ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

SÜD VERMƏNİN HÖKMLƏRİ → ← ARİYƏNİN HÖKMLƏRİ

NİKAHIN HÖKMLƏRİ


Nikah əqdi ilə qadın və kişi bir-birinə halal olurlar. O iki qisimdir: daimi və qeyri-daimi. Daimi əqd budur ki, onda evlənmənin müddəti müəyyən olunmasın (yəni heç müddəti olmasın). Bu cür əqd olunan qadına daimə deyilir. Qeyri-daimi əqd budur ki, onda evlənmənin müddəti müəyyən olunsun; (məsələn, qadını bir saatlığa, bir günlüyə, bir aylığa, bir illiyə, yaxud daha artıq müddətə əqd etmək). Bu qayda ilə əqd oxunan qadına mütə və siğə deyilir.

Əqdin hökmləri

Məsələ 2330: İzdivacda istər daimi olsun, istər qeyri-daimi, gərək siğə oxunsun və təkcə kişi və qadının razı olması və yazmaq ehtiyat-vacibə əsasən kifayət deyil. Əqd siğəsini ya kişi ilə qadının özləri oxuyurlar, ya başqasını vəkil edərlər ki, onlar tərəfindən oxusun.
Məsələ 2331: Vəkilin kişi olması lazım deyil, qadın da əqd siğəsini oxumaq üçün başqasının tərəfindən vəkil ola bilər.
Məsələ 2332: Kişi və qadın vəkilin siğəni oxumasında xatircəmlik hasil etməyincə bir-birinə məhrəmcəsinə baxa bilməzlər. Vəkilin siğəni oxumasını güman etmək kifayət deyil. Hətta əgər vəkil desə ki, siğəni oxumuşam, amma onun sözlərindən xatircəmlik hasil olmasa, ehtiyat-vacib budur ki, onun sözünə etibar etməsinlər.
Məsələ 2333: Əgər qadın bir kəsi vəkil etsə ki, məsələn, on günlük onu bir kişiyə əqd etsin və on günün əvvəlini müəyyən etməsə, o vəkil istədiyi vaxt, onu on günlük o kişiyə əqd edə bilər. Amma məlum olsa ki, qadın müəyyən bir gün, ya saatı qəsd edib, gərək siğəni həmin məqsədə uyğun oxusun.
Məsələ 2334: Bir nəfər iki nəfərin tərəfindən həm daimi, həm də qeyri-daimi əqdin siğəsini oxumaq üçün vəkil ola bilər. Həmçinin insan qadın tərəfindən vəkil olaraq onu özü üçün daimi və ya qeyri-daimi əqd edə bilər. Amma ehtiyat-müstəhəb budur ki, əqdi iki nəfər oxusun.
Əqd oxumağın qaydaları

Məsələ 2335: Əgər daimi əqdin siğəsini kişi və qadının özləri oxusalar, mehriyyənin miqdarını təyin etdikdən sonra, əvvəl qadın desin:

زَوَّجْتُكَ نَفْسِى عَلَى الصّدَاقِ الْمَعْلُومِ

“Zəvvəctukə nəfsi ələs-sidaqil-mə`lum” (yəni özümü müəyyən olunmuş mehr müqabilində sənə arvad etdim), ondan sonra kişi zaman fasiləsi olmadan

قَبِلْتُ التَّزْوِيجَ

“Qəbiltut-təzvicə” (yəni, bu izdivacı qəbul etdim) desə, əqd səhihdir. Əgər təkcə “qəbiltu” da desə, səhihdir. Əgər başqasını vəkil etsələr ki, onlar tərəfindən əqd siğəsini oxusun, məsələn, kişinin adı Əhməd və qadının adı Fatimə olsa, qadının vəkili desin:

زَوَّجْتُ مُوَكِّلَكَ أَحْمَدَ مُوَكِّلَتِى فَاطِمَةَ عَلَى الصّدَاقِ الْمَعْلُومِ

“Zəvvəctu muvəkkiləkə Əhmədə muvəkkiləti Fatimətə ələs-sidaqil-mə`lum”.

Sonra kişinin vəkili etina olunacaq fasilə olmadan:

قَبِلْتُ التزويج لِمُوَكِّلِى أَحْمَدَ عَلَى الصَّدَاقِ الْمَعْلُومِ

“Qəbiltut-təzvicə limuvəkkili Əhmədə ələs-sidaqil-mə`lum” desələr, əqd səhihdir. Ehtiyat-müstəhəb budur ki, kişi deyən kəlmə, qadın deyən kəlmə ilə uyğun olsun. Məsələn, əgər qadın “zəvvəctu” deyirsə, kişi də, “qəbiltut-təzvicə” desin, “qəbiltun-nikah” deməsin.
Məsələ 2336: Əgər kişi və qadın özləri qeyri-daimi əqdin siğəsini oxumaq istəsələr, müddət və mehriyyəni təyin edəndən sonra, qadın
desin:
زَوَّجْتُكَ نَفْسِى فِى الْمُدَّةِ الْمَعْلُومَةِ عَلَى الْمَهْرِ الْمَعْلُومِ

“Zəvvəctukə nəfsi fil-muddətil-mə`luməti ələl-məhril-mə`lum”. Ondan sonra etina ediləcək fasilə olmadan kişi desin:

قَبِلْتُ

“Qəbiltu”, əqd səhihdir. Əgər başqasını vəkil etsələr, əvvəl qadının vəkili kişinin vəkilinə desin:

زَوَّجْتُ لِمُوَكِّلَتِى مُوَكِّلَكَ فِى المُدَّةِ المَعلُومَةِ عَلَى المَهرِ المَعلُومِ

“Zəvvəctu muvəkkiləti muvəkkiləkə fil-muddətil-mə`luməti
ələl-məhril-mə`lum”.

Sonra fasiləsiz kişinin vəkili desin:

قَبِلْتُ التَّزْوِيجَ لِمُوَكِّلِى هَكَذَا

“Qəbiltut-təzvicə limuvəkkili hakəza”, əqd səhih olar.

