ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

NƏZR VƏ ƏHDİN HÖKMLƏRİ → ← HEYVANLARIN BAŞINI KƏSMƏYİN VƏ - OVLAMAĞIN HÖKMLƏRİ

YEMƏLİLƏRİN VƏ İÇMƏLİLƏRİN HÖKMLƏRİ

Məsələ 2589: Şahin, kərkəs, qırğı və qartal kimi yırtıcı və caynaqlı olan hər quşun əti haramdır. Ehtiyat-vacibə əsasən bütün qarğa növləri də haramdır. Qanad çalması süzməsindən az olan hər quş caynaqlıdır və əti haramdır. Qanad çalması süzməsindən çox olan hər quşun da əti halaldır. Buna əsasən quşların əti halal olanlarını haram olanlardan onların uçma tərzinə baxmaqla ayırmaq mümkündür. Amma əgər bir quşun uçma tərzi məlum olmasa, əgər onun çinədanı, ya mədə və ya ayağının arxasında buynuzu varsa halaldır. Əgər bunlardan heç biri onda olmazsa haramdır. Amma deyilənlərdən başqa toyuq, göyərçin, sərçə, hətta dəvəquşu və tovuzquşu kimi digər quşların hamısı halaldır. Amma hüdhüd və qaranquş kimi bəzi quşları öldürmək məkruhdur. Yarasa kimi, uçduqları halda qanadları olmayan heyvanların əti isə haramdır. Həmçinin ehtiyat-vacibə əsasən, arı, milçək və digər uçan həşəratlar da eyni hökmü daşıyır.
Məsələ 2590: Ruhu olan bir şeyi, canlı bir heyvandan qopararlarsa, məsələn, quyruq və ya bir parça əti canlı bir qoyundan ayırarlarsa, nəcis və haramdır.
Məsələ 2591: Əti halal olan heyvanların bədəninin bəzi üzvləri haramdır:
1. Qan.
2. Fəzlə.
3. Erkək heyvanın cinsiyyət üzvü.
4. Dişi heyvanın cinsiyyət üzvü.
5. Balalıq.
6. “Duşul” adlanan vəzlər; (artıq ətlər.)
7. Erkəklik yumurtaları, (xayalar.)
8. Başın beyin nahiyəsində olan noxud ölçüsündə toxum.
9. Onurğa sütunun içində olan haram ilik.
10. Ehtiyat-vacibə əsasən, onurğa sütunun iki tərəfində olan piy.
11. Öd kisəsi.
12. Dalaq.
13. Sidik kisəsi.
14. Göz bəbəyi.
Bunların hamısı quş, balıq və çəyirtkə olmayan, əti halal heyvanlarda haram olan üzvlərdir. Quşlara gəlincə isə onların qan və ğaiti şübhəsiz haramdır. Amma bu ikisindən başqa, yuxarıda deyilən şeylərdən birisi onlarda olarsa, onun haram olması ehtiyat-vacibə əsasəndir. Həmçinin ehtiyat-vacibə əsasən balığın qan və fəzləsi, çəyirtkənin fəzləsi də eyni hökmü daşıyır. Bunlardan başqa şeylər onlarda haram deyil.
Məsələ 2592: Əti haram olan heyvanın sidiyini içmək haramdır. Əti halal olan heyvanların sidiyi də, hətta ehtiyat-lazıma əsasən dəvənin də sidiyi eyni hökmü daşıyır. Amma müalicə üçün dəvə, inək və qoyunun sidiyini içməyin eybi yoxdur.
Məsələ 2593: Palçığı yemək haramdır. Ehtiyat-lazıma əsasən torpaq və qum da eyni hökmü daşıyır. Müalicə üçün çarəsiz qaldığı halda Dağıstan, İrəvan və onlardan başqa palçığı yeməyin işkalı yoxdur. Şəfa tapmaq üçün Həzrət Seyyidüş-şühədanın (ə) türbətindən orta ölçülü noxud qədər yemək caizdir və əgər onu müqəddəs qəbrin özündən və ya ətrafından götürməsələr, hərçənd “imam Hüseynin (ə) türbəti” adlana bilsə də, ehtiyat-vacibə görə gərək bir miqdar suda və bu kimi şeydə həll etsinlər ki, aradan getsin. Sonra o suyu içsinlər. Həmçinin türbətin imam Hüseynin (ə) qəbrindən olmasına xatircəm olmasalar, bu barədə bir dəlil də olmasa, bu ehtiyata riayət etmək lazımdır.
