Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ
Axtarış:
ŞƏRİKLİK HÖKMLƏRİ →
← HƏCCİN HÖKMLƏRİ
AL-VERİN HÖKMLƏRİ
ALVERİN (müamilə) HÖKMLƏRİ
Məsələ 2007: Kəsb edən (alver edən) şəxs gərək alğı-satqının, gündəlik qarşıya çıxan halların hökmlərini öyrənsin. Hətta əgər öyrənmədiyinə görə harama düşməsi, yaxud vacibi tərk etməsi gözlənilirsə, hökmü öyrənmək lazımdır. Həzrət İmam Sadiqdən (ə) rəvayət olunur: “Alver etmək istəyən şəxs gərək onun hökmlərini öyrənsin. Əgər onun hökmlərini öyrənməzdən əvvəl alver etsə, batil və şübhəli müamilələrin vasitəsilə həlakətə düşər.”
Məsələ 2008: İnsan bir məsələni bilmədiyi üçün etdiyi alğı-satqının düzgün, yaxud batil olduğunu bilməsə, aldığı və təhvil verdiyi maldan istifadə edə bilməz. Üstəlik məsələni öyrənməli, ya da razılaşma yolu ilə olsa belə, ehtiyat etməlidir. Amma hərçənd müamilə batil olsa da tərəfin onun o malı istifadə etməsinə razı olduğunu bilərsə, istifadə etməsi caizdir.
Məsələ 2009: Malı olmayan və vacib xərcləri olan şəxs (ailə və uşağının xərcləri kimi) işləyib qazanc əldə etməsi lazımdır. Ailənin yaşayışını daha da firavan etmək, fəqirlərə əl tutmaq və bu kimi müstəhəb işlər üçün kəsb etmək müstəhəbdir.
Alğı-satqıda müstəhəb olan şeylər
Bir neçə şey alğı-satqıda müstəhəb sayılıb:
1. Gərək şəxs malın qiymətində müştərilər arasında fərq qoymasın. Lakin fəqir və yoxsullar istisnadır.
2. Müamiləyə başlamazdan əvvəl kəlmeyi-şəhadəti, müamilə etdikdə isə təkbir desin.
3. Satdığı şeyi artıq versin, aldığını az götürsün.
4. Müamilə etdiyi adam peşman olduqda və müamiləni pozmaq istədikdə, müamiləni pozmağa hazır olsun.
Məkruh müamilələr
Məsələ 2010: Müamilədə bir neçə şey məkruhdur. Onların bəziləri bunlardır:
1. Mülk satmaq; onun pulu ilə başqa bir mülk aldığı təqdirdə məkruh deyil;
2. Qəssablıq (heyvan başı kəsməyi özü üçün sənət seçmək);
3. Kəfən satmaq;
4. Şəxsiyyətsiz adamlarla alver etmək;
5. Sübh azanından gün çıxan vaxtadək edilən alver;
6. Buğda, arpa və s. kimi şeylərin alveri ilə məşğul olmaq;
7. Başqasının almaq istədiyi bir şeyi almaq üçün müamiləyə daxil
olmaq.
Haram müamilələr
Məsələ 2011: Haram müamilələr çoxdur. Bunlardan bəziləri aşağıdakılardır:
1. Məstedici içkiləri, ov üçün olmayan it, donuz və həmçinin nəcis olmuş leşin ətini alıb-satmaq ehtiyat-vacibə əsasən haramdır. Bundan qeyri hallarda əgər eyni nəcisdən halal istifadə etmək mümkün olarsa, məsələn, nəcis ğaitin gübrə kimi alğı-satqısı caizdir.
2. Qəsbi malın alveri; əgər onda təhvil verib təhvil almaq kimi istifadələri tələb edirsə;
3. Müqabil tərəfin nəzəri cəlb olunmadığı halda etibardan düşmüş, yaxud saxta pullarla alver etmək. Amma saxta və ya etibarsız olduğunu bilsə, müamilə caizdir.
4. Büt, xaç, haram musiqi və qumar alətləri kimi müəyyən formada hazırlanan və adətən yalnız haram yolda istifadə olunan və dəyəri onun haram istifadəsi səbəbi ilə olan bir şeyin alveri;
5. Tərkibində ğəşş (aldatma) olan müamilə; Həzrət Rəsulullah (s) buyurub: “Müamilə edərkən müsəlmanlara ğəşş edən (onları aldadan) şəxs bizdən deyil. Kim öz müsəlman qardaşı ilə ğəşş etsə, Allah-təala onun ruzisinin bərəkətini çəkər, onun qazanc yolunu bağlayar və onu öz ixtiyarına buraxar”.
Ğəşşin bir neçə müxtəlif növləri var:
1-Yaxşı malı pis mala, yaxud başqa bir şeyə qatmaq, məsələn, südə su qatmaq.
2-Olduğunun əksinə olaraq zahirini gözəl cilvələndirmək, məsələn, köhnəlmiş göyərtilərə su vurub təzə göstərmək.
3-Bir malı başqa mal kimi göstərmək, məsələn, müştərinin xəbəri olmadan bir şeyin yalnız üzünə qızıl çəkmək.
4- Müştərinin, satıcının ondan heç nəyi gizlətməməsinə arxayın olduğu halda malın eybini gizlətmək.
Məsələ 2012: Palaz-xalça və qab kimi yuyulması mümkün olan, nəcis olmuş pak bir şeyi satmağın eybi yoxdur. Həmçinin yuyulması mümkün olmasa da, amma onun halal və adi olan mənfəəti neft kimi pak olmaqla şərtlənməməlidir. Hətta pak olmasına bağlı olsa da, əgər halal və etina olunacaq mənfəəti olsa, yenə də satmaq caizdir.
Məsələ 2013: Əgər bir şəxs nəcis şeyi satmaq istəsə, gərək onun nəcis olduğunu alıcıya o halda desin ki, demədiyi təqdirdə alıcı harama düşə, yaxud vacibi tərk edə bilər. Məsələn, nəcis suyu, dəstəmaz və qüsl almaqda işlədib onunla vacib namazını qılar və ya nəcis şeydən yemək və içməkdə istifadə edər. Əlbəttə deməyin faydası olmadığı şəxslərə, məsələn, nəcasət və paklığa riayət etməyən laqeyd bir şəxs olsa, bildirməsi lazım deyildir.
Məsələ 2014: İçməli olan və içməli olmayan nəcis dərmanları alıb-satmağın caiz olduğuna baxmayaraq, onun nəcis olduğunu əvvəlki məsələdə verildiyi kimi gərək müştəriyə desinlər.
