ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

PAKLAYICILAR → ← TƏHARƏTİN HÖKMLƏRİ

NƏCASƏTLƏR

Məsələ 129: Quranın yazısını və eləcə də hörmətsizliyə səbəb olduqda vərəqini nəcis etmək haramdır. Əgər nəcis olsa, gərək dərhal suya çəkilsin. Hətta ehtiyat-vacibə əsasən hörmətsizlik olmasa da nəcis etmək haram və suya çəkmək vacibdir.
Məsələ 130: Əgər Quranın cildi nəcis olsa və bu, Qurana hörmətsizlik hesab edilsə, gərək onu suya çəksinlər.
Məsələ 131: Quranı qan və murdar kimi eyni nəcisin üstünə qoymaq eyni nəcis quru olsa da, ona hörmətsizlik olduğu halda haramdır.
Məsələ 132: Nəcis mürəkkəblə Quran yazmaq, hətta bir hərf olsa belə, onu nəcis etmək kimi bir şeydir. Əgər yazılmışdırsa, suya çəkmək, yonmaq və ya buna bənzər bir yolla həmin yazını pozmaq lazımdır.
Məsələ 133: Quranı kafirə vermək əgər Qurana hörmətsizlik olarsa haram və ondan almaq vacibdir.
Məsələ 134: Əgər Quranın vərəqi, yaxud Allahın, Peyğəmbərin (s.ə) və imamların adı üstünə yazılan kağız kimi hörməti vacib olan şey tualetə düşsə, hərçənd xərci də olsa onu çıxartmaq və suya çəkmək vacibdir. Əgər onu çıxartmaq mümkün deyilsə, vərəqin tamamilə aradan getməsinə yəqin etməyənə kimi o tualetə getmək olmaz. Həmçinin tualetə türbət düşsə və çıxardılması mümkün olmasa, tamamilə aradan getməsinə yəqin edilənə kimi oraya getmək olmaz.
Məsələ 135: Nəcis olan bir şeyin həm yeyilib-içilməsi, həm də başqasına yedirdilib-içirdilməsi haramdır. Amma uşaq və dəliyə yedirdilməsi icazəlidir. Həmçinin uşağın və dəlinin özü nəcis olmuş bir yeməyi yeyərsə və ya əli ilə yeməyi nəcis etdikdən sonra yeyərsə, onun qarşısını almaq lazım deyil.
Məsələ 136: Paklanması mümkün olan nəcis bir şeyi satmağın və ya başqasına icarəyə verməyin eybi yoxdur. Amma aşağıdakı iki şərtlə qarşı tərəfə o şeyin nəcis olduğunu deməlidir:
1- O şəxsin (alıcının) şəri təkliflə müxalifət etməsi gözlənilərsə, məsələn, onu yeməkdə və içməkdə işlədəcəyi bilinərsə (ona bildirməlidir). Belə olmazsa, deməsi vacib deyil, məsələn, o şəxs onunla namaz qılmaq istəsə, ona paltarının nəcis olduğunu bildirməsi lazım deyil. Çünki paltarın pak olması həqiqi şərt deyil.
2- O şəxsin onun sözünə əhəmiyyət verəcəyini ehtimal etsin. Əgər o şəxsin onun sözünə əhəmiyyət verməyəcəyini bilirsə, söyləməsi vacib deyil.
Məsələ 137: İnsan birinin nəcis bir şeyi yediyini və ya nəcis libasla namaz qıldığını görsə, ona deməsi lazım deyil.
Məsələ 138: Əgər evinin və ya xalçasının müəyyən yeri nəcis olan şəxs, onun evinə girən şəxslərin bədən, libas və ya başqa bir şeylərinin rütubətli olaraq o nəcis yerə dəydiyini görsə, özü buna səbəb olduğu təqdirdə əvvəlki məsələdə açıqlanan iki şərtlə məsələni onlara deməlidir.
Məsələ 139: Əgər ev sahibi yemək yiyərkən yeməyin nəcis olduğunu başa düşsə, qeyd etdiyimiz ikinci şərtlə gərək qonaqlara desin. Amma qonaqlardan biri başa düşsə, digər qonaqlara xəbər verməsi lazım deyil. Əgər demədiyi təqdirdə onlarla ünsiyyəti nəticəsində özü də nəcisə bulanacaqsa, gərək qonaqlara desin.
Məsələ 140: Əgər insanın kirayə etdiyi bir şey nəcis olarsa, 136-cı məsələdə keçən iki şərtlə onun sahibinə bildirməlidir.
Məsələ 141: Əgər uşaq bir şeyin nəcis olduğunu və ya nəcis bir şeyi yuduğunu söyləyərsə, sözü qəbul edilməməlidir. Amma müməyyiz və pak-nəcisi yaxşı dərk edən uşaq bir şeyi yuduğunu söyləyərsə, əgər o şey onun istifadə etdiklərindən olsa və ya onun sözündən insana xatircəmlik gəlsə, sözü qəbul edilməlidir. Həmçinin bir şeyin nəcis olduğunu söyləyərsə yenə də hökm eynidir.


PAKLAYICILAR → ← TƏHARƏTİN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français