ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » QƏRB ÖLKƏLƏRİNDƏ MƏSKUNLAŞANLAR ÜÇÜN FİQH TƏLİMİ

BEŞİNCİ FƏSİL: İCTİMAİ ƏLAQƏLƏR VƏ SOSİAL MÜNASİBƏTLƏR → ← ÜÇÜNCÜ FƏSİL: MÜSƏLMAN İMMİQRANT VƏ YAŞADIĞI ÖLKƏNİN QANUNVERCİLİYİ

DÖRDÜNCÜ FƏSİL: BİZNES VƏ SƏRMAYƏ

Hər bir müsəlman istənilən həyat fəaliyyəti ilə, müsəlman olmasa belə fəaliyyəti müsəlmanların mənafeyinə zidd olmayan sahibkarların biznesi də daxil olmaqla özü ilə yanaşı insan cəmiyyəti üçün də faydalı olan işlərlə məşğul ola bilər, yalnız bu şərtlə ki:

1) həmin əmək fəaliyyəti İslam şəriəti tərəfindən qadağan edilmiş olmasın;

2) həmin iş və fəaliyyətin nəticəsində müsəlmanlara zərər dəyməsin;

3) İslam və müsəlmanların düşmənlərinin mənafeyinə və planlarına xidmət xarakteri daşımasın.

Məsələ 239. Müsəlman özünü başqa bir şəxsin – istər müsəlman olsun, istərsə qeyri-müsəlman – qarşısında alçaltmamalıdır. Gördüyü iş, əmək fəaliyyəti müsəlmanı müsəlman olmayan bir şəxs qarşısında alçaldarsa, həmin iş və fəaliyyətlə məşğul olması yolverilməzdir.

Məsələ 240. Müsəlmana İslam şəriəti normalarına müvafiq qaydada kəsilməyən heyvanların ətini belə ət məhsullarını halal qəbul edən insanlara, o cümlədən xristianlara, yəhudilərə və s. satmaq və ya bağışlamaq, həmçinin onlar üçün həmin ət məhsullarının istehsal edildiyi, onlardan müxtəlif yeməklərin hazırlandığı yeyinti sənayesi, ticarət və ictimai iaşə müəssisələrində işləməyə icazə verilir.

Məsələ 241. Müsəlmana donuz ətini onun yeyilməsini halal qəbul edən insanlara, o cümlədən xristianlara satmağa icazə verilmir. Həmçinin, vacib ehtiyata əsasən, belə ət məhsullarını satışdan başqa bir yolla da (məsələn bağışlamaq) onların istifadəsinə vermək olmaz.

Məsələ 242. Müsəlmana şərabı (məstedici, spirtli içkiləri) istənilən şəxsin, hətta belə içkiləri halal hesab edənlərin belə istifadəsinə təqdim etməyə (satmağa, ictimai iaşə obyektlərində müştərilərin içməsinə şərait yaratmağa və s.) icazə verilmir. Həmçinin, şərab qədəhlərini yuması, müştərilərə şərab verilən iaşə obyektlərində işləməsi (ofisiant və s. qismində) onların fəaliyyətinə zəmin yaradaraq rəvac verərsə, müsəlmana belə əmək fəaliyyəti ilə məşğul olmağa da heç bir vəchlə icazə verilmir.

Məsələ 243. Müsəlmanın ödənişli əsaslarla (müəyyən əmək haqqı müqabilində) şərab içilməsinə zəmin yaradan işlərlə məşğul olması, belə içkilərin satışı, iaşə müəssisələrində servisi və şərab qədəhlərinin yuyulması kimi xidmətlər göstərməsi yolverilməzdir. Həmçinin, belə bir iş müqabilində alınan əmək haqqı da haram hesab edilir. Bəzi müsəlmanların özlərinin belə işlərlə məşğul olmalarına zərurət və ehtiyac adı altında bəraət qazandırmaq cəhdlərinə gəlincə, qeyd etək lazımdır ki, bu bəraətlər məqbul hesab edilmir.

