ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Həccin hökmləri və əlavələr

← Altıncı fəsl » Məhdud və məhsurun hökmləri

HƏCC ƏMƏLLƏRİ İLƏ BAĞLI SUAL-CAVABLAR (Mülhəqate-mənasike-həcc)

Sual 1: Əgər bir mükəlləf başqasının naibi kimi təməttö ümrəsini yerinə yetirmək üçün şəhərindən çıxarsa və həccin heç bir əməlinə başlamamış özünün müstəti olduğunu anlayarsa, görəsən naib kimi başladığı səfərində başqasının həccini etməlidir, yoxsa özü üçün həcci yerinə yetirməlidir? Əgər özü üçün həcc etməli olacaqsa, təməttö ümrəsinə harada muhrim olmalıdır? Həmçinin əgər naib kimi ümrəni etdikdən sonra və həcci yerinə yetirməmişdən öncə müstəti olarsa, onun hökmü nədir?

Cavab: Birinci halda növbəti il özü üçün həcc edə biləcəyinə arxayın olarsa, naib kimi başladığı həcci sona çatdırmalıdır. Əgər belə bir arxayınlıq olmazsa, naibliyi tərk edib miqatlardan birinə getməli və özü üçün həccə ehram bağlamalıdır.İkinci halda isə maldan başqa vasitə ilə hasil olmasına baxmayaraq, təzə yaranmış istitaətlə həcc ona vacib olmur.

Sual 2: Mal cəhətindən istitaəti olan ildə bir şəxsə həcci yerinə yetirmək üçün müqəddəs məkanlara getməyə icazə verməzlərsə, gələn il həccə getmək üçün kifayət edəcək miqdarda öz malının istitaətini qoruması ona vacidirmi?

Cavab: Əgər istitaətin digər şərtlərinin də növbəti il mövcud olacağına gümanı olarsa, öz malının istitaətini qorumalıdır. Əgər belə bir gümanı olmazsa, əzhər nəzərə əsasən malının istitaətini qoruması vacib deyildir.

Sual 3: Bir şəxs həcc üçün müstəti olur. Amma həcc mövsümü onun universitet imtahanları ilə bir vaxta düşdüyünə görə həccə getmək onun imtahanları qaçırmasına və təhsilində bir il gecikməsinə səbəb olacaq. Belə olan halda həcc ona vacibdirmi?

Cavab: İmtahanları qaçırmaq və təhsilində bir il gecikmək onun üçün ağır çətinliyə səbəb olacaqsa, həcc ona vacib deyildir.

Sual 4: Ərin öz haşimi olan (seyyidə) zövcəsinin həcc xərclərini səhmi-sadatdan (xumsun seyyidlərə məxsus payından) verməsi caizdirmi? Başqa biri üçün də bu iş caizdirmi?

Cavab: Belə bir iş görmək olmaz. Lakin həccin yerinə yetirilməsi o xanımın məunəsindən (illik xərclərindən) olması halı istisnadır. Yəni həcc onun boynuna gəlmiş olarsa və o xanım da həcc xərclərinə sahib olmazsa, bu halda ər onun xərclərini səhmi-sadatdan(seyyid haqqından ) ödəyə bilər. Başqa biri üçün də bu iş caizdir.

Sual 5: Bir şəxs istitaətin gerçəkləşməsində “ümumi maddi təminatı” şərt bilməyən müctehidə təqlid etdiyi halda həccə gedərsə və sizə rücu edərsə (sizin rəyinizə əməl edərsə), ali həzrətin (Sistani ağanın) bu barədə fikri nədir?

Cavab: Hiccətul-islam ( vacibi həcc) üçün kifayət edir.

Sual 6: Bir şəxs həcc ziyarəti karvanına adını yazdırır və müəyyən məbləği o hesaba köçürür. Sonradan o məbləğə ehtiyac yarandığına görə onu hesabdan çıxarır. Görəsən bu əməllə həcc onun boynunda müstəqər olurmu?

Cavab: Əgər özünün lazımlı xərclərinə görə o məbləğə ehtiyacı olarsa və ondan başqa heç bir nəğd və mal cəhətindən istitaətə səbəb olacaq malı olmazsa, həcc onun boynunda müstəqər olmur.

Sual 7: Bir şəxsin əlinə həcc üçün kifayət edəcək miqdarda mal keçərsə və bu şəxs xəstələnərsə, həccə gedib əməlləri özü etməsi üçün özünü sağaltması vacibdirmi?

Cavab: Əgər həmin şəxs hal-hazırda xalqın nəzərində müstəti hesab olunmazsa, dərmanla (sağaltmaqla) özünü müstəti etməsi vacib deyildir.

Sual 8: Əgər bir şəxs borc götürməklə və ya ehtiyaclı olduğu bir şeyi satmaqla həccə gedərsə, görəsən bu həcc hiccətul-islam (vacib həcc) üçün kifayətdirmi?

Cavab: Həccin xərcləri borc götürməklə qarşılanarsa, kafi deyildir. Amma məişət ləvazimatından zəruri olmayan və ehtiyac duyulmayan birini sataraq həccə gedərsə, kafidir.

Sual 9: Həccin xərclərinə sahib olan bir şəxsin malik olduğu malı qədər də borcu vardır. Lakin bu borcun ödənilmə müddəti qırx il kimi uzun vaxtda nəzərdə tutulub və bu şəxs də onu hissə-hissə qaytarır. Görəsən belə bir şəxs müstəti hesab olunur və həcc ona vacibdirmi?

Cavab: Xeyr. Lakin ilk otuz ilin hissələri az və diqqət edilməyəcək miqdarda olarsa, bu hal istisnadır.

Sual 10: Mükəlləf olan bir şəxs həccin xərclərinə uyğun miqdarı həcc ziyarəti təşkilatına ödəyir və növbəti illərdə növbənin ona çatmasını gözləyir. Amma növbə ona çatdığı zaman xəstələnir və bu xəstəlik üzündən də dünyasını dəyişir. Xəstəlik halında olduğu zaman onun tərəfindən həcc yerinə yetirilməsini oğullarından birinə vəsiyyət edir. Lakin onun (oğulun) növbəsi çatmadığı üçün həccə getməyə icazə vermirlər. Bu halda onun vəzifəsi nədir? Görəsən atasının vəsiyyətinə əməl edərək onun tərəfindən naib kimi həcc etməlidir, yoxsa atasının haqqından istifadə edib özü üçün həcci yerinə yetirməlidir?

Cavab: Atasının vəsiyyətinə əməl etməli və onun naibi kimi həcc etməlidir. Çünki yol onun üzünə bağlıdır və özü üçün həcc yerinə yetirməsində şərt olan getmək cəhətindən istitaət mövcud deyildir.

Sual 11: Cism və mal cəhətindən həcc yerinə yetirməyə istitaəti olan bir şəxsə növbə çatmadığına görə həccə getməyə icazə verməzlərsə, görəsən həmin ildə aşağıdakı yollardan birini həyata keçirmək ona caiz və ya vacibdirmi?

a) Həmin ildə növbəsi çatan bir şəxsə öz növbəsini ona verməsi üçün müəyyən məbləğ versin və onun mənfəəti ilə gedə bilsin?

Cavab: Əgər ondan istənilən məbləği ödəmək çətin olarsa, bu iş ona vacib deyildir. Amma çətin olmazsa, bu işi görmək və həmin məbləği ödəmək vacibdir.

b) Yalan danışaraq və ya tovriyə edərək bir sıra şərtlərə sahib olduğunu iddia etməklə ümumi qaydalardan xaric olan və həccə getmək üçün istisna hesab edilən icazəni ala bilsin?

Cavab: Əgər həcc təşkilatları hacıları göndərmək işində ədalətə riayət edirlərsə, deyilmiş şəkildə və ya ona bənzər formada onların qaydalarına əks davranmaq caiz deyildir.

c) Həmin ildə növbəsi çatmış və vəfat etməklə həccə getməmiş və ya özünün həccə getməyə gücü çatmayan bir şəxsi taparaq hər hansı bir şəkildə ondan naiblik icazəsi alsın, amma həqiqətdə özü üçün həcc yerinə yetirsin?

Cavab: Belə bir hiylə ilə gücsüz bir şəxsi və ya ölmüş şəxsin qəyyumunu (vəlisini) aldatmaq caiz deyildir.

Sual 12: Əgər bir şəxs həccin məsrəfləri üçün kifayət edəcək miqdarda mala sahibdirsə və eyni zamanda oğlunun da evlənməyə ehtiyacı vardırsa, görəsən bu şəxs müstəti hesab olunur və həcc ona vacibdir, yoxsa oğlunun evlənməsi üçün malını xərcləmək ona caizdir?

Cavab: Əgər oğlunun evlənməməsi onun üçün çətinlik və əziyyətə səbəb olacaqsa, həcc ona (ataya) vacib deyildir. Amma oğul üçün əziyyət olmazsa, malın həccə xərclənməsi vacibdir.

Sual 13: Əgər mükəlləf olan bir şəxsin həcc mövsümündə onu yerinə yetirməyə istitaəti olarsa, görəsən həcc ayları başlamamış müfrəd ümrə etmək onun üçün səhihdirmi?

Cavab: Səhihdir. Lakin onun bu əməli etməsi sonradan həcci əda edə bilməməsinə səbəb olacaqsa,caiz deyildir.

Sual 14: Bir şəxs müstəti olmadan öz şəhərindən yola çıxarsa və sonradan miqata çatmaqla müstəti olarsa, görəsən bu həcc onun üçün hiccətul-islama (vacib həccə) bərabərdirmi?

Cavab: Bəli.

Sual 15: Qurbanlığın xərcinə sahib olmamaq istitaətin gerçəkləşməsinə əngəl olurmu?

Cavab: Xeyr, əngəl olmur (yəni bu hal maniə deyildir) və mükəlləf olan şəxs qurbanlığın əvəzində oruc tuta bilər.

Sual 16: Kəffarənin qiymətinə sahib olmamaq və ona səbəb olacaq bir halın baş verəcəyini bilmək, istitaətin hasil olmasına əngəldirmi?

Cavab: Xeyr, əngəl deyildir.

Sual 17: Əgər bir qadın həccin xərclərini qarşılamağa qadir olarsa və eyni zamanda onun ərinin çox miqdarda borcu vardırsa, görəsən bu qadın həcci tərk edib öz ərinə kömək edə bilərmi? Yoxsa həccə getmək onun vəzifəsidir?

Cavab: Həcci yerinə yetirmək ona vacibdir.

Sual 18: Əgər bir şəxs həcc başlamamışdan öncə müəyyən bir səbəb üzündən çarəsiz şəkildə öz şəhərinə qayıtmalı olur. Bu halda o şəxs üçün yenidən istitaət hasil olmasa da həccə getməlidirmi? Yəni həcc onun boynunda müstəqər olmuşdurmu?

Cavab: Həcc onun boynunda müstəqər olmur.

Sual 19: Əgər bir şəxs cari ildə başqası üçün naib olmağa razılaşarsa və sonradan irs və ya bəxşiş və yaxud da bu kimi bir yolla özü müstəti olarsa, bu halda həcci özü üçün yerinə yetirməlidir? Yoxsa öz istitaətindən öncə razılaşdığı icarəyə (naibliyə) uyğun əməl etməlidir?

Cavab: Əgər növbəti ildə həccə gedib özü üçün həcc edə bilcəyinə arxayın olarsa, icarə səhihdir və o razılaşmaya uyğun əməl etməlidir. Amma belə bir arxayınlığı olmazsa, icarə batildir və özü üçün həcc etmək ona vacibdir.

Sual 20: Bir şəxs həccin xərclərini qarşılamağa qadirdir, lakin borcludur və borc sahibi olan şəxs ona həccə gedə bilməsi üçün borcu beş il sonraya kimi qaytarmağa icazə verir. Belə bir halda bu şəxs müstəti hesab olunurmu? Yəni o həccə getməlidir, ya yox?

Cavab: Əzhər nəzərə əsasən o şəxs müstəti hesab olunmur.

Sual 21: Bir şəxsin boynunda ramazan ayının orucunu bilərəkdən pozmağa görə çoxlu günlərin kəffarəsi vardır və bu şəxs iki ay ardıcıl şəkildə oruc tutmağı bacarmır. Öz yanında olan və hazırladığı məbləğ isə həm hər günə görə altmış miskini doyurmağa, həm də həccə getməyə kifayət etmir. Bu halda o şəxs müstəti hesab olunurmu və həccə getməlidirmi? Yoxsa əlində olan məbləği boynunda qalmış kəffarəni əda etmək üçün xərcləməlidir?

Cavab: Bu şəxs şəri cəhətdən müstəti hesab olunur və həcci yerinə yetirmək ona vacibdir.

Sual 22: Həccə getməyə müstəti olan bir xanımın əri həcc aylarında dünyasını dəyişərsə, iddə vaxtında həccə getməsi ona vacibdirmi?

Cavab: Bəli vacibdir və öz səfərində vəfat iddəsinə məxsus dövrün ədəblərinə riayət etməlidir.

Sual 23: Bir şəxs Mədineyi-münəvvərədə hacılara xaidmət göstərmə və onları idarə etmək işi ilə məşğuldur. Dövlət təşkilatlarının qanunvericiliyi isə bu şəxsin həcc mövsümündən öncə öz şəhərinə qayıtmasını tələb edir. Lakin bu şəxs göstərdiyi xidmətlər müqabilində alacağı muzdu qəbul etməmək sayəsində orada qalmağı bacara bilər. Belə olan halda bu şəxs dediyimiz kimi etməldirmi? Onun həcci hiccətul-islam (vacib həcc) hesab olunurmu?

Cavab: Əgər muzdu götürməmək onun haqqıdırsa və bu onun üçün çətin deyildirsə, həmçinin həcci vacib edən mal cəhətindən istitaət və ümumi maddi təminat kimi digər şərtlər də mövcuddursa,  həcc ona vacibdir və onun həcci hiccətul-islam hesab olunur.

Həccin yerinə yetirilməsinə səbəb olan malın xumsunu vermək:

Sual 24: Əgər bir şəxsin malına xums şamil olarsa. Bu şəxs həcc üçün kifayət edəcək miqdarın xumsunu çıxardarsa və yerdə qalan miqdarın xumsunu həcdən sonra çıxarmağı şərt edərsə, onun həcci səhih və kafidirmi?

Cavab: Xumsu ayırmaq və onu tam ödəməyi təxirə salmaq caiz deyildir, həmçinin qəsb və haramdır. Əgər malının bir miqdarının xumsunu verib həmin miqdarla həccə gedərsə, həcci səhihdir. Lakin malının yerdə qalan miqdarının xumsunu vermədiyi üçün günahkardır.

Sual 25: Əgər mükəlləf öz ehram paltarının xumsu verilməmiş gəlirdən və ya həmin ilin gəlirindən və yaxud da ümumiyyətlə xums düşməyən gəlirdən aldığını bilməzsə, onun vəzifəsi nədir?

Cavab: Qeyd olunmuş paltarla muhrim olmağın bir eybi yoxdur. Ehtiyata uyğun olan əməl isə şəri hakimə müraciət etməsi və xumsun vacib olması ehtimalını onunla müsalihə etməsidir.

Sual 26: Xumsdan istisna olunmuş (xums düşməyən) məunə ilə müstəhəb həcc yerinə yetirmək düzgün sayılırmı? Yoxsa xumsun əlaqə tapdığı gəlirlərdən olduğu üçün onun xumsunu ödəməlidir?

Cavab: Onun xumsunu ödəmək vacib deyildir.

Həccə vəsiyyət etmək:

Sual 27: Bir insan hiccətul-islamı və ya başqa bir həcci onun tərəfindən yerinə yetirməsi üçün bədəninin bir üzvü naqis olan şəxsi naib tutmağa vəsiyyət edə bilərmi? Nəzərə almalıyıq ki, bir üzvünün naqis olması onun əməlləri yerinə yetirməsinə təbii olaraq təsir qoyur.

Cavab: Vəsiyyət edən insanın o şəxsin naqisliyindən xəbərsiz olduğu və ya bu nöqsanın vəsiyyətdən sonra yaranması və ya vəsiyyət edən insanın ondan xəbərdar olmayıb öldüyü və yaxud da vəsiyyət edən insanın ölümündən sonra nöqsanın yaranması hallarında bu vəsiyyətin batil olması uzaq nəzər deyildir. Amma əgər vəsiyyət edən insan onun naqisliyindən xəbərdar idisə və ya bu vəsiyyətdən sonra naqisliyin yarandığını bilib öz vəsiyyətindən dönməyibdirsə, zahirə əsaslanaraq meyyitin malının üçdə birindən götürərək vəsiyyəti icra etmək lazımdır. Əlbəttə vəsiyyət olunan əməl hiccətul-islam olarsa, həm vəsiyyətə əməl etməli, həm də ixtiyari şəkildə əməlləri yerinə yetirməyi bacaran bir şəxsi meyyitin əsli-tərəkəsindən (özündən sonra qoyduğu maldan) naib tutmalıdırlar.

Sual 28: Bir şəxs öz əmlakından müəyyən birini sataraq onun pulu ilə həccə gedilməsini vəsiyyət edir. Həmin mal satıldığı zaman isə onun qiymətinin həccin xərclərindən çox olduğu görünür. Belə olan halda bu artıq qalan pulu nə etmək lazımdır?

Cavab: Əgər həmin şəxsin vəsiyyətindən  tələb olunan şeyin çoxluğu (həcdən əlavə başqa əməllər də) anlaşılarsa, həmin artıq miqdar vəsiyyət edən şəxsin məqsədinə daha yaxın olan xeyir işlərdən birinə sərf olunmalıdır. Əgər vəsiyyətdən çoxluq qəsd edildiyi anlaşılmazsa, artıq qalan miqdar varislərin irsinə daxildir.

Sual 29: Bir şəxs özündən sonra qalacaq malının üçdə birindən xərclənərək həccə gedilməsini vəsiyyət edir və onu yerinə yetirmək üçün bir şəxsi də müəyyənləşdirir. Lakin onun varisi naib kimi başqa birini seçir. Belə olan halda hökm nədir və onun muzdu kimin öhdəsindədir?

Cavab: Həcci səhihdir, lakin varis onun muzduna zamindir. Buna əsasən vəsiyyət olunan əməl hiccətul-islam idisə, vəsiyyət edən şəxsin malının üçdə birini onun nəzərinə daha yaxın olan xeyir işlərə sərf etməlidirlər. Əgər vəsiyyət olunan əməl müstəhəb həcc idisə, onu yerinə yetirmək vacibdir.

Sual 30: Bir şəxs onun tərəfindən həcc edilməsini vəsiyyət etmişdir. Lakin onun məqsədinin öz şəhərindən həcc edilməsi və ya miqatdan həccin yerinə yetirilməsi və yaxud da hər ikisindən daha ümumi (yəni həccin yerinə yetirilməsi) olduğu bilinmir. Bu halda vəsiyyət olunan şəxsin vəzifəsi nədir?

Cavab: Miqatdan həccin yerinə yetirilməsi onun üçün kafidir. Lakin öz şəhərindən həccin yerinə yetirilməsinə dair aşkar dəlilin (əlamət) olduğu hal isə istisnadır.

Sual 31: Bir şəxs özü həcci yerinə yetirə bilmədiyi üçün onun tərəfindən ölümündən sonra həcc edilməsini vəsiyyət edib, lakin sonradan özü həyatda ikən müəyyən şəxsi naibi kimi həccə göndərib. Belə olan halda bu naibin həccindən qabaq vəsiyyətə əməl olunması vacibdir, yoxsa vəsiyyət ləğv olunmuş hesab edilir?

Cavab: Əgər vəsiyyətdə qeyd olunan həccin elə öz həyatında naib tutduğu həclə eyni olduğu bilinərsə və ya naib tutmaqla öz vəsiyyətindən döndüyü məlum olarsa, vəsiyyət ləğv olunmuş hesab ediləcək. Lakin bundan başqa hallarda vəsiyyətə əməl etmək vacibdir.

Sual 32: Bir şəxs özü üçün həcc etmişdir və öz ölümündən sonra onun tərəfindən həcc edilməsini də vəsiyyət etmişdir. Lakin onun vəsiyyətdəki məqsədinin hansı həcc olduğu bilinmir. Beləki hiccətul-islam olduğu halda ( məsələn, etmiş olduğu həccin batilliyi özü üçün aşkar olub və ya həmin zaman müstəti olmadığını sonradan başa düşdüyü hallarda) həcc xərclərini əsli-ma tərəkdən (özündən sonra qoyduğu ümumi maldan) ayırmağın və yaxud ehtiyat və müstəhəb kimi başqa həcc olduğu üçün mirasın üçdə birindən götürməyin lazım olduğu məlum deyildir. Əgər üçdə birdən götürmək lazım olarsa və həccin xərcləri kifayət edən miqdarda ödənilməzsə, varisin razılığına ehtiyac duyulacaqdır. Belə bir vəziyyətdə nə etmək lazımdır?

Cavab : Əgər onun istitaətinin zamanı bilinirsə və ondan sonra hiccətul-islamı yerinə yetirib-yetirmədiyi məlum deyildirsə, varisə vacibdir ki, onun xərclərini malın üçdə birindən ayırsın və çatışmamazlığı da (üçdə bir miqdar bəs etmədiyi halda) irsin ümumi malından ödəyərək qarşılasın. Əgər onun müstəti olduğunu bilməzlərsə və ya müstəti olduqdan sonra onun həcci yerinə yetirdiyini bilərlərsə, həccin xərclərini üçdə bir miqdardan ödəməlidirlər və əgər bu miqdar kifayət qədər olmazsa, varisin icazəsi ilə ümumi maldan götürərək çatışmamazlığı aradan qaldırmaq lazımdır.

Həcdə naib olmaq:

Sual 33: Həccin bəzi əməllərini edə bilməyən şəxs üçün könüllü naib olmaq səhihdirmi? Məsələn, bir şəxs qurban bayramı gününün əməllərindən öncə həbs olunarsa, dostlarından biri muzdsuz olaraq onun tərəfindən cəmərəni rəmy edə və qurban kəsə bilərmi?

Cavab: Bu iş kafi deyildir və onun istəyi ilə naib kimi yerinə yetirilməsi lazımdır.

Sual 34: Bir neçə nəfər tərəfindən naib kimi həcc etmək caizdirmi? Həmin şəxslərin arasında bəzilərinin ölü olmasında bir fərqlilik vardırmı?

Cavab: Müstəhəb olan həcc üçün hər bir halda caizdir. Amma vacib həcc üçün isə “Həccin ibadətləri” kitabının 126-cı məsələsində qeyd olunduğu kimi bir nəfərdən başqasına naib olmaq səhih deyildir.

Sual 35: Heyz olacağına və ifrad həccinə keçmək məcburiyyətində qalacağına ehtimal verən bir qadın təməttö həccində başqa bir kişi üçün naib ola bilərmi? Əgər naib olduqdan sonra heyz halına düşərsə, onun naibliyi kafidirmi?

Cavab: O qadının təməttö həccini edə bilməyəcəyinə arxayınlıq olmazsa, güclü nəzərə əsasən onun naib olması caiz və həccinin dəyişməsinə baxmayaraq əməli də kafidir.

Sual 36: Rəca qədsi ilə yerinə yetirilən müfrəd ümrə üçün naib olanda muzd almaq caizdirmi?

Cavab: Heç bir eybi yoxdur.

Sual 37: Təməttö ümrəsi, həccin təvafı və onların hər ikisinin namazı üçün naib tutan şəxsin onları  yerinə yetirilən zaman muhrim olması lazımdırmı?

Cavab: Lazım deyildir.

Sual 38: Ali həzrətin (Sistani ağanın) nəzərində həcc xərcləri miqdarında borcu olan şəxs müstəti hesab olunmur. Görəsən bu şəxsin müstəhəb həcc üçün öz tərəfindən başqasını naib tutması caizdirmi?

Cavab: Caizdir. Əlbəttə, borcun vaxtının çatmış olduğu və borc sahibinin də öz haqqını tələb etdiyi zamanda müstəhəb həccin xərclərini qarşılayaraq borcu ödəməzsə, günah etmişdir. Lakin həcci səhihdir.

Sual 39: Qocalıq, zəiflik və bu kimi səbəblərə görə hiccətul-islamı yerinə yetirmək üçün naib tutması caiz olan şəxslərin çətinliklərə sinə gələrək və məşəqqətə qatlaşaraq bacardıqları qədər həccin bəzi əməllərini etmələri yaxşıdırmı? Səy və rəmy kimi yerinə yetirməyi bacarmadıqları əməllər üçün də naib tutmaqları yaxşıdırmı (bu, birinci haldır)? Yoxsa onlar üçün həccin bütün əməllərindən ötrü naib tutmaqları daha yaxşıdır (bu isə ikinci haldır)?

Cavab: Zahirə əsaslanaraq demək olar ki, birinci hal daha yaxşıdır.

Sual 40: Bir şəxs özünün bütün işlərini oğluna tapşırır. Onun oğlu atasının həcci yerinə yetirə bilməməsinə əsaslanıb onun tərəfindən həcc etməsi üçün naib tutur. Belə olan halda naiblikdən atanın birbaşa xəbərdar olmadığını nəzərə alsaq, naibin əməli onun üçün kafidirmi? Əgər naib miqata çatıb muhrim olmamışdan öncə ata məsələni bilərsə və razılaşarsa, hökmü nədir?

Cavab: Əgər atanın öz oğluna verdiyi vəkillik ümumi və onun üçün naib tutmağa da şamildirsə  (hətta bu naibliyin hansı ildə olacağını bilmirsə də), naibin əməli onun üçün kifayətdir. Əgər vəkalət ümumi olmazsa, naibin əməli də kafi deyildir. Lakin xəbərdar olub razılaşdığı hal isə istisna qəbul edilir və hətta onun razılıq verməsi ehram bağladıqdan sonra da olarsa, naibin əməli kifayət edir.

Sual 41: Bir şəxs öz şəhərindən həcc etmək üçün naib tutulmuşdur. Həcc mövsümü başlamamışdan bir ay öncə bu şəxs meyyitin şəhərinə gedərsə və naib olaraq həcc üçün hərəkətə başlamaqla öz şəhərinə qayıdıb oradan Məkkəyə tərəf yolunu salarsa, onun bu əməli kafi və həcci də öz şəhərindən hesab olunurmu?

Cavab: Bəli.

Sual 42: Bir şəxs öz şəhərindən həcc etmək üçün naib olmuşdur. Lakin hərəkətə başladığı zaman onu niyyət etməsi yadından çıxır. Görəsən onun öncəki niyyəti kafidirmi?

Cavab: Əgər həmin şəxsin hərəkətə başlaması həccə naib kimi əməl etmək üçün olmuşdursa, kifayətdir.

Sual 43: Naib həccin əməllərini öz müctehidinin hökmlərinə uyğun etməlidir, yoxsa mənubu ənhin təqlid etdiyi müctehidin fətvalarına tabe olmalıdır?

Cavab: Öz təqlidinə uyğun əməl etməlidir. Lakin icarə və razılaşma zamanı mənubu ənhin və ya muzd verən şəxsin nəzərində əməlin səhih şəkildə yerinə yetirilməsi şərti qoyularsa (hətta bu şərt mütləq şəkildə razılaşmadan anlaşılarsa da), ibadətin fasid (batil) olmadığına yəqin hasil olması üçün həmin razılaşmanın möhtəvasına uyğun əməl edilməlidir.

Sual 44: Bir şəxs müstəhəb ümrə etmək üçün ehram bağlayır. Görəsən bu şəxsin öz ümrəsindən atasının naibi kimi onun həccinə udul etməsi (keçməsi) caizdirmi?

Cavab: Udul (bu cür keçmək) caiz deyildir.

Sual 45: Bir şəxs başqasının naibi kimi əcir tutulmuşdursa və ya özü könüllü (muzdsuz) şəkildə naiblik qəsdini qəbul etmişdirsə, həcc və ya ümrə üçün ehram bağladıqdan sonra ehram zamanı naiblik qəsdi ilə muhrim olduğuna və ya özü üçün niyyət etdiyinə şəkki yaranarsa, onun vəzifəsi nədir?

Cavab: Əgər həmin şəxsi əmələ doğru sövq edən amil və stimul başqasından naib olmaq idisə və (beləki) başqa bir şəxs olmadığı təqdirdə heçnəyə başlamayacaqdısa, o əməli davam etdirmək və yerinə yetirmək kifayətdir.

Sual 46: Həccin əməllərini və ya onun bəzi işlərini yerinə yetirən naibin iman sahibi   olması şərtdirmi?

Cavab: Bəli, zibh və nəhrdən (qurban kəsməkdən) başqa digər işlərdə ən üstün nəzərə  əsasən iman şərtdir.

Sual 47:Bir şəxs başqası üçün həcc etməyə naib olub bu məqsədlə öz şəhərindən yola düşür və miqata çatıb ehram bağladığı zaman naibliyini yaddan çıxarır. Əgər ondan “nə edirsən?” deyə soruşsalar, “özüm üçün ehram bağlamışam” şəklində cavab verəcəkdir və öz xətasından xəbərsiz halda başqası üçün naib olduğunu unutmuşdur. Yalnız Məkkədə olduğu zaman vəziyyətin necəliyi yadına düşmüşdür. Görəsən bu şəxs öz ehramından çıxaraq mənubu ənhin niyyətilə yenidən muhrim ola bilərmi? Yaxud öz həccini sona çatdırması ona vacibdir?

Cavab: Öz ehramından çıxması (üz döndərməsi) caiz deyildir. Lakin təməttö ümrəsini etdikdən sonra Məkkədən çıxıb elə həmin ayda da oraya qayıdarsa (məsələn, ümrəni zilqədə ayında yerinə yetirdikdən sonra Məkkədən çıxarsa və həmin ayın sonunda da oraya qayıdarsa) və nəticə etibarı ilə ümrəsi batil olarsa, bu halda ümrəsini batil etdiyinə görə günahkar olmasına baxmayaraq miqatlardan birinə getməklə mənubu ənh tərəfindən təməttö ümrəsi üçün muhrim ola bilər.

Sual 48: Bir şəxs hiccətul-islamı yerinə yetirmək qəsdi ilə Mədinəyə çatdıqdan sonra dünyasını dəyişmişdir. Görəsən onun malından istifadə edərək naib tutub həcc yerinə yetirmək müqəddəs məkanın nəzarətçiləri üçün caizdirmi? Həccin onun boynunda müstəqər olduğu bilindiyi halda ehtiyaclı birini onun tərəfindən naib tutmaq üçün varisindən icazə almaq lazımdır, yoxsa şəri hakimdən icazə almaq kifayətdir?

