Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ
Axtarış:
ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MÜNKƏR →
← ORUCUN HÖKMLƏRİ
XÜMSÜN HÖKMLƏRİ
XÜMSÜN HÖKMLƏRİ
Məsələ 1720: Yeddi şeydə xüms vacib olur:
1. Qazanc.
2. Mədən.
3. Xəzinə.
4. Harama qarışmış halal mal.
5. Üzgüçülüklə (yəni dəniz dibinə baş vurmaq vasitəsi ilə) əldə edilən cəvahirat.
6. Müharibə qəniməti.
7. Məşhura əsasən, zimmi kafirin müsəlmanlardan satın aldığı yer. Bunların hər birinin hökmü müfəssəl deyiləcək.
1 . Qazanc mənfəəti
Məsələ 1721: Əgər insan ticarət, sənət və ya digər qazanc yolları ilə mal əldə edərsə, hətta bir ölən şəxsin oruc və namazını yerinə yetirərək muzd alıb bir mal əldə etsə belə, bu, onun özünün və ailəsinin illik xərclərindən çox olarsa, çox olan qismin xümsü (beşdən biri) aşağıda deyiləcək üsulla verilməlidir.
Məsələ 1722: Əgər qazancdan qeyri bir yol ilə mal əldə edərsə, növbəti məsələdə istisna olunan hallardan başqa, məsələn, ona bir şey bağışlanarsa, illik xərcindən artıq qaldığı təqdirdə onun xümsünü verməlidir.
Məsələ 1723: Qadının aldığı mehriyyənin və kişinin xül talaqın əvəzində aldığı malın xümsü yoxdur. Həmçinin, alınan diyənin (qan pulunun) da xümsü yoxdur. Həmçinin irs bəhsində mötəbər olan qanunlara əsasən, insana yetişən miras da eyni hökmü daşıyır. Amma şiə olan bir müsəlmana bu deyilən yoldan əlavə, məsələn, təsib yolu ilə miras olaraq bir mal yetişərsə, o mal mənfəətdən hesab olunur və onun xümsünü verməlidir. Həmçinin əgər ona, ata və oğuldan qeyri ümidi olmayan bir yerdən irs çatarsa, ehtiyat-vacibə əsasən illik xərcindən artıq qaldığı təqdirdə o malın xümsünü verməlidir.
Məsələ 1724: Əgər bir şəxsin əlinə irs yolu ilə bir mal yetişsə və insan irs qoyan şəxsin o malın xümsünü vermədiyini bilərsə, gərək onun xümsünü versin. Həmçinin əgər o malın özündə xümsü yoxdursa, amma irs qoyan şəxsin xümsdan borcu olduğunu bilərsə, irsdən onun borclu olduğu xümsü verməlidir. Lakin hər iki təqdirdə, əgər irs qoyan şəxsin xüms verməyə əqidəsi yoxmuşsa və ya əsla xüms vermirsə, varisin onun boynunda vacib olan xümsü verməsi lazım deyil.
Məsələ 1725: Əgər insan qənaət yolu ilə illik xərcindən bir şey artırarsa, gərək onun xümsünü versin.
Məsələ 1726: Bütün xərcləri başqası tərəfindən verilən şəxs, əldə etdiyi bütün malların xümsünü verməlidir.
Məsələ 1727: Əgər şəxs bir mülkü müəyyən şəxslərə, məsələn, öz övladlarına vəqf edərsə, əgər onlar o mülkdə ağac əkmək və ya əkinçilik yolu ilə bir mal əldə etsələr və illik xərclərindən artıq qalsa, gərək onun xümsünü versinlər. Həmçinin əgər o mülkdən icarə haqqı almaq kimi başqa şəkildə faydalanarlarsa, illik xərclərindən artıq qalanının xümsünü verməlidir.
Məsələ 1728: Fəqirin kəffarə, məzalim qaytarılması kimi vacib, eləcə də müstəhəb sədəqə olaraq aldığı mal, onun illik xərclərindən artıq qalarsa və ya ona verilən maldan bir mənfəət əldə etsə, məsələn, ona verilən bir ağacdan meyvə əldə etsə və illik xərclərindən artıq qalsa, ehtiyat-vacibə əsasən onun xümsünü verməlidir. Amma ona zəkat və ya xüms olaraq müstəhəq olduğuna görə verilən malın özünün xümsünü vermək lazım deyildir. Amma onların mənfəəti illik xərclərindən artıq qalsa xüms düşür.
Məsələ 1729: Əgər şəxs xümsü verilməmiş pul ilə bir şey alarsa, yəni satıcıya “Mən malı bu pulla alıram”, deyərsə və satıcı da 12 imam şiəsi olan bir müsəlman olarsa, bütün mala olan nisbətdəki müamilə səhihdir və bu pulla alınan malın üzərinə xüms gəlir. (Bu müamilələrin səhih olmasında) şəriət hakiminin icazə və imzasına ehtiyac yoxdur.
Məsələ 1730: Əgər şəxs bir malı alıb müamilədən sonra qiymətini xümsü verilməmiş puldan versə, etdiyi müamilə səhihdir. Satıcıya verdiyi pulun xümsünü xüms sahiblərinə borclu qalır.
