ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

SÜLH (RAZILAŞMANIN HÖKMLƏRİ) → ← AL-VERİN HÖKMLƏRİ

ŞƏRİKLİK HÖKMLƏRİ


Məsələ 2100: Əgər iki nəfər şərikli olan malları ilə ticarət edib əldə etdikləri qazancları aralarında bölməyi qərara alarlarsa və ərəbcə və ya başqa bir dildə şəriklik əqdini oxuyar, ya da bir-birləri ilə şərik olmaq istədiklərini müəyyən edən bir iş görərlərsə, onların şərikliyi səhihdir.
Məsələ 2101: Əgər bir neçə nəfər öz işlərindən aldıqları pullarda şərik olsalar, məsələn, bir neçə dəllək bir-birləri ilə razılaşarlar ki, hər nə qədər gəlir götürsələr birlikdə bölsünlər, bu şəriklik səhih deyildir. Amma müəyyən bir müddətə qədər hər birinin zəhmət haqqının yarısının əvvəlkinin zəhmət haqqının yarısı əvəzində müəyyən müddətə qədər onun olması üzrə bir-birilə razılaşarlarsa, bu razılaşma səhihdir və hər biri əvvəlki ilə onun aldığı qazancda şərik olurlar.
Məsələ 2102: İki nəfər öz aralarında razılaşsalar ki, hər hansı birimiz mal alarsa, pulunu özü ödəsin, lakin bu malın özündə və istifadəsində şərik olsunlar – belə şəriklik doğru deyil. Amma hər biri digərinin borc olaraq aldığı şeydə onu da şərik etməyə vəkil edərsə, yəni hər ikisi də borclu olmaq üzrə o malı həm özü, həm də şəriki üçün alırsa, hər ikisi də o malda şərik olurlar.
Məsələ 2103: Şəriklik siğəsi oxuyaraq bir-birləri ilə ortaq olan şəxslərin ağıllı və baliğ olmaları, öz qəsd və ixtiyarları ilə şərik olmaları və həmçinin öz malından istifadə haqqına sahib olmaları gərəkdir. Deməli, səfeh (malını boş işlərə xərcləyən şəxs) öz malından istifadə etmə haqqına sahib olmadığından şərik olsa səhih deyil.
Məsələ 2104: Əgər şəriklik əqdində işləyən və ya digər şəriki ilə müqayisədə daha çox işləyən, ya da işi o birinə görə daha əhəmiyyətli olan şəxsin daha çox qazanc götürməsini şərt qoyarlarsa, şərt qoyduqları miqdarı ona verməlidirlər. Həmçinin əgər işləməyən və ya çox işləməyən, ya da işi o biri ilə müqayisədə daha əhəmiyyətli olmayan şəxsin daha çox qazanc almasını şərt qoyarlarsa, yenə də şərt səhihdir və şərt qoyduqları miqdarı ona verməlidir.
Məsələ 2105: Əgər qazancın hamısını sadəcə birisinin götürməsini və ya zərərin hamısını onlardan birinin üzərinə qoymalarını qərarlaşdırsalar, bu şərikliyin səhih olması işkallıdır.
Məsələ 2106: Əgər şəriklərdən birinin mənfəətdən çox xeyir götürməsini şərt qoymamışlarsa, belə ki, şəriklərin sərmayələri bərabərdirsə xeyir və zərəri eyni miqdarda paylaşmalıdırlar. Amma sərmayələri eyni ölçüdə olmazsa, xeyir və zərəri də sərmayələrinə mütənasib olaraq bölməlidirlər. Məsələn, şərik olan iki nəfərin birinin sərmayəsi digərinin sərmayəsindən iki qat çox olsa, ona düşən xeyir və zərər payı istər hər ikisi eyni miqdarda işləsin və ya biri az işləsin, yaxud əsla işləməsin, o birinin payının iki qatı olur.
Məsələ 2107: Əgər şəriklik əqdində hər ikisinin birlikdə alver etmələrini və ya hər birinin tək başına müamilə etməsini, yaxud tək birinin müamilə etməsini, ya da müamilə etmək üçün üçüncü bir şəxsin əcir tutulmasını şərt qoymuşlarsa, gərək qərarlarına əməl etsinlər.
Məsələ 2108: Şəriklik iki cür ola bilər:
1- İcazəli şəriklik: Şərikli müamilədən əvvəl ticarət malı şəriklərin arasında müşa şəklində olsun.
2- Müavizi (dəyişmək) şəriklik: Şəriklərdən hər biri öz malını şirkət üçün hazır edir, nəticədə hər biri öz malının yarısını digərinin malının yarısı ilə dəyişir.
