ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Həzrət İmam Hüseynin (ə) 2020-ci ilin məhərrəm ayında əzadarlıq mərasimi ilə bağlı sual-cavabın tərcüməsi

Bismilləhir-Rəhmanir-Rəhim.

Aliməqamlı mərcəyi-təqlid həzrət Ayətullah Sistani (kölgəsi davamlı olsun) cənablarına.

Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.

Bildiyiniz kimi, məhərəmul-həram ayı və Kərbəla faciəsinin ildönümü yaxınlaşır, koronavirus pandemiyası da davam edir. Ölkədəki aidiyyəti qurumların rəhbərləri böyük yığıncaqlardan, xüsusilə də qapalı məkanlarda toplaşmaqdan çəkinməyə təkid edir. İnanclı insanların çoxu da ənənəvi əzadarlıq mərasimləri təşkil etmək istəyirlər və həzrət Seyyidüş-şühəda (s), xanədanı və yavərlərinin matəm mərasimlərinin təşkili ilə bağlı nəyin daha layiqli olmasını soruşurlar. Xahiş edirik, bu barədə bizə yol göstərəsiniz. Öncədən təşəkkür edirik.
Nəcəf Əşrəf şəhəri – möminlərdən bir qrupu.

Bismillahir-Rəhmanir-Rəhim.
Hüseynə, Hüseynin övladlarına və Hüseynin səhabələrinə salam olsun, Allahın rəhməti və bərəkəti olsun.
Bu ağrılı faciə ilə bağlı hüzn və qəmi izhar etmək, həzrət Məhəmməd peyğəmbər (s) və onun pak xanədanı ilə İslam və müsəlmanlara dəymiş bu ağır hadisə ilə əlaqədar həmdərdlik nümayiş etdirmək üçün müxtəlif yollar var. Onlara aşağıdakıları misal çəkmək olar:

1. Həzrət Əba Əbdillahın (ə) məclislərinin televiziya və internet vasitəsilə canlı yayımlarını nəzərə çarpacaq dərəcədə artırmaq. Bu istiqamətdə, yaxşı olar ki, dini və mədəni mərkəzlər və müəssisələr tanınmış xətiblər və bacarıqlı məddahlarla həmkarlıq etsinlər. İnanclı insanları da təşviq etmək lazımdır ki, öz mənzillərində və olduqları məkanlarda bu söhbət və məddahlıq proqramlarına qulaq asıb onlardan bəhrələnsinlər.

2. Həm axşam həm də gündüz vaxtı müəyyən saatlarda ailəvi məclislər bərpa etsinlər, bu formada ki, təkcə ailənin üzvləri və onlarla sıx get-gəlləri olan şəxslər orada iştirak etsinlər və bəzi əzadarlıq proqramlarına, misal üçün peyk antenləri və yaxud internet kanalları vasitəsilə canlı yayımlanan məclislərə qulaq assınlar.
Lakin ümumi məclislərdə bütün gigiyenik tövsiyələrə tam dəqiqliklə riayət etmək lazımdır. Misal üçün, iştirakçılar arasında sosial məsafə gözlənilməli, tibbi maskalardan və koronavirusun yayılmasının qarşısını ala biləcək digər vasitələrdən istifadə edilməlidir.
Həmçinin lazımdır ki, aidiyyəti qurumların təyin etdikləri iştirakçı sayı ilə kifayətlənsinlər. Bu məsələ isə mərasimlərin örtülü məkanlarda, yaxud açıq havada keçirilməsi, eləcə də virusun müxtəlif şəhərlərdə yayılma dərəcəsindən asılı olaraq müxtəlif ola bilər.
3. Aşuraya aid simvol və əlamətlərin paylanması, həmçinin xüsusi əmlak və s. hörmətini saxlamaqla bayraqların və qara parçaların meydanlarda, xiyabanlarda, küçələrdə və digər ictimai məkanlarda qaldırılması ilə yanaşı, ölkənin də qanunlarına tabe olmaq lazımdır. Sözsüz ki, bu simvol və bayraqlarda həzrət İmam Hüseynin (ə) öz böyük islahatçı hərəkatında buyurduğu sözlərindən və Kərbəla faciəsinə həsr olunmuş şer və şah əsərlərdən nümunələr yer almalıdır.

Belə mərasimlərdə verilən qidalarla əlaqədar qeyd edək ki, onların hazırlanması və paylanmasında zəruri gigienik şərtlər nəzərə alınmalıdır. Hətta bu məsələlərə riayət etməklə paylama zamanı izdihamın qarşısını almaq üçün yalnız quru yemək hazırlayıb möminlərin evlərinə çatdırmaqla kifayətlənmək lazım gəlsə belə, bu şərtlər nəzərə alınmalıdır.
Allah-taala hazırkı şəraitdə hamını bu əhəmiyyətli münasibətin yaşadılması və cənnət gənclərinin ağasının (ə) əzasının bərpası yolunda müvəffəq etsin. O, müvəffəqiyyətin himayədarıdır.

9 zilhiccə 1441 hicri qəməri – 30 iyul 2020

Sistani cənablarının (ömrü uzun olsun) dəftərxanası – Nəcəf Əşrəf

العربية فارسی اردو English Azərbaycan Türkçe Français