Məsələ 1731: Əgər on iki imam şiəsi olan müsəlman xümsü verilməmiş bir malı alsa, onun xümsü satıcının boynundadır və alıcının üzərinə heç nə düşmür.
Məsələ 1732: Əgər xümsü verilməmiş bir şeyi, 12 imam şiəsi olan bir müsəlmana bağışlayarsa, onun xümsü bağışlayanın öz üzərindədir. Malın bağışlandığı şəxsin üzərinə bir şey gəlməz.
Məsələ 1733: Əgər kafirdən və ya xümsa əqidəsi olmayan, yaxud xüms verməyən bir şəxsdən insanın əlinə bir mal gələrsə, onun xümsünü verməsi vacib deyil.
Məsələ 1734: Tacir, işçi, sənətkar, dövlət qulluqçusu və bu kimi şəxslər işə başladıqları tarixdən bir il keçdikdən sonra, illik xərclərindən artıq qalan qazanclarının xümsünü verməlidirlər. Həmçinin, təbliğçi və bu kimi şəxslərin qazancları ilin məxsus vaxtlarında olsa belə, əgər ilin əksər hissəsini təmin edərsə, həmçinin, məişət xərclərini təmin edə biləcək bir işi, sənəti olmayan, dövlət və ya camaatın yardımından istifadə edən, yaxud təsadüfi olaraq müəyyən gəlir əldə edən şəxslər də bir mənfəət əldə edərsə, fayda götürdüyü vaxtdan bir il keçdikdən sonra illik xərcindən artıq qalan qazancının xümsünü verməlidir. Deməli, hər bir mənfəət üçün ayrıca olaraq bir il hesab edə bilər.
Məsələ 1735: İnsan ilin ortasında hər zaman qazanc əldə edərsə, onun xümsünü verə bilər, onun xümsünü ilin sonuna qədər təxirə salması da mümkündür. Əgər ilin axırına qədər ona ehtiyacı olmayacağını bilirsə, ehtiyat-vacibə görə onun xümsünü gərək dərhal versin. Xüms vermək üçün şəmsi (günəş) ilini ölçü qərar verirsə, bir maneəsi yoxdur.
Məsələ 1736: Əgər qazanc əldə etdikdən sonra, ilin ortasında ölərsə, ölüm zamanına qədərki xərcini qazancından götürüb yerdə qalanının xümsünü verməlidirlər.
Məsələ 1737: Əgər ticarət üçün aldığı bir malın qiyməti qalxarsa və onu satmazsa və ilin ortasında qiyməti düşərsə, yüksələn miqdarın xümsü ona vacib deyildir.
Məsələ 1738: Əgər ticarət üçün aldığı malın qiyməti qalxdığı halda daha da qalxma ümidi ilə il bitdikdən sonraya qədər onu satmazsa və onun qiyməti düşərsə, qalxan miqdarın xümsü ehtiyata əsasən ona vacib olar.
Məsələ 1739: Əgər ticarət malından başqa bir malı satın alarsa və ya bu kimi bir yolla əldə edərsə və xümsünü verərsə, sonra da onun qiyməti yüksələrsə, onu satdığı təqdirdə qiymətinə əlavə və illik xərcindən artıq qalmış olan miqdarın xümsünü verməlidir. Həmçinin, əgər məsələn, ağac meyvə verərsə və ya ətindən istifadə etmək üçün saxlanılan qoyun kökələrsə, gərək artan miqdarın xümsünü versin.
Məsələ 1740: Əgər xümsünü verdiyi, yaxud xüms düşməyən bir pul ilə qiyməti yüksəldikdən sonra satmaq niyyəti ilə bir bağ salarsa, meyvələrin, ağacların və əkilən və ya öz-özünə əmələ gələn cavan ağacların, (tinglərin), kəsilib istifadə olunmağa yararlı olan quru budaqların, eləcə də bağın qiymətinin artan hissəsinin xümsünü verməlidir. Əgər məqsədi o ağacların meyvələrini sataraq faydalanmaq olsa, qiymətin artan miqdarına xüms vacib deyil, amma yerdə qalanların xümsünü verməlidir.
Məsələ 1741: Əgər bir şəxs söyüd, çinar və bu kimi başqa ağaclar əkərsə, hər il onun artan hissəsinin xümsün verməlidir. Həmçinin adətən hər il budanan budaqların da illik xərclərindən çox olarsa, gərək xümsünü versin.
Məsələ 1742: Bir neçə ticarət sahəsi olan, məsələn, öz sərmayəsi ilə bir qədər qənd və düyü alan şəxs, əgər o ticarət işlərinin hamısı mədaxil-məxaric, hesabdarlıq, qazanc və ziyan kimi ticarət işlərində bir olsa, ilin sonunda onun xərclərindən artıq qalan qismin xümsünü verməlidir. Bu təqdirdə əgər bir bölümdən mənfəət, digər bölümdən isə zərər edərsə, bir bölümün zərərini o biri bölümün mənfəəti ilə bərpa edə bilər. Amma iki müxtəlif işdə çalışırsa, məsələn, ticarət və əkinçilik edirsə, yaxud bir sahədə də olsa, mədaxil-məxaric hesabları bir-birindən ayrıdırsa, bu iki təqdirdə ehtiyat-vacibə əsasən bir bölümün zərərini o biri bölümün mənfəəti ilə bərpa edə bilməz.
