Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ
Axtarış:
YEMƏLİLƏRİN VƏ İÇMƏLİLƏRİN HÖKMLƏRİ →
← QƏSBİN HÖKMLƏRİ
HEYVANLARIN BAŞINI KƏSMƏYİN VƏ - OVLAMAĞIN HÖKMLƏRİ
Məsələ 2548: Əti halal olan heyvanlar, istər vəhşi olsun, istər ev heyvanı, əgər onların başlarını sonra deyiləcək qayda ilə kəssələr, can verəndən sonra, onun əti halal və bədəni pakdır. Amma dəvənin, balığın və çəyirtkənin halal olması üçün başqa yol var ki, sonrakı məsələlərdə qeyd olunacaq.
Məsələ 2549: Əti halal olan vəhşi heyvanlar, məsələn, ceyran, kəklik, dağ keçisi və əti halal olub sonradan vəhşi olan, yaxud sonradan qaçıb vəhşi olmuş və tutulması mümkün olmayan əhliləşmiş öküz və dəvə, sonra deyiləcək qayda ilə ovlansalar pak və halaldır. Amma qoyun, toyuq kimi əti halal olan heyvanla, tərbiyə edilərək əhli olmuş əti halal vəhşi bir heyvan ovlamaqla pak və halal olmaz.
Məsələ 2550: Əti halal olan vəhşi heyvan qaça və ya uça bildiyi təqdirdə (ovlandıqda) pak və halal olur. Deməli, ceyranın qaça bilməyən, kəkliyin uça bilməyən balasını ovlamaqla pak və halal olmur. Əgər ahu və onun qaça bilməyən balası bir güllə ilə ovlansa, ahu halal, balası haram olur.
Məsələ 2551: Balıq kimi sıçrayan qana malik olmayan, əti halal olan bir heyvan özü-özünə ölərsə pakdır. Amma onun ətini yemək olmaz.
Məsələ 2552: Əti haram olan və qanı sıçramayan heyvanın, məsələn, ilan və kərtənkələ kimi ölüsü pakdır. Deməli, onu ovlamağın və ya başını kəsməyin təsiri yoxdur.
Məsələ 2553: İt və donuzu ovlamaqla və başını kəsməklə pak olmaz və onların ətini yemək də haramdır. Həmçinin yerdə yuva quran, sıçrayan qanı olan siçan kimi heyvanın baş kəsmək və ya ovlamaqla əti və ya dərisi pak olmur.
Məsələ 2554: Əvvəlki məsələdə deyilmişlərdən başqa əti haram olan heyvanları silah ilə ovlamaq, ya başını kəsməklə ətləri və dəriləri pak olur, istər yırtıcı olsunlar, istər qeyrisi. Hətta əgər (fiqhi nəzərdə ixtilaflı olan) fil, ayı və meymun olsa belə. Amma əti haram olan heyvanı silah, itlə şikar etsələr, pak olması məhəlli işkaldır.
Məsələ 2555: Əgər diri heyvanın qarnından ölü bala çıxsa, ya onu çıxarsalar, onun ətini yemək haramdır.
Heyvanların başını kəsməyin qaydası
Məsələ 2556: Heyvan kəsməyin üsulu belədir. Onun dörd böyük damarını tamam kəsməlidirlər: 1- Nəfəs borusu, 2- Udlaq (yemək borusu) 3-4-Hülqum və udlağın yan tərəflərində olan iki yoğun damar. Əgər onları yarsalar və ya təkcə hulqumu kəsərlərsə, ehtiyat-vacibə görə kifayət deyil. Bu dörd damarın kəsilməsi, boğazdakı hulqum ilə udlağın ayrıldığı çıxıntının altından kəsilməsə, düz olmaz.
Məsələ 2557: Əgər dörd damardan bəzisini kəssələr və gözləsələr ki, heyvan ölsün və sonra qalanını kəssinlər, faydası yoxdur. Amma onları can verməmişdən qabaq kəssələr, adi qaydada bir-birinin ardınca olmasa, o heyvan pak və halaldır.
