Kitablar » QƏRB ÖLKƏLƏRİNDƏ MƏSKUNLAŞANLAR ÜÇÜN FİQH TƏLİMİ
I HİSSƏ: İBADƏTLƏR
BİRİNCİ FƏSİL
QEYRİ-MÜSƏLMAN ÖLKƏLƏRİNƏ MÜHACİRƏT VƏ HƏMİN ÖLKƏLƏRDƏ MƏSKUNLAŞMAQ
Bir müsəlman adətən öz vətənində dünyaya gələrək, orada böyüyüb boya-başa çatır, ixtiyari və ya qeyri-ixtiyari surətdə İslamın göstərişlərini, dəyər və təlimlərini mənimsəyir, gənclik dövrünə də dininin əxlaq təlimini özünə həyat tərzi seçərək, onun göstərdiyi yolu gedərək, bələdçiliyini qəbul edərək qədəm qoyur. Əgər ilahi təqdir əsasında həmin müsəlman qeyri-müsəlman ölkələrindən birində dünyaya gələrək həmin mühitdə böyüsəydi, Rəbbimizin qoruduğu hallar istisna olmaqla, mühitin təsirləri onun düşüncələrində, həyat tərzində, əxlaqında və mənimsədiyi dəyərlərdə aşkar surətdə öz əksini tapardı.
Belə qeyri-müəlman ictimai mühitin təsirləri özünü ikinci nəsildə, yəni mühacirlərin övladlarında daha çox büruzə verir.
Məhz bunu nəzərə alaraq İslam dini hicrətdən sonrakı qayıdışa[21]
xüsusi bir mövqedən yanaşmışdır. Bu məsələyə bir sıra hədislərdə toxunulmuş, onlardan bəziləri bunu böyük günahlardan, bəziləri isə hətta səkkiz ən böyük günahdan biri olaraq göstərmişdir.
İmam Sadiqin (ə) müasirlərindən biri olan Əbu Bəsir ondan belə eşitdiyini nəql edir: “Böyük günahların sayı yeddidir: qəsdən adam öldürmək, uca Allaha şərik qoşmaq, iffətli qadını zinakarlıqda ittiham etmək, aşkar dəlildən (yasaq olduğundan və xoşagəlməz aqibətindən xəbərdar olduqdan tərc.) sonra sələmçilik, döyüş meydanından qaçmaq, hicrətdən sonrakı təərrüb (geri dönmək), valideynlərin üzünə ağ olmaq və haqsızlıqla yetimlərin malını mənimsəmək. Təərrüblə şirk eyni mahiyyəti daşıyır”.[22]
İbn Məhbub adlı bir ravi də bir dəstə dostu ilə birlikdə İmam Həsənə (ə) məktub yazaraq ondan böyük günahların sayı və nələrdən ibarət olduğunu soruşduqlarını, Həzrət Həsənin (ə) isə cavab məktubunda belə yazdığını nəql edir: “Kim Allahın icrasına görə cəhənnəm əzabı vəd etdiyi əməllərdən çəkinərsə, mömin (inanclı və əməlisaleh) olduğu halda günahları bağışlanar. İnsanı cəhənnəmə sürükləyən yeddi günah isə bunlardır: yaşamaq hüququ olan insanın qətli, valideynlərin üzünə ağ olmaq, sələmçilik, hicrətdən sonrakı dönüş, iffətli qadınları zinakarlıqda ittiham etmək, yetimlərin əmlakını mənimsəmək və döyüş meydanından qaçmaq”.[23]
Ravi Məhəmməd ibn Müslim də İmam Sadiqdən (ə) böyük günahların yeddi əməldən ibarət olduğunu nəql edir: “inanclı bir insanı qəsdən öldürmək, namuslu qadına şər atmaq, döyüş meydanından qaçmaq, hicrətdən sonrakı qayıdış, yetimin əmlakını qəsb etmək, aşkar dəlildən (yasaq, yolverilməz olduğunu bildikdən) sonra da sələmçilik etmək və Allahın cəhənnəm əzabı vəd etdiyi hər hansı bir iş”.[24]
Übeyd ibn Zürarə İmam Sadiqdən (ə) böyük günahlar barədə soruşduqda onun belə buyurduğunu nəql edir: “Əlinin (ə) kitabında onların sayı yeddi olaraq göstərilir: küfr, qətl, valideynlərin üzünə ağ olmaq, aşkar dəlildən sonrakı sələmçilik, haqsızlıqla yetimin malını mənimsəmək, döyüş meydanından qaçmaq və hicrətdən sonrakı dönüş”. Ravi bu cavabdan sonra bir daha böyük günahların məhz bunlardanmı ibarət olduğunu soruşduğunu, İmam Sadiqin (ə) də cavabını bir daha təsdiqlədiyini söyləyir.[25]
İmam Riza (ə) bir kəlamında “təərrüb”ün yasaq edilməsinin səbəbini belə izah etmişdir: “Bu halla üzləşən bir insan öz biliklərindən (İslam təlimlərindən) uzaqlaşmaq, cəhalətə (burada: dinsizliyə, imansızlığa) üz tutmaq və həmin mühitə qoşulmaqdan sığortalanmamışdır”.[26]
Lakin bu o demək deyildir ki, qeyri-müsəlman ölkələrinə getmək tamamilə haram (yasaq) edilmişdir. Əksinə, bəzi hədislərdə müsəlmanların orada bir sıra ideyalarını gerçəkləşdirə biləcəkləri nəzərə alınaraq onların bu səfər və mühacirətlərlə mükafata nail ola biləcəkləri öz əksini tapmışdır.
Həmmad Sindi deyir: “İmam Sadiqə (ə) müşriklərin yaşadığı ölkələrə səfər etdiyimi söylədim. Habelə bəzi dostlarımın isə orada dünyadan köçəcəyim təqdirdə Qiyamət günü onlarla birgə qəbirdən qaldırılacağımı söylədiklərini açıqladım. İmam (ə) buyurdu: “Həmmad, orada yaşayarkən bizim məramımızı insanlara aydınlaşdıraraq onları bu haqq yola dəvət edirsənmi?”
- Bəli.
- Bəs müsəlmanların yaşadığı şəhərlərdə necə?
- Xeyr.
Elə isə orada yaşayaraq dünyadan köçəcəyin halda təkbaşına bütöv bir ümmət kimi qiyamət səhnəsinə gətiriləcəksən və nurun hər yeri bürüyəcək”.[27]
Fətvalar:
Beləliklə, bu və bənzər hədislər, eləcə də digər şəri dəlillər əsasında fəqihlər sözügedən mövzu ilə bağlı aşağıdakı fətvaları vermişlər:
Məsələ 1. Özünün və azyaşlı övladlarının dininə bağlılığını ehtimal olunan nöqsanlardan qoruya biləcəyinə arxayın olduğu surətdə inanclı müsəlmanın öz dinini, onun göstərişlərini yaymaq, təbliğ etmək məqsədilə qeyri-müsəlman ölkələrinə səfər etməsi təqdirəlayiq bir haldır. Həzrət Məhəmməd (s) İmam Əliyə (ə) tövsiyələrindən birində belə buyururdu: “Allahın öz bəndələrindən birini sənin əlinlə hidayət etməsi (doğru yola yönəltməsi) məşriqdən məğribədək günəşin üzərinə nur saçdığı hər şeyin sənə verilməsindən daha xeyirlidir”.[28]
Həmçinin, başqa bir hədisdə bir şəxsin İslam Peyğəmbərindən (s) ona nəsihət etməsini istəyərkən belə buyurduğunu oxuyuruq: “Sənə heç bir varlığı Allaha şərik qoşmamağı, ... habelə insanları İslama çağırmağı tövsiyə edirəm. Bil ki, bu çağırışını qəbul edən hər insanın müqabilində səni Yəqubun (ə) övladlarından bir qul azad etməyə bərabər mükafatlar gözləyir”.
Məsələ 2. Hər bir inanclı müsəlman özünün və ailə üzvlərinin (habelə, qəyyumluğundakı şəxslərin) dindarlığına mənfi təsir buraxmayacağına əmin olduğu, arxayınlıq hasil etdiyi halda qeyri-müsəlman ölkələrinə səfər edə bilər.
Məsələ 3. Həmçinin, özünün və ailəsinin şəri məsuliyyətlərini (ibadət və digər dini öhdəliklərini) yerinə yetirməsinə heç bir əngəl törətmədiyi surətdə müsəlman qeyri-müsəlman ölkələrində məskunlaşa da bilər.
Məsələ 4. Müsəlmanın dindarlığında nöqsanların yaranmasına yol açacağı təqdirdə, həmin qeyri-müsəlman ölkəsinin şərqdə və ya qərbdə yerləşməsindən, sözügedən səfərin məqsədindən (səyahət, biznes, təhsil, elmi-tədqiqat və s.), yaxud müsəlmanın orada müvəqqəti və ya daimi məskunlaşmasından asılı olmayaraq həmin səfər haramdır.
Məsələ 5. Əgər qadın həyat yoldaşı ilə belə bir səfərin onun dindarlığında qüsurların yaranmasına səbəb olacağına əminlik hasil edərsə, onunla birgə səfərə çıxması haramdır.
Məsələ 6. Əgər həddi-buluğa çatmış övladlar, qızlar və oğlanlar valideynləri və ya dostları ilə çıxmaq istədikləri xarici səfərin onların dindarlığına xələl gətirəcəyinə əmin olarlarsa, belə bir səfər onlara haramdır.
Məsələ 7. Fəqihlər “dindarlıqda nöqsan (qüsur, xələl)” deyərkən məstedici spirtli içkilər içmək, zinakarlıq, düzgün qaydada kəsilməmiş heyvan mənşəli məhsullarla qidalanmaq və s. haramlar kimi kiçik, yaxud böyük günahlara batmaq və ya namaz, oruc, həcc və s. ibadətləri icra etməmək kimi halları nəzərdə tuturlar.
Məsələ 8. Qaçılmaz ölüm təhlükəsindən xilas olmaq və ya bənzər ciddi məsələlərin doğurduğu zərurətlə əlaqədar olaraq qeyri-müsəlman ölkələrindən birinə mühacirət etmək məcburiyyəti qarşısında qalan müsəlman bu mühacirətin onun dindarlığında çatışmazlıqların yaranmasına səbəb olacağını bilsə də, zərurət çərçivəsində mühacirət edə və mühacirətdə yaşaya bilər.
Məsələ 9. Qeyri-müsəlman ölkələrindən birində məskunlaşan müsəlman mühacir mühacirət həyatının onun özünün və ya azyaşlı övladlarının dindarlığında nöqsanların yaranmasına səbəb olduğunu anladıqda müsəlman ölkələrindən birinə köçməlidir. Belə bir nöqsan şəriətdə vacib buyurulan ibadət və göstərişlərin icra edilməməsi və ya haram (yasaq) edilən iş və hərəkətlərin icrası nəticəsində yaranır. Müsəlman ölkəsinə qayıdışın onu ölüm təhlükəsi, yaxud ciddi sıxıntı və məşəqqətlərlə üz-üzə qoyacağı hallar, yəni ölüm təhlükəsi qarşısında qalan insanın murdar (burada: şəriətdə göstərilən qaydada kəsilməyən) heyvanın ətindən yeməsinə icazə verən hallar kimi zəruri məqamlar istisna təşkil edir (bu hökm sözügedən hallara şamil edilmir).
Məsələ 10. Müsəlmana haram buyrulan səfər “günah səfər” sayılır və həmin səfər əsnasında o dördrəkətli namazlarını bütöv qılmalı, oruclarını da tutmalıdır. Sözügedən “günah səfər” davam etdikcə (müddətindən asılı olmayaraq tərc.) namazlarını qısa qılmağa və oruc tutmaqdan imtina etməyə haqqı yoxdur.
Məsələ 11. Çıxmağa hazırlaşdığı səfər valideynlərinə narahatçılıq yaratdığı, yaxud onların valideyn şəfqəti ilə (ayrılığına dözə bilmədiklərinə görə) ona bu səfəri qadağan etdiyi, bununla yanaşı səfər üçün şəriətin valideynlərini əziyyətə salmasına göz yumacağı üzürlü bir səbəbi olmadığı halda övlad valideynin onun səfərdən imtina etməsi ilə bağlı tələbinə qarşı çıxa bilməz.
Məsələ 12. Müsəlman canına, əmlakına, şərəf və ləyaqətinə qarşı təcavüz təhlükəsi ilə üz-üzə qaldıqda hüquqlarının bərpası və məruz qaldığı haqsızlıqdan qurtulması üçün əlaqədar rəsmi qurumlara sığınmaqdan başqa bir çıxış yolu olmadığı təqdirdə həmin qurumlara sığına bilər.
Sual-cavab:
İndi isə gəlin, qeyri-müsəlman ölkələrinə mühacirətlə bağlı bir sıra suallara Ayətullah əl-üzma Sistaninin cavabları ilə tanış olaq:
Məsələ 13. Böyük günahlardan sayılan “hicrətdən sonrakı təərrüb” hansı anlamı ifadə edir?
Cavab: Bəzi fəqihlər bu istilahı yaşadığımız dövrdə müsəlmanın məskunlaşdığı halda dindarlığında, imanında nöqsanların yaranacağı bir ölkədə yaşamasına şamil edirlər. Başqa sözlə “hicrətdən sonrakı təərrüb” deyərkən mükəlləf müsəlmanın dini bilikləri və şəriətin hökmlərini öyrənmək, müqəddəs şəriət tərəfindən ona vacib edilən ibadətləri, işləri icra etmək, haram edilənlərdən isə çəkinmək imkanına sahib olduğu bir ölkədən bütün bu imkanlardan və ya onların bir qismindən məhrum olacağı bir ölkəyə köç etməsi nəzərdə tutulur.
Məsələ 14. Avropa, Amerika və ya hər hansı bir qeyri-müsəlman ölkəsində məskunlaşmış bir müsəlman hiss edir ki, böyüyüb boya-başa çatdığı doğma vətənindəki dini mühitdən get-gedə uzaqlaşır, nə Quran qiraəti, nə azan sədası eşidir, nə də müqəddəs məkanları ziyarət edə bilir, bir sözlə belə mənəvi mühitdən tamamilə məhrum olur. Onun öz yurdundakı belə İslami dəyərlərin hakim olduğu mühitdən, o cümlədən xeyirli işlərdən uzaqlaşması dindarlığında nöqsan hesab edilirmi?
Cavab: Bu (sözügedən gözəl və xeyirli işlərdən uzaq qalmaq) həmin ölkələrdə məskunlaşmağı haram edəcək bir nöqsan sayılmır. Lakin dini dəyərlərin hakim olduğu mühitdən uzaqlaşmaq bəzən zaman keçdikcə insanda bir sıra vacib əməllərin icrasından imtina və günaha yol vermə hallarına məhəl qoymayacaq dərəcədə imanın zəifləməsinə gətirib çıxarır. Mükəlləf müsəlman sözügedən ölkələrdə yaşadıqca dindarlığında bu dərəcədə nöqsanların yaranacağından qorxarsa, orada yaşamağa davam edə bilməz.
Məsələ 15. Avropa, Amerika və digər qitələrdə yerləşən qeyri-müsəlman ölkələrində yaşayan şəxslər müsəlman dövləti olan öz vətənində yaşayacağı halda rastlaşmayacağı bir sıra haram və günahlarla qarşı-qarşıya qalırlar. Belə ki, həmin ölkələrdə mövcud olan yaşayış şəraiti onları istəmədikləri halda belə haramlara sürükləyir. Bu vəziyyət dindarlıqda çatışmazlıq sayılırmı və həmin ölkələrdə məskunlaşmağın haram olmasına səbəb olurmu?
Cavab: Bəli, nəzərdə tutulan günahların arada-sırada qarşıya çıxan və təkrarlanmayan kiçik günahlardan olduğu hallar istisna olmaqla, təsvir edilən vəziyyət dindarlıqda çatışmazlıq sayılır və həmin ölkələrdə məskunlaşmağın haram olmasına səbəb olur.
Məsələ 16. “Hicrətdən sonra təərrüb”ü mükəlləfin dini bilik və məlumatlarının zəifləyəcəyi, cəhalətə daha çox meyillənə biləcəyi, məlumatsızlığının daha da artacağı bir ölkəyə köçməsi kimi başa düşdük. Bu o deməkdir ki, şəriət mükəlləfin üzərinə həmin ölkələrdə zaman keçdikcə dini biliklər xüsusunda məlumatsızlığının artmaması üçün daha diqqətli olmaq vəzifəsini qoymuşdur?