Cavab: Varisindən icazə almaq vacibdir və şəri hakimin icazəsi kafi deyildir. Onun minik və azuqəsini hazırlamaq kimi rəvayətdə qeyd olunmuş göstərişin mənası bu iş üçün varisdən başqa birinin vilayəti (icazəsi) olduğu anlamına gəlmir.

Sual 49: Görəsən bu əməllərdən hansı daha fəzilətlidir? Birinci: insan özü üçün müstəhəb həcc etsin. İkinci: istitaəti olmayan möminlərin vacib həccə getməsi üçün həcc xəclərini hədiyyə etsin. Üçüncü: başqasın tərəfindən naib kimi özü həcc etsin.

Cavab: Birinci hal daha fəzilətlidir.

Sual 50: Həcc üçün naib olan şəxsin həccin bəzi və naib tutmağa icazə verilən əməllərində başqasını naib tutması caizdirmi?

Cavab: Naib tutmağın caiz olduğu əməlləri etməkdə onun üçün bir üzr yaranarsa, caizdir. Qurban kəsməkdə isə hər bir halda naib tutmaq caizdir.

Sual 51: Varis olan bir insan öz meyyitləri üçün müəyyən bir şəxsi razılaşdıqları miqdarla və təyin olunmuş ildə naib tutur. Amma həcc mövsümündən öncə bəzi səbəblərdən həcc xərclərinin qiyməti yüksəlir. Belə olan halda naib olan şəxs həcci əda etməyə (öncəki razılığa uyğun olaraq) borcludurmu? Yoxsa icarəni (razılaşmanı) pozmağa və yaxud çatışmamazlığı aradan qaldırmağı varisdən istəməyə haqqı çatır?

Cavab: Əgər razılaşmada bu iki hal baş verəcəyi zaman naibin öz haqqını tələb etməsi şərti qeyd olunmamışdırsa, onun müqaviləni pozmaq və ya artıq miqdarı tələb etmək haqqı yoxdur.

Sual 52: Bir şəxs başqası üçün müfrəd ümrə etməyə ehram bağlamışdır, lakin bunu unutmuş və özü üçün təvaf etmişdir. Bu halda mənubu ənh üçün yenidən təvaf edərsə, əməli səhihdirmi?

Cavab: Bəli, təvafı mənubu ənh tərəfindən bir daha yerinə yetirməlidir.

Sual 53: Həcc üçün naib olmuş şəxs başqasını bundan ötəri əcir (naib) tuta bilərmi?

Cavab: Əgər əcir tutan şəxs aşkar şəkildə və məhz naibin özünün əməlləri yerinə yetirməsini şərt qoymamışdırsa, başqasını əcir tutmaq naib üçün caizdir. Lakin ikinci naibin muzdu öz muzdunun dəyərindən aşağı olmamalıdır.

Sual 54: Bir şəxs həcc üçün naib olur və onun müqəddimə (hazırlıq) işlərinin bəzisini həyata keçirmək üçün bir miqdar məbləği xərcləyir. Elə həmin vaxtda da dövlət onun müqəddəs torpağa getməsinə əngəl olur. Görəsən belə olan halda bu şəxsin müqəddimə işləri üçün xərclədiyi miqdarı onu əcir tutmuş şəxsdən tələb etmək haqqı vardırmı?

Cavab: Əgər həcc və onun müqəddimə işləri üçün naib tutulmuşdusa və razılaşdıqları qiymət də onların hamısının müqabilində idisə, belə olan halda xərclədiyi miqdarı tələb etmək haqqına sahibdir. Əgər yalnız həcc üçün naib tutulmuşdusa və onun müqəddimə işləri mülahizə olunmamışdısa, heç bir şey tələb etmək haqqına sahib deyildir.

Sual 55: Bir şəxs özünün müstəhəb həccinin təməttö ümrəsini etmək üçün Məkkəyə daxil olmuşdur. Görəsən bu şəxsin öz təməttö həccindən çıxması (üz döndərməsi) və başqasının naibi kimi həcc yerinə yetirmək üçün miqatlardan birinə qayıdaraq mənubu ənh tərəfindən təməttö ümrəsinə muhrim olması caizdirmi?

Cavab: Bu şəxs başladığı şəkildə öz həccini sona çatdırmalıdır və ondan üz döndərməsi ilə ümrəsi batil olmur. Əlbəttə ümrəni zilhiccə ayından əvvəl onun əməllərini bitirdikdən sonra Məkkədən çıxarsa və ümrə üçün ehram bağladığı ayın sonuna kimi Məkkəyə qayıtmazsa, ümrəsi batil olur və bu halda miqatlardan birinə qayıdıb istədiyi şəxs üçün muhrim ola bilər. Belə olan təqdirdə naiblik etdiyi həcci səhihdir, lakin öz ümrəsini batil etdiyi üçün də günahkardır.

Sual 56: Bir şəxs öz şəhərindən həcc etmək üçün naib tutulmuşdur. Bu şəxs Mədineyi-münəvvərəyə çatdıqdan sonra Məsciduş-şəcərəyə gedib özü üçün müfrəd  ümrə edir. Müfrəd ümrəni etdikdən sonra Mədinəyə qayıdır və naiblik həcci üçün bir daha ehram bağlayır. Belə olan halda bu şəxs öz şəhərindən həcc etmək vəzifəsinə əməl etmişdirmi?

Cavab: Heç bir eybi yoxdur və onun naiblik həccinə xələl gəlməmişdir.

Sual 57: Həzrəti Vəliyyi-əsr (ə) tərəfindən həcc və ya ümrə etmək caizdirmi?

Cavab: Bəli, caizdir.

Sual 58: Aşağıdakı hallardan birinə görə həccin bəzi əməllərini (və ya əməlini) ixtiyari şəkildə etməyə gücü çatmayan bir şəxsi (öncədən bilindiyi halda) hiccətul-islamı yerinə yetirmək üçün naib tutmaq caizdirmi?

1) Əgər Ərəfat və ya Müzdəlifədə ixtiyari vüqufu yerinə yetirə bilməyib iztirari vüqufu edəcəksə, hökmü nədir?

Cavab: Ehtiyata əsasən onun naibliyi kafi deyildir.

2) Əgər ixtiyari vüqufa onun vaxtının tamamında çatması mümkün olmazsa və yalnız rukn miqdarında vüquf etməyi bacaracaqsa, hökmü nədir?

Cavab: Onun naibliyinin caiz olması uzaq nəzər deyildir. (mümkündür)

3) Əgər həcc və ya təməttö ümrəsini etməyə və ya onların səyini yerinə yetirməyə gücü çatmazsa və çarəsizlikdən bunlara görə naib tutacaqsa, hökmü nədir?

Cavab: Ehtiyata əsasən onun naibliyi kafi deyildir.

4) Əgər ləbbeyk deməyi səhfdirsə və hətta təlqin etməklə belə cümlələri düzgün deməyi bacarmırsa, buna görə də ləbbeykləri həm özü deyəcək və həm də naib tutacaqdırsa,  hökmü nədir?

Cavab: Onun naibliyinin kafi olmaması ehtiyata uyğundur.

5) Şəriətdə mötəbər hesab olunan şəkildə təvaf namazı qılmaq üçün düzgün qiraəti olmadığına görə həm özü namaz qılmalı və həm də başqasını naib tutmalı olarsa, hökmü nədir?

Cavab: Onun naibliyinin kafi olmaması ehtiyata uyğundur.

6) Qurban bayramı günündə cəməreyi-əqəbəni rəmy edə (daşlaya) bilməyəcəyinə görə başqasını naib tutmalı olacaqsa, hökmü nədir?

Cavab: Onun naibliyinin kafi olmaması ehtiyata uyğundur.

7) Minada qalmağı bacarmadığı halda hökmü nədir?

Cavab: Güclü nəzərə əsasən onun naib olması caizdir.

8) On birinci və on ikinci gündə cəməratı rəmy etməyi bacarmayacağına görə başqasını naib tutmalı olacaqsa, hökmü nədir?

Cavab: Onun naibliyinin səhih olması uzaq nəzər deyildir.(mümkündür)

9) Başını örtmək, kölgədə dayanmaq və bu kimi ehram zamanında haram olan işlərdən bəzisinə mürtəkib olmaqda üzrlüdürsə, onun hökmü nədir?

Cavab: Onun naibliyi caizdir.

Sual 59: Əgər öncəki sualda təsəvvür olunmuş hallara uyğun olaraq qəsd edilən həcc müstəhəb həcc olarsa, ona görə naibin özünə muzd alması səhihdirmi?

Cavab: Əgər naibin öz barəsindəki əməli səhih olarsa, muzd alması da səhihdir. Lakin əcir tutan şəxsi öz vəziyyətindən agah etməsi lazımdır.

Sual 60: Ehtiyata əsasən naib tutmağın caiz olmadığı halda ixtiyari əməli etməyə gücü çatan şəxsi naib tutarlarsa və bu naib tutmaq da hökmü və ya mövzunu bilmədən olarsa, əməlin vaxtı bitdikdən sonra məsələni bilmək və onların cəhli üzrlü olmağa səbəb sayılırmı? Yəni həmin naibin əməli ilə kifayətlənmək olarmı?

Cavab: Xeyr.

Sual 61: Bir şəxs həcc üçün naib tutulduqdan və muhrim olduqdan sonra fətvaya və ya ehtiyata əsasən əməlinin kafi olmadığını anlayarsa, nə etməlidir?

Cavab: Əgər onun əməli fətvaya əsasən kafi deyildirsə, ehramı batildir. Lakin onun əməli ehtiyata əsasən kafi deyildirsə, ehtiyat etməli və həccini mənubu ənh tərəfindən rəca qəsdi ilə sona çatdırmalıdır.

Sual 62: Bədən üzvlərindən biri naqis olan şəxsi hiccətul-islam və ya onun bəzi hissəsi üçün naib tutmaq olarmı?

Cavab: Əgər onun bir üzvünün naqisliyi ixtiyari əməlləri yerinə yetirməyinə xələl gətirməyəcəksə, onun naibliyi caizdir. Əgər belə olmazsa, bunun cavabı 58 və 59-cu sullarda qeyd olunmuşdur.

Ehramla Məkkəyə daxil olmaq:

Sual 63: Bir şəxs müfrəd ümrə üçün ehram bağlayaraq Məkkeyi-mükərrəməyə daxil olur və onun əməllərini yerinə yetirir. Sonra hacılara xidmət etməklə əlaqədar olan bəzi işləri görmək üçün Ərəfata tərəf yola düşür və elə həmin vaxt Məkkəyə qayıtmaq istəyir. Görəsən bu halda həmin şəxs başqa bir müfrəd ümrə üçün ehram bağlamalıdır, ya yox? Əgər ehram bağlamaq ona vacibdirsə, harada muhrim olmalıdır?

Cavab: Əgər ümrəni yerinə yetirdiyi ayın bitməsindən öncə Məkkəyə qayıtmaq istəyərsə, oraya ehramsız daxil ola bilər. Amma həmin ay bitdikdən sonra Məkkəyə ehramsız daxil olmaq caiz deyildir. Miqatların heç birindən keçmədiyi və Məkkəyə daxil olmaq istədiyi zamanda isə müfrəd ümrə üçün Hillin yaxınlığında muhrim olması caizdir. Əgər belə olmazsa, onun miqatların hər hansıssa birində muhrim olması vacibdir.

Sual 64: “Həccin ibadətləri” kitabında buyurmusunuz ki, ümrə təməttösünün əməllərini yerinə yetirmiş bir şəxs ehramsız halda Məkkədən çıxa bilməz. Əgər Məkkəyə qayıtması ümrəni etdiyi aydan sonra olarsa, Məkkəyə daxil olmaq üçün müfrəd ümrə etməkdən ötəri ehram bağlamalıdır. Görəsən bu ümrədən məqsəd təməttö ümrəsidir, yoxsa müfrəd ümrə? Əgər məqsəd təməttö ümrəsidirsə, bu halda onun birinci etdiyi ümrə müfrəd ümrə hesab olunurmu? Müfrəd ümrə hesab olunduğu halda nisa təvafını və onun iki rəkətlik namazını da yerinə yetirməlidirmi?

Cavab: Birinci ümrə ləğv olmuşdur və nisa təvafı etmək ona vacib deyildir. Əgər həcc üçün ikinci ümrəni bağlamaq istəyərsə, təməttö ümrəsi qəsdi ilə miqatlardan birinə gedib muhrim olmalıdır və onun əməllərini yerinə yetirməlidir. Əgər miqata getməyi bacarmazsa, Hillin yaxınlığında müfrəd ümrə üçün ehram bağlamalı və onun əməllərini etdikdən sonra tərviyə gününə kimi Məkkədə qalmalıdır. Məkkədə olduğu halda həcc etməyi niyyət edərsə, onun müfrəd ümrəsi təməttö ümrəsinə çevriləcəkdir. Lakin onunla həccin arasına başqa bir ümrə ilə fasilə salmaq istəyərsə ( məsələn, birinci ümrəsi şəvval ayında olubsa və həmin ayda oradan çıxıbsa, zilqədə ayında yenidən Məkkəyə daxil olub çıxmaq və zilhiccədə oraya qayıtmaq istəyərsə), bu halda zilqədə ayında Məkkəyə daxil olmaq istədiyi zaman müfrəd ümrə üçün muhrim olmalıdır. Çünki o şəxs bu ümrə ilə həccin arasına zilhiccədə yerinə yetiriləcək başqa bir ümrəni salmış və fasilə yaratmışdır.

Sual 65: Məkkədə iqamət edən (bir növ yaşayan) şəxs hər gün və ya hər həftə oradan çıxmalı olursa, oraya daxil olmaq istədiyi zaman hər dəfə yenidən muhrim olmalıdırmı?

Cavab: Əgər hər gün və ya həftədə üç-dörd dəfə Məkkədən çıxırsa, oraya daxil olmaq istədiyi zaman hər dəfə muhrim olmaq ona vacib deyildir.

Sual 66: Bir şəxs unutqanlıq üzündən və ya məsələni bilmədiyinə görə və yaxud da bu kimi digər üzrlü hallardan birində miqatda muhrim olmadan ehramsız Məkkəyə daxil olmuşdursa, ehram bağlamaq üçün miqata qayıtması vacibdirmi? Nəzərə almalıyıq ki, bu işi görmək nəqliyyatdakı qiymətlərin bahalaşmasına görə onun üçün ağır, çətin və məşəqqətlidir.

Cavab: Belə olan halda miqata qayıtmaq lazım deyildir. Lakin bu işi görmək onun üçün mümkün olarsa və ağır olmazsa, Hərəmdən çıxmalı və muhrim olmalıdır.

Sual 67: Əgər bir şəxs bilərəkdən və ya müəyyən bir üzr səbəbi ilə Məkkəyə ehramsız daxil olmuşdursa, orada qalmaq həmin şəxsə haramdırmı?Yəni dərhal və vaxt itirmədən şəhərdən çıxmalıdırmı?

Cavab: Fətvanın zahiri budur ki, məhz oraya ehramsız daxil olmaq haramdır, nəinki orada qalmaq və qalmağa davam etmək.

Sual 68: “Həccin ibadətləri” kitabında buyurmusunuz ki, öz müfrəd ümrəsinin əməllərini Məkkədə sona çatdıran şəxs oradan xaric olarsa, ümrəsini yerinə yetirdiyi ayın sonuna kimi ehram bağlamadan oraya qayıtması caizdir. Sualımız bundan ibarətdir ki, bu hökm başqasının naibi kimi ümrə etmiş və ümrəsi özü üçün olmamış şəxsə də şamildirmi?

Cavab: Bu halda bir işkal nəzərə çarpır və ehtiyat budur ki, sualda fərz olunmuş halda ehramsız yenidən Məkkəyə daxil olmasın. Hətta qayıtmaq istəyi həmin ümrəni yerinə yetirdiyi ayda olsa belə, yenidən ehram bağlayıb Məkkəyə daxil olması ehtiyata uyğundur.

Müfrəd ümrənin hökmləri:

Sual 69: Öz vacib həccini yerinə yetirməmiş şəxsin həcc günlərində müfrəd ümrə etməsi caizdirmi? Yəni miqatda müfrəd ümrə üçün muhrim olduqdan sonra Məkkəyə gəlib onun əməllərini etsin və sonra yenidən miqata qayıdıb həcc və ya təməttö ümrəsi üçün muhrim olması caizdirmi?

Cavab: Caizdir və bu iki ümrənin eyni ayda olmaması ehtiyata uyğundur.

Sual 70: Müfrəd ümrə üçün ehram bağlamış şəxsin öz niyyətini təməttö həccinə dəyişməsi (çevirməsi) caizdirmi?

Cavab: Caiz deyildir. Əlbəttə, əgər onun ümrəsi həcc aylarında olmuşdursa və o da tərviyə gününə (zilhiccənin səkkizinci gününə) kimi Məkkədə qalıb həcci yerinə yetirməyi qəsd etmişdirsə, onun ümrəsi təməttö ümrəsi hesab olunur və o, təməttö həccini yerinə yetirməlidir.

Sual 71: Bir şəxs müfrəd ümrənin təvafını etdiyi zaman xoşagəlməz bir hadisə ilə üzləşir və onun sağlamlığına xələl dəyir. Nəticədə onu öz şəhərinə gətirməli olurlar. Bu halda onun vəzifəsi nədir?

Cavab: Bu hadisənin baş verməsi təvafın dördüncü dövründən sonraya təsadüf etmişdirsə, yerdə qalan dövrləri və səyi etmək üçün naib tutmasının kafiliyi uzaq nəzər deyildir. Belə olan halda həmin şəxs öz naibinin onun yerinə etdiyi təvafdan sonra təvaf namazını özü qılacaq və naibin onun yerinə etdiyi səydən sonra başının tükünü təraş edəcəkdir (və ya azaldacaqdır). Sonra nisa təvafı üçün naib tutacaq və onun namazını da özü qıldıqdan sonra ehramdan çıxmış olacaqdır. Amma bu hadisə təvafın dördüncü dövründən öncəyə təsadüf etmişdirsə, Məkkəyə qayıtmadan və ümrənin əməllərini birbaşa özü yerinə yetirmədən onun ehramdan çıxması məhəlli-işkaldır (mübahisəli məsələdir).

Sual 72: Rəcəb ayının sonunda ümrə yerinə yetirmiş şəxsin şaban ayının əvvəlində də ümrə etməsi caizdirmi?

Cavab: Caizdir.

Sual 73: Siz “Həccin ibadətləri” kitabında buyurmusunuz ki, bir şəxs öz müfrəd ümrəsinin səyindən sonra bilərəkdən və məsələdən agah halda öz xanımı ilə yaxınlıq edərsə, ümrəsi batil olur. Belə olan halda təvaf və səyi bilərəkdən tərk etmək ümrəni batil edirmi və mükəlləf belə etdiyi təqdirdə ehram halından çıxa bilərmi? Yaxud ehramdan çıxmaq üçün ibadətlərin hamısını əda etməkdən başqa bir yol yoxdur ?

Cavab: Ehramdan çıxmaq üçün onu əda etməkdən başqa bir yol yoxdur.

İfrad həccinin hökmləri:

Sual 74: Məgər müfrəd ümrəni ifrad həccindən dərhal sonra və fasilə vermədən yerinə yetirmək lazımdır? Yoxsa onu təxirə salmaq caizdir?

Cavab: Müfrəd ümrənin vacibliyi həccin vacibliyi kimidir və dərhal (fasiləsiz olaraq) yerinə yetirilməlidir.

Sual 75: Məkkəyi-mükərrəmədə olan şəxs ifrad həcci etmək istədiyi zaman harada muhrim olmalıdır?

Cavab: Onun üçün Məkkə şəhərinin içində muhrim olmaq caizdir.

Sual 76: Vəzifəsi təməttö həcci etmək olan şəxs onu yerinə yetirir və növbəti ildə müfrəd ümrə üçün ehram bağladıqdan sonra Məkkəyə daxil olur. Sonra ifrad həcci etmək istəyərsə, onun bu işi görməyə şəri cəhətdən icazəsi vardırmı? Əgər icazəsi vardırsa, harada ehram bağlamalıdır? Məkkədə, yoxsa başqa yerdə?

Cavab: Əgər ümrəni həcc aylarından öncə etmişdirsə ifrad həcci yerinə yetirə bilər və əgər Məkkədədirsə, elə orda da muhrim olacaqdır. Amma onun müfrəd ümrəsi həcc aylarında olmuşdursa və sonra həcc etməyi istəyib tərviyə gününə kimi Məkkədə qalmışdırsa, onun ümrəsi təməttö ümrəsinə çevriləcək və həmin şəxs ifrad həcci deyil, təməttö həcci etməlidir. Əlbəttə həmin şəxs həcc günləri başlamamışdan öncə Məkkədən çıxarsa, ifrad həcci etmək üçün miqatlardan hər hansısa birində muhrim ola bilər.

Təməttö ümrəsinin hökmləri:

Sual 77: Əgər bir mükəlləf təməttö ümrəsinin ehramından çıxıb müfrəd ümrə üçün muhrim olarsa, vəzifəsi nədir?

Cavab: Müfrəd ümrəsini tamamlamalı və sona çatdırmalıdır. Onun birinci ümrəsi batil olur və sonradan onu da iadə etməlidir. Əlbəttə əgər tərviyə gününə kimi Məkkədə qalarsa, etmiş olduğu müfrəd ümrə təməttö ümrəsi hesab olunacaq və buna görə də həcci yerinə yetirməlidir.

Sual 78: Zilhiccə ayında müfrəd ümrə edən bir şəxs onun əməllərindən sonra Ciddəyə səfər edir və tərviyə günü çatmamışdan öncə həcc emək niyyəti ilə Məkkəyə qayıdır. Belə olan halda onun ümrəsi təməttö ümrəsi hesab olunurmu və həmin şəxs həcci yerinə yetirə bilərmi?

Cavab: Onun ümrəsi təməttö ümrəsi hesab olunmur. Çünki müfrəd ümrədən sonra tərviyə gününə kimi Məkkədən çıxmamaq, təməttö ümrəsinin şərtlərindən biridir.

Sual 79: Bir mükəlləf müfrəd ümrə yerinə yetirdikdən sonra təməttö həcci etməyi qəsd edir. Görəsən təməttö ümrəsi üçün muhrim olmaqdan ötəri bu şəxsin miqatlardan birinə getməsi lazımdırmı?

Cavab: Bəli, miqata getmək ona vacibdir və ehtiyat-vacibə əsasən Hillin yaxınlığında belə (Məkkədə olmasına baxmayaraq) muhrim olmaq onun üçün kafi deyildir. Amma onun ümrəsi həcc aylarında olarsa və o, tərviyə gününə kimi Məkkədə qalarsa, ümrəsi təməttö ümrəsinə çevriləcək və bu şəxs təməttö həccini yerinə yetirməlidir. Bu halda təməttö ümrəsini yerinə yetirmək üçün başqa bir yerə ehtiyac yoxdur.

Sual 80: Əgər bir mükəlləf şəxs təməttö ümrəsi üçün muhrim olduqdan sonra komaya düşərsə, onun vəlisinin (qəyyumunun) vəzifəsi nədir?

Cavab: Əgər onun koma halından çıxıb həccin əməllərinə çatacağını ehtimal verərlərsə, naib tutmalıdırlar. Həccin əməlləri dedikdə nəzərdə tutulan işlər Məşərdəki ixtiyari vüqufa çatmaq və ya Məşərdəki iztirari vüqufu Ərəfatdakı ixtiyari vüqufla birgə yerinə yetirmək və yaxud da onların hər ikisinin iztirari vüqufuna çatmaqdır. Əgər onun bu əməllərə kimi özünə gələcəyinə ehtimal verilərsə, onun üçün naib tutulmalıdır. Naib onun tərəfindən təvaf etməli və təvaf namazını qılmalıdır. Sonra öz saçından bir miqdarını azaltmalıdır və bununla da ehramdan xaric olur. Ehtiyata əsasən bu şəxsin vəlisi tərviyə günündə də onun tərəfindən muhrim olmalıdır. Yəni onun yerinə ləbbeyk deməlidir, həmçinin onu ehramın muhərramatından qoruyub vüquf olunan iki məkana aparmalıdır. Əgər həmin şəxs orada komadan ayılarsa və Məkkəyə getməyi bacarmazsa, elə orada da muhrim olmalıdır. Buna əsasən də həmin şəxs ayıq olduğu halda Məşərdəki ixtiyari vüqufu və yaxud da Məşərin iztirari vüqufunu Ərəfatın ixtiyari və ya iztirari vüqufu ilə birgə yerinə yetirərsə, bu şəxs həccə çatmış hesab olunur və yerdə qalan əməlləri də yerinə yetirməlidir. Əgər qalan əməlləri yerinə yetirməmişdən öncə bir daha komaya düşərsə, onun vəlisi digər əməlləri də onun tərəfindən etməsi üçün bir naib tutmalıdır. Lakin onun koma halı vüquflara çatmayacaq qədər uzun sürərsə, həcci batildir.

Sual 81: Əgər bir şəxs təməttö ümrəsini yerinə yetirdiyi halda infarkt keçirərsə və onu öz şəhərinə apararlarsa, onun vəzifəsi nədir?

Cavab: Əgər onun cismi vəziyyəti, naib tutmaq yolu ilə olsa belə ümrənin əməllərini tamamlamağa və sonra həccin ehramı ilə vüquflardan şərt hesab olunan miqdara (beləki, bu miqdarsız həcc səhih deyildir) özünü çatdırmağa imkan verməzsə, bu halda “Həccin ibadətləri” kitabının 446-cı məsələsində qeyd olunmuş məhsur şəxsə aid hökmlər onun da halına şamil olacaqdır. Bu haldan başqa digər durumlarda öz şəhərinə qayıtması onun şəxsi istəyi və ixtiyari ilə olmuşdursa, ehramının batil olduğu uzaq nəzər deyildir və buna görə də günahkar hesab olunacaq. Lakin qayıtması öz istəyi və ixtiyari ilə olmasa, “Həccin ibadətləri” kitabının 439-cu məsələsində qeyd olunmuş məsdud şəxsə aid hökmlər onun barəsində də cari olacaqdır.

Sual 82: Əgər bir mükəlləf hökmü bilmədiyinə görə və unutqanlıq üzündən təməttö ümrəsinin yerinə müfrəd ümrə üçün muhrim olarsa, nə etməlidir və onun hökmü nədir?

Cavab: Əgər onun qəsdi öz vəzifəsi olan ümrəni yerinə yetirmək idisə və həmin ümrənin müfrəd olduğunu güman etmişdisə, bu hal tətbiqdə olan xətadır və ona bir zərəri yoxdur. Əgər hal belə deyildirsə, müfrəd ümrəni yerinə yetirməlidir və həcc etmək qəsdi ilə tərviyə gününə kimi Məkkədə qalarsa, onun ümrəsi təməttö ümrəsi hesab olunacaq və təməttö həccini yerinə yetirməlidir.

Sual 83: Əgər bir mükəlləf xəta edərək təməttö ümrəsinin yerinə təməttö həcci üçün muhrim olarsa və ümrənin əməllərini etdikdən sonra öz xətasını anlayarsa, nə etməlidir?

Cavab: Bu işin ona heç bir zərəri yoxdur.

Sual 84: Bir qadın öz ümrəsinin əməllərini yerinə yetirməyi tərviyə gününə kimi təxirə salmış və ümrəni etməmişdən öncə bir qan görüb onu heyz qanı hesab edərək niyyətini ifrad həccinə dəyişmişdir. Ərəfata getdikdən sonra orada anlamışdır ki, görmüş olduğu qan istihazə qanıdır. Bu halda o qadın nə etməlidir?

Cavab: Əgər o qadının Məkkəyə qayıtmağa, ərəfə gününün günortasından öncə ümrənin ibadətlərini etməyə və həcc üçün muhrim olmağa imkanı olarsa, bunları həyata keçirmək ona vacibdir.Əgər o qanın heyz olduğuna inandıqdan və ya şəri qaydalara uyğun olaraq (məsələn, o qan adət günlərində gəlib, amma üç gün davam etməyib) onu heyz qanı hesab etdikdən sonra Məkkəyə qayıtmağı, ümrəni etməyi və həcc üçün muhrim olmağı bacarmazsa, bu halda ehtiyat-vacibə əsasən ifrad həccinin vacib əməllərini yerinə yetirməlidir və bununla da ehramdan xaric olur. Sonra həcc onun boynunda müstəqər olmazsa və onun istitaəti yerində qalmazsa, başqa bir vəzifəsi yoxdur. Lakin həcc onun boynunda müstəqər olarsa və istitaəti də davam edərsə, ehtiyat-vacibə əsasən yenidən təməttö həcci etməlidir. Amma onun heyz qanı barəsində olan gümanı şəri qaydalara əsaslanmazsa, güclü nəzərə əsasən onun ehramı və həcci batildir. Odur ki, növbəti illərdə həcci yerinə yetirməlidir.

Sual 85: Əgər bir qadın ehramdan öncə heyz halında olarsa və heyzinin həcc və ümrənin sonuna kimi davam edəcəyini bilərsə, həmçinin bu halda yol yoldaşları onu gözləməzlərsə, bu qadının təməttö həcci və ümrəsi üçün muhrim olması və iki təvaf ilə onların iki namazı üçün naib tutması caizdirmi?

Cavab: Zahirə əsaslanaraq caiz olduğunu söyləmək mümkündür. Odur ki, ümrə üçün muhrim ola və onun təvafı ilə namazı üçün naib tuta bilər. Sonra özü səy etməli və orada da təqsir etməlidir. Sonra həcci yerinə yetirməli və həccin təvafı ilə namazı üçün naib tutmalıdır. Ardınca da özü səy etməli və orada da nisa təvafı ilə onun namazı üçün naib tutmalıdır.

Sual 86: Bir qadın heyz görür və pak olduqdan sonra muhrim olub təməttö ümrəsinin əməllərini edir. Sonra ərəfə günüdə yenidən qan görür və heyzin başlamasından on gün keçməmişdən öncə qan kəsilir. Bu halda onun hökmü nədir?

Cavab: O qadının ümrənin əməllərini yerinə yetirdiyi iki qan arasındakı paklıq zamanında da bir heyz hökmünə sahib olduğu nəzərə çarpır. Bu paklıq zamanı barəsində fəqihlər arasında müxtəlif fikirlər vardır. Məşhur nəzər o zamanın da heyzə aid olduğu fikridir, lakin bir qrup fəqihlər də o zamanın pak olduğunu deyiblər. Heyz olduğuna fətva verildiyi halda o qadının vəzifəsi ifrad həccinə çevriləcəkdir və həcc əməllərini etdikdən sonra gücü çatarsa, müfrəd ümrə yerinə yetirməlidir. Lakin o zaman aralığında həmin qadının pak olduğu qəbul edilərsə, onun ümrəsi səhihdir və təməttö həcci etməlidir. Bununla da başqa heç bir vəzifəsi qalmır.

