ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

İRSİN HÖKMLƏRİ → ← VƏQFİN HÖKMLƏRİ

VƏSİYYƏTİN HÖKMLƏRİ


Məsələ 2659: Vəsiyyət insanın ölümündən sonra özü üçün bəzi işlərin yerinə yetirilməsini sifariş etməsinə və ya ölümündən sonra malından bir şeyin başqasının malı olmasını, ya da onun malından bir şeyi başqa şəxsin mülkiyyətinə keçirmələrini və ya xeyir işlərdə xərcləmələrini söyləməsinə, yaxud öz övladı və ixtiyarında olan şəxslər üçün müəyyən bir şəxsi qəyyum (başçı) təyin etməsinə deyilir. Vəsiyyət edilən şəxsə isə vəsi deyilir.
Məsələ 2660: Danışa bilməyən şəxs işarə ilə öz məqsədini başa salsa, hər bir iş üçün vəsiyyət edə bilər. Hətta danışa bilən şəxs də, əgər işarə ilə öz məqsədini başa salıb vəsiyyət etsə səhihdir.
Məsələ 2661: Əgər yazılmış bir şeyi ölən şəxsin imzası, ya möhürü ilə görsələr, mövcud əlamətlərdən onun məqsədini başa düşsələr və məlum olsa ki, vəsiyyət etmək üçün yazıb, gərək ona uyğun əməl etsinlər.
Məsələ 2662: Vəsiyyət edən şəxs gərək ağıllı və həddi-büluğa çatmış olsun, səfeh olmamalıdır və öz ixtiyarı ilə vəsiyyət etməlidir. Həddi-büluğa çatmamış uşağın vəsiyyəti səhih deyildir. Amma uşaq on yaşında olsa və öz qohumları üçün, ya da ümumi xeyir işlərdə sərf edilməsi üçün vəsiyyət edərsə, uşağın bu iki halda olan vəsiyyəti səhihdir. Əgər qohumlarından qeyrisi üçün və ya yeddi yaşında olan uşaq malından az bir şeyi vəsiyyət edərsə, onun vəsiyyətinin nüfuzlu olması işkallıdır. Bu halda ehtiyata əməl etmək lazımdır. Əgər bir şəxs səfeh olsa, onun öz malı üçün etdiyi vəsiyyət nüfuzlu deyildir. Amma onun bundan başqa olan vəsiyyəti, məsələn, ölümündən sonra cənazə üçün edilən işlər haqqındakı vəsiyyəti nüfuzludur.
Məsələ 2663: Bir kəs bilə-bilə, özünü öldürmək məqsədi ilə həlak olacağı tərzdə özünü yaralayıb və ya ölümə səbəb olan zəhər içsə, əgər malının bir miqdarını bir yerə istifadə üçün çatdırmalarını vəsiyyət edib, sonra ölərsə, onun vəsiyyəti səhih deyildir. (Əgər onun işi Allah yolunda cihad olarsa, bu istisnadır.) Amma mal-dövlətlə əlaqədar olmayan şeylərdə vəsiyyəti səhihdir.
Məsələ 2664: İnsan malından müəyyən şeyi bir şəxsin olmasını vəsiyyət edərsə, o şəxs onu qəbul etdiyi halda, istər onun sağlığında, istərsə vəfatından sonra olsun, həmin mal vəsiyyət edənin malının üçdə birindən çox olmasa, həmin şey vəsiyyət edənin ölümündən sonra onun mülkiyyətinə keçər.
Məsələ 2665: İnsan ölüm nişanələrini özündə görən vaxt dərhal camaatın əmanətlərini sahiblərinə çatdırmalı, ya da 2306-cı məsələdə deyildiyi kimi, onlara xəbər verməlidir. Əgər camaata borcu varsa və onun da verilmə vaxtı çatmayıbsa və ya çatıb, amma tələbkar da öz alacağını tələb etmirsə, ya tələb etsə də verməyə gücü çatmırsa, ölümündən sonra onun tələbkara veriləcəyinə əmin olacaq bir iş etməlidir. Məsələn, onun başqalarına borclu olduğu məlum deyilsə, vəsiyyət etməlidir və vəsiyyəti üçün şahid tutmalıdır. Ödəyə bildiyi halda vaxtı da çatıbsa, tələbkar da tələb edibsə, gərək ölüm əlamətlərini görməsə belə dərhal ödəsin.
