Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ
Axtarış:
ZƏKATIN HÖKMLƏRİ →
← XÜMSÜN HÖKMLƏRİ
ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MÜNKƏR
ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MÜNKƏR
(Yaxşılıqlara əmr etmək və pisliklərdən çəkindirmək)
Əmr bil-məruf və nəhy ənil-münkər dinin ən böyük vaciblərindəndir. Allah-taala Qurani-kərimdə buyurur:
وَ لْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَ يَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَ أُولئِكَ هُمُ الْمُفْلِحُونَ.
(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir .
Həzrət peyğəmbər (s) buyurmuşdur: “Mənim ümmətim nə qədər ki, əmr bil-məruf və nəhy ənil-münkər edir, bir-birlərini yaxşılığa dəvət edirlər, yaxşı yaşayacaqlar. Əgər belə olmazsa, bərəkət onlardan götürüləcək və onlardan bəziləri bəzilərinə zülm ilə hökmranlıq edəcək.”
Həzrət Əmirəl-möminin Əlidən (ə) belə nəql olunur: “Əmr bil-məruf və nəhy ənil-münkəri tərk etməyin. Əgər tərk etsəniz
ən pis insanlar sizə hökumət edəcəklər və sizin dualarınız qəbul
olmayacaq.”
Məsələ 1: Əmr bil-məruf və nəhy ənil-münkər mərufu və münkəri yerinə yetirmək haram olduğu halda vacibdir. Belə olan surətdə əmr bil-məruf və nəhy ənil-münkər vacibi-kifaidir. Əgər bir şəxs bu vəzifəyə əməl etsə, başqalarının boynundan götürülür. Amma hər bir şəxs haram bir iş və ya vacib bir işin tərk olunması ilə üzləşərsə, öz narahatlığını söz və ya rəftarı ilə bildirməlidir. Bu miqdar vacibi-eynidir.
Həzrət Əmirəl-möminin Əlidən (ə) belə nəql olunur:
Həzrət Peyğəmbər (s) bizə belə buyurdu: “Günah əhli ilə qaşqabaqla rəftar edək.”
Müstəhəb olduğu yerlərdə mərufu yerinə yetirmək vacib deyil və məkruh olduğu yerlərdə münkəri etmək haram deyil. Əmr bil-məruf və nəhy ənil-münkər də müstəhəbdir.
Əmr bil-məruf və nəhy ənil-münkərdə gərək səhv edən şəxsin şəxsiyyəti nəzərə alınsın ki, ona əziyyət və hörmətsizlik olmasın. Həmçinin din və dinin proqramlarından inciməməsi üçün çox pis rəftar etmək olmaz.
Məsələ 2: Əmr bil-məruf və nəhy ənil-münkərdə gərək aşağıdakı şərtlər olsun:
1. Məruf və münkəri müxtəsər şəkildə olsa da tanımaq; Deməli məruf və münkəri tanımayan və onları bir-birindən seçə bilməyən şəxsə əmr bil-məruf və nəhy ənil-münkər vacib deyil. Bəli bəzi vaxtlar əmr bil-məruf və nəhy ənil-münkəri öyrənmək və tanımaq vacibdir.
2. Əmr və nəhyinin təsirli olacağına ehtimal versin; Deməli, onun sözünün təsirli olmayacağını bilsə, fəqihlərin arasında məşhur budur ki, onun öhdəsində bir təklif yoxdur və əmr bil-məruf və nəhy ənil-münkər ona vacib deyil. Amma ehtiyat-vacib budur ki, öz narahat və incidiyini hər bir mümkün olan vasitə ilə hətta onda təsir etmədiyini bilsə də, günahkara bildirsin.
3. Günahkarın pis işləri davam etdirməsinə qəsdi olsun; Deməli, günahkar pis işləri davam etdirmək istəməsə, əmr bil-məruf və nəhy ənil-münkəri etmək vacib deyil.
4. Günahkar pis və günah işlərdə üzürlü olmasın; Yəni etdiyi pis işin haram deyil, mübah olduğunu və ya tərk etdiyi yaxşı işin vacib olmadığı inancı ilə etsin. Bəli, əgər münkər ehtiramı olan şəxsin öldürülməsi kimi Allah-taalanın edilməsinə razı olmadığı işlərdən olsa, hətta işi edən üzürlü olub mükəlləf olmasa da onun qarşısını almaq vacibdir.
5. Can, abır və mali zərər (əhəmiyyət verici dərəcədə) olsa; Bir şəxs əmr bil-məruf və nəhy ənil-münkər edəni təhdid etməsin. Çətinlik və məşəqqət dözülməz dərəcədə olmasın. Əgər yaxşı və pis iş Allah-taalanın yanında çox əhəmiyyətli olsa gərək onun yolunda zərər və çətinliklərə dözülsün. Əgər əmr bil-məruf və nəhy ənil-münkər edənə zərər olmasa, amma digər müsəlmanlara can, abır və mali zərər (əhəmiyyət verici dərəcədə) olsa, əmr bil-məruf və nəhy ənil-münkər vacib deyil. Belə olan surətdə zərər və o işin əhəmiyyəti müqayisə olunur ki, bəzi vaxtlar zərər olan halda da əmr bil-məruf və nəhy ənil-münkər tərk olunmur.
Məsələ 3: Əmr bil-məruf və nəhy ənil-münkərin bir neçə mərhələsi var:
1. Qəlbən incidiyini və narahat olduğunu bildirmək. Günah edən şəxslə danışmamaq və üz çevirmək kimi.
2. Sözlə moizə və nəsihət etmək.
3. Əməli mərhələ, vurmaq və həbs etmək kimi.
İlk dəfə birinci və ya ikinci mərhələdən başlamaq lazımdır. Əvvəl əziyyəti az və təsiri çox olanı seçmək lazımdır. Əgər nəticəsi olmasa növbəti çətin və əziyyətli olan mərhələlərə əl atıb və sonrakı dərəcələri seçsin. Əgər qəlbən və dillə inciməyi bildirmək birinci və ikinci mərhələlərdə təsir etməsə, növbə əməli mərhələyə çatır. Ehtiyat-vacib budur ki, üçüncü mərhələni (əməli) seçməkdə şəriət hakimindən icazə alsın. Əməli əziyyət və narahatlıq az olan yerdən başlasın. Əgər nəticəsi olmasa, şiddətli və ağır əməlləri icra etsin. Amma gərək bədən üzvünün sınıb və ya yaralanması ilə nəticələnməsin.
Məsələ 4: Əmr bil-məruf və nəhy ənil-münkərin vacib olması hər bir mükəlləfə nisbətən öz yaxınlarına şiddətli olmalıdır. Deməli, əgər bir şəxs öz ailə və qohumlarında dini vaciblər - namaz, oruc, xüms və digərlərinə qarşı diqqətsizlik və yüngül saymaq hiss etsə və günah etdiklərini qeybət, yalan və pis rəftarlar görsə, gərək çox əhəmiyyət verib əmr bil-məruf və nəhy ənil-münkərin üç mərhələsinə riayət etməklə onların qarşısını alsın və onları yaxşı işlər görməyə dəvət etsin. Amma ata və anaya nisbətən ehtiyat-vacib budur ki, gözəl əxlaq və rəftarla onlara yol göstərsin. Heç vaxt ədəbsizcəsinə onlarla rəftar etməsin.