca xeyir içində olarlar. Bu işlərdən imtina etdikdə isə xeyir-bərəkət onlardan uzaqlaşar, bir-birlərinə qənim kəsilərlər və nə yer üzündə, nə də göydə onlara bir yardım edən tapılmaz”.[101]
Həmçinin, İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə də oxuyuruq ki, bir gün Allahın elçisi (s) səhabələrinə buyurur: “Qadınlarınızın mənəviyyatsızlaşdığı, gənclərinizin günah girdabında boğulduğu halda bir-birinizə yaxşı işlər görməyi əmr etmədiyiniz, pis əməlləri qadağan etmədiyiniz zaman halınız necə olacaq?!” Səhabələri soruşurlar: “Ey Allahın elçisi! Belə bir hal ilə qarşılaşacağıqmı?” Peyğəmbər (s) buyurur: “Bəli, hətta bundan daha acınacaqlı bir vəziyətlə üzləşəcəksiniz. Bir-birinizi pis əməllərə sövq edib, xeyirli işlərdən çəkindirdiyiniz bir dövr gəldikdə halınız necə olacaq?!” Səhabələri: “Bu vəziyyətlə də üzləşəcəyikmi, ey Allahın elçisi?” – deyə soruşduqda isə buyurur: “Şübhəsiz! Hətta bundan da pis bir durumla üz-üzə qalacaqsınız. Yaxşı işləri pis əməllər, pis əməlləri isə xeyirli işlər hesab edəcəyiniz gün halınız necə olacaq?!”[102]

Yaxşı işlərdən uzaqlaşan, pis işlərə meyl edən insanın öz ailə üzvləindən biri olduqda bu iki vacib vəzifə daha ciddi önəm kəsb edir. Bəzən insan ailə üzvlərindən birinin vacib əməllərin icrasında nöqsanlara yol verdiyini, düzgün qaydada dəstəmaz, təyəmmüm, yaxud qüsl almadığını, bədənini, yaxud libaslarını düzgün təmizləmədiyini, namazda surələri, yaxud vacib zikrləri düzgün oxumadığını, əmlakından, gəlirindən xüms və zəkat verməli olduğu halda dini rüsumlarını ödəmədiyini görür. Bəzən isə onlardan birinin bir sıra günahlara bulaşdığına, məsələn, istimna (onanizm, masturbasiya) ilə məşğul olduğuna, qumar oynadığına, haram musiqilərə qulaq asdığına, şərab içdiyinə, yeyilməsi haram olan ət məhsulları ilə qidalandığına, qul haqqı yediyinə, xəyanatkarlıq, yaxud oğurluq etməsi hallarına şahid olur. Bəzən isə ailəsinin qadın üzvlərindən birinin hicab geyinmədiyini, saçını lazımı qaydada örtmədiyini, yaxud qüsl və dəstəmaz alarkən dırnaqlarındakı boyanı təmizləmədiyini və ya ərindən başqası üçün ətirləndiyini, bir evdə yaşamaq kimi əsassız bəhanələrlə əmisi, dayısı, xalası, bibisi oğlanlarının, qaynının, yaxud ərinin dostlarının yanında hicaba riayət etmədiyini görür. Bəzi hallarda isə ailə üzvləri arasında yalan danışan, qeybət edən, başqasına qarşı haqsızlıq edən, israfçılığa yol verən, zalımlara yardım edən və qonşularını narahat edən insanlar tapılır və s.

Belə hallarla üzləşdikdə onları yaxşı işlərə sövq etmək, pis əməllərdən çəkindirmək, bu məqsədlə öncə birinci (hiss və jestlərlə pis əməllərə xoşagəlməz reaksiyanın ifadəsi) və ardınca ikinci mərhələdən (sözügedən reaksiyanın sözlərlə ifadəsi) başlamaq, yalnız bu mərhələlər fayda vermədikdə üçüncü mərhələyə baş vuraraq şəriət hakiminin izni ilə yüngüldən ağıra doğru əməli tədbirləri həyata keçirilmək lazımdır.[103]
Sözügedən şəxs, şəriətin hər hansı bir məsələ ilə bağlı hökmünü bilmədiyi halda isə vacibdir ki, bu hökm ona öyrədilsin və həmin hökmün icrasına təşviq edilsin.

Məsələ 311. Bütün insanlara qarşı tolerantlıq haqq dinimizin təkidlə tövsiyə etdiyi təqdirəlayiq məqamlardandır. Allahın elçisi (s) buyurur: “Rəbbim mənə fərizələrini (vacib ibadət və göstərişlərini) icra etməyi əmr etdiyi kimi, bütün insanlarla mülayim (tolerant münasibətlər əsasında) davranmağı əmr etmişdir”. Başqa bir hədisində isə buyurur: “Üç xislət vardır ki, onlar olmadan kimsənin əməli kamil sayılmaz: insanı Allaha qarşı üsyankarlıqdan (günahlardan) qoruyan təqva, insanlarla mülayim davranışı təmin edən əxlaq və nadanın cahilliyindən qorunmağa yardım edən həlimlik”.[104]

Tolerantlıq yalnız müsəlmanlar arasındakı münasibətlərlə məhdudlaşmayaraq, müsəlman olmayanlara qarşı davranışı da əhatə edir. Belə nəql olunur ki, Əmirəlmöminin Əli (ə) Kufə yolunda müsəlman olmayan bir şəxslə yol yoldaşı olur və yol ayırıcna çatdıqda həmin şəxs ondan ayrılaraq öz yoluna davam etmək istəyərkən Əli (ə) da onu bir neçə addım müşayiət edir. Həmin şəxs, “məgər siz Kufəyə getmirdiniz?” – deyə təəccüblə soruşduqda Möminlərin əmiri (ə) deyir: “Yoldaşlığın ən ali ədəb qaydalarından biri də budur ki, insan gərək həmsöhbətini, yoldaşını ondan ayrılarkən bir qədər müşayiət etsin, yola salsın. Peyğəmbərimiz (s) bizə belə əmr etmişdir”. Həmin şəxs bu nəzakətli davranışın nəticəsi olaraq müsəlman olmuşdu.[105]

Möminlərin əmirinin (ə) müsəlman olmayanlarla davranışı ilə bağlı ən maraqlı və təqdirəlayiq xatirələrdən biri də Şibi adlı ravinin nəql etdiyi rəvayətdir. Şibi deyir: “Günlərin bir günü Əli ibn Əbu Talib (r.ə.) bazara gəlir və zireh satan bir xristian satıcı ilə qarşılaşır. Zireh Əliyə (r.ə.) tanış gəlir və o, satıcıya zirehin ona məxsus olduğunu deyir və məsələnin aydınlaşdırılması üçün İslam şəriəti hakiminə (qaziyə) müraciət etməyi təklif edir. O zamanlar qazi vəzifəsini Şüreyh icra edirdi və onu Əli özü bu vəzifəyə təyin etmişdi. Qazinin yanına gəldikdə Şüreyh soruşur: “Ey Möminlərin əmiri, iddianız nədən ibarətdir?” Əli (r.ə.) deyir: “Bu, mənim bir müddət öncə oğurlanan zirehimdir”. Sonra Şüreyh üzünü xristian satıcıya tutaraq ona da eyni sualla müraciət edir. Xristian: “Əmirəlmöminini (ə) yalançı hesab etmirəm, ancaq zireh mənə məxsusdur”.