Məsələ 2015: Qeyri islami ölkələrdən gətirilən yağların nəcis olduğu məlum olmazsa, alınıb-satılmaların eybi yoxdur. Amma heyvanın ölməsindən sonra ondan alınan yağ, jelatin kimi və s. maddələr kafirin əlindən alınsa və ya qeyri-islami ölkələrdən gətirilsə, əgər şəri üsullara əsasən kəsilmiş olan bir heyvana aid olduğuna ehtimal verilərsə, alğı-satqısı caiz və pakdır. Amma yeyilməsi haramdır və satıcının müştəriyə onun keyfiyyətini deməsi lazımdır. Əgər deməsə, 2013-ci məsələdə deyildiyi kimi onun harama düşməsi, ya vacibi tərk etməsi ehtimalı vardırsa, satıcı vəziyyəti ona söyləməlidir.
Məsələ 2016: Şəriətdə təyin edilən göstərişə görə kəsilməyən və ya özü ölmüş olan tülkü və buna bənzər heyvanın dərisinin alğı-satqısı ehtiyata əsasən icazəli deyil. Amma şəkk olunsa, işkalı yoxdur.
Məsələ 2017: Qeyri islami ölkələrdən gətirilən və ya kafirin əlindən alınan dərinin şəri göstərişə görə kəsilmiş olan bir heyvana aid olduğuna ehtimal verilirsə, onun alveri caizdir. Həmçinin onda namaz qılmaq
da səhihdir.
Məsələ 2018: Heyvanın ölməsindən sonra ondan əldə edilən yağ və digər maddələr və ya dəri müsəlmanın əlindən alınıbsa və insan onun şəri göstərişə görə kəsilmiş olan heyvana aid olub-olmadığını araşdırmadan bir kafirdən aldığını bilirsə, hərçənd onun paklığına və alğı-satqısının caiz olmasına hökm olsa da, o yağı və bu kimi şeyləri yemək icazəli deyil.
Məsələ 2019: Şərab və digər məstedici içkilərin müamiləsi haram və batildir.
Məsələ 2020: Qəsbi malı satmaq batildir, satıcı gərək alıcıdan aldığı pulu ona (sahibinə) qaytarsın. Amma sahibi icazə versə, düzdür.
Məsələ 2021: Əgər alıcı ciddi müamilə etmək qəsdi olduğu halda, aldığı şeyin pulunu verməmək niyyətində olarsa, onun bu niyyəti müamilənin səhih olmasına bir zərər yetirməz, amma o şeyin pulunu satıcıya verməlidir.
Məsələ 2022: Əgər alıcı zimmə ilə aldığı malın pulunu sonradan haram maldan vermək istəsə, müamilə səhihdir. Amma ona borclu borcunu halal maldan verməlidir ki, borcu ödənmiş olsun.
Məsələ 2023: Haram əyləncə alətlərinin alveri icazəli deyil. Amma müştərək alətlər, məsələn, radio, maqnitofon, video kimi əşyaları alıb-satmağın maneəsi yoxdur. Özü və ailəsinin onlardan haram yolda istifadə etməyəcəyinə əmin olan şəxs üçün onları saxlamaq caizdir.
Məsələ 2024: Əgər halal istifadəsi mümkün olan bir şeyi haramda işlətmək qəsdi ilə satsa, məsələn, üzümü şərab istehsal etmək üçün satsa, istər müamilə zamanı bunu qərara almış olsun, istərsə ondan əvvəl və müamiləni də o əsasda yerinə yetirsələr, bu müamilə haramdır. Amma bu qəsd ilə satmasa, sadəcə bilsə ki, müştəri üzümdən şərab düzəldəcək, müamilənin eybi yoxdur.
Məsələ 2025: Canlıların heykəlini düzəltmək ehtiyata əsasən haramdır, amma onları alıb-satmağın maneəsi yoxdur. Canlıların şəklini çəkmək caizdir.
Məsələ 2026: Qumardan, oğurluqdan və ya batil müamilədən əldə edilmiş şeyi, onda təsərrüf etməyi tələb edirsə, almaq haramdır və bir kəs onu satandan alsa, gərək onu əsl sahibinə qaytarsın.
Məsələ 2027: Piy ilə qarışdırılmış bir yağı satan şəxs onu müəyyən edərsə, məsələn, “bu iki batman yağı satıram” deyərsə, onda olan piy ona yağ deyilməyəcək qədər çoxdursa, müamilə batildir. Əgər onda olan piy, ona piy ilə qarışdırılmış yağ deyiləcək qədər azdırsa müamilə səhihdir. Amma müştəri, nöqsanlığa görə müamiləni ləğv etmə haqqına sahibdir və öz pulunu geri ala bilər. Əgər yağ piydən ayrılsa (seçilirsə), yağın tərkibindəki piyin miqdarına mütənasib olaraq müamilə batil olur və satıcının o piy üçün aldığı pul müştərinin malı və piy satıcının malıdır. Müştəri onun tərkibində olan xalis yağın müamiləsini də poza bilər. Əgər onu müəyyən etməsə və zimməsində olan iki batman yağı satsa, sonra piy ilə qarışmış yağı versə, müştəri o yağı geri qaytarıb və xalis yağı tələb edə bilər.
Məsələ 2028: Əgər malın bir miqdarını, çəki ya peymanə ilə satsalar, həmin maldan daha çox miqdarına satarsa, məsələn, bir batman buğdanı bir batman yarım buğdaya satsa riba və haramdır. Hətta iki maldan biri sağlam, o biri eybli, ya malın biri yaxşı, o biri pis olsa, ya qiymətdə bir-biri ilə fərqli olsalar, belə ki, verdiyi miqdardan çox alsa, yenə də riba və haramdır. Əgər sınıq olmayan misi verib ondan çox sınıq mis alsa, ya uzun düyünü verib ondan çox yumru düyü alsa, ya düzəlmiş qızılı verib ondan çox düzəlməmiş qızıl alsa riba və haramdır.
Məsələ 2029: Əgər artıq aldığı şey satdığından başqa bir şey olsa, məsələn, bir batman buğdanı, bir batman buğdaya və bir qəpik (riyal) pula satsa, yenə də riba və haramdır. Hətta artıq bir şey almasa, amma şərt etsə ki, alıcı onun üçün bir iş görsün, riba və haramdır.
