Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ
Axtarış:
QƏSBİN HÖKMLƏRİ →
← SÜD VERMƏNİN HÖKMLƏRİ
TƏLAQIN HÖKMLƏRİ
Məsələ 2464: Öz arvadına talaq verən kişi gərək baliğ və aqil olsun. amma əgər on yaşlı uşaq öz arvadına talaq versə, bununla bağlı ehtiyata əməl etmək tərk olunmamalıdır. Həmçinin kişi gərək öz ixtiyarı ilə talaq versin və əgər arvadına talaq verməyə onu məcbur etsələr, talaq batildir. Eyni zamanda gərək talaq vermək qəsdi olsun, əgər siğəsini zarafatla, yaxud sərxoş halda desə səhih deyil.
Məsələ 2465: Qadın gərək talaq vaxtında heyz və nifas qanından pak olsun və əri o paklıqda onunla yaxınlıq etməmiş olsun. Bu iki şərtin təfsili gələcək məsələlərdə deyiləcək.
Məsələ 2466: Heyz və nifas halında qadına talaq vermək üç halda
səhihdir:
1) Evlənəndən sonra əri onunla yaxınlıq etməmiş olsun;
2) Hamilə olmağı məlum olsun; əgər məlum olmasa və əri heyz halında təlağını versə və sonra başa düşsə ki, hamilə imiş, talaq batildir. Hərçənd yaxşısı odur ki, ona talaq verməklə olsa belə ehtiyata riayət edilsin;
3) Kişi qayib olsa və ya hər hansı səbəbdən hətta qadının gizlənməsinə görə, arvadının heyz və nifas qanından pak olub-olmadığını başa düşə bilməsə; Bu halda ehtiyat-vacib budur ki, arvadından ayrıldığı gündən ən azı bir ay keçənə qədər səbr edib sonra ona talaq versin.
Məsələ 2467: Əgər qadının heyz halından pak olduğunu bilsə və talaqını versə, sonradan məlum olsa ki, talaq vaxtında heyz halında imiş, onun talaqı fərz olunan hal istisna olmaqla batildir. Əgər onun heyz halında olduğunu bilsə və talaqını versə, sonradan məlum olsa ki, pak imiş, onun talaqı səhihdir.
Məsələ 2468: Əgər bir şəxs arvadının heyz, ya nifas halında olduğunu bilə-bilə ondan ayrı düşsə, məsələn, səfərə çıxsa və ona talaq vermək istəsə, gərək arvadın heyz ya nifas qanından pak olduğuna yəqinlik, ya arxayınlıq hasil edənə kimi səbr etsin. Sonra pak olduğunu bilsə, ona talaq verə bilər. Həmçinin əgər şəkki olsa, o halda 2466-cı məsələdə göstərilən qayibdə olan kişinin talaq hökmünə riayət etsin.
Məsələ 2469: Arvadından ayrı düşən kişi öz arvadına talaq vermək istəsə, belə ki, arvadının heyz və nifas halında olub-olmamasından xəbər tuta bilsə, hərçənd onun xəbəri qadının heyz adəti üzrə, ya şəriətdə müəyyən olunmuş başqa nişanələrdən olsa belə, ona talaq versə və sonra məlum olsa heyz, ya nifas halında olub, o halda onun talaqı səhih deyil.
Məsələ 2470: İstər heyz, ya nifas halında olan, istərsə pak olmuş əyalı ilə yaxınlıq etsə və talaq vermək istəsə, gərək təzədən heyz olub pak olana qədər gözləsin. Amma doqquz yaşı tamam olmamış, yaxud qadının hamilə olması yəqin olsa, əgər yaxınlıq edəndən sonra talaq versə, həmçinin yaisə olsa da işkalı yoxdur (yaisənin mənası 2414-cü məsələdə
deyilib).
Məsələ 2471: Əgər heyz və nifas qanından pak olan qadın ilə yaxınlıq etsə və həmin paklıqda onun talaqını versə, sonradan isə məlum olsa ki, talaq vaxtı hamilə imiş, o talaq batildir, hərçənd talaqın yenidən verilməsi ilə olsa belə ehtiyata riayət etmək daha yaxşıdır.