Cavab: Belə gücləndirilmiş diqqətdən imtinanın dindarlıqda daha öncə açıqlanan dərəcədə nöqsanların yaranmasına yol açacağı təqdirdə daha artıq diqqət və imanı qoruma cəhdləri zəruridir.
Məsələ 17. İslami dəyərləri təbliğ edən, özü də bu dəyərləri qorumağa çalışan bir insan qeyri-müsəlman ölkələrində qadınların geyim tərzi kimi cəmiyyət həyatında mövcud bir sıra hallarla əlaqədar olaraq daha artıq haramlarla üzləşməli olarsa, belə ölkələrdə yaşamaq ona haram sayılırmı və dini-mənəvi dəyərlərini yaymaq işini dayandıraraq öz vətəninə dönməlidirmi?
Cavab: Tədricən böyük günahlara rəvac verməyəcəyinə əmin olduğu halda bəzən kiçik günahlarla üzləşməsi orada məskunlaşmasının, yaşamasının haram olmasına səbəb olmaz.
Məsələ 18. Mühacir övladlarının dindarlığı ilə bağlı nöqsanların yarana biləcəyindən qorxarsa, sözügedən ölkələrdə məskunlaşması haram sayılırmı?
Cavab: Bəli, eynilə öz din və imanı ilə bağlı hökmdə olduğu kimi.
Məsələ 19. Avropa, Amerika və digər qeyri-müsəlman ölkələrində məskunlaşan müsəlmanlara vacibdirmi ki, Qurani-Kərimin və şəriətin dili olan ərəb dilini övladlarına öyrətsinlər. Belə ki, ərəb dilini bilməmək gələcəkdə onların bu dildə qələmə alınan şəriətin əsas mənbələri hesab olunan əsərləri oxuyub anlaya bilməmələrinə, nəticə etibarilə isə dini bilik və məlumatlarının zəifləməsinə və dindarlıqlarında nöqsanların yaranmasına səbəb olacaqdır.
Cavab: Ərəb dilini yalnız dini fərizələrinin (ibadətlərinin) icrası üçün, məsələn vacib namazlarında Fatihə və daha bir surənin, eləcə də zikrlərin düzgün tələffüzü üçün gərəkli olan qədər öyrənmələri vacibdir. Başqa bir dildə ehtiyac duyduqları dini bilikləri mənimsəmək, şəri vəzifələrini öyrənmək imkanı olduğu təqdirdə ərəb dilini daha mükəmməl şəkildə öyrənmək onlara vacib deyil. Lakin təbii ki, onlara Qurani-Kərimi öyrətmək təqdirəlayiq bir işdir. Hətta daha yaxşı olar ki, İslam maarifini, mədəniyyətini onun təməl mənbələrindən, hər şeydən öncə isə Qurani-Kərimdən, Peyğəmbərin (s) sünnəsindən və Əhli-beytin (ə) dəyərli kəlamlarından öz orijinal dilində öyrənmək imkanına sahib olmaq üçün ərəb dilini onlara mükəmməl şəkildə öyrətsinlər.
Məsələ 20. Bir müsəlman yaşadığı qərb ölkəsi ilə müqayisədə bir sıra iqtisadi çətinliklərlə üzləşəcəyini bildiyi halda onun həmin ölkəni tərk edərək məskunlaşmaq imkanına sahib olduğu bir müsəlman ölkəsinə mühacirət etməsi vacibdirmi?
Cavab: Həmin qərb ölkəsində mühacirət həyatı sürdükcə dindarlığında öncəki məsələlərdə göstərilən dərəcədə nöqsanların yarana biləcəyindən qorxması istisna olmaqla, vacib deyil.
Məsələ 21. Qeyri-müsəlmanları İslama çağırmaq, yaxud qeyri-müsəlman ölkələrində yaşayan müsəlmanların dini inanclarını gücləndirmək istiqamətində fəaliyyət göstərmək imkanına sahib olan və öz dindarlığında nöqsanların yaranmayacağından əmin olan bir müsəlmana dinini (onun təlim və dəyərlərini) yaymaq vacibdirmi?
Cavab: Bəli, bu iş ona və eləcə də bu imkanlara sahib olan bütün şəxslərə kifai vacibdir.
Məsələ 22. Müsəlman başqasının passportunu satın ala, yaxud başqa bir ölkəyə keçə bilmək üçün passportdakı şəkli dəyişdirməklə sözügedən sənədi saxtalaşdıraraq həmin ölkəyə daxil olduqdan sonra məsul şəxslərə (orqanlara) bu barədə məlumat verə bilərmi?
Cavab: Biz buna izin vermirik.
Məsələ 23. Qeyri-müsəlman ölkələrində mövcud olan, küçədə, məktəbdə, televiziya ekranlarında və s. rast gəlinən İslam dəyərlərinə zidd hallar nəzərə alınmaqla həmin ölkələrdə yaşamaq olarmı? Onu da nəzərə almaq lazımdır ki, mükəlləf hər hansı bir müsəlman ölkəsinə mühacirət edə bilər. Lakin bu mühacirət onu məskunlaşma, maddi zərər (gəlir azlığı), dünyəvi işlərdə çətinliklər və daha aşağı rifah səviyyəsi kimi problemlərlə qarşı-qarşıya qoyacaqdır.
Bəs həmin ölkələrdə yaşamağa icazə verilmədiyi halda müsəlman mühacir orada yaşamağa davam edərək (daha əlverişli bir mühit yaratmaq üçün) müsəlmanlar arasında dini təbliğat, maarifləndirmə işləri apara, onlara dinin vacib göstərişlərini və yasaqlarını xatırlatmaq istiqamətində səy göstərə bilərmi?
Cavab: Həmin ölkələrdə məskunlaşmaq onun özünün və ailə üzvlərinin şəri vəzifələrini icra etməsinə hal-hazırda və eləcə də gələcəkdə əngəl törətməyəcəyi halda o ölkələrdə yaşamaq haram deyil. Əks təqdirdə isə təbliğat işləri ilə məşğul olsa belə, həmin ölkələrdə yaşaması doğru deyil. Allah (hər şeyin doğrusunu) biləndir.
İKİNCİ FƏSİL
TƏQLİD
Təqlid hər hansı bir işin icrasında camiüş-şərait (bütün şərtlərə cavab verən) fəqihin fətvasına müvafiq qaydada – hətta icra əsnasında məhz onun fətvasına istinad edilməsə belə - hərəkət etmək deməkdir. Beləliklə, araşdırma aparmadan (verilən fətvanın nəyə əsaslandığını öyrənmək zərurəti duymadan tərc.) icra edilməli olanları icra etmək və qadağan olunanlardan uzaq durmaqla təqlid gerçəkləşmiş olur, müqəllid (təqlid edən) Allah qarşısında öz əməlinin məsuliyyətini təqlid etdiyi fəqihin öhdəsinə buraxır.
Təqlid olunma səlahiyyətinə malik olmaq üçün fəqihin sahib olmalı olduğu keyfiyətlərdən biri də dövrünün ən biliklisi (fiqh və əlaqədar elmlər sahəsində) olması, nəzərdə tutulmuş mənbələrinə istinad etməklə şəriət qanunvericliyində başqalarından daha mükəmməl olması şərtidir.
Bu xüsusda aşağıdakı şəriət hökmlərinə diqqət yetirməyi məqsədəuyğun hesab edirik:
Məsələ 24. Şəriət hökmlərini aydınlaşdırmaq (mənbələrinə istinad etməklə öyrənmək) iqtidarında olmayan mükəlləf bu səlahiyyətə malik olan ələm müctəhidə təqlid etməlidir. Beləliklə, müctəhid olmayan bir mükəlləfin təqlidə və ya ehtiyata əsaslanmayan əməli batil sayılır.
Məsələ 25. “Ələm müctəhid” şəriət hökmlərini mənbələrinə istinad etməklə öyrənmək və aydınlaşdırmaq işində başqalarından daha bacarıqlı olan müctəhiddir.
Məsələ 26. Ələm müctəhidi tanımaq üçün mütəxəssislərə müraciət etmək lazımdır və bu işdə mütəxəssis olmayanların rəyinə istinad etmək doğru deyil.
Məsələ 27. Mükəlləf təqlid etdiyi müctəhidin fətvalarını aşağıdakı üç yoldan biri ilə əldə edə bilər:
1 – hər hansı bir məsələ ilə bağlı müctəhidin fətvasını onun özündən eşitməklə;
2 – iki adil (burada: mötəbər, sözünə, şahidliyinə etibar edilən) şəxsin, yaxud qeydsiz-şərtsiz etimad edilə biləcək bir şəxsdən öyrənməklə;
3 – mötəbərliyinə əmin olmaq şərtilə əməliyyə (praktiki) risaləsinə, yaxud risalə hökmündə olan yazılı əsərlərinə müraciət etməklə.
Məsələ 28. Əgər müqəllidin ehtiyac duyduğu hər hansı bir məsələ ilə bağlı ələm müctəhidin bir fətvası olmazsa, yaxud müqəllid ehtiyac duyduğu zaman onun fətvasını öyrənə bilməzsə, ələmlik sırasına riayət etməklə başqa müctəhidlərə müraciət etməsinə icazə verilir.
Hörmətli oxucular, indi isə gəlin, təqlidlə bağlı Ayətullah əl-uzma Sistaniyə ünvanlanan bir sıra suallar və onlara verilən cavablarla tanış olaq:
Məsələ 29. Fəqihlər bizə ələm müctəhidə təqlid etməli olduğumuzu söyləyirlər. Tanıdığımız bir sıra dinşünas alimlərdən ələm müctəhidin kim olduğunu soruşduqda isə konkret bir cavab ala bilmirik ki, həmin müctəhidə təqlid edərək və özümüzü bu məsələdə rahat hiss edək. Belə qeyri-konkret cavabların səbəbini soruşduqda isə təvazökarlıqla: “biz bu sahədə səlahiyyətli mütəxəssis deyilik” – deyir, bəzən isə sözlərinə belə əlavə edirlər: “biz özümüz də bir sıra mütəxəssislərdən bu məsələni soruşmuş və belə cavab almışıq ki, ələm müctəhidin təyin edilməsi üçün bütün müctəhid fəqihlərin əsərlərini araşdırmaq lazımdır. Bu isə olduqca uzun zaman tələb edən, çətin və məuliyyətli bir işdir. Bir sözlə yaxşı olar ki, başqalarına müraciət edəsiniz”.
Beləliklə, ələm müctəhidin müəyyən edilməsi dini tədqiqat mərkəzlərində bu qədər mürəkkəb bir məsələ kimi qəbul edilirsə, bəs qərb ölkələrində, o cümlədən ABŞ kimi uzaq ölkələrdə yaşayanlar nə etməlidir? Biz həmin ölkələrdə yaşayan gəncləri uzun səylərdən sonra şəriətin göstərişlərinin icrasına, yasaqlarından uzaq durmağa təşviq edərkən “kimə təqlid etməliyik?” sualına çatdıqda bu sualın qarşısında aciz qalırıq. Bu problemin həlli üçün bir yol varmı?
Cavab: Əgər ələmliyi ayırd edə biləcək bəzi mütəxəssislər bu və ya digər bir səbəblə ələm müctəhidin təyin edilməsi məsələsində rəy bildirməkdən imtina edirsə, bunu bütün mütəxəssislərin imtinası kimi qiymətləndirmək olmaz. Beləliklə, ələm müctəhidi bu xüsusda rəy bildirməkdən imtina etməyən mütəxəssislərin və ya elmiyyə hövzələri (dini tədqiqat mərkəzləri) ilə əlaqəsi olan və etibar edilə biləcək şəxslərin, habelə digər ölkələrdə yaşayan alimlərin köməyi ilə tanıya bilərsiniz. Ələm müctəhidi tanımaq bir sıra çətinliklərdən xali olmayan bir məsələ olsa da, həlli olmayan mürəkkəb bir problem sayıla bilməz.
Məsələ 30. ƏƏləm müctəhidin kimliyini öyrənmək üçün müraciət edəcəyimiz mütəxəssislərin özlərini necə tanıyacağıq? Bəs tanıdıqdan sonra onlarla necə əlaqə saxlayacağıq? Nəzərə almaq lazımdır ki, biz elmiyyə hövzələrindən, ümumiyyətlə şərq (müsəlman) ölkələrindən olduqca uzaqda yaşayırıq. Məsələnin daha asan bir həlli yolu varmı ki, həmin yola baş vurmaqla kimə təqlid etməli olduğumuzu öyrənə bilək?
Cavab: Ələm müctəhidi təyin edə biləcək mütəxəssislər özləri də elmi səviyyəsi ona yaxın olan və başlıca meyarlar əsasında ələmliyin ehtimal dairəsinə daxil olan fəqihlərin müvafiq bilik və bacarıqlarının səviyyəsindən xəbərdar olan müctəhidlərdir. Sözügedən meyarlar aşağıdakılardan ibarətdir:
1 – rəvayətlərin (burada: yazılı hədis nümunələrinin) doğruluğunun və etibarlılığının isbatı yollarını bilmək; bu xüsusda biblioqrafiya (mənbəşünaslıq), saxta hədislər və onların yaranma səbəblərinin araşdırılması, fərqli nüsxələrin tədqiqi, ən mötəbər olanının müəyyən edilməsi, bəzən müəllifin (ravinin) sözləri ilə qarışdırılan hədisin orijinal mətninin tanınması kimi mövzuları əhatə edən rical və dirayə (hədisşünaslıq) elmlərini mükəmməl şəkildə mənimsəməlidir.
2 – ümumi qaydalar əsasında hədis mətninin məzmununu anlamaq; bu xüsusda imamların (ə) şəriət hökmlərini bəyan etmə üslübu, habelə üsul elminin və ərəb dilinin qayda-qanunları, o cümlədən dövrün digər fiqh məzhəblərinin fəqihlərinin rəyi ilə tanışlıq danılmaz önəm kəsb edir.
3 – ayrı-ayrı məsələlərlə bağlı ümumi qayda-qanunlar əsasında hökm çıxarmaq məhələsində və eləcə də ələmliyin ehtimal dairəsinə daxil olan fəqihlərilə bilavasitə müzakirə, yaxud fiqh və üsul elmləri sahəsində əsərlərinin və mühazirələrinin yazılı mətnlərinin tədqiqi əsasında onların rəylərini öyrənmək xüsusunda özünəməxsus sabit bir üsluba sahib olmaq.
Ələm müctəhidin kim olduğunu öyrənmək istəyən mükəlləf özü onu təyin edə biləcək mütəxəssisləri tanımaq imkanına sahib olmadığı təqdirdə etibarlı dindarlar kimi tanıdığı insanlar vasitəsilə onları tanıya və sözügedən məsələ ilə bağlı onlara müraciət edə bilər. Asan və sürətli kommunikasiya vasitələrinin günbəgün inkişaf etdiyi informasiya əsrində coğrafi uzaqlıq həmin mütəxəssislərlə əlaqə üçün ciddi əngəl sayıla bilməz.
Məsələ 31. Mütəxəssislərin ələm müctəhidin təyini ilə bağlı fikir ayrılığında olmasına rəğmən, mükəlləf müctəhidlərdən birinə qarşı arxayınlıq (etimad) hiss edərsə, bu ona təqlid etməsi üçün kifayətdirmi?
Cavab: Ələm müctəhidin təyin edilməsi ilə bağlı mütəxəssislər arasında fikir ayrılığı mövcud olarsa, bütün belə hallarda olduğu kimi onların arasından daha yetərli və səlahiyyətli (bu xüsusda daha bilikli və bacarıqlı) olan mütəxəssisin rəyini tərcih etmək lazımdır.
Məsələ 32. Mütəxəssislər ələm müctəhidin təyini mövzusunda fikir ayrılığına düşərək bir neçə müctəhidə təqlid edilə biləcəyini açıqlayarsa, mükəlləf hansısa bir məsələdə bir müctəhidin, başqa bir məsələdə isə digər müctəhidin fətvasına uyğun əməl edə, ələm müctəhidin müəyyənləşməsinədək bu qaydada davam edərək onu tanıdıqdan sonra isə ona təqlid edə bilərmi?