Allah (sübhanəhu və təala) buyurur: “...Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər...”[60]

Ən dəyərli kəlamın uca sahibi başqa bir ayədə isə belə buyurur: “Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər: “Siz (hicrət zamanı) nə iş görürdünüz? (vəziyyətiniz necə idi?)” Onlar söyləyəcəklər: “Biz yer üzərində zəif (aciz) kəslər idik”. (Mələklər də onlara:) “Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir. Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır”.[61]

Sevimli peyğəmbərimiz (s) vida həcci əsnasında söylədiyi xütbəsində müsəlmanlara belə müraciət etmişdi: “Bilin və agah olun! Ruhuləmin (vəhy mələyi) mənə vəhy etmişdir ki, kimsə ruzi payını tamamilə almadan dünyasını dəyişməyəcəkdir. Beləliklə, Allahdan qorxun (təqvalı olun) və ruzinizi təqdirəlayiq şəkildə əldə etməyə çalışın. Ruzinizin bir qədər gecikməsi sizi Allaha üsyan etməklə (harama, günaha əl atmaqla) ruzi əldə etməyə sövq etməsin! Çünki Allah (təbarəkə və təala) ruzini məxluqları arasında haramlıq deyil, halallıq əsasında bölüşdürmür. Kim təqvalı və səbirli olarsa, Allah (c.c.) onun ruzisini halal yolla özünə çatdıracaqdır. Tanrının yasaqlarına məhəl qoymayaraq, dözümsüzlük nümayiş etdirərək ruzisini halal olmayan yollarla əldə etməyə çalışanların isə halal ruzi payı azalar və qiyamət günü həmin şəxslər buna görə sorğu-suala cəlb olunarlar”.[62]

Məsələ 244. Müsəlmanın böyük günahların baş verdiyi əyləncə məkanlarında harama sürüklənməsi ilə nəticələnən işlərlə məşğul olması yolverilməzdir.

Məsələ 245. Müsəlmanlar İslam şəriətində halal hesab edilən istənilən alqı-satqı, idxal, ixrac və s. biznes fəaliyyətlərində başqa dinlərin ardıcılları, o cümlədən yəhudi və xristianlarla şərik ola bilərlər.

Məsələ 246. İstər dövlət, istərsə özəl sektora daxil olan qeyri-İslam banklarında hətta qazanc (faiz gəliri) əldə etmək niyyətilə olsa belə, hesab açmaq olar. Çünki müsəlman olmayanlardan riba almaq (faizli gəlir əldə etmək) olar.

Məsələ 247. Lakin həmin banklardan faizli borc almaq istədikdə isə həmin borcu faizi ilə ödəyəcəyini bilsə də, bu addımı “əmlakı qurtarmaq” (bu borcu almayacağı təqdirdə qarşılaşacağı iflas və ya borcu aldıqdan sonra faizi ödəməyəcəyi halda üzləşəcəyi müsadirə təhlükəsindən qorunmaq tərc.) niyyəti ilə atmalıdır. Həmin banklara gəlir faizi qazandırmaq niyyəti ilə borc götürmək olmaz. Çünki riba (sələm) vermək haramdır.

Məsələ 248. Müsəlman başqa bir şəxsə öncədən tərəflər arasında razılaşdırılmış qaydada müəyyən məbləğ müqabilində öz adından və etibarından istifadə edərək bank, şirkət və s. səhmlərini satın almağa icazə verə bilər.

Məsələ 249. Müsəlman İslam və müsəlmanlara qarşı müharibədə olan hər hansı bir dövlətin məhsullarını almamalıdır.

Məsələ 250. Müsəlman nağd və nisyə əməliyyatları arasında fərq olmaması şərtilə istənilən valyuta mübadiləsi əməliyyatını bazar (qiymətli kağızlar bazarı) qiymətlərinə uyğun həyata keçirə, yaxud məzənnəsindən yüksək və ya aşağı qiymətlərə dəyişə bilər.

Məsələ 251. Saxta və ya tədavüldən çıxarılmış əskinaslarla alqı-satqı əməliyyatlarını həyata keçirmək saxtakarlıq olduğundan doğru deyil və haramdır.

Məsələ 252. Müsəlmana mükafat məbləğini əldə etmək niyyətilə lotoreya biletlərini almaq olmaz. Lakin İslamda məqbul hesab edilən hansısa xeyriyyə layihəsi, məsələn xəstəxana, kimsəsizlər evi kimi müəssisələrin tikilişində iştirak etmək niyyəti ilə olduğu halda isə lotoreya biletlərini almaq (lotoreya oyunlarında iştirak etmək) olar. Bununla belə sözügedən müstəsna halın qeyri-müsəlman ölkələrində özünü doğrultması bir qədər həqiqətdən uzaq görünür. Çünki İslam şəriətində yasaq edilən bəzi iş və fəaliyyətlər həmin ölkələrdə xeyriyyə işi kimi qəbul edilir. Ancaq istənilən halda kafirlərin təşkil etdiyi lotoreya oyununda qalib gəldikdə mükafat məbləğini həmin əmlakı kafirlərin mülkiyyətindən qurtarmaq (münaqişəyə yol vermədən onların əlindən almaq tərc.) niyyəti ilə götürmək olar.

