ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

AND İÇMƏYİN HÖKMLƏRİ → ← YEMƏLİLƏRİN VƏ İÇMƏLİLƏRİN HÖKMLƏRİ

NƏZR VƏ ƏHDİN HÖKMLƏRİ


Məsələ 2605: Nəzir, insanın Allah üçün xeyir bir iş etməyi, ya
da edilməməsi daha yaxşı olan bir işi tərk etməyi özünə vacib etməsinə deyilir.
Məsələ 2606: Nəzirdə əqd oxunmalıdır. Amma onun ərəb dilində oxunması lazım deyildir. Məsələn, “Xəstəm yaxşı olsa, Allah rizası üçün bir fəqirə 10 manat pul verəcəyəm” deyərsə, nəziri səhihdir. Əgər “Allah üçün bu işi görməyi nəzir edirəm” desə, ehtiyat-vacibə görə əməl etməlidir. Amma əgər Allahın adını çəkməsə, təkcə “nəzir etdim” desə, yaxud Allah övliyalarından birinin adını çəkərsə, nəzir səhih deyildir. Əgər nəzir səhih olsa və mükəlləf öz nəzrinə qəsdən əməl etməsə, günah etmiş olur və kəffarə verməlidir. Nəzrə əməl etməməyin kəffarəsi sonradan deyiləcəyi kimi, and ilə müxalifət etməyin kəffarəsi kimidir.
Məsələ 2607: Nəzir edən, gərək həddi-büluğa çatmış və ağıllı olsun, özü qəsd və ixtiyarla nəzir etməlidir. Buna görə də icbari və ya əsəbilik vasitəsilə, qeyri-ixtiyari və qəsdsiz nəzir edərsə səhih deyildir.
Məsələ 2608: Malını boş yerə xərcləyən səfeh şəxs fəqirə bir şey verməyi nəzir edərsə səhih deyildir. Həmçinin müflis olmuş bir şəxs, məsələn, istifadə edilməsi qadağan olunduğu mallarından bir şeyi fəqirə verməyi nəzir edərsə səhih deyildir.
Məsələ 2609: Ərinin əvvəldən icazə vermədiyi, yaxud sonradan icazəsi olmadan, qadının ərinin ondan ləzzət alma haqqına zidd olan hallarda, nəzir etməsi səhih deyildir. Hətta əgər evlilikdən əvvəl nəzir etmiş olsa, hökm eynidir. Qadının öz malından nəzir etməsi, ərindən icazəsi olmadan məhəlli işkaldır. Deməli, ehtiyata riayət olunmalıdır. Amma həcc, zəkat, sədəqə, ata-anaya ehsan etmək və sileyi-rəhm istisnadır.
Məsələ 2610: Əgər qadın ərinin icazəsilə nəzir edibsə, əri onun nəzrini poza bilməz və onu nəzrə əməl etməsinin qarşısını ala bilməz.
Məsələ 2611: Övladın nəzrində atasının icazəsi şərt deyil. Əgər ata, ya anası onu nəzir etdiyi əməldən çəkindirsə, onların nəhy etməsi mehribanlıq, ürəyiyananlıq üzündən olsa və övladın müxalifət etməsi onların əzab-əziyyətə düşməsinə səbəb olacaqsa, nəzir batil olur.
Məsələ 2612: İnsan ancaq özü üçün əməl etməsi mümkün olan bir işi nəzir edə bilər. Buna görə də Kərbəlaya piyada gedə bilməyən şəxs, Kərbəlaya piyada getməyi nəzir edərsə, onun nəzri səhih deyildir. Əgər nəzir etdiyi vaxt qadir olsa, lakin sonradan aciz olsa, onun nəzri batil olur, onun üzərinə heç bir şey vacib olmaz. Amma nəzir etdiyi şey oruc tutmaq olarsa və onu tutmağa qadir olmasa ehtiyat-vacibə əsasən ya bir fəqirə 750 qram yemək sədəqə versin, ya da başqa bir kəsə 1,5 kiloqram versin ki, onun əvəzinə oruc tutsun.
Məsələ 2613: Əgər məkruh, haram bir iş görməyi, yaxud vacib, müstəhəb işi tərk etməyi nəzir etsə, nəzri səhih deyil.
