Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ
Axtarış:
İCARƏNİN HÖKMLƏRİ →
← ŞƏRİKLİK HÖKMLƏRİ
SÜLH (RAZILAŞMANIN HÖKMLƏRİ)
Məsələ 2118: Sülh odur ki, insan öz malının və ya malının mənfəətinin bir miqdarını başqasının mülkü etməyə, ya öz tələb və haqqından keçməyə razılaşsın, onun tərəf müqabili də bunun əvəzində öz malını, ya malının mənfəətinin bir miqdarını buna tapşırsın, ya öz haqqından və tələbindən keçsin. Əgər əvəz almadan razılaşsa ki, öz malından, ya malının mənfəətindən bir qədərini ona tapşırsın, ya öz tələbindən, ya haqqından keçsin, bu halda yenə də sülh səhihdir.
Məsələ 2119: Öz malını başqası ilə sülh edən şəxs həddi-büluğa çatmış, aqil, sülh etmə qəsdi olmalı bir kəs onu bu işə məcbur etməməlidir. Həmçinin səfeh və müflisləşmə səbəbi ilə öz malında təsərrüf etmə haqqından məhrum edilməməlidir.
Məsələ 2120: Sülhün siğəsinin ərəbcə oxunması lazım deyil; əksinə bir-biri ilə razılaşmalarını çatdıran hər bir kəlmə ilə və ya iş ilə də olsa səhihdir.
Məsələ 2121: Əgər bir nəfər öz qoyunlarını, misal üçün bir il saxlayaraq onun südündən istifadə edib bir qədər də ona yağ verməsi əsasında çobanla sülh edərsə, bu halda əgər qoyunların südünü çobanın çəkdiyi zəhmətlər və o yağ müqabilində sülh edərsə, səhihdir. Hətta əgər qoyunları bir illik çobana icarəyə versə və südündən istifadə edərək əvəzində bir qədər yağ verməsini desə, amma o qoyunların süd və yağı olmasını qeyd etməsə də səhihdir.
Məsələ 2122: Əgər bir şəxs alacağını və ya haqqını başqa birisi ilə sülh etmək istərsə, qarşı tərəf qəbul etdiyi təqdirdə səhihdir. Amma öz haqq və ya alacağından keçmək istərsə, qarşı tərəfin qəbul etməsi lazım deyil.
Məsələ 2123: Əgər insan öz borcunun miqdarını bilsə, amma borclu olduğu şəxs miqdarını bilməsə, bu halda borc sahibi öz borcunu olduğu miqdardan az miqdarla razılığa gəlsə, məsələn, əlli manat almalıykən, on manatla sülh edərsə, qalan miqdar borclu üçün halal deyildir. Amma borcunun miqdarını ona deyərsə və onu razı salarsa, yaxud alacaqlı, alacığı miqdarı bilsəydi yenə də o miqdara sülh edərdisə, bu halda halal olur.
Məsələ 2124: Əgər iki nəfərin bir-birlərinin əlində və ya zimmətində malları olsa və bunlardan birinin digərindən çox olduğu bilinərsə, o malların bir-biri əvəzində alğı-satqısı ribaya (faizə) yol açdığı üçün haram olursa, onların bir-biri ilə sülh etməsi də haramdır. Hətta onların birinin malı digərindən çox olduğu bilinməzsə, amma buna ehtimal verilərsə, ehtiyat-lazıma əsasən o iki malı bir-birilə sülh edə bilməzlər.
Məsələ 2125: Əgər iki nəfər bir adamdan alacaqlı olsa və ya iki kişi digər iki kişidən alacaqlıdırsa və öz alacaqları barədə bir-birilə sülh etmək istərlərsə, əvvəlki məsələdə söylənildiyi kimi, bu, ribaya yol açmazsa maneəsi yoxdur. Məsələn, hər ikisi (biri keyfiyyətli, digəri orta keyfiyyətli olan) on batman buğda alacaqlı olsa və hər ikisinin müddəti sona çatmışsa, onların sülh etməsi səhihdir.
Məsələ 2126: Əgər bir şəxsdən bir müddət sonra alması lazım gələn alacağının qalanını nəqd almaq məqsədi ilə bir miqdarından keçərək qalan az miqdarı üçün onunla sülh edərsə, maneçiliyi yoxdur. Əlbəttə bu hökm alacağın qızıl və ya gümüş, yaxud çəki və ya ölçü ilə satılan bir mal olduğu təqdirdədir. Bunlardan kənar qalan mallarda 2248-ci məsələdə izah olunduğu kimi, alacaqlının alacağını borclu olan şəxsə və ya başqası ilə alacağından daha az miqdar üçün sülh etməsi və ya satması caizdir.
Məsələ 2127: Bir şey üçün sülh edən iki nəfər, hər ikisi razı olduğu təqdirdə sülhü poza bilərlər. Həmçinin əgər müamilə zamanı hər ikisi və ya biri üçün müamiləni ləğv etmə haqqı qoyarlarsa, haqqı olan şəxs anlaşmanı poza bilər.
Məsələ 2128: Satıcı və alıcı müamilə məclisindən ayrılmamış müamiləni poza bilərlər. Həmçinin heyvan alan bir müştərinin üç günə qədər müamiləni pozma haqqı var. Aldığı bir malın pulunu üç günə qədər verməzsə və malı götürməzsə, 2082-ci məsələdə izah olunduğu kimi, satıcının müamiləni pozma haqqı vardır. Amma malı sülh edən bir şəxsin bu üç halda sülhü pozma haqqı yoxdur. Lakin əgər tərəf müsalihə olunan şeyi verməyi normadan artıq gecikdirərsə və ya məsələn, müsalihə olunan malı nəqd verməsi şərt qoyulmuş olarsa və tərəf şərtə əməl etməzsə, razılaşmanı poza bilər. Həmçinin alış-verişin sair hökmlərində izah
olunan müamiləni ləğv etmə haqqı olan digər hallarda da sülhü ləğv edə bilər. Amma sülh edən tərəflərin biri uduzarsa, bu təqdirdə sülh münaqişəni aradan qaldırmaq üçün olarsa, razılaşmanı poza bilməz. Hətta bundan başqa hallarda da ehtiyat-vacibə görə uduzan şəxs müamiləni pozmamalıdır.
Məsələ 2129: Razılaşma yolu ilə aldığı şey qüsurlu çıxarsa, razılaşmanı poza bilərlər. Amma qüsursuz ilə qüsurlu arasında olan qiymət fərqini almaq istərsə, bu, işkallıdır.
Məsələ 2130: Əgər öz malını başqa birisi ilə sülh edərsə və “mən öldükdən sonra səninlə sülh etdiyim şeyi, məsələn; vəqf edəcəksən” deyə, şərt qoyarsa və o da bu şərti qəbul edərsə, şərtə əməl etməlidir.