Məsələ 253. Yeyilməsi haram olan bəbir, kaftar, tülkü, fil, şir, ayı, pişik və eləcədə balına kimi yırtıcı heyvanların onlara bazar dəyəri qazandıracaq halal bir faydası olduğu halda – hətta bütün deyil, bəzi mütəxəssislərin rəyinə əsaslansa belə - onların alqı-satqısına icazə verilir. Yalnız it (ov iti istisna olmaqla) və donuz istisna təşkil edir.

Məsələ 254. Zinət əşyası kimi istifadəsi məqsədilə qızıl və gümüş qabların alqı-satqısına icazə verilir. Onların yemək və içki servisi kimi istifadəsi isə haramdır.

Məsələ 255. Müsəlman dövlətlərində birbaşa şəxsin bank hesabına köçürülən məvaciblər (eləcə də digər ödənişlər) əldə edilmədikcə (bankomatdan çıxarılma, yaxud bank şöbələrindən alınma yolu ilə) hətta illik məxaricindən artıq olsa belə, onlara xüms şamil edilmir.

İndi isə gəlin, mövzu ilə bağlı bir sıra aktual suallar və Həzrət Ayətullah əl-uzma Sistaninin həmin suallara cavabları ilə tanış olaq:

Məsələ 256. Qərb ölkələrində hər bir şəxs heç bir çətinliklə üzləşmədən bu və ya digər faiz gəliri olan müxtəlif növ bank hesabları aça bilər. Müsəlmanlara faiz gəliri qazanmaq niyyəti olmadan – bank faizi ödəməkdən imtina edəcəyi halda həmin faiz gəlirlərini tələb etmək niyyətləri olmazsa – yüksək faiz gəliri gətirən hesablar açmağa icazə verilirmi? Bəs icazə verilmədiyi halda bank hesabı açmaq üçün başqa bir çıxış yolu varmı? Nəzərə almaq lazımdır ki, insan övladı daxilən hər zaman gəlir əldə etməyə meyilli olur.

Cavab: Müsəlmana qeyri-müsəlman dövlət və özəl banklarında istənilən növ bank hesabı açmaq və hətta gəlir qazanmaq məqsədi ilə belə bank əmanətləri yerləşdirmək olar.

Məsələ 257. Qərb ölkələrində banklar nağd yolla ev satın almağa imkanı olmayanlara yüksək faizli uzunmüddətli kreditlər (ipoteka kreditləşməsi kimi) verirlər. Müsəlmanlar da bu kreditlərdən istifadə edə bilərmi? Bəs icazə verilmədiyi halda ev almaq üçün həmin kreditlərə ehtiyacı olduğunu və kifayət qədər nağd pulu olmadığını iddia edənlər üçün başqa bir çıxış yolu varmı?

Cavab: Borc niyyəti ilə deyil, “əmlakı qurtarma” niyyəti ilə (qeyri-müsəlmanlardan borc alıb onlara gəlir qazandırmaq niyyəti ilə deyil, şəxsi ehtiyaclarını ödəmək zərurəti ilə götürdüyü borcun faizini ödəməkdən imtina edəcəyi təqdirdə üzləşə biləcəyi müsadirə kimi halların qarşısını almaq məcburiyyəti ilə tərc.) səhmdarları qeyri-müsəlman hüquqi və fiziki şəxslər olan (yəni həm dövlət, həm də özəl) banklardan kredit götürmək olar. Bu halda bankın həmin borcu faizi ilə birgə alacağını bilmək də sözügedən kredit əməliyyatlarına əngəl hesab olunmur.

Məsələ 258. Bəzi dövlətlər müəyyən şərtlər çərçivəsində mənzil ehtiyacı olan vətəndaşlarını mənzillə təmin etmək kimi layihələr həyata keçirirlər. Müsəlmanlar özlərinə şəxsi mənzil satın alaraq xüms şamil olunmaması üçün bir müddət həmin mənzildə yaşadıqdan sonra həmin mənzili kirayəyə verərək özləri dövlətin verdiyi mənzildə yaşaya bilərlərmi?

Cavab: Sualda göstərildiyi kimi hallarda, satın alınan mənzilə real ehtiyac olmadıqca orada bir müddət yaşamaqla həmin daşınmaz əmlak xümsdən azad olmaz.