Məsələ 2594: Burun suyu və ağıza gəlmiş sinə bəlğəmini udmaq haram deyil və həmçinin dişləri təmizləyərkən onun dibindən çıxan yeməyi udmağın eybi yoxdur.
Məsələ 2595: Ölümə səbəb olan, ya insana mühüm bir zərəri olan şeyi yemək haramdır.
Məsələ 2596: At, qatır və ulaq ətini yemək məkruhdur. Əgər bir şəxs onlarla yaxınlıq etsə, əti haram olar və yaxınlıqdan sonrakı südü və nəsilləri də ehtiyat-vacibə əsasən haram olar. Onların sidik və peyini də nəcis olar, gərək onları şəhərdən çıxartsınlar və başqa yerdə satsınlar. Yaxınlıq edən əgər onun sahibi deyilsə, lazımdır ki, onun qiymətini sahibinə versin. Satılmasından əldə edilən pul da yaxınlıq edən üçündür. Əgər əti adətən istifadə olunan heyvan ilə (məsələn, dəvə inək və qoyun) yaxınlıq etsə, onların sidik və peyini nəcis olar. Onların ətini yemək də haramdır. Ehtiyat-vacibə əsasən onların südünü içmək və yaxınlıqdan sonra onlardan törəyən nəsil də eyni hökmü daşıyır. Gərək dərhal o heyvanı öldürüb yandırsınlar, onunla yaxınlıq edən şəxs onun sahibi deyilsə, pulunu sahibinə versin.
Məsələ 2597: Əgər çəpiş donuzdan, ət və sümüyü qüvvət alan miqdarda süd əmərsə, onun özü, nəsli və südü haram olar. Amma bundan az miqdarda süd əmərsə, ehtiyat-vacibə əsasən istibra edilməlidir və bundan sonra halal olur. Onun istibrası isə yeddi gün pak süd əmməsi ilə olur, əgər süd əmməyə ehtiyacı yoxdursa, yeddi gün ot yeməlidir. Ehtiyat-vacibə əsasən südəmən buzov, quzu və digər əti halal heyvanların balaları da eyni hökmü daşıyır. Nəcis yeyən heyvanın da ətini yemək haramdır. Belə ki, istibra edilərsə, halal olar. Bunların da istibrasının necəliyi 219-cu məsələdə bəyan olub.
Məsələ 2598: Şərab içmək haramdır və bəzi hədislərdə böyük günahlardan hesab edilib. Həzrət İmam Sadiqdən (ə) rəvayət olunmuşdur ki, şərab pisliklərin kökü və günahların mənşəyidir. Şərab içən şəxs öz əqlini əldən verir və o zaman Allahı tanımır, heç bir günahdan çəkinmir, heç kəsin ehtiramını saxlamır, yaxın qohumlarının haqqına əməl etmir, aşkar çirkinliklərdən üz döndərmir. Əgər bir qurtum içsə, Allah, mələklər, peyğəmbərlər və möminlər ona lənət edərlər. Əgər sərxoş olana qədər içərsə, iman və Allah tanımaq ruhu ondan uzaqlaşar, onun yerinə nöqsanlı xəbis ruh qərarlaşar. Qırx günə kimi onun namazı qəbul olmur.
Məsələ 2599: Şərab içilən süfrədən bir şey yemək haramdır. Ehtiyat-vacibə əsasən şərab içilən süfrədə oturmaq haramdır.
Məsələ 2600: Hər müsəlmana vacibdir ki, öz canı təhlükədə olmasa, aclıqdan və ya susuzluqdan ölmək ərəfəsində olan başqa bir müsəlmana su və çörək verib ölümdən nicat versin. Həmçinin o şəxs müsəlman olmasa da, qətli vacib olmayan bir insandırsa, hökm eynidir.