Şüreyh: “Əli, zireh onun əlindədir, iddianı sübut etmək üçün bir sübutun, şahidin varmı?”

Əli: “Etiraf edirəm ki, Şüreyh ədalət mühakiməsini düzgün qaydada aparır”.

Xristian: “Mənə gəlincə, təsdiq edirəm ki, bu peyğəmbərlərin mühakimə üsuludur. Əmir özü də hər bir fərd kimi qaziyə müraciət edir və qazisi onun əleyhinə hökm çıxarır. Ey Möminlərin əmiri, Tanrıya and içərək etiraf edirəm ki, bu sizin zirehinizdir. Mən siz qoşununuzla birgə hərəkət edərkən sizi izləmiş, bu zirehi də kül rəngli dəvənizdən düşərkən götürmüşdüm. Bu andan etibarən, iqrar edirəm ki, Allahdan başqa tanrı yoxdur və Məhəmməd onun elçisidir”.

Əli (r.ə.) isə öz növbəsində, “İslamı qəbul etdiyinə görə bu zirehi sənə hədiyyə edirəm” – demiş, üstəlik ona qiymətli bir at da bağışlamışdı. Əbu Zəkəriyyadan eşitdiyimə görə, həmin şəxs sonralar müşriklərlə savaşlarda da iştirak etmişdi”.[106]

Həmçinin, Həzrət Əlinin həyatı ilə bağlı (ə) indi nəql edəcəyimiz bir rəvayət hal-hazırda qərb dövlətlərində sosial təminat qanunvericiliyinin başlıca hüquqi prinsipini təşkil edən sosial ədalət və bərabərlik anlayışlarının İslam svilizasiyasındakı tarixinə işıq salır. Gördüyümüz kimi, o İslam dövlətinin tabeliyində yaşayan müsəlman və qeyri-müsəlman vətəndaşlar arasında fərq qoymur. Sözügedən rəvayətdə oxuyuruq: “Görmə qabiliyyətini itirən ahıl bir kişi insanlara əl açıb dilənirdi. Bu mənzərəyə şahid olan Möminlərin əmiri (ə) ətrafındakı insanlardan nə baş verdiyini soruşduqda ona həmin qocanın xristianlardan olduğunu söyləyirlər. Əli (ə) bu cavaba hiddətlənərək deyir: “Onun əmək qabiliyyətindən yararlandınız, qocalıb əmək qabiliyyətini itirdikdə isə özünüzdən uzaqlaşdırırsınız?! Beytülmaldan onun üçün də müavinət ayırmaq lazımdır”.[107]

İmam Sadiq (ə) də dəyərli kəlamlarından birində belə buyururdu: “Yəhudi ilə də həmsöhbət olsan, yoldaşlıq etsən, onunla xoş davranmalısan”.[108]

Məsələ 312. İnsanları barışdırmaq, fikir ayrılıqlarına son qoymaq, aralarında ülfət yaratmaq və düşmənçilik meyillərini aradan qaldırmaq üçün böyük savablar, ilahi mükafatlar nəzərdə tutulmuşdur. Bu əməllər insanların öz doğma diyarından, ailə üzvlərindən, tanışlarından və dostlarından uzaq olduqları qürbət eldə, təbii ki, daha böyük önəm kəsb edir. Möminlərin əmiri (ə) xaricilərdən olan İbn Mülcəm Muradi tərəfindən sui-qəsdə məruz qaldıqdan sonra ömrünün son anlarında oğlanları İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyətində buyururdu: “Sizə, bütün övladlarıma, ailə üzvlərimə və bu vəsiyyətnaməmi oxuyan hər bir kəsə təqvalı ömür sürməyi, işlərinizdə nizam-intizamlı olmağı və insanlar arasında sülh, barış yaratmağı vəsiyyət edirəm. Sizin bababından (Həzrət Məhəmməddən (s)): “İnsanlar arasında sülh və barışığı təmin etmək bütün ömür boyu qılınan namaz və tutulan oruclardan üstündür” – deyə buyurduğunu eşitmişəm”.[109]

Məsələ 313. Nəsihət, insanın mömin qardaşları üçün ilahi nemətlərin davamlı olmasını arzulaması, şərrin onlara toxunmasından ikrah hissi keçirməsi, onları xoşbəxtliyə, xeyir qazandıran, mənfəətlərinə olan işlərə doğru istiqamətləndirməsi Rəbbimizin (c.c.) sevdiyi, təqdirəlayiq əməllərdəndir. Nəsihət və xeyirxahlıq xüsusunda nəql olunan hədislər saysız-hesabsızdır. O cümlədən, Allahın elçisindən nəql olunan bir hədisdə oxuyuruq: “Qiyamət günü Allah dərgahında ən uca məqamın sahibi yer üzündə insanlara nəsihət və xeyirxahlıq üçün daha çox addım atan şəxs olacaqdır”.[110]

İmam Baqirin (ə) nəql etdiyi hədisdə isə sevimli Peyğəmbərimiz (s) belə buyurur: “Hər biriniz qardaşlarınıza (dindaşlarınıza) qarşı özünüzə olduğunuz qədər xeyirxah olmalısınız”.[111]

İmam Sadiq (ə) də kəlamlarında nəsihət və xeyirxahlığın önəmini vurğulamışdır: “Möminlərin bir-birlərinə qarşı vəzifələrindən biri də istər bir arada olduqda, istərsə bir-birindən uzaqda olduqda bir-birlərinə qarşı xoş niyyət və tövsiyələrini əsirgəməməkdir”.[112]
Başqa bir kəlamında isə belə buyurmuşdur: “Allah yolunda Onun bəndələrindən xeyirxahlığını və nəsihətlərini əsirgəmə! Çünki Onun qarşısına çıxacağın gün bundan daha üstün bir əməl tapmayacaqsan”.[113]

Məsələ 314. Müsəlmanların gizli qalmasını istədiyi işləri araşdıraraq ifşa etmək, onların sirlərindən agah olmağa və başqalarını da agah etməyə çalışmaq İslam şəriətində haram hesab olunur. Uca Allah dəyərli kitabında buyurur: “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın...”[114]

İmam Sadiqin (ə) müasirlərindən olan İshaq ibn Əmmar deyir: “Həzrət Sadiqdən(ə) Allhın elçisinin (s) belə buyurduğunu nəql etdiyini eşitdim: “Ey dildə İslamı qəbul etdikləri halda ixlaslı imanın qəlblərinə yol tapmadığı insanlar! Müsəlmanları məzəmmət etməyin, sirlərini faş etməyin, Kim onların sirlərini faş edərsə, Allah (c.c.) da onun eyiblərini, sirlərini ifşa edər və Allahın ifşa etdiyi insan hətta evində belə rüsvay olar”.[115]

