ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » QƏRB ÖLKƏLƏRİNDƏ MƏSKUNLAŞANLAR ÜÇÜN FİQH TƏLİMİ

DÖRDÜNCÜ FƏSİL: BİZNES VƏ SƏRMAYƏ → ← GEYİMLƏR

ÜÇÜNCÜ FƏSİL: MÜSƏLMAN İMMİQRANT VƏ YAŞADIĞI ÖLKƏNİN QANUNVERCİLİYİ

Hər bir dövlət öz hüdudları daxilində hüquqi cəmiyyətin bərpası və qorunması məqsədilə bir sıra qanunlar qəbul edir. Qanunvericilik bəzən bu və ya digər bir hərəkətin, fəaliyətin icrasını tələb, bəzən isə qadağan edir, bəzən məhdudlaşdırır, bəzən də bu və ya digər bir şərtlə şərtləndirir və s.

Həmin qanunlardan bir qismi də müəyyən bölgənin əhalisinin gündəlik sosial həyatının ayrılmaz bir parçası olan ictimai yerlərlə bağlı olur və həmin qanunların tələblərini pozmaq ictimai sabitliyin pozulmasına, hərc-mərcliyin yaranmasına səbəb ola bilər.

Bunu nəzərə alaraq mövzu ilə bağlı aşağıdakı şəriət hökmlərini oxucuların diqqətinə çatdırmağı məqsədəuyğun görürük:

Məsələ 215. Müsəlman insanların istifadə etdiyi istər piyada yollarını (səkiləri, keçidləri), istərsə də avtomobil yollarını nə müsəlman ölkələrində, nə də qeyri-müsəlman ölkələrində bu və ya digər bir şəkildə bağlaya, hərəkəti məhdudlaşdıra bilməz.

Məsələ 216. Müsəlman sahibinin izni olmadan özəl mülkiyyətdə olan binaların divarlarına, elan lövhələrinə hər hansı bir elanı yerləşdirə, yaza bilməz.

Məsələ 217. Müsəlmana ona bu ya digər əmlakı, yaxud işi etibar edən şəxsə, hətta kafir olsa belə, xəyanət etmək haramdır. Müsəlmana vacibdir ki, ona etibar edilən əmanəti qorusun, həvalə edilən işi layiqincə icra etsin. O cümlədən, ticarət müəssisələrində işləyən satıcılara və mühasiblərə heç bir vəchlə biznes sahibinə xəyanət edərək nəzarətlərində olan əmlakı mənimsəməyə icazə verilmir.[59]

Məsələ 218. İslama və müsəlmanların heysiyyətinə ləkə düşürdüyünü nəzərə alaraq, müsəlman olmayan insanların istər xüsusi, istərsə də ümumi mülkiyyətini oğurlayaraq mənimsəmək, yaxud tələf etmək yolverilməzdir.

Məsələ 219. Xüsusi və ya ümumi mülkiyyət olmasından asılı olmayaraq müsəlman olmayan əhalinin əmlakını oğurlamaq yolu ilə mənimsəmək və ya tələf etmək, hətta İslam və müsəlmanların nüfuzuna xələl gətirməsə belə, xəyanət və immiqrasiya əsnasında, yaxud daimi və ya müvəqqəti məskunlaşma icazəsi alarkən həmin dövlət qarşısında götürülən öhdəliklərin pozulması hesab edildiyindən yolverilməzdir. Çünki dinindən, irqindən və s. asılı olmayaraq istənilən şəxs (o cümlədən, fiziki və hüquqi şəxslər) qarşısında götürülən öhdəliyi pozmaq və xəyanət haramdır.

Məsələ 220. Müsəlman ölkələrinə giriş əsnasında (sərhəd və gömrük keçid məntəqələrində) müsəlman olmayan insanların əmlakını oğurlamaq yolu ilə mənimsəmək yolverilməzdir.

Məsələ 221. Əlaqədar qurumları və məsul şəxsləri yalan informasiya vermək kimi yollarla aldadaraq qeyri-qanuni yollarla pensiya və müavinət hüququ əldə etmək olmaz.

Məsələ 222. Müsəlman istənilən sığorta şirkəti ilə yanğın, sel, daşqın, oğurluq və s. təhlükələrə qarşı həyat sığortası, əmlak sığortası və s. sığorta müqavilələri bağlaya bilər və bu müqavilələr öhdəliklərinin icrası icbari olan, yalnız tərəflərin birgə razılığı əsasında son verilə biləcək hüquqi anlaşma hesab olunur.