Yemək yeməyin ədəbləri

Məsələ 2601: Yemək yeyərkən bir neçə şey müstəhəbdir:
1. Yeməkdən qabaq hər iki əli yumaq.
2. Yeməkdən sonra əlini yuyub dəsmal ilə qurulamaq.
3. Süfrə sahibi yeməyə hamıdan əvvəl başlasın və hamıdan sonra qurtarsın. Yeməkdən əvvəl süfrə sahibi öz əlini yusun, sonra onun sağ tərəfində oturan adamdan başlayıb, onun sol tərəfində oturan adama qədər tərtib ilə əllərini yusunlar. Yeməkdən sonra süfrə sahibinin sol tərəfində oturandan başlayıb süfrə sahibinə qədər əllərini yusunlar.
4. Yeməyə başlayanda “Bismillah” desin. Amma süfrədə bir neçə növ yemək olsa, onların hər birini yeməyə başlayanda «Bismillah» desin.
5. Yeməyi sağ əli ilə yemək.
6. Üç barmaq, ya çox barmaqla yemək ; İki barmaqla yemək yeməsin.
7. Əgər bir neçə nəfər süfrədə otursalar, hər şəxs öz qabağındakı yeməklərdən yesin.
8. Tikəni kiçik götürsün.
9. Süfrə başında çox otursun və yeməyi uzatsın.
10. Yeməyi yaxşı çeynəsin.
11. Yeməkdən sonra aləmlərin Rəbbinə həmd etsin.
12. Barmaqlarını yalasın.
13. Yeməkdən sonra dişlərini təmizləsin, amma reyhan, qamış, nar çubuğu və xurma ağacının yarpağı ilə təmizləməsin.
14. Süfrənin kənarına tökülən şeyi yığıb yesin. Amma əgər səhrada yemək yeyirsə, müstəhəbdir ki, yerə tökülənləri quşlar və heyvanlar üçün saxlasın.
15. Günün əvvəlində və gecənin əvvəlində yemək yesin, gecənin ortasında və günün ortasında yemək yeməsin.
16. Yeməkdən sonra arxası üstə uzansın və sağ ayağını sol ayağının üstünə qoysun.
17. Yeməyin əvvəlində və axırında duz yesin.
18. Meyvəni yeməmişdən qabaq su ilə yusun.

Yemək yeyərkən məkruh olan şeylər

Məsələ 2602: Yemək yeyərkən bir neçə şey məkruhdur:
1. Tox olduğu halda yemək yemək.
2. Çox yemək; Hədislərdə Allahın hər şeydən çox, dolu qarından acığı gəldiyi nəql olunub.
3. Yemək yeyərkən başqalarının üzünə baxmaq.
4. Çox isti xörək yemək.
5. İçdiyi və ya yediyi bir şeyi üfürmək.
6. Süfrəyə çörək qoyduqdan sonra başqa bir şeyi gözləmək.
7. Çörəyi bıçaqla kəsmək.
8. Çörəyi xörək qabının altına qoymaq.
9. Sümüyə yapışmış əti heç bir şey qalmayacağı şəkildə təmizləmək.
10. Qabıqlı yeyilən meyvənin qabığını soymaq.
11. Meyvəni tamam yemədən atmaq.

Su içməyin qaydaları

Məsələ 2603: Su içməyin bir neçə qaydası vardır:
1. Suyu sovurub içmək.
2. Gündüz ayaq üstə su içmək.
3. Suyu içməmişdən qabaq «Bismillah», sonra isə «Əlhəmdu lillah» demək.
4. Suyu üç dəfəyə içmək.
5. Meyli olanda su içmək.
6. Su içəndən sonra İmam Hüseyn (ələyhis-səlam) və onun əhli-beytini yad edib və onun qatillərinə lənət göndərmək.

Su içəndə məkruh olan işlər

Məsələ 2604: Çox su içmək, yağlı xörəkdən sonra və gecə ayaq üstə içmək bəyənilməz hesab edilir. Suyu sol əli ilə, həmçinin qabın sınıq yerindən və onun dəstəsi olan yerindən içmək bəyənilməz hesab olunub.
NƏZR VƏ ƏHDİN HÖKMLƏRİ → ← HEYVANLARIN BAŞINI KƏSMƏYİN VƏ - OVLAMAĞIN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français