Məsələ 259. Bəzi ticarət və sənaye müəssisələri müsəlman və qeyri-müsəlman dövlət və ya özəl banklarından faizli borclar götürür və həmin vəsaitlərlə aparılan əməliyyatlar nəticəsində yüksək gəlirlər əldə edirlər. Həmin şirkətlərin səhmlərini ala və onların layihələrində iştirak edə bilərikmi?

Cavab: Həmin layihələrdə iştirak etmək sələmçilik fəaliyyətində iştirak etmək demək olarsa, icazə verilmir. Lakin sözügedən şirkət müsəlman şirkəti olarsa və həmin əməliyyatlar nəticəsində qeyri-müsəlman banklarından faizli gəlir əldə edərsə, bu baxımdan icazə verilir.

Məsələ 260. Qeyri-müsəlman və eləcə də bir sıra müsəlman ölkələrində dövlət və özəl müəssisələr işçilərinin məvaciblərini birbaşa onların şəxsi bank hesablarına köçürürlər və onlar da istədikləri zaman məvaciblərini öz hesablarından çəkə bilirlər. Məmur və işçilərin hesablarına köçürülən pul onların illik məxariclərindən artıq olarsa, xüms şamil olunurmu?

Cavab: Xüms həmin pulun illik məxaricdən artıq qalan hissəsinə şamil olunur. Lakin nəzərdə tutulan işçi hansısa bir müsəlman ölkəsində dövlət məmuru (yaxud qulluqçusu) olarsa və onun məvacibi dövlət və ya müştərək (səhmlərinin bir qismi dövlətə, digər bir qismi isə özəl sektorun nümayəndələrinə məxsus olan) banka köçürülərsə, həmin pulu hesabından çəkənədək ona xüms şamil olunmur və şəriət hakiminin izni ilə (mübahisəli hallarda) həmin pul onun əmlakı sayılır. Beləliklə, həmin pul onu hesabından çəkdiyi ilin gəlirindən sayılır və həmin ilin məxaricindən artıq qaldığı halda ona xüms şamil olunur.

Məsələ 261. Bir müsəlman başqa bir müsəlmandan müəyyən məbləğdə pul borc alır. Lakin bir müddətdən sonra həmin valyutanın məzənnə dəyəri (yaxud alıcılıq qabiliyyəti) aşağı düşür. Bu halda borc hansı məbləğdə qaytarılmalıdır: alındığı məbləğdə, yoxsa alındığı əsnada kəsb etdiyi məzənnə dəyərinə (alıcılıq qabiliyyətinə) uyğun məbləğdə? Bəs borc verən kafir olduğu halda necə, hökm fərqlənəcəkmi?

Cavab: Eynilə borc götürülən məbləğdə qaytarılmalıdır və borc verənin müsəlman və ya qeyri-müsəlman olmasının heç bir fərqi yoxdur.

Məsələ 262. İstehsal etdiyi məhsullar arasında şərab da olan müəssisələrə sərmayə qoymaq olarmı? Nəzərə almaq lazımdır ki, burada biznes və gəlir ortaqlığı mövcuddur (yəni bütün səhmdarlar gəlirlərini ümumi istehsal və satışdan əldə edirlər).

Cavab: Şərab istehsalı və alqı-satqısı biznesinə şərik (səhmdar) olmaq yolverilməzdir.

Məsələ 263. Müsəlman memarlara, yaxud podratçı şirkətlərə qeyri-müsəlman ölkələrində digər dinlərin ardıcıllarının ibadət edəcəyi məbədlərin (kilsə, sinoqoq və s.) tikintisi ilə bağlı layihə təklif olunarsa, təklifi qəbul edə bilərlərmi?

Cavab: Şəriətimiz buna icazə vermir, çünki bu iş təhrif olunmuş dinlərin yayılmasına yardım etmək deməkdir.

Məsələ 264. Müsəlman bir kalliqrafa (hüsnü-xətt ustasına), yaxud rəssama şərab və rəqs məclislərinin afişalarını və ya müştərilərə donuz ətindən hazırlanan yeməklərin də təqdim olunduğu restoranların reklam lövhələrini hazırlamaqla bağlı iş təklif olunarsa, qəbul edə bilərmi?

Cavab: Şəriət tərəfindən icazə verilmir, çünki bu günah və İslam əxlağina zidd halların yayılmasına rəvac vermək anlamını daşıyır.

Məsələ 265. Gəlirlərinin bir qismini müsəlmanlara qarşı işğalçı mövqeyindən əl çəkməyən dövlətlərin güclənməsinə sərf edən ticarət mərkəzlərindən alış-veriş etmək olarmı?

Cavab: Bu yolverilməzdir.

