ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » QƏRB ÖLKƏLƏRİNDƏ MƏSKUNLAŞANLAR ÜÇÜN FİQH TƏLİMİ

GEYİMLƏR → ← I HİSSƏ: İBADƏTLƏR

QİDALAR

II HİSSƏ

MÜAMİLƏLƏR

 

BİRİNCİ FƏSİL

QİDALAR

Müsəlmanlar adətən öz doğma evlərində, şəhər, yaxud kəndlərində doğmalarının, ailə üzvlərinin əhatəsində böyüyüb boya-başa çatır, orada sevdikləri və tərkibini bildikləri müxtəlif növ qida məhsulları, yeməklər və içkilərlə qidalananmağa adət edirlər. Onlar bilirlər ki, həmin qidalar inanclarının onları qida kimi qəbulundan çəkindirdiyi məhsullardan xalidir və İslami dəyərlərdən hər hansı biri ilə uyğunsuzluq təşkil etmir.

Qeyri-müsəlman mühitində yaşayacaqları hər hansı bir xarici ölkəyə köç etdikdə isə qidalanma problemi ilə qarşı-qarşıya qalırlar. Çünki nə burada qarşılaşdıqları yeməklər və içkilər onların sevdikləri, yeməyə və içməyə adət etdikləri, zövqlərincə olan qidalardır, nə də onların tərkibi mühacir müsəlmanların halallığından əmin olduqları məhsullarından ibarətdir. Məsələ burasındadır ki, yeni məskunlaşdıqları cəmiyyət bir qeyri-müsəlman toplumudur və onun da özünəməxsus ictimai dəyərləri, adət-ənənələri vardır. Təbii ki, qidalanmada İslam şəriətinin norma və göstərişlərinə bağlılıq burada bir önəm kəsb etmir.

Beləliklə, müsəlman mühacir hər hansı bir restorana gedərək nahar etmək istədikdə isə həmin qidanın halal, yoxsa haram olması, onu yeməyin mübah, yoxsa yasaq olması, qidanın özünün pak olub-olmaması kimi problemlərlə üzləşir və bütün bunlar cavabını gözləyən bir sıra sualları meydana gətirir.

Bunu nəzərə alaraq, öncə hər bir müsəlmanın qidalanma ilə bağlı bilməli olduğu bir sıra şəriət hökmlərini xatırladaraq daha sonra sözügedən mövzuda ünvanlanan bir sıra suallara yer verməyi daha məqsədəuyğun hesab edirik:

Məsələ 154. Öncəki səmavi dinlərin və müqəddəs kitabların ardıcılları, o cümlədən yəhudilər, xristianlar və məcusilər pak hesab edildiyindən qidalanma ilə bağlı bir çox problemlərin həlli asanlaşır. Belə ki, biz müsəlmanlar onların hazırldıqları yeməklərin və içkilərin tərkibində şərab kimi qəbulu bizə haram olan maddələrin mövcudluğuna əmin olmadığımız halda hətta rütubətli əlləri ilə onlara toxunmuş olsalar belə həmin qida məhsulları ilə qidalana bilərik. Ət, piy və digər heyvan mənşəli qida məhsulları ilə bağlı isə gələcək məsələlərdə öz əksini tapacaq xüsusi göstərişlər vardır.

Məsələ 155. Kitab əhli olmayan (müqəddəs kitablardan heç birinə inanmayan) kafir tərəfindən hazırlanan yeməklərin tərkibində şərab kimi qəbulu ona haram olan qidaların mövcudluğuna əmin olmadığı halda müsəlman qidanı hazırlayanın ona rütubətli əllə toxunduğuna da əmin olmayınca ondan yeyə bilər. Bu halda da ət, piy və digər heyvan mənşəli qida məhsulları ilə bağlı gələcək məsələlərdə öz əksini tapacaq xüsusi göstərişlər vardır.

Məsələ 156. Müsəlman yeyinti sənayesi məhsullarını istehsal edənlərin dini və etiqadı haqqında ümumiyyətlə məlumatlı olmadığı təqdirdə həmin qida məhsullarının tərkibində şərab kimi qəbulu ona haram olan maddələrin mövcudluğuna əmin olmadıqca hazırlayanın ona yaş əllə toxunub-toxunmamasından asılı olmayaraq həmin qida məhsulları ilə qidalana bilər. Bu məqamda da ət, piy və digər ət məhsulları ilə bağlı gələcək məsələlərdə öz əksini tapacaq xüsusi göstərişlər vardır.

