Kitablar » Həccin hökmləri və əlavələr
Dördüncü fəsl » Təməttö ümrəsinin əməlləri
Təvaf
Namaz
Səy
Təqsir
Təvaf:
Məsələ 386. Təməttö ümrəsinin ikinci vacib əməli Allah evinin təvafıdır və onun qarşıda bəyan olunacaq şəkildə özünə məxsus şərtləri və vacib əməlləri vardır.
Təvafın şərtləri:
Məsələ 387. Təvafda bir neçə şərt vardır:
* Niyyət * Təharət * Xitan * Örtük
Niyyət:
Məsələ 388. Kəbənin ətrafında dövr etmək təvaf qəsdi ilə olmalıdır və həmçinin hansı təvafı yerinə yetirdiyinə də diqqət etməlidir (məs...ümrə təvafıdır və ya həcc təvafı). Eyni zamanda öz üçün və ya başqası tərəfindən yerinə yetirdiyini də nəzərdə saxlamalıdır. Ən mühim olan isə təvafı ilahi əmrə görə xuzu ilə və Allaha bəndəçiliklə Onun müqabilində həyata keçirməlidir.
Təharət:
Məsələ 389. Təvaf edən şəxs təharətli olmalıdır. Yəni boynunda qusl olmamalı və dəstəmazlı olmalıdır. Əgər onun boynunda qusl vacib olarsa və ya dəstəmazsız halda Kəbəni təvaf edərsə, batildir. İstər bu işi bilərəkdən etmiş olsun, istər məsələni bilmədiyinə görə və ya istərsə də unutqanlıq üzündən etsin, hökm eynidir.
Məsələ 390. Əgər mükəlləf üzrlü səbəbə görə dəstəmaz ala bilməzsə və ya boynunda qusl olduğu halda onu icra etməyə imkanı olmazsa, təvaf üçün təyəmmüm etməlidir.
Məsələ 391. Üzürlü səbəbə görə cəbirə dəstəmazı alan və ya başqasının köməyi ilə dəstəmaz alan şəxs, elə həmin keyfiyyətlə dəstəmaz alıb təvaf edərsə səhihdir.
Məsələ 392. Öz idrar və mədfusunu saxlaya bilməyən şəxs, özünə məxsus təharətlə kifayətlənə bilər. Lakin özünü mədfudan saxlaya bilməyən şəxs üçün ehtiyat-müstəhəbdir ki, özü dəstəmaz alaraq təvafı edib təvaf namazını qılmaqdan əlavə başqa birini də onun tərəfindən təvaf və təvaf namazını yerinə yetirmək üçün naib tutsun.
Məsələ 393. Müstəhəb təvafda hədəsi-əsğərdən (dəstəmazı vacib edən hadisələr) təharətli olmaq şərt deyildir, lakin ehtiyat-vacibə əsasən hədəsi-əkbərdən (quslu vacib edən hadisələr) təharətli olmaq şərtdir. Buna əsasən müstəhəb təvaf dəstəmazsız da səhihdir, lakin təvaf namazı təharətli qılınmalıdır.
Təvaf əsnasında hədəsin baş verməsi:
Məsələ 394. Təvaf əsnasında dəstəmazı batil edən və ya qusla səbəb olan bir hədəs baş verərsə, məsələnin bir neçə forması vardır:
1) Dördüncü dövrü tamamlamamış baş verərsə: təvaf batildir.
2) Dördüncü təvafı edəndən sonra ixtiyarsız olaraq bir hədəs baş verərsə: təvafı saxlamalı və təharəti icra edəndən sonra qaldığı yerdən təvafı sona çatdırmalıdır. Əgər hədəs öz ixtiyarı ilə baş versə, ehtiyata əsasən təvafı saxlayıb təharəti icra etməli və təvafı sona çatdırmalıdır, sonra bir daha təvaf etməlidir (təvafı iadə etməlidir).
Təharətsiz təvaf:
Məsələ 395. Əgər təvafı yerinə yetirdikdən sonra təharətsiz olduğunu və yaxud dəstəmaz və ya quslunun batil olduğunu anlayarsa, təvafı batildir və bir daha yerinə yetirməlidir.
Məsələ 396. Əgər bir kəs cənabət və ya məssi-meyyit kimi vacib quslu unudaraq təvaf edərsə, təvafı batildir və belə şəxsin hökmü təvafı unutmuş şəxsin hökmü kimidir.
Təharətli olmaqda şəkk:
Məsələ 397. Təvaf edən şəxsin təharətli olmağında etdiyi şəkkin aşağıdakı izahlarla bir neçə forması var:
* Təvafdan öncə dəstəmaz alıb-almamağında və ya boynunda olan quslu yerinə yetirib-yetirməməkdə şəkk edərsə: təvaf üçün təhatəri icra etməlidir.
* Öncədən təharətli idi və ondan hədəsin baş verib-verməməsində şəkk etsə: təharətli olduğuna hökm edəcək və yenidən təharəti icra etmək lazım deyildir. Bu hökm təvafdan öncə və təvaf əsnasının hər ikisinə şamildir.
* Öncədən təharətli olub-olmadığını bilməyən halda və təvaf əsnasında hədəs baş verərsə: dördüncü dövrü tamamlamamışdırsa, təharəti icra etməli və təvafı əvvəldən başlamalıdır. Əgər dördüncü dövrü sona çatdırmışdısa, təharəti icra etməli və qaldığı yerdən təvafı həyata keçirməlidir.
* Təvafı tamamladıqdan sonra təvaf əsnasında təharətli olub-olmadığında şəkk edərsə: öz şəkkinə etina etməməlidir. Lakin təvafı yenidən yerinə yetirməsi ehtiyat-müstəhəbdir. Amma təvaf namazı üçün təharəti icra etməlidir.
Haizin (üzrlü qadının) vəzifəsi:
Məsələ 398. Əgər qadının muhrim olandan qabaq və ya sonra və təvafdan öncə aylıq adəti başlayarsa, onun vəzifəsi aşağıdakı qayda ilədir:
a) Adət günlərinin qurtarmağını gözləmək və ümrənin əməllərini zilhiccənin doqquzuncu gününün zöhründən qabaq yerinə yetirmək üçün kifayət qədər fürsəti olsa, səbr edib gözləməlidir və pak olandan sonra qusl edib ümrə əməllərini yerinə yetirməlidir.
b) Kifayət qədər fürsəti olmazsa: yəni onun adət vaxtı həccin əməllərinin zamanının çatması ilə qurtaracaqsa, bu halda məsələnin iki forması vardır:
1) Ehramdan qabaq və ya muhrim olduğu zaman adəti başlayarsa, onun vəzifəsi təməttö həccindən ifrad həccinə keçir. Yəni ifrad həccini yerinə yetirməlidir və imkan olduğu təqdirdə ondan sonra müfrəd ümrəni həyata keçirsin.
2) Təməttö ümrəsi üçün muhrim olduqdan sonra onun adəti başlayarsa, bu halda təməttö ümrəsinin təvaf və təvaf namazından başqa digər əməllərini yerinə yetirə bilər. Yəni səy və təqsiri yerinə yetirsin, ondan sonra həcc ehramı üçün muhrim olsun və Minanın əməllərini həyata keçirib Məkkəyə qayıtdıqdan sonra həcc təvafını etməmişdən öncə ümrə təvafını etsin və namazını qılsın. Lakin bu halda da ifrad həccinə üdul etmək (keçmək) ehtiyat-müstəhəbdir.
Məsələ 399. Əgər qadın təməttö ümrəsi üçün muhrim olduqdan sonra haiz olarsa və heyzinin davam etməklə Mina əməllərindən sonra belə təvaf etmək üçün imkanının olmayacağını bilərsə(karvanın qayıtması səbəbi ilə olsa da), təməttö ümrəsinin təvafı və təvaf namazı üçün naib tutmalıdır. Naib təvaf və təvaf namazını yerinə yetirdikdən sonra o qadın özü səy və təqsiri həyata keçirməlidir.
Eharmdan sonra heyz olmaq:
Məsələ 400. Qadının ehramdan sonra heyz olmasının bir neçə halı vardır:
1) Əgər qadın təvafdan öncə heyz olarsa, 398 və 399-cu məsələlərdə qeyd olunan hökmlərə əməl etməlidir.
2) Əgər qadın təvaf əsnasında heyz olarsa, məsələnin iki forması vardır:
a) Dördüncü dövrü tamamlamamışdan qabaq olsa: təvafı batildir.
b) Dördüncü dövrü tamamlamamışdan qabaq olsa: həyata keçirdiyi miqdar səhihdir və yerdə qalan hissəni adət günləri sona çatdıqdan sonra qusl edib yerinə yetirməlidir. Birinci təvafı yerinə yetirdikdən sonra onu yenidən etməsi ehtiyat-müstəhəbdir. Bu deyilən hökm vaxtın geniş olduğu hala aiddir. Lakin fürsət yoxdursa, həccin vaxtından qabaq pak olmayacaqsa və yaxud pak olacağı təqdirdə belə ümrə əməllərini yerinə yetirməyə imkanı olmayacaqsa, səy və təqsiri etməlidir və Minadan qayıtdıqdan sonra həcc təvafını etməmiş ümrə təvafının yerdə qalan hissəsini qəza etməlidir.
3) Əgər qadın təvafdan sonra və təvaf namazından öncə heyz olarsa, təvafı səhihdir və adət günləri qurtardıqdan sonra qusl edib təvaf namazını qılmalıdır. Vaxtın az olduğu halda isə səy və təqsiri yerinə yetirməli və təvaf namazını Minadan qayıtdıqdan sonra həcc təvafını həyata keçirməmiş qılmalıdır.
4) Təvaf və təvaf namazından sonra heyz olduğunu anlasa, lakin təvaf namazından sonra və ya təvaf əsnasında və yaxud namaz əsnasında və yaxud da təvafdan öncə heyz olduğunu bilməzsə, təvaf və namazı səhihdir. Amma təvaf namazı əsnasında və ya ondan öncə heyz olduğunu anlasa, qıldığı namaz səhih deyil.
Məsələ 401. Əgər qadın təvaf halında olarkən heyz olmağa başlayarsa, təvafı saxlayıb dərhal Məscidul-həramdan çıxması və öncəki məsələdə qeyd olunmuş vəzifəsinə uyğun əməl etməsi vacibdir.
Məsələ 402. Əgər qadın təməttö ümrəsi üçün ehram bağladıqdan sonra ümrə əməllərini yerinə yetirməyə imkanı olduğu və əməlləri təxirə salacağı halda adət günlərinin başlayacağını və vaxtın azlığına görə ümrə əməllərini yerinə yetirməyi bacarmayacağını bildiyi təqdirdə əməlləri yerinə yetirməzsə və adət günləri başlayarsa, həmçinin həcc vaxtından öncə əməlləri həyata keçirməyə imkanı olmazsa, ümrəsi batildir.
