ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

HEYVANLARIN BAŞINI KƏSMƏYİN VƏ - OVLAMAĞIN HÖKMLƏRİ → ← TƏLAQIN HÖKMLƏRİ

QƏSBİN HÖKMLƏRİ


Qəsb odur ki, insan zülm ilə başqasının haqqına, ya malına sahib olsun. Bu da əql, Quran və rəvayətlərin hökmü ilə haramdır. Peyğəmbəri Əkrəmdən (s) rəvayət olunub: “Hər kəs bir qarış torpağı başqasından qəsb etsə, Qiyamət günü o torpağı onun yeddi təbəqəsi ilə birlikdə boyunbağı kimi onun boynundan asacaqlar”.
Məsələ 2511: Əgər insan hamı üçün tikilmiş məscid, mədrəsə, körpü və başqa yerlərdən camaatın istifadə etməsini qoymasa, onların haqqını qəsb etmişdir. Həmçinin bir kəs məsciddə özü üçün bir yer tutsa və başqası da onun oradan istifadə etməsini qoymazsa, günah etmişdir.
Məsələ 2512: Əgər girov qoyan və girov götürən qərar versələr ki, girov qoyulan girov götürənin, ya üçüncü şəxsin əlində olsun, girov verən girov qoyduğu əşyanın əvəzini ödəməmiş qoyduğu girovu götürə bilməz. Əgər götürsə, gərək dərhal qaytarsın.
Məsələ 2513: Bir kəsin yanında girov qoyulan malı başqası qəsb etsə, mal sahibi və girov götürən şəxsin hər biri qəsb edilmiş şeyi tələb edə bilər. Belə ki, o şeyi ondan alsalar, yenə də girovdadır.
Məsələ 2514: Əgər insan bir şeyi qəsb etsə, gərək sahibinə qaytarsın. Əgər o şey aradan getsə və qiyməti olsa, gərək onun əvəzini 2526 və 2527-ci məsələlərdə deyilən şərhlə ona versin.
Məsələ 2515: Əgər qəsb edilmiş şeydən mənfəət əldə edilsə, məsələn, qəsb edilmiş qoyundan quzu olsa, o mal sahibinindir. Həmçinin bir evi qəsb etmiş bir kəs orada oturmasa da, gərək onun icarəsini versin.
Məsələ 2516: Əgər uşağın və ya dəlinin malını qəsb etsələr, həmin şeyi vəlisinə verməlidirlər. Əgər o şey aradan getsə, əvəzi ödəməlidirlər.
Məsələ 2517: Əgər iki nəfər birlikdə bir şeyi qəsb etsələr, hər ikisi bütünlüklə o şeydən istifadə etsələr, hər biri təklikdə o şeyi qəsb etməyi bacarmamasına baxmayaraq onlardan hər biri, o şeyə bütünlüklə
zamindirlər.
Məsələ 2518: Əgər qəsb edilmiş bir şeyi digər bir şey ilə qarışdırsalar, məsələn, qəsb olunmuş buğdanı arpa ilə qarışdırsalar, belə ki, onları ayırmaq əziyyətlə də olsa, gərək ayrılsın və sahibinə qaytarılsın.
Məsələ 2519: Əgər bir şəxs düzəldilmiş qızıl parçasını, məsələn, qəsb etdiyi sırğanı əritsə, gərək onu əritdikdən qabaq və sonrakı qiymətinin fərqi ilə sahibinə versin. Əgər qiymətinin fərqini ödəməsə, desə ki, onu əvvəlki kimi düzəldəcəyəm, malik qəbul etməyə məcbur deyil. Həmçinin malik onu, əvvəlki kimi düzəltməyə də məcbur edə bilməz.
Məsələ 2520: Qəsb edilmiş bir şeyi əvvəlkindən yaxşı olacaq bir şəkildə dəyişdirilsə, məsələn, qəsb edilmiş qızıldan sırğa düzəltsə, belə ki, mal sahibi “malı bu halda mənə ver” desə, gərək ona versin və ondan çəkdiyi zəhmət üçün muzd ala bilməz. Həmçinin malikin icazəsi olmadan onu əvvəlki halına salmağa haqqı yoxdur. Amma malikin icazəsi olmadan onu əvvəlki, ya başqa şəklə salsa, iki halət arasında olan qiymət fərqinə zamin olması məlum deyil.