Bununla yanaşı qeyd etmək lazımdır ki, müsəlmana yediyi qidanı hazırlayanın inanclı olub-olmadığını, yaxud qidaya əllə toxunub-toxunmadığını öyrənmək vacib deyil. Hətta bu məlumatı əldə etmək kifayət qədər asan və normal gorünsə belə. Bir sözlə, müsəlmana ət, piy və digər ət mənşəli məhsullar istisna olmaqla bütün növ qida məhsulları ilə qidalanmaq olar, hətta tərkibində yeyilməsi onun üçün haram olan qidaların mövcudluğundan, yaxud hazırlayanın ona rütubətli əllə toxunduğundan şübhələnsə belə.

Məsələ 157. Həmçinin müsəlmanın tərkibində yeyilməsi haram olan maddələrin olub-olmadığını öyrənmək üçün qida məhsulunun tərkibini araşdırması və eləcə də onu hazırlayanlardan hazırlama (istehsal) prosesində, yaxud daha sonra ona əllə toxunub-toxunmadığını soruşması vacib deyil.

Məsələ 158. Müsəlmana ət, piy konservləri, eləcə də ət və piy mənşəli məhsulların konservləri istisna olmaqla bütün növ qida məhsulları ilə qidalanmaq olar, hətta tərkibində yeyilməsi onun üçün haram olan qidaların mövcudluğundan, yaxud hazırlayanın ona rütubətli əllə toxunduğundan şübhələnsə belə. Həmçinin müsəlmanın tərkibində yeyilməsi haram olan maddələrin olub-olmadığını öyrənmək üçün konserv məhsullarının tərkibini araşdırması vacib deyil.

Məsələ 159. Müsəlman özü kimi müsəlman satıcının müsəlmanlara satdığı müxtəlif halal ət məhsullarını ala bilər. Həmin müsəlman başqa məzhəbdən, onun məzhəbinin fiqhinə görə kəsim qaydaları da bizim məzhəbin kəsim qaydalarından bir qədər fərqli olsa belə, heyvanın kəsimində fiqhimizin kəsim normalarına riayət edilməsi ehtimalı mövcud olduğu halda həmin ət məhsulları halal hökmünü daşıyır. Bu hökm kəsimin üzü qibləyə doğru gerçəkləşdirilməsindən başqa şərtlərə aiddir. Qibləyə doğru kəsim şərtinə gəlincə isə, qəssabın (məzhəbinin fiqhinə müvafiq olaraq) onu vacib bilmədiyi halda riayət edilməsi vacib deyil.

Məsələ 160. Əgər müsəlman almaq istədiyi ət məhsulunun inək, qoyun və toyuq kimi əti halal olan heyvanların ətindən olduğunu, lakin İslam şəriətinin normalarına müvafiq qaydada kəsilmədiyini bilərsə və buna əmin olarsa, satıcının müsəlman olmasına baxmayaraq, həmin ət məhsulunun yeyilməsi onun üçün haram, özü isə nəcis hesab olunur və rütubətli olduğu (ət, yaxud toxunduğu əşya, yaxud hər ikisi) halda toxunduğu əşyanı da nəcis edir.

Məələ 161. Əgər müsəlman ət məhsulunu bilavasitə kafirdən, yaxud kafirdən alan və alarkən necə kəsildiyini öyrənməyən başqa bir müsəlmandan satınalma, yaxud başqa bir yolla (ödənişsiz bağışlama və s.) əldə edərsə, həmin ət məhsulu haram hesab edilir. Lakin müsəlmanın həmin heyvanın şəriət normalarına müvafiq qaydada kəsilmədiyi haqqında dəqiq məlumatı olmadığı təqdirdə ət yeyilməsi haram olsa da, nəcis hökmünü daşımır.

Məsələ 162. Növündən asılı olmayaraq balıq və balıq məhsullarının yeyilə bilməsi (halal hesab edilməsi) üçün iki şərt (meyar) mövcuddur:

1) balıq pulcuqlu olmalıdır;

2) müsəlman onun sudan diri ovlandığına, yaxud balıqçının torunda öldüyünə əmin olmalıdır. Balığı ovlayanın müsəlman olması, yaxud ov əsnasında Allahın adını zikr etməsi vacib deyil. Beləliklə, hətta kafir belə pulcuqlu balığı ovlayaraq sudan diri çıxardarsa və ya balıq onun torunda, yaxud səbətində can verərsə, həmin balığın yeyilməsi halal sayılır.

Müsəlman birinci şərtin (meyarın) mövcudluğuna əmin olmaq üçün balıq qarşısında olduğu halda (toxunulmadan, təmizlənmədən qalmışsa) öz gözləri ilə görərək, yaxud doğru yazıldığına arxayın olduğu halda adından onun pulcuqlu olub-olmadığını aydınlaşdıra bilər. Əlinizdəki əsərin sonunda (II əlavədə) pulcuqlu balıqların adlarından ibarət bir cədvəl öz əksini tapmışdır.

