Kitablar » Həccin hökmləri və əlavələr
Birinci fəsil » Həccin vacib olma şərtləri
بسم الله الرحمن الرحيم
فِيهِ آيَاتٌ بَيِّنَاتٌ مَّقَامُ إِبْرَاهِيمَ وَمَن دَخَلَهُ كَانَ آمِنًا وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلاً وَمَن كَفَرَ فَإِنَّ اللَّه غَنِيٌّ عَنِ الْعَالَمِينَ(سوره ال عمران آیه 97)
Orada aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!
Ali İmran surəsi ayə 97.
Həccin hökmləri:
Məsələ 1. Həcc dinin əsaslarından biridir və qarşıda qeyd olunacaq şəraitə sahib hər bir mükəlləfin boynunda vacib bir əməldir.
Məsələ 2. Müqəddəs islam şəriətinə əsasən hər bir mükəlləfə vacib hesab edilən həcc, insanın bütün ömrü boyunca bir dəfə vacib olur və bu həcc “ hiccətul-islam ” adlanır.
Məsələ 3. İnsan ömrü boyunca bir dəfə vacib olan “ hiccətul-islamdan ” əlavə əcir tutmaq, ikinci dəfə getməyi niyyət etmək kimi səbəblərlə də həccin bir neçə dəfə mükəlləfə vacib olması mümkündür. Bu barədə hökmlər fiqhi kitablarda təfsilatı ilə qeyd olunmuşdur.
Məsələ 4. Həcci vacib edən şəraitə sahib olan bir şəxs növbəti illərdə bu əməli yerinə yetirə biləcəyinə arxayın olsa təxirə sala bilər. Lakin əksər vaxtlarda bu arxayınlıq hasil olmadığı üçün mükəlləf, mümkün olan ilk ildə onu yerinə yetirməlidir. Əgər birinci il yerinə yetirməsə ikinci ildə həccə getməlidir və sonraki illər də elə bu hökmdədir.
Məsələ 5. Boynunda həccə getmək vacib olan şəxs elə həmin il səfər üçün lazım olan vasitələri və müqəddimə işləri hazırlamalıdır. Əgər səfərə çıxacaq bir neçə karvan olsa və mükəlləf bunlardan hər biri ilə yola düşəcəyi təqdirdə həcc əməllərinə vaxtında çatacağını bilərsə, istədiyi karvanla hərəkət edə bilər. Lakin yaxşı olar ki, həcc əməllərinə daha tez çatacağını güman etdiyi karvana qoşulsun.
Məsələ 6. Boynuna həcc ziyarəti gəlmiş şəxs səhlənkarlıq edərək həmin il ziyarətə getməzsə, həcc onun boynunda müstəqər (qəzası vacib) olur və növbəti il şəraiti olmasa və çətinliklə olsa belə həccə getməlidir.
Məsələ 7. Boynuna həcc vacib olmuş müstəti (həccə getmək üçün lazım olan şərtlərə sahib) şəxs həccə çatacağı gümanı ilə səfəri təxirə salıb gec hərəkət etsə və yaxud özü istəmədən bəzi hadisələr qarşıya çıxsa və həccə çata bilməsə həmin şəxs üzrlüdür və həcc onun boynunda müstəqər olmayacaq.
Həccin vacib olmasının şərtləri:
Məsələ 8. Bu 3 şərtlə həcc vacib olur:
* Büluğ * Əql * İstitaət (qadir olmaq)
Birinci şərt: Büluğ
Məsələ 9. Büluğ həddinə yaxın olsa belə qeyri-baliğ şəxsə həcc vacib deyildir. Buna baxmayaraq bir uşaq həcc əməllərini yerinə yetirərsə səhihdir, lakin bu əməl “hiccətul-islam ” hesab olunmur və büluğ həddinə çatdıqdan sonra bu uşaq müstəti olarsa bir daha həccə getməlidir.
Məsələ 10. Müməyyiz (yaxşını pisdən ayıra bilən) uşağın həccə getməsi müstəhəbdir, lakin bu əməli etmək üçün atasından və ya cəddindən (ata tərəfdən olan babasından) icazə almalıdır. Əgər uşaq icazə almadan həccə gedərsə səhih deyildir.
Məsələ 11. Baliğ şəxsin həccə yollanması üçün ata və ananın icazəsi şərt deyildir. Lakin həcc müstəhəb olsa və onlardan birinin və ya hər ikisinin əziyyətə düşməsinə (məs... yoldakı təhlükələrdən qorxduqları üçün) səbəb olarsa həccə getmək caiz deyildir.
Məsələ 12. Müməyyiz olmayan uşağın vəlisinin (qəyyumunun) onu həccə aparması, bu tərtiblə müstəhəbdir:
*Ehram paltarını ona geyindirsin
*Ləbbeykləri elə şəkildə desin ki, uşaq da təkrar edə bilsin
*Əgər uşaq ləbbeykləri səhih şəkildə deyə bilmirsə, özü onun yerinə desin
*Muhrimə (ehram bağlamış şəxsə) haram olan işlərdən onu saxlasın
*Onu Allah evinin ətrafına təvaf etdirsin
*Onu Səfa və Mərva arasında səy etdirsin
*Onun naibi olaraq təvaf namazını qılsın
*Onun tük və ya dırnağından bir miqdar kəssin (təqsir)
*Ərəfatda və Məşərul-haramda onu vüquf etdirsin
*Onu rəmy etməyə (daş atmağa) vadar etsin və əgər bacarmazsa özü onun yerinə cəmərata daş atsın
*Onun saçını təraş etsin və həmçinin digər əməlləri də bu qayda ilə yerinə yetirsin.
İkinci şərt: Əql
Məsələ 13. Divanə adama həcc vacib deyildir. Lakin bəzi vaxtlarda divanə olursa və sağlam vaxtında həcci vacib edən digər şərtlərə sahib olub bu fürsətdə həccin müqəddimə işlərini görərək həcc əməllərini yerinə yetirməyi bacararsa, həcc ona vacibdir.
Məsələ 14. Bəzi vaxtlar divanə olan şəxsin divanəliyi həmişə həcc günlərinə təsadüf edirsə və həcci vacib edən şərtlərə sahibdirsə salamatçılıq vaxtlarında özü üçün naib tutmalıdır ki, həcc günlərində onun tərəfindən yerinə yetirsin.
Üçüncü şərt: istitaət
Məsələ 15. İstitaət və ya həcci yerinə yetirməyə qadir olmaq aşağıdakı şərtlərə yiyələnməklə hasil olur:
*Kifayət edəcək qədər vaxta sahib olmaqla (istitaəti-zamani)
*Həcci həyata keçirmək üçün lazım olan salamatçılıq və bədənin qadirliyi (istitaəti-bədəni)
*Yolun açıq olması və əmin-amanlığın mövcudluğu (istitaəti-təriqi)
*Səfər tədarükünə sahib olmaq (istitaəti-mali)
*Qayıdana kimi özünün və ailəsinin yaşayışını təmin edəcək tədarükə sahib olmaq (ümumi maddi təminat)
İstitaəti-zamani:
Məsələ 16. Həcci vacib edən şərtlərdən biri müqəddəs məkanlara getmək və oradaki vacib əməlləri yerinə yetirə bilmək üçün kifayət edəcək miqdarda vaxta sahib olmaqdır. Buna əsasən bir şəxs mal kəsb etmək və ya bu kimi digər şəraiti hazırlamaqla o məkanlara gedib həcc ibadətlərini etməyə imkanı qalmazsa və yaxud adi haldan daha çox və dözülməz məşəqqətə səbəb olacaq miqdarda az vaxtı qalarsa, o ildə həcc ona vacib deyildir, lakin növbəti il həccə getməyi bacaracağını bilərsə gələn il üçün malını saxlaması lazımdır.