Məsələ 315. Qeybət möminin yoxluğunda onu eyibli, qüsurlu göstərmək niyyətilə olub-olmamasından, sözügedən eybin onun, bədənində, əsil-nəsəbində, doğuluşunda, davranışında, danışığında, dindarlığında, məişət həyatında və s. olmasından asılı olmayaraq insanlar qarşısında ifşa edilməməli olan bu və ya digər bir eyiblə, qüsurla xatırlanmasıdır, istər eybi xatırladan bunu sözlə ifadə etsin, istərsə eybi göstərən hansısa bir işarə ilə.[116]

Allah (c.c.) da Qurani-Kərimdə bu əməli məzəmmət edərək onu tük ürpədən çirkin bir əməl kimi təsvir etmişdir: “... bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir)”.[117]

Allahın elçisi (s) isə belə buyurur: “Qebətdən həzər edin! Həqiqətən, o zinadan daha ağır bir günahdır. Çünki insanlar zina etdikdən sonra tövbə edərsə, Allah onları bağışlaya bilər, ancaq qeybət edən qeybətini etdiyi şəxs onu bağışlamayınca, günahı əfv edilməz”.[118]

Möminə başqa bir mömin qardaşının qeybətinə qulaq asmaq yaraşmaz. Əksinə, sevimli Peyğəmbərimizdən (s) və imamlarımızdan (ə) nəql olunan hədislərdən belə aydın olur ki, yanında qeybət edilən şəxs qeybətini eşitdiyini insanı müdafiə etməli, onun qeybətinin edilməsinə etirazını bildirməlidir. Əks təqdirdə Allah (sübhanəhu və təala) onu dünya da, axirətdə də alçaldar və o, qeybət edənlə eyni günahı qazanar.[119]

Məsələ 316. Qeybətdən söz düşərkən möminlərin yadına cəmiyyət həyatında sabitliyin qorunması məqsədilə İslamın haram buyurduğu və icraçılarını kəskin bir dillə qınadığı başqa bir əməl – söz gəzdirmək, dedi-qodu yaymaq düşür. Söz gəzdirmək insanlar arasında kin-küdurət yaratmaq, yaxud mövcud kin-küdurəti dərinləşdirmək məqsədilə onların bir-birləri barəsindəki sözlərini qarşı tərəfə çatdırmaqdan ibarətdir. Rəvayələrdən birində oxuyuruq ki, bir gün sevimli Peyğəmbərimiz (s) səhabələrinə müraciətlə soruşur: “Sizə aranızdakı ən şər xislətli insanların kim olduğunu açıqlayımmı?” Onlar bir ağızdan: “Bəli, ey Allahın elçisi!” – deyə cavab verdikdə isə buyurur: “İnsanlar arasında gəzərək dedi-qodu yayanlar, dostları bir-birindən ayıranlardır”.[120]

İmam Baqir (ə) buyururdu: “Cənnət qeybət edərək insanlar arasında söz gəzdirənlərə haramdır”.[121]

Buna bənzər başqa bir hədisdə isə İmam Sadiqin (ə) belə buyurduğunu oxuyuruq: “Qaniçən qatillər, əyyaşlar və ara vuranlar cənnətə həsrət qalacaqlar”.[122]

Məsələ 317. Rəbbimiz bizi sui-zəndən, yəni bədgümanlıqdan da çəkindirmişdir. O, Qurani-Kərimdə buyurur: “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır”.[123]

Qurani-Məcidin bu dəyərli ayəsinə əsasən, möminə iman qardaşı haqqında tutarlı bir dəlil olmadan bədgümanlığa qapılmaq, xoşagəlməz şeylər düşünmək olmaz. Qəlblər yalnız Allaha (c.c.) məlumdur və möminin hərəkətlərini (şübhəyə düşdüyümüz məqamlarda) yaxşıya yozmaq mümkün olduğu halda əksi isbat olunanadək məsələyə yaxşı tərəfindən baxmalıyıq.

Həzrət Əli (ə) buyurur: “Əksini düşünməyə tutarlı bir səbəbin olmadıqca mömin qardaşının əməlini yaxşıya yoz (ona haqq qazandır). Onun ağzından çıxan hər bir sözü xeyirə yozmaq (doğru hesab etmək) mümkün olduğu halda bədgümanlığa (pis düşüncələrə) qapılma”.[124]

Məsələ 318. İsrafçılıq və malını sağa-sola, dəyərsiz yerlərə xərcləmək də Allahın pislədiyi əməllərdəndir. Ən uca kəlamın sahibi (c.c.) buyurur: “...Yeyin-için, lakin israf etməyin, Çünki (Allah) israf edənləri sevməz!”[125]

Qurani-Kərimin başqa bir ayəsində isə buyurulur: “Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşılarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!”[126]

İmam Əlinin (ə) Ziyad adlı bir müasirinə israfçılığı məzəmmət mövzusunda yazdığı məktubunda oxuyuruq: “Qənaətcilliklə israfdan uzaq ol, hər gün sabahını (aqibətini) düşün, var-dövlətindən özünə yalnız ehtiyacın olan qədərini saxla, artığını isə nöhtac olacağın gün (qiyamət günü) üçün azuqə olaraq yolla. Allahın nəzərində təkəbbürlülərdən olduğun halda Onun səni təvazökarlar kimi mükafatlandıracağınamı ümid edirsən?! Naz-nemət içində üzməyinə rəğmən, əlindəkiləri zəiflərdən, dul qadınlardan əsirgədiyin halda sədəqə verənlərin mükafatlarınamı tamah salırsan?! Həqiqətən, Adəm övladı yalnız öncədən özü üçün hazırlayıb göndərdikləri əsasında mükafatlandırılacaqdır”.[127]

Məsələ 319. Allah yolunda xərcləmək. Rəbbimiz dəyərli kitabında bizi qazancımızdan və əmlakımızdan bir hissəsini Onun yolunda sərf etməyə təşviq edərək bu əməli kasad olmayacaq bir ticarət (savab) adlandırmışdır. Allah (c.c.) buyurur: “Allahın kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət (savab) umarlar ki, (Allah) onlara (əməllərinin) mükafatlarını versin və Öz lütfündən (kərəmindən) onlara artırsın! Həqiqətən, (Allah) bağışlayandır, qədirbiləndir! (Bəndələrinə Ona etdikləri şükr müqabilində bol nemət əta edər)”.[128]

Başqa bir surədə isə Rəbbimizin (c.c.) belə buyurduğunu oxuyuruq: “Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat artırsın?! Onu həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir! O gün mömin kişilərin və qadınların (səmimi etiqadları və dünyada etdikləri yaxşı əməllər müqabilində nail olduqları iman) nurunun onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını (qıl körpüsü üstündə onlara yol göstərdiyini) görəcəksən. (Mələklər onlara deyəcəklər:) “Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!” Bu böyük qurtuluşdur (uğurdur)!”[129]