Məsələ 1743: İnsan qazanc əldə etmək üçün xərclədiyi kommersiya və daşıma xərci kimi məsrəfləri, həmçinin onun iş vasitələrinə dəyən xəsarəti qazancdan çıxa bilər və o miqdarın xümsünü vermək lazım
deyil.
Məsələ 1744: İnsanın qazanclarından il əsnasında yemək, geyim, ev və ev əşyaları, oğlunu evləndirmə, qızın cehizi, ziyarət və bu kimi işlər üçün etdiyi xərclərin öz mövqeyindən (şənindən) yüksək olmadığı təqdirdə xümsü yoxdur.
Məsələ 1745: İnsanın nəzir və kəffarə üçün xərclədiyi məsrəflər, onun illik məxaricindən hesab olunur. Həmçinin başqasına hədiyyə etdiyi və ya mükafat olaraq verdiyi bir mal onun ictimai mövqeyindən yuxarı olmadığı təqdirdə onun illik məxaricindən hesab olunur.
Məsələ 1746: El arasında olan adətə görə qızın cehizliyini bir neçə ilə, tədricən hazırlayarsa və bu halda qızı üçün cehizlik tədarükü görməməsi onun ictimai mövqeyi (şəni) ilə zidd olarsa, hətta vaxtında hazırlaya bilmədiyinə görə olsa belə, əgər il boyu həmin ilin qazancından, öz şənindən artıq olmamaq şərti ilə bir miqdar cehizlik alsa və camaat arasında o miqdarın bir ildə tədarük görülməsi onun adətən illik xərclərindən sayılsa, onun xümsünü vermək lazım deyil. Əgər şənindən yuxarı olsa və ya bu ilin qazancından sonrakı ildə cehiz alarsa, gərək onun xümsünü versin.
Məsələ 1747: İnsanın həcc səfəri və digər ziyarətlər üçün xərclədiyi mal, o il xərclədiyi illik xərcindən hesab edilir. Əgər onun səfəri sonrakı ildən bir müddətə qədər davam edərsə, sonrakı ildə xərclədiyi miqdarın xümsünü verməlidir.
Məsələ 1748: Ticarət, iş və ya bu kimi yolla mənfəət əldə edən bir şəxsin xümsü vacib olmayan başqa bir malı da olsa, illik xərclərini yalnız əldə etdiyi mənfəətlərdən hesab edə bilər.
Məsələ 1749: İllik məsrəfi üçün qazancından aldığı yeyinti maddələri ilin sonunda artıq qalsa, gərək onun xümsünü versin. Əgər onların qiymətini vermək istərsə, satın aldığı zamana nisbətlə qiymətləri artıq qalarsa, gərək il sonundakı qiymətini hesablasın.
Məsələ 1750: Əgər qazancından xümsü verməzdən əvvəl evi üçün əşya alarsa, mənfəət ili keçdikdən sonra ehtiyacı qalmazsa, onun xümsünü vermək lazım deyil. Həmçinin əgər ilin ortasında ehtiyacı aradan qalxsa, amma o şey qışlıq və yaylıq paltar kimi adətən sonarkı illər üçün saxlanan bir şey olsa, bu təqdirdə xümsü yoxdur. Bu kimi şeylərdən başqasında il boyu ona ehtiyacı aradan qalxsa, ehtiyat-vacib budur ki, xümsünü versin. Qadınların zinət əşyaları da, qadının onlardan zinət kimi istifadə etməsi zamanı keçdiyi təqdirdə xümsü yoxdur.
Məsələ 1751: Əgər bir il qazanc mənfəəti götürülməzsə, o ilin məsrəfini gələn ilin qazancından çıxıla bilməz.
Məsələ 1752: Əgər ilin əvvəlində mənfəət götürməyib sərmayədən xərcləyərsə və il tamam olmazdan əvvəl qazanc əldə edərsə, sərmayədən xərcləmiş olduğu miqdarı qazancdan çıxa bilər.
Məsələ 1753: Əgər sərmayənin bir miqdarı ticarət və bu kimi şeylərdə aradan gedərsə, sərmayədən azalan miqdarı həmin ilin mənfəətindən çıxa bilər.
Məsələ 1754: Əgər sərmayədən qeyri mallarından başqa bir şey əlindən çıxsa, həmin il boyunca o şeyə ehtiyacı olarsa, qazancdan il ortasında onu təmin edə bilər və xümsü də yoxdur.
Məsələ 1755: Əgər il boyunca qazanc əldə edə bilməsə və məsrəfləri üçün borc edərsə, borcunu gələcək illərin mənfəətindən çıxaraq onun xümsünü verməyə bilməz. Amma il boyu xərcləri üçün borc etsə və il tamam olmazdan əvvəl qazanc əldə edərsə, borcunu o qazancdan çıxa bilər. Həmçinin birinci təqdirdə də, borcunu il boyu əldə etdiyi mənfəətlərdən ödəyə bilər və o miqdarın xümsü yoxdur.