İstitaəti-bədəni:
Məsələ 17. Həccin digər şərtlərinə sahib olan şəxs xəstəlik və ya qocalıq səbəbi ilə müqəddəs məkanlara gedə bilməsə və ya gedəcəyi təqdirdə şiddətli istilik kimi səbəblər üzündən həcc ibadətlərini yerinə yetirə biləcəyi miqdarda orada qala bilməyəcəksə və yaxud da adi halda dözülə bilən miqdardan daha çox məşəqqət və zəhmətə səbəb olacaqsa həcc ona vacib deyildir. Əgər növbəti ildə həccə gedə biləcəyinə ümidi olmazsa özü üçün naib tutması vacibdir.
Məsələ 18. Hal-hazırda həcc üçün bədəninin gücü çatmayan, lakin gələn ildə üzrünün aradan qalxacağına ümidvar olan şəxsə naib tutmaq vacib deyildir. Əksinə gələn il bədəninin gücü çatarsa və digər şərtlərə də sahib olarsa özü həccə gedəcək.
Məsələ 19. Həccə getmək üçün hər bir şəraitə sahib olan, lakin xəstəliyi üzündən hal-hazırda müstəti hesab olunmayan şəxsə həccə getmək üçün müalicə olunması vacib deyil. Lakin müalicə olunsa və bədəninin gücü çatsa həccə getməlidir.
İstitaəti-təriqi:
Məsələ 20. Həcci vacib edən şərtlərdən biri də yolun açıq və əmin-amanlıqda olmasıdır. Yəni Miqata (ehram bağlanan məkan) çata bilmək üçün yolda heç bir maneə olmamalıdır və həmçinin yol boyunca hacının canına, malına və namusuna toxuna biləcək heç bir xətər olmamalıdır. Bu hallar bərpa olmazsa həcc ona vacib deyildir.
Məsələ 21. Həccə getmək və Miqata çatmaq üçün maneə və xətər olmasa, lakin muhrim olduqdan sonra xəstəlik və düşmən qorxusu kimi xətərlər yaranması haqqında xüsusi hökmlər vardır ki, “ məhsur və məhdud babında ( hasarlanmış və hüdudlanmış) ” gələcəkdir.
Məsələ 22. Həccə getmək üçün 2 yol olsa və bu yollardan birincisi xətərli, digəri isə xətərsiz, amma uzaq olarsa ikinci yolla getmək vacibdir. Lakin uzaq yolla getmək çox şəhərlərdən keçməyə bağlıdırsa və xalqın nəzərində o şəhərlərdən keçmək yolun açıq və əmin-amanlıqda olmaması kimi qəbul edilirsə, həcc ona vacib deyildir.
Məsələ 23. Həccə getmək üçün adyazdırmaya durmaq və növbənin ona çatmasını gözləmək lazım olarsa, həmçinin bundan başqa heç bir yol olmazsa və həmin ildə yol boyunca xətərin yaranmayacağına ehtimal verərsə, adını qeydiyyata yazdırmaq vacibdir.
Məsələ 24. Əgər bir şəxsin öz şəhərində müəyyən miqdar malı olsa və həccə getməklə o mal tələf olacaqsa, nəticə etibarı ilə o malın tələf olması ümumi sıxıntıya səbəb olacaqsa həcc ona vacib deyildir.
Məsələ 25. Əgər həcc yolunda dəf olunması çox miqdarda mal sərf etməyə bağlı olan düşmən olarsa və həmin malın sərf olunması ümumi sıxıntı ilə nəticələnəcəksə həcc vacib deyildir. Həmçinin düşmənin yolu açmağına görə onlara pul vermək də vacib deyildir.
İstitaəti-mali:
Məsələ 26. İstitaəti-mali yol azuqəsi və səfər tədarükü deməkdir (ərzaq və minik baxımından) və bu istitaət hər bir kəsin öz halına uyğun olmalıdır. Lakin o tədarükün eyninə (özünə) sahib olmaq lazım deyildir, əksinə pul kimi bir mala sahib olmaqla onları hazırlamaq mümkün olsa kifayətdir.
Məsələ 27. Yol azuqəsi və səfər tədarükündə əsas meyar və ölçü onların hal-hazırda mövcud olmasıdır. Əgər hazırda onlar yoxdursa, amma iş fəaliyyəti və qazanc yönümlü məşğuliyyətlə onlara sahib çıxmaq mümkün olsa da həcc vacib deyil.
Məsələ 28. Həccin vacib olmasında şərt olan istitaətdə mötəbər hesab edilən təklif (hökm) mükəlləfin öz vətəni yox, hazırda qərarlaşdığı məkandır. Buna əsasən də bir şəxs ticarət etmək üçün digər bir şəhərə (məs...Ciddə şəhərinə) getsə və oradan həccə getmək imkanına sahib olsa həcc ona vacibdir, baxmayaraq ki, öz vətənində olacağı təqdirdə bu imkana sahib olmayacaqdı.
Məsələ 29. Əgər mükəlləfin pulu olmasa, amma satacağı təqdirdə həccə getməyə qadir olacağı bağ, torpaq və dükan kimi mülkə sahib olarsa, onu satıb həccə getməsi vacibdir. Hətta çox az qiymətə satmağı bacarsa belə satmalıdır. Amma onun az qiymətə satılması ümumi zərərə səbəb olacaqsa vacib deyil.
Məsələ 30. Əgər istitaət ilində həccin xərcləri müəyyən səbəblə bahalaşarsa və növbəti ildə ucuzlaşacağını bilirsə, hotel və təyyarə kirayəsi kimi xərclərin ucuzluğuna görə həccini növbəti ilə təxirə salması caiz deyildir. Lakin istitaət ilindəki xərclərə imkanı çatmasa və ya onları qarşılamaq ümumi zərərə səbəb olacaqsa həcci təxirə salmanın eybi yoxdur.
Məsələ 31. Hacı həcdən öz vətəninə qayıtmağı istəyirsə qayıtmağa dair xərclərə də sahib olması şərtdir. Əgər orada qalmağı istəyərsə və ya öz vətənindən başqa yerə getməyi planlaşdırarsa, həmin yerə getmək üçün lazımlı xərcə sahib olmalıdır. Lakin həmin yerə getmənin xərci öz vətəninə qayıtmanın xərcindən çox olmaması şərtdir...məsələn, həmin yerə getmənin xərci çox olarsa öz vətəninə qayıtmanın xərci miqdarında tədarükə sahib olması kifayətdir və bu miqdara yiyələnmək həcci vacib edir. Bəli əgər öz vətənindən başqa yerdə məskunlaşmağa məcburdursa və onun yaşayışı və iş fəaliyyəti də həmin diyardadırsa, oraya qayıtmaq miqdarında tədarükə sahib olmalıdır.
Əlavə malları satmaqla hasil olan istitaəti-mali:
Məsələ 32. Əgər insan öncələr ehtiyac duyduğu və sataraq həccə getməsi vacib olmamış bir mala sahibdirsə, həmçinin indiki halda ona ehtiyacı yoxdursa onu satması və həccə getməsi vacibdir...məsələn, bir xanımın əvvəllər ehtiyac duyduğu qızıl zinət əşyaları varsa və hazırda qocalıq və ya başqa bir səbəblə ona ehtiyacı yoxdursa, onları satmaqla həccə getməyi bacaracaqsa həcc ona vacibdir.
