ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Həccin hökmləri və əlavələr

Altıncı fəsl » Məhdud və məhsurun hökmləri → ← Dördüncü fəsl » Təməttö ümrəsinin əməlləri

Beşinci fəsl » Təməttö həccinin əməlləri

Həccin ehramı:

Məsələ 570. Öncədən qeyd olunmuşdu ki, həccin 13 əməlindən birincisi ehramdır və onunla ümrə ehramı arasında, həmçinin onun vacib və haramları ilə digər ehramların vacib və haramları arasında (niyyətindən başqa heç bir şeydə) fərq yoxdur.

Həcc ehramının zamanı:

Məsələ 571. Təməttö həccinin ehramının zamanı, təməttö ümrəsinin təqsirindən sonra başlayaraq Ərəfə gününün zöhrünə qədərdir.

Məsələ 572. Təməttö həccinin ehramının ən gözəl zamanı zilhiccə ayının səkkizinci gününün zöhrüdür. Qoca və xəstə olan şəxslər, insanların sıxlığından qorxduqlarına görə həmin vaxtdan və digər şəxslərdən öncə muhrim olaraq Məkkədən çıxa bilərlər və bu iş caizdir.

Məsələ 573. Qeyd olunmuş vaxtdan üç gün tez və ya daha tez həcc üçün ehram bağlamaq caizdir. Ərəfə günündə Ərəfatdakı ixtiyari vüquf vaxtına özünü çatdıra biləcək şəxsin həcc ehramını təxirə salması və vüquf vaxtının tamamına özünü çatdırmaması caiz deyildir.

Həcc ehramının məkanı:

Məsələ 574. Həcc ehramının məkanı Məkkəyi-mükərrəmədir və onun ən gözəl yeri Məscidul-həramdır. Məqami-İbrahimin (ə)və ya Hicri-İsmailin (ə) yanında iki rəkət namaz qıldıqdan sonra muhrim olmaq müstəhəbdir. Məkkənin yeni küçələri şəhərin bir hissəsi hesab olunarsa, (orada muhrim olmağın) işkalı yoxdur, lakin Hərəmdən xaricdə olan məntəqələr şəhərə aid deyildir.

Həcc ehramını tərk etmək:

Məsələ 575. Həccin ehramını tərk etmiş şəxsin hökmü bu qayda ilədir:

a) Həccin vacibliyindən agah olduğu halda və bilərəkdən Ərəfatdakı vüquf tamam olana kimi muhrim olmazsa: həcci batildir.

b) Şəri hökmdən agah olmadığına görə və ya unutqanlıq üzündən muhrim olmazsa və Məkkədən xaric olarsa: Məkkəyə qayıtması və orada muhrim olması vacibdir. İstər Ərəfatda vüquf zamanı olsun, istərsə də ondan sonra hökm eynidir. Əgər qayıtmağı bacarmazsa, olduğu yerdə ehram bağlamalıdır. Əgər həcc əməlləri sona çatana qədər yadına düşməzsə, həcci səhihdir.

Vüqufdan Ərəfata qədər olan ehramın müstəhəbləri:

Məsələ 576. Ümrənin ehramında qeyd olunmuş bütün müstəhəblər həccin ehramına da şamildir. Odur ki, “ləbbeykləri” təkrarlamaq da müstəhəbdir və Əbtəhə[11]
çatılan zaman uca səslə “ləbbeyk” demək də müstəhəbdir.

Məsələ 577. Ərəfə gününün gecəsini Minada keçirmək müstəhəbdir[12]
. O gecə boyunca ilahi itaətlə məşğul olmaq, ibadət etmək və məxsusən namazları “Xif məscidində” qılmaq müstəhəbdir. Sübh namazından gün çıxana kimi təbəiyyətlə məşğul olması və sonra Ərəfata yola düşməsi müstəhəbdir. Əgər gün çıxmamışdan öncə də Minadan xaric olarsa, işkalı yoxdur.

Məsələ 578. Minaya yola düşdüyü zaman müstəhəbdir ki, belə desin:

“ Allahummə iyyakə ərcu və iyyakə əduu fəbəlliğni əməli vəslihli əməli ”.

Sonra aram və vüqarlı şəkildə Mina tərəfə getsin və yol boyunca da Haqq-təalanın zikri ilə məşğul olsun. Minaya çatdığı zaman belə desin:

“ Əl-həmdu lillahilləzi əqdəməniha salihən fi afiyətin və bəlləğəni hazəl-məkan”.

Sonra desin:

“ Allahummə hazihi Mina və hiyə mimma mənəntə bihi aləyna minəl-mənasik, fəəsəlukə ən təmunnə aləyyə bima mənəntə əla ənbiyaik, fəinnəça ənə əbdukə və fi qəbzətik ”.

Məsələ 579. Minadan Ərəfata yola düşdüyü zaman bu duanı oxusun: “Allahummə iləykə səmədtu və iyyakə itəmədtu və vəchəkə ərədtu, əsəlukə ən tubarikə li fi rihləti və ən təqziyəli hacəti və ən təcəlni mimmən tubahi bihil-yəvmə mən huvə əfzəlu minni ”.

Sonra Ərəfata çatana kimi “lebbeyk” desin.

Ərəfatda vüquf:

Məsələ 580. Həccin vacib əməllərindən ikincisi Ərəfatda vüquf etməkdir. Yəni istər piyada olsun, istər süvari və yaxud istər oturmuş halda olsun, istərsə də hərəkət edən halda Ərəfatda hazır olmalıdır.

Məsələ 581. Vüquf niyyət ilə edilməlidir və əgər vüquf vaxtının əvvəlində onu qəsd edib vaxtın axırına kimi yatarsa və ya huşsuz olarsa, kifayətdir.

Məsələ 582. Ərəfatda yerləşən “Həblur-rəhmətin (rəhmət dağı)” üzərində vüquf etməyin işkalı yoxdur, lakin onun sol tərəfində yerləşən dağın ətəyində vüquf etmək daha fəzilətlidir.

Vüqufun zamanı:

Məsələ 583. Zilhiccənin doqquzuncu gününün zöhründən ğüruba kimi Ərəfatda olmaq vacibdir. Lakin bir qusl almaq və ya zöhrlə əsr namazını (fasiləsiz) qılmaq miqdarında vaxtın əvvəlini gecikdirərsə, işkalı yoxdur. Amma  bu miqdarı da gecikdirməməsi ehtiyat-müstəhəbdir.

Məsələ 584. Vüquf zöhrdən ğüruba kimidir və bir şəxs onu tərk edərsə günahkardır, lakin rukn sayılan vüqufun miqdarı bu zamandan daha azdır. Ona görə də bir şəxs vüqufun bir hissəsini tərk edərsə, amma vüquf vaxtının bir miqdarında Ərəfatda olarsa həcci batil olmur.

Məsələ 585. Əgər hacı ixtiyari surətdə və kamil şəkildə Ərəfatdakı vüqufu tərk edərsə, həcci batildir.

Ərəfatın iztirari (çarəsizlik halındakı) vüqufu:

Məsələ 586. Əgər hacı unutqanlıq və ya şəri hökmü bilməmək (əgər onu öyrənməkdə səhlənkarlıq etməmişdirsə) kimi üzrlü səbəblərə görə Ərəfatdakı vüqufu kamil surətdə tərk edərsə, iztirari vüqufu yerinə yetirməsi vacibdir. Yəni qurban bayramının gecəsindən bir miqdarını vüquf niyyətilə Ərəfatda qalmalıdır və bu halda iztirari vüqufu etdiyi üçün onun həcci səhihdir.

Məsələ 587. Üzrlü səbəbdən Ərəfatdakı ixtiyari vüqufu tərk edən şəxs, iztirari vüqufa görə Ərəfata getməyi nəticəsində Məşərul-həramdakı vüqufa çatmayacağından (yəni sübh azanından öncə Məşərə çatmayacağından) qorxarsa, Məşərul-həramdakı vüqufla kifayətlənməsi vacibdir və həcci səhihdir.