Məsələ 1756: Malını çoxaltmaq və ya ehtiyacı olmayan bir mülkü almaq üçün borc edərsə, əgər il ərzində əldə etdiyi qazancdan xümsünü verməzdən o borcu ödəsə, gərək xüms ili gəlib çatandan sonra o malın xümsünü versin. Amma borc aldığı mal və ya borcla aldığı bir şey il ərzində əlindən gedərsə, (xümsü yoxdur).
Məsələ 1757: İnsan xümsü vacib olan şeylərin xümsünü o şeylərdən, eləcə də vacib olan xümsün qiyməti miqdarında xümsü verilmiş pul da verə bilər. Əgər üzərinə xüms vacib olmayan bir mal vermək istəsə, bu şəriət hakiminin icazəsyilə olmadığı təqdirdə işkallıdır.
Məsələ 1758: Malının üzərinə xüms gəlib və üzərindən bir il keçdiyi halda, xümsünü verməyincəyə qədər o maldan istifadə edə bilməz.
Məsələ 1759: Xüms borcu olan şəxs onu öz öhdəsinə götürə bilməz, yəni özünü xüms əhlinə borclu qəbul edib malın hamısından istifadə edə bilməz. Əgər istifadə edərsə və mal tələf olarsa, gərək onun xümsünü versin.
Məsələ 1760: Xüms borcu olan şəxs, şəriət hakimi ilə əldən-ələ dolandırsa və xümsü öz öhdəsinə götürsə, malın hamısından istifadə edə bilər. Əldən-ələ dolandırdıqdan sonra o maldan əldə edilən qazanclar da onun özünündür. Borcunu da tədrici olaraq, səhlənkarlıq sayılmayacaq şəkildə qaytarmalıdır.
Məsələ 1761: Bir kəslə şərik olan şəxs öz qazancının xümsünü versə, onun şəriki öz xümsünü verməsə və gələn il üçün xümsünü vermədiyi maldan şirkətə sərmayə qoyarsa, birinci şəxs on iki imam şiəsi olan müsəlmandırsa, şərikli maldan istifadə edə bilər.
Məsələ 1762: Həddi-büluğa çatmamış (səğir) uşaq üçün bir qazanc əldə edilsə, hərçənd hədiyyə olsa belə, əgər il boyunda onun məişət xərclərinə sərf olunmasa onun üzərinə xüms gəlir və o uşağın vəlisinə (qəyyumuna) onun xümsünü verməsi vacibdir. Əgər verməsə, uşağın özünə həddi-büluğa çatdıqdan sonra, onun xümsünü verməsi vacibdir.
Məsələ 1763: Başqa şəxsdən xümsünü verib-vermədiyində şəkk etdiyi bir mal əldə edən şəxs o maldan istifadə edə bilər. Hətta əgər onun xümsünü vermədiyinə yəqini olsa da, o, xüms verən adam deyilsə, alan şəxs də on iki imam şiəsi olan müsəlmandırsa, o maldan istifadə edə bilər.
Məsələ 1764: Əgər bir şəxs il ərzində qazancından illik vəsait və xərclərindən sayılmayan bir şey alarsa, il tamam olandan sonra onun xümsünü verməsi vacibdir. Əgər o şeyin xümsünü verməsə və qiyməti yüksələrsə, onun hal-hazırdakı qiymətinə görə xümsü ödənilməlidir.
Məsələ 1765: Əgər şəxs bir şey alıb onun pulunu üstündən bir il keçdiyi və xümsünü vermədiyi puldan versə, qiyməti qalxdığı təqdirdə, məqsədi qiyməti qalxandan sonra satmaq deyilsə, məsələn, əkin əkmək üçün almış olsa, onu almaq üçün verdiyi pulun xümsünü verməlidir. Əgər xümsü verilməmiş pulu satıcıya verərək və ona “bu mülkü bu pulla alıram” deyərsə, gərək o mülkün hal-hazırdakı dəyərinin xümsünü versin.
Məsələ 1766: Təklifinin əvvəlindən, yaxud müəyyən müddət, məsələn, bir neçə il xüms verməyən şəxs, il ərzində qazancından ehtiyacı olmayan bir şeyi satın almış olsa və o ticarətdən bir il vaxt keçsə, ticarətçi olmadığı halda, qazanc əldə etdiyi vaxtdan bir il keçsə, gərək onun xümsünü versin. Amma ictimai mövqeyinə uyğun olaraq ev əşyaları və ehtiyacı olan şeyləri alıbsa, bu şəraitdə əgər onları qazandığı ilin ərzində və o ilin qazancından aldığını, elə o ildə də ondan istifadə etdiyini bilirsə, onların xümsünü vermək lazım deyil. Əgər bunu bilmirsə, ehtiyat-vacibə əsasən ehtimal verdiyi nisbətdə şəriət hakimi ilə razılaşmalıdır. Yəni əgər onun xümsünün vacib olmasına 50 faiz ehtimal versə, onun 50 faizinin xümsünü versin.
2 . Mədən
Məsələ 1767: Qızıl, gümüş, qurğuşun, mis, dəmir, neft, daş kömür, firuzə, əqiq, kükürd, duz və digər mədən əşyaları ənfaldan sayılır, yəni Məsum İmamındır (ə). Əgər şəxs onlardan bir şey çıxardarlarsa, şəri bir maneə olmadığı təqdirdə onu öz mülkiyyətinə daxil edə bilər. Əgər nisab miqdarında olarsa, gərək onun xümsünü versin.