Məsələ 2666: Ölüm nişanələrini özündə görən kəs, əgər xüms, zəkat və boynunda məzalim varsa və hal-hazırda verə bilmirsə, belə ki, özünün malı varsa ya ehtimal versə ki, bir kəs onları əda edəcək, gərək elə bir iş etsin ki, ölümündən sonra ödəniləcəyinə əmin olsun. Məsələn, etimadlı bir adama vəsiyyət etsin. Həmçinin əgər həcc ona vacib olsa və hal-hazırda naib tuta bilməsə də bu cürdür. Əgər şəri vergilərdən olan borcunu verə bilərsə, hərçənd onda ölüm nişanələri olmasa belə, gərək dərhal versin.
Məsələ 2667: Ölüm nişanələrini özündə görən şəxsin əgər qəza namazı və orucu varsa, gərək elə bir iş görsün ki, ölümündən sonra onun əvəzindən yerinə yetiriləcəyinə əmin olsun, məsələn, vəsiyyət etsin ki, öz malından onlar üçün əcir tutsunlar. Hətta əgər malı olmasa, amma ehtimal versə ki, kimsə bir şey almadan onları yerinə yetirəcək, yenə də vacibdir ki, vəsiyyət etsin. Əgər onun oruc və namazının qəzasını etmək üçün bir kəs olsa, məsələn böyük oğlu, əgər bilsə ki, ona xəbər versə, qəza oruc və namazlarını yerinə yetirəcək, ona xəbər verməsi kifayətdir, vəsiyyət etməsi lazım deyil.
Məsələ 2668: Ölüm nişanələrini özündə görən şəxsin əgər bir nəfərdə malı varsa, ya da vərəsənin bilmədiyi bir yerdə gizlədibsə, ehtiyat-vacibə görə gərək onlara xəbər versin. Öz səğir uşaqları üçün qəyyum müəyyən etməsi lazım deyildir. Amma qəyyumsuz onların malı aradan gedəcəksə, ya özləri tələf olacaqlarsa, gərək onlar üçün bir qəyyum müəyyən etsin.
Məsələ 2669: Vəsi gərək aqil olsun. Vəsiyyət edənə aid olan işlərdə və həmçinin ehtiyat-vacibə əsasən digərlərilə bağlı işlərdə etibarlı olmalıdır. Ehtiyat-vacibə əsasən müsəlmanın vəsisi müsəlman olmalıdır. Habelə ehtiyata əsasən həddi-büluğa yetməmiş bir uşağa tək başına olmaq şərti ilə vəsiyyət etmək ehtiyat-vacibə görə səhih deyildir. Onun təsərrüf etməsi şəriət hakiminin icazəsi ilə olmalıdır. Əlbəttə bu vəsiyyət edən şəxsin məqsədinin onun uşaqlıq halında vəlisinin icazəsi olmadan istifadə etməsi olduğu təqdirdədir. Amma məqsədi onun həddi-büluğa çatmasından sonra və ya vəlisinin izni ilə istifadə etməsi olursa, eybi yoxdur.
Məsələ 2670: Əgər şəxs özü üçün bir neçə vəsi təyin etsə və hər birinə tək başına vəsiyyətə görə hərəkət etmə izni versə, vəsiyyəti yerinə yetirmədə bir-birlərindən izn almaları lazım deyil. Amma izn verməmiş olsa, istər hamısının birlikdə əməl etməsini bildirsin, istər bildirməsin, vəsiyyətə bir-birlərinin fikirlərinə görə hərəkət etmələri gərəkdir. Əgər birlikdə vəsiyyətə əməl etməyə hazır olmasalar, arada hər birinin digəri ilə anlaşmasına qarşı olan bir şəri maneə yoxdursa, şəriət hakimi onları anlaşmaya məcbur edər. Əgər ona itaət etməzlərsə və ya hər biri üçün anlaşılmağın qarşısını alan şəri bir maneə mövcud olsa, şəriət hakimi onlardan birinin yerinə ayrı bir şəxsi təyin edər.
