ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » QƏRB ÖLKƏLƏRİNDƏ MƏSKUNLAŞANLAR ÜÇÜN FİQH TƏLİMİ

ÜÇÜNCÜ FƏSİL: MÜSƏLMAN İMMİQRANT VƏ YAŞADIĞI ÖLKƏNİN QANUNVERCİLİYİ → ← QİDALAR

GEYİMLƏR

Təbii dəridən hazırlanan geyimlər qeyri-müsəlman ölkələrində hər bir müsəlmanın qarşılaşa biləcəyi real bir problemdir. Belə ki, onlar doğma ölkələrində (müsəlman dövlətlərində) həmin məhsulların şəriət normalarına müvafiq qaydada kəsilən heyvanların dərisindən istehsal edildiyini bildiklərindən belə geyimləri arxayınlıqla alaraq çəkinmədən geyinir, onlarla namaz qılır və rütubətli əlləri ilə həmin libaslara toxunurlar. Qeyri-müsəlman ölkələrində isə vəziyyət köklü surətdə fərqlənir. Beləliklə, sözügedən mövzu ilə bağlı ən önəmli şəriət hökmlərinə qısaca nəzər salmağı məqsədəuyğun hesab edirik:

Məsələ 195. İslam şəriəti normalarına müvafiq qaydada kəsilməyən heyvanın dərisindən istehsal edildiyi məlum olduğu halda dəri geyimlər nəcis hesab olunur və onlarla namaz qılmaq olmaz. İslam şəriətində tətbiq olunan qaydalara uyğun şəkildə kəsilən və yeyilməsi halal olan heyvanın dərisindən istehsal edildiyi ehtimal olunduğu halda isə dəri geyimlər pak hesab olunur və onlarla namaz qılmaq olar.

Məsələ 196. Şir, bəbir, pələng, tülkü və çaqqal kimi yırtıcı heyvanların dərisindən istehsal olunan geyimlərlə namaz qılmaq olmaz. Həmçinin, vacib ehtiyata əsasən, meymun və fil kimi yırtıcı olmasa da ətinin yeyilməsi haram olan heyvanların dərisindən istehsal edilən geyimlərlə də - hətta sözgedən dərilərin təzkiyə nəticəsində pak hesab olunduğu, yaxud təzkiyəsinin ehtimal olunduğu hallarda belə - namaz qılmaq olmaz. Lakin belə dərilərdən (təzkiyə nəticəsində pak olan, yaxud təzkiyə olunduğu ehtimal edilən, əti haram olsa da yırtıcı olmayan meymun və fil kimi heyvanların dərisindən tərc.) hazırlanan və övrəti (eyib yerləri) örtməyən kəmər kimi geyim və aksessuarlardan istifadə etmək olar.

Dəri geyim məhsullarının təzkiyə olunmamış heyvanın dərisindən istehsal edildiyinə əmin olduğumuz halda, eləcə də həmin heyvanların təzkiyə olunması ehtimalının sağlam ağıl sahiblərinin etimad göstərmədiyi zəif bir ehtimal, məsələn 2% olduğu halda isə həmin geyimlər, hətta kəmər kimi övrəti örtməyən geyim növü və aksessuarlar da nəcis hesab olunur və onlarla namaz qılmaq olmaz.

Məsələ 197. Qeyri-müsəlman ölkələrində ilan və timsah dərisindən istehsal edilən və satılan dəri məhsulları pakdır və onların alqı-satqısı da, paklığın şərt olduğu (namaz kimi) məqamlarda istifadəsi də sərbəstdir.

Məsələ 198. Müsəlman ölkələrində istehsal olunan və qeyri-müsəlman ölkələrində satılan bütün növ dəri məhsulları pak hesab olunur və onlarla namaz qılmaq olar.

Məsələ 199. Qeyri-müsəlman ölkələrində istehsal edilən və təbii, yoxsa süni dəridən hazırlandığı məlum olmayan dəri məhsulları pak sayılır və onlarla namaz qılmaq olar.

Məsələ 200. Şəriətin kəsim qaydalarına riayət olunmadan kəsilən heyvanların dərisindən istehsal olunan ayaqqabı onu geyinən şəxsin ayağını yalnız nəcasəti keçirən rütubətlə nəcis edə bilər. Beləliklə, əgər ayaq tərləyərsə və corab da tərləmə nəticəsində yaş olarsa, lakin rütubət nəcis dəridən olan ayaqqabıya sirayət etməzsə, ayaq və corab nəcis hesab olunmur.

Məsələ 201. Qeyri-müsəlman ölkələrində istehsal edilən dəri kapşon (gödəkçə və jaketlərə əlavə edilən başlıq), papaq və ya kəmərlə namaz qılmaq olar. Eləcə də sahibi, yaxud müştəriləri qeyri-müsəlmanlar olan ticarət mərkəzlərindən aldığımız dəri məhsullarının şəriət normalarına müvafiq qaydada kəsilmiş əti halal heyvanların dərisindən istehsal olunduğunu ehtimal edərsək, onlarla namaz qılmaq olar.

Məsələ 202. Kişilərə istər namazda, istərsə də digər vaxtlarda qızıl üzük, o cümlədən nişan üzüyü, qol saatı və s. qızıl zinət əşyaları və aksessuarlarından istifadə etmək olmaz. Lakin qızıl suyuna çəkilən və qızıl zinət əşyası hesab edilməyən aksessuarlardan istifadə etmək olar.