Ərəfatdakı vüqufun müstəhəbləri:

Məsələ 588. Ərəfatda vüquf zamanı bir çox əməllər müstəhəbdir. Onlardan bəzisi aşağıdakılardan ibarətdir:

1) Təharətli olmaq

2) Zöhr vaxtı qusl etmək

3) Özünü dua və uca Allaha olan diqqətə həsr etməsi

4) Dağın sol və aşağı tərəfində vüquf etməsi

5) Bir azan və iqamə ilə zöhr və əsr namazlarını ardıcıl qılmaq

6) Bacardığı qədər dua etməsi müstəhəbdir. İstər Məsumlardan (ə) bizə çatmış dualar olsun, istərsə də başqa duanı oxuması müstəhəbdir. Lakin onlardan (ə) bizə çatmış duaları oxumaq daha fəzilətlidir. Həmin dualardan biri də İmam Huseynin (ə) Ərəfə günündə etdiyi duadır.

Ərəfatdan köçmək (çıxmaq):

Məsələ 589. Şəri hökmdən agah olduğu halda və bilərəkdən günəşin ğürub etməsindən öncə Ərəfatdan çıxmaq haramdır, lakin həcci batil etmir.

Məsələ 590. Əgər hacı şəri hökmdən agah halda və bilərəkdən ğürubdan öncə Ərəfatdan çıxarsa, günah etmişdir. Lakin ğürubdan öncə Ərəfata qayıtmalıdır və kəffarəsi yoxdur. Amma qayıtmazsa, bir dəvə kəffarə verməlidir və əgər kəffarə (dəvə) verməyi bacarmazsa, on səkkiz gün oruc tutmalıdır.

Məsələ 591. Ərəfatı ğürubdan öncə tərk etməyin kəffarəsini qurban bayramı günündə və ehtiyat-vacibə əsasən Minada kəsməlidir.

Məsələ 592. Ərəfatı tərk etməyin əvəzində tutulan on səkkiz gün orucu Məkkədə və ya Məkkədən qayıtdığı zaman yolda və və yaxud da öz yaşadığı yerdə tutmalıdır. Onları ardıcıl günlərdə tutmaq ehtiyat-müstəhəbdir.

Məsələ 593. Əgər unutqanlıq və ya nadanlıq üzündən ğürubdan öncə Ərəfatdan çıxarsa və ğürub olmamış məsələdən agah olarsa, qayıtmağı bacardığı halda qayıtmalıdır və əgər qayıtmazsa, ehtiyat-vacibə əsasən kəffarə verməlidir.

Məşərul-həramda vüquf:

Məsələ 594. Həccin vacib əməllərindən üçüncüsü Məşərul-həramda vüquf etməkdir.

Məsələ 595. Məşərul-həramda vüquf etmək Ərəfatın vüqufunda deyildiyi kimi niyyət, qürbət qəsdi və ixlasla olmalıdır.

Məsələ 596. Həccin ibadətlərini yerinə yetirən şəxs Ərəfatdan çıxıb hərəkətə başladıqdan sonra bayram gecəsinin bir miqdarını sübhə kimi Məşərul-həramda qalmalıdır və gün çıxana kimi orada qalması ehtiyata uyğundur. Amma gün çıxmamışdan bir qədər öncə Məşərdən “Vadiyi-muhəssərə” tərəfə hərəkət edərsə, işkalı yoxdur. Lakin gün çıxmamışdan öncə “Vadiyi-muhəssərdən” keçib Minaya daxil olması caiz deyildir.

Məsələ 597. Öncəki məsələdə qeyd olunmuş zamanın tamamında vüqufun vacib olmasına baxmayaraq onun tamamı rukn deyildir. Rukn miqdarı o vaxtın bir qədəridir (az olsa da belə). Buna əsasən də qurban gecəsinin bir miqdarını orada olsa və sübh azanından öncə oradan hərəkət edərsə, həcci batil deyildir. Lakin hökmü bildiyi və üzrsüz halda bu işi görərsə, bir qoyun kəffarə verməlidir. Əgər hökmü bilmədiyinə görə etmişdirsə, kəffarəsi yoxdur.

Məsələ 598. Əgər hacı vaxtın tamamını Məşərul-həramda olmazsa və yalnız sübh azanı ilə gün çıxan vaxtın arasında orada qalarsa (hətta bunu bilərəkdən etsə də), günahkar olmasına baxmayaraq həcci səhihdir və kəffarə yoxdur.

Məsələ 599. Ərəfatdan Məşərul-hərama getmək vacib deyildir. Buna görə də əgər hacı ğürubdan sonra Ərəfatı tərk edib Məkkəyə və ya başqa yerə gedərsə və sübh azanından öncə Məşərul-hərama qayıdarsa, işkalı yoxdur.

Gün çıxmamışdan öncə Məşərdən xaric olmaq üçün icazəli kəslər:

Məsələ 600. Qurban gecəsində gün çıxanadək Məşərdə qalmağın vacib olmasına baxmayaraq bəzi şəxslər sübh azanından qabaq Məşərul-həramdan çıxıb Minaya gedə bilərlər. Onlar aşağıdakılardan ibarətdir:

* Qorxusu olan kəslər

* Qadınlar

* Uşaqlar

* Qoca və xəstə kimi zəif və gücsüz şəxslər

* Yuxarıdakı işləri idarə etməyi öhdəsinə alan şəxslər

Məsələ 601. Öncəki məsələdə qeyd olunmuş şəxslər, niyyət edərək kiçik bir dayanma ilə və ya vüquf niyyəti edərək oradan keçmək (hətta süvari halda da) ilə də Məşərul-həramda vüquf etmiş sayılırlar.

Məsələ 602. Qadınların, uşaqların və ya gücsüz şəxslərin idarəçiliyini öz öhdəsinə almış şəxslər, onların köməyinə ehtiyac olduğu üçün sübh azanından sonra vüqufu etməyə (yerinə yetirməyə) bilərlər. Buna görə də onları (gücsüzləri) Minaya çatdıran zaman köməyə ehtiyac olmazsa və bu öhdədar şəxslər Məşərə qayıtmağı bacarsalar, oraya qayıtmalıdırlar.

Məşərul-həramdakı vüqufu tərk etmək:

Məsələ 603. Məşərul-həramdakı  vüqufun bir hissəsini tərk erməyin hökmü 597-ci məsələdə qeyd olundu. Lakin bu vüquf tamamilə tərk olunarsa, onun hökmü aşağıdakı qayda ilədir:

- Bilərəkdən edərsə: həcci batildir.

- Unutqanlıq və ya bu kimi başqa üzrə görə olarsa: iztirari vüquf etmək kifayətdir. Yəni quban bayramı günündə günəşin çıxmasından zıhrə qədər olan müddətin bir hissəsini orada qalarsa, kafidir.

Məşərul-həram və Ərəfatdakı vüqufa çatmaq və ya tərk etmək:

Məsələ 604. Öncədən də qeyd olunmuşdu ki, Ərəfat və Məşərul-həramda vüquf etmək iki cürdür: ixtiyari və iztirari. Buna əsasən hacı hər iki ixtiyari vüqufa çatarsa, həcci səhihdir. Əgər onlardan hər ikisinə və ya birinə üzrlü səbəbdən çatmazsa, aşağıda qeyd olunan şəkildə bir neçə müxtəlif hal vardır:

1) Ərəfat və Məşərin ixtiyari və iztirari vüqufundan heç birinə çatmazsa, həcci batildir.

2) Ərəfatın ixtiyari, Məşərin isə iztirari vüqufuna çatarsa, həcci səhihdir.

3) Ərəfatı iztirari, Məşərin isə ixtiyari vüqufuna çatarsa, həcci səhihdir.

4) Həm Ərəfat və həm də Məşərin iztirari vüqufuna çatarsa, həcci səhihdir. Amma bu həcci bir daha yerinə yetirməsi ehtiyat-müstəhəbdir.

5) Yalnız  Məşərin ixtiyari vüqufuna çatarsa həcci səhihdr.

6) Yalnız Məşərin iztirari vüqufuna çatarsa, həcci batildir.

7) Yalnız Ərəfatın ixtiyari vüqufuna çatarsa, həcci batildir.

8) Yalnız Ərəfatın iztirari vüqufuna çatarsa, həcci batildir.

Məsələ 605. Həccin batilliyinə səbəb olan vüqufu tərk etmə hallarında həmin ehramla müfrəd ümrə yerinə yetirmək vacibdir.