İkinci şərtə isə, əldə olan məlumatlara əsasən, demək olar ki, bütün dünya ölkələrində riayət olunur və bütün dünyada balıqçılıq təsərrüfatı normalarına müvafiq olaraq ovlanan balıqlar sudan diri çıxarılır, yaxud torda can verir.

Beləliklə, təbii, yaxud konservləşdirilmiş olmasından asılı olmayaraq balıq məhsullarını müsəlmandan olduğu kimi kafirdən də alaraq yemək olar.

Məsələ 163. Krevet sudan diri tutulduğu halda yeyilməsi halaldır. Lakin qurbağaların, xərçənglərin, tısbağaların, bütün növ suda-quruda yaşayanlar, o cümlədən ilbizlər və omarların (oynaqlı iri dəniz xərçəngləri) yeyilməsi haramdır.

Məsələ 164. Kürülərin halallığı isə onun alındığı balığın halal olub-olmamasından asılıdır. Yeyilməsi halal olan balığın kürüsü də halal, haram olan balığın isə kürüsü də haramdır.

Məsələ 165. Şərab, pivə, bərk və ya maye halında olmasından, yaxud ağır və yüngül içki sayılmasından asılı olmayaraq bütün məstedicilərin qəbulu haramdır. Allah (c.c.) dəyərli kitabında buyurur: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət, kin salmaq və sizi Allahı zikr etməkdən, namaz qılmaqdan ayırmaq (yayındırmaq) istər. Artıq bu işə son qoyacaqsınızmı?”[53]

Sevimli Peyğəmbərimiz Həzrət Məhəmməd (s) isə belə buyurur: “Allah (c.c.) şərabı dilimə belə toxundurmağı mənə haram etdikdən sonra kim şərab içərsə, qapınıza elçiliyə gəldikdə ona qız verməyiniz, onun üçün hər hansı bir işdə vasitəçilik və himayədarlıq etməyiniz, sözlərini təsdiq etməyiniz və əmanətdarlığına inanaraq ona etibar etməyiniz doğru deyil”.[54]
Başqa bir hədisdə isə Allahın elçisinin (s) belə buyurduğunu oxuyuruq: “Allah (c.c.) şərabı, onun alındığı meyvə ağacını (şərab istehsalı məqsədilə) əkəni, onu şərab şirəsinə çevirəni (istehsalçını), şərab içəni, içirdəni, satanı, alanı, onun gəlirindən faydalananı, şərabı daşıyanı və istifadəsinə daşınan şəxsi lənətləmişdir”.[55]
Bu xüsusda çoxsaylı hədislər mövcuddur ki, daha ətraflı məlumat almaq üçün fiqh və hədis məcmuələrinə müraciət edə bilərsiniz.[56]

Məsələ 166. Şərab, yaxud məstedici içki içilən süfrədən qidalanmaq haramdır. Həmçinin, vacib ehtiyata əsasən, həmin süfrənin arxasında əyləşmək belə haramdır.

Məsələ 167. Müsəlman şərab verilən iaşə müəssisələrinə (restoranlara, kafelərə və s.) gedə bilər, bu şərtlə ki, onun həmin müəssisələrin xidmətindən istifadəsi onların belə şəriətə uyğun olmayan fəaliyyətinə rəvac vermiş olmasın. Bu halda da şərab içilən süfrədən qidalanmamalı, həmçinin vacib ehtiyata əsasən, belə süfrələrin arxasında belə oturmamalıdır. Şərab içilən süfrənin yaxınlığında stol rezervasiya etməyin isə eybi yoxdur.

Məsələ 168. Təharət və nəcasətlə bağlı hökmlərin öz əksini tapdığı üçüncü fəsildə qeyd edildi ki, odundan və ya başqa bir maddədən alınmasından asılı olmayaraq spirtin bütün növləri pak sayılır. Beləliklə, tərkibində spirt olan bütün qida məhsulları da pak hesab edilir.

Məsələ 169. Bəzi balıqçılıq təsərrüfatı mütəxəssislərinin nəzərincə, pulcuqsuz balıqlar dənizlərdəki çirkli məhsulları yeməklə təmizlik vəzifəsini icra edirlər.

Məsələ 170. Bəzi tədqiqatçı mütəxəssislərin rəyinə görə, heyvanın başının kəsilməsi ilə orqanizmindəki qanın axıdılması onun ətini yeyənlərin sağlamlığı üçün bu qaydada ölməyən heyvanın ətindən daha faydalı edir. Təəccüblü deyildir ki, bəzi müsəlman olmayan alıcıların da daha sağlam qidalanmaq niyyəti ilə ət məhsullarını heyvanların İslam şəriəti normalarına müvafiq qaydada kəsildiyi və satıldığı satış nöqtələrindən aldığına şahid oluruq.