Məsələ 33. Əgər insanın özünə məxsus bir mənzili olsa, lakin hazırda vəqf olunmuş və ya idarəyə mənsub evdə qalırsa və burada qalmaq ona ağır məşəqqət və çətinlik səbəbi deyilsə, həmçinin oranın boşaldılması da tələb olunmursa və öz mənzili həcc xərclərini qarşılayacaqsa həcc ona vacibdir. Hətta həcc xərclərini təmin edəcək başqa bir malı olsa, bu halda da həcc ona vacibdir. Mənzili və ya başqa malı satmaq lazım gəlsə belə bunu etməlidir. Bu hökm kitab, iş alətləri və digər vasitələrə də aiddir.
Artan tələbata uyğun həccin istitaəti:
Məsələ 34. Əgər insanın başqa birisindən həcc xərclərini təmin edəcək miqdarda və ya onu təkmilləşdirəcək həddə tələbi olarsa, aşağıdakı hallarda həcc ona vacib olacaq:
a) Tələbin vaxtı çatdığı və borclunun da onu ödəməyə hazır olduğu zaman.
b) Tələbin vaxtı çatır, lakin borclu düz hesab aparmadığı üçün onu qaytarmağa qadir deyil. Bu halda onu dövlət məhkəmələrinə müraciət etmək kimi yollarla borcunu qaytarmağa məcbur etmək mümkün olsa.
c) Tələbin vaxtı çatıb, lakin borclu tələbi inkar edir. Bu halda tələbi isbat etmək və ya almaq mümkün olsa (həcc vacibdir). Yaxud onu isbat etmək baş tutmasa da təqas (onun əmlakından öz tələbinə uyğun mal götürmək) yolu ilə almaq mümkün olarsa həcc vacib olur.
d) Tələbin vaxtı çatmayıb, lakin borclu öz istəyi ilə onu vaxtından qabaq qaytarmaq istəyir (bu halda da həcc vacib olur). Amma tələbi almaq əksər vaxtlarda iddiaya bağlı olduğu və borclunun da ödəməni vədə verilmiş vaxta kimi təxirə salmaq səlahiyyəti olduğu üçün iddia etmək və həcc vacib deyildir.
Məsələ 35. Əgər tələbi sahib olduğu miqdardan aşağı qiymətlə satmaq mümkün olsa və bu satış tələbkarın sıxıntısına səbəb olacaq şəkildə ümumi zərərlə nəticələnməzsə, eyni zamanda həmin aşağı miqdar həcc xərclərini təmin etmək və ya təkmilləşdirmək üçün kifayət etsə həcc ona vacibdir. Bu vücubun, tələbin ucuz qiymətə satılmasından asılı olmasına baxmayaraq məsələ qeyd olunduğu kimidir.
İstitaət və borc:
Məsələ 36. Həccin xərclərini qarşılamağa imkanı çatan, amma eyni zamanda borcu da olan şəxsə 3 halda həcc vacib deyildir:
a) Qaytarmalı olduğu borc həcc məsrəflərindən çox olsa.
b) Qaytarmalı olduğu borc həcc məsrəflərinə bərabər olsa.
c) Qaytarmalı olduğu borc azdır, lakin borcunu verərsə əlində qalan miqdar həccin məsrəflərinə kifayət etməyəcək.
Məsələ 37. Öncəki (36-cı) məsələdə borcun qaytarılma vaxtının çatıb-çatmaması arasında heç bir fərq yoxdur. Lakin borcun qaytarılma vaxtı əksər vaxtı diqqət olunmayacaq miqdarda uzaq olarsa, bu hal istisnadır...məsələn, borcun növbəti 50 il ərzində qaytarılması razılaşılsın və öncədən borcu götürüb sonradan malı almaqla əksi arasında da heç bir fərq yoxdur.
Məsələ 38. Əgər həcc xərclərini qarşılaya biləcək qədər mala sahib olub sonradan borc götürərsə və borclanmasında özü təqsirkar olarsa həcc ona vacibdir.
Məsələ 39. Daim tələb və borcları olan tacirlər kimi şəxslərin tələbləri borclarından çox olarsa və qazanc hesab edilən əlavə miqdar həcc xərclərini qarşılamaq üçün kifayət edirsə və sair şərtlər də mövcuddursa, onlar müstəti hesab olunurlar.
Məsələ 40. Əgər bir insanın xums və ya zəkatı verməyə borcuolarsa və bir miqdar mala da sahibdirsə, beləki xums və ya zəkat verəcəyi halda yerdə qalan miqdar həccin xərclərini qarşılamağa kifayət etməyəcəksə də xums və zəkatını verməlidir. Bu halda həcc ona vacib olmayacaq. Həmin malın xums və ya zəkata əlaqə tapması ilə şəxsin öncədən borclu (xums və ya zəkata) olması arasında heç bir fərq yoxdur.
Məsələ 41. Boynuna həcc vacib olmuş şəxs, eyni zamanda xums, zəkat və ya bu kimi digər vacib hüquqlara borcu olarsa, ilk öncə onları ödəməlidir. Həccə getmək naminə onları təxirə salmaq caiz deyil.
İrslə hasil olan istitaət:
Məsələ 42. Əlində sənət və peşəsi olan və onunla yaşayışını idarə edən şəxsə irs və ya başqa bir yolla həcc məsrəflərini və səfər müddəti boyunca ailəsinin xərclərini təmin edə biləcəyi bir mal çatarsa, həcc ona vacib olar.
Şəri vergilərlə hasil olan istitaət:
Məsələ 43. Xums, zəkat və bu kimi vergilərlə öz yaşayışını təmin edən və məşəqqətsiz olaraq ənənəvi şəkildə ona çatan şəri vergilərlə öz təsərrüfatını idarə edən şəxsin əlinə həcc xərclərini qarşılaya biləcək miqdarda mal keçərsə həcc ona vacibdir.
Digər mallarla həccin xərclərini ödəmə:
Məsələ 44. Müstəti olan şəxsə yalnız öz malı ilə həccə getmək vacib deyil. Buna əsasən də heç bir mal sərf etmədən və ya başqalarının malı ilə (hətta qəsb etmiş olsa belə) həccə gedərsə kifayət edər. Amma təvafda və təvaf namazında bədəni örtən paltarın qəsbi olması halında ehtiyata əsasən kifayət etmir. Əgər qurbanının pulu qəsbi olarsa həcci səhih deyil. Lakin qurbanın pulunu öz boynuna borc olaraq götürsə (xüsusi niyyət ilə) və o qiyməti qəsbi puldan verərsə, bu halda həcci səhihdir.
Məsələ 45. Minik və azuqəyə sahib olmaq şərt deyil. Əgər insanın yanında sahibinin istifadə üçün icazə verdiyi bir miqdar malı olsa və həmin mal onun həcc xərclərini lazımı qədər ödəyərsə və sair şərtlər də mövcuddursa həccə getmək ona vacibdir. Əgər icazəyə dair arxayınlığı olmadan həccə gedərsə və malın sahibi də öz icazəsindən dönməzsə onun həcci kafi və vacib həcc hesab olunacaq.
Məsələ 46. Əgər bir şəxs həcc məsrəflərinə sahibdirsə, amma qayıtdıqdan sonra öz yaşayışı, həcc qonaqlığı və bu kimi sair xərcləri qarşılamaq üçün borca düşməli olacaqsa və bu işlər də adətən tərk olunmayan adətlərdəndirsə, o şəxs müstəti deyildir.
İstitaət və izdivac:
Məsələ 47. Evlənməyə ehtiyacı olan müstəti bir cavan həccə gedəcəyi halda evlənməsi təxirə düşəcəksə də belə həccə getməlidir. Lakin həcdən sonraya qədər səbr etmək onun üçün adi haldakından daha artıq zəhmət və məşəqqətə səbəb olacaqsa, evlənmək müqəddəmdir (birinci dərəcəlidir).