Məsələ 1768: Mədəndən çıxarılan şeylərin nisabı on beş misqal normal sikkəli qızıldır. Yəni mədəndən çıxarılan filizin və ya faydalı qazıntının qiyməti, onun təmizlənməsi kimi işlərinə çəkilən xərclər çıxıldıqdan sonra, on beş misqal sikkəli qızıla çatarsa, gərək yerdə qalanın xümsünü versin.
Məsələ 1769: Mədəndən əldə etdiyinin dəyəri 15 misqal sikkəli qızıla çatmazsa, yalnız özü və digər qazanclarıyla birlikdə illik xərclərindən artıq qalarsa, onun xümsünü vermək lazımdır.
Məsələ 1770: Ehtiyat-lazıma əsasən əhəng və gəc mədən hökmündədir. Əgər nisab həddinə çatarsa, illik xərclərini çıxmadan gərək onun xümsünü versin.
Məsələ 1771: Mədəndən bir şey əldə edən şəxs, istər mədən torpağın altında olsun, istər üstündə, istər öz mülkü olan bir yerdə olsun, istər sahibi olmayan bir yerdə, gərək onun xümsünü versin.
Məsələ 1772: Mədəndən əldə etdiyi şeyin qiymətinin on beş misqal sikkəli qızıla yetişib-yetişmədiyini bilməzsə, ehtiyat-lazıma əsasən çəkməklə və ya başqa bir yolla onun qiymətini məlum etməlidir. Əgər bu da mümkün olmasa, ona xüms vacib deyil.
Məsələ 1773: Əgər bir neçə nəfərin mədəndən çıxardıqları şeyin qiyməti 15 misqal sikkəli qızıla yetişərsə, amma onlardan hər birinin payı bu qədər olmazsa, xümsü yoxdur.
Məsələ 1774: Əgər bir şəxs başqasının mülkündə olan mədəni onun icazəsi olmadan yeri qazaraq çıxararsa, məşhur nəzərə əsasən əldə edilən yer sahibinindir. Amma bu hökm işkalsız deyildir. Ehtiyat budur ki, bir-birləri ilə razılaşsınlar. Əgər sazişə (müsalihəyə) razı olmasalar, onların mübahisəsini həll etmək üçün şəriət hakiminə müraciət etməlidirlər.
3 . Xəzinə
Məsələ 1775: Xəzinə, insanlar üçün əlçatmaz edilmiş, yerin təkində, ağacda, dağda və ya divarda saxlanan mənqul (daşına bilən) və bir kəsin asanlıqla tapa bilmədiyi gizlədilmiş maldır.
Məsələ 1776: İnsan bir şəxsin mülkü olmayan, yaxud istifadəsiz (ölü) olan və özünün becərməsi ilə sahib olduğu bir yerdə xəzinə taparsa, onu özünə götürə bilər. Amma onun xümsünü verməlidir.
Məsələ 1777: Xəzinənin nisabı, yüz beş misqal sikkəli gümüş və ya on beş misqal sikkəli qızıldır. Yəni xəzinədən əldə etdiyi şeyin qiyməti bu ikisindən birinə bərabər olarsa, onun xümsünü vermək vacibdir.
Məsələ 1778: Başqasından satın aldığı, yaxud icarə və s. yolla təsərrüf etdiyi mülkdə şərən hər hansı bir müsəlman və ya zimmi kafirə aid olmayan bir mülkdə, yaxud aid olsa da çox qədim zamanlarda aid olmuş olsa, belə ki, çox qədim olması onun üçün bir varisin olmadığına səbəb olsa və orada xəzinə tapsa xəzinəni özünə götürə bilər. Amma gərək onun xümsünü versin. Lakin əvvəlki sahibinə aid olduğuna ağıl kəsən bir ehtimal verir və həmin mülkə, xəzinəyə və ya onun olduğu yerə (torpaq sahəsinə) sahiblik hüququ çatırsa, ona xəbər verməlidir. Əgər onun öz malı olduğunu iddia etsə, ona təhvil verməlidir. Əgər onun malı olmasını iddia etməzsə, ondan əvvəlki yerin sahibi olub, ona sahiblik hüququ çatan şəxsə xəbər verməlidir. Bu qayda ilə ondan əvvəl o yerin sahibi olub, o yerdə əli olan şəxslərin hamısına xəbər verməlidir. Əgər onların heç birisi onun malı olmasını iddia etməzsə, onun bir müsəlmana və ya zimmiyə aid olmasını da bilməsə, onu özünə götürə bilər. Amma gərək onun xümsünü versin.
Məsələ 1779: Əgər eyni zamanda bir neçə yerdə basdırılmış bir neçə qab xəzinə tapılarsa və birlikdə qiymətləri yüz beş misqal gümüş və ya on beş misqal qızıla çatarsa, gərək onun xümsünü versin. Amma əgər bir neçə vaxtda xəzinə taparsa, onların arasında çox zaman fasiləsi olmazsa, birlikdə hesablanmalıdır. Əgər zaman fasiləsi çox olsa, hər biri ayrılıqda hesablanmalıdır (və qiyməti bu miqdara çatan hər birinin xümsünü vermək vacibdir. Qiyməti bu miqdara çatmayan xəzinənin isə xümsü
yoxdur).