Məsələ 171. İnsana (sağlamlığına və mövcudluğuna) öldürücü zəhər qəbul etmək kimi ciddi təhlükə törədə biləcək hər hansı bir maddənin istifadəsi, eləcə də hamilə qadının uşağını düşürməsinə (kurtaja) səbəb ola biləcək hər hansı bir dərman maddəsini qəbul etməsi və zərərli olduğu məlum olan, yaxud sağlam ağıl sahiblərinin etina etdiyi kiçik bir ehtimalla olsa belə güman edilən və zərəri ölümə, yaxud bədən üzvlərindən birinin fəaliyyətini itirməsinə yol aça biləcək qədər ciddi olan hər hansı digər bir işin icrası haramdır.

Məsələ 172. İslam dinində süfrə arxasında əyləşməyin və qidalanmağın bir sıra etik qaydaları mövcuddur, o cümlədən:

- yeməyə başlayarkən Allahın adını xatırlamaq;

- sağ əllə yemək;

- yeməyi kiçik dilimlər şəklində qəbul etmək;

- süfrə arxasında tələsmədən əyləşmək;

- yeməyi həzm olunması üçün yaxşıca çeynəmək;

- yeməkdən sonra Allaha şükür etmək;

- meyvələri yeməzdən öncə yumaq;

- tox halda qidalanmaqdan imtina etmək;

- tam doyanadək yeməmək (doymazdan öncə əlini süfrədən çəkmək);

- yemək əsnasında insanların üzünə baxmamaq;

- kollektiv halda süfrə arxasına əyləşdikdə başqalarının qarşısındakı yeməyə əl uzatmamaq;

- yeməyə süfrədəki duzdan dadmaqla başlamaq və yeməyi bu qaydada bitirmək.[57]

İndi isə gəlin qidalanma ilə bağlı Həzrət Ayətullah əl-uzma Sistaniyə ünvanlanan bir sıra aktual suallar və onlara verilən cavablarla tanış olaq:

Məsələ 173. Müsəlman ölkələrində fəaliyyət göstərən bir sıra qeyi-müsəlman müəssisələrinin istehsal etdiyi ət məhsullarının üzərində “İslam normalarına müvafiq qaydada kəsilmişdir” yazılır. Həmin məhsullarla qidalana bilərikmi? Belə məhsulları qeyri-müsəlman ölkələrində fəaliyyət göstərən müsəlman yeyinti sənayesi müəssisələri istehsal etdiyi halda həmin məhsullardan yeyə bilərikmi? Bəs həm istehsalçı müəəsisənin qeri-müsəlmanlara məxsus olduğu, həm də məhsulun istehsal olunduğu ölkənin qeyri-müsəlman dövləti olduğu halda necə?

Cavab: Məhsulların üzərindəki yazılar mötəbər hesab edilmir. Həmin məhsulların istehsalçısı müsəlmanlar olduğu halda, yaxud əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi bir ölkədə istehsal edildiyi və istehlakçıda istehsalçının müsəlman olmadığına dair etibarlı məlumat olmadığı halda onlarla qidalanmaq olar. Lakin istehsalçının müsəlman olmadığı, yaxud məhsulun əhalisinin əksəriyyətini müsəlmanların təşkil etmədiyi bir ölkədə istehsal edildiyi və istehlakçıda onun istehsalçısının müsəlman olduğuna dair dəqiq məlumat olmadığı halda isə həmin məhsullarla qidalanmaq olmaz.

Məsələ 174. Avropa ölkələrində bir sıra iri alış-veriş mərkəzlərində qutusunun üzərində “halal”, yaxud “İslami şəriətin müvafiq qaydada kəsilmişdir” kimi ifadələrin yazıldığı ət konservlərinə rast gəlirik. Onları alıb yeyə bilərikmi?

Cavab: Doğruluğuna arxayınlıq hasil etmədiyi halda həmin yazılar bir önəm kəsb etmir.

Məsələ 175. Bəzi müəssisələr əllərindəki texnologiya və avadanlıqlarla çoxlu sayda toyuğun vahid zamanda kəsimini həyata keçirir. Əgər həmin avadanlığı bir müsəlman işlədərək cihazı işə salarkən bütün başı kəsilən heyvanlar üçün bir dəfə təkbir və bəsmələ (bismillah) zikr edərsə, onları yemək halal sayılırmı? Həmin məhsulların halallığına şübhə etdiyimiz halda onları təmiz hesab edə və yeyə bilərikmi?

Cavab: Cihaz kəsim əməliyyatını həyata keçirdiyi müddət ərzində cihazı işə salan “bismillah” zikrini davamlı surətdə təkrarlayarsa, halallıq üçün kifayətdir. Halallıqda şəkk “bismillah” zikrinin deyilib-deyilməməsi ilə əlaqədar olduğu halda isə məhsul təmiz, yeyilməsi də halal sayılır.