Məsələ 606. Vüqufu tərk etmə səbəbi ilə həcci batil olmuş şəxsin istitaəti növbəti ilə kimi davam edərsə və ya həcc onun boynunda öncəki ildən qalmışdırsa, növbəti ildə yenidən həcci yerinə yetirməlidir.

Məsələ 607. Yalnız Ərəfatın ixtiyari vüqufuna çatmış şəxs Məşərul-həramdan ixtiyari vüquf vaxtında keçərək qəsd və vüquf etməmişdirsə (məsələni bilmədiyinə görə), lakin Allahın zikriylə məşğul olmuşdursa həcci səhihdir.

Minanın vacibləri:

Məsələ 608. Məşərul-həramdakı vüqufdan sonra hacının bəzi əməlləri yerinə yetirmək üçün oradan Minaya hərəkət etməsi vacibdir. Məhz Minada həyata keçirilən əməllər aşağıdakılardır:

1) Cəməreyi-əqəbəni rəmy etmək (daşlamaq)

2) Qurbanlıq

3) Həlq və ya təqsir

4) Mina beytutə etmək

5) Cəməratı rəmy etmək

Məsələ 609. Həccin vacib əməllərindən dördüncüsü və qurban bayramı günü yerinə yetirilməsi vacib olan əməl, cəməreyi-əqəbəni rəmy etməkdir (daşlamaqdır). Yəni ona tərəf daş (çınqıl) atmaqdır.

Məsələ 610. Cəmərəni daşlamaq zamanı aşağıdakı işlərə riayət olunmalıdır:

- Niyyət, qürbət qəsdi və ixlas

- Yeddi dəfə daş (çınqıl) atmaq. Beləki daha az miqdar və qumdan (çınqıl) başqa şey atmaq kafi deyildir.

- Çınqılların (çınqıl) birini digərindən sonra atmaq. Odur ki, atılmış çınqıllar cəmərəyə çatmazsa hesab olunmayacaqdır.

- Çınqıllar məhz atmaqla cəmərəyə çatmalıdır. Odur ki, başqa yolla cəmərəyə dəysələr, kafi deyildir.

- Qumun atılması və cəmərəyə dəyməsi hacının əlinin iradə və hərəkəti ilə olmalıdır. Buna əsasən də əgər başqasının əlinin onun əlinə dəyməklə daş atılarsa və cəmərəyə dəyərsə kafi deyildir. Bəli əgər çınqıl bir yerə dəyərsə və oradan cəmərəyə çatarsa, kifayətdir.

- Çınqıllar əli ilə atmalıdır. Əgər sapand (qədim daş atan silah) kimi vasitələrlə atarsa, ehtiyat-vacibə əsasən kafi deyildir.

- Rəmy gün çıxandan ğürub vaxtına kimi edilməlidir, lakin qadınlar və gecə vaxtı Məşərdən Minaya gəlmələri caiz olan şəxslərin qurban gecəsində cəməreyi-əqəbəni rəmy etmələri kafidir.

Daş (çınqıllar) şərtləri:

Məsələ 611. Cəmərata atılan daşların aşağıdakı şərtlərə sahib olması lazımdır:

- Hərəm məntəqəsindən yığılmalıdır və Məşərul-həramdan yığılması daha yaxşıdır.

- Ehtiyat-vacibə əsasən onlar daha öncədən rəmy üçün istifadə olunmamalıdır.

- Çınqıllar  barmaqların ucu ilə atmaq müstəhəbdir.

- Daşı qırıb quma (çınqıla) çevirməyin işkalı yoxdur, lakin bu iş məkruhdur.

Rəmyin şəkləri:

Məsələ 612. Əgər hacı daşın cəmərəyə çatıb-çatmamasına şəkk edərsə, çatmamağına hökm olunacaq. Məsələn, atdığı qumlardan altısının və ya yeddisinin cəmərəyə dəyməsində şəkk edərsə, daha bir ədəd də cəmərəyə atması lazımdır.

Məsələ 613. Rəmy vaxtı keçdikdən (qurtardıqdan) sonra şəkk edilərsə, etina olunmayacaq və səhihliyə hökm ediləcək. Məsələn, qurbanlıqdan sonra və ya başı təraş etdirdikdən sonra və yaxud da gecə rəmyə dair şəkk yaranarsa, etina olunmayacaq.

Rəmydə naiblik:

Məsələ 614. Cəmərəni rəmy etməyi bacarmayan və ya çox zəhmət və məşəqqətə səbəb olan şəxslərin naib tutması lazımdır ki, onların yerinə qurban bayramı günü rəmy yerinə yetirilsin. Qurban bayramı günündən sonraya təxirə salmaq olmaz.

Məsələ 615. Rəmyin özü üçün zəhmət və məşəqqətə səbəb olacağına ehtimal vermək və ya bunu güman etmək, naib tutmaq üçün kifayət etmir.

Məsələ 616. Əgər hacı rəmy üçün gedib hər nə qədər çalışsa da insanların izdihamına görə onu yerinə yetirə bilməzsə və vaxtında rəmy edə biləcəyinə ümidi olmazsa, naib tutması caizdir.

Təzə cəmərəni rəmy etmək:

Məsələ 617. Hal-hazırda divar halına salınmış cəməratın köhnə hissəsini (cəmərəni) rəmy etmək kifayətdir, lakin ehtiyat-vacibə əsasən təzə hissələrini rəmy etmək kafi deyildir.

Yuxarı mərtəbələrdə rəmy etmək:

Məsələ 618. Ehtiyat-vacibə əsasən köhnə cəmərəyə artırılmış hissələrə daş(çınqıl) atmaq kafi deyildir. Əgər köhnə hissə ilə eyni hündürlükdə olan mərtəbədə rəmy etməyi bacarmazsa, özü yuxarı mərtəbədə rəmy etməli və həmçinin aşağı mərtəbədə qədim hissədə rəmy etməsi üçün özünə naib də tutmalıdır.

Gecə vaxtı rəmy:

Məsələ 619. Qadınlar və sübh azanından öncə Məşərul-həramdan çıxmağa icazəli olan şəxslər, qurban bayramının gecəsində cəməreyi-əqəbəni rəmy edə bilərlər.

Məsələ 620. Sübh azanından öncə Məşərdən çıxmağa icazəli olan şəxslərə kömək edən insanların gündüz rəmy etməyə üzrləri olmazsa və onların köməyinə ehtiyac duyulmadığı halda digər şəxsləri tək qoya bilərlərsə, cəməreyi-əqəbəni gecə vaxtı rəmy etməməlidirlər. Əksinə bayramın gündüzündə rəmy etməlidirlər.

Məsələ 621. Cəməreyi-əqəbəni gecə rəmy etməyə icazəsi olan şəxslər gecə vaxtı rəmy etməyi bacarmasalar, səhəri günü rəmyi yerinə yetirməlidirlər. Əgər gündüz də rəmy etməyi bacarmasalar, onuncu gün onlar tərəfindən rəmy etməsi üçün naib tutmalıdırlar. Naib olan şəxs, onuncu gün rəmy etməyi bacarmayacağını bilsə də həmin gecə (öncəki bayram gecəsində) rəmy edə bilməz.

Rəmyi tərk etmək:

Məsələ 622. Əgər hacı müəyyən bir səbəbə görə cəmərənin rəmyini tərk edərsə, onun hökmləri aşağıdakı qayda ilədir:

- Şəri hökmü bilməmək və ya unutqanlıq kimi səbəbə görə rəmy etməzsə, maneə aradan qalxan kimi rəmyi yerinə yetirməlidir. Hətta Məkkəyə qayıtmış olsa da və ya zilhiccənin on üçüncü günündən sonra olsa belə rəmyi həyata keçirməlidir.

- Əgər zilhiccənin on üçüncü günündən sonra maniə aradan qalxarsa, rəmyi yerinə yetirməlidir və əgər növbəti il həccə gedərsə, ehtiyat-vacibə əsasən rəmyi yenidən yerinə yetirsin. Əgər növbəti il həccə getməyəcəksə, naib tutmalıdır.

- Məkkədən çıxdıqdan sonra maniə aradan qalxarsa, qayıtmağı vacib deyildir. Amma növbəti il həccə gedəcəksə, ehtiyata əsasən qayıtması və rəmy etməsi müstəhəbdir və əgər getməyəcəksə, naib tutması müstəhəbdir (ehtiyata əsasən).