Məsələ 2558: Əgər qurd qoyunun boğazını, boynunda kəsilməli olan dörd damardan bir şey qalmayacağı şəkildə yırtsa, o qoyun haram olur. Həmçinin əgər hulqumundan da bir şey qalmasa, hətta bir miqdar boynundan yırtsa və dörd damar başından asılı qalsa, ya bədəninə birləşik qalsa, o qoyun ehtiyat-vacibə əsasən haram olur. Amma bədəninin başqa bir yerini yırtsa, əgər qoyun diri olsa və deyilmiş qayda ilə başını kəssələr, halal və pak olar. Bu hökm təkcə qurd ilə qoyuna aid deyil.
Heyvanların başını kəsməyin şərtləri
Məsələ 2559: Heyvanın başını kəsməyin bir neçə şərti vardır:
1. Heyvanın başını kəsən istər kişi olsun, istərsə qadın, gərək müsəlman olsun. Müsəlman uşağı əgər müməyyiz olsa, yəni yaxşı ilə pisi ayıra bilirsə, heyvanın başını kəsə bilər. Amma kitab əhli olmayan kafir və ya kafir hökmündə olan firqələrdən bir kəs, məsələn, nəvasib kimi, heyvanın başını kəssə, o heyvan halal olmaz. Hətta kitab əhli olan kafir, heyvanın başını kəssə, hərçənd “Bismillah” demiş olsa belə, ehtiyat-vacibə əsasən o heyvan halal olmur.
2. Heyvanın başını imkan daxilində dəmirdən olan şey ilə kəsməlidirlər. Ehtiyat-vacibə əsasən istil bıçaqla kəsmək kifayət deyil. Əgər dəmir tapılmasa, onun dörd damarını ayıra biləcək iti bir şey ilə, hərçənd onun başını kəsməyə münasib zəruriyyət olmasa belə, məsələn, şüşə və daş ilə də kəsmək olar.
3. Heyvan başı kəsilən vaxtı üzü qibləyə olmalıdır. Deməli, əgər ayaq üstə, ya oturan halda olsa, heyvanın üzü qibləyə olmağı insanın namazda üzü qibləyə olan halı kimidir. Əgər heyvan sağ, ya sol tərəfində uzadılmış olsa, gərək kəsilən yeri və qarnı üzü qibləyə olsun və onun ayaqlarının, əllərinin və üzünün qibləyə tərəf olmağı lazım deyil. O kəs ki, heyvanın başının üzü qibləyə kəsilməsini bilir və qəsdən onu qibləyə tərəf çevirməsə, heyvan haram olur. Amma yadından çıxarsa, məsələni bilməsə, ya qibləni səhv salsa eybi yoxdur. Əgər qiblənin hansı tərəfdə olduğunu bilməsə, ya başqasının köməyi ilə də olsa heyvanı üzü qibləyə tərəf çevirə bilməsə, belə ki, heyvan ipə-sapa yatmayan olsa, ya bir çalaya düşmüş olsa və onu kəsməyə məcbur olsalar, hər istiqamətə zibh etsələr eybi yoxdur. Əgər üzünü qibləyə çevirməkdə yubansalar, heyvan öləcəksə, hökm eynidir. Heyvanın üzü qibləyə kəsilməsinə etiqadı olmayan müsəlmanın zibh etməsi, üzü qibləyə kəsməsə də səhihdir. Ehtiyat-müstəhəb budur ki, heyvanın başını kəsənin də üzü qibləyə olsun.
4. Heyvanın başını kəsən vaxt, ya bıçağı boğazına qoyduqda onu kəsən şəxsin özü baş kəsmək niyyəti ilə Allahın adını çəksin. Əgər kəsən şəxsdən başqası Allahın adını çəksə kifayət deyil. “Bismillah” desə, hətta əgər yalnız “Allah” desə, ehtiyatın xilafına olsa da kifayətdir. Əgər baş kəsmək qəsdi olmadan Allahın adını çəksə, ya məsələni bilmədiyinə görə Allahın adını çəkməsə, o heyvan halal olmaz. Amma yaddan çıxarıb Allahın adını çəkməsə eybi yoxdur.
5. Heyvan başı kəsildikdən sonra gözünü, ya quyruğunu hərəkət etdirməklə, ya ayağı yerə vurmaqla olsa belə çırpınmalıdır. Bu hökm heyvanın diri olmasına şübhə olduğu təqdirdədir. Əgər belə olmasa, heç bir lüzum yoxdur.
6. Heyvanın bədənindən adi miqdarda qan axmalıdır. Əgər qan onun damarlarında laxtalanarsa və ondan qan axmazsa və ya axan qan o növ heyvana nisbətdə az olarsa, o heyvan halal olmur. Amma az qanın axması heyvanın başını kəsməkdən əvvəl qan axması olduğuna görə olsa, o halda eybi yoxdur.