Məsələ 48.Müstəti olan şəxsin oğlunun evlənməyə ehtiyacı olsa və bu şəxs öz oğlunun evlənmə xərclərini ödəyəcəyi halda həccə gedə bilməyəcəksə, həccə getməlidir və oğlunun evlənməsini təxirə salmaq onun həcci üçün maniə olmayacaq. Lakin həccə getmək və oğlunun evlənməməsi ilə onun zəhmət və məşəqqət halına düşəcəyi durum istisnadır.
İstitaət və naiblik:
Məsələ 49. Əgər bir şəxs həcc üçün naib olaraq əcir tutulsa və başqasının pulu ilə müstəti olsa, məsələ özünü 2 şəkildə göstərəcək:
a) Naiblik həcci həmin ilə məxsus olur: Yəni naiblik həcci müqəddəmdir və həmin il naib olaraq həcci yerinə yetirməlidir. Əgər istitaəti növbəti ilə kimi davam edərsə “hiccətul-islam” ona vacib olacaq. Yox əgər istitaəti gələn ilə kimi davam etməzsə həcc ona vacib deyil.
b) Naiblik həcci həmin ilə məxsus olmur: Yəni növbəti illərdə həccə getməyi bacaracağına arxayındırsa, naiblik həccini birinci yerinə yetirəcəkdir və mümkün olduğu halda növbəti illərdə öz həccini yerinə yetirəcəkdir.
Ancaq növbəti illərdə həccə gedə biləcəyinə arxayınlığı olmazsa naiblik həcci ilə öz həcci arasında ixtiyar sahibidir. İstədiyini birinci il həyata keçirdib digərini gələn ilə saxlayacaq.
Borc götürməklə hasil olan istitaət:
Məsələ 50. Bir şəxs sonradan qaytarmağa gücü çatacağı təqdirdə belə həcc xərclərini ödəyəcək miqdarda borc götürərsə həcc ona vacib olmaz. Lakin borcun qaytarılma vaxtı ağıl sahibi insanların diqqət etmədiyi qədər uzun olarsa (məs...50 il) həcc ona vacib olar.
Məsələ 51. Bir şəxsin öz yaşayışına dair ehtiyacından daha artıq və həcc xərclərini ödəyəcək miqdarda malı olarsa, lakin o malı sərf etməyib həcc xərcləri üçün borc götürərsə onun həcci vacib həcc hesab olunacaq və yenidən həccə getməsi vacib deyil.
Bəxşişlə hasil olan istitaət:
Məsələ 52. Əgər bir şəxs digərinin həcc xərclərini, səfər tədarükünü və ailəsinin yaşayış məsrəflərini qarşılamağı öz öhdəsinə alarsa və onun öz öhdədarlığında sadiq qaldığına arxayınçılıq olarsa, həcc ona vacib olur. Xərcləri ödəyənin bir nəfər və ya bir neçə nəfər olması arasında heç bir fərq yoxdur.
Məsələ 53. Əgər bir şəxs müəyyən malı həcdə sərf etmək üçün başqasına verərsə və həmin mal onun səfər boyunca həcc xərclərini və ailəsinin ehtiyaclarını qarşılayarsa, həcc ona vacib olar.
Məsələ 54. Əgər bir şəxs həcc xərclərindən bir miqdarına sahibdirsə və yerdə qalan miqdarı başqası ödəyərsə həcc ona vacib olur. Amma yalnız getmək miqdarında ona bəxşiş olunsa və onun qayıtmağa gücü çatmayacaqsa həcc ona vacib deyil.
Məsələ 55. Əgər bir şəxsə getmək və qayıtmaq xərcini versələr, amma qayıdana kimi ailəsinin xərclərini təmin etməsələr həcc ona vacib deyildir. Lakin ailəsinin xərclərinə özü sahib olsa və ya həccə getməsəydi belə onları təmin edəcək bir şeyi yoxdursa və ya onun getməsi ilə ailəsi məşəqqət və çətinliyə düşmürlərsə və yaxud da həmin şəxsin vacibun-nəfəqəsi (xərclərinin ödənilməsi vacib olan şəxs) yoxdursa, həcc ona vacib olur (deyilən bütün istisna hallarda).
Məsələ 56. Əgər meyyit müəyyən şəxsə həccə getməsi üçün bir miqdar mal vəsiyyət etsə və bu mal onun həcc xərclərini və ailəsinin yaşayışını təmin edirsə həcc ona vacibdir.
Məsələ 57. Əgər bir şəxs müəyyən malı bir insana sırf həccə getmək üçün versə, qəbul etmək vacibdir. Lakin bəxşiş edən şəxs insanı ixtiyar sahibi etsə və desə ki, “ istəyirsən bu malla həccə get, istəyirsən getmə ”və ya bir malı ona verib həcc barədə heç bir söz deməsə, o malı qəbul etmək vacib deyil.
Məsələ 58. Əgər bir malı müəyyən dəstəyə onlardan birinin həccə getməsi üçün versələr və onlardan biri qabağa keçib onu götürərsə, həcc ona vacib olar və digərlərinin boynundan götürülər. Lakin onlardan hər biri o malı götürə biləcəyi halda heç biri götürməzsə, həcc onlardan heç birinin boynunda müstəqər olmayacaq.
Məsələ 59. Bir kəsin həyata keçirdiyi işin müqabilində onun həcc xərclərini ödəyərlərsə (məs...karvanların xidmətçilərindən bəzisi kimi), bu həcc bəxşiş olunmuş həcc hesab edilmir.
Bəxşiş olunan həcc “hiccətul-islam” üçün kifayət edir:
Məsələ 60. Bəxşiş olunan həcc (həcci-bəzli) “hiccətul-islam” üçün kifayət edir. Beləliklə mükəlləf bəxş olunan pulla və bəxşişlə həccə gedərsə və sonradan özü müstəti olarsa yenidən həccə getməsi vacib deyil.
Həcci-bəzlidə ümumi təminatın şərt olmaması:
Məsələ 61. Həcci-bəzlidə ümumi təminat [1]
şərt deyildir. Bəli, bir şəxsin gəliri yalnız həcc günlərində olursa və ilin qalan günlərini həmin gəlirlə idarə edirsə, beləki həccə gedəcəyi təqdirdə ilin qalan günləri üçün yaşayışını təmin edəcək tədarükü olmayacaqsa həcc ona vacib deyildir. Əgər onun illik ehtiyacının hamısını ödəsələr və ya onun illik ehtiyacından çatmayan hissəsini versələr həcc ona vacib olur.
Həcci-bəzlidə qurbanın pulu:
Məsələ 62. Qurbanın pulu bəxş edənin öhdəsindədir. Əgər həccin xərclərini verib qurbanın qiymətini ödəməsələr həccin ona vacib olmasında işkal vardır, yəni ehtiyati-vacib budur ki, həcci yerinə yetirsin, lakin yenidən müstəti olsa bir daha həccə getsin. Amma qurbanlığı hazır etməyə öz gücü çatsa həcc vacib olur.
Həcci-bəzlidə kəffarə:
Məsələ 63. Əgər həcci-bəzlidə hər hansı bir kəffarə vacib olsa hacının boynundadır və bu kəffarənin bəxşiş edənə heç bir aidiyyatı yoxdur.
Bəxşişdən dönmə:
Məsələ 64. Bəxşiş edən şəxs öz bəxşişindən dönə bilər. Yəni ona verdiyi şeyi geri ala və ya vədə verdiyi şeyi bəxş etməyə bilər. İstər bəxşiş olunan şəxs muhrim olmamışdan qabaq olsun, istər sonra. Amma ehramdan sonra bəxşiş olunan şəxs üçün çətinlik və məşəqqət olmayacaqsa həccini sona çatdırmalıdır, baxmayaraq ki, özü müstəti deyildi və bəxş edən şəxs onun həccini tamam etməsi və qayıtması üçün lazım olan xərclərə zamin idi.