Məsələ 1780: Əgər iki şəxs bir xəzinə tapsalar və onun qiyməti yüz beş misqal gümüş və ya 15 misqal qızıla yetişsə, amma hər birisinin payı bu qiymətə yetişməsə, onun xümsünü vermək lazım deyildir.
Məsələ 1781: Əgər şəxs heyvan alıb, qarnından mal tapsa, o malın satıcının və ya heyvanın əvvəlki sahibinin malı olduğuna ehtimal verib və onların da heyvana və qarnından tapılan malda əli (mülkiyyət hüququ) olarsa, onlara xəbər verməlidir. Əgər onun üçün bir sahib tapmasa, həmin xəzinə nisab miqdarına yetişsə, onun xümsünü verməlidir. Ehtiyat-vacib budur ki, əgər ondan az da olsa, xümsünü versin və yerdə qalanı onun malı olur. Bu hökm xas bir yerdə yetişdirilən bir şəxsin onların yeməyini öhdəsinə aldığı balıq və bu kimi heyvanlara da aiddir. Əgər dəniz və ya çaydan tutulmuş olsa, heç bir şəxsə xəbər vermək lazım deyildir.
4 . Harama qarışan halal mal
Məsələ 1782: Əgər halal mal haram mala ayırd edilə bilinməyəcəyi tərzdə qarışsa və haram malın sahibi və miqdarının heç biri məlum olmasa, eləcə də haram malın miqdarının xümsdən az və ya çox olduğu da bilinməzsə, malın xümsünü verdikdən sonra qalan hissəsi halal olur. Ehtiyat-vacibə görə (onun xümsünü) xümsə və məzalim verilməsinə müstəhəqq olan şəxsə verməlidirlər.
Məsələ 1783: Əgər halal mal harama qarışsa və insan haram malın miqdarının, xümsdən az və ya çox olduğunu bilsə, ancaq sahibini tanımasa, o miqdarı sahibinin niyyəti ilə sədəqə verməlidir. Ehtiyat-vacib budur ki, şəriət hakimindən də icazə alsın.
Məsələ 1784: Əgər halal mal haramla qarışsa və insan haram miqdarını bilməsə, amma sahibini tanısa, bir-birlərini razı sala bilməsələr, gərək o şəxsin malı olduğunu yəqin etdiyi miqdarı ona versin. Hətta əgər o iki malın halal və haramın qarışmasında özü günahkardırsa, ehtiyata əsasən onun malı olduğunu ehtimal etdiyi artıq miqdarı da ona verməlidir.
Məsələ 1785: Harama qarışmış halal malın xümsünü verdikdən sonra, haramın miqdarının xümsdən çox olduğunu başa düşərsə, gərək çox olduğunu bildiyi miqdarı da sahibinin adından sədəqə versin.
Məsələ 1786: Əgər harama qarışmış halal malın xümsünü versə və ya sahibini tanımadığı təqdirdə malı onun niyyətilə sədəqə verərsə və sahibi tapıldıqdan sonra buna razı olmasa, ehtiyat-lazıma əsasən gərək onun malının miqdarını özünə versin.
Məsələ 1787: Əgər halal mal haramla qarışsa və haramın miqdarı məlum olsa, insan onun sahibinin bir neçə nəfərdən başqası olmadığını bilərsə, lakin kimin olduğunu bilməsə, gərək onlara xəbər versin. Belə ki, onlardan biri “mənim malımdır” deyərsə və o biriləri isə onların malı olmadığını desələr və ya birincinin sözünü təsdiq etsələr, onu “mənim malımdır” deyən şəxsə verməlidirlər. Amma iki və daha çox adam “mənim malımdır” deyərlərsə, onların mübahisəsi razılaşma və bu kimi yolla həll olunmazsa, mübahisələrinin həll edilməsi üçün şəriət hakiminə müraciət etsinlər. Əgər onların hamısı məsələdən xəbərsiz olduğunu bildirib razılaşmaya hazır olmasalar, zahirə əsasən o malın sahibi püşk ilə təyin edilər. Ehtiyat budur ki, şəriət hakimi və ya onun nümayəndəsi püşk işini icra etsin.
5. Üzgüçülük vasitəsilə dənizdən çıxarılan
cəvahirat
Məsələ 1788: Əgər üzgüçülük, yəni dənizə girmək vasitəsilə mirvari, mərcan və bu kimi cəvahirat əldə edilərsə, istər göyərən, istərsə də mədəni olsun, onun qiyməti 18 noxud qızıla çatarsa, onun xümsü verilməlidir. Onun bir dəfəyə və ya neçə dəfəyə çıxarılması arasında bir fərq yoxdur. Amma birinci dəfə ilə ikinci dəfə arasında zaman fasiləsi çox olmamalıdır. Əgər iki dəfə arasında çox fasilə olarsa, məsələn, iki fəsildə suyun altına girərsə, hansının qiyməti 18 noxud qızıla yetişməsə, onun xümsünü vermək vacib deyildir. Həmçinin üzgüçülükdə iştirak edən bir neçə şəxsdən hansının payı 18 noxud qızıla çatmazsa, onun xümsünü vermək vacib deyildir.