Cavab: Burada üç ehtimal mövcud ola bilər:
1 – bəzi mütəxəssislər bir və ya bir qrup müctəhidə təqlid etməyin kafi olduğunu elan edərsə, bu rəy heç bir şəri məsuliyyət doğurmur;
2 – mütəxəssilər iki və ya daha artıq şəxsin elm və təqva (burada: şəriət hökmlərinin öyrənilməsi və işıqlandırılması) etibarilə eyni səviyyədə olduğunu açıqlayarsa, mükəlləf bütün məsələlərdə şəxsi seçim əsasında onlardan hər hansı birinin fətvalarına müvafiq qaydada hərəkət edə bilər. Lakin vacib ehtiyata əsasən, namazın bütöv və ya qısa qılınmalı olduğu kimi bir sıra ixtilafli məqamlarda onların hamısının fətvalarını nəzərə almalıdır (məsələn, örnək olaraq göstərilən halda namazlarını həm qısa, həm də bütöv qılmalıdır);
3 – mütəxəssislərdən bəziləri bir müctəhidi, başqa bir qismi isə digər bir müctəhidi ələm elan edərsə. Bu ehtimalın özü də iki fərzi özündə ehtiva edir:
a) mükəlləf onlardan birinin digərlərindən daha ələm olduğunu bilir, lakin onun məhz hansı olduğunu müəyyən edə bilmir; bu nadir rastlana biləcək bir ehtimaldır və bu ehimalla bağlı hökm “Minhac əs-salihin” risaləsində təfsilatı ilə öz əksini tapmışdır;
b) mükəlləf onlardan birinin daha ələm olduğuna dair məlumata sahib deyil; bu isə o deməkdir ki, onların elm və təqva etibarilə bərabərsəviyyəli müctəhidlər olduğu ehtimal olunur və bu halda 2-ci ehtimalla bağlı hökmə müvafiq qaydada hərəkət etmək lazımdır.
Məsələ 33. Mükəlləf yeni bir məsələ ilə qarşılaşarsa və həmin məsələ ilə bağlı təqlid etdiyi müctəhidin rəyini bilməzsə, onun rəyini öyrənməsi, vəkillərindən (nümayəndələrindən) soruşması bu iş ödənişli telefon əlaqəsi kimi kifayət qədər xərc tələb etdiyi halda belə vacibdirmi? Yoxsa təqlid etdiyi müctəhidin fətvasını öyrənənədək rəyini asanlıqla öyrənə biləcəyi başqa bir müctəhidin fətvasına əməl edə bilərmi? Bu halda fətvasına müvafiq surətdə hərəkət etdiyi başqa müctəhidin rəyi mükəlləfin təqlid etdiyi müctəhidin rəyi ilə üst-üstə düşməzsə, onun artıq gördüyü əməlləri ilə bağlı hökm nədir?
Cavab: Təqlid etdiyi ələm müctəhidin rəyini öyrənmək onu ciddi bir zərərə məruz qoymadığı halda telefon əlaqəsi vasitəsi ilə də olsa, onun fətvasını öyrənməlidir. Öz mərcəi-təqlidinin fətvasını öyrənməsi mümknü olmadığı təqdirdə isə ələmlik məsələsində ardıcıllığa riayət etməklə digər müctəhidlərə müraciət edə bilər. Bu zaman qarşısına çıxan həmin yeni məsələdə hətta sonradan öz mərcəi-təqlidinin fətvası ilə üst-üstə düşmədiyi aydın olsa belə, ikinci müctəhidin fətvasına uyğun qaydada etdiyi hərəkətlər doğru və kafi sayılır.
ÜÇÜNCÜ FƏSİL
TƏHARƏT VƏ NƏCASƏT
Hər bir müsəlman hər zaman bədəninin, paltarlarının və digər əşyalarının təmiz olmasına və onları çirkləndirə biləcək nəcasətdən uzaq tutmağa çalışır. Qeyri-müsəlman ölkələrində yaşamaq bəzi müsəlmanlar üçün nəcasətdən qorunmaq xüsusunda ciddi sıxıntılar yaradır. Belə ki, onlar həmin ölkələrin müsəlman olmayan əhalisi ilə eyni restoran və kafelərin, bərbərxanaların, paltaryuma servislərinin xidmətlərindən istifadə edir, sidik kimi nəcasətlərlə çirklənən döşəmələrin üzərində hərəkət etməli, ümumi ayaqyolundan və s. istifadə etməli olurlar.
Bütün bunları nəzərə alaraq öncə əziz oxucuları təharət və nəcasətlə bağlı aşağıdakı hökmlərlə tanış etməyi məqsədəuyğun hesab edirik:
Məsələ 34. Artıq qeyd edilən şəriət hökmünə əsasən, bütün əşyalar nəcis olduğu təsbit edilənədək pakdır.
Məsələ 35. Kitab əhli, o cümlədən yəhudilər, xristianlar və məcusilər pak hesab edilirlər və müsəlman onların bədənlərinin nəcisə bulaşdığına əmin olmayınca onlarla ünsiyyətdə bu qaydanı əsas tuta bilər.
Məsələ 36. Nəcasət rütubətin sirayət etməsinə səbəb olan nəmlik sayəsində keçir. Quru halda, yaxud rütubət sirayətedici olmadıqda isə nəcasət keçici sayılmır. Beləliklə, quru əllə quru nəcisə toxunduqda əl nəcisə bulaşmış sayılmır.
Məsələ 37. Müsəlman qarşılaşdığı, əl sıxaraq görüşdüyü hər bir şəxsin dini etiqadından xəbərdar olmadığı halda onun müsəlman və ya kitab əhli olduğunu ehtimal edərsə, əli rütubətli olsa belə onu pak hesab edə bilər. Bu zaman ondan dini etiqadını öyrənmək - hətta bu sual sizə və ya ona heç bir problem yaratmasa belə - vacib deyil.
Məsələ 38. Bədən və ya paltara tökülən mayelər nəcis olduğu sübuta yetməyincə pak hesab edilir.
Məsələ 39. Odun[29]
və ya başqa bir nəsnədən alınmasından asılı olmayaraq spirt pakdır. Beləliklə, tərkibində spirt olan bütün dərman, ətriyyat və yeyinti məhsulları da pak hesab edilir və onlardan istifadə edə, hətta miqdarı olduqca az, məsələn 2% həcmində olduğu hallarda hətta həmin qida məhsulları ilə qidalana da bilərsiniz.
Məsələ 40. Daha öncə istifadə edilən əşyalardan nəcasətə bulaşdıqlarına əmin olmadıqca paklamağa ehtiyac duymadan yenidən istifadə etmək olar.
Məsələ 41. Xalçalar və digər döşəmə örtükləri üzərində bir qismi, yaxud təsiri qalmayan müxtəlif nəcasətlərə bulaşarsa, qəlil (kür miqdarından az) suyu onların üzərinə bir dəfə axıtmaqla yuyula bilər. Bu məqsədlə nəcisə bulaşan hissəni tamamilə isladacaq (yuyacaq) şəkildə həmin hissənin üzərinə su tökmək, sonra əllə sıxmaqla, yaxud quruducu cihazla, yaxud da üzərinə suyu özünə çəkəcək bir parça qoymaqla qüsalə suyundan təmizləmək lazımdır. Beləliklə, xalça və ya döşəmə örtüyü pak olur, qüsalə suyu isə vacib ehtiyata əsasən nəcis hökmünü daşıyır. Bu hökm sidikdən başqa nəcasətlərə bulaşan bütün libaslara da şamil olunur. Sidiyə bulaşan paltarlara, eləcə də südəmər oğlan və qızların sidiyinə tətbiq olunan özünəməxsus hökmlərə isə qarşıdakı məsələlərdə aydınlıq gətiriləcəkdir.
Məsələ 42. Öncəki məsələdə sözügedən əşyaları kürr miqdarından artıq olan su mənbəyinə qoşulmuş krant suyu ilə paklamaq istədikdə isə onları əllə sıxmaq, quruducu cihazla qurutmaq, yaxud baqa bir yolla qüsalə suyunu çıxarmağa ehtiyac yoxdur. Kürr suyun həmin əşyaların üzərinə axıdılması ilə onlar pak olur.
Məsələ 43. Libas, xalça və s. qan və məni (sperma) kimi üzərində təsir (rəngini, dadını yaxud qoxusunu) buraxan hər hansı bir nəcislə bulaşarsa, onları 41-ci məsələdə öz əksini tapan qaydada yumaq olar. Bu şərtlə ki, nəcasətin özü (təsiri) bu yumadan öncə suya çəkilərək, yaxud başqa bir vasitə ilə aradan qaldırılmalıdır. Həmçinin, bu halda 41-ci məsələdən fərqli olaraq nəcasətin özünü yuyub aparan su vacib ehtiyata əsasən deyil, birbaşa fətvaya əsasən nəcis sayılır.
Məsələ 44. Müstəsna halları çıxmaqla əsasən südlə qidalanan südəmər oğlan və qız uşaqlarının sidiyi ilə nəcis olan xalçaları, paltarları və s. paklamaq üçün həmin əşyanın sidiyə bulaşan hissəsini tamamilə əhatə edəcək qaydada üzərinə bir dəfə su tökmək kifayətdir və həmin suyu sıxaraq (qurudaraq) çıxarmağa da ehtiyac yoxdur.
Məsələ 45. Böyüklərin sidiyi ilə nəcis olan libasları da su ilə pak etmək olar. Bu məqsədlə kür həcmindən az su ilə yuduqda həmin paltarların üzərinə nəcisə bulaşan hissəni tamamilə əhatə edəcək şəkildə su axıtmaq, sonra həmin suyu əllə sıxaraq, yaxud başqa bir yolla çıxarmaq, ardınca bunu bir dəfə də təkrarlamaq lazımdır. Sidiyin özü ilə qarışmamış olduğu halda hər iki yumada sıxılan su vacib ehtiyata əsasən, nəcis sayılır. Sidiyin özünün də sıxılan suya qarışdığı halda isə birinci yumadan sonra sıxılan su birbaşa fətvaya əsasən nəcis sayılır.
Məsələ 46. Böyüklərin sidiyi ilə nəcis olan libasları kürr həcmində olan su mənbəyinə bağlı krantın suyu ilə yumaq üçün də onları iki dəfə suya çəkmək lazımdır, yalnız bu fərqlə ki, bu halda yuduqdan sonra sıxaraq, yaxud başqa bir yolla suyunu çıxarmağa ehtiyac yoxdur. Eləcə də bədən sidiyə bulaşdıqda onu (sidiyə bulaşan hissəsini) istər kürr həcmində, istərsə daha az miqdarda olan su ilə iki dəfə yumaq lazımdır.
Məsələ 47. Şərabla nəcis olan əl və libaslar bir dəfə yumaqla pak olur. Lakin libasları qəlil su ilə yuduqda yumadan sonra həmin suyu sıxmaq lazımdır.
Məsələ 48. Şərab, yaxud hər hansı başqa bir nəcasətlə bulaşan qabları qəlil su ilə paklamaq üçün onları üç dəfə yumaq lazımdır. Həmçinin, kürr həcmində mənbəyə bağlı krant suyu ilə paklayarkən də vacib ehtiyata əsasən, üç dəfə yumaq lazımdır.
Məsələ 49. İtin ağzının suyu (seliyi, yaxud tüpürcəyi) ilə nəcis olan əl və paltarlar bir dəfə yumaqla pak olur. Lakin qəlil su ilə yuyarkən paltarları yuduqdan sonra sıxmaq lazımdır.
Məsələ 50. İtin ağzı ilə toxunması, yaxud su içməsi nəticəsində nəcis olan qabları paklaşdırmaq üçün onları birinci dəfə torpağa sürtdükdən sonra olmaqla üç dəfə yumaq lazımdır.
İndi isə gəlin təharət və nəcasət mövzusu ilə bağlı tez-tez soruşulan bir sıra suallar və onların cavabları ilə tanış olaq:
Məsələ 51. Pakedicilərdən biri də yerdir. Bəs yer örtüyü ayaqqabıların altı kimi onun üzrənidə hərəkət edən avtomobillərin təkərlərini də pak edirmi?
Cavab: Xeyr, pak etmir.
Məsələ 52. Nəcasətə bulaşan əşyalar maye halında olmadığı halda nə qədər bulaşdırıcı hesab olunur?
Cavab: Nəcasətə bulaşan ilk əşya toxunduğu əşyanı (öncəki məsələlərdə də öz əksini tapdığı kimi təmasda olan əşyalardan ən azı biri keçirici dərəcədə rutubətli olduğu halda tərc.) nəcis edir. İkinci əşya da eyni qayda ilə üçüncünü nəcasətə bulaşdırmış hesab edilir. Lakin üçüncü əşya maye olub-olmamasından asılı olmayaraq təmasda olduğu əşyaları nəcasətə bulaşdırmış sayılmır.
Məsələ 53. İtin ağzı bədənimizə, yaxud libaslarımıza toxunduğu halda necə paklanmalıyıq?
Cavab: Bir dəfə su ilə yumaq kifayətdir. Qəlil su ilə yuduqda isə qüsalə suyu ayrılmalıdır ki, bunun üçün də yuyulan paltarları yumadan sonra möhkəmcə sıxmaq lazımdır.
Məsələ 54. Sihlər (siqhizm dininin ardıcılları) də yəhudilər və xristianlar kimi səmavi dinlərin nümayəndələri sayılırmı?
Cavab: Sihlər kitab əhli sayılmır.
Məsələ 55. Buddistlər kitab əhli sayılırmı?
Cavab: Onlar kitab əhli deyil.
Məsələ 56. Bir müsəlman qərb ölkələrindən birində mebel və avadanlıqlarla təmin edilmiş ev kirayələyərsə, hər hansı bir nəcasət izinə rast gəlmədiyi halda evdəki bütün əşyaları pak hesab edə bilərmi? Bəs ondan öncə həmin evdə məskunlaşan kitab əhli – yəhudi və ya xristian, yaxud hətta buddist və ya Allahı, onun elçilərini inkar edən bir şəxs olsa necə?
Cavab: Bəli, nəcasətə bulaşmış olduğunu bilmədikcə, buna əmin olmadıqca evdəki bütün əşyaları pak hesab edə bilər. Bu xüsusda şəkk-şübhəyə isə məhəl qoyulmamalıdır.
Məsələ 57. Qərb ölkələrində kirayəyə verilən evlərin əksəriyyəti otaqların döşəməsinə bitişdirilən və qaldırılaraq altına bir qab qoyulması belə mümkün olmayan döşəmə örtüyü ilə örtülmüşdür. Sidik, yaxud qan kimi nəcasətlərə bulaşdığı halda onları kürr həddindən az və çox su ilə necə yumaq lazımdır?
Cavab: Əgər yumadan sonra parça, yaxud hansısa bir alətlə həmin suyu sıxıb çıxarmaq (yuyulan hissəni qurutmaq) mümkün olarsa, bu qaydada kürr həcmindən az su ilə də yumaq olar. Əks təqdirdə isə yalnız kürr normasından artıq su ilə pak edilə bilər.
Məsələ 58. Qərb ölkələrində paltaryuma xidməti göstərən servislər geniş yayılmışdır və həmin paltaryuyan maşınlarda müsəlmanlarla qeyri-müsəlmanların libasları pak və ya nəcis olmasından asılı olmayaraq birlikdə yuyulur. Həmin maşınlarda yuyulan geyimlərimizlə namaz qıla bilərikmi? Nəzərə almaq lazımdır ki, biz həmin paltaryuyan maşınların yuma əsnasında lazımı qaydada kürr suya qoşulmuş olub-olmadığını, eləcə də libasları təmizlədiyi kimi nəcasətdən də pak edib-etmədiyini bilmirik.
Cavab: Yuyulmadan öncə pak olan və sonradan nəcasətə bulaşdığına əmin olmadığınız paltarla namaz qıla bilərsiniz. Həmçinin, üzərindəki nəcasətin - varsa - aradan qaldırıldığına əmin olduğunuz libaslar sidiklə nəcis olduğu halda pak və mütləq suyun bütün nəcasətə bulaşan (toxunan) hissələrini əhatə edəcəyi şəkildə iki dəfə (vacib ehtiyata əsasən, hətta kürr su ilə yuyulduqda belə), başqa nəcasətlərə bulaşdığı (toxunduğu) halda isə bir dəfə yuduqdan və eləcə də qəlil su ilə yuyulduğu halda ardınca qüsalə suyunu sıxmaq, yaxud başqa bir yolla ayırdıqdan sonra pak hesab olunur. Lakin şəriətdə nəzərdə tutulan qaydada paklandığına şəkk etdiyiniz libasların isə nəcis olaraq qaldığına hökm olunur və onlarla namaz qılmaq düzgün deyil.
Məsələ 59. Qeyri-müsəlmanlar tərəfindən işlədilən, müsəlmanlarla yanaşı qeyri-müsəlmanların da libaslarını yudurtduğu servislərdəki paltaryuyan maşınlarda yuyucu mayelər qatılaraq yuyulan geyimlər pak hesab olunurmu?