Məsələ 403. Adət günlərinin başlaması səbəbi ilə vəzifəsi ifrad həcci olan qadın, şəri hökmü bilmədiyinə görə təməttö ümrəsi üçün muhrim olarsa, ehramı batildir və miqata qayıdıb ifrad həcci üçün ehram bağlamalıdır. Amma vəzifəsini yerinə yetirmək qəsdi ilə tətbiqində səhvə yol verərsə və vəzifəsinin təməttö ümrəsi olduğunu xəyal edərsə, ehramı səhih və ifrad ehramı hesab olunur.
Məslus və məbtunun vəzifəsi:
Məsələ 404. İdrarının gəlişini, mədfu və ya yelinin xaric olmasının qarşısını ala bilməyən şəxs, təvaf və təvaf namazını aşağıdakı qayda ilə yerinə yetirməlidir:
a) Əgər təvaf və ya təvaf namazını yerinə yetirmək üçün təharətli qalmağa fürsət tapa bilirsə, həmin fürsətdəcə yerinə yetirməlidir.
b) Təvaf və ya təvaf namazı üçün tam fürsətə sahib deyildir, lakin təvafın və ya namazın bir qismini yerinə yetirmək üçün fürsəti olarsa: ehtiyat-vacibə əsasən həmin fürsətdə dəstəmaz alıb təvafa başlamalıdır. Əgər ondan bir şey (adətən xaric olan şey) olarsa, yenidən dəstəmaz alması lazım deyildir və həmin haldakı təvafı səhihdir.
c) Əgər heç bir fürsətə sahib deyildirsə: yəni onun idrar, mədfu və ya yeli daim və ya çox az fasilə ilə xaric olursa və təvafın bir qismini belə yerinə yetirməyə imkanı yoxdursa, bir dəstəmaz almalıdır və təvaf və təvaf namazını onunla həyata keçirməlidir. Əgər təvafdan öncə və ya təvaf əsnasında və yaxud da namazda ondan bir şey (həmişə ondan xaric olan) xaric olarsa, etina etməməli və əməllərinə davam etməlidir.
Müstəhazənin vəzifəsi:
Məsələ 405. Müstəhazə (adət vaxtına düşməyən qanı görən) qadın təvaf və təvaf namazını aşağıdakı qayda ilə yerinə yetirməlidir:
* Müstəhazeyi-qəlilə (az qan görən qadın): təvaf üçün dəstəmaz alacaq və təvaf namazı üçün də ehtiyat-vacibə əsasən ayrıca dəstəmaz alacaq.
* Müstəhazeyi-mutəvəssitə (orta həddə qan görən qadın): təvaf və namazı üçün bir müstəhazə quslu alacaq, təvaf üçün dəstəmaz alacaq və ehtiyat-vacibə əsasən təvaf namazından öncə iki dəfə də dəstəmaz alacaq.
* Müstəhazeyi-kəsirə (çox qan görən qadın): bir müstəhazə quslu alacaq və qusldan sonra dəstəmazı batil edən bir şey baş verməsə o quslla təvafı və təvaf namazını yerinə yetirəcək və dəstəmaz almağa ehtiyac yoxdur. Buna baxmayaraq Təvaf namazından öncə bir daha qusl etməsi ehtiyat-müstəhəbdir.
Məsələ 406. Müstəhazə qadının quslu ilə dəstəmazı arasında və ya təvafı ilə təvaf namazı arasında çarəsizlik miqdarında fasilə yaranarsa, işkalı yoxdur.
Məsələ 407. Əgər bir qadın vacib təvafını yerinə yetirərkən dördüncü dövrü bitirməmiş müstəhazə olarsa, təvafı batildir. Amma dördüncü təvafdan sonra baş verərsə, müstəhazə qadın üçün qeyd olunmuş vəzifəyə riayət edərək təvafının yerdə qalan hissəsini yerinə yetirməlidir və belə edərsə, əməli səhihdir. Lakin o təvafı tamamlayıb yenidən yerinə yetirməsi ehtiyat-müstəhəbdir.
Bədən və paltarın təharəti:
Məsələ 408. Təvaf edən şəxsin bədəni və paltarı pak olmalıdır. Odur ki, bədən və ya paltarının nəcis olduğunu bilən halda təvaf edərsə, səhih deyildir.
Məsələ 409. Dirhəmdən az olan qanla (təqribən əlin baş barmağının üst hissəsi miqdarında) namazın səhih olmasına baxmayaraq, ehtiyat-vacibə əsasən təvafda tam pak olunmalıdır və o halda da təvaf səhih deyildir. Həmçinin corab kimi kiçik (nəcis) libaslarla da namaz qılmaq səhih olmasına baxmayaraq vacib- ehtiyata əsasən təvaf səhih deyildir.
Məsələ 410. Dəsmal kimi cibdə olan nəcis şeyi təvaf halında daşımağın heç bir halda işkalı yoxdur.
Məsələ 411. Bədən və ya paltar hələ sağalmamış yaranın (istər təzə olsun, istərsə də köhnə) qanı ilə nəcis olarsa və onun suya çəkilməsi və ya paltarın əvəz edilməsi dözülməsi çətin olan bir məşəqqətə səbəb olarsa, işkalı yoxdur. Lakin paklamaq və paltarı dəyişmək bu həddə çətin olmazsa, ehtiyat-vacibə əsasən paklanmalı və ya dəyişdirilməlidir.
Məsələ 12. Təvafdan sonra bədən və ya paltarının nəcis olduğunu bilərsə, təvafı səhihdir.
Məsələ 413. Əgər bədən və ya paltarının nəcis olduğunu unudar və təvafdan sonra yadına düşürsə, təvafı səhihdir. Lakin təvafı pak bədən və ya paltarla yerinə yetirməsi ehtiyat-müstəhəbdir.
Məsələ 414. Təvaf əsnasında bədən və ya paltarının nəcis olduğunu bilərsə və yaxud da təvaf əsnasında nəcis olarsa, məsələnin iki forması vardır:
1) Əgər nəcasəti aradan aparmağı bacararsa: məsələn, təvafın muvalatına və hissələrinin ardıcıl yerinə yetirilməsinə xələl gətirmədən əynindəki əlavə (nəcis olmuş) paltarı çıxarmağı bacararsa, nəcasəti aradan qaldırmaq və təvafı tamamlamaq vacibdir. Belə edərsə, təvafı səhihdir.
2) Əgər nəcasəti aradan aparmağı bacarmazsa: həmin halda təvafı sona çatdıracaq və təvafı səhihdir. Amma dördüncü dövrdən sonra bədən və o paltarı nəcis olarsa və ya o zamanda nəcis olduğunu bilərsə, təvafı tamamladıqdan sonra yenidən yerinə yetirməsi ehtiyat-müstəhəbdir.
Məsələ 415. Üzrünün aradan qalxacağına ümidi olmayan və bu səbəbə görə də nəcis bədən və ya paltarla və yaxud da cəbirə dəstəmazı və ya təyəmmümlə təvafı yerinə yetirən şəxsin üzrü aradan qalxdıqdan sonra o təvafı yenidən yerinə yetirməsi lazım deyildir.
Məsələ 416. Nəcis dəsmal kimi napak bir şey təvaf edən şəxsin üzərində olarsa, amma onun paltarı hesab olunmazsa, təvafda işkal yoxdur.
Xitan:
Məsələ 417. Əgər sünnət olunmamış bir kişi təvafı yerinə yetirərsə, batildir və sünnət olunmamış müməyyiz (yaxşını pisdən ayırmağı bacaran) uşaq da eyni hökmdədir. Lakin sünnət olunmaq qadınlarda və müməyyiz olmayan uşaqlarda şərt deyildir.
Məsələ 418. Vəlisinin köməyi ilə təvaf edən qeyri-müməyyiz uşağın da sünnət olunmuş olması ehtiyat-müstəhəbdir.
Örtük:
Məsələ 419. Ehtiyat-vacibə əsasən təvaf edən şəxsin örtünməsi (və ya örtüyü) namaz qılan şəxsin örtünməsi kimi olmalıdır. Ehtiyat-müstəhəb budur ki, namaz qılanın paltarının bütün şərtlərinə riayət olunsun.
Məsələ 420. Təvafın səhihliyində ayaqların örtülməsi qadınlar üçün şərt olmamasına baxmayaraq, naməhrəmlərin görməsinə görə onlar ayaqlarını örtməlidirlər.
Məsələ 421. Əgər təvaf halında qadının tüklərindən bir görünərsə, bundan xəbərdar olan kimionu örtməlidir. Lakin təvafı hər bir halda səhihdir.
Təvafın vacibləri:
Məsələ 422. Təvafın vacibləri aşağıdakılardan ibarətdir:
* Təvafı Həcərul-əsvədlə üzbəüz yerdən başlayıb elə orda da bitirmək
* Kəbə təvaf edənin sol tərəfində qalmalıdır
* Kəbə və Hicri-İsmaili dövr etmək (Hicrin içəri tərəfindən keçməmək)
* Kəbənin şazərvanı[9]
üzərində gəzməmək
*Kəbə evini yeddi dəfə dövr etmək
* Muvalat; yəni yeddi təvaf dövrünün ardıcıl olması
* Öz ixtiyarı ilə təvaf etmək
Təvafın vaciblərinin hökmləri:
Həcərul-əsvədin yanında başlayıb orda da bitirmək:
Məsələ 423. Təvaf Kəbənin bir tərəfində yerləşib “Ruknu-həcəril-əsvəd” adlanan və müqəddəs daşın da orada yerləşdiyi məkanla üzbəüz yerdən başlamalı və həmin yerdə də sona çatdırılmalıdır. Buna görə də təvafı yeddi dəfə kamil şəkildə yerinə yetirməsinə baxmayaraq bir şəxs düzgün yerdən başlamazsa və ya həmin yerdə bitirməzsə, səhih deyildir.
Məsələ 424. Əgər təvaf edən şəxs Ruknu-həcəril-əsvədin bir az qabaq hissəsindən başlayarsa və qəsdi təvafını həcərul-əsvədin üzbəüzündən başlamaq olarsa, işkalı yoxdur. Həmçinin təvafı bitirəndə həcərul-əsvəddən bir az keçərsə və qəsdi təvafını həcərul-əsvədin müqabilində bitirmək olarsa, işkalı yoxdur.
Məsələ 425. Əgər bir şəxs təvafı ruknu-həcəril-əsvəddən başqa yerdən başlayarsa (məs... runu-yəmanidən) batildir. Lakin tətbiqdə səhfə yol verərsə və çatışmamazlığı aradan qaldırarsa səhihdir. Yəni qəsdi şəri cəhətdən təvafın başlanılması lazım olan yerdən başlamaq olarsa, lakin o yerin ruknu-yəmani olduğunu güman edərsə eybi yoxdur.