Məsələ 266. Bir müsəlman hansısa bir binanı satın aldıqdan sonra həmin binada müştərilərə spirtli içkilərin də satıldığı bar və ya kafe olduğunu öyrənərsə və binanı satın aldıqdan sonra həmin iaşə obyektini işlədən icarəçini binadan çıxara bilməzsə:

a) kafe və ya barı işlədənlərdən icarə haqqı ala bilərmi?

b) bəs icarə alması qeyri-məqbul hesab edildiyi halda şəriət hakiminin xüsusi icazəsi əsasında necə, ala bilərmi və bu halda onu hansı əsasla qəbul etmiş sayılır?

c) həmin binanı satın almazdan öncə onun ərazisində spirtli içkilərin müştərilərə satıldığı kafenin olduğunu və kafenin icarəçisini oradan çıxara bilməyəcəyini bildiyi halda həmin binanı satın alması doğru hesab edilirmi?

Cavab: a) Spirtli içkilərin satışı və servisi üçün istifadə müqabilində icarə haqqı ala bilməz.

b) Lakin oradan çıxara bilmədiyi icarəçidən “təqas” (ödəşmə) niyyətilə həmin obyektin halal işlərdə istifadəsi müqabilində ala biləcəyi icarə haqqı mislində ödənişi qəbul edə bilər, yaxud kafeni icarə edən müsəlman olmadığı halda “istinqaz”[63]
niyyətilə ala bilər.

c) Həmin binadan deyilən növ kafe işlədildiyini və həmin iaşə müəssisəsinin icarəçisini oradan çıxara bilməyəcəyini bilsə belə, binanı satın almasına qadağa qoyulmur.

Məsələ 267. Müsəlman biznesmenlərin, sahibkarların işsizlikdən əziyyət çəkən müsəlmanlar olduğu halda qeyri-müsəlmanları işə götürməsinə şəriətin münasibəti necədir?

Cavab: Müsəlman olmayanları işə götürmək öz-özlüyündə qadağan olunmamışdır. Lakin din qardaşlığı və müsəlmanın müsəlman üzərindəki mənəvi haqqı hər hansı bir əngəl olmadıqca onu tərcih edərək başqalarından üstün tutmasını daha məqsədəuyğun edir.

Məsələ 268. Çılpaq (yaxud yarıçılpaq) şəkillərin yer verildiyi jurnalların, dərgilərin satıldığı yerlərdə işləmək, onların alqı-satqısını və çapını həyata keçirmək olarmı?

Cavab: Harama (günaha) rəvac vermək və əxlaqsızlığı yaymaq hesab olunduğundan bu fəaliyyətlərin heç birinə şəriət tərəfindən icazə verilmir.

Məsələ 269. Qərb ölkələrində itlərin satışa çıxarıldığı xüsusi satış yerləri fəaliyyət göstərir. Yalnızlıqdan xilas olmaq və vaxtını şən keçirmək məqsədilə həmin itləri alıb saxlamaq olarmı?

Cavab: Şəriət buna icazə vermir.

Məsələ 270. Bəzi qərbli qadınların gəzinti əsnasında təhlükədən qorunmaq və əylənmək məqsədilə özləri ilə götürdükləri qoruyucu itləri satın alıb saxlamaq olarmı? Bəs həmin heyvanların ticarətinə və icarəsinə münasibət necədir?

Cavab: Həmin heyvanların alqı-satqısına icazə verilmir. Lakin belə itləri saxlayan şəxslərin onların üzərində mülkiyyət hüququ tanınır. Həmin heyvanların onlardan müəyyən ödəniş müqabilində satın alınmasına da məhdudiyyət qoyulmur və bu halda satın alan şəxs mülkiyyət hüququnu da əldə edir. Həmçinin, bu heyvanların halal yolla faydalanmaq (o cümlədən, təhlükədən qorunmaq) məqsədilə istifadəsi üçün icarəyə verilməsinə də heç bir məhdudiyyət qoyulmur.

Məsələ 271. Qərb ölkələrində xüsusi təlim görmüş itlər görmə qabiliyyətindən məhrum olan sahiblərinə yolu keçməkdə və s. yardım edirlər. Belə itlərin alqı-satqısı ilə məşğul olmağa icazə verilirmi?

Cavab: Bu suala da cavabımız öncəki sualın cavabı kimidir.

Məsələ 272. Qeyri-müsəlman ölkələrində bu və ya digər dövlət müəssisəsində çalışan müsəlman məmurların, yaxud hər hansı bir müəssisədə müqavilə əsasında işləyərək əmək haqqı saat hesabı ilə hesablanan müsəlman işçilərin iş saatları ərzində məqsədli şəkildə işdən yayınmasına, səhlənkarlıq və tənbəllik nümayiş etdirməsinə şəriətin baxışı necədir və belə hallarda onların məvaciblərini bütövlüklə almağa haqqı çatırmı?