Məsələ 2030: Əgər miqdarı az verən şəxs bir şey əlavə etsə, məsələn, iki batman buğda ilə bir dəsmalı iki batman yarım buğdaya satsa eybi yoxdur. Belə ki, onların qəsdi bu olsa ki, dəsmal o çox miqdarın müqabilində olsun və həm də müamilə nəqd olsun. Həmçinin hər iki tərəfdən bir şey artırsalar, məsələn, bir batman buğdanı ilə bir dəsmalı bir batman yarım buğdaya və bir dəsmala satsa, qəsdləri bu ola ki, birinci tərəfdə dəsmal və yarım batman buğda, ikinci tərəfdəki dəsmalın müqabilində olsa eybi yoxdur.
Məsələ 2031: Parça kimi metrə və zira ilə satılan bir şeyi və ya qoz və ya toyuq yumurtası kimi ədədlə satılan bir şeyi satıb müqabilində daha artıq alarsa, eybi yoxdur. Amma hər ikisi də eyni cinsdən olarsa və müamilə də müddətli olarsa, onun səhih olması bu halda işkallıdır. Məsələn, on ədəd qozu nağd verib bir aydan sonra on iki qoz alarsa. Kağız pulu da satmaq bunun kimidir. Məsələn, manatı digər cinsdən olan dinar, ya dollar kimi kağız pula nəqd, yaxud müddətlə satsa, maneəsi yoxdur. Amma əgər istəsə ki, öz cinsinə satıb və çox götürsün, gərək müamilə müddətli olmasın və belə olmadıqda onun səhih olması işkallıdır. Məsələn, 100 manat nəqd verib, altı aydan sonra 110 manat alması kimi.
Məsələ 2032: Şəhərlərin çoxunda və ya bir şəhərdə çəki və peymanə ilə, bəzi şəhərlərdə isə ədəd ilə satılan malların, ədəd ilə müamilə olunan şəhərdə artığına satmağı caizdir.
Məsələ 2033: Çəki ya peymanə ilə satılan şeylərdə, əgər bir şeyi satarsa və əvəzini bir maldan olmayan şeydən götürsə və müamilə nəqd olsa, çox götürməyin eybi yoxdur. Amma müamilə müddətli olsa işkallıdır. Deməli, əgər bir batman düyünü iki batman buğdaya bir aya qədər satsa, o müamilənin səhihliyi işkalsız deyil.
Məsələ 2034: Yetişmiş meyvəni, yetişməmiş meyvə ilə artığına müamilə etmək icazəli deyil. Əgər bərabər olub nəqd satsa məkruhdur. Əgər nisyə olsa işkallıdır.
Məsələ 2035: Arpa və buğda faiz (riba) xüsusunda bir cinsdən hesab edilir. Belə ki, bir batman buğda verib əvəzində bir batman iki yüz əlli qram arpa alarsa riba və haramdır. Həmçinin xərmən vaxtı on batman buğda vermək qəsdi ilə on batman arpa satın alarsa, arpanı nəqd alıb buğdanı bir müddət sonra verdiyi üçün çox almış kimi olur və haramdır.
Məsələ 2036: Ata ilə oğul, qadın ilə əri bir-birlərindən faiz (riba) ala bilərlər. Həmçinin müsəlman bir şəxs İslamın mühafizəsi altında olmayan bir kafirdən faiz ala bilər; amma İslamın mühafizəsi altında olan kafirlə faizli müamilə etmək haramdır. Müamilə tamam olduqdan sonra əgər faiz vermək onun şəriətində caizdirsə, ondan faiz ala bilər.
Məsələ 2037: Ehtiyat-vacibə görə üzü (dibdən) qırxmaq və buna görə zəhmət haqqı almaq icazəli deyil. Zərurət (çıxılmaz) halı, eləcə də onun tərk edilməsi (qırxılmaması) adətən dözüləsi olmayan bir çətinlik və ya zərər törədərsə, hətta başqalarının istehza və təhqir etməsi cəhətindən olsa belə, bu iki hal istisnadır.
Məsələ 2038: Ğina haramdır. Ğina dedikdə məqsəd, ləhv-lə`b (kef) məclislərinə məxsus olan tərzdə avazla oxunan batil musiqilərdir. Həmçinin, Quran, dua və bu kimi şeyləri də o cür oxumaq icazəli deyil. Ehtiyat-vacibə görə qeyd olunanlardan başqa sözlər də gərək bu səslə (ğina ilə) oxunmasın. Həmçinin ğinaya qulaq asmaq, eləcə də ğina üçün əmək haqqı (ücrət) almaq haramdır. Şəxs alsa belə, alanın mülkü olmur. Onu öyrətmək və öyrənmək də icazəli deyil. Musiqi də, yəni xüsusi musiqi alətlərində çalmaq da əgər ləhv-lə`b məclislərinə məxsus olacaq tərzdədirsə, haram, əks təqdirdə haram deyil. Haram musiqi çalmaqla ücrət almaq da haramdır, alanın mülkü olmur, onu öyrənib öyrətmək də haramdır.
Satıcının və alıcının şərtləri
Məsələ 2039: Satıcı və alıcı üçün altı şərt vardır:
1. Baliğ olsunlar;
2. Aqil olsunlar;
3. Səfeh olmasınlar; yəni öz mallarını lazımsız yerə xərc etməsinlər;
4. Alver niyyətləri olsun (məsələn, zarafatyana öz malımı “satdım” desə, müamilə batildir);
5. Bir şəxs onları məcbur etməsin;
6. Satdıqları və əvəzində verdikləri mala malik olmalıdırlar;
Bu şərtlərlə bağlı hökmlər sonrakı məsələlərdə izah olunacaq.
Məsələ 2040: Özü alış-verişdə müstəqil olan həddi-büluğa çatmamış bir uşaqla edilən müamilə batildir. Lakin həddi-büluğa yetməmiş ağlı kəsən uşaqların adətən qiyməti az bir şeyin müamiləsini etməsinin eybi yoxdur. Əgər uşağın vəlisi ilə müamilə edilsə və həddi-büluğa yetməmiş ağlı kəsən uşaq sadəcə olaraq müamilənin əqdini oxusa, bütün hallarda müamilə səhihdir. Hətta satılan mal və ya pul başqasının olsa və o uşaq yalnız sahibinin vəkili olaraq o malı satarsa və ya o pulla bir şey alarsa, zahir budur ki, ağlı kəsən uşaq təsərrüf etməkdə müstəqil olsa da müamilə səhihdir. Həmçinin əgər uşaq pulu satıcıya verib malı alıcıya çatdırmaqda və ya malı alıcıya verib pulu satıcıya çatdırmaqda yalnız bir vasitəçi olsa, uşaq ağlı kəsən belə olmasa müamilə səhihdir. Çünki həqiqətdə iki baliğ şəxs bir-birilə müamilə ediblər.