Biz bu məsələdə ehtiyat etdiyimizə görə o qadın ələmiyyət və “ələm fəl-ələm” qaydasına riayət edərək həmin qanın heyz olmasına və ya paklığına hökm etmiş başqa müctehidə rücu edə (keçə) bilər (bununla da vəzifəsi məlum olacaq). Lakin o qadın ehtiyat etmək istəyərsə, ifrad həcci ilə təməttö həcci arasındakı müştərək əməlləri onların heç birini qəsd etmədən və ümumi niyyətlə yerinə yetirməlidir. Həmçinin təməttö həccinin məxsusi əməllərindən olan qurbanlığı da həqiqi tələbi yerinə yetirmək ümidi ilə həyata keçirməlidir. Həmçinin müfrəd ümrənin əməllərini də eyni niyyətlə yerinə yetirə bilər.

Sual 87: Vəqtiyyə və ədədiyyə adətinin sahibi olan qadının adət günlərinin sayı yeddidir. Ehram bağladıqdan sonra bu qadın heyz olub yeddi günə paklanır və qusl edib ümrəsinin əməllərini yerinə yetirir. Elə həmin vaxt həcc üçün muhrim olur və ondan sonra bir qan görür. Onun vəzifəsi nədir?

Cavab: Əgər ikinci gördüyü qan birinci qanın başlamasının onuncu gününə və ya ondan tez vaxta düşərsə, birinci heyzin davamı (hissəsi) hesab olunacaq. Amma ikinci qan on gündən sonra olarsa, istihazə hesab olunacaqdır. Birinci halda iki qanın arasındakı paklıq vaxtında ehtiyat-vacibə əsasən pak və haiz qadının hökmlərinə riayət etməlidir. Odur ki, birinci halla üzləşən qadın həccin təvafından öncə ümrə təvafının və onun namazının qəzasını etməlidir.

Sual 88: “Həccin ibadətləri” kitabında buyurmusunuz ki, təməttö ümrəsini yerinə yetirən halda olan bir şəxsin həccin əməllərindən başqa bir şeyə görə Məkkədən çıxması, ehtiyata əsasən caiz deyildir. Lakin zəruri olmayan ehtiyac üzündən belə çıxmasını istisna etmisiniz. Görəsən alış-veriş,  əyləncə və dostları ilə görüşmək üçün Məkkədən çıxmaq ehtiyac hesab olunurmu?

Cavab: Ehtiyac halının meyarı, xalqın nəzəridir. Sualda soruşulan hallar isə xalqın nəzərində bəzən ehtiyac hesab olunur, lakin bəzən də ehtiyac sayılmır.

Sual 89: Əgər mükəlləf bir şəxs təməttö ümrəsinin əməllərindən sonra onun üçün Məkkədə qalması nəzərdə tutulmuş evin Hərəmdən xaricdə olduğunu anlayarsa, bu halda orada qala bilərmi?

Cavab: Əgər onun qaldığı evin məhəlləsi Məkkənin küçələrindən hesab olunarsa, orada qalmağın bir eybi yoxdur.

Sual 90: Qadınların öz aylıq adətlərini təxirə salmaq üçün istifadə etdikləri bəzi dərmanlar vardır. Əgər bir qadın bu dərmandan istifadə etməyəcəyi halda miqata çatmamışdan öncə heyz olacağını və təməttö ümrəsini yerinə yetirməyi bacarmayacağını bilərsə, həmin dərmandan istifadə etmək ona vacibdirmi? Öz həccinin ifrad həccinə çevrilməməsi üçün dərman vasitəsi ilə adət vaxtını təxirə salmaq o qadına vacibdirmi?

Cavab: Dərmandan istifadə etmək ona vacib deyildir.

Təməttö həccinin hökmləri:

Sual 91: Əgər bir uşağın vəlisi onu təməttö ümrəsi etməyə cəlb edərsə, təməttö həccini yerinə yetirməyə də onu cəlb etməsi vacibdirmi? Əgər vacib deyildirsə, uşağı nisa təvafı etdirmək ona təyin olunurmu?

Cavab: Əgər o uşaq müməyyəz olmazsa, heç bir şey ona vacib deyildir. Amma müməyyəz olarsa, nisa təvafını həyata keçirmək və onun namazını qılmaq kifayətdir.

Sual 92: Əgər bir şəxs təməttö ümrəsini yerinə yetirdikdən sonra həcci həyata keçirməyə əngəl olan bir hadisə ilə qarşılaşıb öz canı üçün qorxuya düşərsə və ya dəhşətli və mühüm zərəri olan bir halla rastlaşrsa, təməttö həccini etməkdən üz döndərə bilərmi?

Cavab:Əgər onun qorxusu üqəlai (hər bir ağıllı insanın çəkindiyi) olarsa, həcci tamamlamaq ona vacib deyildir. Bu halda təməttö ümrəsini müfrəd ümrəyə çevirmək və nisa təvafı etmək ehtiyata uyğundur.

Sual 93: “Həccin ibadətləri” kitabında buyurmusunuz ki, təməttö ümrəsini yerinə yetirmiş bir şəxsin öz ixtiyarı ilə həcci tərk etməsi caiz deyildir və müstəhəb həccun də hökmü eynidir. Görəsən təməttö həccindən ifrad həccinə üdul etmək (keçmək) olarmı?

Cavab: Üdul etmək (keçmək) caiz deyildir.

Sual 94: Təməttö ümrəsinin əməllərini bitirmiş bir şəxs qarşılaşdığı ağır hadisənin nəticəsində Məkkədən kənarda olan bir xəstəxanaya aparılır. Həkim, onun həcc üçün ehram bağlamağa görə Məkkəyə qayıtmasının qarşısını alır. Bu şəxsin Ərəfat və Məşərdəki vüquflara çatmağa imkanı olarsa, onun vəzifəsi nədir?

Cavab: Bacardığı hər hansı bir yerdə muhrim olsun və Ərəfata tərəf yola düşsün.

Sual 95: Təməttö həccini etməkdə olan bir şəxs Minadan Məkkəyə qayıdarsa, görəsən həccin təvafı və onun namazını yerinə yetirməmişdən öncə oradan çıxa bilərmi?

Cavab: Zahirə əsaslanaraq demək olar ki, bu iş caizdir.

Miqatların hökmləri:

Sual 96: Məsciduş-şəcərədə muhrim olmuş bir şəxsin ehramdan sonra Mədinəyə qayıdıb oradan təyyarə ilə Ciddəyə səfər etməsi və oradan da Məkkəyə getməsi caizdirmi?

Cavab: Bu iş öz-özlüyündə (zati etibarı ilə) caizdir. Lakin kölgədə dayanmaq kimi haram olan bir işdən özünü qorumaq həmin şəxsə vacibdir.

Sual 97: Mükəlləf bir şəxs Mədineyi-münəvvərədədir və ümrə və ya həcc etmək qəsdi vardır. Məsciduş-şəcərədə muhrim olmaq istəməyən bu şəxsin məqsədi Ciddədə ehram bağlamaq olarsa və buna görə də oraya təyyarə ilə gedərsə, sonradan nəzrlə və ya başqa bir yolla orada muhrim ola bilərmi?

Cavab: Əgər Mədinədən səfərə çıxdığı zaman Ciddədə az qalmasına görə (məsələn, bir neçə saat) xalqın nəzərində Məkkənin müsafiri hesab olunarsa, Məsciduş-şəcərədən ehramsız halda keçməsi caiz deyildir. Amma xalqın nəzərində Ciddənin müsafiri hesab olunarsa və onun Ciddədən Məkkəyə getməsi ayrıca bir səfər sayılarsa, bu halda ehramı Məsciduş-şəcərədən başqa yerdə bağlamaq caizdir.

Sual 98: Müəyyən bir şəxs öncəki sualda fərz edilmiş məsciduş-şəcərədən muhrim olmadan keçmək və ehramsız halda Ciddəyə getmək kimi caiz olmayan bir işi bilərəkdən edərsə, Mədinəyə qayıtmaq və Məsciduş-şəcərədə muhrim olmaq ona vacibdirmi? Yoxsa nəzr etməklə Ciddədə muhrim olmaq onun üçün caizdir?

Cavab: Məsciduş-şəcərədə muhrim olmadığına görə günah etməsinə baxmayaraq Cuhfəyə getməsi və orada ehram bağlaması caizdir. Lakin nəzr etməklə Ciddədə ehram bağlamaq heç bir halda caiz deyildir.

Sual 99: Miqatların (beş miqat; Zul-huleyfə, Cuhfə, Ətiq, Qərnul-mənazil və Yələmləm) ehram bağlanan yerləri, yalnız onların məscidlərinə məxsusdurmu? Yoxsa onların hər bir yerində muhrim olmaq olar?

Cavab: Zul-huleyfədən başqa bu miqatların hər bir yerində ehram bağlamaq olar. Zul-huleyfənin ehram bağlanan yeri isə onun məscididir (məsciduş-şəcərədir) və ondan kənarda ehram bağlamaq kafi deyildir. Haiz (heyzli) və nüfəsa (dünyaya körpə gətirmiş) qadınlar isə istisnadır.

Sual 100: “Həccin ibadətləri” kitabında belə buyurmusunuz: “Digər miqatlarda muhrim olan şəxs, öncə bir qədər yol getməli və sonra ləbbeyk deməlidir”. Görəsən, bir qədər yol getmək dedikdə məqsədiniz miqatın özündə hərəkət etməkdir, yoxsa onu keçdikdən sonra yol getməkdir?

Cavab: Məqsəd ləbbeyki miqatda deməkdir. Amma bir qədər yol getmək dedikdə nəzərdə tutulan əməl, ehram niyyəti edildiyi yerdən bir miqdar qabağa getməkdir.

Sual 101: “Həda (Vadiyi-muhərrəm)” ilə “Vadis-sil” arasında yerləşən Qərnul-mənazildəki miqat yerinin təyin olunması barəsində müxtəlif nəzərlər vardır. Hədanın Vadis-silə nisbətdə Məkkədən daha uzaqda yerləşdiyini söyləyən bir qrup mötəbər şəxslərin sözünə əsaslanaraq mükəlləf bir insanın həmin yerə çatmamış və ya həmin yerdə “Allaha xatir bu yerdə ehram bağlamaq mənim boynumdadır” deməklə muhrim olması caizdirmi? Yoxsa ixtilaf olduğu üçün bu miqatın hər iki yerində ehram bağlamalıdır? Yaxud müəyyən olunmuş miqatlara, ora çatdıqdan sonra və ya oraya çatmamışdan öncə nəzr etmək şəri cəhətdən icazəlidir?

Cavab: Əgər “Hədanın” Məkkəyə nisbət Vadis-silin arxasında qaldığı bilinərsə, nəzr edib orada muhrim olması caizdir və həmin yerdə ehram bağlamaq hər bir halda səhihdir. Belə olan halda ehtiyat etməyə və hər iki yerdə ehram bağlamağa ehtiyac yoxdur. Həmçinin nəzrlə muhrim olması da səhihdir. İstər müəyyən olunmuş miqatların özündə olsun, istərsə də onlara çatmamışdan öncə nəzr etmək səhihdir.

Sual 102: Öncəki sualda qeyd olunmuş iki yerdən (Həda və Vadis-sil) hansı sizin nəzərinizdə Qərnul-mənazilin miqatıdır? Yoxsa bu hökmün meyarı, mükəlləfin məsələni araşdırdıqdan sonra gəldiyi qənaətdir?

Cavab: Bu hökm mükəlləfin şəxsi qənaətindən asılıdır. Öz qənaətində arxayınlıq halına çatmadığı təqdirdə isə öncəki məsələdə qeyd olunmuş qayda əsasında bu çətinlikdən azad ola bilər.

Sual 103: Məsciduş-şəcərədə yeni həyata keçirilən genişlənməni və məscidin qədim izlərinin gizli qalmasını nəzərə alsaq, təzə məscidin hər bir yerində muhrim olmaq caizdirmi?

Cavab: Məsciduş-şəcərənin hər bir yerində, hətta təzə hissələrində belə muhrim olmağın caizliyi uzaq nəzər deyildir.

Sual 104: Miqatların heç birindən keçməyən şəxs üçün miqatın üzbəüzü hesab olunan və orada ehram bağlanılması caiz olan məkanı necə təyin edə bilərik?

Cavab: Bir-biri ilə kəsişən və aralarındakı bucağın 90 dərəcə olduğu iki düz xətti nəzərə aldığımız zaman onlardan biri Məkkədən, digəri isə miqatdan keçir. Əgər mükəlləf olan şəxs kəsişmə nöqtəsində Məkkəyə tərəf dayanarsa, miqatın üzbəüzündə durmuş sayılır. Bu hökmün meyarı, xalqın nəzərində düzgün yerdə dayanmaqdır və əqli (riyazi) dəqiqlik lazım deyildir.

Sual 105: “Həccin hökmləri” kitabında buyurmusunuz ki, mükəlləf olan bir şəxs Ciddə ilə Hərəm arasında miqatın üzbəüzü olan bir məkanın ( belə ki, Ciddənin Cuhfə ilə paralelində bu məkanın mövcud olması uzaq fikir deyildir) mövcudluğunu bilərsə (hətta icmali şəkildə bilsə də), nəzr etməklə muhrim olması caizdir. Lakin coğrafi uzunluqlara əsaslanaraq Ciddənin Cöhfədən sonra gəldiyini iddia edən şəxslərin sözünə diqqət etdiyimiz zaman bu nöqtədə miqata üzbəüz bir məkanın olmasına şəkk yaranır və Cöhfə ilə müqayisədə Məkkə və onun arasında üzbəüz nöqtənin mövcud olmasını təsəvvür etmək mümkün olmur. Bu məsələdə ali həzrətin nəzəri nədir?

Cavab: Coğrafi xəritələrin göstərdiyinə əsasən Ciddə coğrafi ölçülər baxımından Cöhfədən sonra yox, əksinə ondan qabaqda yerləşir. Buna əsasən də bizim nəzərimizə görə Cöhfənin üzbəüz məkanı Ciddənin cənub-şərqində yerləşmişdir.

Sual 106: “Şişe”, “Əziziyyə” və “Şarius-sittin” kimi Məkkənin mərkəzində iyirmi kilometr uzaqlıqda yerləşən və Məkkənin yeni küçələri hesab olunan yerlərdə muhrim olmaq səhihdirmi?

Cavab: Yeni küçələr və məhəllələr, hal-hazırda bu müqəddəs şəhərin bir hissəsi hesab olunursa, güclü nəzərə əsasən oralarda muhrim olmaq caizdir. Lakin Hərəmdən kənarda qalan hissələr istisnadır və oralarda ehram bağlamaq caiz deyildir.

Sual 107: Qədim Məkkənin hüdudu (sərhədləri) haradır?

Cavab: Məsumlardan nəql olunan rəvayətlərə əsasən Məkkənin hüdudları bunlardan ibarətdir: Əqəbeyi-mədəniha və Əqəbeyi-zitəva.

Sual 108: Bir mükəlləf şəxs təyyarə ilə Ciddəyə getdikdən sonra Mədinəyə səfər etmək istəyir, lakin Mədinəyə getmək üçün ona icazə vermirlər. Belə olan halda nəzr etməklə muhrim olduqdan və ya Cuhfəyə gedib orada ehram bağladıqdan sonra Mədinəyə getmək üçün ona icazə verərlərsə, öz ehramından üdul etməsi və Məsciduş-şəcərədə muhrim olması caizdirmi? Caiz olmadığı təqdirdə həmin şəxs öz ehramından üdul edərsə, vəzifəsi nədir?

Cavab: Ehramı düzgün şəkildə bağladıqdan sonra ondan üz döndərmək (üdul etmək) caiz deyildir. Əgər məsələni bilmədiyinə görə ehram paltarından çıxarsa və ya tikili paltar geyinərsə və yaxud da ehramın haram əməllərindən başqa birinə mürtəkib olarsa, kəffarə ona vacib deyildir. Lakin ehtiyata əsasən xoş iyli yağlardan istifadə edilən halda kəffarə vardır.

Sual 109: Miqata çatmamışdan öncə ehram bağlayacağı halda çarəsizlikdən haram olan kölgədə dayanmaq kimi bir əmələ mürtəkib olacağını bilən bir şəxsin nəzr etməklə muhrim olması səhihdirmi?

Cavab: Bu hal mübahisəli və işkallı bir durumdur.

Sual 110: “Həccin ibadətləri” kitabında buyumusunuz ki, heyzli və bu kimi qadınlar üçün Məsciduş-şəcərədən kənarda da ehram bağlamaq caizdir. Görəsən belə bir qadın məscidə daxil olub orada muhrim olarsa, ehramı səhihdirmi?

Cavab: Əgər məsciddən keçən halda, yəni bir qapıdan daxil olub digər qapıdan çıxdığı bir halda muhrim olmuşdursa, səhihdir. Daha doğrusu hər bir halda ehramı səhihdir.

Ehramın hökmləri:

Sual 111: Namazın qiraətində olan hərəkə ilə vəqf etmək və sükunla vəsl etmək kimi şeylərdə ehtiyatı qorumaq, ləbbeykləri deməyə də aiddirmi?

Cavab: Bəli oraya da aiddir, lakin bizim fikrimizcə bu ehtiyatı gözləmək müstəhəb bir əməldir.

Sual 112: Bir şəxs miqatda təlbiyə deməyi unudur və Məkkəyə çatıncaya qədər ləbbeyk demək yadına düşmür. Belə şəxsin vəzifəsi nədir?

Cavab: Əgər miqata qayıdıb orada muhrim olmağa gücü çatarsa, qayıtmaq ona vacibdir. Əgər qayıtmağı bacarmazsa, “Həccin hökmləri” kitabının 169-cu məsələsində qeyd olunduğu kimi bu hökmün bir neçə forması vardır və oraya müraciət edin.

Sual 113: Həcc və ya ümrə etmək üçün başqasının naibi olan bir şəxsin nəzr etməklə miqatdan öncə muhrim olması caizdirmi? Yoxsa naib olan bir şəxs məhz miqatda ehram bağlamalıdır?

Cavab: Naib olan bir şəxsin miqatdan öncə nəzr etməklə muhrim olması caizdir.

Sual 114: Öz vacib həccini yerinə yetirmiş bir şəxs üçün bir daha həccə getmək imkanı yaranmışdır. Birinci həccinə xələl gəldiyi halda bu həcci ondan əvəz olsun deyə və ya birinci həcci düzgün olduğu halda bu həcci müstəhəb sayılsın deyə sözü gedən ikinci həccin niyyəti necə olmalıdır?

Cavab: Vacib və ya müstəhəb həcc olduğunu bilmədiyi halda həmin şəxs, hal-hazırda boynunda olan əmri və ya hökmü yerinə yetirmək niyyətini etməlidir.

Sual 115: Əgər hacı iki vüqufdan sonra təlbiyəsinin səhih şəkildə olmadığından agah olarsa, vəzifəsi nədir?

Cavab: Əgər o zaman həmin mümkün olan şəkildə ləbbeyk desə və tələffüzündəki səhfi xalqın nəzərində onu ləbbeyk adlandırmayacaq həddə olmazsa, eybi yoxdur. Əgər belə olmazsa (tələffüzündəki səhfi aşkar olarsa), elə həmin yerdə bir daha ləbbeyk deməlidir və həcci də səhihdir.

Sual 116: Görəsən ehram halında tikili paltarlardan özünü qorumaq qadınlara da vacibdirmi? Yoxsa onlar öz adi paltarları ilə də muhrim ola bilərlər?

Cavab: Onların öz adi paltarları ilə muhrim olması caizdir.

Sual 117: Ehram halının sona çatmasından sonra muhrim olmuş bir şəxsin “rədanı” öz çiynindən atması və yalnız “izarla” qalıb bu halda əməlləri yerinə yetirməsi caizdirmi?

Cavab: Caizdir.

Sual 118: Hacılara yol göstərmək işi ilə məşğul olan bələdçilər çox vaxt sallaqxanada qalırlar. Onların ehram paltarları qan və ya başqa bir şeylə nəcis olduğu halda təcili olaraq dəyişmələri və ya onları pak etmələri lazımdırmı?

Cavab: Bəli, ehtiyata əsasən onu dəyişməsi və ya pak etməsi lazımdır.

Sual 119: Müstəhəb həcc etmək niyyəti olan bir şəxs ehram vaxtı səhfə yol verərək hiccətul-islamı yerinə yetirmək niyyəti edərsə, nə etməlidir və vəzifəsi nədir?

Cavab: Hiccətul-islamın bütün şərtləri onun üçün hasil olmamışdırsa, onun həcci hər bir halda müstəhəb hesab olunur.

Sual 120: Miqatda muhrim olmaq daha fəzilətlidir, yoxsa ondan öncə nəzr etməklə ehram bağlamaq?

Cavab: Miqatda muhrim olmaq daha fəzilətlidir.

Sual 121: Əgər bir qadın miqatdan öncə nəzr etməklə muhrim olmaq istəyərsə, görəsən ərinin icazəsi olmadan bu nəzr səhih hesab olunurmu?

Cavab: Bu nəzr təməttö haqqı ilə olub ərinin də onunla bir ziddiyyəti olmazsa (məsələn, bu müddətdə ondan uzaq qalmasına narazı olmazsa) və ya bu həcc onun boynunda vacibdirsə (hiccətul-islam kimi) və yaxud izdivacdan öncə nəzr etməklə həcc onun boynuna vacib olmuşdursa və miqatdan öncə nəzr etməkdən başqa muhrim olmağın bir yolu yoxdursa, onun nəzri səhihdir. Bu qeyd olunan hallardan başqa durumlarda onun nəzrinin səhihliyi ərinin icazəsinə bağlıdır.

Sual 122: Ümrə və ya həcc üçün muhrim olmuş bir şəxsin öz ehramından üdul etməsi (üz döndərməsi) və ibadətləri yerinə yetirməməsi caizdirmi?

Cavab: Bu cür etməsi caiz deyildir. Əgər təməttö ümrəsində və ya həccində bu cür üdul edərsə və onların hər ikisinin müəyyən olunmuş vaxtı qurtarana kimi ibadətləri yerinə yetirməzsə, ehramı batildir. Amma bu hal müfrəd ümrədə baş verərsə, ibadətləri yerinə yetirməkdən başqa heç bir şəkildə ehramdan çıxmaq olmur.

Sual 123: Aylıq adəti muztəribe (adətinin nə vaxtı, nə də günlərinin sayı bilinməyən qadın) olan bir qadın muhrim olmamışdan öncə qan görmüşdür. Bu qadın, təməttö ümrəsini edə bilməsi və ya bu ümrə üçün ehram bağlamasından dolayı ərəfə gününə kimi qanının kəsiləcəyini və ya kəsilməyəcəyini bilmirsə (beləki ərəfə gününə kimi qanının kəsilmədiyi halda ifrad həcci üçün muhrim olmalıdır), onun vəzifəsi nədir?

Cavab: Allahın nəzərində ona vacib olan əməli yerinə yetirmək niyyəti ilə muhrim olmaq kifayətdir.

Sual 124: Əgər bir qadın ləbbeyki və ya təvaf namazının qiraətini naməhrəm birinin onu eşidəcəyi tərzdə ucadan deyərsə, əməli batil olurmu?

Cavab: Batil olmur.

Sual 125: Əgər bir şəxs miqat olduğunu güman etdiyi bir yerdə muhrim olarsa və ibadətlərdən bir qismini etdikdən sonra həmin yerin miqat olmadığını bilərsə, nə etməlidir?

Cavab: Həyata keçirmiş olduğu şeyə etina etməməlidir. Bu şəxsin hökmü miqatda muhrim olmağı cəhalət üzündən tərk etmiş şəxsin hökmü kimidir və onun vəzifəsini “Həccin ibadətləri” kitabının 169-cu məsələsində qeyd etmişik.

Sual 126: Əgər bir mükəlləf təməttö həcci üçün muhrim olmağı unudarsa və ya onun vacib olmasının hökmünü bilməzsə, beləki Ərəfat və ya Müzdəlifədəki vüqufdan sonra öz səhfini başa düşərsə, bu halda onun vəzifəsi nədir?

Cavab: Əgər Ərəfatda olduğu zaman muhrim olmadığı yadına düşərsə və ya məsələnin hökmündən agah olarsa, beləki Məkkəyə qayıdıb orada muhrim olmağa gücü çatarsa, qayıtması vacibdir. Əgər vaxtın azlığı və ya başqa bir üzr səbəbi ilə Məkkəyə qayıtmağı bacarmazsa, dayandığı yerdə muhrim olmalıdır və həcci səhihdir. Həmçinin Müzdəlifədə olduğu zaman muhrim olmadığı yadına düşərsə və ya məsələnin hökmündən agah olarsa, Məkkəyə qayıdıb orada ehram bağlamağa gücü çatsa da belə dayandığı yerdə muhrim olmalıdır.

Ehramın muhərramatı:

a) Ov etmək:

Sual 127: Ehram halında olarkən kərtənkələ, əqrəb və ilan öldürmək caizdirmi?

Cavab: Əqrəbi və hər cür pis ilanı öldürmək muhrim üçün caizdir. Amma kərtənkələni öldürmək caiz deyildir.

Sual 128: Əgər muhrim olan şəxs bir heyvanı öldürərsə və hökmü bilmədiyinə görə və yaxud bilərəkdən onu Hərəmdən kənara apararsa, həmin heyvanı Hərəmə qaytarıb gətirmək ona vacibdirmi?

Cavab: Bəli, həmin heyvanı Hərəmə qaytarmaq ona vacibdir.

b) Zövcəsi ilə mazaqlaşmaq:

Sual 129: Muhill olan bir şəxsin (ehram bağlamamış bir insanın) öz muhrim olan zövcəsindən öpmək və əl vurmaq kimi cimadan başqa ləzzətləri alması caizdirmi?

Cavab: Zahirə əsaslanaraq deyə bilərik ki, caizdir.

c) Ətir:

Sual 130: Muhrim olan bir şəxs, xoş iyli olmayan sabun və şampundan və yaxud da onların az miqdarda qoxusu olan növlərindən istifadə edə bilərmi?

Cavab: Birinci halda onlardan istifadə etmək caizdir, amma ikinci halda ehtiyata əsasən onlardan qorunmaq lazımdır.

Sual 131: Görəsən xoş iyli siqaret çəkmək muhrim şəxsə caizdirmi?

Cavab: Ehtiyata əsasən onlardan qorunmaq lazımdır.

d) Tikili paltarların geyinilməsi:

Sual 132: Ev ayaqqabısı və yaxud tikili ayaqqabı geyinmək muhrim şəxsə caizdirmi?

Cavab: Caizdir, lakin ayağın üstünü bütünlüklə örtən ayaqqabının geyinilməsi caiz deyildir.

Sual 133: Əgər zərurət üzündən başını örtmək muhrim şəxs üçün caiz olarsa, başına qoyacağı şeyin tikili olmaması şərtdirmi?

Cavab: Xeyr, lakin ehtiyata əsasən həmin şey əmmamə və ya papaq olmamalıdır.

Sual 134: Muhrim olan bir şəxsin öz əzarını (xüsusi libas) və ya öz bədəninin ortasını tikili olmayan parçadan hazırlanmış kəmərlə bağlaması caizdirmi?

Cavab: Məkruh olmasına baxmayaraq caizdir.

Sual 135: Ehramın iki parçasının kənarları tikili olarsa, muhrim şəxsin onu geyinməsi caizdirmi?

Cavab: Eybi yoxdur.

Sual 136: Muhrim olan bir şəxs öz rədasının iki tərəfini bir-birinə bağlaya və yaxud iynə ilə onları saxlaya (bərkidə) bilərmi?

Cavab: Caizdir, lakin ehtiyata əsasən rədanı düyünləmək caiz deyildir.

e) Yağ vurmaq:

Sual 137: Bəzən muhrim olan bir şəxsin çarəsizlik üzündən mualicə məqsədi ilə özünə yağ çəkməsi lazım olur. Belə olan halda onun boynuna kəffarə gəlirmi?

Cavab: Əgər həmin yağ xoş iyli olmazsa, kəffarə yoxdur.

f) Bədənin tükünü təmizləmək:

Sual 138: Muhrim olan bir şəxs öz bədəninin tükünü başqa bir şəxsin təmizləməsinə icazə verərsə, onun boynuna kəffarə gəlirmi?

Cavab: Bəli, tükün təmizlənməsinə özü səbəb olduğu halda kəffarə vardır.

Sual 139: Muhrim olan bir şəxs başqasının saçını təraş edərsə və ya başqasının tükünü azaldarsa, onun boynuna kəffarə vacib olurmu?

Cavab: Vacib olmur.

h) Kişilərin öz başını örtməsi:

Sual 140: Muhrim bir kişinin başının bir hissəsi tas və görkəmsiz olarsa və bu kişi də o hissənin aşkara çıxmasından xəcalət çəkərsə, başını örtməsi caizdirmi? Görəsən belə edərsə, kəffarəsi vardırmı?

Cavab: Əgər onu aşkara çıxarmaq həmin kişi üçün vəzifəsini saqit edəcək (qüvvədən salacaq) şəkildə çətin və ağır bir hal olarsa, paltar hesab olunmayan bir şeylə onu örtməsi caizdir və güclü nəzərə əsasən belə olan halda kəffarə yoxdur. Amma həmin kişinin halı deyilən şəkildə olmazsa, başını örtməsi caiz deyildir və əgər başını örtərsə, ehtiyata əsasən bir qoyun kəffarə verməlidir.

Sual 141: Əgər bir kişi zərurət üzündən (öncəki sualda deyildiyi kimi) və ya heç bir zərurəl olmadan süni tüklə muhrim olarsa, vəzifəsi nədir?

Cavab: Əgər zərurət üzündən olarsa, eybi yoxdur. Lakin zərurət üzündən olmamışdırsa, ehtiyata əsasən bir qoyun kəffarə verməlidir.

Sual 142: Muhrim olan bir şəxsin öz əlini üzünə qoyması caizdirmi?

Cavab: Bəli caizdir. Həmçinin üzünü başqa bir şeylə örtməsi də caizdir.

Sual 143: Muhrim olan şəxsin başını dəsmal və ya bu kimi şeylə qurutması caizdirmi?