Cavab: Bu yolverilməzdir və belə hallarda həmin şəxslərin məvaciblərinin hamısını almağa haqları çatmır.

Məsələ 273. Bəzi müsəlmanlar Qurani-Kərimin nəfis əlyazma nüsxələrini qeyri-müsəlmanlara yüksək qiymətə satmaqla gəlir əldə edirlər. Buna icazə verilirmi? Əgər Qurani-Kərimin kafirlərə satılması bu işə əngəl hesab edilərsə, bu əngəlin aradan qıldırılması üçün bir çıxış yolu varmı? Bəs icazə verildiyi halda çıxış yolu nədən ibarətdir?

Cavab: Müsəlman mədəni irsinin məhvi demək olduğundan bu işə heç bir vəchlə icazə vermirik.

Məsələ 274. Əlyazma nüsxələrin və İslam tarixinə aid əntiq əşyaların alqı-satqısı, Avropa ölkələrinə daşınaraq orada yüksək qiymətə satılmasına şəriət tərəfindən icazə verilirmi, yoxsa İslam mədəni irsinin məhvi kimi qəbul edilərək yasaqlanır?

Cavab: Öncəki sualın cavabında öz əksini tapan səbəblə əlaqədar olaraq bu qəbildən olan işlərə heç bir vəchlə icazə vermirik.

Məsələ 275. Bəzi gecələrdə barlar müştərilərlə dolur və onlar sərxoş olanadək içdikdən sonra həmin məkanlardan çıxaraq hazır yemək axtarırlar. Bir müsəlman bu vəziyyətdən istifadə edərək həmin barların yaxınlığında onlara və eləcə də digər insanlara halal yemək xidmətləri göstərən restoran aça bilərmi? Yeyəcəkləri həmin halal qidaların onların sərxoşluğunu bir qədər yüngülləşdirəcəyinə və s. müsbət cəhətlərə rəğmən bu iş günah hesab edilirmi?

Cavab: Bu iş üçün öz-özlüyündə heç bir məhdudiyyət qoyulmur.

Məsələ 276. Müsəlman donuz ətini onu halal hesab edən səmavi dinlərin ardıcıllarına sata bilərmi?

Cavab: Donuz ətinin alqı-satqısına heç bir vəchlə icazə verilmir.

Məsələ 277. İnsan bir gün baxılması haram olan hər hansı bir kadra, video materiala baxacağını bildiyi halda televizor alması doğrudurmu?

Cavab: Sağlam düşüncə belə bir vəziyyətdə onun televizor cihazı almamasını tələb edir.

Məsələ 278. Donuz ətinin satıldığı satış yerlərində işləməyə, habelə müsəlmanın öz işçilərinə müştərilərə donuz əti məhsulları satması ilə bağlı göstəriş verməsinə şəriətin münasibəti necədir?

Cavab: Donuz ətinin hətta onun yeyilməsini halal hesab edənlərə də satışına bilavasitə və ya başqalarının əli ilə həyata keçirilməsindən asılı olmayaraq icazə verilmir. Donuz ətinin qeyri-ticari məqsədlərlə (gəlir əldə etmədən) onu halal qəbul edənlərin istifadəsinə təqdim edilməsinin haramlığı il bağlı şübhələr mövcuddur. Lakin ehtiyat bundan da çəkinməyi tələb edir.

Məsələ 279. Fətvanıza əsasən, müsəlman şəxs qazanmaq və priz əldə etmək üçün deyil, xeyriyyə layihələrində iştirak etmək məqsədilə lotoreya oyunlarında iştirak edə bilər. Bəs qazanılacaq mükafatın bir qismini xeyriyyə qurumlarına bağışlamaq, digər bir qismini isə mükafat əldə etmək niyyətilə lotoreya bileti almaq olarmı?

Cavab: İcazə verilmir.

Məsələ 280. Həddi-buluğa çatmış bir müsəlman qalib olmaq niyyəti ilə oynamaq istədiyi lotoreyanın biletini azyaşlı uşağa, yaxud digər dinlərin ardıcıllarından birinə (yəhudi, yaxud xristiana) aldıra bilərmi?

Cavab: Bununla haramlıq hökmü qüvvədən düşmür. Bir işin icrasına sövq etmək, yaxud bir işin icrasını başqasına həvalə etmək onu bilavasitə icra etməklə eyni hökmü daşıyır.