Məsələ 1789: Əgər dənizə girmədən başqa müəyyən vasitələrlə cəvahirat əldə edilərsə, ehtiyata əsasən onun xümsü vacibdir. Amma dənizin suyu üzündən və ya dənizin kənarından cəvahirat əldə edilərsə, yalnız o təklikdə və ya başqa qazancları ilə birlikdə illik xərclərindən artıq qalarsa, gərək onun xümsü verilsin.
Məsələ 1790: İnsanın dənizə girməyərək əldə etdiyi balıq və s. heyvanların xümsü, o vaxt vacibdir ki, təklikdə, yaxud başqa qazanc mənfəətləri ilə birlikdə, illik xərclərindən çox olsun.
Məsələ 1791: Əgər insan dənizdən bir şey çıxarmaq məqsədi olmadan dənizin dibinə girib təsadüfən cəvahirat əldə edib ona sahib olmağı qəsd edərsə, gərək onun xümsünü versin. Hətta ehtiyat-vacib budur ki, hər təqdirdə onun xümsünü versin.
Məsələ 1792: Əgər insan dənizin dibinə girib bir heyvan çıxarıb, onun qarnından cəvahirat tapsa (sədəf kimi heyvan bunlara aiddir, çünki adətən onun qarnında cəvahir olur), əgər nisab həddinə yetişərsə, gərək onun xümsünü versin. Amma təsadüfən cəvahiri udmuşsa, ehtiyat-lazım budur ki, onun nisab miqdarına çatmasa da xümsü verilsin.
Məsələ 1793: Əgər Dəclə və Fərat kimi böyük çayların dibinə girib cəvahirat çıxartsa, gərək onun xümsünü versin.
Məsələ 1794: Əgər suya girib qiyməti 18 noxud qızıl və ya daha çox olan bir ənbər çıxartsa, gərək onun xümsünü versin. Hətta əgər suyun üzündən və ya dəniz kənarından da ələ gətirsə, eyni hökmü daşıyır.
Məsələ 1795: Əgər bir şəxsin qazancı üzgüçülük, yaxud mədən şeyləri çıxarmaqla təmin olursa, onların xümsünü verdikdən sonra illik xərclərindən artıq qalsa, yenidən onların xümsünü verməsi lazım deyil.
Məsələ 1796: Əgər bir uşaq mədən çıxarsa və ya bir xəzinə tapsa, yaxud da dənizə girməklə bir cəvahir əldə edərsə, gərək vəlisi onun xümsünü versin. Əgər vəlisi verməsə, özü həddi-büluğa çatdıqdan sonra onun xümsünü verməlidir. Həmçinin əgər uşağın harama qarışmış bir halal malı varsa, gərək vəlisi qarışıq malda deyilən hökmə əməl etsin.
6 . Qənimət
Məsələ 1797: Müsəlmanlar, İmamın (ə) əmri ilə kafirlərlə müharibədən ələ keçirdiyi mallara “qənimət” deyilir. Qənimətdən İmama (ə) məxsus olan əşyalar ayrıldıqdan sonra yerdə qalanının xümsü verilməlidir. Qənimətə xümsün vacib olması xususunda, onun mənqul və qeyri-mənqul olması arasında bir fərq yoxdur. Amma döyüş İmamın (ə) əmrilə olmasa da ənfaldan olmayan ərazilər müsəlmanların hamısına aiddir.
Məsələ 1798: Əgər müsəlmanlar İmamın (ə) icazəsi olmadan kafirlərlə döyüşüb onlardan qənimət ələ keçirsələr, ələ gətirdikləri qənimətlərin hamısı İmamındır (ə). Döyüşə gedənlərin onda heç bir haqqı yoxdur.
Məsələ 1799: Kafirlərin əllərində olan malların sahibləri malının qorunması lazım olan şəxslərdən olarsa, yəni müsəlmanın, yaxud İslamın zimməsində olan bir kafirin, yaxud əhd (müqavilə) bağlanan kafirin malı olsa, o mallara qənimət hökmü cari deyildir.
Məsələ 1800: Hərbi kafirin malını oğurluq və bu kimi yolla əldə etmək, xəyanət və amannaməni pozma sayılarsa haramdır. Bu yollarla onlardan alınan əşyalar da ehtiyata əsasən gərək qaytarılsın.
Məsələ 1801: Məşhur nəzərə əsasən mömin olan şəxs nasibi olan (Əhli-beytlə düşmənlik edən) şəxslərin malını özünə götürüb xümsünü verə bilər. Amma bu hökm işkalsız deyildir.
7 . Zimmi-kafirin müsəlmandan aldığı torpaq
Məsələ 1802: Əgər zimmi kafir müsəlmandan bir yeri alsa, məşhur nəzərə əsasən onun xümsünü həmin yerdən və ya başqa malından
verməlidir. Amma xümsün (məşhur mənasıyla) bu yerdə vacib olması
işkallıdır.