- Əgər şəri hökmü bilmədiyinə və ya unutduğuna görə rəmy etməzsə və həccin təvafından sonra yadına düşərsə (və ya şəri hökmü bilərsə), rəmyi yerinə yetirməlidir və təvafı yenidən həyata keçirməsi vacib deyildir. Lakin təvafı bir daha etməsi ehtiyat-müstəhəbdir.

- Əgər başqa bir səbəbə görə (unutqanlıq və məsələni bilmədiyindən başqa bir səbəb) rəmyi tərk edərsə və həccin təvafını yerinə yetirərsə, təvafı batildir və onu rəmydən sonra bir daha yerinə yetirməsi vacibdir.

Qurbanlıq:

Məsələ 623. Həccin vaic əməllərindən beşincisi qurbandır. Qurban dedikdə qoyun, inək və ya dəvə kəsmək nəzərdə tutulur.

Məsələ 624. Heyvan (qurban) kəsildiyi zaman aşağıdakı şərtlərə riayət olunmalıdır:

- Niyyət, qürbət qəsdi və ixlas

- Bayram günündən öncə olmamalıdır. Lakin qorxusu olan şəxslər istisnadır. Belə şəxslər üçün gecə vaxtı zibh etməyin də (qurban kəsməyin) işkalı yoxdur.

- Ehtiyat-vacibə əsasən cəməreyi-əqəbəni rəmy etdikdən sonra olmalıdır.

- İmkan olduğu miqdarda Minada zibh olunsun.

- Ehtiyat-müstəhəbbə əsasən bayram günündə olmalıdır, amma heyvanın zibhi zilhiccənin on birinci və on ikinci günündə də səhihdir.

- Qurban yalnız qoyun və ya inək və yaxud da dəvə olmalıdır. Bu heyvanlardan başqası onlardan baha olsa belə kifayət etmir (kafi deyildir).

Məsələ 625. Bir heyvanın kəsilməsi yalnız bir nəfərə kifayət edir. Buna əsasən yalnız öz hesabına bir heyvan kəsməyi bacaran şəxs, ondan az miqdarda və başqaları ilə şərik şəkildə kəsmək istəyərsə, səhih deyildir. Lakin öz hesabına bir heyvan kəsməyə imkanı çatmayan və başqasının şərikliyi ilə bunu bacaran şəxs, ehtiyata əsasən həm şərikli şəkildə qurban kəsməli, həm də yerinə yetirilmə qaydası qarşıda qeyd olunacaq şəkildə oruc tutmalıdır.

Qurban kəsməyə gücü çatmayan şəxsin vəzifəsi:

Məsələ 626. Əgər hacı qurbanı və ya onun qiymətini (pulunu) hazırlamağa qadir olmazsa, onun əvəzində on gün oruc tutmalıdır. Bu on gün orucun üçünü zilhiccə ayında və yerdə qalan yeddi günü isə öz vətəninə qayıtdıqdan sonra tutmalıdır.

Məsələ 627. Zilhiccə ayında tutulmalı olan üç gün oruc ayın yeddinci, səkkizinci və doqquzuncu günü yerinə yetirilməlidir və bu günlərdən qabaq olmaz.

Məsələ 628. Əgər hacı qurbanın qiymətinə sahib olarsa, lakin onu lazım olan günlərdə (zilhiccənin onundan on üçünə kimi) kəsməyi bacarmazsa, öncəki məsələdə deyilən qaydada on gün oruc tutmalıdır. Zilhiccənin sonrakı günlərində heyvanı kəsməsi ehtiyat-müstəhəbdir. Əgər özü kəsməyi bacarmazsa, onu zibh etmək üçün pulu arxayın olduğu şəxsin yanında qoymalıdır.

Məsələ 629. Əgər qurban günlərində kəsmək üçün sağlam heyvan tapa bilməzsə, ehtiyata əsasən həm eybli heyvanı kəsməli, həm də on gün oruc tutmalıdır.

Məsələ 630. İlk üç günün orucu ardıcıl tutulmalıdır, lakin yeddi günün orucunda ardıcıllıq lazım deyildir. Yeddi gün orucun da ardıcıl tutulması ehtiyat-müstəhəbdir.

Məsələ 631. İlk üç günün orucu təməttö ümrəsindən sonra tutulmalıdır və ondan öncə tutmaq kafi deyildir.

Məsələ 632. Əgər hacı üç gün oruc tutduqdan sonra və qurban günləri başlamamış qurban kəsməyə və ya onun qiymətini hazırlamağa qadir olarsa, ehtiyat-vacibə əsasən qurban kəsməlidir.

Qurbanın məkanı:

Məsələ 633. Qurbanlıq Minada kəsilməlidir, lakin hacıların çoxluğuna görə Minada kəsmək mümkün olmadığı halda “Vadiyi-muhəssərdə” kəsmək caizdir. Amma hacıların çox olması və sonrakı günlərdə Minada kəsməyin mümkün olacağı halında qurbanı zilhiccənin on üçüncü gününə kimi təxirə salmaq ehtiyat-müstəhəbdir.

Məsələ 634. Əgər qurbanı Minada və hətta Vadiyi-muhəssərdə kəsmək mümkün olmazsa, “Vadiyi-muyəsəmdə” tikilmiş qurbangahlarda kəsə bilər.

Məsələ 635. Hərəmdən xaricdə qurban kəsmək kafi deyildir.

Qurbanlığın şərtləri:

Məsələ 636. Qurbanlıq aşağıdakı şərtlərə uyğun olmalıdır:

* Sağlam olmalıdır. Buna əsasən axsaq, qulağı kəsilmiş, kor və ya bir gözlü və buynuzu sınmış heyvan kəsmək kafi deyildir.

* Onun yaşı kamil olmalıdır, yəni:

- Dəvənin beş yaşı tamam və altı yaşına keçmiş olması lazımdır.

- İnəyin (ehtiyat-vacibə əsasən) iki yaşı tamam və üç yaşına keçmiş olması lazımdır.

- Qoyun əgər keçi olarsa, ehtiyat-vacibə əsasən iki yaşı tamam və üç yaşına keçmiş olmalıdır. Əgər qoyun quzu və ya qoç olarsa, yeddi ayı tamam və səkkiz ayına keçmiş olmalıdır, lakin iki yaşının tamam və üç yaşına keçmiş olması ehtiyat-müstəhəbdir.

* Heyvan axtalanmış olmamalıdır. Lakin axtalanmış heyvandan başqasının tapılmaması halı istisnadır.

* Arıq olmamalıdır.

* Ehtiyat-müstəhəbə əsasən aşağıdakı şərtlərə də riayət etmək yaxşı olar:

- Xəstə olmasın.

- Heyvanın yumurtalıqları əzilmiş və qüvvəsini itirmiş olmasın.

- Sümüklərinin iliyi suya çevrilmiş qədər qoca olmasın.

- Qulağı yarıq və deşik olmasın.

- Heyvan öz əsl xilqətində (yaranışında) buynuzsuz və quyruqsuz olmasın. Yəni yaranışı etibarı ilə buynuzlu və quyruqlu olmalı heyvan buynuzsuz və quyruqsuz dünyaya gəlib, nəinki buynuzu sındırılmış və ya quyruğu kəsilmiş heyvan olsun.

Məsələ 637. Heyvanı kəsdikdən sonra onun yaşının az olması anlaşılarsa, kafi deyildir və yenidən başqa heyvanı kəsmək lazımdır.

Məsələ 638. Əgər heyvanın sağlam olduğu etiqadı ilə onu alarsa və onun qiymətini ödədikdən sonra eybli olduğu aşkara çıxarsa, onu kəsə bilər və elə bu kifayətdir.

Məsələ 639. Əgər heyvanı kök olduğu etiqadı ilə alarsa və sonradan onun arıq olduğu bilinərsə, onu kəsə bilər və elə bu kifayətdir. Hətta onu kəsdikdən sonra belə arıq olduğu aşkara çıxarsa, kifayətdir. Lakin bu deyilənlər heyvanın öz malı olmaması və alınmış olması halına aiddir..

Qurbanın şəkləri:

Məsələ 640. Əgər hacı heyvanı kəsib-kəsməməsində şəkk edərsə və bu şəkki təqsir və ya həlqdən öncə olarsa, qurban üçün heyvan kəsməlidir. Əgər təqsir və ya həlqdən sonra şəkk edərsə, öz şəkkinə fikir verməməlidir.