Məsələ 281. Üstündə lotoreya biletlərinin də təqdim edildiyi bal məhsullarını lotoreya mükafatını əldə niyyətilə almaq olarmı?

Cavab: Verilən pul bütövlüklə bal üçün ödənilərsə, yəni bir qismi lotoreya bileti üçün nəzərdə tutulmuş olmazsa, halal hesab edilir.

Məsələ 282. Bir müsəlman lotoreya yarışında qalib olmuş və qazandıqdan sonra mükafatın bir qismini xeyriyyə işlərində xərcləməyi qərara almışdır. Bu niyyətini nəzərə alaraq həmin mükafatı əldə edərək müsəlmanlar üçün faydalı olan işlərə sərf edə bilərmi? Bəs qalibin mükafatı qazanmamışdan öncəki niyyəti onun hamısını deyil, bir qismini müsəlmanların mənafeyinə uyğun faydalı işlərdə xərcləmək olduğu təqdirdə hökm dəyişirmi?

Cavab: Əgər həmin mükafat tamamilə “möhtərəm əl-mal”[64]
hesab olunmayan insanların pullarından yığılmış olarsa, onu mənimsəyərək xərcləmək olar.

Məsələ 283. Müsəlman lotoreya oyunundan əldə etdiyi qazancla həcc ziyarətinə gedərsə, həcci doğru hesab olunurmu?

Cavab: Öncəki sualın cavabına müraciət edin.

Məsələ 284. Qəsbkar və zalım (başqalarının haqqını haqsızlıqla mənimsəyən) bir şəxs müsəlmanın həcc ziyarəti xərclərini ödəyərsə, onun həcci doğru sayılırmı?

Cavab: Məhz həcc ziyarəti üçün ödənilən vəsaitin qəsb olunmuş (zorla, haqsızlıqla əldə olunmuş, haram) pul olduğu məlum olmazsa, həmin şəxsin zalım və qəsbkar olması həccin doğruluğuna xələl gətirmir.

Məsələ 285. Avropa ölkələrində məişət avadanlıqlarının satışı ilə məşğul olan bəzi satış mərkəzləri müştərilərə aldıqları tarixdən etibarən iki həftə ərzində aldıqları məhsulları geri qaytarmağa icazə verirlər. Sözügedən satış mərkəzlərindən almaq məqsədilə deyil, həmin müddət ərzində istifadə etmək məqsədilə bu və ya digər avadanlığı alaraq iki həftədən sonra qaytarmaq olarmı? Beləliklə, bu halda müştərinin niyyəti gerçək ticarət deyil, həmin haqdan faydalanmaq olur. Bəs satşı mərkəzinin sahibi müsəlman olduğu halda hökm dəyişirmi? Ümumiyyətlə, belə bir addım doğru hesab edilə bilərsə, buna hansı əsasla icazə verilir?

Cavab: Satış mərkəzinin sahibi müsəlman olarsa, heç bir vəchlə icazə verilmir. Müsəlman olmadığı halda isə ticarət deyil, bu və ya digər zərər və təhlükə ilə qarşılaşmayacağına əmin olduğu halda istinqaz niyyəti ilə bu addımı atmaq olar.

Məsələ 286. Bir müsəlman müştərilərinə spirtli içkilər də təqdim edən restoranda bilavasitə şərab servisi bölümündə deyil, qabyuma bölümündə işləyə bilərmi?

Cavab: Şərab qədəhlərinin yuyulması həmin iaşə müəssisələrində şərab içilməsinə rəvac verən bir iş hesab olunduğu halda şəriət tərəfindən haram sayılır.

Məsələ 287. Öz dininə bağlı olan və onun yayılmasına çalışan bir müsəlman qərb ölkələrində hər hansı bir dövlət müəssisəsində işləyərək bəzi günahları işləmək məcburiyyəti qarşısında qalarsa və onun məqsədi gələcəkdə karyera yüksəlişi nəticəsində daha önəmli bir yerə gələrək dininə həmin günahları kölgədə qoyacaq qədər ciddi xidmətlər göstərmək olarsa, belə bir yerdə işləməsinə icazə verilirmi?

Cavab: Sadəcə gələcəyə bağlı (reallaşacağı bəlli olmayan) hər hansı ümidləri əldə əsas tutaraq günaha yol vermək yolverilməzdir.

Məsələ 288. Müsəlman hüquqşünasa qeyri-müsəlman ölkələrində vəkillik fəaliyyəti məşğul olaraq həmin ölkələrin qanunvericiliyi çərçivəsində sadəcə iş qazanmaq məqsədilə müsəlman olmayan insanların müdafiəsini həyata keçirməyə icazə verilirmi?