Məsələ 223. Müsəlman haqqı olmayan əmlakı (sığorta ödənişini) əldə etmək etmək üçün sığorta şirkətinə yalan informasiya verə bilməz. Həmçinin, sığorta ödənişini əldə etmək üçün qəsdən yanğın törətmək kimi yollara əl atmaq da müsəlman üçün yolverilməzdir və həmin əmlak (sığorta ödənişi) onun üçün halal hesab edilmir.

Məsələ 224. Bəzən müsəlmanların ali mənafeyi onların qeyri-müsəlman ölkələrində bu və ya digər bir siyasi partiyada, nazirlikdə və ya qanunverici orqanda təmsil olunmalarını tələb edir. Bu halda onlara sözügedən qurumlarda çalışmağa icazə verilir. Sözügedən addımın müsəlmanların mənafeyinə olub-olmadığına gəlincə, bu yalnız və yalnız etibarlı mütəxəssislərə müraciət əsasında müəyyən edilməlidir.

Məsələ 225. Təhsil müəssisələrində götürülən imtahanlarda başqa bir abituriyentdən qarşılıqlı yardım almaq, hazır yazılı cavablardan istifadə etmək, nəzarətçini aldatmaq və ya hər hansı başqa bir yolla imtahan qaydalarını pozaraq saxtakarlıq etmək yolverilməzdir.

İndi isə gəlin, mövzu ilə bağlı bəzi aktual suallar və onlara Ayətullah əl-uzma Sistanin fətvalarına müvafiq surətdə verilən cavalar ilə tanış olaq:

Məsələ 226. Müsəlman bankomatdan pul çəkərkən yazdığı məbləğdən daha artıq pul gələrsə, qeyri-İslami bankın məlumatı olduğu halda həmin pulu (artıq məbləği) götürə bilərmi?

Cavab: Götürə bilməz.

Məsələ 227. Qeyri-müsəlman ölkələrində alış-veriş əsnasında satıcı (kassir və ya mühasib) ona qaytarmalı olduğu qalıq məbləğindən daha artıq pul qaytararsa, müsəlman həmin məbləği götürə bilərmi? Yoxsa satıcını bu səhvdən xəbərdar etməsi vacibdirmi?

Cavab: Qalıqdan artıq məbləği götürməyə haqqı yoxdur və götürdüyü halda da mütləq geri qaytarmalıdır.

Məsələ 228. Qeyri-müsəlman şirkətlərdən birində çalışan bir məmur şirkətin əmlakından ehtiyacı olan bir avadanlığı, əşyanı və s. şirkət sahibinə və ya məsul şəxsə məlumat vermədən götürə bilərmi?

Cavab: Götürə bilməz.

Məsələ 229. Qeyri-müsəlman ölkələrində elektrik enerjisi, qaz, su sayğaclarının işinə müdaxilə edərək onların düzgün işləməsinə əngəl törətmək olarmı?

Cavab: Bu yolverilməzdir.

Məsələ 230. Qərb ölkələrindən birində avtomobil qəzası ilə üzləşən müsəlman mühacir yüksək məbləğdə sığorta ödənişini əldə etmək etmək üçün öz ölkəsində uzun illər sürücülük təcrübəsi olduğunu iddia edir və iddiasını təsdiqləmək üçün sığorta şirkətinə yazılı sənədlər də təqdim edir. Onun məqsədi həqiqətə uyğun olmayan informasiya verməsinə, hətta sadəcə həqiqəti gizlətməklə olsa belə mütəxəssisləri yanıltmasına əsas verirmi və bu işdə ona kömək etmək olarmı?

Cavab: Sözügedən məqsədlə yalan söyləmək, həmçinin bu yolla artıq qazanc (sığorta ödənişi) əldə etmək olmaz. Bu işə yardım etmək də günahın icrasına yardım etmək deməkdir.

Məsələ 231. İslam və müsəlmanların imicinə kölgə düşürəcəyini bildiyi halda müsəlman qeyri-müsəlman ölkələrində sığorta şirkətlərini aldada bilərmi?

Cavab: Əsla, yolverilməzdir.