Məsələ 2472: Əgər heyz və nifas qanından pak olmuş qadın ilə yaxınlıq etsə və sonra ondan ayrılsa, məsələn, səfərə getsə, belə ki, səfərdə təlağını vermək istəsə və onun halından xəbərdar ola bilməsə, gərək qadının o paklıqdan sonra qan görüb və təzədən pak olması qədər səbr etsin. Ehtiyat-vacib budur ki, o müddət bir aydan az olmasın. Əgər qeyd olunanlara riayət etməklə talaq versə, sonra təlağın elə həmin paklıq dövründə baş verməsi məlum olsa, eybi yoxdur.
Məsələ 2473: Əgər kişi xilqətində, xəstəliyinə, süd verdiyinə, ya dərman qəbul etdiyinə görə və ya hansı başqa səbəbdən heyz görməyən arvadına talaq vermək istəsə və o halda onun yaşda olan qadınlar heyz görürlərsə, gərək öz arvadı ilə yaxınlıq etdiyi vaxtdan üç ay müddətində onunla cima etməkdən çəkinsin və sonra ona talaq versin.
Məsələ 2474: Talaqın siğəsi gərək ərəbcə düz və “Taliq” kəlməsi ilə oxunsun, iki adil kişi də onu eşitsin. Əgər ərin özü talaq siyğəsini oxumaq istəsə və arvadının da adı, məsələn, Fatimə olsa gərək belə desin:
زَوْجَتىِ فَاطِمَةُ طَالِقٌ
“Zəvcəti Fatimətu taliqun” yəni mənim arvadım Fatimə azaddır. Əgər başqasını vəkil etsə, gərək o vəkil belə desin:
زَوْجَةُ مُوَكِّلِىِ فَاطِمَةُ طَالِقٌ
“Zovcətu müvəkkili Fatimətu taliqun” və qadın müəyyən olan halda onun adını demək lazım deyil. Əgər orada iştirak edərsə və “hazihi taliqun” deyərək ona işarə etsə və ya ona xitab edilərək “ənti taliq” desə kifayətdir. Əgər kişi talaq siğəsini ərəbcə oxuya bilməsə və ya vəkil tuta bilməsə, hansı dildə olursa olsun, ərəbcə oxunan siğənin mənasını deyib, talaq verə bilər.
Məsələ 2475: Müvəqqəti əqd ilə siğə olunmuş qadının talaqı yoxdur. Onun azad olması, əqdin tamam olması ilə, yaxud kişinin ona “Müddəti sənə bağışladım” deyərək müddəti bağışlaması ilə olur. Şahid tutmaq və qadının heyzdən pak olması lazım deyil.
Talaqın iddəsi
Məsələ 2476: Doqquz yaşı tamam olmamış, habelə yaisə qadının iddəsi yoxdur, yəni əri onunla yaxınlıq etsə də, talaqdan sonra dərhal ərə gedə bilər.
Məsələ 2477: Doqquz yaşı tamam olan və yaisə olmayan qadının əri onunla yaxınlıq edib talaqını versə, talaqdan sonra gərək iddə saxlasın. İki heyzin arasındakı fasilə üç aydan az olan qadının iddəsi odur ki, əri paklığında ona talaqını verəndən sonra iki dəfə heyz görüb pak olana qədər gözləməlidir. Üçüncü heyzi görməklə onun iddəsi tamam olur və ərə gedə bilər, lakin yaxınlıq etməmişdən qabaq ona talaq versə, iddəsi yoxdur, yəni talaqdan sonra dərhal ərə gedə bilər. Amma əgər ərindən xaric olan məni (cəzb və ya ona oxşar yol ilə) qadının fərcinə daxil olsa, bu halda gərək iddə saxlasın.
Məsələ 2478: Heyz görməyən qadın əgər heyz görən qadınlar yaşda olsa, ya iki heyzi arasındakı zaman fasiləsi üç aydan artıq olsa, belə ki, əri onunla yaxınlıq etdikdən sonra talaq versə, gərək talaqdan sonra qəməri tarixlə üç ay iddə saxlasın.
Məsələ 2479: İddəsi üç ay olan qadının əgər qəməri ayın əvvəlində talaqını versələr, üç ay iddə saxlasın. Əgər ayın əsnasında talaqını versə, gərək ayın qalanını sonrakı iki ay ilə bərabər və birinci aydan, qalanını isə dördüncü aydan iddə saxlasın ki, üç ay tamam olsun. Məsələn, 30 gün olan ayın ayın 20-ci gününün qürubunda talaqını versələr, onun iddəsi dördüncü ayın 20-ci günü qürub vaxtı tamam olur. Əgər ay 29 gün olsa, ehtiyat-vacib budur ki, dördüncü aydan 21 gün iddə saxlasın ki, birinci aydan iddə saxladığı miqdarla 30 gün olsun.