Cavab: Caiz deyildir, həmçinin ehtiyata əsasən dəsmalı başa çəkmək və ya qoymaq şəklində bir iş görməkdən də qorunmaq lazımdır.

Sual 144: Muhrim olan şəxsin öz başını hamam duşunun və ya bu kimi bir şeyin altında yuması caizdirmi?

Cavab: Caizdir.

Sual 145: Muhrim olan şəxsin öz başını balışa qoyması caizdirmi? Nəzərə almalıyıq ki, bu işi görmək təbii olaraq başın bir hissəsinin örtülməsi ilə nəticələnir.

Cavab: Caizdir.

j) Qadınların öz üzünü örtməsi:

Sual 146: Muhrim olan bir qadının öz üzünü dəsmalla qurulaması caizdirmi?

Cavab: Ehtiyata əsasən bu işi görməməlidir. Hətta dəsmalı üzə çəkmək və ya qoymaq şəklində olsa və bütün üzü örtməsə də belə bu işi görməməlidir.

Sual 147: Muhrim olan qadının öz üzünü və əllərini (biləyə qədər) naməhrəm kişilərin qarşısında aşkar etməsi caizdirmi?

Cavab: Bəli. Əgər haram işin baş verməsindən və bir kişinin haram baxışa sövq olunacağından qorxu olmazsa, muhrim (və ya muhrim olmayan) qadının öz üzünü və əllərini (biləyə qədər) açması caizdir.

Sual 148: Əgər muhrim olan bir qadın ehram halında öz üzünü naməhrəm bir kişidən örtərsə və həmin örtük onun üzünə yapışarsa, bunun kəffarəsi vardırmı?

Cavab: Belə olan halda kəffarə yoxdur.

Sual 149: Muhrim olan bir qadın üz örtüyünü çıxarmaq istəyərsə və bu iş onun üzünün örtülməsinə səbəb olarsa, bunun kəffarəsi vardırmı?

Cavab: Xeyr.

Sual 150: Muhrim olan qadının üzü üstə yatması və bununla da üzünün örtülməsinə səbəb olması caizdirmi?

Cavab: Caizdir.

g) Kölgədə dayanmaq:

Sual 151: Üstü açıq maşınlarda stulun üzərinə oturan bir şəxsin arxasında və günəşin müqabilində bir maneə yaranır. Görəsən muhrim olan şəxsin belə bir iş görməsi, ona haram olan kölgədə dayanmaq əməlindən qorunması ilə ziddirmi?

Cavab: Qeyd olunan cəhətdən bir ziddiyyəti yoxdur.

Sual 152: Varlığı ilə yoxluğunun eyni olmasına şəkk edilən (yəni çox nazik olan) bir çətirdən istifadə etmək caizdirmi?

Cavab: Caizdir. Lakin şəkdən öncə onun kölgəlik yaradan bir çətir olmasını hesab etdiyiniz halda caiz deyildir.

Sual 153: Muhrim bir insan hərəkət etdiyi zaman başqa bir şəxs onun üzərinə kölgə salarsa, kəffarə həmin şəxsin boynuna gəlir, yoxsa muhrim olan insanın öhdəsindədir? Yaxud kəffarə heç birinin boynuna gəlmir?

Cavab: Əgər muhrim olan şəxsin özünü kənara çəkməyə və özünü qorumağa gücü çatırdısa və o, buna görə heçnə etməmişdirsə, kəffarə elə muhrim şəxsin boynundadır və digər şəxsin öhdəsində deyildir.

Sual 154: Muhrim olan şəxs bir müddət kölgədə qalmağa məcbur olarsa, bu icbari hal aradan qalxdıqdan sonra ehram halında yenə də kölgədə qalması caizdirmi?

Cavab: İcbari halın aradan qalxmasından sonra yenə də kölgədə qalmaq caiz deyildir. Lakin yenidən kölgədə qalarsa, başqa bir kəffarə onun boynuna gəlməyəcəkdir.

Sual 155: Muhrim olan bir şəxs Məkkəyə daxil olmuş və ehramdan çıxmamışdan öncə onun istirahəti üçün nəzərdə tutulmuş evə getmişdir. Belə olan halda bu muhrim şəxsin öz ibadətlərini yerinə yetirmək üçün Məscidul-hərama tavanlı avtobusla getməsi caizdirmi?

Cavab: Ehtiyat-vacibə əsasən caiz deyildir.

Sual 156: Öncəki sualda fərz olunmuş bir halda muhrim şəxs, kölgədə dayanmağın haram olması hökmünü bilmədiyinə görə kölgədə dayanarsa, bunun kəffarəsi vardırmı?

Cavab: Hökmü bilmədiyi bir halda kölgədə dayanmağa görə onun boynuna kəffarə gəlmir.

Sual 157: Əgər bir neçə dəfə kölgədə dayananılmışdırsa, onun kəffarəsi də həmin miqdara uyğundurmu?

Cavab: Güclü nəzərə əsasən bir ehramda (kölgədə dayanmağa görə) yalnız bir kəffarə vardır.

Sual 158: Muhrim olan bir şəxsin yaşayış binalarında quraşdırılmış elektrik liftlərindən istifadə etməsi caizdirmi?

Cavab: Caizdir.

Sual 159: Muhrim kişilər qadınlarla birgə gündüz vaxtı tavanlı maşında yol gedərlərsə, kəffarə vacib olurmu?

Cavab: Bəli, kölgədə dayanmağa səbəb olduğu halda kəffarə vacibdir.

Sual 160: Muhrim olan bir şəxs soyuqdan, istidən və küləkdən özünü gizlətməyi caiz hesab etməyən bir müctehidə təqlid etdiyi halda özünü gizlətmiş və həmin müctehidin nəzərində bu şəxsin boynuna kəffarə gəlmişdir. Həmin müctehidin dünyasını dəyişməsindən öncə bu şəxs soyuqdan, istidən və küləkdən özünü gizlətməyi caiz hesab edən başqa bir müctehidə rücu edir (keçir). İkinci müctehidin vəfatından sonra da sizə rücu etmişdir. İndi onun vəzifəsi nədir? Soyuq, isti və bu kimi şeylərdən özünü gizlətdiyi üçün birinci müctehidin zamanında boynuna gəlmiş kəffarə barədə onun vəzifəsi nədir?

Cavab: Əgər bu şəxs ikinci müctehidin təqlidində qalmışdırsa, kəffarə yoxdur. Əgər birinci müctehidi ələm (bizim nəzərimizdə ələm müctehidin təqlidində qalmaq vacibdir) bildiyi üçün ona rücu etmişdirsə, bu halda kəffarə onun boynunda sabitdir.

Sual 161: Gecə vaxtı və ya iki tulu arasında (sübh namazı vaxtı) çətir və ona bənzəyən şeylərdən istifadə etmək caizdirmi?

Cavab: Caizdir. Əgər  göy üzü yağışlı olan halda ehtiyat-vacibə əsasən caiz deyildir.

Sual 162: Üstü açıq maşınlarda yol getməklə muhrim şəxsin bir tərəfi və cüzi bir hissəsi örtülərsə, bu işi görmək caizdirmi?

Cavab: Əgər onun bu işi xalqın nəzərində özünü günəş işığından qorumaq kimi hesab olunmazsa, caizdir. Eyni zamanda qeyd etməliyik ki, maşının kənarları qısa (kənarların hündürlüyü kiçik) olarsa və muhrim şəxsin baş və sinəsi örtülməzsə, bu hal xalqın nəzərində özünü günəş işığından qorumaq hesab olunmur.

Sual 163: Bir şəxs özünü soyuq, isti və bu kimi şeylərdən gizlətməyi haram hesab edən bir müctehidin müqəllidi idi. Bu müctehidin vəfatından sonra həmin şəxs başqa bir müctehidə rücu edir və ikinci müctehid günəş və yağışdan başqa heç bir şeydən özünü gizlətməyi haram hesab etmir. Həmin şəxs bir müddət ikinci müctehidin fətvasına əməl edir və sonra bu ikinci müctehid də dünyasını dəyişir. Həmin şəxs sizə müraciət edir və sizin də nəzərinizə əsasən bu üç müctehidin ələminə təqlid etmək vacibdir. Həmin şəxsin nəzərində birinci müctehid ələm olduğu halda soruşub bəzi hökmləri öyrənmək istəyir:

Birinci: Birinci müctehidin fətvasına uyğun əməl etdiyi halda çətinlik və məşəqqətlə qarşılaşacağına görə məhz bu məsələdə ikinci müctehidə təqlid etməkdə qala və yaxud sizə rücu edə bilərmi?

Cavab: Bizim nəzərimizə əsasən belə edə bilməz.

İkinci: Bu məsələdəki hər iki müctehidin fətvasını bilən və onların zəkasından agah olan bir qrup xəbərdar şəxs, təzlil (kölgədə dayanmaq) məsələsində ikinci müctehidin ələm olduğuna şəhadət verərlərsə, görəsən bu şəxs onların şəhadətinə əsaslanaraq sözü gedən məsələdə ikinci müctehidin təqlidində qala bilərmi?

Cavab: Ələmlikdə şərt olan həqiqət bir məsələ ilə əlaqədar deyildir, əksinə bütün məsələlərlə bağlı olan bir növü təşkil edən həqiqətdir. Məhz bir qrup xəbərdar şəxsin sözü ilə ələm olmayan müctehidin fətvasını ələm müctehidin fətvasından üstün tutmaq düz deyildir və həmin qrupun nəzərinin ələm olmayan müctehidlə uyğun olması yalnız bu məsələyə məxsusdur. Yəni bu uyğunluq sözü gedən məsələdə ələm olmayan müctehidi ələm müctehiddən üstün tutmağa səbəb ola bilməz. Nəticə etibarı ilə ziddiyyət zamanı müraciət olunan xəbərdar şəxslərin görüşü tək-tək məsələlərə aid deyildir, əksinə bütün məsələlərin növünə diqqət yetirmək və bu növün üstünlüyünü mülahizə etməkdir. Odur ki, hansı müctehid məhz bu növ cəhətindən ələm olarsa, həmin növdə olan bütün fətvaları höccətdir və bəzi məsələlərdə onun xətası müəyyən olunmayana kimi bütün fətvalara əməl etmək lazımdır.

Üçüncü: Birinci müctehidin fətvasının istinadını təhqiq edən bir qrup xəbərdar şəxslərin araşdırmasından sonra məlum olur ki, birinci müctehid bu məsələ ilə əlaqədar fətvasında xətaya yol vermişdir. Bu şəxslərin şəhadətinə söykənərək həmin müctehidin müqəllidi olan bir insan kölgədə dayanmaq məsələsində başqa bir müctehidə keçə bilərmi?

Cavab: Əgər bu yolla təqlid etdiyi müctehidin xəta etdiyinə arxayın olarsa, ələmliklə bağlı tərtibə riayət edərək həmin fətvaya əməl etməməsi və başqa bir müctehidə rücu etməsi caizdir. Lakin ümumi şəkildə müqəllid olan bir şəxs, ələm müctehidin bu məsələdəki fətvasının istinadındakı səhfi xəbərdar şəxslərin vasitəsi ilə əldə edərək necə arxayın ola bilər?! Əlbəttə ələm müctehidin xətasını qeyd olunan şəkildə təyin etməyi bacaran xəbərdar şəxslərin sözü ilə və onların xəbər verməkdə etimadlı şəxslər olmasına söykənməklə arxayınlıq əldə etmək mümkündür.

Dördüncü: Fərz edək ki, bu məsələdə birinci müctehidin təqlidində qalmaqdan başqa bir yol yoxdur. Belə olan halda kölgədə dayanmaq məsələsində bir müddət təqlid etmiş olduğu müctehidin rəyinə əməl etdiyi üçünbu müqəllid şəxsin boynuna kəffarə gəlirmi?

Cavab: Onun boynuna kəffarə gəlmir.

k) Bədəndən qan çıxarmaq:

Sual 164: Muhrim olan bir şəxs başqasına ampul (iynə) vura bilərmi? Bu işi görmək digər şəxsin bədənindən qan çıxmasına səbəb olacaqsa, hökmü nədir?

Cavab: Caizdir, lakin digər şəxs də muhrim olarsa, bu işi tərk etmək ehtiyat-müstəhəbdir.

Sual 165: Muhrim olan bir şəxs özünə ampul vuracağı halda bədənindən qan çıxacağını bilirsə, bu işi görməsi caizdirmi?

Cavab: Ehtiyata əsasən caiz deyildir. Zərurət və çarəsizlik halı isə istisnadır.

Sual 166: Muhrim şəxsin öz qanını başqasına bağışlaması caizdirmi?

Cavab: Ehtiyata əsasən muhrim şəxsin öz bədənindən qan çıxarması caiz deyildir. İstər bu qan çıxmaya özü birbaşa səbəbkar olsun, istərsə də dolayı yolla qan çıxarmaya səbəb olmaq caiz deyildir. Zərurət və çarəsizlik halında bu işi görmək isə istisnadır.

p) Dırnaq tutmaq:

Sual 167: Muhrim olan bir şəxsin başqasının (istər muhrim olsun, istərsə də muhil) dırnağını tutması caizdirmi?

Cavab: Hər iki halda caiz olması uzaq nəzər deyildir. Amma ikinci halda bu işi tərk etmək ehtiyata uyğundur.

q) Diş çəkmək:

Sual 168: Muhrim olan bir şəxsin başqasının dişini çəkməsi caizdirmi?

Cavab: Caizdir.

Kəffarələrin hökmləri:

Sual 169: Bir hacının boynuna kəffarə gəlmişdir. Məkkə və Minada qoyunun qiymətinin baha olmasından dolayı onu kəsməyi öz şəhərinə qayıdacağı vaxta kimi təxirə salması caizdirmi?

Cavab: Məkkə və Minada kəffarə vermək qiymətlərin qalxması səbəbi ilə çətin və ağır olarsa, onu öz şəhərinə qayıdacağı vaxta kimi təxirə salmaq caizdir. Əgər orada kəffarə vermək çətin və ağır olmazsa, ov etmənin kəffarəsini (və ehtiyata əsasən digər kəffarələri də) təxirə salmaq caiz deyildir.

Sual 170: Öncəki sualda fərz olunmuş və qurbanı təxirə salmağın hacıya caiz olmadığı bir halda müəyyən bir üzr səbəbi ilə və ya heç bir üzr olmadan onu təxirə salarsa, belə olan halda öz şəhərində qurban kəsməsi onun üçün kifayət edəcəkmi? Yoxsa başqa bir şəxsi naib tutması və növbəti ildə olsa da belə Minada və ya Məkkədə qurbanlıq kəsdirməsi ona vacibdir?

Cavab: Öz şəhərində qurban kəsməsi kifayətdir.

Sual 171: “Həccin ibadətləri” kitabında buyurmusunuz ki, kəffarənin xərcləndiyi yerlər fəqir və miskin şəxslərdir. Əgər hacı Məkkə və ya Minada öz qurbanlığını bağışlamağa fəqir tapa bilməzsə, belə olan halda məhz orada qurban kəsməsi vacibdirmi? Əgər belə edərsə, qurbanlığın ətini nə etməlidir?

Cavab: Əgər həmin şəxsin fəqir bir nəfər tapıb onu vəkil seçməsi və həmin fəqirin də kəffarəni qəbul edib satmaq, hədiyyə etmək, bağışlamaq və bu cür yollarla onu təsərrüf etməsi mümkün olarsa, belə etməsi vacibdir. Əgər bu işi görmək onu üçün mümkün olmazsa, qurban kəsməyi öz şəhərinə qayıdacağı vaxta kimi təxirə salması caizdir.

Sual 172: Əgər hacı öz kəffarəsini Məkkə və ya Minada əda etdikdən sonra qurbanlığını sədəqə vermək üçün bir fəqir tapmazsa və onu tələf oluncaya kimi boş buraxarsa, görəsən bu hacı onun qiymətini fəqirlərə verməyə zamindirmi (borcludurmu)?

Cavab: Bəli, ehtiyata əsasən qurbanı kəsdikdən sonra onun qiymətinə zamindir.

Sual 173: Öncəki sualda qeyd olunan məqsədlə kəsilən qoyunun qurbanlıq şərtlərinə sahib olması vacibdirmi?

Cavab: Vacib deyildir. Lakin o şərtlərə sahib olması ehtiyata uyğundur.

Təvafın hökmləri:

Sual 174: Bir şəxs yeddi dəfə təvaf edib. Təvafın hər dövrünü Həcərul-əsvəddən başlamış və rukni-yəmaninin kənarında dövrü bitirmək niyyəti etmişdir. Belə olan halda onun vəzifəsi nədir?

Cavab: Təvafı batildir. Əgər bu hadisə təməttö ümrəsində və ya həccdə baş vermişdirsə və təvafın vaxtı bitənə kimi onu yenidən yerinə yetirib çatışmamazlığı aradan qaldırmağa gücü çatarsa, (belə etdiyi halda) həcci səhihdir. Əgər belə edə bilməzsə, həcci də batildir və həccini yenidən yerinə yetirmək ona vacibdir. Ehtiyat-vacibə əsasən bir dəvə də kəffarə olaraq kəsməlidir.

Sual 175: Əgər bir mükəlləf təməttö ümrəsində unutqanlıq üzündən təvaf etməsə və ya yeddi dövrdən az yerinə yetirərsə və Ərəfatda olduğu zaman yadına düşərsə, nə etməlidir?

Cavab: Məkkəyə qayıtdıqdan sonra onun qəzasını etməlidir. Əgər unutduğu dövrlərin sayı üç və ya ondan daha az olarsa, həmin miqdarı yerinə yetirməlidir və əgər unutduğu dövrlərin sayı üçdən çox olarsa, həmin miqdarı yerinə yetirməli və təvafı tamamladıqdan sonra ehtiyat-vacibə əsasən onu bir daha həyata keçirməlidir.

Sual 176: Bir şəxs təvaf halında olduğu zaman Həcərul-əsvədi öpür və oradan ayrıldıqdan sonra çatmış olduğu (təvafın dövrünü saxladığı) yerdən davam etməsi ilə oradan bir az keçməsi arasında şəkk edir. Onun vəzifəsi nədir?

Cavab: Təvafını tamamlasın və başqa heç bir şey ona vacib deyildir.

Sual 177: Əgər təvaf etmək istəyən bir şəxs mətafın (təvaf olunan məkanın) müəyyən bir yerində şiddətli izdihama görə öz ixtiyari hərəkətini itirəcəyini öncədən bilərsə, nə etməlidir? Görəsən təvafın niyyətini piyada və ya süvari halda yerinə yetirməkdən daha ümumi şəkildə edə bilərmi? Yəni təvafın həmin hissəsini süvari halda yerinə yetirməyi niyyət edə bilərmi?

Cavab: Əgər izdihamın şiddəti onun ixtiyarını tamamilə aradan aparmazsa, işkalı yoxdur. Lakin belə olmadığı halda təvafını tam olaraq öz ixtiyarı və iradəsi ilə yerinə yetirə biləcəyi zamanda həyata keçirməlidir. Sualda qeyd olunmuş niyyətin isə heç bir mənası və təsiri yoxdur.

Sual 178: Müstəhəb təvafın dövrlərini neçə nəfərin arasında bölmək caizdir? Yəni bu bölgü birinci təvafın Zeydə, ikinci dövrü Əmrə  və.... tapşırmaq kimi olacaqdır.

Cavab: Bunun bir eybi yoxdur. Lakin dövləri bir neçə nəfərin arasında bölünmüş bir təvafın niyyətini etməməlidirlər, əksinə bir neçə nəfər arasında müştərək olan bir təvafın niyyətini etməlidirlər və yaxud da hər bir dövrü birbaşa həmin şəxsin niyyəti ilə yerinə yetirməlidirlər.

Sual 179: Bir şəxs öz təvafını rukni-yəmanidə başlamış və orada da sona çatdırmışdırsa, onun hökmü nədir?

Cavab: Əgər onun niyyəti şəriətdə nəzərdə tutulan yerdən təvafa başlamaq olmuşdursa və sadəcə həmin yerin rukni-yəmani olduğunu zənn etmişdirsə, sonuncu dövrün azlığını (çatışmayan miqdarını) aradan qaldırmaqla onun təvafının səhih olması uzaq nəzər deyildir. Lakin belə olmazsa, təvafı batildir və onun hökmü mükəlləf şəxsin hökmü kimidir.

Sual 180: Bir şəxs rukni-yəmaninin Həcərul-əsvədolduğunu zənn edərək oradan təvaf etməyə başlayır və təvaf etdiyi zaman vəziyyəti başa düşüb təvafını Həcərul-əsvəddə bitirir. Onun təvafı səhihdirmi?

Cavab: Əgər onun öz təvafını rukni-yəmanidən başlaması tətbiqdə olan xəta kimi dəyərləndirilərsə, zahiri hökmə əsasən təvafı səhihdir.

Sual 181: Bir şəxs öz təvafının iki dövrünü Hicri-İsmailin iç tərəfindən keçərək yerinə yetirmişdir. Onun vəzifəsi nədir?

Cavab: Həmin iki dövrü yenidən yerinə yetirməlidir.

Sual 182: Bir şəxs təvafın dövrlərində şərt olan muvalatın pozulduğunu xəyal etdikdən sonra və yaxud muvalatın pozulub-pozulmadığına şəkk etdikdən sonra təvafını əvvəldən başlamış və onu yenidən yerinə yetirmişdir. Görəsən onun əməli səhihdirmi?

Cavab: Səhihdir.

Sual 183: Təvaf edən bir şəxs mətafdan bir neçə addım “Şadərvana” tərəf getmişdir. Bu şəxs getdiyi miqdarı dəqiq şəkildə bilmədiyinə görə və xələl gəlmiş dövrün əvəzindəki çatışmamazlığı aradan qaldırmaq üçün ayrıca bir dövr də təvaf edərsə, onun əməli səhih hesab olunurmu?

Cavab: Əgər həmin şəxs bu işi cahili-müqəssir olaraq etməmişdirsə (yəni üzrlüdürsə), təvafının səhihliyinə bir zərəri yoxdur. Lakin bu işi üzrsüz halda etmişdirsə, ehtiyat-vacibə əsasən təvafı səhih deyildir.

Sual 184: Əgər təvaf edən bir şəxs özünün birinci dövründəki məsafəni ixtiyarsız olaraq qətt etdiyini təvafın beşinci dövründə anlayarsa, nə etməlidir?

Cavab: Əgər onun ixtiyarı tam şəkildə aradan getməmişdisə, işkalı yoxdur və əgər belə olmazsa, birinci dövrü ləğv olunmuş hesab ediləcəkdir (yəni birinci dövrü nəzərə almamalıdır).

Sual 185: Əgər bir şəxs vacib təvafı yeddi dövr etməklə həyata keçirəcəyini niyyət etdikdən sonra təbərrük qəsdi ilə ona bir dövr də əlavə edərsə, onun hökmü nədir?

Cavab: Belə bir dövrün onun təvafına zərəri yoxdur.

Sual 186: Əgər təvaf edən bir şəxsin sonuncu dövründə ondan bir hədəs (dəstəmazı batil edən bir səbəb) baş verərsə və bu şəxs də mətafdan kənara çıxıb təharətini bərpa etdikdən sonra oraya qayıdaraq təvafı əvvəldən başlayarsa, onun əməli səhih hesab olunurmu?

Cavab: Əgər xalqın nəzərində muvalatın pozulmasından sonra təvafı əvvəldən başlayarsa, onun əməli səhihdir və əgər belə olmazsa, ehtiyat-vacibə əsasən onun əməli səhih deyildir. Bu hökmlər hədəsin ixtiyarsız olaraq baş verdiyi hallara aiddir.

Sual 187: Əgər təvaf edən bir şəxs özünün bir dövrünün bəzi addımlarını ixtiyarsız etdiyinə arxayın olduqdan sonra təvafı bitirmiş və sonuncu dövrdən sonra bir dövr də ona artırmışdır. Onun belə bir təvafının hökmü nədir?

Cavab: Ehtiyat-vacibə əsasən səhih deyildir. Lakin təvaf edən şəxsin cahili-qasir (yəni üzrlü) olduğu hal isə istisnadır.

Sual 188: Əgər təvaf edən bir şəxs yerinə yetirməkdə olduğu dövrə xələl gəldiyini ehtimal verərək onu tərk edərsə (boşlayarsa) və Həcərul-əsvəddən təzə dövrə başlayarsa, onun hökmü nədir?

Cavab: Əgər onun yerinə yetirməkdə olduğu dövrün səhihliyinə hökm olunurdusa və bu şəxs də onu yenidən başlamışdırsa, ehtiyat-vacibə əsasən səhih deyildir. Əlbəttə həmin şəxs bu işi bilməməzlik üzündən və ya üzrlü halda etmişdirsə, təvafı səhihdir.

Sual 189: Təvaf edən bir şəxs öz təvafının səhihliyinə şəkk edən halda və ya onun dövrlərinin sayına tərəddüd etdiyi bir vəziyyətdə təvafını sona çatdırmışdır. Sonra isə bu şəxs təvafının səhih olduğuna və dövrlərinin az deyil, əksinə çox olmasına yəqin əldə etmişdir. Belə olan halda onun əməli səhihdirmi?

Cavab: Səhihdir.

Sual 190: Bir qadın təvafda öz ərinə tabe olur. Altıncı dövrü sona çatdırdıqdan sonra onun əri mətafdan kənara çıxır və bu qadın təvafını əvvəldən başlayır. Belə etməyin hökmü nədir?

Cavab: Əgər bu qadın öz təvafını ona zidd olan bir işin baş verməsindən ( xalqın nəzərində muvalatın pozulması kimi) sonra əvvəldən etməyə başlayarsa, təvafı səhihdir. Lakin belə olmadığı təqdirdə ehtiyat-vacibə əsasən səhih deyildir. Əlbəttə məsələni öyrənməkdə və bilməkdə cahili-qasir olan üzrlü şəxslər istisnadır.

Sual 191: Təvaf edən bir şəxs onun dövrünün bir neçə addımını etmişdir. Təvafın şəri cəhətdən mötəbər şərti hesab olunan şərtlərindən bəziləri ( oradakı izdihamın şiddətli olması və ya Kəbə ilə üzbəüz qalmaq kimi başqa bir üzr və yaxud öz ixtiyarını birbaşa itirməsi və yaxud da “Şadərvandan” yuxarıya çıxmaqla) pozularsa, aşağıdakı hallarda onun vəzifəsi nədir?

Birinci: Əgər (təvafına) bir xələl gəldiyi zaman onu başa düşərsə, hökmü nədir?

Cavab: Qayıtmalı və təvafına xələl gəldiyi miqdarı yerinə yetirməlidir (çatışmamazlığı aradan qaldırmalıdır) və təvaf qəsdi etmədən oraya qayıdıb həmin yerdə təvaf niyyəti etməsi düzgün deyildir (yəni elə həmin yerə qayıtdığı zaman təvaf niyyəti etməlidir). Əlbəttə izdihamın şiddətinə görə qayıtmağı bacarmazsa, təvaf niyyəti etmədən Həcərul-əsvədə getməli və oradan təzə dövrə başlamalıdır.

İkinci: Təvaf edən şəxs öz təvafına xələl gəldiyi zaman onu anlamışdır, lakin təvafını davam etdirmiş və dövrü sona çatdırmışdır. Bunun hökmü nədir?

Cavab: Əgər hökmdən xəbərsiz halda və cahili-qasir olaraq həmin dövrü sona çatdırmışdırsa, onu yenidən yerinə yetirməlidir və başqa heç bir vəzifəsi yoxdur. Əgər cahili-qasir olmadan belə etmişdirsə, ehtiyat-vacibə əsasən təvafı batildir.

Üçüncü: Həmin dövrü bitirdikdən sonra və növbəti dövrdə öncəki dövrə xələl gəldiyini anlayarsa, onun hökmü nədir?

Cavab: Xələl gəlmiş dövrünü yenidən yerinə yetirməlidir və belə etdiyi təqdirdə təvafı səhihdir.

Sual 192: Təvaf edən bir şəxs yeddi dövrü yerinə yetirdikdən sonra onun səhihliyinə şəkk etmişdir və təvaf namazını qılmamışdan öncə ehtiyat etmək məqsədi ilə onu yenidən yerinə yetirmişdir. Bu şəxsin belə etməsi onun əməlinin səhihliyinə zərər verirmi?

Cavab: Təvaf ilə onun namazı arasına ehtiyat təvafı edərək fasilə salmaq məhəlli-işkaldır (yəni mübahisəli və problemli bir haldır).

Sual 193: Bir qadın dırnağın üzərinə çəkildiyi zaman suyun çatmasına əngəl olan lakdan istifadə edir və lakın dəstəmazın səhihliyinə xələl gətirəcəyini bilmir. Belə bir vəziyyətdə də həcci yerinə yetirir. Onun həccinin hökmü nədir?

Cavab: Bu qadının həcci batildir və ehtiyata əsasən bir dəvə də kəffarə olaraq kəsməlidir.

Sual 194: Qadınların ramazan ayında və ya həcc günlərində öz adət vaxtlarını təxirə salmaq üçün istifadə etdikləri bir dərman vardır. Lakin o dərmandan istifadə olunmuş adət günlərində heyz qanının xüsusiyyətlərinə sahib olmayan kəsilmiş qan xaric olur. Bir qadının o dərmandan istifadə etməyəcəyi halda üç gündən sonra heyz qanı görəcəyini və o dərmanın istifadəsinə davam edəcəyi halda ya ümumiyyətlə qan görməyəcəyini və yaxud da kəsilmiş şəkildə qan gələcəyini bilirsə, onun hökmü nədir?

Cavab: Sualda fərz olunmuş həmin qan heyz qanının hökmünə sahib deyildir, əksinə istər heyz qanının xüsusiyyətlərinə sahib olsun, istərsə də olmasın həmin qan istihazənin hökmünə sahibdir.

Sual 195: Bir qadın özü təvaf etməsi və onun namazını qılması üçün dərman qəbul etməklə heyz qanını təxirə salmağın, həmçinin təvaf və onun namazı üçün naib tutmağın hər ikisinə eyni zamanda qadirdirsə, dərmandan istifadə etmək onun üçün lazımdırmı?

Cavab: Zərərdən uzaq olacağına əmin olduğu halda ehtiyat-vacibə əsasən dərmandan istifadə etmək lazımdır.

Sual 196: Bir şəxs on dörd dövr təvaf etməyin vacib olduğu etiqadına sahib şəkildə həmin miqdarda təvaf edir. Bu şəxs hansı hökmə sahibdir?

Cavab: Əgər cahili-qasir olarsa, təvafının səhihliyinə bir zərər gəlmir. Lakin belə deyildirsə, təvafının səhihliyi məhəlli-işkaldır (mübahisəli və problemli bir haldır).