Məsələ 2041: Baliğ olmayan bir uşaqdan onunla müamilənin səhih olmadığı təqdirdə bir şey satın alsa və ya ona bir şey satarsa, uşaqdan aldığı mal və ya pul onun öz malıdırsa, vəlisinə verməlidir. Başqasının malıdırsa, o malı sahibinə verməli, ya da onu razı salmalıdır. Əgər onun sahibini tanımırsa və ya onu tanımaq üçün bir imkanı yoxdursa, uşaqdan aldığı şeyi sahibi tərəfindən məzalim haqqı olaraq fəqirlərə verməlidir. Ehtiyat-lazıma əsasən bu işi görmək üçün şəriət hakimindən icazə alması da lazımdır.
Məsələ 2042: Bir şəxs ağlı kəsən uşaqla onunla müamilənin səhih olmadığı təqdirdə müamilə edərsə və uşağa verdiyi mal və ya pul tələf olarsa, uşağın həddi-büluğa yetişməsindən sonra onun özündən və ya vəlisindən tələb edə bilər. Əgər uşaq ağlı kəsən olmazsa, yaxud ağlıkəsən olsa da malı özü tələf etməmiş olsa, əksinə, onun yanında özü tələf olmuş olsa, hərçənd təfrit və ifrat nəticəsində olsa belə zamin deyil.
Məsələ 2043: Alıcı və ya satıcının bir müamiləyə məcbur edildiyi zaman əgər müamilədən sonra müamiləyə razı olarsa və razı olduğunu söylərsə, müamilə səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, müamilə əqdini yenidən oxusunlar.
Məsələ 2044: Bir şəxs başqa birinin malını sahibinin icazəsi olmadan satarsa, mal sahibi onun satmasına razı olmayıb icazə verməzsə, müamilə batildir.
Məsələ 2045: Uşağın atası və ata tərəfdən olan babası, həmçinin atasının və ya ata tərəfdən olan babasının uşağın işləri ilə bağlı təyin etdiyi vəsisi uşağın malını sata bilər. Onların heç biri olmadıqda isə, adil müctəhid də məsləhət tələb etdikdə dəlinin, yetim uşağın və ya qaib olan bir şəxsin malını sata bilər.
Məsələ 2046: Bir şəxs bir malı qəsb edərək satarsa və müamilədən sonra mal sahibi müamiləni imzalarsa, müamilə səhihdir. Qəsb edən şəxsin müştəriyə verdiyi şey və onun mənfəətləri, müamilə etdiyi andan etibarən müştərinin malı, müştərinin də verdiyi şey və onun mənfəətləri müamilə anından etibarən malı qəsb edilən şəxsin malı olur.
Məsələ 2047: Bir şəxs qəsb etdiyi malı, pulu özünün olmaq qəsdilə satarsa, mal sahibi bu müamiləni imzalarsa, müamilə səhihdir. Amma pul qəsb edənin deyil, mal sahibinin olar.
Mal və onun əvəzinin şərtləri
Məsələ 2048: Satılan və onun əvəzində alınan malın beş şərti var:
1. Onun miqdarı çəki, peymanə, say və bu kimi şeylərlə məlum olsun.
2. Təhvil verilməsi mümkün olmalıdır; Əgər onu təslim etməsi mümkün olan başqa bir şeylə satarsa, müamilə səhihdir. Amma alıcının özünün satın aldığı şeyi ələ gətirməsi mümkünsə, hərçənd satıcının
satdığı şeyi ona təslim etmə imkanı olmasa da müamilə səhihdir. Məsələn, alıcının tapmaq imkanı olan qaçmış bir atı satarsa, müamilənin bir eybi yoxdur və səhihdir. Bu halda zəmiməyə (yəni bir malın o biri malın üstündə əlavə satışına) ehtiyac yoxdur.
3. Satılan və əvəzində alınan əşyadakı camaatın müamiləyə meyllərinin dəyişməsinə səbəb olan xüsusiyyətlər göstərilməlidir.
4. Sahibinin mülkiyyətindən çıxarkən tərəfin haqqı zay olacaq şəkildə başqa bir şəxs onun üzərində haqq sahibi olmamalıdır.
5. Malın qazancını deyil, özünü sastsın. Deməli, evin bir illik gəlirini satsa, səhih deyil. Əgər alıcı pul yerinə, mülkünün qazancini versə, məsələn, bir kəsdən xalça alıb əvəzində evinin bir illik qazancını onun ixtiyarına versə, eybi yoxdur.
Bunların hökmləri gələcək məsələlərdə deyiləcək.
Məsələ 2049: İnsan bir şəhərdə çəki və peymanə ilə satılan malı həmin şəhərdə gərək çəki və peymanə ilə alsın. O malı görməklə (ölçmədən) müamilə edilən şəhərdə isə görməklə almalıdır.
Məsələ 2050: Alğı və satqısı çəki ilə edilən bir mal ölçü ilə də müamilə edilə bilər. Məsələn, on batman buğda satmaq istəyən şəxs bir batman buğda tutan bir ölçü qabı ilə on qab buğda verə bilər.
Məsələ 2051: Əgər müamilə dördüncü şərtdən başqa söylənən şərtlərdən birinin mövcud olmaması üzündən batil olarsa, amma satıcı və alıcı bir-birilərinin malından istifadə etməyə razı olsalar, istifadə etmələrinin eybi yoxdur.
Məsələ 2052: Vəqf olunmuş bir şeyin müamiləsi batildir. Amma vəqf edildiyi cəhətdə istifadə olunma imkanı qalmayacaq qədər xarab olmuşsa və ya bu həddə yetişmək üzrədirsə, məsələn, məscidin həsiri üzərində namaz qılına bilməyəcək şəkildə xarab olmuşsa, məscid mütəvəllisinin və ya onun hökmündə olan şəxsin onu satmasının eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, mümkün olan surətdə onu həmin məscidə, vəqf edənin məqsədinə daha yaxın olan işlərə sərf etsinlər.
Məsələ 2053: Əgər özlərinə mal vəqf edilən şəxslər arasında, vəqf edilən malı satmasalar, mal və ya can tələfatına yol açacaq şəkildə ixtilaf meydana çıxarsa, o vəqfi satmaq işkallıdır. Lakin vəqf edən şəxs, vəqf edilən şeyin satılmasını məsləhət bildiyi təqdirdə satılmağı şərt qoymuşsa, bu təqdirdə onun satılmasının bir maneçiliyi yoxdur.