Məsələ 2671: Əgər insan öz vəsiyyətindən dönərsə, məsələn, malının üçdə birini bir şəxsə verilməsini vəsiyyət etdiyi halda, sonra “ona verməyin” desə, vəsiyyət batil olur. Əgər vəsiyyətini dəyişdirsə, məsələn, əvvəl uşaqları üçün bir qəyyum təyin edib, sonra da başqa birini onun yerinə qəyyum təyin edərsə, onun birinci vəsiyyəti batil olur və gərək ikinci vəsiyyətinə əsasən əməl olunsun.
Məsələ 2672: Bir şəxs vəsiyyətindən döndüyünü məlum edən bir iş görərsə, məsələn, birinə verilməsinə vəsiyyət etdiyi bir evi satarsa və ya əvvəlki vəsiyyətinə nəzər yetirdiyi halda başqa birisinin onu satmaq üçün vəkil təyin edərsə, vəsiyyət batil olur.
Məsələ 2673: Əgər müəyyən şeyi bir şəxsə verməyi vəsiyyət etsə, sonra isə həmin malın yarısını başqasına verilməsini vəsiyyət etsə, gərək onu iki yerə bölsünlər və iki nəfərin hər birinə yarısını versinlər.
Məsələ 2674: Bir şəxs ölümünə səbəb olan xəstəlik halında malının müəyyən qismini bir şəxsə bağışlasa və ölümündən sonra da bir miqdarının başqasına verilməsini vəsiyyət edərsə, əgər malının üçdə birini hər
ikisinə verməyə kifayət etməsə və varislər də ondan artıq verilməsinə icazə verməzlərsə, gərək əvvəl bağışladığı malı, malın üçdə birindən çıxıb sonra da onun yerdə qalanını vəsiyyət edilən yerdə xərcləməlidirlər.
Məsələ 2675: Malının üçdə birinin satılmamasını və gəlirinin bir şeyə sərf edilməsini vəsiyyət edərsə, gərək onun dediyinə uyğun olaraq əməl etsinlər.
Məsələ 2676: Əgər ölümünə səbəb olan xəstəlik halında başqa birinə bir miqdar borclu olduğunu desə, belə ki, “bu sözü vərəsəyə ziyan vurmaq üçün söyləmişdir” deyə ittiham edilərsə, gərək təyin etdiyi miqdarı onun malının üçdə birindən verilsin. Əgər ittiham olunmasa, onun dediyinin nüfuzu vardır və gərək onun malının əslindən verilsin.
Məsələ 2677: İnsan bir şəxsə müəyyən şeyi verəcəyini vəsiyyət edərsə, vəsiyyət halında onun mövcud olmağı lazım deyildir. Deməli, o kəs vəsiyyət edənin ölümündən sonra mövcud olarsa, lazımdır ki, o şeyi ona versinlər. Əgər mövcud olmasa və belə ki, vəsiyyətdən bir neçə mətləb istifadə olunarsa, gərək onu vəsiyyət edənin nəzərinə daha yaxın olan başqa bir yerə sərf etsinlər. Əks təqdirdə varislər onu öz aralarında bölə bilərlər. Amma vəsiyyət etsə ki, onun malından bir şey ölümündən sonra bir kəsin malı olsun, əgər o şəxs vəsiyyət edənin ölən vaxtında mövcud olsa, hərçənd bədəndə ruh daxil olmamış uşaq olsa belə vəsiyyət səhih, əks təqdirdə isə batildir və onun üçün vəsiyyət ediləni vərəsələr öz aralarında bölərlər.
Məsələ 2678: Əgər insan, onu bir şəxs vəsi etdiyini bilib, onun vəsiyyətini yerinə yetirməyə hazır olmadığını bildirərsə, onun ölümündən sonra vəsiyyətinə əməl etməsi lazım deyildir. Amma ölməzdən qabaq onu vəsi etdiyini bilməsə və ya bilib ona xəbər verməsə ki, onun vəsiyyətinə əməl etməyə hazır deyildir, ona əziyyət olmadığı halda gərək onun vəsiyyətinə əməl etsin. Həmçinin əgər vəsi vəsiyyət edənin ölümündən əvvəl o zaman başa düşsə ki, vəsiyyət edən ağır xəstə olduğuna görə ya başqa bir maneəyə görə başqasına vəsiyyət edə bilməz, ehtiyat-vacibə əsasən gərək vəsi vəsiyyətini qəbul etsin.