Üçüncü ayədə isə Allah (c.c.) əcəl bizi haqlamamış Onun yolunda xərcləmək fürsətindən yararlanmaq üçün tələsməli olduğumuzu xatırladır: “Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım!” – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin. Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!”[130]

Bununla yanaşı Allah (sübhanəhu və təala) var-dövlət yığaraq özlərinə xəzinə toplayan və Allah yolunda xərcləməyənlərin aqibətini aydınlaşdırmış, onları qorxulu bir əzabın gözlədiyini bəyan etmişdir. Rəbbimiz (c.c.) Qurani-Məciddə buyurur: “(Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu sizin özünüz üçün yığıb saxladığınız sərvətdir. Di dadın yığdığınızı (mal-dövlətinizin əzabını, acısını)” – (deyiləcəkdir)”[131]

İslamın təməllərini öz nümunəvi həyat yolu ilə təcəssüm etdirən Möminlərin əmiri Əli (ə) də bu fani dünyada qazandığı nemətləri Allah yolunda xərcləyərək zahidlik həyatını tərcih etmiş, müsəlmanların beytülmalı onun ixtiyarında olduğu günlərdə (xəlifəliyi dövründə) də dünya həyatının ehtişamına könül verməmişdir. Özü bununla bağlı buyururdu: “Mən istəsəydim, xalis bal, əla növ buğda ilə bəslənər, ipəkdən libaslar geyinərdim. Ancaq Hicazda və ya Yəmamədə bir kəsin ac yataraq bir tikə çörəyə həsrət qalmış olduğu halda, əsla nəfsim (ehtiraslarım) mənə qalib gələrək növbənöv təamlarla bəslənməyə, yaxud ətrafımda ac qarınlar, susuzluqdan yanan ciyərlər olduğu halda məni tox yatmağa, başqa sözlə şairin “sənin tox yatdığın halda ətrafında bir tikə çörəyə həsrət mədələrin olmasından daha böyük bir dərd, bəla ola bilərmi?!” – sözlərinin örnəyinə çevrilməyə sövq edə bilməz”.[132]

İslam Peyğəmbərindən (s) və eləcə də imamlarımızdan (ə) nəql olunan bir sıra hədislər malından Allah yolunda xərcləyənlərin onları gözləyən ən dəyərli axirət mükafatı ilə yanaşı sözügedən əməlin bu dünyada da bir sıra nəticə və mənfəətlərinə şahid olacaqlarını açıq şəkildə bəyan edir. Belə nəticələrdən biri ruzi bolluğudur. Allahın elçisi (s) buyurur: “Sədəqələrinizlə göydən özünüzə ruzi yağdırın”.[133]

Başqa bir nəticə isə xəstəliklərdən qurtulmaq, şəfa tapmaqdır. Peyğəmbərimiz (s) buyurardı: “Xəstələrinizi sədəqə sayəsində sağaldın”.[134]

Digər bir mükafat isə ömrün uzun olmasından və xoşagəlməz ölümdən uzaq olmaqdan ibarətdir. İmam Baqirdən (ə) nəql olunan bir hədisdə bununla bağlı oxuyuruq: “Yaxşılıq və sədəqə yoxsulluğu insandan uzaqlaşdırır, ömrünü uzadır və onu yetmiş növ xoşagəlməz ölümdən qoruyur”.[135]

Allah yolunda xərcləməyin faydalarından biri də borcların qaytarılmasına zəmin yaratması və bərəkət gətirməsidir. Eynilə İmam Sadiqin (ə) buyurduğu kimi: “Sədəqə borcları qaytarmağa və xeyir-bərəkətin yaranmasına səbəb olur”.[136]

Sədəqə verənin dünya həyatında qazandığı faydalardan biri də övladının xoşbəxt gələcəyinin təmin olunmasıdır. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq: “Hansı bəndə dünya həyatında gözəl sədəqə əməlini əsirgəməmişdirsə, Allah (c.c.) da onun övladının xoşbəxt gələcəyini təmin etmişdir”.[137]
İmam Baqir (ə) isə belə buyurur: “Mənə görə, bir müsəlman ailəsinə himayədarlıq etmək, qarınlarını doyurmaq, geyimlə təmin etmək, insanlara əl açmalarına imkan verməmək dəfələrlə, onlarla dəfə, hətta yetmiş dəfə həcc ziyarətinə yollanmaqdan daha təqdirəlayiqdir”.[138]

Allah yolunda xərcləmək təfərrüatlarını bu müxtəsər risaləyə sığışdıra bilməyəcəyimiz geniş bir mövzudur.[139]

Məsələ 320. Allahın elçisi (s) ailə başçılarını öz ailəsinin üzvlərini onlara aldıqları hədiyyələrlə sevindirməyə təşviq edərdi. İbn Abbas onun belə buyurduğunu nəql edir: “Bazara yollanaraq hədiyyə alıb onu öz əlləri ilə ailə üzvlərinə aparan şəxs möhtaclara sədəqə (yardım) daşıyan şəxs kimidir”.[140]

Məsələ 321. İslam şəriətinin önəmini təkidlə vurğuladığı məqamlardan biri də müsəlmanların problemlərinə diqqət ayırmaqdır. İslam Peyğəmbərinin (s) buyurduğu kimi, sabah açıldıqda müsəlmanların qayğısı ilə yuxudan oyanmayan şəxs müsəlman deyil.[141]
Allahın elçisi (s) belə buyururdu: “Kim yeni günə başlayarkən müsəlmanların problemlərini düşünməzsə (onları həll etməyə çalışmazsa), onlardan sayılmaz”.[142]
Bu məsələ ilə bağlı çoxsaylı hədislər mövcuddur ki, burada onların hamısını xatırlatmaq imkanlarımız çərçivəsində deyil.[143]

İndi isə ictimai əlaqələr (sosial münasibətlər) mövzusu ilə əlaqədar Həzrət Ayətullah əl-uzma Sistaniyə ünvanlanan bir sıra suallar və onların cavabları ilə tanış olaq:

Məsələ 322. Qeyri-müsəlmanların, məsələn müsəlman olmayan qonşuların cənazəsini müşayiət edərək dəfnində iştirak etmək olarmı?

Cavab: Dünyasını dəyişən şəxsin özü, yaxud yaxınları İslama və müsəlmanlara düşmən mövqeyi ilə tanınan insanlar olmadığı halda dəfn mərasimində iştirak etməyin eybi yoxdur. Lakin daha yaxşı olar ki, müşayiət zamanı cənazənin önündə deyil, arxasınca hərəkət etsinlər.

Məsələ 323. Müsəlman olmayan qonşu, biznes partnyoru, yaxud başqa bir şəxslə şəmimi dostluq münasibətləri qurmaq olarmı?