Məsələ 2054: Başqasına kirayə verilmiş olan bir mülkün alverinin eybi yoxdur. Ancaq o mülkün mənfəəti kirayədə olduğu müddətdə kirayəçiyə aiddir. Əgər alıcı o mülkün kirayə verildiyini bilməzsə və ya kirayə müddətinin az olduğunu güman edərək almışsa, vəziyyətdən xəbərdar olduqdan sonra müamiləni poza bilər.
Alver əqdi
Məsələ 2055: Alver işlərində əqdi ərəbcə oxumaq lazım deyil. Məsələn, satıcı öz dilində, “bu malı bu pula satdım” desə və alıcı da “qəbul etdim” deyərsə, müamilə səhihdir. Amma alıcı və satıcının bu iki cümləni söyləməkdə məqsədləri inşa qəsdi olmalıdır. Yəni bu iki cümləni dedikdə qəsdləri alver olmalıdır.
Məsələ 2056: Əgər müamilə zamanı əqd oxunmazsa, amma satıcı alıcıdan aldığı mal əvəzində öz malını onun mülkü edərsə, müamilə səhihdir və hər ikisi aldığı şeyin sahibi olur.
Meyvələrin alveri
Məsələ 2057: Çiçəyini töküb dənə bağlamış meyvənin xəsarət görmə müddəti keçmiş olub-olmadığı məlum olarsa, o ağacın məhsulunun miqdarı təxminən bilinərsə, yığılmamışdan əvvəl də satılması səhihdir. Hətta meyvənin xəsarət görmə müddətinin keçib-keçmədiyi məlum olmasa, əgər iki il və ya daha çox müddətə meyvələri satılırsa, ya da indi çıxmış olan miqdarı (etina edilən mali dəyəri olmaq şərti ilə) satarlarsa, müamilə səhihdir. Həmçinin əgər tarlanın məhsulundan bir şeyi, ya da ayrı bir şeyi ona əlavə etməklə satarlarsa, müamilə səhihdir. Amma ehtiyat-lazıma əsasən bu təqdirdə elə bir şey əlavə edilməlidir ki, tumurcuqlar meyvə olmasa belə, alıcının sərmayəsini qorusun.
Məsələ 2058: Ağacda olan meyvə dənə bağlamamışdan və çiçəyini tökmədən əvvəl satılması caizdir. Amma əvvəlki məsələdə izah olunduğu şəkildə ya bir şeylə birlikdə satılmalı, ya da bir ildən çoxun meyvəsi satılmalıdır.
Məsələ 2059: Ağac üstündə istər yetişmiş, istərsə yetişməmiş olan xurmanı satmağın eybi yoxdur. Amma onun əvəzini istər o ağacdan olsun və ya başqasından, xurma təyin etməmələri lazımdır. Əgər onu yetişmiş, ya hələ xurma sayılmayan rütəblə birlikdə satsalar işkalı yoxdur. Lakin bir şəxsin başqa birisinin bağçasında bir dənə xurma ağacı varsa, onu becərmək o şəxs üçün çətindirsə, bu halda əvəzini xurma qərar verib əgər onun miqdarını təxmin edərək ev sahibinə satarsa, heç bir maneəsi yoxdur.
Məsələ 2060: İldə bir neçə dəfə toplanan xiyar, badımcan, göyərti və buna bənzər bitkilərin satılması onların məhsulunun aşkar, zahir olduqları və alıcının il ərzində bir neçə dəfə onu toplayacağı təyin edildiyi təqdirdə maneəsi yoxdur. Əgər məhsul aşkar görüləcək hala gəlməyibsə, satılmaları işkallıdır.
Məsələ 2061: Buğdanın sünbülünü dən bağladıqdan sonra özündən və ya başqa bir sünbüldən ələ gələn buğda əvəzində satarlarsa, müamilə səhih deyildir.
Nəqd və nisyə
Məsələ 2062: Əgər bir mal nəqd satılıbsa, alıcı və satıcı müamilədən sonra bir-birlərindən malı və pulu istəyib ala bilərlər. Döşənəcək, libas kimi daşına bilən və tarla, ev kimi daşınmaz şeylərin verilməsi mal sahibinin onlardan əlini çəkib, tərəfin istədiyi zaman onlardan istifadə edə biləcəyi şəkildə onun ixtiyarında qoyması ilə ola bilər. Bu isə şərait dəyişdikcə müxtəlif cür ola bilər.
Məsələ 2063: Nisyə müamilələrdə zamanın tam dəqiq şəkildə təyin edilməsi lazımdır. Deməli, pulunu xırman zamanı almaq üzrə bir mal satılarsa, vaxt tamamilə müəyyən edilmədiyindən müamilə də batil olur.
Məsələ 2064: Bir malı nisyə satarsa, satıcı onun əvəzini qərarlaşdırılan vaxt tamamlanmamış alıcıdan istəyə bilməz. Əgər alıcı ölərsə və özünə aid malı da olarsa, satıcı vaxt çatmamış alacağını onun varislərindən istəyə bilər.
Məsələ 2065: Nisyə satdığı bir mal üçün qərarlaşdırılan müddət tamam olduqdan sonra satıcı alacağını istəyə bilər, amma alıcı ödəyə bilməzsə ona möhlət verər və ya müamiləni pozaraq satılan şey mövcuddursa, onu geri ala bilər.
Məsələ 2066: Malın qiymətini bilməyən şəxsə bir miqdar nisyə verərsə və qiymətini də söyləməzsə, müamilə batildir. Amma nəqd satış qiymətini bilən bir şəxsə malı nisyə verib dəyərini çox hesablarsa, məsələn, “sənə nisyə verdiyim malı nəqd qiymətindən hər manatına bir qəpik daha çox hesablayıram” deyər və o da qəbul edərsə, maneəsi yoxdur.
Məsələ 2067: Bir malı nisyə satıb pulunu almaq üçün bir müddət müəyyən etmiş olan şəxs, məsələn, müddətin yarısı keçdikdən sonra alacağından bir miqdar keçib qalan qismi də nəqd alarsa maneəsi yoxdur.
Sələf müamiləsi və şərtləri
Məsələ 2068: Sələf müamiləsi budur ki, satılan şey külli olsun, müştəri də pulu verib müəyyən müddətdən sonra malı təhvil alsın. Əgər “bu pulu verirəm ki, altı aydan sonra filan malı alam” desə, satıcı da “qəbul etdim” desə, yaxud satıcı pulu alıb “filan malı satdım ki, altı aydan sonra təhvil verəm” desə, müamilə səhihdir.