Məsələ 176. Sahibi müsəlman olan və şərab da satılan supermarketdə halal adı ilə satılan ət məhsullarını almaq olarmı?

Cavab: Bəli, hərçənd daha öncə müsəlman olmayan bir şəxsin əlində olsa belə, müsəlman satıcının məhsulun şəriət normalarına müvafiq qaydada kəsildiyini aşkarlaması ehtimalını nəzərə alaraq həmin məhsulları satın almaq olar və onlarla qidalanmaq halal sayılır. Belə bir ehtimal olmadığı halda isə halal hesab edilmir.

Məsələ 177. Qeyri-müsəlman ölkələrində istehsal olunan bir sıra pendir məhsullarının mayası buzov, yaxud başqa bir heyvanın mədəsindən alınır və biz həmin heyvanların şəriət normalarına müvafiq qaydada kəsilib-kəsilmədiyini, yaxud mayanın istihalə halını gerçəkləşdirib-gerçəkləşdirmədiyini bilmirik. Həmin pendir məhsullarını yemək olarmı?

Cavab: Sözügedən pendir məhsullarının bu baxımdan yeyilməsinə bir əngəl görünmür. Doğrusunu isə Allah bilir.

Məsələ 178. Qərb ölkələrində “jelatin” adlanan qida məhsullarının istehsalında, yeməklərdə və içkilərdə geniş miqyasda istifadə olunur. Bu maddənin bitki, yoxsa heyvan mənşəli olduğunu, heyvan mənşəli olduğu halda isə heyvanın sümüyündənmi, yoxsa sümüyün ətrafındakı toxumalardanmı alındığını, habelə həmin heyvanın yeyilməsi halal, yoxsa haram heyvanlardan olduğunu bilmirik. Beləliklə, jelatini qida kimi qəbul edə bilərikmi?

Cavab: Şübhə jelatinin heyvan, yoxsa bitki mənşəli olduğuna dairdirsə, qida kimi qəbul etmək olar. Lakin heyvan mənşəli olduğuna dair məlumat olduğu halda vacib ehtiyata əsasən, hətta heyvanın sümüyündən hazırlandığı halda belə onun şəriət normalarına müvafiq qaydada kəsildiyinə əmin olmadıqca jelatini qida kimi qəbul etmək olmaz. Bununla yanaşı, jelatini təşkil edən maddələrin kimyəvi istehsal prosesi çərçivəsində istihaləyə məruz qaldığına əmin olduğumuz təqdirdə qida kimi qəbulunun qəti qorxusu yoxdur. Lakin bu (istihalə halı) təsbit edilməmişdir.

Məsələ 179. İri balıqçılıq gəmiləri eyni anda tonlarla balıq ovlayaraq bazarlarda satışa çıxarırlar. Əldə etdiyimiz məlumatlara əsasən, balıq ovunda formalaşan ənənələr, qaydalar balıqların sudan diri halda çıxarılmasını tələb edir. Hətta iri balıqçılıq təsərrüfatı subyektləri özləri sudan ölü halda çıxan balıqları zəhərlənmə hallarından qorxaraq, yaxud qida sağlamlığını nəzərə alaraq yenidən suya atırlar. Beləliklə, həmin balıqları qeyri-müsəlmanlar, yaxud şəriətin hökmlərinə qarşı laqeyd olan müsəlmanlar tərəfindən satıldığı satış nöqtələrindən ala bilərikmi? Nəzərə almaq lazımdır ki, qarşımızdakı balığın sudan diri çıxarıldığına dair dəqiq məlumat əldə etmək, yaxud bunu öz gözləri ilə görən etibarlı bir şahid tapmaq olduqca çətin, hətta bəzi hallarda mümkünsüzdür. Bütün bunları nəzərə alaraq, toyuq, qoyun və inək ətinin təzkiyəsi ilə bağlı dəqiq məlumatın əldə edilməsində çətinlik çəkdiklərindən ət və ət məhsullarına ehtiyaclarını balıq ətinin heabına ödəməyə çalışan müsəlmanların bu probleminin həlli yolu nədən ibarətdir?

Cavab: Həmin balıqların istər müsəlmanlardan, istərsə qeyri-müsəlmanlardan alınmasına məhdudiyyət qoyulmur. Həmçinin, deyilən qaydada (sudan diri çıxarılma şərtilə) ovlandığı və pulcuqlu balıqlardan olması dəqiqləşdirildiyi halda yeyilməsi də sərbəstdir.