Məsələ 232. Müsəlman qeyri-İslami sığorta şirkətindən sığorta ödənişi əldə etmək məqsədilə öz evində yanğın hadisəsinin baş verməsinə zəmin yarada və sığorta ödənişi edildiyi halda həmin ödənişi qəbul edə (mənimsəyə) bilərmi?

Cavab: Müsəlmana deyilən məqsədlə öz əmlakını tələf etməyə, habelə sığorta şirkətinə yalan informasiya verməyə icazə verilmir və sığorta ödənişi də ona halal sayılmır.

Məsələ 233. Avropa ölkələrində fəaliyyət göstərən dövlət məktəblərində saxtakarlıq hallarına yol vermək olarmı? Bəs müsəlman və ya qeyri-müsəlman qeyri-dövlət məktəblərində necə?

Cavab: İstənilən halda saxtakarlıq yolverilməzdir.

Məsələ 234. Bəzi ictimai nəqliyyat vasitələrində siqaret çəkməyin qadağan edildiyini göstərən yazı və işarələr mövcuddur. Bu tələbi pozmaq olarmı?

Cavab: Əgər bu tələb həmin nəqliyyat vasitələrindən istifadə edən sərnişinlər üçün bir öhdəlik hesab edilərsə, yaxud müsəlman mühacirin riyaət edəcəyinə dair öhdəlik götürdüyü yerli qanunvericliyin bir tələbi olarsa, sözügedən yasağa riayət edilməlidir.

Məsələ 235. Bu və ya digər bir qeyri-müsəlman ölkəsinə viza əldə edən müsəlman həmin ölkəyə səfəri əsnasında yerli qanunlara, o cümlədən yol hərəkəti haqqında qanunun, əmək  məcəlləsinin və s. tələblərinə riayət etməyə borcludurmu?

Cavab: Əgər dolayı yolla olsa da, belə bir öhdəlik götürmüşsə, müqəddəs şəriətin zidd olmadıqca həmin qanunlara riayət etməlidir. Yol hərəkəti haqqında qanun kimi hüquqi-normativ aktlara gəlincə, xüsusilə, bu qanunların tələblərinin pozulması canı və malı (yaşamaq və mülkiyyət hüququ) toxunulmaz olan insanlara zərər dəyməsinə səbəb olduğundan onlara riayət etmək mütləq şəkildə vacibdir.

Məsələ 236. Bəzi dövlətlər immiqrantlara işsizliyə görə müavinət verir. Müsəlman immiqrantlara əmək fəaliyyəti ilə məşğul olduqları halda bu müavinəti almaq (mənimsəmək) olarmı?

Cavab: Onlar əmək fəaliyyəti ilə məşğul ola və əmək haqqı ala bilərlər. Lakin əlaqədar qurumlara əmək fəaliyyəti haqqında məlumat vermədən həmin müavinətləri ala bilməzlər.

Məsələ 237. Müsəlman Avropa və Amerika ölkələri kimi qeyri-müsəlman ölkələrində kafirlərdən oğurluq edə və ya onların əl atdığı hiyləli yollara baş vurmaqla sərvət əld etməyə çalışa bilərmi?

Cavab: İslam və ya müsəlmanların nüfuzuna zərbə vurduğu halda onların həm xüsusi, həm də ümumi mülkiyyətini oğurluq yolu ilə mənimsəmək, habelə tələf etmək yolverilməzdir. Hətta İslam və ya müsəlmanlara ləkə gətirmədiyi halda belə, bu əməl həmin ölkəyə giriş və ya orada məskunlaşma izni alarkən götürülən öhdəliklərin pozulması və xəyanət hesab olunduğundan yolverilməzdir. Çünki öhdəlikləri pozmaq və xəyanət istənilən halda haram və günahdır.

Məsələ 238. Müsəlman Avropa ölkələrində qanunvericilikdə nəzərdə tutulmuş bir sıra imtiyaz və güzəştləri əldə etmək üçün dövlət orqanlarına həqiqətə uyğun olmayan informasiya təqdim edə bilərmi?

Cavab: Bu addım yalan hesab edildiyinə görə yolverilməzdir və göstərilən hal yalana icazə verən zərurət məqamlarından sayılmır.


[59] Dəlil əl-muslim fi bilad əl-ğurbə, səh.89-90.

DÖRDÜNCÜ FƏSİL: BİZNES VƏ SƏRMAYƏ → ← GEYİMLƏR
العربية فارسی اردو English Azərbaycan Türkçe Français