Məsələ 2480: Əgər hamilə qadına talaq versələr, iddəsi uşaq dünyaya gələnə qədər, ya siqt olana qədərdir. Buna görə də əgər talaqdan bir saat sonra uşaq dünyaya gəlsə, iddəsi tamam olur. Amma bu o haldadır ki, uşaq ərinin şəri övladı olsun. Buna əsasən əgər qadın zinadan hamilə olsa və əri ona talaq versə, onun iddəsi uşağa hamiləlik dövrü ilə tamam olmur.
Məsələ 2481: Doqquz yaşı tamam olmuş və yaisə olmayan qadın əgər siğə olunsa, əri onunla yaxınlıq etsə və o qadının müddəti tamam olsa, ya əri müddəti ona bağışlasa, gərək iddə saxlasın. Əgər heyz görürsə, gərək iki heyz miqdarında iddə saxlasın və ərə getməsin, ehtiyat-vacibə görə bir dəfə heyz görməsi kifayət deyil. Əgər heyz görmürsə 45 gün ərə getməkdən çəkinsin. Hamilə olan halda onun iddəsi uşaq dünyaya gələnə qədər, ya siqt olana qədərdir. Hərçənd ehtiyat-müstəhəb budur ki, doğuş və 45 gün arasında hansı daha çox olsa, onu iddə saxlasın.
Məsələ 2482: Talaq iddəsinin əvvəli talaq siğəsi oxunub tamam olandan sonra başlayır, istər qadın ona talaq verdiyini bilsin, ya bilməsin. Əgər iddə tamam olandan sonra ona talaq verildiyini başa düşsə, təzədən iddə saxlamağı lazım deyil.
Əri ölən qadının iddəsi
Məsələ 2483: Əri ölən qadın hamilə olmasa, gərək qəməri təqvimlə 4 ay 10 gün iddə saxlasın, yəni ərə getməkdən çəkinsin. Hərçənd səğirə, yaisə, siğə, kafir, rici talaq verilmiş iddə halında olsa, əri onunla yaxınlıq etməsə də, hətta əri uşaq və ya dəli də olmuş olsa, hökm eynidir. Əgər hamilə olsa, gərək doğana qədər iddə saxlasın. Amma 4 ay 10 gün keçməmişdən qabaq dünyaya gəlsə, gərək ərinin ölümündən sonra 4 ay 10 gün gözləsin. Bu iddəyə vəfat iddəsi deyərlər.
Məsələ 2484: Vəfat iddəsində olan qadına zinət libasları geymək və sürmə çəkmək haramdır. Həmçinin zinət hesab olunan başqa işlər də ona haramdır. Amma evdən çölə getmək ona haram deyil.
Məsələ 2485: Əgər bir qadın ərinin öldüyünü yəqin etsə və vəfat iddəsi tamam olandan sonra ərə getsə, lakin ərinin sonradan öldüyü məlum olsa onun, ikinci əqd də birinci ərinin sağlığında və ya həqiqi vəfat iddəsi dövründə baş veribsə, gərək ikinci ərindən ayrılsın və ehtiyat-vacibə görə iki iddə saxlasın. Əgər ikinci ərindən hamilə olubsa, bu halda doğana qədər ikinci ər üçün (eynilə talaq iddəsi kimi olan) vəty-şübhə iddəsi, ondan sonra isə birinci ər üçün vəfat iddəsi saxlasın, ya da əvvəlki iddəsini təkmil etsin. Əgər hamilə olmasa və birinci əri ikinci ərinin yaxınlıq etməsindən qabaq ölmüş olsa, əvvəlcə birinci ər üçün vəfat iddəsi, ondan sonra isə ikinci əri üçün vəty-şübhə iddəsi saxlasın. Əgər yaxınlıq vəfatdan qabaq olubsa, onun iddəsi irəlidir.
Məsələ 2486: Vəfat iddəsinin əvvəli əri qayib və ya qayib hökmündə olan halda, ərin ölümündən sonra yox, qadının ərinin ölümündən xəbərdar olmasından başlayır, amma bu hökm əgər qadın həddi-büluğa çatmamış, ya dəli olan surətdə işkallıdır, ehtiyata riayət etmək vacibdir.