Məsələ 180. Adətən balıq konservlərinin qutularının üzərində əks olunan balığın adı və ya şəklinə əsaslanaraq onun pulcuqlu balıqlardan olub-olmamasını ayırd edə bilirik. Bu qəbildən olan hallarda saxtakarlığın istehsalçı şirkəti ciddi zərərlərlə qarşı-qarşıya qoya biləcəyini (bu baxımdan da istehsalçının belə saxtakarlıq hallarına yol verməyəcəyini) nəzərə alaraq balığın növünü təyin etməkdə qutunun üzərindəki həmin məlumatlara (ad və ya şəklə) istinad edə bilərikmi?

Cavab: Doğruluğuna əmin olduğunuz halda istinad edə bilərsiniz.

Məsələ 181. Krevetlərə oxşadıqlarını nəzərə alaraq müxtəlif növ xərçəngləri də yemək olarmı?

Cavab: Xərçənglərin yeyilməsinə şəriət tərəfindən icazə verilmir.

Məsələ 182. Əhli-sünnə məzhəblərindən olan müsəlmanlardan balıq məhsullarını almaq olarmı? Nəzərə almaq lazımdır ki, həmin balıqların pulcuqlu olub-olmadığını bilmirik.

Cavab: Alınmasına əngəl yoxdur, lakin pulcuqlu olduğuna dair dəqiq məlumat əldə edilməmiş yeyilə bilməz.

Məsələ 183. Təzkiyə olunmamış heyvan ətinin buxarında bişirilən halal yeməkləri yemək olarmı?

Cavab: Yemək olmaz. Çünki həmin yemək nəcis hökmündə olan ətin buxarından toplanan su dənəcikləri ilə təmas etdiyindən nəcis hesab olunur.

Məsələ 184. Müsəlmanın iştirakılardan hesab olunacağı təqdirdə şərab məclislərində süfrə arxasında oturmasının haram olduğunu bilirik. Bəs süfrə deyərkən nə nəzərdə tutulur: bir neçə süfrədən (stoldan) ibarət bütöv məclis, yoxsa yoxsa məhz üzərində şərab olan süfrə (stol)? Başqa sözlə məclisdə süfrələr bir-birindən aralı olduğu halda üzərində şərab olmayan süfrənin arxasında əyləşmək olarmı?

Cavab: Burada süfrə deyərkən məhz üzərində şərab olan süfrə nəzərdə tutulur. Şərab və ya spirtli məstedici içkilərin içildiyi süfrədə əyləşməyin haramlığı ilə bağlı hökm ehtiyata əsaslandığından, “əqva” (ən güclü) nəzərə əsasən, həmin süfrədən qidalanmaq da haramdır.

Məsələ 185. Bir müsəlman kafedə çay içərkən başqa bir şəxs də gələrək həmin stolun arxasında əyləşərək şərab (spirtli içki) içməyə başlayarsa, müsəlmn dərhal ayağa qalxaraq həmin məkanı tərk etməlidirmi?

Cavab: Bəli, artıq qeyd edildiyi kimi belə vəziyyətlərdə həmin süfrədən (stolun arxasından) qalxmaq lazımdır.

Məsələ 186. Üzərində “spirtsiz” ifadəsi yazılan pivə məhsullarını içmək olarmı?

Cavab: Yüngül dərəcədə də olsa, məstedicilik qabiliyyəti olan pivə halal sayılmır. Lakin “mauş-şəir” (arpa suyu) adlanan və məstedicilik qabiliyyəti olmayan içkinin qəbuluna isə məhdudiyyət qoyulmur.

Məsələ 187. Həb və ya maye halında olan əksər dərman preparatlarının tərkibində spirt mövcuddur. Həmin preparatların qəbuluna şəriət tərəfindən icazə verilirmi və onlar pak hesab edilirmi?

Cavab: Həmin preparatlar pak hesab olunur və onların tərkibindəki spirtin miqdarı cüzi olduğundan qəbuluna da məhdudiyyət qoyulmur.

Məsələ 188. Sirkənin şərabdan (araqdan) alınan bir növü də mövcuddur. Belə ki, həmin sirkəni zavodda müəyyən emal prosesi nəticəsində şərabdan alırlar. Buna görə də onu arpa və digər xammallardan alınan sirkələrdən fərqləndirmək üçün qablaşdırmanın üzərində “şərab sirkəsi” yazılır. Bu sirkə ilə bağlı digər bir məqam isə ondan ibarətdir ki, onu alışveriş mərkəzlərində sirkə məhsulları üçün ayrılan rəflərdə yerləşdirirlər və əsla şərabların müştərilərə təqdim olunduğu vitrinlərə yerləşdirmirlər. Həmçinin, qeyd etmək lazımdır ki, biz bu sirkə ilə İraqda xurmadan hazırlanan sirkə məhsulları arasında bir fərq görə bilmirik. Beləliklə, şərabdan sirkəyə çevrilən sözügedən məhsul sirkə sayılırmı?