Məsələ 2069: Əgər qızıl və ya gümüşdən olan pulu sələf olaraq satıb əvəzində də qızıl və ya gümüşdən olan pul alarsa, müamilə batildir. Amma bir malı, qızıl və gümüşdən olmayan bir pulu satarsa və əvəzində ayrı bir mal və ya qızıl və gümüşdən olan pul alarsa, müamilə (gələcək məsələnin 7-ci şərtində izah olunacaq şəkildə) səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, satdığı malın əvəzində pul alsın, başqa mal almasın.
Məsələ 2070: Sələf müamiləsinin yeddi şərti var:
1. Malın qiymətinin fərqlənməsinə səbəb olan xüsusiyyətləri müəyyən etsinlər. Amma həddindən artıq diqqət etmək lazım deyil. Camaat “bunun xüsusiyyəti məlumdur” desə kifayətdir.
2. Satıcı və alıcı bir-birindən ayrılmamışdan qabaq alıcı pulun hamısını satıcıya versin, yaxud müəyyən bir miqdar satıcıda borcu olsa, pulun bir miqdarını satıcıya nağd verib öz borcunu malın qiymətindən hesab edə bilər, o da qəbul etməlidir. Əgər onun qiymətinin müəyyən miqdarını versə, müamilənin həmin miqdarda səhih olmasına baxmayaraq, satıcı həmin miqdarın müamiləsini poza bilər.
3. Müddət dəqiq şəkildə müəyyən olsun. Məsələn: “Xərmənin əvvəlinədək malı təhvil verəcəyəm” desə, müddət dəqiq məlum olmadığından, müamilə batildir.
4. Malın təhvil verilməsi üçün vaxt təyin olmalıdır ki, satıcı malı təhvil versin, istər o mal həmin vaxt az tapılan şeylərdən olsun və ya olmasın.
5. Ehtiyat-vacibə əsasən malın alıcıya veriləcəyi yer dəqiq şəkildə müəyyən edilməlidir. Amma onların danışığından onun yeri bəlli olarsa, ayrıca o yerin adını çəkmələrinə ehtiyac yoxdur.
6. Malın çəkisini, peymanəsini, yaxud sayını müəyyən etsinlər. Adətən görməklə müamilə olunan malı sələf kimi satsalar eybi yoxdur. Amma gərək qoz və yumurtanın (bəzi qismlərində olduğu kimi) onun növlərinin fərqi camaat arasında ona əhəmiyyət verilməyəcək dərəcədə az
olsun.
7. Satılan şey çəki və ya ölçü ilə satılan mallardandırsa, onun əvəzi eyni mallardan olmamalıdır. Hətta ehtiyat-lazıma əsasən onun cinsi ölçü və ya çəki ilə satılan başqa bir maldan da olmamalıdır. Əgər satılan şey ədədlə satılan şeylərdəndirsə, ehtiyat-vacibə əsaən onun əvəzini öz cinsindən çox təyin etmək icazəli deyil.
Sələf müamiləsinin hökmləri
Məsələ 2071: İnsan sələf olaraq satın aldığı bir malı müddəti qurtarmamışdan əvvəl satıcısından başqasına sata bilməz. Amma müddəti qurtardıqdan sonra malı təhvil almasa belə, satmasına maneəsi yoxdur. Amma meyvələrdən başqa, çəki və ya ölçü ilə satılan digər malları təhvil almamışdan əvvəl satmaq icazəli deyildir. Lakin onları mal olduqları sərmayələrinə və ya daha azına satarsa caizdir.
Məsələ 2072: Sələf müamiləsində satıcı malı qərarlaşdırılan zamanda verərsə, qərarlaşdırılan zamandakı vəziyyətdə olsa, gərək qəbul etsin. Əgər şərt edilən şeydən daha yaxşı olsa belə, alıcının qəbul etməsi gərəkdir. Amma şərtləşməkdə məqsədləri qərarlaşdırılan haldakı vəziyyətdən daha yaxşısını qəbul etməmək olsa, bu hal istisnadır.
Məsələ 2073: Əgər satıcının verdiyi mal qərara aldıqlarından pis olsa, müştəri qəbul etməyə bilər.
Məsələ 2074: Əgər satıcı qərarlaşdırılan mal əvəzinə başqa mal verərsə, alıcı razı olduğu təqdirdə eybi yoxdur.
Məsələ 2075: Sələf olaraq satdığı şeyi alıcıya verəcəyi zaman o malı satıcı hazırlaya bilməzsə, alıcı istəsə hazırlanıncaya qədər səbr edə bilər, ya da müamiləni pozub vermiş olduğu şeyi, yaxud onun əvəzini geri ala bilər. Amma ehtiyat-vacibə görə onu satıcıya yuxarı bir qiymətlə sata bilməz.
Məsələ 2076: Əgər müəyyən malı satıb və bir müddətdən sonra təhvil verib pulunu da bir müddətdən sonra alacağını qərarlaşdırsa, müamilə
batildir.
Qızıl-gümüşün qızıl-gümüşə satılması
Məsələ 2077: Əgər qızılı qızıla, gümüşü də gümüşə satsalar, istər sikkəli olsun, istərsə də sikkəsiz, onlardan birinin çəkisi o birisindən artıq olsa, müamilə haram və batildir.
Məsələ 2078: Qızılı gümüşə, gümüşü qızıla nağd satsalar müamilə səhihdir; çəkilərinin də bərabər olması lazım deyil. Amma müamilə müddətli olsa batildir.
Məsələ 2079: Qızılı gümüşə və ya gümüşü qızıla satarlarsa, alıcı və satıcı bir-birlərindən ayrılmamış satılanı və əvəzində veriləni bir-birlərinə təhvil verməlidirlər. Əgər qərarlaşdırdıqlarından heç bir miqdarını təslim etməzlərsə, müamilə batildir. Əgər onların bir hissəsini təhvil versələr, müamilə həmin miqdarda səhihdir.
Məsələ 2080: Əgər satıcı və ya alıcı qərar qoyduğu şeyin hamısını, digəri isə bir miqdarını təhvil verib bir-birindən ayrılsalar, müamilənin həmin miqdarda səhih olmasına baxmayaraq, malın hamısı əlinə çatmayan tərəf müamiləni poza bilər.
Məsələ 2081: Əgər bir az gümüş mədəni torpağını saf gümüşə və ya bir az qızıl mədəni torpağını saf qızıla satsalar, müamilə batildir. Amma gümüş mədəni torpağında olan gümüşün saf gümüş miqdarında olduğunu bilirsə eybi yoxdur. Lakin gümüş mədəni torpağını qızıla, qızıl mədəni torpağını isə gümüşə satmağın əvvəldə deyildiyi kimi maneəsi yoxdur.