Məsələ 2521: Əgər qəsb edilmiş bir şeyi əvvəlkindən daha yaxşı olacaq bir şəkildə dəyişdirsələr və mal sahibi desə ki, gərək onu əvvəlki şəklə salasan, bu istəkdə onun müəyyən hədəfi olsa, vacibdir ki, qəsb edən onu əvvəlki şəklə salsın. Belə ki, onun qiyməti dəyişdirmək vasitəsilə əvvəlkindən az olsa, gərək onun fərqini də sahibinə versin. Əgər, qəsb edilmiş qızıldan sırğa düzəldilsə və onun sahibi desə: “onu əvvəlki şəklə sal” o halda əritdikdən sonra onun qiyməti sırğa düzəltməmişdən qabaqkı qiymətdən az olsa, gərək onun fərqini ödəsin.
Məsələ 2522: Qəsb etdiyi yerdə əkin, ya ağac əksə, o ağacın və əkinin barı onundur. Belə ki, torpağın sahibi razı olmasa ki, əkin, ya ağac onun yerində qalsın, qəsb edən şəxs gərək dərhal öz ağac, ya əkininin zərəri olsa da, yerdən çıxartsın. Həmçinin ağac, ya əkin o yerdə olan müddətdə yerin icarəsini yer sahibinə versin və yerdə olan xarabalıqları düzəltsin, məsələn, ağacların yerini doldursun. Əgər bunların vasitəsilə yerin qiyməti əvvəlkindən az olsa, gərək onun fərqini də versin. O yer sahibini məcbur edə bilməz ki, yeri ona satsın, ya icarə versin. Həmçinin yer sahibi onu məcbur edə bilməz ki, əkin, ya ağacı ona satsın.
Məsələ 2523: Əgər yer sahibi ağacın, ya əkinin onun yerində qalmasına razı olsa, oranı qəsb edən şəxsin ağacı, ya əkini oradan çıxartmağı lazım deyil. Amma gərək o yerin icarəsini qəsb etdiyi vaxtdan yer sahibi
razı olan vaxta qədər versin.
Məsələ 2524: Əgər qəsb edilmiş şey aradan getsə, inək və qoyun kimi “qiyməti” olduğu halda, gərək (“qiyməti” o şeyə deyilir ki, tələbatın cəlb olunmasında rol oynayan xüsusiyyətləri baxımından onun misli çox deyildir) gərək onun qiymətini versin. Əgər onun bazar qiyməti istək və təklif vasitəsilə fərq etsə, gərək tələf olduğu vaxtda olan qiymətini versin.
Məsələ 2525: Əgər qəsb edilmiş şey aradan getsə, məsələn, arpa və buğda kimi “misli” olsa, qəsb olunmuş şey ödənilməlidir. (“Misli” o şeyə deyilir ki, tələbatın cəlb olunmasında təsirli olan xüsusiyyətlər baxımından onun misli çoxdur.) Amma ödənilən şeyin tələbatın cəlb olunmasında təsirli olan maddə və növ xüsusiyyətləri qəsb etdiyi və aradan getdiyi şeyin mislində olsun. Məsələn, əgər əla növ düyü qəsb edibsə, ondan aşağı növ düyünü qaytara bilməz.
Məsələ 2526: Əgər “qiyməti” olan bir şey, qəsb edilsə və aradan getsə, belə ki, onun yanında olan müddətdə müəyyən bir xüsusiyyət tapıbsa və buna görə də qiyməti artıbsa, məsələn, kökəlib, sonra tələf olsa, əgər bu kökəlmə qəsb edənin yaxşı bəsləməsinə görə olmayıbsa, gərək kök olan vaxtın qiymətini versin. Amma yaxşı bəsləməsinə görə kökəlibsə, artan hissənin qiymətini verməsi lazım deyil.
Məsələ 2527: Qəsb edilmiş şeyi başqası ondan qəsb etsə və aradan getsə, mal sahibi onların hər birindən onun əvəzini ala bilər, ya da onların hərəsindən əvəzin bir qədərini tələb edə bilər. Belə ki, onun əvəzini birincidən alsa, onda birinci də verdiyi şeyi ikincidən ala bilər. Əgər mal sahibi ikincidən alsa, ikinci qəsb edən sahibinə verdiyi şeyi birincidən tələb edə bilməz.
Məsələ 2528: Əgər satdıqları bir şeydə müamilənin şərtlərindən biri olmasa, məsələn, çəki ilə alış-veriş edilməsi lazım olan malı çəkisiz müamilə etsələr, müamilə batildir. Əgər satıcı və alıcı müamiləni nəzərə almadan razı olsalar ki, bir-birinin malında istifadə etsinlər eybi yoxdur. Əgər belə olmasa, bir-birlərindən aldıqları şey qəsbi mal kimidir və gərək hər biri onu digərinə qaytarsın. Bu halda əgər hər birinin malı o birinin əlində tələf olsa, istər müamilənin batil olduğunu bilsin, istərsə də bilməsin, gərək onun əvəzini versin.