Cavab: Sualda göstərilən vəziyyətdə olduğu kimi ürfən sirkə hesab olunduğu halda sözügedən məhsul sirkə hökmünü daşıyır.

Məsələ 189. Qida, konserv və qənnadı məhsullarının istehsalçıları qanunvericiliyinin tələbinə uyğun olaraq istehlakçılara satdıqları yeyinti sənayesi məhsullarının (qablaşdırmalarının) üzərində onların tərkibinə dair məlumat da yerləşdirməlidirlər. Həmin məhsulların bəziləri tez xarab olan qida məhsulları olduğundan onların tərkibinə xarab olmaqdan qoruyan və bir qismi heyvan mənşəli olan  qatqı maddələri (stabilizatorlar) də əlavə olunur və məhsulların tərkibi haqqında məlumatda həmin maddələr “E 450”, yaxud “E 472” kimi (E400 – E499) əmtəə seriya nişanları (kodları) ilə göstərilir. Beləliklə, aşağıdakı hallarda şəriətin hökmü nədən ibarətdir:

a) istehlakçı qida məhsulunu təşkil edən tərkib hissələrinin mahiyyətini başa düşmədikdə;

b) istehlakçıya istihalə ilə bağlı anlayışı olmayan əmtəəşünaslar tərəfindən hazırlanan və bir sıra qatqı maddələrinin heyvan mənşəli olduqlarına görə seriya kodlarının qarşısında “haram” qeydi olan bir siyahı təqdim olunduqda;

c) tədqiqatlar həmin maddələrin bəzilərinin ilkin vəziyyətində qalmayaraq istihalə nəticəsində başqa bir maddəyə çevrildiyini göstərdikdə.

Cavab: a) Tərkibində sözügedən qatqı maddələrinin mövcud olduğu həmin qidalar onun üçün halal sayılır;

b) İddialara rəğmən, həmin qatqı maddələrinin heyvan mənşəli olduğuna dair dəqiq məlumat əldə edilmədiyi halda, həmçinin heyvan mənşəli olduğu məlum olan qatqı maddələrinin nəcis hesab olunan (nəcisül-eyn və ya təzkiyə olunmamış) heyvan mənşəli olduğuna dair dəqiq məlumat əldə edilmədiyi və qatqı maddəsinin olduqca cüzi miqdarda əlavə edildiyi halda həmin məhsullarla qidalana bilər.

c) Ürfən (insanların, yaxud mütəxəssislərin nəzərincə) həmin maddələrin istihalə halının gerçəkləşməsi nəticəsində ilkin tərkibini itirərək dəyişikliyə uğramasından sonra onların paklığı və halallığı xüsusunda heç bir şübhə ola bilməz.

Məsələ 190. Aşağıdakı suallara cavab verməyinizi xahiş edirik:

a) Jelatin pak hesab olunurmu?

b) “İstihalə” anlayışının nəyi əhatə etməsi ilə bağlı anlaşılmazlıqdan (məfhum qeyri-müəyyənliyindən) irəli gələrək bu halın gerçəkləşib-gerçəkləşmədiyi ilə bağlı tərəddüdə düşsək, “istishab” prinsipi əsasında öncəki nəcislik hökmü qüvvədə qalırmı?

Cavab: a) Heyvan mənşəli jelatinin mənşə etibarilə nəcis olduğuna dair əldə dəqiq məlumat yoxdursa, məsələn təzkiyə olunmuş heyvandan əldə edildiyinə dair bir ehtimal da mövcuddursa, pak hesab olunur. Lakin həmin jelatin maddəsinin yeyilməsi halal olan, təzkiyə olunmuş heyvandan əldə edildiyinə, yaxud “istihalə”sinin gerçəkləşdiyinə dair dəqiq məlumat əldə edilmədikcə ondan qida məhsullarına yalnız tərkibdə gözə çarpmayacaq dərəcədə olduqca cüzi miqdarda əlavə edilə bilər. Bu məsələdə onun qığırdaq kimi canlı hesab olunan, yaxud sümük kimi canlı hesab olunmayan bədən üzvlərindən alınmasının da heç bir fərqi yoxdur. Hərçənd, sonuncu halda (sümükdən alındığı halda) ehtiyat etmək (həmin jelatin maddəsinin qida məhsullarının hazırlanmasında istifadə edilməsindən, yaxud tərkibində bu növ jelatin maddəsi olan qida məhsulları ilə qidalanmaqdan çəkinmək tərc.) daha məqsədəuyğundur.