Sual 197: Təvaf edən bir şəxs təvafındakı dövrlərindən bəzisinin batil olduğuna ehtimal verdiyi halda ehtiyata görə bir və ya iki dövr (ehtimal verdiyi azlığı aradan qaldırmaq üçün) ona əlavə edə bilərmi? Əgər belə edərsə, onun hökmü nədir?

Cavab: Əgər onun təvafının səhih olduğuna hökm olunurdusa, belə etməsi və ehtimal verdiyi azlığı aradan qaldırmaq üçün təvafına bir şey artırması caiz deyildir. Lakin bir şəxs cahili-qasir olaraq məsələni bilmədiyi üçün belə bir iş görərsə, onun təvafının səhihliyinə bir xələl gəlməz.

Sual 198: Təvaf əsnasında qadının zinət yerlərindən bəzisi (onun tükü kimi) görünərsə, onun təvafının hökmü nədir?

Cavab: Həmin qadının təvafına bir zərəri yoxdur.

Sual 199: Təvaf əsnasında yemək və içmək caizdirmi?

Cavab: Caizdir.

Sual 200: Təvafı ixtiyari şəkildə kəsmək və onu bir daha əvvəldən başlamaq caizdirmi?

Cavab: Güclü nəzərə əsasən təvafı kəsmək caizdir. Lakin vacib təvafın dördüncü dövründən sonra və ya müstəhəb təvaf zamanı təvafı kəsmək, xalqın nəzərində muvalatın pozulmasından və ya mətafdan çıxıb əzəmətli Kəbəyə daxil olmaq kimi təvafa zidd olan bir qrup işlərdən sonra olmalıdır.

Sual 201: Təvaf edən bir şəxs təvaf halında ikən camaat namazı bərpa olunduğuna görə onun təvafı kəsildi və bu şəxs əməlinin batil olduğu gümanı əsasında təvafını əvvəldən başladı. Onun bu cür əməl etməsi kifayətdirmi?

Cavab: Onun bu cür etməsinin kafi olması uzaq nəzər deyildir.

Sual 202: Təvaf edən bir şəxs təvaf əsnasında yaralanmış və onun qanı bir neçə saat davam edərək dayanmamışdır. Belə bir qandan qorunmağın onun üçün çətin olduğunu nəzərə aldığımız zaman həmin şəxsin bu halda təvafını davam etdirməsi caizdirmi? Yoxsa həmin şəxsin qan dayanana qədər səbr edib gözləməsi lazımdır?

Cavab: Əgər təvafı dərhal yerinə yetirmək zəruri hal deyildirsə və qan dayanana qədər səbr etmək onun üçün çətin olmayacaqsa, səbr etməsi ehtiyata daha uyğun olan bir əməldir.

Sual 203: Əgər bir qadın təməttö ümrəsindəki təvafının batil olduğunu bildikdən sonra aybaşı olarsa, nə etməlidir?

Cavab: Bu qadın “Həccin ibadətləri” kitabının 290-cı məsələsində hökmü qeyd olunmuş və təvaf etməmişdən öncə adəti başlayan qadının hökmünə sahibdir.

Sual 204: Heyz olacağından qorxan bir qadının yalnız həccin təvafını və onun namazını iki vüqufdan öncə yerinə yetirməsi caizdirmi? Yoxsa səy, nisa təvafı və nisa təvafının namazını da iki vüqufdan öncə yerinə yetirə bilər?

Cavab: Onların hamısını iki vüqufdan öncə yerinə yetirmək həmin qadın üçün caizdir. Lakin onun əri (cinsi ləzzətlər) və ətirlənmək Minadakı ibadətləri yerinə yetirənə kimi ona halal deyildir.

Sual 205: Yalnız ehtimal əsasında (hətta zəif ehtimal olsa belə) aylıq adətinin başlayacağını güman edən bir qadının həccin təvafını və onun namazını iki vüqufdan (Ərəfat və Məşərdəki) öncəyə salması caizdirmi? Yoxsa bu məsələdə onun ehtimalı güclü olmalıdır?

Cavab: Əgər onun ehtimalı ağıllı insanların qəbul etdiyi və qorxu halının şamil olduğu bir güman olarsa, həmin əməlləri iki vüqufdan öncə etmək üçün kifayətdir.

Sual 206: Əgər bir şəxs cünub olduğunu unudaraq cənabət halında həcc və ümrənin əməllərini yerinə yetirərsə, onun hökmü nədir?

Cavab: Həcc və ümrə üçün etdiyi təvaf və onun namazı batildir. Bu şəxsin hökmü təvafı unutmuş bir şəxsin hökmü kimidir. Əgər onun qəzasını etməyi bacararsa, özü yerinə yetirməlidir və əgər bacarmazsa, naib tutmalıdır.

Sual 207: Təvaf edən bir şəxsdən təvaf əsnasında bir hədəs baş verərsə və o, xəcalət çəkməsin deyə təvafını davam etdirərsə, hansı hökmə sahibdir?

Cavab: Təvafı batildir və buna görə həcci də batil olur. Odur ki, onun qəzasını etməlidir.

Sual 208: Özü təvaf edə bilməyən bir şəxs xərəklə təvaf etmək istəyir, lakin xərək sahibləri onu təvaf etdirmək üçün çox miqdarda məbləğ istəyirlər və həmin miqdarı ödəmək onun üçün çətindir. Belə olan halda bu şəxsin başqa birini təvaf üçün naib tutması caizdirmi?

Cavab: Bəli, caizdir.

Sual 209: Təvaf edən bir şəxs təvaf əsnasında öz ehram paltarında nəmlik hiss edir və evə qayıdıb axtarış apardıqdan sonra paltarında nəcis olduğunu görür. Paltarındakı nəcisin ehram əsnasında hiss etdiyi nəmlik olduğuna dair arxayınlığı güclənir. Belə olan halda onun təvafının və təvaf namazının hökmü nədir?

Cavab: Əgər həmin təvaf əsnasında paltarındakı nəmliyin nəcis olduğuna dair ehtimalı olmamışdırsa, onun təvafı və təvaf namazı səhihdir. Lakin həmin təvaf əsnasında paltarındakı nəmliyin nəcis olduğunu ehtimal etmiş olsa və axtarış aparmazsa, təvaf namazını yenidən qılması əhvət nəzərdir (ehtiyata daha çox yaxındır).

Sual 210: İzdihamın çox olduğu bir vaxtda müstəhəb təvaf etmək qadınlara toxunmağa və ümumiyyətlə hacıların yolunu sıxlaşdırmağa səbəb olacaqsa, bu halda müstəhəb təvaf etmək caizdirmi?

Cavab: Əgər qadınlara toxunmaq və təmas etmək haram bir şəkildə olacaqdırsa, müstəhəb təvaf caiz deyildir. Amma müstəhəb təvaf etməklə və adi formada (yayılmış və ənənəvi şəkildə) hacıların yolunda sıxlığa səbəb olmağın bir eybi yoxdur.

Sual 211: Boynunda məshi-meyyit quslu vacib olan bir şəxs unutqanlıq üzündən elə həmin halda həccin əməllərini yerinə yetirir. Belə şəxsin hökmü nədir?

Cavab: Onun hökmü cənabət quslunu unutmuş şəxsin hökmü kimidir və 206-cı sualın cavabında qeyd olunmuşdur.

Sual 212: Namazın hökmləri bölməsində kəsiruş-şəkk olan (çox şəkk edən) bir şəxsin barəsində qeyd olunan hökmlər təvafda da çox şəkk edən bir insanın halına şamildirmi? Əgər şamildirsə, təvafda kəsiruş-şəkk olmağın meyarı nədir?

Cavab: Təvafda çox şəkk edən, həmçinin namazda kəsiruş-şəkk olan bir şəxs öz şəkkinə etina etməməlidir. Onun meyarı isə xalqın nəzəridir. Yəni bu şəxsin şəkki adi insanlardan daha çox olur və bu şəxsin fikrinin yayınması halları daha şiddətli şəkildə gerçəkləşir.

Sual 213: Cünub olan şəxsin sudan istifadə etməsi onun üçün zərərli olduğu halda təyəmmüm etməsi və təvafı yerinə yetirməsi caizdirmi?

Cavab: Bəli. Əgər təvafın vaxtı bitənə kimi onun üzrünün aradan qalxmasına ümid olmazsa, təyəmmümlə təvaf etməsi kifayətdir.

Sual 214: Təvaf edən bir şəxs dövrlərin sayında şəkk edərək öz təvafının batil olduğuna hökm etmiş və onu yenidən başlamışdır. İkinci təvafı yerinə yetirdiyi zaman isə birinci təvafındakı dövrlərin sayında yəqinə çatmışdır. Onun vəzifəsi nədir?

Cavab: İkinci təvafı sona çatdırmalıdır. Lakin birinci təvafının tam və kamil olduğuna yəqin etdiyi hal isə istisnadır.

Sual 215: Bir şəxs təvaf etməyə başlayır və Hicri-İsmailə çatdıqdan sonra yerinə yetirməkdə olduğu dövrü boşlayaraq təvafı əvvəldən başlayır. Lakin yeddinci dövrə çatdığı zaman bütün dövrləri yerinə yetirmir və öncədən boşlayıb üz çevirmiş olduğu dövrü həyata keçirir. Belə olduğu halda onun hökmü nədir?

Cavab: Təvafı batildir.

Sual 216: Müstəhazeyi-kəsirə olan bir qadın təvaf və onun namazı üçün yalnız bir qusl edə bilərmi? Müstəhazeyi-mütəvəssitə və ya müstəhazeyi-qəlilə olan bir qadın təvaf və onun namazı üçün yalnız bir dəstəmazla kifayətlənə bilərmi?

Cavab: Müstəhazeyi-mütəvəssitə və ya müstəhazeyi-qəlilə olan bir qadının həm təvaf, həm də təvaf namazı üçün ayrıca bir dəstəmaz alması əhvət nəzərdir (ehtiyata uyğundur). Müstəhazeyi-kəsirə olan bir qadının qanı axıcı olarsa və ardıcıl olaraq pambığın zahirinə qədər nüfuz edərsə, əhvət nəzərə əsasən təvaf və onun namazının hər biri üçün ayrıca qusl almalıdır. Lakin onların hər ikisi üçün bir quslun da kifayət etməsi uzaq nəzər deyildir. Amma qanın pambığın zahirinə çıxması kəsilirsə və həmin qadın da qanın növbəti dəfə zahirə çıxmasından öncə qusl alaraq təvaf namazını qılmağı bacararsa, belə olan halda qusl alıb təvafı yerinə yetirdikdən sonra və qanın zahirə çıxmasından öncə təvaf namazı üçün yenidən qusl etməsi lazım deyildir. Yəni təvaf namazı üçün bir daha qusl almasının ehtiyat-vacib olmasına baxmayaraq qanın növbəti dəfə zahirə çıxmasından öncə aldığı birinci quslla təvaf namazını da qıla bilər.

Sual 217: Öz təharətini yeniləməsi vacib olan müstəhazə bir qadının bu işi görməsi nəticəsində quslu ilə dəstəmazı və ya onun təvafı ilə təvaf namazı arasında uzun bir fasilə yaranır. Görəsən bu fasilənin yaranması onun əməlinin səhihliyinə zərər verirmi?

Cavab: Çarəsizlik üzündən təvaf ilə onun namazı arasına fasilə salmaq bağışlanılmış və əfv olunmuş bir haldır. Lakin qusl ilə dəstəmaz və yaxud təvaf ilə onun namazı arasında uzun bir fasilə yaranarsa, ehtiyat-vacibə əsasən əməlləri yerinə yetirməmişdən öncə qusl və ya dəstəmaz əvəzində təyəmmüm də etməlidir.

Sual 218: Müstəhazə olan bir qadının təvaf ilə təvaf namazını və özünün gündəlik namazlarını birləşdirib bir quslla yerinə yetirməsi caizdirmi?

Cavab: Ehtiyata əsasən belə etməməlidir. Əlbəttə həmin qadının qanı pambığın zahirinə çıxmadığı və axıcı olmadığı halda, həmçinin qanın iki dəfə zahirə çıxmasının arasındakı fasilə uzun olarsa və bu müddət ərzində gündəlik namazları, təvaf və təvaf namazını yerinə yetirmək mümkündürsə, belə olan bir halda güclü nəzərə əsasən bir quslla onların hamısını etmək olar və yenidən qusl almağa ehtiyac yoxdur.

Sual 219: Hər namaz və təvaf üçün qusl alması vacib olan müstəhazə bir qadın qusl almış və təvaf etməyə başlamışdır. Elə həmin vaxtda camaat namazı başladığına görə bu qadın da camaatla namaz qılmış və sonra təvafını bitirmişdir. Görəsən onun əməli səhihdirmi?

Cavab: Səhih deyildir və həmin qadın öz gündəlik namazını ona məxsus olan quslla, həmçinin təvafı da başqa bir quslla əvvəldən yerinə yetirməli və ya kəsmiş olduğu yerdən davam etdirməlidir. Bu məsələnin hökmü “Həccin ibadətləri” kitabının 285-ci məsələsində qeyd olunmuşdur və bu şəxsin hökmü təvaf zamanı ondan hədəs baş vermiş şəxsin hökmü kimidir.

Sual 220: Təvaf namazını camaat namazı şəklində iadə etmək şəri cəhətdən icazəlidir, ya yox?

Cavab: Təvaf namazını camaat namazı şəklində qılmağın şəri cəhətdən icazəli olması sübut olunmamışdır. Onu camaat namazı şəklində iadə etməyə çatması hökmü dəyişmir.

Sual 221: Haiz bir qadın müfrəd ümrə üçün ehram bağlayarsa və yol yoldaşları onu gözləyərlərsə, bu qadın onun tərəfindən təvaf etməsi və təvaf namazını qılması üçün naib tuta bilərmi?

Cavab: Bəli, təvaf və təvaf namazı üçün naib tutmalıdır. Sonra özü səy və təqsir etməli, ardınca da nisa təvafı və onun namazı üçün naib tutmalıdır.

Sual 222: Təvafdakı dövrlərin sayında olan gümanın hökmü şəkkin hökmün ilə eynidirmi?

Cavab: Bəli, şəkkin hökmü ilə eynidir.

Sual 223: Bir qadın haiz idi və pak olduqdan sonra müfrəd ümrənin əməllərini edəcəyi vaxta kimi yol yoldaşlarının onu gözləməyəcəyini bilirdi. Belə olan halda bu qadının elə əvvəldən ehram niyyəti etməsi və sonra iki təvaf və iki namaz üçün naib tutması caizdirmi?

Cavab: Sualda hökmü soruşulmuş və fərz olunmuş bir halda həmin qadının naib tutması məhəlli-işkaldır (mübahisəli və problemli məsələdir).

Sual 224: Bir şəxs sünnət olunmamışdır və həkimlər onun sünnət olunmasının təhlükəli olduğunu bildiriblər. Bu şəxs necə həcc etməlidir?

Cavab: Başqa şəxslər kimi həcc etməlidir. Amma ehtiyat-vacibə əsasən ümrə və həcc üçün özü təvaf etməli və başqa bir şəxsi də onun tərəfindən təvaf etməsi üçün naib tutmalıdır. Naibin təvafı bitirməsindən sonra isə özü təvaf namazını qılmalıdır.

Sual 225: Təvaf edən şəxs bir qadının bədəninə şəhvətlə toxunarsa, təvafı batil olurmu?

Cavab: Bu işi görməklə təvafı batil olmur.

Sual 226: Qadının təvafdakı örtünməsi ilə namazdakı örtünməsinin bir fərqi vardırmı?

Cavab: Bir qədər fərq vardır. Çünki namazda tük, qol və diz kimi hər bir hissəsinin örtünməsi lazım olan və görünməsi namaza xələl gətirən hissələrin təvafın səhihliyinə zərər vermədiyi daha güclü nəzərdir. Lakin namaza aid olan örtünmənin qaydalarına təvafda da riayət etmək ehtiyat-müstəhəbdir. Həmçinin ehtiyat-vacibə əsasən qadın öz üzünü təvaf etdiyi zaman üz örtüyü və bu kimi şeylərlə örtməməlidir (hətta muhil olduğu zamanda belə bu cür etməməlidir, yəni Minanın əməllərini etdikdən sonra qurban bayramı günü təvafla məşğul olduğu zamanda da üzünü örtməməlidir). Əlbəttə qadının öz çadrasını üzünə atmaqla özünü naməhrəm gizlətməsi caizdir.

Sual 227: Əgər bir şəxs bir neçə ildən sonra təvafının batil olduğunu anlayarsa, onun hökmü nədir?

Cavab: Onun həcci batildir.

Sual 228: Əgər bir şəxs təqsirdən sonra təvafının batil olduğunu bilərsə, təvafı iadə etmək üçün ehramın parçalarını yenidən bədəninə geyməsi lazımdırmı?

Cavab: Bu şəxs hələ də ehram halında sayılır və ehramın mühərramatından uzaq durmalıdır. Yəni əməlləri sona çatdırıb öz ehramından çıxacağı vaxta qədər tikili paltar geyinməkdən və bu kimi işlərdən çəkinməlidir.

Sual 229: Əgər bir şəxs təvafı yerinə yetirməyi unudarsa və ya unutqanlıq üzündən onun şərtlərindən bəzi hissəsini batil edərsə, həcc aylarından başqa bir vaxtda onu qəza edə bilərmi?

Cavab: Əgər onun təvafı təməttö ümrəsinin təvafı idisə və onun vaxtı çıxmamışdan öncə yadına düşərsə, təvafı öz vaxtında yerinə yetirməlidir. Əgər təvafın özünə məxsus vaxtı çıxdıqdan sonra və həccin təvafını etməmişdən öncə yadına düşərsə, ehtiyata əsasən onu həccin təvafından öncə etməlidir. Əgər həccin təvafından sonra yadına düşərsə, zilhiccə ayının sonuna kimi həmin təvafı etməsinin əhvət nəzər  olmasına baxmayaraq istədiyi vaxt onu yerinə yetirməsi caizdir.

Əgər onun təvafı həccin təvafı idisə və zilhiccənin bitməsindən öncə yadına düşərsə, onu yerinə yetirməlidir və əgər zilhiccənin sonuna kimi yadına düşməzsə, istədiyi vaxt onun qəzasını edə bilər.

Sual 230: Muhrim olan bir şəxsin ümrə təvafından öncə müstəhəb təvaf etməsi caizdirmi?

Cavab: Zahirə əsaslanaraq demək olar ki, caizdir.

Sual 231: Muhrim olan bir şəxsin həccin təvafından öncə müstəhəb təvaf etməsi caizdirmi?

Cavab: Zahirə əsaslanaraq demək olar ki, caizdir. Əlbəttə, ehtiyat-vacibə əsasən təməttö həcci edən bir şəxs muhrim olduqdan sonra və Ərəfata vüqufa getməmişdən öncə (hətta həccin təvafını üzrlü səbəbə görə öncəyə salmış olsa da) müstəhəb təvaf etməməlidir.

Sual 232: Ümrə və həccin təvafı əsnasında bir şəxsin ehram paltarında daşıdığı şey nəcis olarsa, onun hökmü nədir?

Cavab: Həmin əşyanı əyninə geyinmədiyi halda heç bir eybi yoxdur.

Sual 233: Bir şəxs təvaf əsnasında özündən getmişdir. Bu şəxsin huşu yerinə gəldikdən sonra həmin təvafı davam etdirib sona çatdırması caizdirmi?

Cavab: Özündən gedən bir şəxsin təharəti də naqis olur. Buna əsasən huşu yerinə qayıtdıqdan sonra yenidən dəstəmaz almalıdır və təvafını sona çatdırmalıdır və yaxud da “Həccin ibadətləri” kitabının 285-ci məsələsində qeyd olunmuş qaydaya uyğun olaraq təvafı əvvəldən başlamalıdır.

Sual 234: Bir şəxsin dövrlərdən yalnız bir neçəsini birbaşa özü etməyə gücü çatır. Bu şəxs yalnız digər dövrlər üçün naib tutmalıdır, yoxsa bütün dövrlər üçün naib tutması lazımdır?

Cavab: Bütün dövrləri yerinə yetirə bilməyəcəyini öncədən bildiyi halda onların hamısı üçün naib tutmalıdır. Dördüncü dövrü yerinə yetirməmişdən öncə gücsüzlük halının yaranması da eyni hökmdədir və bütün dövrlər üçün naib tutmaq lazımdır. Amma dördüncü dövrü etdikdən sonra gücsüzlüyə düçar olarsa, əqrəb (daha güclü) nəzərə əsasən qalan dövrlər üçün naib tutmalıdır.

Sual 235: Heç bir üzr olmadan dördüncü dövrdən sonra təvafı kəsmək və bir qədər keçdikdən sonra elə həmin yerdən təvafı davam etdirib sona çatdırmaq caizdirmi?

Cavab: Əzhər (daha aşkar) nəzərə əsasən təvafı kəsmək caizdir. Lakin sualda soruşulmuş halda onu sona çatdırmaq və sonra yenidən yerinə yetirmək ehtiyata uyğundur.

Sual 236: Bir şəxs beş dövrü yerinə yetirdikdən sonra təvafı kəsməyə məcbur olur. Belə olan halda həmin şəxs qaldığı yerdən davam edib son iki dövrü də yerinə yetirə bilərmi, yoxsa təvafı əvvəldən başlaması vacibdir?

Cavab: Qaldığı yerdən davam edə (yəni niyyətini həmin təvafa qoyub) və digər iki dövrü də yerinə yetirə bilər.

Sual 237: Ümrə təvafını etmək üçün tutulan naibin muhrim olması vacibdirmi?

Cavab: Əqrəb (daha aşkar) nəzərə əsasən vacib deyildir.

Sual 238: Öz təvafının (təvafın bəzi ruknlarından agah olmadığına görə) batil olduğunu bilən şəxsin aşağıdakı hallarda hökmü nədir?

a)Vaxtın qaldığı halda təməttö ümrəsinin əməllərini bitirdikdən sonra onun vəzifəsi nədir?

Cavab:Təvaf, namaz və səyi iadə etsin və sonra da təqsiri həyata keçirsin.

b) Vaxt az qaldığı halda və təməttö ümrəsinin əməllərini bitirdikdən sonra onun vəzifəsi nədir?

Cavab: Əgər ərəfə gününün günortasına kimi əməlləri yerinə yetirə bilməyəcək həddə vaxt az olarsa, ümrəsi batildir və ehtiyata əsasən kəffarə olaraq bir dəvə kəsmək də onun boynundadır.

c) Ərəfatdakı vüquf zamanında məsələdən agah olarsa, onun vəzifəsi nədir?

Cavab: Onun təməttö ümrəsi batil hökmündədir və kəffarə kimi bir dəvə kəsmək də onun boyundadır.

d) Həmin təvafın həcc təvafı olduğunu fərz etdiyimiz halda həccin əməllərini bitirdikdən sonra məsələdən agah olarsa, onun hökmü nədir?

Cavab: Zilhiccə ayının sonuna kimi təvafını, onun namazını və səyini iadə etməlidir.

h) Həmin təvafın həcc təvafı olduğu halda öz vətəninə qayıtdıqdan sonra məsələdən agah olarsa, onun vəzifəsi nədir?

Cavab: Həcci batildir və ehtiyata əsasən kəffarə olaraq bir dəvə də kəsmək onun boynundadır. Lakin zilhiccə ayının bitməsindən öncə onu cübran etməsi (əvəz etməsi və ya yerinə yetirməsi) halı istisnadır. Cübran etmək üçün naib tutmağın caiz olub-olmadığına gəldikdə isə özü yerinə yetirməyi bacarmadığı halda təvaf üçün naib tutmağın caiz olması əqrəb (daha aşkar) nəzərdir.

z) Onun təvafı müfrəd ümrənin təvafı olarsa və öz vətəninə qayıtdıqdan sonra məsələdən agah olarsa, onun hökmü nədir? Nəzərə almalıyıq ki, onun Məkkəyə qayıtmağa imkanı vardır.

Cavab: Əgər qayıtmaq və təvafı iadə etmək onun üçün mümkün olarsa, qayıtmalı və onu yerinə yetirməlidir. Belə olan halda təvaf üçün naib tutmaq məhəlli-işkaldır (mübahisəli və problemli məsələdir).

Sual 239: Təvafını yerinə yetirmiş bir şəxs səy etdiyi zaman qəflət üzündən təvafındakı dövrlərin sayını artıq etdiyini anlayarsa, nə etməlidir?

Cavab: Kəbəyə qayıtması və artırmış olduğu əlavə dövr üçün qürbət niyyəti ilə yeddi dövrü sona çatdırması və bu təvaf üçün də iki rəkət namaz qılması ehtiyata uyğundur. Sonra öz səyini etməlidir və onu da iadə etməsi ehtiyat-müstəhəbdir.

Sual 240: Haiz bir qadın hökmü bilmədiyinə görə təməttö ümrəsini yerinə yetirərsə, onun vəzifəsi nədir?

Cavab: Yerinə yetirmiş olduğu şeyə etina etməməli və “Həccin ibadətləri” kitabının 290-cı məsələsində qeyd olunmuş vəzifəyə əməl etməlidir.

Sual 241: Təvaf edən bir şəxs təvaf etdiyi zaman müşərrəf Kəbə ilə üzbəüz halda bir neçə addım atdığına dair ehtimal verərsə, onun vəzifəsi nədir?

Cavab: Öz şəkkinə etina etməməlidir.

Sual 242: Bir şəxs təvaf etdiyi zaman burnunun qanadığını hiss edir və bir parça ilə onu təmizlədikdən sonra təvafını sona çatdırır. Belə etdiyi təqdirdə onun hökmü nədir?

Cavab: Əgər onun bədən və paltarının zahiri nəcis olmazsa, heç bir eybi yoxdur.

Sual 243: Başqasının naibi olan bir şəxs təvafın ikinci dövründə olduğu zaman ilk əvvəldən naiblik niyyəti edib-etməməsinə şəkk edərsə, onun vəzifəsi nədir?

Cavab: Həmin təvafı naiblik niyyəti edərək əvvəldən başlamalıdır.

Sual 244: Vacib təvafda şərt olan şeylər müstəhəb təvafda da şərtdirmi?

Cavab: Bu iki təvafın özünə məxsus hökmlərində, şərtlərində və hallarında bəzi fərqliliklər vardır və risaləyə müraciət etməklə onları ayıra (və öyrənə) bilərsiz.

Sual 245: Məscidul-həramın yuxarı mərtəbəsində təvaf etmək caizdirmi?

Cavab: Əgər həmin mərtəbənin hündürlüyü Kəbədən yuxarı olarsa, caiz deyildir.

Sual 246: Təvaf ilə onun namazı arasına fasilə salmaq həcc və ya ümrəni batil edirmi? Yoxsa bu işi görmək yalnız haramdır və həcci və ya ümrəni batil etmir?

Cavab: Ehtiyat-vacibə əsasən xalqın nəzərində fasilə hesab olunacaq miqdarda təvaf ilə onun namazı arasında boşluq yaratmaq caiz deyildir. Lakin bu fasiləni yaratmaq öz-özlüyündə həcc və ya ümrənin batil və fasid olmasına səbəb deyildir. Daha doğrusu, bir şəxs bilərəkdən təvaf ilə onun namazı arasında fasilə yaradarsa, ehtiyata əsasən təvaf və onun namazını iadə etməlidir. Əgər vaxtı keçmiş olarsa və yaxud onları yerinə yetirməyi bacarmazsa, ehtiyata əsasən həcci batildir. Əgər onun belə etməsi məsələni bilmədiyinə görə baş vermişdirsə (istər cahili-mürəkkəb olsun, istərsə də onun məsələni bilməməsi hər hansısa bir şəri cəhətə söykənsin) və onların arasında fasilə yaranmışdırsa, namaz və təvafı səhihdir. Həmçinin onun belə etməsi unutqanlıq üzündən olarsa və namazdan sonra həmin şəxs məsələdən agah olarsa, namaz və təvafı səhihdir. Eləcə də təvaf və onun namazı arasına çarəsizlik üzündən fasilə salmağın da hökmü eynidir və bu halda da onun namazı və təvafı səhihdir.

Sual 247: Əgər bir şəxs məsələni bilmədiyinə görə təvaf namazını Hicri-İsmaildə qılarsa, onun hökmü nədir?

Cavab: Namazını Məqami-İbrahimin (ə) arxasında yenidən qılmalıdır.

Sual 248: Əgər bir qadın təvafdan sonra və təvaf namazından öncə qəflətən aybaşı olarsa, onun vəzifəsi nədir?

Cavab: “Həccin ibadətləri” kitabının 296-cı məsələsində qeyd etdiyimiz kimi həmin qadın pak olub qusl aldıqdan sonra təvaf namazını qılmalıdır.

Sual 249: Təvaf namazını gündəlik namazlarını qılan bir şəxsə iqtida edərək qılmaq kifayət edirmi?

Cavab: Bu cür qılınan namazın səhihliyi məhəlli-işkaldır (mübahisəli və problemli məsələdir) və onunla kifayətlənməmək ehtiyata uyğundur.

Sual 250: Görəsən məqamın arxa hissəsi üçün müəyyən hüdudlar vardırmı?

Cavab: Məqamın arxa hissəsinin müəyyən hüdudu yoxdur və bu məsələdə meyar xalqın nəzərinə uyğun əməl etməkdir.

Sual 251: Ehram halında Məkkəyə daxil olmuş bir şəxsin ərəfə gününə qədər yalnız bir neçə günlük vaxtı qalmışdır. Görəsən belə bir şəxsin öz qiraətini düzəltməsi və səhih oxunuş tərzini öyrənməsi üçün ümrəsini təxirə salması lazımdırmı?

Cavab: Ehtiyata əsasən ümrəsini təxirə salması lazımdır.

Sual 252: Təvaf ilə onun namazı arasında yaradılan fasilənin icazə verilmiş müddəti nə qədərdir?

Cavab: Əhvət (daha ehtiyatlı) nəzərə əsasən təvafı etdikdən sonra xalqın nəzərində fasiləsiz hesab olunan şəkildə onun namazını da qılmaq lazımdır. Görünüşdə kiçik bir fasilənin yaranmasının heç bir eybi yoxdur. Yəni istirahət üçün və ya daha yaxşı bir yer tapmaq və namazı daha münasib olan bir yerdə qılmaq üçün on dəqiqə kimi kiçik fasilə salmağın bir eybi yoxdur. Təbii ki, bu fasilə xalqın nəzərində əməllərin ardıcıllığına və müntəzəmliyinə xələl gətirməməlidir. Odur ki, xalqın nəzərində fasilə kimi qəbul edilən və ardıcıllığa zidd olan hər hansısa başqa bir işin ardınca getmək və ya qəza namazlarını qılmaq və yaxud da başqasının naibi olaraq bir əməl etmək kimi hallar qəbul edilməzdir.