Əqdin şərtləri

Məsələ 2337: İzdivac əqdinin bir neçə şərti var:
1. Ehtiyat-vacibə görə ərəbcə oxunsun. Əgər kişi və qadın özləri əqdin siğəni ərəbcə oxuya bilməsələr, ərəb dilindən başqa dildə də oxuya bilərlər və vəkil tutmaqları lazım deyil. Amma gərək elə bir kəlmə desinlər ki, “zəvvəctu” və “qəbiltu” mənasını anlatsın.
2. Kişi və qadın, yaxud onların siğəsini oxuyan vəkilin inşa qəsdləri olsun, yəni kişi və qadın özləri siğəni oxuyurlarsa, qadın “zəvvəctukə nəfsi” deməklə qəsdi bu olsun ki, özünü ona arvad qərar verir və kişi “qəbiltut-təzvicə” deməklə, onu özü üçün arvad kimi qəbul etsin. Əgər kişi və qadının vəkili siğəni oxuyarlarsa, “zəvvəctu” və “qəbiltu” deməklə qəsdləri bu olsun ki, onları vəkil etmiş kişi və qadın ər-arvad olsunlar.

3.
Siğə oxuyan şəxs gərək ağıllı olsun. Əgər özü üçün oxuyursa, gərək baliğ də olsun. Hətta ehtiyat-vacibə görə, həddi-büluğa çatmayan, amma müməyyiz (ağlıkəsən) uşağın başqası üçün əqd oxuması kifayət deyil. Əgər oxusa, talaq verilməli və ya yenidən əqd oxunmalıdır.
4. Əgər ər və arvadın vəkili, ya onların vəlisi siğəni oxusalar, əqd zamanı ər və arvadı müəyyən etsinlər, məsələn; onların adlarını çəksinlər, ya onlara işarə etsinlər. Deməli, bir kəsin neçə qızı olsa, əgər kişiyə desə ki, “zəvvəctukə ihda bənati”, yəni öz qızlarımdan birini sənə arvad etdim və kişi “qəbiltu” desə, yəni qəbul etdim, əqd zamanı qızı müəyyən etmədiklərinə görə əqd batildir.
5. Kişi və qadın izdivaca razı olsunlar, amma zahirən kərahət ilə izn versələr və məlum olsa ki, qəlbən razıdırlar əqd səhihdir.
Məsələ 2338: Əgər əqddə bir hərf, yaxud daha çox səhv oxunsa, amma onun mənası dəyişməsə, əqd səhihdir.
Məsələ 2339: Əqd siğəsini oxuyan şəxs, icmal (qısaca) olsa belə, onun mənasını bilsə və onu gerçəkləşdirmək qəsdi etsə, əqd səhihdir və siğənin mənasını geniş şəkildə bilməsi lazım deyil. Məsələn, ərəb dilinin qrammatikasına görə, fel və ya failin hansı olduğunu bilməsi lazım deyil.
Məsələ 2340: Əgər qadını bir kişi üçün onların icazəsi olmadan əqd etsələr və sonradan kişi və qadın o əqdə icazə versələr, əqd düzdür. İcazə üçün də razılıqlarına dəlalət edən bir söz demələri, yaxud bir iş etmələri kifayətdir.
Məsələ 2341: Əgər kişi və qadını, ya ikisindən birini izdivaca məcbur etsələr və əqd oxuyandan sonra əvvəlki məsələdə deyildiyi kimi icazə versələr, əqd səhihdir. Yaxşısı budur ki, əqdi təzədən oxusunlar.
Məsələ 2342: Ata və ata tərəfdən olan baba öz nabaliğ oğlan, ya qız övladını, ya dəli halda baliğ olan dəli övladlarını evləndirə bilərlər. Uşaq baliğ olandan sonra, ya dəli ağıllı olandan sonra, onun üçün olunan izdivacın ona bir zərəri olduğunu görərsə, ya qəbul, da rədd edə bilər. Amma bir zərəri olmasa, belə ki, həddi-büluğa çatmamış oğlan və ya qız öz izdivacının əqdini pozsa, ehtiyat-vacibə görə talaq verməli, ya təzədən əqd oxunmalıdır.
Məsələ 2343: Həddi-büluğa çatmış və rəşidə, yəni öz məsləhətini tanıyan bir qız əgər ərə getmək istəsə, belə ki, bakirə olsa və özü öz məişət və yaşayışında ixtiyar sahibi olmasa, gərək atasından və ya ata tərəfdən olan babasından icazə alsın. Ehtiyat-vacibə əsasən əgər özü öz işlərinin ixtiyar sahibi olsa belə, yenə də icazə almalıdır. Ana və qardaşın icazəsi lazım deyil.
Məsələ 2344: Əgər qız bakirə olmasa, ya bakirə olsa, amma atası, ya ata-babası ona şərən və ürfən həmtay olan bir kişiylə evlənməsinə icazə verməsələr, ya da qızı evləndirmək işlərində iştirak etməyə əsla hazır olmasalar və yaxud dəlilik və ya ona bənzər səbəblərdən icazə vermək səlahiyyətinə malik olmazlarsa, bu kimi yerlərdə onların icazəsi lazım deyil. Həmçinin əgər onlardan icazə almaq ğaib olmaq, ya başqa səbəblərə görə mümkün olmasa və qızın həmin vaxtda ərə getməyə çox ehtiyacı olsa, ata və babasının icazəsi lazım deyil.
Məsələ 2345: Əgər ata və ya ata tərəfindən olan baba öz həddi-büluğa çatmamış oğlu üçün qız alsa, gərək oğlan həddi-büluğa çatdıqdan sonra o qadının xərcini versin. Hətta həddi-büluğa çatmamışdan əvvəl bir surətdə ki, ləzzət almaq yaşına çatmışsa və qız da əri ondan ləzzət almaq imkanı olmayacaq qədər kiçik deyilsə, o qadını nəfəqəsi (yaşayış xərci) oğlanın öhdəsindədir. Bundan başqa hallarda nəfəqə vacib deyil.
Məsələ 2346: Əgər ata və ya ata tərəfindən olan baba öz həddi-büluğa çatmamış oğlu üçün qız alsa, belə ki, əqd vaxtı oğlanın malı olmasa, ata və ya ata tərəfindən olan baba gərək qadının mehrini versinlər. Həmçinin əgər malı olsa, amma ata və ya ata babası mehrə zamin olsalar, hökm eynidir. Bu iki haldan başqa əgər mehr, adi mehr miqdarından çox olmazsa və ya bir məsləhət o mehrin adi miqdardan çox olmasını tələb edirsə, ata və ya ata babası mehri, oğlanın malından ödəyə bilərlər. Əks təqdirdə oğlanın malından adi mehr miqdarından çox verə bilməzlər. Amma o həddi-büluğa çatandan sonra onların işini qəbul etsə, verə bilərlər.