Xümsün sərf olunma yerləri
Məsələ 1803: Xüms iki yerə bölünməlidir: Bir qismi seyidlərindir. Gərək fəqir, yetim, yaxud da səfər zamanı yolda qalmış seyidlərə verilsin. Digər yarısı isə İmamın (ə) payıdır ki, bu zəmanəmizdə cameüş-şərait müctəhidə verilməli, yaxud onun icazə verdiyi yerlərdə sərf olunmalıdır. Ehtiyat-lazıma əsasən o müctəhid ümumi cəhətləri bilən ələm müctəhid olmalıdır.
Məsələ 1804: Xüms verilən yetim seyid fəqir olmalıdır; ancaq səfərdə yolda qalan seyid, hətta öz vətənində fəqir olmasa da, ona xüms vermək olar.
Məsələ 1805: Səfərdə çətinliyə düşmüş seyidin səfəri günah olan bir səfər olarsa, ehtiyat-vacibə əsasən gərək ona xüms verilməsin.
Məsələ 1806: Ədalətli olmayan seyidə xüms vermək olar. Amma on iki imama (ə) inanmayan seyidə gərək xüms verilməsin.
Məsələ 1807: Xümsü günah işdə sərf edən seyidə xüms vermək olmaz, hətta xüms vermək onun günah etməsinə kömək edərsə, ehtiyat-vacibə görə gərək ona xüms verməsinlər, hətta onu günaha sərf etməyəcəksə belə. Həmçinin ehtiyat-vacib budur ki, şərab içən, namaz qılmayan və ya aşkar günah edən bir seyidə xüms verməsinlər.
Məsələ 1808: “Seyidəm” deyən şəxsə bu sözünə görə xüms verilə bilməz. Lakin iki adil şəxs onun seyid olduğunu təsdiq edərsə və ya insan onun seyid olmasına yəqin və ya əmin olarsa, ona xüms verilə bilər.
Məsələ 1809: Öz şəhərində seyid olması ilə məşhur olan şəxsə, əgər insan onun seyyid olmasına xatircəmliyi və ya yəqinliyi olmasa da xüms verə bilər.
Məsələ 1810: Xanımı seyidə olan şəxs ehtiyat-vacibə əsasən öz xümsünü onun özünün xərcləməsi üçün ona verə bilməz. Əgər başqalarının xərcini ödəmək o qadına vacib olsa, o da onların xərcini ödəyə bilməsə, onlara xərcləməsi üçün əri ona xüms verə bilər. Həmçinin vacibdən qeyri-nəfəqələrə sərf etməkdən ötəri ona xüms verilə bilər.
Məsələ 1811: Əgər kişi seyidin və ya insanın öz arvadı olmayan qadın seyidin xərclərini təmin etmək insana vacib olsa, ehtiyat-vacibə əsasən onun yeməyini, paltarını və digər vacib xərclərini xümsdan verə bilməz. Amma vacib olmayan məsrəflərinə xərcləməsi üçün ona bir miqdar xüms verməsinin maneəsi yoxdur.
Məsələ 1812: Xərci başqasının üzərinə vacib olan bir fəqir seyidə, əgər o şəxs xərcini vermə gücünə sahib olmasa və ya vermə gücünə sahib olduğu halda verməsə, ona xüms vermək olar.
Məsələ 1813: Ehtiyat-vacib budur ki, fəqir bir seyidə bir illik xərclərindən artıq miqdarda xüms verilməsin.
Məsələ 1814: Əgər insan yaşadığı şəhərdə müstəhəq bir seyid tapmasa gərək başqa şəhərə aparsın. Hətta əgər öz məntəqəsində müstəhəq olsa da başqa şəhərə apara bilər, bu şərtlə ki, xümsu verməkdə səhlənkarlığa yol verməsin. Hər halda əgər tələf olsa, hərçənd onu qoruyub saxlamaqda səhlənkarlıq etməsə də zamindir və onu aparmaq xərcini xümsdən götürə bilməz.
Məsələ 1815: Əgər şəriət hakiminin və ya onun vəkilinin tərəfindən vəkil olaraq xümsü alsa, onun öhdəsindən götürülür. Əgər ikisindən birinin əmri ilə xümsü alıb bir şəhərdən başqa şəhərə aparsa və səhlənkarlıq olmadan tələf olsa, zamin deyil.
Məsələ 1816: Malı həqiqi qiymətindən artıq hesab edib xüms olaraq vermək icazəli deyil. 1757-ci məsələdə də qeyd olunduğu kimi şəriət hakiminin icazəsi olmadan puldan başqa, digər bir malı xüms olaraq vermək mütləq şəkildə işkallıdır.
Məsələ 1817: Müstəhəqdən tələbkar olan, (ona borc vermiş olan şəxs) öz tələbini xüms əvəzi hesab etmək istəsə, ehtiyat-vacibə əsasən, ya gərək şəriət hakimindən icazə alsın, yaxud xümsü müstəhəqinə verməli və sonra müstəhəq olan şəxs onu öz borcunun əvəzinə geri qaytarmalıdır. Müstəhəq olan şəxsdən vəkaləti olaraq xümsü onun tərəfindən götürüb borcun əvəzinə geri də ala bilər.
Məsələ 1818: Mal sahibi xümsü müstəhəqinə verib, xümsü özünə qaytarmasını şərt qoya bilməz.