Cavab: Həmin paltarların nəcasətlə təmas nəticəsində nəcasətə bulaşdıqlarını bildiyiniz hal istisna olmaqla, onlar pak hökmündədir.
Məsələ 60. Bəzi sabunların üzərində onların hazırlanmasında donuz piyindən, yaxud İslam şəriətinin normalarına müvafiq qaydada kəsilməyən heyvan mənşəli maddələrdən istifadə olunduğu yazılır və biz həmin maddələrin istihalə yolu ilə başqa bir maddəyə çevrilib-çevrilmədiyini bilmirik. Həmin sabunları pak saya bilərikmi?
Cavab: Tərkibində sözügedən maddələr mövcuddursa, onların istihaləsi gerçəkləşdiyi hallar istisna olmaqla, həmin sabunlar nəcis sayılır. Qeyd etmək lazımdır ki, sabun istehsalı prosesində sözügedən istihalə halınının gerçəkləşməsi təsbit (müşahidə) edilməmişdir.
Məsələ 61. Donuz tukundən hazırlanan diş fırçalarının alqı-satqısı və istifadəsi doğrudurmu və istifadə edildiyi halda ağız nəcasətə bulaşmış sayılırmı?
Cavab: Alqı-satqısı və istifadəsi haram deyil. Lakin istifadə edildiyi halda ağız nəcasətə bulaşmış hesab olunur. Fırçanı ağızdan çıxardıqdan sonra ağız boşluğunda qalan diş məcununun təmizlənməsi ilə isə pak olur.
Məsələ 62. Yumurtanın sarısında, yaxud ağında müşahidə olunan qan onu nəcis etmiş sayılırmı? Belə yumurtaları yeyə bilmərikmi? Bu məsələnin bir həlli yolu varmı?
Cavab: Yumurtanın ağında müşahidə edilən qan pak sayılır, lakin yeyilməsi haramdır. Bununla belə həmin qanı təmizləyərək yumurtanı yemək olar. Qan ləkəsi yumurtadan ayrılmayacaq dərəcədə cüzi miqdarda olduğu halda isə yumurta pak və yeyilməsi halal hesab edilir.
Məsələ 63. Şərab və pivə pak sayılırmı?
Cavab: Şərabın nəcis olduğu şübhəsizdir. Pivəyə (qaynadılmış, məstedici arpa suyuna) gəlincə, içilməsi qəti şəkildə haram olsa da, nəcis hesab olunması hökmü vacib ehtiyata əsaslanır.
Məsələ 64. Avropada fərqli dinlərin, irqlərin və millətlərin nümayəndələri bir arada yaşayırlar. Belə bir cəmiyyətdə hansı dinin mənsubu olduğunu bilmədiyimiz bir satıcıdan aldığımız və onun çılpaq əli ilə toxunduğu rütubətli (ələ rütubət keçirə biləcək dərəcədə) qida məhsullarını pak saya bilərikmi?
Cavab: Toxunan əlin nəcis olduğunu bilmədiyiniz (əmin olmadığınız) halda qida məhsulları pak hesab olunur.
Məsələ 65. Avropa ölkələrində harada istehsal olunduğunu bilmədiyimiz süni dəri məhsulları satılır. Deyilənlərə əsasən, bir sıra Avropa ölkələri müsəlman dövlətlərindən ucuz qiymətə dəri xammalı alaraq süni dəri məhsulları istehsal edirlər. Həmin məhsulları pak hesab edə bilərikmi? Belə dəri geyimlərlə namaz qıla bilərikmi? Ümumiyyətlə, belə zəif bir ehtimala əsaslanmaq olarmı?
Cavab: Həmin dərilərin şəriət normalarına müvafiq surətdə kəsilən heyvanlardan alınması ehtimalı sağlam ağıl sahiblərinin etimad göstərməyəcəyi qədər az, məsələn 2% olarsa, sözügedən məhsullar nəcis hökmünü daşıyır və namaz qılarkən onları geyinmək olmaz. Əks təqdirdə isə həmin məhsullar pak sayılır və onlarla namaz qılmaq olar.
DÖRDÜNCÜ FƏSİL
NAMAZ
Bir hədisdə oxuyuruq: “Namaz dinin sütunudur”.[30]
Həzrət Əli (ə) Əbdürrəhman ibn Mülcəm tərəfindən sui-qəsdə məruz qaldıqdan sonra İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyətində deyirdi: “Sizi and verirəm Allaha! Sizi and verirəm Allaha! Namazlarınıza qarşı diqqətli olun! Sizi and verirəm Allaha! Sizi and verirəm Allaha! Ömrünüzün sonunadək Rəbbinizin evini unutmayın!”[31]
Sükuni adlı ravi İmam Sadiqə (ə) istinadən Allahın elçisinin (s) belə buyurduğunu nəql edir: “Mömin gündəlik beş namazını öz vaxtında qıldıqca şeytan ona yaxınlaşmaqdan qorxar. O, namazlarına qarşı etinasızlıq göstərməyə başladığı andan isə cürət taparaq onu böyük günahlara sövq etməyə başlayar”.[32]
Başqa bir müasiri, Yezid ibn Xəlifə isə İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Namazqılan namaza başladıqda səmadan (ilahi dərgahdan) yer üzünə rəhmət enməyə başlayar, mələklər onu əhatəsinə alar, aralarından biri car çəkərək deyər: “Əgər bu namazqılan namazda hansı dəyərlərin gizli olduğunu bilsəydi, namazdan ayrılmazdı!”[33]
Bütün bu dəyərli kəlamlar bizə İslamın namaza verdiyi aydın, birmənalı dəyəri göstərir. Namaz bir növ Allahın hüzuruna şərəfyab olmaq hesab edildiyindən, hədisi-şərifdə də öz əksini tapdığı kimi namazqılan Rəbbinin qarşısında dayandığından namaz halında qəlbini Rəbbinə doğru yönəltməlidir və heç bir dünyəvi problem və ötəri maddi qayğısı onu məşğul etməməlidir.
Uca Allah (c.c.) özü də kitabında buyurur: “Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!) O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)”[34]
İmam Səccad (ə) namaz qılarkən küləyin təsiri nəticəsində yalnız yarpaqları əsən ağac budağı kimi hərəkətsiz dayanardı.[35]
İmam Baqir (ə) və İmam Sadiq (ə) isə namaza dayanarkən bəzən üzləri qızarar, bəzən də saralardı, sanki qarşılarında gördükləri bir həmsöhbətlə pıçıldaşırdılar.[36]
Namazla bağlı şəriətdə çoxsaylı hökmlər mövcuddur. Burada onlardan bir qismini xatırlamağı məqsədəuyğun hesab edirik:
Məsələ 66. Fəqihlər deyirlər: “Namaz heç zaman insanın öhdəsindən götürülmür. Bu isə o deməkdir ki, istər səfərdə, istərsə də vətəndə namaz qılmaqdan imtina etmək hansı vəchlə olursa-olsun yolverilməzdir. Məsələn, namazın vaxtı daralarsa, müsəlman müsafir təyyarədə, gəmidə, avtomobildə, yaxud qatarda (istər dayanarkən, istərsə hərəkət əsnasında), həmçinin gözləmə salonlarında, parklarda, yollarda, iş yerlərində və s. olmasından asılı olmayaraq namazını qılmalıdır.
Məsələ 67. Müsafir təyyarədə, qatarda, avtomobildə, yaxud başqa bir nəqliyyat vasitəsində namazını ayaq üstə qıla bilməzsə, oturduğu halda qılmalıdır. Qibləni təyin edə bilmədiyi halda üzünü qiblə istiqaməti olduğunu güman etdiyi tərəfə tutmalıdır. Ümumiyyətlə, qiblənin hansı istiqamətdə olduğuna dair təsəvvürü olmadığı halda isə istənilən istiqamətə üzünü tuta bilər. Hərəkət nəticəsində yalnız “təkbirət əl-ihram” deyə biləcək qədər üzü qibləyə dayana bilmək fürsəti olduğu halda, bununla (namazın digər rükn və hərəkətlərini üzü qibləyə icra etməsə belə) kifayətlənə bilər.
Məsələ 68. Qiblə istiqamətini stüardessa vasitəsilə pilotlardan (yaxud gəmidə kapitandan və s.) öyrənmək olar və arxayınlıq hasil etdiyi halda hətta kafir olsalar belə onların verdiyi məlumatı doğru hesab etmək olar. Həmçinin, düzgün işlədiyinə arxayın olduğu halda müsəlman kompas kimi cəhəti təyin edən cihazlara əsaslana bilər.
Məsələ 69. Müsəlman namaz qılmaq üçün dəstamaz almaq imkanına sahib olmadıqda dəstamaz əvəzinə təyəmmüm almalıdır.
Məsələ 70. Gecə və gündüzün uzunluğu yer kürəsinin ayrı-ayrı məntəqələrində fərqli vaxt ölçüləri kimi təzahür edir. Müsəlmanın yaşadığı məntəqədə günün çıxma və qürub vaxtları dəqiq məlum olarsa, o namaz və oruc kimi ibadətlərini həmin vaxt ölçüsünə əsasən icra etməlidir, hərçənd günün qısa olması səbəbilə bəzi namazları çox az zaman fasiləsi ilə qılmalı olsa belə, yaxud gecənin qısa olması ilə əlaqədar olaraq iftar üçün olduqca az vaxtı qalsa belə.
Məsələ 71. Bəzən bir sıra ölkələrdə ilin müəyyən fəsillərində günəş günlərlə, hətta aylarla görünmür, yaxud qürub etmir. Həmin ölkələrdə yaşayan müsəlman ehtiyata əsasən, gündəlik namazlarını sutka ərzində gecə ilə gündüzün bəlli saatlarda başlayıb qurtardığı ən yaxın qonşu ölkənin namaz vaxtlarına müvafiq qaydada ümumi qürbət (Allaha yaxınlaşmaq) niyyəti ilə qılmalıdır.
Məsələ 72. Müsəlman namaz və oruclarını icra etmək üçün fəcrin (sübh namazının) başlanğıcını, günorta və qürub saatlarını dəqiq bilməzsə, rəsədxanaların verdiyi məlumatlar onda arxayınlıq (düzgünlüyünə inam) hasil etdiyi halda, həmin rəsədxanalarda çalışanlar müsəlman olmasalar belə, onların vaxt cədvəllərinə əsasən namaz qıla, oruc tuta bilər.
Məsələ 73. Müsəlman məskunlaşdığı yerdən ənənəvi yaşayış məntəqələrində[37]
sonuncu evdən hesablanmaqla 44 km-dən az olmayan məsafəyə səfər etdikdə namazlarını qısa qılmalı, yəni zöhr, əsr və işa namazlarını dörd deyil, iki rəkət qılmalıdır. Səfərdə namazların bütöv və ya qısa qılınması ilə bağlı şəriətdə burada hamısını qeyd edə bilmədiyimiz, lakin əməliyyə risalələrində müfəssəl surətdə öz əksini tapan özünəməxsus hökmlər vardır.
Məsələ 74. İcrası üçün gərəkli şərtlərin ödəndiyi halda qılınan cümə namazı zöhr namazından daha üstündür, onu əvəz edir və mükəlləf cümə namazını qıldığı halda zöhr namazını qılmasına ehtiyac yoxdur.
Məsələ 75. Camaat namazı fərdi qaydada qılınan namazdan daha üstündür. Sübh, məğrib və işa namazlarının camaatla birgə qılınması təkidlə tövsiyə olunmuşdur. Hədisi-şəriflərdə oxuyuruq ki, bir alimin arxasında qılınan namazın savabı min, bir qüreyşlinin arxasında qılınan namazın mükafatı isə yüz dəfə artıqdır və camaat namazında məmumların (imamın arxasında dayananların) sayı artdıqca namazın dəyəri və savabı da artır.
İndi isə gəlin namazla bağlı Həzrət Ayətullah əl-üzma Sistaniyə ünvanlanan bir sıra suallar və onlara verilən cavablarla tanış olaq:
Məsələ 76. Bəzi insanlar dəstəmaz və qüslü doğru qaydada almadıqlarını illərlə namaz qılıb, oruc tutub, həcc ayinini icra etdikdən sonra başa düşürlər. Nə etməli olduqlarını soruşduqda isə onlara namaz və həcc ziyarətlərini təkrarlamalı olduqları deyilir. Bütün bu ibadətləri yenidən icra etməyin kifayət qədər çətin bir iş olduğu nəzərə alındıqda, doğru bildiyi qaydada qüsl və dəstamaz alan həmin şəxslərin namaz və həcc ayinlərinin doğru və kafi hesab edilməsi və eləcə də ibadətlərdən (bezərək, yaxud naümidliyə qapılaraq tərc.) tamamilə uzaqlaşmasının qarşısını almaq üçün bir çıxış yolu varmı?
Cavab: Əgər mükəlləf cahil qasir[38]
olub həmin şəraitdə dəstamaz və qüslün doğruluğuna xələl gətirməyən bəzi şərtlərini pozarsa, məsələn, qüsldə baş və bədənin digər hissələri arasında yuyulma ardıcıllığına riayət etməzsə, yaxud dəstamazda məsh üzvlərinə əlində (yuyulmalı üzvləri yuduqdan sonra) qalan rütubətlə deyil, yenidən isladaraq məsh edərsə, dəstamaz və qüslü, nəticə etibarilə də namaz və həcc ziyarəti doğru hesab edilir. Lakin müqəssir cahil olub şəriət hökmlərini öyrənməkdə səhlənkarlıq göstərərsə, yaxud ümumiyyətlə, dəstamaz və qüslün doğruluna xələl gətirən bəzi şərtləri pozarsa, məsələn, yuyulmalı olan bədən üzvlərini yumazsa, onun namaz və həcc ayini heç bir vəchlə doğru hesab edilə bilməz. Lakin tamamilə uzaqlaşması qorxusu mövcud olarsa, onu ibadətlərinin qəzasını yerinə yetirməyə sövq etmək lazım deyil. Bəlkə Allah (c.c.) özü bir çıxış yolu göstərəcəkdir.
Məsələ 77. Bəzi insanlar illərlə namaz qıldıqları və hətta həcc ayinini də yerinə yetirdikləri halda həmin illər ərzində xüms rüsumunu ödəməmişlər. Onlar həmin namazlarını və həcc ayinini yenidən icra etməlidirlərmi?
Cavab: Əgər mükəlləf namazlarını, təvaf və təvaf namazı ayinlərini xüms şamil olunan libasla icra edərsə, vacib ehtiyata əsasən, namazlarını və həcc ziyarətini yenidən icra etməlidir. Lakin xüms şamil olunan libas yalnız təvaf namazında onun üzərində olarsa və o hökmü, yaxud onun tətbiq olunduğu məqamları bilməzsə, hətta müqəssir cahil durumunda olsa belə, həcci doğru hesab edilir və hökmü bilməməsi üzrürlü hal hesab edilmədiyi halda yalnız təvaf namazını yenidən qılmalıdır. Bunun üçün vacib ehtiyata əsasən, ciddi sıxıntı törətmədiyi halda Məkkəyə qayıtmalıdır, əks təqdirdə isə istənilən yerdə qıla bilər. Həmçinin qurbanlıq heyvana xüms şamil olunarsa, məsələn xümsü ayrılmamış gəlirlə alınmış olarsa, həcc ziyarətini yenidən gerçəkləşdirməsi vacibdir. Lakin xüms verməli olan hacı qurbanı məhz xüms verməli olduğu gəlirdən deyil, ümumi əmlakı hesabına almış olarsa (bu daha çox rast gəlinən haldır), ziyarəti doğru hesab olunur. Əlbəttə ki, bu halda xüms verməli olan hacı həmin qurbanlığın puluna görə də zəmanət məsuliyyəti daşıyır. Bütün bu hökmlər xümsün vacib olduğunu, xümsü verilməmiş əmlakdan istifadənin haram olduğunu bilənlərə, yaxud müqəssir cahillərə şamil olunur. Qasir cahillərə gəlincə, onların namaz və həcci bu hallarda doğru hesab olunur.
Məsələ 78. Müsafir bir şəhərdə günorta azanını öz qulaqları ilə eşitdikdən sonra namaz qılmadan yola çıxarsa və mənzilbaşına məğrib azanından sonra çatarsa, günah etmiş sayılırmı və günorta namazlarının qəzasını qılması vacibdirmi?