Ər və arvadın əqdi poza biləcəyi yerlər

Məsələ 2347: Əgər kişi əqddən sonra aşağıda deyiləcək altı eybdən birinin əqd halında qadında olduğunu başa düşsə, o eybə görə əqdi poza bilər.
1. Dəlilik, ara-bir olsa belə.
2. Xora xəstəliyi;
3. Bərəs (alaca) xəstəliyi;
4. Korluq.
5. İflic olmaq, ayaqüstə qalxıb dura bilməyəcək həddə olmasa belə.
6. Onun bətnində ət, ya sümüyün olması ki, istər yaxınlıq etməyə və ya hamiləliyə mane olsun, istər olmasın. Əgər əqddən sonra kişi qadının əqd vaxtı ifza, yəni bövl və heyz, ya heyz və ğait, ya da hər üçünün yolunun bir olduğunu başa düşərsə, əqdi poza bilməsi işkallıdır. Bu halda əqdi pozsalar, ehtiyat-lazıma əsasən gərək talaq da versin.
Məsələ 2348: Əgər qadın əqddən sonra başa düşsə ki, onun ərinin kişilik aləti yoxdur, ya yaxınlıqdan qabaq və ya ondan sonra onun aləti kəsilərsə, ya yaxınlıq edə bilməyəcəyi xəstəliyi varsa, hərçənd o xəstəlik əqddən sonra və yaxınlıqdan qabaq və ya ondan sonra ariz olsa (irəli gələrsə), bütün bunlardan sonra qadın talaqsız əqdi poza bilər. Əgər qadın əqddən sonra başa düşsə ki, əri əqddən əvvəl dəli imiş, ya əqddən sonra, istər yaxınlıqdan sonra, ya qabaq dəli olarsa, ya əqd vaxtı onun kişilik yumurtalığı çıxarılmış və ya əzilmiş olduğunu, ya da bu vaxtda onun korluq, xora və ya alaca xəstəliyinin var olduğunu başa düşsə, bütün bu hallarda ehtiyat-vacib qadının əqdi pozmağıdır. Əgər belə etsə, ehtiyat-vacib budur ki, əgər ər-arvadlığı davam etdirmək istədikləri təqdirdə, yenidən əqd etsinlər. Kişi yaxınlıq edə bilmədiyi və qadın əqdi pozmaq istədiyi halda ayrılıb talaq vermək istəsələr, qadının ilk öncə şəriət hakiminə, ya onun vəkilinə müraciət etməyi lazımdır. Hakim ərə bir il möhlət verərsə, belə ki, ər o qadın ilə, ya başqa qadın ilə yaxınlıq edə bilməsə, ondan sonra əqdi poza bilər.
Məsələ 2349: Əgər kişinin yaxınlıq edə bilmədiyinə görə qadın əqdi pozarsa, ər gərək mehriyyənin yarısını versin. Amma yuxarıda deyilmiş başqa eyiblərdən birinə görə kişi, ya qadın əqdi pozsa, belə ki, kişi qadınla yaxınlıq etməyibsə, onun üçün bir şey vacib deyil. Əgər yaxınlıq edibsə, gərək mehriyyənin hamısını versin.
Məsələ 2350: Əgər onunla evlənməyə rəğbətlənməsi üçün kişi ilə qadın qarşı tərəfə olduğundan daha yaxşı tanıdılarsa, istər əqd vaxtı olsun, istər ondan sonra, əqd bunun əsasında baş verər və əqddən sonra bu iş digər tərəfə məlum olarsa, o əqdi poza bilər. Bu məsələnin hökmləri “Minhacus-salihin” kimi başqa kitablarda geniş açıqlanmışdır.