Kəbənin sol tərəfdə qalması:
Məsələ 426. Təvaf edən şəxs bütün müsəlmanların təvaf etdiyi kimi Kəbənin ətrafına dövr etməlidir. Əgər bunun əksinə hərəkət edərsə və ya üzü Kəbəyə tərəf və ya arxası Kəbəyə tərəf və yaxud da arxa arxaya (Kəbə sağ tərəfində qalacaq) hərəkət edərsə, səhih deyildir.
Məsələ 427. Əgər Kəbəni öpməyə və ya insanların sıxlığına görə təvafın bir miqdarını üzü və ya arxası Kəbəyə edərsə, o miqdar təvafın hissəsi olan dövrlərdən hesab olunmayacaq. Əgər qayıtmağı bacararsa və səhfə yol verdiyi terdən təvafı davam etdirə bilərsə, bunu etməlidir. Lakin bunu bacarmazsa, təvaf niyyəti etmədən öz hərəkətinə davam edib səhfə yol verdiyi yerə çatmalı və orada təvafın həmin dövrünün niyyətini etməlidir.
Məsələ 428. Kəbənin sol tərəfdə qalmasının meyarı xalqın nəzəridir. Peyğəmbərin (s) atla (süvari halda) təvaf etməsindən başa düşülənə əsasən Kəbənin divarlarına çatan zaman bədəni əymək, çox diqqətli olmaq və Hicri-İsmailtərəfdə sol çiyinin tam dəqiq şəkildə Kəbəyə sarı olması lazım deyildir.
Məsələ 429. Təvaf edən şəxsin bədəninin sol tərəfi Kəbəyə sarı olduğu halda üzünü sağa və ya sola çevirərsə, işkalı yoxdur.
Məsələ 430. Təvaf halında arxasını görə biləcək qədər boynunu arxaya çevirmək, ehtiyat-vacibə əsasən caiz deyildir.
Məsələ 431. Əgər hacı Kəbəni sol tərəfində saxlamaqda səhfə yol verib-verməməsində şəkk edərsə və ya səhfə yol verdiyinə dair ehtimal verərsə, bunun bir etibarı yoxdur və təvafı səhihdir.
Hicri-İsmailin ətrafına dövr etmək:
Məsələ 432. Təvaf edən şəxs Kəbə və Hicri-İsmailin ətrafında dövr etməlidir, yəni hicrin daxilindən keçməməlidir.
Məsələ 433. Əgər təvaf edən şəxs məsələni bilmədiyinə görə və yaxud unutqanlıq üzündən Hicri-İsmailin daxilindən keçərsə, təvafın o dövrü ümumi şəkildə batildir və o dövrü yenidən yerinə yetirməlidir. Bu təvafı bitirdikdən sonra onu yenidən iadə (yenidən) etməlidir.
Şazərvanın üzərində hərəkət etməmək:
Məsələ 434. Kəbənin tərəflərindən bəzisinin (Kəbə divarının aşağısı) bir qədər çıxıntısı vardır və ora “Şazərvan” deyirlər. Bu çıxıntının Kəbənin bir hissəsi olması və Kəbənin təmiri zamanı onun əsl (qədim) yerini bir qədər geriyə çəkilməsi məşhurdur. Buna görə də təvaf edən şəxs bu çıxıntının üzərində hərəkət etməməlidir.
Məsələ 435. Təvaf halında olan şəxs Şazərvan olan yerlərdən keçəndə əlini Kəbəyə tərəf uzadarsa, təvafın həmin miqdarının əvəzini yerinə yetirməlidir. O miqdarın əvəzini yerinə yetirdikdən sonra təvafı iadə etməsi ehtiyat-müstəhəbdir.
Kəbəni yeddi dəfə dövr etmək:
Məsələ 436. Təvaf edən şəxs Kəbəni yeddi dəfə dövr etməlidir və bundan azı kifayət etmir. Bu miqdardan artığını bilərəkdən edərsə, təvafı batil olur və bunun izahı qarşıdakı məsələlərdə qeyd olunacaq.
Muvalat:
Məsələ 437. Təvafın yeddi dövrü xalqın nəzərində muvali və ardıcıl hesab olunan şəkildə yerinə yetirilməlidir. Yəni araya fasilə salmadan və bir-birinin ardınca həyata keçirilməlidir. Əlbəttə muvalatın şərt olmadığı bir neçə istisna yer qarşıdakı məsələlərdə qeyd olunacaq.
Məsələ 438. Əgər təvafın dövrləri arasında kiçik müddət fasilə olsa, təvaf səhihdir. Lakin 10 dəqiqə və ondan da çox vaxt kimi araya fasilə düşərsə, muvalat pozulur və təvaf səhih deyildir.
Məsələ 439. Təvaf edən şəxs dövrlərin arasına fasilənin düşüb-düşmədiyində şəkk edərsə, təvafını yenidən yerinə yetirməlidir.
Öz ixtiyarı ilə təvaf etmək:
Məsələ 440. Təvaf edən şəxs öz ixtiyarı ilə Kəbə evini dövr etməlidir. Buna əsasən təvaf zamanı insanların sıxlığı və ya başqa səbəbə görə ixtiyarsız gedərsə kifayət etməyəcəkdir və balə halla rastlaşan şəxs həmin miqdarı 427-ci məsələdə qeyd olunduğu kimi əvəz edərək yerinə yetirməlidir. Lakin insanların itələməsinin təsirinə görə sürətli getməyin zərəri yoxdur.
Məsələ 441. Bir şəxs xəstəlik üzündən və ya bədəninin bir əzasının şikəstliyinə görə və yaxud da gücü çatmadığına və bu kimi səbəblərə görə (hətta başqasının köməyi ilə belə) təvaf edə bilməzsə, onu təvaf etdirmək lazımdır. Məsələn, onu belinə götürüb və ya çarxa oturdub təvaf etdirsinlər. Əgər bu şəkildə də təvaf etməyi bacarmazsa, özü üçün onun tərəfindən təvaf etməyə naib tutmalıdır. Əgər naib tutmağa da imkanı olmazsa (huşsuz şəxs kimi), onun vəlisi və ya başqa bir şəxs onun tərəfindən təvafı yerinə yetirməlidir.
Məsələ 442. Əgər mükəlləf təvafın dövrlərindən bir neçəsini yerinə yetirib yerdə qalan hissəsini həyata keçirməkdə aciz qalarsa və onun özünün yerinə yetirdiyi dövrlər dörd və ya çox olarsa, yerdə qalan dövrlər üçün naib tutmalıdır. Əgər dörddən az olarsa, təvafın tamamı üçün naib tutmalıdır. Yəni naib tam bir təvaf (yeddi dövr) yerinə yetirməlidir.
Məsələ 443. Özü üçün təvafı yerinə yetirə bilən şəxs, təvafda başqasına kömək edə bilər. Məsələn, belinə götürüb və ya təkərli kürsüyə (əlil arabası kimi ) oturdub təvaf etdirsin.
Təvafın hüdudları:
Məsələ 444. Gücü çatan şəxsin bri-birindən on iki metr məsafədə yerləşən Kəbə ilə Məqami-İbrahim arasında təvaf etməsi ehtiyat-müstəhəbdir və bu məsafə Hicri-İsmail tərəfdə (hicrin divarının arxası, onun hilalının sonu) 3 metr miqdarında qalır. Amma bu məsafədən artıq olan yerdə də kərahətli olmasına baxmayaraq təvaf caizdir. Xüsusilə qeyd olunmuş məsafədə təvaf etməyə gücü çatan şəxs üçün bu kərahət sabitdir.
Məsələ 445. Məscidul-həramın yuxarı mərtəbələri Kəbədən hündür olarsa, təvaf səhih deyildir.
Məsələ 446. Təkərli kürsü ilə təvaf etməli olan gücsüz şəxsi Məscidul-həramın sahəsinə buraxmasalar və ikinci mərtəbə də Kəbədən hündür olarsa, özü üçün təvafı yerinə yetirməyə naib tutmalıdır və özünün də ikinci mərtəbə də təvaf etməsi ehtiyat-müstəhəbdir. Beləki ikinci mərətəbnin Kəbədən hündür olub-olmamasını bilməzsə, həm özü ikinci mərtəbədə təvaf etməli və həm də naib tutmalıdır.
Təvafı kəsmək:
Məsələ 447. Müstəhəb təvafı bilərəkdən belə saxlamaq (kəsmək və davam etməmək) caizdir.
Məsələ 448. Müəyyən bir iş və ya zərurət üzündən vacib təvafı kəsmək caizdir. Hətta bir iş və ya zərurət olmazsa da onu kəsmək caizdir.
Məsələ 449. Əgər bir şəxs muvalatı pozmamışdan öncə müstəhəb təvafı kəsərsə, qaldığı yerdən onu davam etdirə bilər və təvafı səhihdir. Bu məsələdə dörd təvafı yerinə yetirmiş olmağı ilə olmamağı arasında fərq yoxdur.
Məsələ 450. Əgər bir şəxs vacib təvafı kəsərsə, məsələnin iki forması var:
a) Dördüncü təvafı yerinə yetirməmişdən öncə kəsərsə: təvafı batildir və yenidən yerinə yetirməlidir.
b) Dördüncü dövrü tamamlamışdırsa:
1) Əgər səbəbsiz halda kəsibsə və xalqın nəzərində muvalatı pozubsa, ehtiyata əsasən qaldığı yerdən onu tamam etməli və yenidən yerinə yetirməlidir. Yenidən yerinə yetirməklə kifayətlənmək əzhər (zahir cəhətdən daha dəqiq) nəzərdir.
2) Müəyyən səbəbə görə kəsərsə: məsələn, xəstəliyinə görə və ya müəyyən bir işə görə və yaxud da dini qardaşlarından birinə görə kəsərsə, təvafı səhihdir və qaldığı yerdən davam etməsi lazımdır. Lakin bu təvafı tamamladıqdan sonra yenidən yerinə yetirməsi ehtiyat-müstəhəbdir.
Məsələ 451.Təvaf əsnasında oturmaq və istirahət etmək, çox uzun çəkməzsə və təvafın hissələrinin ardıcıllığını (muvalatı) pozmazsa, caizdir və təvaf da səhihdir. Lakin uzun çəkərsə və muvalat pozularsa, təvaf batildir və yenidən yerinə yetirməlidir.
Məsələ 452. Təvaf edən şəxs namazın fəzilətli vaxtına çatmaq və ya camaat namazına qoşulmaq və ya vaxtının bitməsinə az qalmış müstəhəb namaz qılmaq üçün təvafı kəsərsə, caizdir və namazı qıldıqdan sonra təvafı qaldığı yerdən tamamlamalıdır. Bu halda dördüncü dövrü yerinə yetirmiş olması ilə olmaması arasında və ya vacib təvaf ilə müstəhəb təvaf arasında fərq yoxdur.
Lakin dördüncü dövrü tamamlamamışdan öncə kəsərsə, onu tamamladıqdan sonra yenidən yerinə yetirməsi ehtiyat-müstəhəbdir.