Məsələ 2487: Əgər qadın “iddəm tamam olub”, desə onun sözü qəbul olunur. Amma qadın töhmət vurulan bir məqamda olsa, bu halda ehtiyat-vacibə görə ondan qəbul olunmur. Məsələn, əgər iddia etsə ki, bir ayda üç dəfə heyz görüb, onun iddiası təsdiq olunmur. Amma ona yaxın olan qadınlar onun bu adət üzrə heyz görməsini təsdiq etsələr, bu halda ondan qəbul olunar.
Bain və rici talaq
Məsələ 2488: Bain talaqı budur ki, talaqdan sonra kişinin öz arvadına qayıtmaq haqqı olmasın. Yəni əqd oxunmadan onu arvad kimi qəbul edə bilməz. Bu altı qisimdir:
1. Doqquz yaşı tamam olmayan qadının talaqı.
2. Yaisə olan qadının təlağı.
3. Əqddən sonra əri onunla yaxınlıq etməmiş olan qadının talaqı.
4. Üç dəfə boşanmış bir qadının talaqı (2493-cü məsələdə gələcək).
5. Xüli və mübarat talaqı. Bunların hökmləri sonradan deyiləcək.
6. Əri tərəfindən nəfəqəsi təmin edilməyən və boşamağa da hazır olmayan bir qadına şəriət hakiminin verdiyi talaq.
Bunlardan başqa olan talaqlar isə rici talaqdır. Yəni qadının iddədə olduğu müddətdə əri yenidən ona qayıda bilər.
Məsələ 2489: Arvadını rici talaqla boşayan şəxsə onu boşanma zamanı yaşadığı evdən çıxarması haramdır. Amma bəzi hallarda, məsələn, zina etmiş qadını evdən çıxarmağın eybi yoxdur. Həmçinin qadının ərindən icazəsiz lazımsız işlər üçün evdən çıxması haramdır. Kişiyə də iddə dövründə qadının xərclərini təmin etməsi vacibdir.
Rücu etməyin (dönməyin) hökmləri
Məsələ 2490: Rici talaqda kişi iki yolla öz arvadına qayıda bilər:
1. Qadını yenidən öz arvadı qərar verməsini bildirən bir söz desin.
2. Bir iş görsə ki, o iş ilə qayıdış qəsdi olsun. Yaxınlıq etməklə rücu gerçəkləşir, hərçənd rücu qəsdi olmasa da; amma şəhvətli ləms və öpüş ilə rücunun gerçəkləşməsi işkallıdır. Ehtiyat-vacibə görə əgər qayıtmaq istəməsə, gərək yenidən talaq versin.
Məsələ 2491: Qayıtmaq üçün kişinin şahid tutması, ya da arvada xəbər verməsi lazım deyil. Hətta əgər heç kəs bilmədən özü qayıtsa, qayıtmağı düzdür. Amma iddədən sonra kişi desə ki, iddə içərisində rücu etmişəm, qadın onu təsdiq etməsə, kişinin öz iddasını isbat etməsi
lazımdır.
Məsələ 2492: Öz arvadına rici talaq verən kişi əgər ondan bir mal alsa və onunla sülh etsə ki, bir daha ona rücu etməsin, hərçənd bu müsalihə düz olsa da və qayıtmaması vacib olsa da, amma onun qayıtma haqqı aradan getmir və qayıtdığı halda, yenidən evlilik bərpa olur.
Məsələ 2493: Əgər bir qadına iki dəfə talaq verib ona qayıtsa, ya iki dəfə ona talaq verib və hər talaqdan sonra əqd etsə, ya bir talaqdan sonra qayıtsa, o biri talaqdan sonra əqd etsə, üçüncü talaqdan sonra o qadın ona haramdır. Amma üçüncü talaqdan sonra başqasına ərə getsə, beş şərt ilə birinci ərinə halal olar, yəni o qadını təzədən əqd edə bilər:
1. İkinci ərin əqdi həmişəlik olsun. Əgər onu siğə etsə, ondan ayrılandan sonra birinci ər onu əqd edə bilməz.
2. İkinci ər onunla yaxınlıq etsin və düxul olsun. Ehtiyat-vacib budur ki, yaxınlıq qadının fərcindən olsun.
3. İkinci ər talaqını versin, ya ölsün.