Məsələ 2614: Əgər mübah bir işi etməyi və ya tərk etməyi nəir edərsə, əgər o işi etmək və etməmək şərən hər cəhətdən bərabər olsa, onun nəziri səhih deyildir. Lakin onu etmək bir cəhətdən şərən daha yaxşı olsa və insan da həmin cəhətdən nəzir edərsə, məsələn, ibadətdə daha güclü olmaq üçün bir yemək yeməyi nəzir edərsə, nəzri səhihdir. Həmçinin onu tərk etmək bir cəhətdən şərən daha yaxşı olarsa, insan da həmin cəhətdən onu tərk etməyi nəzir edərsə, məsələn, siqaret tüstüsünün zərərli olduğu və şəri vəzifəsini ən gözəl şəkildə yerinə yetirməyə mane olduğu üçün siqaret çəkməməyi nəzir edərsə, nəzri səhihdir. Amma sonradan siqareti tərk etmək ona zərərli olarsa, nəzir batil olur.
Məsələ 2615: Öz vacib namazını, namazın savabını öz-özlüyündə artırmayan bir yerdə, yəni müəyyən bir otaqda qılmağı nəzir edərsə, əgər orada namaz qılmaq bir cəhətdən şərən daha yaxşıdırsa, məsələn, tənha olmaq vasitəsilə insan hüzuri-qəlb taparsa, o da bu cəhətdən nəzir edibsə, nəzir
səhihdir.
Məsələ 2616: Əgər bir işi görməyi nəzir edərsə, gərək onu nəzir etdiyi şəkildə etsin. Buna görə də əgər ayın birinci günü sədəqə verməyi və ya oruc tutmağı, ya da ayın əvvəlinin namazını qılmağı nəzir edərsə, bunları o gündən bir gün əvvəl və ya sonra edərsə kifayət deyildir. Həmçinin “xəstəm sağalarsa, sədəqə verəcəyəm” deyə nəzir edibsə, xəstəsi sağalmazdan əvvəl sədəqəni verərsə kifayət etməz.
Məsələ 2617: Oruc tutmağı nəzir etsə, amma vaxtını və miqdarını müəyyən etməsə, bir gün oruc tutsa kifayətdir. Əgər namaz qılmağı nəzir etsə, lakin miqdar və xüsusiyyətlərini müəyyən etməsə, iki rəkət namaz, ya vitr namazı qılsa kifayətdir. Əgər sədəqə verməyi nəzir etsə, amma onun növ və miqdarını müəyyən etməsə, «sədəqə verdi» deyiləcək miqdarda bir şey verərsə, nəzirinə əməl etmiş olar. Əgər Allah üçün hər hansı bir işi yerinə yetirməyi nəzir edərsə, bir namaz qılıb və ya bir oruc tutub, ya da bir sədəqə verərsə, nəzrini yerinə yetirmiş olar.
Məsələ 2618: Müəyyən bir gündə oruc tutmağı nəzir edərsə, gərək o günü oruc tutsun. Qəsdən o günü oruc tutmasa, gərək onun qəzasını tutmaqdan əlavə, kəffarəsini də versin. Amma o günü ixtiyarlı halda səfərə çıxa bilər və oruc tutmaya bilər. Səfərdə olsa, iqamət qəsdi edib, oruc tutması lazım deyildir. Əgər səfərə çıxmaq səbəbindən, ya xəstəlik və ya heyz kimi digər üzr səbəbindən o günü oruc tutmasa, o gününün qəzasını tutması lazımdır, amma kəffarəsi yoxdur.
Məsələ 2619: Əgər insan ixtiyarlı halda nəzirinə əməl etməsə, gərək kəffarə versin.
Məsələ 2620: Müəyyən bir vaxta qədər bir işi tərk etməyi nəzir edərsə, vaxt keçdikdən sonra o işi edə bilər. Əgər vaxtı keçməzdən qabaq unutqanlıq və ya çarəsizlik üzündən o işi edərsə, ona bir şey vacib olmaz. Fəqət yenə də o vaxta qədər gərək həmin işə əməl etməsin və ikinci dəfə müəyyən etdiyi vaxtdan qabaq üzrsüz olaraq o işi edərsə, gərək kəffarə versin.
Məsələ 2621: Bir şəxs hansısa əməli tərk etməyi nəzir etsə və onun üçün müəyyən bir vaxt təyin etməsə, əgər unutqanlıq, çarəsizlik, bilməməzlik və ya qəflət üzündən o əməli edibsə, ya bir kəs onu məcbur etsə, ya qasir cahil olsa, kəffarə ona vacib olmaz. Amma nəzir öz yerində qalır. Belə ki, əgər sonradan onu öz ixtiyarı ilə edərsə, gərək kəffarə versin.
Məsələ 2622: Hər həftə müəyyən bir gündə, məsələn, cümə günü, oruc tutmağı nəzir edərsə, əgər cümə günlərindən biri Ramazan və ya Qurban bayramı gününə düşərsə, ya cümə günü səfər və ya heyz kimi oruc tutmasına mane olan bir üzrü olarsa, o gün oruc tutmamalı və onun qəzasını tutmalıdır.