Məsələ 453. Əgər səhf və ya unutqanlıq üzündən təvafı yeddi dövrdən az yerinə yetirərsə (hətta bir dövrdən də az naqislik olarsa), bu halda əgər:
* Muvalat pozulmamışdan öncə agah olarsa: yerdə qalan miqdarı yerinə yetirəcək və təvafı səhihdir.
* Muvalat puzulmuş olsa, lakin unutduğu dövrün miqdarı üçdən çox olmazsa: yerdə qalan miqdarı yerinə yetirəcək və təvaf səhihdir. Amma üç dövrdən çox olarsa, ehtiyat-vacibə əsasən yerdə qalan miqdarı tamamlamalı və təvafı yenidən yerinə yetirməlidir.
Məsələ 454. Əgər mükəlləf təvafı naqis yerinə yetirərsə və yerdə qalan miqdarı həyata keçirməyə gücü çatmazsa (hətta öz vətəninə qayıtdıqdan sonra təvafının naqisliyindən agah olarsa), yerdə qalan miqdarı yerinə yetirmək üçün özünə naib tutmalıdır.
Təvafda naiblik:
Məsələ 455. Təvafı və onun namazını başqasının naibi kimi yerinə yetirən şəxsin muhrim olması lazım deyildir. Buna əsasən təməttö ümrəsində muhrim olan şəxsin vəzifəsi təvaf və onun namazı üçün özünə naib tutmaq olarsa, bu işə görə özünə muhrim olmayan şəxsi naib tuta bilər.
Məsələ 456. Təvaf və onun namazı üçün yalnız bir nəfəri naib tutmaq lazım deyildir. Odur ki, bir nəfəri təvaf üçün, başqa bir nəfəri isə təvaf namazı üçün naib tuta bilər.
Təvafı artırmaq:
Məsələ 457. Əgər təvafı bilərəkdən yeddi dövrdən artıq edərsə, batildir.
Məsələ 458. Əgər səhf edərək təvafı yeddi dövrdən artıq yerinə yetirərsə, məsələnin iki forması var:
a) Səkkizinci dövrün yarısından sonra (Rukni-İraqidən sonra) yadına düşsə: artırılmış miqdarı tam kamil təvaf (yeddi dövr) olaraq tamamlamalıdır və ehtiyata əsasən ikinci yeddi dövrü (ikinci təvafı) qürbət qəsdi ilə vacib və ya müstəhəb niyyəti etmədən yerinə yetirməlidir və ondan sonra dörd rəkət təvaf namazı qılmalıdır. Bu halda iki rəkət namazı səydən öncə və digər iki rəkət namazı isə səydən sonra yerinə yetirməsi ehtiyat-müstəhəbdir.
b) Səkkizinci dövrün yarısından öncə (Rukni-İraqiyə çatmamış) agah olarsa: ehtiyat-vacibə əsasən öncəki fərzdə deyilənə uyğun əməl etməlidir.
Məsələ 459. Əgər təvaf edən şəxs təvafa bir dövr artırmağın müstəhəb olduğu gümanı ilə bir dövr əlavə yerinə yetirərsə, təvafı batil deyildir.
Təvafın dövrlərinin sayında şəkk:
Məsələ 460. Əgər təvaf əsnasında dövrlərin sayında şəkk meydana gələrsə və yeddidən az olduğuna şəkk edilərsə, təvaf batildir. Məsələn, bir şəxs üç və ya dörd dövr yerinə yetirməsində şəkk etsə və ya hazırda dördüncü və ya beşinci dövrdə olduğuna şəkki yaranarsa, təvafı batildir. Bu məsələdə dövrün ortasında və ya axırında şəkk etməyin heç bir fərqi yoxdur.
Məsələ 461. Əgər dövrün axırında altı və ya yeddi dövr etməsi arasında şəkk edərsə, ehtiyata əsasən təvafı batildir. Həmçinin dövrü çox etməsi ilə az etməsinə birgə ehtimal verərsə də təvafı batildir. Məsələn, axırıncı dövrünün altıncı, yeddinci və ya səkkizinci olması arasında şəkk etdiyi halda təvafı batildir.
Məsələ 462. Müstəhəb təvaf zamanı dövrlərin sayında şəkk yaranarsa, daha az sayda etməsinə hökm olunacaq. Məsələn, beş və ya altı dövr yerinə yetirməsi arasında şəkk edərsə, beş dövr etməsinə hökm edəcək və təvafı səhihdir.
Məsələ 463. Aşağıdakı hallarda şəkkə etina olunmur və təvaf səhihdir:
a) Təvafı tamamladıqdan sonra dövrlərin sayında şəkk etsə.
b) Təvafı tamamladıqdan sonra onun səhihliyində şəkk edərsə: məsələn, təvafı ixtiyarsız edib-etməməsində və ya dəstəmazının batil olub-olmamasında şəkk etsə.
c) Təvafdan sonra yeddi dövr etməsinə yəqini olarsa, lakin əlavə dövr etməsinə də ehtimal verərsə (məs... ehtimal verir ki, sonuncu dövrü səkkizinci ola bilərdi), şəkkinə etina etməyəcək.
Kəsiruş-şəkkin (çox şəkk edən şəxs) vəzifəsi:
Məsələ 464. Təvafdakı dövrlərin sayında adi həddən daha çox şəkk edən şəxs “kəsiruş-şəkk” adlanır və belə bir insan öz şəkkinə etina etməməlidir.
Təvafın dövrlərinin sayındakı güman:
Məsələ 465. Təvafın dövrlərinin sayında olan güman, şəkk hökmündədir.
Təvafın dövrlərinin sayında başqalarına etimad etmək:
Məsələ 466. Təvaf edən şəxsin öz dövrlərinin sayında onunla birgə təvaf edən digər şəxsin saymasına güvənməsi caizdir. Bu halda digər şəxsin dövrlərin sayını bilməsi və şəkk etməməsi lazımdır.
Təvafı tərk etmək:
Məsələ 467. Əgər mükəlləf təməttönün ümrə təvafını yerinə yetirməzsə və onu və ümrənin digər əməllərini Ərəfə gününün zöhründən öncə həyata keçirməyə imkanı olmazsa, ümrəsi batildir. Bu halda məsələni bilməsi ilə bilməməsi arasında fərq yoxdur. Şəri hökmü bilmədiyi halda ehtiyat-vacibə əsasən bir dəvə də kəffarə verməlidir.
Məsələ 468. Əgər unutqanlıq üzündən təvafı tərk edərsə, məsələnin iki forması vardır:
a) Vaxt bitməmişdən öncə yadına düşərsə: təvafı yerinə yetirməlidir və səyi də iadə etməlidir.
b) Vaxt çıxdıqdan sonra yadına düşsə: məsələn, təməttö ümrəsində və ya Ərəfatda vüquf etməmişdən öncə yadına düşməzsə, təvafın qəzasını yerinə yetirməlidir və ehtiyat-vacibə əsasən təvaf namazını da qılmalıdır. Səyi də yenidən yerinə yetirməsi ehtiyat-müstəhəbdir.
Təvafın batil olması:
Məsələ 469. Əgər mükəlləf şəri hökmdən xəbərdar olmamasına görə təvafının batil olduğundan agah olarsa, onun hökmləri aşağıdakı qayda ilədir:
a) Təməttö ümrəsinin əməllərindən sonra agah olarsa: təvaf, təvaf namazı, səy və təqsiri yenidən yerinə yetirməlidir və əgər bunu etməyə fürsəti olmazsa, onun ümrəsi batildir və ehtiyat-vacibə əsasən bir dəvə kəffarə verməlidir.
b) Ərəfatda vüquf etdiyi zaman agah olarsa: onun təməttö ümrəsi batildir və ehtiyat-vacibə əsasən bir dəvə kəffarə verməlidir.
c) Həccin əməllərindən sonra həcc təvafının batil olduğundan agah olarsa: zilhiccə ayı bitməmişdən öncə təvaf, təvaf namazı və səyi yerinə yetirməlidir.
d) Öz vətəninə qayıtdıqdan sonra və zilhiccə ayı bitməmiş həcc təvafının batil olduğundan agah olarsa: təvaf, təvaf namazı və səyi yerinə yetirməlidir və əgər bunu bacarmazsa, naib tutmalıdır.
e) Zilhiccə ayı qurtardıqdan sonra həcc təvafının batil olduğundan agah olarsa, həcci batildir və bir dəvə kəffarə verməlidir.
Məsələ 470. Təvafı unutmuş şəxs yadına düşdüyü zaman onu yerinə yetirməyə gücü çatmazsa (məs... öz vətəninə qayıtdıqdan sonra yadına düşsə), onu yerinə yetirmək üçün naib tutmalıdır.
Müstəhəb təvaf:
Məsələ 471. Həcc və ümrə əməllərindən ayrı və əlavə bir təvaf yerinə yetirmək müstəhəbdir. Həmçinin özü və başqasının naibi kimi digəri üçün bir və ya daha artıq dövr yerinə yetirməsinin işkalı yoxdur və müstəhəbdir.
Məsələ 472. Ümrənin ehramından sonra və təvafdan öncə müstəhəb təvaf etməyin işkalı yoxdur.
Məsələ 473. Həccin təvafından öncə müstəhəb təvaf yerinə yetirməyin işkalı yoxdur.
Məsələ 474. Ehtiyat-vacibə əsasən həccin ehramından sonra Ərəfatda vüquf edənə kimi müstəhəb təvaf yerinə yetirmək olmaz. Məkkə əməllərinin (təvaf, təvaf namazı, səy, nisa təvafı və onun namazı) Ərəfatdakı vüqufdan öncə yerinə yetirilməsinin bu məsələyə aidiyyatı yoxdur.
Məsələ 475. Ehtiyat-vacibə əsasən ümrə təvafı və təvaf namazından sonra və səy etməmişdən öncə müstəhəb təvaf etmək olmaz.
Təvafın müstəhəbləri:
Məsələ 476. Təvaf halında aşağıdakı duanı oxumaq müstəhəbdir:
“ Allahummə inni əsəlukə bismikəlləzi yumşa bihi əla tələlil-mai kəma yumşa bihi əla cudədil-ərzi və əsəlukə bismikəlləzi yəhtəzzu ləhu ərşukə və əsəlukə bismikəlləzi dəakə bihi Musa min canibit-Tur fəstəcəbtə ləhu vəlqəytə aləyhi məhəbbətən minkə və əsəlukə bismikəlləzi ğəfərtə bihi liMuhəmmədin salllallahu aləyhi və alihi ma təqəddəmə min zənbihi və ma təəxxərə və ətməmtə aləyhi nimətəkə ən təcəlni minəs-salihin və ən təqbələ tovbəti ”.
- Bundan sonra sevdiyin hər hansı istəyirsən oxu və hər bir hacətini Allahdan istə.