7. Boğazın kəsilməsi zibh etmək qəsdi ilə olmalıdır. Deməli, əgər bıçaq birinin əlindən düşsə və ixtiyarsız olaraq bir heyvanın başını kəssə, yaxud başı kəsən adam yuxulu, məst, bihuş, uşaq, dəli və başqa məqsədlə bıçağı heyvanın başına çəksə və təsadüfən kəssə halal olmaz.
Məsələ 2560: Ehtiyat-vacibə əsasən ruh bədənindən çıxmamış heyvanın başını bədənindən ayırmaq olmaz. Belə ki, bu iş heyvanın haram olmağına səbəb olmaz. Amma bilməməzlikdən olsa, ya bıçaq iti olduğuna görə baş ayrılsa, eybi yoxdur. Həmçinin ehtiyat-vacibə görə heyvanın boynunu sındırmaq və boynundan quyruğuna qədər uzanan və nuxa (onurğa beyini) adlanan ağ damarı, ruh bədənindən çıxmamış kəsmək icazəli deyildir.
Dəvənin nəhr edilməsinin qaydaları
Məsələ 2561: Dəvənin can verdikdən sonra pak və halal olması üçün heyvanları kəsmək üçün deyilən şərtlərlə birlikdə bıçağı, yaxud da dəmirdən düzəldilmiş və kəsici olan aləti sinə ilə boyun arasında yerləşən çuxur yerə batırmalıdır. Daha yaxşı budur ki, dəvə nəhr olunanda ayaq üstə olsun.
Məsələ 2562: Əgər bıçağı dəvənin boynunun çuxuruna batırmaq əvəzinə onun başını kəssələr və ya qoyun, inək və bu kimi heyvanları kəsmək əvəzinə dəvə kimi boyunlarının çuxuruna bıçaq batırsalar, onların əti haram, bədənləri isə nəcisdir. Amma dəvəni zibh etsələr və ölməmişdən əvvəl bıçağı boynunun çökəkliyinə batırsalar, onun əti halal və bədəni pakdır. Həmçinin əgər inək, qoyun və bu kimi heyvanların boynunun çuxuruna bıçaq batırıb diri ikən başını kəssələr halal və pakdır.
Məsələ 2563: Əgər dəvə özbaşınalıq etsə ipə-sapa yatmasa, onu şəriətdə deyilən qayda ilə kəsə bilməsələr, ya məsələn, quyuya düşsə və orada öləcəyinə ehtimal verərlərsə, onu şəri qayda ilə kəsmək mümkün olmasa, bədəninin hər hansı yerinə bir yara vurub, o yaranın təsirindən can verərsə halal olar. Bu halda onun üzünü qibləyə çevirmək də lazım deyil. Amma heyvanın başını kəsmək üçün o biri şərtlərin də olması lazımdır.
Heyvan kəsiləndə müstəhəb olan şeylər
Məsələ 2564: Fəqihlər (Allah onlara rəhmət eləsin) heyvanın başının kəsilməsində bir neçə şeyi müstəhəb bilmişlər:
1. Qoyun kəsərkən, iki əl və bir ayağını bağlamaq, o biri ayağını isə sərbəst buraxmaq; İnək kəsərkən dörd ayağını da bağlayıb, quyruğunu sərbəst buraxmaq; Dəvə kəsərkən oturaq halda olsa, iki qabaq ayağını aşağıdan dizə qədər və ya qoltuğunun altında bir-birinə bağlayıb, arxa ayaqlarını sərbəst buraxmaq, əgər ayaq üstə olsa, sol ayağını bağlamaq. Toyuğu kəsildikdən sonra çırpınması üçün sərbəst buraxılması müstəhəbdir.
2. Heyvanı kəsməzdən əvvəl qabağına su qoymaq.
3. Heyvanı az əzab-əziyyət çəkəcək şəkildə kəssinlər. Məsələn, bıçağı yaxşı itiləsinlər və başını tez kəssinlər.
Heyvan kəsəndə məkruh olan şeylər
Məsələ 2565: Bəzi rəvayətlərdə heyvan kəsilərkən bir neçə şey məkruh sayılmışdır:
1. Canı çıxmazdan əvvəl heyvanın dərisini soymaq.
2. Heyvanı öz cinsindən olan başqa bir heyvanın gözü qabağında kəsmək.
3. Heyvanı gecə və ya cümə günü zöhrdən əvvəl kəsmək, amma ehtiyac olduğu halda məkruh deyil.
4. İnsanın özünün bəslədiyi dörd ayaqlı heyvanın başını kəsməsi.