4. İkinci ərin talaq, ya vəfat iddəsi tamam olsun.
5. Ehtiyat-vacibə görə ikinci ər yaxınlıq zamanı baliğ olsun.
Xül talaqı
Məsələ 2494: Ərinə meyli olmayan və ya ona kərahəti olan qadının mehriyyəsini və ya özünə aid olan başqa malını boşanması üçün ərinə bağışlayarsa, buna xül talaqı deyilir. Xül talaqında qadının ərinə qarşı olan meyilsizliyi o həddə olmalıdır ki, onun evlilik hüququna riayət etmədiyini təhdid etsin.
Məsələ 2495: Əgər talaq siğəsini ər özü oxumaq istəsə, qadının adı məsələn, Fatimə olsa qərara alınmış malı verildikdən sonra desin:
زَوْجَتِى فَاطِمَةُ خَلَعْتُهَا عَلَى مَابَذَلَتْ
“Zovcəti Fatimətu xalə`tuha əla ma bəzələt”. Ehtiyat-müstəhəbə görə “Hiyə taliq” cümləsini də, desin. Yəni arvadım Fatiməni verdiyi şey müqabilində xül talaqı verdim və o azaddır. Qadın müəyyən olan halda bu talaqda və mübarat talaqında onun adını demək lazım deyil.
Məsələ 2496: Əgər qadın bir kəsi vəkil etsə ki, onun mehriyyəsini ərinə bağışlasın və ər də həmin adamı vəkil etsə ki, arvada talaq versin, belə ki, ərin adı Muhəmməd və qadının adı Fatimə olsa, vəkil talaq siğəsini bu cür oxuyacaq:
عَنْ مُوَكِّلَتِي فَاطِمَةَ بَذَلْتُ مَهْرَهَا لِمُوَكِّلِى مُحَمَّدٍ لِيَخْلَعَهَاعَلَيْهِ
“Ən muvəkkiləti Fatimətə bəzəltu məhrəhə limuvəkkili Muhəmmədin liyəxləəha ələyhi”, ondan sonra deyəcək:
زَوْجَةُ مُوَكِّلِى خَالَعْتُهَا عَلَى مَابَذَلَتْ هِيَ طَالِقٌ
“Zəvcətu muvəkkili xalə`tuha əla ma bəzələt fə hiyə taliqun”. Əgər qadın bir kəsi vəkil etsə ki, mehriyyədən başqa bir şeyi onun ərinə bağışlasın ki, ona talaq versin, vəkil gərək “məhrəha” sözünün yerinə o şeyi desin. Məsələn, 100 manat versə gərək desin:“bəzələt mi`ətə manat”.
Mübarat talaqı
Məsələ 2497: Əgər ər və arvad bir-birlərini istəməsələr, bir-birlərindən ikrah etsələr və qadın bir malı talaq verməsi üçün kişiyə versə, bu talaqa mübarat təlağı deyilir.
Məsələ 2498: Əgər ər mübarat siğəsini oxumaq istəsə, belə ki, qadının adı Fatimə olsa, gərək desin:
بَارَأْتُ زَوْجَتِى فَاطِمَةَ عَلَى مَابَذَلَتْ
“Barə`tu zəvcəti Fatimətə əla ma bəzələt» və ehtiyat-lazıma əsasən «fəhiyə taliqun”, cümləsin də desin. Yəni mən və arvadım Fatimə, onun verdiyi şeyin müqabilində bir-birimizdən ayrıldıq və o azaddır. Əgər başqasını vəkil etsə, vəkil gərək desin:
عَنْ قِبَلِ مُوَكِّلِى بَارَأْتُ زَوْجَتَهُ فَاطِمَةَ عَلَى مَابَذَلَتْ فَهِىَ طاَلِقٌ
“Ən qibəli müvəkkili barə`tu zəvcətəhu Fatimətə əla ma bəzələt fəhiyə taliqun”, hər iki halda əgər “əla ma bəzələt” kəlməsinin yerinə, “bima bəzələt” desə eybi yoxdur.
Məsələ 2499: Xül və mübarat talaqının siğəsi gərək imkan olan halda ərəbcə səhih oxunsun və əgər mümkün olmasa, onun hökmü 2474-cü məsələdə olan talaqın hökmüdür. Amma qadın öz malını ərinə bağışlamaq üçün, məsələn, azərbaycanca desə ki, talaq üçün filan malı sənə bağışladım eybi yoxdur.