Müamiləni pozmağın mümkün olduğu yerlər
Məsələ 2082: Bir müamiləni pozma haqqına “fəsx etmə haqqı” deyilir. Alıcı və satıcı on bir yerdə müamiləni poza bilərlər.
1. Hərçənd müamilə məclisini tərk etmiş olsalar belə, bir-birindən ayrılmamış olsunlar və bu fəsx etmə haqqına “məclis fəsx etmə haqqı” deyilir.
2. Alış-verişdə alıcı, ya satıcı və digər müamilələrdə iki tərəfdən biri aldadılmış olarsa, bu fəsx etmə haqqına (ğəbn) “aldatma fəsx etmə haqqı” deyilir. Bu cür fəsx etmə haqqının sübut olması camaatın zehnində olan bir şərtdən qaynaqlanır. Yəni hər müamilədə hər iki tərəfin zehnində bu şərt var ki, aldığı mal maliyyət baxımından verdiyi maldan çox aşağı olmamalı və əgər belə olarsa, müamiləni pozma haqqına sahib olsun. Əgər bəzi yerlərdə xüsusi qaydada zehnlərdə olan şərt ayrı bir şəkildə olarsa, məsələn, şərt aldığı maliyyət baxımından verdiyi maldan az olduğu təqdirdə aradakı fərqini tərəfdən istəmə haqqına və bu mümkün olmazsa, müamiləni pozma haqqına sahib olmaq olarsa, belə yerlərdə xüsusi qaydaların şərtinə əməl edilməlidir.
3. Müamilədə müəyyən bir müddətə qədər hər ikisinin və ya birinin müamiləni pozma haqqına sahib olmaları şərt edilmişsə, bu haqqa “şərti fəsx etmə haqqı” deyilir.
4. İki tərəfdən biri tərəfin ona rəğbət etməsini saxlayacaq və ya ona olan rəğbətinin çoxalmasına səbəb olacaq şəkildə öz malını olduğundan daha yaxşı göstərərsə, buna “tədlis qüsuru (gizlətmə səbəbilə olan) fəsx etmə haqqı” deyilir.
5. Müamilə tərəflərindən biri qarşı tərəfin onun üçün bir iş görməsini şərt qoymuş olarsa, o da həmin şərtə əməl etməzsə və ya onun verəcəyi müəyyən malda bir xüsusiyyətin olmasını şərt qoyarsa, lakin o malda həmin xüsusiyyət olmazsa, bu halda şərt edən şəxs müamiləni poza bilər və buna “şərtə uyğun gəlməyən təxəllüf fəsx etmə haqqı” deyilir.
6. Malda və ya onun əvəzində qüsur olarsa, buna «qüsurdan ötrü fəsx etmə haqqı» deyilir.
7. Müamilə edilən malın bir miqdarının başqasının malı olduğu anlaşılırsa, bu halda əgər onun sahibi bu müamiləyə razı olmazsa, alıcı müamiləni poza bilər və ya o miqdarın pulunu əgər vermişsə, digər tərəfdən ala bilər. Buna «şəriklikdən doğan fəsx etmə haqqı» deyilir.
8. Satıcı müştərinin görmədiyi müəyyən olunmuş malın xüsusiyyətlərini ona deyəndən sonra, dediyi kimi olmadığı məlum olsa, bu halda müştəri müamiləni poza bilər. Həmçinin əgər müştəri (verəcəyi) müəyyən olunmuş əvəzin xüsusiyyətlərini desə, sonradan dediyi kimi olmadığı məlum olsa, satıcı müamiləni poza bilər. Həmçinin əgər əvvəlcə görülməklə müamilə olunub sonradan gördükləri malın, yaxud onun əvəzinin nöqsan (azalmaq) tərəfə dəyişdiyi məlum olsa, birinci halda alıcı, ikinci halda isə satıcı müamiləni poza bilər. Buna “görmədən əmələ gələn fəsx etmə haqqı” deyilir.
9. Alıcı aldığı malın pulunu üç günə qədər satıcıya verməzsə və satıcı da malı təhvil verməmiş olsa, satıcı müamiləni poza bilər. Əlbəttə bu, satıcının alıcıya pulu verməsində möhlət verib müddət bildirilmədiyi haldadır. Əgər möhlət verilməmiş olsa, pulu verməyi azacıq gecikdirməklə də müamiləni poza bilər. Amma ona üç gündən çox möhlət vermişsə, bu möhlət tamam olmamışdan əvvəl müamiləni poza bilməz. Buradan məlum olur ki, əgər satdığı şey bəzi göyərti və meyvələr kimi bir gün qalmaqla xarab olan maldırsa, onun müddəti az olacaq. Buna “gecikdirildiyinə görə fəsx etmə haqqı” deyilir.
10. Bir heyvan satın almış olan alıcı, üç günə qədər müamiləni poza bilər. Həmçinin satdığı şeyin əvəzində bir heyvan alan satıcı üç günə qədər müamiləni poza bilər. Buna “heyvan alış-satışı fəsx etmə haqqı”
deyilir.
Məsələ 2083: Əgər alıcı malın qiymətini bilməzsə və ya aldığı zaman qafil olaraq adi qiymətdən daha baha qiymətə alarsa, etina edilən dərəcədə baha almışsa, müamiləni poza bilər. Əlbəttə, müamiləni pozma zamanında malın özü mövcud olmalıdır, əks təqdirdə müamiləni poza bilmə haqqının olması işkallıdır. Həmçinin əgər satıcı malın qiymətini bilməzsə və ya müamilə zamanı yaddan çıxaraq qiymətindən aşağı satarsa, etina edilən miqdarda ucuz satmışdırsa, yuxarıda deyilən şərtlə müamiləni poza bilər.
Məsələ 2084: Şərtli satış müamiləsindəki məsələn, bir milyonluq evi beş yüz min manata satıb, satıcının müəyyən olunmuş vaxt daxilində pulu verdiyi təqdirdə müamiləni poza bilmə haqqına sahib olması qərarlaşdırılırsa, satıcı və alıcının həqiqətən alğı-satqı qəsdləri olarsa, müamilə səhihdir.
Məsələ 2085: Şərtli satış müamiləsində satıcı pulu vaxtında vermədiyi halda onun mülkünü geri verə biləcəyindən əmin olsa belə, müamilə səhihdir. Amma pulu vaxtında verməzsə, alıcıdan mülkü istəməyə haqqı yoxdur. Əgər alıcı ölərsə, onun varislərindən mülkü tələb edə bilməz.
Məsələ 2086: Əgər keyfiyyətli çayı keyfiyyəti aşağı olan çayla qarışdırıb, keyfiyyətli çay adına satarsa, alıcı müamiləni poza bilər.