Silah ilə ov etmənin hökmləri
Məsələ 2566: Əgər əti halal olan vəhşi heyvanı silah ilə ovlasalar və o ölsə, beş şərt ilə halal və bədəni pak olar.
1. Ov silahı bıçaq və qılınc kimi kəsici və ya nizə və ox kimi iti olsun ki, heyvanın bədənini parçalasın. İkinci halda, əgər silahın süngüsü olmasa, halal olmasının şərti budur ki, heyvanın bədənini yaralasın, yaxud parçalasın. Əgər süngüsü olsa, yaralamasa da belə, onu öldürməsi kifayətdir. Əgər tələ, ağac və ya daş və bu kimi vasitə ilə bir heyvanı ovlasalar, öldüyü təqdirdə pak olmaz və onu yemək də haramdır. Həmçinin ehtiyat-vacibə əsasən silah olmayan iti bir şeylə, məsələn, böyük iynə, çəngəl, kabab şişi və bu kimi şeylə heyvanı ovlasalar hökm eynidir. Əgər bir heyvanı tüfəng ilə ovlasalar, belə ki, onun gülləsi heyvanın bədəninə daxil olaraq onu parçalayarsa pak və halaldır, istər güllə iti olsun, istər
olmasın. Güllənin də dəmirdən olması lazım deyil. Amma güllə heyvanın bədəninə daxil olmasa və təzyiq nəticəsində heyvanı öldürsə, ya onun istiliyi ilə heyvanın bədənini yandırsa və yandırmaq nəticəsində heyvan ölsə, onun pak və halal olması işkallıdır.
2. Ov edən şəxs gərək müsəlman və ya yaxşı ilə pisi başa düşən müsəlman uşağı olsun. Əgər əhli-kitab olmayan kafir, ya kafir hökmündə olan (nəvasib kimi) şəxs bir heyvanı ovlasa, o ov halal deyil. Hətta əgər kitab əhli olan kafir bir heyvan ovlasa və Allahın adını çəksə də, ehtiyat-vacibə əsasən o heyvan halal olmur.
3. Silahı heyvan ovlamaq üçün işlətsin. Əgər bir yeri nişan alıb təsadüfən bir heyvanı öldürsə, o heyvan pak deyil və ətini yemək də haramdır. Amma bir heyvanı tuşlayıb atsa və başqasına dəyib öldürsə, halal olur.
4. Silahı işlədən vaxt Allahın adını çəksin, belə ki, hədəfə dəyməzdən əvvəl Allahın adını çəksə kifayət edər. Amma bilə-bilə Allahın adını çəkməsə, ov halal olmaz, lakin yaddan çıxarsa eybi yoxdur.
5. Heyvana çatanda ölmüş olsun və ya diri olarsa da, başını kəsəcək qədər vaxt olmamalıdır. Əgər başını kəsəcək qədər vaxtı olduğu halda, heyvanın başını kəsməsə və heyvan ölərsə, o heyvan haramdır.
Məsələ 2567: Əgər iki nəfər bir heyvan ovlasalar, onlardan biri yuxarıda deyilən şərtlərə əməl etsə, amma o biri əməl etməsə, məsələn, ikisindən biri Allahın adını çəksə, o biri isə bilə-bilə Allahın adını çəkməsə, o heyvan halal deyil.
Məsələ 2568: Əgər heyvanı, məsələn, güllə ilə vurduqdan sonra suya düşsə və insan onun həm güllə, həm də suya düşmək səbəbilə can verdiyini bilsə halal deyil. Hətta təkcə güllə səbəbilə ölüb-ölməməsində şəkk etsə də halal deyil.
Məsələ 2569: Əgər bir şəxs qəsbi it və ya qəsbi silah ilə heyvanı ovlasa, ov halal və onun öz malıdır. Amma günah etməklə yanaşı silahın və ya itin muzdunu sahibinə verməlidir.