Cavab: Əgər sözdə və hərəkətlərində İslam və müsəlmanlara qarşı düşmənçilik meyilləri izhar etməzsə, ona qarşı dostluq və sevginin təzahürü olan yaxşılıq və xeyirxahlıqla davranmaq olar. Uca Allah buyurur: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!”[144]

Məsələ 324. Kitab əhli olan öncəki səmavi dinlərin nümayəndələri və hər hansı bir müqəddəs kitaba inancı olmayan kafirlər məscidlərə və müsəlmanların ibadət məkanlarına girə bilərlərmi və onlara giriş izni verildiyi halda hicaba riayət etməyən qadınları içəri girərkən hicab geyinməyə məcbur etməliyikmi?

Cavab: Ehtiyata əsasən, onlar məscidlərə daxil ola bilməzlər. Lakin digər ibadət məkanlarına giriş sərbəstdir. Hicabdan imtina etmək müqəddəs məkana qarşı hörmətsizlik kimi anlaşıldığı halda qadınlar ona riayət etməyə borcludurlar.

Məsələ 325. Yəhudi, xristian, yaxud hər hansı bir dinə etiqad bəsləməyən qonşulara narahatçılıq törədəcək hərəkətlərə yol vermək olarmı?

Cavab: Bbelə bir hərəkətə haqq qazandıracaq tutarlı bir səbəb olmadan etiqadından asılı olmayaraq qonşuları incitmək olmaz.

Məsələ 326. Kitab əhli olan və olmayan kafir yoxsullara sədəqə vermək olarmı və sədəqə verən bu əməlinə görə savab qazanırmı?

Cavab: Haqqa və haqq yolunun ardıcıllarına düşmənçilik hissi bəsləməyən istənilən yoxsula sədəqə vermək olar və sədəqə verən bu əməlinə görə Rəbbi tərəfindən mükafatlandırılacaqdır.

Məsələ 327. Təsirli olacağını ehtimal etdiyimiz, habelə hər hansı bir xoşagəlməz halla nəticələnməyəcəyinə əmin olduğumuz hallarda Əhli-beyt (ə) ardıcıllarından (imamiyyə məzhəbindən) olmayanları, yaxud kitab əhli sayılan digər səmavi dinlərin ardıcıllarını da yaxşı əməllərə sövq edərək pis işlərdən çəkindirmək vacibdirmi?

Cavab: Vacib olması üçün zəmin hesab edilən digər şərtlər də nəzərə alınmaqla onları da yaxşı işlərə sövq etmək və pis əməllərdən çəkindirmək vacibdir. Həmin şərtlərdən biri də onların münkər (pis) işlərlə məşğul olması, yaxud məruf (yaxşı) işlərin icrasından imtinasının üzürlü hal qismindən olmaması, o cümlədən həmin şəxslərin müqəssir cahil olmaması şərtidir ki, bu halda öncə onlara doğru olanı başa salmaq, başa düşdükdən sonra əməl etmək niyyətində olmadığını gördükdə isə əmr (yaxşı işlərə sövq) və nəhy (pis əməllərdən çəkindirmə) tədbirlərini (mərhələlərin ardıcıllığına riayət etməklə) həyata keçirmək lazımdır. Münkər iş yer üzündə fəsad törətmək, nahaq insan qanı axıtmaq kimi ümumiyyətlə Allahın gerçəkləşməsini yolverilməz hesab etdiyi günahlar qismindən olduğu halda isə qarşısının alınması labüddür, hətta münkər işi icra edən qasir cahil[145]
olsa belə.

Məsələ 328. Avropada bəzi məktəblərdə hansısa bir dinə etiqad bəsləməyən, şagirdlərin önündə Allahın varlığını inkar edən bir sıra müəllimlər də tədris fəaliyyəti ilə məşğul olur. Müsəlman şagirdlərin belə məktəblərdə təhsilinə davam etməsi doğrudurmu? Nəzərə almaq lazımdır ki, müəllimlərinin onların düşüncələrinə təsiri olduqca güclüdür.

Cavab: Bu yolverilməzdir və bununla bağlı bütün məsuliyyət şagirdlərin vəlilərinin (valideynlərinin, yaxud qəyyumlarının) üzərinə düşür.

Məsələ 329. Oğlanlar və qızlar orta təhsil müəssisələrində birgə təhsil ala bilərlərmi? Nəzərə almaq lazımdır ki, belə birgə təhsil mühiti gec-tez onları hansısa günaha, ən azından haram hesab edilən baxışa (naməhrəmə şəhvət hissi ilə baxmağa) sürükləyəcəkdir.

Cavab: Göstərilən halda birgə təhsil doğru deyil.

Məsələ 330. Müsəlman kişilər ümumi (kişi və qadınların birgə istifadə etdiyi) hovuz xidmətlərindən istifadə edə bilərlərmi? Özəlliklə nəzərə almaq lazımdır ki, həmin hovuzların xidmətindən istifadə edən qadınlar İslam şəriətində əxlaq normaları hesab edilən geyim və davranış qaydalarına qarşı o qədər etinasızdırlar ki, hətta onlara bununla bağlı edilən xatırlatmalara belə məhəl qoymurlar.

Cavab: Geyim normalarına riayət etməyən və bu xüsusda qadağa və xəbərdarlıqlara da məhəl qoymayan qadınlara şəhvani həzz duyğusu olmadan baxmağa icazə verilməsinə baxmayaraq, ehtiyata əsasən, belə məkanlara üz tutmaq ümumiyyətlə doğru yolverilməzdir.

Məsələ 331. Qərb ölkələrində məskunlaşan müsəlmanlar hicablı qızlarını icbari orta təhsil, yaxud digər növ təhsil (texniki peşə təhsili və s.) almaq üçün oğlanlarla qızların birgə təhsil aldığı təhsil müəssisələrinə göndərə bilərmi? Nəzərə almaq lazımdır ki, yalnız qızların təhsil aldığı təhsil müəssiləri də vardır. Lakin həmin məktəblər yüksək təhsil haqqı tələb edir, yaxud onların yaşayış yerlərindən kifayət qədər uzaqdır və ya orada təhsilin səviyyəsi daha aşağıdır.

Cavab: Valideynlər övladlarını əksər hallarda müşahidə etdiyimiz kimi şagirdlərin dini inanclarını və dinlərinə bağlılıqlarını itirməklə yanaşı onların əxlağina da mənfi təsir edən belə məktəblərə göndərməməlidirlər.

Məsələ 332. Əcnəbi universitetlərdə müsəlman gənclərlə birlikdə təhsil alan gənc qızlar onlarla birgə əyləncə, elmi və s. xarakterli gəzintilərdə iştirak edə bilərlərmi?

Cavab: Yalnız haramdan (günaha düşməkdən) qorunacaqlarına əmin olduqları halda iştirak edə bilərlər.

Məsələ 333. Küçədə qarşılaşdığımız real romantik səhnələrə baxmaq günahdırmı?