Cavab: Hüquq pozuntusu, yalan iddia və ittiham kimi şəriət tərəfindən haram edilən hallara yol verilmədiyi halda məhdudiyyət qoyulmur.

Məsələ 289. Müsəlman hüquqşünasın qeyri-müsəlman ölkəsində həmin dövlətin qanunvericiliyi çərçivəsində hakimlik fəaliyyəti ilə məşğul olmasına icazə verilirmi?

Cavab: Hakimlik ləyaqəti olmayan şəxslərin hakimliklə məşğul olmasına, eləcə də ədalət mühakiməsinin İslam qanunvericiliyindən başqa qanunlar çərçivəsində həyata keçirilməsinə şəriət tərəfindən icazə verilmir.

Məsələ 290. Avropa ölkələrində yaşayan bir müsəlman mühəndis-elektrik mikrofon və s. səs apparaturasının çalışdırılması və təmiri üçün müxəlif yerlərə çağırılır. Həmin yerlərdən bəziləri isə haram əyləncə məkanları olur. O, həmin məkanlarda yeni apparatura və cihazları quraşdıra, yaxud təmir edə bilərmi? Nəzərə almaq lazımdır ki, bir-iki dəfə belə bir işdən imtina etdiyi halda o, müştərilərini və peşəsini itirə bilər.

Cavab: İcazə verilir.

Məsələ 291. Bir şəxs bu və ya digər restoranda ofisiant işləyərək müsəlman olmayan müştərilərə bəzən halal olmayan ət məhsullarından, bəzən isə donuz ətindən hazırlanan yeməklər təqdim edir. Birinci vəziyyət (qeyri-halal ət məhsulları) ilə bağlı fətvanız məlumdur. Sualımız ikinci vəziyyətlə bağlıdır. Haram sayılan ətlə yanaşı tərkibində donuz əti olan yeməklərin qeyri-müsəlman müştərilərə təqdim olunmasına necə baxırsınız? Nəzərə almaq lazımdır ki, ofisiant bundan imtina edəcəyi halda işdən azad ediləcəkdir.

Cavab: Donuz ətinin hətta onu halal bilənlərə belə təqdim edilməsinin halallığı şübhəlidir və ehtiyata əsasən bu işdən çəkinmək lazımdır.

Məsələ 292. Müsəlman şəxs spirtli içkilərin də satıldığı alış-veriş mərkəzlərində kassir işləyə bilərmi? Nəzərə almaq lazımdır ki, o satıcı deyil və işi yalnız ödənişləri qəbul etməkdən ibarətdir.

Cavab: Həm satıcı, həm də alıcı qeyri-müsəlman olduğu halda orada işləyə və halal məhsullar kimi spirtli içkilərin də ödənişini qəbul edə bilər.

Məsələ 293. Qərb ölkələrində mətbəə sahibi olan bir şəxs hansısa bir restoranın aralarında donuz ətindən hazırlanan yeməklərin də olduğu yeməklər siyahısını dərc edə bilərmi? Həmçinin, mətbəə xidmətləri ilə məşğul olan müsəlman şəxs şərab satışını, yaxud digər günahları həyata keçirən müəssisə və fiziki şəxslər üçün reklam lövhələrini çap edə bilərmi? Nəzərə almaq lazımdır ki, həmin şəxs bu qəbildən olan sifarişlərdən imtina etməyin onun işinə mənfi təsir edəcəyini iddia edir.

Cavab: Hətta biznesinə mənfi təsir edəcəyi halda da şəriət tərəfindən buna icazə verilmir.


[60] Təlaq surəsi, 2-3-cü ayələr.

[61] Nisaə surəsi, 97-98-ci ayələr.

[62] Vəsail əş-şiə, c.17, səh.44.

[63] “İstinqaz” (qurtarma) - İslam şəriətində qeyi-müsəlmanların əmlakından mümkün olan hər hansı bir yolla, bu və ya digər bir təhlükəyə yol açmamaq şərtilə faydalanmaq deməkdir.

[64] İslam şəriətində əmlakı toxunulmaz hesab edilən şəxs.

BEŞİNCİ FƏSİL: İCTİMAİ ƏLAQƏLƏR VƏ SOSİAL MÜNASİBƏTLƏR → ← ÜÇÜNCÜ FƏSİL: MÜSƏLMAN İMMİQRANT VƏ YAŞADIĞI ÖLKƏNİN QANUNVERCİLİYİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français