Məsələ 2679: Əgər vəsiyyət edən ölsə, vəsi başqasını meyitin işlərini yerinə yetirmək üçün vəsi təyin edə bilməz və özü də o işlərdən kənara çəkilə bilməz. Amma vəsiyyət edənin məqsədi sadəcə bu işlərin edilməsi olub, yalnız vəsinin etməsi nəzərində olmamasını başa düşsə, o zaman başqasını öz tərəfindən vəkil təyin edə bilər.

Məsələ 2680: Əgər bir şəxs iki nəfəri birlikdə vəsi edərsə, belə ki, onlardan biri ölsə, ya dəli, yaxud kafir olsa, vəsiyyətin ibarələrindən başa düşülsə ki, belə hallarda digəri müstəqil şəkildə vəsidir, gərək həmin qaydada əməl olunsun. Əks halda şəriət hakimi başqa bir nəfəri onun yerinə təyin edər. Əgər hər ikisi ölsə, ya dəli, yaxud da kafir olsalar, şəriət hakimi başqa iki nəfəri təyin edər. Amma bir nəfər vəsiyyətə əməl edə bilərsə, iki nəfəri təyin etmək lazım deyildir.
Məsələ 2681: Əgər vəsi ölənin işlərini hərçənd başqasını vəkil və ya əcir tutmaqla da təkbaşına yerinə yetirə bilməsə, şəriət hakimi başqasını ona köməkçi təyin edər.
Məsələ 2682: Əgər ölən şəxsin malından bir miqdarı vəsinin əlində tələf olsa, belə ki, onu saxlamaqda səhlənkarlıq və ya israfçılıq etsə, məsələn, ölən şəxs “filan şəhərin fəqirlərinə bu qədər ver” deyibsə, o da malı başqa bir şəhərə apararkən yolda aradan getsə zamindir. Əgər səhlənkarlıq və israfçılıq etməyibsə zamin deyildir.
Məsələ 2683: Əgər insan bir şəxsi vəsi təyin etsə və “o şəxs ölsə, filankəs vəsi olsun” deyərsə, birinci vəsinin ölümündən sonra vəsiyyəti ikinci vəsi yerinə yetirməlidir.
Məsələ 2684: Ölənə istitaətlə vacib həcc, borclar və ödənməsi vacib olan xüms, zəkat, məzalim kimi verilməsi vacib olan hüquqların ödənilməsini meyit vəsiyyət etməmiş olsa da, gərək onun malının əslindən versinlər. Amma kəffarələr, nəzrlər, o cümlədən nəzir olunan həcc vəsiyyətlə malın üçdə birindən yerinə yetirilməlidir.
Məsələ 2685: Əgər ölən şəxsin malı borcdan, vacib həccdən və ona vacib olan məzalim, zəkat və xums kimi hüquqlardan artıq gəlsə, vəsiyyət etmiş olsa ki, malın üçdə birini və ya üçdə birinin bir miqdarını bir xərcə çatdırsınlar, gərək onun vəsiyyətinə əməl etsinlər. Əgər vəsiyyət etməyibsə, qalan şey vərəsənin malıdır.
Məsələ 2686: Ölən şəxsin təyin etdiyi xərc malın üçdə birindən artıq olarsa, onun malın üçdə birindən artıq olan miqdardakı vəsiyyəti, yalnız varislərin bu vəsiyyətə sözlə, ya əməllə icazə verdikləri təqdirdə səhihdir. Təkcə onların qəlbdə razı olması kifayət deyildir. Əgər onun ölümündən bir müddət keçdikdən sonra da icazə verərlərsə səhihdir. Əgər varislərdən bəzisi razı olub, bəziləri isə rədd edərlərsə, vəsiyyət yalnız vəsiyyətə razı olanların hissəsində səhih və keçərlidir.