Məsələ 2500: Əgər qadın xül, ya mübarat talaqının iddəsinin əsnasında bəxşiş fikrindən dönsə, ər qayıda bilər və əqdsiz təzədən onu öz arvadı edə bilər.
Məsələ 2501: Mübarat talaqı üçün ərin aldığı mal gərək mehriyyədən çox olmasın, hətta ehtiyat-vacibə görə gərək mehriyyədən az olsun, amma xül təlağında çox olsa eybi yoxdur.
Talaqın müxtəlif hökmləri
Məsələ 2502: Əgər bir kişi naməhrəm qadını öz əyalı güman edib onunla yaxınlıq etsə, istər o qadın əri olmadığını bilsin, istərsə də əri
olduğunu güman etsin, gərək iddə saxlasın.
Məsələ 2503: Bir kişi öz arvadı olmadığını bildiyi bir qadınla zina etsə, əgər qadın onun əri olmadığını bilsə, iddə saxlaması lazım deyil, amma əri olduğunu güman etsə, ehtiyat-vacibə görə iddə saxlamalıdır.
Məsələ 2504: Əgər kişi bir qadını onunla evlənməsi üçün ərini boşama məcburiyyətində qoymaq məqsədiylə evlilik hüquqlarına riayət etməməsi üçün aldadarsa, o qadının talaqı və əqdi səhihdir. Amma hər ikisi də böyük günah etmiş olur.
Məsələ 2505: Əgər qadın nikah zamanı əri ilə şərt etsə ki, xüsusi şərait qarşıya çıxsa, məsələn, əgər ər uzun müddətli səfərə getsə, ya məsələn, altı ay onun xərcini verməsə, ya uzun müddət həbsə məhkum edilsə, talaqın ixtiyarı onda olsun, bu şərt batildir. Amma şərt etsə ki, ərinin tərəfindən xüsusi şərtlərdə və ya heç bir qeyd-şərt olmadan özünə talaq vermək üçün vəkil olsa, şərt düzdür və əri sonradan onu vəkillikdən kənar edə bilməz. Əgər bu halda (vəkil olduğu halda qadın) özünə talaq versə talaq səhihdir.
Məsələ 2506: Əri itmiş qadın, başqasına ərə getmək istəsə, ədalətli müctəhidin yanına getməlidir və «Minhacus-salihin» kitabında qeyd etdiyimiz xüsusi şərtlər daxilində müctəhid ona talaq verə bilər.
Məsələ 2507: Dəlinin ata və ata tərəfindən olan babası, onun arvadına onun məsləhətinə olsa, talaq verə bilərlər.
Məsələ 2508: Əgər ata, ya ata tərəfindən olan babası öz uşağı üçün bir arvadı siğə etsə, uşağın mükəlləf olan vaxtından bir qədəri siğənin müddətində olsa belə, məsələn, 14 yaşlı oğlan üçün bir qadını iki illik siğə etsə, uşağın xeyrinə olduğu təqdirdə, o qadının müddətini bağışlaya bilər. Amma onun daimi arvadına talaq verə bilməz.
Məsələ 2509: Əgər şəri bir dəlillə kişi iki nəfəri ədalətli bilib öz arvadına onların qarşısında talaq versə, onların ədaləti onun yanında sübut olmayan başqa bir nəfər onların ədalətinin talaq verənin yanında sabit olduğunu ehtimal versə, o qadını iddə tamam olandan sonra özü üçün və ya başqası üçün əqd edə bilər. Amma onların ədalətli olmadığına yəqin etsə, o qadını əqd edə bilməz.
Məsələ 2510: Kişinin rici talaq verdiyi qadın, iddəsi tamam olana
qədər onun şəri həyat yoldaşı hökmündədir. Belə ki, ərinin ondan hər
növ cinsi ləzzət almasına mane olmağa haqqı yoxdur. Caiz və hətta
müstəhəbdir ki, qadın özünü onun üçün bəzəsin. Onun icazəsi olmadan evdən çıxması icazəli deyil. Əgər naşizə olmasa, (itaətdən boyun qaçırmasa) nəfəqəsini vermək ərinə vacibdir, eləcə də kəfəni, fitrə zəkatı da ərin öhdəsinədir. Hər biri ölərsə, digəri ondan irs aparır. Kişi, arvadının iddədə olduğu zaman onun bacısını ala bilməz.