Məsələ 641. Əgər kəsdiyi heyvanın lazım olan şərtlərə uyğun olub-olmadığına dair şəkk edərsə, öz şəkkinə fikir verməməlidir.

Məsələ 642. Əgər hacı öz naibinin onun tərəfindən heyvanı kəsib-kəsməməsinə dair şəkk edərsə, ondan xəbər alana kimi səbr etməlidir və onun heyvanı kəsməsinə dair xəbərdən sonra arxayın olmalıdır.

Heyvanı kəsməkdə naiblik:

Məsələ 643. Hacının özünün qurban kəsməsi vacib deyildir. Əksinə onun tərəfindən heyvanı kəsmək üçün naib tutması caizdir (hətta kəsməyə öz gücü çatırsa belə).

Məsələ 644. Naib qurbanlıq niyyəti etməlidir və hacının da niyyət etməsi ehtiyat-müstəhəbdir.

Məsələ 645. Naib müsəlman olmalıdır və onun şiə olması şərt deyildir.

Məsələ 646. Başqasının naib seçməyə dair icazəsi olmadan heyvan kəsmək kafi deyildir. Hətta onun razı olduğunu bilərsə də və ya heyvanın ona görə qurban kəsildiyini biləndə xoşhal olacağına arxayındırsa da kafi deyildir.

Məsələ 647. Özü üçün qurban kəsməmiş və yaxud həlq (və ya təqsir) etməmiş şəxsin başqasının naibi kimi onun tərəfindən qurban kəsməsinin işkalı yoxdur.

Gecə qurban kəsmək:

Məsələ 648. Ehtiyat-vacibə əsasən gecə qurban kəsmək (istər on birinci günün gecəsi olsun, istər on ikinci günün gecəsi) kafi deyildir. Lakin gündüz vaxtı Minada qalmağa qorxusu olan şəxsin hökmü istisnadır.

Qurbanın məsrəfi (məsrəf yerləri):

Məsələ 649. Həccin qurbanının məsrəfi aşağıdakı qayda ilədir:

- Ehtiyat-vacibə əsasən onun üçdə biri müsəlmanların fəqirlərinə sədəqə verilməlidir.

- Onun digər üçdə bir hissəsini istənilən müsəlmana hədiyyə etmək caizdir.

- Yerdə qalan üçdə bir hissəni də özü və ya ailəsi üçün götürməsi caizdir.

- Ehtiyat-müstəhəbbə əsasən az da olsa qurbanın ətindən özü də yesin.

Məsələ 650. Əgər fəqirlərin üçdə bir hissə olan payını onlar çatdırmaq mümkün olmazsa və yaxud çox məşəqqət və zəhmətə səbəb olacaqsa, bu əməl vacib deyildir.

Məsələ 651. Fəqirlərin  payını hacının özünün (əlbəəl) verməsi şərt deyildir, əksinə onun vəkili də verərsə, işkalı yoxdur və vəkil olan şəxs, fəqirin sahib olduğu icazəyə uyğun məsrəf etməlidir. Məsələn,onu hədiyyə edəcək və ya satacaq və yaxud da azad edəcəkdir.

Həlq və ya təqsir:

Məsələ 652. Həccin vacib əməllərindən altıncısı, başın tükünü təraş etdirmək (həlq) və ya onu azaltmaqdır (təqsir).

Məsələ 653. Başı saç düzəltmə aparatı (dibdən tükü təmizləyən aparat) ilə təraş etməyin işkalı yoxdur, lakin ülgüclə təraş olunması ehtiyat-müstəhəbdir.

Məsələ 654. Həlq və ya təqsir niyyətli şəkildə, qürbət qəsdi və ixlasla yerinə yetirilməlidir.

Həlq və ya təqsirin zamanı:

Məsələ 655. Bayram günündən öncə və hətta bayram gecəsində belə həlq və ya təqsir etmək caiz deyildir. Qorxusu olan şəxslər isə istisnadır.

Məsələ 656. Həlq və ya təqsiri bayram günündən sonraya təxirə salmamaq ehtiyat-müstəhəbdir.

Məsələ 657. Ehtiyat-vacibə əsasən həlq və ya təqsir cəməreyi-əqəbəni rəmy etdikdən və qurbanlığı Minada hazırladıqdan sonra yerinə yetirilməlidir. Qurbanı kəsdikdən sonra etmək isə ehtiyat-müstəhəbdir.

Məsələ 658. Əgər şəri hökmü bilmədiyinə görə və ya unutqanlıq üzündən qurbanı hazırlamamış və yaxud da rəmy etməmiş həlq (və ya təqsir) edərsə, kifayətdir və onu yenidən yerinə yetirməsinə ehtiyac yoxdur.

Məsələ 659. Bayram günündə yerinə yetirilməsi daha yaxşı olmasına baxmayaraq on birinci gecədə həlq və ya təqsir etmək də kifayətdir.

Məsələ 660. Əgər hacı bayram günündə qurban kəsməyi bacarmazsa, ehtiyat-vacibə əsasən həlq və ya təqsir etməyi caiz deyildir. Ehtiyata əsasən həlq və ya təqsir rəmy etdikdən və qurbanlığı hazırladıqdan sonra yerinə yetirilməlidir.

Qadınların vəzifəsi:

Məsələ 661. Qadınlara təqsir etmək vacibdir.

Kişilərin vəzifəsi:

Məsələ 662. Kişilər başın tükünü təraş etməklə onu azaltmağın arasında ixtiyar sahidirlər və istədiklərini edə bilərlər. Lakin başın tükünü təraş etdirmək daha fəzilətlidir.

Məsələ 663. Ehtiyat-vacibə əsasən birinci dəfə həcci yerinə yetirən kişi, başının tükünü təraş etdirməlidir.

Məsələ 664. Başını təraş etdirmək qəsdi olan şəxs ülgüclə təmizlənəcəyi halda yara olacağını bilirsə, ülgüclə təraş olunması caiz deyildir. Əksinə bu halda başını saç düzəltmə aparatı ilə təraş etməlidir və əgər onun ilk həcci deyildirsə (həccinin birinci ili deyildirsə), öz tükünü azaltmalıdır. Əgər ondan sonra ülgüclə təraş etmək istəsə və ya hökmə (ülgüclə təraş etməmək) müxalif davrandığı hər bir halda əməli kifayət edir, lakin günahkardır.

Həlq və ya təqsirin məkanı:

Məsələ 665. Başı təraş etmək və ya tükü azaltmaq Minada həyata keçirilməlidir. Əgər məsələdən agah olmadığına görə və ya bilərəkdən orada yerinə yetirməzsə və Minadan çıxarsa, qayıtması və Minada həlq və ya təqsir etməsi vacibdir. Ehtiyat-vacibə əsasən həlq və ya təqsiri unutmuş şəxsin də hökmü eynidir.

Məsələ 666. Həlq və ya təqsiri Minada yerinə yetirməyib oradan çıxmış şəxs qayıtmağı bacarmazsa və ya qayıtmaq çox çətin və ağır olarsa, həmin yerdə başını təraş etdirməli və ya tükünü azaltmalıdır. Mümkün olduğu halda öz tükünü Minaya göndərməlidir.

Məsələ 667. Minadan başqa bir yerdə həlq və ya təqsir edən şəxs (hətta bilərəkdən etmiş olsa da), onunla da kifayətlənməlidir və Minaya qayıdıb yenidən orada həlq və ya təqsir etməsi lazım deyildir. Lakin mümkün olduğu halda öz tükünü Minaya göndərməsi vacibdir.

Həlq və ya təqsiri tərk etmək:

Məsələ 668. Əgər hacı şəri hökmü bilmədiyinə görə və ya unutqanlıq üzündən başını təraş etməzsə ( və ya təqsir etməzsə) və həccin əməlləri bitəndən sonra yadına düşərsə (və ya məsələni öyrənərsə), onu yerinə yetirməsi vacibdir. Lakin bu halda həccin təvaf və səyini iadə etməsi ehtiyat-müstəhəb olmasına baxmayaraq vacib deyildir.