Sual 253: Müstəhəb təvafın namazı da müstəhəbdirmi?

Cavab: Zahirə əsaslanaraq demək olar ki, müstəhəb təvafın namazı da müstəhəbdir.

Sual 254: Təvafını etmiş bir şəxsin öncə başqasının naibi kimi onun təvaf namazını qılması, sonra da öz təvaf namazını yerinə yetirməsi caizdirmi?

Cavab: Öncə də deyildiyi kimi həmin şəxs belə etməməlidir.

Sual 255: Bir şəxs təvaf namazını qılmağı unutmuş və təqsir etdikdən sonra yadına düşmüşdür. Belə olan halda həmin şəxsin təvaf namazını qılması üçün ehram paltarını geyinməsi lazımdırmı?

Cavab: Həmin şəxsə ehram paltarını geyinmək lazım deyildir.

Səyin hökmləri:

Sual 256: Əgər səy edən bir şəxs yerinə yetirmiş olduğu dövrləri tərk edərsə və səyini əvvəldən başlayarsa, onun əməli səhihdirmi?

Cavab: Əgər onun bu işi xalqın nəzərində muvalatın pozulmasından sonra baş verərsə, onun səyi səhihdir və əgər belə olmazsa, ehtiyat-vacibə əsasən səhih deyildir. Əlbəttə həmin şəxs bu işi cahili-qasir olaraq etmişdirsə, səyi səhihdir.

Sual 257: Hacılara yol göstərən şəxslər bəzən qabağa keçir, bəzən də arxaya qalırlar və gördükləri bu işin səydə çoxluq yaratmağa səbəb olub-olmadığını bilmirlər. Onların hökmü nədir?

Cavab: Əgər onlar bu işi görməkdə cahili-qasirdirlərsə (üzrlüdürlərsə), səylərinin səhihliyinə bir zərər yoxdur.

Sual 258: Bir şəxs unutqanlıq üzündən on dövr səy etdikdən sonra dövrlərinin sayındakı artıqlığı başa düşür və səyini kəsib təqsir edir. Onun hökmü nədir?

Cavab: Onun səyi səhihdir və boynunda heç bir şey yoxdur.

Sual 259: Mükəlləf olan bir şəxs səyin səhihliyində təharətin şərt olduğunu güman edərək öz səyini kəsmiş və dəstəmaz alaraq yenidən səy etməyə başlamışdır. Onun hökmü nədir?

Cavab: Əgər həmin şəxs xalqın nəzərində muvalatın pozulmasından sonra yenidən səy etməyə başlamışdırsa, onun səyi səhihdir və əgər muvalatın pozulmasından öncə səyini kəsmişdirsə (və digər səyə başlamışdırsa), ehtiyat-vacibə əsasən onun səyi səhih deyildir. Lakin həmin şəxs cahili-qasir olarsa, əzhər (daha güclü) nəzərə əsasən səyi səhihdir.

Sual 260: İkinci mərtəbədə səy etmək caizdirmi? Bu işin caiz olmadığı təqdirdə onun icazəli olduğunu güman edərək ikinci mərtəbədə səy etmiş şəxsin vəzifəsi nədir?

Cavab: Əgər həmin ikinci mərtəbə iki dağ arasında yerləşərsə və onlardan yuxarıda olmazsa, orada səy etmək caizdir və əgər belə olmazsa, caiz deyildir. Sualda soruşulan ikinci halda isə yuxarı mərtəbədə səy etmiş bir şəxsin hökmüsəy etməyi unutmuş şəxsin hökmü kimidir və bu hökmün izahı “Həccin ibadətləri” kitabında qeyd olunmuşdur.

Sual 261: “Həccin ibadətləri” kitabında buyurmusunuz ki, bir şəxs ixtiyari halda belə süvari şəkildə səy edə bilər. Başqa bir şəxsin hərəkət verməsindən asılı olan mütəhərrik stullarda oturaraq səy etmək caizdirmi? Bunu da nəzərə almalıyıq ki, səy edən bir şəxs yalnız həmin stulda əyləşir və digər bir insan onu hərəkət etdirir.

Cavab: İxtiyari bir halda belə şəkildə təvaf etmək caiz deyildir. Çünki bu halda həmin şəxs özü səy etmiş olmur və başqa birinin onu səy etdirmiş olduğu hesab edilir.

Sual 262: Mərvaya tərəf hərəkət edən bir şəxs izdihamın şiddətinə görə və ya bir şəxsi görərək ona tərəf dönərsə, bu şəxsin hökmü nədir?

Cavab: Əgər həmin şəxs bu işi hərəkət etdiyi zaman görərsə, kifayət deyildir və səyinə xələl gətirdiyi yerə qayıdıb oradan səyini davam etdirməlidir. Bu işi Səfaya tərəf hərəkət etdiyi zamanda da görərsə, eyni hökmə malikdir.

Sual 263: İxtiyari halda səyi kəsmək və onu əvvəldən başlamaq caizdirmi?

Cavab: Bəli, əzhər (daha güclü) nəzərə əsasən səyi kəsmək caizdir. Lakin ixtiyari halda səyin kəsilməsi xalqın nəzərində muvalatın pozulmasından sonra icazəlidir.

Sual 264: Səfa ilə Mərva arasındakı səy zamanında bir şəxsin gedilməli olan yolu özünə qayıtmaq üçün və qayıdılmalı olan yolu özünə getmək üçün seçməsi caizdirmi?

Cavab: Bu işi görmək öz-özlüyündə caizdir.

Sual 265: Səy üçün niyyət edilən zaman bədənin qabağ tərəfinin bütün hissələrinin Mərva ilə üzbəüz olması şərtdirmi?

Cavab: Belə etmək şərt deyildir və hərəkətə başlanan zamanda Mərva ilə üzbəüz dayanmaq kifayətdir.

Sual 266: Səy zamanında bir şəxsin Məsanın (səy edilən məkan) ortası ilə deyil, kənarları ilə hərəkət etməsi caizdirmi?

Cavab: Caizdir.

Sual 267: Təvaf namazını işa namazından sonra qılmaq və səyi sübh namazından sonraya qədər təxirə salmaq caizdirmi?

Cavab: İxtiyari halda səyi növbəti günə qədər təxirə salmaq caiz deyildir.

Sual 268: Sübh namazından öncə təvaf edib sonra sübh namazını qılmaq və ardınca da təvaf namazını yerinə yetirmək caizdirmi?

Cavab: Caizdir.

Sual 269: Təvaf namazı ilə səy arasında yaradılan fasiləyə icazə verilən miqdar nə qədərdir?

Cavab: Təvaf namazından dərhal sonra səy etmək vacib deyildir. Buna əsasən bir şəxs günün başlanğıcında təvaf namazını qılarsa, səy etməyi gecənin sonuna kimi təxirə sala bilər. Lakin səyi növbəti günə kimi təxirə salmaq caiz deyildir.

Sual 270: Qaçaraq təvaf etmək olarmı?

Cavab: Caizdir. Lakin iki minarə arasında qaçmaq yox, hərvələ etmək[14]
müstəhəbdir.

Sual 271: Əgər bir şəxs zilhiccə ayından sonra təməttö  ümrəsindəki və ya həccindəki səyinin batil olduğunu bilərsə, onun vəzifəsi nədir?

Cavab: Onun həcci batil hökmündədir.

Sual 272: Bir şəxs tərəddüd halında ikən və ya dövrlərinin sayında şəkk etdiyi bir halda öz səyini sona çatdırmışdır. Sonradan onun səhih olduğuna və az yerinə yetirmədiyinə arxayın olmuşdur. Görəsən onun əməli səhihdirmi?

Cavab: Onun səyi səhihdir.

Sual 273: Səydəki dövrlərin bəzisi üçün naib tutmaq (beləki onun bütün dövrləri üçün naib tutmağın səhih olduğu yerlərdə) səhihdirmi?

Cavab: Dövrlərin bəzisi üçün naib tutmağın səhihliyi barəsində əlimizdə heç bir dəlil yoxdur. Buna əsasən də bir şəxs dövrlərin bəzisini etməyə qadir olduğu halda belə onların hamısını özü edə bilməyəcəyi üçün bütün dövrlərə görə naib tutmalıdır.

Sual 274: Bir şəxs özü səy edə bilmir və stul sahibi olan şəxslər də ondan çox miqdarda məbləğ istəyirlər. Həmin məbləği ödəməyin bu şəxs üçün ağır olduğunu nəzərə alarsaq, belə olan halda onun naib tutması caizdirmi?

Cavab: Sualda fərz olunmuş halda naib tutmaq caizdir.

Sual 275: Bir şəxs on dörd dəfə dövr etməyin vacib olduğu etiqadı ilə həmin miqdarda dövr etmişdir. Onun hökmü nədir?

Cavab: Əgər həmin şəxs cahili-qasir olarsa, səyi səhihdir və əgər belə deyildirsə, səyinin səhihliyi məhəlli-işkaldır (mübahisəli və problemli məsələdir).

Sual 276: Əgər bir şəxs təqsirdən sonra ümrəsindəki səyinin batil olduğunu anlayarsa, onu yerinə yetirmək üçün yenidən ehram paltarını geyinməsi vacibdirmi?

Cavab: Həmin şəxs hələ də ehram halında hesab olunur və tikili paltar geyinmək kimi ehramın mühərramatından qorunmaq ona vacibdir. Təbi ki, ibadətləri tam şəkildə yerinə yetirdikdən sonra həmin şəxs ehram halından çıxır.

Sual 277: Namazın hökmləri bölməsində kəsiruş-şəkk (çox şəkk edən) olan bir şəxs haqqında qeyd olunmuş hökmlər öz səyində çox şəkk edən şəxsə də aiddirmi?

Cavab: Bəli, həmin şəxsin halına da şamildir.

Sual 278: Qadının zinət yerlərindən biri (saçının tükləri kimi) səy zamanında görünərsə, onun hökmü nədir?

Cavab: Onun səyinin səhihliyinə bir zərəri yoxdur.

Sual 279: Bir şəxs öz səyini on dörd dəfə dövr etməklə həyata keçirmək üçün niyyət edir. Lakin yeddi dövrü etdikdən sonra məsələdən agah olur. Bu şəxsin hökmü nədir?

Cavab: Onun səyi səhihdir və boynunda heç bir şey yoxdur.

Sual 280: Bir hacı özü səy edə bilmir və başqasının onu səy etdirməsi üçün ondan kömək istəyir. Digər şəxs də onu çiyninə alır və yaxud da arabaya oturdaraq səy etdirir. Belə bir səy halında bu gücsüz hacını yuxu tutur. Görəsən onu səyi səhihdirmi?

Cavab: Onun səyi batildir.

Sual 281: Su içmək və ya itmiş bir şeyi axtarmaq üçün səyi kəsmək caizdirmi?

Cavab: Caizdir. Lakin xalqın nəzərində səyin dövrləri arasındakı muvalatın pozulmasından sonra onu qaldığı yerdən davam etdirməyin caiz olması məhəlli-işkaldır (mübahisəli və problemli məsələdir) və onu iadə etmək əhvət (ehtiyata daha çox uyğun) nəzərdir.

Sual 282: Əgər hacı təqsir etdikdən sonra yerinə yetirmiş olduğu səyinin naqis olduğunu anlayarsa, nə etməlidir?

Cavab: Əgər bu məsələ təməttö ümrəsində baş vermişdirsə və bu nöqsan unutqanlıq üzündən olmuşdursa, ehtiyata əsasən bir inək kəffarə verməli və öz səyini tam şəkildə sona çatdırdıqdan sonra ehtiyata əsasən bir daha təqsir etməlidir. Amma bu nöqsan səyin dövrlərinin sayını bilməmək kimi bir səbəbə görə baş vermişdirsə və müfrəd ümrədə və ya həcdə olmuşdursa, onun boynunda kəffarə yoxdur və yalnız öz səyini tam şəkildə sona çatdırmalıdır. Səyindən sonra bir daha təqsir etməlidir və belə etdiyi halda başqa heç bir şey onun boynuna gəlmir.

Sual 283: Bir şəxs səy etdiyi zaman məsadakı insanların hərvələ etdiyini görür və bu işin vacib olduğunu güman edir. Buna görə də geriyə qayıdır və öz səyini hərvələ etməklə yenidən yerinə yetirməyə başlayır. Belə olan halda onun hökmü nədir?

Cavab: Ehtiyat-vaicə əsasəb onun səyi batildir. Lakin həmin şəxsin cahili-qasir olduğu hal isə istisnadır.

Sual 284: Səy edən bir şəxs Mərvaya çatmamışdan öncə yeddinci dövr ilə doqquzuncu dövr arasında şəkk edərsə, nə etməlidir?

Cavab: Onun səyi batildir və həmin səyi əvvəldən başlamaq ona vacibdir.

Sual 285: Səyin dövrləri arasında muvalata riayət etmək şərtdirmi? Bəs bu muvalatın hüdudları nə qədərdir?

Cavab: Ehtiyat-vacibə əsasən səyin dövrləri arasında muvalata riayət etmək şərtdir və onun meyarı “Həccin ibadətləri” kitabının 340-cı məsələsində də qeyd etdiyimiz kimi xalqın nəzəridir.

Sual 286: Ümrə yerinə yetirən bir şəxs öz səyindən öncə agah halda və bilərəkdən və yaxud da bilmədiyinə görə və ya unutqanlıq üzündən təqsir edərsə, onun hökmü nədir?

Cavab: Əgər həmin şəxs bu işi agah halda və bilərəkdən etmişdirsə və onun təqsiri dırnağını kəsməklə (dırnaq tutmağın təqsir kimi kifayət etdiyi halda) baş vermişdirsə, dırnaq tutmağın kəffarəsi onun boynundadır. Lakin onun təqsiri tükünü azaltmaqla baş vermişdirsə, bu işə görə günahkar olmasına baxmayaraq əzhər (daha aşkar) nəzərə əsasən onun boynunda heç bir kəffarə yoxdur.  Məsələni bilməyən və ya unutmuş şəxsin də boynunda heç bir kəffarə yoxdur. Hər bir halda isə belə etmiş bir şəxsin öz səyini bir daha yerinə yetirməsi və ondan sonra təqsir etməsi vacibdir. Bu hökm müfrəd ümrəyə aiddir.

Təməttö ümrəsinin də hökmü bu məsələdə müfrəd ümrə kimidir, lakin unutmuş şəxsin vəzifəsində fərqlilik vardır. Yəni bir şəxs səy etməyi unutmuş və ehramdan çıxmaq üçün təqsir etmişdirsə, ehtiyat-vacibə əsasən bir inək kəffarə verməli və ehtiyata əsasən səydən sonra bir daha təqsir etməlidir.

Sual 287: Bəzi hallarda hacılar izdihama görə başqa yolla və misal üçün Məscidul-həramdan keçərək məsaya getməyə məcbur olurlar. Belə olan bir durumda heyz və nifas halında olan qadının hökmü nədir?

Cavab: Həmin qadınlar digər yolun boşalmasını gözləməlidirlər və əgər vaxt çox az olarsa, səy etmək üçün başqa birini naib tutmalıdırlar.

Sual 288: Bir şəxs məsələni bilmədiyinə görə səyi təvafdan öncə yerinə yetirərsə, onun hökmü nədir?

Cavab: Təvafı etdikdən və onun namazını qıldıqdan sonra bir daha səy etməlidir.

Sual 289: Hərəkət edən stulda əyləşdiyi halda səy edən bir şəxs bütün məsafəni tam olaraq qət edib-etmədiyinə şəkk edərsə, onun hökmü nədir və nə etməlidir?

Cavab: Bütün məsafəni tam olaraq qət etmək ona vacibdir.

Təqsirin hökmləri:

Sual 290: Təqsir etmək istəyən bir şəxs bu əməli Məkkədən kənarda edə bilərmi? Yoxsa təqsir məhz Məkkədə yerinə yetirilməlidir?

Cavab: Məkkədən kənarda təqsir etmək caizdir, lakin bu məsələdə ehtiyat etmək daha gözəldir.

Sual 291: Muhrim olan bir şəxsin təməttö ümrəsinin ehramından sonra və həcc üçün muhrim olmasından öncə saçını təraş etdirməsi caizdirmi?

Cavab: Caizdir. Lakin fitr bayramından üç gün sonraya kimi onu tərk etmək əhvət (daha ehtiyatlı) əməldir və əgər belə edərsə, ilk öncə bir qoyun kəffarə verməlidir

Sual  292: Bir şəxs təqsir üçün kifayət etdiyi inancı ilə özünün bığ və ya saqqalını təraş etmiş və ondan sonra təməttö həcci üçün muhrim olmuşdur. Onun hökmü nədir?

Cavab: Zahirə əsasən onun həcci ifrad həccinə çevrilir və ondan sonra gücü çatarsa, müfrəd ümrə yerinə yetirməlidir. Ehtiyata əsasən növbəti ildə həmin həcci iadə də etməlidir.

Sual 293: Əgər bir şəxs məsələni bilmədiyinə görə və yaxud unutqanlıq üzündən iki dəfə təqsir edərsə, onun hökmü nədir? Yəni bu şəxs bir dəfə təvaf namazından sonra, bir dəfə də səydən sonra təqsir etmişdir. Onun hökmü nədir?

Cavab: Bu hal təməttö ümrəsində olarsa və təvaf namazından sonra səy etməyi unudaraq təqsir edərsə, ehtiyata əsasən bir inək kəffarə verməlidir və başqa heç bir şey ona vacib deyildir.

Sual 294: Üzrlü olan və buna görə də təvaf və səyi iki vüqufdan öncə etməyə icazəli olan bir şəxs məsələni bilmədiyinə görə səydən sonra təqsir edərsə, onun hökmü nədir?

Cavab: Onun boynunda heç bir şey yoxdur və sadəcə təqsiri də mənasızdır.

Ərəfə və Müzdəlifədəki vüqufun hökmləri:

Sual 295: Bir hacı Ərəfə və ya Müzdəlifədə vüquf etməyə niyyət edərsə və bütün vaxtı yataraq keçirərsə, onun bu cür vüqufu kifayətdirmi?

Cavab: Əgər vaxtın əvvəlində niyyət edərsə və sonra (hətta vaxtın sonuna kimi) yatarsa, kifayətdir. Amma vaxtın daxil olmasından öncə niyyət edərsə və sonra vaxtın sonuna kimi yatarsa, əhvət (daha ehtiyatlı) nəzərə əsasən onun əməli kifayət deyildir.

Sual 296: Əgər bir hacı Ərəfatda vüquf edərsə və orada bihuş olduqdan sonra bayram gününün zöhrünə kimi özünə gəlməzsə, onun hökmü nədir?

Cavab: Həcci batildir və onun həcci müfrəd ümrəyə çevrilir. Odur ki, müfrəd ümrənin ibadətlərini etməli və ehramdan çıxmalıdır.

Sual 297: Hacıların bir qrupu bayram günündə Ərəfatdan Müzdəlifədə vüquf etmək üçün yola düşürlər və onlara Müzdəlifənin bir hissəsi olduğu söylənilən məkana çatırlar. Gecəni orada qaldıqdan sonra növbəti gün oranın Müzdəlifənin bir hissəsi olmadığını başa düşürlər. Onların hökmləri nədir?

Cavab: Əgər Müzdəlifənin iztirari vüqufunu (yəni günəş çıxandan bayram gününün zöhrünə qədər olan vaxtdan bir miqdarını) edərlərsə, onların həcci səhihdir və əgər iztirari vüqufu edə bilməsələr, həcləri batildir və bu halda onların həcci müfrəd ümrəyə çevrilir.

Sual 298: Əgər bir hacı məsələni bilmədiyinə görə Müzdəlifədəki vüqufu sübh vaxtından günəş çıxana kimi edə bilməmişdirsə, iztirari vüqufu yerinə yetirmək onun üçün kifayətdirmi?

Cavab: Əgər bayram gecəsinin bir hissəsini orada vüquf etmişdirsə, onun bu əməli kifayətdir və əgər belə edə bilməmişdirsə, bayram gününün zöhrünə kimi orada vüquf etməlidir və belə etdiyi halda həcci də səhihdir.

Sual 299: Bir hacı bayram gecəsinin bir hissəsini Müzdəlifədə qalmışdır. Həmin hacı bəzi işlərini görmək üçün oradan çıxmış və sübh azanından öncə Minaya getmişdir. Digər vüquf üçün isə iki tulu arasında (sübh namazı vaxtında) Müzdəlifəyə qayıtmışdır. Bu hacının etdiyi əməlin hökmü nədir?

Cavab: Əzhər (daha aşkar) nəzərə əsasən onun həcci səhihdir və bir qoyun da kəffarə olaraq verməlidir.

Sual 300: Həcc mərasimin məsul şəxsləri (təşkilatçıları) müqəddəs ziyarət məkanlarından hər birini (oranın işlərini) hacıların və təvaf edənlərin bəzilərinə tapşırmışlar. Belə olan halda həmin şəxslərdən biri digərinə tapşırılmış məkanda vüquf edərsə, onun bu cür etməsi vüqufunun batil olmasına səbəb olurmu?

Cavab: Xeyr, bu cür etmək vüqufun batil olmasına səbəb deyildir. Lakin həcc mərasimi üçün müəyyən olunmuş qaydalara riayət etməmək də yaxşı bir iş deyildir.

Sual 301: Hacıları Minadan Ərəfata daşımaq üçün nəzərdə tutulan avtobusların içində olarkən Müzdəlifədə vüquf etmək kifayətdirmi? Yəni hacıların daşınmasına məxsus olan avtobus Minaya getdiyi yol boyunca müzdəlifədə dayanmadığı halda bir hacı niyyət edərsə, onun bu işi rukn hesab olunan vüquf üçün kifayətdirmi?

Cavab: Bəli, onun bu işi (niyyəti) ilə rukn hesab olunan vüquf gerçəkləşmiş olur. Hətta sübh azanından öncə yola düşmüş olsalar belə onun bu işi vüquf üçün kifayətdir.

Sual 302: “Həccin ibadətləri” kitabında qeyd olunmuşdur ki, qadınlar, qocalar və xəstələr kimi gücsüz şəxslər və “onlara nəzarətçilik edən insanlar” bayram gecəsində Müzdəlifədə vüquf etməklə kifayətlənə bilərlər və sübh azanından öncə oradan Minaya yola düşmək üçün onlar icazəlidirlər. Görəsən “onlara nəzarətçilik edən insanlar” dedikdə məqsəd, onların işlərini görmək üçün yol yoldaşlıq edən bütün şəxslərdirmi? Yoxsa məqsəd, həmin şəxlərin yalnız möhtac olduğu insanlar və onlar olmadan çətinliyə düşdükləri şəxslərdir?

Cavab: Məqsəd, həmin şəxslərin yalnız möhtac olduğu insanlardır.

Sual 303: Müqəddəs məkanlar üçün müəyyən olunmuş hüdudlara etimad etmək olarmı?

Cavab: Əgər həmin hüdudlar qədim sərhədlər olarsa və keçmiş nəsildən bizə əldən ələ keçərək gəlməsi nəticəsində onların səhf etmədiyinə arxayınlıq hasil olarsa, həmin hüdudlara etimad etmək olar.

Sual 304: “Həccin ibadətləri” kitabında buyurmusunuz ki, bizim nəzərimizdə mötəbər olan hilal sabit olmadığı halda müqəddəs torpağın qazisinə görə hilal görsənmişdirsə və mükəlləf bir şəxs də qazinin sözünün həqiqətə uyğun olduğunu bilmədiyi halda və ya ona ehtimal verdiyi bir durumda iki vüqufu onun sözünə söykənərək edərsə, onun həccinin səhih olması məhəlli-işkaldır. Sualımız budur ki, fərz edilən bu hal üçün siz fətva vermisiniz, yoxsa ehtiyat etmisiz?

Cavab: Biz bu məsələdə ehtiyat etməyi vacib bilirik və bizə təqlid edən şəxslər ələmiyyət qaydasına uyğun olaraq bu məsələdə başqa bir müctehidə müraciət edə bilərlər.

Cəməreyi-əqəbəni rəmy etməyin hökmləri:

Sual 305: Son zamanlarda Səudiyyə dövlətinin qüvvələrin cəməreyi-əqəbənin arxa divarını qaldırıblar. Görəsən cəmərəni həmin tərəfdən rəmy etmək kifayətdirmi?

Cavab: Əhvət nəzərə əsasən (əgər başqa bir fətva olmazsa) kifayət deyildir.

Sual 306: Məşərul-həramın içində olan dağların üzərindən cəmərata çınqıl atmaq olarmı?

Cavab: Əgər həmin dağlar Hərəm məntəqəsinin içindədirsə, onun çınqılları ilə rəmy etmək caizdir.

Sual 307: Cəmərənin yaxınlığında olan çınqılların rəmy üçün istifadə olunduğu və yaxud hələ əl dəyilməmiş və sadəcə izdihama görə hacıların əlindən düşmüş olduğu məlum deyildir. Onlardan rəmy üçün istifadə etmək caizdirmi?

Cavab: Öncədən həmin çınqılların istifadə olunduğu barədə icmali (bir növ dəqiq) bilgi olmazsa, onlardan istifadə etmək kifayət edir (caizdir) və əgər belə olmazsa, ehtiyata riayət etmək lazımdır.

Sual 308: İstifadə edilib-edilməməsi barədə şəkk olunan çınqıllarla rəmy etmək kifayətdirmi?

Cavab: Bəli, həmin çınqıllarla rəmy etmək kifayətdir.

Sual 309: Minanın hüdudlarını müəyyənləşdirən yeni əlamətlərin göstərdiyinə əsasən Minanın sonu cəməreyi-kübranın yanında yerləşir. Beləki hacı arxası qibləyə olan halda cəmərəni rəmy etmək və onunla arasında yalnız bir zira miqdarında fasilə saxlamaq istəyərsə, Minanın hüdudundan kənara çıxmış olacaqdır. Belə olan halda onun vəzifəsi nədir?

Cavab: Cəməreyi-əqəbəni rəmy etmək zamanı Minada olmaq şərt deyildir. Buna əsasən də rəmy zamanı hacının onunla üzbəüz tərəfdən uzaqda olmasının bir eybi yoxdur. Əksinə rəmy edən zaman hacının ondan on zira və ya on beş zira uzaqda dayanması müstəhəbdir.

Sual 310: Məsələni bilmədiyinə görə və ya unutqanlıq üzündən bayram günü cəmərəni rəmy etməyə xələl gələrsə və hacı yalnız təvafdan və səydən sonra vəziyyətdən agah olur. Onun vəzifəsi nədir?

Cavab: Yalnız rəmyi bir daha etməlidir və onun boynunda başqa heç bir şey yoxdur.

Sual 311: Öncəki sualda fərz olunmuş hal on ikinci gündən sonra baş verərsə, hacı nə etməlidir?

Cavab: Məkkə və ya Minada olduğu zaman ərzində onu yenidən yerinə yetirməlidir.

Sual 312: Əgər bir hacı zilhiccə ayı bitəndən sonra yerinə yetirmiş olduğu rəmydə xələlin baş verdiyini anlayarsa, onun vəzifəsi nədir?

Cavab: Ehtiyata əsasən özü həcc etmiş olduğu halda onu qəza etməlidir və əgər özü həcci etməmişdirsə, növbəti ildə onun yerinə bayram günü rəmy etmək üçün başqa birini naib tutmalıdır.

Sual 313: “Həccin ibadətləri” kitabında buyurmusunuz ki, qadınlar və bayram gününün gecəsində Məşərdən hərəkət etməyə icazəli olan şəxslər üçün gecə vaxtı rəmy etmək kifayətdir. Gecə vaxtı hərəkət etməyə icazə verilmiş şəxslərdən bir qrupu da “üzrlü şəxslərlə əlaqədar işlərə nəzarət edən insanlardır”. Görəsən bu insanlar üçün növbəti gün rəmy etməyə gücləri çatdığı halda da gecə vaxtı rəmy caizdir, ya yox?

Cavab: Əgər üzrlü şəxslərin nəzarətçiləri üçün bayram günündə rəmy etmək mümkün olarsa və rəmy miqdarında olan vaxt ərzində üzrlü şəxslər onlardan ehtiyacsız olarsa, gecə vaxtı rəmy onlar üçün kifayət etmir.

Qurbanlığın hökmləri:

Sual 314: Qurbanı polad bıçaqla zibh etmək (kəsmək) caizdir ya yox ?

Cavab: Bu şəkildə zibh etmək işkal (problem) yarada bilən şübhədən kənar deyildir və bu məsələdə ehtiyat etmək lazımdır.

Sual 315: Bir şəxs dörd nəfər üçün qurbanı hazırlamaq və zibh etməkdən ötəri vəkil olmuşdur.Bu şəxs onlardan ikisi üçün qurbanı zibh edir və digər iki nəfər üçün zibh etmək istədiyi zaman isə onların adını tam olaraq xatırlamır. Belə bir vəziyyətdə onun vəzifəsi nədir?

Cavab: Vəkil olan şəxsin zibh zamanı həmin dörd nəfərdən qurbanı kəsilməmiş digər iki nəfərin bir-birindən seçilməsini təmin edən hər hansısa bir işarəni öz zehnindən keçirməsi kifayətdir. Eynilə o iki nəfərdən daha yaşlısı üçün ilk öncə zibh etmək və ya onların qurbanlarından daha bahalısını ilk öncə kəsmək kimi yollarla bu çətinlik aradan qalxacaqdır.

Sual 316: Hacı bir qurban aldıqdan sonra qiymətlər bahalaşarsa və bundan sonra həmin qurbanın eybli olduğunu anlayarsa, bu qurbanla kifayətlənməsi caizdirmi?

Cavab: Əzhər (daha aşkar) nəzərə əsasən onunla kifayətlənmək olmaz.

Sual 317: Bir neçə nəfər bir şəxsi onlar üçün qurbanlıq alıb kəsməyə görə vəkil edirlər. Görəsən bu şəxsin hər qurbanı aldığı və kəsdiyi halda onların birini müəyyən etməsi vacibdirmi? Yoxsa ayrı-ayrı təyin etmədən onların sayına uyğun qurbanlıq alıb zibh etməsi kifayətdir?

Cavab: Qurbanı kəsən (zibh edən) zaman onların hər birini ayrı-ayrı müəyyənləşdirmək lazımdır.