Lakin jelatin maddəsinin mənşə etibarilə nəcis olduna dair əldə dəqiq məlumat olarsa, məsələn onun nəcisül-eyn heyvanlardan (vücudu tamamilə nəcis hesab olunan heyvan: it və donuz), yaxud təzkiyə olunmamış heyvanın qığırdağından və ya yuyularaq təmizlənməmiş sümüyündən alındığı məlum olarsa, həmin jelatin maddəsi rütubətli nəcisə toxunduğundan nəcis hesab olunur. Bu halda onun paklığı və qidalarda istifadəsinin halallığı “istihalə”nin gerçəkləşməsinə bağlıdır. “İstihalə”nin gerçəkləşməsi isə ürfün nəzərindən asılıdır və “istihalə”nin hansı qaydada gerçəkləşməsi öncəki səhifələrdə qeyd olunmuşdur.[58]

b) “İstishab”a gəlincə, hərçənd “məfhum qeyri-müəyyənliyi” xüsuslarında, yəni şəriət hökmünün predmetinin, yaxud predmetin xüsusiyyətlərinin və ya hökmün özünün məzmununun qeyri-müəyyən olduğu hallarda bu prinsip tətbiq olunmasa da (“üsuli-fiqh” elmində də öz əksini tapdığı kimi), nəcasətin predmeti insanların nəzərində ayrı-ayrı nəcislər, o cümlədən sidik, qan, it və s. olduğundan və nəcasətin qalması aqil insanların nəzərincə həmin predmetlərin zati xüsusiyyətlərinin qalması demək olduğundan “istihalə”nin gerçəkləşib-gerçəkləşməməsi xüsusunda (istihalə anlayışının nəyi əhatə edib nəyi etməməsi baxımından) şəkk də həmin nəcislərin varlığının onların zati xüsusiyyətləri ilə birgə qalıb-qalmaması (mövcudluğunu davam etdirib-etdirməməsi) xüsusunda şübhədən irəli gəlir. Beləliklə, burada nəcasətlə bağlı şəriət hökmünün predmeti mücərrəd deyil, maddi varlıq predmetlərindən olduğundan “istishab” prinsipinin tətbiq olunmasına məhdudiyyət qoyulmur. Allah (ən doğrusunu) biləndir.

Məsələ 191. Qərb ölkələrində alış-veriş etdiyimiz ticarət mərkəzlərində tərkibi haqqında məlumatsız olduğumuz müxtəlif növ qida məhsulları satılır. Həmin məhsulların yeyilməsi və içilməsi haram olan qidalardan xali olub-olmaması məlum deyil. Bu halda onların tərkibinə baxmadan, yaxud tərkibi haqqında məlumat almadan həmin məhsullarla qidalana bilərik, yoxsa bu yolverilməz hesab edilir?

Cavab: Onların tərkibində ət, piy, habelə ət və piy mənşəli qida maddələrinin olduğuna dair məlumatınız olmadığı halda qidalana bilərsiniz.

Məsələ 192. Balina və digər yeyilməsi haram olan balıqların yağından və ilbizlərdən qidalarda və eləcə də digər məqsədlərlə istifadə olunmasına icazə verilirmi?

Cavab: Qidalarda istifadəsinə icazə verilmir, digər məqsədlərlə istifadəsinə isə məhdudiyyət qoyulmur. Allah (hər şeyin doğrusunu) biləndir.

Məsələ 193. Müsəlman şərab içilən məclislərdə iştirak edə bilərmi?

Cavab: Həmin məclislərdə yeyib-içmək haramdır. İştirak etməyin haramlığı isə vacib ehtiyat hökmünə əsaslanır. Nəhy əz münkər edə biləcəyi halda isə bu məqsədlə orada iştirak etməsinə əngəl yoxdur.

Məsələ 194. Omarların (iri oynaqlı dəniz xərçənglərinin), krevetlərin və ilbizlərin yeyilməsi halladırmı?

Cavab: Dəniz canlılarından yalnız pulcuqlu balıqların və krevetlərin yeyilməsi halladır. Digər dəniz canlılarının, o cümlədən xərçənglərin və pulcuqsuz balıqların isə yeyilməsinə şəriət icazə vermir. Allah (hər şeyin ən doğrusunu) biləndir.


[53] Maidə surəsi, 90-91-ci ayələr.


[54] Furu əl-Kafi, c.6, səh.396.


[55] Mən la yəhzəruhu-l-fəqih, c.4, səh.4.


[56] Furu əl-Kafi, c.6, səh.396.


[57] Daha ətraflı məlumat almaq üçün Həsən ibn Fəzl Təbərsinin “Məkarim əl-əxlaq” əsərinin 7-ci fəslinə (səh.134-dən etibarən) müraciət edə bilərsiniz.


[58] Bu məsələdə sözügedən “istihalə”, “istishab”, “təzkiyə” kimi terminlərin izahı üçün bax: Müxtəsər fiqh terminləri lüğəti.

GEYİMLƏR → ← I HİSSƏ: İBADƏTLƏR
العربية فارسی اردو English Azərbaycan Türkçe Français