- Kəbənin müqabilinə çatdığın zaman Peyğımbər (s) və ailəsinə salavat göndər.
- “Rukni-yəmani” ilə Həcərul-əsvəd arasında belə de: “ Rabbəna atina fid-dunya həsənətən və fil-axirəti həsənətən və qina əzabən-nar ” və təvaf zamanı belə demək müstəhəbdir: “ Allahummə inni iləykə fəqir və inni xaifun mustəcir, fəla tuğəyyit cismi və tubəddil ismi ”.
Həzrət Sadiqdən (ə) nəql olunan hədisdə o həzrət (ə) belə buyurmuşdur: Əli ibn Huseyn (ə) Hicri-İsmailə çatdığı və navalçaya yetişmədiyi zaman başını yuxarıya tərəf qaldırardı və navalçaya baxdığı halda buyurardı:
“ Allahummədxilnil-cənnətə və əcirni minən-nar birəhmətikə və afini minəs-səqmi və əvsi aləyyə minər-rizqil-həlal vədrə ənni şərri-fəsəqətil-cinni vəl-insi və şərri fəsəqətil-ərəbi vəl-əcəm ”.
Səhih hədisdə Həzrət Sadiqdən (ə) nəql olunmuşdur: Hicri-İsmaili keçib Kəbənin arxasına çatdığı zaman buyurdu:
“ Ya zəl-mənni vət-təvl, ya zəl-cudi vəl-kərəm, innə əməli zəifun fəzaifhu li təqəbbəlhu minni, innəkə əntəs-səmiul-əlim ”.
Həzrət Əbul-Həsən Rizadan (ə) nəql olunmuşdur: Rukni-yəmani ilə üzbəüz məkana çatdığı zaman dayandı və hər iki əlini qaldırıb buyurdu:
“ Ya Allahu ya vəliyyul-afiyəh və xaliqəl-afiyəh və raziqəl-afiyəh vəl-munimu bil-afiyəh vəl-mənnanu bil-afiyəh vəl-mutəfəzzəlu bil-afiyəti aləyyə v alə cəmii xəlqikə ya rəhmanəd-dunya vəl-axirəti və rəhiməhuma salli əla Muhəmmədin və ali Muhəmməd, vərzuqunal-afiyətə və təmaməl-afiyəti şukrəl-afiyəti fid-dunya vəl-axirəti ya ərhəmər-rahimin ”.
Həzrət Sadiqin (ə) belə buyurduğu nəql olunub: Təvafından ayrılıb Kəbənin arxasına (Rukni-yəmanı ilə yaxın yerə) çatdığın zaman əllərini Kəbəyə söykə, bədən və üzünü Kəbəyə yapışdır və de:
“ Allahumməl-beytu beytukə vəl-əbdu əbdukə və haza məkanul-aizi bikə minən-nar ”.
Etdiyin əməlləri rəbbinə etiraf et, çünki bu məkanda rəbbinə günahlarını etiraf edən elə bir mömin ola bilməz ki, Allah onu bağışlamasın inşaallah.
Və deyəcək:
“ Allahummər-rəvhu vəl-fərəcu vəl-afiyəh, Allahummə innə əməli zəifun fəzaifhu li vəğfir li mattələtə aləyhi minni və xəfa əal xəlqik ”.
Sonra cəhənnəmdən Allaha pənah apar və istədiyin şeyi dua et, sonra Rukni-yəmanini istilam et, sonra Həcərul-əsvədə tərəf get.
Başqa bir hədisdə o həzrətin (ə) belə buyurduğu nəql olunub: sonra Rukni-yəmani ilə üzbəüz dayan və Həcərul-əsvədin yerləşdiyi ruknda əməlini sona çatdır və de:
“ Allahummə qənnini bima rəzəqtəni barik li fima atəytəni ”.
Təvaf edən şəxsin bütün ruknları hər bir dövrdə istilam etməsi müstəhəbdir və Həcərul-əsvədi istilam etdiyi zaman desin:
“ Əmanəti əddəytuha və misaqi təahədtuhu litəşhədə li bil-muvafah ”.
Təvaf namazı:
Məsələ 477. Təməttö ümrəsinin vacib əməllərindən üçüncüsü təvaf namazıdır.
Təvaf namazının keyfiyyəti:
Məsələ 478. Təvaf namazı sübh namazı kimi iki rəkətdir və yalnız aşağıdakı fərqləri vardır:
- Təvaf namazı niyyətilə qılınmalıdır
- Ondan öncə azan və iqamə demək müstəhəb deyildir.
- Kişilər təvaf namazının həmd və surəsini həm ucadan, həm də sakit oxuya bilərlər.
Məsələ 479. Təvaf namazını camaatla səhih deyildir.
Təvaf ilə təvaf namazı arasında fasilə:
Məsələ 480. Təvaf namazı təvafdan sonra qılınmalıdır və ehtiyat-vacibə əsasən xalqın nəzərində onlar arasında fasilə salmadan dərhal yerinə yetirilməlidir.
Məsələ 481. Təvafla təvaf namazı arasında 10 dəqiqəyə kimifasilə verməyin işkalı yoxdur.
Məsələ 482. Əgər hacı təvaf və onun namazı arasına fasilə salarsa, ümrə və həcci batil olmur. Lakin bilərəkdən və ya cahili-müqəssir olaraq fasilə salarsa, ehtiyat-vacibə əsasən təvaf və onun namazını iadə etməlidir.
Məsələ 483. Əgər mükəlləf şəri hökmü öyrənməkdə cahili-müqəssir olmayıbsa və unutqanlıq və ya hökmü bilmədiyinə görə təvaf və onun namazı arasına fasilə salıbsa, təvaf və namazı səhihdir.
Məsələ 484. Əgər hacı təharətini yeniləmək və ya camaat namazında iştirak etmək kimi üzrlü səbəblərə görə təvaf və onun namazı arasına fasilə salarsa, işkalı yoxdur.
Təvaf namazının məkanı:
Məsələ 485. Vacib təvaf namazı Həzrət İbrahim (ə) məqamının arxasında qılınmalıdır. Yəni namaz qılan şəxs məqamın sağ və ya sol tərəfində və yaxud da üzbəüzündə (qabaq tərəfdən) dayanmamalıdır.
Məsələ 486. Əgər insan Məqami-İbrahimin (ə) arxasında və ya yaxınlığında namaz qılmağı bacarmazsa, ehtiyat-vacibə əsasən mümkün olduğu qədər onun sağ və ya sol tərəfinə yaxın və ya məqamın arxa tərəfində bir qədər uzaqda qılmalıdır. Əgər bunu da bacarmazsa, hər iki tərəfdə namaz qılmalı və mümkün olan hər hansı birini yerinə yetirməlidir. Əgər nə məqamın iki tərəfində və nə də arxa tərəfində uzaqda namaz qılmağa imkanı olmazsa (heç biri mümkün olmazsa), məscidin hər hansısa bir yerində namaz qılacaq, lakin məqama yaxın bir yerdə qılmaq üçün cəhd etməsi ehtiyat-müstəhəbdir. Əgər sonradan Məqami-İbrahimə (ə) yaxın bir yerdə və ya onun arxasında namaz qılmağa imkanı olarsa, təvaf namazını bir daha orada qılmaq ehtiyat-müstəhəbdir.
Məsələ 487. Müstəhəb təvafın namazı Məscidul-həramın hər hansı bir yerində qılınsa kifayətdir.
Qadın və kişilərin bir-birinin yanında namaz qılması:
Məsələ 488. Qadın və kişinin namazda bərabər olmaması və qadının kişidən öndə dayanmaması kimi məsələlər Məkkəyi-mükərrəmədə izdiham olduğu hala aid deyildir. Yəni izdiham vaxtı naməhrəm qadın və kişi bir-birinin yanında namaza dayansalar (hətta təvaf namazı olsa belə), səhihdir.
Təvaf namazını tərk etmək:
Məsələ 489. Əgər mükəlləf təvaf namazının vacibliyindən agah olduğu halda onu bilərəkdən qılmazsa, həcci batildir.
Məsələ 490. Əgər mükəlləf təvaf namazını unudarsa və ya şəri hökmü bilmədiyinə görə yerinə yetirməzsə, məsələnin bir neçə forması var:
a) Səfa və Mərva arasında səy etdiyi zaman yadına düşərsə: səyi saxlamalı və Məqami-İbrahimin arxasında təvaf namazını qılmalıdır və sonra qayıdıb səyi qaldığı yerdən davam etdirməli və sona çatdırmalıdır.
b) Əgər səydən sonra və Məkkədən getməmiş yadına düşərsə: təvaf namazını yerinə yetirməlidir və digər əməlləri iadə etmək vacib deyildir, lakin ehtiyat-müstəhəbdir.
c) Məkkədən çıxdıqdan sonra yadına düşərsə: çox zəhmət və məşəqqətə səbəb olmayacaqsa, qayıtmalı və təvaf namazını qılmalıdır. Əgər çox zəhmət və məşəqqətə səbəb olacaqsa, olduğu yerdə təvaf namazını qılmalıdır və gücü çatsa belə Hərəmin ərazisinə daxil olması şərt deyildir.
Nəcis bədən və ya paltarla namaz qılmaq:
Məsələ 491. Əgər namaz qılan şəxs bədən və ya paltarının nəcis olduğunu bilmirdisə və namazdan sonra agah oldusa, beləki namazdan öncə paltar və ya bədəninin pak olduğuna arxayın idisə və ya nəcisliyinə şəkk etdiyi halda araşdırıb bir nəticəyə gəlməmişdisə, qıldığı namaz səhihdir.
Məsələ 492. Əgər namaz qılan şəxs öncədən paltar və ya bədəninin nəcis olduğuna dair şəkki olarsa, lakin araşdırma aparmayıb namaz qılarsa və namazdan sonra nəcis olduğunu anlayarsa, ehtiyat-vacibə əsasən namazı yenidən qılmalıdır.
Məsələ 493. Əgər bədən və ya paltarının nəcis olduğunu unudarsa və namazdan sonra yadına düşərsə, namazı səhihdir və bir daha qılması lazım deyil. Lakin o şəxsin unutması öz səhlənkarlığına görə olarsa, ehtiyat-vacibə əsasən namazı yenidən qılmalıdır.
Qiraəti səhih olmayan şəxsin vəzifəsi:
Məsələ 494. Namazdakı qiraəti səhih olmayan bir şəxs onu təshih etməyi (düzəltməyi) bacararsa, bunu etməlidir. Əgər təshih etməyi bacarmazsa, onu həmd surəsinə uyğun vəzifəsi bu qayda ilədir:
a) Ondan daha artıq miqdarı səhih şəkildə oxumağı bacararsa: namazı bu keyfiyyətlə qılmaq onun üçün kifayətdir.
b) Ondan daha artıq miqdarı da səhih şəkildə oxumağı bacarmazsa: bacardığı miqdarı oxuması və yerdə qalan miqdarı isə Quranın ayələrindən səhih şəkildə bildiyi qədər qiraət etməsi ehtiyata uyğundur. Əgər Quranın ayələrindən səhih şəkildə bir şey bilməzsə, təsbih desin.