Sual 318: Minada zibh etməyin qadağan olmasına dair hökümətin qərar qəbul etməsi və hacının həmin qərara tabe olmayacağı halda öz cismi və malına zərər dəyəcəyini məntiqli şəkildə ehtimal verməsi, Minada zibh etməyin acizliyinə və Vadiyi-mühəssərdə zibhin caizliyinə səbəb olurmu?

Cavab: Qanuna tabe olmamaq halında zərərdən qorxmaq Minada zibh etməyin vacibliyini aradan qaldırır, amma bu məsələ Minanın yerinə başqa məkanda zibhin caiz olması mənasına gəlmir. Vadiyi-mühəssərdə zibh etməyin caizliyinin meyarı (“Həccin ibadətləri” kitabında qeyd etdiyimiz kimi) bütün hacıları əhatə edəcək yerin sıx olmasıdır. Buna əsasən də sualda fərz olunmuş halda və o kimi durumlarda (nəinki yerin sıx olması halında) Minada zibh etmək mümkün olmazsa, həm Vadiyi-mühəssərdə zibh edilməlidir və həm də qurbanlığın yerinə oruc tutulmalıdır.

Sual 319: Əgər bir hacı qurbanlığın fəqirlərə aid səhmini vermədiyinə görə ona zamin olarsa, görəsən zibhdən öncəki qiymətə zamin olur, yoxsa zihdən sonrakı qiymətə? Çünki zibhdən öncəki bir qoyunun qiyməti misal üçün üç yüz səudiyyə riyalı olmuşdursa, zibhdən sonra onun qiyməti çox ucuzlaşır. Belə olan halda hacı onlardan hansına zamindir?

Cavab: Zamin olmaqdakı meyar, zibhdən sonrakı qiymətdir.

Sual 320: Qurbanlığın əti zibhdən sonra öz qiymətini itirərsə (beləki çox vaxt bayram günündə qurbanlıq alanların az olması nəticəsində bu cür olur) və hacı fəqirlərin səhmini onlara sədəqə verməmiş olarsa, onların səhminə zamin olurmu?

Cavab: Sualda fərz olunmuş halda həmin hacı zamin deyildir.

Sual 321: Hal-hazırda qurbanlığı üç yerə bölmək mümkün olmur. Yəni bu gün dövlət hacının öz qurbanlığından bir qədərin götürüb onu fəqirlər və mömin şəxslər arasında bölməsinə əngəl olur. Bu halda hacının vəzifəsi nədir?

Cavab: Qurbanlığın bölünməsində lazım olan şey onun üçdə bir hissəsinin fəqirlərə sədəqə verilməsidir, amma hacının ondan yeməsi və onun üçdə birini bəxşiş etməsi vacib deyildir. Üçdə bir hissənin sədəqə verilməsi də imkan olmayan və ya çətinlik olan halda qüvvədən düşür.

Sual 322: Qurbanlıqda mötəbər olan şərtlərin mövcudluğuna yəqinin olması vacibdirmi?

Cavab: Şərtlərin mövcudluğuna arxayın olmaq kifayətdir.

Sual 323: Bir hacı onun bəzi vəsaitlərini oğurlamış şəxsdən rəsmi məhkəmənin hökmü ilə aldığı pulla qurbanlığını alır. Görəsən bu qurbanlıq onun üçün kifayət edirmi?

Cavab: Əgər həmin pul təqas (qisas) ünvanında alınmışdırsa və təqasın da hər bir şərti mövcud olmuşdursa və yaxud boynunda olan ümumi dəyərin öz haqqı çatdığı həmin miqdarını almışdırsa, o qurbanlıq kifayətdir. Əgər belə olmazsa, kifayət etmir.

Sual 324: Bir hacı zibhin vacib olmadığına inanaraq (israf olduğu gümanına əsaslanaraq) təqsir etmiş və ehramdan çıxmışdır. Onun hökmü nədir?

Cavab: Tikili paltarları əynindən çıxarmaq, ehramın sair mühərramatından qorunmaq və təşriq günləri (zilhiccənin 11, 12 və 13-cü günləri) bitincəyə kimi zibh etmək onun boynunda vacibdir. Əgər bu günlər bitmiş olarsa və həmin şəxs də zibh etməzsə, ehtiyata əsasən həcci batildir.

Sual 325: Əgər bir hacı xumsunu çıxarmadığı pulla qurbanlığı alarsa, bu əməl onun üçün kifayətdirmi?

Cavab: Əgər qurbanlığı üzərində olan ümumi dəyərlə alarsa və onun pulunu xumsunu çıxarmadığı şeydən ödəyərsə, bu əməl onun üçün kifayətdir və həmin dəyərin xumsu miqdarını çıxarmağa zamindir.

Sual 326: Bir hacının özü üçün qurban kəsməmişdən öncə başqa birinin qurbanını zibh etməsi caizdirmi?

Cavab: Caizdir.

Sual 327: Qurbanlığın bütün şərtlərinə cavab verən və yalnız xayaları əzilmiş olan bir heyvanı zibh etməklə kifayətlənmək olarmı?

Cavab: Əqva (daha qüvvətli) nəzərə əsasən onunla hər bir halda kifayətlənmək olar.

Sual 328: Bir hacı zibh üçün naib tutduğu bir şəxsin öz vəzifəsini yerinə yetirmiş olduğuna inanaraq təqsir etmiş və öz ehramından çıxmışdır. Lakin sonradan inancının səhf olduğunu anlamışdır. Onun vəzifəsi nədir?

Cavab: Dərhal tikili paltarları əynindən çıxartmalı və ehramın sair mühərrəmatından da özünü qorumalıdır. Qurbanlığını kəsdikdən sonra isə ehramdan çıxmalıdır və bir daha təqsir etməyə ehtiyac yoxdur.

Sual 329: Bir hacı başqa bir şəxsi qurbanlığı alıb zibh etmək üçün vəkil etmişdir. Sonra ona xəbər vermədən başqa birini həmin işə görə onun yerinə vəkil etmişdir. Belə olduğu halda birinci vəkil öz müvəkkili tərəfindən zibh edərsə, bu iş onun üçün kifayət edirmi?

Cavab: Bu işin onun üçün kifayət etməsi uzaq nəzər deyildir.

Sual 330: Qurbanlığın dörd əsas damarı kəsildikdən sonra heyvan təkan verərsə və arxası qibləyə tərəf dönərsə, bu hal onun paklığına zərər verirmi?

Cavab: Zərər vermir.

Sual 331: Bir hacı qurbanı kəsdikdən və ondan sonrakı ibadətləri yerinə yetirdikdən sonra qurbanlığının təyin olunmuş və qurbanlıqda şərt hesab edilən yaş həddində olmadığını anlamışdır. Onun hökmü nədir?

Cavab: Bu hal təşriq günlərindən öncə baş verərsə, bir daha qurban kəsməlidir və onun boynunda başqa heç bir şey yoxdur. Əgər bu hal təşriq günlərindən sonra baş vermişdirsə, həm bir daha qurban kəsməli və həm də qurbanlığın əvəzində oruc tutmalıdır.

Sual 332: İmamiyyədən (şiə) olmayan müsəlmanı zibh üçün naib tutmaq caizdirmi?

Cavab: Zibh edən şəxsin kimliyindəki meyar onun müsəlman olmasıdır.

Sual 333: Bir hacı bayram günü zibh etməyi bacarmazsa, günəş batmamışdan bir qədər əvvəl təqsir edib ehramdan xaric olması və zibhi növbəti günə saxlaması caizdirmi?

Cavab: Zibh və təqsir və yaxud da həlqdən başqa heç bir əməllə ehramdan çıxılmır. Əlbəttə həlq və ya təqsiri zibhdən öncə ettmək caizdir, lakin ehtiyata əsasən Minada qurbanlığı hazırladıqdan sonra bu işi etmək olar.

Sual 334: Hacının cəməreyi-əqəbəni rəmy etdikdən sonra təqsir və ya həlq etməsi və elə həmin vaxtda da öz qurbanlığını kəsməsi caizdirmi?

Cavab: Təqsir və ya həlqi zibhdən öncə etmək caizdir, lakin ehtiyata əsasən bu işi görmək üçün öncə Minada qurbanlığı hazırlamaq şərtdir.

Sual 335: Bir hacı təqsir, təvaf və səyi etdikdən sonra kəsmiş olduğu qurbanlığın kifayət edici şəkildə olmadığını anlayarsa, zibhi iadə etdikdən sonra həmin üç ibadəti də bir daha yerinə yetirməsi vacibdirmi?

Cavab: Əzhər (daha aşkar) nəzərə əsasən onları iadə etmək vacib deyildir.

Sual 336: Boynunda bir daha qurban kəsmək vacib olan bir şəxs bilərəkdən onu tərk edərsə, həcci batil olurmu?

Cavab: Əgər qurban kəsməzsə və zibh günləri də bitərsə, əzhər nəzərə əsasən onun həcci batildir.

Sual 337: Qurbanlıq üçün lazım olan şərtlərin mövcudluğunda satıcının sözünə güvənmək olarmı?

Cavab: Onun sözünün düz olduğuna dair arxayınlıq əldə edənə kimi satıcının dediyinə etimad etmək işkallıdır (problemlidir).

Sual 338: Bir şəxsin qurbanlıq əti başqa bir şəxsin qurbanlıq ətinə qarışarsa, həmin şəxsin onların hər birindən bir qədər götürüb qazana qoyması və bişdikdən sonra o qazandan yeməsi onun üçün kifayətdirmi?

Cavab: Bəli, qurbanlıq ətinin bir qədərinin yeyilməsindəki ehtiyat-müstəhəbə riayət etmək üçün bu işi görmək kifayətdir.

Sual 339: Həcdə başqasının naibi olan bir şəxs zibh üçün ayrı bir şəxsi öz naibi seçərsə, bu şəxs kimin tərəfindən niyyət etməlidir? Mənubu ənh tərəfindən niyyət etməlidir, yoxsa naibin tərəfindən niyyət etməsi kifayətdir?

Cavab: Naib tərəfindən niyyət etməlidir. Yəni onun boynunda vacib olan qurbanlığı niyyət edərək heyvanı kəsməlidir. İstər ona bu işi tapşıran şəxs özü üçün həcc etsin, istərsə də başqasının naibi olsun, bu hallar onun niyyətinin keyfiyyətinə təsir qoymur.

Sual 340: Bir şəxs başqasının yerinə onun niyyətini edərək (onun istəmədiyi halda) və onun razı qalıb çox sevinəcəyinə arxayın olduğu halda zibh edərsə, görəsən bu zibh mənubu ənh tərəfindən kifayət edirmi?

Cavab: Bu cür zibh etmək mənubu ənh tərəfindən kifayət deyildir.

Sual 341: Əgər bir hacı Minada zibh etməyi bacardığı halda qəflət üzündən oradan kənarda qurbanını kəsərsə və yalnız öz vətəninə qayıtdıqdan sonra bu mətləbdən agah olarsa, onun vəzifəsi nədir?

Cavab: Onun zibhinin kifayət etməsi uzaq nəzər deyildir.

Sual 342: Bütün hacıların sallaqxanalara aparıldığı halda onların itəcəyindən qorxu olduğuna görə bir qrup komitələr yaradılır. Bu komitələrin vəzifəsi hacılar tərəfindən zibh etməkdir. Hər bir qurbanlığın ətindən onun bir hissəsini ayırmaq və onu yeməsi üçün sahibinə təhvil vermək bu komitənin üzvləri üçün çox çətin olduğuna və ya mümkün olmadığına görə onlar bu işi görmürlər. Belə olan halda hacının vəzifəsi nədir?

Cavab: Bizim nəzərimizə əsasən hacının öz qurbanlığının ətindən yeməsi vacib olmadığına görə sualda fərz olunmuş halda heç bir işkal yaranmır.

Sual 343: İxtiyari halda Vadiyi-müəysəmdə qurulmuş sallaqxanalarda zibh etmək kifayətdirmi? Yoxsa yalnız Mina və Vadiyi-mühəssərdə zibh etməyə imkan olmadığı halda orada zibh etmək kifayət edir?

Cavab: Nəinki ixtiyari halda, əksinə ehtiyata əsasən heç bir halda Vadiyi-müəysəmdə zibh etmək kifayət etmir.

Sual 344: Müstəhəb həcc etməkdə olan bir şəxsin həccin xərclərinə gücü çatmadığı üçün Minadakı zibhi tərk etməsi caizdirmi? Nəzərə almalıyıq ki, hal-hazırda qurban kəsməyin xərci mükəlləf üçün müəyyən qədər sıxıntıya səbəb olur.

Cavab: Qurban kəsmək təməttö həccinin şərtlərindəndir və bu məsələdə müstəhəb həcc ilə vacib həcc arasında heç bir fərq yoxdur. Buna görə də həmin şəxs qurban kəsmək istəmədiyi halda ifrad həccini yerinə yetirməlidir.

Sual 345: Əgər bir mükəlləf bayram günündə Minada yerinə yetirilən ibadətlərin tərtibinə məsələni bilmədiyi üçün (istər cahili-qasir olsun, istərsə də cahili-müqəssir) xələl gətirərsə, onun hökmü nədir?

Cavab: Onun əməli kifayətdir. Lakin həmin şəxs cahili-mürəddəd (tərəddüd halında) olarsa və məsələnin hökmünü soruşmazsa, ehtiyat-vacibə əsasən bu halda öz əməllərini bir daha yerinə yetirməlidir.

Həlq və təqsirin hökmləri:

Sual 346: Birinci dəfə həcc edən şəxsin həlq etməsi (başını təraş etməsi) vacibdirmi? Yoxsa həmin şəxs həlq ilə təqsir (başın tükünü azaltmaq) arasında ixtiyar sahibidir?

Cavab: Ehtiyat-vacibə əsasən həlq etməlidir.

Sual 347: Əgər bir uşaq həcc edərsə, “sərurə (ilk dəfə həcc edən bir şəxs)” ünvanından çıxırmı (yəni o uşaq həcc etmiş sayılırmı)? Həmçinin başqasını naibi olaraq həcc edən bir şəxs də “sərurə” ünvanından xaric olurmu?

Cavab: Zahirə əsaslanaraq demək olar ki, onlar “sərurə” ünvanından çıxırlar. Çünki “sərurə” ilk dəfə həcc edən və bir neçə dəfə həcc etməmiş şəxsə deyilir.

Sual 348: Əgər bir hacı zilhiccənin on birinci gecəsində həlq və ya təqsir edərsə, bu əməl onun üçün kifayətdirmi?

Cavab: Bu əməlin onun üçün kifayət etməsi uzaq nəzər deyildir.

Sual 349: Əgər bir hacı təqsiri Minada etməyin lazım olduğunu bildiyi halda (və ya məsələni bilmədiyinə görə) və Minanın hüdudlarından kənarda yeni qurulmuş sallaqxanalarda zibhdən sonra təqsir edərsə, onun hökmü nədir?

Cavab: Bu işi bilərəkdən etdiyi halda belə onun təqsirinin kifayət etməsi uzaq nəzər deyildir. Lakin imkan olduğu təqdirdə kəsmiş olduğu tükü Minaya göndərməlidir.

Sual 350: Bir hacı bər-bər olduğu halda özü həlq və ya təqsir etməmişdən öncə başqasının başını təraş edə bilərmi? Əgər belə edərsə, kəffarə verməlidirmi?

Cavab: Belə etməsi caiz deyildir. Lakin belə edərsə, kəffarəsi yoxdur.

Sual 351: Həql etmək üçün ülgücün əvəzində adi maşınlardan (sıfır dərəcəli) istifadə etmək olarmı?

Cavab: Caizdir. Lakin həlqin ülgüc vasitəsi ilə yerinə yetirilməsi ehtiyat-müstəhəbdir.

Sual 352: “Həccin ibadətləri” kitabında belə buyurmusunuz: “ Ehtiyata əsasən Minada qurbanlığı hazır edənə kimi həlq və ya təqsiri təxirə salmaq lazımdır”. Belə olan halda bir qrup şəxsin vəkili olan bir insanın onların adını tək-tək müəyyənləşdirmədən öz müvəkkilləri üçün qurbanlıq alması, onların həlq və təqsir etməsi üçün kifayətdirmi? Yəni vəkil olan insan bu qurbanlıq filan şəxs üçündür kimi niyyət etməyib qurbanlıqları ümumi şəkildə alarsa, belə olan halda müvəkkillərin təqsir və ya həlq etməsi caizdirmi?

Cavab: Bu iş kifayət deyildir. Yəni onların təyin edilməsi yalnız vəkil olan şəxsin zehnində olsa da belə, bu vəkil insan onların tək-tək hər biri üçün qurbanlığı müəyyənləşdirməlidir.

Sual 353: Sərurə (ilk dəfə həcc edən) olan bir şəxsin başında yara olarsa və bu şəxs həlq etməyi bacarmazsa, təqsir etmək onun üçün kifayətdirmi?

Cavab: Əgər həmin şəxs adi maşınla (sıfır dərəcəli) başını təraş etməyi bacararsa, ehtiyata əsasən təqsir onun üçün kifayət etmir. Hətta həlqin ağır (çətin) olduğu halda təqsirin kifayət etməsinin əqrəb (daha aşkar) nəzər olmasına baxmayaraq, bu halda da təqsir etmək işkaldan (problemdən) kənar deyildir.

Sual 354: Bir hacı bilərəkdən zibhi təxirə salarsa, ondan öncə həlq etməsi caizdirmi?

Cavab: Minada qurbanlığı hazır etdikdən sonra həlq etmək caizdir, amma ondan öncə həlq etmək ehtiyata əsasən caiz deyildir.

Sual 355: Əgər bir hacı unutqanlıq üzündən və ya məsələni bilmədiyinə görə həlqi Minadan kənarda edərsə və yalnız öz vətəninə qayıtdıqdan sonra yadına düşər və  ya məsələdən agah olarsa, onun vəzifəsi nədir?

Cavab: Kəsmiş olduğu tükünü Minaya göndərmək onun üçün mümkün olarsa, belə də etməlidir və əgər mümkün olmazsa, onun boynunda heç bir şey vacib deyildir.

Nisa təvafının hökmləri:

Sual 356: Əgər bir şəxs unutqanlıq üzündən və ya məsələni bilmədiyinə görə müfrəd ümrədə təqsirdən öncə nisa təvafını edərsə, onun vəzifəsi nədir?

Cavab: Ehtiyat-vacibə əsasən təqsirdən sonra nisa təvafını və onun iki rəkətlik namazını yenidən yerinə yetirməlidir.

Sual 357: Bir şəxs nisa təvafından sonra təqsir etmiş və təqsirdən sonra (nisa təvafındakı) səhfini anlamışdır. Onun hökmü nədir?

Cavab: Ehtiyata əsasən təvaf və onun namazını bir daha yerinə yetirməlidir.

Sual 358: Bir hacı və yaxud ümrə edən bir şəxs Məkkədən qayıtdıqdan sonra nisa təvafını edib-etməməsində şəkk edərsə, onun vəzifəsi nədir?

Cavab: Qayıtmalı və özü birbaşa onu yerinə yetirməlidir. Əgər qayıtmaq mümkün olmazsa və ya çox çətin olarsa, naib tutmalıdır. Buna əsasən də öz zövcəsi (və cinsi ləzzətlər) ona ya özü və yaxud da naibi onun tərəfindən nisa təvafını etmədiyi müddət boyunca halal deyildir.

Sual 359: Əgər bir şəxs nisa təvafını məhz bu niyyətlə etməzsə və yalnız digər hacıların əməlinə tabe olaraq və ya həccin ibadətlərini öyrədən şəxsin göstərişi əsasında nisa təvafını yerinə yetirərsə, görəsən onun bu cür əməli nisa təvafı üçün kifayətdirmi?

Cavab: Bu ünvan (nisa təvafı) üçün niyyət etmək şərt deyildir. Əksinə ziyarət təvafından sonra yerinə yetirilən təvafın niyyətini etməsi kifayətdir.

Sual 360: Bir kişi nisa təvafını etmədiyi halda onun zövcəsinin özünü ərinin ixtiyarında qoyması, həmin qadın üçün haram hesab olunurmu?

Cavab: Sualda fərz olunmuş halda ehtiyata əsasən həmin qadın özünü ərinin ixtiyarında qoymamalı və təmkin (onunla yaxınlıq) etməməlidir.

Sual 361: Həcdə başqa birinin naibi olan şəxs nisa təvafını özü üçün yerinə yetirməlidir, yoxsa mənubu ənhin naibi niyyəti ilə onu etməlidir?

Cavab: Mənubu ənhin naibi niyyəti ilə yerinə yetirməlidir.

Sual 362: Bir şəxs müstəti olan və özü həcci yerinə yetirə bilməyən başqa şəxsin naibi kimi həcc etmişdirsə və nisa təvafını yerinə yetirməmişdirsə, görəsən qadınlar (cinsi ləzzətlər) naibə nisbətdə haram olur, yoxsa mənubu ənhə?

Cavab: Naibə nisbətdə qadınlar haram olur.

Sual 363: Bir qadın mömin (məqsəd şiədir) və onun əri müxaliflərdən (əhli-sünnə məzhəbdən) olarsa və bu kişi həcdə nisa təvafını (onlarda vacib olmadığı üçün) yerinə yetirməzsə, bu qadının əri ilə yaxınlıq etməkdən (əri nisa təvafını edənə kimi) özünü qoruması ona vacibdirmi?

Cavab: Bu iş ona vacib deyildir.

Sual 364: Həcdən sonra izdihamın şiddətinə görə nisa təvafını edə bilməyəcəyindən qorxusu olan bir şəxsin onu əvvələ salması və öncədən yerinə yetirməsi caizdirmi?

Cavab: Caizdir. Lakin Minanın ibadətlərini (yəni rəmy, zibh, həlq və ya təqsir) yerinə yetirməmişdən öncə qadınlar (cinsi ləzzətlər) ona halal deyildir.

Sual 365: Həccini yerinə yetirmiş bir şəxs öz vətətinə qayıtdıqdan sonra evlənmiş və uca Allah ona bir neçə övlad bəxş etmişdir. Bu qədər müddət keçdikdən sonra nisa təvafını yerinə yetirmədiyindən agah olmuşdur. Belə olan halda onun izdivacının və övladlarının hökmü nədir?

Cavab: Bizim nəzərimizə əsasən onun izdivacı səhihdir. Çünki həlqdən sonra hacıya haram olan əməl qadınlardan cinsi ləzzət almaqdır və əqd kəsdirmək hacıya haram deyildir. Onun övladları da hər bir halda ona məxsusdurlar (yəni halalzadədirlər).

Sual 366: Bir şəxs nisa təvafındakı dördüncü dövrdən sonra öz zövcəsi ilə yaxınlıq edərsə, nə etməlidir?

Cavab: Allahdan bağışlanma istəyib istiğfar etsin və təvafını sona çatdırsın. Belə edərsə, kəffarə yoxdur.

Sual 367: Bir şəxs nisa təvafını etməmişdən öncə öz zövcəsi ilə mazaqlaşmışdır. Onun hökmü nədir?

Cavab: Əgər ondan məni xaric olmuşdursa, bir dəvə kəffarə verməlidir və əgər dəvəyə gücü çatmazsa, bir qoyun kəffarə verməlidir. Əgər ondan məni xaric olmamışdırsa, istiğfar etməlidir və heç bir kəffarə yoxdur.

Sual 368: Həccin təvafını və onun namazını iki vüqufdan öncəyə salan bir qadın nisa təvafını etməmişdən əvvəl qəflətən aybaşı olarsa, onun yerinə təvaf etməsi üçün başqa birini naib tuta bilərmi?

Cavab: Bu cür edə bilməz. Əksinə nisa təvafını paklanacağı və bayram gününün əməllərini edəcəyi gündən sonraya kimi təxirə salmalıdır. Belə olan bir halda yol yoldaşları onun paklanmasını gözləməzlərsə və o da karvandakılardan geri qalmağı bacarmazsa, nisa təvafını tərk edib karvanla qayıda bilər və bu halda ehtiyata əsasən öz təvafı və onun namazı üçün naib tutmalıdır.

Sual 369: Bir şəxs müfrəd ümrəsindəki nisa təvafını etməmiş və təməttö ümrəsinin ehramını bağlamaq üçün miqatlardan birinə getmişdir. Belə olan halda həmin şəxs soruşur:

Birinci: Görəsən onun etdiyi bu əməl caiz idi, ya yox?

Cavab: Onun əməlinin caiz olduğunun əqrəb nəzər olmasına baxmayaraq işkaldan (problemdən) kənar deyildir.

İkinci: Onun əməlinin caiz olmadığı təqdirdə təməttö ümrəsi üçün bağladığı ehramına xələl gəlirmi?

Cavab: Onun əməlinin caiz olmadığı qəbul edilən bir halda bu hökm “vəzi” olacaqdır. Yəni nisa təvafını etmədiyi müddət boyunca ehramı da səhih olmayacaqdır.

Üçüncü: Onun ehramına xələl gəlmədiyi təqdirdə nisa təvafını nə vaxt yerinə yetirməlidir? Görəsən belə halda nisa təvafını təməttö ümrəsinin əməllərindən sonraya kimi təxirə salmaq olarmı?

Cavab: Bu cür təxir onun üçün caizdir.

Sual 370: Bir şəxs müfrəd ümrəsinin nisa təvafını, həcc əməllərini yerinə yetirincəyə kimi təxirə salmışdır. Belə olan halda həmin şəxsin iki nisa təvafı etməsi lazımdır, yoxsa onun bir təvaf etməsi kifayətdir?

Cavab: Ehtiyata əsasən onun iki təvaf etməsi lazımdır.

Sual 371: Bir şəxs bir neçə dəfə müfrəd ümrə etmişdir və onların heç birində nisa təvafını yerinə yetirməmişdir. Görəsən bir dəfə nisa təvafı etmək onların hamısı üçün kifayətdirmi?

Cavab: Ehtiyata əsasən kifayət deyildir. Buna görə də ümrələrin sayı qədər nisa təvafını da etməlidir.

Sual 372: “Həcc əməlləri ” kitabında belə buyurmusunuz: “ Həcc aylarında müfrəd ümrə etmiş bir şəxs tərviyə gününə (zilhiccənin səkkizinci günü) kimi Məkkədə qalarsa və həcc etməyi niyyət edərsə, onun ümrəsi təməttö ümrəsinə çevriləcəkdir ”. Belə olan halda bu cür bir şəxs öncədən nisa təvafını etməmişdirsə, onu yerinə yetirmək vacibdirmi?

Cavab: Bu halda nisa təvafının saqit olması (qüvvədən düşməsi) uzaq nəzər deyildir.

Sual 373: Bir şəxs təməttö ümrəsini etdikdən sonra həccin əməllərini yerinə yetirməyi bacarmazsa və öz şəhərinə qayıdarsa, nisa təvafını etməmişdən öncə onun öz zövcəsi ilə yaxınlıq etməsi caizdirmi?

Cavab: Ehtiyata görə o işi  tərk etməlidir.

Sual 374: Həcdə nisa təvafını etməmişdən öncə müfrəd ümrə üçün ehram bağlamaq caizdirmi?

Cavab: Bu halda ehtiyata riayət etməyin yaxşı əməl olmasına baxmayaraq onun ehram bağlamasının caiz olması da uzaq nəzər deyildir.

Minada beytutə etməyin (gecə vaxtı qalmağın) hökmləri:

Sual 375: Bütün gecəni Minada qalmaq vacibdir, yoxsa gecənin bir hissəsini oradan çıxmaq olar?

Cavab: Hacı istəyərsə gecənin əvvəlindən onun yarısına kimi və yaxud da gecənin yarısından dan yeri sökülənə kimi Minada qala bilər. Yəni hacı bu iki vaxtdan birini seçməkdə ixtiyar sahibidir.

Sual 376: Əgər bir hacı Mina beytutə etməyi qəsd edərsə və sonra zərurət üzündən çarəsiz qalaraq oranı tərk edib məbiti (gecə vaxtı qalmağı) boşlayarsa, onun boynuna kəffarə gəlirmi?

Cavab: Bəli, ehtiyata əsasən bir qoyun kəffarə verməlidir.

Sual 377: Zilhiccənin on ikinci günündə Minada dəhşətli izdiham olur. Gücsüz insanlar, xəstələr və qadınların zöhrdən sonra Minadan çıxmaqdakı və rəmy etməkdəki vəzifələri nədir?

Cavab: İzdihamın şiddətinə görə bu şəxslər özləri rəmy edə bilməsələr, bu iş üçün naib tutmalıdırlar və əgər izdihamın şiddəti onların on ikinci günün zöhründən sonra Minadan çıxmalarına da əngəl olarsa, həmin gecəni Minada qalmaq onlar üçün çətin və ağır olmadığı halda orada qalmalıdırlar. Həmin gecəni Minada qalmaq çətin və ağır olduğu təqdirdə isə zöhrdən qabaq Minadan çıxmaq onlar üçün caizdir.

Sual 378: Gecənin birinci yarısını Minada qalmaq daha fəzilətlidir, yoxsa ikinci yarısını?

Cavab: Onların heç birinin digərinə nisbətdə üstünlüyü sabit olmamışdır. Əlbəttə gecənin birinci yarısını Minada qalmaq ehtiyata uyğundur.

Sual 379: Minada qalmaq üçün oraya qayıtmaq istəyən şəxs izdihama görə qayıda bilməzsə, onun vəzifəsi nədir?

Cavab: Əgər Məkkədən çıxmışdırsa, kəffarə yoxdur və əgər gecəni orada (Məkkədə) qalarsa, ehtiyata əsasən bir qoyun kəffarə verməlidir.

Sual 380: Bir kişi beytutə etməyi niyyət etmədən gecəni Minada qalır. Çünki onun bu işin vacib olmadığına etiqadı vardır və o, yalnız növbəti gün rahat rəmy etmək üçün orada qalmışdır. Görəsən onun boynuna kəffarə gəlirmi?

Cavab: Zahirə əsasən bu işə görə kəffarə sabit olmur.

Sual 381: Bir hacı üç cəmərənin hamısını on ikinci günün sübh vaxtı rəmy etmişdir. Bu hacının Məkkədə olan öz  evinə qayıtması və günortadan sonra Minadan köç etmək üçün zöhrdən qabaq oraya getməsi caizdirmi? Yoxsa Minadan çıxmaq və köç etmək günortadan öncə heç bir halda caiz deyildir?

Cavab: Özünün bəzi vəsaitlərini Məkkədə qoymuşdursa və ona görə qayıtmaq lazımdırsa, bu halda Minadan çıxmaq onun üçün caizdir və əgər belə olmazsa, qayıtmaq qəsdinin olmasına baxmayaraq ehtiyata əsasən Minadan çıxmaq caiz deyildir. Hər bir halda zöhrdən öncə Minaya qayıtmaq vacib deyildir, əksinə zöhrdən sonra oraya qayıdıb ğürubdan (günəş batmamışdan) öncə oradan çıxmaq və ya on üçüncü gün Minadan köç etmək caizdir.