Evlənməsi haram olan qadınlar

Məsələ 2351: İnsanın ona məhrəm olan - ana, bacı, öz qızı, bibi, xala, qardaş qızı, bacı qızı, qaynana kimi qadınlarla evlənməsi haramdır.
Məsələ 2352: Əgər bir şəxs qadını özü üçün əqd etsə, yaxınlıq etməsə də onun anası, anasının anası, atasının anası və nə qədər yuxarı getsə, o kişiylə məhrəm olurlar.
Məsələ 2353: Əgər bir qadını əqd edib onunla yaxınlıq edərsə, qadının qızı, qız nəvəsi, oğlan nəvəsi və nə qədər aşağıya kimi getsə, istər əqd vaxtında olsun, istər sonradan dünyaya gəlsin, o kişiylə məhrəm olurlar.
Məsələ 2354: Əgər bir qadını özü üçün əqd edib yaxınlıq etməsə, nə qədər ki, o qadın onun əqdindədir, ehtiyat-vacibə əsasən onun qızı ilə izdivac edə bilməz.
Məsələ 2355: İnsanın xala və bibisi, atasının xala və bibisi, atasının atasının xalası və bibisi, ya atasının anası, anasının xala və bibisi, anasının anasının xala və bibisi, ya anasının atası və nə qədər yuxarı getsə, insana məhrəmdirlər.
Məsələ 2356: Ərin atası, babası və nə qədər yuxarı getsə, onun oğlu və qızı, oğlan nəvəsi və nə qədərki aşağı getsə, istər əqd vaxtı olsalar, istər sonradan dünyaya gəlsinlər, onun arvadına məhrəmdirlər.
Məsələ 2357: Əgər bir qadını özü üçün əqd etsə, istər daimi olsun, istər qeyri-daimi, o qadın onun əqdində olduğu müddətdə həmin qadının bacısı ilə evlənə bilməz.
Məsələ 2358: Əgər öz arvadına talaq kitabında deyiləcək tərtib ilə rici talaqı versə, iddə arasında onun bacısını əqd edə bilməz. Amma bain talaq iddəsində talaq verən, onun bacısı ilə izdivac edə bilər. Mütə iddəsində ehtiyat-vacib budur ki, izdivac etməsin.
Məsələ 2359: İnsan öz arvadının icazəsi olmadan onun bacısı qızı və qardaşı qızı ilə izdivac edə bilməz. Əgər arvadının icazəsi olmadan onları əqd etsə və sonradan arvadı icazə versə eybi yoxdur.
Məsələ 2360: Əgər qadın başa düşsə ki, əri onun bacısı qızı və ya qardaşı qızını əqd edib və bir söz deməyib, sonradan razılıq versə, əqd səhihdir. Əks təqdirdə isə onların əqdi batildir.
Məsələ 2361: Əgər insan öz bibisi və xalası qızını almamışdan qabaq onun anası ilə zina etsə, ehtiyat-vacibə əsasən o qızla izdivac edə bilməz.
Məsələ 2362: Əgər öz bibisi qızı və xalası qızı ilə izdivac etsə, onlar ilə yaxınlıq edəndən əvvəl və ya sonra anaları ilə zina etsə, onların ayrılmasına səbəb olmaz.
Məsələ 2363: Əgər öz xalası və bibisi olmayan başqa qadın ilə zina etsə, ehtiyat-müstəhəb budur ki, onun qızı ilə izdivac etməsin.
Məsələ 2364: Müsəlman qadın kafirə əqd oluna bilməz, istər daimi olsun, istər müvəqqəti, istər əhli-kitabdan olan kafir olsun, istərsə də onlardan qeyri kafir, müsəlman kişi də əhli-kitab olmayan kafir qadınlar ilə evlənə bilməz. Amma əhli-kitab olan yəhudi və xristian qadınları ilə siğə etməyin maneəsi yoxdur. Ehtiyat-lazıma əsasən onlar ilə daimi əqd etməsinlər. Müsəlman kişi məcusi qadınla ehtiyat-vacibə görə hətta müvəqqəti də əqd etməsin. Özlərini müsəlman bilən nasibi kimi bəzi firqələrki kafir hökmündədirlər, müsəlman kişi və qadın onlarla daimi, ya qeyri-daimi izdivac edə bilməzlər. Mürtəddə də eyni hökmü daşıyır.
Məsələ 2365: Əgər bir kəs rici talaqın iddəsində olan qadın ilə zina etsə, o qadın ehtiyat-vacibə görə ona haram olur. Əgər mütə, bain talaqı, vəfat iddəsində, ya da vətyi-şübhə iddəsində olan qadın ilə zina etsə, sonradan onu əqd edə bilər. Rici və bain təlağının, həmçinin mütə, vəfat və vətyi-şübhə iddəsinin mənası talaqın hökmlərində deyiləcək.
Məsələ 2366: Əgər ərsiz və iddədə olmayan bir qadın ilə zina etsə, ehtiyat-vacibə əsasən tövbə etməzdən qabaq onunla evlənə bilməz. Əgər başqası o qadının tövbə etməsindən qabaq onunla evlənmək istəsə maneəsi yoxdur. Yalnız həmin qadın zina etməkdən məşhur olduğu təqdirdə, ehtiyat-vacibə əsasən tövbə etməzdən qabaq onunla evlilik icazəli deyil. Həmçinin zina etməkdə məşhur olan bir kişi ilə tövbə etməmişdən əvvəl evlənməsi icazəli deyildir. Müstəhəbdir ki, bir şəxs zinakar qadınla evlənmək istəsə, istər onunla özü zina etmiş olsun, istər başqası, gərək o qadının heyz gördüyü vaxta qədər gözləsin, sonra onunla əqd etsin.
Məsələ 2367: Əgər başqasının iddəsində olan qadını özü üçün əqd etsə, belə ki, kişi və qadın və ya onlardan biri qadının iddəsi tamam olmadığını və iddədə olan qadını əqd etməyin haram olduğunu bilsələr, əqddən sonra o qadına yaxınlıq etməmiş olsa belə, həmin qadın o kişiyə əbədi olaraq haram olur. Əgər hər ikisi iddə məsələsinin əsli, yaxud həmin vaxta evlənməyin haram olması haqda cahil olsalar, əqd batildir. Əgər yaxınlıq etmiş olsa, əbədi olaraq haram olur. Əks halda isə haram deyil və iddə qurtarandan sonra yenidən əqd edə bilərlər.
Məsələ 2368: Əgər insan bir qadının əri olduğunu bildiyi halda onunla evlənsə, ondan ayrılmalıdır və sonradan da onu özü üçün əqd edə bilməz. Həmçinin ehtiyat-vacibə əsasən o qadının əri olduğunu bilməsə, amma evlilikdən sonra onunla yaxınlıq etmiş olsa, eyni hökmü daşıyır.
Məsələ 2369: Əri olan qadın əgər zina etsə, zina edən kişiyə ehtiyat-vacibə görə əbədi haram olur. Amma öz ərinə haram olmur. Əgər tövbə etməsə və öz əməlində qalsa, daha yaxşısı odur ki, əri ona talaq versin. Amma gərək mehriyyəni versin.
Məsələ 2370: Talaq verilmiş və siğə olunmuş bir qadın ki, əri onun siğə müddətini bağışlayıb, ya müddəti tamam olub, bir müddətdən sonra ərə getsə və sonra şəkk etsə ki, ikinci ərinin əqd zamanı birinci ərinin iddəsi tamam olub ya yox, öz şəkkinə etina etməsin.
Məsələ 2371: Ləvat verən oğlanın qızı, bacısı və anası, ləvat edənə baliğ olduğu surətdə, hərçənd xütnəgahdan az daxil olmuşsa da haramdır. Həmçinin ləvat verən kişi olsa və ya ləvat edən baliğ olmasa da ehtiyat-lazıma əsasən hökm eynidir. Amma daxil olduğunu güman edərsə və ya daxil olub-olmadığında şəkk edərsə, ona haram olmurlar. Həmçinin ləvat edənin anası, bacısı, qızı ləvat verənə haram deyil.
Məsələ 2372: Əgər şəxs bir qadınla evlənsə və evlilikdən sonra onun atası, qardaşı, ya oğlu ilə ləvat etsə, ehtiyat-vacibə əsasən o qadın həmin kişiyə haram olur.
Məsələ 2373: Əgər bir kəs həcc əməllərindən biri olan ehram halında bir qadınla evlənsə, hərçənd o qadın ehramda olmasa belə onun əqdi batildir. Əgər bilsə ki, arvad almaq ona haramdır, daha əbədi olaraq o qadını əqd edə bilməz.
Məsələ 2374: Əgər ehram halında olan qadın, hərçənd ehram halında olmayan bir kişi ilə evlənsə, onun əqdi batildir. Əgər qadın bilsə ki, ehram halında izdivac etmək haramdır, ehtiyat-vacib budur ki, sonra o kişi ilə heç vaxt izdivac etməsin.
Məsələ 2375: Əgər kişi, ya arvad həcc və müfrədə ümrə əməllərindən biri olan Nisa təvafını yerinə yetirməsələr, Nisa təvafını yerinə yetirməyənə qədər cinsi ləzzətlər onlara halal olmaz. Amma evlənsə, həlq və ya təqsir ilə ehramdan çıxmış olsa, nisa təvafını yerinə yetirməsə belə izdivacı səhihdir.
Məsələ 2376: Əgər bir kəs baliğ olmayan qızı özü üçün əqd edərsə, qızın 9 yaşı tamam olmamışdan qabaq onunla yaxınlıq etməsi haramdır. Əgər yaxınlıq etsə, onu ifza (ifzanın mənası 2347-ci məsələdə deyildi) etmiş olsa belə, qız baliğ olandan sonra onunla yaxınlıq etməsi
haram deyil. Əgər ifza edibsə, gərək onun diyəsini bir insan öldürməyin qan pulunu versin, həmişəlik olaraq onun yaşayış xərclərini versin, hətta talaqdan sonra. Üstəlik ehtiyat-vacibə görə, o qız talaqdan sonra başqası ilə izdivac etsə də xərclərini verməlidir.
Məsələ 2377: Arada iki dəfə rücu və ya əqd olmaqla üç dəfə talaq verilən qadın ərinə haram olur. Əgər talaq hökmlərində deyiləcək şərtlər ilə, başqa kişi ilə evlənsə və ikinci əri talaq versə, ya ölsə, onun iddəsinin zamanı keçəndən sonra birinci ər onu yenidən əqd edə bilər.