Həcc ehramından xaric olmaq:

Məsələ 669. Hacı başını təraş etdikdən və ya tükünü azaltdıqdan sonra ehramla ona haram olmuş bütün şeylər (3 əməldən başqa) ona halal olur. Qadın, xoş iy və ehtiyat-vacibə əsasən ov etmək haram olaraq qalır.

Məsələ 670. Ehramla haram olmuş bütün cinsi ləzzətlər təqsir və ya həlqdən sonra da qadın və kişiyə haram olaraq qalır. Lakin qadının əqdini kəsmək və ya əqd oxunan məclisdə iştirak etmək caizdir.

Məsələ 671. Hacı təvaf, təvaf namazı və səyi yerinə yetirdikdən sonra xoş qoxu da ona halal olur. Nisa təvafı və nisa təvafının namazından sonra ehramla bir birinə haram olmuş kişi və qadın halal olur.

Həccin təvafı və onun namazı və səyi:

Məsələ 672. Həccin digər üç vacib əməli isə təvaf, onun namazı və səydir.

Məsələ 673. Təvafın, onun namazının və səyin keyfiyyəti ümrənin təvafında, onun namazında və ümrənin səyində deyildiyi kimidir.

Məsələ 674. Əgər hacı həccin təvafını bilərəkdən yerinə yetirməzsə və onu iadə etməyə imkanıda olmazsa, həcci batil olur. Əgər təvafı şəri hökmü bilmədiyinə görə tərk etmişdisə, ehtiyat-vacibə əsasən bir dəvə də kəffarə verməlidir.

Məsələ 675. Əgər hacı təvafı unudarsa, zilhiccə ayının sonuna kimi onun qəzasını etməlidir və səyi də iadə etməsi ehtiyat-müstəhəbdir. Əgər özü yerinə yetirməyi bacarmazsa, naib tutmalıdır.

Təvafın, onun namazının və səyin zamanı:

Məsələ 676. Təvaf, onun namazı və səyin zamanı zilhiccə ayının sonuna kimidir. Lakin qurban bayramı günündə yerinə yetirilməsi müstəhəbdir və həmçinin on birinci gündən sonraya təxirə salmamaq ehtiyat-müstəhəbdir.

Məsələ 677. Bu əməllər başı təraş etdirdikdən və ya onun tükünü azaltdıqdan (həlq və ya təqsirdən) sonra yerinə yetirilməlidir. Məsələni bilən şəxs həlqdən öncə bu əməlləri edərsə, həlqdən (və ya təqsirdən) sonra yenidən onları yerinə yetirməlidir.

Məsələ 678. Ehtiyat-vacibə əsasən bu əməllər Ərəfat və Məşərdəki vüqufdan öncə yerinə yetirilməməlidir. Əgər şəri hökmü bilmədiyinə görə vüqufdan öncə edərsə, onları yenidən yerinə yetirməsi ehtiyat-müstəhəbdir.

Məsələ 679. Aşağıdakı şəxslərə Ərəfatdakı vüqufdan öncə bu əməlləri etmək icazəlidir:

1) Aylıq adətinin başlayacağından və ya doğumdan sonrakı qanı görəcəyindən qorxan qadın.

2) Qoca, xəstə, əlil və ya Məkkəyə qayıtması onlar üçün çətin olan şəxslər. Həmçinin Məkkəyə qayıtdıqdan sonra insanların izdihamı və ya başqa səbəbə görə təvafın onlar üçün çətin olacağı şəxslər də bura aiddir.

3) Müəyyən bir səbəbə görə (məsələn düşmənə görə) Məkkəyə qayıtmaqda qorxusu olan şəxs.

Məsələ 680. Öncəki məsələdə qeyd olunmuş şəxslərə bu üç əməli vüqufdan öncə etmək caizdir. Amma bu əməllər həccin ehramından sonra olmalıdır və imkan olduğu halda zilhiccə ayının sonuna kimi bir daha yerinə yetirilməsi ehtiyat-müstəhəbdir.

Məsələ 681. Öncəki məsələdə (679-cu məsələ) qeyd olunmuş şəxslərə vüqufdan öncə nisa təvafını və onun namazını yerinə yetirməyə də icazə verilir.

Məsələ 682. Təvafı, onun namazını və səyi vüqufdan öncə yerinə yetirən şəxsə xoş qoxu halal olmur və həmçinin nisa təvafını etməklə də cinsi ləzzətlər halala çevrilmir. Bu haram işlər (məlum şəxslər üçün) Minadakı ibadətləri (cəməreyi-əqəbəni rəmy etmək, qurban kəsmək, həlq və ya təqsir) yerinə yetirdikdən sonra halal olur.

Üzrlü şəxsin vəzifəsi:

Məsələ 683. Həccin təvafını, onun namazını və səyini yerinə yetirməyə imkanı olmayan şəxsin hökmü bu əməlləri təməttö həccində həyata keçirə bilməyən şəxsin hökmü ilə eynidir. Bu hökmlər 441, 442 və 497-ci məsələlərdə qeyd olunmuşdur.

Məsələ 684. Aylıq adəti başlayacaq və ya doğumdan sonrakı qanı görəcək qadın səbr edib gözləməyi və əməlləri özü yerinə yetirməyi bacarmazsa, təvaf və onun namazı üçün naib tutmalıdır. Naib bu iki əməli yerinə yetirdikdən sonra özü səyi həyata keçirməlidir.

Nisa təvafı və onun namazı:

Məsələ 685. Həccin digər iki vacib əməli nisa təvafı və onun namazıdır. Bu iki əməl həccin vacibatından olsa da onun əsas (rukn) əməllərindən deyildir. Odur ki, onları tərk etmək (hətta bilərəkdən olsa da) həcci batil etmir.

Məsələ 686. Nisa təvafı yalnız kişilərə aid deyildir və qadınlara da vacibdir. Əgər bir kişi onu tərk edərsə, qadınlar ona haram olaraq qalır və əgər bir qadın onu tərk edərsə, kişilər ona haram olaraq qalır.

Məsələ 687. Təmməttö həccini yerinə yetirən şəxs nisa təvafını və onun namazını yerinə yetirdikdən sonra həm öz zövcəsi və həm də izdivac etmək ona halal olur. Yəni ehramla ona haram olmuş cinsi ləzzətlər halal olur.

Məsələ 688. Evlənməyə dair ümidi olmayan qoca kişi və ya qadına, həmçinin izdivac etmək fikri olmayan şəxsə də nisa təvafı vacibdir.

Məsələ 689. Bir neçə dəfə müfrəd ümrə və ya həcc yerinə yetirmiş, amma nisa təvafını etməmiş şəxsə ehtiyat-vacibə əsasən bir dənə nisa təvafı kifayət etmir. Əksinə həmin miqdarda da nisa təvafını yerinə yetirməlidir.

Nisa təvafının keyfiyyəti:

Məsələ 690. Nisa təvafı və onun namazı eynilə həccin təvafı və onun namazı kimidir. Yalnız niyyətləri fərqlidir.

Nisa təvafının namazı:

Məsələ 691. Nisa təvafı və onun namazı səydən sonra yerinə yetirilməlidir və əgər ondan öncə həyata keçirilərsə, məsələnin iki forması vardır:

a) Şəri hökmdən agah olduğu halda və bilərəkdən edərsə: səydən sonra onu bir daha yerinə yetirməlidir.

b) Şəri hökmü bilmədiyinə görə və ya unutqanlıq üzündən edərsə: əməli səhihdir və kifayət edir. Lakin səydən sonra bir daha yerinə yetirməsi ehtiyat-müstəhəbdir.

Naibinin vəzifəsi:

Məsələ 692. Həcc və ya ümrədə başqasının naibi olan şəxs nisa təvafını mənubu ənhin niyyətilə yerinə yetirməlidir.

Məsələ 693. Əgər naib olan şəxs nisa təvafını yerinə yetirməzsə, qadınlar onu naib tunana deyil, naibin özünə haram olur.

Üzrlü şəxsin vəzifəsi:

Məsələ 694. Nisa təvafını və onun namazını yerinə yetirməyə gücü çatmayan şəxsin hökmü təməttö ümrəsinin təvafını həyata keçirə bilməyən şəxsin hökmü kimidir. Bu hökmlər 441, 442 və 497-ci məsələlərdə qeyd olunmuşdur.

