ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

ARİYƏNİN HÖKMLƏRİ → ← KƏFALƏTİN HÖKMLƏRİ

VƏDİƏNİN (ƏMANƏTİN) HÖKMLƏRİ

Məsələ 2294: Bir şəxs malını başqa birisinə verib ona “bu sənin yanında əmanət qalsın” deyərsə və o da qəbul edərsə, ya da mal sahibi heç bir şey söyləmədən malını saxlamaq üçün ona verdiyini başa salarsa, o da saxlamaq məqsədi ilə alarsa, sonra söyləniləcək olan əmanət hökmlərinə görə hərəkət etməlidir.
Məsələ 2295: Əmanətçi və malını əmanət verənin hər ikisi gərək ağıllı və baliğ olsunlar. Başqa biri tərəfindən də məcbur edilməməlidirlər. Buna görə əgər insan bir malı dəlinin və ya uşağın yanına əmanət qoyarsa, yaxud dəli və ya uşaq malı bir şəxsin yanında əmanət qoyarsa, səhih deyildir. Lakin ağlıkəsən uşağın başqasının malını onun icazəsi ilə bir şəxsin yanında əmanət qoyması caizdir. Həmçinin əmanət qoyan şəxsin səfeh və ya müflis olmaması da lazımdır. Amma müflis olmasına baxmayaraq, əmanət qoyduğu mal istifadəsi onun üçün qadağan olunmuş mallardan olmazsa eybi yoxdur. Həmçinin əmanəti qorumaq əmanətçinin öz malından istifadə etməsini, yaxud malın tələf olub aradan getməsini gərəkli etdiyi halda əmanətçinin də səfeh və ya müflis olmaması
gərəkdir.
Məsələ 2296: Əgər uşaqdan mal sahibinin izni olmadan bir şeyi əmanət olaraq alarsa, onu sahibinə verməlidir. Əgər əmanət aldığı o şey uşağın öz malıdırsa, onu uşağın vəlisinə çatdırmalıdır. Belə ki, həmin şey onlara təhvil verməzdən öncə tələf olarsa, əvəzini verməlidir. Əgər o malın xarab olub aradan getməsindən qorxduğu üçün onu sahibinə çatdırmaq qəsdi ilə uşaqdan alıb və onu qorumaq və çatdırmağa da səhlənkarlıq etməzsə və icazə verilməyən təsərrüf etməzsə zamin deyildir. Əmanət qoyan şəxs dəli olsa da eyni hökmü daşıyır.
Məsələ 2297: Əmanəti qorumağa qadir olmayan şəxs əmanət qoymaq istəyən şəxsin onun vəziyyətindən xəbəri yoxdursa, əmanəti qəbul etməməlidir. Əgər qəbul etsə və tələf olsa zamindir.
Məsələ 2298: İnsan mal sahibinə malını qorumağa hazır olmadığını başa salsa və malı əmanətə götürmədiyi halda mal sahibi malı qoyub
gedərsə və o mal tələf olarsa, əmanəti qəbul etməyən şəxs zamin deyildir. Amma ehtiyat-müstəhəb budur ki, mümkün olduğu təqdirdə o malı qoruyub saxlasın.
Məsələ 2299: Bir şeyi əmanət qoyan şəxs istədiyi vaxt əmanət qərarını poza bilər. Həmçinin əmanəti qəbul edən şəxs istədiyi vaxt əmanət qərarını poza bilər.
Məsələ 2300: Əgər insan əmanəti qorumaq fikrindən dönüb əmanət əqdini pozarsa, mümkün qədər tez bir zamanda o malı sahibinə, ya sahibinin vəkilinə, ya da vəlisinə çatdırmalıdır. Yaxud malı qorumağa hazır olmadığını onlara xəbər verməlidir. Əgər üzrsüz olaraq malı onlara çatdırmaz və xəbər də verməzsə, o mal tələf olduğu təqdirdə əvəzini ödəməlidir.
Məsələ 2301: Əmanəti qəbul edən şəxsin əmanəti qorumaq üçün münasib bir yer yoxdursa, münasib bir yer tapmalıdır. Əmanəti camaatın onu qorumaqda “səhlənkar davrandı” deməyəcəyi şəkildə qorumalıdır. Əgər bu mövzuda qüsurlu davransa və əmanət tələf olsa, əvəzini ödəməsi lazımdır.
Məsələ 2302: Əmanəti qəbul edən şəxs onun qorunmasında səhlənkarlıq və israfçılıq (yəni icazə verilməyən istifadə) etmədiyi halda təsadüfən əmanət tələf olarsa zamin deyildir. Amma onu qorumaqda səhlənkarlıq etsə, məsələn, onu bir zalımın xəbərdar olub götürə biləcəyi yerə qoyarsa və ifrata vararsa (yəni o maldan sahibinin icazə vermədiyi şəkildə istifadə edərsə), məsələn, paltarı geyərsə və ya heyvana minərsə, tələf olduğu təqdirdə bunun əvəzini sahibinə verməlidir.