Məsələ 2570: Əgər qılınc kimi ovçuluq aləti ilə heyvanın qol və ayağı kimi üzvlərindən birini ayırarsa, o üzv haram olar. Amma 2566-cı məsələdə deyilən şərtlərə uyğun olaraq o heyvanın başını kəsərlərsə, onun bədəninin yerdə qalanı halal olur. Əgər ovçuluq aləti keçən şərtlərə uyğun olaraq heyvanın bədəninin boyun və başını bir tərəfə salsa və insan heyvana can verəndən sonra çatarsa, hər iki hissə halal olur. Heyvanın canlı olduğu halda başını kəsəcək qədər fürsət olmadığı təqdirdə də hökm eynidir. Amma heyvanın başını kəsə biləcək qədər fürsət olub, heyvanın bir müddət canlı qalması mümkün olarsa, baş və boyunun üzərində olmayan hissə haramdır, baş və boyun üzərində olan hissə isə şəriətdə göstərilən göstərişə uyğun olaraq kəsilərsə halal, əks təqdirdə o da haramdır.
Məsələ 2571: Əgər ağac, daş və ya ov etmək səhih olmayan başqa şeylə bir heyvanı iki yerə bölsələr, üstündə baş və boynu olmayan tərəf haramdır. Baş və boynu olan tərəf isə əgər diri olsa və bir qədər diri qalmağı mümkün olsa, şəriətdə müəyyən olunmuş qayda ilə onun başını kəssələr halal olar. Əgər belə olmasa, o hissəsi də haram olar.
Məsələ 2572: Əgər bir heyvanı ovlasalar və ya başını kəssələr, onun qarnından balası diri çıxsa, bu halda onu şəriət qaydalarına uyğun kəssələr halal, əks halda isə haramdır.
Məsələ 2573: Əgər bir heyvanı ovlasalar, ya başını kəssələr və onun qarnından ölü bala çıxarsalar, bala həmin heyvanı öldürməzdən əvvəl ölməmiş olsa və həmçinin o heyvanın qarnından gec çıxarma səbəbindən də ölməyibsə, belə ki, balanın xilqəti tamamlanmış olub bədəninin tük və ya yunu çıxıbsa pak və halaldır.
Ov iti ilə ov etmək
Məsələ 2574: Əgər ov iti əti halal olan vəhşi bir heyvanı ovlasa, o heyvanın pak və halal olmasının altı şərti vardır:
1. İt elə tərbiyə olunsun ki, onu nə vaxt ovu tutmaq üçün göndərsələr getsin və nə vaxt getməyinin qarşısını alsalar dayansın. Amma ova yaxınlışdığı və onu gördüyü zaman qarşısını almaqla dayanmazsa, zərəri yoxdur. Həmçinin sahibi gələnədək ovdan yeməyi adət etmişsə eybi yoxdur. Ovun qanını yeməyi adət etmiş olsa da eybi yoxdur. Amma ehtiyat-vacibə əsasən sahibi ovu ondan almaq istədiyi vaxt mane olmamasının onda adət olması şərtdir.
2. Sahibi onu göndərsin, əgər özü ovun dalınca getsə və bir heyvanı ovlasa, o heyvanı yemək haramdır. Hətta əgər it özü ovun dalınca getsə və sonradan sahibi səslənsə ki, iti daha tez ova çatdırsın, sahibinin səsi ilə tələssə də ehtiyat-vacibə əsasən o ovu yeməkdən çəkinsinlər.
3. İti göndərən şəxs silahla ovlama bəhsində deyildiyi kimi gərək müsəlman olsun.
4. Ovçu iti göndərən vaxt, ya it heyvana çatmazdan qabaq Allahın adını çəksin. Əgər bilə-bilə Allahın adını çəkməsə, ov haramdır. Amma yaddan çıxarsa eybi yoxdur.
5. Ov itin dişindən aldığı yara səbəbilə ölsün. Deməli, it ovu boğsa, yaxud ov qaçmaqla və ya qorxudan ölsə halal deyil.
6. İti göndərən şəxs ora çatan zaman heyvan ölmüş olsun, əgər diridirsə, baş kəsməyə vaxt olmasın (ova çatmaqda adi haldan artıq gecikməsin). Əgər heyvanın başını kəsə biləcək qədər vaxtın olduğu halda çatsa və heyvan ölənə qədər başını kəsməsə halal deyildir.