İstitaətdən xaric olma:
Məsələ 65. Əgər insan mal cəhətindən müstəti olarsa və həccə getməyə qüdrəti çatarsa həcc ona vacib olur. Odur ki, insan həcc günlərində həccə getməyə qadir olacağını bildiyi halda onu istitaətdən çıxaracaq və tədarük edə bilməyəcək həddə malından xərcləyərsə həcc onun boynunda müstəqər olacaq. Amma həccə getməyə qüdrətinin çatması dəqiq məlum olmasa vəhəcc günlərində həccə getməyi bacaracağını bilmirsə həcc onun boynunda müstəqər deyildir.
Məsələ 66. Öncəki məsələdə (65-ci məsələ) istitaətinin aradan qalxmasında özü günahkar olsa da onun etdiyi təsərrüf səhihdir. Məsələn, malını ucuz bir qiymətə satıbsa və ya bir kəsə bəxşiş edibsə, onun etdiyi alver və verdiyi bəxşiş səhihdir.
Məsələ 67. Adını qeydiyyata yazdırmış şəxsə növbə çatmamış ona yaşayışından ötəri pul lazım olsa və onun da bu maldan başqa heç nəyi olmasa, o pulu götürə bilər və bu hal həccin vacibliyinin onun boynuna müstəqər olmasından qabaq baş verdiyi üçün həcc ona vacib deyil.
İstitaətə dair müxtəlif məslələr:
Məsələ 68. Əgər bir müstəti olmasa və müstəhəb həcc yerinə yetirsə və ya başqa birinin yerinə muzdsuz olaraq savab üçün və yaxud da muzdlu olaraq həcc yerinə yetirsə, bu həcc “hiccətul-islamı” əvəz etməyəcək. Odur ki, sonradan müstəti olsa həccə getməlidir.
Məsələ 69. Əgər bir şəxs müstəti olmadığı gümanı ilə müstəhəb həccə gedərsə və sonradan onun müstəti olduğu anlaşılarsa, onun həcci “hiccətul-islamı” əvəz edəcək və bir daha həccə getmək ona vacib deyil.
Məsələ 70. Müstəti olan bir şəxs həccə getməkdə səhlənkarlıq etsə və istitaəti aradan qalxsa, həcc onun boynunda müstəqər olur və hansı yolla olursa olsun, hətta çətinliklə olsa belə həccə getməlidir.
Məsələ 71. Həcc boynunda müstəqər olan şəxs həccə getməmiş ölərsə, onun malı ilə həcci qəza etmək vacibdir. Əgər bir kəs muzdsuz olaraq onun naibi kimi həcci yerinə yetirərsə səhih və kafidir.
Məsələ 72. Həcc karvanları və ya həcc təşkilatlarının başçıları üçün ayrılmış xərclər hesabına həccə gedən karvan xidmətçiləri və onların dini yol göstərmələri digər şərtlərə də sahib olsalar müstətidirlər və “hiccətul-islamı” yerinə yetirməlidirlər.
Məsələ 73. Mal cəhətindən müstəti olmayan, lakin hacılara xidmət üçün əcir tutulmuş şəxs sair şərtlərə də sahib olsa müstətidir və “hiccətul-islamı” yerinə yetirməlidir.
Həccə vəsiyyət etmə:
Məsələ 74. Boynuna həcc vacib olduğu halda yerinə yetirməmiş şəxsin ölümü yaxınlaşarsa və həcc xərcləri miqdarında malı olarsa, onun yerinə həcci yerinə yetirəcəklərinə dair arxayınçılıq hasil olsun deyə işlərə tərtib verməsi lazımdır. Bu məqsədlə şahidlərin iştirakı ilə vəsiyyət də etməlidir. Əgər malı olmasa və bir şəxsin onun yerinə muzdsuz olaraq həccə gedəcəyinə ehtimal versə belə yenə də vəsiyyət etməsi vacibdir.
Məsələ 75. Boynunda “hiccətul-islamı” müstəqər olduğu halda ölən şəxsin malının əslindən (malı heç bir hissəyə bölünməmiş) onun həcci yerinə yetirilməlidir, hətta meyyit bunu vəsiyyət etməmiş olsa belə.
Məsələ 76. Əgər “hiccətul-islam” meyyitin boynunda müstəqər olsa və onun yerinə həccə getməyi vəsiyyət edibsə, məsələnin iki forması ola bilər:
a) Vəsiyyət ümumi olub və malın üçdə birinə məxsus edilməyib: məsələn belə vəsiyyət edib: “həcci yerinə yetirin və ya mənim malımdan həccə gedin”. Bu halda malın əslindən onun həcc xərcləri təmin edilməlidir.
b) Onun malının üçdə birindən həccə gedilməsi vəsiyyət edilib: bu halda həccin xərcləri malın üçdə birindən çıxılır və bu miqdar digər vəsiyyət olunmuş şeylərdən müqəddəmdir (qabağa keçir). Beləki bu üçdə bir miqdar həcc məsrəflərinə kifayət etməsə, çatmayan hissəni malın əslindən götürəcəklər.
Məsələ 77. Boynunda “hiccətul-islamı” qalan şəxs öldüyü zaman onun varisinə meyyitin yerinə həcci qəza etməyə əngəl olacaq miqdarda onun malından istifadə etməsi caiz deyildir. Bu halda meyyitin malının həcc xərcləri ilə bərabər və ya ondan çox olması arasında heç bir fərq yoxdur. Bəli meyyitin malı həcc xərclərindən çox olduğu təqdirdə artıq olan miqdardan istifadə edilməsi icazəlidir.
Məsələ 78. Əgər meyyitin boynunda “hiccətul-islamdan” əlavə xums və zəkat da qalarsa və onların hamısına bəs edəcək qədər malı olmazsa, məsələnin iki forması ola bilər:
a) Xums və zəkatın əlaqə tapdığı mal mövcuddur: bu halda birinci xums və zəkat verilməlidir.
b) Xums və zəkatın əlaqə tapdığı mal mövcud deyildir: bu halda birinci həccə gedilməlidir.
Məsələ 79. Əgər meyyitin “hiccətul-islamdan” əlavə borcu da olarsa, birinci borcu qaytarılmalıdır.
Məsələ 80. Əgər meyyitin boynunda “hiccətul-islam” qalıbsa və onun malı həcc məsrəflərini qarşılamırsa, çatışmamazlığı aradan qaldırmaq və onun həccini əda etdirmək varisə vacib deyil. Əksinə bu halda meyyitin malı varisə çatacaq.
Məsələ 81. Meyyit üçün onun vətənindən naib tutulması vacıb deyil. Hətta ən yaxın miqatlardan belə naib tutulsa kafidir. Lakin öz vətənindən naib tutulması ehtiyat müstəhəbdir. Amma miqatdan artıq miqdarın muzdunu kiçik varisin səhmindən götürmək olmaz.
Məsələ 82. Əgər meyyitin malı onun əvəzinə “hiccətul-islamı” yerinə yetirməyə kifayət edirsə, ehtiyat-vacibə görə gecikdirmədən elə birinci il onun həcci yerinə yetirilməlidir.
Məsələ 83. Boynunda “hiccətul-islam” qalaraq ölən bir kəsin yerinə başqa şəxs muzdsuz olaraq həccə gedərsə kifayət edir. Belə olan halda meyyit öz malının üçdə birindən həcc xərclərinə məsrəf etməyi tapşırmışdısa da onun malından naib tutmaq vacib deyil. Lakin bu halda malın üçdə birindən həcc xərclərinə bərabər olan miqdar varisə çatmır, əksinə meyyitin nəzərində ən yaxşı hesab edilən xeyir işlərə sərf olunacaq.