Cavab: Şəhvani həzz hisslərinin müşayiəti ilə belə bir səhnəyə tamaşa etmək olmaz. Hətta ehtiyata əsasən, ümumiyyətlə belə səhnələrə baxmamalısınız.

Məsələ 334. Həm kişi, həm də qadınların baş çəkdiyi kinoteatrlara və şəriət tərəfindən məqbul hesab edilməyən digər əyləncə məkanlarına getmək olarmı? Nəzərə almaq lazımdır ki, həmin məkanlarda harama (günaha) yol verməyəcəyimizə əmin deyilik.

Cavab: Olmaz.

Məsələ 335. Kişi və qadınların birgə istifadə etdiyi hovuzlarda şəhvani həzz almaq niyyəti olmadan üzmək olarmı?

Cavab: Ehtiyata əsasən, əxlaqi fəsadın baş alıb getdiyi məkanlara üz tutmaq ümumiyyətlə yolverilməzdir.

Məsələ 336. Havanın isti olduğu günlərdə dincəlmək üçün dəniz sahili və parklara baş çəkmək olarmı? Nəzərə almaq lazımdır ki, həmin məkanlarda ictimai əxlaq qaydalarına zidd hallara rast gəlmək qaçınılmazdır.

Cavab: Harama (günaha) yol verməyəcəyinizdən əmin olmadığınız halda belə yerlərə üz tutmamalısınız.

Məsələ 337. Avropa ölkələrində müəyyən standartlar əsasında ümumi tualetlər tikilir və onların tikintisində müsəlman dövlətlərində riayət olunan ayaqyolu çanaqlarının üzü və ya arxası qibləyə olmaması şərti nəzərə alınmır. Qiblənin hansı istiqamətdə olduğunu bilmədiyimiz halda həmin ümumi tualetlərdən istifadə edə bilərikmi? Bəs onları üzü (yaxud arxası) qibləyə olduğunu bildiyimiz halda necə? Xahiş edirik, şəriət tərəfindən bizə həmin tualetlərdən istifadə edilməyə icazə verilməyəcəyi halda nə etməli olduğumuzu da açıqlayın.

Cavab: Birinci halda vacib ehtiyata əsasən, orada qiblə istiqamətini müəyyənləşdirməyin mümkünsüzlüyünə əmin olduğunuz və gözləyə bilmədiyiniz, yaxud gözləməyin məşəqqətli olduğu hallar istisna olmaqla, həmin ümumi tualetlərdən istifadə etmək olmaz. İkinci halda isə vacib ehtiyata əsasən, həmin ayaqyolu çanaqlarından istifadə edərkən (sidik və ya nəcis ifrazı əsnasında) üzü və ya arxası qibləyə oturmaqdan çəkinməlisiniz. Həmin çanaqlardan istifadə məcburiyyəti qarşısında qaldıqda isə ehtiyata əsasən, üzü deyil, arxası qibləyə oturmağı tərcih edin.

Məsələ 338. Müsəlman Avropa, Amerika və digər qeyri-müsəlman ölkələrində üzərində sahibinin kimliyini müəyyən etməyə əsas verən hər hansı bir əlamət (ad, soyadı, əlaqə telefonları və s.) olan və ya olmayan çamadan taparsa, nə etməlidir?

Cavab: Adətən, çamadanların üzərində sahibi ilə əlaqə saxlamağa imkan verən hansısa bir əlamət olur. Çamadanı tapan onun bir müsəlmana, yaxud yaxud müsəlmanlar kimi mülkiyyət hüququ qorunan (şəriət tərəfindən toxunulmaz hesab edilən) bir şəxsə aid olduğunu bilərsə, yaxud əsaslı bir ehtimalla güman edərsə, vacib ehtiyata əsasən, bir il müddətində onun sahibini axtarmalı və onu tapa biləcəyinə ümidini itirdikdən sonra isə sədəqə verməlidir. Lakin onun müsəlmanlara, yaxud digər mülkiyyət hüququ (İslam şəriəti tərəfindən) toxunulmaz hesab edilən şəxslərə aid olmadığını bildiyi halda isə bir müstəsna hal xaricində həmin çamadanı mənimsəyə bilər. Müstəsna hal isə bundan ibarətdir ki, müsəlman vətəndaşı olduğu hüquqi dövlət qarşısında qanunvericiliklə nəzərdə tutulmuş bir sıra öhdəliklər daşıyarsa, o cümlədən həmin ölkənin ərazisində tapdığı əşyaları əlaqədar dövlət orqanlarına təhvil verməlidirsə, bu halda həmin əşyaları mənimsəyə bilməz və mütləq qanunvericilikdə nəzərdə tutulan öhdəçiliyini (vətəndaşlıq vəzifəsini) icra etməlidir.

Məsələ 339. Avropa ölkələrindən birində üzərində sahibini müəyyən etməyə əsas verən heç bir əlamət olmayan müəyyən məbləğdə pul tapsam, ona sahiblənə bilərəmmi?

Cavab: Həmin əsknasların üzərində sahibini müəyyən etməyə imkan verən hər hansı bir əlamət olmazsa (heç olmazsa, itirilən pulun miqdarını bilməsi ilə belə sahibini tanımaq mümkün olmazsa), öncəki məsələlərdə qeyd olunan hallar (yerli qanunlar çərçivəsində hərəkət etməyin zəruri olduğu məqamlar) istisna olmaqla, həmin vəsaiti mənimsəmək olar.

Məsələ 340. Bəzi qərb ölkələrində dəyərli əşyaları elə ucu qiymətə satışa çıxarırlar ki, nəticədə müştəri həmin əşyaların oğurluq mal olduğunu düşünür. Beləliklə, həmin əşyaların müsəlman, yaxud kafir bir şəxsdən oğurlandığından əmin olsaq, yaxud böyük ehtimalla şübhəyə düşsək, satıcının müsəlman olduğu və olmadığı hallarda onları almaq olarmı?

Cavab: Həmin əşyaların müsəlman və ya kafir olmasından asılı olmayaraq mülkiyyət hüququ qorunan (şəriət tərəfindən əmlakının müsadirə və qəsb edilməsi yolverilməz hesab edilən) bir şəxsdən oğurlandığına dair məlumat əldə etdikdə, yaxud buna əmin olduqda onları alması və öz mülkiyyətinə daxil etməsi yolverilməz hesab olunur.

Məsələ 341. Qərb ölkələrində siqaret olduqca baha qiymətə satılır. İstehlakçının siqaretin nəinki faydalı bir şey olmadığını, hətta sağlamlığa ciddi təhlükə törətdiyini bildiyini nəzərə alaraq demək olarmı ki, israfçılıq baxımından siqaret almaq haramdır?

Cavab: Siqaretin alqı-satqısı sərbəstdir və sadəcə göstərilən səbəblə (qiymət bahalığı ilə) əlaqədar olaraq istehlak edilməsi də haram sayıla bilməz. Lakin siqaret çəkmək istehlakçının sağlamlığına ciddi zərər törədərsə və siqaret çəkməkdən imtina etmək ona zərər verməzsə, yaxud daha az zərər toxundurarsa, imtina etməlidir.