Sual 382: Bir hacı on ikinci günün sübh vaxtı hər üç cəmərəni rəmy edərsə və sonra Məkkəyə gedərsə, zöhrdən öncə Minaya qayıtmaq ona vacibdirmi?

Cavab: Əgər bir hacı rəmy etdikdən sonra və günortadan öncə Minadan çıxmışdırsa və onun çıxmasına səbəb bəzi vəsaitlərini Məkkədə qoyması olmuşdursa və bu vəsaitlərə görə oraya getmək lazım idisə, bu halda hacının Minaya qayıtması lazımdır. Hətta Məkkədə lazımlı bir vəsaitini qoymadığı halda da ehtiyata əsasən Minaya qayıtmalıdır. Odur ki, əzhər (daha aşkar) nəzərə əsasən birinci halda onun Minadan çıxması caizdir, lakin ikinci halda isə ehtiyat-vacibə əsasən Minadan çıxmamalıdır.

Hər bir halda isə zöhrdən öncə Minaya qayıtmaq vacib deyildir və ondan sonra da qayıtmaq caizdir. Çünki bu məsələdə meyar nəfrin (Minadan köç etməyin) zöhrdən öncə olmamasıdır. Buna əsasən də zöhrdən sonra Minaya qayıtmaq və həmin günün ğürubundan (günəş batmamışdan) öncə oradan çıxmaq və yaxud da on üçüncü günün sübh vaxtında Minadan köç etmək caizdir.

Sual 383: “Həccin əməlləri” kitabında buyurmusunuz ki, Məkkədən Minaya qayıtmaq üçün çıxan bir şəxs mədəni əqəbələrdən keçərsə, Minaya çatmamışdan öncə yolda yatması onun üçün caizdir. Belə olan halda bir hacı Əziziyyə və ya Şişe məntəqəsində (onların hər ikisi mədəni əqəbələrdən sonra yerləşir) olarsa, Məkkənin qədim hissəsindən çıxdığı üçün öz ixtiyarı ilə evdə yatması və Minaya getməməsi caizdirmi?

Cavab: Belə etmək onun üçün caiz deyildir.

Sual 384: Qadın, uşaq və gücsüz şəxslər kimi on ikinci gündə rəmy etməyə icazəsi olan bir hacı həmin gecə rəmy edərsə və Məkkəyə qayıdarsa, zöhrdən sonra Minadan köç etmək üçün günortaya kimi oraya qayıtması vacibdirmi?

Cavab: Bu sual izdihamın şiddətinə görə öz canı üçün qorxan və gecə vaxtı hər üç cəmərəni rəmy etməsi caiz olan şəxslərin (qadın, uşaq və gücsüz şəxslər kimi) hökmünə aiddir. Lakin bizim nəzərimizə əsasən gecə vaxtı rəmy etmək (bayram gecəsində cəməreyi-əqəbəni rəmy etmək xaricdir) yalnız o kəsə aiddir ki, gündüz vaxtı rəmy etmək miqdarında belə dayanmağa imkanı olmasın. Qorxusu olan şəxslər, çoban və qullar bunun nümunəsidir. Amma qadın, uşaq və gücsüz olan şəxslər izdihamın şiddətinə görə gündüz vaxtı rəmy etməyi bacarmadıqları halda bu iş üçün naib tutmalıdırlar. Ehtiyati-övla isə hər iki işi etmələridir, yəni həm gecə vaxtı rəmy etmələri və həm də gündüz vaxtı rəmy üçün naib tutmaları ehtiyata uyğundur.

Birinci rəyə əsasən, on ikinci gecədə rəmy etmiş bir şəxs gündüz vaxtı Minada qalmağı bacararsa (nəinki qorxusu olan şəxs, çoban və qul), rəmydən sonra Minadan köç etməsi caiz deyildir. Əgər Minadan Məkkəyə tərəf təvaf etmək və ya başqa bir iş üçün çıxarsa, oraya qayıtmaq ona vacibdir. Yəni həmin şəxs on ikinci günün zöhründən sonra və ya on üçüncü günün sübh vaxtında rəmy etdikdən sonra Minadan köç etmək üçün (382-ci sualın cavabında qeyd olunmuş izaha uyğun olaraq) oraya qayıtmalıdır.

Üç cəmərəni rəmy etməyin hökmləri:

Sual 385: Yuxarı mərtəbələrdən cəməratı rəmy etmək kifayətdirmi?

Cavab: Ehtiyata əsasən cəməratı rəmy etməkdəki miqdar, Peyğəmbər (s) və imamların (ə) dövründə mövcud olmuş miqdardır. Hal-hazırda isə torpağın yüksəlməsi üzündən həmin yerin aşağıda qaldığını nəzərə alarsaq, hacı bu miqdarda rəmy etməyi bacarmadığı halda ehtiyat-vacibə əsasən həm öz rəmyi üçün naib tutmalı və həm də artıq miqdar olan yerdə (yuxarı mərtəbədə) özü rəmy etməlidir.

Sual 386: Buyurmuzunuz ki, cəməratın rəmyindəki miqdar, ehtiyata əsasən Peyğəmbər (s) və imamların (ə) dövründə mövcud olmuş miqdardadır. Belə isə lütf edib deyərdiniz ki, bu miqdarın eni və uzunluğu nə qədərdir?

Cavab: Zahirə əsasən xalqın nəzərində orada bir artma baş verməmişdir. Amma uzunluq cəhətindən yerin qalxma qaydasına görə orada bir qədər yuxarı qalxma baş vermişdir və rəmyin miqdarının adi bir insan boyu hündürlüyündə və yaxud da (bəlkə də) ondan bir qədər də çox olması (və bu miqdarın da kifayət etməsi) uzaq nəzər deyildir.

Sual 387: Qadın, uşaq və bu kimi şəxslərin on birinci və on ikinci gecədə cəməratı rəmy etmələri caizdirmi?

Cavab: Gecə vaxtı rəmy etmək (bayram gecəsində cəməreyi-əqəbəni rəmy etmək xaricdir) yalnız o şəxslərə aiddir ki, gündüz vaxtı rəmy etmək miqdarında belə Minada dayanmağa gücləri çatmasın və üzrlü olsunlar. Qorxusu olan, çoban və qullar bu şəxslərin nümunəsidir. Amma qadınlar, uşaqlar və gücsüz şəxslərin izdihamın şiddətinə görə gündüz vaxtı rəmy etməməsi caiz deyildir və onlar bu iş üçün naib tutmalıdırlar. Ehtiyati-övla isə onların həm gecə vaxtı özlərinin rəmy etməsi və həm də gündüz vaxtı rəmy üçün naib tutmalarıdır.

Sual 388: Üç cəmərəni rəmy edən zaman hacının hansı halda dayanması daha yaxşıdır?

Cavab: Cəməreyi-əqəbəni rəmy edən zaman hacının onunla üzbəüz və arxası qibləyə şəkildə, həmçinin onunla on və ya on beş zira məsafəsində dayanması müstəhəbdir. Amma cəməreyi-ula və cəməreyi-vustanı rəmy edən zaman isə hacının üzü qibləyə dayanması daha yaxşıdır.

Sual 389: Əgər bayram günündəki cəməreyi-əqəbənin rəmyinə və on birinci gündəki hər üç cəmərənin rəmyinə xələl gələrsə və onları on ikinci gündə qəza etmək lazım olarsa, iki sual yaranmış olur:

Birinci: Görəsən qəza rəmyləri əda (hazırkı) rəmydən öncə etməlidirmi?

Cavab: Bəli, ehtiyat-vacibə əsasən ilk olaraq qəza rəmylərini etməlidir.

İkinci: Qəza və əda rəmyləri arasına fasilə salmaq vacibdirmi? Əgər vacibdirsə, onun miqdarı nə qədərdir?

Cavab: Bəli, ehtiyat-vacibə əsasən onların ikisinin arasına fasilə salmaq lazımdır və buna görə vaxtın bir miqdarını fasilə etmək kifayətdir.

Sual 390: Həcc edən bir şəxs başqası tərəfindən hər üç cəmərəni rəmy etmək üçün naib olarsa və həm özü, həm də başqasının naibi kimi rəmy etmək istəyərsə, ilk öncə özü üçün rəmy etməsi və özünün bütün rəmylərini bitirdikdən sonra naib kimi başqasının rəmylərini yerinə yetirməsi ona vacibdirmi? Yoxsa cəməreyi-ulanı (birinci cəmərəni) ilk öncə özü üçün və ardınca da naib kimi başqası üçün rəmy edə, sonra ikinci cəmərəyə və sonra da üçüncü cəmərəyə gedib həmin tərtibə əməl edə bilərmi?

Cavab: İkinci üsluba əməl etmək də (birincidən əlavə) onun üçün caizdir.

Sual 391: Aşağıdakı hallarda cəməratı rəmy etmək üçün qadınların vəzifəsi nədir?

1) İzdihamın şiddətinə görə özü rəmy edə bilməzsə, amma bir qədər keçdikdən sonra imkan olacağına ehtimal verərsə, onun vəzifəsi nədir?

Cavab: Bu halda naib tutmaq ona caizdir. Amma sonradan rəmy etməyi özü bacararsa, özü də rəmy etməlidir.

2) İzdihamın tezliklə azalacağını və özünün rəmy etməyi bacaracağını bilərsə, onun vəzifəsi nədir?

Cavab: Bu halda naib tutmaq olmaz və özü rəmy etməyi bacarana kimi səbr etməlidir.

3) Rəmy olunan məkana gedib oradakı izdihamın şiddətini gördükdən sonra vaxtın sonuna kimi rəmy edə biləcəyindən ümidsiz və məyus olarsa,  onun vəzifəsi nədir?

Cavab: Bu iş üçün başqasını naib tutmaq ona vacibdir.

4) Naib tutduqdan sonra gün boyunca izdihamın aradan qalxdığı və azaldığını bilərsə, onun vəzifəsi nədir?

Cavab: Rəmy olunan məkana qayıtmalı və özü də rəmy etməlidir.

5) Əgər gecə vaxtı rəmy edərsə və gündüz vaxtı izdiham aradan qalxarsa, onun vəzifəsi nədir?

Cavab: Bu sualın cavabı qadın və qorxusu olan şəxslərin gecə vaxtı rəmy etmələrinin caiz olması məsələsinə bağlıdır. Lakin bizim nəzərimizcə, bu iş (qadın üçün) caiz deyildir.

6) Özü rəmy etməyi bacardığı halda hökmü bilmədiyinə görə naib tutarsa, onun hökmü nədir?

Cavab: Vaxtın bitmədiyi halda özü də rəmy etməlidir və əgər vaxt bitmiş olarsa, qəzasını yerinə yetirməlidir.

7) Özü rəmy etməyi bacardığı halda mövzunu bilmədiyinə görə naib tutarsa, onun vəzifəsi nədir?

Cavab: Əvvəlki sualın cavabı ilə eyni hökmdədir.

8) Rəmyləri qəza etməli olduğu hallarda qadının gecə vaxtı onları yerinə yetirməsi caizdirmi?

Cavab: Xeyr, gündüz vaxtı onların qəzasını etməlidir.

Sual 393: Əgər bir hacı onuncu gündəki cəməreyi-əqəbəni rəmy etmənin və on birinci gündəki hər üç cəmərəni rəmy etmənin qəzasını on ikinci gündə yerinə yetirməli olarsa, on birinci günün qəza və on ikinci günün əda niyyəti ilə birinci və ikinci cəmərəni rəmy etməsi və sonra onuncu və on birinci günün qəza və on ikinci günün əda niyyəti ilə cəməreyi-əqəbəni rəmy etməsi ona vacibdirmi? Yoxsa hacının ilk öncə cəməreyi-əqəbəni onuncu günün qəzası niyyəti ilə, sonra hər üç cəmərəni on birinci günün qəzası niyyəti ilə və sonda da hər üç cəmərəni on ikinci günün əda niyyəti ilə rəmy etməsi vacibdir?

Cavab: İlk öncə onuncu günün qəzası niyyəti ilə cəməreyi-əqəbəni rəmy etməlidir. Sonra on birinci günün qəzası və on ikinci günün ədası niyyəti ilə hər üç cəmərəni rəmy etmək üçün aşağıdakı iki yoldan birini seçə bilər:

1) İlk öncə hər üç cəmərəni on birinci günün qəzası və on ikinci günün əda niyyəti ilə rəmy etsin və qəza ilə əda rəmyləri arasında bir qədər fasilə versin.

2) Hər cəmərəni iki dəfə rəmy etsin: Yəni ilk öncə on birinci günün qəzası niyyət ilə və sonra on ikinci günün əda niyyəti ilə hər cəmərəni rəmy etsin və bu iki rəmyin arasında bir qədər fasilə versin.

Şərəfli iki hərəmdə qılınan namaz və təharətin hökmləri:

Sual 393: İmamiyyədən bir (şiə) şəxsin aşağıdakı iki halda əhli-sünnədən birinə iqtida edib namaz qılması səhihdirmi?

a) Bu iş təqiyyə üzündən olarsa, səhihdirmi?

b) Bu iş ümumi məsləhətə uyğun olaraq, məsələn, islami vəhdəti qorumaq üçün mehribançılıq və ülfət yaratmağa görə olarsa, səhihdirmi?

Cavab: Onların arxasında namaz qılmaq caizdir. Lakin məmum asta səslə öz qiraətini oxumağı bacararsa, belə də etməlidir və əgər bunu bacara bilməzsə, ürəyində oxumalıdır. Əgər təqiyyə etməli olarsa, təkəttuf (iki əlini bir-birinin üstünə qoymaq) də edə bilər. Həmçinin səcdə olunması caiz olan şeylərdən heçnə tapılmazsa, xalça və bu kimi şeylərə səcdə etmək də caizdir. Əgər yer və həsir kimi səcdə olunması caiz olan bir şey tapılarsa, ona səcdə edilməlidir.

Sual 394: Əgər cümə namazında onlara iqtida edilərsə, ondan sonra zöhr namazını qılmaq lazımdırmı?

Cavab: Bəli, vacibdir.

Sual 395: Vaxt daxil olmamışdan əvvəl Əhli-sünnənin  arxasında   qılınan namazın hökmü nədir?

Cavab: Bu halda həmin namaz kifayət deyildir və onunla kifayətlənmək olmaz.

Sual 396: Kəramətli Məkkə və nurani Mədinə şəhərində qılınan namazlarda camaatın imamı olan bir şəxsin sübh namazının ikinci rəkətindən sonra və məğrib namazının üçüncü rəkətindən sonra qunut tutması və qunutda onun etdiyi hər duadan sonra məmumların “amin” deməsi rəsmi (və yayılmış) bir haldır. Görəsən bu camaat namazında iştirak edən möminlərin (şiələrin) digər möminlərlə birgə “amin” deməsi caizdirmi?

Cavab: Namazı batil edən “amin”kəlməsi (risalədə qeyd izaha əsasən) həmd surəsindən sonra deyiləndir.Amma namazın digər yerlərində dua qəsdi ilə “amin” deməyin işkalı yoxdur. Əlbəttə məmumun digər birinə tabe olaraq “amin” deməsi və onun mənasını bilməməsi, onun namazını batil edən “aminlərdən” hesab olunacaqdır.

Sual 397: Məscidul-həramda və Peyğəmbər (s) məscidində qılınan namazlarda camaatın bəzisi yuxarı mərtəbəyə çıxır və oradan imam camaata iqtida edirlər. Halbuki onlar aradakı divarların hündür olmasına görə nə imamı görə bilirlər və nə də camaat namazındakı səflərdən bəzisini müşahidə etmirlər. İmamiyyədən olan bir şəxsin (şiənin) bu qrupla birgə ikinci mərtəbədə namaz qılması caizdirmi?

Cavab: Caizdir. Lakin qeyri-imaminin arxasında qılınan namazda lazımlı olan qaydalara riayət edilməlidir.

Sual 398: Məscidul-həramın döşəməsində olan daşlara səcdə etmək caizdirmi? Nəzərə almalıyıq ki, hərarətin dəyişməsi və bu daşların günəşdən təsirlənməməsinə görə onlara fabrik daşları və qeyri-təbii daşlar deyilir.

Cavab: Bu daşların fabrikat olmasının forması onları təşkil edən maddələrin səcdə edilməsi səhih olan şeylər şəklində olarsa və yaxud digər maddələr onun içində itmiş olarsa, o daşlara səcdə etməyin bir eybi yoxdur. Bu hal təqiyyə olmayan duruma aiddir. Lakin təqiyyə halında həmin daşlar səcdə edilməsi səhih olmayan şeylərdən təşkil olunsa da onlara səcdə etmək səhihdir.

Sual 399: Peyğəmbər (s) məscidinin xalçalarına səcdə etmək caizdirmi?

Cavab: Əgər təqiyyə etməyin lazım gəldiyi hal olarsa, ona səcdə etmək caizdir və xalçaya səcdə etməmək üçün başqa yerə getmək vacib deyildir. Həmçinin təqiyyə üzündən namazı axır vaxta kimi təxirə salmaq (və gecikdirmək) vacib deyildir.

Sual 400: Sizin nəzərinizə əsasən namaz halında qadın və kişinin bir-birinin üzbəüzündə (yanında) dayanması və yaxud da qadının bir qədər qabağda durması ehtiyata görə səhih deyildir. Görəsən bu nəzər və hökm Məscidul-hərama da aiddirmi?

Cavab: Bu hökm Məkkəyi-mükərrəmədə izdihamın çox olduğu hala aid deyildir və əzhər (daha aşkar) nəzərə əsasən orada təqəddüm və təəxxür (qadının qabağa keçməsi və ya kişinin arxada qalması) caizdir.

Sual 401: Bir kişi namaza başladıqdan sonra bir qadın gəlib onun üzbəüzündə və yaxud da ondan bir qədər qabağda dayanaraq namaz qılmağa başladı. Görəsən həmin qadının bu işi ilə yalnız onun öz namazı batil olur, yoxsa camaat namazında da işkal yaranır? Bu məsələnin əksinin hökmü nədir?

Cavab: Ehtiyata əsasən hər iki namaz da batil olur. Çünki bizim nəzərimizə görə qadının üzbəüz yerdə və ya bir qədər qabağda dayanmasının işkallı olması sonradan namaza başlamaqdan asılı deyildir və hər iki namaza da şamil olur.

Sual 402: Şərəfli Kəbənin ətrafında qadınların dairəsində (hüdudunda) camaat namazı qılmaq səhihdirmi?

Cavab: İmamdan qarşıda dayanaraq namaz qılan şəxsin namazı işkallıdır. Lakin bu camaat namazlarında iştirak edən möminlərin (şiələrin) hal-hazırda Məscidul-həramda mövcud olan hüdudlar daxilində qeyri-imamiyyəyə (qeyri-şiəyə) iqtida etməsi, onların arxasında namaz qılmaq üçün mötəbər olan şərtlərə riayət etməklə caizdir.

Sual 403: Hicri-ismaildə namaz qılmağın caiz olmadığını deyirlər. Bu söz düzdürmü?

Cavab: Bu sözün heç bir əsası yoxdur.

Sual 404: Musafirin (səfərdə olan şəxsin) namazı şikəstə və ya tamam qılması arasında ixtiyar sahibi olması Məkkəyi-mükərrəmənin və nurani Mədinə şəhərinin qədim hissələrinə aiddir, yoxsa yeni artırılmalara və genişlənmələrə də şamildir?

Cavab: Yeni artırılmalara da şamildir.

Sual 405: Avtobus sürücüsü müsafirlərə namaz qılmaq üçün kifayət edəcək miqdarda fürsət verməzsə və avtobusu saxlamaqla onlar üçün imkan yaratmazsa, müsafirin öz vacib namazını oturduğu yerdə qılması caizdirmi?

Cavab: Bəli, lakin ayaq üstə namaz qılmaq oturduğu halda namaz qılmağa müqəddəmdir (öndədir). Hər iki halda imkan olarsa, üzü qibləyə dayanmaq lazımdır və əgər imkan az olarsa, yalnız təkbirətul-ehram halında üzü qibləyə dayanmaq lazımdır. Ümumiyyətlə imkan olmazsa, üzü qibləyə dayanmaq saqit olur (qüvvədən düşür). Həmçinin ixtiyari şəkildə ruku və səcdə etməyə imkan olarsa ( avtobusun koridorundan istifadə etməklə), bu cür etməsi vacibdir. Əgər belə etməyə imkanı olmazsa, ruku və səcdə halına uyğun olan şəkildə mümkün olan qədər əyilməlidir. Səcdə etdiyi zaman səcdəgahı qaldırmaq üsulu ilə olsa da belə alnını səcdəgaha qoyması lazımdır. Əgər qeyd olunan miqdarda əyilməyi bacarmazsa, onların əvəzində işarə etməlidir.

Sual 406: Bir müsafir Məkkədə on gün qalmağı qəsd etmişdir. On gün keçdikdən sonra Ərəfata getmiş və oradan Məşərə və sonra da Minaya yollanmışdır. Görəsən bu şəxsin Ərəfat, Məşər və Minadakı namazları tamam və şikəstə olmaq cəhətindən hansına uyğundur?

Cavab: Əgər Məkkənin hal-hazırda olan qurtarma nöqtəsindən (çıxışından) Ərəfata qədərki məsafə və sonra oradan Məşər və sonra da Minaya (və əksinə) qədərki məsafə 44 kilometr və ya ondan çox olarsa, həmin şəxsin namazları oralarda şikəstə olacaqdır və əgər məsafə bu miqdardan az olarsa, namazları tamam olacaqdır. İkinci halda həmin şəxsin Ərəfatdan səfər etmək qəsdi olarsa və onun Məkkəyə qayıtması iqamət etdiyi (qaldığı) məkan cəhətindən deyil, əksinə öz yolunda onun baş verməsi (və yerləşməsi) cəhətindən olarsa, onun Məşər və Minadakı namazlarının hökmü şikəstədir. Amma həmin şəxs Məkkədəki namazlarını tamam və ya şikəstə qılmaq arasında ixtiyar sahibidir. Çünki Məkkə şəhəri müsafirin öz namazını tamam və ya şikəstə qılması arasında ixtiyar sahibi olduğu məkanlardan biridir.

Sual 407: Öncəki sualda fərz olunmuş bir halda müsafir on gün Məkkədə qalmağı qəsd etdikdən və iqamət niyyəti ilə namazını dörd rəkət qılmaq istədikdən sonra müəyyən bir əngəlin baş verməsi üzündən oranı tərk etməli olarsa və on gün bitməmişdən öncə çarəsiz şəkildə Ərəfata getməli olarsa, onun hökmü nədir?

Cavab: Öncəki məsələnin hökmü ona da şamildir.

Sual 408: Öncəki sualda fərz olunmuş halda müsafir bayram günündə Məkkəyə qayıdarsa və sonra oradan beytutə etmək üçün Minaya gedərsə və yaxud da on gün qalmaq niyyəti etmədən on ikinci gündə Məkkəyə qayıdarsa, onun Məkkə və Minadakı namazlarının hökmü nədir? Onun namazları şikəstədir, yoxsa tamam?

Cavab: Əgər Məkkənin hal-hazırda mövcud olan son nöqtəsindən (çıxışından) Ərəfata qədərki məsafə və oradan Müzdəlifəyə  və sonra da Minaya qədərki ( və əksinə) məsafə 44 kilometr və ya ondan çox olarsa, onun Məkkə və Minadakı namazları şikəstədir (necəki Ərəfat və müzdəlifədə şikəstə qılırdı). Əlbəttə, Məkkədəki namazları tamam qılmaq caizdir. Çünki Məkkə şəhəri müsafirin öz namazını qəsr ilə tamam qılması arasında ixtiyar sahibi olduğu məkanlardandır. Amma məsafə qeyd etdiyimiz miqdardan az olarsa, həmin şəxs bütün yerlərdə öz namazlarını tamam qılmalıdır və 406-cı sualın cavabında qeyd etdiyimiz bir hal isə istisnadır.

Sual 409: Məscidul-həramda və Peyğəmbər (s) məscidində qılınan namazın fəziləti barəsində gələn rəvayətlər, bu iki məscidin yeni artırılmalarına və genişlənmələrinə də aiddirmi? Həmçinin onların digər hökmləri də yeni hissələrə şamil olurmu?

Cavab: Bəli. Əgər həmin artırılma və genişlənmələr məscid hesab olunarsa (nəinki əlavə və birləşmə sayılarsa), bütün fəzilət və hökmlər o hissələrə də aiddir.

Sual 410: Həcc karvanlarının məsul şəxsləri və hacılara bələdçilik edən insanların hər il bu işi görmək vəzifəsi olduğu halda onların namazları şikəstə olur, ya tamam?

Cavab: Əgər onların işləri az müddətli olarsa (məsələn üç həftə), onların vəzifəsi qəsr namazıdır və əgər çox müddətli olarsa (məsələn üç ay), onların vəzifəsi namazları tamam qılmaqdır. Onların kəsirus-səfər (çox səfər edən şəxs) olub-olmamasında şəkk edilən zaman isə ehtiyat budur ki, qəsr və tamam arasında cəm etsinlər və namazlarını həm şikəstə, həm də tamam qılsınlar.

Sual 411: Məkkə və Mədinədə sərinləmək üçün nəzərdə tutulan və yalnız içmək üçün hazırlanmış su ilə dəstəmaz almaq caizdirmi?

Cavab: Əgər həmin su yalnız içmək üçün nəzərdə tutulmuş və ona məxsusdursa, onunla dəstəmaz almaq caiz deyildir.

Sual 412: Öncəki sualda fərz olunmuş halda bir şəxs hökmü bilmədiyinə görə həmin su ilə dəstəmaz almışdırsa, onun hökmü nədir?

Cavab: Əzhər (daha aşkar) nəzərə əsasən onun dəstəmazı səhihdir.

Sual 413: İslam dövlətinə məxsus olan hökümət müəssisələrində və dövlət idarələrində mövcud olan su ilə dəstəmaz almaq caizdirmi?

Cavab: Bəli, həmin suyun qəsbi olduğu bilinmədiyi müddətdə caizdir.

Sual 414: Məscidul-həramın hər hansısa bir hissəsi nəcis olduğu zaman məsul işçilər nəcasətin eynini (özünü) aradan aparırlar və sonra nəm (islanmış) bir parça ilə onu silib təmizləyici maddələr ilə onun yerini təmizləyirlər. Məlum olduğu kimi bu iş həmin yerin paklanması üçün kifayət deyildir. Sonra orada qalan rütubət insanların get-gəl etməsi və ya ayaqlarını oraya qoyması nəticəsində Məscidul-həramın digər hissələrinə də sirayət edir və nəticə etibarı ilə məscidin bir çox yerinin nəcis olmasına aid bilgi yaranır. Belə olduğu halda Məscidul-həramın döşəməsinə ixtiyarı bir durumda səcdə etmək caizdirmi? Yoxsa oraya səcdə etmək yalnız təqiyyə halında icazəlidir? Həmçinin təvaf edən bir şəxsin bədəni mətafda olan rütubətlə toqquşarsa və rütubət onun bədəninə sirayət edərsə, onun təvafı səhihdirmi? Yoxsa onu iadə etməsi lazımdır?

Cavab: Sualda qeyd olunmuş şəkildə məscidin bir çox hissəsinin nəcis olmasına dair elmin hasil olması (və bilginin yaranması) çox nadir hallarda görünən bir durumdur. Buna əsasən də nəcasətə ehtimal verməsinə baxmayaraq yalnız güman əsasında ona etimad etmək yaxşı bir hal deyildir.

Müxtəlif məsələlər:

Sual 415: “Həccin əməlləri” kitabının bəzi yerlərində qeyd olunmuş “ehtiyati-övla” kəlməsindəki məqsəd ehtiyati-müstəhəbdirmi?

Cavab: Bəli.

Sual 416: Şərəfli Kəbə evinin örtüyündən bir parçasını götürmüş bir şəxsin onu qaytarması lazımdırmı? Əgər lazımdırsa, onu kimə qaytarmalıdır?

Cavab: Həmin parçanı əzəmətli Kəbənin məsul işçiləri ona verdiyi halda ondan istifadə etmək olar. Yəni onu satmaq, hədiyyə etmək, öz namazının məkanı qərar vermək və ya öz Quranının örtüyü etmək və bu kimi işlər onun üçün icazəlidir. Amma onu gizli şəkildə götürmüşdürsə, ehtiyat-vacibə əsasən oranın məsul işçilərini məsələdən xəbərdar etməlidir.

Sual 417: Bir şəxsin iki nəfər tərəfindən alverdə (beydə) alıcı və satıcı tərəf kimi vəkil olması caizdirmi?

Cavab: İşkalı (problemi) yoxdur.

Sual 418: Vəkalətin (vəkil təyin etməyin) səhih olması üçün müvəkkilin yanında vəkil şəxsin məlum olması şərtdirmi?

Cavab: Onu tanımaq şərt deyildir. Əlbəttə vəkilin reallıqda müəyyən olunması lazımdır. Məsələn, Zeyd bir şəxsin istəyi ilə onun vəkili olur və onun istəyinə (tələbinə) uyğun şəkildə müəyyən bir şəxsi (hətta Zeyd onu tanımasa da) vəkil tutur. Amma iki nəfərdən birinə onu müəyyən etmədən və tərəddüdlü şəkildə vəkalət vermək səhih deyildir.

Sual 419: Müəssisələrə vəkalət vermək səhihdirmi?

Cavab: Əgər bu vəkalət xüsusi ünvanı (məsələn, müəssisənin rəisini) ünvanlı şəkildə vəkil seçmək kimi olarsa və xüsusi ünvan da qəbul edərsə, bunun bir işkalı yoxdur. Bu xüsusi ünvanın bəzən bir-birini əvəz etməsi halında da və bu cür müəssisənin digər ünvanında da vəkalət vermək caizdir. Amma müəssisənin özünə vəkalət vermək səhih deyildir.


[14] Hərvələ etmək, xüsusi bir yerimək formasıdır. Yəni adi şəkildə addımlamaqdan daha sürətli və qaçmaqdan isə daha asta bir formada gəzməyə hərvələ etmək deyilir. Beləki bu cür yerişdə bəzən bir çiyinin qalxıb digərinin düşdüyünü də qeyd ediblər.
← Altıncı fəsl » Məhdud və məhsurun hökmləri
العربية فارسی اردو English Azərbaycan Türkçe Français