Əgər sərmayə ilə hansının alver edəcəyini müəyyənləşdirməmişlərsə, izni şəriklikdə onlardan heç biri digərinin icazəsi olmadan o sərmayə ilə müamilə edə bilməz. Amma müavizi şəriklikdə onların hər biri şirkətə zərər vurmadan müamilə edə bilər.
Məsələ 2109: Şirkətin sərmayəsinin ixtiyarı əlində olan şərik şərikliyin şərtinə görə hərəkət etməlidir. Məsələn, əgər onunla nisyə alması, ya nəqd satması və ya malı müəyyən bir yerdən alması qərarlaşdırıbsa, bu şərtə görə əməl etməlidir. Əgər onunla bir qərar qoyulmayıbsa, adi qaydada müamilə etməli və şirkətin zərər etməyəcəyi alverləri etməlidirlər.
Məsələ 2110: Şirkətin sərmayəsi ilə alver edən şəxs onunla edilən şərtə zidd alver edərsə və ya onunla şərt kəsilməmiş olarsa və adi qaydanın əksinə müamilə edərsə, bu iki halda əqva nəzərə görə müamilənin səhih olmasına baxmayaraq, bu müamilədən zərər edərsə və ya şirkətin malının bir miqdarı tələf olarsa, şərtləşmənin və ya normanın əksinə hərəkət etmiş olan şərik buna zamindir.
Məsələ 2111: Şirkətin sərmayəsi ilə müamilə edən şərik sərmayəni saxlamaqda ifrat və səhlənkarlıq etməsə və onun bir qismi, yaxud hamısı təsadüfən tələf olsa zamin deyil.
Məsələ 2112: Şirkətin sərmayəsi ilə müamilə edən şərik sərmayənin tələf olduğunu söyləyərsə, digər şəriklər yanında inanılmış bir şəxsdirsə, onun sözünü qəbul etmələri lazımdır. Əgər belə deyilsə, şəriət qazilik üsullarına görə mübahisələrini həll etmələri üçün şəriət hakiminə müraciət edə bilərlər.
Məsələ 2113: Əgər izni şəriklikdə şəriklərin hamısı bir-birlərinə verdikləri istifadə icazəsindən imtina edərlərsə, artıq heç birisi şirkətin malından istifadə edə bilməzlər. Amma onlardan biri icazəni geri götürərsə, digərlərinin istifadə haqqı yoxdur. Amma icazəsini geri götürən şəxs şirkətin malından istifadə edə bilər. Hər bir halda onların sərmayədə iştirakları öz halında qalır.
Məsələ 2114: İzni şəriklikdə şəriklərin biri sərmayənin bölünməsini istərsə, şəriklik müddəti bitməmiş olsa belə, gərək digər şəriklər qəbul etsinlər. Amma bölgü rədd olunsa, yəni bəzi şəriklərin xərcə düşmələri ilə nəticələnərsə və ya şəriklərə çox zərəri olarsa, bölgü qəbul edilməyə bilər.
Məsələ 2115: Əgər izni şəriklikdə şəriklərin birisi ölərsə, ya dəli və ya bihuş olarsa, digər ortaqlar şirkətin malından istifadə edə bilməzlər. Həmçinin onlardan biri səfeh olarsa, yəni öz malını boş işlərə xərclərsə, hökm eynidir.
Məsələ 2116: Əgər şəriklərdən biri özü üçün nisyə mal alarsa, xeyir və zərəri onun özünə aiddir. Amma şirkət üçün alarsa və şəriklik şərti nisyə müamiləni də əhatə edirsə, xeyir və zərəri hər ikisinə aiddir.
Məsələ 2117: Şirkətin sərmayəsi ilə bir müamilə etdikdən sonra şərikliklərinin batil olduğunu başa düşərlərsə, bu halda əgər müamiləyə icazə vermək şərikliyin doğruluğuna bağlı deyildirsə (bu mənada ki, şərikliyin doğru olmadığını bildikləri halda yenə də bir-birlərinin istifadəsinə razı olsaydılar), müamilə səhihdir və o müamilədən hər nə əldə edilərsə, hamısının malıdır. Əgər belə deyilsə, o birilərin istifadəsinə razı olmayan şərik yoldaşları “bu müamiləyə razıyıq” deyərlərsə, müamilə
səhihdir. Əks təqdirdə batil olur. Hər iki təqdirdə də onlardan hansı biri şirkət üçün işləmişsə, əgər pulsuz olaraq işləmək qəsdi olmayıbsa,
zəhmətinin əvəzini normal bir şəkildə digər şəriklərdən sərmayə qaydasına görə ala bilər. Amma əgər normal zəhmət haqqı şərikliyin səhih olduğu fərz olunan halda bu müamilədən ələ gələn qazancdan çox olarsa, o ancaq qazanc götürə bilər.
SÜLH (RAZILAŞMANIN HÖKMLƏRİ) → ← AL-VERİN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français