Daimi əqdin hökmləri

Məsələ 2378: Daimi əqd olunan qadın, hərçənd ərinin haqqı ilə ziddiyyəti olmasa belə, ərinin icazəsi olmadan evdən bayıra çıxması haramdır. Amma zərurət bunu tələb etsə, ya onun evdə qalması ona çox çətin olsa, yaxud məskən ona münasib olmasa, icazəsiz çıxa bilər. Ərinin istədiyi hər vaxt cinsi ləzzətlər üçün özünü ona təslim etməsi və şəri bir üzr olmasa, ərinin onunla cima etməsinin qarşısını almamalıdır. Qadına yemək, libas, mənzil və başqa ehtiyaclarını təmin etmək ərinə vacibdir. Əgər təmin etməsə, istər imkanı olsun, istər olmasın, qadına borcludur. Həmçinin qadının hüququndan biri budur ki, əri ona əzab-əziyyət verməsin, şəri əsas olmadan onunla kobud və tünd rəftar etməsin.
Məsələ 2379: Əgər qadın ərinə qarşı evlilik vəzifələrinə heç əməl etmirsə, onun yanında qalsa belə, ərinin üzərində yemək, libas və mənzil haqqı yoxdur. Əgər bəzi vaxtlar onun şəri cinsi istəkləri ilə əlaqədar öz vəzifəsinə əməl etməkdən imtina etsə, ehtiyat-vacibə görə nəfəqəsi saqit olmur. Amma qadın cinsi əlaqəyə icazə verməzsə, mehriyyəsi saqit
olmur.
Məsələ 2380: Kişinin öz arvadını evdə xidmətçilik etməyə məcbur etmək haqqı yoxdur.
Məsələ 2381: Qadının səfərinin xərci evdəki xərcindən çox olsa, ərinin icazəsi ilə səfərə getsə, ərinin öhdəsindədir. Amma maşın və ya təyyarə pulu və səfərlə bağlı digər xərclər qadının öz öhdəsindədir. Əgər ərinin meyli olsa ki, arvadını səfərə aparsın, gərək onun səfərinin xərclərini versin. Həmçinin zəruri səfər müalicə kimi məişət işləri baxımından olsa, hökm eynidir.
Məsələ 2382: Xərci ərinin öhdəsində olan qadın öz xərcini, ər onun xərcini vermədiyi halda, icazəsiz onun malından götürə bilər. Əgər bu mümkün olmazsa və ərini onun xərclərini verməyə məcbur etmək üçün şəriət hakiminə də şikayət edə bilməyib öz dolanışığını təmin etmək üçün işləmək məcburiyyətində qalarsa, xərcini təmin etmək üçün işlədiyi zaman ərinə itaət etmək ona vacib deyildir.
Məsələ 2383: Əgər kişinin iki daimi arvadı olsa, birinin yanında bir gecə qalsa, vacibdir o birinin yanında da dörd gecə içərisində bir gecə qalsın. Bundan başqa surətdə qadının yanında qalmaq vacib deyil. Amma onu tamamilə tərk etməməsi lazımdır. Daha yaxşı və ehtiyat budur ki, kişi hər dörd gecənin bir gecəsini daimi arvadının yanında qalsın.
Məsələ 2384: Ər dörd aydan çox öz cavan arvadını tərk edə bilməz. Əgər yaxınlıq etməyin ona zərəri və ya çox çətinliyi olarsa, ya qadın özü onun tərk olunmasına razı olsa və ya izdivac əqdi vaxtı onu tərk etməsini qadına şərt qoysa, tərk edə bilər. Ehtiyat-vacibə əsasən bu hökmdə kişinin vətəndə və ya səfərdə olmağının bir fərqi yoxdur. Deməli, ehtiyat-vacib görə zəruri olmayan səfəri üzrlü səbəb olmadan və arvadının razılığı olmadan dörd aydan artıq davam etdirməsi icazəli deyil.
Məsələ 2385: Əgər daimi əqddə mehri təyin etməsələr, əqd səhihdir. Belə ki, kişi qadın ilə yaxınlıq etsə, gərək onun mehriyyəsini onun kimi olan qadınların mehriyyəsi kimi versin. Amma müvəqqəti evlilikdə mehriyyə təyin etməsələr, bu iş bilməməzlik, qəflət, ya unudaraq olsa belə əqd batil olur.
Məsələ 2386: Əgər daimi əqd oxuyan vaxt mehriyyə vermək üçün müddət təyin etməsələr, istər ərinin mehriyyə verməyə qüdrəti olsun, istərsə də olmasın, qadın mehriyyə almamışdan ərinin yaxınlıq etməsinin qarşısını ala bilər. Amma mehr almamışdan qabaq yaxınlıq etməyə razı olsa və əri onunla yaxınlıq etsə, ondan sonra şəri üzrü olmadan ərinin yaxınlıq etməsinin qarşısını ala bilməz.