Məsələ 342. Yaşadığımız dövrdə telefon danışıqlarını abonentlərin məlumatı olmadan qeydə alan cihazlar mövcuddur. Lazım gəldikdə dəlil olaraq istifadə edə bilmək üçün kiminsə danışığını özünün məlumatı (xəbəri və razılığı) olmadan qeydə almaq olarmı?

Cavab: Bir abonentin həmsöhbəti olduğu abonentlə danışığını qeydə alması üçün ondan icazə alması vacib deyil. Lakin bir mömin insana qarşı hörmətsizlik və onun sirlərinin ifşa olunması ilə nəticələnəcəyi halda bu dərəcədə (möminin şərəf və ləyaqətinin qorunması qədər) və ya daha artıq önəm kəsb edən bir zərurət olmadıqca həmin səs yazısını yaymaq, yaxud başqaları ilə paylaşmaq yolverilməzdir.

Məsələ 343. Fotoqraflıqla məşğul olan bir şəxs süfrəyə şərab da verilən bir toy məclisində iştirakçıların fotolarını çəkmək üçün çağrılarsa, həmin məclisə gedə bilərmi?

Cavab: Şərab içilən, yaxud hansısa bir haramın icra olunduğu səhnələrin fotosunu çəkmək olmaz.

Məsələ 344. Valideynlərə itaətin çərçivələrini bəyan edə bilərsinizmi?

Cavab: Övladların valideynləri qarşısında vəzifələri bunlardır:

1) onlara yaxşılıq etməlidir; baxıma möhtac olduqları halda onların ehtiyaclarını təmin etməli, sağlam düşüncənin məqbul və normal hesab etdiyi çərçivədə yaşayış tələbatlarını ödəməlidirlər. Bu vəzifənin icrasından imtina etmək onların (valideynlərin övladlara qarşı) yaxşılıqlarını inkar etmək anlamına gəlir. Valideynlərə yaxşılıq vəzifəsinin çərçivələri onların fiziki durumundan (səhhətindən) asılı olaraq dəyişir.

2) onlarla yaxşı davranmalıdırlar. Hətta övladlarına haqsızlıq, zülm etsələr belə övladlar onlara qarşı xoşagəlməz ifadə və hərəkətlərdən uzaq olmalıdırlar. Hədislərdə oxuyuruq: “Hətta (valideynlərin) səni vursalar, döysələr belə, onların üstlərinə qışqırıb acı söz söyləmə! “Allah sizi bağışlasın!” – deməklə kifayətlən!”

Bu iki vəzifə övlad-valideyn münasibətlərini valideynlik hüquqları aspektindən izah edir. Məsələyə övlad aspektindən baxdıqda da iki halla qarşılaşırıq:

1) valideynlər övladlarına qarşı xeyirxahlıqlarına, qayğıkeşliklərinə görə əziyyətə məruz qalırlar; bu halda övladlar valideynlərinin çəkindirib-çəkindirməməsindən asılı olmayaraq onları incidəcək işlərdən uzaq durmalıdırlar.

2) valideynlər bəzi xoşagəlməz xislətlərinə, məsələn övladlarının dünya və axirət mənfəətlərini düşünmədiklərinə (onları da belə xeyirli işlərdən çəkindirdiklərinə) görə incidilirlər. Valideynlərin bu növ incikliyi övladlarına heç bir günah qazandırmır və övladların onların bu növ istək və arzularına tabe olması vacib deyil.

Göründüyü kimi, valideynlərə onların şəxsi əmr (tələb) və qadağaları (ilahi əmr və yasaqlara zidd və zərərli istək və arzuları) xüsusunda itaət öz-özlüyündə vacib sayılmır. Allah (hər şeyi) biləndir.

Məsələ 345. Bəzi valideynlər övladlarının insanları yaxşı əməllərə yönləndirməsindən və xoşagəlməz işlərdən çəkindirməsindən qorxur, çəkinirlər. Bu xüsusda onlara itaət etmək vacibdirmi? Nəzərə almaq lazımdır ki, övladlar onların bu addımlarının nəticə verəcəyinə inanırlar və özlərinə üz verəcək hər hansı bir zərərdən də qorxmurlar.

Cavab: Sözügedən addımlar şərtləri çərçivəsində övladlara vacib olduğu halda həmin addımları atmalıdırlar. İnsanlara (hətta valideynlərə belə) itaət Yaradanın əmrinə itaətsizliyə əsas vermir.

Məsələ 346. Bir çox ailələrdə oğullarla ataları, qızlarla isə anaları arasında müxtəlif məişət məsələləri ilə bağlı ciddi mübahisələr baş verir və valideynlər bu mübahisələrdən bərk inciyirlər. Övladlar valideynlərlə belə mübahisələrə girişə bilərlərmi və bu məsələdə aşılması yolverilməz hesab edilən bir hədd, çərçivə mövcuddurmu?

Cavab: Övladlar valideynləri ilə onların doğru hesab etmədikləri rəyləri ilə bağlı mübahisə edə bilərlər. Lakin bu mübahisələrdə sakitçiliyə və ədəb qaydalarına riayət etməli, nəinki kobud ifadələrə yol verməməli, hətta onlara qəzəblə baxmaqdan və valideynlərindən uca səslə danışmaqdan belə çəkinməlidirlər.

Məsələ 347. Ana oğlundan gəlini ilə aralarındakı narazılıqlara görə onu boşamasını tələb edərsə, oğlunun onun istəyini gerçəkləşdirməsi vacibdirmi? Bəs ana “əgər ondan boşanmasan, üzümə ağ olmuş sayılacaqsan!” kimi sözlərlə israr etsə necə?

Cavab: Onun bu tələbini gerçəkləşdirmək vacib deyil və həmin sözlər də heç bir şeyi ifadə etmir. Bununla belə, daha öncə də qeyd edildiyi kimi ananı xoşagəlməz sözlər və davranışlarla incitməkdən çəkinmək lazımdır.

Məsələ 348. Atanın oğlunu vurması nəticəsində dərisi qaralarsa, yaxud qızararsa, diyə ödəməlidirmi? Bəs insanı atasından başqa bir şəxs bu şəkildə vurduqda (döydükdə) necə, hökm dəyişirmi?

Cavab: Vuranın (döyənin) insanın atası olub-olmamasından asılı olmayaraq diyə ödənilməlidir.

Məsələ 349. Əgər müsəlman atasının onun ölkə xaricinə səfər etməsinə etirazını sözlərlə ifadə etməsə də, onun qəlbən bu səfərə razı olmadığına əmin olarsa, həmin səfərin onun xeyrinə olduğunu bildiyi halda səfərini gerçəkləşdirə bilərmi?

Cavab: Əgər ataya yaxşılıq (öncəki məsələlərdə öz əksini tapan çərçivələrdə) onun yanında olmağı labüd edirsə, yaxud o övladının ondan uzaqlaşması nəticəsində mənəvi sıxıntılarla üzləşəcəksə, övlad belə bir səfərdən imtina etməlidir. Lakin səfərdən imtina nəticəsində zərərə uğrayacağı halda imtina etməsi vacib deyil.