Məsələ 2529: Əgər bir malı satıcıdan baxmaq üçün götürsə, yaxud müəyyən müddətdə öz yanında saxlayıb bəyənəcəyi halda almaq üçün götürdüyü təqdirdə, o mal tələf olarsa, məşhur nəzərə əsasən gərək onun əvəzini sahibinə versin.

İnsanın tapdığı malın hökmləri

Məsələ 2530: Heyvan qismindən olmayan itmiş malı insan tapsa və sahibinin məlum olması üçün heç bir nişanəsi olmasa, istər onun qiyməti bir dirhəm (12,6 noxud sikkəli gümüş) olsun, istərsə olmasın, onu özü üçün götürə bilər. Amma ehtiyat-müstəhəbə əsasən onu sahibi tərəfindən fəqirə sədəqə versin. Əlaməti olmayan pul da bu hökümdədir. Amma məkan və ya zaman xüsusiyyətləri və miqdarı pul üçün bir əlamət olarsa, gərək onu 2531-ci məsələdəki əsasda elan etsin.
Məsələ 2531: Əgər tapdığı şeydə onunla sahibini tapa biləcək bir nişanı olsa, hərçənd onun sahibinin malı möhtərəm olan kafir olduğunu bilsə, o halda həmin şeyin qiyməti bir dirhəmə çatsa, gərək tapdığı gündən bir ilə kimi camaatın toplandığı yerlərdə elan etsin. Əgər qiyməti bir dirhəmdən az olsa, ehtiyat-vacib budur ki, onu sahibi tərəfindən sədəqə versin. Hər vaxt sahibi tapılsa, əgər sədəqə verməyə razı olmasa, onun əvəzini ona versin.
Məsələ 2532: Əgər insanın özü elan etmək istəməsə, əmin olduğu şəxsə onun tərəfindən elan etməsini deyə bilər.
Məsələ 2533: Əgər bir ilə qədər elan etsə və mal sahibi tapılmasa, belə ki, o malı Məkkə hərəmindən qeyri bir yerdə tapıbsa, onu sahibi tapılan zaman ona vermək üçün saxlaya bilər. Bu müddət ərzində malın özünü saxlayıb ondan özü üçün istifadə edə bilər. Həm də onu sahibi tərəfindən sədəqə olaraq fəqirlərə də verə bilər. Ehtiyat-vacib budur ki, onu özü üçün götürməsin. Əgər malı hərəmdə tapıbsa, ehtiyat-vacib budur ki, onu fəqirlərə sədəqə versin.
Məsələ 2534: Əgər bir il elan edəndən sonra mal sahibi tapılmasa, malı sahibi üçün saxlasa və aradan getsə, belə ki, onu saxlamaqda israfçılıq və səhlənkarlıq etməsə zamin deyil. Amma sahibi tərəfindən sədəqə versə, sahibin ixtiyarı var ki, ya sədəqəyə razı olsun, ya malının əvəzini tələb etsin. Sədəqənin savabı sədəqə verənin olar.
Məsələ 2535: Malı tapan kəs əgər bilərəkdən deyilmiş göstərişlərə əsasən elan etməsə, günah etməsindən əlavə, əgər elan etməsinin faydası olduğunu ehtimal etsə, elan etməsi vacibdir.
Məsələ 2536: Əgər dəli, ya həddi-büluğa çatmayan uşaq üzərində nişanəsi olan və qiyməti bir dirhəmə çatan bir şey taparsa, onun vəlisi elan edə bilər. Hətta o şeyi uşaqdan və ya dəlidən alıbsa, elan etməsi
vacibdir. Əgər bir il elan edilsə və malın sahibi tapılmasa, gərək 2533-cü məsələdə deyilənə əməl etsin.
Məsələ 2537: Əgər insan elan etdiyi ilin içərisində sahibinin tapılacağından ümidsiz olsa, ehtiyat-vacibə əsasən gərək şəriət hakiminin izni ilə onu sədəqə versin.
Məsələ 2538: Əgər elan etdiyi ilin içərisində mal aradan getsə, belə ki, onun saxlanmasında səhlənkarlıq və ya ondan istifadə etmişdirsə, əvəzini sahibinə zamindir. Elanı isə davam etdirməlidir. Əgər səhlənkarlıq və istifadə də etməyibsə, ona heç bir şey vacib deyil.
Məsələ 2539: Əgər nişanəsi olan və qiyməti bir dirhəmə çatan malı, elan verməklə sahibinin tapılmayacağı məlum olan bir yerdə taparsa, ehtiyat-vacibə əsasən onu birinci gün sahibləri tərəfindən şəriət hakiminin izniylə fəqirlərə sədəqə verə bilər və il tamam olana qədər səbr etməməlidir.