Mütə
(Müvəqqəti izdivac)

Məsələ 2387: Qadına ləzzət aparmaq üçün olsa da, olmasa da siğə etmək səhihdir. Amma qadın kişinin ondan heç bir cinsi ləzzət almamasını şərt edə bilməz.
Məsələ 2388: Ehtiyat-vacib budur ki, ər dörd aydan çox öz cavan olan siğə arvadı ilə yaxınlıq etməyi tərk etməsin.
Məsələ 2389: Siğə olan qadın əgər əqddə şərt etsə ki, əri onunla yaxınlıq etməsin, onun əqdi və şərti səhihdir, eləcə də ər ondan ancaq başqa ləzzətləri apara bilər. Lakin sonradan yaxınlığa razı olsa, əri onunla yaxınlıq edə bilər. Daimi əqddə də hökm eynidir.
Məsələ 2390: Siğə olunan qadın hətta hamilə olsa da, xərcliyini ərindən almaq haqqı yoxdur.
Məsələ 2391: Siğə olunmuş qadının (kişi ilə) birlikdə yatmaq (onun evində sakin olmaq) haqqı yoxdur və ərindən irs aparmır, əri də ondan irs aparmaz. Əgər bir tərəfdən və ya hər iki tərəfdən irs aparmaq şərt edilərsə, bu şərtin səhih olması işkallıdır. Amma ehtiyata riayət etmək tərk olunmamalıdır.
Məsələ 2392: Siğə olunan qadın xərclik və bir yerdə yatmaq haqqı olmadığını bilməsə, əqdi səhihdir. Bu işi bilmədiyi üçün ərinin boynuna bir haqq gəlmir.
Məsələ 2393: Siğə olunmuş qadın ərinin icazəsi olmadan evdən çıxa bilər. Amma evdən çıxmaqla ərinin haqqı aradan getsə, onun evdən çıxmağı haramdır. Ehtiyat-müstəhəbə görə ərinin haqqı aradan getməzsə də, onun icazəsi olmadan evdən çıxmasın.
Məsələ 2394: Əgər qadın bir kişini vəkil etsə ki, onun müəyyən müddət və məbləğə özü üçün siğə etsin, belə ki, kişi onu öz daimi əqdinə gətirsə, ya müəyyən olunmuş müddət və ya məbləğə deyil, başqa bir müddət və məbləğə siğə etsə, qadın başa düşən zaman icazə versə, o əqd səhihdir, icazə verməsə batildir.
Məsələ 2395: Məhrəm olmaq üçün ata, ya ata tərəfindən olan baba öz nabaliğ qızını və ya oğlunu qısa müddət üçün bir kəsə əqd etsə, ondan bir zərər olmadığı təqdirdə əqd səhihdir. Əgər izdivac müddətində oğlan tamamilə ləzzət alma, qız da tamamilə ləzzət alma qabiliyyətinə malik olmazlarsa, əqdin səhih olması işkallıdır.
Məsələ 2396: Əgər ata, ya ata tərəfindən olan baba başqa yerdə olan öz qız uşaqlarını ölü və diri olduğunu bilmədikləri halda, məhrəm olmaq üçün bir kəsə əqd etsələr, evlilik müddəti əqd olunmuş qızla istimta (ləzzət alma) qabiliyyətinə malik olsa, zahirən onun məhrəm olması hasil olar. Sonradan əqd zamanı o qızın diri olmadığı məlum olsa əqd batildir və əqd vasitəsilə zahirən məhrəm olanlar bir-birilərinə naməhrəmdirlər.
Məsələ 2397: Əgər kişi qadının siğəsinin müddətini bağışlasa, onunla yaxınlıq edibsə, gərək onunla qərar qoyduqları mehriyyənin hamısını, yaxınlıq etməyibsə, mehriyyənin yarısını vermək vacibdir.
Məsələ 2398: Kişi onun siğəsində olmuş və iddəsi hələ qurtarmamış qadını öz daimi əqdi edə bilər, yaxud yenidən siğə edə bilər. Əgər müvəqqəti evliliyin müddəti qurtarmamış daimi əqdinə keçirsə, əqd batildir. Amma qalan müddəti ona bağışlayandan sonra daimi əqdinə keçirsə, batil olmaz.