Məsələ 2087: Əgər alıcı aldığı malın bir qüsuru olduğunu başa düşərsə, məsələn, bir heyvan alıb, sonra onun gözünün birinin kor olduğunu görərsə, əgər bu qüsur müamilədən əvvəl heyvanda olduğu halda o
bilmirdisə, müamiləni pozaraq onu satıcıya qaytara bilər. Əgər onu
qaytarması mümkün olmazsa, məsələn, o malda bir dəyişmə meydana gəlmiş olarsa və ya onda geri qaytarmağa mane olan bir təsərrüf etmişsə, məsələn, onu satıb, yaxud icarəyə veribsə, yaxud da parçanı kəsib, ya tikmişsə, bu halda sağlam ilə qüsurlu arasında qiymət fərqini müəyyənləşdirib satıcıya verdiyi puldan həmin miqdarını geri ala bilər. Məsələn, dörd manata aldığı bir malın qüsuru olduğunu başa düşərsə, əgər onun qüsursuzunun qiyməti səkkiz manat, qüsurlunun qiyməti isə altı manatdırsa, qüsursuzla qüsurlu arasındakı qiymət fərqi dörddə bir olduğundan satıcıya verdiyi pulun dörddə biri olan bir manatı geri ala bilər.
Məsələ 2088: Satıcı satdığı malın əvəzində aldığı müəyyən bir şeydə eyib olduğunu görərsə, əgər o eyib müamilədən əvvəl göründüyü halda o bilməmişdirsə, satıcı müamiləni pozaraq onu sahibinə qaytara bilər. Amma əgər o şeydə meydana gələn bir dəyişmə və təsərrüf etmə üzündən qaytara bilməzsə, əvvəlki məsələdə söylənən qaydaya görə eyibsiz ilə eyibli arasındakı qiymət fərqini ala bilər.
Məsələ 2089: Əgər müamilədən sonra və malı alıcıya verməmişdən əvvəl onda bir qüsur ortaya çıxarsa, alıcı müamiləni poza bilər. Həmçinin malın əvəzi olan bir şeydə müamilədən sonra, verilməmişdən qabaq bir eyib tapılsa, satıcı müamiləni poza bilər. Əgər qiymət fərqini almaq istərlərsə də geri qaytarmaq imkanı olmadığı təqdirdə caizdir.
Məsələ 2090: Müamilədən sonra malın eybi olduğunu anlarsa, müamiləni pozmaq istərsə, dərhal pozmalıdır. Əks təqdirdə (halların müxtəlifliyini nəzərə almaqla) əgər adi qaydadan çox vaxt keçənə qədər təxirə salsa, artıq müamiləni poza bilməz.
Məsələ 2091: Əgər müamilədən sonra aldığı malın eybi olduğunu başa düşərsə, satıcı hazır olmasa da, müamiləni poza bilər. Başqa fəsx etmə haqlarında da hökm eynidir.
Məsələ 2092: İki yerdə alıcı malda üzə çıxan eyib səbəbi ilə müamiləni poza bilməz və ya qiymət fərqini ala bilməz.
1. Malı alarkən eyibli olduğunu bilirdisə;
2. Müamilə vaxtı satıcı “bu malı bütün eyibləri ilə bərabər satıram» demişsə, amma bir eyibi göstərib və “bu eyiblə satıram” demişsə və sonradan onda başqa bir eyibin də olduğunu anlamışsa, alıcı satıcının göstərmədiyi eyibə görə malı geri qaytara bilər və geri qaytara bilmədiyi təqdirdə də qiymət fərqini ala bilər.
Məsələ 2093: Əgər alıcı aldığı malın eyibli olduğunu başa düşərsə və aldıqdan sonra onda ayrı bir eyib tapılsa, müamiləni poza bilməz. Amma eyibsiz ilə eyibli arasındakı qiymət fərqini ala bilər. Lakin aldığı heyvan qüsurlu olsa, fəsx etmə haqqına sahib olduğu üç gün keçməmişdən əvvəl başqa bir qüsur meydana gələrsə, onu təhvil almış olsa belə, yenə də geri qaytara bilər. Həmçinin yalnız alıcının müəyyən müddətə qədər fəsx etmə haqqına sahib olsa, o müddət ərzində malda başqa bir qüsur meydana gələrsə, onu təhvil almış olsa belə, müamiləni poza bilər.
Məsələ 2094: Əgər insanın özünün görmədiyi bir malı olarsa və digəri ona malın xüsusiyyətlərini başa salarsa, o da başqasının ona anlatdığı xüsusiyyətləri alıcıya söyləyərək onu satarsa, sonra da onun dediklərindən daha yaxşı olduğunu başa düşərsə, müamiləni poza bilər.
Müxtəlif məsələlər
Məsələ 2095: Əgər satıcı malın alış qiymətini alıcıya söyləyərsə, həmin qiymətə, ya da daha aşağı qiymətdən satsa belə, qiymətin azalmasına və ya artmasına səbəb olan digər bütün şeyləri də söyləməlidir. Məsələn, nəqd və ya nisyə aldığını da deməlidir. Əgər o xüsusiyyətlərin bəzisini söyləməsə və alıcı sonradan başa düşsə müamiləni poza bilər.
Məsələ 2096: Bir şəxs başqa birinə bir mal verib onun qiymətini müəyyən edərək “bu malı bu qiymətdən sat, nə qədər baha sata bilirsən artığı sənin satma haqqın olacaq” deyərsə, bu halda nə qədər bahaya satarsa, mal sahibinindir və satıcı yalnız öz zəhmət haqqını sahibindən ala bilər. Amma əgər cüalə şəklində olarsa və “əgər bu malı bu qiymətdən artığına sata bilsən, artığı sənin olsun” deyərsə, heç bir maneəsi yoxdur.
Məsələ 2097: Əgər bir qəssab erkək heyvan əti satarsa və yerinə dişi heyvan əti verərsə, günah işlətmiş olur. Bu halda əgər onun müəyyən edib “bu erkək heyvan ətini satıram” demişsə, alıcı müamiləni poza bilər. Əgər onu bildirməmişsə, müştəri aldığı ətə razı olmazsa, qəssabın ona erkək heyvan əti verməsi lazımdır.
Məsələ 2098: Alıcı parça satıcısından rəngi solmayan bir parça istəyərsə, satıcı isə ona rəngi solan bir parça verərsə, alıcı müamiləni poza bilər.
Məsələ 2099: Əgər satıcı satdığı malı təhvil verə bilməsə, məsələn, satdığı at qaçarsa, bu halda müamilə batil olur, müştəri də öz pulunu tələb edə bilər.