Məsələ 84. Boynunda “hiccətul-islam” qalaraq ölən şəxs öz vətənindən naib tutulmasını vəsiyyət edibsə, onun üçün vətənindən naib tutmaq vacibdir və bu halda miqatdan sonrakı xərclər meyyitin malının əslindən, yerdə qalan miqdar isə malın üçdə birindən götürüləcək.
Məsələ 85. Əgər meyyitin onun üçün həcc yerinə yetirməyi tapşırdığı müəyyən mala xums və ya zəkatın əlaqə tapdığı bilinərsə, ilk olaraq xums və ya zəkatın verilməsi vacibdir və yerdə qalan hissə həccə sərf olunmalıdır. Əgər yerdə qalan hissə həcc xərclərindən az olarsa və meyyitin vəsiyyətindəki həcc “hiccətul-islamdırsa”, çatışmamazlıq meyyitin əsl malından ödəməklə aradan qaldırılmalıdır. Əgər meyyitin vəsiyyəti “hiccətul-islam” deyildirsə, bu barədə fiqhi kitablarda bir qrup izahlı hökmlər vardır.
Məsələ 86. Əgər meyyit tərəfindən həcc üçün vəsiyyət və ya başqa yolla naib tutulması vacib edilmişdirsə və naib tutmaq boynunda vacib olan şəxs səhlənkarlıq edərsə və həcc üçün nəzərdə tutulmuş mal tələf olarsa, bu şəxs zamindir və öz malından naib tutmaq ona vacibdir.
Məsələ 87. Həccə getmək üçün nəzərdə tutulmuş mal səhlənkarlıq olmadan vəsinin (vəsiyyət olunmuş şəxs) əlində qorunduğu zaman tələf olarsa, vəsi zamin deyil. Əgər meyyitin vəsiyyəti “hiccətul-islam” idisə, meyyitin malının yerdə qalanı ilə həccin yerinə yetirilməsi vacibdir və əgər vəsiyyət “hiccətul-islam” deyildisə, malın üçdə birindən istifadə olunacaq.
Məsələ 88. Əgər meyyit həccə getməyi vəsiyyət edisə:
a) “Hiccətul-islamı” vəsiyyət etdiyi məlum olarsa, həccin məsrəflərini üçdə birdən ödəməyi vəsiyyət etmədiyi halda xərclər malın əslindən götürüləcək.
b) Vəsiyyətinin “hiccətul-islam” olmadığı bilinərsə, həccin xərcləri malın üçdə birindən götürüləcək.
c) Vəsiyyətinin “hiccətul-islam” və ya başqa bir həcc olduğu məlum olmasa, həccin xərcləri malın üçdə birindən götürüləcək.
Məsələ 89. Əgər meyyit həccə getmək üçün məxsus olaraq müəyyən bir şəxsi təyin edərsə, ona əməl olunmalıdır.
Məsələ 90. Əgər meyyit “hiccətul-islam” üçün müəyyən miqdarda mal vəsiyyət edibsə, lakin o malın yayılmış miqdardan az olması səbəbi ilə həccə getmək üçün heç kim tapılmırsa, çatışmayan miqdarı meyyitin malının əslindən götürəcəklər.
Qadının həcci və ərin icazəsi:
Məsələ 91. Qadın müstəti olarsa ərindən icazə almamış həccə gedə bilər və ərinin icazə verməsi şərt deyil.
Məsələ 92. Ər öz xanımının vacib həcci yerinə yetirməsinə əngəl ola bilməz və bu məsələdə “hiccətul-islam” və bu kimi vacib həclər arasında heç bir fərq yoxdur. Bəli, əgər bir neçə karvan hərəkət edirsə, ilkin karvanlarla yola düşməkdən onu saxlaya bilər.
Məsələ 93. Qadınlarının müstəti və həccin onlara vacib olmasında məhrəmə sahib olmaları (yol boyunca) şərt deyil. Əgər tək və yol yoldaşı olmadan getməkdə əmin-amanlıq olmasa və qadın özü üçün qorxarsa, yol yoldaşına sahib olmaq şərt olacaqdır. Beləki yol-yoldaşı muzd istəyərsə onun muzduna sahib olmaq da şərtdir və əgər muzda imkanı çatmazsa, həcc ona vacib deyildir.
Məsələ 94. Daimi əri olan və ya rici təlaqın iddəsində olan qadın müstəhəb həcci yerinə yetirmək üçün ərindən icazə almalıdır.
Məsələ 95. Bain təlaqın iddəsində olan qadının həccə getmək üçün ərindən icazə alması şərt deyil və əri ölmüş qadının da vəfat iddəsi zamanında həccə getməsi caizdir və heç kimin icazəsi şərt deyil.
Naiblik:
Məsələ 96. Müstəti şəxsin gücü çatırsa həccə özü getməlidir və istər muzdlu olsun, istərsə də muzdsuz olaraq başqasının onun yerinə həyata keçirdiyi həcc kifayət etməyəcək.
Məsələ 97. Boynunda həcc müstəqər olmuş şəxs xəstəlik, qocalıq və ya başqa bir əngəl səbəbi ilə həccə gedə bilmirsə və onun üçün məşəqqət və çətin omasından əlavə həccə gedə biləcəyinə ümidi də yoxdursa, özü üçün naib tutması vacibdir.
Məsələ 98. Mal cəhətindən müstəti olan şəxs həccə gedə bilməsə və ya həcc əməlləri onun üçün çox məşəqqətli və ağırdırsa, özü üçün naib tutması vacibdir.
Məsələ 99. Özü üçün naib tutması vacib olan şəxs növbəti illərdə naib tuta biləcəyinə arxayın olmasa, mümkün olduğu ilk ildə naib tutmalıdır. Yəni həcc üçün gecikdirmədən naib tutmanın vacibliyi eynilə öz həcci kimidir.
Məsələ 100. Həccə getməyə qadir olmayan və naib tutmağa da gücü çatmayan şəxsə heç bir şey vacib deyil. Lakin həcc onun boynunda müstəqər olsa, ölümündən sonra onun tərəfindən həccə gedilməlidir.
Məsələ 101. Özü həccə gedə bilməyən və boynunda naib tutmaq vacib olan şəxs miqatdan özü üçün naib tutarsa kifayətdir və öz vətənindən naib tutması vacib deyil.
Məsələ 102. “Hiccətul-islamı”yerinə yetirən şəxs təməttö ümrəsi və ya həcc (təməttö, qiran və ifrad) ehramından sonra ölərsə kifayətdir və onun ümrə və ya həcc əməllərini tamamlamaq üçün naib tutmaq lazım deyil. Həmçinin həmin şəxsin də yenidən həcc və ümrə yerinə yetirməkdən ötrü özü üçün naib tutması lazım deyil. Lakin bu hökm “hiccətul-islama” məxsusdur və nəzr və ya başqa bir səbəblə vacib olmuş həccə və təklikdə həyata keçirilən ümrəyə aid deyil.
Naiblik şərtləri:
Məsələ 103. Həcc əməllərində başqasına naib olan şəxsin bu şərtlərə sahib olmalıdır:
* Büluğ * Əql * İman * Öz boynunda həcci olmamalıdır
Məsələ 104. Həcc üçün baliğ olmayan uşağı naib tutmaq səhih deyil. Çünki uşaq başqasının yerinə “hiccətul-islam” yerinə yetirsə kifayət etmir və hətta uşaq yaxşını pisdən ayıra bilən müməyyiz olsa belə “hiccətul-islamdan” başqa digər vacib həclər də ehtiyat-vacibə əsasən eyni hökmdədir.