Məsələ 695. Əgər bir qadının aylıq adəti başlayarsa və nisa təvaf ilə onun namazını yerinə yetirmək üçün qalıb gözləməyi bacarmazsa, özü üçün naib tutmalıdır. Məsələn, qadının adəti başladıqdan sonra səfər yoldaşları  onun pak olmasına kimi gözləməzlərsə və bu qadın da onlardan ayrılmağı bacarmazsa, nisa təvafını və onun namazını tərk etmək caizdir və nisa təvafı ilə onun namazı üçün naib tutmalıdır.

Məsələ 696. Əgər nisa təvafı əsnasında qadının aylıq adəti başlayarsa və dördüncü dövrdən öncə olarsa, onun hökmü öncəki məsələdəki (695-ci məsələ) kimidir. Lakin dördüncü dövrdən sonra olarsa, nisa təvafının yerdə qalan hissəsini tərk etməli və öz səfər yoldaşları ilə qayıtmalıdır. Ehtiyat-vacibə əsasən təvafın qalan hissəsi və onun namazı üçün naib tutmalıdır.

Nisa təvafının iadəsi:

Məsələ 697. Əgər nisa təvafından sonra həcc təvafının batil olduğunu bilərsə, ehtiyat-vacibə əsasən həccin təvafını iadə etdikdən sonra nisa təvafını da bir daha yerinə yetirməlidir.

Məsələ 698. Nisa təvafını bilərəkdən və ya unutqanlıq üzündən və yaxud da şəri hökmü bilmədiyinə görə tərk edən şəxsin onu yerinə yetirməsi vacibdir. Nisa təvafı və onun namazını yerinə yetirmədikcə qadınlar ona halal olmur.

Məsələ 699. Nisa təvafını yerinə yetirməmiş şəxs, onu özü yerinə yetirməlidir. Əgər özü yerinə yetirməyi bacarmazsa və ya çətin və çox məşəqqətli olarsa, naib tutması caizdir. Naib nisa təvafını və onun namazını yerinə yetirdikdən sonra qadınlar ona halal olur.

Məsələ 700. Nisa təvafının namazını unutmağın hökmü ümrənin təvafındakı namazı yaddan çıxarmağın hökmü kimidir və bu hökmlər 490-cu məsələdə qeyd olunmuşdur.

Həccin ehramından çıxmağın mərhələləri:

Məsələ 701. Həccin ehramından xaric olmağın mərhələləri aşağıdakı qayda ilədir:

Birinci mərhələ: həlq və ya təqsirlə; xoş qoxu, cinsi ləzzətlər və ovdan başqa ehramla haram olmuş bütün şeylər halal olur. Bu hökm 669-cu məsələdə qeyd olunub.

İkinci mərhələ: həccin təvafı, namaz və səyi etməklə; xoş qoxu da halal olur və bunun hökmü 671-ci məsələdə qeyd olundu.

Üçüncü mərhələ: nisa təvafını və onun namazını yerinə yetirməklə; ehramla haram olmuş cinsi ləzzətlər halal olur. Bunun hökmü 687-ci məsələdə qeyd olundu.

Dördüncü mərhələ: ehtiyat-vacibə əsasən ov etmək zilhiccənin on üçünə kimi haram olaraq qalır və ondan sonra bütün haramlar halal olur.

Yada salınmalı və qeyd olunmalıdır ki, Hərəmin muhərramatı bu əməllərlə halal olmur və Hərəm məntəqəsində olan şəxsə (istər muhrim olsun, istərsə də olmasın) bu muhərrəmat haram olaraq qalır. Bu haramların hökmünün izahı 366-cı məsələdə qeyd olunub.

Minada beytutə (qalmaq):

Məsələ 702. Həccin vacib əməllərindən on ikincisi, zilhiccənin on birinci və on ikinci gecəsini Minada qalmaqdır.

Məsələ 703. Bu əməl də niyyət, qürbət qəsdi və ixlas ilə yerinə yetirilməlidir.

Məsələ 704. Əgər hacı qurban bayramı günü təvaf, onun namazı və səy etmək üçün Məkkəyə gəlsə, beytutə üçün Minaya qayıtması vacibdir.

Məsələ 705. Beytutə üçün (nəzərdə tutulan) gecənin birinci yarısı gün batandan gecənin yarısına kimidir və ikinci yarısı isə həmin vaxtdan sübh azanına kimidir.

Məsələ 706. Əgər hacı on ikinci günün zöhründən sonra Minadan çıxmazsa və on üçüncü günün gecəsi çatarsa, həmin gecəni də sübh azanına kimi Minada qalmalıdır.

Məsələ 707. Əgər hacı Minadan çıxarsa və müəyyən bir iş üçün on üçüncü gecənin ğürubundan sonra Minaya qayıdarsa, o gecəni Minada qalması vacib deyildir.

Məsələ 708.  Əgər hacı on ikinci günün rəmyini yerinə yetirməkdən aciz olarsa və beytutədən sonra on ikinci gecə Minadan çıxarsa, Minadan köçmənin gerçəkləşməsi üçün yenidən ora qayıtması vacib deyildir.

Məsələ 709. Öncəki məsələdə qeyd olunan yerdən başqa hallarda bütün gecəni Minada qalmaq hacıya vacib deyildir. Buna əsasən də hacı gecənin əvvəlindən yarısına kimi orada qalarsa, gecənin yarısından sonra Minadan çıxması caizdir.

Məsələ 710. Əgər hacı gecənin əvvəlində və ya ondan öncə Minadan çıxarsa, sübh azanına qədər ora qayıtmalıdır. Ehtiyat-vacibə əsasən gecə yarısından əvvəl qayıtmalıdır.

Məsələ 711. Gecənin birinci yarısını Minada olan və sonra oradan çıxan şəxsin sübh azanından öncə Məkkəyə daxil olmaması ehtiyat-müstəhəbdir.

Beytutənin vacib olmadığı şəxslər:

Məsələ 712. Hacıların bir neçə qrupuna Minada qalmaq vacib deyildir. Onlar aşağıdakılardan ibarətdir:

1) Minada qalmaq onlara çox çətin və məşəqqətli olan şəxslər və yaxud orada qalmaqla özü, namusu (ailəsi) və ya malı üçün qorxan şəxs.

2) Gecənin əvvəli və ya ondan öncə Minadan çıxan və gecənin yarısından sübh azanına kimi Məkkədə ibadətlə məşğul olan şəxslər.

3) Minaya getmək üçün Məkkədən çıxan və Əqəbeyi-Mədinəteyndən keçən şəxs, Minaya çatmamışdan öncə yolda yata bilər.

4) Məkkədə hacılara su çatdırmaq (paylamaq) öhdəçiliyi olan şəxslər.

Məsələ 713. Beytutənin əvəzində ibadətlə məşğul olan şəxsin Məscidul-həramda və ya Məkkənin köhnə hissələrində olması şərt deyildir, əksinə yeni küçələrdə olmasının bir eybi yoxdur.

Məsələ 714. İbadət vaxtı təvaf və namazla məşğul olmaq şərt deyildir. Əksinə ibadət hesab olunan və qürbət qəsdi ilə yerinə yetirilən bütün əməllər kifayət edir. Məsələn, Quran oxumaq, dua etmək, Kəbəyə və onun ətrafında dövr edən hacılara baxmaq kimi əməllər də ibadətdir.

Beytutənin tərki:

Məsələ 715. Əgər hacı gecə vaxtı Minada qalmağı tərk edərsə, hər bir gecə üçün bir qoyun kəffarə verməlidir.

Məsələ 716. 712-ci məsələdə qeyd olunan şəxslərə beytutəni tərk etdiklərinə görə kəffarə vacib deyildir, lakin ehtiyat-vacibə əsasən birinci qrup hacılar kəffarə verməlidirlər.

Məsələ 717. Əgər hacı unutqanlıq üzündən və ya şəri hökmü bilmədiyinə görə Minada beytutəni tərk edərsə, ehtiyat-vacibə əsasən kəffarə verməlidir.

Cəməratı rəmy etmək:

Məsələ 718. Həccin vacib əməllərindən on üçüncüsü, zilhiccənin on birinci və on ikinci günlərində cəməreyi-ulanı (birinci cəmərə), cəməreyi-vustanı və cəməreyi-əqəbəni rəmy etməkdir. Əgər hacı on üçüncü gecəni də Minada qalarsa, ehtiyat-vacibə əsasən həmin gün də hər üç cəmərəyə daş atmalıdır.