Əgər həmd surəsindən başqa bir surə bilməzsə və öyrənməyi də bacarmazsa, surə oxumaq ona vacib deyildir.
Məsələ 495. Namazın qiraətini öyrənməkdə səhlənkarlıq etmiş və müqəssir olan şəxsin öncəki məsələdə deyildiyi kimi etməsi, namazı camaatla qılması və həmçinin onun tərəfindən təvaf namazını qılması üçün naib tutması ehtiyat-müstəhəbdir.
Məsələ 496. Əgər qiraətinin səhih olmadığını bilmirdisə və namazdan sonra agah olsa, beləki səhih namazı öyrənmək üçün üzrlü idisə qıldığı namaz səhihdir və yenidən qılması lazım deyildir. Lakin üzrlü deyildisə, səhih qiraəti öyrəndikdən sonra namazı bir daha qılmalıdır və bu şəxsin hökmü 490-cı məsələdə təvaf namazını unutmuş şəxsə aid qeyd olunmuş hökmlərdir.
Məsələ 497. Hacının təvaf namazını qılmağa imkanı olmazsa, onun tərəfindən qılması üçün naib tutmalıdır. Əgər naib tutmağa da imkanı olmazsa (huşsuz şəxs kimi), onun qəyyumu və ya başqa bir şəxs onun tərəfindən namazı qılmalıdır.
Təvaf namazının müstəhəbləri:
Məsələ 498. Təvaf namazının birinci rəkətində həmd surəsindən sonra tovhid, ikinci rəkətində isə həmddən sonra kafirun surəsini oxumaq müstəhəbdir.
Məsələ 499. Namazdan sonra ilahi həmd və sənanı yerinə yetirmək və Peyğəmbər (s) və ailəsinə salavat göndərmək müstəhəbdir. Allahdan onun namazını qəbul etməsini istəməsi də müstəhəbdir.
Məsələ 500. Həzrət Sadiqdən (ə) nəql olunmuşdur ki, o həzrət (ə) təvaf namazından sonra səcdəyə getdi və belə buyurdu:
“ Səcədə ləkə vəchi təəbbudən və riqqən la ilahə illa əntə həqqən həqqəl-əvvəlu qəblə kulli şəyin vəl-əxiru bədə kulli şəyin və ha ənə za bəynə yədəykə nasiyəti biyədikə fəğfirli innəhu la yəğfiruz-zənbəl-əzimə ğəyrukə fəğfirli fəinnəni muqirrun bizunubi əla nəfsi və lə yədfəuz-zənbəl-əzimə ğəyruk ”.
Məsələ 501. Təvaf namzından sonra və Səfaya getməmişdən öncə “zəmzəm suyundan” içmək və bu duanı oxumaq müstəhəbdir:
“ Allahumməcəlhu ilmən nafiən və rizqən vasiən və şifaən min kulli dain və suqm ”
Səfa və Mərva arasında səy etmək:
Məsələ 502. Təməttö ümrəsinin vacib əməllərindən dördüncüsü Səfa və Mərva arasında səyy etməkdir.
Məsələ 503. Ümrənin sair əməlləri kimi Səfa və Mərva arasında səy də niyyət, qürbət qəsdi və ixlasla yerinə yetirilməlidir. Lakin hədəsdən və nəcisdən təharətli olmaq (dəstəmazlı və bədən ilə paltarın pak olması) şərt deyildir, amma səy edən şəxsin pak olması daha yaxşıdır.
Məsələ 504. Təvaf edən şəxsin paltarı üçün qeyd olunmuş şərtlər səydə mötəbər deyildir.
Səyin zamanı:
Məsələ 505. Səy, təvaf və onun namazından sonra yerinə yetirilməlidir. Odur ki, səyi təvaf və ya onun namazından öncə yerinə yetirərsə, səyi bir daha həyata keşirməlidir.
Məsələ 506. Əgər unutqanlıq üzündən səyi təvaf və ya təvaf namazından öncə yerinə yetirərsə, 468-ci və 490-cu məsələdə qeyd olunmuş vəzifəyə uyğun əməl etməlidir.
Təvaf namazı ilə səy arasında fasilə:
Məsələ 507. Səyi gecəyə kimi təxirə salmağın işkalı yoxdur (hətta səbəb olmasa belə), lakin təvaf namazından dərhal sonra yerinə yetirmək ehtiyat-müstəhəbdir. Amma səyi təvaf edilən gündən sonrakı günə (sabahsı günə) təxirə salmaq caiz deyildir.
Məsələ 508. Əgər səbəb olmadan səyi digər günə kimi təxirə salarsa, ehtiyat-vacibə əsasən təvafı və təvaf namazını da iadə etməlidir.
Səyin keyfiyyəti:
Məsələ 509. Səy yeddi dövrdən ibarətdir. Onun birinci dövrü Səfadan başlayır və yeddinci dövrü Mərvada sona çatır. Yəni Səfadan Mərvaya gediləndə birinci dövr, Mərvadan Səfaya qayıdanda isə ikinci dövr tamamlanır. Bu qayda ilə yeddinic dövrə kimi davam edir.
Məsələ 510. Səyin hər bir dövründə Səfa və Mərva arasındakı məsafə qət olunmalıdır, lakin dağın yerdə qalan qayasının üstünə çıxmaq vacib deyildir.
Məsələ 511. Əgər səyin birinci dövrünü Mərvadan başlayarsa (hətta səhf etmiş olsa da), onu saxlamalı və yenidən Səfadan səyə başlamalıdır.
Məsələ 512. Səyi piyada yerinə yetirmək şərt deyildir, əksinə süvari halda da (məs...təkərli kürsü ilə) səy etmək caizdir. Lakin bu hal təkərli kürsünü özü idarə etdiyi duruma aiddir və başqasının onu sürdüyü hala şamil deyil. Amma hər bir halda piyada səy etmək daha fəzilətlidir.
Məsələ 513. Səfa və Mərva arasındakı səy hazırda mövcud olan və hamı tərəfindən bilinən yolda və məsafədə yerinə yetirilməlidir. Buna əsasən getdiyi və ya qatıtdığı zaman Məscidul-həramın içindən və Məsanın[10]
xaricindən keçərsə, kifayət etməz. Lakin düz xətt boyunca hərəkət etmək lazım deyildir.
Məsələ 514. Səfadan Mərvaya gedildiyi zaman üzü Mərvaya tərəf və Mərvadan səfaya qayıdıldığı zaman üzü Səfaya tərəf hərəkət edilməlidir. Odur ki, arxa-arxaya hərəkət etmək kifayət etmir. Lakin getmək və ya qayıtmaq zamanında üzünü sağa, sola və ya arxaya çevirməyin işkalı yoxdur.
Yeni Məsada səy etmək:
Məsələ 515. Hacıya Səfa və Mərva arasındaki məsafə kimi sabit olan (sabit olubsa) Məsaya artırılmış hissədə səy etməyin işkalı yoxdur. Bundan (sabit omadan) başqa halda hər bir dövrü Səfa dağından başlayıb Mərva dağında bitirməlidir. Lakin səy əsnasında yeni Məsadan keçmənin işkalı yoxdur, amma ehtiyat-vacibə əsasən ixtiyari olan halda bu iş kafi deyildir.
Məsələ 516. Səfa və Mərva arasındakı hüdudlara uyğun şəkildə yerin altında qalan hissədə səy etməyin işkalı yoxdur. Lakin yeni düzəldilmiş ən aşağı mərtəbədə səy etməyin hökmü öncəki məsələdə (515-ci məsələ) deyilən hökmdür.
Məsələ 517. Səfa və Mərva arasında olmayan və ondan yuxarı mərtəbələrdə səy etmək kafi deyildir.
Səy etməkdə muvalat:
Məsələ 518. Ehtiyat-vacibə əsasən səyi xalqın nəzərində ardıcıl və bir əməl hesab olunan şəkildə yerinə yetirmək lazımdır. Həmçinin təvafın hökmlərində qeyd olunduğu kimi Səfa və ya Mərvada və yaxud da onların arasında istirahət üçün oturmağın (qısa müddətdə) bir işkalı yoxdur. Lakin səy zamanı yorğun olmaqdan başqa hallarda oturmamaq ehtiyat-müstəhəbdir.
Səydə naib olmaq:
Məsələ 519. Səyi lazım olan vaxtda yerinə yetirə (hətta başqasının köməyi ilə belə) bilməyən şəxsin başqasından onu səy etdirməsini istəməsi vacibdir. Yəni onu ya belinə götürüb və ya təkərli kürsüyə oturdub səy etdirməlidir və əgər bunu da etməyi bacarmazsa, onun tərəfindən səy etməsi üçün naib tutmalıdır. Əgər naib tutmağı da bacarmazsa (məs...huşsuzdursa), onun qəyyumu və ya başqa bir şəxs onun tərəfindən səyi yerinə yetirməlidir və bu səy səhihdir.
Məsələ 520. Səyin bir hissəsini yerinə yetirməyi bacarıb yerdə qalan hissəsindən aciz olan şəxs və ya səyin bir qismini edib digər qisminə gücü çatmayan şəxsin, səyi davam etdirmək üçün naib tutması səhih deyildir. Əksinə naib səyi əvvəldən və kamil şəkildə yerinə yetirməlidir.
Məsələ 521. Başqasının köməyi ilə səy edən şəxsin səy əsnasında yuxuya getməsi səyin batil olmasına səbəb olur.
Səyi kəsmək:
Məsələ 522. Vacib namazı fəzilətli vaxtında qılmaq və ya camaat namazına çatmaq üçün səyi kəsməyin və namazdan sonra qaldığı yerdən səyi davam etdirməyin heç bir işkalı yoxdur.
Məsələ 523. Müəyyən bir işə görə və ya heç bir iş görmədən səyi kəsmək caizdir, lakin bu kəsmə muvalatın pozulmasına səbəb olarsa, ehtiyat-vacibə əsasən səyi tamamlamalı və bir daha yerinə yetirməlidir.
Məsələ 524. Əgər səyi kəsərsə və muvalat pozulmadığı halda səyi əvvəldən başlayarsa, ikinci başladığı səy də işkallıdır. Lakin cahili-qasirin (məsələni öyrənməyə imkanı olmamış şəxsin) hökmü istisnadır.
Məsələ 525. Əgər səyi kəsərsə və ondan tamamilə ayrılarsa, muvalatın pozulmasından sonra bir daha əvvəldən səy etsə, səhihdir.