Cavab: Bəli, vacib bir ibadəti onun üçün müəyyən edilən vaxt ərzində qılmadığına görə günahkar sayılır və həmin namazın qəzasını qılmalıdır.
Məsələ 79. Quru mürəkkəb dəstamaza və qüslə (suyun dəriyə təmas etməsinə) əngəl hesab edilirmi?
Cavab: Əgər suyun dəriyə toxunmasına mane ola biləcək özəllikdə deyilsə, dəstamaz və qüsl doğru hesab edilir. Bu xüsusda şəkk edildiyi halda isə aradan qaldırılmalıdır (dərinin üzərindən təmizlənməlidir).
Məsələ 80. Müsəlman maraqlı bir filmə tamaşa edərkən namaz vaxtı başlayarsa, onun filmə sonunadək baxmağa davam edərək namazını vaxtının bitməsinə az bir müddət qalanadək təxirə salması doğrudurmu?
Cavab: Müsəlmana namazını üzrlü bir səbəb olmadan fəzilət vaxtında qılmayaraq təxirə salmaq yaraşmaz. Sözügedən hal isə üzürlü hallardan sayılmır.
Məsələ 81. Krem suyun dəriyə çatmasına əngəl hesab edilirmi və dəstamaz və qüsl əsnasında dərinin üzərindən silinməsi vacibdirmi?
Cavab: Bilindiyi kimi krem dəriyə sürtüldükdən sonra onun dəri üzərində yalnız yağlılıq təsiri buraxır və bu da suyun dəriyə təmas etməsinə mane olmur.
Məsələ 82. Bəzi xanımlar bəzək məqsədilə dırnaqlarını normal həddən daha artıq uzadır və bəzən həmin dırnaqlar qırıldığından müraciət etdikləri həkim-kosmetoloqlar onlara bir gündən az olmayaraq dırnaqda qalmalı olan boyaların istifadəsini tövsiyə edirlər. Dəstamaz və qüsl əsnasında həmin boyaların suyun dırnaqlara toxunmasına mane olduğu nəzərə alındıqda, deyilən məqsədlə (gözəl görünmək üçün) onlardan istifadə edə bilərlərmi? İstifadə etdikləri halda dəstamaz və qüsl almaq üçün nə etməlidirlər?
Cavab: Suyun dəriyə toxunmasına əngəl olduğu halda onlarla alınan dəstamaz və qüsl doğru sayılmır və həmin boyalar dəstamaz və qüsl üçün dırnaqlardan silinməlidir. Sözügedən məqsəd də bu hökmü dəyişdirmir.
Məsələ 83. Namazlarımızı nə zaman bütöv, nə zaman müxtəsər qılmalıyıq? İnsanların bir nəfəri hansısa bir yaşayış məntəqəsinin sakini hesab etməsi onun həmin yaşayış məskənində namazını bütöv qılması üçün kifayətdirmi?
Cavab: Namazın hansı hallarda qısa qılınmalı olduğu əməliyyə risalələrində müfəssəl surətdə öz əksini tapmalıdır. İnsan bir yeri özünə uzun bir müddətdə məskunlaşmaq məqsədilə yaşayış yeri seçərsə və əhali də onu müsafir deyil, həmin yerin sakini hesab edərsə, məsələn həmin məntəqədə iki il yaşamaq niyyətində olarsa, bu müddətlə orada iki ay yaşadıqdan sonra həmin yaşayış yeri şəriətdə onun vətəni hesab edilir. Lakin məskunlaşma müddəti qısa olarsa və o, həmin yerdə müsafir hesab edilərsə, namazını müxtəsər qılmalıdır.
Məsələ 84. Məğrib və işa namazlarının vaxtının başa çatdığı gecə yarısını necə hesablamalıyıq? Xalq arasında yayıldığı kimi saat 24:00 (00:00) gecə yarısı hesab edilə bilərmi?
Cavab: Gecə yarısı (məğrib və işa namazlarının vaxtının başa çatdığı an) deyərkən günəşin batması ilə çıxması arasındakı zaman diliminin (iki bərabər hissəyə ayrıldıqda) birinci yarısının başa çatması nəzərdə tutulur. Məsələn, günəş axşam saat 19:00-da bataraq, sabah saat 04:00-da çıxarsa, gecə yarısı 23:00 hesab olunur. Beləliklə, gecə yarısının hesablanması üçün meyar ilin ayrı-ayrı fəsillərində və eləcə də yer kürəsinin fərqli nöqtələrində bir-birindən fərqlənən günəşin batması və çıxma saatlarıdır.
Məsələ 85. Mükəlləf yatacağı halda sübh namazına ayılmayacağını bilərsə, sübh namazını vaxtında qılmaq üçün oyaq qalması vacibdirmi? Bəs bunu bilə-bilə yatdığı və namaz üçün oyana bilmədiyi halda günahkar sayılırmı?
Cavab: Hansısa bir şəxsin, yaxud zəngli saatın köməyi ilə də oyana bilər. Bu da mümkün olmadıqda yatıb qalması namaza qarşı səhlənkarlıq və laqeydlik hesab olunduğu hallar istisna olmaqla yatmaqla günah etmiş sayılmır.
Məsələ 86. Qiblə istiqamətini təyin edə və bədənimizi hərəkətsiz saxlaya bilmədiyimiz hallarda təyyarədə vacib namazlarımızı necə qılmalıyıq?
Cavab: Qiblə istiqamətini bir qayda olaraq verdikləri məlumatlar arxayınlıq, yaxud güman hasil edən pilot, yaxud stüardessalardan soruşmaqla təyin etmək olar və qiblə məsələsində həmin məlumatlara əsaslanmaq lazımdır. Bədənin hərəkətsizliyinə gəlincə, mümkün olmadığı təqdirdə bu şərt qüvvədən düşür. Lakin namazın digər şərtlərinə mümkün olduğu qədər riayət etmək lazımdır. Namazı onun üçün müəyyən olunmuş vaxt ərzində qılmayaraq təxirə salmaq isə heç bir vəchlə doğru deyil.
Məsələ 87. Qatarlarda və avtomobillərdə namazlarımızı necə qılmalıyıq? Belə hallarda səcdə etməliyikmi, yoxsa sadəcə əyilmək kifayətdir?
Cavab: Sözügedən nəqliyyat vasitələrində namazı mümkün olduğunca adi qaydada qılmağa çalışmaq lazımdır. O cümlədən, namazın bütün hərəkətlərini üzü qibləyə icra etmək lazımdır. Mümkün olmadığı halda yalnız təkbirət əl-ihram əsnasında üzü qibləyə olmaq kifayətdir. Bu da mümkün olmadığı təqdirdə isə qibləyə yönəlmək şərti qüvvədən düşür. Habelə, mümkün olduqca rüku və səcdələri normal qaydada yerinə yetirmək lazımdır. Məsələn, əlverişli şərait olduğu halda qatarın dəhlizində, yaxud avtobus salonunun keçid hissəsində namaz qılmaq lazımdır. Normal qaydada rüku və səcdə etmək mümkün olmadığı halda isə rüku və səcdə hesab ediləcək qədər əyilmək lazımdır. Belə ki, səcdədə alnı üzərinə qoymağın doğru hesab edildiyi bir şeyə (hətta yerdə, döşəmədə olmasa belə) toxundurmaq lazımdır. Deyilən qədər əyilmək də mümkün olmadığı təqdirdə isə rüku və səcdəni əvəz edən işarə hərəkətlərini icra etmək kifayətdir.
Məsələ 88. Bəzən namazın vaxtı tələbələr universitetə yollanarkən başlayır. Tələbə universitet kampusuna çatdıqda isə namazın vaxtı başa çatır. Belə hallarda o, namazını nəqliyyat vasitəsində qılmalıdırmı? Nəzərə almaq lazımdır ki, o, nəqliyyat vasitəsindən düşərək bir yerdə namazını qıla bilər, lakin bu halda universitetə gecikəcəkdir.
Cavab: Nəqliyyat vasitəsindən enərək hərəkətsiz bir yerdə bütün şərtlərinə riayət etməklə namaz qılmaq imkanı olduğu halda universitetə gecikmək (davamiyyətsizlik) öz-özlüyündə nəqliyyat vasitəsində bəzi şərtlərinin pozulmasına rəğmən namaz qılmağa əsas vermir. Lakin gecikmə və davamiyyətsizlik normal hallarda müşahidə olunmayan ciddi sıxıntıların yaranmasına səbəb olarsa, bütün şərtlərinə riayət etməklə namaz qılmaq mümkün olmasına rəğmən, nəqliyyat vasitəsində bəzi şərtləri pozulsa belə, namaz qılmaq olar.
Məsələ 89. Namaz vaxtı işçinin iş saatlarına təsadüf edir və onun işi olduqca mühüm və təxirəsalınmaz bir işdir. Namaz qılmaq üçün işdən ayrılacağı təqdirdə ciddi probləmlərlə qarşılaşa bilərsə, hətta bu onun işdən qovulması ilə nəticələnə bilərsə, namazını qəzaya verə bilərmi? Yoxsa ehtiyac duyduğu işini itirməsinə səbəb olsa belə, namazını vatında qılmalıdır?
Cavab: Əgər həmin işə ehtiyacı zərurətdən irəli gələrsə, namaz vaxtı ərzində mümkün olan istənilən surətdə, hətta rüku və səcdələri işarə hərəkətləri ilə icra etməklə olsa belə, namazlarını qılmalıdır. Lakin bu nadir hallarda rast gəlinən bir ehtimaldır. Yaxşı olar ki, həmin işçi təqvanı tərcih edərək dininin sütunu sayılan bir ibadətin icrasına xələ gətirən bir işlə məşğul olmasın və uca Allahın kəlamını unutmasın: “... Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər ...”[39]
Məsələ 90. Bəzi qərb və qeyri-müsəlman ölkələrində fəaliyyət göstərən bir sıra şirkət və müəssisələrdə müsəlman işçilər də ofis əməkdaşı kimi çalışırlar və onlar işlədikləri yerin mülkiyyət vəziyyəti ilə bağlı məlumata sahib deyillər. Beləliklə:
1 - Həmin məkanlarda qılınan namaz və alınan dəstamazlarla bağlı hökm nədən ibarətdir?
Cavab: Həmin məkanların mülkiyyət hüququ qorunan (şəriət tərəfindən mülkiyyət hüququ toxunulmaz hesab edilən) bir mülkiyyətçidən qəsb edildiyi (qanunsuz yolla ələ keçirildiyi) bilinmədikcə, orada namaz qılmağın və dəstamaz almağın eybi yoxdur.
2 - Orada namaz qılınan namazlarla bağlı problem olduğu halda keçmişdə qılınan namazlarla bağlı hökm nədən ibarətdir?
Cavab: Namaz qılınan yerin qəsb edilmiş bir məkan olması namazdan sonra aydınlaşarsa, namaz doğru hesab edilir.
Məsələ 91. Dəri (təbii) kəmərlə, yaxud üzərimizdə şəriət qaydalarına müvafiq şəkildə kəsilməyən heyvanın dərisindən hazırlanmış çanta olduğu halda namaz qılsaq və bunu namaz əsnasında, yaxud namazdan sonra, namaz vaxtının bitməsində isə öncə xatırlasaq, nə etməliyik?
Cavab: Həmin dəri məhsullarının alındığı heyvanın şəriət normalarına müvafiq qaydada kəsildiyinə dair sağlam düşüncə sahiblərinin etibar edə biləcəyi bir ehtimal mövcud olarsa, dəri kəmərlə namaz qılmaq doğru olduğu kimi, üzərinizdə həmin dərilərdən hazırlanan çanta olduğu halda da namaz qıla bilərsiniz. Həmçinin, əks təqdirdə (belə bir əsaslı ehtimalın mövcud olmadığı halda) öncədən məsələni bilməyərək namaz əsnasında başa düşsəniz və dərhal həmin əşyaları üzərinizdən çıxarsanız, namazınız doğrudur. Eləcə də, məsələni öncədən bildiyiniz halda unutsanız və namaz əsnasında xatırlasanız, bu unutqanlıq laqeydlik (namazla bağlı hökmlərə etinasızlıq) səbəbi ilə baş vermədiyi təqdirdə namazınız doğru hesab edilir. Laqeydlik səbəbi ilə baş verdiyi halda isə, namaz vaxtı başa çatmadan xatırlasanız, namazınızı yenidən qılmalı, başa çatdıqdan sonra xatırladıqda isə qəzasını qılmalısınız.
Məsələ 92. Son dövrlərdə geniş yayılmış kişi geyimlərindən biri də qeyri-müsəlman ölkələrində istehsal edilən cinş şalvarlardır. Onların üzərində istehsalçı şirkətin adı yazılan hansı qaydada kəsildiyini bilmədiyimiz dəri parçalardan ibarət emblemlər tikilir. Belə geyimlərlə namaz qıla bilərikmi?
Cavab: Bəli.
Məsələ 93. Namaz qılan adekolonla ətirləndikdən sonra namaz qıla bilərmi və adekolon pak sayılırmı?
Cavab: Bəli, adekolon pak sayılır.
Məsələ 94. Mozaika və beton blokların üzərinə səcdəetmək olarmı?
Cavab: Bəli.
Məsələ 95. Bəzi səccadə-xalçaların istehsalında emal nəticəsində əldə olunan neft məhsullarından istifadə olunur. Həmin xalçalara səcdə etmək olarmı?
Cavab: Səcdədə alnı onların üzərinə qoymaq olmaz.
Məsələ 96. Kağız vərəqlərə, yaxud salfetlərə səcdə etmək olarmı? Nəzərə almaq lazımdır ki, onların hansı maddələrdən hazırlandığını bilmirik.
Cavab: Kağız salfetlərə üzərinə səcdə etməyin doğru olduğu maddələrdən istehsal edildiyinə əmin olmayınca səcdə etmək olmaz. Kağız parçalara isə ipəkdən hazırlanmış olmadığı halda səcdə etmək olar.
Məsələ 97. Quran qiraətinin audio yazılarına qulaq asarkən vacib səcdə ayələrini eşitsək, səcdə etmək vacibdirmi?
Cavab: Vacib deyil.
BEŞİNCİ FƏSİL
ORUC
Sevimli Peyğəmbərimiz (s) ramazan ayı ərəfəsində söylədiyi bir xütbəsində insanlara belə müraciət etmişdi:
“Ey insanlar! Allahın ayı öz bərəkət, rəhmət və əfv özəllikləri ilə sizin sorağınıza gəlir. Bu, Allah dərgahında başqa aylardan, günləri başqa günlərdən, gecələri digər gecələrdən, saatları da digər saatlardan daha üstün və dəyərli olan bir aydır. Bu elə bir aydır ki, onun gəlişi ilə siz ilahi ziyafətə dəvət olunmuş, ilahi kəramət və dəyərə layiq görülmüşsünüz. Bu ayda aldığınız hər nəfəs zikr, yuxunuz ibadət hesab olunur, əməlləriniz qəbul olunmuş, duanız eşidilmiş sayılır.
Beləliklə, Rəbbinizdən sidq-ürəklə, səmimi qəlblə sizi bu ayda oruc tutmağa və öz kitabını oxumağa (anlamağa) müvəffəq etməsini diləyin. Həqiqətən, bədbəxt o şəxsdir ki, bu dəyərli ayda ilahi əfvdən məhrum olan insandır.
Ey insanlar! Bu ay ərzində cənnətin qapıları üzünüzə açıqdır. Rəbbinizdən diləyin ki, onu üzünüzə bağlamasın. Cəhənnəmin qapıları isə bağlıdır. Rəbbinizdən onu sizin üzünüzə açmamasını istəyin. Bu ayda şeytanlar da zəncirlənmiş olur. Rəbbinizdən onların sizə (qəlblərinizə) hakim olmasına imkan verməməsini də diləyin.
Ey insanlar! Aranızdan kim bu ayda əxlaqını (xasiyyətini, davranışlarını) gözəlləşdirərsə, bu addımı sirat körpüsündə ayaqların əsdiyi gün onun sərbəst keçməsini təmin edər. Kim bu ayda tabeçiliyində olanlara (ailə üzvləri, qulluqçuları və s. ilə) güzəşt edərsə, Allah (c.c.) da sınaq əsnasında ona güzəşt edər. Kim bu ayda insanları incitməkdən çəkinərsə, Allah (c.c.) da hüzuruna çıxdığı gün ona qarşı qəzəbli davranmaqdan çəkinər. Kim bu ayda yetimlərə qayğı və nəvazişlə davranarsa, ilahi görüşün gerçəkləşəcəyi gün Allah (c.c.) da onu əziz tutar. Kim bu ayda qohumları ilə əlaqəni kəsərsə, Allah (c.c.) da onun qarşısına çıxacağı gün mərhəmətini ondan əsirgəyər. Kim bu ayda Qurandan bir ayə oxuyarsa, onu başqa aylarda Quranı başdan sona oxuyan şəxsin mükafatı gözləyir”.