Məsələ 2687: Əgər ölən şəxsin müəyyən etdiyi xərc onun malının üçdə birindən çox olsa və vərəsələr də icazə versələr, öz icazələrindən dönə bilməzlər. Əgər vəsiyyət edənin sağlığında rədd ediblərsə, ölümündən sonra icazə verə bilərlər. Amma o öləndən sonra rədd etsələr, ondan sonra icazə vermələrinin faydası yoxdur.
Məsələ 2688: Əgər vəsiyyət etsə ki, malının üçdə birindən xüms, zəkat, ya başqa bir borcu versinlər və onun orucu və namazı üçün əcir tutsunlar, həmçinin fəqirlərə təam vermək kimi müstəhəb bir iş yerinə yetirsinlər, gərək əvvəl onun borcunu malının üçdə birindən versinlər. Əgər bir şey artıq qalsa, onun namaz və orucu üçün əcir tutsunlar. Əgər ondan da bir şey artıq qalsa, müəyyən etdiyi müstəhəb işlərə çatdırsınlar. Belə ki, onun malının üçdə birini ancaq borcuna çatsa və vərəsələr də onun malının üçdə birindən çox xərclənməsinə icazə verməsələr, onun namaz və orucu üçün, həmçinin müstəhəb işlər üçün etdiyi vəsiyyət batildir.
Məsələ 2689: Borclarının verilməsini, namaz və oruclarına əcir tutulmasını və müstəhəb bir işin də edilməsini vəsiyyət edərsə və bunların malın üçdə birindən verilməsini vəsiyyət etməzsə, onun borcunu malın əslindən verməlidirlər. Əgər bir şey artıq qalsa, onun üçdə birini namaz və oruca, həmçinin müəyyən etdiyi müstəhəb işlərə çatdırsınlar. Malın üçdə birini onlara kifayət etməyən halda əgər vərəsələr icazə versələr, gərək onun vəsiyyətinə əməl olunsun. Əgər icazə verməsələr, gərək namaz və orucunu malın üçdə birindən versinlər. Əgər bir şey artıq qalsa, müəyyən etdiyi müstəhəb işlərə çatdırsınlar.
Məsələ 2690: Əgər bir şəxs “mərhum bu qədər məbləğin mənə verilməsini vəsiyyət etdi” deyərsə, iki adil kişi onun sözünü təsdiq edərsə və ya and içsə və bir adil kişi onu təsdiq etsə, ya bir adil kişi və iki adil qadın onun sözünü təsdiq edərsə, ya da dörd adil qadın onun sözünü təsdiq edərsə, söylənilən miqdar ona verilməlidir. Əgər bir adil qadın şahidlik edərsə, istədiyi malın dörtdə birini ona verilməlidir. Əgər iki adil qadın təsdiq edərsə, onun yarısını, əgər üç adil qadın təsdiq edərsə onun dörtdə üçünü ona verməlidirlər. Həmçinin şəhadət verəcək bir müsəlman tapılmasa öz dinlərində adil sayılan iki kitab əhli olan kafir, onun sözünü təsdiq etdikdə də tələb etdiyi şeyi ona verməlidirlər.
Məsələ 2691: Əgər bir şəxs “mən ölən şəxsin malını hər hansı bir yerdə istifadə etməkdə onun vəsisiyəm” deyərsə, iki adil kişi onun sözünü təsdiq edən halda, yaxud şəhadət vermək üçün bir müsəlman
olmazsa, öz dinlərində adil olan iki zimmə əhlinin təsdiqi ilə, habelə vərəsənin iqrar etməsi ilə də onun sözü sübut olunur.
Məsələ 2692: Malından müəyyən şeyin bir şəxsin malı olmasını vəsiyyət edərsə və o şəxs də qəbul və ya rədd etməzdən qabaq ölərsə, onun vərəsələri vəsiyyəti rədd etməyənə qədər o şeyi qəbul edə bilərlər. Amma bu hökm, vəsiyyət edənin öz vəsiyyətindən dönmədiyi təqdirdədir. Əgər vəsiyyətindən dönərsə, o şeydə haqları yoxdur.


İRSİN HÖKMLƏRİ → ← VƏQFİN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français