Məsələ 105. Baliğ olmayan uşaq öz vəlisinin icazəsi ilə başqasının naibi kimi müstəhəb həcc yerinə yetirərsə səhihdir.
Məsələ 106. Həcc üçün mömindən başqasını naib tutmaq ehtiyat-vacibə görə səhih deyil. Odur ki, mömindən başqa biri həcc üçün naib olub bizim məzhəbin qaydalarına uyğun həcci həyata keçirərsə ehtiyat-vacibə əsasən kafi deyil. Əgər öz məzhəbinin qaydaları ilə həcci yerinə yetirərsə qətiyyən kifayət etmir.
Məsələ 107. Bonunda həcc vacib olan şəxs həmin ildə başqasının yerinə naib olub həcc yerinə yetirə bilməz, lakin digərinin naibi kimi həcci həyata keçirərsə onun həcci səhihdir və naib tutmuş şəxs tərəfindən kifayət edir. Amma bu halda muzd almaq səhih deyil və o yalnız ücrətul-mislə (əməlinin müqabil miqdarına) sahib olur. Naibin ücrətul-müsəmmadan (hamı tərəfindən qəbul edilən miqdar) artıq miqdara sahib olmaq haqqı yoxdur. Əgər cahil və ya öz boynunda vacib həccinin olmasından qafil olan şəxs olsa muzd almaq da (hər bir miqdarda) səhihdir.
Məsələ 108. Naibin adil olması şərt deyil, lakin mənubu ənh[2]
tərəfindən həcci həyata keçirdiyinə dair arxayınçılıq olmalıdır. Buna əsasən də naib həcci yerinə yetirdiyini xəbər versə və onun sözündən arxayınçılıq yaranmazsa, bu xəbərlə kifayətlənmək işkallıdır və bu həcc mənubu ənhin boynunda vacib idisə, ehtiyat-vacibə görə yenidən naib tutulmalıdır.
Məsələ 109. Həcci səhih şəkildə yerinə yetirə bilməsi üçün naibin həcc əməllərindən və hökmlərindən agah olması lazımdır və əgər başqa birinin (məs...karvanın alimi kimi) təlim və yol göstərməsi ilə həcci səhih şəkildə yerinə yetirərsə işkalı yoxdur.
Məsələ 110. Əgər insan öz naibinin həcc əməllərini səhih şəkildə yerinə yetirib-yetirmədiyinə şəkk edərsə və bu şəkk naibin həcc hökmlərindən agahlığı cəhətindən yaranıbsa, yerinə yetirilmiş əməlin səhihliyinə hökm olunacaq və həmin həccin vacib olduğu təqdirdə belə yenidən naib tutmaq lazım deyil.
Naibin vəzifəsi:
Məsələ 111. Naib həcc və ya ümrədə öz ictihadına və yaxud təqlid etdiyi müctehidin fətvasına uyğun əməl etməlidir. Lakin muzdu bəlli etdikləri zaman mənubu ənh tərəfindən onun nəzərinə uyğun əməl etmə şərt kəsilsə, şərtə əməl olunmalıdır.
Məsələ 112. Qadının kişiyə və kişinin də qadına naib olmasında işkal yoxdur.
Məsələ 113. İndiyə kimi həccə getməmiş birinin naibliyində heç bir maniə yoxdur. İstər mənubu ənh kişi olsu, istərsə də həccə getmiş və ya getməmiş qadın olsun. Lakin yaxşı olar ki, “hiccətul-islam” boynunda olan və gücü çatan biri özü həccə getsin və həccə getməmiş birini özünə naib seçsin. Bu hökm boynunda həcc müstəqər olmuş meyyitə də aiddir.
Mənubu ənhin şərtləri:
Məsələ 114. Mənubu ənh müsəlman olmalıdır və qeyri-müsəlmanın naibliyini etmək səhih deyil. Lakin həcc və ya ümrəni yerinə yetirib savabını ona hədiyyə etsələr eybi yoxdur.
Məsələ 115. Həyatda olan birinin yerinə muzdlu və ya muzdsuz şəkildə müstəhəb həcc üçün naiblik etmənin işkalı yoxdur. Lakin vacib həcdə həyatda olan şəxsin həccə getməyə gücünün çatmaması təqdirində səhihdir.
Məsələ 116. Ölmüş şəxsin əvəzinə naiblik etmək hər bir halda və hər bir şəkildə caizdir. İstər muzdlu şəkildə olsun, istər təmənnasız, istər vacib olsun, istərsə də müstəhəb həcc olsun.
Naiblik niyyəti:
Məsələ 117. Naib həcc əməllərini niyabət (naiblik) niyyəti ilə yerinə yetirməli və mənubu ənhi müəyyənləşdirməlidir, lakin onun adını dilinə gətirməsi lazım deyildir. Buna baxmayaraq bütün əməllərdə onun adını dilə gətirməsi müstəhəbdir.
Üzrlü naiblik:
Məsələ 118. Naibin üzrlü olmasının 4 forması vardır:
a) Naiblikdən sonra üzrlü olur: əgər həccin hər hansı əməllərindən birinə gücü çatmazsa, ehtiyata əsasən onun əcir tutulması caiz deyildir. Əksinə muzdsuz olaraq da başqasının naibi kimi həcci yerinə yetirsə, ehtiyata əsasən kafi deyil.
b) Həcc əməlləri əsnasında bir üzr qarşıya çıxsa: həcci yerinə yetirməkdə əvəzləyici hökmü olarsa mənubu ənh tərəfindən kafidir. Məsələn, əgər ərəfənin ixtiyari vüqufunu yerinə yetirə bilməsə, iztirari (məcburi) vüqufa əməl edəcək. Lakin hər iki vüqufu tərk edərsə həcci batildir.
c) Üzr səbəbi ilə muhrimə haram olan bəzi haramlara mürtəkib olarsa: məs...öncədən bilib-bilməməsi fərq etmədən kölgədə yol gedərsə onun naibliyinin eybi yoxdur. Həmçinin üzrü olmadan belə mürtəkib olarsa onun naibliyinin işkalı yoxdur.
d) Bilərəkdən tərk etməklə belə həcci batil etməyən vacibatlardan bəzisini həyata keçirərsə, onun naibliyinin işkalı yoxdur.
Məsələ 119. Bədən üzvlərindən biri naqis olan şəxsin nöqsanı həcc və ümrənin ixtiyari əməllərində naqisliyə səbəb olmasa işkalı yoxdur. Məsələn, onun nöqsanı səcdə zamanı yerə qoyulan üzvlərdən başqa bir yerdə olduğu zaman işkal yoxdur.
Məsələ 120. Namazında qiraəti səhih olmayan birinin vacib həcc və ya ümrə üçün başqasının naibi kimi etdiyi vacib əməllər, ehtiyat-vacibə görə mənubu ənh tərəfindən kafi deyil.
Məsələ 121. Namazında qiraəti səhih olmayan, lakin ondan daha artıq miqdarını düzgün oxuya bilən müstəhəb həcc və ümrədə başqasına naib ola bilər. Amma həcc və ümrədə başqası üçün əcir tutulsa, öz vəziyyətini bildirməlidir.
Məsələ 122. Qurban gecəsində qadınlar və üzrlü şəxslərlə birgə Məşərul-həramdan köçən və Toveyn arasındakı vüqufa çatmayan birinin naibliyində bir eyb yoxdur.
Məsələ 123. Üzr səbəbi ilə əməllərini Ərəfat və Məşərdən qabağa salan şəxsin həcc və ya ümrədə başqası üçün naib olması caizdir.
Məsələ 124. Əgər muzdlu şəkildə, amma həcci özünün yerinə yetirməsinə dair şərtləşilməyibsəvə buna dəlalət edəcək bir əlamət də yoxdursa, bu işi başqasına tapşıra bilər. Lakin onun naiblik muzdu özü üçün danışılmış muzddan aşağı olmamalıdır.