Məsələ 2623: Əgər bir miqdar sədəqə verməyi nəzir etsə və sədəqə verməzdən qabaq ölərsə, onun malından həmin miqdarı sədəqə vermək lazım deyil. Amma daha yaxşı odur ki, varislərdən həddi-büluğa çatanı həmin miqdarı öz payından və ölən şəxsin adından versin.
Məsələ 2624: Əgər müəyyən bir fəqirə sədəqə verməyi nəzir edərsə, onu başqa bir fəqirə verə bilməz. Əgər o fəqir ölərsə, onun varisinə
verməsi lazım deyil.
Məsələ 2625: Əgər İmamlardan hər hansı birinin (məsələn, Həzrəti Əba Əbdillahın (ə) ziyarətinə getməyi nəzir edib başqa İmamın ziyarətinə getsə kifayət deyil. Əgər müəyyən üzr səbəbilə həmin İmamı ziyarət edə bilməsə, ona bir şey vacib deyil.
Məsələ 2626: Ziyarətə getməyi nəzir edən, amma ziyarət qüslü və
ziyarət namazını nəzir etməyən bir şəxsin, onları yerinə yetirməsi lazım deyil.
Məsələ 2627: Əgər bir şəxs imamlardan və ya imam övladlarından birinin hərəmi üçün bir şey nəzir etsə və hansı işdə xərcləməyi nəzərində tutmasa, gərək onu hərəmin təmirində, işıqlandırılmasında, döşənmə və bu kimi işlərdə xərcləsin. Əgər mümkün olmasa, yaxud o hərəmin heç bir ehtiyacı olmasa, həmin hərəmin yoxsul ziyarətçilərinə sərf etməlidir.
Məsələ 2628: Əgər Peyğəmbər (s), ya imamlardan (ə), ya imam övladlarından biri, ya keçmiş alimlərdən və bu kimi şəxslərdən biri üçün bir şey nəzir edib müəyyən yerdə xərclənməsi qəsd edərsə, gərək ona sərf etsin. Amma müəyyən bir yerdə xərclənməsi qəsd etməyibsə, o həzrətlə əlaqəli bir yerə xərcləməlidir. Məsələn, onun fəqir ziyarətçilərinə və ya onun hərəminə, ya da onun adının daha da ucalmasına səbəb olan işlərə xərcləməlidir.
Məsələ 2629: Sədəqə və ya İmamlardan (ə) biri üçün nəzir edilmiş qoyun, nəzrə sərf edilməzdən əvvəl süd versə və ya doğarsa, ümumi qəsd etməyibsə, nəzir edən şəxsin malıdır. Amma qoyunun yunu və kökələn miqdarı nəzrə aiddir.
Məsələ 2630: Əgər xəstəsinin sağalması və ya səfərdə olanı qayıtması üçün bir işi nəzir edərsə, sonradan xəstənin nəzir etməzdən əvvəl sağaldığı və ya səfərdə olanın nəzrdən əvvəl qayıtdığı məlum olarsa, nəzrə əməl etməyi lazım deyildir.
Məsələ 2631: Əgər ata ya ana, qızını seyid olan və ya başqa bir şəxslə evləndirməyi nəzir edərsə, qızla əlaqədar bu nəzrin etibarı yoxdur və onun öhdəsinə bir fəzifə gəlməz.
Məsələ 2632: Əgər şəxs şəri olan hacətinə çatarsa, bir işi etməyi Allahla əhd etsə, hacətinə çatmış olsa, gərək o işi etsin. Həmçinin bir hacəti olmadan bir işi görməyi əhd edərsə, o işi etmək ona vacibdir.
Məsələ 2633: Əhddə də nəzirdə olduğu kimi, gərək əqd oxunsun. Məsələn, desin ki, “Allahla əhd etdim ki, belə edəm” yerinə yetrilməsi əhd olunan işin şərən daha yaxşı bir iş olmasa vacib deyil. Sadəcə şəriətdə nəhy edilməmiş işdən olmasa və əql sahiblərinin nəzərində üstünlüyə malik olması və ya şəxs üçün o işdə müəyyən məsləhət olması kifayətdir. Əgər əhd ediləndən sonra o işdə məsləhət olmasa, yaxud şərən bəyənilməyən olsa, hərçənd məkruh da olsa, ona əməl etmək lazım deyil.
Məsələ 2634: Əgər öz əhdinə əməl etməsə günah etmişdir və gərək kəffarə versin. Yəni altmış fəqiri doydurmalı, iki ay ardıcıl oruc tutmalı, yaxud bir qul azad etməlidir.
AND İÇMƏYİN HÖKMLƏRİ → ← YEMƏLİLƏRİN VƏ İÇMƏLİLƏRİN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français