Məsələ 350. Xüsusilə qürbətdə qadının ya kişinin həyat yoldaşının valideynlərinə, bacı və qardaşına hörmət və yaxşlığı, onlara qulluq etməsi də vacibdirmi?

Cavab: Bunun həyat yoldaşına qarşı hörmət və xeyirxahlığın örnəyi olmasına şübhə yoxdur, lakin bununla belə vacib sayılmır.


[65] Muhəmməd surəsi, 22-23-cü ayələr.

[66] Usul əl-kafi, c.2, səh.348.

[67] Usul əl-kafi, c.2, səh.347.

[68] Cami əs-səadat, c.2, səh.260.

[69] Usul əl-kafi, c.2, səh.347; həmçinin, bax: Mən la yəhzəruhu-l-fəqih, c.4, səh.267.

[70] Usul əl-kafi, c.2, səh.152.

[71] Nisa surəsi, 1-ci ayə.

[72] Usul əl-kafi, c.2, səh.155.

[73] Usul əl-kafi, c.2, səh.157.

[74] İsra surəsi, 23-cü ayə.

[75] Usul əl-kafi, c.2, 348.

[76] Usul əl-kafi, c.2, 349.

[77] Usul əl-kafi, c.2, 349.

[78] İsra surəsi, 24-cü ayə.

[79] Usul əl-kafi, c.2, 162.

[80] Usul əl-kafi, c.2, 160.

[81] Cami əs-səadat, c.2, səh.267.

[82] Şeyx Səduq, Səvab əl-əmal və iqab əl-əmal, 225.

[83] Şeyx Səduq, Səvab əl-əmal və iqab əl-əmal, 225.

[84] Usul əl-kafi, c.2, səh.176.

[85] Usul əl-kafi, c.2, səh.176.

[86] Müstədrək əl-vəsail, Kitab əl-həcc, 72-ci bab.

[87] Cami əs-səadat, c.2, səh.267; Usul əl-kafi, c.2, səh.666.

[88] Nəhc əl-bəlağə, Sübhi Salehin redaktəsi ilə, səh.422.

[89] Müstədrək əl-vəsail, 172-ci bab.

[90] Cami əs-səadat, c.2, səh.268.

[91] Qələm surəsi, 4-cü ayə.

[92] Cami əs-səadat, c.1, səh.443.

[93] Cami əs-səadat, c.2, səh.268; Usul əl-kafi, c.2, səh.99; Vəsail əş-şiə, c.15, səh.198.

[94] Məryəm surəsi, 54-cü ayə.

[95] Usul əl-kafi,c.2, səh.363.

[96] Vəsail əş-şiə, c.20, səh.82; Qonahan-e kəbire, c.2, səh.296-297.

[97] Mümtəhinə surəsi, 8-ci ayə.

[98] Müstədrək əl-vəsail, c.12, səh.241.

[99] Ali-İmran surəsi, 104-cü ayə.

[100] Tövbə surəsi, 71-ci ayə.

[101] Vəsail əş-şiə, c.16, səh.396.

[102] Vəsail əş-şiə, c.16, səh.122.

[103] əl-Fətava əl-müyəssərə, səh.268-275.

[104] Vəsail əş-şiə, c.12, səh.200.

[105] Vəsail əş-şiə, c.12, səh.135.

[106] Qadətuna kəyfə nərifuhum, Beyhəqinin “əs-Sunən əl-kubra” əsərinə (c.4, səh.135) istinadən.

[107] Təhzib əl-əhkam, c.6, səh.292.

[108] Vəsail əş-şiə, c.12, səh.201.

[109] Nəhc əl-bəlağə, Sübhi Salehin redaktəsi ilə, səh.421.

[110] Usul əl-kafi, c.2, səh.208.

[111] Usul əl-kafi, c.2, səh.208; Cami əs-səadat, c.2, səh.213.

[112] Öncəki mənbə.

[113] Cami əs-səadat, c.2, səh.164. Həmçinin, bax: Vəsail əş-şiə, c.16, səh.381-384, “Möminə nəsihətin (xeyirxahlığın) vacibliyi” və “Möminə nəsihətdən və qarşılıqlı xeyirxahlıqdan imtinanın haram olması” fəsilləri.

[114] Hucurat surəsi, 12-ci ayə.

[115] Vəsail əş-şiə, c.12, səh.275.

[116] Minhac əs-salihin, Ayətullah əl-uzma Sistani, c.1, səh.17.

[117] Hucurat surəsi, 12-ci ayə.

[118] Cami əs-səadat, c.2, səh. 203.

[119] Minhac əs-salihin, Ayətullah əl-uzma Sistani, c.1, səh.17.

[120] Cami əs-səadat, c.2, səh.276.

[121] Usul əl-kafi, c.2, səh.369.

[122] Səvab əl-əmal və iqab əl-əmal, səh.262.

[123] Hucurat surəsi, 12-ci ayə.

[124] Vəsail əş-şiə, c.8, səh.161.

[125] Əraf surəsi, 31-ci ayə.

[126] İsra surəsi, 27-ci ayə.

[127] Nəhc əl-bəlağə, Sübhi Salehin redaktəsi ilə, səh.377.

[128] Fatir surəsi, 29-30-cu ayələr.

[129] Hədid surəsi, 11-12-ci ayələr.

[130] Munafiqun surəsi, 10-11-ci ayələr.

[131] Tövbə surəsi, 34-35-ci ayələr.

[132] Nəhc əl-bəlağə, Sübhi Salehin redaktəsi ilə, səh.417-418.

[133] Bihar əl-ənvar, c.19, səh.118.

[134] Qurb əl-isnad, səh.74.

[135] əl-Xisal, c.1, səh.25.

[136] Vəsail əş-şiə, c.6, səh.255.

[137] Vəsail əş-şiə, c.19, səh.118.

[138] Səvab əl-əmal və iqab əl-əmal, səh.172.

[139] Əlavə məlumat üçün bax: “əl-İnfaq fi səbilillah”, Seyid İzzəddin Bəhrəlülum.

[140] Səvab əl-əmal və iqab əl-əmal, səh.239.

[141] Cami əs-səadat, c.2, səh.229.

[142] Cami əs-səadat, c.2, səh.229.

[143] Bax: Usul əl-kafi, Müsəlmanların qayğısın qalmaq fəsli.

[144] Mümtəhinə surəsi, 8-ci ayə.

[145] “Müqəssir cahil” və “qasir cahil” terminləri üçün əlinizdəki əsərin “Müxtəsər fiqh terminləri lüğəti” bölməsinə müraciət edin.

ALTINCI FƏSİL: SƏHİYYƏ VƏ TİBB → ← DÖRDÜNCÜ FƏSİL: BİZNES VƏ SƏRMAYƏ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français