Məsələ 2575: İti göndərən şəxs ora çatan zaman heyvanın başını kəsə bilərsə, belə ki, bıçağı çıxartmaq kimi hazırlıq görəndə vaxt keçsə və o heyvan ölsə halaldır. Amma əgər heyvanı kəsmək üçün yanında bir şey olmasa və heyvan ölsə, ehtiyat-vacibə əsasən halal deyil. Əlbəttə bu halda heyvanı buraxsa və it onu öldürsə halal olar.
Məsələ 2576: Əgər bir neçə iti birlikdə bir heyvanı ov etmək üçün göndərsələr, belə ki, onların hamısında 2574-cü məsələdə deyilmiş şərtlər olsa, ov halaldır. Əgər onların birində o şərtlər olmasa, ov haramdır.
Məsələ 2577: Əgər iti bir heyvanı ovlamaq üçün göndərsə və it başqa heyvanı ovlasa, o ov halal və pakdır. Həmçinin əgər o heyvanı başqa bir heyvan ilə birlikdə ovlasa, onların hər ikisi halal və pak olar.
Məsələ 2578: Əgər neçə nəfər birlikdə iti göndərsələr və onlardan biri bilə-bilə Allahın adını çəkməsə, həmin ov haramdır. Həmçinin əgər göndərdikləri itlərdən biri 2574-cü məsələdə deyildiyi kimi tərbiyə olunmasa, o ov haram olar.
Məsələ 2579: Əgər şahin və ya ov itindən başqa bir heyvan hansısa heyvanı ovlasa, o ov halal deyil. Amma ovlanan heyvana canlı olduğu halda yetişərlərsə və onu İslami qaydalara əsasən kəsərlərsə halaldır.
Balıq və çəyirtkə ovu
Məsələ 2580: Əgər əsl yaradılışında pulcuğu olan balıq, sonradan hər hansı bir səbəbə görə pulcuğu tökülmüş olsa da, sudan diri tutulub kənarda can verərsə, pak və onu yemək halaldır. Belə ki, suda ölsə pak, amma onu yemək haramdır. Hərçənd zəhər kimi bir səbəblə ölmüş olsa belə. Amma balıqçının torunda suda ölərsə, bu halda onu yemək halaldır. Pulcuqsuz balığı sudan diri tutsalar da, sudan kənarda can versə də haramdır.
Məsələ 2581: Əgər balıq sudan kənara düşsə və ya dalğa onu kənara atsa, yaxud su çəkilsə və balıq quruda qalsa, belə ki, ölməmişdən qabaq bir kəs onu əl ilə ya başqa bir şey ilə tutsa, can verəndən sonra halal olar. Əgər tutmazdan əvvəl ölsə haramdır.
Məsələ 2582: Balıq tutan adamın müsəlman olmağı və tutan zaman Allahın adını çəkməsi lazım deyil. Amma gərək müsəlman, onun sudan diri tutulduğunu və ya suyun içində balıqçının torunda öldüyünü görsün, ya da başqa bir yolla buna xatircəm olsun.
Məsələ 2583: Sudan diri və ya ölü tutulması məlum olmayan balıq müsəlmanın əlində olsa və onda halal olmasını göstərən bir təsərrüf etsə, məsələn, yemək, ya satmaq kimi, halaldır. Əgər kafirin əlində olsa, diri tutduğunu desə də haramdır. Amma insanın, onun sudan diri tutulduğuna və ya suda balıqçı torunda öldüyünə xatircəmliyi olarsa halaldır.
Məsələ 2584: Canlı balığı yemək halaldır.
Məsələ 2585: Əgər diri balığı qızartsalar, ya sudan kənarda can verməmişdən qabaq öldürsələr, onu yemək caizdir.
Məsələ 2586: Əgər balığı sudan kənarda iki yerə bölsələr və onun bir hissəsi diri halda suya düşsə, sudan kənarda qalmış hissəni yemək caizdir.
Məsələ 2587: Əgər çəyirtkəni əl və ya başqa bir şey ilə diri tutsalar, can verəndən sonra halaldır. Onu tutan şəxsin müsəlman olması və tutan vaxt Allahın adını çəkməsi lazım deyil. Amma ölü çəyirtkə kafirin əlində olsa, onun diri ya ölü tutulması məlum olmasa, “diri tutmuşam” deməsinə baxmayaraq haramdır.
Məsələ 2588: Qanad çıxarmamış və uça bilməyən çəyirtkəni yemək haramdır.