Rəmyin keyfiyyəti:

Məsələ 719. İlk olaraq cəməreyi-ulanı rəmy etmək, ondan sonra cəməreyi-vustanı və sonra da cəməreyi-əqəbəni rəmy etmək vacibdir. Şəri hökmü bilmədiyinə görə və ya unutqanlıq üzündən belə bu tərtib pozularsa, rəmy tərtibli şəkildə iadə olunmalıdır.

Məsələ 720. 610 və 611-ci məsələlərdə rəmyin vacibat və müstəhəbatına aid qeyd olunmuş hökmlər hər üç cəmərənin rəmyinə də şamildir.

Cəməratı rəmy etməyin zamanı:

Məsələ 721. Cəməratın rəmyi gündüz vaxtı yerinə yetirilməlidir. Lakin xəstəlik, qorxu və ya bu kimi səbəblərə görə gündüz vaxtı Minada qala bilməyən üzrlü şəxslərin gecə vaxtı rəmy etməsi caizdir. Həmçinin bütün günlərin rəmyini bir gecədə etmək də onlar üçün icazəlidir.

Məsələ 722. Qadınlar on birinci və on ikinci günün rəmyini gecə vaxtı yerinə yetirməməlidirlər və öncəki hökm bayram günündəki əməllərdən yalnız cəməreyi-əqəbəyə məxsusdur. Əgər qadının gündüz vaxtı rəmy etməyə gücü çatmazsa, onun tərəfindən yerinə yetirsin deyə özü üçün naib tutmalıdır. Naib tutmaqdan əlavə özünün də gecə vaxtı rəmy etməsi ehtiyat-müstəhəbdir.

Üzrlü şəxsin vəzifəsi (rəmy etməkdə naiblik):

Məsələ 723. Xəstə kimi özü rəmy etməyi bacarmayan üzrlü şəxsin naib tutması lazımdır. Daha yaxşı olar ki, özü də cəməratın yaxınlığında dayansın və naib də onun müşahidəsi altında rəmyi yerinə yetirsin.

Məsələ 724. Üzrünün aradan qalxacağına ümidi olan şəxs özü üçün naib tutarsa və naib də rəmyi yerinə yetirdikdən sonra rəmyin vaxtı bitməmiş üzr aradan qalxarsa, ehtiyat-vacibə əsasən özü də rəmyi yerinə yetirməlidir.

Məsələ 725. Rəmy etməkdə üzrlü olan və naib tutmağa da imkanı olmayan şəxsin (huşsuz biri kimi) qəyyumu və yaxud başqa bir şəxs onun tərəfindən rəmy etməlidir.

Məsələ 726. Naib olan şəxs rəmyi gündüz vaxtı yerinə yetirməlidir. Əgər hacı özü də gecə vaxtı rəmy etməyi bacararsa, ehtiyat-müstəhəbbə əsasən naibdən əlavə gecə özü də rəmy etməlidir.

Məsələ 727. Qadın hacının naibinin qadın olması şərt deyildir və kişi hacının naibinin də kişi olması şərt deyildir. Buna əsasən qadın hacının naibi kişi və kişi hacının da rəmy etmək üçün naibi qadın ola bilər.

Məsələ 728. Hacı olan şəxs özündən başqası üçün rəmy etməkdə naib ola bilər. Bu halda ilk dəfə öz niyyətilə və ya mənubu ənhin tərəfindən yerinə yetirmək niyyətilə və ikinci dəfədə isə digər (birinci dəfə etmədiyi) niyyət ilə rəmy edə bilər. Həmçinin bir cəmərəni bir dəfə öz niyyətilə və bir dəfə də mənubu ənhin niyyətilə daşlaya bilər və bu ikinci formada digər cəmərələr də eyni qayda ilə yerinə yetirilir.

Rəmyin şəkləri:

Məsələ 729. Cəməreyi-əqəbəni rəmy etmək haqqında olan 612 və 613-cü məsələlərdə rəmyin bəzi şəklərinin hökmü qeyd olundu.

Məsələ 730. Əgər hacı daşların (çınqıl) neçəsinin cəmərəyə dəymiş olduğunda şəkk edərsə, məsələnin iki forması vardır:

a) Rəmy etdikdən sonra şəkk edərsə: məsələn, cəmərədən uzaqlaşmışdırsa və cəmərəni daşladıqdan sonra şəkk etsə, öz şəkkinə fikir verməməlidir.

b) Rəmydən ayrılmamış şəkk edərsə: çatışmamazlığa dair verdiyi ehtimalı aradan qaldırması (yenə çınqıl atması) vacibdir.

Cəməratın rəmyini tərk etmək:

Məsələ 731. Əgər hacı şəri hökmü bilmədiyinə görə və ya unutqanlıq üzündən on birinci gündə cəməratı rəmy etməzsə, on ikinci gündə onun qəzasını etməlidir. Həmçinin on ikinci gün də rəmy etməzsə, on üçüncü gün qəza etməlidir.

Məsələ 732. Cəməratın rəmyini bilərəkdən tərk edən şəxs, ehtiyat-vacibə əsasən növbəti gün onun qəzasını etməlidir.

Məsələ 733. Rəmyin qəzasını etməli olan şəxs, vacib ehtiyata əsasən qəza ilə əda arasında fasilə verməli və öncə qəzanı yerinə yetirib sonra həmin günün rəmyini etməlidir. Günün əvvəlində qəzanı, zöhr vaxtı isə əda rəmyini etməsi ehtiyat-müstəhəbdir.

Məsələ 734. Unutqanlıq üzündən və ya şəri hökmü bilmədiyinə görə cəməratı rəmy etməyən şəxs Məkkədə olduğu zaman agah olarsa, qayıtması və rəmyi yerinə yetirməsi vacibdir. Amma Məkkədən çıxmış olsa, qayıtması vacib deyildir. Lakin növbəti ildə özünün və ya naibinin rəmyi qəza etməsi ehtiyat-müstəhəbdir.

Məsələ 735. Əgər hacı hökmdən agah olduğu halda və bilərəkdən rəmyi özünə məxsus günlərdə etməzsə və Məkkədən çıxarsa, ehtiyat-vacibə əsasən növbəti ildə həccə getdiyi halda özü və getmədiyi halda isə naibi onların qəzasını etməlidir.

Məsələ 736. Hökmdən agah halda və bilərəkdən olsa da hacının rəmyi tərk etməsi, onun həccini batil etmir. Lakin öncəki məsələdə qeyd olunan vəzifəyə uyğun əməl etməlidir.

Minadan köçmək (çıxmaq):

Məsələ 737. Hacı zilhiccənin on ikinci gününün zöhründən sonra Minadan çıxa bilər.

Məsələ 738. On birinci gündə Minadan çıxmağın işkalı yoxdur, lakin beytutə üçün Minaya qayıtmaq lazımdır. Əgər rəmyi yerinə yetirməmiş olsa qayıtmalı və ğürubdan öncə rəmyi etməlidir.

Məsələ 739. On ikinci gündə hacı zöhrdən öncə qayıdıb zöhrdən sonra Minadan kömək üçün öz əşyasını orada qoyarsa, Minadan çıxa bilər. Amma öz əşyasını orada qoymazsa, ehtiyat-vacibə əsasən qayıtmaq qəsdi olmasına baxmayaraq Minadan çıxması caiz deyildir. Lakin Minadan çıxmış olduğu hər bir halda zöhrdən öncə qayıtması vacib deyildir və əgər zöhrdən sonra qayıdıb ğürubdan öncə çıxarsa da işkalı yoxdur.


[11] Əbtəh- Mina yolunda və Hiccun (Əbu Talib) qəbirsanlığından bir qədər sonra yerləşən məkanın adıdır.
[12] Ərəfə gününün gecəsini Minada qalmaq vacib deyildir, lakin müstəhəbdir. Amma hazırkı illərdə insanların çoxluğu, yolların dolu olması, Ərəfata çata bilməmək qorxusu və digər problemlərə görə zəvvarlardan çoxusu Minaya getmirlər.
Altıncı fəsl » Məhdud və məhsurun hökmləri → ← Dördüncü fəsl » Təməttö ümrəsinin əməlləri
العربية فارسی اردو English Azərbaycan Türkçe Français