Məsələ 2303: Əgər mal sahibi malının qorunması üçün müəyyən yer təyin edərsə və əmanəti qəbul edən şəxsə “bu malı burada saxlamalısan, tələf olacağına ehtimal versən belə, başqa bir yerə qoymamalısan” deyərsə, onu başqa bir yerə qoya bilməz. Əgər başqa bir yerə qoyarsa və zay olarsa zamindir. Amma malın orada tələf olacağına yəqin etsə, bu halda daha möhkəm yerə aparması caizdir.
Məsələ 2304: Əgər mal sahibi malının qorunması üçün müəyyən yer təyin edərsə, amma sözündən o yeri təyin etməsinin həmin yerin onun nəzərində xüsusi əhəmiyyət daşıdığından deyil, sadəcə qoruma yerlərindən biri olduğu üçündürsə, əmanəti qəbul edən şəxs onu malından daha yaxşı olan və ya əvvəlkinin bənzəri olan başqa bir yerə qoya bilər. Bu halda mal orada zay olsa da zamin deyildir.
Məsələ 2305: Əgər mal sahibi həmişəlik olaraq dəli və ya bihuş olarsa, əmanət əqdi batil olur və əmanəti qəbul edən şəxs dərhal əmanəti onun vəlisinə verməli və ya onu xəbərdar etməlidir. Bundan qeyri hallarda mal tələf olarsa onun əvəzini ödəməlidir. Amma mal sahibinin dəlilik və ya bihuşluğu hərdənbir olursa, bu halda da ehtiyat-vacibə görə həmin işi etməlidir.
Məsələ 2306: Əgər mal sahibi ölərsə, əmanət əqdi batil olur. Bu halda o mal başqasının bir haqqı deyilsə və ölən şəxsin varislərinə keçirsə, əmanətçinin onun varislərinə verməsi, ya da xəbər çatdırması gərəkdir. Bundan qeyri halda əgər o mal tələf olarsa zamindir. Əgər ölən şəxsin başqa varisinin olub-olmadığını, ya varisinin kim olmasını öyrənmək üçün malı saxlasa, bu səbəbdən də mal tələf olarsa zamin deyildir.
Məsələ 2307: Əgər mal sahibi ölər və mal onun varislərinə keçərsə, əmanəti qəbul edən şəxs o malı ölən şəxsin bütün varislərinə, ya da bütün varislərin vəkilinə verməlidir. Əgər o biri varislərin icazəsi olmadan malın hamısını varislərin birinə verərsə, qalanların payına zamindir.
Məsələ 2308: Əgər əmanəti qəbul edən şəxs ölər və ya həmişəlik olaraq dəli ya da bihuş olarsa, əmanət əqdi batil olur. Onun varis və ya vəlisi mümkün qədər tez mal sahibinə vəziyyəti xəbər verməli, ya da əmanəti ona çatdırmalıdır. Amma onun dəlilik və ya bihuşluğu hərdənbir olursa, bu halda da ehtiyat-vacibə görə həmin işi etməlidir.
Məsələ 2309: Əgər əmanəti qəbul edən şəxs özündə ölüm əlamətləri görməyə başlarsa, mümkün olduğu halda ehtiyat-vacibə görə əmanəti onun sahibinə, vəlisinə, ya da vəkilinə yetirməli, yaxud xəbər verməlidir. Əgər mümkün deyilsə, onun ölümündən sonra malı sahibinə çatdırılacağına əmin olduğu bir şəkildə əməl etməlidir. Məsələn, şahid tutub vəsiyyət etməli, vəsiyyət etdiyi şəxsə və şahidə mal sahibinin adını, malın cinsini, xüsusiyyətlərini və yerini söyləməlidir.
Məsələ 2310: Əgər əmanətçi üçün bir səfər qarşıya çıxsa, əmanəti öz əhli-əyalının yanında saxlaya bilər. Amma onun qorunması həmin şəxsin yanında olmasına bağlıdırsa, bu halda ya səfərdən qalmalı, ya onu sahibinin vəlisinə və ya vəkilinə qaytarmalı, ya da vəziyyəti ona xəbər verməlidir.
ARİYƏNİN HÖKMLƏRİ → ← KƏFALƏTİN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français