Məsələ 203. Kişilərə ağ qızıl adlandırılan qiymətli metaldan hazırlanan zinət əşyalarından istifadə etmək olmaz.

Məsələ 204. Qadınlara bütün hallarda, eləcə də namazda qızıl zinət əşyalarından və aksessuarlardan istifadə etmək olar.

Məsələ 205. Fiqh ədəbiyyatında öz əksini tapan müstəsna hallar istisna olmaqla kişilərə təbii ipəkdən hazırlanan libasları geyinmək olmaz, istər namazda, istərsə də digər vaxtlarda.

Məsələ 206. Qadınlar bütün hallarda, habelə namaz əsnasında ipək parçalı libaslar geyinə bilərlər.

Məsələ 207. Kişilər təbii, yoxsa süni dəridən olduğunu dəqiq bilmədikləri libasları geyinə və onlarla namaz qıla bilərlər.

Həmçinin, kişilərə xalis ipək hesab olunmayacaq dərəcədə qarışığı olan, tərkibində təbii ipəklə yanaşı yüksək miqdarda pambıq, yun, neylon və s. olan parçalardan hazırlanan libasları, eləcə də belə qarışıq parçadan olduğu güman edilən libasları geyinmək və onlarla namaz qılmaq olar.

Məsələ 208. Vacib ehtiyata əsasən, kişi qadın kimi (qadına bənzəyəcək görkəmdə) geyinməməlidir.

Məsələ 209. Vacib ehtiyata əsasən, müsəlmanlar kafirlərin geyim tərzini təqlid etməməlidirlər.

İndi isə gəlin, geyim mövzusu ilə bağlı Ayətullah əl-uzma Sistaniyə ünvanlanan ən aktual suallar və onlara verilən cavablarla tanış olaq:

Məsələ 210. Biz, Avropa ölkələrində yaşayan müsəlmanlar təzkiyə olunmamış heyvanların dərisindən istehsal edildiyini güman etdiyimiz ayaqqabı, bel kəmərləri və s. dəri geyim məhsullarını alırıq. Həmin dərilər bəzən müsəlman ölkələrindən də idxal olunur, yaxud burada müsəlman qəssabların işlətdiyi sallaqxanalardan alınır. Nümunə üçün qeyd etmək olar ki, Britaniyada az sayda da olsa belə sallaqxanalar fəaliyyət göstərir. Beləliklə, həmin dəri məhsullarının müsəlman ölkələrindən idxal edildiyi, yaxud heyvanların İslami kəsim qaydasında kəsildiyi hər hansı bir yerdən alındığı ehtimalına - hətta ehtimal zəif olsa belə - əsaslanaraq onları pak hesab edə bilərikmi?

Cavab: Əgər 2%-lik ehtimal kimi əksinin daha çox həqiqətə uyğun göründüyü zəif bir ehtimal olarsa, ona etimad etmək (əsaslanmaq) olmaz. Əks təqdirdə (etimad edilə biləcək yüksək ehtimalın mövcud olduğu halda) isə onları pak hesab etmək olar. Doğruları bilən Allahdır.

Məsələ 211. Fəqihlər xalis təbii ipəkdən hazırlanan geyimlərin kişilərə haram olmasına dair fətva verirlər. Bəs kişilər qalstuk kimi xalis olmayan ipəkdən hazırlanan geyim və aksessuarlardan istifadə edə bilərmi? Qalstuk xalis təbii ipəkdən hazırlandığı halda necə, kişilər üçün bağlanılması haram hesab edilirmi?

Cavab: Hətta xalis ipəkdən olsa belə qalstuk bağlamaq haram hesab edilmir. Çünki qalstuk övrəti örtə bilən geyimlərdən deyil. Xalis ipək hesab olunmayan qarışıq tərkibli parçadan hazırlanan məhsullara gəlincə, hətta övrəti örtən geyimlər olsa belə, onları geyinmək olar.

Məsələ 212. Bəzi istehsalçı şirkətlərin öz məhsullarının üzərinə həmin geyimlərin xalis ipəkdən hazırlandığını yazmasına baxmayaraq, qiymətlərinin ucuzluğu səbəbilə biz bunun doğruluğuna tərəddüd edirik. Bu halda həmin libasları geyinə və onlarla namaz qıla bilərikmi?

Cavab: Şəkk halında həmin libasları geyinmək və onlarla namaz qılmaq olar.

Məsələ 213. Üzərində spirtli içkiləri reklam edən təsvirlərin əks olunduğu paltarların geyinilməsinə və alqı-satqısına icazə verilirmi?

Cavab: Onların geyinilməsi də, alqı-satqısı da haramdır.

Məsələ 214. Kişilər bəzi daxili hissələri (məsələn əqrəbi), yaxud qayışı qızıldan olan qol saatı bağlaya və onunla namaz qıla bilərmi?

Cavab: Birinci halda həmin saatı qola bağlamaq və onunla namaz qılmaq olar, ikinci halda (qayışı qızıldan olduğu halda) isə olmaz.

ÜÇÜNCÜ FƏSİL: MÜSƏLMAN İMMİQRANT VƏ YAŞADIĞI ÖLKƏNİN QANUNVERCİLİYİ → ← QİDALAR
العربية فارسی اردو English Azərbaycan Türkçe Français