Baxmağın hökmləri

Məsələ 2399: Kişinin naməhrəm qadının bədəninə və həmçinin onların saçlarına baxmağı istər ləzzət qəsdi ilə olsun, istərsə də ləzzət qəsdi olmasın, istər harama düşmə qorxusu olsun, istərsə də olmasın, haramdır. Onların üzünə və biləklərinə qədər əllərinə baxmaq isə ləzzət almaq qəsdi ilə olsa və ya harama düşmək qorxusu olsa haramdır. Ehtiyat-müstəhəb budur ki, ləzzət almaq qəsdi və harama düşmək qorxusu olmasa da onlara baxmasın. Həmçinin qadının naməhrəm kişinin bədəninə baxması ləzzət qəsdi ilə və harama düşmək qorxusu olsa haramdır. Hətta ehtiyat-vacibə görə bunlar olmasa da baxmasın. Amma qadının kişinin bədəni, baş, qollar və ayaqlar kimi adətən kişilərin örtmədikləri yerlərinə baxmağın ləzzət qəsdi və harama düşmək qorxusu olmazsa eybi yoxdur.
Məsələ 2400: Bir şəxsin islami hicabla örtünməyi əmr etdiyi halda, əmrə etina etməyən, qorxusuz halda açıq-saçıq gəzən qadınların bədəninə baxmağın, ləzzət qəsdi və harama düşmək qorxusu olmamaq şərti ilə eybi yoxdur. Bu hökmdə kafirlərin qadınlarıyla digər qadınlar arasında, habelə, əl və üzlə, adətən bədənin örtmədikləri digər yerləri arasında bir fərq yoxdur.
Məsələ 2401: Qadın gərək saçını və bədənini (üz və əllərindən başqa) naməhrəm kişidən örtsün və ehtiyat-lazım budur ki, həddi-büluğa çatmamış, amma yaxşı-pisi başa düşən oğlan uşağından da, qadının bədəninə baxması onun şəhvətini hərəkətə gətirmək ehtimalı varsa, saç və bədənini örtməlidir. Amma qadın üz və biləklərinə qədər əllərini naməhrəm kişidən örtməyə bilər. Əgər harama düşmək qorxusu olsa və ya kişini haram bir baxışa mübtəla etmək niyyəti olsa, bu iki halda onları da örtmək vacibdir.
Məsələ 2402: Həddi-büluğa çatmış müsəlmanın övrətinə baxmaq, şüşə arxasından, ya saf sudan, ya güzgüdən və ya bunun kimi şeydən olsa belə haramdır. Ehtiyat-lazıma əsasən, kafirin, yaxşı və pisi başa düşən nabaliğ uşağın övrətinə baxmaq da eyni hökmdədir. Amma ər-arvad bir-birinin bütün bədənlərinə baxa bilərlər.
Məsələ 2403: Bir-birlərinə məhrəm olan kişi və qadın əgər ləzzət qəsdi olmasa və harama düşmək qorxusu olmasa, övrətindən başqa, bir-birinin bütün bədənlərinə baxa bilərlər.
Məsələ 2404: Kişi gərək ləzzət qəsdi ilə başqa kişinin bədəninə baxmasın. Qadının da başqa qadının bədəninə ləzzət qəsdi ilə baxması haramdır. Hər iki halda da əgər harama düşmək qorxusu olsa, hökm eynidir.
Məsələ 2405: Əgər bir kişi naməhrəm bir qadını tanıyırsa, açıq-saçıq qadınlardan olmadığı təqdirdə, ehtiyat-vacibə əsasən onun şəklinə baxmamalıdır. Üz və əllərindən başqa, belə ki, ləzzət qəsdi olmazsa və harama düşmək qorxusu da olmasa, bu iki yerə baxmaq caizdir.
Məsələ 2406: Əgər qadının başqa qadını və ərindən başqa kişini imalə etməsi və ya onun övrətini suya çəkməsi lazım gəlsə, gərək əlinə bir şey alsın, əli onun övrətinə dəyməsin. Həmçinin kişinin başqa kişini, ya arvadından başqa bir qadını imalə etməsi və ya onun övrətini suya çəkməsi lazım gəlsə, bu halda da hökm eynidir.
Məsələ 2407: Əgər qadın bir xəstəlikdən müalicə olunmağa naçar olarsa və naməhrəm kişi onu müalicə etmək üçün daha yaxşı olarsa, naməhrəm kişiyə müraciət edə bilər. Belə ki, o kişi müalicə etmək üçün ona baxmağa və onun bədəninə əl vurmağa məcbur olsa, eybi yoxdur. Amma əgər baxmaqla müalicə edə bilərsə, gərək əlini onun bədəninə vurmasın. Əgər əl vurmaqla müalicə edə bilərsə, gərək ona baxmasın.
Məsələ 2408: Əgər insan bir kəsi müalicə etmək üçün onun övrətinə baxmağa naçar olsa, ehtiyat-vacibə görə gərək aynanı qarşıya qoysun və aynadan baxsın. Amma övrətə baxmaqdan başqa çarə olmazsa, eybi yoxdur. Həmçinin əgər övrətə baxmaq müddəti aynadan baxmaq müddətindən daha az olsa, hökm eynidir.