Məsələ 2540: Əgər bir şey tapsa və öz malı bilib götürsə, sonra öz malı olmadığını başa düşsə, keçmiş məsələlərdə verilmiş hökmlərə görə əməl etməlidir.
Məsələ 2541: Tapılan şeyi sahibinin elanı eşitdiyi təqdirdə, o şeyi öz malı olduğuna ehtimal verəcək şəkildə elan etməlidir. Bu çür elan yerlərin dəyişməsi ilə dəyişir. Bəzi hallarda, məsələn, “bir şey tapmışam” deməsi, kifayət edir. Amma bəzi hallarda isə onun cinsini də müəyyən etməlidir. Məsələn, “bir qızıl parçası tapmışam” deməlidir. Bəzi yerlərdə də onun müəyyən xüsusiyyətlərini də əlavə etməlidir. Məsələn, “bir qızıl sırğa tapmışam” deməlidir. Amma hər bir halda, o şeyin müəyyən olana qədər bütün xüsusiyyətlərini deməməlidir. Elə bir yerdə elan etməlidir ki, sahibinə xəbər çatmasına ehtimal versin.
Məsələ 2542: Əgər bir kəs, bir şey tapsa və başqası “mənim malımdır” deyərək onun nişanələrini deyərsə, malı olduğuna xatircəm olduğu halda həmin malı, ona verməlidir. Mal sahibinin çox vaxt diqqət etmədiyi nişanələri demək lazım deyil.
Məsələ 2543: Əgər tapdığı şeyin qiyməti bir dirhəm qədər olsa, belə ki, elan etməsə, məsciddə və ya camaatın toplaşdığı başqa yerdə qoysa və o şey aradan getsə və ya onu başqası götürsə, onu tapan adam zamindir.
Məsələ 2544: Əgər bir ilə qədər qalmayacaq bir şey taparsa, gərək qala biləcək axır müddətə kimi, əlbəttə qiymətinə təsir edən bütün xüsusiyyətləri ilə bir yerdə saxlasın. Ehtiyat-vacib budur ki, bütün bu müddət boyu elan etsin. Əgər sahibi tapılmasa, qiymətini müəyyən edib özünə götürə bilər, ya onu satıb pulunu saxlamalıdır. Hər iki halda elanını davam etdirməlidir. Əgər sahibi tapılsa pulunu ona verər. Əgər bir il müddətinə qədər sahibi tapılmasa, gərək 2533-cü məsələdə deyilənlərə əməl etsin.
Məsələ 2545: Əgər tapdığı şey dəstəmaz aldığı və namaz qıldığı vaxt onunla olsa, hətta sahibi tapılan halda o şeyi qaytarmaq istəməsə, dəstəmazı və namazı batil olmur.
Məsələ 2546: Əgər bir kəsin ayaqqabısını aparsalar və onun yerində başqa ayaqqabı qoysalar, belə ki, qalan ayaqqabının onun ayaqqabısını aparan kəsin olduğunu və ayaqqabını aparan həmin adamın apardığı ayaqqabının əvəzində öz ayaqqabısını götürməyə razı olduğunu bilsə, o ayaqqabını özünkünün yerinə götürə bilər. Onun ayaqqabısını haqsız yerə, zülm olaraq götürüldüyünü bildiyi təqdirdə də hökm eynidir. Amma bu halda o ayaqqabının qiyməti öz ayaqqabısının qiymətindən çox olmamalıdır. Əgər belə olmasa, artıq qiymət üçün məchulul-malikin hökmü caridir. Bu iki haldan başqa halda, məchulul-malikin hökmü o ayaqqabıya cari olacaqdır.
Məsələ 2547: Əgər insanın əlində olan mal məchulul-malik olsa, yəni sahibi naməlum olsa və o mala itirilmiş deməsələr, onun sahibinin həmin insanın o maldan istifadə etməsinə razı olduğuna əmin olandan sonra, hansı tərzdə onun istifadəsinə razı olsa, o maldan o cür istifadə edə bilər. Əgər belə olmasa onun sahibini tapmağa ehtimal verdiyi vaxta qədər axtarmaq lazımdır. Sahibinin tapılmasından məyus olduqdan sonra gərək o malı fəqirə sədəqə versin. Ehtiyat-vacibə əsasən, sədəqə şəriət hakiminin icazəsi ilə verilməlidir. Həmçinin onun icazəsi ilə malın qiymətini də sədəqə verə bilər. Əgər sonra sahibi tapılsa, belə ki, sədəqə verildiyinə razı olmasa, ehtiyat-vacibə əsasən malın əvəzini ona verməlidir.


HEYVANLARIN BAŞINI KƏSMƏYİN VƏ - OVLAMAĞIN HÖKMLƏRİ → ← TƏLAQIN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français