İmam Əli (ə) buyurur: “Nə çoxdur elə oruc tutanlar ki, orucları onlara susuzluqdan başqa bir şey qazandırmır. Nə çoxdur elə namaz qılanlar ki, ibadətlərindən yorğunluqdan başqa bir şey əldə etmirlər”.
İmam Sadiq (ə) isə buyurur: “Oruc tutarkən qulağını, gözünü, tüklərini, dərini və bütün digər əzalarını da qoru!” Ondan nəql olunan başqa bir hədisdə də belə oxuyuruq: “Oruc yalnız yemək və içməkdən imtina etmək demək deyil. Oruc tutarkən dilinizi yalandan, gözünüzü Allahın baxmağı haram etdiklərindən qoruyun. Bir-birinizə düşmən kəsilməyin, bir-birinizin paxıllığını çəkməyin, qeybət etməyin, bir-birinizə xoşagəlməz sözlərlə müraciət etməyin, haqsızlıq etməyin. Hərbə-zorbalıqdan, yalandan, düşmənçilikdən, bədgümandan, qeybətdən, söz gəzdiricilikdən (ara vurmaqdan) çəkinin. Axirət həyatınızın qayğısını çəkin, Allahın sizə vəd etdiklərinin intizarını çəkin, ilahi görüşə özünüzü hazırlayın. Mətin, vüqarlı, təvazökar olun, özünüzü sahibindən (üzünə ağ olmaqdan) qorxan, eyni zamanda onun əfvinə ümid bəsləyən qullar kimi aparın”.[40]
Burada orucla bağlı öz əksini tapacaq bir sıra sual-cavablardan öncə İslamın bu önəmli göstərişi ilə bağlı bəzi şəriət hökmlərini xatırlatmağı məqsədəuyğun hesab edirik:
Məsələ 98. Orucu batil edən hərəkətlərdən biri də qəsdən (şüurlu surətdə) yemək və içməkdir. Beləliklə, oruc tutan qəsdən deyil, oruc olduğunu unudaraq qida qəbul edərsə, orucu doğru sayılır və buna görə heç bir cəza almır.
Məsələ 99. Ramazan ayında orucu pozan hallardan biri də sübh azanınadək cənabətli halda qalmaqdır. Buna əsasən, cənabətli şəxs ramazan ayında gecəni cənabətli halda başa vuraraq qəsdən sübh azanınadək qüsl almazsa, ma fiz-zimmə (şəriətin üzərinə qoyduğu vəzifə) niyyəti ilə həmin günü oruc olaraq başa vurmalıdır. Lakin əhvət (ən ehtiyatlı) nəzərə əsasən, həmin günü oruc niyyəti ilə orucu pozan hallardan çəkinərək başa vurmaqla yanaşı başqa bir gün də həmin günün orucunun qəzası və cəzası niyyəti ilə oruc tutmalıdır. Xəstəliyi səbəbi ilə qüsl ala bilməyən xəstə isə sübh azanınadək təyəmmüm alarsa, paklanmış sayılır və orucunu tutmalıdır.
Məsələ 100. Ramazan ayında orucu batil edən hallardan daha biri isə heyz və ya nifas günləri bitən (qanaxması kəsilən) qadının sübh azanınadək heyzli və ya nifaslı halda qalaraq qüsl almaq imkanı olduğu halda qüsl almamasıdır. Beləliklə, sübh azanınadək fürsəti olduğu halda gecəni qüsllü halda başa vurarsa, öncəki məsələdə cənabətlə bağlı açıqlanan hökm ona da şamil olunur. Qüsl almaq imkanı olmadığı halda isə təyəmmüm etməlidir.
Məsələ 101. Daha yaxşı olar ki, oruc tutan şəxs ağız boşluğuna gələn bəlğəmi udmasın. Hərçənd, ağız boşluğuna toplanan tüpürcək (həcmindən asılı olmayaraq) kimi bəlğəmi də udmaq orucu pozmaz.
Məsələ 102. Oruc əsnasında gün ərzində baş verən ehtilam (pollyusiya, şeytanı olmaq) halı orucu pozmur. Möhtəlim olan şəxs namaz qılmaq üçün cənabət qüslü almalıdır, orucuna isə bu hal təsir etmir.
Məsələ 103. Oruc tutan fırçalama əsnasında ağız suyuna qarışan məcun maddəsini udmadıqca diş fırçası və məcunu ilə dişləri təmizləmək də orucu batil edən hallardan deyil. Ağız suyunda əriyib həll olan cüzi miqdardakı məcun qalığı isə oruca təsir etmir.
Məsələ 104. Əgər müsəlman gecə və gündüzün hər birinin altı ay davam etdiyi bir ölkədə yaşayarsa, ona vacibdir ki, istər ramazan ayında, istərsə ramazan orucunun qəzasını tutmaq üçün başqa bir ayda oruc tuta biləcəyi bir ölkəyə köçsün. Köçmək imkanına sahib olmadığı halda isə oruc əvəzinə fidyə verməlidir. Bu fidyə hər gün müqabilində bir yoxsula bir müdd (750 q.) təamdan ibarətdir.
Məsələ 105. Əgər müsəlman ilin bəzi günlərində gündüzün 23 saat, gecənin isə 1 saat sürdüyü, yaxud əksinə gecənin 23 saat, gündüzün isə 1 saat davam etdiyi bir ölkədə yaşayarsa, ramazan ayında oruc tutmaq iqtidarında olduğu halda oruc tutması vacibdir, əks təqdirdə isə vacib deyildir. Gələcəkdə (yaxud ilin digər günlərində) başqa bir ölkəyə köçməklə olsa belə, oruc tutmaq imkaına sahib olarsa, həmin orucların qəzasını tutması vacib, bu (orucların qəzasını tutmaq) da mümkün olmadığı təqdirdə isə oruc qarşılığında (öncəki məsələdə göstərilən qaydada) fidyə verməlidir.
İndi isə gəlin orucla bağlı Həzrət Ayətullah əl-uzmaya ünvanlanan bir sıra suallara cavab olaraq verilən fətvalarla tanış olaq:
Məsələ 106. Bəzi insanlar öz vətənlərindən imtina etmədən müəyyən bir məqsədi gerçəkləşdirmək üçün bir neçə il qalmaq niyyətilə başqa bir ölkəyə köçürlər. Həmin məqsədi gerçəkləşdirdikdən sonra isə istədikləri yeri özlərinə vətən seçmək (məskunlaşmaq) üçün o ölkəni tərk edirlər. Həmin insanlar namazlarını necə qılmalıdırlar? Oruc tutmalıdırlarmı?
Cavab: Orada namazlarını bütöv qılmalı, oruclarını isə öz vətənlərində oluğu kimi məskunlaşdıqdan bir ay keçdiyi vaxtdan etibarən tutmalıdırlar.
Məsələ 107. Avropa ölkələrində fəaliyyət göstərən rəsədxanaların il ərzində, eləcə də ramazan ayında fəcr (sübh azanı), günün çıxması, zöhr, qürub kimi ibadət saatlarının təyin edilməsi ilə bağlı hesablamalarına əsaslana bilərikmi? Nəzərə almaq lazımdır ki, həmin hesablamalar elmi əsaslara söykənir və saniyələrə qədər dəqiq vaxt ölçüləri əsasında aparılır.
Cavab: Həmin hesablamaların doğruluğuna arxayınlıq hasil olduğu təqdirdə onlara müvafiq şəkildə hərəkət etmək olar. Fəcr zamanının təyin olunması xüsusunda orada, xüsusilə də bəzi Avropa ölkələrində fərqli hesablamalar mövcud olduğundan doğru rəyə əməl etməyə çalışmaq lazımdır.
Məsələ 108. Bəzi ölkələrdə günəş günlərlə çıxmır, yaxud batmır. Həmin ölkələrdə namaz və oruclarımız necə olacaq?
Cavab: Namaz xüsusunda, vacib ehtiyata əsasən, hər sutka ərzində günəşin çıxıb batdığı ən yaxın məntəqəni nəzərə almalı, gündəlik beş vaxt namazı həmin məntəqənin namaz vaxtlarına müvafiq qaydada qılmalısınız. Oruca gəlincə isə ramazan ayında bu dəyərli ayın orucunu, yaxud daha sonra onun qəzasını tuta biləcəyiniz başqa bir ölkəyə köçməyiniz vacibdir.
Məsələ 109. Qeyri-müsəlman ölkəsində yaşayan bir müsəlman ramazan ayında (gündüz saatlarında) müsəlman olmayan bir şəxsi yeməyə qonaq edə bilərmi?
Cavab: Öz-özlüyündə eybi yoxdur.
Məsələ 110. Tənəffüsü asanlaşdıran süni tənəffüs spreylərinin istifadəsi orucu pozurmu?
Cavab: Spreyin sıxdığı qaz halındakı maddə qida borusu ilə deyil, tənəffüs yolu ilə bədənə daxil olarsa, orucu pozmur.
Məsələ 111. Xəstənin zəruri ehtiyacı olub-olmamasından asılı olmayaraq damara inyeksiya olunan (iynə ilə vurulan) serum orucu pozurmu?
Cavab: Hər iki halda (zəruri ehtiyac olsa da, olmasa da) orucu pozmur.
Məsələ 112. Mübarək ramazan ayında gündüz saatlarında istimna (masturbasiya, yaxud onanizm) ilə məşğul olmaq orucu pozurmu? Məninin (spermanın) ifraz olunduğu və olunmadığı hallarla bağlı hökmü açıqlamağınızı xahiş edirik. Bu xoşagəlməz işlə məşğul olanlara hansı kəffarə tətbiq olunur? Bəs mübarək ramazan ayında oruc əsnasında masturbasiya ilə məşğul olan qadınlarla bağlı hökm (məni ifraz olunduğu və olunmadığı halda) nədən ibarətdir?
Cavab: Əgər məni ifraz etmək məqsədilə istimna edərsə və məni də ifraz olarsa, orucu batil olur və həmin orucun qəzası ilə yanaşı kəffarəsini də (iki ardıcıl ay oruc tutmaq və altmış yoxsulu yedirtmək) icra etməlidir.
Məni ifraz etmək məqsədilə istimna edərsə, lakin məni ifraz olmazsa, mütləq qürbət qəsdi (istənilən halda Allaha yaxınlaşmaq niyyəti) ilə orucunu başa çatdırmalı, ramazan ayından sonra isə həmin günün orucunun qəzasını tutmalıdır.
Lakin məni ifraz etmək niyyəti olmadan istimna edərsə və adətən də etdiyi hərəkət nəticəsində məni ifraz olmazsa, ancaq bununla belə məninin ifraz ola biləcəyini ehtimal edərsə və təsadüfdən həmin hərəkət nəticəsində məni ifraz olarsa, ona yalnız həmin günün orucunun qəzasını tutmaq vacibdir.
Etdiyi hərəkət nəticəsində orqanızmındən məni ifraz olunmayacağına əmin olmasına rəğmən, məni ifraz olduğu halda isə həmin orucun qəzasını da tutması vacib deyil.
Bütün bu hallarla bağlı hökmlərdə kişi ilə qadın arasında heç bir fərq yoxdur.
Məsələ 113. Bir mömin sübh azanınadək cənabətli halda qalmağın orucu pozduğunu bilmədən həmin vəziyətdə oruc tutarsa, nə etməlidir?
Cavab: Cənabətli halda qalmağın orucu pozmadığına əmin olduğu, yaxud ümumiyyətlə, bu məsələyə diqqət yetirmədiyi halda yalnız qəza orucu tutmalıdır, kəffarə isə ona vacib deyil.
Məsələ 114. Yer kürəsinin şərqində hilal (burada: yeni ayın başlaması) təsbit edilərsə, qərbdə də ay daxil olmuş sayılırmı? Həmçinin, Amerikada yeni ay görüldüyü halda, Avropada da yeni ay başlamış sayılırmı?
Cavab: Əgər şərqdə ayın başlaması sübuta yetərsə, nəzərdə tutulan iki məntəqə arasında coğrafi enlik fərqi kifayət qədər böyük olmadığı halda qərbdə də ay başlamış sayılır. Qərbdə ayın görünməsi ilə isə yalnız nəzərdə tutulan iki məntəqənin coğrafi enlik etibarilə kifayət qədər yaxın olub coğrafi uzunluq etibarilə də aralarındakı məsafənin 880 km-dən artıq olmadığı hallarda şərqdə də ay başlamış sayılır.
Məsələ 115. Günah sayılan işlərlə orucu qəsdən pozmağın kəffarəsini bəzi fəqihlər hər üç kəffarənin icrasından ibarət olduğunu göstərirlər. Quldarlıq münasibətlərinin mövcud olmadığı və nəticədə qul azad etməyin mümkün olmadığı bu dövrdə nə etmək lazımdır?
Cavab: Qul azad etmək kəffarəsi mümkünsüz olduğu şəraitdə qüvvədən düşmüş sayılır. Bundan əlavə qeyd etmək lazımdır ki, bizim nəzərimizə görə ramazan ayında oruc haram sayılan işlərlə pozulduğu halda da hər üç kəffarənin deyil, onlardan birinin icrası vacibdir.
“Minhac əs-salihin” risaləsində göstərilir ki, yeni ayın daxil olması ya hilalın (ayparanın) görünməsi, yaxud insanlar arasında etimad olunacaq bir xəbər olaraq yayılması nəticəsində sübuta yetmiş sayılır. Həmçinin, sözügedən risalənin 1044-cü məsləsində oxuyuruq ki, eyni üfüqə malik olan iki şəhərdən birində ayın görünməsi ikincisində də yeni ayın başlamasının təsbiti üçün kifayətdir. Belə ki, həmin şəhərlərdən birində ay görünmüşsə, bu o deməkdir ki, ikinci şəhərdə də bulud, duman, dağ, yaxud başqa bir əngəl olmasaydı, ay görünməli idi. Bununla bağlı bir sıra sualları cavablandırmağı da məqsədəuyğun hesab edirik:
Məsələ 116. İran, Əhsa, Qətif (sonuncu ikisi Səudiyyə Ərəbistanı Krallığının şərq əyalətlərindəndir), digər Fars körfəzi ölkələri, habelə İraq, Suriya və Livanda hilalın görünməsi bulud və çən olmadığı halda Britaniya, Fransa və Almanya kimi ölkələrdə də görünə bilməsi anlamına gəlirmi?
Cavab: Bəli, coğrafi enlikləri arasında fərq kifayət qədər böyük olmadığı təqdirdə bir məntəqədə ayın görünməsi ondan qərbdə yerləşən məntəqələrdə də bir əngəl olmadığı halda ayın görünməli olduğu (başqa sözlə yeni ayın başlaması) deməkdir.
Məsələ 117. Şərqdə ayın görünməsi ilə qərbdə də ayın görünmüş (başlamış) sayılması fərziyyəsini nəzərə alaraq, şərq ölkələrində yaşayan bəzi alimlərin nəzərincə ayın başlaması qərbdə yaşayan və havanın aydın olmaması kimi əngəllər səbəbi ilə hilalı öz gözü ilə görə bilməyən bir müsəlman üçün sübut hesab edilə bilərmi?
Cavab: Bu hal (bəzi şərqli alimlərə görə ayın başlaması) onun üçün və eləcə də digər qərbli müsəlmanlar üçün ayın başlamasını sübut edən dəlil hesab edilə bilməz. Lakin onların rəyincə ayın başlaması onda ayın başqa yerlərdə də görünməsinə dair arxayınlıq yaradarsa, yaxud əksinin iddia olunmadığı (hətta ehtimal belə edilmədiyi) bir dəlil ortaya qoyularsa, əmin olduğuna istinadən hərəkət edə bilər.
Məsələ 118. Bəzi şərq ölkələrində bir sıra alimlərin ayı müşahidə edənlərin təsbitinə istinadən hilalın göründüyü xəbəri elan edilir. Beləliklə:
1 – sayı bəzən 30 nəfərdən artıq olan həmin şahidlərin müxtəlif şəhərlərdə (məsələn, 2-si İsfahanda, 3-ü Qumda, 2-si Yəzddə, 4-ü Küveytdə, 5-i Bəhreyndə, 2-si Əhsada, 6-sı Suriyada və s.) müşahidələr apardıqlarını;
2 – bəzi qərb ölkələrində də üfüqün aydın olduğunu və orada yaşayan möminlərin də əngəl olmadan ayı görmək imkanına sahib olduqlarını;
3 – Britaniya rəsədxanasının isə həmin gecə hilalı açıq gözlə (teleskopsuz) görməyin mümkünsüz olduğunu, bunun yalnız növbəti gecə mümkün ola biləcəyini elan etməsini nəzərə alaraq belə bir vəziyyətlə bağlı hökmü açıqlamağınızı xahiş edirik.