Məsələ 125. Həcci yerinə yetirmək üçün əcir tutulan şəxs hacıların əməl etdiyi və adət edilmiş müstəhəb işləri də görməlidir. Məsələn, Peyğəmbər (s) və imamların (ə) qəbrini mənubu ənhin naibi niyyəti ilə ziyarət etməlidir. Lakin əvvəlcədən onları etməməyi şərt etsə, bu hal istisnadır.
Naibin ölməsi:
Məsələ 126. Həcci yerinə yetirmək üçün naib tutulan şəxs ölərsə:
a) Muhrim olmamışdan qabaq ölsə: əgər həcc vacib idisə, yenidən mənubu ənh üçün həcc yerinə yetirilməlidir.
b) Muhrim olandan sonra ölsə: mənubu ənh tərəfindən kafi hesab olunur və yenidən naib tutması vacib deyil. Lakin ehtiyat-vacibə əsasən naibin hərəmə daxil olması da şərtdir.
Məsələ 127. Öncəki məsələnin (126-cı məsələ) ikinci fərzində mənubu ənh tərəfindən kifayət edən naibin həccinin “hiccətul-islam” və ya başqa həcc olması arasında heç bir fərq yoxdur. Lakin bu hal naibliyin muzdla olan formasına aiddir və əgər muzdsuz olubsa, ehtiyat-vacibə əsasən kafi deyil.
Məsələ 128. Əgər əcir tutulan şəxs həcdə ehramdan qabaq ölərsə, muzddan heç nəyə haqqı çatmır. Lakin ehramdan və hərəmə daxil olandan sonra ölərsə, məsələnin iki forması vardır:
a) Əgər mənubu ənhin boynundan götürmək niyyəti ilə əcir tutulmuşdusa: yəni mənubu ənhin təklifini yerinə yetirmək niyyəti etmiş və həcci onun tərəfindən edibsə, muzdu bütünlüklə ödənilməlidir.
b) Əgər sırf həcc əməllərini yerinə yetirməyə əcir tutulubsa: yerinə yetirmiş olduğu əməllər müqabilində muzdu ödəniləcək. Odur ki, əgər üçdə bir miqdarda əməlləri edibsə, üçdə bir miqdarda da əcirə haqqı çatacaq.
Məsələ 129. Mənubu ənh tərəfindən müəyyən ildə şəxsən həcc yerinə yetirməyə naib seçilmiş şəxs, həmin ildə başqasını öz tərəfindən əcir tuta bilməz, lakin iki müxtəlif ildə olsa eybi yoxdur. Həmçinin qərar verilmiş illərdən və ya hər iki ildən birinə məxsus danışılmayıbsa, mütləq özü həcci yerinə yetirməlidir.
Məsələ 130. Müəyyən bir ildə həcc üçün əcir tutulmuş şəxs, müstəcirin (əcir tutan şəxsin) icazəsi olmadan həcci danışılmış ildən tez və ya gec yerinə yetirə bilməz.
Məsələ 131. Həcci yerinə yetirməyə şəxsən əcir tutulmuş şəxs, müstəcirin icazəsi olmadan bu həcc üçün başqasını naib tuta bilməz.
Naibin etdiyi haramların kəffarəsi:
Məsələ 132. Əgər naib həcdə kölgədə gəzmək və ya güzgüyə baxmaq kimi kəffarəyə səbəb olan işlərdən birini görərsə, o əməlin kəffarəsi onun öz boynundadır. İstər onun naibliyi muzdlu olsun, istərsə də təmənnasız.
Həcc xərcləri üçün muzdun çatmaması:
Məsələ 133. Əgər bir şəxs başqasını həcc üçün müəyyən məbləğə əcir tutsa və o məbləğ həcc xərclərini lazımı qədər ödəməzsə, çatışmamazlığı aradan qaldırmaq müstəcirə vacib deyil. Həmçinin nəzərdə tutulan məbləğ artıq gələrsə, artıq miqdarı götürmək olmaz.
Muzdun ödənilmə vaxtı:
Məsələ 134. Əcir tutma müqaviləsi ilə naibin (əcir tutulan şəxsin) muzda mülkiyyət hüququnun çatmasına baxmayaraq, muzdun dərhal ona verilməsi vacib deyil. Lakin əməlin həyata keçməsindən sonra tez zamanda muzdun verilməsinə dair şərt kəsilibsə, muzdu şərtə uyğun ödəmək lazımdır. Hətta müqavilədə aşkar şəkildə şərt olunmasa belə əcir tutulan şəxs əməlləri həyata keçirməmiş öz müzdunu tələb edə bilər.
Məsələ 135. Əgər bir şəxsi həcci həyata keçirmək üçün əcir tutsalar və bu şəxs üçün (yola düşməyə) fürsət olduğu zaman gözlənilmədən bir hadisə nəticəsində təməttö həccinə getmək alınmazsa və bu şəxs təməttö ümrəsindən ifrad həccinə üdul edərsə (keçərsə) və ondan sonra müfrəd ümrəni yerinə yetirərsə, bu şəkildə olan həcc mənubu ənh tərəfindən kifayət edir, amma əcir tutulan şəxs muzd tələb edə bilməz.
Bir neçə nəfər tərəfindən naib olmaq:
Məsələ 136. Vacib həcdə və eyni ildə bir nəfər iki və ya bir neçə nəfər tərəfindən həcc yerinə yetirə bilməz və yalnız bir nəfər tərəfindən naib ola bilər. Lakin həcci şərik şəkildə bir və ya bir neçə nəfərə tapşırsalar işkalı yoxdur. Məsələn, iki nəfər şərik şəkildə bir şəxsi həcc üçün əcir tuturlar. Bu halda heç bir eyb yoxdur.
Məsələ 137. Bir nəfər eyni ildə müstəhəb həcc üçün bir neçə nəfər tərəfindən həcci yerinə yetirə bilər.
Başqası üçün həccə naib olmaq və özü üçün ümrə etmək:
Məsələ 138. Naib olan şəxs niyabətən yerinə yetirdiyi həcc əməllərindən qabaq və ya sonra özü və yaxud başqası üçün müfrəd ümrə həyata keçirə bilər.
Məkkədə olan şəxsin naibliyi:
Məsələ 139. Məkkədə yaşayan şəxsin müstəhəb olan müfrəd ümrədən ötəri özü üçün naib tutmasının eybi yoxdur.
İmam Zaman (ə.f) tərəfindən naiblik:
Məsələ 140. Həzrəti Vəliyyi-əsr (ə.f) tərəfindən naib kimi həcc və ya ümrə həyata keçirmək caizdir.
[1] Ümumi təminat, yəni bir şəxsin həccə gedib qayıtmasından sonra öz yaşayışını və ailəsinin xərclərini təmin etməsi, məşəqqət və çətinliyə düşməməsi və digərlərinin köməyinə möhtac olmamasıdır. Daha aydın şəkildə desək: mükəlləf həccə getməsi və pulunu bu yolda xərcləməsi üzündən fəqirlik qorxusu, sıxıntı və ailəsinin ehtiyaclarını qarşılaya bilməmək halı yaşamamalıdır.
Buna əsasən də bir şəxsin illik gəliri həcc günlərinə düşsə və bu şəxsin həccə gedəcəyi təqdirdə il boyunca və ya ilin bəzi günlərində özünün və ailəsinin ehtiyaclarını qarşılaya bilməyəcəksə həcc ona vacib deyildir.
[2] “Mənubu ənh”- naibin ənun yerinə həcc yerinə yetirdiyi şəxsə deyilir. Yəni özü üçün naib tutan şəxs “mənubu ənhdir”.