Səyi iadə etmək:
Məsələ 526. Təvafın şərtlərindən birini unutmaq səbəbi ilə təvafının batil olduğunu bilən şəxs, təvafı yerinə yetirdikdən sonra səyi də iadə etməsi vacib deyil. Lakin şəri hökmdən agah olmadığı üçün təvafı batil olmuşdursa, təvafı yerinə yetirdikdən sonra səyi də iadə etməlidir.
Məsələ 527. Əgər səydən sonra təvaf və təvaf namazını batil dəstəmazla yerinə yetirmiş olduğunu bilərsə, təvaf və təvaf namazını bir daha həyata keçirdikdən sonra səyi də yenidən etməlidir.
Səyi tərk etmək:
Məsələ 528. Səy etmək ümrə və həccin əsaslarındandır və onu tərk etməyin hökmü aşağıdakı qayda ilədir:
a) Səyi Ərəfə gününün zöhrünə kimi bilərəkdən tərk edərsə: həcci batildir. Bu hökmdə səyin vacib olmasını bilməsi ilə bilməməsi və ya səyin necə bir əməl olduğunu bilməsi ilə bilməməsi və yaxud da səyin yerini bilməsi ilə bilməməsi arasında heç bir fərq yoxdur.
b) Unutqanlıq üzündən səyi yerinə yetirməzsə: yadına düşdüyü zaman yerinə yetirməlidir. Hətta həcc əməlləri sona çatsa belə yadına düşən kimi yerinə yetirməlidir. Əgər özü səyi yerinə yetirməyi bacarmazsa və ya çox zəhmət və çətinliyə səbəb olacaqsa, naib tutmalıdır. Qeyd olunan hər iki halda(səyi özü etsə və ya naib tutsa) onun həcci səhihdir.
Səyin batil olması:
Məsələ 529. Əgər hacı bir neçə gündən sonra səyinin batil olduğunu bilərsə, onu iadə etməlidir və bu halda təvaf və təvaf namazının yenidən yerinə yetirilməsi vacib deyildir.
Məsələ 530. Əgər təqsir etdikdən sonra səyinin batil olduğunu bilərsə, təqsir və səyi yenidən yerinə yetirməlidir və ümrənin əməlləri qurtarana qədər ehramın muhərrəmatından özünü qorumalıdır.
Məsələ 531. Əgər zilhiccə ayı bitdikdən sonra təməttö və ya həcc ümrəsinin səyinin batil olduğunu bilərsə, həcci batildir.
Məsələ 532. Əgər həccə ehram bağladıqdan sonra təməttö ümrəsinin səyinin batil olduğunu bilərsə, həcc ehramı da batil olacaq və səy ilə təqsiri yenidən yerinə yetirməlidir.
Səyi artıqmaq:
Məsələ 533. Səyin dövrlərinin sayı yeddidir və onu artıqmağın hökmü aşağıdakı qayda ilədir:
a)Şəri hökmdən agah olduğu halda bilərəkdən artırarsa: səyi batildir.
b) Şəri hökmdən agah olmadığına görə və məsələni bilməməyində üzrlü olarsa: səyi batil deyildir, lakin bir daha səy etməsi ehtiyat-müstəhəbdir. Amma məsələni bilməməyində üzrlü olmazsa, ehtiyat-vacibə əsasən səyi batildir.
c) Səhf edərək artırarsa: səyi batil deyildir, lakin əlavə etdiyi miqdar bir dövr və ya daha çox olarsa, onu yeddi dövrə çatdırmaqla ikinci səyi tamam etməsi müstəhəbdir. Məsələn, doqquzuncu və ya ondan sonrakı dövrdə olduğu zaman artıq yerinə yetirdiyindən agah olarsa, səyi əlavə yeddi dövrə çatdırması müstəhəbdir. Bu halda səy Səfada tamamlanacaqdır.
Səyi azaltmaq:
Məsələ 534. Əgər səyi yeddi dövrdən az yerinə yetirərsə, onun hökmü aşağıdakı qayda ilədir:
a) İstər şəri hökmdən agah olsun, istərsə də olmasın səyi bilərəkdən az yerinə yetirərsə: 528-ci məsələdə səyi bilərəkdən tərk edən şəxsin hökmünə əməl etməlidir.
b) Səhf edərək yeddi dövrdən az yerinə yetirərsə: yadına düşdüyü zaman çatışmamazlığı aradan qaldırmalıdır. İstər bir dövr etməmiş olsun, istərsə də bir neçə dövr yadından çıxarsa, çatışmamazlığı aradan qaldırmalıdır. Amma əgər vaxtın keçməsindən sonra yadına düşərsə, ehtiyata əsasən həm çatışmamazlığı aradan qaldırmalı, həm də yenidən səy etməlidir. Məsələn, Ərəfatda vüquf etdiyi zaman təməttö ümrəsinin səyindəki çatışmamazlıq yadına düşərsə və ya zilhiccə ayı bitdikdən sonra həccinin səyindəki çatışmamazlıq yadına düşərsə, çatışmamazlığı aradan qaldırmalı və bir daha səy etməlidir. Əgər özü səy etməyi bacarmazsa və ya çox zəhmət və məşəqqətə səbəb olarsa, naib tutmalıdır.
Məsələ 535. Əgər unutqanlıq üzündən təməttö ümrəsinin səyini yeddidən az yerinə yetirərsə və səyi kamil etdiyi gümanı ilə ehramdan xaric olarsa, ehtiyat-vacibə əsasən bir inək kəffarə verməli və öncəki məsələdə qeyd olunmuş tərtiblə səyin çatışmamazlığını da aradan qaldırmalıdır.
Səy etməyə məxsus şəklər:
Məsələ 536. Səy əsnasında onun dövrlərinin sayında şəkk etməyin hökmü təvafdakı dövrlərin sayında şəkk etməyin hökmü kimidir və səy batildir.
Məsələ 537. Səyi tamamladıqdan və vaxtı keçdikdən sonra onun dövrlərinin sayındakı və ya onun səhih olub-olmamasındakı şəkkin heç bir mənası yoxdur və səyi səhihdir. Məsələn, təməttö ümrəsində təqsirdən sonra belə bir şəkk yaranarsa və ya nisa təvafına başladıqdan sonra (və yaxud da ondan sonra) həccin əməllərinə dair şəkk meydana gələrsə, bu kimi şəklərə etina olunmamalıdır.
Məsələ 538. Səyi tamamladıqdan sonra çox etmiş olduğuna ehtimal verərsə, səhih yerinə yetirdiyinə hökm olunacaq. Əgər muvalat pozulmadığı halda az etmiş olduğuna dair ehtimal verərsə, səyi batildir və həmçinin muvalat pozulduqdan sonra da bu ehtimalı verərsə, ehtiyata əsasən səyi batildir.
Məsələ 539. Əgər sonda çox etmiş olduğuna dair ehtimal verərsə, yəni Mərvaya çatmamış bu dövrünün yeddinci və ya doqquzuncu olduğuna şəkk edərsə, səyi batildir və onu yenidən yerinə yetirməlidir.
Məsələ 540. Əgər səyin səhihliyində və ya səyin dövrlərinin sayında şəkr edərsə və bu tərəddüd halında səyi davam etdirib sonradan onun səhih olduğunda yəqinə çatarsa (yəni yerinə yetirdiyinin düz olduğunu anlayarsa), səyi səhihdir.
Səy etməkdə güman:
Məsələ 541. Səy etməkdəki güman arxayınlıq həddinə çatmazsa, şəkk hökmünə sahibdir.
Səy etməkdə kəsiruş-şəkkin vəzifəsi:
Məsələ 542. Səydə çox və adi həddən artıq şəkk edən şəxs, öz şəkkinə fikir verməməlidir (etina etməməlidir).
Səyin müstəhəbləri:
Məsələ 543. Səfa və Mərva arasındakı səy zamanında aşağıdakı əməllər müstəhəbdir:
1) Aram halda və vüqarla Səfa tərəfə hərəkət etsin.
2) Səfaya çatdığı zaman üzü Həcərul-əsvədə tərəf dayansın və Kəbəyə baxsın, sonra Allaha həmd və səna etsin və ilahi nemətləri yadına salsın, sonra da bu zikrləri desin:
“Allahu əkbər” -yeddi dəfə
“Əlhəmdu lillah”- yeddi dəfə
“La ilahə illəllah”- yeddi dəfə
“La ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhul-mulku və ləhul-həmd, yuhyi və yumitu və huvə həyyun la yəmutu biyədihil-xeyr və huvə əla kulli şeyin qadir”- yeddi dəfə
Sonra Peyğəmbər (s) və ailəsinə salavat göndərsin və ondan sonra üç dəfə desin:
“Allahu əkbər əla ma hədana vəl-həmdu lillahi əla ma əblana vəl-həmdu lillahil-həyyil-qəyyumi vəl-həmdu lillahil-həyyid-daim”.
Sonra üç dəfə desin:
“Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, la nəbudu illa iyyahu muxlisinə ləhud-dinə və ləv kərihəl-muşrikun”.
Sonra üç dəfə desin:
“Allahummə inni əsəlukəl-əfvə vəl-afiyətə vəl-yəqinə fid-dunya vəl-əxirah”.
Sonra üç dəfə desin:
“Allahummə atina fid-dunya həsənətən və fil-əxirati həsənətən və qina əzabən-nar”. Sonra yüz dəfə “Allahu əkbər”, sonra yüz dəfə “la ilahə illəllah”, sonra yüz dəfə “Əlhəmdu lillah”, sonra yüz dəfə “Subhənəllah” desin. Bu zikrlərdən sonra sonra aşağıdakı duanı oxusun:
“ La ilahə illəllah vəhdəhu vəhdəh, əncəzə vədəhu və nəsərə əbdəh, və ğələbəl-əhzabə vəhdəh, fələhul-mulku və ləhul-həmdu vəhdəh. Allahummə barikli fil-məvti və fima bədəl-məvt, Allahummə inni əuzu bikə min zulmətil-qəbri və vəhşətih, Allahummə əzillini fi zilli ərşikə yəvmə la zillə illa zillək”.
Və dinini, özünü və əhli-əyalını allaha tapşırsın və bu işi çox etsin, sonra desin:
“Əstəvdiullahər-rəhmanər-rəhiməlləzi la təziu və daiuhu dini və nəfsi və əhli, Allahumməstəmilni əla kitabikə və sunnəti nəbiyyikə və təvəffəni əla millətihi və əizni minəl-fitnəh”.
Sonra üç dəfə “Allahuəkbər” desin və ardınca onu (öncəki duanı) iki dəfə yerinə yetirsin. Sonra bir dəfə təkbir desin və ardınca bir daha onu yerinə yetirsin. Bunların hamısını etməyi bacarmazsa, imkanı olan qədərini həyata keçirsin.