Cavab: Bu xüsusda mötəbər sayılan təsbit insanın özünün hilalı görməsi, yaxud ayın görünməsinin onun üçün əksinin iddia olunmadığı bir dəlillə sübuta yetməsidir. Lakin sözügedən halda və eləcə də bənzər durumlarda ayın üfüqdə açıq gözlə görünə biləcək şəkildə müşahidə edilməsinə dair arxayınlıq hasil olmur, bəzən isə hətta tamamilə əksinə, şahidlərin müşahidəsinin göz xətası olmasına dair arxayınlıq hasil olur.
ALTINCI FƏSİL
HƏCC
Həcc İslam şəriətində vacib bilinən ibadət ayinlərindəndir və Qurani-Kərim də onun vacib olduğunu aydın bir dillə ifadə edir. Belə ki, Allah (c.c.) dəyərli kitabında buyurur: “(Yemək, azuqə, sağlamlıq, minik baxımından) yoluna qüvvəsi çatan hər bir kəsin həccə gedib o evi (Kəbəni) ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!”[41]
Uca Allah bu ayədə önəmini vurğulamaq üçün həcc ayininin icrasından imtinanı inkara (küfrə) bənzətmişdir. Həcc İslam dininin beş təməl sütunundan biridir. Eynilə İmam Baqirdən (ə) nəql olunan bir hədisdə buyurulduğu kimi: “İslam beş təməl üzərində qurulmuşdur: namaz, zəkat, həcc, oruc və vilayət (Əhli-beytə (ə) bağlılıq)”.[42]
Əmirəl-möminin Əli (ə) də bu önəmli ibadətin önəmini təkidlə vurğulayaraq buyurmuşdur: “Rəbbinizin evini ziyarət etməkdən imtina etməyin, yoxsa həlak olarsınız”.[43]
İmam Sadiq (ə) isə buyurur: “Bilin və agah olun! Əgər insanlar bu evi ziyarət etməkdən (həcdən) imtina etsələr, onlara bəla göndəriləcək və qurtuluş üçün əsla möhlət verilməyəcəkdir”.[44]
Beləliklə, vacib olması üçün nəzərdə tutulan bütün şərtlərin doğrulduğu halda laqeydliklə həcc ziyarətini icra etməmək böyük günahdır. Hədislərdə oxuyuruq ki, bir insan həcc ayininin icrasına qadir olduğu halda bundan imtina edərsə, şübhəsiz, İslam şəriətinin önəmli göstərişlərindən birinin icrasından imtina etmiş sayılır.[45]
Başqa bir hədisə isə buyurulur ki, kim həcc ziyarətini səbəbsiz yerə təxirə salaraq onu icra etmədən dünyadan köçərsə, Allah (c.c.) qiyamət günü onu yəhudi, yaxud xristianlar kimi qəbrindən qaldırar.[46]
Gəlin, həclə bağlı bir sıra şəriət hökmlərini xatırlayaq:
Məsələ 119. Həcc icrasına imkanı olduğu halda hər bir müsəlmana vacibdir. İmkan deyərkən isə aşağıdakılar nəzərdə tutulur:
a) həcc çərçivəsində ziyarət edilməli olan müqəddəs məkanlara getmək və orada vacib olan əməlləri icra etmək üçün kifayət qədər vaxtın olması;
b) bədənin sözügedən müqəddəs məkanlara qədər məsafəni qət etmək və orada qalaraq icra etməli olduğu əməlləri gerçəkləşdirmək üçün kifayət qədər sağlam və qüvvətli olması;
c) həcc ayinini icra etmək üçün çıxdığı səfərdə yolların təhlükəsiz olması, hacının canı, əmlakı və namusu üçün hər hansı təhlükənin mövcud olmaması;
ç) mükəlləfin mövcud rifah durumuna (həyat təminatına) müvafiq olar səfər əsnasında qida, geyim, nəqliyyat vasitəsi ehtiyaclarını təmin edəcək qədər maddi vəsaitin olmasını;
d) həcc səfəri, ona çəkilən xərc səbəbi ilə mükəlləfin özünün, ailəsinin yoxsulluqla üzləşmək qorxusunun olmamasını.
Məsələ 120. Təməttö həcci bizə, yəni Məkkədən uzaqda yaşayan vacib olan həcc ayinidir və iki ibadətdən ibarətdir. Onlardan birincisi ömrə, ikincisi isə həcc adlanır.
Məsələ 121. Təməttö ömrəsində beş əməlin icrası vacibdir:
1) miqatlardan, yəni müqəddəs şəriətin mührim olmaq üçün müəyyən etdiyi yerlərdən birində ihram libasını geyinmək;
2) Kəbənin ətrafına yeddi dəfə təvaf etmək (dövrə vurmaq);
3) təvaf namazını qılmaq;
4) Səfa və Mərvə təpələri arasında yeddi dəfə yürümək;
5) saç qırxmaq.
Məsələ 122. Həcc ayininin (təməttö həccinin) vacib əməllərinin sayı isə 13-dür:
1) Məkkədə ihram bağlamaq;
2) zül-hiccə ayının doqquzuncu günü Ərəfatda dayanmaq;
3) bayram gecəsinin bir hissəsini sübh açılanadək Müzdələfədə keçirmək;
4) bayram günü Minada cəmərət əl-əqəbəni (böyük şeytanı) daşlamaq;
5) bayram günü, yaxud təşriq günlərindən (zül-hiccə ayının 11, 12 və 13-cü günlərindən) birində Minada qurban kəsmək;
6) Minada başı qırxmaq, yaxud saçı qısaltmaq (kişilər üçün).
Bu altı əməlin icrasından sonra mührimlərə cinsi əlaqə, ətirdən istifadə etmək və həmçinin, vacib ehtiyata əsasən, ov istisna olmaqla ihramdan etibarən haram olan bütün işlər halal olur.
7) Minadan Məkkəyə döndükdən sonra yeddi dövrə ziyarət təvafı;
8) təvaf namazı;
9) Səfa və Mərvə arasında yeddi dəfə yürümək; (bu əməlin icrasından sonra isə ətirdən istifadə etmək də halal olur)
10) yeddi dövrə nisa təvafı;
11) nisa təvafının namazı; (bununla kişiyə öz həyat yoldaşı ilə cinsi əlaqədə olmaq da halal olur)
12) zülhiccə ayının on birinci, on ikinci, bəzən də on üçüncü gecələrini Minada keçirmək;
13) on birinci və on ikinci, eləcə də bəzən on üçüncü günlərində hər üç Cəmərəni daşlamaq.
İndi isə gəlin, həcc ayini ilə bağlı Həzrət Ayətullah əl-uzma Sistaniyə ünvanlanan bəzi aktual suallar və onların cavabları ilə tanış olaq:
Məsələ 123. Həcc ayininin icrasına başlamaq üçün Ciddə şəhərində ihram geyinmək olarmı? Buna icazə verilmədiyi halda nə etmək lazımdır? Nəzərə almaq lazımdır ki, hacıları daşıyan təyyarələr Ciddə hava limanına enirlər.
Cavab: Ciddə miqatlardan biri, yaxud onlara paralel ərazi hesab olunmur və beləliklə, həcc və ömrə ayinlərinin icrası üçün orada ihram libasına bürünmək doğru deyil. Lakin hacı Ciddə ilə Hərəm arasında miqatlardan birinə paralel bir yerdən keçdiyini bilərsə (örnək olaraq, Cöhfə miqatına paralel bir yerdən keçmək ehtimalı inkar olunmur), nəzir əsasında həmin yerdən ihram bağlaya bilər.
Məsələ 124. Saçını qırxarkən hacının başının dərisi zədələnərək qan gələrsə, nə etməlidir?
Cavab: Qəsdən baş vermədiyi halda həcc ayininə heç bir təsir göstərmir.
Məsələ 125. Hər il təkrarən həcc ziyarətinə yollanmaq müstəhəb əməllərdəndir. Digər tərəfdən isə bir sıra müsəlman ölkələrində qida və geyim təminatına ehtiyac duyan yoxsul müsəlmanlar yaşayır. Əgər sərvətimizi hər il təkrarən həcc ziyarətinə, yaxud məsumlardan birinin ziyarətinə yollanmaq və ya həmin yoxsulların həyat şəraitini yaxşılaşdırmaq üçün xeyriyyəçilik fəaliyyətinə sərf etmək arasında seçim qarşısında qalsaq, hansını tərcih etməliyik?
Cavab: Əlbəttə, həmin möhtac müsəlmanlara yardım etmək müstəhəb həcc və müqəddəs ziyarətgahların ziyarətindən daha dəyərlidir. Lakin həcc, yaxud müqəddəs məkanların ziyarəti bəzən müəyyən amillərlə əlaqədar olaraq bu dəyərli xeyriyyəçilik fəaliyyətinə bərabər, yaxud ondan daha üstün ola bilər.
Məsələ 126. Səudiyyə Ərəbistanı Krallığı hacıların Ərəfatda və Minada qalması üçün yer ayırır. Biz həmin ərazinin şəriət tərəfindən məqbul hesab edilən hüdudların daxilində olub-olmamasını bilmirik. Bunu şəxsən araşdırmağımız vacibdirmi?
Cavab: Əgər elan olunan və yazılı işarələrlə göstərilən hüdudlar nəsildən nəsilə ötürülən şifahi məlumatlara uyğun olarsa, araşdırmağa və soruşmağa gərək yoxdur.
Məsələ 127. Eşitdiyimizə görə, qurbangah olaraq ayrılan yerlərdən bir qismi, hətta deyilənlərə görə hamısı Mina ərazisinin hüdudları xaricindədir. Qurbanlarımızı kəsməzdən öncə bunu aydınlaşdırmağımız vacibdirmi? Nəzərə almaq lazımdır ki, Qurban bayramı günü bu məsələni araşdırmaq, ehtiyac olduğu təqdirdə başqa bir qurbangah tapmaq, daha sonra həmin yer (qurban kəsiminə icazə verilən ərazinin hüdudlarına daxil olub-olmadığı) haqqında araşdırma aparmaq olduqca çətin bir işdir və bildiyiniz kimi vaxt da kifayət qədər məhduddur. Bu problemin bir həlli yolu varmı?
Cavab: Qurbanı öyrənərək məhz Minanı hüdudları daxilində kəsmək vacibdir. Lakin Mina ərazisi bütün hacıların burada qurban kəsməsinə imkan verməzsə, Mühəssər vadisində də qurban kəsmək olar. Qurban kəsiminin vaxtına gəlincə, yalnız bayram günü (zülhiccə ayının 10-u) ilə məhdudlaşmır və bu ayini təşriq günlərinin sonunadək icra etmək olar.
Məsələ 128. Hacılar qurbankəsmə ilə bağlı bir sıra problemlərlə üzləşirlər. O cümlədən, onları narahat edən məsələlərdən biri də budur ki, həmin qurbanlar kəsildikdən sonra israf olunur. Halbuki müsəlman ölkələrində milyonlarla yoxsulluqdan əziyyət çəkən və aylarla ət üzü görməyən müsəlman yaşayır. Bunu nəzərə alaraq hacılar qurbanlarını öz ölkələrində kəsə bilərmi? Yaxud bu problemin həlli üçün təklif edə biləcəyiniz başqa bir çıxış yolu varmı?
Cavab: Şəriətin hacıların qarşısına qoyduğu vəzifəni icra edərək qurbanı Minada kəsməlisiniz. Kəsilən qurbanların əti israf olunduğu halda isə bu sizin deyil, məsul şəxslərin günahı sayılacaqdır.
Məsələ 129. Həcc mövsümü imtahan sessiyası ilə üst-üstə düşərsə və həmin imtahan (imtahanlar) tələbə üçün önəmli olarsa (buraxılış imtahanı kimi tərc.), o həcc ziyarətini növbəti ilə təxirə sala bilərmi?
Cavab: Növbəti il həcc ziyarətinə gedə biləcəyinə əmin olarsa, təxirə sala bilər. Əks təqdirdə isə şəriət buna icazə vermir. Digər tərəfdən, əgər imtahanların təxirə salınması onun üçün mümkünsüz olarsa və imtahanda iştirak etməkdən imtina edəcəyi halda dözülməz hesab edilən ciddi problemlə üzləşəcəksə, həmin il həcc ziyarəti ona vacib sayılmır.
Məsələ 130. Vacib həcc ayinini icra etməyən bir şəxs rəcəb ayında ümrə ziyarətinə gedə bilərmi? Bəs ramazan ayında necə?
Cavab: Müfrədə ümrə ziyarəti doğru hesab olunur. Lakin ümrə səfəri onun qarşıdan gələn həcc mövsümündə vacib həcc ayinini icra edə bilməməsi ilə nəticələnərsə (maddi, sağlamlıq və s. problemlərlə əlaqədar olaraq), ümrə ziyarətinə yollanmasına şəriət icazə vermir.
Məsələ 131. Yaxın zamanlarda təminatla bağlı problemlərini qaydasına salaraq evlənməyə hazırlaşan bir gənc həcc ziyarətinə yollanacağı halda evlilik planını təxirə salmalı olacaq. Bu halda hansını tərcih etməlidir?
Cavab: Dözülməz problemlərlə üzləşməyəcəyi halda evlilik planını təxirə salaraq həcc ayinini icra etməlidir. Allah (doğrulardan) agahdır.
YEDDİNCİ FƏSİL
CƏNAZƏ VƏ DƏFN
Allah (c.c.) Qurani-Məciddə buyurur: “Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzzdən (əyləncədən) başqa bir şey deyildir”.[47]
Müqəddəs kitabın başqa bir ayəsində isə belə buyurulur: “... Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!”[48]
Gəlin, İslam şəriətində can vermə, cənazənin qüslü, hənutlanması, kəfənlənməsi və dəfni ilə bağlı qaydalarla qısaca tanış olaq:[49]
Məsələ 132. Vacib ehtiyata əsasən, can verməkdə olan şəxsi arxası üstə, ayaqları qibləyə doğru elə uzatmaq lazımdır ki, ayağa qalxsa, üzü qibləyə oturmuş olsun. Müstəhəbdir ki, ömrünün son ləhzələrində ətrafında olanlar ona kəlimeyi-şəhadəti diktə etsinlər, Allahın birliyinə, Həzrət Məhəmmədin (s) peyğəmbərliyinə və Əhli-beyt imamlarının (ə) imamətinə inancını təsdiqləməsini təlqin etsinlər.
Məsələ 133. Dünyasını dəyişən müsəlmanın gözlərini və ağzını bağlamaq, əllərini yanına salmaq, ayaqlarını uzatmaq, cəsədini bir parça ilə örtmək, yanında Quran oxumaq və cənazənin saxlanıldığı otağın işıqlı olması müstəhəbdir. Cənazənin təkbaşına buraxılması isə məkruhdur.
Məsələ 134. Cənazənin üzərindəki nəcasət (qan, sidik, sperma və s.) təmizləndikdən sonra ona üç qüsl verilir:
1) az miqdarda sidr[50]
əlavə olunmuş su ilə;
2) az miqdarda kafur[51]
əlavə olunmuş su ilə;
3) xalis su ilə.
Əgər sidr məhlulu ilə qüsl vermək mümkün olmazsa (sidr tozu tapılmazsa), onun əvəzinə xalis su ilə qüsl vemək lazımdır. Kafur məhlulu ilə qüsl vermək mümkün olmadığı halda onun yerinə də xalis su ilə qüsl vermək, ardınca xalis su ilə üçüncü qüslü verdikdən sonra isə cənazənin üzərində bir dəfə təyəmmüm də etmək lazımdır.
Məsələ 135. Cənazə qüslü tərtibi qaydada verilməlidir: öncə cəsədin başı ilə boynu, ardınca bədəninin sağ yarısı, daha sonra isə sol yarısı yuyulmalıdır.