Evlənmənin müxtəlif məsələləri

Məsələ 2409: Zövcəsi olmaması səbəbi ilə harama düşən şəxsin evlənməsi vacibdir.
Məsələ 2410: Əgər ər əqddə şərt etsə ki, qadın bakirə olsun və əqddən sonra bakirə olmadığı məlum olsa, əqdi poza bilər. Əgər əqdi pozmazsa, ya əvvəldən şərt etməmiş olsa, amma bakirə olmasına inandığı əsasda evlənmiş olsa, bakirə ilə qeyri-bakirənin mehriyyəsinin fərqini nəzərə alaraq qərar qoyduqları mehriyyədədən azalda bilər. Əgər vermiş olsa, geri ala bilər. Məsələn, əgər onun mehriyyəsi 100 manat olsa, onun kimi olan qadının bakirə olduğu təqdirdə mehriyyəsi 80 manat, bakirə olmadıqda isə 60 manat olarsa, 100 manatdan dörddə bir nisbət fərqi olan miqdarı azalda bilər.
Məsələ 2411: Naməhrəm kişi və qadının heç bir kəsin olmadığı xəlvət bir yerdə tək qalmaları fəsada düşmək ehtimalı olduğu təqdirdə, başqa bir şəxsin oraya girmək imkanı olsa belə haramdır. Lakin fəsada düşmək ehtimalı olmasa eybi yoxdur.
Məsələ 2412: Əgər kişi qadının mehriyyəsini əqddə müəyyən etsə və verməmək qəsdi olarsa, əqd səhihdir, amma gərək mehriyyəsini versin.
Məsələ 2413: İslam dinindən çıxıb kafirliyi seçən bir müsəlmana mürtəd deyilir. Mürtəd iki qismdir: Fitri mürtəd və milli mürtəd. Fitri mürtəd o kafirdir ki, dünyaya gələn vaxt ata-anası və ya onlardan biri müsəlman olub, özü də yaxşı və pisi başa düşdüyü vaxtda müsəlman olub, sonradan kafir olub. Milli mürtəd isə onun müqabilidir.
Məsələ 2414: Əgər bir qadın evlilikdən sonra mürtəd olsa, istər milli, istərsə fitri, onun əqdi batil olur. Belə ki, əri onunla yaxınlıq etməyibsə, iddəsi yoxdur. Həmçininəgər yaxınlıq edəndən sonra mürtəd olsa, qadın yaisə və ya səğirə olursa, hökm eynidir. Amma qadın heyz görən qadınların yaşında olsa, gərək talaq hökmlərində deyiləcək qayda ilə iddə saxlasın. Əgər iddə əsnasında müsəlman olsa, onun əqdi öz halında qalır. Hərçənd yaxşısı budur ki, birlikdə yaşamaq istəsələr, yenidən əqd oxusunlar. Əgər ayrılmaq istəsələr, talaq verilsin. Yaisə o qadındır ki, əlli yaşına çatmış və yaşının çox olması ilə əlaqədar heyz qanı görmür və artıq heyz görəcəyinə ümidi yoxdur.
Məsələ 2415: Kişi əqddən sonra fitri mürtəd olarsa, arvadı ona haram olar və əgər yaxınlıq etmişsə və arvadı da yaisə və səğirə də deyilsə, gərək qadın təlağın hökmlərində deyiləcək olan vəfat iddəsi miqdarında iddə saxlasın. Ehtiyat-vacibə görə yaxınlıq etməyibsə və qadın səğirə və yaisə də olsa, yenə də vəfat iddəsi saxlasın. Əgər iddə əsnasında kişi tövbə etsə, ehtiyat-vacibə görə birgə yaşamaq istəsələr, yenidən əqd oxusunlar. Əgər ayrılmaq istəsələr, talaq verilsin.
Məsələ 2416: Əgər kişi əqddən sonra milli mürtəd olsa, belə ki, arvadı ilə yaxınlıq etməyibsə və arvadı yaisə olsa və ya səğirə olsa, onun əqdi batil olar iddəsi də yoxdur. Əgər yaxınlıq edəndən sonra mürtəd olsa və onun arvadı heyz görən qadınlar yaşında olsa, gərək o qadın talaq hökmlərində deyildiyi kimi, talaq iddəsi qədərində iddə saxlasın. Əgər iddə tamam olandan qabaq onun əri müsəlman olsa, onun əqdi öz halında qalar.
Məsələ 2417: Əgər qadın əqddə kişi ilə şərt etsə ki, onu şəhərdən çıxarmasın və kişi qəbul etsə, o gərək qadının razılığı olmadan qadını şəhərdən çıxarmasın.
Məsələ 2418: Əgər bir qadının keçmiş ərindən bir qızı olsa, sonrakı ər o qızı bu qadından olmayan oğlu üçün əqd edə bilər. Həmçinin əgər bir qızı öz oğlu üçün əqd etsə, o qızın anası ilə izdivac edə bilər.
Məsələ 2419: Əgər bir qadın hətta zinadan belə hamilə olsa, onun üçün uşağı saldırmaq icazəli deyildir. Amma əgər uşağın onun bətnində qalması dözüləsi olmayan zərəri olsa, ya çox ağır çətinliyi olsa, bu halda ruh daxil olmamış siqt etdirmək (saldırmaq) caizdir, amma eyni zamanda diyəsi var. Amma uşağa ruh daxil olduqdan sonra heç bir vəch ilə saldırması icazəli deyil.
Məsələ 2420: Bir kəs əri olmayan və başqasının iddəsində olmayan qadınla zina etsə, sonra onu əqd etsə və onların uşağı olsa, halal ya haram nütfədən olduğu bilinməsə halalzadədir.
Məsələ 2421: Əgər kişi qadının iddədə olmasını bilməsə və onunla evlənsə belə ki, qadın da bilməsə və onlardan uşaq olsa, halalzadədir, şərən də hər ikisinin uşağıdır. Amma qadın iddədə olduğunu və iddədə evliliyin caiz olmadığını bilirdisə, şərən uşaq atanın övladıdır, hər iki halda onların əqdi batildir və əvvəldə deyildiyi kimi bir-birlərinə əbədi olaraq haram olurlar.
Məsələ 2422: Əgər qadın “yaisəyəm” desə gərək onun sözü qəbul olunmasın. Amma “ərim yoxdur” desə, onun sözü qəbul olunar. Yalnız müttəhim olunarsa, bu halda ehtiyat-vacib budur ki, onun haqqında araşdırılma aparılsın.
Məsələ 2423: İnsan əri olmadığını deyən qadın ilə evlənsə və sonradan bir şəxs həmin qadının onun arvadı olduğunu iddia edərsə, şərən o şəxsin sözlərinin doğru olduğu isbat olunmazsa, gərək onun sözü qəbul olunmasın.
Məsələ 2424: Qız və oğlan uşağı iki yaşını tamamlayana qədər ata onu anasından ayıra bilməz, çünki uşağı saxlamaq ata ilə ananın müştərək haqqıdır. Uşağı yeddi yaşına qədər anasından ayırmamaq ehtiyata daha uyğun və daha üstündür.
Məsələ 2425: Əgər qızın elçiliyinə gələn şəxsin dinə bağlılığı və əxlaqı yaxşı olarsa, onun rədd olunmaması daha yaxşıdır. Həzrət Rəsulullahdan (s) rəvayət olunmuşdur: “Elçiliyə gələn şəxsin əxlaqı və dinə bağlılığından razı olsanız, qızınızı ona ərə verin. Əgər belə etməsəniz, yer üzərində böyük fitnə və fəsad doğar”.
Məsələ 2426: Əgər qadın öz mehriyyəsini başqa arvad almasın deyə, ərinə bağışlasa, vacibdir ki, ər başqa arvad almasın və qadının da mehriyyəni almaq haqqı yoxdur.
Məsələ 2427: Zinadan dünyaya gələn şəxs arvad alsa və ondan uşağı olsa, uşaq halalzadədir.
Məsələ 2428: Əgər kişi mübarək Ramazan ayının orucunda, yaxud qadın heyz olan vaxt onunla yaxınlıq etsə, günah etmişdir. Amma ondan uşaq dünyaya gəlsə halalzadədir.
Məsələ 2429: Ərinin səfərdə ölməyinə yəqini olan qadın vəfat iddəsindən sonra (onun müddəti talaq hökmlərində deyiləcək) ərə getsə və birinci əri səfərdən qayıtsa, gərək ikinci ərindən ayrılsın və birinci ərinə halaldır. Amma ikinci əri onunla yaxınlıq edibsə, gərək qadın vətyi-şübhə iddəsi saxlasın (elə talaq iddəsi qədərincədir). İddə saxladığı dövrdə də birinci əri onunla yaxınlıq etməməlidir, amma sair ləzzətlər alması caizdir, xərcləri də birinci ərinin öhdəsinədir. İkinci ər gərək onun mehriyyəsini onun mislində olan qadınlar kimi versin.

SÜD VERMƏNİN HÖKMLƏRİ → ← ARİYƏNİN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français