Əmirul-muminindən (ə) nəql olunmuşdir ki, o həzrət (ə) Səfanın üzərində dayandığı zaman Kəbəyə tərəf baxardı və iki əlini qaldırıb belə buyurardı:
“Allahumməğfirli kullə zənbin əznəbtuhu qət, fəin udtu fəud aləyyə bil-məğfirəh, fəinnəkə əntəl-ğəfurur-rəhim, Allahumməfəl bi ma əntə əhluh, fəinnəkə in təfəl bi ma əntə əhluhu tərhəmni və in tuəzzibni fəəntə ğəniyyun min əzabi və ənə muhtacun ilə rəhmətik, fəya mən ənə muhtacun ilə rəhmətihi irhəmni. Allahummə la təfəl bi ma ənə əhluhu fəinnəkə in təfəl bi ma ənə əhluhu tuəzzibni və ləm təzlimni əsbəhtu ittəqi ədləkə və la əxafu cəvrək, fəya mən huvə ədlun la yəcur, irhəmni”.
-Səy halında ağlamaq və özünü ağlatmağa çalışmaq müstəhəbdir.
-Səy halında Allahı çox çağırsın və Onun pənahına ehtiyaclı olduğunu izhar etsin (dilə gətirsin).
Məsələ 544. Səy halında aram və vüqarla yol getmək müstəhəbdir və həmçinin yaşıl rəngli çıraqlarla müəyyən olunmuş iki yaşıl rəngli xəttin arasında (öncələr birinci və ikinci minarə arasındakı məsafə idi) asta sürətlə qaçaraq səy etmək də müstəhəbdir. Digər dövrlərdə də bu iş müstəhəbdir.
Məsələ 545. Öncəki məsələdə qeyd olunmuş məsafədə və asta şəkildə qaçaraq səy etmək qadınlara müstəhəb deyildir.
Məsələ 546.Səfada yerinə yetirilən işlərin Mərvada da həyata keçirilməsi müstəhəbdir.
Təqsir:
Məsələ 547. Təməttö ümrəsinin beşinci və sonuncu əməli təqsirdir. Yəni baş, saqqal və bığın tükündən bir miqdar kəsməkdir.
Məsələ 548. Ehtiyat-vacibə əsasən təqsirdə dırnağı tutmaqla kifayətlənmək olmaz və tükün kəsilməsindən öncə dırnaq tutulmamalıdır.
Məsələ 549. Təqsir etmək üçün tükü yalnız qoparmaq kafi deyildir.
Məsələ 550. Təməttö ümrəsinin təqsirində başın tükünü təraş etmək kifayət etmir, əksinə onu təraş etmək haramdır və bilərəkdən təraş edərsə, bir qoyun kəffarə verməlidir. Hətta bilərəkdən olmasa belə kəffarə verməsi ehtiyat-müstəhəbdir.
Məsələ 551. Təqsirin zamanı səy tamamlandıqdan sonradır və ondan öncə caiz deyildir.
Məsələ 552. Səydən dərhal sonra təqsir etmək vacib deyildir və onu təxirə salmağın işkalı yoxdur. Amma təqsir edib ehramdan xaric olmadığı müddətdə muhrimə haram olan işlər ona da haramdır.
Təqsirin məkanı:
Məsələ 553. Təqsir üçün müəyyən məkan yoxdur və istədiyi yerdə onu yerinə yetirə bilər. İstər səyin məkanında olsun, istər öz evində və istərsə də başqa yerdə olsun təqsir etmək caizdir.
Təqsirin tərki:
Məsələ 554. Təməttö ümrəsində təqsiri tərk etməyin hökmü bu qayda ilədir:
a) Əgər bilərəkdən təqsiri tərk edib həcc ehramı ilə muhrim olarsa: ümrəsi batildir və onun həcci ifrad həccinə çevrilir. Buna əsasən də ifrad həccini yerinə yetirdikdən sonra gücü çatarsa, müfrəd ümrə də həyata keçirməlidir. Növbəti ildə bir daha həcc yerinə yetirməsi də ehtiyata uyğundur.
b) Təqsiri unudar və həcc ehramı ilə muhrim olandan sonra yadına düşərsə: ümrəsi səhihdir və həccinin ehramı da səhihdir, lakin bir qoyun kəffarə verməsi ehtiyat-müstəhəbdir.
Başqaları üçün təqsir:
Məsələ 555. Özü təqsir etməmiş şəxs başqasını təqsir edə bilməz. Yəni başqasının tükünü kəsə bilməz və bu cür təqsir digər şəxs üçün də kafi deyildir.
Təqdimi səydən qabağa salmaq:
Məsələ 556. Əgər murim olan şəxs təməttö ümrəsində səydən öncə təqsir edərsə, onun hökmü aşağıdakı qayda ilədir:
a) Şəri hökmdən agah olduğu və ya olmadığı halda bilərəkdən edərsə: səyi yerinə yetirməli və təqsiri iadə etməlidir. Əgər tükü qoparmadan kəsmişdirsə, günah etməsinə baxmayaraq kəffarə yoxdur.
b) Unutqanlıq üzündən edibsə: səyi yerinə yetirməlidir və ehtiyat-vacibə əsasən təqsiri iadə etməlidir. Ehtiyat-vacibə görə bir inək kəffarə də verməlidir.
Təməttö ümrəsinin ehramından xaric olmaq:
Məsələ 557. Təməttö ümrəsində tükü azaltdıqdan sonra ehram səbəbi ilə muhrimə haram olmuş bütün işlər halal olur. Hətta başı təraş etdirmək də halal olur, lakin onu təraş etdirməmək ehtiyat-müstəhəbdir. Əgər şəri hökmdən agah olduğu halda və bilərəkdən təraş edərsə, bir qoyun kəffarə verməsi ehtiyat-müstəhəbdir.
Nisa təvafı:
Məsələ 558. Təməttö ümrəsində nisa təvafı vacib deyildir. Lakin onu rəca qəsdi ilə və ya ona (həqiqətdə) vacib olan bir əməl kimi yerinə yetirərsə, işkalı yoxdur.
Təməttö ümrəsinin təqsirindən həccin ehramına kimi:
Məsələ 559. Təməttö ümrəsinin əməlləri sona çatandan sonra ehtiyat-vacibə əsasən hacı həcdən başqa heç bir şey üçün Məkkə şəhərindən çıxmamalıdır. Lakin hər hansı bir ehtiyaca görə (zərurət olmasa belə) və həccin əməllərinə çatacağına aid qorxusu olmayan halda həccin ehramı ilə muhrim olmadan Məkkədən çıxa bilər.
Məsələ 560. Həccin əməllərini yerinə yetirmək üçün Məkkəyə qayıda biləcək şəxsin təməttö ümrəsindən sonra Məkkədən çıxmasının işkalı yoxdur, lakin çıxmaması ehtiyat-müstəhəbdir.
Məsələ 561. Məkkədən xaric olmaq deyildikdə şəhərdən kənara çıxmaq nəzərdə tutulur. Şəhərin yeni küçələri də bura aiddir. Odur ki, bir şəxs Məkkənin köhnə məntəqəsində sakindirsə və yeni küçələrə gedərsə, işkalı yoxdur.
Məsələ 562. Əgər hacı təməttö ümrəsindən sonra Məkkədən xaric olarsa və ümrənin əməllərini yerinə yetirdiyi ayda Məkkəyə qayıdarsa, yenidən muhrim olması vacib deyildir. Lakin həmin ayda qayıtmazsa, yəni təməttö ümrəsini zilqədə ayında etmiş və Məkkəyə zilhiccə ayında qayıtmışdırsa, məsələnin iki forması vardır:
a) Əgər Məkkədən bir daha çıxmaq qəsdi vardırsa: muhrim olmalıdır və müfrəd ümrə yerinə yetirməlidir və axırıncı halda təməttö ümrəsini həyata keçirməlidir.
b) Əgər Məkkədən bir daha çıxmaq qəsdi yoxdursa: muhrim olmalıdır və yenidən təməttö ümrəsini yerinə yetirməlidir.
Məsələ 563. Təməttö ümrəsinin təqsirindən sonra başı təraş etdirməyin işkalı yoxdur. Lakin fitr bayramından 30 gün keçmişdirsə, başını təraş etdirməməsi ehtiyat-müstəhəbdir və əgər təraş edərsə, bir qoyun kəffarə verməsi ehtiyat-müstəhəbdir.
Təməttödən ifrada keçmək (üdul etmək)
Məsələ 564. Həcc və ya ümrənin bir növü ilə ehram bağlamamış şəxs, başqa bir növə keçə bilməz. Məsələn, təməttö ümrəsi ilə ehram bağlamış şəxsin müfrəd ümrəyə keçməsi və ya əksinə etməsi icazəli deyildir. Müfrəd ümrədən ifrad həccinə keçmək də eyni hökmdədir, lakin qarşıda qeyd olunacaq bəzi istisna hallar vardır.
Məsələ 565. Vəzifəsi təməttö həcci olan şəxsin ifrad həccinə keçməsi caiz deyildir, lakin təməttö ümrəsinin əməllərinə başlamış və onu sona çatdırmaq üçün vaxtı az qalmış şəxs təməttö ümrəsinin niyyətindən ifrad həccinə keçəcək və ifrad həccinin əməllərindən sonra müfrəd ümrə də yerinə yetirəcəkdir.
Məsələ 566. Təməttö ümrəsinin vaxtının az qalmasının son həddi, Ərəfə gününün zöhrünə kimidir.
Məsələ 567. Boynunda təməttö həcci müstəqər olan şəxs, təməttö ehramından öncə Ərəfə gününün zöhrünə qədər ümrə əməllərini yerinə yetirməyi çatdırmayacağını bilərsə, ifrad və ya qiran həccinə üdul etməsi kafi deyildir. Əksinə növbəti ildə təməttö həccini yerinə yetirməlidir.
Məsələ 568. Vaxtın geniş olduğu halda təməttö ümrəsinin ehramı ilə muhrim olmuş şəxs Ərəfə gününün zöhrünə qədər bilərəkdən onun əməllərini yerinə yetirməzsə, ümrəsi batildir və ifrad həccinə üdul etmək onun üçün kafi deyildir. Lakin onun əməllərini rəca qəsdi ilə yerinə yetirməsi ehtiyat-müstəhəbdir. Beləki təvafı, təvaf namazını, səyi, təqsir və ya həlqi, ifrad həccindən və ya müfrəd ümrədən daha ümumi niyyət ilə yerinə yetiməsi ehtiyat-müstəhəbdir.
Məsələ 569. Həcc aylarında ümrə yerinə yetirmiş şəxs zilhiccə ayının səkkizinci gününə kimi Məkkədə qalarsa və təməttö həccini yerinə yetirmək istəyərsə, onun ümrəsi təməttö ümrəsinə çevrilir və ondan sonra təməttö həccini yerinə yetirə bilər.
[9] Şazərvan, Kəbənin perimetri boyunca ona bitişik olan daşa deyilir və onun üzərində hərəkət etmək olmaz. Çünki o daş Kəbənin bir hissəsi hesab olunur.
[10] Məsa- Səfa və Mərva arasında səy edilən məkanın adıdır.