Məsələ 136. Cənazəyə qüsl verən şəxs onun həmcinsi olmalıdır, başqa sözlə kişinin cənazəsini kişi, qadının cənazəsini isə qadın yumalıdır. Ər-arvad bir-birinin cənazəsinə qüsl verə bilər. Daha yaxşı olar ki, cənazəyə paltarın (yaxud parçanın) üzərindən qüsl verilsin. Həmçinin, vacib ehtiyata əsasən, yalnız dünyasını dəyişən şəxsə qüsl vermək üçün onun həmcinsi tapılmadığı halda, evlənilməsi qəti surətdə haram olan (qan qohumluğu, südvermə, yaxud nikah münasibətləri ilə əlaqədar olaraq) məhrəmlər (eyni cinsdən olmayanlar), o cümlədən bacı və qardaş da bir-birinə qüsl verə bilər. Bu halda da daha yaxşı olar ki, qüsl paltarın üzərindən gerçəkləşdirilsin. Müməyyiz (ağlıkəsən) olmayan azyaşlılara əks cinsdən olanlar da (yəni körpə qız uşaqlarına kişilər, oğlan uşaqlarına isə qadınlar) qüsl verə bilər.
Məsələ 137. Vacib ehtiyata əsasən, cənazə qüslünü verən şəxs inanclı müsəlman olmalıdır. Vəfat edən şəxsə qüsl verə biləcək, həmcinsi olan isna əşəri müsəlman və eləcə də məhrəmlərindən hər hansı biri tapılmazsa, onun cənazəsinə həmcinsi olan başqa məzhəbdən bir müsəlman da qüsl verə bilər. Cənazəyə qüsl verə biləcək bir müsəlman tapılmadığı halda isə həmcins kitab əhli – mərhumla eyni cinsdən olan hər hansı yəhudi və xristian öncə özü qüsl almaq şərtilə cənazə qüslünü icra edə bilər. Hətta kitab əhli arasında belə cənazə qüslünü icra edə biləcək həmcins bir şəxs tapılmadığı təqdirdə isə cənazə qüslünün vacibliyi qüvvədən düşür və müsəlmanın cənazəsi qüslsüz dəfn edilməlidir.
Məsələ 138. Qüsldən sonra cənazəni hənutlamaq, yəni səcdə əsnasında yerə toxunan yeddi bədən üzvünə - alnına, əllərinin içinə, diz qapaqlarına və ayaqlarının baş barmaqlarına qoxusunu itirməmiş kafur pudrası sürtülməlidir. Daha yaxşı olar ki, hənutlama əllə icra olunsun və cənazənin alnından başlanılsın.
Məsələ 139. Cənazə hənutlanmadan sonra üç parçadan ibarət kəfənə bürünməlidir:
1-ci parça, vacib ehtiyata əsasən, bədənin göbəkdən dizlərədək hissəsini örtməlidir;
2-ci parça, vacib ehtiyata əsasən, bədənin çiyindən baldırların orta hissəsinədək olan nahiyələrini örtməlidir;
3-cü parça isə bədəni tamamilə örtməlidir və vacib ehtiyata əsasən, eni və uzunluğu uclarının bir-birinin üzərinə düşərək bağlana biləcəyi ölçüdə olmalıdır.
Məsələ 140. Yaşı altıdan az olmayan müsəlman üçün cənazə namazı qılınmalıdır. Vacib ehtiyata əsasən, namazın nə demək olduğunu başa düşən azyaşlıların cənazəsinə də, hətta altı yaşını doldurmadığı halda belə namaz qılınmalıdır.
Məsələ 141. Cənazə namazında namazqılan beş təkbir deyir. Ən fəzilətli qılınma qaydasına əsasən, birinci təkbirdən sonra şəhadəteyn, ikinci təkbirdən sonra salavat, üçüncüdən sonra mömin kişi və qadınlar üçün, dördüncü təkbirdən sonra isə cənazəsinə namaz qılınan mərhum üçün dua oxunur, ardınca beşinci təkbir deyilir və bununla da namaz başa çatdırılır.
Məsələ 142. Müsəlmana cənazə namazı qıldıqdan sonra cəsədi dəfn edilməli, yəni yırtıcı heyvanlardan qoruna biləcək və qoxusu ilə insanlara əziyyət verməyəcək şəkildə, sağ çiyni üstündə üzü (bədəninin ön hissəsi) qibləyə doğru uzadılaraq torpağa basdırılmalıdır.
Məsələ 143. Müsəlmanın cənazəsini qeyri-müsəlman qəbiristanlığında dəfn etmək olmaz. Lakin belə (ümumi) qəbiristanlıqların bir hissəsinin müsəlmanlar üçün ayrıldığı hallar istisna təşkil edir. Həmçinin, müsəlman olmayanları da müsəlman qəbiristanlığında dəfn etmək olmaz.
Məsələ 144. Əgər müsəlmanı eyri-müsəlman qəbiristanlığından başqa bir yerdə dəfn etmək və eləcə də cənazəsini müsəlman ölkələrindən birinə aparaq orada dünyasını dəyişən müsəlmanların qəbirlərinin kənarında dəfn etmək mümkün olmazsa, qeyri-müsəlman qəbiristanlığında dəfn etməyə icazə verilir.
Məsələ 145. Həzrət Məhəmmədin (s) belə buyurduğu nəql olunur: “Dünyasını dəyişən üçün ən böyük çətinlik qəbirə qoyulduğu ilk gecə üləşəcəkləri olacaqdır. Dünyasını dəyişənlərinizə sədəqələrinizlə mərhəmət göstərin. Sədəqə vermək imkanınız olmadığı halda isə onlar üçün iki rəkət namaz qılın, birinci rəkətdə Həmd surəsindən sonra Ayətəl-kürsini, ikinci rəkətdə isə on dəfə Qədr surəsini oxuyun. Salamdan sonra isə, “Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd vəbəs səvabəha ila qəbri filan” (filan sözünün yerinə mərhumun adın çəkin).[52]
İndi isə gəlin, cənazə və dəfn məsələləri ilə bağlı Həzrət Ayətullah əl-üzma Sistaniyə ünvanlanan bir sıra aktual suallar və onlara verilən cavablarla tanış olaq:
Məsələ 146. Bəzi qeyri-müsəlman ölkələrində cənazələri taxta tabutların içində dəfn edirlər. Belə hallarla qarşılaşdıqd nə etməliyik?
Cavab: Cənazəni taxta tabutun içərisində dəfn etmək olar, lakin dəfnlə bağlı şəriət qaydalarına riayət edilməli, o cümlədən cəsəd sağ tərəfi üstə üzü qibləyə doğru uzadılmalıdır.
Məsələ 147. Müsəlman qəbiristanlığının mövcud olmadığı bir qeyri-müsəlman ölkəsində dünyasını dəyişən müsəlmanın cənazəsini dəfn etmək üçün müsəlman ölkəsinə aparmaq mümkün olarsa, lakin kifayət qədər ciddi zəhmət və xərc hesabına başa gələrsə, bu vəziyyət cənazənin qeyri-müsəlman qəbiristanlığında dəfn edilməsinə əsas verirmi?
Cavab: Xeyr, əsas vermir.
Məsələ 148. Müsəlman qəbiristanlığının mövcud olmadığı bir ölkədə dünyasını dəyişən müsəlmanın ailəsinin onun cənazəsini müsəlman ölkələrindən birinə apararaq orada dəfn etmək üçün nəqliyyat xərclərini ödəməyə imkanı çatmazsa, müsəlmanların problemlərinin həlli ilə məşğul olan ictimai təşkilatlara, yaxud orada yaşayan müsəlmanlara bu xərclərin ödənməsinə yardım etmək vacibdirmi?
Cavab: Müsəlmanın cənazəsinin həmin ölkədə kafir qəbiristanlığından kənarda, yaxud başqa hər hansı müsəlmana layiq olan bir yerdə dəfn edilməsi müəyyən məbləğdə xərc tələb edərsə və ondan bu xərcləri ödəyəcək qədər miras qalmazsa, vəlisinin (cənazənin sahibi sayılan şəxsin) də bu xərcləri ödəməyə imkanı çatmazsa, sözügedən xərcin ödənilməsi kifai vacib olaraq digər müsəlmanların öhdəsinə düşür və bu xərci ödəyən onu verməli olduğu şəri rüsumlarından, yaxud sadəcə ehsan (xeyriyyə işi) hesab edə bilər.
Məsələ 149. Qürbət ölkədə dünyasını dəyişən müsəlmanın vəlisi orada yaşamadığı halda onun dəfn məsuliyyəti kimin üzərinə düşür?
Cavab: Vəlisi ilə əlaqə saxlayaraq ondan dəfn işlərinin icrası üçün icazə almaq mümkün olmadığı halda icazəyə gərək qalmadan bu məsuliyyət kifai vacib olaraq mükəlləf müsəlmanların öhdəsinə düşür.
Məsələ 150. Müsəlman qəbiristanlığı olmadığından vəfat etdiyi ölkədə dəfn edilə bilməyən müsəlmanın nəşini müsəlman ölkəsinə aparmaq üçün tələb olunan maliyyə vəsaiti haradan təmin edilməlidir? Sözügedən xərclər onun hələ varisləri arasında bölüşdürülməmiş mirasından, mirasın onun vəsiyyəti üzrə ayrılan üçdə bir hissəsindən, yoxsa başqa bir vəsaitdən ödənilməlidir?
Cavab: Müsəlman özünün münasib bir yerdə dəfn edilməsi üçün gərəkli xərclərin onun mirasının (hansı istiqamətdə xərclənməsini vəsiyyət etməyə haqqı çatan tərc.) üçdə bir hissəsi hesabına ödənilməsini vəsiyyət edərsə, dəfn xərcləri həmin vəsait hesabına, əks təqdirdə (belə bir vəsiyyəti olmadığı halda) isə onun mirası hesabına (varislər arasında bölüşdürülməmişdən öncə) ödənilməlidir.
Məsələ 151. Qeyri-müsəlman ölkələrinə mühacirət halları get-gedə artmaqdadır. Bütün müsəlmanların öz yaxınlarının cənazəsini dəfn etmək üçün müsəlman ölkələrinə aparmaq imkanı olmadığından, yaxud bəzilərinin bu məsələdə səhlənkarlıq göstərməsi ucbatından gələcəkdə müsəlmanların cənazələrini qeyri-müsəlman qəbiristanlığında dəfn etmək məcburiyyəti qarşısında qalacağını nəzərə alaraq maddi durumu yaxşı olan müsəlmanların öz hesablarına müsəlman qəbiristanlığı üçün bir yer satın alması kifai vacib hesab olunurmu?
Cavab: Müsəlmanın cənazəsini kafir qəbiristanlığından kənarda, münasib bir yerdə dəfn etmək vəzifəsi bütün digər dəfn işləri kimi onun vəlisinin üzərinə düşür. Lakin mərhumun vəlisi olmazsa, yaxud vəlisi bu vəzifələrin icrasından imtina edərsə və ya icra etməyə qadir olmazsa, bu vəzifə digər müsəlmanlara kifai qaydada vacib olur və bu kifai vacib əməlin icrası dəfn üçün öncədən satınalma, yaxud başqa bir yolla müəyyən torpaq sahəsinin əldə edilməsini labüd edirsə, onlara vacibdir ki, bu istiqamətdə səylərini əsirgəməsinlər.
Məsələ 152. Müsəlmanın cənazəsini vəfat etdiyi qeyri-müsəlman ölkəsində mövcud olan müsəlman qəbiristanlığında dəfn etmək daha doğrudur, yoxsa böyük məbləğdə xərc hesabına onu müsəlman ölkəsinə apararaq orada dəfn etmək?
Cavab: Əgər varisləri, yaxud başqa bir şəxs nəqliyyat xərclərini öz üzərinə götürərsə, yaxud mərhumun mirasının xeyriyyə işlərində sərf edilməsinə dair vəsiyyət etdiyi üçdə bir hissəsi bu xərcləri ödəməyə kifayət edərsə, ən yaxşısı budur ki, onun cənazəsini müqəddəs məqbərələrdən, ziyarətgahlardan birinin, yaxud başqa bir müqəddəs məkanın ərazisində dəfn etsinlər. Allah (hər şeyin doğrusunu) biləndir.
Məsələ 153. Müsəlmanın cənazəsini dəfn etmək üçün müsəlman ölkələrindən birinə aparmaq külli miqdarda maliyyə vəsaiti tələb edərsə, onu digər səmavi dinlərin nümayəndələrinin qəbiristanlığında dəfn etmək olarmı?
Cavab: Müsəlmanı qeyri-müsəlman qəbiristanlığında dəfn etmək yolverilməzdir, yalnız dəfn üçün başqa bir yer tapılmadığı, yaxud bu şəriətin bu tələbinin qüvvədən düşməsinə əsas verə biləcək bir zərurətin yarandığı hallar istisna olmaqla.
[21] Çoxsaylı hədislərdə öz əksini tapan “ət-təərrüb bəd əl-hicrə” (hicrətdən sonrakı qayıdış) istilahı müsəlmanın İslamı özünə din seçərək haqq olan təkallahlılıq dinini mənimsədikdən sonra yenidən fərqli, müşrik dünyagörüşünün hakim olduğu bir mühitə dönməsini “küfrdən mühacirətdən (burada: uzaqlaşdıqdan) sonra yenidən ona üz tutması” kimi ifadə edir.
[22] Usul əl-kafi, c.2, səh.281.
[23] Usul əl-kafi, c.2, səh.277.
[24] Usul əl-kafi, c.2, səh.277.
[25] Usul əl-kafi, c.2, səh.278.
[26] Vəsail əş-şiə, c.15, səh.100.
[27] Vəsail əş-şiə, c.16, səh. 188.
[28] Vəsail əş-şiə, c.16, səh. 188.
[29] İlk dəfə 1661-ci ildə quru odunun yüksək hərarətdə qızdırılması nəticəsində alınan metanol, metil, yaxud karbinol ən bəsit tərkibli spirt hesab olunur və sənayedə karbonmonooksid ilə hidrogenin reaksiyasından alınır.
[30] Vəsail əş-şiə, c.4, səh.35.
[31] Nəhc əl-bəlağə, Subhi Salehin redaktəsi ilə, səh.422.
[32] Vəsail əş-şiə, c.4, səh.28.
[33] Vəsail əş-şiə, c.4, səh.32.
[34] Muminun surəsi, 1-2-ci ayələr.
[35] Məhəmmədhadi Milani, Qadətuna kəyfə nərifuhum, c.6, səh.164; bax: adıçəkilən mənbə, “İmam Zeynəlabidinin (ə) ibadəti” fəsli, səh.163-172.
[36] Ayətullah əl-uzma Sistani, Minhac əs-salihin, c.1, səh.193.
[37] Başqa sözlə, bir rayonundan başqa bir rayonuna yollanmağın səfər hesab edildiyi (yəni səfər məsafəsinin evdən hesablanmağa başladığı tərc.) kifayət qədər iri meqapolislər istisna olmaqla.
[38] “Cahil qasir” və “müqəssir qasir” terminlərinin anlamı ilə tanış olmaq üçün “Müxtəsər fiqh terminləri lüğəti” bölməsinə müraciət edin.
[39] Təlaq surəsi, 2-3-cü ayələr.
[40] Bu və digər hədislərlə tanış olmaq üçün müfəssəl hədis mənbələrinə, o cümlədən Şeyx Abbas Quminin “Məfatih əl-cinan” əsərinə (səh. 235-238) müraciət edin.
[41] Ali-İmran surəsi, 97-ci ayə.
[42] Vəsail əş-şiə, c11, səh.20.
[43] Vəsail əş-şiə, c11, səh.23.
[44] Vəsail əş-şiə, c11, səh.22.
[45] Vəsail əş-şiə, c11, səh.28.
[46] Mən la yəhzəruhu-l-fəqih, c.4, səh.266.
[47] Ali-İmran surəsi, 185-ci ayə.
[48] Loğman surəsi, 34-ci ayə.
[49] Ətraflı məlumat üçün bax: “Minhac əs-salihin”, c.1, səh.95 və “əl-Məsail əl-muntəxəbə”, səh.50.
[50] Ucaboylu, iynəyarpaqlı, həmişəyaşıl ağac. Şam ağacından fərqli olaraq sidr ağacının iynələri dəstələrlə yerləşir və bozumtul rəngli olur.
[51] Həmin adda ağacın kitrəsindən alınan, təbabətdə və texnikada işlədilən kəskin və spesifik qoxulu maddə. Kafur ağacı Çin, Yaponiya və Hindistan kimi ölkələrdə bitən, dəfnəyə bənzər həmişəyaşıl ağacdır. Kamfora məhlulu kafur yağından alınır.
[52] əl-Məsail əl-muntəxəbə, səh.63.